Fazil Güney (Abbasov). «Qara qan» (roman). Bakı




Yüklə 1.52 Mb.
səhifə12/34
tarix22.02.2016
ölçüsü1.52 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
– Başlayaq elə onun adından, toponomiyasından: Qarabağ sözünün mənası nədir və bu ərazi nə vaxtdan belə adlanır...
– Atamın tədqiqatlarına görə, Qarabağ “Böyük bağlı-bağatlı torpaq” deməkdir. “Qara” sözünün türk dilində böyük, torpaq, yer mənası da var. Baxın, İranla Qarabağ bölgəsinin sərhədi olan Araz çayının o tayındakı digər Azərbaycan bölgəsi “Qaradağ” adlanır. Bunun da mənası “ böyük dağ, dağlıq yer” deməkdir. Ulu əcdadlarımız çox-çox qədimlərdə Arazın o tayındakı çılpaq, quru dağlarla sıralanmış, əkin üçün çox da yararlı olmayan əraziyə “Qaradağ” adını vermişdir. Arazın bu tayındakı əkinçilik üçün gözəl şəraitli, bağ-bağatlı, dağları yaşıl meşəli, kiçik çaylarla, bulaqlarla zəngin olan ərazini isə “Qarabağ” adlandırmışlar. Amma bu adların nə zaman verilməsi barəsində bilgim yoxdur.
– Ermənilər qədimlərdə bu yerlərin “Arsax” adlandırıldığını iddia edirlər.
Aysu qımışdı:
– Bunu elm deyir, bizdə də təsdiqləyirlər. Amma bu nəyi dəyişir? Eramızdan öncə Sibirdən tutmuş Kiçik Asiyayadək bu ərazilərdə türk tayfaları, saklar yaşamışlar. Biz elə onların törəmələriyik. “Ərsax” türk sözüdür, mənası “sak kişiləri” deməkdir. “Ər” kişi deməkdir, “sax” isə elə, “sak” sözüdür. Müqayisə eləyin, Saxalin yarımadası, bir vaxtlar Yakutiya adlanan Saxa Respublikası. Uraldan tutmuş Uzaq Şərqədək belə toponimlərə çox rast gəlmək olur. “Sak” toponiminin izləri Azərbaycanda çoxdur. Bizim qədim Şəki şəhərinin və xanlığının adı “sak” sözünün dəyişmiş formasıdır. “Ş” və “S” səsləri bir-birinin məxrəcidir. Məsələn, Azərbaycan və Anadolu türkləri “başabaş, beş”, Şimali Qafqazdakı Pyatiqorsk şəhərinin əsl adı olan “Beştau” kimi sözləri Qazaxıstanda “basabas”, “bes”, “Bestau”, “Şəki”ni isə “Səki” kimi tələffüz eləyirlər. Əsrin əvvəllərində indiki Ermənistanın ərazisinə daxil edilmiş qədim Zəngəzur bölgəsində də Şəki adlı yaşayış məntəqəsi vardı... Səksəninci illərədək orada azərilər yaşayırdılar. “Ər” sözü hələ gedib şumerlərə çıxır. “Şum erləri”, yəni əkinlə məşğul olan kişilər deməkdir. Fransız tarixçisi Elize de Rekyünün 1904-cü ildə ruscaya çevrilib Petroqradda nəşr olunmuş bir kitabı var. Orada göstərilir: Arilər Mesopatamiyada arxeoloji qazıntılara başlayanda ehtimal edirdilər ki, burada onların əcdadlarının qalıqları yatır. Amma ilk nəticələri aldıqda məyus oldular... Burada türk sivilizasiyasının qalıqları yatırdı... Antropoloji cəhətdən Kiçik Asiyada hethetlərinki kimi... Sizin tarix kitablarında onlar “xettı” adlandırılır.
– Çox maraqlıdır. “Ər” sözü gərək ki, bu gün türk dillərində geniş işlənir, – deyə İvan öz biliyini nümayiş etdirmək istədi.
– Doğrudur. Bu söz rus dilinə də girmişdir.
– Necə, necə? – deyə İvan təəccübünü gizlədə bilmədi.
Bu, Aysuya ləzzət elədi:
– Elədir ki, var. Sizin dildəki “bayar” ifadəsi “bay” və “ər” sözlərinin birləşməsindən yaranmışdır. Bu gün “bay, bey, bəy” sözləri bütün türk dillərində işlənir. Qəribədir ki, son əsrlərdə bu söz rus dilinə ikinci dəfə “bek” formasında tərcümə yolu ilə girmişdir. Amma bayar, deneq, tavar, tavariş, ataka kimi sözlər rus dilinə onun formalaşması dövründə keçmişdir.
İvan dikəldi:
– Siz nə danışırsınız? Rus dilində ən çox işlənən bu sözlər türk mənşəlidir?
– Bəli, İvan Nikolayeviç. “Ataka” – “ataq – atmaq” felindən düzəldilmişdir. “Tavar” sözü bizim dilimizdə bu gün “davar” kimi işlənir, xırdabuynuzlular belə adlanır. Qədim türklərdə, elə əksər xalqlarda da mal-dövlətin əsasını iri və xırdabuynuzlu mal-qara, at ilxıları təşkil edərdi. Davarla birgə işləyənləri “davar işi, tavariş” adlandırırdılar. “Deneq” sözü qədim türk sözünün dəyişilmiş formasıdır. Qazaxlar milli pullarını “tenqe” adlandırmışlar. Bizdə bu söz el arasında “tanqah” kimi işlənərdi. Mənim bir nənəm vardı, yaşı yüzü adlamışdı. O, dəyər, pul mənasında həmişə “tanqah” sözünü işlədərdi. Sizin silahdaşlarınız Dəyirmanlıya hücum eləyəndə onu vəhşicəsinə öldürdülər.
Gözləri dolan Aysunun səsi qırıldı, danışa bilmədi. Toy qırğınını xatırlayan İvan onun əlindən tutub özünü doğrultmağa çalışdı:
– Yox, onlar mənim silahdaşlarım deyillər. Mən nəhəng bir dövlətin ordusunun zabitiyəm. Mən əmri yerinə yetirirəm. İnanın ki, belə vəhşilikləri görəndə mən də özümü pis hiss edirəm...
Aysu özünü ələ aldı, “dərsinə” davam elədi:
– Qədim Qarabağ bölgəsinin təbii sərhədləri var: Cənubdan onu İranla Araz çayı, şərqdən, şimali-şərqdən Şirvanşahlar torpağı ilə Kür çayı ayırır. Qərbdə Kəlbəcər, Laçın dağları, cənub-qərbdə Zəngəzur yüksəklikləri əski çağlarda Qarabağa hücumları çətinləşdirirdi. Onun baş şəhəri Şuşa isə dağın başında, qayaların üstə salınmışdır. Qarabağ bölgəsinin dağlıq və düzən hissələrinin olması yaşayış, heyvandarlıq və əkinçiliyin birgə inkişafı üçün çox əlverişlidir. Qışda sürüləri düzən Qarabağdakı qışlaqlarda saxlayır, yayda isə dağlardakı yaylaqlara qaldırardılar. Bu torpaqlar tarixin müxtəlif dönəmlərində Arsax, Arran, Alpan, Qarabağ adlandırılsa da, burada atəşpərəstlik, xristian, nəhayət islam dinləri bir-birini əvəz etsə də əhalisi əsrlərlə beləcə yaşamış, eyni həyat tərzi keçirmiş, eyni dildə danışmışlar.
– O hansı dil olmuşdur?
– Qədim türk dili, oğuzların dili. Doqquz oğuz tayfası çox qədimlərdən bu torpaqlarda yaşayıb. Əgər onlar min üç yüz il öncə “Dədə Qorqud” kimi çox əski, mükəmməl bir kitab yaradıblarsa, görün, onların mədəniyyətinin qədimliyi haralara kedib çıxır. Bizim bir sıra tarixçilərimiz şumerlərin “Qilqamısı” ilə oğuzların “Dədə Qorqud”unda çox oxşar faktlar, sözlər, toponimlər tapıblar.
– Erməni müəllifləri türklərin buraya gəlməsini XI-XII əsrlərdə səlcuqların adıyla bağlayırlar.
– Doğru deyil. Səlcuqlar Azərbaycana da, Anadoluya da gəldikdə görüblər ki, buralarda onların dilində danışan xalqlar yaşayır. Azərbaycanda onlar qədim saq, hun, az, azər, xəzər, kazax, oğuz, bayat, tat, alpan, qıpçaq, sabir və s. tayfaların törəmələri olmuşlar. Dilin kökü bir olduğu üçün ləhcələr qısa müddətdən sonra bir-birinə çuğlamışdır. Beləliklə, onlarla türk tayfalarının dilləri Azər adı içində birləşmiş, cilalanmış, bir türk dili, türk xalqı kimi formalaşmışdır. Alimlərin əlində olan sənət-sübutlara görə Azər adının ən azı üç min il yaşı var. Bir çox yunan, bizans, ərəb tarixçilərinin əsərlərində Az ərləri, Azərbaycan haqqında tarixi faktlar təkzibedilməzdir. Əgər səlcuqlara qədər burda başqa dildə danışan xalqlar olsaydı, onların dilinin izləri, müəyyən sözlər bu gün danışdığımız dilə keçərdi. Bugünkü Azərbaycan türkcəsinin sözlüyünü qarşıya qoyub sözləri etimologiyasına görə araşdırdıqda hər şey aydın görünür. Dilçilər çox çətinlik çəkmədən qeyri-türk sözlərini – ərəb, fars, latın, rus, fransız, ingilis dillərindən keçmiş sözləri ayırd edirlər. Ortalıqda naməlum mənşəli sözlər qalmır ki, deyəsən: “bu filan xalqın dilidi”. Hər hansı bir dil başqasının təsirinə məruz qaldıqda, assimilyasiya olduqda belə, qalib dildə onun izləri qalır. Bu izlər sözlərdən, yer adlarından ibarətdir. Siz dilçisiniz, belə şeyləri yaxşı bilərsiniz.
– Xanum əfəndi, siz çox orijinal, məntiqi danışırsınız. Bütün bunlar mənim üçün yenidir. Amma belə məsələlərdə bir nəticəyə gəlmək üçün fakt əsas götürülür, sonra məntiq. Bəs alban izləri haqda nə deyə bilərsiniz?
İvanın bu iradı Aysunu küncə qısnaya bilmədi:
– Dildə izlərinə rast gəlinməyib. Dediyim kimi, bu bir daha sübut edir ki, onlar türk tayfaları ilə qohum xalq olmuşlar. Bu birincisi. İkincisi, toponimlərdə – yer adlarında izləri bu gün də yaşayır. Azərbaycanda Alpout, Alpan adlı yaşayış məskənləri vardır. Qazaxıstanda və Orta Asiya xalqları arasında özlərini “alpan” adlandıran tayfalar vardır. Üçüncüsü, “alp” sözü qədim türk dilində “yüksəklik, ucalıq” kimi işlənirdi. Bir çox sərkərdələr bu sözü özlərinə təxəllüs götürmüşdülər. XII əsrdə Alp Arslan Azərbaycan hökmdarı idi.
İvan qımışdı:
– Bəs necə oldu ki, bu xristian albanlar müsəlmana çevrildilər?
– İslama qədərki dövrdə Araz çayının o tayında, Cənubi Azərbaycanda atəşpərəstlik hökm sürürdü. Şimali Azərbaycanda isə əsasən xristianlığı qəbul etmişdilər, özü də ermənilərdən əvvəl. Qafqazda birinci olaraq III əsrdə əsası qoyulmuş xristian Alpan kilsəsi Şəkinin Kiş kəndindədir. Müsəlmanlar atəşpərəstlərə islamı qılıncla qəbul etdirdilər. Amma xristianlarla belə davranmadılar. Çünki islam dini “Tövrat” və “İncil”ə iman gətirənləri “Əhlu-l-kitab” hesab edirdi. Öz dinində qalmaq istəyənlər, bildiyiniz kimi vergi verirdilər.
– O vergiyə ərəbcə “cizyə” deyirdilər. Bəs sonra xristian albanlar – sizin adlandırdığınız o alpanlar haraya buxarlandılar?
– Yeri gəlmişkən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi ərəb əlifbasında “p” səsi yoxdur. Güman edilir ki, buna görə də bizim yazılı ədəbiyyatda “alpan” sözü “alban” kimi işlənmişdir. Bunu da bilməmiş olmazsınız ki, islamı qəbul etdikdən sonra Azərbaycanda 20-ci illərin sonunadək ərəb əlifbasıyla yazıb oxumuşlar. Buna görə mənim “alpan” sözünü işlətməyim sizi çaşdırmasın, – deyə haşiyə çıxan Aysu sözünə davam elədi. – Qaldı Alpan kilsəsi ilə erməni kilsəsinin münasibətinə, onların arasında yaranışlarından çox ciddi rəqabət vardı. İslam Azərbaycanda yayılmağa başladıqdan sonra Albaniyanın düzən hissəsində – Beyləqandan tutmuş Bərdəyə, Şəkiyədək islamı qəbul etdilər. Dağlıq yerlərdə isə xristianlıq davam elədi. Lakin Alpan kilsəsi erməni kilsəsindən asılı vəziyyətə düşdü. Min il sonra yenidən bir çox ailələr islamı qəbul etdilər.
– Nəyə görə? – deyə İvan təəccüblə soruşdu.
– On doqquzuncu əsrin əvvəllərində Rusiya Azərbaycanı tutduqdan sonra bir sıra dağlıq rayonlarda öz varlığını qoruyub saxlamış Alpan kilsəsinin axırına çıxdı.
– Bu ola bilməz. Necə yəni axırına çıxdı? Onları dağıdıb məhv elədi?
– Ona oxşar bir şey oldu. 1836-cı ildə çarın fərmanı ilə Alpan kilsəsi ləğv edilərək ermənilərə peşkəş olundu. Bununla iki kilsə arasında min ildən çox davam edən savaş bitdi. Ermənilər çardan mükafat aldıqları kilsələrin xaçını dəyişdirdilər, onların əmlakını və torpağını mənimsədilər. Xristian alpanları isə erməniləşdirməyə başladılar. Çünki doğum, ölüm, nikah, təhsil işlərini kilsə aparırdı. Buna dözməyən bir sıra alpan ailələri dönüb müsəlman oldular. Bizdə kənd var ki, yarısı müsəlman, yarısı xristiandır. Ailələr var ki, yarısı xristian, yarısı müsəlmandır. Azərbaycanda erməni qriqoryan kilsəsində ibadət edən elə tayfalar var ki, ermənicə danışmırlar.
– Qəribədir, birinci dəfədir eşidirəm. Kimdir onlar?
– Udinlər. Ötən əsrin ortalarından onların da soyadları “yan” şəkilçisi ilə bitir. Qriqoryan kilsəsinin bütün ayinlərini icra edirlər. Artıq tam erməniləşmiş, öz mənşəyi unutdurulmuş digər tayfalardan fərqli olaraq udinlər öz dilini, adət-ənənəsini qoruyub saxlaya bilmişlər.
– Onlar Qarabağın harasındadırlar?
– Udinlər Qarabağ civarlarından şimalda, Qəbələ və Oğuz bölgələrində yaşayırlar. Onların toplum halında məskunlaşdığı ən böyük yer Nic kəndidir. Ermənilər “miasum” hərəkatına başlayanda onlar qoşulmadılar. “Miasum”un mənasını bilirsinizmi?
– Bilirəm, “birləşmək” deməkdir. Bu hərəkat haqqında, Ermənistan parlamentinin Qarabağı özünə birləşdirmək qərarı haqqında geniş məlumatım var, – deyə İvan dilləndi. – Sözünüzü kəsdiyimə görə bağışlayın. Buyurun, çox maraqlı şeylər danışırsınız.
Aysu şagirdinin marağını cəlb etmiş müəllim həvəsiylə söhbətinə davam etdi:
– Ara qarışanda, o bölgədəki ermənilər köçüb getdikdə, udinlər yerlərindən tərpənmədilər... “Biz sizin kimi gəlmə deyilik ha, ordan bura, burdan ora köçək” dedilər.
– İndi onlar erməni-qriqoryan kilsəsində ibadətlərini davam etdirirlərmi?
– Bəli. Amma çalışırlar ki, Alpan kilsəsini bərpa etsinlər.
– Necə davranırlar, özlərini necə aparırlar?..
– Normal!.. Dövlət idarələrində çalışır, orduda qulluq eləyirlər. Familiyalarındakı “yan” şəkilçisini tullamışlar.
Birdən-birə sustalan Aysu susdu: “Axı bütün bunları nə üçün danışıram?.. Bu söhbətlərin nə faydası? Qarşımdakı bu rus hərbçisi, dünyanı gəzmiş, sirli, müəmmalı bu zabit məni nə dərəcədə anlayır? Bəlkə dediklərimlə özümə ziyan edirəm?” – deyə fikirləşdi. Onun yorulduğunu duyan İvan yaranmış pauzanı doldurdu:
– Mən belə bir mühazirəni heç yerdə dinləməmişəm. Dedikləriniz mənim üçün yeni olsa da onların doğruluğuna şübhə etmirəm. Lakin tam qəbul etmək üçün mənə vaxt, əlavə məlumat və dediyiniz kitabları oxumaq da lazımdır.
İvanın yerində deyilmiş sözlərində Aysu bir səmimilik duydu, bu onun xoşuna gəldi, bozarmış sifəti allandı. Aysunun özünün də bildiyi bir nöqsanı vardı: sifəti ona “xəyanət” edirdi... İçindəki duyğular, keçirdiyi hisslər üzündə güzgü kimi əks olunurdu. İndi qızın haldan-hala düşməsi peşəkar kəşfiyyatçı, insan psixologiyasını yaxşı öyrənmiş İvanın nəzərindən yayınmadı.
– Bir az fasilə eləyək. Qoy kompot gətirim, – deyib yemək stoluna tərəf tələsdi... Onun gətirdiyi çiyələk kompotu Aysuya ləzzət elədi. “Bu İvan çox qəribə adamdır” – deyə fikirləşən Aysu ürəyindəkiləri dilinə gətirdi:
– İvan Nikolayeviç, siz çox qəribə insansınız. Mənə elə gəlir ki, mələklə şeytan sizin cisminizdə yanaşı yaşayır.
Onun belə açıq danışması İvanın lap ürəyindən oldu. İstəyirdi bu qızla bir-birinin daxili aləminə girsinlər. O, qızın sözlərinə ürəkdən gülüb soruşdu:
– Mənim üçün çox maraqlıdır: bir bədəndə iki şəxsiyyəti necə görürsünüz?
– Bilirsiniz, indi siz yüksək intellektə malik, ədəbiyyatı, sənəti qiymətləndirən, zərif insani duyğularla yaşayan bir adam təsiri bağışlayırsınız. Amma hərbi paltarı geyəndə tamam başqa adam olursunuz.
– Yəni şeytan oluram, hə?
– Yox, əstəğfürullah, sizi təhqir etmək fikrim yoxdur.
– Siz narahat olmayın, Aysu xanum. Belə şeylərdən incimirəm. Yadınızda qalsın, dövlət qurumlarında çalışan məmur və qulluqçuların tutduqları vəzifə və gördükləri işlə şəxsi xarakterləri, daxili aləmləri bir çox hallarda bir-birinin tərsidir. Qaldı ki, mənim cismimdə şeytanla mələyin qoşa yerləşməsinə, burda pis bir şey görmürəm... Şeytan da mələkdir... Sadəcə o, Allahın dərgahından qovulmuşdur. Sizin yezidi kürdlərlə tanışlığınız varmı?
– Yox, – deyə Aysu çiyinlərini çəkdi. – Onlar haqda oxumamışam, atam da heç nə danışmayıb.
– Yezidi kürdlər şeytana sitayiş edirlər, onu “Tavus” mələk” adlandırırlar, digər mələklərdən – Həzrəti Cəbrayıldan, Əzrayıldan, İsrafildən üstün tuturlar.
Aysunun ona maraqla qulaq asmasını görən İvan ruhlandı:
– Onlar müsəlmanlara deyirlər: sizin peyğəmbəriniz bəni-insan olmuşdur, yaşayıb ölmüşdür. Bizim sitayiş etdiyimiz mələksə oddandır, nə istəyir eləyir. Bütün şər qüvvələr ona tabedir. Ona heç Allahın da gücü çatmır.
– Yaxşı deyiblər ki, çox gəzən çox bilər. Siz onları hansı ölkədə görübsünüz?
– Yezidi kürdlərlə İraqda təmasda olmuşam. Onlar Mosuldan qərbdə Suriya sərhədinə yaxın rayonlarda yaşayırlar. Mən onların bir vaxtlar məskunlaşdığı Sincər şəhərində olmuşam. 60-70-ci illərdə hakimiyyətin əleyhinə çıxmış yezidi kürdləri bu şəhərdən də, yaşadıqları digər məskənlərdən də sürmüşlər. İraq hökuməti ipə-sapa yatmayan bu satanistləri dağlardakı kəndlərdən düzənliyə endirdi, onlar üçün böyük qəsəbə saldırdı. Yeri gəlmişkən deyim ki, satana sözü ərəbcədəki şatana, şeytan sözləri ilə eyni kökdəndir.
– Bunu heç bilmirdim. Müsəlman kürdlərdən onlar çoxmu fərqlənirlər?
– Çox... Əvvələn, bir-birinin dilini anlamırlar. İkincisi, yezidi kürdlər müsəlmanları bir nömrəli düşmən sayırlar. Hesab edirlər ki, şeytana qarşı ən kəskin mövqe tutan müsəlmanlardır. Müsəlmanlar cümləbaşı “Allah şeytana lənət eləsin” deyirlər. Bu ona bərabərdir ki, yəhudinin yanında Musa, xristianın yanında İsa, müsəlmanın yanında Məhəmməd peyğəmbəri söyürsən. Savaşmasınlar deyə yezidi kürdlərlə iş görən ərəblər onların yanında bu ifadəni işlətməməyə çalışırlar. Daha sonra onların qiyafələri də müsəlman kürdlərinkindən fərqlənir. Yezidilərin kişiləri saç-saqqal uzadır, saçlarından bir neçə hörük hörürlər, başlarına ucu şiş papaq qoyurlar. Gecə onlarla rastlaşanda, elə bil şeytan özü gəlib durub qarşında... Yezidi kürdlər əkinçilik və heyvandarlıqla məşğul olurlar, qapalı həyat tərzi keçirirlər. Müsəlmanlarla – istər ərəb və türk, yaxud kürd olsun, fərqi yoxdur, məhdud şəkildə əlaqə saxlayırlar.
– Bəs onların qadınları necədir?
– Mən Sincər civarında qadın tayfasını çox az görmüşəm: uzun, əlvan güllü paltar geyirlər. Onların da gözləri kişilərinki kimi alışıb yanır. Lakin kişilərin gözündəki vahimə yaradan iblisanə parıltıdan fərqli olaraq qadınların odlu baxışı adamda ehtiras doğurur. Orada özünü sevgisinə qurban etmiş yezidi qadın haqqında eşitdiklərim məni çox təsirləndirdi, – deyə nəfəsini dərən İvan özünə bir piyalə qırmızı çaxır süzdü, birnəfəsə içdikdən sonra arxayın-arxayın siqaret yandırdı.
– İvan Nikolayeviç, danışın də, o nə hadisə idi, – deyə Aysu qeyri-ixtiyari kürsüsünü ona sarı çəkdi. Adətən, yaxın adamı maraqlı bir əhvalat danışanda Aysu belə edərdi, çənəsinin altına girərdi.
Yaxın oturan qızın cismindən, saçlarından gələn qadın ətri İvanın dərindən ciyərlərinə çəkdiyi havayla bütün varlığına yayılaraq bədəninə qızışma gətirdi, onu qəribə xoş bir əhval-ruhiyyə sardı. Belə duyğuları o, on-on beş il əvvəllərdə yaşamışdı. İvan özünü ələ alıb qızın xahişini yerinə yetirdi...
– Sincərdən 50-60 kilometr cənubda düzənlikdə Baac adlanan qəza mərkəzi vardı. Bizimkilər orda vacib obyekt tikməli idilər. Tanışlıq üçün oraya getmişdim. Yerli ərəblə qəsəbəni gəzərkən balaca bir dükanın sahibini göstərib dedi: “O oğlanı görürsənmi? Biçarə yezidi qızına evlənmişdi”. Mən boylu-buxunlu, yaraşıqlı sifətində dərd-qəm izi görünməyən dükançını nəzərdən keçirib, müsahibimdən bu əhvalatı axıracan danışmasını xahiş elədim. Çünki yezididən qız almaq bu yerlərdə mümkünsüz idi. Müsahibim dedi ki, bu oğlan yezidilərin köçürüldüyü, təzə salınmış qəsəbədə dükan açmışdı, alveri də pis getmirdi. Çünki yezidilər yaşadıqları rayondan nadir hallarda çıxırdılar, böyük şəhərlərə gedib ticarət eləmək məsələlərində zəif idilər. Əlqərəz, bu baqqal oğlan ərli bir yezidi qadını ilə sevişir. Qadın buna, bu da qadına vurulur. Oğlan dükanı satır, qadını götürüb aradan çıxır. Yezidilər polisə şikayət edirlər. Polis onları tapa bilmir. Düz bir ildən sonra yezidilər özləri dalda bir yerdə – Suriya sərhədinə yaxın kənddə gizlənmiş sevgililərin yerini öyrənib polisə nişan verirlər. Aşiqi-məşuqları tapıb gətirirlər. Qanuna görə əgər qadın iddia etsəydi ki, onu zorla götürüb qaçırıblar,oğlanı ağır cəza gözləyirdi. Yox, əgər qadın desəydi ki, onu heç kəs məcbur etməyib, özü sevdiyi oğlana qoşulub qaçıb, işə xitam verilirdi. Bunu qadına başa salıblar. Sevgilisinə axıracan sadiq qalan qadın məhkəmədə bildirib ki, onu heç kim məcbur etməyib, özü sevdiyi oğlana qoşulub gedibdir. Yezidilərlə hökumət arasında yeni konfliktin yaranmasını istəməyən polis, adətən, onların icmadaxili işlərinə qarışmırdı. Buna görə də qadını qanuni ərinə təhvil veriblər. Qadının əri, qohumları onu götürüb evlərinə aparıblar. Biçarə qadını necə cəzalandırsalar yaxşıdır?
İvan sözünə ara verib bir piyalə də çaxır içdi, ona qulaq kəsilmiş Aysuya məhəbbətlə baxıb söhbətinə davam elədi:
– Uzun sözün qısası, onlar qadının əllərini yük maşınının arxasına bağlayıblar. Sonra maşınla bütün qəsəbəni dövrə vuraraq qadın tikə-tikə olana qədər sürütləyiblər. Onu da deyim ki, yezidilərin öz aralarında namus məsələsi müsəlmanlardakı qədər güclü deyil. İş bundaydı ki, o qadın müsəlmanı sevmişdi.
Sözünü qurtaran İvan mütəəssir olmuş Aysunu başdan-ayağa süzdü. Birdən onda qarşısıalınmaz vəhşətli bir arzu baş qaldırdı. Aysunu qolları arasına alıb yataq otağına aparsın, bu gözəl rəsm əsərini ona baxmaq həsrəti ilə yanan tamaşaçısından gizlətmiş paltarları öz əlləri ilə soyundursun, qızı incə öpüşlərə qərq etsin, bayaqdan onu məst edən qadın qoxusunu içsin... İvan içindən gələn bu hisslərin təsiri altında öz qurbanına hücum edən ac qurd-təki qəfil hərəkətlə qızın belini qucdu. Onun danışdığı faciəvi əhvalatın təsirindən ayılmamış qızcığaz bu gözlənilməz həmlədən özünü itirdi, bilmədi neyləsin. İvan onu bağrına basıb saçlarının qoxusunu içinə çəkə-çəkə boyun-boğazını öpməyə başladı. O, sanki bir dəstə ətirli gülü, bənövşəni, inciçiçəyini qoxulayırdı... Özünə gələn Aysu çırpınmağa başladı. İvan ürkək, təcrübəsiz bala ceyranı günlərlə izləyib, nəhayət, yaxalaya bilmiş yalquzaq kimi öz ovundan möhkəm yapışmışdı. Ceyran başını qovzayıb yalquzağın “ağzından” çıxardı, qorxudan irilənmiş ahu gözlərini İvanın həm şərabdan, həm də onunla təmasdan xumarlanmış gözlərinə dikdi, inilti ilə pıçıldadı: “Bu sizə yaraşmaz, İvan Nikolayeviç...”
İvan bu ürkək baxışlara, qorxu qarışıq yalvarışla dolu sözlərə dözə bilmədi, qolları boşaldı... Bu köməksiz baxışlar onun yadına xoşagəlməz bir xatirəni saldı... Zorlanmaq təhlükəsi qarşısında qalmış belə baxışları o, birinci dəfə çox-çox illər bundan öncə görmüşdü...
İvanın tərəddüdündən istifadə eləyən Aysu qızıl ilan ağzından qurtarmış quşcığaz kimi kənara sıçradı, cib dəsmalıyla, onu murdarlayıblarmış kimi, boyun-boğazını sildi. Sonra yaxasının açılmış düyməsini bağladı, sövq-təbii olaraq qapıya tərəf boylandı. Biçarə qız, unutmuşdu ki, burada onları görəcək, haraya gələcək, yaxud gördüyünü başqasına danışacaq kimsə yox idi. İvan indi onun taleyində hakimi-mütləq idi. İnsaf yalnız və yalnız onun vicdanına qalmışdı...
Gözlərini yumub süstləşmiş İvanı kabinetindən gələn telefon zəngi ayağa sıçratdı. Beş dəqiqədən sonra o, hərbi geyimdə otaqdan çıxdı, hələ özünə gəlməmiş, başını əlləri arasına alaraq acı-acı hıçqıran Aysuya yaxınlaşdı, aralarında heç nə olmamış kimi:
– Hərbi təyyarəçilər hər havaya qalxanda vidalaşırlar... Onların arvadları axşam ərləri evə dönənədək ayaq üstə qalıb həyəcan keçirirlər. Hər uçuş ölüm riskidir. Bizlər isə hərbi tapşırığa gedəndə yaxın bildiklərimizlə sağollaşırıq, – dedi, girəvələyib qızın əlini öpdü. Onun sözlərindən çaş qalmış Aysu əlini çəkməyi unutdu, maraqdan çox həyəcanla soruşdu:
– Sizə nə ola bilər, axı? Siz demişdiniz ki, səngərdən güllə atmırsınız, döyüşlərdə iştirak eləmirsiniz.
– Orası elədir. Cəbhə xəttində hər şey ola bilər: snayper gülləsi, uzaqvuran topların mərmisi, havadan atılan bomba... Amma məni qorxudan arxadan atıla biləcək güllədir. Elə bilirsiniz mən bu ermənilərə inanıram? Lazım gələndə məni aradan götürmək onlar üçün bir qurtum su içmək kimi asandır. Di sağ olun, baş verənlərə görə üzr istəyirəm... Söhbətlərinizlə mənə xoş dəqiqələr bağışladınız.
– Sağ-salamat qayıdın...
Bu sözlər qızın dilindən bilaixtiyar çıxdı. İvanınsa üzü güldü, çox məmnun oldu... Dodaqları bala batmış kimi yalmandı... Ona elə gəlirdi ki, məqsədinə çatmaq üçün həlledici addım atılmışdır.
Bir azdan onun UAZ-ı darvazadan çıxdı.
Pəncərədən maşının arxasınca baxan Aysu İvan çıxarkən ona qeyri-ixtiyari dediyi sözlərə görə özünü qınadı. Sonra səhvini əsaslandırdı... Birdən İvanın başına bir şey gəlsə onun taleyi necə olacaq? Yox, erməni muzdlularının əlinə düşüb zorlanmaqdansa ölüm yaxşıdır. Amma özünü öldürmək asan məsələ deyil. Bunun üçün köməkçi vasitələr lazımdır. Ermənilərin əlinə keçməmək üçün qaya da yoxdur ki, özünü atsın, vəssalam. İndi o özünə necə əl qaldıra bilər? Özünü asmaq, bıçaqlamaq, damarını kəsmək, zəhər içmək... Zəhər tapmaq ola bilsin onun üçün çətin olacaq. Özünü bıçaqlayıb öldürə bilmək hər adamın işi deyil. Birdən bıçağı elə yerə vurar, ölməz, şikəst olar. Deməli, iki yol qalırdı... Bəs, gələcək oğlu? Yox, o, ikicanlı olmağını qəti yəqinləşdirməyincə qərar qəbul edə bilməz... Bu gün vaxtıydı, xəstələnməliydi. Amma xəstələnmədi. Əgər sabah, uzağı birisigün də xəstələnməsə, deməli yuxusu çin çıxmışdı, uşağa qalmışdı. Dördüncü həftədən sonra lap dəqiqləşəcəkdir. Onu yaşada biləcək, ölümlə mübarizədə dayaq dura biləcək yeganə stimul analıq hissi idi. Bu hiss diqtə edirdi ki, o, sevgisinin meyvəsini öz canı və qanı ilə yetişdirib bu dünyaya gətirməlidir. Bunu nəyin bahasına olursa-olsun etməli idi. Bu, qarşısıalınmaz bir istək, vacibiyyət idi. Ulu Tanrı bu duyğuları – nəslini davam etdirmək üçün hər bir fədakarlığa getmək əzmini bütün analara yaranışından bəxş etmişdir, aşılamışdır... Kiçik böcəklərdən tutmuş canlıların ən kamili olan insan üçün proqramlaşdırmışdır...

Ayının min oyunu bir armudun başındadır



İvan evə ertəsi gün gecə yarısı döndü. Maşının səsinə oyanan Aksana xalatını geyinib onu qarşıladı.
– Get yat, hazır gəlmişəm, heç nə yeməyəcəyəm, – deyən İvan ikinci qata qalxdı, üst paltarını soyunub hamama girdi, soyuq su ilə qurşaqdan yuxarı yuyundu. Hamamdan çıxdıqda Aysunun otağının yanında dayandı. İşıq yanmırdı. Qulağını qapıya dayadı... Səs-səmir gəlmirdi. Bir az götür-qoy eləyib qapını taqqıldatdı, ardınca pıçıltılı səslə dedi:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə