F. H. Zeynalov




Yüklə 1.55 Mb.
səhifə6/19
tarix22.02.2016
ölçüsü1.55 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

III.5. Semiotikanın müasir mərhələsi
İsveçrə alimi J.Piajenin (1896-1980) danışığın və təfəkkürün ontogenezilə bağlı fikirləri ciddi maraq doğrur. O yazır ki, düşüncə sxemi hər bir uşaqda müxtəlif olur. O güman edirdi ki, işarənin yaranması (simvolik və ya semiotik funksiyalar) anadangəlmə olma­sa da, ümumiləşmənin formalaşması üçün zəruri şərtdir. İşa­rənin yaranması dildən qabaqdır, ancaq o, dildən genişdir. “Sim­volik və ya semiotik funksiya uşaqda iki yaşında formalaşır...Dil semiotik funksiyanın yalnız tərkib hissəsidir (sösüz, vacib, mən bunu inkar etmirəm), ancaq tərkib özü də simvolik funksiyanın icralarının toplusunda çox məhdud hissədir.” 51

N.İ.Jinkin (1893-1979) mənanın genezisi və insan dililə hey­vanların səs çıxartmaları arasındakı fərqləri dərindən öyrənən alimlərdəndir. Əsas fərq bu alimə görə, insanda farinksin rolunun bö­yük olmasındadır, insanda səslənmədə farinkslə yanaşı ağız və burun boşluqları iştirak edir, meymunda və yeni doğulan uşaqlarda farinks səslənmə ilə əlaqədar deyildir. Digər tərəfdən, insanlarda hierarxik quruluş var, yuxarı səviyyənin vahidi aşağı səviyyə vahidi üzərində dayanır, bununla da supraişarə yaranır.52

P.Bart (1915-1980) da kütləvi informasiyanın öyrənilməsində və Parisdə “İşarələrin, simvolların və təsvirlərin sosiologiyası” dərnəyinə rəhbərlik edəndə moda haqqında danışarkən iki cəhəti xüsusi vurğulayır və yazır ki, moda semiotikasında real paltarla ya­naşı “paltar-obraz” və “paltar-təsvir” mühüm rol oynayır. Jurnalı açanda çoxlu paltar şəkli görürük: birini şəkildə göstərirlər, bu paltar-obrazdır, o birisini isə təsvir olunan, sözlə şərh olunan paltar kimi verirlər.


Şəkil 6. Müxtəlif paltar növləri (dəridən, astarı yun, qadın paltarı, paltar-obraz, paltar-təsvir)
Daha sonra R.Bart semioloji paradoks anlayışını irəli sürür. Onun məğzi ondadır ki, işarə funksiyaları əvvəllər işarə olmayan şeylərə şamil edilir, ya da əksinə, şeylər öz işarəvilik funksiyasını itirir. Məsələn, yol üstündəki evin qabağında böyük çinar var. Ev sahibi onun altında oturacaq düzəldir. İşarə kölgələnmək, istirahət etmək funksiyası qazanır. Sonra evin xanımı şikayətlənir, ağacın altında oturanların səsindən bezir. Kişi də səhərisi günü oturacağı söküb atır. Oturacaq işarəsi konnotasiya adlanır. R.Bart işarələrin işlənməsində (sintaksis, semantika, praqmatika) elə xüsusiyyətlərin olmasını qeyd edir ki, onlar bədii mətnlərin forma, istiqamət və üslublarına uyğun gəlir. O göstərir ki, nəqli mətnlərdə ardıcıllıq pozula bilər, ancaq işgüzar mətnlərdə ciddi ardıcıllıq gözlənilir və özü də proqressiv olur. O yazır ki, dil vacib, ədəbiyyat isə fakültə­tiv­dir, ona görə də dil məcburilik, ədəbiyyat isə “hakimiyyətsizliyə” həvəs göstərir. Biz dillə oynayırıq, onu axmaq yerinə qoyuruq, bu bicliyi, bu əla yanlışlığı, bizə sözün permanent ideyasını həyata keçir­məyə imkan verən, bu, hakimiyyəti olmayan dili mən ədəbiyyat adlandırıram.53.

Son dövrlərdə italyan alimləri U.Eko və U.Volli semiotikaya dair sanballı əsərlərilə diqqəti cəlb edirlər. Onların semiotikanın strukturu, hüdudları və perspektivilə bağlı olduqca dəyərli fikirləri vardır. Onlar ümumi semiologiyanı (dil fəlsəfəsi və kommunikasiya nəzəriyyəsi) və xüsusi semiotikanı fərqləndirir, sonra isə mədəniy­yətlərin semiotik tipologiyasını (dil, siyasət, tərbiyə və əxlaq), arxitektura, ritorika, reklam, paralinqvistik kodların (jest və mimi­ka)növlərini ayırmaqla, konkret kodların və işarə situasiyalarının öyrə­nilməsinə xüsusi fəsillər həsr etmişlər.54

Onlar semiotikanın perspektivini çox geniş görür, hesab edirlər ki, in­san və cəmiyyət ümumi qlobal kommunikasiya kontekstində öyrə­nilməlidir.

Sovet dövründə Y.M.Lotman (1922-1993) Tartu semiotik məktəbində əsas ideya generatoru olub.

Semiosfera konsepsiyası onun adı ilə bağlıdır. Semiosfera düşüncənin işarə dayaqları sistemdir, yəni mənaların daşıyıcısı və ötürücüsü, informasiyanın ötürülməsi kanalları və vasitələridir:

1. Semiosfera semiotikadanxaric məkanlardan ayrılır, o, semiotik strukturların ansamblıdır.

2. Semiosferanın səviyyəli (hierarxik) və daxilən nahamar strukturu və dinamikası var.

3. İnformasiyanın yaranması prosesləri və semiozis yalnız qarşılıqlı əlaqədə müxtəlif semiotik strukturların dialoqunda mümkündür.

4. Semiosferanın diaxron dərinliyi var, çünki o, mürəkkəb yaddaş sistemilə yüklənib və bu yaddaşsız işləyə bilməz.57

1971-ci ildə Y.S.Stepanov (1930-) “Semiotika” adında kitab çap etdirib və orada 5 istiqaməti ayırıb: biosemiotika, etnose­miotika, linqvosemiotika, abstrakt semiotika və ümumi semiotika balıqların və arıların dilindən tutmuş hindu ritualları və məntiqi para­doksalara qədər semiotik qanunauyğunluqları öyrənən sahələr­dir. Y.S.Stepa­nov “dil-az, dil-lap az, dil-qeyri dil” qarşılaşmalarını fərqləndirir58.

Dilin işarəviliyi haqqında ən çox yazan dilçilərdən biri də Y.S.Maslovdur (1908-1977).59

Y.S.Maslovun işarə konsepsiyası barədə biz yuxarıda ətraflı məlumat vermişik (bax: I fəsil). Lap bu yaxınlrda belorus təd­qiqatçısı N.B.Meç­kovskayanın semiotika haqqında çox maaqlı bir əsəri çapdan çıxmışdır.60



III.6. Fəslin ədəbiyyatı və qeydlər
1. N.Z.Hüseynli. Təfəkkürün anlayış-kateqorial aparatı. Qno­seoloji və metodoloji təhlil. Bakı, 2003.

2. А.Л.Верлинский. Античные учения о возникновении языка. С.-Петербург, 2006, s.72.

3.Yenə orada.

4. Platon. Kratylos. “Sämtliche Werke”, Bd 3, s.11-91. Biz Platonun “Kratil” əsərini başqa yerdə ətraflı şərh etdiyimizdən burada onun üzərində geniş dayanmırıq. Bax: F.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica. III, Bakı, “Mütərcim”, 2009, s.26-28.

5. А.Л.Верлинский.Göstərilən əsəri,s.73; P.J.King. 100 groe Philasophen..., s.52, 58.

6. N.Z.Hüseynli. Göstərilən əsəri, s.72.

7. Yenə orada, s.7.

8. A.Rzayev. Nəsrəddin Tusi: həyatı, elmi, dünyagörüşü. “İrşad”, Bakı, 1996;

Marağa rəsədxanası 1259-cu ildə tikilməyə başlayıb, 1271-ci ildə tikinti başa çatıb. Hülakilərin dövründə tikilib. Orada 10 cihaz quraşdırılımışdı. Nəhəng tikinti kompleksi 16 əsas və köməkçi binalardan ibarət idi. 16 binadan 7-si dairəvi formada tikilmişdi. Marağa rəsədxanası “Rəşad dağı” adlanan təpəlikdə tikilib. O tə­pəlikdən Urmiya gölü görünür. Nəsrəddin fəlsəfə, riyaziyyat, astro­nomiya və kalloqrafiyadan dərs deyirmiş. Başqa əsərlərlə yanaşı İbn Sinanın “Işarələr” əsəri də N.Tusi tərəfindən tərcümə edilmişdir. Onun musiqi nəzəriyyəsinə həsr olunmuş “Şərəfiyyə” risaləsi, “Natiqlik sənəti haqqında” əsəri bu sənətin incəliklərinə həsr olunub.

N.Tusi çox məşhur idi. N.Tusi Marağada rəsədxananın tikil­məsilə bağlı Hülaku xana söhbət açanda xan təəccüblə soruşur: “Bu ulduzlar ölümünün nə faydası var ki, rəsədxananın tikilməsinə bu qədər pul istəyirsən?” Nəsrəddin cavab verir: ”İcazə ver belə bir iş görsünlər. Hamıdan xəbərsiz bir şəxs bu dağın başına qalxsın və heç kimin xəbəri olmadan bir teşti üzü aşağı buraxsın” Belə də etdilər. Teşt yuxarıdan aşağı düşəndə çox böyük səs-küy salır və aşağıda dayanmış qoşunların içərisində vahimə və təlatüm yaradır. Sanki düşmən qoşunları hücuma keçmişdilər. Hülaku xan və Nəsrəddin bu hadisəni sakitcə seyr edirdilər. Nəsrəddin xana dedi: görürsünüzmü, bu hadisənin səbəbi bizə məlum olduğu üçün biz sakit durmuşuq, əsgərlər isə xəbərsiz olduqları üçün həyəcan keçirirlər. Yer üzərində sakit yaşamaq istəyirsənsə, göydə baş verən hər bir hadisədən qabaqcadan xəbər tutmalısan. Hülaku xan tikinti üçün 20 min dinar pul ayırmışdı. Bax: A.Rzayev. Göstərilən əsəri, s.103.

N.Tusi öz müəllimi İbn Sinanın davamçısı olmaqla fəlsəfə , o cümlədən semiotika ilə bağlı fikirlərini əsasən “Şərh əl İşorot” (Teheran, 1894) və “Əsas əl İqtibas”(Stambul, 1929) əsərlərində inkşaf etdirmişdir.N.Tusidə anlam çox aydın ifadə olunmuşdur. Anlam ümumi olmayanda onun mənası xüsusi addır, məs. /Zeyd/. Bunu bəzən /bu adam/ kimi də işlədirlər. Belədə işarə (əvəzləyənin) birləşməsi sayəsində başqaları(adamlar) onun məzmununa daxil edilə bilməzlər.Ya da onun anlamı ümumiliyini istisna etmir, ona görə də ümumi anlayış adlanır. Məs., /insan/, günəş/, /anko/, “hərçənd ki, bu sözlərdən birincisi həqiqətən fərdlərin çoxlu mövcudluğundan xəbər verir, ikincisi yalnız bir şeyi bildirir, üçüncüsü isə heç nə bildirmir. Odur ki, təsvir bu fərdlərin hər birinin böyük çoxluğunu ehtiva edir.” N.Tusi.Əsas əl–İqtibas, s.17. Sitat götürülüb: M.Диноршоев. Философия Насраддина Туси. Душанбе, 1968, стр.79. Bu həqiqətən böyük filosofun anlamı ayrı­ca göstərməsinə bir sübutdur.Bunu aşağıdakı sitat da bir daha təsdiq edir: “...Əgər kimsə alovun nə olduğunu bilmirsə, ilk dəfə tüstünü görəndə birincini ikincinin mənbəyi hesab edə bilməz. Ancaq sonra alovun işığını görəndə anlayır ki, tüstünün mənbəyi alovdur. Onun istisini hiss edəndə anlayır ki, od isitmək gücünə malikdir.Nəhayət o, yanan cismi görür. Beləcə o , həqiqi biliyə çatana qədər biliklərini artırır.”(s.95). Deməli, N.Tusi işarə və anlam qarşılaşmasını tam şəkildə dərk etmiş və onların elmi şərhini vermişdir.



9. N.Z.Hüseynli. Göstərilən əsəri.

10. J.Locke. An Essay Concerning Human Understandig. Oxford: Clarendon, 1975.

11. R.Yakobson. Göstərilən əsəri, s. 110

12. Yenə orada.

13. Hoene-Wronski, Jozef Maria. Philosophie de langage. Paris, 1806, s.38-41.

14. Bolzano Bernhard. Wissenschaftslehre I-IV. Sulzbach: Seidel.

Əsər 1890-cı ildə yazılsa da, yalnız 1970-ci oldə işıq üzü görüb.



15. R.Yakobson. Göstərilən əsəri, s.99.

16. Sitat R.Yakobsondan əxz edilib. Bax: R.Yakobson. Göstərilən əsəri, s.116.

17. Pierce Ch.S., Collected Papers I-VIII, Harvard University Press. 1931-38.

18. R.Yakobson. Göstərilən əsəri, s.117.

19. Yenə orada, s.118.

20. Ch.S. Pierce. IV, s. 448.

21. Yenə orada, s. 531.

22. R.Yakobson. Göstərilən əsəri, s. 119-125.

23. R.Yakobson. Göstərilən əsəri, s. 121.

24. F. de Saussure. Göstərilən əsəri, s. 50-53.

25. R.Yakobson. Yenə orada, s. 123.

26. R.Yakobson. Göstərilən əsəri, s. 126-127.

27. Cassierer E.A. Structuralism in Modern Linguistics. İn: “Word”, 1945, s.95-20.

28. Ч.Моррис. Основания теории знаков. В кн.: «Ю.С.Степанов. Семиотика.» М., 1983, s.88.

29. Yenə orada, s. 99.

30. Yenə orada, s. 43.

31. Ç.Morris. Yenə orada, s.45.

32. Yenə orada, s.88.

33. R.Yakobson. Göstərilən əsəri, s. 128.

34. R.Yakobsonun elmi fəaliyyəti haqqında və şedevr əsər­lərindən olan “Kindersprache, Aphasie und allgemeine Lautgesetze” (Stockholm, 1949) əsərinin rus dilinə tərcümə edən müəllif sonda geniş məlumat vermişdir. Rus dilindən tərcüməsi, şərhlər və son söz prof. F.Yadigarındır (Veysəllinindir), Bakı, 1993.

* R.Yakobson. Gostərilən əsəri. Bunu o, 1939-cu ildə yazırdı.



35. Yenə orada, s.146.

36. Якобсон Р. Взгляд на развитие семиотики. М., 1975 (1996), s. 139-161.

37. Yakobson R. Semiotik... s.143.

38. Yenə orada, s. 155.

39. Veysəlli F. Struktur dilçiliyin əsasları. Studia philologica. II, Bakı, 2009.

40. R.Yakobson. Göstərilən əsəri, s. 156.

41. Yenə orada

42. R.Yakobson. Yenə orada. s. 160.

43. K.Bühler. Göstərilən əsəri.

44. N.S.Trubeskoy. Fonologiyanın əsasları. 1939-cu il almanca nəşrindən tərcüməsi, “Son söz” və “Qeydlər” prof. F.Yadigarındır (Veysəllinindir) Bakı, 2001, s.27.

45. R.Yakobson. Yenə orada. s.170.

46. Yenə orada. s. 286-303 və s. 427-437.

47. R.Yakobson. Göstərilən əsəri, s. 287.

48. Yenə orada. s. 294.

49. Yenə orada.

50. Якобсон Р. Разгляд на развитие семиотики. М., 1996, s.139 və 147-161.

* Bu əsər 1942-ci ildə Upsalada “Kindersprache, Aphasie und allgemeine Lautgesetze” adı altında almanca çapdan çıxıb. Biz onu 1993-cü ildə alman dilindən rus dilinə tərcümə edib “Детский язык, афазия”, общие звуковые законы” adı altında şərhlər və R.Yakobson haqqında “Qeydlər”lə birlikdə çap etdirmişik.



51. Bax: 36-cı qeydə s.213.

52. Ж.Пиаже Схемы действия и усвоение языка. М., 1983, s.134-135.

53. Н.И.Жинкин. Механизм речи. М., 1958, s.442-449

54. Р.Барт. Лингвистика текста. М., 1978, s. 442-449.

55. Yenə onun: «Семиотика», М., 1989 s. 549-360.

56. У.Эко. Отсутвующая структура. Введение в семио­логию. М., 1968; almanca: (Einführung in die Semiotik. München, 2002); U.Volli. Semiotik. Eine Einfürung in ihre Grundbegriffe. Tübingen, 2002.

57. Ю.М.Лотман. Избр.статьи: в 3 т., т.1., Статьи по семиотике и типологии культуры. Таллинн, 1992.

58. Ю.С.Степанов. Семиотика. М., 1971, s. 102.

59. Маслов Ю.С. Введение в языкознание. М., 1987.

60. Н.Б.Мечковская. Семиотика. Язык, природа и куль­тура. М., «Академия», 2004.

IV. Aşağı səviyyəli semiotik sistemlər

IV.1. Heyvan “dili” haqqında


İnsan dilinin üstünlüyü heç bir şübhə doğurmur. Böyük fran­sız dilçisi E.Benvenist “heyvanların dili varmı ?” sualına birmənalı şəkildə “yox” cavabı verir. O yazır: “Dil anlayışının heyvanlar aləminə tətbiq edilməsi bu sözün yanlış istifadəsilə bağlıdır. Təbii ki, heyvanların insan dilinin əlamətlərinə və funksiyasına bənzər öz ifadə vasitələrinin heç olmasa rudimentar formada mövcudluğunu sübut etmək indiyə qədər qeyri-mümkün olmuşdur. Heyvan aləminin dərinliyinə dair bütün ciddi mülahizələr, ən müxtəlif texnikanın köməyilə insan dilinə oxşayan dil şəklində dil yaratmaq və ya ona nəzarət etmək cəhdləri boşa çıxmışdır. Müxtəlif çığırtılar çıxardan həmin heyvanların davranışında səsli ifadələr düzəltməsi görüntüsündən belə nəticəyə gəlmək olmaz ki, onlar özlərinə “danışılan” xəbərlər ötürürlər. Heyvanlar aləmində, hətta ən yüksək səviyyədə, spesifik dil kommunuksiyası üçün əsas şərtlər yoxdur”.1 Alimin bu sözləri bütövlükdə real gerçəkliyi əks etdirir. Ancaq geniş mənada heyvanlar arasında ünsiyyətdən danışmaq olar və bu fəsildə biz bu incəliyi açıb göstərməyə çalışacağıq.

Məlumdur ki, heyvanlar arasında və ya kibernetik qurğu ilə ünsiyyət çox sadədir. Heyvan qeyri-dil işarələrindən istifadə edir. Bu sistemi insanın həyatında mühüm rol oynayan qeyri-dil işarələrilə müqayisə etmək olmaz. Məlumdur ki, insanın təbiətlə əlaqələri həddən artıq rəngarəngdir. Heyvanlar da insanlar kimi təbiətlə bilavasitə təmasda olur. Heyvan hər gün özünə yaşayışı təmin etməlidir, özünü düşmənlərdən qorumalıdır. Eyni zamanda insanlar da dəyişən ətraf mühitə uyğunlaşmasalar, şərti reflekslər işləyib hazırlamasalar, öz həyatlarını təmin edə bilməzlər. Şərti refleks isə o deməkdir ki, bir qıcıqlandırıcı başqası haqqında siqnal verir, biri digərinə işarə olur. Şərti reflekslər sadə orqanizmlərə xasdır, ancaq onlar ən yüksək səviyyəyə çatmış varlıqlarda daha çox inkişaf etmişdir. Orqanizm nə qədər mürəkkəb olarsa, ətraf mühitlə o qədər geniş əlaqədə olur, uyğunlaşmış fəaliyyət həyata keçirir, bu da şərti reflekslərin qazanılması deməkdir. Başqa sözlə, qeyri-dil işarələrinin çəkisi insanın davranışında artır.

Təbii olaraq bir sual həmişə bizi düşündürür: heyvanlar dil işarələrindən istifadə edirlərmi? Başqa sözlə, heyvanların dili var­mı? Bu suala cavab vermək üçün işarənin iki növündən danışıl­dığını xüsusi qeyd etməliyik: niyyətlə və qeyri-niyyətlə işlənən işarələr (intensional və ya onların anlamını bilərəkdən işlətmək və qeyri-intensional) fərqləndirilməlidir. Bundan sonra sualı belə qoymalıyıq: heyvan intensional və qeyri-intensional işarələrdən istifadə edirmi?

Qeyri-intensional dil işarələrilə məsələ tam aydındır. Çoxsaylı təcrübələr birmənalı şəkildə sübut edir ki, heyvanlarda qeyri-intensional dil çox inkişaf edib. Heyvanlar bir-birilə instiktiv çıxar­dıqları (düzəltdikləri) işarələrdən, onların anlamını başa düşmədən və kommunikativ əhəmiyyətinə varmadan gen-bol isti­fadə edirlər. Məsələn, yayda çəmənliyə və ya meşəliyə gedəndə həşəratların oxuduğu “nəğmələri” eşidirik (kəpənəklərin, işılda­quş­ların və s.). Bü­tün rəngarəngliyinə baxmayaraq mütəxəsislər heyvanların çağırılmasının 5 növünü fərqləndirirlər:

1. Erkəyin və dişinin çağırış “nəğmələri”;

2. Dişinin çağırış “nəğmələri”;

3. Rəqibə yaxın olanda erkəyin təhlükə haqqında “nəğmələri”;

4. Erkəklərin yoldan çıxartma, azdırma “nəğmələri”;

5. Erkək və ya dişinin narahatlıq “nəğmələri2”;

Bunlardan hər biri müəyyən informasiya ötürür. Məsələn, çağırış mahnıları erkəyi və ya dişini hansı istiqamətdə axtarmağı bil­dirir. Dişi erkəyin yaxınlığında olduğunu biləndə, çağırış mahnısı “azdırıcı”, yoldan çıxartma “mahnısı” ilə əvəz olunur.

Mütəxəssislər qeyd edirlər ki, quşlar cinsi əlaqə vaxtı daha çox səs siqnalları çıxarırlar.

Bu siqnallar bildirir ki, hansısa ərazi tutulub, onun bu ərazidə görünməsi təhlükəlidir, dişini çağıraraq ona həyəcanını bildirir.

Nəsil artırılmasında ana (ata) və bala arasında qarşılıqlı an­laş­ma mühüm rol oynayır. Səs siqnalları burada mühümdür. Quş vali­deyinlər öz balalarına qida ilə qayıtmaqları, düşmənin yaxın­laşması barədə xəbər verirlər, onları uçuşa həvəsləndirirlər, bir yerə top­laşmağa çağırırlar (məsələn, anac toyuq balalarını bir yerə yı­ğanda). Balaları isə təhlükə yarananda və ac qalanda siqnallar verirlər.

Heyvanların çıxardığı səslər gerçəklik haqqında çox dəqiq məlumat verir. Məsələn, qağayı az yem tapanda onu özü yeyir, bu ba­rədə başqalarına xəbər vermir, ancaq yemək çox olanda öz həm­cinslərini xüsusi çağırışla dəvət edir. Heyvanların rəhbərləri xüsusi təhlükə yarananda, düşmən gələndə həyəcan təbili çalır və dəqiq məlumat verirlər, hansı düşmən haradan və hansı yerdən yaxınlaşır. Düşmənlə aralarındakı məsafəni heyvanlar həyəcanlı səslə ifadə edirlər. Məsələn, ingilislərin pişik-quş adlandırdıqları heyvan düşməni görəndə qısa çığırtı çıxarır, ancaq düşmən yaxınlaşanda pişik kimi miyoldayırlar. Buradan da onların adı aydın olur.

İnkişaf etmiş elə bir heyvan yoxdur ki, işarə-siqnallarından bu və ya digər dərəcədə istifadə etməsin. Çağırış qışqırtıları cana­var­larda da müşahidə olunur (bir yerə yığışmaq, yaxındakı ova hücum, şikarın dalınca qaçanda), bu cür siqnallara vəhşi və yarımvəhşi heyvanlarda tez-tez rast gəlmək olur. Hətta, xalq arasında kar hesab edilən balıqlar belə (ruslar deyirlər, balıq kimi kar-“нем как рыба”) bir-birilərinə xəbər göndərəndə səs siqnallarından istifadə edirlər. Bu siqnallar düşmənlərin hücumlarından qorunmaq və dişi həm­cinsini tovlamaq üçün işlədilir. Son illərin tədqiqatları sübut edir ki, balıqlar xüsusi duruş və hərəkətlərdən (dayanıb durmaq, yerində fırlanmaq) və s. ünsiyyət vasitəsi kimi istifadə edirlər.

Qeyri-intensional dilə qarışqaların və arıların ünsiyyətini nü­munə gətirmək olar. Onlar haqqında irəlidə bir qədər ətraflı danı­şacağıq.

Qarışqalar öz aralarında müxtəlif cür “razılaşırlar”. Onlar iy verən şeyləri göstərməklə qidanın istiqamətini müəyyənləşdirirlər. Eyni zamanda qarışqalar bu yolla da həyəcan təbili çalırlar. Onlar həmçinin toxunmaqla jest vasitəsilə siqnal verirlər. Hətta belə iddia edirlər ki, qarışqalar bioloji radioəlaqə yaratmağa qabildirlər.3

Təcrübələr göstərmişdir ki, qarışqalar deşiyi olan dəmir stəkanlarda yerləşdirilmiş öz həmcinslərini çıxardıb xilas etmişlər. Eyni zamanda onlar yandakı içi qarışqa ilə dolu, ağzı açıq və ya tam boş yoxlama qurğuşun stəkanlara qəti yaxın getməmişlər.

Mütəxəssislər qırmızıdöş ağacyeyən qarışqaların davranışını bir neçə il öyrənərək belə nəticəyə gəlmişlər ki, qarışqaların “dilin­də” ən mühüm cəhət jestlər və təmaslardır. Qarışqalarda iyirmiyə qədər jest müəyyənləşdirmək mümkün olmuşdur. Lakin onlardan yalnız 14-nün mənasını aça bilmişlər. Aşağıda qarışqaların hansı siq­nallardan istifadə hallarına bir qədər aydınlıq gətirməyə çalı­şacağıq.

Əgər qarışqa yuvasına onların yemədiyi həşərat daxil olarsa, onda bu barədə birinci duyan qarışqa digər qarışqalara siqnal göndərir, bu zaman o ya həşəratın üstünə çıxır, ya da onun belindən aşağı tullanır. Adətən bircə tullanış yetərli olur, ancaq lazım gəl­dik­də bir neçə dəfə, ta ona yönələn qarışqalar həşəratdan üz döndərənə qədər tullana bilər. Düşmən görəndə qarışqa xəbəredici mövqe tutur (qalxır və döşünü qabağa verir).

Yəqin bundan sonra aparılacaq tədqiqatlar qarışqa “dilinin” incəliklərini öyrənməyə, bununla da onların “dilinin” sirrini açmağa imkan verəcəkdir.

IV.2. Arıların ünsiyyəti
Digər həşəratlardan, xüsusilə arılardan əldə edilən nəticələr heyranedicidir. 25 ildən artıq müddətdə arıların fəaliyyətini öyrən­miş Münhen professoru K.fon Friş tükürpədici şeylər açıqlamışdır. O, arıların dilini öyrənmək üçün xüsusi metodika işləyib ha­zırlamışdır. Bu metodika ilə o, arıların hərəkətlərinin incəliklərini açıb göstərmişdir.4

Aşağıda K.fon Frişin təcrübəsindən bəzi qeydləri verməyi məqsədəuyğun hesab edirik.

Arılar “ünsiyyətdə” rəqslərdən istifadə edirlər. Bunlar adicə dil işarələridir. Arılar qidaya yaxın olanda pətəkdən 100 m az mə­safədə olduqda dairəvi rəqslər edirlər. Əgər yem daha uzaq məsa­fədə yerləşdirilsə, arılar oynamaqla rəqs edərək öz həmcinslərinə siqnal göndərirlər. Bu zaman arı düz xətt boyunca gedir, sonra çıxış nöqtəsinə qayıdır, sola doğru yarımdairə cızır, sonra təzədən düz xətt boyunca gedir, sonra sağ tərəfə yarımdairə cızır. Özü də düzxəttlə rəqs edərkən arı döşü ilə o yana bu yana hərəkət edir (buradan da rəqsin adı məlum olur). Rəqs bir neçə dəqiqə davam edə bilər. Bunu aşağıdakı sxem əyani göstərir.




Oynamaqla rəqs qidanı pətəkdən 100 metr məsafədə tapanda daha sürətli olur.

Qida uzaq olduqca, arının sağa və sola dönmələri bir az ləng olur. K.fon Friş arıların rəqslərini öyrənmək üçün sırf matematik formula müəyyənləşdirə bilib; beləki, 15 dəqiqə ərzində arıların düz xətt boyunca hərəkətlərinin sayı pətəkdən 100 metr aralıda qidaya doğru etdikləri hərəkətin təxminən 9-10-na bərabərdir, qida 5000 metrdə olanda isə 2-yə və nəhayət, 10 min metr aralıda olanda 1-nə bərabərdir.

Bir məsələ də ciddi maraq doğurur: oynamaqla edilən rəqslər qida yerinin istiqaməti barədə də məlumat verir. Bu məlumatın xarakteri düz xətt boyunca hərəkətdən asılıdır.5

Əgər arı üfiqi xətt boyunca, məsələn, onu qarşılayanlar isti havada uçuş lövhəsində rəqs edirsə, onda düzxətt boyunca hərəkətin istiqaməti günəşə doğru arının uçduğu istiqamətə uyğun gəlir (bax: şəkil 7).






y

em pətək

4

00  günəş şüaları

Şəkil 7. Uçuş lövhəsi
Əgər rəqs pətəyə şaquli istiqamətində olursa, onda siqnal vermə prinsipi bir az mürəkkəbləşir: onun əsasında yemə doğru uçuşun istiqamətilə günəşə olan düz xətt arasındakı bucaq durur. Bu zaman 3 hal fərqləndirilir (bax: şəkil 8).
a
//

) pətək

b) qida


rəqs pətək

günəş

c) pətək


rəqs qida

günəş
Şəkil 8. Üçuş istiqamətinin günəşə nisbəti


a) pətəklə qidanı və günəşi birləşdirən düz xəttdir. Düzxətt üzrə hərəkət yuxarı yönəlir; hərəkətin istiqaməti və yuxarıya doğru istiqamətin bucağı sıfra bərabərdir;

b) pətəklə yem arasındakı bucaq və qidadan günəşə doğru xətt arasındakı bucaq 180 dərəcəyə bərabərdir. Arıların et­dikləri rəqslərdəki düzxətt boyunca hərəkət aşağı istiqamətdə olur. Burada da hərəkətin istiqaməti və yuxarıya istiqamət arasındakı bucaq 1800-yə bərabərdir;

c) pətəkdən yemə gedən xəttlə günəşi birləşdiriən xətt arasındakı bucaq 600-dir. Düzxətt boyunca hərəkət elə olur ki, hərəkətin istiqamətilə yuxarıya doğru hərəkətin arasındakı bucaq da 600-ə bərabərdir. Özü də qida “qida-günəş” xəttindən solda yerləş­diyindən, hərəkətin xətti yuxarıdan sola doğrudur.

Belə dəqiq “dilə” yalnız həsəd aparmaq olar.

Arılar qidanın olması və istiqaməti haqqında məlumatla kifayətlənmirlər, həm də içmək və pətəyi sərinlətmək üçün suyun ye­rini, habelə pətəyi qurmaq üçün “tikinti” materialı haqqında məlumat verirlər. Kəşfiyyata çıxan arılar pətəyə qayıdarkən yeni yaşayış yeri tapanda rəqs edirlər. Bu yer münasib olduqda onlar da­ha sürətli rəqs edirlər. Sonra pətəkdən arılar uçub gedirlər kəşfiyyatçının tapdığı yerə. Əgər onlar tapdıqları yeri bəyənməsə, geri qayıdıb rəqs edən arılara qoşulurlar. Buranı çox arı bəyənəndə onlar köçüb gedirlər oraya.

K.fon Frişin kəşfi o qədər qeyri-adi idi ki, əvəllər dünya ona inanmaq istəmirdi. Lakin ingilis alim Torpe K.fon Frişin təcrü­bələrilə yaxından tanış olmaq üçün onun laboratoriyasna baş çəkir və alman tədqiqatçısı qonağı kifayət qədər səmimi qarşılayır. K.fon Friş ona bucaq ölçən cihaz və saniyə ölçən saat verir və deyir: “Mən içində sirop olan qabı parkda gizlədirəm. Siz şüşə içərisində yerləşdirilmiş pətəyə baxın və rəqslərindən təyin edin ki, qab hardadır”. Bucaq ölçən cihaz və saniyə ölçən saat ingilisə aydın edir ki, qab pətəkdən 400 metr aralıdadır, 300 günəşdən solda. Torpe göstərilən yerə qaçır, qabı axtarır, elə bilir ki, səyləri əbəsdir, ancaq birdən onu düz ayağının altında görəndə mat qalır. Sevincdən gözü kəlləsinə çıxan Torpe İngiltərəyə qayıdıb gördüklərini heyranlıqla qələmə alır. Bundan sonra alman aliminin kəşfləri dünyada tanınır.

Deməli, bunlar qeyri-intensional dillərə aid fikirlərdir. Anlam burada yalnız dərk olunmayan sinir sistemində, yalnız fizioloji səviyyədə mövcud olan təsəvvürlərdir. Qeyri-intensional işarədən istifadə edən heyvanlar işarələrin anlam mənasını bilmir, işarələrin işləndiyi şəraiti başa düşmür, öz həmcinslərilə etdikləri hərəkətlərin fərqinə varmırlar. Sırf instinktə əsaslanan bu “ünsiyyət” düşüncədən və başa düşmədən uzaqdır.

Məhz buna görə qeyri-intensional işarələrin işlənməsi xüsusi səviyyələrdə olur. Bu qaydaların gözlənilməməsi “danışıq” me­xaniz­minin pozulmasına gətirib çıxardır. Məsələn, K.fon Friş təc­rübələrinin birində qidanı radio qülləsının başında yerləşdirir, düz pətəyin üstündə. Qidanı axtaran kəşfiyyatcı arı pətəyə qayıdıb başqa arıları başa sala bilməyib, çünki onların lüğətində “yuxarıda” sözü yoxdur (yuxarda çiçək olmur). O adəti üzrə dairəvi rəqs etməklə arıları pətəyin ətrafında yerdə qida axtarmağa sövq edir. Ona görə də heç bir arı qidanı tapa bilmir. Beləliklə şərtlər dəyişəndə, hətta ciddi işləyən mexanizm fəaliyyət göstərə bilmir. Qidanı radio­qüllədən götürüb qüllə uzunluğunda məsafədə yerdə yerləşdirəndə adəti şərtlər yerinə yetirildi və sistem şərhsiz fəaliyyətə başladı. Eləcə də yuvanın üfüqi yerləşməsində (şanının çevrilməsilə əldə edilir) arıların rəqslərində inamsızlıq yaranır, ancaq əvvəlki vəziy­yətinə qayıdanda yenə işə düşür. Beləliklə, qeyri-intensional ünsiy­yətdə həşəratların hərəkətində çeviklik olmur, bütün hərəkətlər sırf şəraitlə bağlı olur, ondan kənarda “danışıq” mexanizmi tamam po­zulur.


1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə