F. H. Zeynalov




Yüklə 1.55 Mb.
səhifə7/19
tarix22.02.2016
ölçüsü1.55 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   19

IV.3. Həşəratlar və intensional işarələr
Öz tədqiqatları nəticəsində hələ R.Dekart yazırdı ki, insan davranışının bütün aspektləri ona əsasən izah oluna bilər ki, heyvan bir avtomatdır, onun yeni ifadələr düzəltmək qabiliyyəti yoxdur, yeni fikirləri dilə gətirməz ki, onlar yeni şəraitə uyğun gəlir. Onun fikrincə, düşünək ki, elə bir maşın düzəlib ki, o söz­ləri özündən deyəndə və lazım gələndə müəyyən bədən hərəkət­ləri edir, bu da onun bədən üzvlərində dəyişiklik əmələ gətirir, ona bir yerdən toxunanda soruşur ona nə demək istəyirsən, başqa yerdən toxunanda qışqırır ki, ağrıdır və eynilə o sözləri heç nədən elə düzür ki, ona hazırda nə demək istədiyin fikri tutur, bütün bunlara küt düşüncəli adamlar qabildir.6

Yeganə fərq ondadır ki, avtomatlar heç vaxt sözlərdən və di­gər işarələrdən istifadə etmir, onları bizim kimi quraşdıra bilmirlər ki, başqalarına məlumat versinlər. Bu spesifik insani qabiliyyətdir, intelegentlikdən asılı olmayaraq anadangəlmə qabiliyyətdir.7

İndi ciddi maraq doğuran məsələ ondan ibaraətdir ki, görəsən həşəratlar (antropoidlər, meymunlar, delfinlər və s.) intensional işarə­lərdən istifadə edirlərmi? Bu suala cavab “heyvanların intel­lekti varmı?” sualına gətirib çıxardır. Bu məsələyə aydınlıq gətir­mək üçün alimlərin (Y.P.Pavlov və onun şagird­lərinin) apardıqları iki təcrübənin yekunlarını qısa şəkildə şərh edək. Qəfəsdə şimpanze yerləşdirilir, onun yanına taxtalar qoyulur. Qəfə­sin qarşısında qida qoyulur. Taxtalardan birinin uzunluğu qidaya çatmaq üçün kifayət edir. Şimpanze qəfəsə salınanda qidanı görür, qəfəsdə o tərəf bu tərəfə boylanır, qidaya çatan taxtanı görüb qəfə­sin deşiyindən qidanı çəkib qarşısına yeməyə başlayır. İkinci təc­rübədə qidanı qəfəsin üzərindən asırlar. Qəfəsə müxtəlif ölçüdə qar­maqarışıq qutular qoyulur. Şimpanze qidanı görür, məsafəni mü­əy­yənləşdirir, sonra iri qutuları altdan, xırdaları isə üstdən qo­yaraq qidaya çatana qədər üst-üstə yığır. Onların möhkəmliyini yox­layır, sonra qutuların üstünə qalxıb qidanı götürür. Bütün bunlarda intellektin əlamətləri görünürmü? İndi bu təcrübənin nəticələrini düzgün şərh etməkdən çox şey asılıdır.

İ.P.Pavlova görə, antropoidin intellekti assosiativ təsəv­vür­lər­dən ibarətdir. Əlbəttə, meymunun taxtadan istifadə etməsi məşq­lərin nəticəsidir. Bunu sübut edən fakt odur ki, ikiyaşlı meymun qəfə­sə salınanda heç bir hərəkət etmir. Əvvəl o, taxtalardan istiqa­məti müəyyənləşdirmək, sonra oynamaq üçün istifadə edir. Yox­la­ma va­si­təsilə meymun yəqin edir ki, taxtalar bərk cisimlərdir, ondan zərbə endirmək üçün istifadə etmək olar. Yalnız bundan sonra qidanı əldə etmək üçün təcrübə keçirməyə başlayırlar. Sonda qida ilə taxta ara­sında assosiasiya yaranır. Uzaqda olan qida meymunun yaddaşında taxtanın obrazını, izini yaradır ki, onunla qidanı qaba­ğına çəkə bilər. Əvvəl bu assosiasiya zəif olur, sonra şimpanze tax­tanı görən kimi, ondan istifadə qərarına gəlir. Qida ilə taxtanın ara­sındakı əlaqə güc­lən­dikcə ondan hətta taxta görün­məyəndə belə isti­fadə vərdişi əldə edi­lir. Şimpanze ora-bura baxır, taxtanı axtarır, sonra onu tapıb qi­danı qabağına çəkir.

Qutulardan piramida quran şimpanze üzərində təcrübə bu­nunla yekunlaşır. İlk öncə şimpanze özünü bir təhər aparır. O bir-birinin ardınca bir neçə cəhd edir, nəhayət, istədiyinə nail olur. Şim­panze piramidanı başqa yerdə qura bilərdi, əvvəl balaca qutuları, sonra böyükləri düzəndə, onda qurğu davam gətirməzdi. Çoxsaylı cəhdlərdən sonra şimpanze başa düşür ki, qurğu qidanın altında qurulmalı və əvvəl iri qutular, üstündən isə kiçik qutular qoyul­malıdır ki, yıxılmasın. Deməli, şimpanzenin beynində assosiasiyalar həlqəsi yaranıb. Qida piramida obrazını yaradıb, özü də irilərin üstündə xırdalar olmaqla. Yəni, onun davranışı düşündürücüdür. İ.P.Pavlov yazırdı ki, meymunlarda insanlarda olduğu kimi, əvvəlki qıcıqlardan və reflekslərdən ibarət xüsusi daxili aləm mövcuddur.8 Heyvanlarda bu çox zəif, insanlarda isə çox qüvvətli olur, çünki biz 70-80 il əvvəl baş verən olayları xatırlayırıq9. Lakin zəiflər də sonradan assosiasiyaların çox da mürəkkəb olmayan həlqələrini əmələ gətirə bilir.

Bu zəif və primitiv assosiasiyalar, İ.P.Pavlova görə, meymun intellektinin mahiyyətini təşkil edir. Burada biz “konkret təfəkkürlə, sözsüz ,heyvan təfəkkürilə üz-üzə gəlirik”10



IV.4. Bəzi heyvanların “ünsiyyəti” insanlarınkına yaxındır
Heyvanın konkret təfəkkürü insanın abstrakt təfəkküründən onunla fərqlənir ki, insanda bu, ikinci siqnal sistemilə həyata keçir. Danışan daxili nitqilə hissetmə orqanları vasitəsilə ilə dərk olun­ma­yan şeylər haqqında fikir yürüdə bilər. Düşünmək, götür-qoy etmək, ölçüb-biçmək heyvanlarda yoxdur. Heyvanlarda konkret təfəkkürün rüşeymləri tamamilə hər hansı predmetin qavranıl­masında asso­si­asiyaların oyanmasından asılıdır. Şimpanzedə qida tax­ta asso­si­ya­siyası ilə oyanır. Başının üstündəki bananı qutulardan düzəltdiyi pi­ramida ilə əlaqələndirir. Meymun heç nə dərk etmirsə, o düşünmür. Onun düşüncəsi obrazların primitiv assosiya­siya­la­rın­da­dır ki, o da konkret situasiyada, əyani görünən şəraitdə mümkün olur.

Deməli, antropoidlər primitiv assosiasiya obrazlarına söykənən intellekt rüşeyimlərinə malikdir. Ona görə də onlarda intensional dildən danışmaq olarsa, yalnız rüşeym halında ola bilər.

Mütəxəssislər antropoidlərdə səsli dilin tərkibi haqqında belə bir yekdil fikirdədirlər ki, o, çox məhdud və tərkib hissələrinə bölün­məyən şəklindədir. Gim və Penzi adlı şimpanzelərin səslərini öyrənərkən onlarda cəmi 32 elementin olmasını qeyd edirlər. Mey­munların səs inventarının az olduğunu deyənlər də vardır.

Ancaq onların işləməsilə bağlı fikirlər haçalanır. Bəziləri deyirlər ki, meymunların dili intensionaldır. Meymun öz hərəkətləri və xüsusi yolla səsləri ötürür, anlamı dərk edir, səslərlə nə demək istədiyini başa düşür. O gözləyir və cavab olmadıqda dediklərini təkrar edir və müraciət etdiyi tərəfə baxır, tək olanda heç nə demir, yalnız həmsöhbəti olanda insan kimi meymun da “danışır.”

Lakin çoxları bu versiyanı qəbul etmirlər, deyirlər ki, mey­munların çıxardığı səslər emosiyadır, onlar qorxunu, hissi, həyəcanı bildirir. Ancaq bununla meymunların intensional dili olması barədə fikirlər rədd edilmir.

Bəzi təcrübələr meymunlara yeməyi səslərlə ifadə etməyi həyata keçirmişdir. Fındıq istəyəndə meymun “kx”, peçenye istəyəndə “kx-kx”, üç dəfə “kx” deyəndə qənd istəyirmiş. Başqa bir təcrübədə isə yemək istəyəndə meymun “tse-tse” və ya “qm-qm” deyirmiş. Adətən bu səsləri meymun başqa meymunlarla kontaktda olanda çıxarırmış.11

Meymuna insan dili öyrətmək cəhdləri də olub. Ancaq burada uğur o qədər də böyük deyil. Onlar eşitdikləri səsi deyə bilmirlər. papuqaylara nisbətən onların bacarığı çox məhduddur. Mütəxəs­sislər buna münasibət bildirərək yazırlar ki, ya heyvanlarda Broka danışıq mərkəzi yoxdur, ya da onun qıcıqlanması kifayət qədər deyildir. Hər halda meymunlar çətinliklə insan səslərini deməyi öyrənirlər.

6 ay məşqdən sonra Oranqutan “papa” sözünü deyə bilib. Meymun elə bilirmiş onu öyrədən müəllimi Farensin özü papadır. Ondan şoruşanda “papa hanı?” o ya Farensi göstərirmiş, ya da onun çiyninə vururmuş. Bir də oranqutanı suya buraxanda, o qorxu­sundan Farensi bərk qucaqlayıb öpərək “papa, papa” deyirmiş. Bir dəfə oranqutan xəstələnir, gecə oyanıb “cap” deyir, Farens başa düşür ki, oranqutan su istəyir. İngiliscə “cap” /fincan/ deməkdir.12

Əlbəttə antropoid “papa” və ya digər səs kompleksləri deyən­də sözün anlamından söhbət gedə bilməz. Bunu bilmək üçün real həyatda insanlar arasındakı münasibətləri nəzərdən keçirmək lazımdır (ata, ana, uşaq və s.). Bu isə insanlara xasdır. Antropoidlər isə yalnız zahiri assosiasiyalara əsaslana bilirlər. Bundan kənarda onlar üçün heç nə yoxdur. Bu sözləri bildirən səs kompleksi yam­sılama ilə assosiasiya oyadıb və yalnız intensional dilin rüşeyimlərini xatırlada bilər.

Meymunlar bir neçə sözü çətinliklə olsa da öyrənir, ancaq daha geniş həcmdə başa düşmür (konkret təfəkkür anlamında). Farens yazır ki, mən deyəndə “ağzını aç”, “dilini çıxart” və s.-i yaxşı başa düşürdü. Hətta oranqutan komandaları da başa düşürdü; topla oyna, əlini ver! ver mənə! və s. “Tutaram” deyəndə oranqutan qaçırmış. Deməli, meymunlar səslərin ifadə etdiyi mənalara laqeyid olmurlar. Ancaq söhbət anlayışlardan getmir. Bu, o deməkdir ki, müəyyən təsəvvürlər səslərin anlamını başa düşməyə imkan verir. Farens yazır ki, meymunlarda jestlər, mimikalar və pozalar mühüm rol oynayır (itlərdə isə mırıltı, hürmə və s.). Deməli, antropoidlərin səsli ünsiyyəti çətin olur.

Həmcinslər arasında əlaqələr kifayət qədər zəngindir. Bu da jest, mimika və poza ilə həyata keçirilir.

Mütəxəsisslər yazırlar ki, şimpanzelər bir-birilərinin emo­sional vəziyyətini, həm də arzularını yaxşı başa düşürlər. Burada imitasiya mühüm rol oynayır. Məsələn, şimpanze istəyəndə ki, onu müşayiət etsinlər, o, itələyir, adamın əlindən dartır, getməyə cəhd edir. Banan istəyəndə tutmaq hərəkətini mimika ilə edir. Kifayət qədər uzaqda olan meymun əlinin jestilə başqasını yaxına gəlməyə çağırır. Bəzən bu, insan hərəkətinə oxşayır. Məsələn, su içmək istəyəndə meymun dodaqlarını adamın əlinə sürtür, istəmədiyi şeyi ona verəndə əlilə o yana itələyir, dodağını büzüşdürür. Təcrübələrdə belə hallar da olub: meymuna bir neçə jeton verilib. Onları avtomata qoyub düyməni basmaqla onları əldə edib. Ancaq ona jeton verilməyəndə, israr edib ki, ona jeton versinlər.

Bir təcrübədə isə ağır qutunu çəpərin yanına qoyurlar. Meymunun ona gücü çatmır. Meymun kömək üçün adamlara üz tutur. O, başqalarını əlilə özünə köməyə çağırır. Ətrafdakı meymun reaksiya verməyəndə birinci meymunu o təhrik edir, onu itələyir, birgə işə dəvət edir. Burada intensional ünsiyyətdən danışmaq olar.

Antropoidlərdə danışıq məkanı olmadığından bəziləri səsli dili jest dililə əvəz etməyi məsləhət görürdülər. Bununla daha çox şey əldə etmək olur. Lakin bu sahədə hələ az iş görülüb. Məsələn, makakanın barmaqlarını qatlamağa öyrədiblər (çörək, alma və s. görəndə). Çörək və alma daha uğurlu nəticələr verib: alma istəyəndə əlini yuxarı qaldırıb barmaqlarını açırmış, çörək istəyəndə barmaqlarını yumurmuş.

İntensional dil işarəsi bəsit haldadır, ancaq bu insandakından çox-çox uzaqdır.

Delfinlərin dili olması məsələsi çox mübahisəlidir. Bir şey aydındır: delfinlər meymunlara nisbətən daha tez şərti reflekslər qazanırlar. Təcrübələr göstərdi ki, kit şəkilli delfinlər çox mühüm məlumatları bir-birinə ötürür və bir-birini məlumatlandırırlar. Gü­man edilir ki, yaxın 10-20 ildə delfinlərlə əlaqə yarada biləcəyik. Onlar bizə okeanlar haqqında məlumatlar ötürə biləcəklər. Ancaq bu o qədər də asan başa gəlməyəcək. Məsələn, kitəoxşar iri dəniz heyvanlarının sürüsü adamlara balıq tutmağa mane olurlar. Gəmidən onlara atəş açırlar. Onlar təhlükəli zonanı tərk edib ge­dirlər, təxminən 50 mil2. Lakin sonra yenə mane olmağa çalışırlar. Bəzi gəmilərin burnunda ucu şiş şey olur. Onlardan açılan güllə adama dəyib partlayır. Onlara bağlanmış kəndirlə gəmini dartıb çıxartmaq olur. İri dəniz heyvanı onu görüb öz həmcinslərinə işarə göndərir ki, onlar ehtiyatlı olsunlar.

Tədqiqatçılar yazırlar ki, iri dəniz heyvanı bildirir ki, təhlükə gəmidən gəlir. Buna sübut o heyvanların gəmidən uzaqlaşmasıdır. Səbəb başqa şey də ola bilər. Ola bilər ki, panikaya düşmüş hey­vanlar qaçarkən qopan dalğa onları duyuq salıb. Deməli, yem amil­lərin olması istisna olunmur. Hazırda güman edilir ki, heyvanlar mə­safəni dəqiq müəyyənləşdirirlər. Bu isə bir az fantaziyaya oxşayır.

Hər halda sübut və tədqiqatlar lazımdır. Bəzən qeyri-ciddi metodla elmi nəticələr çıxartmaq yaxşı olmur. Məsələn, Hans adlı atla XX əsrin əvvələrində alman tədqiqatçısının aqibəti buna bariz nümunədir. Guya Hans danışa bilirmiş. Guya o, bölməni, çıxmanı, kök altından alınmanı bilirmiş. Əlbəttə, bunlar hamısı fantaziya seriyasındandır. Bu cür səhvlər əsl tədqiqatları çaşdıra bilər.



Bütün bu deyilənlərdən sonra belə ümumiləşmələr aparmaq düzgün olardı. Heyvan psixologiyasını öyrənməklə biz aşağı səviyyəli canlı aləmin ünsiyyət mexanizminə bələd oluruq. Bununla da insan dilinin o ünsiyyətdən fərqini daha ətraflı öyrənə bilirik. Arıların ünsiyyətindən çıxış edib insan dilini daha mükəmməl öyrənmək olur. Arılar, doğrudan da, informasiya düzəldir, onu qəbul edib öz “yaddaşlarında” saxlayıb ona mvafiq reaksiya verir və müxtəlif somatik vasitələrlə simvollaşdırırlar. Fakt orasındadır ki, onların davranışı ilə verdikləri işarə arasında bir “konvensional” uyğunluq var. Bu da imkan verir ki, başqa arılar “ifadələri” qəbul edib onlara müvafiq hərəkətlər (rəqslər) edirlər Dildə də müəyyən gerçəkliyə yönələn işarələri fomalaşdırmaq və onları şərh etmək insanın qabiliyyətinə və ya səriştəsinə aiddir, təcrübəyə əsaslanaraq eşitdiklərini tərkib hissələrinə bölmək səriştəsinə malikdir. Arıların verdiyi xəbərdə 3 cəhət var: qida mənbəyinin yeri, istiqaməti və uzaqlığı. Dairəvi rəqs, həm də onun müəyyən məsafədə yerləşdiyinə dair xəbər verir. İkinci rəqs isə qidanın istiqamətini və uzaqlığını bildirir. Burada situasiya və funksiya sanki dildəki kimidir, çünki dildə olduğu kimi arılarda da eyni həmcinslərin müəyyən dəstəsi mövcuddur və bu dəstənin hər bir üzvü eyni şəkildə rəqslərdən istifaə edir və başa düşə bilir. Ancaq insan dilindən fərqlər yetə­rincədir. İlk öncə arılarda ünsiyyət rəqslərlə ifadə olunur, onlarda insanın danışıq cihazına bənzər bir şey yoxdur. Arılardakı ünsiyyət səsli olmadığından labüd olaraq görmə həlledicidir, özü də günəş işığında baş tutmalıdır, yəni qaranlıqda bu mümkün deyildir. Məlumdur ki, insan dilində bu məhdudiyyət yoxdur. Digər fərq ondan ibarətdir ki, arıların ünsiyyətində ətrafdan cavab gəlmir, insan dilindəki dialoq burada yoxdur. Səlis dildə cavab verilən mə­lumata reaksiyadır. Arılar başqa məlumatdan yeni məlumat düzəltmək iqtidarında deyil. Dildə isə cavab təcrübəyə və situ­asi­yaya münasib olur. Arıların informasiyası yalnız qida ilə bağlıdır. Onlar gerçəkliyi xüsusi simvolizmlə imitasiya edir. Nəhayət, arıların “dilini” tərkib hissələrinə bəlmək olmur. Onlarda ümumi məzmun məkanla bağlıdır və A.Martine (1908-) demişkən arıların məlumatlarını ikili üzvlənmə baxımından təhlil etmək olmur. İnsan dili selektiv və distinktiv əlamətləri olan fonem, morfem, leksem və s.-yə parçalanırsa, arıların dilində belə konstruktiv elementləri tapmaq olmur. E.Benvenist arıların ünsiyyət prosesini bütövlükdə səciyyələndirərək belə yazır: “... söhbət dildən yox, siqnallardan iba­rət koddan gedir. Bütün əlamətlər buradan yaranır: məlum məz­mun, məlumatın dəyişməzliyi, yalnız bir məqama bağlılıq, söyləmin bölünməz təbiəti, onun qarşılıqlı ötürülməsi.”14
IV.5. Fəslin ədəbiyyatı və qeydlər
1. E.Benveniste. Die Kommunikation bei den Tieren und die menschliche Sprache. İn: “Probleme der allgemeinen Sprachwissenschaft”. München, 1974, s.69.

2. А.A..Ветров. Семиотока и ее основные проблемы. М., «Изд-во политлитературы», 1968,s. 188.

3. Yenə orada, s. 190.

4. K.von Frisch. Bees, the Vision, Chemical Senses and Language. Cornell University Press. Ithaca, N.-York, 1950. Son illərdə heyvanların, xüsusilə də arıların “dilindən”semiotik baxımdan geniş məlumat verərək T.A.Sebeok bu sahəni zoosemiotika adlandırır. Bax: T.A.Sebeok. Essays in Semiotics. University of Toronto Press 1990; S.Petrilli and A.Ponzio.T.Sebeok and the Signs of Life. Postmodern Encounters. İcon Books Uk.2001; V.Veysəlova. Uşaq dilinin formalaşması və inkişafı. ND, Bakı, 2002; F.Yadigar (Veysəlli). German dilçiliyinə giriş. Bakı, 2003, s.45-47, 98.

5. E.Benveniste. Göstərilən əsəri, s.71-72.

6. А.A.Ветров. Göstərilən əsəri, s.191-197.

7. R. Descartes. Abhandlung über die Methode.5. Teil. Buchenau, 1949, s.47;

Chomsky N. Cartesianische Linguistik. Ein Kapitel in der Geschchte des Ratrionalismus. Tübingen, 1971, s. 6.



8. Павловсkие среды, 1, m. 1949, М. s. 154.

9. Yenə orada, m. III., s.97.

10. Yenə orada, s.8

12. А.A..Ветров. Göstərilən əsəri, s.197-211.

13. Yenə orada.

14. E.Benveniste. Göstərilən əsəri, s.76.

V. İnsan dilinin yaranması


V.1. İlkin dil haqqında


Semiotik yanaşma dilin yaranması haqqında mülahizələrə nə verdi? Meymunların dilini öyrənməklə biz müəyyən edə bildik ki, onlar sadə əlaqələr əsasında intensional dildən istifadə edə bilirlər. Sonralar bu qabiliyyət daha da inkişaf etdi. Müəyyən şəraitdə onlar artan maraq göstərməyə məcbur olurlar. Meymunlar hərəkət edirlər ki, yem tapsınlar, pis havadan və düşməndən qorunsunlar. Baş­lan­ğıcda onlar təbiətdə olan, sonralar isə özlərinin düzəltdiyi əşya­lardan istifadə edirlər. Fəaliyyət prosesində meymunabənzər canlılar şeylər arasında əlaqəni tutmağa çalışırlar. Özü də bu dairə daim genişlənir. Digər tərəfdən yeni şərait onları birlikdə hərəkət etməyə məcbur edir. Dil işarələrindən ünsiyyət vasitəsi kimi istifadə mər-hələsində fərdlərin birləşməsi zərurətə çevrilir.

Meymunlarda ünsiyyət vasitəsi kimi jestlər çıxış edir, insanlığın ilkin mərhələsində isə səsli dil daha böyük əhəmiyyət kəsb edirdi. Məhz səsli dil qrammatik strukturlardakı fərqləri daha yığcam ifadə etməyə imkan verir.

Səsli dil əllərin ünsiyyətdən azad olmasına imkan verdi, insan qaranlıqda, aralı məsafədə olarkən məlumat alıb verməyə şans qa­zan­dı (bax: şəkil 9)

İlkin insanların dili, söyləmi necə olub? Yəqin ki, o zaman çağrışın hərəkətə sövq etmək faktları nəqletmə faktından daha geniş yayılıbmış. /Hava soyuqdur// və ya /Bağda gözəl güllər var// kimi cümlələr demək üçün ilk insanlar abstraksiya və ümumiləşmə



Şəkil 9. Insanlarin ünsiyyəti

aparmağı bacarmalı idilər ki, bu sözləri bir-birinə bağlayıb nəsə desinlər. Bu, ömründə xalça toxumağı bacarmayan adamdan birdən-birə xalça toxumağı tələb etməyə bənzəryir. Uzun təcrübə yolu keçən insan xalça toxuya bilər. Dil baxımından insan da, güman ki, ilkin mərhələdə bu cür vəziyyətdə olub. O yalnız olanı göstərir və adlandırır, nə etmək lazım olduğunu şərh edə bilmir. Xalçanı toxumağı bacaran adam bütün istifadə etdiyi iplərin ilmə şəbəkəsini aydın dərk edir, naxışların modellərini öz təsəvvüründə yaradır və praktik cəhətdən onların bir-birinə bağlanmasını həyata keçirir. İnsan da ilkin danışıq mərhələsində ayrı-ayrı predmet və əşyaların adlarını deyir: /su/, /ma/, /mama/ və s. Bu cür holofrastik “cümlələr” onun ehtiyac duyduğu şeylərə işarədir. O hələ felləri işlədə bilmirdi, uzaq başı ancaq əmr formalarını mənimsəmişdi: /ver/, /al/ və s.

Ancaq insanın anasına və ya bacısına ilk söyləmi hansısa hərəkətə çağırış olub, bunu psixoloqlar da təsdiq edirlər. Elə meymunları götürək. Onların istənilən işarəsi hansısa hərəkətə sövq üçündür. /Gedək/, /gəl/, /bura gəl/ və s. Uşağın ilk söyləmləri belə olur. Məsələn, səhər-səhər yumurta yeyən uşaq birini də istəyirsə /a-a/ ya /e-e/ deyir, yəni birini də istəyirəm. 11 aylığında uşaq oyuncaqlardan topu istəyəndə /e-e/ deyirdi. Bir az sonra uşaq /çay/ istəyəndə susuzladığını bildirmək üçün /ver/ kəlməsini /mənə çay ver içim/ söyləmi əvəzində dilə gətirirdi1.

Deməli, uşaq dilinin son illərdə intensiv tədqiqi göstərir ki, ilk söyləmlərin məzmunu həmsöhbəti hərəkətə gətirmək, onu nəyəsə sövq etmək istiqamətində olur. Görünür, cəmiyyətin ilkin mərhələsində də ünsiyyət məhz bu cür olmuşdur. Tədqiqatlar göstərir ki, kişilərin müraciətində felin əmr formaları üstünlük təşkil edir. Müq.et: /ver/ # /verginən// və ya /al/ # /alsana/ və s.

Bəzən deyirlər ki, ilkin söyləmlərdə instinktiv çağırışların maddi tərəfini təşkil edən çığırtılar ixtiyari olsalar da, müyyən məna daşıdıqları üçün ünsiyyət rolunu oynamışlar, çünki meymunların bu cür çığırtısına o biriləri müəyyən reaksiya verirlər. Ola bilər ki, hansısa bir şəraitdə onlar anlaşılmazlıq yaratsın. Fərz edək ki, meymunabənzər canlı alovun üstünə ağır odun parçası qaldırıb atmaq istəyir. O, köməyə çağırır, instinktiv çağırış edir, deyək ki, həyəcan siqnalı verir, onda o gözlədiyinin əksinə nail olursa, hey­vanlar bu çığırtını eşidib o yan-bu yana qaçışırlarsa, köməyə gəlmirlərsə, deməli, o siqnal gözlənilən effekti verməyib. Yəni his­sə­lərinə bölünən işarənin səsləndirilməsi ünsiyyətdə yeni mər­hələnin yaranmasını tələb edir ki, bu da deyilənə reaksiya vermək deməkdir. Dil işarəsi belədə intensionallıq kəsb edir.2

Uşaq dilini öyrənməklə alimlər belə qənaətə gəliblər ki, ilkin mərhələdə insan dilinin imkanları çox məhdud olub. Uzun məşq tələb edən səsləri ilk insanlar tələffüz edə bilmirdilər. İlk səslər xüsusi səy və gərginlik tələb etməli idi. Tədqiqatlar göstərir ki, ən əvvəl dodaq samitləri və açıq saitlər tələffüz olunub.3 İlk sözlər həmin samitlərlə /a/ saitinin birləşməsi olub. Uşaqlarda da belədir: /ba, ma, pa/ və s.

Uşaqlar da ilk əvvəl akustik hissələrə parçalanmayan qığıltı və çığırtılar ifadə edirlər. Bir yaşında /a/ aydınlaşır. İlk səslər 3-9 ay arasında deyilir. Fonoloji cəhətdən signifikativ qarşılaşma yaratmayan ilk səs ardıcıllığı kipləşən-partlayışlı samit və /a/ saiti olmuşdur.Uşaq dilinə xüsusi əsər həsr etmiş V. Veysəlova yazır: “O (söhbət obyekt kimi müşahidə olunan balaca Nərgizdən gedir - F.V.) ilk 6 aylığının sonuna yaxın vaxtda saitlərin minisistemi olan /a/-/ə/ və /e/-/i/ qarşılaşmalarını, samitlərdən isə /ağız-dilönü/ korrel­yasiyasından /b/-/m/ və /p/-/n/ qarşılaşmalarını mənimsəmişdi. Bu mərhələdə Nərgiz diftonqları da reallaşdıra bilirdi”4

Bu deyilənlər dünyanın müxtəlif dillərində müşahidə olunan əlamətlərdir. Ulu dövrün insanları da eynilə ilkin olaraq həmin səs ardıcıllıqlarını tələffüz ediblər. Müasir dillərdə /ma/, /ba/ kimi birləşmələr iki fonem ardıcıllığı kimi götürülür, çünki onlardakı /m/, /b/, /a/ fonemləri dilin digər fonemlərilə kontrast yaradır və qarşılaşma sısteminin üzvləri olurlar. Uşaqlar da başlanğıc mər­hələdə onları ayırmırlar, bütöv akustik obraz kimi nəyəsə işarə edərkən işlədirlər. İlk insanlar üçün də onlar ayrılmaz bütöv olublar. Deməli, birfonemli mərhələ ilkin olub. Yəni onların ilk mərhələdə morfem bildirməsi mümkün olan şey ola bilməzdi. Bütün elmi təcrübənin və nəzəri ədəbiyyatın təhlilindən məlum olur ki, ümumilikdə 3 tip dil fərqləndirmək olar. Ilkin dövrdən başlayaraq aşağı onları belə səciyyələndirmək mümkündür:

III tip dil. İlk söyləm səs bəşər fəaliyyətinin növbəti mərhələsi üçün xas ola bilərdi. Burada ehtimallar və mülahizələr müxtəlifdir. Tədqiqatlar göstərir ki, ilk insanlarda bu, gərgin işdən sonra köks ötürərkən çıxardığı səslər ola bilər.

II tip dil. Müxtəlif elmlərin səyləri (dilçilik, zoopsixologiya, uşaq psixologiyası və s.) göstərir ki, insanların ilkin söyləmləri çox bəsit olub, insan dili tərkib hissələrinə bölünən mənalı vahidlərdən təşkil olunur. İkinci tip işarələrdən ibarət olan dildə (gəmiçilikdə) ayrı-ayrı işarələr (dairə, dördkünc, üçbucaq bayraqlar və s.) fərqləndirmə (fonem) rolunu oynayır.

Nəhayət, I tip dil tərkib hissələrinə bölünə bilən akustik obrazlardan ibarətdir. İkinci və üçüncü tip çox bəsitdir, 1-ci tip isə daha mütəşəkkil və həm fonem, həm də morfemlərə bölünə bilən dildir. Bəsitlər tarixən əvvəl olub. Sonra 2-ci tip, daha sonda isə 1-ci tip dil, əsl insan dili yaranıb. Deməli, semiotik təhlil də biz göstər­diyimiz mərhələləri qəbul edir.

İlkin mərhələdə bölünməz /da/, /ma/, /ba/ bütövlükdə fərqləndirmə funksiyasını yerinə yetirərək predmet və əşyaları gös­tərməyə xidmət etmişdir.

Deməli, səs, səs kompleksi-fonem-morfem hamısı eyni kom­pleksdə öz ifadəsini tapırdı. Dilin təkamülü məhz o deməkdir ki, göstərilən bu ardıcıllıq müəyyən mərhələdə ayrılmış, sərhədlənmiş və müasir mürəkkəb sistemli dilə gəlib çatmışdır.

V.2. Semiotika və dil
Fikrimizcə, ilkin mərhələdə ünsiyyətin isim və ya fel olmasına dair mülahizələrin təhlilinə vaxt və enerji sərf etmək mənasız bir şeydir. Halbuki bəzi kitablarda buna xüsusi bölmə həsr edilir.5 Onlarda qeyd olunur ki, ilk qığıltılar şeylər üzərində müəyyən hərəkəti bildirirlər. Deməli, ilk əvvəl nə isim, nə də fel olub. İlk sözlər nə əşyanı, nə də hərəkəti bildirib, sadəcə olaraq onlar ümumi situasiyanı və onun elementlərini bildirib. İlk insanlar belə kom­ponentlərlə antropoidlərin intensional səslərini və jestlərini ifadə edirdilər: /su/, /çay/ və s.

Deməli, insan ilkin dil mərhələsində bir situasiyanı digərindən fərqləndirməyə çalışıb. Elementlərin differensiyası sonralar olub, insanlar yavaş-yavaş ətraf mühitlə dərindən tanış olub, şeylərin və hadisələrin elementlərini fərqləndirməyə ehtiyac yarananda onların hər birinə ad tapıb və fikir ifadə ediblər. Uşaq da belə edir. Hər bir situasiya hissələrlə qavranılır. Məsələn, ilkin insan əşyanı görür, onu özü qaldıra bilməyəndə öz həmsöhbətlərinə /ver/ deyirmiş. Yəni /onu yerdən götür ver mənə//. Ancaq fikri cümlə şəklində ifadə etmək çox-çox sonralar meydana gəlib, başqa sözlə, ilkin olaraq holifrastik “cümlələr” işlənib.

Deməli, ilkin dil birfonemli və sonra birmorfemli mərhə­lələrini keçir. Təsəvvür edək ki, dildə /a/ saiti və 5 samit var. Onda biz aşağıdakı ikifonemli söz və ya morfem (təkrar nəzərə alınmadan) yarada bilərik: 5·2=10, yəni /da, ta, ka, ga, pa/ və /ad, at, ak, ag, ap/. Deməli, bu birləşmələrin hər biri bir situasiyanı ifadə edəcəkdir. O halda bir fonemlə iki və ya artıq fərqli situasiya ifadə olunur, bu bir növ omonimiya hadisəsini xatırladır, ancaq bu, ilkin mərhələdə anlaşılmazlığa gətirib çıxardacaq. Deməli, ilkin dil həqiqi ünsiyyət vasitəsi ola bilmir. Məsələn, adam /ma/ ilə həm atanı, həm də ananı çağırır. Anlaşılmaz, deyilmi?! Mütəxəsislərin fikirincə, bu cür anlaşılmazlıqlardan qaçmaq üçün ilkin insanlar eyni tərkibli birləşmələrin təkrarı ilə yeni sözlər yaratmağa başlayırdılar: /baba/, /bibi/, /nənə/ və s. Bu proses xeyli asan gedir, çünki bu cür keçidlə danışıq cihazında tələffüz məxrəcinin dəyişməsinə ehtiyac qalmır. Əvvəl-əvvəl onlar da situasiyanı bildirirlər, ancaq bu artıq irəliyə atılan ciddi addımdır. Yavaş-yavaş fonem fərqləndirilməsi başlayır. Bəllidir ki, dil bu cür artımla qane ola bilməz. İndi artıq morfemlərin tərkibində fərqli fonemlər meydana gəlir: /mənə/, /sənə/, /cızza/ və s. Bu yolla ilkin adam tələffüz məxrəcini dəyişmək vərdişlərini əldə edir, odur ki, bu, ilkin dilin formalaşmasında mühüm mərhələ hesab olunur. Bu, uşaqlarda da çətin olur. Ancaq onlar bu yolla şablondan xilas olub yeni-yeni sözlər düzəltməyə başlayırlar. Semit dillərində sözlərdə bir saitlə əhatədə müxtəlif samitlərin gəlməsilə yeni sozlər yaratmaq adi haldır: /ktb/ (katib, kitab) və s.

Ancaq bu mərhələdə də birmorfemli sözlərin situasiyaları bildirməsi öz gücündə qalır. İndi artıq bir morfemdə iki müxtəlif samit işlənir.

Dilin yaranmasının morfem səviyyəsi (bəziləri buna A.Martineyə istinadən monem səviyyəsi deyirlər - F.V.) çox maraqlı fikirlər söyləməyə imkan verir. O, ibtidai insanın məqamı ayrı-ayrı elementlərinə ayırması ilə başlanır, yəni hər bir elementi öz adı ilə birbaşa morfemlə, sözlə ifadə eləməsindən başlanır. Hər bir hərəkətdə subyekt və obyekt konkret olaraq dəqiq ifadəsini tapır. Üzərinə hərəkət yönələn predmet aydın görünür və situasiyada aydın hiss olunur. Deyək ki, predmetə toxunulur, o, ələ götürülür, fiziki varlıq başqa predmetlərdən fərqləndiyi kimi, onun dildə ifadəsi də fərdiləşir, o da əqli mühakimə və dildə ifadədə özünə ad tapır. İlkin adam yerə düşmüş almanı görəndə artıq ona /alma/ deyərək sözlə ifadə edir və onu götürüb yemək istədiyini dilə gətirir. Praktik təcrübə artdıqca həmin ibtidai insan almanı götürüb ağzına dürtmür, əlində sürtür və ya yuyub sonra yeyir. Məsələyə bu cür yanaşmanı uşaq dili üzərindəki müşahidələr də təsdiq edir. Avstriya psixodilçisi K.Büler yazır ki, tarixəqədərki dövrdə ibtidai insanın itib-batmış mədəni inkişaf mərhələləri haqqında bilgilərlə bağlı ən yaxşı məlumatı biz öz uşaqlarımızı düzgün başa düşməklə əldə edə bilərik.6

Uşaqlarda ilkin mərhələdə isimlər yaranır (nidalar istisna təşkil edir). Bir neçə ay sonra fellər, sifətlər və zərflər gəlir. 1 yaş üç aylığında uşaq lüğətinin 78%-ni isim, 22%-ni fel, 1 il 11 aylığında isə 63%-ni isim, 23%-ni fel və 14%-ni başqa nitq hissələri təşkil edir. Uşaqlar 7 yaşında tamamilə əşya anlamı mərhələsində olur, “nə görürsən?” sualına uşaq çox gözəl cavab verir, 10 yaşında bütün hərəkətləri, 14 yaşında isə əlaqə və münasibətlərini də onlar aydın dərk edib danışırlar.7

Əslində bu cür dil davranışı ibtidai insanın əqli inkişafında əsl inqilab sayılır. Bu artıq dilin ünsiyyət vasitəsi kimi forma­laş­ma­sından xəbər verir. Deməli, səs birləşmələri praktik situasiyaları bildirməyə xidmət edir. Gerçəkdən ibtidai insanda iki və ya üçonluqlu dil vahidlərindən ibarət olan bir dil yaranır.

Praktik fəaliyyətində yeni dil situasiyası ilə qarşılaşan insan yeni anlayışları ifadə etməyə söz tapır, yavaş-yavaş cümlə düzəldib fikrini ifadə edir. İbtidai insan ikihecalı sözdən və ya cümlədən üçhecalıya keçəndə artıq üçüncü heca birincilərin təkrarı olmayıb, fel olur. Ola bilər ki, üçüncü heca heç məna ifadə etməsin, amma tədricən o, mənalı sözə çevrilir. Məsələn, /baba ma/ və /badama/, ancaq bu sonradan çevrilir: /baba mə (nə)/ və s.

Artıq vəziyyət tamam dəyişir. Danışan obyekti hərəkətlə əlaqələndirə bilir. Söyləmdə yeni element, xəbər yaranır, isimlə əla­qələnmə olur, situasiya kiçik elementlərə parçalanaraq öz ifadəsini tapır.

Hərəkəti ayrıca göstərməsi və dildə ifadə etməsi ibtidai insanın yeni bir mərhələyə qədəm qoymağından xəbər verir. Artıq ibtidai insan fikir bildirir: /su ver/, /şirni ver/ və s. Əlbət ki, biz burada real danışıqdan yox, yalnız söyləmlərin modellərindən danışırıq.

Bir tərəfdən hərəkətin adı, o biri tərəfdən isə hərəkətin özü artıq öz ifadəsini tapır. Söyləm qurulur və qrammatik struktur yara­nır. Şeylərin adları ayrıca sözlərlə ifadə olunmaqla yanaşı onların hərəkəti bildirməsi də tamamlanır. Deməli, söz mərhələsindən cümlə mərhələsinə keçid başlayır. Sözsüz ki, əvvəlcə sözlər bir-birinin yanında gəlir, ancaq hələ uzlaşma və ya idarədən söhbət getmir. Lakin bu, mahiyyət etibarı ilə dildə nüvə strukturlarının formalaşması kimi başa düşülməlidir. Fonem-morfem-leksem ardı­cıllığı cümlə səviyyəsinə qalxır, cümlələrin genişlənməsi və ya tipləri (sual, əmr, cavab) artıq sonrakı mərhələnin işidir. Daha doğ­rusu, qrammatikanın ilkin modeli formalaşmağa başlayır.

Bütün bunlardan nə kimi nəticə çıxartmaq olar? Birincisi, isimlər əvvəl olur, ancaq onlardan əvvəl situasiyasını bütövlükdə əks etdirən səs kompleksləri yaranır. Sonra həmin komplekslər hərəkət bildirməyə xidmət edir. Ancaq bu fellərin səs materiyası isimlərdən sonradır. Bəzən deyirlər ki, isimlər fellərdən yaranır. Bunu sözdüzəldici şəkilçiləri olan dillər üçün bəlkə də məqbul saymaq olar. Lakin məlumdur ki, dilin ilkin mərhələsində şəkilçilər olmayıb. Sözdüzəltmə modelləri obyektiv münasibətləri bildirən isimlərin yaranmasından qabağa gedə bilməz. İlk mərhələdə isim­lərin, sonra isə fellərin bir-birindən asılı olmadan yarandığını söyləmək daha düzgün olardı. Əgər ibtidai insan yalnız situasiyaları fərqləndiribsə, onda /çay istəyirəm/lə /içmək istəyirəm/ söyləmləri eyni hərəkətlər bildirsələr də, onların müxtəlif cür deyilməsini necə yozmaq olar, hərçənd ki, onların səs tərkibi müxtəlifdir. İnsan hər dəfə yeni səslər seçir və işlədir. Eyni hərəkətlər ifadə olunsa da, deyiliş forması fərqli olur. Ancaq ibtidai insan situasiyanın ayrı-ayrı elementlərini fərqləndirirsə və bunun üçün fərqli səs materiyası seçirsə, deməli, fellərin formalaşması başlayır. Odur ki, ilkin mərhələdə eyni anlamı bildirən müxtəlif fellər ola bilər. Məsələn, /ver, get, içmək, yam-yam, piş-piş, gətir/ və s.

Tədqiqatlar da təsdiq edir ki, ilkin dildə eyni mənalı müxtəlif fellər olub. Deməli, ibtidai insanın dili bütöv situasiyanı bildirmək mərhələsindən onun ayrı-ayrı elementlərini adlandırmaq mərhələ­sinə keçid şəklində olub.

Beləliklə, insan dilinin yaranmasını belə ümumiləşdirmək olar:

1) birsəsli, bütöv situasiyanı bildirən söyləmlər;

2) iki eyni və ya müxtəlif səsli söyləmlərin yaranması;

3) mənalı elementlərdən (əvvəl isimlər, sonra fellər) ibarət söyləmlər.

Başqa sözlə, 3-cü mərhələyə gəlib çatmaq üçün dil 1-ci və 2-ci mərhələləri keçməli idi. Bu, insan dilinin formalaşmasının ən ağlabatan modeli olmaqla yanaşı düşüncə və təfəkkürdə də təkamül yolu ilə irəliləyiş hesab olunur. Elementləri ayırmaq üçün praktik, əməli fəaliyyətdə bu bacarığı qazanmaq , onları ayırmağı öyrənmək lazımdır. Yəni burada ibtidai insanda şeylərə fəal yiyələnmək və onları dilə gətirmək vərdiş və bacarıqlarının yaranmasından söhbət gedir. Məlumdur ki, əsl düşüncə və təfəkkür dilsiz olmur (daxili nitq də buna misaldır). Dilin yaranması üçün isə təfəkkürün, ilk insanların praktik fəaliyyətindən doğan şüurun inkişafı tələb olunurdu. Uşaqların əqli inkişafı olmasa, onların dili də formalaşa bilməz. Dil və təfəkkür qarşılıqlı təsirlə, fikrin əməklə bağlılığı şəraitində inkişaf edib formalaşıb.


1   2   3   4   5   6   7   8   9   10   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə