Əzizov Ceyhun Həmid oğlu, bdu-nun Cinayət hüququ və kriminologiya kafedrasının II kurs magistrantı




Yüklə 38.82 Kb.
tarix27.04.2016
ölçüsü38.82 Kb.
Əzizov Ceyhun Həmid oğlu, BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının II kurs magistrantı

HƏRBİ QULLUQÇUNU TƏHQİR ETMƏ, DÖYMƏ VƏ YA İŞGƏNCƏ VERMƏYƏ GÖRƏ CİNAYƏT MƏSULİYYƏTİNİN ƏSASLARI
Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin tərkib hissələrindən biri hərbi və digər sahələrdə milli maraqların təmin edilməsinə yönəlmiş Azərbaycan Respublikasının müdafiə siyasətidir [1, mad.1].

Müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (daha sonra – SQ) Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücümun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir [2, mad.1].

Azərbaycan Respublikası öz Konstitusiyasına uyğun olaraq qısa bir müddət ərzində müdafiə, hərbi quruculuq, SQ-in komplektləşdirilməsi məsələlərini tənzimləyən bir çox qanunlar qəbul etmiş, hərbi xidmətin əsasları, hərbi xidmətə çağırışın və qəbulun, hərbi vəzifəlilərin və çağırışçıların hərbi uçotu, hərbi xidmətin yüksək nizam-intizamla keçirilməsi, SQ-in döyüş və səfərbərlik hazırlığının saxlanması qaydalarını müəyyən etmişdir.

Azərbaycan Respublikasının SQ qanunçuluq, nizami ordu, qarışıq komplektləşdirmə, kadr, mərkəzləşdirilmiş və vahid rəhbərlik, yüksək hərbi intizam, daimi döyüş və səfərbərlik hazırlığı, hərbi qulluqçuların sosial-hüquqi müdafiəsinin təmin olunması prinsipləri əsasında qurulur və fəaliyyət göstərir [3, mad.3].

Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Hərbi intizam hər bir hərbi qulluqçunun hərbi borcunu və öz Vətəni - Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır [4, mad.1, 2]. Bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq qanun qarşısında bərabərdilər və onlar ictimai təsir tədbirlərinə, intizam məsuliyyətinə, mülki hüquqi məsuliyyətə, maddi məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə cəlb edilə bilərlər [5, mad.7].

Hərbi qulluqçuların cinayət məsuliyyəti cinayət qanunun normaları ilə tənzimlənir və cinayət qanunu, cinayət sayılan ictimai təhlükəli əməllərin ümumi siyahısını verərək, onları cəza təhdidi altında qadağan edir, ayrı-ayrı cinayət növlərinin hədlərini, xarakterik cizgi və əlamətlərini müəyyən etməklə onları cinayətkar qəsdin obyektlərinə görə qruplaşdırır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (daha sonra – CM) hərbi xidmət əleyhinə olan cinayət əməllərini məcəllənin XII bölməsində (fəsil 35, 326-353 maddələr) müəyyən etmişdir.

Zənnimizcə, müharibə şəraitində olan ölkəmiz üçün qeyd edilən hərbi cinayətlərdən «hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə» cinayəti ictimai təhlükəliliyinə görə xüsusi yerlərdən birini tutur.

Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə verməyə görə cinayət məsuliyyəti CM-nin 331-ci maddəsində qeyd edilmişdir. CM-nin 331.1-ci maddəsinə əsasən, hərbi xidmət üzrə vəzifələrin yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar bir hərbi qulluqçunun digərini təhqir etməsi altı ayadək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. CM-nin 331.2-ci maddəsinə görə isə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə, 331.3-cü maddəyə görə isə, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi üç ildən yeddi ilədək müddətə azadlıqdam məhrum etmə ilə cəzalandırılır.

Cinayətlərin təsnifatına əsasən, qeyd edilən tərkiblər müvafiq olaraq böyük ictimai təhlükə törətməyən (331.1 və 331.2 mad.) və az ağır cinayətlər (331.3 mad.) kateqoriyalarına aiddir [6, s.204, 236].

Şərh edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təhlil olunan maddədə nəzərdə tutulmuş əməllərin törədilməsi hərbi xidmətin nizamnamə qaydalarını kobud surətdə pozur, hərbi qulluqçuların şərəf və ləyaqətinə, habelə sağlamlığına açıq-aşkar surətdə qəsd edir. İstər komandirlərin (rəislərin), istərsə də tabelikdə olan hərbi qulluqçuların şərəf və ləyaqətinə hörmət edilməsi, hüquqauyğun davranış normalarına və eləcə də əxlaq qaydalarına qarşılıqlı surətdə əməl olunması haqqında hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməməsi qoşun hissələrində (gəmilərdə) nizam-intizamın aşağı düşməsinə səbəb olur, şəxsi heyətdə normal qarşılıqlı münasibətlərin inkişafına zərər vurur [7, s.916].

Qeyd edilən cinayətin obyekti hərbi qulluq mənafeləri, hərbi qulluqçuların şərəf və ləyaqəti, həmçinin sağlamlığıdır. CM-in 331.1-ci maddəsində hərbi vəziyyətinə və ya hərbi rütbəsinə görə eyni səviyyəli hərbi qulluqçunun birinin digərini təhqir etməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təhqir dedikdə, şəxsiyyətin şərəf və ləyaqətinin ədəbsiz formada ifadə olunan qəsdən alçaldılması başa düşülür. Təhqirin kütləviliyi və nalayiq formada ifadə olunması şəxsiyyətin şərəf və ləyaqətin alçaldılmasının başlıca amili kimi çıxış edir. Lakin, CM-nin 148-ci maddəsində göstərilmiş «təhqir» cinayətindən fərqli olaraq, hərbi münasibətlər zəminində təhqir zamanı təkcə vətəndaşın deyil, həm də hərbi qulluqçunun – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün, xalqın düşmən hücumlarından müdafiəçisi olan Şəxsin şərəf və ləyaqəti alçaldılır. Hərbi münasibətlər zəminində təhqir, həmçinin müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular arasında hərbi nizamnamələrdə təsbit edilmiş qarşılıqlı münasibətlər qaydasına qəsd edir, xidməti vəzifəsindən və hərbi rütbəsindən asılı olmayaraq şəxsiyyətin nüfuz dairəsinə xələl gətirir ki, bu da yolverilməzdir və qanunamüvafiq surətdə cəzalandırılmalıdır. Təhlil edilən maddədə (331 mad.) nəzərdə tutulmuş təhqirin CM-in 148-ci maddəsində nəzərdə tutulmuş təhqirdən fərqli olaraq, kütləvi çıxışlarda, kütləvi nümayış etdirilən əsərlərdə və ya kütləvi informasiya vasitələrində edilməsi tələb olunmur.

CM-in 331.2-ci maddəsində hərbi münasibətlər zəminində təhqirin nisbətən ağır forması nəzərdə tutulmuşdur. Belə ki, burada cinayət məsuliyyəti rəisin öz tabeliyində olan şəxsi, tabelikdə olan şəxsin isə rəisi təhqir etməsinə görə müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, cinayət qanunvericiliyi ilk dəfə olaraq istər rəisin tabelikdə olan hərbi qulluqçunu, istərsə də tabelikdə olan hərbi qulluqçunun rəis tərəfindən təhqir edilməsinə görə eyni məsuliyyət dərəcəsini müəyyən etmişdir. Bu da, hər şeydən əvvəl cinayət törətmiş şəxslərin qanun qarşısında bərabər olması prinsipindən irəli gəlir (6 mad.). İstər tabelikdə olan şəxsin öz rəisinin, istərsə də rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətinə qarşılıqlı hörmət bəsləməsi hərbi nizamnamələrin əsas prinsiplərindən irəli gələn mühüm mənəvi vəzifələrdən biridir.

CM-in 331.3-cü maddəsinin obyektiv cəhəti hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan hərbi qulluqçunu döyməsi və ya ona işgəncə verməsindən ibarətdir. Qeyd edilən əməllərin bu maddə ilə tövsif edilməsi üçün subyektin bu qeyri-hüquqi əməlinin hərbi xidmət ilə bağlı olması əsas zəruri şərtdir. Əks halda şəxsin CM-nin 331-ci maddəsi ilə deyil, müvafiq olaraq CM-nin 132 və 133-cü maddələri ilə tövsif edilməlidir.

Subyektiv cəhətdən bu cinayət yalnız birbaşa qəsdlə törədilir. CM-in 331.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti istənilən hərbi qulluqçu, 331.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti zərərçəkmiş şəxsin tabeliyində olan hərbi qulluqçu, yaxud istər xidməti vəziyyətinə, istərsə də hərbi rütbəsinə görə tabelikdə olan hərbi qulluqçuların rəisi olan şəxs, 331.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin subyekti isə yalnız rəis ola bilər.

İlk növbədə onu qeyd edək ki, hazırda hərbi qulluqçunun təhqir edilməsi cinayətini nəzərdə tutan CM-in 331.1 və 331.2-ci maddələri 1960-cı il CM-nin eyni normasını təsbit edən 238-ci maddəsindən xeyli dərəcədə fərqlənir. 1960-cı il CM-in 238-ci maddəsi yalnız rəisin tabelikdə olan şəxsi və yaxud tabelikdə olan şəxsin rəisi təhqir etməsi cinayətini nəzərdə tuturdusa, 1999-ci il CM-in 331.1-ci maddəsi tabelik münasibətlərində olmayan hərbi qulluqçuların bir-birini təhqir etməsini də cinayət kimi təsbit edir. Bundan başqa, 1960-cı il CM-in 238-ci maddəsinin dispozisiyasına görə, yalnız zorakılıq hərəkəti ilə təhqir etmə həmin maddədə göstərilən cinayətin tərkibini yarada bilərdi [8, s.182]. Mövcud CM-in 331.1 və 331.2-ci maddələri isə zorakılıq hərəkətini təhqir cinayətinin zəruri əlaməti kimi qeyd etmir. Belə ki, həmin maddələrdə nəzərdə tutulan cinayətlər yalnız zorakılıq hərəkəti ilə deyil, sözlə, müəyyən bir jestlə də törədilə bilər [9].

Beləliklə də, Azərbaycanda müxtəlif vaxtlarda qüvvədə olan bütün cinayət qanunlarında hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayəti fərqli tərkib əlamətləri ilə olsa da belə həmişə cinayət hesab edilmişdir. Fikrimizcə, bu cinayətin qüvvədə olan CM-nin 331-ci maddəsində göstərilən tərkibi öncə qəbul edilmiş cinayət qanunvericilikləri ilə müqayisədə daha mükəmməl və məqsədəuyğun hesab edilə bilər.

Rusiya Federasiyasının qüvvədə olan Cinayət qanunvericiliyində bu cinayət bir qədər fərqli qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-in 331-ci maddəsindən fərqli olaraq, RF CM-nin 336-ci maddəsi yalnız hərbi qulluqçuların bir-birini təhqir etməsinə görə cinayət məsuliyyətini müəyyən edir.

RF CM-nin 336-cı maddəsinin 1-ci və 2-ci hissələri Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 331.1.və 331.2-ci maddələri ilə eyniyyət təşkil edir. Azərbaycan Respublikasının Cinayət qanunvericiliyində olduğu kimi RF CM-in 336-cı maddəsində də təhqir cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətlər barədə açıqlama verilmir. Rusiya hüquq ədəbiyyatında hərbi qulluqçunu təhqir etmə cinayətinin obyektiv tərəfini müəyyən edərkən RF CM-in şəxsiyyətin azadlığı, şərəf və ləyaqəti əleyhinə cinayətlər fəslində «təhqir» cinayətini təsbit edən 130-cu maddəsinə müraciət etmək və bu maddənin dispozisiyasında həmin cinayətə verilən açıqlamadan istifadə etmək tövsiyyə olunur. N.A.Petuxovun redaktəsi altında hazırlanmış «Преступления против военной службы» dərsliyində müəlliflər «hərbi qulluqçunu təhqir etmə» cinayət tərkibinin obyektiv tərəfini məhz məcəllənin 130-cu maddəsində «təhqirə» verilən anlayışdan çıxış etməklə izah edirlər [10].

RF Ali Məhkəməsinin Hərbi kollegiyası tərəfindən 2003-cü ildə hazırlanmış «Hərbi xidmət əleyhinə cinayətlər və hərbi qulluqçular tərəfindən törədilən bəzi vəzifə cinayətləri haqqında işlər üzrə RF Ali Məhkəməsinin məhkəmə təcrübəsinin icmalı»na baxsaq görərik ki, Rusiya hərbi məhkəmələrinin təcrübəsi də bu hüquqi mövqeyə uyğun olaraq formalaşmışdır. Qeyd edilən icmalda sözügedən məsələ haqqında məhkəmələrə bu cür şərh verilir: «CM-in 336-cı maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan cinayətin subyekti qismində zərərçəkənlə tabelik münasibətlərində olmayan şəxs, həmin maddənin 2-ci hissəsi ilə nəzərdə tutulan cinayətin subyektləri qismində isə həm rəisini təhqir etmiş tabe olan, həm də tabelikdə olanı təhqir etmiş rəis çıxış edir. Bununla belə adı çəkilən maddənin hər iki hissəsinin dispozisiyaları göstərilən cinayət tərkibinin obyektiv tərəfini açıqlamır. Ona görə də burada təhqiri digər şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaldan əməl kimi xarakterizə edən ümumi normanın – CM-in 130-cu maddəsinin məzmunundan çıxış etmək lazımdır» [11].



Ədəbiyyatın siyahısı:

  1. Azərbaycan Respublikasının Hərbi Doktrinası.

08.06.2010 // www.e-qanun.gov.az

  1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında qanun.

09.10.1991 // www.e-qanun.gov.az

  1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında qanun.

09.10.1991 // www.e-qanun.gov.az

  1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi.

23.09.1994 // www.e-qanun.gov.az

  1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi.

03 sentyabr 1994-cü il // www.e-qanun.gov.az

  1. Səmədova Ş.T. Cinayətlərin kateqoriyaları. Bakı: Adiloğlu, 2007.

  2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kommentariyası / F.Y. Səməndərovun ümumi red. Bakı: Digesta, 2010.

  3. 1960-cı il Azərbaycan SSR Cinayət Məcəlləsi. Bakı: Hüquq ədəbiyyatı, 1998

  4. Quliyev V.K. Hərbi qulluqçunu təhqir etmə cinayət tərkibinin obyektiv tərəfi haqqında mülahizələr // http://www.supremecourt.nakhchivan.az

  5. Преступления против военной службы: учебник для ВУЗов / Под редакцией Н.А. Петухова. М.: Норма, 2002.

  6. Обзор судебной практики Верховного Суда РФ по делам о преступлениях против военной службы и некоторых должностных преступлениях, совершаемых военнослужащими // www.supr.court.rf



ОСНОВАНИЯ ОТВЕТСТВЕННОСТИ ЗА ОСКОРБЛЕНИЕ, НАНЕСЕНИЕ ПОБОЕВ ИЛИ ИСТЯЗАНИЕ ВОЕННОСЛУЖАЩЕГО
Азизов Джейхун Гамид оглы, магистрант II курса юридического факультета БГУ
АННОТАЦИЯ
Ответственность за оскорбление, нанесение побоев или истязание военнослужащего предусмотрена в статье 331 Уголовного Кодекса Азербайджанской Республики. В статье дается уголовно-правовой анализ состава рассматриваемого преступления. Автор также проводит сравнительно-правовой и историко-правовой анализ статьи 331 Уголовного Кодекса.


THE BASES OF RESPONSIBILITY FOR THE INSULT, DRAWING OF THE BEATING OR TORTURE OF THE MILITARY MAN
Azizov Jeyhun Hamid,

master of Law – Baku State University
THE SUMARY
Responsibility for the insult, beating or torture of the military man is provided in article 331 of the Criminal code of the Azerbaijan Republic. In article the criminally-legal analysis of structure of a considered crime is given. The author also carries out the comparative-legal and history-legal analysis of article 331 of the Criminal code.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə