E.Ş. Namazov Yoxladı : dosent. А




Yüklə 73.18 Kb.
tarix23.04.2016
ölçüsü73.18 Kb.



AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Kafedra: Torpaqşunaslıq,aqrokimya və Ekoloji

kənd təsərrüfatı


R E F E R A T



Mövzu : “Antropogen səhralaşma
Işlədi: magistr .E.Ş.Namazov
Yoxladı : dosent. А.Н.Зейналова
GƏNCƏ – 2009

Plan:

  1. Giriş

  2. Dünya üzrə tstatistik məlumatlar

  3. Səhralaşma nədir

  4. Səhralaşmanını tipləri

  5. Azərbaycanda şəhralaşma prosesi

  6. Ədəbiyyat siyahısı


GİRİŞ

XX əsr insanın təbiətə, onun sərvətlərinə qəddar münasibət bəslədiyi dövr kimi bəşəriyyətin tarixinə qara səhifə ilə həkk olunub. Kosmik fəzadakı raketlərin sayının gündən-günə çoxalması, tədqiqatlar, I və II Dünya müharibələri, fabrik, zavod, kombinatların tullantıları, radioaktiv çirklənmə, kənd təsərrüfatında işlədilən kimyəvi preparatlar atmosferi, hidrosferi və litosferi çirkləndirib, biosferin və ekosistemlərin ekoloji tarazlığını pozub, onun normal ahəngini məhvərindən çıxarıb. Bir sözlə, təbiətə və onun sərvətlərinə çox güclü zərbə endirilib, okean, dəniz, göl və çaylar zəhərli və zərərli maddələrlə çirklənib, planktonların bəziləri məhv olub.  


Son üç yüz ildə dünyada 100 növdən artıq iri məməlilərin (epiornis, dront, meşə fili, mamont, adi kərgədan, yunlu kərgədan, nəhəng marallar, Amerika bizonu – vəhşi öküz və s.) və Qafqazda axırıncı minillikdə şirin (X əsr), vəhşi dağ öküzünün – turun (XII əsr), vəhşi qulanın, gillik pişiyinin-gepardın (XIII əsr), bəbirin, nəhəng maralların, tarpanın (XIX əsr), zubrun, pələngin (XX əsr) nəslinin kəsilməsi və tükənməsi planetimizdə biomüxtəlifliyin ən acınacaqlı ekoloji problemi kimi dəyərləndirilməlidir.  
Son 100 ildə atmosferdə karbon qazı konsentrasiyası 12-13 faiz, toz bulanması 10-20 faiz artmış, yerin işıqlanması isə 7-10 faiz azalmışdır. Güclü antropogen təsirlər nəticəsində Yer ətrafı kosmik fəza hazırda planeti xaricdən bürüyən qaz təbəqəsini xatırladır. Kosmik fəzanın nəzarətsiz istismarı nəticəsində kosmosa 3000 tondan artıq zibil kütləsi atılmışdır. Hazırda Yer ətrafında 800 kosmik gəmi fırlanır və kosmosda ekoloji problem yaradır. Halbuki Yeri kosmosdan öyrənmək üçün cəmi 20 kosmik peyk kifayətdir.  
Təbiətə, onun sərvətlərinə mənfi münasibət XX əsrin sonunda ən yüksək nöqtəsinə çatmışdır. Nəticədə isə ətraf mühitin biotik (canlı) və abiotik (cansız) amilləri güclü antropogen təsirə məruz qalmış, bir çox bitki və heyvan növləri (biotlar) məhv olmuş, onların kökü kəsilmiş, bəzilərinin isə məhv olmaq ərəfəsində adı “Qırmızı kitab”a düşmüşdür. Bu proses yenə də davam edir, özü də fasiləsiz və çox sürətlə. Əgər əvvəllər hər 100 ildə yalnız bir növ biot məhv olurdusa, hazırda 1 saat ərzində Yer kürəsində 50 növ məhv olur.  
XX əsrin sonunda planetimizin təbii quru ekosisteminin 63 faizi dağılıb, meşələrin üçdə iki hissəsi qırılıb, 200 milyon hektardan çox əkin sahəsi kənd təsərrüfatı üçün tamamilə yararsız hala düşüb. Oksigen ehtiyatı 10 milyard ton azalıb, su ekosistemləri, xüsusilə dəniz planktonları məhv olub. Bunun əsas səbəbi isə biosferin, atmosferin, hidrosferin, litosferin texnogen çirklənməsinin çox sürətlə artması, təbii resurslardan səmərəli istifadə olunmaması, dünya əhalisinin sayının və tələbatının artması (əvvəllər hər 100 ildə əhalinin sayı 1 milyard artdığı halda, hazırda hər 15 ildən bir bu artım 1 milyard nəfər olur), urbanizasiya, demoqrafik partlayışlar, kimyəvi preparatlar və maddələr istehsal edən fabrik, zavod və emal müəssisələrinin atmosfer havasını, torpaqları və suyu çirkləndirməsi, ekoloji terrorun çox güclənməsi və ekoloji təhlükəsizliyin təmin olunmamasıdır.  
Ətraf mühitin çirklənməsi əsasən iri sənaye şəhərlərinin (əhalisi 5-10 milyon nəfər və daha çox), fabrik və zavodların, kombinatların, emal müəssisələrinin payına düşür. Dünya üzrə ətraf mühitin ümumi çirklənməsinin 70-80 faizi şəhərlərin, o cümlədən 34 faizi metallurgiya sənayesi obyektlərinin, 27 faizi energetikanın, 12 faizi neft məhsullarının, 9 faizi kimya zavodlarının və 7 faizi təbii qazların, yalnız 11 faizi digər istehsal sahələrinin hesabına yaranır. Aqrar sahədə işlədilən pestisidlər, kimyəvi maddələr, heyvandarlıq fermalarının tullantıları da mühitin çirklənməsində çox böyük rol oynayır. Dünyada hər il orta hesabla ətraf mühitə atılan müxtəlif tullantıların miqdarı bir nəfərə 20 tondur.  
BMT-nin məlumatlarına görə, hər il dünya meşələrinin 25 milyon hektar (Fransanın ərazisinin yarısı qədər) sahəsi qırılıb məhv edilir. Meşələrin qırılması biosferin davamlılığının və atmosferdə oksigenin azalmasına, quraqlığın, torpaq eroziyasının, deflyasiyasının və sürüşmələrin əmələ gəlməsinə, səhralaşmanın sürətlənməsinə, su daşqınlarına, güclü selə, qasırğalara, torpağın və suyun eroziyasına, iqlimin və relyefin kəskin dəyişilməsinə və s. səbəb olur.  
Dəhşətli və təhlükəli ekoloji fəlakətlərdən ən əsası canlı aləmi Günəşin dağıdıcı ultrabənövşəyi şüalarından qoruyan ozon təbəqəsinin qalınlığının son zamanlar azalması, Şimal və Cənub qütblərdə isə tez-tez deşilməsidir. Ozon oksigenin allotrop modifikasiyası və atmosferin “mavi ekranı” olmaqla əsasən onun 10–50 km hündürlüyündə toplanır, atmosfer havasının 100 mində bir hissəsini təşkil edir. Ozonun canlı aləmin mövcud olması üçün əvəzsiz amil olmasına baxmayaraq onun miqdarı hər il 0,3 — 1 faiz, qışda isə 6–8 faiz azalır. Xlor, flüor üzvi birləşmələri ozonu 450-600 dəfə çox parçalayır, freon — 12 isə ozonu daha tez dağıdır. Antropogen təsirlərdən ozonosferada yaranan “ozon dairəsinin” (dəliyinin) diametri ABŞ-ın ümumi ərazisinə bərabərdir. Göründüyü kimi, ozon problemi müasir ekologiyanın qlobal məsələsinə çevrilib.  
İqlimin ekoloji xəritəsinin dəyişməsi yeni əsrin ən ciddi qlobal problemidir. Qlobal istiləşmə və istilik effekti XX əsrdə texniki tərəqqinin atmosferdə yaratdığı ən faciəli, dəhşətli hadisə kimi dəyərləndirilməlidir. Günəş istiliyinin 90 faizi Yer səthindən əks etdirilir. Atmosferdə CO, CO2, NH3, NO, NO2 və hallogenlərin miqdarının artması nəticəsində havanın temperaturunun normadan çox olması qlobal istiləşmə və istilik effektinə səbəb olur, nəticədə quraqlıq, səhralaşma kimi ekoloji böhranlar yaranır.  
İstilik effekti əsasən CO2-nin təsirindən əmələ gəlir. Daş kömür, neft, qaz və s. yanacaqların yandırılması nəticəsində ildə atmosferə 20 milyard ton karbon qazı qarışır. Hər il atmosferə qarışan CO2-nin miqdarı 0,5 faiz, metan — 0,9 faiz, azot oksidləri 0,25 faiz, hallogenlərin karbon birləşmələri isə 4 faiz artır. Bu isə atmosferdə istilik effekti yaradır.  
XX əsrdə Yer planetində havanın orta temperaturu 0,6 dərəcə artıb. Əvvəlki yüzilliyə nisbətən son on ildə havanın istiləşmə sürəti üç dəfə çox olub. Maraqlı haldır ki, istiləşmə hər yerdə eyni sürətlə baş vermir. Tropik qurşaqlara nisbətən Rusiyada istiləşmə daha sürətlə gedir. Son 100 ildə orta illik temperatur Şərqi Sibirdə, Amur ətrafı və Primorskda 3,5 dərəcə artmışdır. XXI əsrin ortasında havanın orta illik temperaturunun Qərbi Sibirdə 3 dərəcə, Rusiyanın Şimali Avropa hissəsində, Yakutiyada və Arktika sahilinə qədər olan ərazidə 2-3 dərəcə artması gözlənilir. BMT-nin 2001-ci ildə nəşr olunmuş hesabatında göstərilmişdir ki, yaxın gələcəkdə planetimizdə orta temperatur 1,4–5,8 dərəcə artacaqdır.  
Şimali Afrikada hər il səhraların sahəsi 100 min hektar artır. Kosmosdan çəkilən şəkillərin vasitəsilə müəyyən olunub ki, qumlu səhralar savanna zonasına doğru 200 km-ə qədər genişlənib. Son proqnozlara əsasən XXI əsrin əvvəlində okean suyunun səviyyəsi 0,5-1m, sonunda isə 2 m qalxmaqla qurunun bir hissəsinin su altında qalması ilə nəticələnə bilər. Beləliklə də ekosistemlərə, biosferə, xüsusilə flora və faunaya ağır dağıdıcı zərbə təhlükəsi yaranır.  
2001-ci ildən sonra Avropa, Asiya ölkələrində, ABŞ-ın bəzi ştatlarında, o cümlədən bizim respublikamızda da suyun səviyyəsinin qalxması, çayların məcrasından çıxaraq tarlalara, meşələrə, kəndlərə böyük ziyan vurması tez-tez baş verir. 2004-cü ilin sentyabr ayında ABŞ-ın Florida ştatında 4 dəfə təkrar olunan çox güclü qasırğalar ölkəyə böyük ziyan vurmuş, şəhərləri, kəndləri dağıtmışdır.  
2005-ci il mayın 18-də qlobal istiləşmənin təsirindən İslandiyada hündürlüyü 75 metr olan nəhəng aysberqin qopması da son zamanlar təbii fəlakətlərin artmasından xəbər verir. Planetimizdə baş verən təbii fəlakətlərin arealı ildən-ilə çox sürətlə genişlənir. Son illər baş verən bu fəlakətlər təbiətin bəşəriyyətdən qisas almasına, sanki, ciddi bir mesajdır.  
Hazırda dünyanın bütün ölkələrində superurbanizasiya, zülal aclığı, ərzaq, içməli su problemi, demoqrafik partlayış və s. qlobal problemlər başlayıb. Ekologiyanın dəyişməsi yeyinti məhsullarını yararsız hala salıb, insan və heyvanlar arasında infeksion və invazion xəstəliklər çoxalıb, yeni, indiyədək elmə məlum olmayan, uzunmüddətli müalicə tələb edən dəhşətli, faciəli xəstəliklər (QİÇS, quş qripi, atipik pnevmoniya, sarı qızdırma, dəli dana-inək quduzluğu, hepatitlər və s.), uşaqlar arasında müşahidə olunan genetik xəstəliklər (talessemiya, hemofiliya, anemaliyalar, teratogen xəstəliklər, immun çatışmazlıqları), o cümlədən ekoloji mühitin təsirindən yaranan bəzi xəstəliklər (şəkərli diabet və mineral çatışmazlığı, uşaqların ölü və vaxtından əvvəl doğulması və s.) müşahidə edilir və bəşəriyyəti təlatümə gətirir.  
BMT-nin QİÇS üzrə Birləşmiş Proqramının (UNAİDS) məlumatına görə, xəstəlik müşahidə olunduqdan (1959, Afrika) indiyədək dünyada 60 milyondan çox insan yoluxub, hər gün 24 yaşınadək 6000 gənc və 15 yaşınadək 2000 uşaq və yeniyetmə yoluxur.

Artıq planetin 10 milyon əhalisi bu bəladan dünyasını dəyişib. Respublikamızda QİÇS-lə xəstələnmiş 650 nəfər yerli və əcnəbi vətəndaş qeydiyyata alınıb.  Bəşəriyyət əvvəllər alimlərin diqqət mərkəzindən yayınan və hazırda çox ciddi real təhlükəyə çevrilən H5N2 virusunun törətdiyi quş qripi xəstəliyi ilə qarşılaşıb. Bu xəstəlik 1918-ci ildən etibarən müşahidə olunmaqla indiyədək dünya üzrə 40 milyon adamın ölümü ilə nəticələnib. Bu gün həmin xəstəlik dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanla qonşu olan Türkiyə və İranda quşlar arasında yayılaraq respublikamız üçün də ciddi təhlükə sayılır.  


Gəncənin yaxınlığında yerləşən Hacıkəndin bugünkü acınacaqlı vəziyyətinə biganə münasibət göstərməyə heç birimizin mənəvi haqqı yoxdur. Meşələr qəddarcasına qırılıb, “cəllad baltalara” məruz qalıb, kəsilən ağacların kökləri baş daşlarını xatırladır. Təbiətimizin fəxri sayılan gözəllər gözəli Göy gölün taleyi isə daha acınacaqlı və dözülməzdir. Onun kənarındakı meşəni bəzəyən ağacların çoxu yağıntıların çox olması nəticəsində yerə yıxılıb, artıq qurumağa başlayıb, sağ qalanlar isə təbii ki, yaxın gələcəkdə qurumağa və çürüməyə məruz qalacaqdır. Məhv olmuş ağacların və bitki qalıqlarının çürüntülərində inkişaf edən mikroorqanizmlər, eləcə də çürüntülərin toksiki maddələri (zəhərləri) yağış suları vasitəsilə gölə tökülərək onu müxtəlif xəstəlik törədiciləri ilə sirayətləndirə bilər. Bu isə öz növbəsində Gəncə və Xanlar rayonu əhalisini içməli su ilə təmin edən su mənbələrinin çirklənməsi deməkdir.  
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Depertamentinin son məlumatına görə, təkcə 2005-ci ildə meşələrdən 38493 kubmetr qanunsuz odun qırılmışdır. Son 6 ay ərzində isə işğal olunmamış ərazilərimizdə 19087 kubmetr qanunsuz odun qırılmışdır. Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terrorizm və soyqırımı nəticəsində işğal edilmiş ərazilərimizdə son 12 ay ərzində 720000 kubmetrdən artıq odun və işlik materialı qırılmışdır.

XXI əsrin başlanğıcında dünyada bir gün ərzində səhralaşma və şorlaşma nəticəsində 44 min hektar torpaq sahəsi öz münbitliyini və təsərrüfat əhəmiyyətini itirir, 28 min hektar, son məlumatlara görə isə 50 min hektar (yeni salınan meşə sahələrindən 10 dəfə çox) dünyanın ən qiymətli təbii sistemlərindən biri sayılan və planetimizin “ağ ciyərləri” adlandırılan tropik meşə sahəsi məhv olur, 40 mindən artıq uşaq ölür. Respublikamızda torpaqların 44 faizi külək və su eroziyasına məruz qalıb və kənd təsərrüfatı üçün yararsız hala düşüb.  



Səhralaşma nədir?

Torpağın deqradasiyası nəticəsində bitki örtüyünün kütləvi məhvi və məhsuldarlığın itməsi səhralaşma adlanır. Səhralaşmanın səbəbi eroziya, bitki örtüyünün kütləvi məhv edilməsi, bioresursların intensiv istifadəsi və başqa antropogen və təbiət hadisələridir. Şımali Afrikada, Mesopotomiyada, İranda, Hindistanda, Orta Asiyada, Ərəbistan yarımadasında və Avstraliyada səhralaşmanın yaranması antropogendir.



FAO-YUNEP (1982) 8 tip səhralaşma fərqləndirilir.

  1. Bitki örtüyünün deqradasiyai

  2. Külək eroziyasi

  3. Su eroziyasi

  4. Torpaq strukturasinin pozulmasi

  5. Torpaqda humusun miqdarinin azalmasi

  6. Şoranlaşma, şorakətli və şorakət torpaqlar

  7. Torpağin bataqlaşmasi

  8. Torpaqda toksiki maddələrin çoxalmasi

Əsas təbiət hadisələri arasında quraqlıq və külək eroziyası xüsusi yer tutur. Yer kürəsi əhalisinin təxminən 750 mln nəfəri (12.5 %) arid ərazilərdə, 90 mln-u  isə - güclü səhralaşmaya məruz qalan ərazilərdə yaşayırlar. Azərbaycanda əhalinin 60%-i Kür-Araz çökəkliyində yaşayır ki, bu ərazi də əsasən arid və yarımarid qrupa aid edilir.

      Səhralaşma prosesinin səbəbləri aşağıdakılardır: 1) sənaye fəaliyyətinin, kommunal və irriqasiya işlərinin yerinə yetirilməsinin nəticəsi kimi bitki örtüyünün məhv edilməsi və torpaq təbəqəsinin pozulması, 2) ağac-kol bitkilərinin odun kimi istifadə  edilməsi ilə əlaqədar torpaq-bitki örtüyünün deqradasiyası, 3) ağac-kol bitkilərinin odun kimi istifadə edilməsi ilə əlaqədar bitki örtüyünün məhv edilməsi, 4) boqar təsərrüfatçılığın nəticəsi kimi torpağın məhsuldarlığının azalması, 5) Xəzər sahilində (onun səviyyəsinin qalxması ilə əlaqədar) və süni əkin sahələrində qrunt sularının səviyyəsinin qalxması nəticəsində torpağın təkrar duzlaşması və təbii duzlaqların iriləşməsi.

     


Səhralaşma





Əsas amilləri və inkişaf prinsipləri

Antropogen

Təbii





Əlverişsiz meteoroloji şərait

(uzun sürən quraqlıq)


Meşələrin məhv edilməsi



Torpaqların şoranlaşması

Otlaqların hədsiz yüklənməsi (mal-qaranın hədsiz otarılması)



Yüngül torpaqların üstünlüyü (qumluca-gillicəli)

İntensiv şumlanma, güclü deflyasiya və torpağın şorlaşması



Yeraltı suların səviyyəsinin aşağı düşməsi (eroziya bazisinin enməsi)

Sudan səmərəsiz istifadə, qrunt suyunun səviyyəsinin aşağı düşməsi





Su və külək eroziyası

Keçənilki quru otların yandırılması


 Səhralaşma prosesinin və torpağın deqradasiyasının inkişafının  əsas faktoru eroziyadır. Azərbaycan ərazisinin 42.5 %-i və ya 3672.6 min ha sahəsi eroziyaya uğramışdır ki, bunun da 1380.9 min ha (37.6%) zəif, 1146.1 min ha (31.3 %) orta və 1145.5 min ha (31.1 %) güclü eroziyaya məruz qalmışdır. Bu zaman eroziyaya bu və ya başqa dərəcədə əkin sahələrinin 44.5 %-i (712 min ha), meşə örüşlərinin 68.1 %-i (1500.4 min ha), otlaqların 15.2 %-i (15.6 min ha), uzunmüddətli bitki örtüklərinin 40 %-i (2 9.8 min ha) və meşə massivlərinin 26 %-i (270.4 min ha) uğramışlar. Yaranma üsuluna görə eroziyaya uğramış torpaqların 82.1 %-i su eroziyasına, 7.6 %-i su irriqasiyasına və 10.3 %-i isə külək eroziyasına uğramışlar. Təxmini hesablamalar göstərir ki, kənd təsərrüfatı fondunun deqradasiya olunmuş və güclü eroziyaya uğramış sahəsi 700 min ha yaxınlaşır ki, bunların da normativ dəyəri 1000 mln dollardan aşağı deyildir.

      Respublikanın torpaq sahələrinin səhralaşma prosesinin digər əsas faktoru kimi torpaqların duzlaşması çıxış edir. Hal-hazırda əkilən yerlərin ümumi sahəsi 1443 min ha təşkil edir ki, bunların da 598.8 ha (41.5 %) drenirə ilə əhatə olunmışdur, o cümlədən 324 min ha üçün (22.4 %) örtülü drenaj sistemlər vardır. Duzlaşma dərəcəsinə görə əkin yerləriduzlaşmayan – 828.6 min ha (57.4 %), zəif duzlaşan – 430 min ha (29.9 %), orta duzlaşan – 1 24.2 min ha (8.6 %) və intensiv duzlaşan və ya duzlaq sahələrinə - 59.1 min ha (4.1 %) bölünürlər. Bu torpaqların 506 min ha yaxşı meliorasiya edilmış, 697 min ha kafi və 240 min ha pis meliorativ vəziyyətdədir. Kapital remont tələb edən torpaqların ümumi sahəsi 435.2 min ha və ya 30.2 % təşkil edir.

      İntensiv duzlaşan torpaqlar praktiki olaraq kənd təsərrüfatı dövriyyəsindən çıxmışdır və onların normativ dəyəri 20-25 mln dollar təşkil edir.

      Hal-hazırda torpaq sahələrinin özəlləşdirilməsi  və regionda gözlənilən qlobal dəyişikliklə əlaqədar olaraq, səhralaşma ölkənin ciddi ekoloji problemi olmuşdur. Sonuncuya misal olaraq, Şərq-Qərb enerji koridorunun yaranma proyektinin realizasiyasını, böyük ipək yolunun bərpasını və s. göstərmək olar. Bu proyektlərin həyata keçirilməsi nəticəsində 1000 kv km məhsuldar torpaq sahəsi bu proyektlərin konstruksiyaları altinda qalacaq və deqradasiya edəcək. Dağlıq Qarabağdan və Ermənistandan olan 1 mln qaçqının çöx sayının Kür-Araz yarımsəhra landşaftında yerləşdirilməsi də həmçinin bioresurslardan istifadə intensivliyini artırır və ərazinin deqradasiyasının artmasına gətirib çıxara bilər.

Hazırda dünyada həllini gözləyən vacib ekoloji məsələlər sırasında yer almış başlıca problemlərdən biri də səhralaşmadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) mütəxəssisləri bu fikirdədirlər ki, quru iqlim şəraitində yerləşən Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır.

Nazirliyin məlumatına əsasən, hazırda ölkəmizdə eroziyaya 3,7 milyon, şoranlaşmaya isə 1,2 milyon hektara qədər torpaq məruz qalıb. Təxminən 300 kv.km ərazi sel sularının təsirindən, 30 min hektar torpaq sahəsi isə  faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşüb.

Səbəblər isə çoxdur. Torpaqların ekstensiv istifadəsi, heyvandarlığın kifayət qədər yem bazası  ilə təmin olunmaması, mal-qaranın sürətlə artması  səbəbindən mövcud otlaqların, meşə ərazilərinin həddən artıq otarılması səhralaşmaya səbəb olur. Bundan başqa, suvarma rejiminə düzgün riayət edilməməsi, hidrotexniki qurğuların sıradan çıxması, kimyəvi çirklənmə, şoranlaşma, eroziya proseslərinin sürətlənməsi və sel sularının təsirinin artması da səhralaşmanı yaradan əsas amillərdəndir.

Nazirlik mütəxəssislərinin rəyi belədir ki, torpaqların yararsızlaşmasının əsas amillərindən biri də onların kimyəvi çirklənməyə məruz qalmasıdır. Bundan başqa, 264 min hektar meşə sahəsi erməni işğalı  altındadır və həmin ərazilərin meşə fondu ermənilər tərəfindən intensiv olaraq məhv edilir. Bu da Azərbaycan ərazisində meşələrin azalmasına, səhralaşma prosesinin sürətlənməsinə səbəb olur.

Səhralaşma probleminin qlobal xarakter alacağını çoxdan başa düşən ekoloqlar bəşəriyyətin gələcək bəlalardan xilas edilməsi üçün təcili tədbirlərin həyata keçirilməsi tələbilə çıxış etmək məcburiyyətində qalıblar. Buna görə, Azərbaycan ölkənin ekoloji durumunun yaxşılaşdırılmasını, təbii ehtiyatlardan səmərəli və ziyansız istifadə olunmasını, o cümlədən milli maraqları nəzərə alaraq "Səhralaşmaya qarşı mübarizə" beynəlxalq konvensiyasına qoşulub.

Problemlə mübarizə işlərinə  gəlincə, ölkəmizdə səhralaşmanın qarşısının alınması  məqsədilə müvafiq dövlət proqramları işlənib hazırlanıb. "Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı", "Meşələrin artırılması və bərpa olunmasına dair" və "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair" milli proqramları təsdiq olunub. Bu proqramlara əsasən, ümumilikdə, hər il ölkə ərazisində 10 min hektardan artıq meşə-bərpa işləri aparılır.

Yay və qış otlaqlarının mövcud vəziyyətinin araşdırılması, şiddətli eroziyaya və  şoranlaşmaya məruz qalmış ərazilərin dəqiqləşdirilməsi və xəritələşdirilməsi, eləcə də torpaq kadastrı və qeydiyyat sisteminin yaradılması üzrə işlər də davam etdirilir. ölkəmizin təbii örtüyünün olduğu kimi toxunulmaz vəziyyətdə saxlanması və səhralaşmaya qarşı mübarizənin gücləndirilməsi üçün antropogen təsirlərin azaldılması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsinə də xüsusi diqqət yetirilir. Belə ki, ölkə başçısının müvafiq fərmanları ilə 2003-2009-cu illərdə ölkədə xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi qısa müddət ərzində 4,5 faizdən, yəni 478 min hektardan 778 min 464,7 hektara çatdırılıb. Bu da ölkə ərazisinin təqribən 9 faizini təşkil edir.

BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin və Qlobal Ekoloji Fondun texniki yardımı  əsasında 2006-cı ildən başlayaraq "Torpaqdan birgə və davamlı istifadə üçün potensialın yaradılması" layihəsi də həyata keçirilir. Bu isə öz növbəsində, Azərbaycanda səhralaşma problemlərinin həlli üzrə işlərin canlanmasına təkan verib. Layihə çərçivəsində Kürdəmir və Göygöl rayonlarında qış və yay otlaqlarının vəziyyəti öyrənilib və konkret olaraq Göygöl rayonunda 200 hektar qış otlağı bərpa olunub.

ETSN mütəxəssisləri torpaqların səhralaşmasının qarşısını almaq məqsədilə dövlət proqramlarına və xarici donorlarla əməkdaşlıq çərçivəsində tədbirlər həyata keçirdiklərini söyləyirlər. Amma nədənsə, ilbəil yararsız hala düşmüş torpaqların hektarı dəyişilməz olaraq qalır. Deyəsən, mütəxəssislər səbəbi deyil, nəticəni aradan qaldırmaqla məşğuldurlar. Yəni heyvandarlığın yem bazası olmadığından mal-qaranın meşə ərazilərində otarılması davam edir. Sirr deyil ki, suvarma sisteminin dəyişdirilməsi də milyonlar tələb edir. Beləliklə də, torpaqlarımız yararsızlaşır.

Təbii ki, bu işləri həyata keçirmək ETSN-nin üzərinə düşmür. Amma bir həqiqət də var ki, bu problemlər həllini tapmayınca yuxarıda sadalanan dövlət və milli proqramlara pul xərcləmək gərəksizdir.

Azərbaycanda ekologiya elminin banisi, dünya şöhrətli alim, akademik Həsən Əliyev “Həyəcan təbili” əsəri ilə respublikamızın bütün əhalisini sanki qəflət yuxusundan oyanmağa çağırdı, onları ekoloji durumun qorunub saxlanması üçün ayağa qaldırdı. Gəlin biz də heç bir gözəlliyi bizlərdən əsirgəməyən ana təbiətə, onun bütün sərvətlərinə qayğı, sevgi və məhəbbətlə yanaşaq, onları qoruyub saxlamağa çalışaq.


Ədəbiyyat siyahısı

1)M.İ.Cəfərov “Torpaqşunaslıq”-Bakı,2005

2)Q.Məmmədov “Torpaqşunaslıq və torpaqların coğrafiyası”-Bakı,2007

3) Агаев Б.М. – Физические свойства почв северной Мугани. Баку: Элм, 1956

4) Искендеров И.Ш. – Минералогический состав и физико-химические свойства почв Кура-Араксинской низменности. Баку: Элм, 1977

5) Засловски М.Н. – Эрозия почв СССР. – М.: Наука, 1979

6) Якубов Т.Ф. – Ветровая эрозия почв и борьба с нею. М.: Сельхозгиз, 1946

7) Ekologiya və Təbii Sərvətlər Nazirliyini elektron ünvanı






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə