Əsrin kontraktı: miflər və reallıqlar




Yüklə 65.9 Kb.
tarix25.04.2016
ölçüsü65.9 Kb.
Əsrin kontraktı: miflər və reallıqlar

Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri



Giriş

Azərbaycanın Xəzər dənizinin neft ehtiyatlarının istismarı məqsədilə xarici şirkətlərlə birgə 30 illiyə imzaladığı “Əsrin kontrak”tının 15-ci ili başa çatmaq üzrədir. “Əsrin kontraktı”1nın Azərbaycana verdiklərini müxtəlif prizmalar və fərqli yanaşmalar müstəvisində qiymətləndirmək üçün 15 il yetərli zaman kəsiyidir. Belə qiymətləndirmələr dövrü olaraq aparılsa da, indiki halda kontraktın tən yarısına çatdığımız zamanda daha da əhəmiyyətlidir. Çünki bu zaman kəsiyi 30 illik müddətə imzalanan kontrakta həm geriyə istiqamətlənən retrospektiv, həm də irəliyə yönələn perspektiv baxış üçün yaxşı fürsətdır. “Əsrin kontraktı”ndan qazanclar və itkilərə münasibətdə müxtəlif prizmalardan fərqli baxışlar sırasında iqtisadi və sosial yanaşmalar həmişə öndə getsə də, artıq ötən müddət kontrakta geostrateji, siyasi və ekoloji müstəvidə də qiymət vermək üçün xeyli əsaslar yaradıb. Belə ki, hələ kontrakın imzalanması ilə bağlı müzakirələr zamanı irəli sürülən əsas arqumentlərdən başlıcası ondan ibarət idi ki, bu kontrakta yalnız iqtisadi yöndə qiymət vermək düzgün deyil, bir müddət ötdükdən sonra “Əsrin kontraktı” Azərbaycanın Qarabagla bağlı ədalətli mövqeyinin güclənməsində və mövcud problemin həllində ən yaxşı vasitəyə çevriləcək, odur ki, məsələyə yalnız iqtisadi mənfəətlər və sosial qazanclar baxımından yanaşmaq düzgün deyildir. Zamanında güclü görsənən və insanlarda Qarabağ probleminin həllinə inam yaradan bu arqument indi sabun köpüyünə bənzədiyindən heç opponent mövqe də tələb etmir. Görünür, bu arqument imzalanma ərəfəsində diqqəti kontraktın iqtisadi və sosial şərtlərindən uzaqlaşdırmağa xidmət edirmiş və əslində bir müddət də öz aldadıcı funksiyasını yerinə yetirdi. Beləliklə, ötən 15 il xüsusilə də siyasi müstəvidə qiymətləndirmələrə xeyli aydınlıq gətirə bilib, eyni zamanda iqtisadi və sosial nəticələrə hərtərəfli baxış bucağı da yaradıb. Bu bucaqdan geriyə də, irəliyə də baxış eyni məsafədə olduğundan ilk əvvəl ötən dövrə nəzər salaq.



Birinci mif: 1994-cü ildə "Əsrin kontraktı" imzalanmaqla Azərbaycanda nəhəng neft siyasəti başlayıb. Bu müqavilə Azərbaycanın iqtisadi və siyasi cəhətdən çətin durumda olduğu dövrə təsadüf edib və həmin dövrdə xarici investorları inandırıb Azərbaycana cəlb etmək böyük müdriklik tələb edirdi.

Reallıq: Doğrudan da "Əsrin kontraktı" imzalanmaqla Azərbaycanda yeni siyasi, iqtisadi mərhələ başlamış, məhz həmin kontrakt çərçivəsində aparılan işlər nəticəsində 1997-ci ildə ilk neft hasil olunmuş və 1999-cu ildən etibarən mənfəət nefti ixrac olunmuşdur. Onunla da razılaşmaq olar ki, kontraktın imzalanması iqtisadi və siyasi cəhətdən çətin duruma təsadüf edib. Belə ki, həmin dövrdə Azərbaycana sərmayə axınına, ölkənin neft sənayesni idarəetmək üşün müasir menecmentə, qabaqcıl texnologiyaya ehtiyacı var idi. Məhz bu səbəblərdən, eləcə də sərbəst maliyyə vəsaitlərinə malik olmadan neft yataqlarını yerli resurslar hesabına geniş mənada istismar etmək mümkün deyildi. Lakin o dövrdə nüfuzlu xarici şirkətlərin Azərbaycana gəlməsi heç də müdrik siyasətin nəticəsi kimi qiymətləndirilə bilməz. Əvvəla, bura gələn şirkətlər korporativ maraqlarını güdərək mənfəət əldə etmək imkanlarını perspektiv olaraq qiymətləndirəndən sonra qərar vermişdilər. İkincisi, Azərbaycanın yenicə müstəqillik qazanmış ölkə olaraq zəngin neft sərvətlərinə malik olması dünyaya çoxdan məlum olan həqiqət idi. Xüsusilə də əməkdaşlıq üçün geniş ehtiyatları hələ keçmiş sövet dövründə təsdiq olunmuş “Azəri-Çıraq-Günəşli” perspektiv yatağı xeyli cəlb edici və risksiz görsənirdi. Üçüncüsü, Azərbaycanın İran və Rusiya arasında əlverişli coğrafi mövqeyi onun strateji əhəmiyyətini artırdığından Qərb dövlətləri bu ölkəni Rusiyanın nəzarətindən çıxarmaqda maraqlı idilər. Odur ki, onların timsalında nüfuzlu transmilli korporasiyaların Azərbaycana gəlməsi həm də onların təmsil etdikləri ayrı-ayrı dövlətlərin siyasi qərarı idi. Buna görə də belə təşəbbüslərin tarixi müstəqilliyin ilk illərinə təsadüf edirdi. Hələ 1991-1992-ci ildə Qərb şirkətləri ilə Azərbaycan üçün daha sərfəli şərtlərlə müavilənin imzalanmasına dair müzakirələr başlamışdı.2 Nəhayət, Bakı nefti dünyanın həmişə maraq dairəsində olub. Belə ki, Bakıda hələ 1876-cı ildə neftin çıxarılması və emalı ilə məşğul olan “Nobel qardaşları” şirkəti yaradılmış, şirkət yeni neft emalı zavodu tikmiş və ona Balaxanıdan boru kəməri çəkmişdir. 1886-cı ildə Bakıda ilk sindikat meydana gəlmişdir. Onun yaradılmasının təşəbbüsü də Nobel qardaşlarına məxsus olmuşdur. Sindikata Hacı Zeynalabdin Tağıyevin, Arafelovun şirkətləri, Rotşildə məxsus “Kaspiy” şirkəti və “Batumi neft cəmiyyəti” daxil idi. Məhşur Paris bankiri Alfons Rotşild Bakıya 1883-cü ildə gəlmiş, Balaxanı, Sabunçu, Ramana, Suraxanı, Bibiheybətdəki neft quyularının çoxu, Keşlədəki ağ neft və yağ istehsal edən zavodlar Rotşildə məxsus olmuşdur.3 Göründüyü kimi, hələ ötən əsrdən neft Azərbaycanın təbii zənginlikləri arasında prioritet yer tutmuş və Bakıda neft çıxarılması həmişə xarici şirkətlərin diqqət mərkəzində olmuşdur. Mən bunları sadalamaqla heç də 15 il bundan öncə qəbul olunmuş siyasi qərarın əhəmiyyətini kiçiltmək niyyətində deyiləm, amma onu olduğundan çox şişirtməklə də barışmaq istəməzdim. Təbii ki, 1994-cü ildə dövlətin iqtisadiyyatdan yenicə ayrılması, yeni müstəqilliyə nail olan Azərbaycanın kifayət qədər sərmayə və texnologiyaya malik olmaması transmilli neft şirkətlərinin ölkəmizə yol tapmalarına imkan yaratdı.
İkinci mif: Azərbaycan neft ölkəsi kimi tanındı. «Əsrin müqaviləsi» Azərbaycanın iqtisadi müstəqilliyinin məhək daşına çevrilərək azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin edərək ökəmizin inkişafında əhəmiyyətli rol oynadı.

Reallıq: Azərbaycanın neft ölkəsi kimi tanınması da çox uzaq tarixə malikdir. Belə ki, ərəb tarixçisi Məsudi hicri tarixinin 300-cü ilində Bakıda olmuş və Bakı neft mədənləri haqqında yazmışdır: “Orada ağ neft bulaqları var idi, Bakıda heç vaxt sönməyən “daimi od” yanırdı.” Əsrlərlə ibtidai formada, son yüz ildə isə sənaye üsulu ilə hasil edilmiş Bakı nefti yüz il bundan əvvəl də dünyanın ən məşhur şirkətlərinin diqqət mərkəzində olub. 1859-cu ildən başlayaraq Amerika dünyanın ən böyük neft hasil edən ölkəsi sayılırdı. 1898-1901-ci illərdə Bakıda neft istehsalı genişlənəndən sonra Azərbaycan o dövr üçün dünya neft hasılatında aparıcı mövqeyə çıxdı və ABŞ-ı da qabaqladı. Bakının ilk neft quyusu 1871-ci ildə (ABŞ-dan 12 il sonra) qazıldı. Halbuki İranın cənubunda Məsçid Suleyman adlanan məntəqədə ilk neft quyusu 1908-ci ildən, İraqda 1923-cü ildən, Bəhreyn adalarında 1932-ci ildən, Səudiyyə Ərəbistanında 1935-ci ildən, Küveytdə 1937-ci ildən, Qətər əmirliyində1938-ci ildən neft çıxarılmağa başladı. Bakıda isə 1901-ci ildə neft hasılatı 12 milyon puda çatdı ki, bu da o zamankı dünya neftinin yarısını təşkil edirdi. Təbii ki, keçmiş sövet dövründə İkinci dünya müharibəsi zamanı SSRİ neft hasılatının 75 fazinin Bakıda cəmlənməsi də təkzibolunmaz və yaddaqalan faktlardır.

Əslində hazırkı siyasi-iqtisadi mühitdə, mütəxəssis əsrinin başladığı, beyin məhsulunun qiymətinin neftlə müqayisədə daha yüksək templə bahalaşdığı indiki dövrdə Azərbaycanın neft ölkəsi kimi tanınması heç də fəxr olunası nəticə deyil. Neft amili – iqtisadi dirçəlişin əsas bünövrəsidir, Azərbaycanda neft kontraktlarının fenomenal və misilsiz reallaşdırılması kimi bayağı şüarlarla özümüzü aldatmağa dəymir. Bu gün Azərbaycan dünya bazarına çıxardığı qeyri-neft məhsulları ilə öyünməlidir. Lakın 2009-cu ilin ilk yarısını əhatə edən gömrük statistikası göstərir ki, Azərbaycanın həmin dövrə olan ümumi ixracatında neft və neft məhsullarının payı 92 faizə qədər olub. Bax, “Əsrin kontraktı”nın yaratdığı əsas problemlərdən biri də budur. Təbii ki, bu kontraktın iqtisadi artımda və iqtisadiyyatın miqyaslarının genişlənməsində, məcmu təklifin çoxalmasında rolunu inkar etmək fikrindən tamamilə uzağam. Məhz neft ixracatının artması və ondan əldə edilən gəlirlər hesabına həyata keçirilən iri miqyaslı dövlət xərcləmələri, neft sektoruna qoyulan sərmayələr ölkədə ÜDM-in artım sürətinin 2005, 2006, 2007-ci və 2008-ci ilin yekunlarına görə müvafiq olaraq 26,4, 34,5, 24,5 və 10,8 faizə qədər tə.kil etməsində rol oynayan başlıca faktor olub. Bu artım göstəriciləri dayanıqlı və davamlı olardısa, həqiqətən də bununla öyünməyə dəyərdi. Lakin Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin birinci yarısında ÜDM artımı cəmi 3,6 faiz təşkil edib. Nəzərə alsaq ki, bu səviyyədə artım göstəricisi Azərbaycanın neft tarixində ən yüksək hasılatın gözlənildiyi maliyyə ilində müşahidə olunub, onda hasılatın bu illə müqayisədə aşağı düşəcəyi növbəti illərdə hansı nəticələrin olacağını əvvəlcədən proqnozlaşdırmaq üçün iqtisadçı olmaq o qədər də vacib deyil.



Üçüncü mif: Xarici investisiyaların, müasir texnologiyaların və avadanlıqların, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrildi. Ölkənin iqtisadi inkişafındakı bu uğurlarda 1994-cü ildən başlayan neft strategiyasının həyata keçirilməsinin böyük əhəmiyyəti olmuşdur.

Reallıq: Əsrin kontraktı” na görə Azərbaycana sərmayə axını başlamasında heç bir yanlışlıq yoxdur. Həqiqətən də “Əsrin kontraktı” na görə Azərbaycan iqtisadiyyatı, xüsusilə də neft sektoru son 10 ildə invsetisiyalar sarıdan korluq çəkmədi. Statistika göstərir ki, 1995-2005-ci illərdə əsas kapitala yönəldilmiş investisiyanın orta illik məbləği 2 mlrd. manat olmuşdur. Məhz bu kontraktın imzalanmasına görə iqtisadiyyata xarici sərmayə qoyuluşu 1995-ci ildə 228 mln. manat, 2000-ci ildə 967,8 mln. manat, 2001-ci ildə 1,2 mlrd. manat, 2002-ci ildə 2,2 mlrd. manat, 2003-cü ildə 3,8 mlrd. manat, 2004-cü ildə 4,9 mlrd. manat, 2005- ci ildə 5,8 mlrd. manat, yaxud 1995-ci ilə nisbətən 22,2 dəfə çoxalmışdır. 01 aprel 2009-cu ilə olan məlumata görə, “Azəri-Çiraq-Günəşli” (AÇG) yatağının istismarı məqsədilə 21 milyard ABŞ dolları məbləğində vəsait xərclənib. Təxminən 1 il bundan əvvəl ABƏŞ “Əsrin kontraktı” üzrə sərmayə qoyuluşunda sıfır səviyyəyə (zero balance date) çıxdığını bəyan etdi. Bu o zamana təsadüf edirdi ki, əməliyyat və kapital xərclərinin həmin dövrə olan məbləği 19 milyard ABŞ dollarına çatmışdı. Bu isə o deməkdir ki, “Əsrin kontraktı”nın ilkin dəyəri ilə son dəyəri arasında 5 milyard dollar fərq vardır. Təbii ki, dünya bazar qiymətlərinin yüksəlməsi bu layihənin dəyərini artırmalı idi. Lakin onun ilkin dəyəri ilə müqayisədə son dəyərininn 35 faizə yaxın bahalaşması istənilən halda Azərbaycanın maraqlarına uyğun deyil. Çünki kontrakt şərtlərinə görə, AÇG yatagının istismarı və idarəolunması ilə əlaqəli olan birbaşa və dolayı xərclərin 80 faizi şirkətlər tərəfindən maliyyələşdirilməli və onun da hamısı Azərbaycanın mənfəət neftinin ixracatından gələn gəlirlər hesabına ödənilməlidir. Bu isə o deməkdir ki, “Əsrin kontraktı” Azərbaycana nə az, nə də çox - təxminən 100 milyon ton neft hesabına başa gəlib. Belə ki, 07 noyabr 1997-cu ildən 31 iyun 2009-cu ilədək AÇG yatağından 143 milyon ton və ya 1 milyard 60 milyon barel nef hasil edilib ki, onun da təxminən 100 milyon tondan çoxu ABƏŞ sıfır səviyyəsi elan etdiyi tarixədək olan dövrü əhatə edib.

Son illər Azərbaycana gələn xarici investisiyaların həcmində əhəmiyyətli azalmalar müşahidə olunur. Belə ki Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin birinci yarısında ümumi investisiyaların həcmi 7,1 faiz azalaraq 3 milyard 375 milyon manat təşkil edib ki, bunun 82,4 faizi daxili mənbələrin payına düşür. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan iqtisadiyyatına yönələn xarici investisyaların 63 faiz azalması deməkdir.



Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar “Əsrin kontraktı” üzrə AÇG yatağında tikinti işlərinin başa çatması ilə əlaqədar olaraq azalır və bu tendensiya növbəti 5-6 il ərzində ölkəyə birbaşa xarici investisiyaların azalmasını şərtləndirəcək. Deməli, “Əsrin kontraktı” Azərbaycana sərmayə artımını müəyyən dövr üçün təmin etsə də, hazırda bu sahədə baş verən dəyişikliklərin artıma doğru deyil, azalmaya doğru meyllənməsinə şərait yaradır. Əslində Azərbaycan iqtisadiyyatına iri şirkətlər tərəfindən böyük miqdarda investisiya qoyuluşu ölkədə biznes mühitinin yaxşılaşmasına, sahibkarlığın inkişafına əhəmiyyətli təsir göstərməli idi. Çünki bu proses bütövlükdə Azərbarcanın investisiya cəlbediciliyinə stimul yaratmaqla yanaşı, həm də onun invsetisiya riskini aşağı salırdı. Bu isə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi üçün yaxşı perspektivlər vəd edirdi. Lakin ölkədə əsaslandırılmamış iqtisadi siyasətin aparılması və düzgün iqtisadi kursun seçilməməsi nəticəsində mövcud inhisarçılığın yaratdığı baryerlər, iqtisadiyyatın diversifikasiya əmsalının aşağı düşməsi, beynəlxalq ticarətdə müqayisəli üstünlüyün itirilməsi, qeyri-neft sektorunda ticari və qeyri-ticari sektorların balansının pozulması, inflyasiyanın sürətli artımı kimi problemlər belə vədlərin reallaşmasına imkan vermədi. Əksinə, neftin yaratdığı imkanlardan yalnız qisa müddətli maraqlar çərçivəsində bəhrələnən hökumət qeyri-ticari sektorda populist və əsaslandırılmamış qərarların qəbulunu sürətləndirməklə hakimiyyət və biznes arasında korrupsiya münasibətlərini daha da gücləndirdi. Nəticədə neft gəlirlərinin bölüşdürülməsi zamanı klassik korrupsiya mənbəyi olan tikinti və nəqliyyat sektoru dövlət xərcləmələrinin prioritetinə çevrildi. Bu sektorlarda həyata keçirilən bahalı layihələrin yaratdığı görüntülər bir tərəfdən hökumətin iqtisadi təbliğatının leytmotivinə çevrilsə də, digər tərəfdən də korrupsiya reytinqinin pisləşməsinə, iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin zəiflədilməsinə, iqtisadiyyatın bir tərəfli olaraq, yalnız qeyri-ticari sektor üzrə inkişafına gətirib çıxardı. İldən-ilə yüksək sürətlə artan gəlirlərin fonunda iqtisadiyyatda institutsional dəyişikliklərə zərurətin də yarandığı şəraitdə reformalar arxa plana keçdi, islahat adı altında psevdoinstitutlar yaradıldı.

Dördüncü mif: “Əsrin kontraktı” üzrə Azərbaycanın payına düşən neft gəlirlərinin axını sayəsində maliyyələşən daxili investisiyaların artımı hesabına iqtisadiyyatda tarazlı inkişaf təmin edilməkdə, yüz minlərlər yeni iş yerləri yaradılmaqdadır.

Reallıq: Doğrudan da Azərbaycanda artan neft gəlirləri sayəsində genişlənən daxili maliyyə mənbələri hesabına dövlət investisiya qoyuluşları çoxalmaqdadır. Əsasən özəl biznes üçün cəlbedici olmayan infrastruktur sahələrinə investisiya yatırılması əmtəə və xidmətlərin maya dəyərini aşağı salan amil kimi qiymətləndirilsə də, onun qeyri-şəffaf şəraitdə icrası korrupsiyanın miqyaslarını genişləndirməklə bu istiqamətli qoyuluşların səmərəlilik əmsalını və pozitiv effektini aşağı salır. Digər tərəfdən, qeyri-ticari sektorda artan məcmu tələbin yaratdığı yüksək qiymətlər rentabelliyi çoxaltmış və nəticə etibarı ilə bu sektor neft bumunun yaratdığı əlavə kapitalla yanaşı, özəl bölmənin resurslarını da özunə cəlb etmişdir. Bununla da iqtisadiyyatın diversifikasiyası problem olaraq daha da dərinləşmişdir. ÜDM 9 əsas hissədən - mədən və karxana; emal sənayesi; elektrik enerjisi, qaz və su təchizatı; kənd təsərrüfatı; tikinti; ticarət, ictimai iaşə və mehmanxana; nəqliyyat, anbar təsərrüfatı və rabitə; sosial və qeyri-formal xidmətlər; xalis vergilər - ibarət olduğu əsasda aparılmış hesablamalar göstərir ki, 2006-cı ildə Azərbaycan iqtisadiyyatı üçün diversifikasiya əmsalı 3,3-ə bərabər olub. 4

Diversifikasiya əmsalının vahidə yaxın olması Azərbaycanda iqtisadiyyatın qeyri-mütənasib inkişafının göstəricisidir. Odur ki, Azərbaycanda tarazlı iqtisadi inkişafdan danışmağa dəymir. Tendensiya göstərir ki, neft-qaz hasilatının artması və qeyri-neft sektorunun bu artıma adekvat olmaması nəticəsində iqtisadiyyatın diversifikasiya əmsalı ilbəil aşağı düşür.

Davamlı iqtisadi inkişafın təminatçısı olaraq iqtisadiyyatın digər sektorlarında durum isə qeyri-neft sənayesinin yerində sayan vəziyyətilə müqayisədə müxtəlif cür şərh oluna bilər. Belə ki, konkret olaraq Azərbaycanda ümumi məşğulluğun başlıca təminatçısı kimi çıxış edən kənd təsərrüfatı istehsalında vəziyyət o qədər də ürəkaçan deyil. 2005-2008-ci illərin statistikasına müraciət etsək görərik ki, iqtisadiyyatın sahələri arasında ən aşağı sürətlə kənd təsərrüfatı və emal sənayesi, ən yüksək sürətlə ticarət, nəqliyyat və rabitə inkişaf edib. Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun, xususilə də kənd təsərrüfatı və emal sektorunun tənəzzülü akademik Rıbçınskinin “qeyri-sənayeləşmə effekti”5 ilə daha asan izah olunur. Akademik Rıbçınski qeyd edirdi ki, məhz “Hollandiya xəstəliyi”nin təsiri ilə yeni yaranan sektor sənayenin ehtiyatlarını aparır və onu daha əlverişlı sayılan neft və qeyri-ticari sektora cəlb edir. Ötən ilin statistikasına nəzər salarkən akademik Rıbçınskinin elmi-nəzəri postulatını Azərbaycan iqtisadiyyatında əyani surətdə görmək olar.

2008-ci ilin yekunlarına görə, Azərbaycan iqtisadiyyatına bütün mənbələr hesabına yatırılan investisiya qoyuluşlarının cəmisi 3 faizi məşğulluğun 38 faizinə, UDM-in 6,0 faizinə malik kənd təsərrüfatının payına düşüb. Nəticədə, həmin dövrə kənd təsərrüfatında artım 7,0 faiz olub.6 Beləliklə də Azərbaycanda məşğulluğun ənənəvi sahəsi olan kənd təsərrüfatı və emal sənayesi acınacaqlı duruma düşməkdədir. Bununla yanaşı, son illər ərzində “Əsrin kontraktı” ilə əlaqəli fəaliyyət sahələrindən 2500-dək ixtisaslı işçinin ixtisara salınması, Azərbaycanın əmək bazarında nəinki ixtisassiz və gənc kadrların, hətta ixtisaslı və təcrübəli kadrların arasında da gərginliyi artırmışdır. Yeni yaradılan iş yerlərinin əksəriyyətinin müvəqqəti xarakter daşıdığını, özünü və fərdi fəaliyyət sahələrindən ibarət olduğunu nəzərə alanda məlum olur ki, yüz minlərlə iş yerlərinin yaradılması siyasi məqsədlərə xidmət edən və mükəmməl iqtisadi arqumentlərə tab gətirməyən rəsmi bəyanatlardan başqa bir şey deyildir.



Beşinci mif: “Əsrin kontraktı”nin imzalanmasında bizim məqsədimiz təkcə neft hasil etmə, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri – həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir.

Reallıq: Müqavilənin imzalanmasından sonra məlum oldu ki, bu kontraktın reallaşmasında hər iki tərəfin (Azərbaycan dövlətinin və şirkətlərin) əsas məqsədi mənfəət əldə etməkdir. Təsadüfi deyildi ki, BTC kəmərinin tikintisi uzunmüddətli siyasi müzakirələrdən, yalnız neftin dünya bazar qiymətləri bahalaşmaya doğru kurs götürəndən sonra baş tutdu. Bu isə konsorsium iştirakçılarının başlıca marağının mənfəət əldə etmə olması ilə izah edilə bilər. Əslində korporativ baxımdan, iqtisadi nöqteyi-nəzərdən bunun geniş izahata ehtiyacı yoxdur. Məsələnin ikinci tərəfinə - əldə edilən bütün mənfəətlərin xalqın rifahına sərf olunmasına gəlincə, burda fikir ayrılıqları hökm sürsə də, bir həqiqət əksəriyyətə aydındır ki, məhz “Əsrin kontraktı”nın reallaşmasından Azərbaycana daxil olan gəlirlərin birbaşa təsiri nəticəsində ölkədə sosial bərabərsizlik daha da dərinləşdi. Çünki yüksək mənfəət əldə etmək üçün axan sərmayənin qütbləşməni sürətləndirəcəyi, sərvətlə yoxsulluğu qarşı-qarşıya qoyacağı, qütblərarası ziddiyyətləri kəskinləşdirəcəyi əvvəldən istisna olunmurdu. Bu ərəfədə “totalitar” sosializm iqtisadiyyatından “demokratik” bazar iqtisadiyyatına keçıd yeni sosial baza, ideoloji üstqurum meydana gətirdi. Cəmiyyət yaşayış tərzinə, həyat şəraitinə, sosial tələbatlarına, davranışlarına, hətta əxlaq və mədəniyyətinə görə bir-birindən kəskin fərqlənən qütblərə bölündü. Mövcud şəraitdə ilkin kapital yığımı adı altında kriminal gəlirlər və qeyri-qanuni özəlləşdirmə vasitəsilə formalaşmış xüsusi mülkiyyətlər və hüquqlar qanunların mükəmməlləşməsi və aliliyi vasitəsilə deyil, polis rejiminin gücləndirilməsi yolu ilə müdafiə edilməyə başladı. Bu zaman bazar institutlarının deyil, avtoritar idarəçilik institutlarının inkişafına sərmayə yönəldilməsi Azərbaycanı neflə zəngin digər inkişaf etməkdə olan ölkələrdən yaxşı mənada fərqlənməyə imkan vermədi.
Dünyanın neftlə zəngin olan ölkələrində aparılmış emprik tədqiqatlar göstərir ki, qanunun aliliyi, şəffaflıq və hesabatlılıq əsasında yaxşı idarəçiliyə malik olmayan ölkələrdə neft hasılatının artımı milli iqtisadiyyatda idarəolunmaz həddə çatması kimi ciddi çətinliklərə gətirib çıxarır. Bu şəraitdə ölkədə neft satışından əldə olunan “yüngül neft pulları” hökumət məmurlarında arxayınçılıq yaradaraq, ilk növbədə diqqəti tarazlı və davamlı inkişafa deyil, neft gəlirlərinin daha tez bölüşdürülməsi uğrunda mübarizəyə yönəldir və sanki bunu bir yarışa çevirir.7 Hakimiyyətdaxili qruplar arasında gərginliyin artmasına gətirib çıxaran bu yarış şəraitində əhalnin rifahının davamlı surətdə uzunmüddətli dövrdə yaxşılaşdırılmasına nail olmaq mümkün deyildir. Bunu rəsmi statistik məlumatlar da təsdiq edir. Hər bir ölkədə əhalinin rifah səviyyəsinin ümumiləşdirilmiş göstəricisi orta aylıq əmək haqqı səviyyəsi hesab olunur. Dövlət Statistika Komitəsinin 2009-cu il iyul ayının 1-nə olan məlumatına görə, Azərbaycanda bu göstərici 298 manat təşkil edib. Halbuki Rusiya bu səviyyədə orta aylıq əmək haqqı həddini 2006-cı, Qazaxıstan isə 2007-ci ildə ötüb. Hazırda həmin ölkələrdə orta aylıq əmək haqqı müvafiq olaraq 600 və 500 dolları ötür. Bizimlə eyni siyası keçmişə malik olan, start dövründə kəskin yaşayış fərqləri nümayiş etdirməyən və hazırda Azərbaycanın neft-qaz resurslarını dünya bazar qiymətlərinə almağa hazır olan Mərkəzi və Şərqi Avropa (MŞA) ölkələrində isə sosial vəziyyət daha da yaxşıdır. Belə ki, hələ 2007-ci ildə8 orta aylıq əmək haqqı Litvada 759, 4 avro, Latviyada 719,4 avro, Estoniyada 827,19 avro, Slovakiyada 842,3 avro, Polşada 983,2 avro, Macarıstanda 1104,3 avro, Çexiyda 1126,2 avro, Sloveniyada 1871,0 avro olub. Azərbaycanın müvafiq göstəricisnin 250 avro ekvivalentində olmasına baxmayaraq, statistika göstərir ki, 2009-cu ilin ikinci rübündə ölkədə orta aylıq əmək haqqı səviyyəsinin artım tempi birinci rüblə müqayisədə iki dəfə azalıb. Belə ki, birinci rübdə artım 26,5 faiz olubsa, birinci yarımildə 19 faizə düşüb. Diqqəti çəkən digər məqam isə bu müddət ərzində özəl sektorda maaşların artımının müşahidə edilməməsidir. Deməli, neft gəlirlərinin Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəldilməsilə bağlı deyilənlər daha çox siyasi məna kəsb edir.

Bu gəlirlərin digər vasitələrlə bölüşdürülməsinə gəlincə, Azərbaycan nəinki anadan doğulan uşaqlara 10 min dollar, ev tikmək istəyən şəxslərə əvəzsiz olaraq 80 min dollar, ali və orta təhsil müəssisəsini yeni bitirən hər bir şəxsə özünə iş yeri tapana qədər xərclərini ödəmək üçün 13 min dollar pul ayıran Səudiyyə Ərəbistanı ilə, körpə dünyaya gələn gün onun hesabına neft fondundan 3 min dollar, ev tikmək üçün hər bir vətəndaşına faizsiz, uzun müddətli 220 min dollara qədər, həddi-büluğa çatmamış övladına görə onun valideyninə hər ay 170 dollar, evdar qadınlara isə ayda 300 dollar ayıran Küveytlə, hətta hər ay ailənin hər bir üzvünə suyu, duzu, 50 kubmetr qazı, 100 kvt/saat elektrik enerjisini, minik maşınlarının sahiblərinə ayda 120 litr benzini pulsuz verən Türkmənistanla belə müqayisəyə gəlmir. Azərbaycan hökuməti mövcud məhsulları və xidmətləri regional bazar qiymətləri ilə öz vətəndaşlarına satmaqdadır. Bu isə bütün vətəndaşların neft gəlirlərindən pay götürmək imkanlarını məhdudlaşdırır. Belə imkanları yalnız neft sektorunda işləyənlər və büdcə sferasında çalışanlar aşağı əmək haqqı vasitəsilə əldə etməkdədirlər. Bu halda “Əsrin kontraktı”ndan qazanılan neft gəlirlərinin Azərbaycan vətəndaşlarının arasında bərabər və ədalətli bölüşdürülməsindən və onun əhalinin gələcək rifahına yönəldilməsindən danışılmasına dəyməz.



Xərclərin effektiv menecmenti və iqtisadiyyatın liberallığı olmadığı şəraitdə neft gəlirlərinin artımına uyğun olaraq xərcləmələrin genişləndirilməsi, “yüngül” pulların məsuliyyətlilik, nəticəlilik, səmərəlilik və şəffaflıq prinsiplərinə əməl olunmadan qeyri-məhsuldar sektorlarda xərclənməsi milli iqtisadiyyatda inkişaf və rifah üçün ciddi problem olan korrupsiyanın miqyaslarının genişlənməsini, inflyasiyanın sürətlənməsini şərtləndirir. Bütün bunlar isə əhalinin xərclərini artırır, onların gəlirlərini dəyərsizləşdirir və ümumi rifah göstəricilərini təhrif edir.

Altıncı mif: “Əsrin kontraktı”ndan əldə olunan neft gəlirləri ölkə vətəndaşlarının sosial iqtisadi tərəqqiyə çıxışını sürətləndirir. Azərbaycanda artan büdcə gəlirləri sosial sahələrin ehtiyaclarının qarşılanmasında əhəmiyyətli mənbəyə çevrilir. Təhsil və səhiyyəyə yönələn qoyuluşlar neft gəlirlərindən düzgün və səmərəli istifadəni təsdiq edir.

Reallıq: Əksinə, baxmayaraq ki, doğrudan da neft gəlirləri hesabına büdcənin investisiya və sosial yönümlü xərcləri ildən-ilə artır, amma təhlillər göstərir ki, Azərbaycan vətəndaşlarının sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxış imkanları hələ də məhdud olaraq qalır. Çünki büdcə gəlirlərinin və adekvat olaraq xərcləmələrinin ildən ilə genişləndiyi şəraitdə əhalinin təhsil və səhiyyə xidmətləri ilə təminat səviyyəsini və onun keyfiyyətini xarakterizə edən göstəricilər daha da pisləşir. Ali məktəblərə builki qəbul və eləcə də orta məktəblərdə buraxılış imtahanlarının nəticələri təhsil sahəsində vəziyyətin getdikcə daha da ağırlaşacağından xəbər verir. Belə ki, 2009-2010-cu tədris ili üçün ali məktəblərin 1-ci ixtisas qrupu üzrə abituriyentlərin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan verənlər nəzərə alınmadan) 35,8 faizi, 2-ci ixtisas qrupu üzrə 24,4 faizi, 3-ci ixtisas qrupu üzrə 25,5 faizi, 4-cü ixtisas qrupu üzrə 49,2 faizi 100-dən aşağı bal toplayıb. Bu, əvvəlki illərlə müqayisədə ən aşağı göstərici hesab olunur. Deməli, yaxın gələcəkdə neftdən itirəcəyimzin əvəzini təhsildən qazandıqlarımızla doldurmaq mümkün olmayacaq. Bu ərəfədə orta təhsil məktəblərində buraxılış imtahanlarının nəticələri üzrə imtahanlara qatılan 23 faizədək şagirdin müvafiq sənədə yiyələnə bilməməsi də bizi ciddi düşünməyə vadar etməlidir. Əslində bu gözlənilən idi, hələ ötən il təsdiq olunmuş və uzun müddət ictimaiyyətdən gizli saxlanılan 2008-2015-ci illər üzrə yoxsulluğun azaldılması və davamlı inkişaf proqramında da tam orta təhsil üzrə xalis təhsil əmsalının 50 faizdən də aşağı olduğu göstərilib. Müqayisə üçün qeyd edək ki, müvafiq göstərici Latviyada 81, Litvada 89,7, Estoniyada 86,8, Polşada 94,4, Macarıstanda 87,6, Çexiyada 94,5, Rumıniyada 81 və Bolqarıstanda 82 faiz təşkil edib.10 Baxmayaraq ki, Azərbaycan rəsmi və qeyri-rəsmi mənbələr hesabına təhsilə yönələn vəsaitlərin həcminə görə bu ölkələrdən heç də ciddi fərqlərlə geridə qalmır. Hökumət təhsil büdcəsinin genişlənməsi, təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması məqsədilə büdcədən və digər mənbələrdən hər il milyardlarla vəsait xərcləyir. Təhsilə yönələn investisiyalar nəzərə alınmadan yalnız bu sahədə siyasətin idarəolunması ilə bağlı xərclər 2009-cu ilin ikinci prioritet xərc maddəsi kimi təsdiq olunub və bu məbləğ 1 milyard 353 milyon manat təkil edir.

Eyni problemləri səhiyyə sahəsində də müşahidə etmək mümkündür. İslahatların tətbiqi sürətinə və onun əhatə dairəsinə görə digər sektorlardan da geri qalan səhiyyə bölməsinə bu ilin büdcəsindən ayrılan vəsait onun xərc hissəsində 4 faizə, ÜDM-də isə 1 faizə qədər paya malikdir. Halbuki müqayisəyə cəlb etdiyimiz MŞA ölkələrində 2007-ci ildə dövlətin səhiyyə xərclərinin ÜDM-də payı Latviyada 3,1, Litvada və Estoniyada 3,9, Çexiyada 6,5, Macarıstanda 6,4, Sloveniyada 7,4, Slovakiyada 4,8, Polşada və Rumıniyada 3,8, Bolqarıstanda isə 4,5 faiz təşkil edib. Göründüyü kimi, Azərbaycan hökumətinin artan neft gəlirlərindən səmərəsiz istifadəsi əhalinin sosial-iqtisadi nailiyyətlərlərdən bəhrələnməsində əsas maneələrdən biri olaraq qalır. Eyni vəziyyəti dövlətdən maliyyələşən elmi tədqiqatlara münasibətdə də müşahidə etmək olar. Belə ki, 2009-cu ildə Azərbaycan dövlət büdcəsindən elmə yönələn vəsaitlər büdcə xərclərinin 1 faizinə, ÜDM-in isə 0,2 faizə qədərini təşkil edir.



Nəticə olaraq onu demək istərdim ki, BP-nin məlumatına görə, AÇG yatağında təsdiq olunmuş 5,4 milyard barel11 neftin artıq 1 milyard 60 milyon bareli çıxarılıb. Demək olar ki, mövcud ehtiyatların 20 faizi çıxarılaraq ixrac olunub, onun sayəsində Qərbin sənaye maşınları hərəkətə gəlib, Azərbaycanın əldə etdiyi neft dollarları da Qərbi Avropa və Amerika banklarında yerləşdirilib. Bunun müqabilində Azərbaycanın neftdən kənar sektorlarda olan sənaye müəssisələrinin əksəriyyəti fəaliyyət qabliyyətini itirib, maliyyə sarıdan əziyyət çəkən banklarımız isə borc götürmək və daxildəki öhdəliklərini yerinə yetirmək üçün Qərbdə yerləşən kredit təşkilatlarına üz tutublar. Əhalinin rifahına gəlincə, hətta gələcək nəsillərin payının indidən xərclənməsinə baxmayaraq, Azərbaycan vətəndaşlarının bir qismi yenə yoxsulluqdan əziyyət çəkməkdə, əksəriyyəti isə inkişaf etmiş ölkələrdə tətbiq edilən sosial-iqtisadi tərəqqinin müasir nəticələrini həsrətlə gözləməkdədir.

Beləliklə, Azərbaycanda artan neft gəlirlərinin fonunda kriminal kapitalın “demokratik” diktaturası hökm sürməkdə, korrupsiya çiçəklənməkdə, insan haqları pozulmaqda, azadlıqlar isə məhdudlaşdırılmaqdadır.

1      «Əsrin kontraktı» 20 sentyabr 1994-cü ildə 30 il müddətinə imzalanmışdır. Bu kontrakt Azərbaycanın Xəzər sektorunda neft yatağının («Azəri», «Çıraq», «Günəşli») birgə istifadəsini nəzərdə tutur. Müqavilə dünyanın 8 ölkəsinin 12 şirkəti ilə imzalanmışdır: «Amoko» (ABŞ)-17,01%; «BP» (B. Britaniya)-17,13%; «Lukoil» (Rusiya)-10%; «Statoil» (Norveç)-8,56%; «Turkish Petrolium» (Türkiyə)-6,75%; «Unokal» (ABŞ)-9,52%; «Itochu Co» (Yaponiya)-7,45% («McDermott» şirkəti aksiyalarının bir hissəsini 1996-cı ildə «İtochu Co» şirkətinə satmışdır); «Ramco» (B. Britaniya)-2,08%; «Delta» (S. Ərəbistanı)-1,68%; «Penzoil» (ABŞ)-4,81%; «Exon» (ABŞ)-5% və ARDNŞ (Azərbaycan)-10% paya malik olub. İlkin hesablamalara və razılıaşmalara görə, müqavilənin dəyəri 14 milyard dollardır, bütün investisiyaların 80%-i isə xarici şirkətlər tərəfindən həyata keçirilir. Son nəticələrə görə, kontrakt üzrə pay bölgüsü belədir: BP (operator – 34,1%), Chevron (10,2%), ARDNŞ (10%), INPEX (10%), StatoilHydro (8,6%), ExxonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), ITOCHU (3,9%), Hess (2,7%).

2 Steve Levin , The Oil and the Glory: The Pursuit of Empire and Fortune on the Caspian Sea, 2007

3 The oil of Baku: the lesson of history, Leyla Muradverdiyeva, Edited by prof. E.L.Goldman, Baku-2006

4 Əmsalın 1 və 9 ədədləri arasındakı daha çox aşağı həddə meylliliyi iqtisadiyyatın birtərəfliliyini göstərir.

5 www.monitoring.az/public/print.php?lngs=aze&ids=306 - 25k -

6 Azərbaycan rəqəmlərdə 2008, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi “Səda” nəşriyyatı 2008

7 Current state of Azerbaijan’s economy: myths and realities, Germany Springer Wien New York, 49, Volume XV 2/2008, http://www.springerlink.com/content/v34k0nl2861m5700/

8 Mənbə: Eurostat

9 Bu göstərici 2006-cı ilin yekunlarını xarakterizə edir.

10 European Commission Education and Traning GD: “Progress towards the Lisbon objectives 2010 on education and traning”

11 BP-nin məlumatına görə, Azərbaycan höküməti BP-nin texnologiyasını almağa razılıq versə, AÇG yatagından hasılatin həcmini 6,5 milyard barelə qədər artırmaq mümkündür.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə