FaküLTƏ: Sİyasi İdarəetmə kafedra: politologiya və Sİyasi İdarəetmə İXTİsas: politologiYA




Yüklə 74.82 Kb.
tarix17.04.2016
ölçüsü74.82 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI

FAKÜLTƏ: SİYASİ İDARƏETMƏ

KAFEDRA: POLİTOLOGİYA VƏ SİYASİ İDARƏETMƏ

İXTİSAS: POLİTOLOGİYA

FƏNNİN ADI: SOSİAL-SİYASİ TƏLİMLƏR TARİXİ

QRUP: 123

REFERAT

MÖVZU: FAŞİZM SİYASİ NƏZƏRİYYƏLƏRİ

TƏLƏBƏ: KƏRİMOVA KÖNÜL

ELMİ RƏHBƏR: dos.ALLAHVERDİYEV KƏNAN

BAKI-2009

PLAN

GİRİŞ

§1. TOTAL SİYASİ REJİMLƏR

§2. FAŞİZMİN TARİXİ

§3. FAŞİZMİN GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİ VƏ ONLARIN SİYASİ NƏZƏRİYYƏLƏRİ

§4. FAŞİZMİN ƏSAS MÜDDƏALARI

§5. İTALİYAN FAŞİZMİ İLƏ ALMAN NASİZMİNİN OXŞAR VƏ FƏRQLİ XÜSUSİYYƏTLƏRİ

§6. FAŞİZM 1945-Cİ İLƏ QƏDƏR VƏ 1945-Cİ İLDƏN SONRA

§7. NƏTİCƏ§8. İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

GİRİŞ

Politologiyada və onunla bağlı digər sahələrdə maraqlı mövzular içərisində belə düşünürəm ki, xüsusi maraq doğuran mövzulardan da biri “ Faşizm” dir. Bu mövzu hələ bu gün də öz aktuallığını itirməyib. Səbəb də hamıya məlum olduğu kimi ötən əsrin birinci rübündən meydana çıxan bu siyasi rejim ilk əvvəllər bərqərar olsa da, nə özünü doğrultdu, nə də ki möhkəmlənə bildi. Ümumiyyətlə, siyasi rejim dedikdə hakimiyyətin həyata keçirilməsi tipi, formaları və metodları, dövlət institutlarının təşkili prinsipləri nəzərdə tutulur. Bu baxımdan siyasi rejim anlayışı hər hansı siyasi sistemin dinamik, funksional xarakterini müəyyən edir. Siyasi sistem kateqoriyasının meydana gəlməsi bilavasitə məşhur amerika sosioloqu T. Parsonsun cəmiyyətin sistemli təhlilinin inkişafı ilə bağlıdır. Siyasi sistem nəzəriyyəsi isə ilk dəfə məşhur amerikan politoloqu D. İston rərəfindən işlənmişdir. Siyasi rejimin keyfiyyət xüsusiyyətlərinə aşağıdakılar aiddir:



  • İnsan hüquq və azadlıqlarının həcmi

  • Dövlət hakimiyyətinin həyata keçirilməsinin metodları

  • Dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin xarakteri

  • Cəmiyyətin siyasi qərarlarının qəbul edilməsinə təsir etmək imkanının olub-olmaması

  • Siyasi institutların formalaşması üsulları

  • Siyasi qərarların işlənilməsi metodları

Siyasi rejimlər bu keyfiyyət xüsusiyyətlərinə malik olmaqla üç yerə ayrılırlar: totalitar, avtoritar və demokratik. Cəmiyyət tipindən asılı olaraq siyasi sistemlər mühitlə qarşılıqlı təsir xarakterinə görə də açıq və qapalı siyasi sistemlərə, siyasi mədəniyyətlərinə görə anqlo-amerika (ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya) , kontinental avropa (Fransa, Almaniya, İtaliya) , sənayeyə qədərki və qismən sənaye (Meksika, Braziliya) , totalitar (Q. Almond) siyasi sistemlərə bölünür. Üzərində işlədiyim faşizm totalitar siyasi rejimlərə aiddir. Faşizm haqqında danışmaqdan əvvəl isə totalitarizmin xüsusiyyətlərini bilmək daha yaxşı olar.

§1. TOTAL SİYASİ REJİMLƏR

Totalitarizm siyasi sistemin tipi kimi XX əsrdə yaranmışdır. Bu sözün özünə və totalitar ideyalara gəldikdə isə onlar şox əvvəllər meydana gəlmişdir. “Totalitarizm” termini latın sözü “totalitas” (tamlıq, bütövlük) və “totalis” (çəki,tam,bütöv) sözlərindən yaranmışdır. Totalitarizm termini siyasi leksikona 1925-ci ildə öz hərəkatını və rejimini xarakterizə etmək üçün İtaliya faşistlərinin lideri B. Mussolini gətirmişdir. 1929-cu ildə ingilis “Tayms” qəzeti totalitarizm haqqında təkcə İtaliyada faşizmi deyil, həm də SSRİ-nin siyasi quruluşunu xarakterizə edən neqativ siyasi hadisə kimi yazmışdır. İkinci dünya müharibəsindən sonra faşist Almaniyasında, SSRİ-də və “sosializmin qələbə çaldığı” ölkələrdə mövcud olan rejimlər belə adlanırdı. Totalitarizm siyasi nəzəriyyəsi XX əsrin 40-50-ci illərində təşəkkül tapmış və sonrakı onilliklərdə inkişaf etmişdir. Totalitarizmdən Qərbdə kommunist ölkələrinə qarşı ideoloji mübarizə məqsədilə geniş istifadə olunmuşdur.

Totalitarizm” anlayışı elmi ədəbiyyata XX əsrin 30-cu illərində Qərb ədəbiyyatlarında gətirilmişdir. 1933-cü ildə nəşr edilən “Oksford ingilis lüğətinin əlavə cildində “totalitar” sözü ilk dəfə olaraq “Contemporary review” jurnalının 1928-ci il aprel sayında iqtibas kimi götürülmüşdür. Qərb ədəbiyyatlarında totalitarizmin mahiyyətinin elmi tədqiqinə XX əsrin 40-cı illərindən başlanılmışdır. Məşhur iqtisadçı Nobel müküfatı laureatı Fridrix Hayek 1944-cü ildə nəşr etdirdiyi “Köləliyə gedən yol” əsərində totalitarizmin sosialist təlimləri ilə əlaqəsinin olduğunu bildirmişdir. 1951-ci ildə Nyu-Yorkda nəşr olunan “Totalitarizmin mənbələri” adlı klassik əsərin müəllifi Hanna Arendt totalitarizmin modeli kimi nasist hərbi düşərgələrini götürmüşdür. Əgər Hayeki ilk növbədə totalitarizmin intellektual yaranma tarixi maraqlandırırsa, Arendt isə ən çox diqqəti totalitar şəxsiyyətin özünə və bu şəxsiyyətin totalitar rejimin ideal obyektinə çevrilməsi prosesinə yetirmişdir.1

Ümumiyyətlə, Qərb politologiyasında və sosiologiyasında totaitarizmə xüsusi siyasi rejim kimi baxılırdı. Karl FridrixZbiqnev Bjezinski 1956-cı ildə yazdıqları “Totalitar diktatura və avtokratiya” adlı kitabında totalitar sindromun xarakterik əlamətlərini üzə çıxarmağa səy göstərmiş və onun aşağıdakı əlamətlərini vermişlər:



  1. Xarizmatik liderlərin rəhbərlik etdiyi vahid kütləvi partiya;

  2. Hamının qəbul etməli olduğu rəsmi totalitar ideologiya;

  3. Kütləvi informasiya vasitələri üzərində inhisar;

  4. Silahlı mübarizə vasitələri üzərində inhisar;

  5. Terrorçu polis nəzarət sistemi;

  6. İqtisadiyyat üzərində dövlət nəzarəti2

Belə ki, 50-60-cı illərin Qərb ədəbiyyatlarında totalitarizmin mənbələri və müqəddəm şərtlərinin tədqiqinə daha geniş yer ayrılmışdır. Həmin tədqiqat əsərlərinin əksəriyyəti Sovet İttifaqı ilə faşist İtaliyası və Hitler Almaniyasında mövcud olan rejimlərin müqayisəli təhlili əsasında meydana gəlmişdir.

Totalitar sistemlər kortəbii deyil, müəyyən ideoloji obrazlar əsasında yaranır. Totalitar cəmiyyətin ən mühüm əlaməti bütün ictimai həyatın ideologiyalaşdırılmasından ibarətdir. Totalitar ideologiya özünün məzmununa görə inqilabidir. O, yeni cəmiyyətin və insanın formalaşdırılması zərurətini əsaslandırır. Onun bütün bünövrəsi sosial miflərə kapitalizm və kommunizm haqqında, fəhlə sinfinin rəhbər rolu haqqında, ari irqinin üstünlüyü haqqında və i.a. miflərə əsaslanır. Bu miflər tənqidə məruz qalmır və dini simvollar xarakterinə malikdir.

Totalitarizm üçün hakimiyyətin informasiya və KİV üzərində tam nəzarət, özgəfikirliliyə qarşı həddindən artıq dözümsüzlük, ideya opponentlərinə siyasi düşmən kimi baxmaq halları xarakterikdir. Bu quruluş ictimai rəyi kənarlaşdıraraq onu rəsmi siyasi qiymətlərlə əvəz edir.

Totalitar sistemin məntiqinə uyğun olaraq cəmiyyətin bütünlüklə ideologiyalaşdırılması onun totalitar siyasiləşdirilməsi, hakimiyyət aparatının həddindən artıq inkişafı və onun sosial orqanizmin bütün boşluqlarına müdaxiləsi ilə tamamlanır. Güclü hakimiyyət əhali üzərində ideoloji nəzarətin başlıca təminatı kimi çıxış edir. Totalitarizm vətəndaş cəmiyyətinin tamamilə aradan qaldırılmasına səy göstərir. Totalitar cəmiyyətin xüsusi siyasi əlamətlərinə, həmçinin sosial nəzarət və zorakılıq (təhlükəsizlik xidməti, ordu, milis və i.a.) aparatının mövcud olması, kütləvi terror, əhalinin qorxu altinda saxlanılması xasdır.

Totalitarizm özünə adekvat sosial struktur yaratmağa çalışır. O kütləvi dayaq yaratmağa cəhd göstərərək müəyyən sinfin, millətin yaxud irqin üstünlüyünü elan edir, bütün insanları dixotomik şəkildə özününkülərə və yadlara bölür. Bunun üçün mütləq daxili və xarici düşmən- burjuaziya, imperializm, pantürkist, panislamist, xalq düşməni, qolçomaq və s. obrazları yaradılır. Xüsusi mülkiyyətin ləğvi prosesində əhalinin kütləvi yoxsullaşması baş verir. Fərd dövlətdən total şəkildə asılı vəziyyətə düşür və insanların əksəriyyəti iş, mənzil və s. kimi yaşayış vasitələri əldə edə bilmir.

Şəxsiyyət hər cür müstəqilliyini və hüquqlarını itirərək hər şeydən güclü hakimiyyət qarşısında tamamilə müdafiəsiz qalır və onun total nəzarəti altına düşür.

Əvvəlki sosial strukturun dağılması ilə eyni vaxtda yeni struktur formalaşır. Totalitarizmin başlıca dayağı olan yeni, nomenklaturalı hakim sinif formalaşır.

İdeologiya və siyasətin hökmranlığı təkcə sosial sahədə deyil, həm də iqtisadiyyatda da təzahür edir. Burada totalitarizmin fərqləndirici əlaməti təsərrüfat həyatının dövləşdirilməsindən ibarətdir. İdeal halda isə xüsusi mülkiyyət, bazar münasibətləri, rəqabət tamamilə aradan qaldırılmış və inzibati amirlik idarəetmə metodu tətbiq edilmişdir.

Totalitar siyasi sistemin başlıca institusional əlamətlərinin ümumiliyi ilə yanaşı həm də özünəməxsus xüsusiyyətlər də vardır. Bu da onun müxtəlif növlərə ayrılmasına imkan verir.

Totalitarizmin ilkin və klassik forması sovet tipli kommunizm (sosializmdir) ki, bunun da başlanğıcı hərbi-kommunist sistemi şəklində qoyulmuş və ümumi əlamətləri 1918-ci ildə formalaşmışdır. Totalitar siyasi sistemin ikinci növü faşizmdir. Totalitarizmin üçüncü növü isə nasional-sosializmidir. Mənim də üzərində işlədiyim mövzu elə totalitarizmin ən qəddar forması hesab olunan faşizmdir.



§2. FAŞİZMİN TARİXİ

FAŞİZM (italyanca, fascismo; faseio dəstə, birlik, bağlama)- Avropa ölkələrində I Dünya müharibəsindən sonra meydana gəlmiş totalitar siyasi hərəkatların, partiya və rejimlərin növlərindən və onlara məxsus ideologiyalardan biridir. O, siyasi cərəyan kimi I Dünya müharibəsindən sonra meydana gəlmişdir. Faşizmin vətəni Almaniya və İtaliya olmuşdur.

Faşizmin və ya milli-sosializmin ideya əsasını ifrat antidemokratizm, rasizm, şovinizm, sosial-darvinizm təşkil edir. O, həm fiziki, həm də mənəvi mənada bütün fərdlərin taleyini həll etmək məsuliyyətini öz üzərinə götürən və “milli birliyə” hər hansı müdaxiləni qəti şəkildə aradan qaldıran totalitar dövlət quruluşunu ilahiləşdirir. Faşizm güclü, qəddar, amansız hakimiyyəti təbliğ edir.

Faşizm ideologiyasında millətin qan ümumiliyinə əsaslanan ən ali və əbədi varlıq olmasından ibarət konsepsiya xüsusi yer tutur. Buradan da qanın və irqin təmizliyinin qorunub saxlanılması vəzifəsi fetisləşdirilir. Millətlər aşağı və ali kateqoriyalara bölünür. Faşist cəmiyyətində ali millətlərin digərləri üzərində ağalıq etməsi nəzərdə tutulur. Bu müddəalar faşizmin təcavüzkar xarici siyasətinə, başqa xalqların və ölkələrin əsarət altına alınması praktikasına bəraət qazandırmaq məqsədi güdürdü. Faşist ideoloqları öz qarşılarına böyük vəzifələr qoymuşdular. Onların yerinə yetirilməsi üçün isə nəhəng, hər cəhətdən təmin olunmuş orduların yaradılması nəzərdə tutulmuşdu.

Faşizm sinifləri və sinfi mübarizəni qəti şəkildə rədd edir, onların irqi və yaxud korporativ birliklərdə inteqrasiya edilməsi uğrunda mübarizə aparır. O, tətil, mitinq və digər etiraz formalarını yolverilməz hesab edir. Əlbəttə, bu, onun hakimiyyətə gələndən sonrakı dövrü üçün nəzərdə tutulur. Hakimiyyətə gələnə qədər isə bu vasitələrdən yetərincə istifadə edir, yeri gəldikdə isə hətta təhriketmə hallarında imtina etmir. Faşizmin tarixi praktikası göstərir ki, o, yalnız bütün demokratik azadlıqları və institutları ləğv edərək totalitar terrorist rejim yaratmağa qadirdir. İctimai həyatın bütün sahələri hərbiləşdirilir, onun bütün istiqamətləri dövlət tərəfindən ciddi nəzarətə götürülür. Həm də bu nəzarət təkcə dövlət strukturları tərəfindən deyil, həmçinin hərbi təşkilatlar, hərbiləşdirilmiş partiya dəstələri (İtaliyada “skuadre” dəstələri, Almaniyada SS və digər hissələr) vasitəsilə həyata keçirilir. Faşizm cəmiyyətinə xas olan xüsusiyyətlərdən biri də zorakılıq praktikası və zorakılıq kultunun yaradılmasından ibarətdir.

Bu hal cəmiyyətin həyatına elə hopdurulur, elə təşviq edilir ki, müəyyən dövrdə qeyri-ixtiyari olaraq adi vətəndaşların yaşayış normasına, həyat tərzinə çevrilir. Faşizm cəmiyyətində “ümummilli mənafe” deyilən mücərrədləşdirilmiş ideya hər şeyi özünə tabe edir. Fərdi fikir, şəxsi mənafe, etik və mənəvi baxışlar arxa plana keçir. Fərdlərin bir-biri, həmçinin cəmiyyət qarşısında məsuliyyət hissi, ailə, uşaq və valideynlərə qarşı borc hissi öldürülür. İnsanlar ümumi tələbləri yerinə yetirməli olan icraçılara, “vint”ciklərə çevrilirlər.

Bu fenomenin belə geniş intişarına başlıca səbəb – cəmiyyətin bütün sosial quplarını bürümüş uzunsürən qlobal böhran olmuşdur. Faşizm bu böhrandan daha tez və effektli çıxmaq üçün bir cəhd idi. Lakin cəmiyyətin mövcud problemlərinin həlli müqabilində yeni faşist elitasına ödəyəcəyi haqqın qiyməti o qədər yüksək idi ki, son nəticədə o, cəmiyyətin özünün tamamilə dağılıb məhv olmasına gətirib çıxartdı.

Faşizm I Dünya müharibəsində uduzmuş ölkələrin özlərinə “ günəş altında” yer tapmaq üçün milli səfərbərlik və həmrəylik ideologiyasıdır. Faşizm cəmiyyətin təşkilati və struktur cəhətdən yenidən qurulmasına yönələn mistik etatizm və dövlət paternalizmi və indiyədək məlum olan millətçilik və irqçilik ideologiyalarının təhlükəlisidir.

Qaliblər sırasında olan İtaliya üçün müharibənin nəticələri heç də hakim dairələrin gözlədiyi kimi olmadı. Müharibəyə girərkən onların nəzərdə tutduqları yeni ərazilər əldə etmək və beynəlxalq miqyasda öz mövqeyini möhkəmlətmək niyyətləri gerçəkliyə çevrilmədi. Hakim dairələrin müəyyən hissəsi isə narazı kütlələrin çıxışlarının qarşısını güc yolu ilə almaq təkilifini irəli sürürdülər. Bu məqsədlə xüsusi dəstələr yaradırdılar. Onlardan biri də müharibə vaxtı Sosialist partiyası sıralarından çıxarılmış Benito Mussolininin yaratdığı “ Mübarizə ittifaqı” ( “Faşi di Kombattimento”) idi. Həmin dəstələrin əsasında da 1919-cu ilin martında faşist partiyasının sələfi “Faşist mübarizə dəstələrinin ittifaqı” yaradılmışdı. Onlara qaraköynəklilər də deyilirdi.

Faşistlərin ilk toplanışı 1919-cu il martın 23-də Milanda keçirilmişdi. Altı ay sonra isə faşist dəstələrinin yaradıldığı elan olundu. Onun proqramının əsasını üç başlıca ideya təşkil edirdi: əməkdaşlıq, onu təmin edən güclü dövlət hakimiyyəti, millətçilik (“Millət hər şeydən üstündür”)

Faşizm sosial qruplar arasında mübarizə prinsipini inkar edən, sosial qrupları əməkdaşlığa çağıran, irqçiliyi təbliğ edən, parlamentli quruluşun əleyhinə olan, güclü rəhbərin olması şərtilə “sosial qruplar fövqündə” totalitar dövlət yaratmaq uğrunda mübarizə aparan siyasi hərəkat idi.

1920-ci ilin payızından etibarən İtaliyada faşist hərəkatı sürətlə artdı. 1921-ci ilin noyabrında faşistlərin qurultayı oldu. Qurultay faşist hərəkatını siyasi partiyaya çevirmək barədə qərar qəbul etdi. O, “Faşist partiyası” adlandırıldı, Mussolini partiyanın ali rəhbəri (“duçe”) elan olundu. 1922-ci il oktyabrın ortalarında başlayan “faşist inqilabı” oktyabrın 29-da başa çatdı. Beləliklə, dövlət çevrilişi nəticəsində faşistlər hakimiyyətə gəldilər. İlk faşist hökuməti yarandı.

Bununla da, İtaliya, faşizmin dünyada yayılmasında, onun beynəlxalq amilə çevrilməsində əməli addımlar atdı. Faşizm hərəkatında italyan forması ideallaşmağa başladı. Bu ad altında bəşəriyyəti yeni dünya müharibəsinə sürükləyən beynəlxalq faşist hərəkatı formalaşdı. 30-cu illərdə İtaliyanın xarici siyasət sahəsində atdığı addımlar davakar faşizm ideologiyasını həyata keçirmək nümunələri idi.

1929-1933-cü illər dünya iqtisadi böhranının baş verməsi ilə Almaniyada da sosial-iqtisadi və siyasi vəziyyət gərginləşdi. Vergilər artırıldı, əmək haqqı azaldıldı. 1932-ci ildə işsizlərin sayı 6 milyona çatdı. Ölkədə millətçilik meylləri gücləndi, kütlələr arasında nasistlərin nüfuzu artmağa başladı. Böhran dövründəki çətinliklərdən istifadə edən nasistlər populist çıxış və vədlər ilə kütlələri öz tərəflərinə çəkməyə başladılar. Onlar nasist diktaturasının yaradılmasını Versal müqaviləsi buxovlarından xilas olmağın, böhrandan qurtarmağın yeganə yolu hesab edirdilər. Nasist təbliğatına uyan təbəqələr, iri kapitalın nüfuzlu dairələri nasistləri müdafiəetməyə başladılar. Demokratiyadan yorulmuş gənclər də nasistlərin tərəfdarı idilər. Veymar respublikasından narazı olan sənayeçilər, bankirlər və hərbi bürokratiyanın təhriki ilə prezident Hindenburq 1933-cü il yanvarın 30-da Hitleri reyxkansler təyin etdi. 1934-cü ildə prezident Hindenburqun ölümündən sonra bütün hakimiyyət Hitlerin əlində cəmləşdi. Beləliklə, Almaniyada da terrorçu avtoritar faşist diktaturası bərqərar oldu. Cəmiyyətdə nasist partiyası rəhbər qüvvəyə çevrildi. Müharibənin sonu üçün onun üzvlərinin sayı 6 milyon nəfərə çatdı.

İqtisadiyyata və mədəniyyətə rəhbərlik faşist diktaturasının əlində cəmləşdi. Sərt mərkəzləşmə tətbiq olundu. Antisemitizm dövlət siyasətinə çevrildi. Faşist diktaturasının yaradılması ilə Versal-Vaşinqton sistemi iflasa uğradı.

İspaniyada 1937-1939-cu illər frankoçular üçün dönüş dövrü oldu. Onlar döyüş cəbhələrində uğurlar qazandılar. İngiltərə və Fransa 1939-cu ilin fevralında Franko hökumətini tanıdılar. Onlar “İspaniya işlərinə qarışmamaq Komitəsi”nin bütün xarici könüllülərin İspaniyadan çıxarılması barədə 1938-ci il 5 iyul tarixli qərarını yerinə yetirməyi tələb etdilər. Könüllülər İspaniyanı tərk etdilər. Bütün bunlar, frankoçuların respublikaçılar üzərində üstünlüyünü təmin etdi. O biri tərəfdən, respublikaçıların daxilində xəyanət başlandı. Sağ sosialistlər Franko ilə sülh danışıqlarına girməyi təklif etdilər. Onlar Müdafiə xuntası yaratdılar. Nəhayət, 1939-cu il martın 28-də Müdafiə xuntası Madridi frankoçulara təhvil verdi.1939-cu il aprelin 1-i frankoçular respublikanın bütün ərazisini ələ keçirdilər və İspaniyada da faşist diktaturası quruldu.

§3. FAŞİZM SİYASİ NƏZƏRİYYƏSİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİ VƏ ONLARIN SİYASİ NƏZƏRİYYƏLƏRİ

. Ölkədə totalitar faşist dövləti yaratmışdır. İkinci dünya müharibəsində Hitlerin müttəfiqi olmuşdur. 1945-ci ilin aprelində italyan partizanları tərəfindən edam edilmişdir. B. Mussolini 1933-cü ildə çıxışların birində demişdir ki, faşist dövlətində 3 xüsusiyyət olmalıdır:



  1. Bir partiya – faşist partiyası hökmran olmalıdır. Çünki bir partiya sinfi mübarizəni aradan götürür, iqtisadi və siyasi sahədə cəmiyyətin birliyini təmin edir.

  2. Bu dövlət totalitar olmalıdır, fərdin bütün fəaliyyətinə müdaxilə etmək hüququ təmin olunmalıdır

  3. Dövlət fərdlərin bir ideal ətrafında birləşməsidir.

Hitler (Şiklqruber) Adolf (1889-1945) – Alman nasist partiyasının və dövlətinin lideri və nasional-sosializmin qurucusudur. Avstriyanın Braunau şəhərində anadanolmuşdur. 1913-cü ildən Münhendə yaşamış, millətçi və antisemist “nəzəriyyələrin” qatı tərəfdarı olmuşdur. 1919-cu ilin yanvarında Anton Drekslerin nasist qrupuna qoşulmuşdur.1921-ci ildən onun rəhbərinə çevrilmişdir. Dövlət çevrilişinə cəhd göstərdiyi üçün 1923-cü ildə həbs olunmuşdur. Həbsxanada o “Mənim mübarizəm” (Mayn Kampf) kitabını yazmışdır. Həmin kitabda verilən ideyalar nasistlərin fəaliyyət proqramına çevrilmişdir. Burada o, sosialist ideologiyasına qarşı barışmaz mövqe tutur və göstərir ki, əgər bu ideologiyanın qarşısına yaxşı təməllərə oturmuş doktrin çıxarılarsa həmin ideologiyanı aradan qaldırmaq olar. Ancaq bu yolda sərt hərəkət etməkdən qorxmaq lazım deyil. “ Tikinti sahələrində, fabriklərdə, toplantı yerlərində və mitinqlərdə dəhşət və qorxunun eyni dərəcədə dəhşət və qorxu ilə qarşısı alınmasa o istəyinə çatar”3 deyən Hitler göstərirdi ki, “sosial-demokratiyanın gerçəkləşdirməyə çalışdığı gizli məqsədlərin nə olduğunu anlamaq ancaq yəhudilərin kim olduğunu bilməklə mümkündür”. O, inandırmağa çalışırdı ki, iki qüvvə - marksizm və yəhudilər alman millətinə böyük təhlükə yaradır. Bütün pisliklər yəhudilərin başqa xalqlar üzərində hökmranlığını təmin etmək üçün bir yəhudinin – Marksın qurduğu doktrindən gəlir. Hitler almanlar üçün üçüncü bir təhlükə də görürdü –parlamentarizm. Onun gəldiyi nəticə budur: “Demokratiya marksizmin artım sahəsidir”4 , çoxluq heç vaxt bir adamın yerini tutmayacaqdır, seçkilər heç vaxt qabiliyyətli, bilikli adamların hakimiyyətə gəlməsini təmin edə bilməz.5 Nasional-sosialist partiyasının lideri olan Hitler 1933-cü ildə Almaniyada üçüncü reyxin kansleri vəzifəsini ələ keçirmişdir. 1934-cü ildən isə totalitar faşist diktaturasının şəriksiz reyxkansleri olmuşdur.

Franko Fransizko (1892-1975) – İspaniyanın hərbi və siyasi xadimi olmuş, tam hərbi təhsil almış, Mərakeşdə ispan qoşunlarının komandanı olmuşdur. 1935-ci ildə qərargah rəisi, 1936-cı ildə Kanar adalarında qubernator işləmişdi. İspaniyada vətəndaş müharibəsi başlanandan sonra qiyamçı qoşunlar təşkil etmişdi. 1936-cı ildə ispan faşistlərinin liderinə çevrilmişdi. 1939-cu ildə ispan respublikaçıları məğlub olduqdan sonra diktator rejimi yaratmış və ölənə kimi-1975-ci ilə kimi onun dəyişməz başçısı olmuşdur.

§4. FAŞİZMİN ƏSAS MÜDDƏALARI

  1. FAŞİZM LİBERAL DÖVLƏT ANLAYIŞINI RƏDD EDİR, FƏRDİN İRADƏSİNİ CƏMİYYƏTİN ƏSASI OLDUĞU FİKRİNİ QƏBUL ETMİR. BİLDİRİR Kİ, FƏRDƏ DƏYƏR QAZANDIRAN, ONUN ƏXLAQİ VƏ ELMİ SAHƏDƏ BİLİK ƏLDƏ ETMƏSİNƏ SƏBƏB OLAN CƏMİYYƏTDİR. FƏRDİN BÜTÜN HÜQUQ VƏ VƏZİFƏLƏRİNİN QAYNAĞI CƏMİYYƏTDİR.

  2. FAŞİZMƏ GÖRƏ CƏMİYYƏT FƏRDLƏRDƏN YARADILAN BİR BÜTÜN DEYİL, O, TƏBİİ, BİOLOJİ, COĞRAFİ, DİNİ, MƏNƏVİ VƏ S. BAĞLARLA BİRLƏŞƏN FƏRDLƏRİN ƏMƏLƏ GƏTİRDİYİ SOSİAL QURUMLARDAN MEYDANA GƏLİR.

  3. FAŞİZMƏ GÖRƏ DÖVLƏT ORQANİK NƏZƏRİYYƏNİ MƏNİMSƏYİB VƏ İNSAN ORQANİZMİNƏ BƏNZƏYİR. İNSAN ORANİZMİNDƏKİ ÜZVLƏRİN XÜSUSİYYƏTİ , ROLU, FUNKSİYASI VƏ ONLAR ARASINDAKI ƏLAQƏLƏR NECƏDİRSƏ, SOSİAL QURUMLARIN CƏMİYYƏT HƏYATINDAKI ROLU, XÜSUSİYYƏTİ, FUNKSİYASI VƏ ONLAR ARASINDAKI ƏLAQƏLƏR DƏ ELƏ OLUR.6

FAŞİZMİN ƏSAS MƏQSƏDLƏRİ

  • Lider ölkəsi- bu ölkəyə görə həyatın bütün sahələrini idarə edən vahid bir ideologiya elan olunur.

  • Millətçilik- XIX əsr boyu yüksələn millətçilik XX əsrdə müxtəlif formalarda özünü göstərmişdir.

  • Antisemitizm və irqçilik- buna əsasən alman nasizminin xalqa qarşı olan terroru digər ölkələrə nisbətən çoxdur.

  • Hüququn ümumiləşdirilməsi

  • Rejimə opponent olanların və aşağı xalqın edam edilməsi və ya öldürülməsinin haqlı olaraq tanınması və dövlət siyasəti kimi qiymətləndirilməsi

  • Sosial darvinizm- ən yaxşıların seçilməsi

  • Hər hansı bir millət, mədəniyyət və ya irqin yalnız bir formasının başqalarında üstün olması iddiası

  • Avtoritar iqtidar ölçüsü və totalitar sistem- totalitarizm alman nasizmi və italyan faşizmində, Avstriya faşizmi və İspaniyada franko rejimi

  • Din qarşıdurması və anti-klerikal hərəkat- faşist ideologiyası dünyəvi ideologiya olduğunu və mənəvi olanın dünyəvi olandan tamamilə ayrılmalı olduğunu irəli sürürdü. Bu baxımdan hər cür dinin və dini qurumların dövlət işlərinə qarışmasını rədd edirdi. Məhz buna görə də faşistlər İtaliyada, nasistlər isə Almaniyada çoxlu sayda kilsə, din adamlarını məhv etmişlər.

FAŞİZMİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

  • Dövlət daxilində və ya xaricində gizli silahlı mərkəzin olması

  • Milliləşmə- iqtisadi həyat da daxil olmaqla bütün həyatın milliləşdirilməsi

  • Elmlərin bir istiqamətdə olması qanunauyğunluğu

  • Kütlə səfərbərliyi, partiya təbliğatı

  • Cəmiyyətin tez-tez üsyançı elan olunan hərəkatları lehinə zorla coşqunluq

  • Kollektivizm- xalqın kütlə olaraq başa düşülməsi. Mussolininin stato totalitario qavramından bəri faşizm insanların şəxsi həyatına qədər müdaxilə edər. Ailə uşaqlarla birgə xalq birliyinə xeyir verən bir qurum olaraq düşünülür.

  • Pasifizmin alçaldılması

  • Siyasi opponentlərin aradan götürülməsi

  • Partiya milisləri. Paramilitar qruplar

  • Estetikləşdirmə və mistikləşdirmə

  • Bəzi ölkələrdə monarxiya və ruhani sinfinin mövcudluğu, bəzilərində isə inkişaf və texnologiyaların tətbiqi

FAŞİZMƏ ZİDD OLAN CƏRƏYANLAR

Kommunizm- Sovet rejimi və kommunizmin Avropaya yayılacağı qorxusu faşist liderlər tərəfindən tezliklə liberal və mühafizəkar qruplarla ittifaqa gətirib çıxarır.

Liberalizm və Demokratiya- Demokratiya, azadlıq düşüncələriylə, dövlət, iqtisadiyyat və xüsusi mülkiyyət arasındakı fərqdə faşizm onları özünə düşmən görür.

Mühafizəkarlıq- faşizm öz daxilində mühafizəkar xüsusiyyətlərə malik olsa da, özlərini yenilikçi hesab edən faşistlər mühafizəkarları vitalizm və yeni insan düşüncəsinin düşməni bilirlər.7

§5. İTALYAN FAŞİZMİ İLƏ ALMAN NASİZMİNİN OXŞAR VƏ FƏRQLİ XÜSUSİYYƏTLƏRİ

  • Uzun sürən araşdırmalar faşizmin nasizmin əksinə olaraq antisemist olmadığını, antisemizmin faşizmə Mussolininin Almaniya ilə Mihvər ittifaqını yaratdıqdan sonra alman təsiriylə daxil olduğu bildirilir.

Yeni araşdırmalar isə bu fikirlərə bir qədər şübhəylə yanaşır. Antisemitizm əvvəllər düşünülən kimi yox 1930-cu illərin sonlarında faşizmə daxil olmayıb, hər zaman faşizmdə mövcud olmuş, illər boyu baş verən radikallaşmadan sonra ön plana çıxmışdır.1938-ci ildən sonra baş verən yəhudi düşmənçiliyi də radikallaşmanın sonudur. Ancaq Alman dövləti yəhudiləri kütləvi şəkildə öldürdüyü vaxt italyan faşistləri haqlarını almaq, dağıtma və sürgün vasitələrindən istifadə etmişdilər. İtalyan faşizmi Alman nasizmindən aşağıdakı xüsusiyyətlərlə fərqlənir:

  • İtalyan faşizmində nasizmdə olduğu kimi irq ideologiyası yoxdur.

  • Faşist “yeni qayda” anlayışı nasizm modelindən fərqlidir. Hitlerin “irq dövləti” yerinə Mussolini rejimi köhnə elitanın birləşdirilməsi məqsədini irəli sürür.

  • Faşizm nasizm kimi disiplinə əsaslanır, ancaq bunun alman diktatorluğundakı kimi radikal nəticələri yoxdur.

  • Faşizm nasizmə nisbətən daha qədim elitaların, hərbin, sənayenin və kilsənin bərabərliyinin uzlaşmasına əsaslanır.

  • Nasizmdə açıqca partiyanın dövlətdən üstünlüyü vurğulanır,faşistlər isə yeni qurumlar yaratsalar da köhnə qaydaları qoruyub saxlamışlar.

  • İtalyan faşizminin siyasi qurbanlarının sayı nasizmə nisbətən daha azdır.

§6. FAŞİZM 1945-Cİ İLƏ QƏDƏR VƏ 1945-Cİ İLDƏN SONRA

1945-ci ilə qədər Avropa daxilində faşizm.Faşizmin italiyan sistemi bir çox Avropa ölkələrində faşist və faşizmə oxşar hərəkat, partiya və qruplara model oldu. Almaniyada 1933-cü ildən etibarən Adolf Hitlerin Nasional Sosializmi, 1939-cu ildən isə İspaniyada Fransisko Frankonun frankoluğu və falanjları, 1933-cü ildən etibarən Portuqaliyada Salazar diktatorluğu ən məşhur və ən güclü diktatorluqlardır. II Dünya müharibəsi dövründə Almaniya və İtaliyanın dəstəklədiyi faşist rejimlər Macarıstan və Romada iqtidarda əks olunmuşdur.

1945-ci ilə qədər Avropadan kənarda faşizm.

Yaponiya. Faşizmin yapon versiyası Showa mərhələsinin başlanğıcındakı Yapon İmperiyasıdır. 1937-ci ildə Yaponiya Çinə hücum etdi və Koreyanı 1910-cu ildə işğal etdi. Həmin ərazilərdə müharibə əsirləri üzərində tibbi təcrübələr aparıldı. Xalqla dövlətin müqəddəs bir şəkildə bağlanması bildirildi və yaponlar “tanrısal irq” olaraq tanındılar.

1945-ci ildən sonra faşizm.

Yunanıstan. 1967-ci ildə reallaşan Albaylar Cuntası ilə Yunanıstanda 1974-cü ilə qədər mövcud olan faşizm iqtidarda hakimiyyətə gəldi. İqtidarı zorakı yollarla əllərində saxlayan Cunta rejimi xüsusilə Yunanıstandakı kommunist hərəkatın təsiri ilə 1974-cü ildə devrildi.

Çili. Çilidə 1973-cü ildə ABŞ-ın dəstəyi ilə baş verən hərbi müdaxilədə Salvador Allendenin demokratik-sosialist hökuməti devrildi və general Avqusto Pinoket iqtidara gəldi. O, ölkəni 1989-1990-cı illərə qədər terror və şiddət yoluyla idarə etdi. Amma bəzi tarixçilər hələ də Pinoket rejiminin nə dərəcədə faşist olması haqqında mübahisələrini davam etdirirlər. Pinoket mərhələsi Çili dövləti üçün post-faşist dövr hesab olunur. Ona görə ki, Pinoket diktatorluğu qüvvətli bir antikommunist mövqe tutmuşdur və həm də daxili siyasətlə əlaqədar olaraq xalqın müxalif hissəsinə qarşı basqı və şiddətiylə faşizmi xatırladır. Çili iqtisadi siyasət sahəsində kapitalist bazar liberalizmini qəbul etmiş, ölkəni xarici kapitalistlərə, xüsusilə də ABŞ-a açmışdır.

Türkiyə. Türkiyədə heç bir vaxt nasional-sosialist olduğunu iddia edən bir hərəkat olmamışdır. Bununla yanaşı Türkiyədə bir hərəkatın və ya iqtidarın faşist olduğu ümumilikdə iki formada və Türkiyə solu tərəfindən ifadə olunmuşdur. Bunlardan birincisi 12 Mart 1971 və 12 Sentyabr 1980-ci illərdə həyata keçirilən hərbi müdaxilə mərhələləridir. Xüsusilə 12 Sentyabr rejimi qüvvətli antikommunist və şiddət vasitələriylə Çilidəki Pinoket rejiminə oxşar bir sıra xüsusiyyətlər əks etdirirdi. Pinoket diktatorluğunda olduğu kimi xarici kapitala açıq liberal bir iqtisadi siyasətlə və zorakı olmayan xarici siyasətlə İtalyan və Alman faşizmlərindən fərqlənirdi. Həm də Pinoket rejimindən fərqli olaraq 12 Sentyabr rejimi müdaxilənin başında olan Kənan Evrənin cumhuriyyətin başçısı olmasına qarşı, siyasi partiyaların yenidən qurulmasına və parlamentin yenidən fəaliyyətinə imkan vermişdir.

§7.NƏTİCƏ

II Dünya müharibəsindən sonra faşizm neofaşizm şəklində dirçəlməyə başladı. O, faşizmlə genetik əlaqəsini saxlayır. Belə ki, neofaşizm də uyğun ideoloji və siyasi baxışları rəhbər tutur, zorakılıq və dağıdıcılığı təbliğ edirlər. Onun arxalana biləcəyi sosial baza da mövcuddur. Elmi texniki tərəqqi ilə bağlı kapitalist ölkələrində baş verən sosial dəyişikliklər həyatın dibinə atılmış xüsusi təbəqəni- marginalların yaranmasına gətirib çıxarır. Bu təbəqənin nümayəndələri neofaşistlərin ekstremist çağırışlarını asanlıqla qəbul edir və onların təşkilatına daxil olurlar. İndi neofaşistlərin təşkilatlarında ikinci və üçüncü nəsil “rəhbər”lər fəaliyyət göstərirlər. Bu gün dirçəlməkdə olan neofaşizm kifayət qədər təhlükəlidir. O, bir sıra ölkələrdə ciddi siyasi qüvvəyə çevrilməkdədir. Fransada ultra-sağ irticaçı “Milli Cəbhə” partiyası fəaliyyət göstərir. Onun lideri Le Pen 80-ci illərdən faşizmi açıq şəkildə təbliğ edir və müasir Fransanın real siyasi liderlərindən biridir. Rusiyada da faşist ideologiyası möhkəmlənir. Bu, əsasən gənclərdən ibarət ayrı-ayrı faşist dəstə və qruplarından başqa, V. Jirinovskinin Liberal-Demokratik partiyası ilə təmsil olunur. V. Jirinovski and içir ki,Hitlerin səhvlərini təkrar etməyəcəkdir və əgər hakimiyyətə gələ bilsə, Rusiya əsgərləri cənub dənizlərinin sularında çiməcəklər. Almaniyada faşistlərə F. Şonxuber, Rumıniyada G. Funar, Serbiyada Z. Raznyatoviç başçılıq edir. Avropa ölkələrində keçirilən son seçkilərdə faşistlərin populyarlığının artdığı göstərilir. Faşizm Latın Amerikası ölkələrində də mövqeyini möhkəmləndirir. Mütəxəssislər faşizmin dirçəlişinin səbəblərini iqtisadi böhran, əhalinin orta təbəqələrinin həyat səviyyəsinin aşağı düşməsi, sosial təminatların zəifləməsi və buradan hökumətlərə inamsızlığın, avtoritar, güclü rejimə isə inamın güclənməsi ilə əsaslandırılır.



§8.İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

  1. ПОЛИТИЧЕСКАЯ ЭНСИКЛОПЕДИЯ

  2. POLİTOLOGİYA 2005

  3. Hptt/VİKİPEDİYA.COM

  4. S.QƏNDİLOV SİYASİ TARİX

  5. SİYASİ ELMİN PROBLEMLƏRİ

  6. С.ƏHMƏDLİ “CƏMİYYƏT, SİYASƏT, İDEOLOGİYA”

  7. H. ŞİRƏLİYEV, Ə. ƏLİYEV POLİTOLOGİYA BAKI 1997



1 ПОЛИТИЧЕСКАЯ ЭНСИКЛОПЕДИЯ С.209

2 POLİTOLOGİYA.2005 S. 120

3 HİTLER A. KAVGAM. İSTANBUL.1972. S. 48

4 YENƏ ORADA S.55

5 YENƏ ORADA S. 101

6 POLİTOLOGİYA 2005. S.118

7 ШМАЧКОВ В МИРЕ ПАРТИЙ: ПОЛИТИЧЕСКИЕ ИСЛЕДОВАНИЕ 1991



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə