Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı




Yüklə 1.52 Mb.
səhifə14/34
tarix22.02.2016
ölçüsü1.52 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   34
Aysunu məftunluqla dinləyən İvan zənnində yanılmadığına bir daha əmin olurdu. “Belə düşüncə sahibini Moskvaya işləməyə yönəldə bilsəm, şübhəsiz, rəhbərliyin təqdirinə layiq görüləcəyəm” – deyə fikirləşərək soruşdu:
– Bəs siz, Aysu xanum, bu ideyaların reallaşması üçün, bu iki xalqın gələcəkdə qarşılıqlı, faydalı əməkdaşlığı üçün çalışmaq istəmirsinizmi?
İvanın məqsəd və fikirlərini göydə oxuyan Aysu əlüstü cavab verdi:
– Mən namuslu vətəndaş kimi xalqımın gələcəyi üçün əlimdən gələni eləməyə hazıram. Amma indi burda mən nə edə bilərəm?
– Söhbət Bakıdan gedir. Siz Bakıya dönəndən sonra dediyiniz ideyaların həyata keçməsi üçün çalışa bilərsinizmi?
– Necə?
– Dediniz ki, orada sizin kimi düşünənlər çoxdur. Onlarla əlaqə yaradarsınız. Nəriman Nərimanovun Azərbaycan xalqının öz taleyini rus xalqı ilə bağlaması haqda məhşur kəlamını bilməmiş olmazsınız...
Aysu başı ilə təsdiqlədi. İstədi desin ki, Nərimanovu birdəfəlik susdurmaq üçün Moskvaya apardılar, sonra öz ovunu yeyərkən “ağlayan” timsah kimi göz yaşları tökərək, öldürüb Kreml divarlarının yanında basdırdılar. Oxumuşdu ki, onu Stalinin tapşırığı ilə Orcenikidze zəhərləmişdir... Amma bu sözləri demədi. Söhbəti başqa məcraya yönəltmək olmazdı. O, canını xilas eləmək üçün, özünün şərəf və ismətini qorumaq üçün bu imkandan istifadə eləyib faydalanmalı idi...
– Mən oraya necə və nə vaxt qayıdacağımı bilmirəm, axı!?.
– Dəqiq vaxt deməkdə çətinlik çəkirəm. Amma necə qayıtmağı sizə demişəm. Yenə təkrarlayıram: siz Bakıya Moskvadan qayıdacaqsınız. Mənim dediklərimə əməl edin, hər şey yaxşı olacaq. Allah sizə nadir gözəllik və sağlamlıqla yanaşı ağıl, savad da veribdir. Allah bunun hamısını bir buket kimi tək-tük adamlara əta eləyir. Adətən, gözəl qızların çoxu ağıl və savaddan dayaz olurlar. Allah gözəlliyi ona görə yaradıb ki, insanlar ondan zövq alsınlar, gözəllik sahibləri başqalarına da pay versinlər.
– Mən sizin dediklərinizlə hərəkət etməyə hazıram, çox şeylərdə, xüsusilə, xalqlarımızın gələcəyi barədə bizim baxışlarımız uyğun gəlir. Amma “gözəllikdən pay” barəsində fikirləriniz mənim üçün abstraktdır, anlaşılmazdır. Əgər siz bunu mənim başa düşdüyüm ucuz mənada deyirsinizsə, bu elə ucuz qadınların, zahirən gözəl, daxilən boş, mənəviyyatsız qadınların işidir. Əgər gözəl qadın ondan uman hər kəsə pay verirsə, cəmiyyətdə onu barmaqla göstərib başqa bir adla çağırırlar... Qadın öz gözəlliyindən pay verəcəyi şəxsi sevməlidir, mənən ona yaxın olmalıdır. Siz belə şeyləri məndən yaxşı bilirsiniz...
– Doğru deyirsiniz. Bunlar sevgi haqda ümumi, bütün xalqlarda təqribən eyni olan hisslərdir. Amma həmişə belə olmur. Qadın, kişi, fərqi yoxdur, hər ikisinin başqa cinsə bioloji, daxili tələbatı var. O tələbatları ödəməyəndə adamı süstlük bürüyür, beyin kütləşir, əsəblər tarımlaşır, iştah pozulur... İnsanlar cinsi yetişkənliyə çatanda, hər bir kəs başqa cinslə yaxınlıq etməyə can atır. Bu istəyi uzun müddət boğmaq bədəndə müxtəlif fəsadlara rəvac verir, ömrün sonrakı mərhələsində də...
– Sizi anlaya bilmirəm... Mən qadın-kişi münasibətlərinə ilk öncə əxlaq bucağından baxıram. Ərləri İkinci Dünya Savaşında həlak olmuş, bir üzü qız, bir üzü gəlin qalmış neçə qadın tanıyıram. Onlar ərə getməyərək öz gəncliklərini uşaqlarına, ərlərinin xatirəsinə qurban versələr də, nə süstləşmişdilər, nə də kütləşmişdilər. Əksinə, həyatın ağırlıqları ilə çarpışıb övladlarını adam arasına çıxarmışlar, – deyə qıpqırmızı olmuş Aysu söhbətə yekun vurmaq istədi. – Deyəsən, bugünkü dərsimiz qurtardı. Mən gedə bilərəmmi?
“Ayının min oyunu var, bir armudun başında” deyiblər. Armudun dərmək üçün hələ yetişmədiyini görən İvan qızın son sözlərini eşitməzliyə vurdu:
– Zaman dəyişibdir. Əsrin əvvəlindəki rus qadınları ilə indikilərin əxlaqı arasında yerlə göy qədər fərq var. Elə Avropada da belədir. Mənəvi dəyərlərin, əxlaqın ölçü meyarları indi tamam dəyişibdir. Xalqların həyat tərzi, dünya görüşləri də geyimləri kimi bir-birinə yaxınlaşır. Madam ki, asiyalılar, afrikalılar, elə siz qafqazlılar bu gün avropalıların geyimlərini götürübsünüz, sabah-birisigün onların açıq-saçıq həyat tərzini də götürəcəksiniz. Tezliklə, sizin fəxr etdiyiniz müsəlman abır-həyasından bir şey qalmayacaq. İndi insanların beynini bir fikir məşğul eləyir: bu fani dünyadan kam almaq, ona xoş gələn hər şeyi etmək!
– Sizə etiraz eləmirəm. Xüsusilə, son sözləriniz ürəyimcədir. Mən də xoşuma gələn şeyləri eləyirəm... Ölərəm, amma istəmədiyim şeyi qəbul eləmərəm. Özümü məcbur eləməyi bacarmıram...
Qızı yola gətirə bilməyəcəyini anlayan İvan “valı” dəyişdi:
– Deyəsən, əsas söhbətdən uzaqlaşdıq... Yaxşı, ruslara münasibətiniz aydındır. Bəs ermənilərə necə? Hamısına bir bucaq altından baxırsınız?
– Yox... Erməni terrorçularıyla adi erməni kəndlisini eyniləşdirmək olmaz. Erməniləşmiş albanları bir qırağa qoyuram. Bu son bir neçə yüz ildə gəlmə ermənilər də bizə yaxın olmuşlar. Bizim çox məişət adətlərimizi götürmüşlər... Bizim toylarda musiqiçilər arasında erməni aşıqları da olmuşlar. Onlar Azərbaycan xalq musiqisini gözəl ifa etmişlər, öz şerlərinin çoxunu azəri türkcəsində yazmışlar, bizim sazda çalıb oxumuşlar.
– Bəs siz Əbülfəz Elçibəy haqqında nə düşünürsünüz?
– O, atamın dostudur, universitetdə bir yerdə oxuyublar.
– Necə? Lap yaxın olublar? Yoxsa elə belə tanış...-deyə kürsüyə yayxanmış İvan dikəldi. Bu sözlər onu çox maraqlandırdı.
– Bəli, yaxın olublar. Mən uşaq olanda, hakimiyyətə gəlməzdən qabaq bizim evdəki məclislərdə çox görmüşəm onu. Atam onun prezident olmasına razı deyildi. Üzünə demişdi ki, sən hakimiyyət uğrunda mübarizəyə girmə, namizədliyini irəli sürmə... Xalq Cəbhəsinin lideri kimi qalsan, daha yaxşı olar... Dövləti idarə eləmək asan iş deyil...
– Bəs parlamentin sədri İsa Qəmbər haqqında nə deyə bilərsiniz?
– O gəncdir, atamla yaxınlığı olmayıb. Amma tanışlıqları var. Atamın mülahizələrinə, özümün eşidib gördüklərimə əsasən deyə bilərəm ki, Əbülfəz Elçibəy ən çox ona inanır. O, komandanın içərisində ən tədbirli, soyuqqanlı, təmkinli, savadlı, sözübütöv hesab olunur. Atam deyərdi ki, o, özündən sonra varis kimi İsa Qəmbəri görmək istəyir.
Qıza çox diqqətlə qulaq asan İvanın üzünün bayaqkı ifadəsi tamam dəyişib ciddi, rəsmi görkəm almışdı:
– Çox maraqlı mülahizələriniz var, Aysu xanum. Nə fikirləşirsiniz, Heydər Əliyev yenidən hakimiyyətə gələ bilərmi?
– Təbii, hər bir azərbaycanlı siyasətçi bu şansı qazana bilər. Moskva onun qədrini bilmədi...
– Düz deyirsiniz...
– İyirminci yüzillik Azərbaycan xalqına çox görkəmli şəxsiyyətlər, siyasi xadimlər vermişdir: Məmmədəmin Rəsulzadə, Nəriman Nərimanov və Heydər Əliyev.
– Heydər Əliyevin son fəaliyyəti, həyat tərzi haqqında bir məlumatınız varmı?
-Təəssüf ki, hamıya məlum ümumi məlumatlardan başqa bir şey deyə bilməyəcəyəm. Bunu bilirəm ki, xalq arasında onun dayaqları, ona inananlar çoxdur. Deyirlər ki, əgər Heydər Əliyev hakimiyyətdə olsaydı, ermənilər başımıza bu oyunu gətirə bilməzdilər. Vəssalam...
“Bu gün bəsdir” deyə fikirləşən İvan saatına baxıb ayağa qalxdı:
– Bir az işləmək gərəkdir. Sabah tezdən oyanmalıyam. Obaşdan təbiəti seyrə çıxacam, bax oralara gedəcəm, – deyə pəncərədən günəşin qürub çağı daha əzəmətli görünən dağları göstərdi, sonra Aysuya sarı çevrilib soruşdu: – Həvəsiniz varsa sizi də apara bilərəm. Əgər ömür boyu xatirənizdə həkk oluna biləcək əsrarəngiz, qəribə, seyrangah mənzərələr görmək istəyirsinizsə, buyurun... Sizə bu fürsəti əldən buraxmamağı məsləhət görərdim.
O, son sözləri qızın tərəddüd elədiyini duyduğu üçün dedi.
İvanın sözlərinə həmişə səksəkə ilə qulaq asıb gizli mənaları anlamağa çalışan Aysuya, onun gözlərində ani bir şeytani ifadənin ötüb keçməsi narahatçılıq törətsə də, maraq öz işini gördü. O, uzaqdan baxdığı, heç vaxt çıxmadığı bu dağlardan şərqdən qərbə – Haramı çölündən Gəyən düzünədək, cənubda Araz çayından o yanda sıralanmış Qaradağ dağlarınadək geniş bir mənzərəni görmək arzusunu boğa bilmədi. Həm də İvan belə istəyirdi. Aysu tək bircə şeydən başqa İvanın bütün istəklərinə əməl etməyə hazır idi. Təki namusuna toxunulmasın... Namusunu qoruya bilməsə, bu, hər şeyin sonu demək idi.
– İstəyirəm. Məni gəzintiyə dəvət etdiyiniz üçün sizə minnətdaram.
Aysunun cavabından məmnun qalan İvanın sifətində yenə şeytani bir təbəssüm oynadı. Bu dəfə Aysu onu görə bilmədi...
İvan Aysunun əlini öpüb öz otağına çəkildi. O, son günlər gördüyü işləri saf-çürük edib, hesabat yazmalı, diqqətlə oxuyub ora-burasını düzəltməli, sonra yuxarıya – rəislərinə ötürməli idi.
Tək buraxılmasından böyük məmnunluq duyan Aysu yeganə həmdəmi olan kitablarla qaldı. Bunların çoxu Bakıda çap olunmuşdu, evlərində də vardı. O, həmişə gənc hesab edilən, ruhlar aləmində dolaşan səma şairi Vaqif Bayatlının kitabını götürüb kresloya çökdü, dərdini unutmaq üçün poeziya aləminə qərq oldu...
Ancaq sətirlər arasında tez-tez mənzərələr peyda olurdu: doğma yurdun seyrangahları. Hətta, hərdən dayanıb, özünü yoxlayırdı. Bu, xəyali bir görünüş idi, yoxsa, ruhu ondan ani olaraq ayrılıb o yerlərə getmişdi... Özünü qınayırdı ki, son görüşlərində, fürsət düşmüşkən niyə atasını qucaqlayıb öpmədi...

Ölümlə olum arasındakı bircə addım...



Həmin gecə Aysu yaxşı yatdı. Çünki ötən gün onun əsəblərinə, heysiyyatına toxunan bir şey baş verməmişdi. İvan özünü yaxşı aparmış, əliuzunluq eləməmişdi. Axşam yeməyi də sakit keçmişdi. Tələsik şam eləyən İvan yenidən otağına qapanmışdı. Aysu Aksana ilə bir az dərdləşmiş, sonra televizora, Bakıya baxmışdı, İvan üçün xəbərlərin xülasəsini hazırlamışdı. Aysu Aksanadan sabahkı səfər barədə soruşsa da müəyyən bir cavab ala bilməmişdi. Aksana heç vaxt o yüksəkliklərə çıxmamışdı.
Aysunu yuxudan İvanın qapını ehmalca taqqıldatması oyatdı. “Bu çekistlər qapını da ehtiyatla döyürlər” – deyə yatağından qalxan Aysu Toğrulu xatırladı. O da bütün hərəkətlərində ehtiyatlı idi. Gecə Toğrul yuxusuna girmişdi... Onun yatağına gəlmişdi... İlk və son gecəki görüşlərində olduğu kimi... Aysunu bağrına basmış, səhərə kimi sevişmişdilər... Bu, Aysu üçün əvvəllər yaşamadığı bir duyğu idi... Ancaq o gecəki kimi ləzzət almamışdı... Ayılanda qan-tər içində idi...
Fəqət o bilmirdi ki, indən belə hələ nə qədər Toğrulla ancaq yuxularda sevişə biləcək...
Yüngül qəlyanaltıdan sonra onlar hələ gün doğmamış evdən çıxdılar. Maşını Saşa sürürdü. İvan qabaqda, Aysu isə arxada oturmuşdu. Tapançasını belinə bağlamış İvan avtomatı dizlərinin arasına almışdı. İkinci avtomat arxa oturacaqda – Aysunun yanında idi. Ayağının altındakı qutuda isə bir neçə əl qumbarası vardı. Maşın qəsəbənin aşağısında çayın sağ sahilinə keçdi, bağların arasındakı torpaq yolla cənuba istiqamət götürdü. Hadrut bağları qurtardıqdan sonra yol ilan kimi qıvrıla-qıvrıla sağdakı yüksəkliklərə dırmaşırdı. Yarım saatdan sonra onlar Aysunun həmişə uzaqdan gördüyü Günəşli dağının zirvəsindən bir az aşağıda idilər. Buradan Qozludərə kəndləri güzgü kimi görünürdü. Yanındakı avtomata nəzər salan Aysu “Oğul istər, götürə avtomatı, bunların ikisini də vura, maşını sürə öz postlarımıza tərəf”, deyə fikirləşdi, lap detektiv kinoların qəhrəmanları kimi eləmək istədi. Sonra özü öz fikrinə acı-acı güldü. Bunu bacarmazdı. O, nə usta sürücü idi, nə də atıcı...
Dağın gündoğan tərəfinə keçdikdə, İvan maşını saxlatdı, hamısı yerə endi.
– Saşenka, sənin əsas vəzifən məni qorumaqdır. Belə yerlərdə dayandıqda sən tam döyüş hazırlığında olmalısan. Avtomatı atəşə hazır vəziyyətdə tutmalı, əlin tətikdə ətrafdakı hər kolu, qayanı gözdən keçirməlisən. Mən postlarda kimləsə danışıq aparanda isə avtomatı döşündən asarsan, barmağını tətiyin üstünə qoymasan da hər an çəkməyə hazır olmalısan, – deyə İvan onu, Allah bilir neçənci dəfə təlimatlandırdı.
– Oldu, – deyə Saşa təzim elədi.
– Aysu xanum, biz indi burdan Günəşin doğmasına baxacağıq. Çox gözəl mənzərə olacaq. Üfüqə bax, əvvəl onun şüaları görünür...
Aysunun diqqəti başqa yerdə idi. O, Qozludərənin 6-7 kilometrlikdəki aşağı kəndlərinə baxırdı. Güman ki, atası, Toğrul, digər yaxınları işğal olunmamış bu kəndlərdə onun yolunu gözləyirlər. Birdən Aysunun sol qulağı cingildədi. Və ona elə gəldi ki, Toğrul o kəndlərin birində hündür bir yerdə dayanıb onu çağırır...
Bəli, gecə yuxusunda Aysunu görmüş Toğrul həqiqətən bu zaman qonaq qaldığı evin qənşərindəki təpəyə çıxıb bu dağlara tərəf baxaraq, “Aysu, hardasan?” – deyə bağırtı ilə onu səsləmişdi...
Qızın sifəti birdən-birə alışıb yanaraq qıpqırmızı oldu, ürəyi sürətlə döyünməyə başladı. Ona elə gəldi ki, ürəyi sıxılıb, sıxılıb birdən də partlayacaq. Az qaldı ki, hönkürə-hönkürə bu dağlar aşağı qaçsın, özünü bizimkilərə yetirsin... Biçarə qız ancaq hıçqıra bildi... Gücü göz yaşlarına çatdı... Qızın narahatçılığını duyan İvan onu sakitləşdirdi:
– Özünüzü ələ alın, boş yerə təlaş etməyin. Bilsəm ki, indi sizi sağ-salamat o kəndlərin birinə ötürmək mümkündür, bunu edərəm. Bu, riskdir... Mən emosiyalar altında risk etmirəm... Bir baxın Günəşə, görün necə qəribə mənzərə yaradır.
Aysu üfüqə baxdı. Doğrudan da çox gözəl mənzərə idi. Günəş qırmızı nəhəng kürə kimi, onların dayandığı yüksəklikdən çox aşağıda, üfüqdən yavaş-yavaş qalxmaqdaydı. Bir azdan o tam çıxdı, adi gözlə müşahidə olunacaq sürətlə göylərə qalxmağa başladı. İlkin şüaları göz qamaşdırmırdı, kiprikləri qırpmadan ona baxmaq olurdu. Adam özünü başqa planetdə hiss eləyirdi... Doğrudur, o, Günəşin dənizdən çıxmasını sahildən seyr eləmişdi. Amma birinci dəfə idi bu mənzərəyə belə uca yerdən baxırdı.
Pırpız gövdəli, sarı çiçəkli süpürgə otları, qaratikan, giləmeyvə kolları arasında gecələmiş quşlar budaqlar üstünə qalxıb oxuyurdu. Görünür, top-tüfəng səsləri onları yuvalarından perikdirə bilməmişdi. Kəklikotunun, adını bilmədiyi digər çiçək və otların qoxusu adamı məst edirdi. Ətirli havanı heyranlıqla içinə çəkib buraxaraq nəfəs alan Aysu yavaş-yavaş özünə gəldi. O, sağ və solunda, qarşı tərəfdə açılmış əsrarəngiz mənzərəyə baxdıqca bayaq sıxılıb daş kimi ağırlaşmış ürəyi genişlənir, yüngülləşirdi... Həyat sevgisi ilə döyünməyə başlayan ürəyində xoş bir uşaq arzusu baş qaldırdı: Keşkə, quş kimi uçub bağlı-bağatlı o kəndlərin, gümüş kəmər kimi dağların belinə sarınmış yolların, sağ və soldakı dağların, yumru təpələrin arxasında gizlənmiş obaların üstündə dövrə vura biləydi...
Həyat başdan-ayağa qəribəliklərə bürünmüşdür... Arzu və istəklə doludur... Bütün bunlar da yaşamağı gözəlləşdirir, onu cazibədar edir. Və kimin üçünsə həyat daha maraqlı olmayanda ölümü başlayır... Ən pisi budur ki, insan diri-diri ölə... Yaşam marağı sönmüş belələri ora-bura vurnuxub ölümlərini axtarırlar... Aysu isə hələ yaşamaq, yaşamaq istəyirdi. Arzularla dolu bu yaşam varlığını çuğlayırdı... Baxıb gördüyü, baxsa da görə bilməyəcəyi, gəzib görəcəyi, ömür sürüb anlayacağı bu yaşam, Böyük Yaradanın bəxş etdiyi bu varlıq onun üçün maraqlı idi. Çünki Yaradan əzəldən insanlığın mayasını bu maraq duyğularından tutmuşdur... İnsan bir gün həyatdan köçəcəyini dərk eləsə də arzu və istəklərinin dalınca ölümünə doğru gedir...
Qızın rəng-rufunun üstünə gəldiyini sezən İvan ucadan amiranə səslə dedi:
– Burda bəsdir, indi gedək başqa mənzərələrə baxmağa!..
İvanın səsi Aysunu öz aləmindən ayırdı. Onlar maşına oturub yollarına davam etdilər.
Aysu dağları çox xoşlayırdı. Düzənlikdə yol getmək ona maraqsız gəlirdi. Dağlar, meşələr müəmmalı, gözlənilməz tapıntı və mənzərələrlə dolu olur. Düzənlikdə isə hər şey uzaqdan görünür, hər şey açıq olur. Buna görə də Qarabağa dədə-baba yurduna gedəndə həmişə atasından xahiş edərdi ki, uzaq olsa da eniş-yoxuşlu, mənzərəli Şamaxı yoluyla getsinlər. Ağsu aşırımının ən yüksək yerində maşını saxlatdırardı, Qarabağ civarlarınadək uzanan Şirvan düzünə baxardı. Həmişə burada atasının ona danışdığı tarixi bir epizodu xatırlayıb ürəkdən gülərdi... Şamaxı xanı hansı şairəsə qəzəblənib, onu şəhərin bir neçə kilometrliyindəki Ağsuya sürgün elətdirir. Bundan bərk üzülüb, qəm-qüssə çəkən şair “sürgünlük” həyatını bu beytlə mənalandırır:

Ensin gözünə qara su,


Ağsu sənə Vətən oldu.

Şer xanın xoşuna gəlib qəzəbini soyudur, şairi əfv edir...


Maşının adi yoldan sonra xəndəyə girməsi Aysunu düşüncədən ayırdı. Bir az diqqət verdikdən sonra anladı ki, bu, adi xəndək deyil, yolun davamıdır. İntəhası, uzun səngər qazıb yolu onun içiylə çəkmişlər, cənuba baxan tərəfinə isə torpaq və daş yığmışlar.
Kabinədəki tutumlu güzgü vasitəsilə Aysunu izləyən İvan onun ətrafa maraqla baxdığını görüb dedi:
– Görürsünüz, ermənilər bu dağlarla öz kəndlərinə necə yol çəkmişlər. Onlar uzaqgörəndilər. İndi bu yol həm də səngər kimi gərək olub onlara. Sizinkilər bu yolla nələrin gedib-gəldiyini görə bilmir. Atdıqları da yolun qırağındakı bu müdafiə istehkamına dəyib hədəfə çatmır. Sizinkilər bu yola “Ağ yol” deyirlər. Çox çalışıblar bunu tutmağa. Bacarmayıblar. Eşitdiyimə görə hələ sovet dövrü Stepanakertdən Laçın rayonu ərazilərinin yaxınlığınadək çəkilmiş bu yolun tikintisində Azərbaycan inşaatçıları da işləyiblər.
İvanın yarıistehza ilə dediyi sözləri Aysu cavabsız buraxmadı:
– Moskva əmr eləyəndən sonra biz nəkaraydıq ki! Moskvanın əmri ilə bizimkilər Baykal– Amurda da, Arxangelskdə də yol çəkib evlər tikirdilər. Öz yollarımız bərbad olduğu halda Bakının bitium-asfaltını oralara aparırdılar. Biz vicdanla “ümumi mənafe” adıyla qarşımıza qoyulmuş işləri yerinə yetirirdik, dövlətə neft verirdik, pambıq, üzüm, matah nəyimiz var idi...
İvan deməyə söz tapmadı.
Bir qədər getdikdən sonra yol haçalandı. İvan Saşaya ana yoldan çıxıb sağa sürməyi əmr elədi. Bir neçə yüz metr köndələninə getdikdən sonra minik maşınlarının, bir neçə BTR-in dayandığı kiçik meydançaya çatdılar. Burada keşik çəkən əsgər Saşaya maşını saxlamaq üçün yer göstərdi. İvan Aysunun yanındakı avtomatı və əl qumbaralarını maşının arxasındakı yük yerində xüsusi düzəldilmiş dəmir qutunun içinə qoyub bağladı. Sonra qapını açıb Aysunu düşürtdü.
– Zənn edirəm, burada gördükləriniz sizin üçün maraqlı olar. Bura bir hərbi hissənin qərargahıdır. Siz özünüzü mənim yaxın rəfiqəm kimi aparmalısınız.
Bu görüş Aysu üçün maraqlı idi. Şəxsi marağından başqa gördükləri, geri qayıdarsa, Toğrul üçün çox lazımlı məlumat ola bilərdi.
Onlara yaxınlaşan əsgər, arxasınca gəlmələrini işarə etdi. Aysu ortada, Saşa arxada on addım getdikdən sonra qarşılarına çox fəndgirliklə maskalanmış qazmalar çıxdı. Aysu təəccüblə ətrafa baxdı. Burada yan-yana düzülmüş beş-altı qazmadan ibarət düşərgə salınmışdı. İçəri girdikdən sonra görəcəkdi ki, hər qazma iki-üç otaqcıqdan ibarətdir.
O birilərindən kənarda yerləşən qazmanın qarşısında onları 35-40 yaşlı, saç-saqqalına dən düşmüş ortaboylu, dolubədənli, çiynində bir böyük ulduz olan zabit qarşıladı:
– Ooo!.. Cənab podpolkovnik, düz yarım saat gecikibsiniz. Biz axı, səhər yeməyini birgə yeməyi qərarlaşdırmışdıq. Bizim zonaya daxil olan kimi mənə xəbər verdilər. Görünür, bu yerlər türk xanımının xoşuna gəlir. Biz gözəl xanıma daha gözəl mənzərələr göstərməyə hazırıq.
– Salam, əziz dostum Ter-Öküzyan. Belə yerlərdə təyin edilmiş görüşün yarım saat o yan– bu yan olması təbiidir, – deyə İvan onu qucaqladı.
– Öküzyan yox... Öküz “bık” deməkdir. Hovanes Öksüzyan... Ara, sən nə adımı, nə də familiyamı düz deyə bilmirsən. Lap dilbilməz russan...
– Bağışla, əziz dostum, neynim, dilim dönmür. Bəs “öksüz” nə dəməkdir?
– Öksüz yetim deməkdir... İkisi də türk sözləridir, bir bəladır, keçiblər varlığıma.
– Məncə yetimdənsə, öküz daha yaxşıdır.
– Canım, biz sizin kimi deyilik ha, bütün heyvanların adından familiya düzəldək.
Hər ikisi gülüşdü. İvan Aysunu ona təqdim elədi:
– Tanış olun, etibarlı rəfiqəm və Azərbaycan dili müəlliməm Ayka.
Düşdüyü bu vəziyyətdə özünü necə aparmalı olduğunu dərk eləyən Aysu sifətinə süni bir təbəssüm verib əlini irəli uzatdı:
– Görüşümüzə şadam.
Onun əlini öpən Öksüzyan “mersi” deyib əsgərə nəsə əmr elədi. Bir neçə dəqiqədən sonra içəriyə iki nəfər hərbçi girdi. Onlardan biri sarıbəniz, digəri qarabuğdayı idi. Sonuncuya el arasında “qarazırtı” deyirlər. Köhnə tanışlar kimi onlar İvanla görüşüb öpüşdülər, ərəbcə danışmağa başladılar. İvan çantasından çıxardığı iki banka kofeni onlara bağışladıqda bərk sevindilər.
Zabitlər içəri keçdilər.
– Biz İvanla rusca danışanda onlar başa düşmürlər. Mən onlarla ermənicə danışanda İvan başa düşmür. İvanla onlar ərəbcə danışanda mən heç nə anlamıram, – deyə Öksüzyan üzünü Aysuya tutdu. Hiss olunurdu ki, onunla söhbətə körpü salmaq istəyir. Bir gözü bu tərəfdə olan İvan onun Aysuyla söhbətinə imkan vermədi. O, çantasından çıxartdığı üç qutu “Yava” siqaretini və yastı sarı qutuda “Zolotoye runo” tütününü Öksüzyana uzadıb dedi:
– Xüsusi olaraq Moskvadan sənin üçün gətirtmişəm!.. – dedi.
Hədiyyəni alan Öksüzyan təşəkkür etməyə tələsmədi, yastı qutunu açdı, ağ gümüşü falqanın içərisindəki tütünü qoxulayıb dedi:
– Bu başqa məsələ. “Klan”, “Amfora” kimi Hollandiya tütünləri olmayan yerdə “Zolotoye runo” ilə də kifayətlənməliyik. Sağ ol, əzizim!
Aysu arzu eləmədiyi söhbətdən canını qurtarmış İvanın çevikliyini, kiçik təfərrüatları belə nəzərdən qaçırmayaraq buradakı vəziyyəti tam nəzarətdə saxlamaq bacarığını qiymətləndirməyə bilmədi. Evdə kefcil, bir az yüngülxasiyyət adam təsiri bağışlayan İvan iş məqamında tamam başqa şəxs idi.
Öksüzyan, süfrəyə düzülən yeməklərə işarə eləyərək zabitlərin üçünü də küncdəki stola tərəf çəkdi, çantasından çıxardığı xəritəni onun üstünə sərdi. Bir azdan ərəb və erməni dillərində danışıq otağı başına götürdü. Heç nə başa düşməyən Aysu içəridən qovrulurdu.
İvanla Öksüzyan rusca danışanda səslərini alçaldıb pıçıltıya keçirdilər. Aysunun yeganə eşidə bildiyi söz “ataka” idi. Ərəbcə tez-tez, bərkdən “hücum” sözünü də anlayan Aysu başa düşürdü ki, söhbət hücumdan gedir. Deməli, yaxınlarda yeni hücum olacaq...
Yeməklər düzüldükdən sonra zabitlər söhbətlərinə yekun vurub yemək stoluna yaxınlaşdılar. Süfrəyə qızardılmış donuz və qoyun ətləri, pendir, yağ və bal, soğan, sarımsaq, gilas, ərik düzülmüşdü. İsti çörək qoxusu adamın burnunu qıcıqlandırırdı.
– Bəs içkilər? – deyə Öksüzyan qışqırdı.
Çox keçmədi otağa əllərində araq və çaxır şüşələri tutmuş hərbi geyimli iki erməni qızı girdi. İçkiləri stolun üstünə qoyduqdan sonra onların hərəsi ev sahibinin bir üzündən öpüb, biri sarıbəniz, digəri qarazırtı zabitin yanında oturdu, hər ikisi sağ qolunu kavalerinin belinə doladı. Ərəb ölkələrindən gəlmiş bu erməni zabitləri irişə-irişə “gol frend” deyərək qızlarını Aysuya təqdim etdilər.
Qızlar quru-quru bir-birilərinə adlarını dedilər:
– Janna!
– Emma!
– Ayka!
– Buyurun , nə qədər sağsınız yeyin, için, kef eləyin. Mənə yaxşı sortlardan çəkilmiş təzə tut arağı gətiriblər. Bu ilin məhsulunun nübarıdır. Yəqin ki, İvandan başqa hamı araq içəcək. Çünki ruslar axşamlar araq, səhərlər poxmel üçün çaxır içirlər, – deyə hırıldayan Öksüzyan İvana sataşdı. Onun sözlərini vecinə almayan İvan gülərək dedi:
– Düz sözə nə deyəsən. Amma sizin xatirinizə nübar tut arağından bircə rumka içib keçəcəm çaxıra.
Aysununkundan başqa bütün qədəhlər boşaldı. O, İvanın süzdüyü çaxırdan bircə qurtum içib piyaləni yerə qoydu. Başları yeməyə qarışdığı üçün heç kim ona əhəmiyyət vermirdi.
– Əzizim, sənin dodaqların qədəhin burasınamı toxundu?– deyən İvan şit-şit Aysuya göz vurub şərabı başına çəkdi.
Qızın əhəmiyyət verməməsinin fərqinə varmayaraq İvan onun boşqabını yağ, bal, pendirlə doldurdu, yaxşı yeyib-içməsini, səbirli olmasını xahiş elədi.
Aysu əvvəl-əvvəl çimçəşdi, lakin iştahı güc gəldi. “Mən düşdüyüm şəraitə uyğunlaşmalıyam, yaşamaq, yaşatmaq naminə!..” – deyə özünü toxtadıb yeməyə başladı. İvan onun boşqabını qızardılmış quzu ətinin yaxşı tikələri ilə doldurdu, qədəhinə şərab süzdü.
Malades Ayka, özünü qaydasınca aparırsan! Bu ətləri ye, şərabı da iç! Qorxma, heç nə olmaz.
Hamı möhkəm yeyib içdi. Çox sağlıqlar deyildi: ermənilərlə İvan bir-birilərinin, dostların, ölənlərin, uşaqların sağlığına içdilər, Böyük Ermənistan şərəfinə, xaçlarının şanına, sarsılmaz rus-erməni dostluğu naminə badə qaldırdılar. Arağın qurtarmasından istifadə eləyən İvan dalbadal hamıya şərab süzdü. Bu onları lap dəmləşdirdi. Öksüzyan ayağa durub son sağlığı dedi:
– Əzizlərim! Qələbə onsuz da bizimdir. İçək o sağlığa ki, biz hamımız o günləri torpağın altında yox, üstündə qarşılayaq.
1   ...   10   11   12   13   14   15   16   17   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə