F. H. Zeynalov




Yüklə 1.55 Mb.
səhifə3/19
tarix22.02.2016
ölçüsü1.55 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

I.4. Ünsiyyət və interpretant
İşarə əlaqəsi məzmunla (siqnifikat) ifadə (siqnifikant) arasındakı əlaqədir. İşarə şey deyil, o, sosial və mədəni reallıqdır. Ən əsası odur ki, bu əlaqələri duyan və bilən kəslər vardır. Primitiv insan tüstü ilə yanğını əlaqələndirə bilmirdisə, demək olmaz ki, o, işarə əlaqəsindən xəbərdar idi. Buradan aşağıdakı nəticələri çıxartmaq olar:

1. Dünyadakı vəziyyətlər, əşya (referent) və hadisələr, habelə kommunikativ məzmun fərqləndirilməlidir. Hətta həqiqi gerçəklik əşyaları belə cəmiyyət tərəfindən avtonom predmetlər olaraq qəbul edilib mədəni vahidlər kimi adlandırılmırlarsa, heç nədirlər.

2. Yaratma prosesi və anlamın ötürülməsi o zaman mümkün olur ki, kimsə (interpret) ifadə ilə (siqnifikantla – səs, şəkil, təbii hadisə və s.) məzmunu (siqnifikatı) bir-birinə bağlasın. /ağac/ sözü ilə bitki kimi ağac arasında əlaqə yoxsa, işarə əlaqəsindən danışmaq olmaz. İki tərəfi bir-birinə bağlayan üçüncü elementi interpretant (interpretin eyni deyil - F.V.) adlandırırlar. Deməli, işarə əlaqəsi üçtərəflidir:

İnterpretant



İşarə Predmet

(Reprezantem) (Referent)
Reprezantem başqa bir şey üçün mövcud olandır, yəni pred­met(siqnifikat) üçün mövcud olandır. Xəstənin dərisindəki qızartını həkim qızılca hesab edir. Burada həkim interpretdir, xəstəlik siqnifikatdır, ləkə isə siqnifikantdır.

Simptom və səbəb işarənin interpretantıdır. Eləcə də /it/ sözü­nün dördayaqlı heyvanlardan olan heyvanla əlaqəsi interpretantdır. Bu ingilis dilində /dog/, alman dilində /Hund/, ispan dilində /perro/, rus dilində /собака/, fars dilində /sək/ vasitəsilə həyata keçir. Bu əlaqə təkcə sözlə deyil, həm də şəkillə ola bilər. Deməli, interpretant obyektə və ya siqnifikata aid əlaqə olduğu üçün onu təsvir də ad­lan­dıra bilərik. İnterpret siqnifikantla siqnifikat arasındakı əlaqəni tutan­dır, interpretant isə elə bir siqnifikantdır ki, o hansı anlamda müəyyən bir siqnifikantın verilmiş siqnifikata vasitəçi, təmsilçi kimi xidmət göstərir.

Azərbaycanda bostan bitkilərini quş aparıb yeməsin deyə bostanın içində belə bir oyuq qoyurlar, bu insan təsəvvürünü yaradan bir oyuqdur:

Baş, iki qol və iki ayaq əsl ieroqlif yazısı kimi insan təsəvvürü yaradır. Bu, insan anlamının ümumi cizgiləridir, çünki hər zaman məna və ya kommunikasiya yarananda bildirilməli olan, qabardıl­malı olan şeyin qabaqca seçimi, yəni aidliyi (Pertinence) və başqa şeylərdən fərqi olmalıdır.



I.5. Ünsiyyət və digər motivli işarələr
a) İkonik işarələr
Ünsiyyətdə işarənin funksiyasından danışarkən ənənəvi olaraq onun daha üç növünü fərqləndirirlər. Siqnifikant öz siqnifikatına oxşayırsa, ikonik, bu əlaqə hər hansı bir təbii yollasa bunu göstərici (işa­rələyici), əgər siqnifikantla öz siqnifikatı arasında heç bir bağlı­lıq yoxdursa, bunu kortəbii əlaqə və ya simvolik (rəmzi) işarələr ad­landırırlar.

Birinci halda siqnifikantla siqnifikat arasındakı obyektiv ox­şar­lığı və ya işarəni işlədən cəmiyyət bu oxşarlığı tanıyır, qəbul edir, bu zaman söhbət ikonik və ya inikas əlaqəsindən gedir. Başqa sözlə desək, ifadə öz məzmununa oxşayır. Məsələn, illüstrasiyalar, şə­killər, karikaturalar, tikinti sxemləri, xəritəlr, həmçinin səs təqlidi yolu ilə yaranan sözlər və metaforlar. Bu o deməkdir ki, oxşarlıq nə qədər yaxın olsa da , o heç vaxt əşyanın, predmetin və ya obyektiv var­lığın özü ola bilməz. Rəssamın çəkdiyi portret heç zaman insanın eyni olmur. O hərəki deyil, ikiölçülüdür, insan isə hərəki və üçölçülüdür (bax: şəkil 1).




Şəkil 1. İnsan və onun şəkli

Karikatura da belədir. Sənətkar nə qədər çalışsa da, onun ka­rikaturası yaratdığı adamı yüzdə-yüz əks etdirə bilməz. Bu zaman müəyyən cizgilər dərindən öyrəniləndən sonra rəssamın fırçası ilə kətan üzərinə köçürülür. Özü də bəzi əlamətlər daha qabarıq verilir ki, interpret çətinlək çəkmədən onu tanıya bilsin. Məsələn, Qorbaçovun başının qabaq hissəsində saçın olmaması, arxadan isə çallaşmış saçlarının qabarıq verilməsi. Ancaq nə qədər canlı olsa da, bu, şəxsin özü deyildir, görünən əyanilik bütün qrafik, tablolarda, onomatopeyalarda və metaforlarda müəyyən konvensionallıq sayə­sində ikoniklik özünü büruzə verir ki, bu da onları tanımağa əsas verir. Absolut oxşarlıq dubletlərdə və replikalarda mümkündür. Məs., sənədin üzünün çıxarılması və ya bircə nüsxə çap olunan nəşr məhsulu (kitab, qəzet və s.). Oxşarlıq cəmiyyətlə bağlıdır. Hətta səs təqlidilə yaranan sözlər müxtəlif xalqlarda müxtəlif cür səslənir (Azərbaycan dilində xoruz banı /quqquluqu/, alman dilində isə /Kikeriki/ kimi ifadə olunur). Elə buna görə də U.Eko belə işarələri hipoikonlar adlandırır.22

Ancaq ikonlar şəffafdır, onlar ünsiyyətdə bildirilən əşyaya bilavasitə yönəldirlər. Buna tez-tez filmdə və televerlişdə rast gəlmək olur. Bəzən onlar yanıltmaq üçün mühüm rol oynayırlar.

Son illərdə rəqəmsal yolla şəkillər çəkilir və kompüterdə yayılır. Onlar fiziki analoqiyaya deyil, rəqəmli hesablamalara əsaslanır.


b) Deyktik işarələr
İkinci növ motivli işarələrə göstərici (lat. ostensiv) və ya deyktik işarələr aiddir. Bu işarələrdə proses siqnifikantla siqnifikat arasında bu və ya digər dərəcədə aydın oxşarlığa deyil, fiziki yaxınlığa söykənir. Bu əlaqə işarə olunan predmet və hadisənin izinə və ya əksinə əsaslanır, bu predmet və hadisəyə bağlı anlamdan doğur. Nümunə kimi insanların imzasını, barmaq şəklini, dialoqda /mən/ və /sən/ əvəzliklərini, küləyin hərəkətini göstərən bayrağı göstərmək olar. Film və ya fotosu çəkilən predmet kamera qarşısında duran obyektə yaxınlığı əks etdirir. Barmaqla işarə edilən obyekt və predmetlərin istiqaməti və uzaqlığı daxili razılıqla müəyyənləşdirir və barmağın hərəkətindən asılı olur. /Bura/, /ora/, /mən/, /sən/ və sə kimi sözlər məhz işarələmə funksiyasını yerinə yetirir.

Bu işarələrin tam motivli olmamasını onunla göstərmık olar ki, barmağın işarəsilə səhv istiqaməti də göstərmək olur. Barmağı yalandan başqa istqamətə tuşlamaqla adresatı aldatmaq olar. Hətta imzanı da saxtalaşdırmaq olur. Fotomontaj və ya reklam funksiyası daşıyan fotolar da bura aid edilə bilər. Fotonun başqa mətnə yerləşdirilməsi (montaj, qaralama və s.) həqiqəti pərdələmək məq­sədi güdür. Şəkildə ana əlini irəli uzadır vətənin müdafiəsinə çağırır, altında isə /Ana vətən səni çağırır/ yazılmaqla adresatı müəyyən hərəkətə ruhlandırır.


c) Simvolik işarələr və kodlar
İşarələr arasında simvolik (rəmzi) işarələr çox vacib yer tutur. O işarələr rəmzidirlər ki, onlar olmayanda siqnifikantla siqnifikat arasında heç bir əlaqə olmur. Simvol tarixən və konvensional motiv­liyə aiddir. O arbitrerdir. Yol hərəkətini nizamlayan, gəmiçilikdəki tətbiq olunan nişanlar və riyazi simvollar arbitrerdir. Rəmzi işarələr müxtəlif dillərdə müxtəli cür olmaqla yanaşı, həm də onların tarixən açılışı mümkündür. Məsələn, italyan dilində qadın /donna/ deməkdir. Bu latın dilindəki /domino/ sözündən əmələ gəlib /xanım/ demək idi.O qadını bildirən söz olaraq /dominus/ sözünə qarşı qoyulurdu, özü də müəyyən yerli güc, qüvvə demək idi. Bundan istifadə edən bəzi dilçilər səs sim­volizmindən istifadə edərək belə hökm verirlər ki, guya ayrı-ayrı fonemlər öz keyfiyyətinə görə müəyyən məna ifadə edirlər. Məsələn, /a/ ən açıq sait olduğuna görə guya o, böyük predmetləri bildirmək üçün işlənir. Ancaq Azərbaycan dilində /igid/ heç də kiçik insan demək deyildir. Bunun əksinə olaraq /şir/ sözündə ən qapalı sait işlənməsinə baxmayaraq heç də həmin heyvan kiçik və ya çəlimsiz bir dördayaqlını bildirmir.

Arbitrerlik ancaq o demək deyildir ki, biz /it/ deyəndə /pişik/ və /hə/ deyəndə /yox/ başa düşək. Arbitrer kimi müəyyənləşən kom­munikasiya sahəsini kodlar sahəsi kimi dəyərləndirmək olar ki, bu da cəmiyyətin üzvləri tərəfindən siqnifikantla siqnifikat arasın­dakı razılaşmalar siyahısı deməkdir. İkidilli lüğətləri buna misal gətir­mək olar. Bir tərəfdə əlifba siyahısı ilə sözlər verilir və onların qarşısında xarici dildə uyğun sözlər yazılır. İşıqfordakı siqnallar da onların kodluğuna aydın nümunədir:


yaşıl = yol açıqdır

sarı = yolu boşalt

qırmızı = dayan

qirmızı və sarı = hərəkətə başla

sarının yanıb sönməsi = ehtiyatlı ol
Ancaq bu kodun gerçəkdə xüsusi nəzərə çarpan redundantlığı vardır, bu da rənglərin ardıcıllığında özünü büruzə verir. Yaşıl aşağıdakı, qırmızı isə yuxarıdakı ilə əvəz olunur. Göründüyü kimi, burada qırmızının yanıb sönməsi yoxdur. Deməli, ikonik işarələrin hər cür ardıcıllığı deyil, yalnız bir qismi ünsiyyətdə istifadə olunur. Dildə də bu belədir. Məlumdur ki, dildə teoretik cəhətdən mümkün birləşmələrin heç də hamısı ünsiyyət üçün sözlərin düzəlməsində iştirak etmir. Kodun bu redundantlığı riyazi yolla hesablana bilir. Ancaq redundantlıq ünsiyyətdə maneənin, küyün aradan qaldırıl­masında çox böyük rol oynayır. Siqnifikat redundant kodlaşırsa, siqnifikantda yardımçı elementlər bolluğu meydana gələn küyü və ya maneəni saxlaya bilər. Arbitrerlik incə və mürəkkəb mətləbləri bildirməkdə böyük rol oynayır, çünki hipoikonlar asan tətbiq olu­nur, başa düşülən və əyanidir. Ancaq onlarla məntiqi və narrativ əlaqələri göstərmək çətindir. Məsələn, ikonik yolla inkarı vermək mümkün deyildir. Bir-birini ötən maşınların və ya yük maşınının şəkli ikonikdir, ancaq burada simvolik işarə də mümkündür. Qırmızı dairənin içərisindən köndələninə keçən xətt razılaşmaya əsasən qadağanı bildirir. İxtiyarilik dil və dilə bənzər ünsiyyət sistem­lə­rində mühüm əhəmiyyət kəsb edir. Siqnifikatla siqnifikant arasında əlaqə yuxarıda deyildiyi kim tarixi və zəruri ola bilər. Belə halda söhbət vertikal ixtiyarilikdən gedir. Yuxarıda gətirdiyimiz işıqfor nümu­nəsində rənqlərlə ifadə olunan mənalar arasında birbaşa əlaqə yoxdur, hərçənd ki, bizim mədəniyyətimizdə /qırmızı/ təhlükəni (yanğın, qan, siyasi partiyanın bayrağının rəngi və s.), /yaşıl isə sakitləşdirici dəyəri bildirir (açıq mənzərənin, cərrahların ümidvericilik rəmzi olan geyimi və s.). Ancaq bunların hamısında yerdəyişmə mümkündür. İşıqforda qırmızı əvəzinə narıncı, yaşıl əvə­zinə isə mavi qəbul olunsaydı yol hərəkəti əvvəlki kimi nizam­lanardı. Bizim cəmiyyətdə qara yas bildirdiyi halda, yaponlarda həmin anlamda ağ rəng işlənir. Siqnifikant baxımından əsas məsələ fərqlənmək və qarşılaşma yaratmaqdır. Yəni hansı rəngin ilkin olaraq seçilməsi və cəmiyyət tərəfidən qəbul edilməsi həlledicidir.

Təbii dildə eyni substansiya, materiya və səslənməni yaradan orqanlar eyni olsa da, onların funksional cəhətdən işlənməsi dildən- dilə fərqlidir. /d/ samiti ingilis dilində apikal, alman və Azərbaycan dillərində isə dorsal tələffüz olunur. Ancaq bu dillərin fonem sistemlərində həmin əlamətlərə görə fonoloji qarşılaşmalar yoxdur. Bu sadəcə olaraq norma səviyyəsində tələb olunan inteqral əla­mətdir. Bu üfüqi ixtiyarilik təkcə siqnifikantlar üçün deyil, həm də siqnifikatda özünü büruzə verir. Yeni sözlərin yaranmasında ixti­yarilik müşahidə olunur. Məsələn, /tozsoran/ rus dilindəki /pılesos/ sözünün kalka yolu ilə tərcüməsi olsa da, onun komponentlərinin mənasından sözün ümumi mənası yaranır.

Arbitrerlik dildə rəngarəngliyi təmin edən mühüm əlamətdir. Elə bunun nəticəsidir ki, ətraf aləm müxtəlif dillərdə müxtəlif cür əks olunur. Rənglərin adları, insanların zövqləri müxtəlif dillərdə tamam fərqli şəkildə öz əksini tapır. Elə bir dil yoxdur ki, cürbəcür ifa­də vasitələrindən, yamsılamalardan, metaforlardan istifadə et­mək­lə ətraf aləmin semantik mənzərəsini ifadə edə bilməsin. Dilin ifadə zənginliyinə can atmasını bitki adlarından götürülmüş /qızıl gül rəngi/, /nanə qoxulu/, /tayfun/, /kompüter/ kimi alınmalar, /göydələn/, /tozsoran/ kimi kalka yolu ilə tərcümələrin köməyilə vəziyyətdən çıxmağında aydın görmək olar. Hər bir ixtiyari kodun siqnifikantında olduğu kimi, hər bir siqnifikat da elə müəyyənləşir ki, onun dəyəri qarşılşmada üzə çıxır, yəni müəyyən anlamda ona qonşu olan siqnifikatlardan fərqlənir. Üfüqi ixtiyariliyin mahiyyəti bundadır. Meylli olmaq hələ sevgi deyil, simpatiya kimi də şəxssiz deyil. E.Sepir (1884-1934) və B.Uorf (1897-1941) bundan çıxış edərək deyirdilər ki, siqnifikatların müxtəlif dillərdə fərqli bölgüsü müxtəlif düşüncəni ehtiva edir.23 Ancaq semiotika birmənalı şəkildə bildirir ki, kommunikativ qabiliyyətli əşyalar sistemi onları ifadə edən siqnifikantlar kimi ixtiyaridir.

I.6. Ünsiyyətdə konnotasiya
Siqnifikatla siqnifikantın işlənməsində qarşılıqlı, sadə və bir­başa əlaqə denotatı ehtiva edir. Denotatı predmet, əşya və hadisə də adlandırırlar.24 Məsələn, konkret bir mənzərənin şək­li buna nümunədir.

Başqa halda isə siqnifikantın işlənməsində çox geniş və az məhduduyyətli siqnifikatla rastlaşırıq. Burada ənənəvi olaraq konnotasiyadan danışılır. Yuxarıdakı şəkil gözəllik, istirahət və ya təbiət təsviridirsə, konnotativ (ikionik) mənada işlətmiş oluruq. Göyərçin şəkli quşların şəkilləri arasında denotativdirsə, ayrılıqda konfrans zalında divara vurulmuş şəkil kimi sülh, döyüşdə ağ bayraq məğlubiyyətin mənasını bildirməklə konnotativ işlənmişdir.

Denotasiya nüvəni bildirirsə, konnotasiya qeyri-müəyyən və dağınıqdır.

NO


KON Denotasiya SİYA


TA

Konnotasiya siyasi-ideoloji və persuasiv (inandırıcı) diskurs­da önəmli yer tutur. Konnotasiya dolayısı ilə dəyərlən­dirmədir. Başını qara çadra ilə örtmüş qadın öz dini aidiliyini nəzərə çarpdırır. Bu müdriklik və alicənablıq əlaməti deyil. Ancaq yaşlı, ağ saçlı, sakit danışığqlı, bir az da köhnə dəbdə geyinmiş qadın müdriklik daşıyıcısıdır. Burada bütün əlamətlər konnotativ çalarda işlən­miş­dir. Deməli, bir siqnifikantın işərisinə həm siqnifikat, həm də siqnifikant daxildirsə denotativ, ancaq hər siqnifikata bir siqnifikant uğyun gəlirsə, konnotativ işarədən söhbət gedir.



Ola bilər ki, yuxarıdakının əksi yaransın. Bir siqnifikatda həm siqnifikant, həm də siqnifikat yerləşsin. Belədə söhbət metaişarədən gedir. Metaişarə hansı anlamın nəzərdə tutulduğunu aygın göstərir. Bu zaman deklarativ və rasional aspektlərin kommunikativ baxım­dan əvəzlənməsi mühüm yer tutur. Deklarativ aspekt kommunikativ məzmumun ötürülməsidirsə, rasional aspekt ünsiyyət iştirakçıları ara­sında münasibətin qurulmasına və söhbətin necə davam etdirilməsi üçün yönəltmələrdən ibarətdir. Buraya bədən hərəkətləri, səsin tonu, musiqili şərhlər və s. aiddir. Məsələn, məktub məhəbbət hisslərini, həm də nəzakətliliyin əlamətini bildirir. Metaişarələrə başlıqlar, qısaltmalar, çərçivəyə alma, replikalar və s. aiddir. Onlar mətndə verilən məlumatı məhdudlaşdırmağa, həm də nəsihətverici çalarlıqlar verməyə xidmət edir.

I.7. Fəslin ədəbiyyatı və qeydlər
1. U.Volli. Semiotik. Eine Einführung in ihre Grundbegriffe. Tübingen, 2002.

2. U.Eco. Einführung in die Semiotik. München, 2002.

3. P.J.King. 100 grosse Philosophen. İhr Leben und Werk. München, 2009.

4. G.Frege. Funktion, Begriff, Bedeutung. Fünf logische Studien. Textausgabe. Göttingen, 2008, s.24.

5. F.de Saussure. Grundlagen der allgemeinen Sprachwissenswhaft. Berlin, 1967.

6. Yenə orada, s.19. Bu sitatın alman dilindən təcüməsini biz ilk dəfə öz trilogiyamızın 3-cü cildində vermişik. Bax: F.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica. III, Bakı, 2009, s.16.

7. Ю.С Mаслов . Знаковая теория языка. “Вопросы общего языкознания”, Л., 1967, s.109-127. E. Benveniste. Zur Natur des sprachlichen Zeichens. İn: “Probleme der algemeinen Sprchwissenschaft. München, 1974, s.61-69; A.Schaff. Essays über die Philosophie der Sprache.Wien, 1968.

8. F.de Saussure. Yenə orada, s.77-78.

9. Ю.С.Mаслов. Gostərilən əsəri.

10. Yenə orada, s.117.

11. Biz Q.Freqenin konsepsiyasını trilogiyamızın III cildində açmağa çalışmışıq və qeyd etmişik ki, onun ən böyük xidməti anlamla referensi fərqləndirməkdən ibarətdir. Bax: F.Veysəlli Struktur dilçiliyin əsasları. Studia Philologica. III, Bakı, 2009, s.162-168.

12. G. Freqe. Göstərilən əsəri, s.13.

13. Q.Freqe Göstərilən əsəri, s.29.

14. Yenə orada, s. 30

15. Yenə orada.

16. G.Frege. Göstərilən əsəri, s. 46.

17. U.Eco. Göstərilən əsəri.

18. K.Bühler. Sprachtheorie. Stuttgart. 1965.

19. F.Yadigar (Veysəlli). Fonetika və fonologiya məsələləri. Bakı, 1993. Həmin əsərin prof.M.Musaoğlunun türkcəyə tərcüməsi: Azərbaycan türkcəsi fonetiği. Ankara, 2008.

20. R.Jakobson Semiotik. Ausgewählte Texte 1919-1988. Hrsg. von E.Holenstein.Frankfurt am Main, 1992; Ch.Pears. Collected Papers I – Harward University. Press, 1931-38; G.Frege . Göstərilən əsəri.

21. F.de Saussure. Göstərilən əsəri.

22. G.Frege. Göstərilən əsəri.

23. U.Eco. Göstərilən əsəri.

24. F.Veysəlli. German dilçiliyinə giriş. Bakı, 2003.

25. G.Frege. Göstərilən əsəri.

II. Semiotika və ya semiologiya

II.1. Semiotikanın mahiyyəti və tərifi


Son dövrlərdə təbiətşünaslıq və humanitar elmləri semioti­kanın tərkib hissələri kimi səciyyələndirirlər. L.Yelmslev (1899-1965) və onun davamçıları təbiət elmlərini semiotika, humanitar elmlərin formalaşmasını isə semiologiya kimi müəyyənləşdirirdi. A.Qraymas (1917-) isə ifadə haqqında elmləri semiotika, məzmun haqqında elmləri isə semiologiya adlandırmağı təklif edirdi.1

F.de Sössürə görə işarələri və onların sistem­lərini öyrənən elmin adı semiologiyadır.2 Ç. Pirsə və Ç. Morrisə (1901-1979) görə bu elmin adı semiotikadır.3 Belə bir fikir də var ki, semiologiya adı altında ümumilikdə işarələri öyrənən elmi və işarələri xüsusi sahə kimi nəzərdən keçirdikdə dil işarələrilə birləşdirmək olar. Bəzən F.de Sössürün tərifini çevirməklə semio­logiyanı translinqvistika kimi başa düşürlər ki, bu da bütün işarə sistemlərini dilin qanunlarına əsasən tədqiq etməyi nəzərdə tutur.4 Deməli, dil işarələrinin tədqiqini linqivistikadan asılı götürmürüksə, onda biz semiotika* ilə məşğul oluruq. Fikrimizcə, semiotika termini daha münasibdir. Əlbəttə, fəlsəfi və metodoloji baxımdan yanaşdıqda burada xeyli mübahisəli məsələ ortalığa çıxır. 1969-cu ilin yanvarında Parisdə Beynəlxalq Komitə iclas keçirdərək “Semiotik tədqiqatlar üçün Beynəlxalq Assosiasiya” təsis etməklə belə bir qərar qəbul etdi ki, “Semiologiya” terminini işlətməməklə hər iki sahəni əhatə edən məsələlər “Semiotika” adı altında birləş­di­rilsin.5 Biz də bu əsərdə semiotika terminini bu mənada işlədəcəyik.

Semiotikanın hüdudları və qanunauyğunluqları ilə məşğul ol­ma­ğa başlayanda ilk öncə bu məsələlərə aydınlıq gətirilməlidir:

a) ayrıca elm sahəsi olaraq semiotikanın öz obyekti və vahidi, habelə öz tədqiqat metodları vardırmı?

b) bəlkə bu fənn hələ maraq dairəsi tam bəlli olmayan konq­lomerat baxışların yığınıdır?

Birinci suala cavab vermək üçün tədqiqatçı deduktiv yolla gedərək semiotik model inkişaf etdirməli və bu model müxtəlif təd­qiqatları öz içinə alan sahənin parametrlərini müəyyənləş­dir­məlidir.

İkinci suala cavab vermək üçün isə tədqiqatçı vahid modelə nail olmaq məqsədilə stabil tendensiyaların sırasını tədqiq etməklə bu sahənin konturlarını işləyib hazırlamalıdır.

Semiotikaya xüsusi əsər həsr etmiş alman alimi Q.Klaus (1912-1979) məsələyə münasibətini belə ifadə edir: “Bir tərəfdən se­miotika deyəndə ümumilikdə dil işarələri nəzəriyyəsi başa dü­şülür. Digər tərəfdən isə bu terminlə riyazi əsasların xüsusi sahəsini göstərirlər”.6

Əslində, bu, sərbəst yarımqrupların riyazi nəzəriyyə ilə sıx bağlı olduğu sahədir. Deməli, ümumi dil fəlsəfəsi sahəsi kimi se­miotika riyazi sahəni əhatə edən semiotikadan fərqlənir.

Semiotika haqqında ilk məlumata m.ə. 5-ci əsrdə sofistlərdə və Platonda (428-348) rast gəlmək olur. Platon “Kratil” əsərində danışığın mahiyyətini açır və elə bir mövqe nümayiş etdirir ki, onu bu gün konvensialist dil fəlsəfəsi adlandırmaq olar. Platonun şagirdi Aristotel (384-322) “Orqanon” əsərində mənalı işarə birləşmələrinin məna daşıyan ayrı-ayrı işarələrdən düzəldiyini göstərir və onları mənasız birləşmələrə qarşı qoyur. Stoiklər də forma ilə məna arasındakı əlaqələri aydın dərk edirdilər. Onlar mövcud olan şeylə (bu gün bunu işarələnən, denotat, referent və s. adlandırırlar - F.V.) onun işarələyənini, səsli ifadəsini (yazılı formasını) bir-birindən fərqləndirirdilər.7

Semiotikanın çiçəklənməsi dövrü kimi Q.Laybnisin8 (1646-1716), Y.Herderin9 (1744-1808), V.fon Humboldtun10 (1707-1835) yaradıcılığını göstərirlər. Düzdür bu mütəfəkkirlərdə əsas diqqət dilin məntiqi və ümumi semantik təhlilinə deyil, onun mənşəyi, dil və şüurun (təfəkkürün) qarşılıqlı əlaqələrinə, dilin insanın yaradıcı əqlinin ifadəsində instrument rolu oynamasına yönəlmişdi. Onlar canlı dilin yaradıcı insan şüurunun ifadəsi olduğunu xüsusi vurğulayırdılar. V.fon Humboldtun araşdırmalarının mərkəzində onun canlı dillərlə bağlı apardığı tədqiqatlar dururdu. Elə bunun nəticəsi idi ki, dilin təhlili problemləri ümumi fəlsəfi və idrak-nəzəri problemlərdən ayrılaraq dilçiliyin müstəqil inkişafına təkan verdi. Sonralar isə əsasən dilçilik xüsusi fənn kimi dil tarixilə məşğul olmağa başladı.

XIX əsrdən sonra dilçilikdə yenidən semiotika prob­lemləri gündəmə gətirildi. Bu zaman semiotikanın riyazi məntiqin problemlərinə diqqət artırmasına səbəbkar Ç.V.Morrisin kitabı oldu. Onun “İşarə, dil və davranış” kitabını neopozitiv və biheyviorist dil fəlsəfəsinin kiçik ensiklopediyası adlandırırlar.11 Ç.Morris insan fəaliyyətinin səciyyəvi formalarını öyrənməyi fəlsə­fənin qədim ənənəsi hesab edərək yazırdı: “Bu ənənə müasir for­mada fəlsəfənin işarə nəzəriyyələrilə eyniləşməsində özünü aydın büruzə verir.”12

Riyazi əsasların tədqiqi, məntiq və fəlsəfəyə yaxın digər fənlər işarələr sisteminin ümumi problemlərilə məşğul olduğu bir vaxtda, dilçilik öz spesfik vəzifələrinə uyğun olaraq tam başqa prinsiplərdən işarə nəzəriyyəsini öyrənməli olurdu.

Dilçilikdə işarə nəzəriyyəsi problemləri dil işarələrinin digər işarələrdən fərqli olaraq xüsusi statusa malik olması ilə izah oluna bilər. F.de Sössür dili ən mühüm işarə sistemi hesab edirdi. L.Yelms­lev isə yazırdı ki, “praktik olaraq dil bütün digər semio­tikaların çevrilə biləcəyi semiotikadır-bütün digər dillər və digər düşünülən semiotik strukturlar kimi... Dilin bu xüsusiyyəti işarələrin yaranmasının qeyri-məhdudluğu və daha böyük vahidlərin əmələ gəlməsində (cümlələrin və s.) çox sərbəst qaydalarla şərtlənir”.13

Deməli, semiotika bütün kommunikasiya formalarının əsa­sında kodlar olan məlumatın göndərilməsilə məşğul olur, yəni dilin işlənməsinin (kommunikativ, performans - F.V.) istənilən aktı artıq mövcud səriştəyə (kompetensiyaya - F.V.) əsaslanır. Kod isə qabaq­cadan razılaşma əsasında müəyyən edilmiş işarələr sistemidir ki, onun köməkliyilə informasiya təqdim olunur, mənbədən təyinat ye­rinə çatdırılır. Azərbaycan dilində 32 qrafem qabaqcadan cəmiy­yətdə razılaşdırılaraq qəbul edilmiş işarələr sistemi kimi bu dildə bütün yazılı informasiyaların ötürülməsi və qəbul edilməsi üşün koddur. Bu kodun açılması azərbaycanlılar və Azərbaycan dilini bilən digərləri üçün mümkündür. Eləcə də dilimizdə 34 fonemdən ibarət sistem azərbaycanlılar arasında bütün şifahi ünsiyyəti təmin edən kod kimi göstərilə bilər.

II.2. Semiotikanın ümumi məsələlərinə dair
İşarələr sisteminin informasiya aləmini necə doldurması ilə bağlı konkret misallara müraciət edək. Hazırkı dünyamızda yol hərəkəti qaydalarını nizamlayan işarələr sistemini təhlil edəndə görürük ki, bütün bu işarələri 4 qrupda ümumiləşdirmək olar:

1. Nəqliyyat vastələrinin əsas növlərini əhatə edən işarələr:

buraya yük və minik maşınlarını, motosikl, velosiped, traktor, qoşqulu nəqliyyat vasitələrini göstərən və hətta qabariti məhdudlaşdıran işarələr daxildir (bax: şəkil 2).
     
Şəkil 2. Nəqliyyat vasitlərini göstərən işarələr
2. Hərəkətin həyata keçirildiyi yollar barəsindəki nişanlar: buraya əsas və ikinci dərəcəli, avtomagistral, birtərəfli və ikitərəfli hərəkət olan, ümumi nəqiliyyat növləri üçün nəzərdə tutulmuş yolları göstərən işarələr daxildir (bax: şəkil 3).
      
Şəkil 3. Yol nişanları
3. Xüsusi təhlükə gözlənildiyini bildirən işarələr: buraya piyada keçidi, məktəb binası, dəmir yol keçidi, ötmə, yol təmiri və s. bildirən işarələr daxildir (bax: şəkil 4).
     
Şəkil 4. Təhlükə bildirən nişanlar
4. Sürücülər haqqında məlumat: sürücü-əlil, sürücü-şagird, əl ilə idarə edən sürücü və s. işarələr buraya aiddir (bax: şəkil 5).
  
Şəkil 5. Sürücülər haqqında məlumat bildirən işarələr
Yol hərəkəti qaydalarını əks etdirən lövhələr, yolun müəyyən hissəsinin işarələnməsi, işıqfor, qabaqdan gələn maşınların xə­bərdaredici işarələri, yol nizamlayıcıları və s. bütöv bunlar hamısı birlikdə yol hərəkəti qaydalarını nizamlayan işarələrdir.

Bu işarələrin hamısı əvvəlcədən işlənib hazırlanmış işarələr sistemidir. Onların göstərməkdən, istiqamətləndirməkdən başqa funk­­si­yası yoxdur. Yolun şürüşkənliyini göstərən ziq-zaqvari işarə sa­dəcə sürücünü ehtiyatlı davranmağa xəbərdar edir. O işarənin funksiyası yalnız yol hərəkəti qaydalarına aid olan işarələr siste­mində müəyyən əhəmiyyət daşıyır.

Heykəltaraş semiotikası yuxarılardakı semiotik sistemdən fərqlı olaraq insanı üçmeyarlı xüsusi bir fiqurda (bəzən qrup şəklində və ya heyvanların fiquru kimi - F.V.) əks etdirir:

a) bu zaman prototip ya qəhrəman, ya lider və ya görkəmli elm və incəsənət xadimidir. Ancaq burada peyzaj və natürmort ol­mur.

b) simvolik, alleqorik və ya ümumiləşdiriсi strukturlar əsas götürülür (ədalət rəmzi kimi qadının əlində tərəzi və qələbə rəmzi kimi naməlum əsgər heykəli, vətənə sevgi rəmzi kimi şəhidlər xiyabanı və s. - F.V.).

c) məlumat seçimi (ayaq üstə, büst, statuye, romantik, idman, konkret, realistik və s. – F.V.). Göründüyü kimi, skulpturda təsvir imkanları məhduddur.

Buradan belə nəticə hasil olur ki, kimsə kiməsə nəsə deyir, jestlə nəyisə ifadə edirsə, şəkil göstərirsə, o, bildiyini və ya istə­diyini, niyyətini başqasına çatdırmaq məqsədini güdür və bu həm de­yənə (göstərənə, çəkənə), həm də dinləyənə (həmsöhbətə, eşi­dənə, tamaşaçıya, dinləyiciyə) qabaqcadan məlum olan qaydalar əsasında baş verir. Birincisi kodlaşdırır, ikincisi isə dekodlaşdırır ki, işarələr anlaşılsın, qarşılıqlı anlaşmaya xidmət etsin. Kimsə güman edir ki, informasiyanın ötürülməsi və qəbul edilməsi, ünsiyyət qabarıq, hər hansı bir mədəni formada razılaşdırılmaya söykənmir, yəni iki fərd arasında ünsiyyət kortəbii və intuitiv əsasda baş verir, deməli, bu halda semiotika mənasız bir şeydir. Beləliklə, kodla məlumat arasındakı dialektika və kodun razılaşma ilə mədəni təbi­ətinə dair söylənilənlər bu sahədə kəşf deyil, sadəcə onun əsas­landığı tələbdir.

1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə