F. H. Zeynalov




Yüklə 1.55 Mb.
səhifə5/19
tarix22.02.2016
ölçüsü1.55 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

III.2. Semiotikada Ç.Pirs mərhələsi
İşarələrin təbiəti məsələsi Ç.S.Pirsin sevimli mövzusu olmuşdur.17 R.Yakobson Ç.Pirsi dilçilikdə yolgöstərən kimi xarakterizə edir.18

1867-ci ildə Amerika İncəsənət və Elm Akademiyasında çap etdirdiyi “On a New List of Categories” əsərində Ç.Pirs semiotika sahəsində düşüncələrinin zirvəsinə qalxır və bütün axtarışlarını yu­xa­rıda adını çəkdiyimiz “Essay” əsərində tam şəkildə ümumiləşdirib bir konsepsiya yaradır. Bütün ömrü boyu Ç.Pirs işarə haqqında düşünüb və onları kifayət qədər dərindən və hərtərəfli bir zəmin üzə­rində nəzəriyyə şəklində açıqlayıb. O, tez-tez J.Loka və Y.Lam­bertə istinad edir, ilk dövrlərdə semiotik, semeiotiksemeotik terminlərini işlətməsə də, aşağıdakı fikirləri söyləməkdə haqlı görünür. “Bildiyimə görə mən, semiotika adlandırdığım sahənin şərhi və açılışındakı əməyimdə pionerəm, daha doğrusu, arxadan boylananam (Hinterwäldler) [...] və mən bu sahəni çox geniş və avanqardist üçün çox böyük iş hesab edirəm.”19

O bəzi hallarda semiotika sahəsində yalnız dilin tədqiqilə məhdudlaşmağı qəbul etmir. Onun araşdırmaları yalnız alimin ölü­mündən 20 il sonra (1934 – F.V.) işıq üzü gördü. “Şüur və dil” adlı mühazirə mətnləri isə (1866/67) təxminən yüz ildən sonra (1958) oxuculara bəlli oldu. Onun 8 cildlik əsəri dilçiliyin və semiotikanın inkişafına öz layiqli töhfəsini verdi. Ç.Pirs interpretinterpretant terminlərindən istifadə edir. Onlar müxtəlif şeyləri bil­dirir: interpret məlumatı qəbul edəni, dinləyəni göstərir, interpretant dinləyənin məlumatı dekodlaşdırmasında başa düşmək üçün istifadə etdiyi açardır. Bəziləri güman edirlər ki, guya Ç.Pirsdə interpretantın yeganə funksiyası odur ki, hər bir işarə kontekst vasitəsilə açılır, başa düşülür. Halbuki Ç.Pirs yazırdı ki, “öncə bilavasitə interpretantı fərqləndirmək lazımdır, görək interpretant özü düz mənada özünü necə göstərəcək və bu da adətən işarənin mənası ad­lanır.”20 Başqa sözlə desək, interpretant işarənin özündə, kontekst­dən və söyləmin digər şərtlərindən asılı olmayaraq nəyin ifadə olun­masıdır. Ç.Pirs yazır ki, məna bir işarənin digər bir işarə sisteminə tərcü­məsindən başqa bir şey deyildir. O, bütün işarələrin özəl­liklərini qeyd edərək yazır ki, onlar (özəlliklər - F.V.) başqa işarələrin məhdudsuz ardıcıllığına çevrilə bilməkdir ki, bu da onların müəyyən mənada qarşılıqlı ekvivalentliyini göstərir.

Beləliklə, bu nəzəriyyəyə görə işarə şərh olunmaq imkanıdır, özü də dinləyənin (qəbul edənin) olması zəruri deyil. Deyək ki, xəstəlik simptomları da işarə kimi götürülə bilər. Müəyyən yerdə tibbi semiologiya semiotika ilə, işarə haqqında elmlə qonşu ola bilir.

İşarənin 2 tərəfliliyi, onun işarələməsi və işarələnəni bildir­məsi Ç.Pirsdə aydın şəkildə ifadə olunur: ŋĩo = ŋĩo (işarələyən) və ŋĩóo (işarələnən). Onun üçlü bölgüsündə 1) indeks faktiki davamlılıq əsasında işarələyənin işarələnənə daimi bağlılığıdır; 2) ikon faktiki oxşarlıq əsasında iki tərəf arasındakı əlaqədir; 3) simvol müəyyən edilən, razılaşdırılan, adətə uyğun işarələyənlə işarələnən arasındakı əlaqədir. Ç.Pirsdə simvol iki digər növdən fərqli olaraq predmet deyil, o, çərçivə qanunudur ki, yerin­dən asılı olaraq replika və hallar şəklində reallaşmaqla o biri ikisin­dən fərqlənir. Ç.Pirs göstərirdi ki, 3 növün biri müəyyən sistemdə dominant ola bilər, buna baxmayaraq o biri ikisilə, ya da onlardan birilə əlaqələnə bilər. Məs., simvol ikon və indekslə birləşə bilər. “Əksərən arzu olunandır ki, reprezentat bu üç funksiyadan digər ikisini və ya üçüncünü istisna etməklə işlətsin, ancaq ən mükəmməl işarələr onlardır ki, onlarda ikon, indeks və simvol əlamətləri imkan daxilində bərabər şəkildə bir-birinə qarışsın.”21

Ç.Pirsdən daha bir sitat: “Çox çətin, bəlkə heç mümkün olmaz ki, təmiz mükəmməl indeksə misal verək və ya işarə tapaq, onda heç bir indeks keyfiyyəti olmasın... Diaqramın adətən simvolik xüsusiyyətlərilə yanaşı təbiətcə indeksə yaxın əlamatləri də var, ancaq buna baxmayaraq o əslində həm də ikondur.”22 Aşağıdakı şəkildə bunu aydın görmək olur.


Şəkillər_______________________ simvol


ikon Azərbaycan



bayrağı

indeks /kitab/

/k#i#t#ả#ḅ/ adam dayanıb şəklinə baxır

Qeyd edək ki, F.de Sössür semiotika tarixində dönüş yaratmış alimlərdən hesab olunur.23 Onun işarə haqqında elmi “semiologiya” (arabir signologiya) adlandırmaqla özündən qabaqkılara əsaslan­madığı birmənalı şəkildə aydın olur. Bunu həm onun işlət­diyi termindən, həm də əsasən dildəki işarələrin qanunauy­ğun­luqlarını semiotik prinsiplərə rəğmən izahından görmək olur. F.de Sössür di­lin işarəviliyini sübut etməyə çalışır. O, özü “Niyə indiyə kimi semiologiya yox idi?” sualına (1967, s.52) tam və aydın cavab ver­mir. Onun işarə haqqında mülahizələrini XIX əsrin 90-cı illərində dağınıq söylənmiş fikirlərindən, bir də 3 il ərzində oxuduğu mühazirələrdən izləmək mümkündür.

F.de Sössür dili işarələr sistemi saymaqla çox böyük irəliləyiş əldə etmişdir və o, işarəliliyi səslə fikir arasında əlaqədə axtarır. F.de Sössürün semioloji sistemində “işarə=semioloji dəyər” bərabərliyi mühüm rol oynayır.

Ş.Balli (1902-1976) və A.Seşeye (1907-1957) F.de Sössürün dinləyicilərinin mühazirə konsepktləri əsasında (özləri bilavasitə F.de Sössürün şagirdləri olmayıblar – F.V.) hazırlayıb çap etdir­dikləri “Cours de linguistique générale” kitabında o qədər əlavələr və şərhlər ediblər ki, bununla da cenevrəli ustadın fikirlərinin təhrifinə geniş meydan yaradıblar. Ç.Pirsdən və E.Husserldən fərqli olaraq (onlar semiotikanın əsaslarını işləyib hazırlamışdılar – F.V.) F.de Sössür semiologiyadan gələcək mənasında danışır.

3 il ərzində (1908-1911) mühazırə oxuduğu tələbələrinin qeyd­lərinə əsasən R.Yakobson yazır ki, F.de Sössür dili işarə sis­teminə daxil etməklə onu işarə haqqında elmin tərkib hissəsi elan edirdi. Bunu da semiologiya (yunanca ŋīo “işarə” deməkdir) adlandırmağı təklif edirdi. Dilçilik də həmin işarələr haqqında elmin tərkib hissəsi olmalıdır. Dilçilər dilin semioloji xarekterini açmalıdır; yeni elmin vəzifəsi müxtəlif işarə sistemlərinin fərqlərini və oxşarlıqlarını tapmaqdır.

“Semiologiyanın ümumi qanunları müəyyən ediləcək.”24

F.de Sössür qeyd edir ki, dil yeganə işarələr sistemi deyil, yazı, görünən naviqasiya siqnalları, hərbi təbillər, nəzakət jestləri, mərasimlər, adətlər və s., bütün bunların, F.de Sössürə görə, se­mioloji xarakteri var.25

F.de Sössür yazır ki, dil işarə nəzəriyyəsinin xüsusi halından başqa bir şey deyildir. O, şahmat oyununun qrammatikasını onun fiqurlarının müvafiq vacibliyilə müqayisə edərək bu oyunu dillə qarşılaşdırır, çünki bu semioloji sistemlərdə oxşarlıq anlayışı dəyər anlayışı ilə çoxalır və əksinə.26

Semioloji yanaşma yalnız sinxron səviyyədə mümkündür, çün­­ki dəyər sistemin tarixi mərhələlərinin ardıcıllığından keçə bil­məz.

F.de Sössür dildəki semioloji invariantlığın kontekstdən və fərdi dəyişikliklərdən asılı olmayaraq mövcudluğunu sübut etmək üçün dili simfoniya ilə müqayisə edərək göstərir ki, musiqi əsəri onu kimin, necə ifa etməsindən asılı olmayaraq mövcuddur. İfa heç bir əsərin özü ola bilməz, onun həqiqi xarakterini aça bilməz. Üzeyir bəyin “Üvertürası”nın hər zaman ifası həmin əsərin özü deyildir.

F.de Sössürün semioloji təlimində aşağıdakı qarşılaşmalar mühüm rol oynayır.


1) dil və danışıq: langage (dil fəaliyyəti)
langue (konkret bir dil) parole (danışıq)
2) işarənin ikitərəfliliyi: signifikans/siqnifikat və ya signans/signatum (işarələyən/işarələnən)

3) xəttilik: /a+r+a+b+a // +l+a+r // +d+a+n/

4) diskretlik: /a / r / a / b / a / l /a / r / d / a / n /

5) ixtiyarilik (arbitrerlık): işarələyənlə işarələnən arasında birbaşa əlaqə yoxdur.

6) sinxron/diaxron: dil sistemi bir zaman kəsiyində, onun tari­xən keçdiyi zaman ardıcıllığından asılı olmayaraq öyrənilməlidir.

Aşağıda bunların hər biri üzərində bir qədər ətraflı dayanacağıq.

Hələlik isə F.de Sössürdən sonra dil və dillər haqqında elmin işarə və işarələr haqqında elmə münasibətinin inkişafı istiqa­mət­lə­rinə nəzər yetirək. E. Kassirerin (1874-1945) bir fikrini burada gətir­mək pis olmazdı. O, 1945-ci ildə N.Yorkda dilçilik dərnəyində çıxış edərkən elan etmişdi ki, dilçilik semiotikanın bir hissəsidir.27

Müxtəlif işarələr arasında fərqləri və oxşarlıqları həddən artıq şişirtmək və onların hüdudlarını daraltmaq yaxşı nəticələrə gətir­məz. Bəlkə də dil işarələrini ayrıca elm kimi öyrənmək lazımdır. Bəli, tamamilə doğrudur, çünki dil işarələri mahiyyətcə digər işarə­lərdən çox ciddi fərqlənir. Təssüf ki, F.de Sössür və onun ardıcılları dil işarələrini və digər işarə sistemlərini bir-birindən ayıran cəhətləri daha dərindən tədqiq etmək, onların hər birinə xas olan əlamətləri tapmaq əvəzinə onların bütöv işarə sistemlərinin tərkib hissəsi olmasını sübut etmk üçün daha çox səy göstəriblər. Digər tərəfdən, dil işarələrini semantikanın obyekti olan digər işarələrdən ayırmaq istəyən eqosentristlər semantikanı dilçiliyə sinonim kimi götürmək istəyirlər.

Dil işarələrinin hər iki tərəfində signans və signatum əlaqələri bütün ünsiyyət səviyyələrində distinktiv əlamətlərdən tutmuş dis­kursa qədər öz dəyərini saxlayır, hərçənd ki, onlar struktur, funk­sio­nal və həcm baxımdan fərqli olsalar da, hamısı eyni elmin ob­yekt­ləridir. Onların dərk olunması beynin sol yarımkürəsində baş verir.

Semiotikaya təbii dillə bərabər formal dillərin, habelə riyaziy­yat və məntiqin müqayisəli təhlili də aiddir. Kodla kontekst əlaqə­lərinin təhlili yaxşı perspektivdən xəbər verir. Eyni zamanda dilin ikinci model düzəldən strukturlarla, o cümlədən xüsusilə mifologiya ilə konfrontativ təhlili uğurlu ola bilər. Bununla da mədəniyyətin semiotikasını əhatə etmək olardı. Heç cür razı olmaq mümkün deyil ki, dilin problemləri öyrəniləndə başqa işarə sistemlərinin əlamətləri kortəbii şəkildə dilə və əksinə tətbiq olunsun. Hər iki yanaşma təhlü­kəlidir və onlardan hər birinin spesifik xüsusiyyətlərini üzə çıxart­mağa maneçilik törədə bilər.



III.3. Semiotikada Ç.Morris mərhələsi
Ç.Morris əsasən semiotika ilə məşğul olub, ancaq fəlsəfi problemlərə də toxunub. O, neopozitivistlərin çap etdir­diyi Unifikasiyalı elmin Beynəlxalq ensiklopediyasında “İşa­rələr nəzəriyyəsinin əsası” adlı əsər çap elətdirir. Burada o semi­otikanı bütün elmlərin instrumenti (orqanon) hesab edir. Ç.Morris semiotika üzrə biliklərin hər bir alimin yetişməsində mühüm rol oynadığını xüsusi vurğulayırdı. Maraqlıdır ki, hələ R.Dekart (1596-1650) yazırdı ki, “Sözlərin mənalarını müəyyən edin və onda dün­yanı yanlışlığın yarısından xilas edərsiniz.”

Ç.Morris bununla nəzəriyyə və metanəzəriyyə ilə bağlı çaş­qın­lıqlara, terminlərin qarışdırılmasına son qoyacağına inanırdı. O bildirirdi ki, “empirik elmlər əslində nəinki bütün düzgün həqi­qətləri yox, ən vacib düzgün həqiqətləri əldə etməklə məşğuldur, ancaq empirik elmin dili həqiqətin vacibliyinə yox, onun ifadəsinə yönəlib.”28

Ç.Morris həmçinin işarənin üç aspektini fərqləndirirdi. Onları bu alim funksiyalar, ya da semiozisin ölçüləri adlandırırdı.

Bunlar aşağıdakılardır:

1. Sintaktika: işarə düzümündəki düz xətt boyunca və ya opera və üvertüradakı motivlər arasındakı əlaqələrin üzə çıxarılması ilə məşğuldur;

2. Semantika: işarələyənlə işarələnən arasındakı əlaqələrin ifadəsini öyrənir;

3. Praqmatika: işarə ilə onu işlədənlər arasındakı, göndərən (danışan) və qəbul edən (dinləyən) arasındakı əlaqələri öyrənir.

Bunların hər biri Ç.Morrisin əsərinin bir bölməsini təşkil edir. Ç.Morrisə görə, semiozis işarənin fəaliyyət göstərdiyi prosesdir.

Ç.Morrisdən fərqli olaraq alman filosofu Q.Klaus işarələrin bir aspektini də fərqləndirir ki, bu siqmatik aspekt adlanır: o, işarələrin denotatları arasındakı əlaqələri araşdırır (bu barədə bax: V fəsil).

O, bu bölgüyə izahat verərək yazırdı: “Semiotika qədim dövrlərdəki üçlüyün (trivium) müasir ekvivalentlərini əhatə edir-məntiq, qrammatika və ritorika.”29 Qeyd edək ki, bu üçlükdən sonra dördlük (kvadriya) gəlirdi: musiqi, cəbr, həndəsə, astronomiya. Onların yeddisi bir yerdə universitetəqədərki 7 azad elmin əsaslarını (incəsənətini) təşkil edirdi.

Ç.Morrisin müəyyən etdiyi 3 aspektin evristik qiyməti onda­dır ki, bununla işarələrin bütün münasibətlərini həll etmək müm­kündür.

Bu üç aspekt istənilən mətnin qurulmasını və şərhini təmin edən parametrlərdir. Məsələn, riyazi formulda birinci plana sintak­tika çıxır. Emipirik elmi dil təbiətin təsvirinə, əxlaqın, təsviri və tətbiqi incəsənətin dili idarəetməyə, şey və məqamları göstərməyə, şeylərdən gözlənilən nəticəni almağa kömək edir. Bütün burada işarənin hər üç aspekti kifayət qədər dolğun təmsil olunur, ancaq diqqətdən və maraqdan asılı olaraq onlardan biri digərinə tabe ola bilər.29

Ç.Morrisin bölgüsü klassik hesab olunur. Hər halda filosoflar və kulturoloqlar Ç.Pirsin bölgüsündən Morrisin bölgüsünə daha çox üstünlük verirlər.

Y.S.Stepanov (1930-) bu bölgüyə əsaslanaraq dilin dərk olunması paradiqminə dair bilgilərin 3 istiqamətdə inkişafını şərh edir. Semantik paradiqm (adın fəlsəfəsi); sintaktik (predikatın fəlsəfəsi) və praqmatik (eqosentrik, sözlərin fəlsəfəsi). Ç.Morris ya­zır: “Semiotika insan fəaliyyətinin əsas formalarını və bu formaların bir-birilə əlaqəsini başa düşməyə zəmin yaradır, çünki fəaliyyətin bütün növləri və onlar arasındakı əlaqələr öz ifadəsini işarələrdə tapır... İşarə anlayışı insan haqqında elm üçün fizika üçün atom, biologiya üçün hüceyrələr vacib olduğu kimi fundamentaldır.31 Onun fikrincə, fəlsəfə elə işarə nəzəriyyəsi deməkdir.32

Ç.Morris işarə haqqında fikirlərini özünün “İşarələr, dil və davranış” (1946), “İnsan ləyaqətinin müxtəliflikləri” (1958) və “Məna və mənalanma. İşarələr və dəyərlər. Əlaqələrin öyrənilməsi” (1964) kitablarında inkişaf etdirib.

III.4. R.Yakobson və semiotika
R.Yakobson semiotikanın inkişafı və yayılması üçün çox iş görmüşdür. O, 1975-ci ildə yazırdı: “Şübhəsiz, bütün incəsənət növ­ləri, fərqi yoxdur, mahiyyəti etibarı ilə zamanla bağlı olsun, məsələn, musiqi və poeziya və ya təbiətinə görə məkanla bağlı olsun, mə­sələn, heykəltaraşlıq və skulptura və ya sinkretik, yəni həm zaman, həm də məkanla bağlı olsun, məs., teatr, sirk və kino tamaşaları olsun, eynilə işarə təbiətinə malikdir.”33 O hesab edir ki, incəsənəti dilə qarşı qoymaq cəhdi uğursuzluğla nəticələnəcək, müqayisəli tədqiqat onu adi dilə yaxınlaşdıracaq, çünki incəsənət adi dilin transformasiya olunmuş sistemidir. R.Yakobson yazır ki, istənilən incəsənət Ç.Pirsin göstərdiyi 3 növ semiotik işarəyə malikdir. Deməli, o həm simvol, ikon, həm də indeksə yaxındır. Ancaq o hər şeydən öncə incəsənət xarakterilə səciyyələnir ki, onun mənası da bundadır.

Hər bir işarə müəyyən alıquid stat pro aliquo formuluna görə bildiricidir, göstəricidir (renvoi). İşarənin bildirməsi başqa şeyə işarədir, ya bütövə, ya tərəflərdən birinə (signans və ya signatum) oxşayır.

R.Yakobson aşağıdakı hallarda işarələrin məhdudiyyətini qəbul etmir:

1. R.Yakobson işarə fenomenini ümumi şəkildə qəbul edir.

a) o, simvolları, ikonları və indeksləri işarə hesab edir;

b) informasiyanı vermə niyyəti ortada yoxdursa, yəni bəda­hətən verilən informasiya işarə hesab edilməməlidir (gözlənilmədən ağlamaq, gəyirmək, utancaqlıqdan qızarmaq və s.). Işarə üçün şərh olunmaq imkanından başqa bir şey lazım deyildir, hətta adresat olmasa belə, xəstəlik simptomları da, beləliklə işarədirlər.34

c) o nəinki fonemi, hətta onun differensial əlamətini də işarə hesab edirdi.

R.Yakobson yazır ki, fonem haqqında çox yazılsa da, onun semiotik və xüsusilə linqvistik problemləri çox az işıqlandırılıb. Fonemin strukturu, onun başqa fonetik və ümumiyyətlə, linqvistik, bir az da geniş götürülsə, semiotik dəyərləri məsələsinə az to­xunulub.

“Əsas fonem debatlarının sevimli mövzusu belədir: nə mə­nada fonemin varlığı sübut oluna bilər? O, reallığın hansı tərə­finə aiddir? Cavablar müəlliflərin ümumi dünyagörüşündən asılı olaraq fərqlənir... bəlkə fonem sırf elmi abstraksiyadır, bütöv dil vahid­lə­rində olduğu kimi sadəcə nizamlanma anlayışı olmalıdır”.35

Fonemin reallığa münasibəti bütün dil vahidlərində olduğu kimi fonemdən və ya dilçilikdən kənardadır, çünki bu dəyər nəzə­riyyəsinin sahəsidir.

R.Yakobson F.de Sössürün “dil – danışıq” (langue-parole) konsepsiyasına toxunaraq göstərir ki, əslində qarşılaşma dixotomik deyil, trixotomik olmalıdır:

dil norması  dil ifadəsi (söyləm);

dil fərdüstü, sosial dəyər kimi  dil fərdi, xüsusi qənimət kimi;

dil vahidləşmiş (unifikasiyalaşmış), ümumiyə xas, sentripetal  fərdiləşmiş, xüsusiləşmiş və sentrifuqal kimi.

“Fonem və ya başqa sözlə, səsin distinktiv əlamətlərinin məc­musu, əslində fərdüstü dil norması ilə müəyyənləşir, ancaq o labüd olaraq hər bir eksplist danışıq aktının ayrıca səsində mövcuddur.”36

Fonem bütün dil dəyərləri icərisində, işarələr aləmində xüsusi yer tutur.

R.Yakobson fonemi digər dil səviyyələri vahidlərilə müqayisə edərkən (söz, morfem, cümlə və s.) yazır ki, digər dil vahidlərindən fərqli olaraq fonemin ayrılıqda pozitiv mənası yoxdur (suffiksin, kökün mənası var, onlar hansısa mənanı ifadə edir). Fonemin dil dəyəri yalnız ondan ibarətdir ki, o, tərkibində gəldiyi sözü və ya morfemi fərqləndirir. Bu tək bir fonemlə və ya bir neçə fonemlə ola bilər. Axırıncı halda fərqlənmə həmin fonemlər arasında paylanır.37

İki fonemin fərqlənməsindən danışan R.Yakobson onu yalnız və yalnız məna fərqləndirməsi faktında görür, bunun əksinə olaraq məna fərqinin məzmunu nə müəyyəndir, nə də daimidir, yəni söhbət ixtiyari işarələrdən gedir (significantia artificialiter), onlar ad significandumdur, ancaq özlüyündə heç bir məna bildirmir.38 Fikrimizcə, burada R.Yakobson düz izah etmir, mənası olmayan bir işarə məna fərqləndirə bilməz. Biz bu məsələyə başqa yerdə geniş münasibət bildirdiyimizdən burada onun üzərində ətraflı dayanmaq istəmirik.39 R.Yakobson bir az da irəli gedərək yazır ki, fonem ikitə­rəflidir, ancaq burada yeganə və qəribə olan odur ki, iki fone­min mü­əyyən sabit fonetik fərqlərinə sadəcə potensial məna fərq­i­nin faktı uyğun gəlir, ancaq bu heç vəchlə müəyyən sabit məna fərqi de­yildir. E.Husserl demişkən, fonemdə məna vermə aktı var, ancaq heç vaxt məna yerinə yetirmək aktı yoxdur. Morfemdə fərq hər iki tərəfdə sula plan du signifiantsur la plan du signifié (həm işarələyəndə, həm də işarələnəndə) müşahidə olunur. Fonemin isə fərqlənməsi yalnız işarələyəndə (signans) və bir də işarələnəndə (signatum-da) qeyri-müəyyən miqdarda konkret fərqlər kimi çıxış edir.

“Bunun da nəticəsində morfoloji və oxşar qarşılaşmalar siste­mi işarələnən sahədə (signatum) təşkil olunur (fundiert), fonoloji qarşılaşmalar sistemi isə bunun əksinə işarələyən sahəsində yerləşir (liegt).”40 Konkret əlamətlər məcmusunun ikitərəfliliyi fonemlərdən nəinki bütün digər dil, həmçinin işarə aləminin bütün dəyərlərini fərqləndirir. Məsələn, bizim jest dilində başı silkələməyə və o tərəf bu tərəfə döndərməyə (signans) inkar və təsdiq (signatum) uyğun gəlir. Balkanlarda isə əksinə başın aşağı-yuxarı hərəkəti inkar, o tərəf bu tərəfə hərəkəti təsdiq deməkdir. Eynilə qrafem də ikitərəfli olur: “a” qrafemi /a/-nı bildirir və onun optik şəklidir (işarələnən) və (işarələyən); malların üz qabığı, konvertlər (markalar) həm nəyisə bildirir, həm də onların özünəməxsus, pozitiv, müəyyən və daimi dəyəri var. Poçt markalarından qiymətindən asılı olaraq ölkədaxili və ölkəxarici məktublaşmalarda fərqli istifadə olunur.

Yalnız fonem təmiz və boş fərqləndirici işarədir. Fonem məc­musunun yeganə linqvistik, müvafiq olaraq semiotik dəyəri verilmiş sistemin digər üzvlərinə qarşı qoyulmasıdır. /a/ foneminin yeganə dəyəri eyni mövqedə başqa fonemlərdən fərqli olmaq dəyəridir”.41

F.de Sössürdən danışarkən R.Yakobson qeyd edir ki, ustad işarə aləminin hər bir vahidini 3 aspektdən araşdırır: dans sa totalité, dans son aspekt cancetuel et dans son aspect matériel. Və bunu sözbəsöz olmasa da, məna baxımından belə tərcümə edir: bil­dirmə, bildirən və bildirilmə (işarələmə, işarələyən və işarələnən).42

Bildirmə baxımından, yəni işarələnənin işarələyənə olan qar­şılıqlı əlaqəsi baxımından fonem bütün digər işarələrə qarşı qoyulur. İşarələnən baxımından bütün işarələr 3 qrupa bölünür:

1. İşarələnən söyləmdə, daha geniş mənada informasiyanın ötürülməsində məzmun kimi çıxış edir. Buraya hər bir cümlə və söz şəklində morfem də aiddir. Sintaqm məzmun kimi çıxış edir, hətta müvafiq və ya appelyasiya məqsədilə işlənən vasitələr buraya aid­dir. Danışanın həyəcanı, dinləyənə qarşı davranışı, özünüifadələr buraya aiddir. Jestlər və hinduların piktoqrafik yazısı da bilavasitə 1-ci qrup işarələrə aiddir.

2-ci qrup. İşarələnən söyləmdə, ötürmədə işarə kimi çıxış edir. Məsələn, sözdə və cümlədə sərhəd bildirən vasitələr alman dilində (knaklaut, tonun sonda düşməsi və ya qalxması və s.) cümlələr, onların hissələri və söz kimi dil vahidlərində signal rolunda çıxış edir. Sintaktik fonologiyanın prosodik elementləri, elə o cümlədən fonemlərin özləri də buraya aid olurlar. Onların vəzifəsi sözləri fərqləndirməkdən ibarətdir. Beləliklə, fonemlər işarələrə aid olur, onlar sözlərin işarələri, yəni işarələrin işarələri kimi çıxış edir. Onlar sözlərin ayrılmaz hissələri olduqları üçün K.Bülerlə bir yerdə onları işarələrdə işarələr kimi adlandırırlar.43 Çinlilərin loqoqrafik yazısı da bura aiddir, çünki burada bir qrafem sözü və ya morfemi bildirir, o, sözə aid olmasa da, işarədə işarə kimi təmsil olunmasa da, loqoqrafik qrafem işarə kimi götürülə bilər. Deməli, iki söz loqoqrafik simvolla fərqlənir, onlar fonem kimi işarənin işarəsi kimi götürülə bilər.

3. İşarələnən söyləmdə, məlumatda bir işarənin işarəsi kimi çıxış edir. Bunlar üçüncü dərəcəli işarələrdir. Məsələn, bir qrafem bizdə bir fonemi bildirir. Yəni qrafem işarənin işarəsini signal edir. R.Yakobson bunu belə göstərir:
Məzmun

1. Morfem

2. Fonem İşarə

3. Qrafem


Fonemin kombinator variantı 3-cü dərəcəli işarəyə misal ola bilər, ancaq qrafemdən fərqli olaraq işarənin 2-ci dərəcəli işarəsi kimi, işarənin özündə iştirak edən işarə kimi çıxış edir.

Fonemlərin kombinator variantları fonologiyaya aiddir, özü də fonemlərlə variantlar arasındakı fərq həm işarələmə, həm də işarələnən baxımından ardıcıl nəzərdən keçirilməlidir.

Emfatika işarələnən baxımından fonetik stilistikaya aiddir, stilistika isə qrammatikaya, çünki emfatika morfemlərdə və digər dil vahidlərində olduğu kimi səs forması mənanı bildirir. Ancaq işarələyən baxımından (signans) appelyativ və ekspressiv vasitələr fonoloji dəyərlərlə eyni əlamətə malikdir, bu da onları qrammatik vasitələrdən ayırır. Morfemlər fonemlərdən ibarətdir, onların emfatika kimi materiyası başqa dərəcəli işarələrə bölünmür.

Deməli, fonemin signatum səviyyəsində müsbət məzmunu yoxdur. Fonemlər başqa işarə dəyərləri kimi işarələnən (signatum) səviyyəsində qarşılaşma yaratmır, qarşılaşma yalnız işarələyənlər (signans) səviyyəsində olur və oppozisiyalar fonoloji sistemdə fonemlərin yerini müəyyən edir. Çex dilində /snu/ (yuxunu), /snū/ isə (yuxuları) bildirir. Bu sözlərin sonunda gələn /u/ və /ū/ morfem kimi təki və cəmi bildirdiyi üçün onlar iki fonem kimi çıxış edir, uzunluq və qısalıq iki fonemin qarşılaşması səs səviyyəsində müəyyən əlamətlər kimi özünü büruzə verir.

Hər bir pozitiv, konstant və vahid signatuma aid olan signans onunla sıx bağlı olur, ayrılmaz vəhdət təşkil edir, bu bağlılığa görə signans o saat tanınır. İt üzərində İ.P.Pavlov (1849-1936) məktəbinin nümayəndələrinin apardığı təcrübələr bunu təsdiq etdi. İt eyni signal veriləndə yalı tanıyır, başqa siqnalda isə onun reaksiyası olmur. İtalyanlar göstərdilər ki, hətta balıqlar da eyni cür hərəkət edə bilirlər. Akvariumda müəyyən siqnalda onlar yemə gəlir, başqa siqnalda isə bir az çaş-baş qalırlar, üçüncüsündə isə onlarda heç bir hərəkət olmurdu.

İşarələyənlə işarələnən arasında mexaniki assosiasiya yaranır, ona görə də tanıma baş verir.

Bizim eşitdiklərimiz səslərdən müəyyən və müsbət olanını, dildə fərqlənməyə xidmət edən səsləri qiymətləndiririk. Biz xarici dili öyrənəndə bununla rastlaşırıq. Ən kamil fonoloq və ya fonetist xarici dili dinləyəndə fərqləri tuta bilmədiyi üçün çox pərt olur. Təcrübəli fonetist əlbəttə, ayrılıqda, tələffüz olunan “a” və “i” səslərini fərqləndirir, ancaq danışıq aktında onların akustik əlamətləri o qədər dəyişir ki, dili bilmədən fərqləndirmək olmur. Rus dilində /krof/ sərt samitlə “dam”, yumşaq samitlə /krof`/ “qan” deməkdir. Rusun balaca uşağı da bunu seçir və fərqləndirir, ancaq alman bunu bacarmır. Bu o demək deyil ki, rusun qulağı incə eşitmək qabiliyyətinə malikdir. Xeyir, sadəcə olaraq onun fonoloji sistemi bu qarşılaşmanı əhatə edir, almanınkı isə yox. Burada N.S.Trubeskoyun (1890-1939) “ələk” prinsipi yada düşür.42

Deməli, fonemin səs toplusu yox, onun başqa qarşılaşmalar toplusuna əksi nəzərə alınmalıdır. Fonemin özü yox, o, qarşılaşmanın üzvü kimi fonoloji tədqiqatların məhək daşı və ilkin anlayışı olmalıdır.

Burada daha maraqlı məsələlər ortalığa çıxır. Fonem qarşılığı olan üzvsüz mümkün deyildir. Ata anasız, gecə gündüzsüz olmadığı kimi, fonemlərdə belə münasibət olurmu? Ola bilsin ki, dildə /a/ var, ancaq /a:/ yoxdur. Elə bizim dilimizdəki kimi, ancaq bir sistemdə başqa fonemlərə qarşı qoyulduğu, variasiya baxmından ən qısa /ă/ ən uzun /ā/ qədər diapazona malik ola bilər.

Fonematik keyfiyyətlər (uzun/qısa, kar/cingiltili), eynilə fonemlər kimi işarədirlər; onlar nə haqqındasa nəsə bildirir, onların siqnatumu var və predmetə aid olurlar. Hər iki yanaşmada işarə sui generis var. Brincisi, onlar predmet baxımından ikinci dərəcəli işarələrdir. Onlar işarələrə-morfemlərə və sözlərə aiddirlər. Fonem aid olduğu sözün başqalarından fərqləndiyini bildirir. Fonemlər “işarə üçün işarə deyil”, Çin yazısında olduğu kimi, çünki burada hər bir hərf bir sözdür, olmayan işarəni təmsil edir. Bunun əksinə olaraq fonem mövcud işarəni diakritika kimi fərqləndirir, işarədə işarədir. O, sözün tərkib hissəsidir və bununla da predmetə işarədir. Fonem dilin çox qəribə və mühüm dialektik autinomiyalarına aiddir ki, bu, işarə sistemlərindən məzmunca ən zəngini olan boş, neqativ əsas vahidlər sistemindən düzələn yeganə şeydir.

Necə oldu ki, distinktiv əlamətlər qaldı bir tərəfdə, fonemi ən sadə fonoloji əlamət kimi götürdülər? sualına R.Yakobson cavab verir ki, burada iki əsas var: birincisi, ilkin mərhələdə fonem təhlili xam materialdan uzaqlaşa bilmirdi; fonoloji relevant əlamətlər hələ tam aşkar edilməmişdi: ikincisi, F.de Sössürün “Caractère linéaire du sinifiant” kimi göstərdiyi amil mane olurdu.45 Yəni “iki səs eyni vaxtda tələffüz oluna bilməz” ideyası relevant əlamətlərin birgə fəaliyyətini görməyə mane olurdu.

F.de Sössür fonemlərin dalbadal gəlməsində vahidliyi və bölünməzliyi əsas götürürdü, ancaq o eyni zamanda, eyni vaxtda gələ bilməsini görmürdü. İki fonem düz xətt boyunca bir-birinin dalınca gəlir, sintaqmatik əlaqə əsasında yeni bir morfem və ya söz əmələ gətirir. Məsələn, /at/, /it/, /ot/ və s. Bu zaman CD əlaqəsi meydana gəlir. Ancaq bu sözlərdəki fonemlərin hər biri eyni vaxt daxilində reallaşan əlamətlərin məcmusu kimi götürülə bilər: AB. Məsələn, /t/ fonemində kipləşən-partlayışlılıq, dilönülülük və karlıq simultan hərəkətlərin məcmusudur.


A

C D
B
R.Yakobson işarə haqqında digər mülahizələrini “Görünən və eşidilən işarələr” (1964/67) adlı və “Işarə və dil sistemi” (1962) məqalələrində şərh edir.

R.Yakobson görünən və eşidilən dillə bağlı E.Sepirdən (1884-1939) misal gətirir: “Səsli dilin bütün digər kommunikativ simvo­lika­dan üstünlüyü ondadır ki, sonuncu ilə müqayisədə şrift kimi subistutiv və ya ən azı tamamlayıcıdır ya da jestlər kimi nitqi müşayiət edir.”46

Sübut olunmuşdur ki, sağ qulaq dil səslərinin çox dəqiq fərqlənməsində, sol qulaq isə başqa səsləri fərqləndirməkdə əvəzsiz rol oynayır. Səsin işarə sisteminə aid olub-olmamasını müəyyən etmək üçün xüsusi meyar lazım gəlir. Konkret bir işarə sistemini semi­otikanın ümumi problemlərinə toxunmadan əhatəli həll etmək olmaz. Semiotikanın inkişafı zəminində müxtəlif işarə sistemlərinin əsaslı və qaynar problemlərini öyrənmək şansı yaranır. İndi artıq müxtəlif işarə tipləri üçün, eləcə də işarənin yaranmasının və persepsiyasının aktual problemlərini dərindən öyrənə bilərik.

Eşidilən və oxunan dilin qavranılmasındakı əlaqələri də belə məsələlərdən hesab etmək olar. Qrafemləri ayrılıqda səslərdəki kimi eyni sürətlə desəydilər, verilən məlumatı qəti başa düşmək olmazdı. Motsartın və Şopenin sonataları gerçəkliyin hansı tərəfini əks etdirir? Niyə abstrakt rəssamlıq işləri adama yad gəlir və hətta cəmiyyətdə qadağan edilir? Eşidilən dilin universallığı çox ciddi müzakirə tələb edir. Patoloji halları çıxmaq şərtilə bütün insanlar danışırlar. Dilsizlik (aphasia universalis) patoloji haldır. Digər tərəfdən, savadsızlıq geniş yayılmış, bəzi etnik qruplarda isə ümumi ictimai hadisədir. Şifahi danışıqda jestlər və üz ifadələri müşa­yiət­edici və ya yardımçı vasitədir. İşarələrin hamısı məkan və zamanda yaranır. Vizual işarələr məkanca məhduddur, zaman meyarları auditiv işarələrdə üstünlük təşkil edir. Auditiv işarələr zaman ardıcıllığında ötürülür. Hər bir kompleks vizual işarə, məsələn, hər bir şəkil, müxtəlif komponentlərin simultanlığını nümayiş etdirir, halbuki dildə zaman ardıcıllığı əsas əlamətdir.

Bu heç də o demək deyil, çoxlarının qəbul etdiyi kimi, dil xət­ti xarakterə malikdir. Dili birmeyarlı zaman ardıcıllığı kimi götür­mək olmaz. Dil fonemlərin suksessiv ardıcıllığıdır, ancaq fonemlərin özləri eyni zamanda fəaliyyət göstərən distinktiv əlamətlərin simultan dəstidir; digər tərəfdən başqa əlamətlər də dili sadəcə ardıcıllıq kimi götürməyə əsas vermir. Fikrimizcə buraya prosodik və vurğu, intonasiya əlamətləri daxildir. Görülənlə eşidilən işarənin fərqi nədədir? Görünəni şeylərlə, predmetlərlə bağlı götürürük, onu nəyinsə inikası, elə bil təqlidi (yamsılayıcı) incəsənət elementləri kimi görürük. Rəssam tuş və rənglə işləyir və sifətləri, mənzərələri, hətta insan həyatının özünü görüntüyə gətirir. Təsvir olunan şeylər və həyat tərzi üçün sınıq budaqlardan, daş və kəsəkdən çox təbii formada istifadə edilir. Bu da naşı adama əsas verir ki, özündən asılı olmayaraq şəklə tapmaca kimi baxsın (necə N.S.Xruşşov vaxtilə edirdi) və səbri çatmır ki, öyrənsin, orada nə təsvir olunduğunu tapsın, ona görə də belə rəsm əsərlərini cızma-qara adlandırır.

Bəs dil və musiqi işarələri üçün tipik olan nədir? Onlarda iki cəhət var: həm dildə, həm də musiqidə hierarxik struktur var. İkinci tərəfdən onlar diskret, ciddi şəkildə bölünə bilən komponentlərdən ibarətdir, bu nəinki təbiətən mövcuddur, həm də ad hoc yaranır. Məhz bu, dildə distinktiv əlamətlərdə, müqayisədə isə ton hərə­kətlərinin vahidləri kimi notlara aiddir. Xarakterik əlamətlərin müəyyən edilməsində, dilin səs əlamətlərində bunlar fərqlidir. Onlar süni düzümdə də əhəmiyyətli vahidlər kimi çıxış edirlər.

Rəssamlıqda ayrı-ayrı elementləri bir-birinə bağlayan hierar­xik strukturlar yoxdur. Orada dildəki və musiqidəki kimi qatlar və laylar yoxdur. Rəsm əsərində vizual qavranılanları dildəki və musi­qidəki kimi parçalayıb təsvir etmək olmur. Bu elə belə fərq deyil, zaman, auditiv və sekvensial işarə sistemlərinə daxildən bağlı kardinal və spesifik əlamətlərdir.47

Film semiotik sahə üçün məhsuldardır. Təxminən 2 əsr yarım bundan əvvəl Almaniyada diskussiya olub, orada Q.E.Lessing dil yaradıcılığı ilə təsviri incəsənsət arasındakı fərqi belə şərh edib: rəssamlıq məkan ardıcıllığına söykənən incəsənətdir, poeziya isə təkcə zaman ardıcıllığına tabedir. Y.Herder isə ona cavabında deyir­di: sırf bədii ardıcıllıq fikri fiksiyadır və yalnız “zaman ardıcıl­lığına” söykənən incəsənət qeyri-mümkündür. Poetik əsəri başa düş­mək və qiymətləndirmək üçün, Y.Herderə görə, onun bütöv­lüyünə sinxron nəzər salmalıyıq. Simultan sintez dil axınının bütövlüyünü anlamağa imkan verir, deyə Y.Herder, – ona yunanca energeia terminini verir.48

Beləliklə, görünən məkan işarəsi olan rəsm əsərilə əsas zaman əlaqəsində olan dil və musiqi arasındakı nəinki bir sıra əhəmiyyətli fərq, həmçinin çoxlu oxşar cəhətlər də var. Hər ikisi diqqətlə nəzərə alınmalıdır. Lakin məkan və zaman işarələri arasında böyük fərqlər də vardır.

Yazı sosial və ərazi baxımdan məhduddur, danışılan dil isə universaldır. Ancaq bu o demək deyildir ki, zərərli və qüsurludur. Ya­zılı dil və abstrakt rəsmlər superstruktur olmaqla ikincidir, epife­nomendir.

Yuxarıda qeyd edildiyi kimi, R.Yakobson işarə probleminə 1962-ci ildə yazdığı “İşarələr və dil sistemi” məqaləsində toxunur.

Beləliklə, R.Yakobsonun işarə konsepsiyasını aşağıdakı kimi ümumiləşdirmək olar:

İşarənin hüdudları: R.Yakobson işarənin məhdudluğunu heç cür qəbul etmir. Onun üçün simvollar, indekslər və ikonlar işarədir.

Bəziləri jestləri, utancaqdan qızarmanı kvaziişarə hesab edirlər. R.Yakobson kvaziişarəni qəbul etmir. O yazır: “...işarənin şərh olunmaqdan savayı heç bir şeyə ehtiyacı yoxdur, hətta adresat olmasa belə. Ona görə də xəstəlik simptomları da işarələr hesab oluna bilərlər.”49 Eyni zamanda o, diferensial əlamətləri də işarələrə aid edirdi. Sintaktik periodları, differensial əlamətləri, bütöv diskursu struktur fərqlərinə baxmayaraq o, işarə hesab edir.

R.Yakobson 3 əsas sahə ayırırdı: 1-cisi, daxili, bu dilçilikdir, 2-cisi, semiotika, 3-cüsü, sosial, antropoloji, sosioloji və iqtisadi sahələri əhatə edən kommunikasiya haqqında ümumi elmdir.

R.Yakobson kommunikativ aktın 6 komponentini fərqləndirir, adresant, adresat, kod, məlumat, kontakt və referensiya. Bu, çox əhatəli modeldir, özü də müxtəlif müqayisələr üçün meydan yaradır. Burada kodlaşma və dekodlaşma vacib komponent kimi qeyd olunur. Beləliklə də danışanındinləyənin dilçiliyi ayrıca elm sahələri kimi götürülür.

Burada danışan öz fikrini düzgün ifadə etməkdə heç bir çətinlik çəkmir. Çətinlik dinləyən üçün yaranır, onun göndərilən məlumatı necə dekodlaşdıracağı çox mühümdür. Əgər danışan belə bir cümlə işlədirsə /Professorun dəvəti tələbələrin ürəyincə oldu//, bunun açması o qədər də asan deyildir. Pressuppozisiya və propo­zi­siya əsl mənanın açılmasına kömək edir. Əgər tələbələrə dərs deyən professoru nəzərdə tuturuqsa, onda bunu transformasiya yolu ilə üst qatda belə verə bilərik:

/Bizim professorun dəvəti/  /Bizim professorun dəvət edil­məsi...//

/-------------------------...../  /Bizim professorun dəvət et­məsi...//

Göründüyü kimi, alt qatda eyni semantik reprezentasiya üst qatda (dinləyicidə) müxtəlif cür açıla bilər.

R.Yakobson kodlarda xüsusi operatorların, şifferlərin vacibliyini qeyd edir və göstərir ki, onlar törəyən söyləmlərin anlaşılmasında katalizator rolunu oynayırlar. Buraya o deyksisləri (şəxs sonluqları, yaxın və uzaq aktantlları) daxil edir.

R.Yakobson xüsusi olaraq vurğulayır ki, ikonik işarələr təbii dildə daha çoxdur.

Bundan başqa R.Yakobson dildə, beyində və incəsənətdə iki cür “metafor-metonimiya” oppozisiyasının universallığını qeyd edir. Bu, bir tərəfdən, oxşarlıq (metafor), digər tərəfdən isə qarışıqlıq (metonimiya) əlaqələrini ayrıca qabardır50. Məlumdur ki, onların fərqlənməsinin 26 əsr tarixi vardır. G.Pirs də işarə-indeks və işarə-kopiyadan, F.de Sössür isə paradiqmatik və sintaqmatik əlaqələrdən danışıblar. Ancaq R.Yakobson bu əlaqələri ümumiləşdirərək univer­sallaş­dırıb (onların afaziya, poeziya və kino sənəti üçün əhə­miy­yətini xüsusi qeyd edib). O, paradiqmatik və sintaqmatik əlaqələri işarələrə tətbiq edərək onları seleksiyakombinasiya adlandırıb.

Nitq ontogenezi, onun filogenezi və nitq qabiliyyətinin pozul­maları arasındakı korrelyasiyaları o “Uşaq dili, afaziya və ümumi fonetik qanunlar” əsərində inkişaf etdirir. Yeni və köhnə kate­qori­yalar dildə öz uyğunluğunu tapır. Məsələn, onto- və filogenezdə məc­hul növ məlum növdən sonra formalaşır. R.Yakobson göstərir ki, tez formalaşan dil hadisəsi çox möhkəm olur, daha çox qalır və tez sağalır. Əksinə, axırda formalaşan hadisə az davamlı olur, tez dağılır və bərpasına uzun vaxt tələb olunur. R.Yakobson iddia edir ki, dil genetik kodun nümunəsində evolutiv konstruksiya ilə yaranıb. Genetik kodla təbii dil arasındakı struktur oxşarlıq (izomorfizm) canlı orqanizmin öz strukturu haqqında informasiyaya kortəbii yiyələnməsilə şərtlənir.

1968-ci ildə Parisdə telediskussiyada R.Yakobson demişdı: “...dil molekulyar struktur prinsipləri əsasında yaranıb, dil, yəni dili başa düşmək, onu mənimsəmək, ondan istifadə etmək biolojidir”51

1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə