Fakültə : Ümumi iqtisadiyyat İxtisas : İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi buraxili ş İ Ş İ




Yüklə 389.14 Kb.
səhifə1/3
tarix10.04.2016
ölçüsü389.14 Kb.
  1   2   3
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
Fakültə : Ümumi iqtisadiyyat

İxtisas : İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi


B U R A X I L I Ş İ Ş İ

Mövzu : Azərbaycan sənayesinin inkişafında xarici

investisiyanın rolu


Kurs :

Qrup : 2228

Tələbə : Qənizadə A.A

Elmi rəhbər :

Kafedra müdiri :

BAKI 2010

P L A N
Giriş....................................................................................................səh.
I fəsil İnvestisiya mühiti və investisiya siyasəti............................səh.

1.1 İnvestisiya anlayışı və investisiya qoyuluşunun mahiyyəti.........

1.2 İnvestisiya mühiti və investisiyalaşdırma....................................

1.3 İnvestisiya siyasəti və onun elementləri......................................
II fəsil

    1. Xarici və daxili investisiyaların Azərbaycan sənayesinin inkişafına

təsiri........................................................................................................

    1. İnvestisiya qoyuluşunun forma və maliyyələşmə mənbələri...........


III fəsil

    1. Sənayeyə xarici investisiyaların cəlb olunmasının zəruriliyi............

3.2 Xarici investisiyalar və onların növləri.............................................

3.3 Azərbaycan sənayesində xarici investisiyaların iqtisadi səmərəliliyi və perspektivi..................................................................................................
Nəticə və təkliflər......................................................................................

M Ü N D Ə R İ C A T

1. Şəkərəliyeva Z. A. Keçid iqtisadiyyatında xarici investisiya qoyuluşunun

zəruriliyi və onun nəzəri aspektləri Bakı 2003



2. Paşayev T.N. İnvestisiya və müasir dövrdə Azərbaycan

iqtisadiyyatının inkişafında onun rolu Lənkəran 2001



3. İbrahimov F.M. Azərbaycan iqtisadiyyatına yönəldilən xarici

investisiyalar və onun milli iqtisadiyyatın

dirçəlməsində rolu Bakı 2007

4. Əliyev A. L . Azərbaycan sənayesində xarici və daxili

investisiyalardan səmərəli istifadə

problemləri Bakı 2004

5. Məmmədov İ.S. Azərbaycan sənayesində investisiya fəaliyyəti və onun

təkmilləşdirilməsi Bakı 2005



6. Hüseynov T.A. Müəssisənin iqtisadiyyatı Bakı 2005

7. Mahmudova X.C. Bazar iqtisadiyyatına keçid dövründə Azərbaycan

sənayesinə investisiya qoyuluşlarının

əsas istiqamətləri Bakı 2000

8. Az. Statistika Komitəsi Azərbaycan rəqəmlərdə

9. www.google.az

10. www.firststeps.az

11. www.kitab.ws

12. www.geocities.com

Giriş
XX əsr özünün qlobal həcminə, mahiyyətinin mürəkkəbliyinə, iqtisadi hadisələrin zənginliyinə görə əsaslı surətdə fərqlənir. İqtisadi proseslərin mütəhərrikliyi, inkişaf surəti bu sahəyə dinamik xarakter verir. Bu proses modern anlamların, əhəmiyyətli formalarının iqtisadiyyat elminə gətirilməsi, onların tətbiqi və inkişafı ilə nəticələnir. Bu anlayışlardan biri də xarici investisiyadır. İqtisad elminin və iqtisadi münasibətlərinin müasir özünəməxsus inkişaf mərhələsində bu termin böyük əhəmiyyətə malikdir. Bu gün dövlətin milli iqtisadi inkişafının təcrid olunmuş halda həyata keçirilməsinin qeyri – mümkünlüyü faktı istər – istəməz xarici amillərin tam ciddiliklə nəzərə alınmasını tələb edir. Başqa sözlə desək, qapalı iqtisadi məkandan dövlətin dünya təsərrüfatına inteqrasiya edilməsi artıq ümumbəşəri problemə çevrilmişdir. Milli dövlət mənafelərinin birbaşa regional və qlobal mənafelərdən asılılığı isə iqtisadi inteqrasiyanın zəruriliyini vahid inkişaf modeli kimi meydana çıxarır. Resursların məhdudluğu və onlara tələbatın durmadan inkişafı cəmiyyəti xarici resursları cəlb etmək üsullarının axtarılmasını tələb edir. Dünya təsərrüfatına inteqrasiya milli iqtisadiyyatın beynəlmiləşməsini şərtləndirir, o da öz növbəsində beynəlxalq iqtisadi münasibətlərin əsasını qoyur. Azərbaycanda iqtisadi islahatların aparılması ölkə iqtisadiyyatına xarici kapitalın cəlb olunması təcrübəsinin təkmilləşdirilməsini və onun təhlilini, investisiya mühitinin daha da sabitləşdirilməsini tələb edir.

Azərbaycan iqtisadiyyatı özünəməxsus xüsusiyyətləri, milli çalarları ilə zəngin bir iqtisadiyyata malik olmaqla dünya iqtisadiyyatının tərkib hissəsidir. Bu kimi xüsusiyyətlərin və zənginliklərin öyrənilməsi onun dünya təsərrüfatı sistemində iştirakını və yerini müəyyənləşdirməyə kömək edə bilər. Təbii ki, bu xüsusiyyət və zənginliyin arasında xarici investisiyaların öz yeri və əhəmiyyəti vardır. Təsadüfi deyildir ki, ümummilli liderimiz cənab H.Əliyev öz çıxışlarından birində demişdir: “Bizim siyasətimizin əsas istiqamətlərindən biri Azərbaycana xarici investisiyanın cəlb olunmasıdır. Xarici investisiyaların Azərbaycana gəlməsinə mane olmayın, onun qarşısını almayın, ona şərait yaradın, kömək edin. Belə olan halda iqtisadiyyatımız inkişaf edəcəkdir, xalqımızın rifahı yaxşılaşacaqdır”.

Bazar təsərrüfatçılıq formalarına keçidlə əlaqədar olaraq, habelə Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası ilə bağlı olaraq xarici investisiya qoyuluşu xarici iqtisadi siyasətin tərkib hissəsinə çevrilmişdir. Bu xarici resursların doldurulmasının vacib mənbəyidir. Xarici investisiya qoyuluşu həm də yeni texnika və avadanlıqlara çıxışın əldə olunmasına real şərait yaradır. Ancaq bununla belə xarici investisiyaların tək müsbət cəhətlərini qeyd etmək düz olmazdı. Belə ki, bu proses bir sıra hallarda həm də mənfi nəticələrə gətirib çıxara bilər. Bütün bunlar xarici investisiya qoyuluşunun nəzəri təhlilinin aparılmasını vacib edir. Bu məsələlərin öyrənilməsi həm də ona görə böyük aktuallıq kəsb edir ki, Azərbaycanın bu sahədə təcrübəsi heç də böyük deyildir.

Azərbaycan Respublikasının bazar iqtisadi münasibətlər sisteminə keçməsi çoxlu problemlər ortaya atmışdır ki, onlar arasında başlıcası investisiya problemidir. Bu baxımdan buraxılış işinin mövzusu aktual məsələyə həsr olunmuşdur. Buraxılış işinin məqsədi xarici investisiyaların ölkə iqtisadiyyatına təsirini araşdırmaq və respublikamızda xarici investisiyaların inkişaf tendensiyasını araşdırmaq, təkmilləşdirilmə istiqamətlərini müəyyən etməkdir. Buraxılış işi giriş, üç fəsil, nəticə və təkliflərdən, istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.



1.1. İnvestisiya anlayışı və investisiya qoyuluşunun mahiyyəti
İnvestisiya (latınca “invest” sözündən olub, tərcüməsi “geyindirirəm” mənasını verir) mənfəət (gəlir) və ya müəyyən sosial səmərə əldə olunması məqsədilə sahibkarlıq və yaxud digər fəaliyyət növləri obyektlərinə uzun müddətə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir.Belə vəsait və sərvətlər aşağıdakılardır :

  • pul, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və başqa qiymətli kağızlar;

  • daşınan və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və başqa maddi sərvətlər);

  • müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər;

  • bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan , ancaq patentləşdirilməmiş, texniki sənədləşdirmə, vərdiş və istehsalat təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu (“nau-hau”);

  • torpaqdan, sudan və digər təbii ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqlardan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn başqa əmlak hüquqları;

  • başqa sərvətlər.

Maliyyə baxımından investisiya – mənfəət (fayda) əldə edilməsi məqsədilə iqtisadi (təsərrüfat) fəaliyyətinə yönəldilən bütün növ aktivlərdir – vəsaitlərdir. İqtisadi baxımdan investisiya - əsas (müəyyən hallarda hətta dövriyyə) fondlarının yaradılmasına, genişləndirilməsinə, yenidən qurulmasına və rekonstruksiyasına çəkilən xərclərdir. Əslində investisiya anlayışına münasibət hələ də bir mənalı deyildir. İnvestisiya qoyuluşu nəğd pulun və ya gerbli kağızda əks olunmuş bank hesabının mübadiləsi üzrə xalis maliyyə əməliyyatı yox, maşın avadanlıq və yeni fabrik binası tikintisi kimi real aktivlərin alınması deməkdir. Təbii ki, investisiya anlayışı mənfəət əldə edilməsini (və yaxud sosial məqsədin həyata keçməsini) nəzərdə tutan qoyuluşları əhatə edir. Bu qoyuluşlara sahibkarlıq obyektlərinə və sair sahələrə pul vəsaitləri, səhmlər, qiymətli kağızlar, texnologiyalar, avadanlıqlar, intellektual dəyərlər aid edilir.

İnvestisiyalar istehsal resurslarının artırılmasını və nəticə etibarilə iqtisadi artımın tempini təmin edir. İnvestisiyalar elə kapitaldır ki, onun köməyi ilə milli sərvət artırılır. İnvestisiya sabaha qoyulan vəsaitdir və mahiyyət etibarilə insan kapitalına yönəldilir.

İnvestisiya iqtisadiyyatın istehsal və qeyri-istehsal sferalarının uzunmüddətli kapital qoyuluşları proseslərini əks etdirir. Müəyyən qeyd – şərtlərlə investisiyaları aşağıdakı kimi qruplaşdırmaq olar:


  • istehsalın genişlənməsi və modernləşdirilməsinə investisiyalar;

  • istehsal infrastrukturunun yaradılmasına investisiyalar;

  • mal – material ehtiyatlarının yaradılmasına investisiyalar;

  • sosial infrastrukturun yaradılmasına investisiyalar;

  • işçi heyətin hazırlanması və yenidən hazırlanmasına investisiyalar;

  • elm və elmi xidmət.

İnkişaf etmiş ölkələrin iri şirkətləri kadrların hazırlanmasına, onların ixtisasının artırılmasına yönəldilən investisiyalara mühüm əhəmiyyət verir və bunu dünya bazarında mövqelərinin möhkəmləndirilməsinin mühüm istiqaməti hesab edirlər. Get-gedə daha dərindən anlaşılır ki, iqtisadi inkişafın əsas amili olan intellektual məhsul – ona yönəldilən investisiyalardan asılıdır.

İnvestisiyaları formalaşma xarakterinə görə avtonom və indusirovan kimi fərqləndirirlər. Faiz dərəcəsindən və ya milli gəlirin səviyyəsindən asılı olmayaraq həyata keçirilən avtonom investisiyalar, bir qayda olaraq xarici amillərlə şərtlənir.

Buna hər şeydən əvvəl texniki tərəqqi ilə əlaqədar olan investisiyalar, xarici bazarlarda mövqenin möhkəmlənməsi, əhalinin artması və s. amillər aid edilə bilər. Sözü gedən investisiyalar iqtisadi artıma təkan verir. Artan gəlirlərin nəticəsində yaranan indusirovan investisiyalar həmin təkanların üzvi davamı olursa, inkişafı dinamik hesab etmək olar. Başqa sözlə , indusirovan investisiya ÜDM-in (ümumi daxili məhsul) artımının funksiyası olmaqla sürətləndirici (akselerator) rolunu oynayır.

İnvestisiyalar xarakter və təyinat baxımından fərqli olan hissələrinin iqtisadi artma təsirinin qiymətləndirilməsinə müvafiq ədəbiyyatda xüsusi diqqət yetirilir. Hətta avtonom investisiyaları istehsalın dövri olaraq artıb-azalmasının əsas səbəbi hesab edənlər də vardır.

İnvestisiya fəaliyyəti anlayışına gəldikdə isə onu demək olar ki, ən ümumi halda bu, vəsait qoyuluşu və həmin vəsaitin reallaşması üçün həyata keçirilən praktiki fəaliyyətin məcmusu sayıla bilər. Əsas fondların yaradılmasına və geniş təkrar istehsalına investisiya kapital qoyuluşu şəklində həyata keçirilir. Bu əsas kapitala investisiya adlanır.

İqtisadi sistemlərdə investisiyaların icra etdiyi əsas funksiyalara - əsas kapitalın artımı və keyfiyyətcə təkmilləşdirilməsinin mikro və makro səviyyələrdə təmin olunması; mütərəqqi struktur dəyişikliklərinin dəstəklənməsi; müxtəlif səviyyələrdə istehsalın səmərəliliyinin elmi-texniki nailiyyətlər bazasında reallaşdırılması aid edilir.

İnvestisiya fəaliyyətinin subyektləri tərkibcə müxtəlifdir. Bu tərkibə aşağıdakılar aiddir : investorlar, sifarişçilər, iş icraçıları, investisiya fəaliyyəti obyektlərinin istifadəçiləri, malgöndərənlər və s. Bu siyahıda hüquqi şəxsləri ayrıca qeyd etmək lazımdır. Hüquqi şəxslərə banklar, sığorta və vasitəçi təşkilatlar, investisiya fondları aid edilir.

Sahibkarlıq və digər fəaliyyətlərə yönəldilmiş pul vəsaiti, məqsədli bank depoziti, səhm və digər qiymətli kağızlar, əmlak, intellektual mülkiyyət və sairə bank investisiyası hesab edilə bilər.

Bəzən bankların investisiya fəaliyyətinə gəlir əldə edilməsi məqsədilə müəyyən müddətə pul vəsaitinin yerləşdirilməsi üzrə bütün əməliyyatlar aid edilir, başqa sözlə, bankların bütün aktiv əməliyyatları investisiya hesab edilir. Əslində isə bu yanaşma düzgün deyildir. Belə ki, mərkəzi bankda olan vəsaitlər kimi aktivlər, bank üçün işləmədiyinə görə investisiya hesab oluna bilməz.

İnvestorlar və ya investorların müvəkkili olan fiziki və hüquqi şəxslər sifarişçilər ola bilər. İnvestisiya layihəsinin həyata keçirilməsində bu şəxslər iştirak edir və müqavilədə nəzərdə tutulmamışdırsa, digər iştirakçılar sahibkarlıq fəaliyyətinə qarışmırlar.

İnvestisiya qoyuluşunda yol verilən yalnışlıq, bir sıra hallarda informasiya təminatındakı problemlərlə əlaqədar olur. “Səhv” investisiya resurslarının səpələnməsinə səbəb olur, proqnozlaşdırılan iqtisadi artımı şərtləndirməyən layihələrdə vəsaitin “batıb qalması” ilə nəticələnir. Odur ki, konyukturanın öyrənilməsinə yönəldilmiş tədqiqatlar investisiyanın səmərəliliyini şərtləndirən əsas amillərdən hesab olunmalıdır.

İnvestisiya bazarının dinamikliyi də onun səmərəliliyini şərtləndirir. Məlumdur ki, investisiyalar, digər şərtlər bərabər olduqda tənəzzül edən müəssisələrdən (sahələrdən) çox səmərə verən müəssisələrə axır. Odur ki, daim risklə əlaqədar və uzunmüddətli dövrü əhatə edən istehsala investisiyaların əlverişli olması təmin edilməlidir. Məsələn, elə mühit yaradılmalıdır ki, istehsala investisiyalardan gəlirlər alternativ qoyuluşlardan (bank əmanətlərinə, ləl-cəvahirata qoyuluşlardan və s.) yüksək olsun.

İnvestorlar azad iqtisadiyyatın prinsiplərinə uyğun olaraq, investisiya fəaliyyətinin həyata keçirilməsində bərabər hüquqlara malikdirlər. İnvestisiyanın həcmi, istiqaməti və səmərəliliyinin müəyyənləşdirilməsində investor, məlum dərəcədə sərbəstdir. Belə ki, investor özünə sərf edən formada investisiyanın reallaşdırılması üçün lazım olan hüquqi və fiziki şəxsləri müqavilə və müsabiqə yolu ilə cəlb edə bilər. Öz vəsaiti və ya cəlb edilmiş vəsait olmasından asılı olmayaraq investor qoyduğu vəsaitin məqsədli tətbiqini tələb etmək hüququndan demək olar ki, həmişə istifadə edir.

İnvestisiya fəaliyyətinin obyektləri kimi aşağıdakılar qəbul edilir :

- qiymətli kağızlar (səhmlər, istiqrazlar və s.)

- iqtisadiyyatın bütün sahələrində yeni yaradılan və modernləşdirilən əsas fondlar və dövriyyə vəsaiti ;

- məqsədli pul əmanətləri ;

- elmi – texniki məhsul və mülkiyyətin digər obyektləri ;

- əmlak hüququ və intellektual mülkiyyət hüququ.

Beynəlxalq təcrübədə investisiyanın iki əsas forması fəarqləndirilir : birbaşa və portfel investisiyalar. Bəzən real investisiyalar adlanan birbaşa investisiyalar kapitalın sənaye, ticarət, xidmət və digər sahələrin müəssisələrinə bilavasitə yerləşdirilməsini nəzərdə tutur. Portfel (və ya maliyyə) investisiyaları isə məlum olduğu kimi, səhmlərə, istiqrazlara və digər qiymətli kağızlara investisiyalardır.

Açıq iqtisadiyyat şəraitində mühüm investisiya fəaliyyəti obyekti ölkə qanunvericiliyinə zidd olmayan xarici investisiyalardır. Xarici investisiyalar milli iqtisadiyyata qabaqcıl texnologiyalar gətirməklə, onun elmi potensialını fəallaşdırır.

Ölkənin elmi potensialının bir qayda olaraq cəmləşdiyi, elmtutumlu və yüksək texnoloji sahələrdə tənəzzül, istehsal komplekslərində həmin sahələrin payının azalması iqtisadiyyatın “primitivləşməsi” adını almışdır. Primitivləşmə meylinə qarşı təsirli vasitə olmaqla, xarici investisiyaların keçid iqtisadiyyatlı ölkələrdə normal bazar münasibətlərinin formalaşması proseslərinə müsbət təsir imkanları genişlənir. Rəqabət qabiliyyətli texnoloji mühitin təşkili, bir çox hallarda xarici kapitalın təsir dairəsində olur. İdarəetmənin qabaqcıl təcrübəsi baxımından da anoloji proseslərin şahidi olmaq mümkündür.

Ölkə qanunvericiliyi ilə nəzərdə tutulmuş ekoloji, sanitar, gigiyenik və digər normalara cavab verməyən obyektlərin investisiyalaşdırılması qadağan olunur. Azərbaycan Respublikasında müvafiq hüquqi bazanın möhkəmləndirilməsi üçün əhəmiyyətli işlər görülmüşdür. Bununla belə, xüsusilə, xüsusilə quruda neft və qazçıxarma sahəsində xarici sahibkarların fəaliyyətinin ekoloji reqlamentləşdirilməsi baxımından təkmilləşdirilmələrə əvvəllər hiss olunan ehtiyac indi də vardır.

İnvestisiya fəaliyyəti subyektlərinin çalışdığı investisiya sferasının tərkibi aşağıdakı kimi təsnifləşdirilir :

- əsaslı tikinti. Bu sferaya sifarişçi – investorların, podratçıların, layihəçilərin, avadanlıq göndərənlərin, fərdi və kooperativ mənzil tikintisi üzrə vətəndaşların fəaliyyətini birləşdirir ;

- innovasiya sferası. Burada elmi – texniki məhsul və intellektual potensial reallaşdırılır ;

- maliyyə kapitalının dövriyyəsi sferası.

Xarici investisiyalardan səmərəli istifadə imkanlarından biri də resursun şərti əks sahələrdə yerləşdirilməsidir. Başqa sözlə, vəsaitin elə sahələrə qoyulması nəzərdə tutulur ki, onlardan birinin zəifləməsi digərinin inkişafı ilə müşayiət olunsun. Mebel və meşə sənayesi arasında investisiya resurslarının bölgüsü sahələrdən birinin tənəzzülü halında, digərinin inkişafı sayəsində investorun mənfəətinin “təminatçısı” olur.

Xarici investisiyaların cəlb edilməsi prosesin intensivləşdirilməsi səviyyəsi müxtəlif mənbələrdə müxtəlif qiymətlər alsa da, ümumiləşdirilə bilən hədlər də vardır. ÜDM-də investisiyaların xüsusi çəkisi, iqtisadi inkişafın vacib şərtidir. Dünya ölkələrinin təcrübəsi investisiyanın ÜDM-ə nisbətən 30 – 35% olduğu halda iqtisadi artıma şərait yarandığını göstərir. Azərbaycan respublikasının “İnvestisiya fəaliyyət haqqında” qanununda əks olunduğu kimi, hüquqi bazanın təkmilləşdirilməsində məqsəd ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması prosesinin intensivləşdiririlməsi, beynəlxalq iqtisadi əməkdaşlıq və inteqrasiyanın inkişaf etdirilməsi, mülkiyyət formasından asılı olmayaraq bütün investorların bərabər hüququnun təmin olunmasıdır.

Daxili istehsalçıları himayə etməklə yanaşı dövlət xarici investorlar üçün də əlverişli fəaliyyət mühiti yaratmalıdır. Təbii ki, bu zaman xarici kapitalın marağı ilə milli iqtisadi mənafeni uyğunlaşdırmaq lazım gəlir. Konkret hallarda çoxsaylı amillərin təsirini qiymətləndirmək və manevr etmək lazım gəlsə də, əsas istiqamət ikinciyə üstünlük verməkdir.

Beynəlxalq təcrübənin ümumiləşdirilməsi üçün aparılan tədqiqatlar göstərir ki, investisiyanın həddindən çox olması inflyasiyaya, çatışmaması isə deflyasiyaya gətirib çıxarır. İqtisadiyyatın tərəddüdlərinin bu qütbləri təbii ki, səmərəli tənzimləmə tələb edir. Həmin tənzimləmə vergilər, dövlət xərcləri, maliyyə - kredit üzrə hökumətin həyata keçirdiyi tədbirlər sahəsini əhatə etməlidir.

İnvestisiyaların əsas mənbələrindən biri amortizasiya ayırmalarıdır. Həmin mənbənin ümumi investisiyalarda xüsusi çəkisi, dinamikası istehsal fəallığının səviyyəsini xarakterizə edən mühüm göstəricilərdən biri kimi də çıxış edir.

İnvestisiya və innovasiya arasında nisbət xüsusi əhəmiyyətə malikdir. Bu, xüsusilə, iqtisadi inkişafın dövriliyi ilə şərtlənir. İnnovasiya impulsu təbii və digər resurslardan qənaətlə istifadə üçün yeni imkanlar açır. Əlbəttə, resursqoruma nə qədər aktual məsələ olsa da, bütün hallarda investisiyaları innovasiyalara yönəltmək imkan xaricindədir. Buna edilən cəhdlərin reallığı isə məqsəd və vasitələrin müvafiqliyindən həlledici dərəcədə asılıdır.

Göründüyü kimi bazar iqtisadiyyatı şəraitində cəmiyyətin artmaqda olan sosial-iqtisadi təlabatının ödənilməsi mövcud istehsal potensialından tam və səmərəli istifadə edilməsi, ETT-nin nəaliyyətlərinin istehsala tətbiqi və bu kimi yeniliklər investisiya qoyuluşlarından asılıdır. Bu baxımdan, cəmiyyətin həyatında investisya qoyuluşlarının əhəmiyyəti və rolu son dərəcə artmış olur. Ölkədə makroiqtisadi göstəricilərin yüksəldilməsi, ümumimilli məhsulun sturukturunda aparıcı sahələrin, xüsusilə strateji sahələrin rolunun və əhəmiyyətinin getdikcə artırılmasını tələb edir.



1.2. İnvestisiya mühiti və investisiyalaşdırma
Mərkəzləşdirilmiş iqtisadiyyat şəraitində vəsait qoyuluşları mühiti sərbəst iqtisadi sistemə keçiddə prinsipial keyfiyyət dəyişikliklərinə məruz qalır. Sərbəst pul resurslarının demək olar ki, vahid sərəncamçısı rolunda çıxış edən dövlət əsas fondların artırılması və modernləşdirilməsinə vəsait qoyuluşlarını tam planlaşdırılmış şəkildə həyata keçirirdi. Mahiyyət etibarilə vəsaitlərin səfərbər edilməsinin belə qaydası prioritet istiqamətlərin maliyyələşdirilməsi üçün əlverişli şərait yaratmalı idi. Bununla belə, kapital qoyuluşu sahəsində dövlətin, belə demək mümkünsə, inhisarçılığı proseslərin intensivliyinə mənfi təsir göstərirdi. Digər tərəfdən ictimai mülkiyyət formasında təqdim edilən dövlət mülkiyyəti kapital qoyuluşlarından istifadənin lazımi səmərəliliyini təmin edə bilmirdi.

Mərkəzləşdirilmiş iqtisadiyyat şəraitində kapital qoyuluşlarının mənbələri kimi ənənəvi olaraq aşağıdakılar çıxış edirdi :

- büdcə vəsaitləri ;

- müəssisə və təşkilatların öz vəsaitləri ;

- bank kreditləri.

Keçmiş sovet məkanında bazar iqtisadiyyatına keçid yeni investisiya mühitinin təşəkkülünün əsasını qoymuşdur. Təbii ki, təşəkkül prosesi uzunmüddətli olub, müəyyən geriləmələrlə müşayiət olunur. Bunun iki səbəbi vardır. Birincisi, sahibkarlığın maddi bazası olan özəlləşdirmədə ləngimələr, bir sıra hallardakı sistemsizlikdir. Müxtəlif özəlləşdirmə formalarından istifadə mexanizminin tam aydınlaşdırılıb əsaslandırılmadığı bir şəraitdə metodoloji problemlər ön plana çıxır.

İnvestisiya mühitinin təşəkkülündə müvafiq qanunvericilik bazasının möhkəmləndirilməsi mühüm rol oynayır. Son illərdə bu sahədə görülən işlər müəyyən müsbət nəticələr vermişdir. Hüquqi bazanın formalaşmasında 1995-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında investisiya fəaliyyəti haqqında” qanunun rolunu xüsusi qeyd etmək lazımdır.

İnvestisiya mühiti uzunmüddətli vəsait qoyuluşu, rəqabət mühitinin inkişafı, antiinhisar tədbirləri, istehsala mənfəət gətirən qoyuluşların təmin edilməsi, onun regionlar və sahələr arasında sərbəst axınından və sair amillərdən asılıdır. Onu da qeyd edək ki, bu mühit həmçinin məqsədyönlü investisiya fəaliyyətinin dövlət tənzimlənməsi üzrə tədbirlər kompleksinin təsiri altında təşəkkül tapır. İnvestisiya mühiti sosial-iqtisadi, siyasi və ya investisiyanı qaytaran maliyyə amillərinin məcmusudur.

Milli iqtisadiyyat üçün önəmli olan cəhət istehsalın artımının təmin edilməsi baxımından investisiya mühitinin təşəkkülüdür. Bu proses kortəbii baş vermir. Bazar avtomatizmi bu problemi həll etmək iqtidarında deyil və atılan müvafiq addımlar investisiya proseslərinin məqsədyönlü intensivləşdirilməsində əhəmiyyətli rol oynaya bilər.

Digər mühüm amil maliyyə sabitliyidir. Bu sabitliyin əldə olunması xeyli dərəcədə investisiya ehtiyatlarının formalaşması və investisiya layihələrinin səmərəliliyinin təmin olunmasını və ümumən əlverişli investisiya mühitinin şərtləridir.

İnvestisiya mühitinin təşkili xeyli dərəcədə özəl sektorun fəallığından, xüsusi çəkisindən, əlaqələrinin intensivliyindən, kiçik və orta sahibkarlığın inkişaf səviyyəsindən asılıdır.

Beynəlxalq təcrübəyə görə iqtisadi sabitliyi və əlverişli investisiya mühitini şərtləndirən əsas amillərdən biri cəmiyyətdə iqtisadi rifah baxımından müəyyən edilən “orta sinfin” xüsusi çəkisidir. Məhz bu sinif münasibətlərin dinamikliyini və ahəngdarlığını təmin edən əhəmiyyətli amil olmaqla keçid dövrü iqtisadiyyatı ilə əvəzlənməsini sürətləndirir.

Bir qayda olaraq Azərbaycanın investisiya mühitindən danışarkən onun əlverişli geosiyasi və coğrafi mövqeyi, yüksək ixtisaslı kadr potensialı, zəngin təbii sərvətləri önə çəkilir. Əslində əlverişli investisiya mühiti yaratmaq üçün bunlar yalnız ilkin şərtlərdir, səmərəli yanaşma olmadıqda bu zənginlik ölkə iqtisadiyyatı və hətta, ümumiyyətlə, ölkə üçün ciddi problemlər mənbəyi ola bilər. Bu problemlərə ilkin yanaşmada aşağıdakılar aid edilə bilər :

- regionda marağı olan dövlətlərin mənafelərinin toqquşması ;

- milli iqtisadiyyatın birtərəfli genişlənməsi, ölkənin böyük dövlətlər üçün xammal əlavəsinə çevrilməsi təhlükəsi və s.

Azərbaycanda həyata keçirilən torpaq islahatı keçmiş sovet respublikalarının bir çoxundan fərqli olaraq investisiya mühitinin əlverişli olması üçün obyektiv zəmin yaratmışdır. Belə ki, gələcəkdə təşəkkül tapacaq normal torpaq bazarı investisiya fəallığına təkan verən amilə çevrilir. Bununla belə həmin fəallığın təmin edilməsinin, ciddi hazırlıq və sistemli yanaşma tələb etdiyi şübhəsizdir.

İnvestisiya mühitinin xüsusiyyətlərindən irəli gələn neqativ cəhətlər də yox deyildir. İlk növbədə qiymətli kağızlar bazarının hələ təşəkkül tapmadığı Azərbaycanda portfel investisiyalarının cəlb edilməsi ciddi çətinliklərlə üzləşir. Digər məsələlərdə də keçid dövrü problemləri, investisiya mühitində öz əksini tapır və az-çox ciddi ziddiyyətlər şəklində təzahür edir.

Xarici investisiyalardan istifadənin ən perspektivli istiqamətlərindən biri onun ixracyönlü sahələrə, yeni texnologiyalara, informasiya iqtisadiyyatına yönəldilməsidir. Mülkiyyət hüququnun müdafiəsi istiqamətində görülən tədbirlər investisiya mühitinə təsir edir. Məsələ ondadır ki, xarici investorların hüquqlarının hər hansı bir şəkildə pozulması ölkənin imicinə zərbə vurmaqla yanaşı, hər hansı ciddi bir layihənin maliyyələşdirilməsi mənbələrinin tapılmasını çətinləşdirir. Odur ki, investorların mənafeyinə zərbə vuran hərəkət və ya hərəkətsizlik üçün nəzərdə tutulan məsuliyyət ciddiləşdirilməlidir. İnvestisiya mühiti müstəqim mənada qanunvericilik bazasından asılıdır. Bütövlükdə istehsalçıların təşkilatlanmasından müxtəlif formalarının inkişafını dəstəkləyən, həmçinin korporativ davranışın standart qaydalarını, normal və işgüzar investisiya iqlimini (məsələn, şirkətlərin, korporativ idarəedilməsi təcrübəsini nəzərə alan və hesablaşmalar əsasında müəyyənləşdirən reytinqlərin dərc edilməsi) formalaşdıran qanunvericiliyin işlənib hazırlanmsı tələb olunur.

Vəsait qoyuluşunun səmərəli istiqamətinin müəyyənləşdirilməsinin mükəmməl metodoloji təminata ehtiyacı var. İlk növbədə sahələrin investisiyalaşdırılması üçün cazibədarlığını müəyyən etmək lazım gəlir. Bunun üçün isə informasiya təminatının kafi səviyyəsi tələb olunur. Təəssüf ki ölkəmizdə müvafiq informasiya bazası hələ də tam formalaşmamışdır. Ümumiyyətlə, xarici investisiyaların cəlb edilməsi, informasiya təminatı sahəsində ciddi problemlərin həllini nəzərdə tutr. O cümlədən, informasiya resurslarını idarə edən və onların kommersiyası əsasında istifadəsini həyata keçirən qurumların yenidən təşkilinə ehtiyac hiss olunur.

Müxtəlif səviyyələrdə (ölkə, rayon, müəssisə) bazar haqqında kommersiya, nəqliyyat və telekommunikasiya barədə informasiyanın çatışmaması, xüsusilə kiçik və orta xarici şirkətlər və firmaların investisiya qoyuluşları üçün maneəyə çevrilir.

Sahənin investisiyalaşma üçün cazibədarlığının qiymətləndirilməsi, təbii ki, onun maliyyə-iqtisadi fəaliyyətinin hərtərəfli təhlili sayəsində mümkündür. Bu halda müxtəlif amillərin təsirinin kəmiyyətcə qiymətləndirilməsi zəruri olur.

Beynəlxalq təcrübədə iqtisadiyyatın hər hansı bir sahəsinin vəsait qoymaq nöqteyi-nəzərindən əlverişli olub-olmamasını müəyyənləşdirmək üçün əmsallar qrupundan istifadə edirlər. Həmin əmsalların faktiki qiymətləri, normativ və ya böhran vəziyyətini əks etdirən səviyyələrdə tutuşdurulur və nəticə əldə edilir. Təbii ki, bu halda təhlil üçün, hansı əmsalların istifadə ediləcəyi və normativ (və ya böhran) kəmiyyəti təyin edilməlidir.

Adətən əsas amilləri beş qrupa bölürlər : maliyyə dayanıqlığı, işgüzar fəallıq, səmərəlilik, inkişaf dinamikası və ödəniş qabiliyyəti. Qruplara bir və ya bir neçə əmsal daxildir.

I. Maliyyə dayanıqlığı göstəriciləri investor və kreditorların mənafelərinin müdafiəsi dərəcəsini səciyyələndirir. Burada ilk növbədə maliyyə vəsaitləri (leveraj) – Ə1 əmsalı aiddir. Ümumi kreditor borclarının xüsusi vəsaitlərə nisbəti kimi hesablanan əmsal, cəlb edilən vəsaitlərdən asılılıq və öz kapitalı hesabına təmin olunma dərəcələrini göstərir. Ə1 əmsalı böhran qiyməti kimi vahid qəbul edilir və onun kəmiyyəti nə qədər böyük olursa, səhmdarların risk dərəcəsi və iflas ehtimalı bir o qədər yüksək olur.

Bu qrupa aid edilən ikinci əmsal - Ə2 reallaşmadan daxilolmaların vaxtı ötmüş debitor borcları və avanslara nisbəti kimi hesablanır. Təbii ki, göstərici nə qədər kiçikdirsə , sahənin və ya müəssisənin maliyyə vəziyyəti bir o qədər pisdir. Göndərilmiş mal üzrə debitor borcu o qədər çox ola bilər ki, mənfəət zərərə çevrilər.

Maliyyə dayanıqlığı göstəricilərinə aid edilən üçüncü əmsal – Ə3 reallaşmadan daxilolmaların vaxtı ötmüş kreditor borclarına nisbəti kimi hesablanır.

İnkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələrdə Ə2 vəƏ3 əmsallarının hesablanması zamanı məxrəclərdə debitor və kreditor borclarının (böhran səviyyələri nəzərə alınmaqla) səviyyələri istifadə olunur.

II. İşgüzar fəallıq (dövriyyə) göstəriciləri müəssisənin öz vəsaitlərindən istifadə səmərəliliyini səciyyələndirir. Bura ehtiyatların dövriyyəsi əmsalı (Ə4) və kapital dövriyyəsinin ümumi əmsalı (Ə5) aid edilir.

Ehtiyatların dövriyyəsi (Ə4) əmsalı reallaşmadan daxilolmaların ehtiyatlara nisbəti kimi hesablanır. Əmsal ehtiyatlarının hansı sürətlə debitor borcuna çevrildiyini göstərir. Ehtiyatların dövriyyəsi nə qədər yüksəkdirsə onları səmərəli idarə temək də bir o qədər asandır. Dövriyyə sürəti artdıqca mal-material dəyərlilərinin reallaşdırılması bir o qədər böyükdür.

Kapital dövriyyəsinin ümumi əmsalı (Ə5) vergilər çıxılmaqla reallaşmadan daxilolmaların balans mənfəətinə nisbətinə kimi hesablanır. Bu əmsal mənbəyindən asılı olmayaraq bütün resusrlardan istifadə səmərəliliyini əks etdirir. O dövr ərzində istehsal və tədavülün mənfəət gətirən tam tsiklinin neçə dəfə baş verdiyini və tsiklin texnoloji prosesin xüsusiyyətlərindən nə dərəcədə asılı olduğunu göstərir.

III. Səmərəlilik göstəriciləri sahə və ya şirkətin fəaliyyətinin rentabelliyini səciyyələndirir. Bura a)bütün kapitalın, b)satışın və c)xüsusi kapitalın rentabelliyi əmsalları aid edilir. Bütün kapitalın rentabelliyi əmsalları (Ə6) balans mənfəətinin balans məbləğinə nisbəti kimi hesablanmaqla əmlakın dəyərinin bir manatından nə qədər balans mənfəətinin alındığını əks etdirir.

Satışın rentabelliyi əmsalı (Ə7) balans mənfəətinin vergilər çıxılmaqla reallaşmadan daxilolmalara nisbəti kimi hesablanmaqla, reallaşdırılmış məhsul vahidinə nə qədər mənfəət düşdüyünü göstərir. Bu göstəricinin artması reallaşdırılan məhsulun (işin, xidmətin) istehsalına xərclər sabit qaldıqda qiymətlərin yüksəlməsindən və ya qiymətlər dəyişməz qaldıqda istehsala xərclərin azalmasından baş verə bilər. Göstəricinin azalması isə istehsal xərclərinin dəyişməz qaldığı halda aşağı düşməsindən və ya qiymətlər dəyişmədikdə istehsal xərclərinin artmasından , başqa sözlə , məhsula tələbin azalmasından xəbər verir.

Xüsusi kapitalın rentabelliyi əmsalı (Ə8) şirkət sahibinin qoyduğu hər bir manatdan nə qədər mənfəət əldə etdiyini göstərir. Göstərici balans mənfəətinin xüsusi vəsaitlərə nisbəti kimi hesablanır. İnvestisiya kapitalının istifadə səmərəliliyini səciyyələndirir və fond birjasında səhmlərin kotirovkası səviyyəsinin qiymətləndirilməsi üçün mühüm meyar rolunu oynayır.

IV. Sahənin inkişaf dinamikası göstəriciləri. Artım tempi əmsalı (Ə9) cari qiymətlərdə sahənin məhsulunun həcminin artımını (azalmasını) səciyyələndirir.

V. Ödəniş qabiliyyəti (likvidlik) göstəriciləri müəssisənin qısamüddətli borclarını öz vəsaitləri hesabına ödəməyə hazırlığını əks etdirir. Göstəricilər hesablanarkən hesablama bazası kimi qısamüddətli öhdəliklər nəzərə alınır. Ümumi ödəmə əmsalı (Ə10) pul vəsaitləri, qısamüddətli maliyyə qoyuluşları, debitor borcları, ehtiyat və məsrəflərin qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır. Bu göstəricinin qiyməti vahiddən aşağı düşməməlidir, yəni likvid vəsaitlər qısamüddətli öhdəliklərin yerinə yetirilməsi üçün kifayət etməlidir.

Artıq qeyd edildiyi kimi, sahə və ya müəssisənin maliyyə-iqtisadi vəziyyətini qiymətləndirmək üçün hesablanmış əmsallar normativ və ya böhran səviyyələri ilə tutuşdurulmalıdır. Normal bazar iqtisadiyyatına malik olan ölkələrdə firmaların fəaliyyətinin maliyyə təhlilinə daha çox diqqət yetirilir. Bu zaman konkret firmanın hesabat məlumatları əsasında hesablanan əmsalları, həmin firmanın əvvəlki göstəriciləri və firmanın aid olduğu sahənin orta göstəriciləri ilə tutuşdurulur.

İnvestisiya mühitinin qiymətləndirilməsində siyasi və iqtisadi sabitlik, qanunvericiliyin mükəmməllik dərəcəsi, vergi sisteminin səmərəliliyi infrastrukturun inkişaf səviyyəsi və s. göstəricilər istifadə edilir. Keçid iqtisadiyyatlı ölkələrdə torpaq üzərində mülkiyyət , girov mexanizminin reallaşması kimi prinsipial məsələlərdə investorlar birmənalı cavab almadıqda investisiya cəlb edilməsində ciddi problemlər meydana çıxır.

İnvestisiya mühitinin formalaşmasında sığorta sistemi böyük rol oynayır. İnkişaf etmiş ölkələrin sığorta təşkilatlarında külli miqdarda maliyyə ehtiyatlarının toplanması sığortanı fəal investisiya yolu ilə iqtisadiyyatın inkişaf etdirilməsinin mühüm amilinə çevirir.

Xarici investisiyaların cəlb edilməsinin başlıca şərti investisiya mühitinin yaxşılaşdırılmasıdırsa, bu prosesin təmin olunmasının əsas amili hüquqi bazanın möhkəmləndirilməsidir. Bu zaman – hüquqi normalarda nəzərdə tutulan dəyişikliklər haqqında sahibkarların qabaqcadan məlumatlandırılması və investorların fəaliyyətinə ekoloji reqlament qoyulması məsələləri diqqət mərkəzində olmalıdır. Artıq sirr deyildir ki, xarici investorların ekoloji reqlamentlərdəki boşluqlardan sui-istifadə etməsi nadir hal deyildir.

Əlbəttə nəzərə almaq lazımdır ki, xarici investisiyalaşdırma münasibətlərinin özünəməxsusluğu bu münasibətlərə hüquqi vasitələrin böyük qismini, yəni həm milli hüquq, həm də beynəlxalq hüquq tənzimlənməsini, başqa sözlə , hüququn iki sisteminin – milli və beynəlxalq hüququn tətbiqini zəruri edir.

İnvestisiya monitorinqinin milli sisteminin yaradılması əlverişli investisiya mühitinin təminatında az rol oynamır.

Monitorinq investisiya fəaliyyətində qoyuluşların artmasının onlardan əlavə edilən gəlirlərin artması ilə müşayiət olunması faktını aşkara çıxarmaq və təsdiqləmək vəzifəsini yerinə yetirməlidir.

İnvestisiya mühitinin qiymətləndirilməsində daxili qurumların daha fəal iştirakı yalnız işin xeyrinədir. Belə ki, bu halda xarici investorlar əcnəbi ekspertlərin və konsaltinq firmaların qiymətləri ilə kifayətlənməzlər.

Keçid iqtisadiyyatlı ölkələrdə investisiya mühitinə həlledici dərəcədə təsir edən amillərdən biri özəlləşmədir. Bu, ölkələrdə qiymətli kağızlar bazarının real sektorla əlaqəsini təmin edən səmərəli kapital bazarının təşkili xüsusi aktuallıq kəsb edir. Belə ki, özəlləşdirmənin sistemli, kompleks, düşünülmüş gəlirlərin kapitallaşdırılması prinsipləri gözlənilməlidir.

İnvestisiya mühitinə təsir edən amillər çoxsaylı və müxtəlif miqyaslıdır. Bu ölkənin liderlərinin investorlar üçün əlverişli şərait yaratmaq sahəsində görüləcək işlər barədə bəyanatlardan tutmuş, müəyyən regionlarda iqtisadi cəhətdən geridə qalmış rayonlarda tikintiyə, yenidənqurmaya və istehsalın modernləşməsinə kapital qoyuluşlarının stimullaşdırılmasına qədər geniş spektri əhatə edir.

Nəhayət , ölkəmizdə xarici investisiyaların əlverişli şərtlərlə cəlb edilməsinin aşağıdakı perspektivləri aşağıdakılardır :

- infrastrukturun inkişafına yanaşmaların optimallaşdırılması ;

- idxalı əvəz edən məhsulların istehsalı üçün iqtisadi və institusional mühitin dəstəklənməsi ;

- investisiyaların ölkənin əmək resurslarının bol olduğu rayonlara yönəldilməsi;

- ixrac potensialının genişləndirilməsi üçün tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi.



1.3. İnvestisiya siyasəti və onun elementləri
Qloballaşma və onun ilkin nəticələri belə göstərir ki, XXI əsrdə dünya təsərrüfat sisteminin dinamik inkişafında mühüm rol oynayacaq investisiya axınlarının dövlət və regionlararası idarəedilməsi mühüm rol oynayacaqdır.

İnvestisiyalar mühüm struktur əmələgətirmə vəzifəsini yerinə yetirir və görmək çətin deyildir ki, investisiya siyasəti iqtisadiyyatın perspektiv strukturunun formalaşmasında aparıcı rola malikdir.

Kapital qoyuluşlarının təmərküzləşməsi, müxtəlif maliyyələşdirmə mənbələrinin səfərbər edilərək daha əhəmiyyətli və təxirəsalınmaz regional problemlərin həllinə yönəldilməsi struktur – investisiya siyasətinin əsas elementlərindəndir.

Xarici investorlara münasibət çoxsaylı və müxtəlif səviyyəli amillərin təsiri altında formalaşır. Lakin dünyada hazırki iqtisadi reallıq inteqrativ əlaqələrin xüsusilə kapital axını baxımından əlaqələrin intensivləşdirilməsinin əlverişliliyi haqqında arqumentlərə malikdir. Belə ki, xarici şirkətlərin iştirakı ölkəyə ən müasir texnologiyanı və müvafiq idarəetmə vərdişlərini gətirir. Bu, xarici bazara çıxmağı da asanlaşdırır, məşğulluğu artırır və yerli istehsalın inkişafına səbəb olur.

Müasir dünyada investisiya prosesi transmilli korporasiyaların iştirakı olmadan demək olar ki, baş vermir. Hazırda investisiya proseslərinin xüsusiyyətlərindən biri odur ki, istehsalat və kommersiya fəaliyyəti üçün sadəcə investisiyalar deyil, elmi-texniki innovasiya nailiyyətləri, ətraf-mühitə zərər verməyən tullantılarsız texnologiyaları reallaşdıran investisiyalar tələb olunur. Təsadüfi deyildir ki, investisiya siyasəti elm və texnikanın ən mühüm nailiyyətlərinə əsaslanır. Məhz buna görə də investisiyaların cəlb edilməsi ümumi dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri sayılır.

Ölkəmizin iqtisadi təhlükəsizliyi və tərəqqisi xeyli dərəcədə neft sektoru ilə əlaqədardır və bu sahənin inkişafı böyük xarici investisiya qoyuluşları ilə təmin edir. Neft bölməsində layihələrin reallaşdırılması üçün ayrılan böyük maliyyə qoyuluşları zəngin karbohidrogen resursları hasilatı hesabına ödəniləcəkdir. Təbii ki bu sahə daha çox investisiyaları geri qaytarmaq imkanındadır. Lakin təbii sərvətlərin hesabına əlvetrişli investisiya siyasəti yeritmək iddiası həmişə özünü doğrultmur. Buna mane olan əhəmiyyətli amillərə : investisiya bazarında kredit riskini aşağı salan qanunvericilik sistemində boşluqları, maliyyə vəsaiti kasadlığını və s. aid etmək olar.

İnvestisiya siyasəti investisiyaların təhlükəsizliyinə yönəldilir ki, bu təhlükəsizlik, investisiyaların investisiya bazarında baş verən proseslərdən asılı olmamasını və gəlirin sabitliyini nəzərdə tutur.

İnvestisiya risklərin idarə olunması, daha doğrusu, onların aşağı salınması tədbirləri kompleksinin həyata keçirilməsi investisiya siyasətinin mühüm elementidir. Keçid iqtisadiyyatı ölkələrində investisiya mühiti daha riskli olması ilə səciyyəvidir. Bununla belə, həmin ölkələrdə təbii sərvətlərin, iş qüvvəsinin ucuzluğu kimi amillər xarici investorları cəlb edir. Sirr deyildir ki, yerli qanunvericilikdəki boşluqlar hesabına manevrlərdən qazanmaq amili də bu qəbildəndir.

Neft sahəsində maliyyə qoyuluşu və layihələrin gerçəkləşdirilməsində risk ehtimalı çoxdur. İnkişaf etmiş ölkələrin investorları hər bir layihəni “risk – gəlir” nisbəti baxımından qiymətləndirilir və nisbət yalnız sonuncunun xeyrinə olduğu halda onu reallaşdırırlar.

İnvestisiya layihələrinin qiymətləndirilməsi meyarları nəzərdən keçirilərkən, təbii ki, riskin mahiyyətinə və təsnifatına xüsusi diqqət yetirilir. İnvestisiya prosesində problemin aktuallığını və miqyasını, riskin strukturu və mahiyyətini araşdırmaq zərurəti yaranır. Müxtəlif ölkələrdə risk indikatoru və şərtləri müxtəlifdir. Bu problemə differensial yanaşma zəruriliyindən xəbər verir. Nüfuzlu beynəlxalq təşkilatlar riskin monitorinqi zamanı aşağıdakı təsnifata üstünlük verirlər : texniki, siyasi, iqtisadi və maliyyə riskləri. Bəzi mənbələrdə kommersiya riskləri də ayrıca qruplaşdırılır.

Texniki risk – mineral xammal bazası mövcudluğu halında konkret obyektə qoyuluşlar üçün səciyyəvi qəbul olunur. Ölkənin biznes mühitinin qiymətləndirilməsində siyasi sabitliyi səciyyələndirən siyasi risk anlayışı tətbiq edilir.

İnvestisiya proseslərində qarşıya çıxan maliyyə risklərinin minimumlaşdırılması, investisiya siyasətində elmi əsaslandırılmış və reallığa adekvat müddəaların olmasını tələb edir.

Keçid dövrü elementləri kimi bu halda maliyyə intizamının bütün maddələrinə ciddi riayət edilməsi, “centlmen sazişləri”nin istisna olunması və s. aid edilə bilər.

İqtisadi risk, məlum olduğu kimi qiymətlərin, inflyasiyanın, tələb və təklif nisbətinin və s. proqnozların əsasında hesablanır. İnvestisiya siyasətində həmin proqnozların metodikası və nəticələrində tənqidi yanaşma təmin edilməlidir.

Siyasi, iqtisadi və maliyyə risk göstəriciləri sosial-iqtisadi risk adını almışdır. Sosial – iqtisadi risk aşağıdakı kimi qruplaşdırılır:

1. Çox yüksək risk 0-dan 49,5 bala qədər

2. Orta yüksək risk 50 – 59,5 bal

3. Mötədil risk 60 – 60,9 bal

4. Aşağı risk 70 – 84,5 bal

5. Çox aşağı risk 85 – 100 bal

Qeyri – neft sektoruna diqqqəti artırmaq istiqamətində görülən tədbirlərə baxmayaraq Azərbaycanın investisiya siyasətində energetika kompleksinin (xüsusilə neft – qaz bölməsinin) aparıcı mövqeyi qalmaqdadır. Yanacaq – energetika kompleksi siyasi təsirlərə daha çox məruz qalır. Odur ki, bu kompleksin inkişafı nəinki iqtisadi, həmçinin siyasi konsepsiyanın önəmli müddəalarından biri sayılır.

İnteqrasiya proseslərinin səmərəliliyi və intensivliyi tərəfdaşlara münasibətdə xoş məram və qarşılıqlı fayda güdməklə yanaşı, həmçinin əsaslandırılmış siyasət, o cümlədən investisiya siyasəti, mükəmməl hüquqi baza, əlverişli mühitin təşəkkülü üçün digər hazırlıq tədbirləri tələb edir. Məhz bu halda investisiya siyasətinin reallaşdırılacağını, xarici investisiyaların daha əlverişli şərtlərlə cəlb ediləcəyini gözləmək olar.

Təsadüfi deyildir ki, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan “açıq qapı” siyasətinin həyata keçirilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı qanunların və normativ aktların qəbul edilməsi iqtisadiyyata qoyulan xarici investisiyaların həcmini artırmışdır. Lakin bu prosesdə görülən işlər kifayət səviyyədə deyildir. Vəsait qoyuluşunun çatışmaması üzündən köhnə yataqlarda hasilatın sabitləşməsi ilə bağlı iqtisadi məsələlərin həll edilməsində bir sıra çətinliklər mövcuddur.

Keçid dövründə investisiya siyasəti məşğulluq mexanizmi ilə bilavasitə əlaqədar olmalıdır. İşsizliyin, xüsusilə gizli işsizliyin yüksək ixtisaslı neftçi fəhlə və mütəxəssislər arasında arzuolunmaz səviyyəsi şəraitində xarici investisiyaların müvafiq imkanları tam gerçəkləşdirilmir.

İqtisadi siyasətin tərkib hissəsi kimi xarici investisiyaların cəlb edilməsi siyasəti daxili potensialı fəallaşdırmalıdır. Bazar münasibətlərinin təşəkkülünün müxtəlif mərhələlərində bu potensialın gerçəkləşməsinə yanaşma müxtəlif olsa da, ümumi metodoloji yanaşma elementləri də yox deyildir. Xarici investisiyaların cəlb olunması sahəsində iqtisadi siyasətin əsas istiqamətləri aşağıdakı təxirəsalınmaz vəzifələrin həll edilməsinin zəruriliyindən asılı olmalıdır :


  • xarici investorlar üçün əsas hissəsi vergi rejiminin sabitliyi olan hüquqi və təşkilati şəraitin yaradılması;

  • kommersiya risklərinin azaldılması hesabına ölkənin nüfuzunun yüksəldilməsi;

  • potensial xarici investorların axtarılması və cəlb olunması üzrə təşkilatların funksiyalarının vahid dövlət orqanında toplanması və s.

Vergi rejiminin sabitliyini hüquqi və təşkilati şəraitin əsas tərkib hissəsi kimi, yalnız normal bazar mühitində, özü də ciddi qeyd şərtlərlə qəbul etmək olar. Ölkənin nüfuzlu kommersiya risklərinin səviyyəsindən daha çox, siyasi risklərin səviyyəsindən və səciyyəsindən asılıdır. Bütün kommersiya əməliyyatları üçün dövlət zəmanəti və ona yaxın təminatı nəzərdə tutmaq isə keçid dövründə qeyri – real və azad iqtisadiyyat prinsiplərinə ziddir.

İnvestisiya siyasətində dövlətin üstünlük verəcəyi istiqamətlər aşağıdakılardır :



  • xammalın daha dərindən emalı, aztullantılı və tullantısız texnologiyaların geniş tətbiqinə vəsait qoyuluşu;

  • yüksək texnoloji məhsul istehsalında və müasir infrasturkturun inkişafında ölkənin rolunun artırılmasına investisiyaların cəlb edilməsi;

  • xidmət sahələrinin kompleks inkişafının investisiyalaşdırılması və s.

Sözü gedən istiqamətlər milli iqtisadiyyatda həyata keçirilən islahatların səmərəliliyindən, o cümlədən dövlətin investisiya siyasətinin əsaslandırma səviyyəsindən və təminatından asılı olaraq reallaşdırılacaqdır.

Milli iqtisadiyyatda xarici kapitalın cəlb olunması sahəsində dövlətin investisiya siyasətində rolu aşağıdakı əsas prinsip və istiqamətlər üzrə reallaşdırılmalıdır :



  • konkret layihə üçün xarici investisiyaların cəlb olunmasının daha səmərəli formalarının istifadə edilməsi ;

  • ölkədə xarici investisiyanın sığortalanması və müdafiə edilməsi ;

  • xarici investisiyalar üzrə girov əməliyyatının təşkili ;

  • xarici investorlara investisiyalaşma şəraiti haqqıında sorğu materiallarının çatdırılması, mövcud investisiya layihələri üzrə məlumat bankının formalaşması ;

  • xarici investisiyaların cəlb olunması üçün beynəlxalq konsorsiumlar, vauçer fondları və lizinq şirkətlərinin yaradılması ;

  • beynəlxalq maliyyə institutları və təşkilatları ilə investisiya əməkdaşlığının inkişafı ;

  • ölkədən daşınan kapitalın təhlükəsizlik və maneəsiz qaytarılmasını təmin edən əlverişli şəraitin yaradılması ;

  • ixracı artırmaq məqsədi ilə ölkədə azad iqtisadi zonaların yaradılması üzrə dövlət proqramının işlənməsi ;

  • gələcəkdə xarici investorların valyuta əməliyyatlarının yerinə yetirilməsinin norma və qaydalarının liberallaşdırılması ;

  • regionlara xarici investisiyaların axınını gücləndirmək məqsədilə regional investisiya proqramlarının, investisiya layihələrinin işlənib hazırlanması ;

  • xarici banklarla əməkdaşlığı genişləndirmək, respublikanın bank sistemi, investisiya layihələri haqqında məlumatı beynəlxalq bank ictimaiyyətinə çatdırmaq, kredit xətlərinin açılmasına çalışmaq.

İnvestisiya portfelinin idarə edilməsi, bankların investisiya siyasətinin mühüm tərkib elementidir. Bunula yanaşı həmin siyasət adı altında, birbaşa və portfel investisiyalarının optimal nisbətinin təmin edilməsi, mənfəətliliyin artırılması, risk və likvidlik səviyyələrinin saxlanılması ilə bağlı əməliyyatlarının reallaşdırılması istiqamətləri əhatə olunur.

Bankların investisiya siyasəti, iqtisadiyyatın idarə edilməsində onların rolunun artmasının müşahidə olunduğu indiki dövrdə həm makro, həm də mikro iqtisadi baxımdan əhəmiyyətlidir.

Milli iqtisadiyyatda xarici investisiyaların axının gücləndirilməsi və onların beynəlxalq standartlara müvafiqn şəkildə qorunması üçün əlverişli şəraitin yaradılması ölkənin iqtisadi siyasətinin əsas istiqamətlərindəndir və strateji əhəmiyyətli bir istiqamət kimi diqqqət mərkəzində olmalıdır.

İnvestisiya siyasətinin əsas elementlərindən biri elm tutumlt sahələrin inkişafının intensivləşdirilməsi, başqa sözlə, innovasiyaların dəstəklənməsidir.

İnvestisiya siyasətinin səmərəliliyi qarşı tərəfin, yəni investisiya yönəldən dövlət xarici maliyyə institutlarının məqsədlərindən bilavasitə asılıdır. İnvestisiya siyasəti təbii ki, yığım normasına etnasız qala bilməz.

Azərbaycan sənayesinin çoxsahəli olmasını nəzərə alaraq, burada struktur – investisiya siyasətinin aparıcı meyli, xammal – material resurslarının ən yeni texnika və texnologiya əsasında emal olunaraq, dünya standartlarına cavab verən yüksək keyfiyyətli, dünya bazarında rəqabətə tab gətirə bilən son hazır məhsul şəkilində ixrac potensialını artırmağa istiqamətləndirilməlidir.

Əlbəttə, belə yanaşma təbii ehtiyatlardan istifadənin səmərəliliyi problemini xüsusilə aktuallaşdırır. İnvestisiya siyasəti həmin problemi həll etmək üçün ekoloji təmiz texnologiyaların tətbiqinə təkan verir.

Xarici investisiyaların milli iqtisadiyyatın inkişafında müsbət rolu xeyli dərəcədə investisiya siyasətinin sosial yönümündə təzahür edir. Xarici investisiyaların ölkəmizin təbii ehtiyatlarının istifadəsində iştirakının əsas istiqamətlərindən biri kimi əldə edilən mənfəətin əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, xalqın ümumi sərvətlərinin ədalətli bölgüsünə yönəldilməsinin təmin edilməsi olduğu fikri ilə razılaşmamaq mümkün deyildir.




2.1. Xarici və daxili investisiyaların Azərbaycan sənayesinin inkişafına təsiri
İqtisadi inkişafın səviyyəsindən asılı olmayaraq milli iqtisadiyyata investisiya qoyuluşu problemi həmişə diqqət mərkəzində olan aktual problemlərdən biridir. Lakin bu aktuallıq müstəqillik əldə etmiş və bazar iqtisadiyyatı sisteminə keçən respublikamız üçün daha vacibdir. Bu onunla izah edilir ki, iqtisadiyyatın artım sürətinin təmin olunması onun sabit səviyyəsinin yaradılması milli iqtisadiyyatın bütün sahələrinin müvazinətli inkişafının qorunması, əhalinin mənafeyinə cavab verən bazar mühütünün formalaşması, bilavasitə daxili və xarici investisiyanın səfərbərliyə alınmasından, onun düzgün istiqamətləndirilməsindən bilavasitə asılıdır. İnvestisiya milli iqtisadiyyatın inki­şafının mühüm maliyyə mənbəyidir. Bu mənbə hesabına nəinki, ancaq istehsal inkişaf etdirilir, eyni zamanda iqtisadiyyatın strukturunda ciddi sosial yönümlü dəyişikliklərin baş verməsinə səbəb olur. Nəzərə alsaq ki, ümumiyyətlə investisiya anlayışları, məna etibarilə mənfəət almaq məqsədilə həm ölkə daxilində, həm də xaricində tətbiq olunan maliyyə resursudur, onda, istər-istəməz onun iqtisadiyyatın bütün sahələri üzrə tətbiq olunması meyli meydana gəlir. İnvestisiya milli iqtisadiyyatın demək olar ki, bütün sahələrinə, xüsusən həm hasil, həm emal sahəsinə, eləcə də xidmət sferasına tətbiqi onun uzun və qısamüddətli xarakter daşımasına səbəb olur. Bu baxımdan tətbiq olunan investisiya resursları əgər qiymətli kağızların alınmasına yönəldilirsə, o, maliyyə resursu formasını alır. Əgər sənayeyə, kənd təsərrüfatına, tikintiyə, təhsilə və s. sahələrə kapital qoyuluşu kimi tətbiq edilirsə o, real investisiya formasını almış olur. Ona görə də milli iqtisadiyyata tətbiq olunan maliyyə və real investisiyaları bir-birindən fərqləndirmək lazımdır. Maliyyə investisiyaları səhmlərə, istiqrazlara və başqa qiymətli kağızlara ka­pi­tal qoyuluşudur. Belə şəraitdə yalnız transfert əməliyyatları baş verir. Real inves­tisiyalar kapitalın hər hansı iqtisadi sahəyə və ya müəssisəyə qoyuluşudur ki, bunun nəticəsində də yeni kapitalın yaranmasına, yaxud da ki, mövcud kapitalın artmasına səbəb olar. Məsələn: binalar, avadanlıqlar, istehsal vasitələri, əmtəə materialları artımı baş verir.

İnvestisiya resursları istehsal vasitələri istehsalını son istehlakçıya çatdırdıqda istifadə olunan maşınları və avadanlıqları, fabrik-zavod, anbar, nəqliyyat vasitələrini və satış şəbəkələrini əhatə edir. Bu istehsal vasitələrinin istehsalı və yığımı prosesi inves­ti­si­ya qoyuluşunu əks etdirir. İnvestisiya resursları istehlak olunan resurslardan onunla fərqlənir ki, əgər birinci şəraitdə istehlak mallarının istehsalına olan tələbat dolayı yolla ödənilirsə, ikinci şəraitdə bu proses birbaşa həyata keçirilir. Belə şəraitdə həm kapitalın, həm də sərvətin artımı prosesi baş verir. İnvestisiya olunan kapital resursları əgər milli gəlirin artırılmasına səbəb olursa, digər tərəfdən gəlirlərin artırılması ilə əhalinin sə­rən­camına keçən gəlirlərin payı artmış olar ki, bu da sərvət formasında mövcud olur. De­məli, faktiki olaraq öz məzmununa görə investisiyaların maliyyə və real formasından asılı olmayaraq, onlar birbaşa milli sərvətin artırılmasına kömək edən kapitalı ifadə edir. Burada kapital resursu hərəkətdə olan və daima maşınların, avadanlıqların, digər istehsal vasitələrinin alınmasına və bütövlükdə istehsal və xidmətlərin görülməsinin təşkili ilə bağlı sərf olunmuş pul resursları nəzərdə tutulur.

Yalnız real fəaliyyətdə olan pul resursları iqtisadi resurs formasını almış olur və özlüyündə o, gələcəyə ayrılan perspektivdə daha çox istehlak etmək imkanı yaradan resurs kimi formalaşır. Göründüyü kimi investisiya tətbiq olunması formasından asılı olmayaraq cəmiyyətin real kapitalının artırılmasına, yəni istehsal vasitələrinin genişlən­di­rilməsinə və onun infrastrukturunun möhkəmlənməsinə imkan yaradır.

Milli iqtisadiyyatın formalaşmasında və inkişafında daxili və xarici investisiyalar mühüm struktur yaradan funksiyalar yerinə yetirir. Milli iqtisadiyyatın istər sahə strukturunun, istərsə də texnoloji və təkrar istehsal strukturunun inkişafı onun hansı sahələrinə vəsait qoyuluşunun tətbiqindən asılıdır. Bəlli olduğu kimi xüsusi təyinatlı investisiyalar əsasən gəlir əldə etmək məqsədi daşıyır. Deməli milli iqtisadiyyatın hər hansı bir sahəsinin mənfəətlilik səviyyəsilə həmin sahənin və ya bölmənin investisiya üstünlüyünün səviyyəsini müəyyənləşdirir. Bu baxımdan sahənin və ya hər hansı iqtisadi bölmənin mənfəətlilik səviyyəsi tətbiq olunacaq investisiyaların üstünlüyünü müəyyən mühüm strukturyaradıcı meyarıdı. Ona görə də milli iqtisadiyyatın inkişafında tətbiq olunan investisiyaların tə'yinatından asılı olaraq onlar müxtəlif mənfəətlilik səviyyəsinə malik olurlar. Belə ki, dövlət və qeyri-dövlət mənbələrindən tətbiq olunan investisiyalar hər şeydən əvvəl öz sürət dövriyyəsinə görə və mənfəətlilik səviyyəsinə görə fərqlənəcək­dir. Ona görə də investisiyaların qeyri-dövlət mənbələri hər şeydən əvvəl kapitalın sürətli dövriyyəsilə seçilən yüksək rentabelli sahələrdir. Məhz bu amil daxili və xarici investisiyaların həcminə təsir göstərir. İqtisadiyyatın aşağı rentabelli sahələrinə bir qayda olaraq investisiyalar xüsusən də xarici investisiyaların tətbiq olunması həyata keçirilmir. Lakin buna baxmayaraq investisiyaların tətbiqi və onların həddi milli mənafelərin real­laş­ması ilə uzlaşmamalıdır. Belə ki, həddindən artıq investisiyaların qoyulaşu inflyasiya prosesinin güclənməsinə və iqtisadiyyatın həddindən artıq gərginliyə düçar olmasına səbəb olur. Digər tərəfdən isə lazım olduğundan az investisiya qoyuluşu isə deflyasiyaya gətirib çıxarır. Bunu nəzərə alaraq milli iqtisadiyatın inkişafı və formalaşması ilə əlaqədar həyata keçirilən iqtisadi siyasət tətbiq olunacaq investisiyaların həm xarici, həm də daxili mənbələr hesabına optimal həcmini müəyyənləşdirməlidir. Belə şəraitdə dövlət tərəfindən tətbiq olunan vergi dərəcələri, dövlət məsrəfləri, pul-kredit və büdcə-vergi sahəsində həyata keçirilən tədbirlərin səmərəli strategiyası ilə milli iqtisadiyatın miqyası tənzimlənməlidir.

İnvestisiya resurslarının formalaşması və istifadəsi prosesi milli iqtisadiyyatın mərhələlər üzrə inkişaf prosesini əhatə etməlidir. Milli iqtisadiyyatın inkişafı prosesində investisiyalar mərkəzi rol oynayır və iqtisadi artım sürəti haqqında əvvəlcədən infor­masiya verir. Milli iqtisadiyyatın investisiya prosesi vasitəsilə inkişaf etdirilməsi milli gəlirin yüksəldilməsinə səbəb olur, bir sıra əmtəə və xidmətlər üzrə olan tələbatı ödə­mək­lə rəqabət qabiliyətli məhsulların istehsalına səbəb olur. Belə şəraitdə milli gəlirin həm yığım, həmdə istehlak fondlarına yönəldilən vəsaitlərin həcmi artır. Bu prosesin fasilə­sizliyinin təmin olunması yığım və istehlak fondlarına yönəldilən vəsaitlərdən səmərəli istehlak olunmasını tələb edir. Milli gəlirin artımı hesabına yaranmış investisiyalar bir qayda olaraq daxili investisiyaların maliyyə mənbəyini təşkil edir. Milli gəlir hesabına yaranmış investisiyalar həm yığım, həm də gəlir formasını alaraq istehsal olunması nəticəsində bir tərəfdən öz artımlarına, digər tərəfdən isə geniş təkrar istehsalı şərtlən­dirmək ilə milli iqtisadiyyatın miqyasının artmasına səbəb olur. Bu zaman investisiyalar nə qədər səmərəli tətbiq olunursa milli gəlirin artım sürəti bir o qədər yüksək olar, nəticədə isə istehlaka yönəldilən yığımın həm mütləq, həm də nisbi həcmi yüksələr. Gös­tər­məliyik ki, investisiyaların kifayət qədər yüksək səmərəliliyinə nail olunması milli iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulların artırılmasını təmin etmiş olur.

Yığıma və istehlaka ayrılan vəsaitlər arasındakı uyğunluğun səmərəlilik meyarı iqtisadiyyatın inkişaf səviyyəsi əsasında ölkə əhalisinin yaşayış vasitələri ilə təmin olunması dərəcəsidir. Bu baxımdan yığımla istehlak arasında uyğunluğun qurulmasında optimallıq meyarı kimi iqtisadi inkişaf səviyyəsi göstəricisinə ilk növbədə diqqət vermək lazım gəlir. Yığımın hər iki cəhəti - istehsal yığımı və qeyri-istehsal yığımı əlaqəli halda olsalar da hər halda iqtisadi artıma birbaşa təsir göstərən amil istehsal yığımına nisbi üstünlük verilməlidir. Səmərəlilik meyarı nöqteyi nəzərindən istehsal yığımını tədqiq etdikdə ilk növbədə onun norması haqqında ilkin dəqiqləşdirmələr aparmalıyıq. Xüsusi ilə istehsal yığımı normasının minimal və maksimal hədlərinin qurulmasına diqqət verilir. Bu ona görə lazımdır ki, yığımın ölçüsü istehsalın və tələbatın artımına uyğun gələ bilsin.

İstehsal yığımının minimal həddində adambaşına düşən milli gəlir dəyişməz qalır. Buna görə də, istehsal yığımı norması müntəzəm olaraq minimal həddən yuxarı olmalıdır. İstehsal yığımı normasının minimal həddi nəzərdə tutur ki, mənfəətin ümumi kütləsi istehsalın maddi amillərinin geniş təkrar istehsalına sərf edilir, istehlak fondu isə dəyişməz qalır. Belə halda ölkədə məcmu işçilər özlərinin əmək qabiliyyətini geniş təkrar istehsal etmək üçün zərüri olan vasitələri ala bilmirlər.

Buna uyğun olaraq istehsal yığımı norması mənfəətin kütləsinə bərabər ola da bilməz. Əks halda istehsalın bütün amillərinin inkişafını təmin etmək olmaz. Başqa sözlə, əgər mənfəətin bütün kütləsi istehsalın maddi amillərinin geniş təkrar istehsalına istiqamətləndirilirsə, onda əhalinin əmək qabiliyyətinin təkrar istehsalı mənbələrindən olan sosial vəsaitləri artmayacaqdır. Beləliklə, dövlət təhsilin, səhiyyənin, mədəniyyətin və elmin genişləndirilməsi üçün zəruri olan qeyri-istehsal yığımını yarada bilməyəcəkdir. İstehsal yığımı norması mənfəət normasından aşağı olmalıdır ki, dövlət qeyri-istehsal yığımına və bununla sosial vəsaitlərini təmin edə bilsin.

İqtisadiyyatın inkişafına sərf edilən vəsaitlərdən istifadə səmərəliliyi nə qədər yüksək olarsa, yığımın hər bir vahidi hesabında daha çox hazır məhsul və milli gəlir yaradılacaq, eyni ilə iqtisadi inkişafın nəzərdə tutulan səviyyəsinə nail olmaq üçün bir o qədər az vaxt və vəsait tələb olunacaqdır. Belə şəraitdə yığım normasının ixtisar edilməsi tələb ediləcək və əksinə yığımın səmərəliliyin azalması şəraitində yığım normasının artırılması zəruriliyi yaranar.

Yığımın səmərəliliyinin yüksəlməsi və əmək məhsuldarlığının artımı şəraitində is­teh­sal amilləri özünün əvvəlki səviyyəsində iqtisadiyyatın artım tempinə təsir edə bilir. Yı­ğım vəsaitinin eyni bir ölçüsündə istehsal amillərinin səmərəliliyinin yüksəlməsi natural for­mada daha çox istehsal və istehlak etməyə imkan verir. Əmək məhsul­dar­lı­ğı­nın artımı, yalnız canlı əməyə qənaət hesabına deyil, eyni zamanda texnika ilə silahlan­ma­sının keyfiyyət artımı hesabına da arta bilir. Belə hallarda yığım resursları əhəmiyyətli də­rəcədə arta bilir. Əmək məhsuldarlığı başlıca olaraq texnikadan səmərəli istifadə əsa­sın­da artır. İstehsalın son nəticələri nə qədər çox artırsa, əhalinin istehlakının təmin edil­məsi imkanları bir o qədər geniş olur. Bütün hallarda əmək məhsuldarlığının yüksəl­məsi yığım resurslarını artırır və bununla birlikdə istehsalın miqyasının böyüməsinə təsir edir.

Azərbaycan Respublikası iqtisadi müstəqillik əldə etdikdən sonra 1992-ci ildə qəbul edilmiş “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu bu gün xarici investorların fəaliyyətini tənzimləyən mühüm qanunvericilik aktıdır. Bu qanunun qəbul edilməsinin əsas nəticəsi xarici investisiyalı müəssisələrə milli rejimin verilməsi olmuşdur ki, bu zaman bu cür müəssisələr ölkə ərazisində bərabər hüquqlardan istifadə edərək, Azərbaycan müəssisələri ilə bərabər hüquqa malikdirlər. İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanununda göstərilir ki, qanun investisiyanın Azərbaycan Respublikası iqtisadiyyatına intensiv cəlb olunmasına, ondan ölkənin sosial-iqtisadi bazasının, habelə beynəlxalq iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişafı üçün səmərəli istifadə edilməsinə yönəlmişdir və mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir.

İqtisadiyyatın inkişaf etdirilməsi və sabitləşdirməsinə mühüm istiqamət – xarici investisiyaların cəlb edilməsidir.

Azərbaycan Respublikası digər MDB ölkələrinə nisbətən əlverişli resurs və başqa imkanlara malikdir. Belə ki, Azərbaycanın ərazisində neft və təbii qazın, dəmir və polimetal filizlərin, kimya sənayesi üçün xammalın iri yataqları mövcuddur.

Respublika emal sənayesinin müxtəlif sahələrinin inkişafı üçün kifayət qədər kənd təsərrüfatı xammalı bazasına malikdir. Bundan başqa, bu xammal resurslarının və onların emalına əsaslanan müəssisə və istehsalların çoxu gəlirli və öz xərcini çıxaran sayılır.

Son illərdə xarici investorların davranışı praktiki olaraq bütün kreditləşmə proqramları üzrə ən çox cənubi-şərqi Asiya ölkələrinə yönəldilir. Respublikamız da istisna təşkil etmir

Azərbaycan Respublikasında investorların məhsulun pay bölgüsü haqqında konsessiyalar və sazişlər əsasında cəlb edilməsi öz inkişafını tapmışdır. Bu forma başqa ölkələrdə olduğu kimi, ilk növbədə xarici investisiya qoyuluşlarının yeraltı sərvətlərin, meşə və resursların işlənməsinə, dövlət torpaqlarının istifadəsinə tətbiq edilir. Xarici investorlar arasında artıq konsession əsaslarda bir sıra Azərbaycan yataqlarının mənimsənilməsi üçün tenderlər keçirilməsinə baxmayaraq, artıq cəlb edilmiş birbaşa investisiyaların strukturunun təhlili ilk növbədə onların dar sahəvi istiqamətinə dəlalət edir. Bu investisiyaların böyük bir hissəsi ya ixracat istiqamətli sahələrə - yanacaq-energetika kompleksinə (YEK), ya da qısa müddətə geri qaytarılan yüksək gəlirli və kiçik fond tutumlu layihələrə yönəldilir – ticarət, telekommunikasiyalar, ictimai iaşə, iri şəhərlərdə idarə və mehmanxana binalarının tikintisi, yeyinti sənayesi, maliyyə xidmətləri və s.

1994-cü ildən başlayaraq qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan “açıq qapı” siyasətinin həyata keçirilməsi, xarici investisiyaların qorunmasına təminat verilməsi və sahibkarlıq fəaliyyəti üçün əlverişlı mühitin yaradılması nəticəsində Azərbaycanın milli iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi ildən-ilə sürətlə artmaqdadır. “Əsrin kontraktı” adlanan neft müqavilələrinin bağlanması ilə 20 sentyabr 1994-cü ildən start götürən və ölkəmizə xarici sərmayə axını ilk illərdə əsasən Azərbaycanın neft sektoruna yönədilırsə, sonralar iqtisadiyyatın digər sahələrinə yönəldilmişdir. Göründüyü kimi, xarici kapitalın ölkəmizə axını, xarici investorlarda marağı getdikcə artırır. Bu bilavasitə Azərbaycanın zəngin təbii ehtiyatlarının, xammal resurslarının olması ilə yanaşı, kifayət qədər ucuz işçi qüvvəsinin olması, eyni zamanda ixtisaslı, elmi-texniki kadr potensialının mövcudluğu, Azərbaycanın tutduğu coğrafi mövqeyi-nəqliyyat əlaqələri və onun məhsullarını dünya bazarına çıxara bilməsi üçün əlverişli şəraitin olması ilə əlaqələndirir.

Beynəlxalq əmək bölgüsündə bu amillər Azərbaycan Respublikasının bugünkü vəziyyətini əhəmiyyətli dərəcədə real ifadə edir. Ölkə dünya iqtisadiyyatı sahəsində xammal resurslarının və ilkin xammal məhsullarının ixrac edəni və ilk növbədə istehlak tələbatını nəzərdə tutulmuş xarici yüksək texnoloji məhsul və xidmətlərin idxal edəni kimi çıxış edir. Eyni zamanda, investisiyaların bu cür sahəvi strukturu ilk növbədə xarici investorların hansı kateqoriyaların yüksək risklərə və əlverişli investisiya mühitinə görə, Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşları etməyə etməyə hazır olduğuna dəlalət edir. Bu, hər şeydən əvvəl, aşağıdakı amillərə bağlıdır:

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarını, Azərbaycanın təbii resursları və daxili bazarına yol tapmaq üsulu hesab edən iri transmilli korporasiyaların fəallığı. Azərbaycan Respublikasına investisiyalar onlar üçün qlobal uzunmüddətli investisiya strategiyasının nisbətən böyük olmayan hissəsidir, bu da onları yüksək risklə və qoyuluşların müvəqqəti mənfəətsizliyilə barışmağa sövq edir. Bu sıradan olan xarici investorlara Azərbaycan Respublikası yanacaq energetika kompleksində “EKSON”, “AMOKO”, “RAMKO”, “Energetika Kompani”, “Statoyl”, “Bi-Pi AMOKO”, “Şevron”, “TRAO”, “Britş Petroleum”,”Likoyl”, “Penzoyl” və s.

Yeyinti sənayesində Bakı “Koka-kola”, “Azərsun Holdinq” şirkətlər qrupu, maliyyə sahəsində “Sibank” və s. investisiya qoyan investorları aid etmək olar;

Azərbaycan iqtisadiyyatına yüksək rentabellik və ayrı-ayrı layihələrin sürətlə ödənilməsinə, hər şeydən əvvəl, ticarətdə, tikintidə və xidmət sahəsində cəlb edilən orta və xırda xarici kapital-bir qayda olaraq, çox da yüksək kapital xərclər tələb etməyən, investorların gözlərində Azərbaycan Respublikasının investisiya mühitinə məxsus ümumi çatışmazlıqları və riskləri örtür;

Xarici ölkələrdə Azərbaycan diasporunun nümayəndəliklərindən olan investorlar, həmçinin Azərbaycan Respublikasından qanunsuz xaricə aparılmış və orada qanuniləşdirilmiş kapitalı qoyan şirkətdir. Bu cür investorlar üçün ilk növbədə, yüksək rentabelli və sürətlə ödənilən layihələrə qoyuluşlar xarakterikdir; Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların risk dərəcəsi, xarici investorlar üçün yerli spesifikanı yaxşı bilməmələri, ölkədə geniş iş və status əlaqələrinin olmaması hesabına xeyli yüksəlir. İnvestorların bütün göstərilən kateqoriyaları praktiki olaraq öz investisiyalarını daha ağır iqtisadi vəziyyətdə olan qoyuluşlarana məxsus ümumi risklərlə yanaşı, investorları aşağı rentabellik səviyyəsi qorxudur və Azərbaycanın maşınqayırma və metallurgiya müəssisələrinin əksəriyyəti üçün xarakterik olan müəssisələrin texniki cəhətdən yenidən qurulması üzrə uzunmüddətli investisiya proqramlarının zəruriliyi, daha sabit iqtisadiyyatı olan ölkələr tərəfindən yüksək rəqabət qorxudur.

Xarici investisiyaların böyük bir hissəsi ya inkişaf etmiş ticarət, nəqliyyat və istehsal infrastrukturu və yüksək istehlak tələbatı olan regionlara, ya da Yanacaq Enerji Kompleksi (YEK) müəssisələrinin yüksək ixracat istiqamətli sıxlığı olan regionlarına yönəldilir.

Birbaşa xarici investisiyaların qeyri – bərabər sahəvi və ərazi bölgüsünə yuxarıda göstərilən meyli özünün bütövlükdə iqtisadiyyat üçün böyük olmayan həcmi ilə birlikdə birbaşa xarici investisiyaların praktiki əhəmiyyəti haqqında nəticə çıxarmaq olar. Xarici kapital bütövlükdə milli iqtisadiyyatın inkişafına o qədər də köklü təsir göstərməyərək yalnız istehsalın , ilk növbədə xarici tələbata yönəldilmiş bir neçə dar bölmələrində - artım “katalizator” rolunu oynayır. Bu meylin inkişafı (hətta xarici investisiyaların kəmiyyətcə artımında) Azərbaycan iqtisadiyyatının respublika daxili tələbatının ödənilməsinə yönəldilməsi istehsalın strukturunun pozulmasına gətirib çıxara bilər ki, bu zaman əhəmiyyətli dərəcədə xarici kapitalın nəzarət etdiyi qabaqcıl ixrac istiqamətli sahələr arasında əlaqələrin pozulması və dərin texnoloji ayrılıq və yalnız daxili tələbata yönəldilmiş başqa primitiv, aşağı məhsuldarlıqlı istehsal sahələrinin inkişafını ləngidir.

Bu meylə yol verməmək və Azərbaycan sənayesinə birbaşa xarici investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırmağa , aydındır ki, xarici investisiyaların cəlb edilməsi üzrə kompleks dövlət proqramının işlənməsi yolu ilə nail olmaq olar. Bir sıra xarici ölkələrin təcrübəsini nəzərə alaraq, bu istiqamətdə Azərbaycan üçün zəruri olan tədbirlər sırasına ümumi siyasi və makroiqtisadi vəziyyətlə yanaşı , aşağıdakılar daxil edilə bilər :

- təsərrüfat subyektləri arasında, həmçinin respublika və yerli hakimiyyət strukturları arasında mülkiyyətin dəqiq müəyyən edilməsi ;

- konsessiyalar və məhsul bölgüsü üzrə normativ baza da daxil edilməklə, sabit iqtisadi və xarici ticarət qanunvericiliyinin yaradılması ;

- vergi yükünün aşağı salınması və vergi strukturunun sadələşdirilməsi ;

- xarici investisiyaların sığorta mexanizminin yaradılması.

Qeyd etmək lazımdır ki, bu tədbirlərin reallaşması bu günün işi olmasa da, yaxın gələcəyin işidir. Xarici investisiyaların cəlb edilməsində dünyanın başqa ölkələri tərəfindən yüksək rəqabət şəraitində Azərbaycana birbaşa xarici investisiya qoyuluşlarının həcminin ilbəil artırılması, onun iqtisadiyyatın bütün sferalarına yol tapmasına bütün səviyyələrdə şərait yaradılmalıdır.



2.2. İnvestisiya qoyuluşunun forma və maliyyələşmə mənbələri
Investisiya qoyuluşu iqtisadiyyatın sahələri üçün yeni qurğuların, alət və cihazların, texnoloji proseslərin, istehsal korpuslarının və s. yaradılmasını və tətbiqini əhatə edən uzun müddətli bir prosesdir. İnvestisiya qoyuluşu əsaslı tikinti, elmi-tədqiqat, təcrübi konstruktor işləri kimi uzunmüddətli layihələrin yaradılması və həyata keçirilməsi deməkdir. Bu işin ilkin mərhələsi maliyyələşmədir.

Investisiya qoyuluşu (uzunmüddətli layihələr) iki : daxili və xarici mənbələr hesabına maliyyələşdirilir. Uzunmüddətli layihələri maliyyələşdirmək zəruriliyi yarandıqda firmalar maliyyələşdirmənin daxili və xarici mənbələrini əlaqələndirməyə cəhd göstərirlər.

Investisiya qoyuluşunun maliyyələşdirməsinin iki daxili mənbəyi vardır :

1. İnvestisiyalaşan mənfəət

2. Aktivlərin realizasiyası

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə