Ərşad Namazalı horad I z səNİ unutmadim




Yüklə 192.94 Kb.
səhifə2/3
tarix22.02.2016
ölçüsü192.94 Kb.
1   2   3

2. Həmyerlimiz Vəli Mehdiyev yazdığı “Yaddaş” kitabında qeyd edir ki, - “Mənim yadımdadır 1960-ci ildə Horadiz kəndi­miz­də yeni orta məktəb tikintisində bünövrə qazıntısı zamanı, xeyli tarixdən xəbər verən əşyalar tapılmışdı. Bir neçə xırdalı-böyüklü küplər, qab-qacaq əşyaları aşkarlanmışdı. Məndə o qazıntıdan tapılmış 8-10 sm ölçüdə metaldan hazırlanmış maral barelyefi var. Horadiz kənd ərazisində tapılan küp qəbirlər və dulusçuluq sənət əsərlərin bir neçə minilliyə getdiyi sübutu deyilmi?”.

Bütün bu tapılmış əşyaları mütəxəssislər araşdırsaydılar kəndi­mizin tarixini daha qədimə aparıb çıxarardılar.

Bax belə olub həmişə, biz öz tariximizə laqeydik, ancaq bizim düşmənlərimiz gətirilib bizim torpaqlara köçürülərək yaşayıblar, qapılarımızda muzdlu işləyərək çörək haqqı qazanırdılar, bəziləri isə bənna kimi çalışırdılar. Sonra da istədiyi yerdə bir daş və ya qeyri əşyalar basdırırdılar. Bir neçə ildən sonra çıxarıb deyirlər ki, bu torpaqlarda ermənilər yaşayıbdır.

1978-ci ildə Dağlıq Qarabağda “ermənilərin Qarabağa köçürül­məsinin 150 illiyi”(1828) şərəfinə abidə kompleksi ucaltdılar, eləcə də bizim halal torpaqlarımıza sahib oldular, bizlər isə qonaqpərvərliyimizi yüksək tutub onları qəbul etdik. Özlərini bu yerlərin qədim əhalisi kimi təqdim edən ermənilər , 1989-cu ildə bu abidəni sübut olmasın deyə özləridə dağıtdılar.

Başımıza gətirilən müsibətlər bizləri ayıltmır ki, ayıltmır! Yaxşı yadımdadır 1950-54–cü illər bizim kənddə mənfur erməni millətin­dən olan Rizbar adlı (yeganə nümunə) dəmirçi işləyirdi. Kənddə onlarla ali təhsilli, bacarıqlı, işgüzar, qabaqcıl kolxozçular ola-ola, Rizbara Horadiz kəndində ilk partiya təşkilatının katibi vəzifəsini həvalə etmişdilər. Bəli, bizlərə - dostluq, qardaşlıq, yoldaşlıq, meh­ri­bançılıq, sülhsevərlik, həmrəylik idealogiyası siyasətini yeridir­di­lər və biz məktəblilərə təkrar-təkrar oxutdurardılar. Ancaq erməni nankorları, ­“daşnakçılar”-ı bizim torpaqların hesabına, öz torpaq­larını genişləndirib “Böyük Ermənistan” yaratmaq xülyasında idilər.

Nümunə: - Mən 1960-63-cü illər əsgəri borcumu vermək üçün hərbi xidmətimin bir hissəsini Yerəvanda xidmət etmişəm. Orda biz dükana girib lazımi ərzaq almaq istədikdə, erməni qızları ermənicə danışmasaq heç bir əşya verməzdilər. Halbuki, o dövrlərdə Bakı şəhərində rusca danışmayana savadsız və ya təhqiramiz söz deyərək bizi alçaldırdılar. 1961-ci ildə Yerevanda hərbi əsgəri sürücüləri avtomobillə məhsul yığımına kəndlərə köməyə göndərirdilər. Mən isə Oktamberyan rayonu Verin-Talin kəndinə təhkim olunmuşdum. Kolxoz sahələrindən günəbaxan, kələm, kartof, və ərik daşımaqda onlara kömək edirdim. Bir axşam kolxoz sədri məni də kənd klubuna dəvət etdi. O vaxt həmkəndliləri Moskvanin Lomonosov adına Univer­sitetin professoru Q. Dallakyan qonaq gəlib ki, öz kəndliləri ilə görüş keçir­sin. O görüşdə Dallakyan deyirdi: “Ey mənim millətim, xal­qım, biz ulularımızın tutduğu yolla getməliyik ki, torpaqlarımızı genişlən­dirməkdə davam edək. Mən doğma kəndimə gəlmişəm ki, xalqımın qarşısında öz borcumu verim. Belə ki, mən bu il onillik məktəbi qurtaranlardan 5 oğlan və 5 qızları seçib aparacağam. Moskvada onları öz hesabıma oxutduracağam. Ali təhsili başa vurandan sonra işlə təmin etdirəcəyəm. Qoy onlar böyük vəzifə sahiblərinin qeyri millətdən olan oğlanları və qızları ilə evlənsinlər, çoxalsınlar, artsınlar, vəzifə sahibi olsunlar, özlərinə dost-tanış, tərəfdar yığsınlar ki, hər yerdə sözümüz keçsin. Əzizlə­rim onu da sizə xatırladıram ki, biz türk düşmənlərimizə qarşı çox amansız və barışmaz olmalıyıq. Bizlər həmişə öz uşaqlarımıza dönə-dönə türklərin bizə qatı düşmən olduqlarını xatırlatmalıyıq”.

Doğrusu, mən çox məyus oldum və iclası tərk etdim. Hamı mənə baxırdı, demə onlar mənim türk olduğumu bilirmiş və qapı ağzında bir qoca erməni qadını məni saxlayaraq soruşdu: – turkes?” Mən cavab vermədikdə, o iki barmağını gözümə soxmaq istədi, mən geri çəkildim. Qadın isə dedi: “Sənin qanını içsəm, gözüm doymaz və ürəyim soyumaz”. Kənara çəkilib ordan birbaş hərbi hissəyə gəlib öz etirazımı bildirdim və bir daha belə millətpərəst kəndə getməyəcəyimi qəti bildirdim.

Əziz oxucu! Siz indi deyin bizim kəndimizdən olan hansı professorlar və ya hansı imkanlı şəxslər nə vaxt bizim doğma kəndimizə gəlib kənd camaatı ilə belə görüş keçirib? Yaxud da hansı imkansıza kömək edib, onu aparıb oxutdurub və himayədarlıq edib?

Mən Horadizliyəm deməklə hər kəs bu adı qazana bilməz. Horadizli adını o adam qazana bilər ki, kəndi üçün, kənd sakinləri üçün məscid, məktəb, yol, körpü tikdirsin, birinə yardım edib oxutdursun, birinin əlini çörəyə çatdırsın, birinin həyat tərzini yaxşılaşdırsın, bax onda savab qazanmış olar və Horadizliyəm adını daşımağa əsl layiqli bir insan olar.

Horadiz kəndinaə neçə-neçə əsrlər bundan qabaq insanlar buranı özlərinə yurd yeri seçərək yaşamış və çoxalmışlar. Bu yerlərdə münbit torpaq və bol sular olduğuna görə ulu babalarımız burada məskən salaraq əkib becərib təsərrüfatla və heyvandarlıqla məşğul olmuşlar. İşğala qədər kəndimizdə 10 bulaq, 9 kəhriz və 4 su artezian quyuları kənd camaatını su ilə təmin edirdi.

Ağsaqqallarımızın dediklərinə görə İmam Pirindəki təbii fəla­kət­dən sonra, ordakı tayfaların bəziləri başqa yerə köç etsə də, ancaq Horadiz kəndinin indiki ərazisində ilk məskən salanlar Yadigarlılar, Namazalılar, Toppuzlular və Təhmirazlılar tayfaları olmuşlar.

Araz çayının sol sahilində, Qozlu çayı boyunca düzənlikdə əkin torpaqlarımız olsada, Horadiz kəndinin nisbətən ondan hündürlükdə təpəliklər arasında yerləşir. Ərgünəş dağından mənbəyini götürən Qozlu çay kəndimizi iki hissəyə bölərək axıb Araz çayına tökülür.

Hər dəfə yaz və payız aylarında leysan yağışlar yağanda sel gələrək, çay qırağı evlərə və həyətyanı bağlara ziyanlıqlar vururdu. Qozlu çay ona görə deyirlər ki, çayın ətrafında çoxlu qoz ağacları var idi. Ona görə sel gələndə özü ilə qoz da gətirərdi.

İkinci çay kəndimizdə nisbətən kiçik olan Dəli çaydır. Bu çay adından da bəllidir və çox şıltaqlıqlar edərək oktyabrın 27-i 1957-ci ildə 11 sakinin faciəli ölümünə səbəb olub və kənd camaatına böyük ziyanlıqlar vurub. (Bu haqda geniş məlumat “Dəli çay” toponimində veriləcək).

Hər kəs üçün doğulub boya-başa çatdığı doğma kəndinin gözəllikləri əvəzolunmaz bir məkandır ki, heç vaxt yaddan çıxmır və unudulmur. Ələlxüsus indiki dövrdə, məcburi köçkünlük həyatı sürdüyümüz bir zamanda, onun gözəlliyi və onda keçirdiyimiz əziz, xoş, ən şirin xatirəli günlərimiz bizlər üçün nə qədər xoşdursa da, indi ondan uzaqlarda olduğumuza görə, qəribçilik çəkə-çəkə nə qədər acı, çətin, ağır və dözülməzdir..

Horadiz kəndi şimaldan Füzuli şəhərindən 18 km, şimali-qərbdən Musabəyli kəndindən 3 km, qərbdən Cəbrayıl rayonun Nüzgar kəndindən 3 km, cənub qərbdən həmin rayonun Cocuq Mərcanlı kəndindən 10 km, cənub-şərqdən Horadiz şəhərindən 12 km və şimalı-şərqdən Əbdürrəhmanlı kəndindən 5 km məsafədə yerləşir.

Kəndimiz Qozlu çay ətrafında Kiçik Qafqaz dağlarının ətəklərindəki sıra təpələrin arasında yerləşir. Dəniz səviyyəsindən 250-300 metr yüksəklikdədir. Horadiz qəsəbəsindən – Füzuli şəhərinə gedən şosse yol kəndimizi tən ikiyə bölür.

Horadiz kəndi əhalisinə və torpaq sahəsinə görə Füzuli rayonunda ən iri kəndlərdən biridir. Horadiz kəndində 1000-ə qədər evləri və 4000 - dən çox əhalisi var. Kəndin ümumi sahəsi 5641 hektardır, O cümlədən: 1000 hektarı suvarılan, 300 hektarı şərti suvarılan, 1500 hektarı dəmyə taxıl və qlanları otlaq sahələridir.

Horadiz kəndimizdə 1000-dən çox şagirdi və 82-ə qədər müəllim kollektivi olan 1 orta və 1 natamam məktəb binası, 2 kitabxana, 25 çarpayılıq xəstəxanası və ambulatoriya binaları, doğum evi, 100 nəfərə xidmət edən uşaq bağçası, 2 apteki, 400 nəfərlik mədəniyyət sarayı, 200 nəfərlik yeri olan klubu, kino qurğusu olan binaları, XIX əsrdə şərq memarlıq üslubunda tikilmiş 2 məscid, 2 məişət evi, 2 dəyirmanı, hamamı, 1000 baş qaramal saxlamaq üçün mədəni tövlə, avtomaşınlar və traktorlar üçün qaraj, qoyunları saxlamaq üçün 2-ədəd güney və quzey yataqları, 2-ədəd toyuq ferması – Gölbağda və Burğada, 10-dan çox taxıl və qeyri ərzaqlar üçün, həm də maşın-traktor ehtiyyat hissələri üçün anbarları vardı.

Kəndimizdən 2 km aşağıda Qozlu çayın sağ sahilində olan hündür təpənin üstündə kəndimizin və ətraf rayonların əhalisinin ziyarətgahı sayılan “İMAM PİRİ”-nin binası yerləşir.

Böyük Vətən Müharibəsində 1941-45-ci illər həlak olanların şərəfinə Horadiz kənd Mədəniyyət sarayının qarşısında ucaldılmış abidə kompleksi 1975-ci ildə Böyük Qələbənin 30 illiyi müna­si­bə­tilə açılmışdır.

Qarabağ Müharibəsi dövründə 1991-ci ildə Dövlət nümayən- dələrindən ibarət olan Mİ-8 vertolyotu erməni qəsbkarları tərəfindən xaincəsinə vurulmuş və 32 nəfər şəhid olanların arasında bizim həm­yerlimiz – Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini Qurban Hüseyn oğlu Namazalıyevin xatirəsini əbədiləş­dirmək üçün onun şərəfinə 1992-ci ildə Mədəniyyət sarayının və 1993- cü ildə Horadiz kənd orta məktəbin qarşısında ucaldılmış büstü qoyulmuşdur. Bundan əlavə Horadiz kolxozuna və Horadiz orta məktəbinə Qurban Namazalıyevin adı verilmişdir.

Horadiz kəndində park, stadion meydançası, 6 mağaza, 4 çayxana-bu­fet­lər­də 2 restoran, 2 kababxanası kənd adamlarının xidmətində ol­muşdur.

Yaşayış məntəqəsinin ərazisinində aşağıdakı bulaq və kəhrizlər kənd əhalisinin həyətyanı bağlarını və kolxoz bağını su ilə təmin edir­di: - Gölbağ bulağı, Burğa bulağı, İmam bulağı, Qurdlu bulağı, Teşnək bulağı, Babınovu bulağı, Sızqa bulağı, Mərcan bulağı, İbə bulağı, Kazımlılar bulağı və Namazalı kəhrizi, Xan kəhrizi, Güney kəhrizi, Təpə kəhrizi, Dördçinar kəhrizi, Muxtar kəhrizi, Yenicə (Yııca) kəhrizi, Qozdibi kəhrizi və Rzalılar kəhrizlərinin sularından istifadə olunurdu.

Horadiz kəndi ərazisində: - Abdulkərim dərəsi, “Ağıl” dərəsi, Alı öküz dərəsi, Aslan dərəsi, Bəyalı dərəsi, Burğa dərəsi, Calal dərəsi, Çinar dərəsi, Fərəcanlı dərəsi, Gölbağ dərəsi, Hacı Novruz dərəsi, Hacı Rüstəm dərəsi, Hüngütlü dərəsi, Xırman dərəsi, İlxı dərəsi, İmam dərəsi, Kardaş, Kərbala Babaş dərəsi, Qarağan təpə, Qaratikanlı dərə, Qonaqgörməz, Dərə ağzı, Qönçə dərəsi, Quş­otu­ran, Quşgirməz, Laləli dərə, Lələ düzü, Ocaq tirəsi, Orta körpü, Rus qəbri, Savzatı (Şiş) dağı, Seyrək dərə, Süleyman calaxlığı, Şahve­rən­lər dərəsi, Şorca dərəsi, Taxta körpü, Teşnək dərəsi, Tutu kələyi yeri, Yel ocağı, Yelli gədik, Yovsunlu dərə, Zaqun dərəsi, Tək ağac, Əsəd ocağı, Uzun dərə, Mədinə yalı, Tək gər, Araz arxı, Dik arx, Hasan gölü, Hasanlı arxı, Güney yataq yeri, Quzey yataq yeri, Gərvişli bağ, Çəltik təhnəsi, Dəyirman boynu, Dördçinar bağı, Dörd­çinar güneyi, Əcəb nənə bağ yeri, Ərikli bağ, Əziz kişinin bərəsi, İmam bağı, İmam yalı, Kolxoz bağı, Molla yeri, Bazar yeri, Kənd üzüm sahələri və sairə kimi yer adları qeydə alınmışdır.

Horadiz kəndində aşağıdakı tayfalar yaşayırdılar: Yadigarlılar, Hacı Rüstəmlilər, Hacı Novruzlular, Namazalalılar, Toppuzlular, Ağalılar, Abışdılar, İbişlilər, Fərzalı uşağı, Dəlləklilər, Şahve-rənlilər, Əmirqulular, İmanlılar, Rzalılar, Kazımlılar, Nəcəflilər, Mehdi uşağı, Kərbəlayilər, Kərbəla İsmayıllılar, Allaclılar, Mirzə Muradlılar, Məşədi Hümbətlilər, Hacı Ağa uşağı, Təhmirazlılar, Məşədi Hüseynlilər, Qurbanlılar və sairələr.

Kəndimizdə olan məhəllələri – Rzalılar, Namazalılar, Abbas­bəylilər, Ağalılar, Kərbəla İsmayıllılar, Fərzalı uşağı, Zaqun dərə, Şahverənlilər, Hacı Novruzlular, Necəflilər, Hacı Rüstəmlilər, Saq­qızlı, Güney kəhriz, Aralıq yol, Əmirqulular, Qarağan təpə, Təpə kəhriz, Kazımlılar, Orta kənd, Güney, kənd Dullar məhəlləsi, Qurd­lu bulaq, Molla yeri, Məktəb ətrafı, Təzə məhəllə, Orta kənd, Orta Güney məhəllələri, Dördçinar kəndi və Hüngütlü kəndi vardır.

Horadiz kəndindən müxtəlif vaxtlarda xalqımızın ictimai və siyasi fəaliyyətlərində çalışan görkəmli şəxslər olmuşdur.

Ümumiyyətlə Azərbaycan Ensiklopediyasında tariximizə, mə­də­niyyətimizə, elmimizə, kənd təsərrüfatımıza həsr olunmuş funda­mental monoqrafiyalarda, ayrı-ayrı tədqiqatçıların araşdırmalarında Horadizdən dönə-dönə bəhs olunmuşdur, onun və onun yetişdirdiyi dəyərli insanlar haqqında müəyyən yadda qalan xoş və ləyaqətli fikirlər söyləmişlər.

Kəndimizin yetişdirdiyi Sosialist Əməyi Qəhrəmanları:- Hama­yıl Əhmədova, Mösü Məhərrəmov olmuşdur. Azərbaycan SSR Ali Sovetinin deputatları: Cəlil Fərəcov, Suruş Fərhadova, Məhəmməd Xələfov, Zeynəb Əliyeva və Qurban Namazalıyev bu kəndin seçil­miş qabaqcıl və tanınmış nümayəndələridir.

Tarixən Horadiz kəndi mühitində böyümüş və tərbiyə almış, təhsil alaraq tanınmış ziyalılar, ictimai-siyasi və hərbi xidmətlərdə, müxtəlif ölkələrdə təhsilə, elmə yiyələnmiş və Azərbaycanın icti­mai-siyasi, mədəni həyatında, dövlətçiliyimizin inkişafında mü­hüm rol oynamışlar.

Bizim fəxrimiz olan: Hüseyn Namazalıyev –Avroasiya Beynəl­xalq Akademiyanın Fəxri üzvü və Əli Nuruyev – Azərbaycan Milli Akademiyasının müxbir üzvü; professorlardan:- Zakir Bağirov, Abbas Abbasov, Allahverən Cəbrayılov, Əli Cəfərov, Arif Cəfərov, Mahmud Eyvazov, Cəbrayıl Xələfov; alimlərimiz – Tariyel Ağayev, Bəhlul Cəfərov, Azər Cəfərov, Elman Cəfərov, Haqverdi Cəfərov, Füruzə Cəfərova, Sədaqət Cəfərova, Mürşüd Əmirov, Sabir Əmirov, Hüseyn Hüseynov, Əşrəf Xələfov, Fehruz Xələfov, Kərim Xələfov, Vahid Xələfov, Qadir Quluyev, Gültəkin Quluyeva, İsmayıl Mehdiyev, Nəbi Mehdiyev, Gülsurə Mehdiyeva, Əkbər Namazalıyev, Teyyub Şükürov, Əsəd Yadigarov və Novruz Novruzov tanınmış ziyalılarımızdır.

Azərbaycan Xalq artisti, görkəmli muğam ustası və əvəzedil­məz xanəndə - Seyid Şuşinski, Əməkdar İncəsənət xadimi, bəstəkar – Əfsər Cavanşirov, Mədəniyyət Naziri – Zakir Bağırov, keçmiş Müdafiə Naziri – Tacəddin Mehdiyev, keçmiş Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini – Qurban Namazalıyev, Keçmiş Dövlət Təhlükəsizliyi Nazirliyin məsul əməkdaşı – Mayor Fərzalı Namazalıyev, tanınmış Müdafiə Nazirinin hərbi həkimi – polkovnik Calal Əmirov və İsmayıl Əmirov qardaşları, hərbi həkim – podpolkovnik Həsən Na­maz­alı­yev, hərbi həkim – polkovnik leytenant Məhəmməd Məhər­rəmov, tanınmış rəssam – Kərim Quluyev, Azərbaycan Əməkdar müəllimləri – Əliş Quluyev və Xanlar Hüseynov eləcə də neçə-neçə görkəmli şəxslərimizdir.

Hal-hazırda Horadizin işğalından(1993-cü il 3 sentyar) neçə illlər keçir, kim bilir bu faciədən hələ neçə illər keçəcək, biz dəqiq bilə bilmərik, onu Tanrı göstərər. Deməli, biz yaşlı sakinlər özü­müz­dən sonra bir iz qoymalıyıq ki, gələcək nəsillər kəndə qayı­dan­da, öz doğma torpaqlarımızın yer adlarını, onun harada yerləşdiyini bilsinlər. Əks təqdirdə obalarımız yaddan çıxıb unudulacaq.

Toponimlər xalqın keçmişini, dilini və təfəkkürünü özündə əks etdirdiyi üçün o, xalqın dilinin, tarixinin, coğrafiyasının öyrənilmə­sində bir əsas mənbə rolunu oynayır. Mənə belə gəlir ki, hər bir toponim dünən ilə bu günümüzü, keçmişimizlə gələcəyimizi birləşdirən bir körpüdür. Bu körpünü qorumaq isə hər birimizin müqəddəs və ən ümdə borcudur.

Bu yerdə cavan şair həmyerlimiz Nazim Abbas oğlu Abbaso­vun “Hey baxıram yollara” kitabından bir şeri yada salmaq yerinə düşərdi:

BİZ NECƏ DÖZÜRÜK BU ACI DƏRDƏ
Bir milyon qaçqınımız var, ey Vətən,

Bunu bizə irad tutur hər yetən.

Minlərlə əsir, şikəst, ölən, itən,

Qız-gəlini yağı saxlayır əldə,

Biz necə dözürük, bu acı dərdə?

***

Bu dərdi kimsəylə biz bölüşmürük,

Öləndə də o torpaqda ölmürük.

İl olur ki, dost- tanış görmürük,

Görəndə də, ya xeyirdə, ya şərdə,

Biz necə dözürük, bu acı dərdə?

***

Bir-birinə sillə dünən vuranlar,

Bu milləti acı dillə vuranlar.

Şuşa getsə, başa güllə vuranlar,

Çəkdilər bu işin üstündən pərdə,

Biz necə dözürük, bu acı dərdə?

***

Anlaya bilməsək bir-birimizi,

Kim başa düşəcək bu dərdimizi?

İtirdik ən əziz yurd yerimizi.

Bəs nə qazandıq, nə qaldı əldə?

Biz necə dözürük, bu acı dərdə?

***

Xocalı bir gündə boyandı qana,

Qəsd oldu yüzlərlə günahsız cana.

Sağalmaz yaradır Azərbaycana,

Zülm edilərmi xalqa bu qədər də?

Biz necə dözürük bu acı dərdə?

***

Bir qarış torpağı belə satmayaq,

Daha yas saxlayıb qəmə batmayaq.

Ayılaq hamımız, gəlin yatmayaq,

Atılaq döuüşə, ağa, nökər də,

Biz necə dözürük, bu acı dərdə?

***

KƏNDİMİZİN İQTİSADİYYATI

Çox qabaqlardan yazarların qeyd etdiyinə görə Horadiz kəndi varlı-dövlətli, torpaqlarımız isə, olduqca bərəkətli və məhsuldar olub. XIX əsrdə Horadiz kəndi Qarabağ xanlığının ən böyük kəndlərindən biri olmuşdur. Bu haqda Azərbaycanın Xalq yazıçısı Əli Vəliyev özünün “Budağın xatirələri” kitabında geniş yazmışdır. Kəndimiz Araz çayının yaxınlığında yerləşdiyindən Qarabağdan-İrana və İrandan-Qarabağa gedən tacirlər öz mallarını bizim kəndin bazarında satarmışlar. Burada hətta, qaçaqmalçılıqla gətirilən malları da müştərilərə verərdilər. Ətraf kəndlərin də adamları bura bazara gələr, öz məhsullarını sataraq əvəzində özləri üçün də alver edərdilər. Bu böyük bazar İran və Qarabağ sərhədində olduğundan burada ən rəvac mallar satılardı. Bazara gələn müştə­rilər Qarabağ xanlıq cinsindən olan atları, dəvə, öküz, inək, keçi, qoyun, ev quşları, Naxçıvan duzu, Qarabağ xalçaları, ərzaq malları, meyvə və meyvə quruları, kişmiş, iran xurması, darçın, zəfəran, zəncəfil, sarı kök, mixək, hil, parçalar, ayaqqabılar, çarıqlar, başmaqlar, çit, arşin malları, habelə digər mallar da satardılar.

Bizim kəndin adamları həmişə oturaq həyat sürərək maldarlıqla və qoyunçuluqla, həmçinin də taxılçılıq və tərəvəzçiliklə məşğul olmuşlar. XVIII-əsrdə isə pambıq əkib becərməyə başlamışlar. Bütün işləri əl ilə köhnə kustar üsulu ilə görərdilər. Bu isə olduqca çətin və ağır zəhmət tələb edirdi. Hər il aprel ayının ortalarında əkinçilər öküzlərlə xoruzun birinci banı sahələrə gələrək xışla (kotanla) yeri şumlayardılar, sonra əl ilə hər 30 sm-dən iki-iki, üç-üç pambıq çiyidi düz bir cərgə ilə basdırardılar torpağa və işi qurtaran kimi su verərdilər. Pambıq sahəsini vaxtlı-vaxtında alaqdan təmizlər, kərki ilə pambıq bitgisinin dibini boşaldardılar. Pambıq qozaları açıldıqdan dərhal məhsulu toplayardılar. Yığımı isə çox ağır zəhmət tələb edirdi, çünki qızmar günəş altında əyilərək bütün gün ərzində əl ilə pambıq yığmaq nə qədər çətindir, bunu yalnız orda işləyənlər düzgün qiymətləndirərdi.

XIX əsrin ortalarında baramaçılıqla məşğul olmağa başlamışlar.

Bu məqsədlə də kəndimizdən aşağı su tutan yerlərdə calaq tut ağacları əkmişlər. Baramaçılıq da kənd zəhmətkeşlərin arasında mühüm yer tuturdu. Baramaçıların əməyi çox əziyyətli, çətin, ən məsuliyyətli bir peşə olurdu. Təqribən hər il may ayının əvvəlləri barama qurdu əhaliyə paylanardı və 45 gün ərzəndə tut yarpağı ilə bəslənilərdi, barama qurdları yetişdirdikdən sonra tənəkələrin (qarğudan toxunma ilə əldə olunurdu) üstünə çox budaqlı xırda şaxlar və türpəng bitgisi düzərdilər ki, barama qurdları o şaxların və budaqların üzərinə çıxaraq barama sarıyardılar.

Tənəkəçilər baramaları üç növə seçərək onları səbətlərə yığar, dövlətə təhvil verib xeyli miqdarda mənfəət qazanırdılar.

Bundan əlavə kənd əhalisi qoyunçuluqla da yaxından məşğul olmuşlar. Qoyunçuluq olduqca sərfəlidir, belə ki, ərzaq kimi insanların təlabatını ödəyir, həm də, yunu qırxilaraq ondan geyim paltarları hazırlamaqla bərabər, iplik əyirərək xalça, palaz, çuval, kilim, xurcun və heybə toxuyaraq istifadə edirdilər.

Mənim yaxşı yadımdadır 1940-50-ci illər demək olar ki, əksər evlərdə xalça toxumaq üçün hana qurulardı. Əvvəlcə iplik yun sapları cürbə-cür ağac qabığı, otlardan xüsusi qazanlarda qaynadıb rəng alıb boyayardılar. Hazır olandan sonra hana qurğusunu quraşdırıb başlayardılar xalça toxumağa. Hana dəzğahının arxasında 4 qadın əllərində xalça toxumaq üçün xüsusı daraq, kırki, həvə dəstə, qayçı və lazımi rəngdə yun ipləri alıb işə başlardılar. O, qadınlar xalça toxunan zamanı özləri əzbərdən və yaxud da başqa toxunmuş xalçalara baxa-baxa öz lazımi ilmələri düyərək qayçı ilə kəsərdilər. Hana arxasında qadınların oxumasını da görmüşəm.

Xalçaçılıq sənəti bizim kənddə lap qədimdən inkişaf etdiril­mişdir. Buna sübut üçün XVIII əsrdə Horadiz kəndində toxunmuş “Buynuz” adı altinda olan iki xalça hazırda Gəncə şəhərinin, Şah Abbas məscidində saxlanılır. (Bu haqda “Buynuz” xalçası haqda ətraflı məlumala tanış ola biləcəksiniz).

1892-ci ildə Qafqaz canişinliyi əhalinin dəqiq siyahısini aparmış,

Horadiz kənd dairəsində 100% azərbaycanlılar yaşayırdılar.

Horadiz kəndi: – 464 kişi + 384 qadın = 848 nəfər,



Böyük Bəhmənli kəndi – 728 nəfər, Zərgər kəndi – 608 nəfər, Kərimbəyli kəndi – 666 nəfər, Əbdürrəhmanlı kəndi – 578 nəfər, Qarakollu kəndi – 529 nəfər, Qaraxanbəyli kəndi – 476 nəfər, Qacar kəndi – 407 nəfər, Qarğabazar kəndi – 361 nəfər və sairə. Buda onu göstərir ki, o dövrdə Horadiz kəndi əhalisinə görə ən böyük yaşayış məskəni olmuşdur.

K Ə N D İ M İ Z İ N Ə S A S G Ö S T Ə R İ C İ L Ə R İ:

- Bakı şəhərindən – Horadiz kəndinə qədər- - - - 320 km-dir;

-Füzuli şəhərindən –Horadiz kəndinə qədər- - - - 18 km-dir;

-Horadiz qəsəbəsindən - Horadiz kəndinə qədər - 12 km-dir;

- milliyəti -99,9%:- - - - - - - - - - - - - - - - - - - azərbaycanlılar;

- əhalisinin sayı:- - - - - - - - - - - - - - - - - - - - - 4000 nəfərdir;

- əhalisi:- hər kv.km-ə:- - - - - - - - - - - - - - - -7,9 nəfər düşür;

- əhalinin məşğuliyyət:- - - üzümçülük, taxılçılıq, baramaçılıq,

tərəvəzçilik, bostançılıq,qoyunçuluq, heyvandarlıq, quşçuluq;

- axar çayları: - - - - - - - - - - - - - - - - - Qozlu çay və Dəli çay;

- hava iqlimi: - - - - - - - - - - - - - - - - - - - - - - mülayim – isti;

- orta temperatur:- - - qışda -5 dərəcə, yayda +30 dərəcədir;

- illik yağıntı:- - - - - - - - - - - - - - - - - - - - - - - 300 – 500 mm;

- torpağın tərkibi - - - - - - - - - - - - - dağ şabalıdı və qəhvəyi;

- dəniz səviyyəsindən hündürlüyü:- - - - - - - - 250 – 300 metr;

- ümumi torpaq sahəsi:- - - - - - - - - - - - - - - - - - 5641 hektar;

- kənd təsərrüfatına yararlı sahələr:- - - - - - - - - 4300 hektar;

- suvarılan torpaqlar:- - - - - - - - - - - - - - - - - - - 1300 hektar;

- dəmyə torpaq sahələri:- - - - - - - - - - - - - - - - - 1500 hektar;

- Horadiz kənd üzüm sahələri:- - - - - - - - - - - - - - 650 hektar;

- Dördçinar kənd üzüm sahələri: - - - - - - - - - - - - - 65 hektar;

- şərti suvarılan sahələr:- - - - - - - - - - - - - - - - - - -300 hektar;

- Horadiz kəndində ümumi bağlar: - - - - - - - - - - -200 hektar;

- Dördçinar kəndində ümumi bağlar: - - - - - - - - - 100 hektar;

- meyvə növləri: - - - alma, armud, xirnik, xurma, karalyok sortu, qara və ağ tut, xar tut, əncir, əriklər, ağ və qara gavalı, yapon gavalısı, albuxarı, gilas, alça, gilənar, nar, qaragilə, zoğal, iydə, qoz, badam, fındıq, əzgil, şaftalı, yemşan, dağdağan;

-üzüm növləri: - - - ağ ət və qara ət üzümü, kavra, ağ saçalax, qara saçalax, kalbalı, keçi məməsi, qızıl baldır, xort-xortu, bozax,

qara şirə, sahabı, cücə gözü, çilə üzümü, alagöz, qənd mərəndi,

qodux boğan, ağa dayı, ırşı baba, kişmiş, qızıl üzüm və sairə;

- ev heyvanları: - - - inək, qoyun, keçi, at, eşşək, it, pişik;

- ev quşlar: - - - hinduşka, hind toyuğu, qaz, ördək, toyuq;

- vəhşi heyvanlar: - - - canavar, çaqqal, tülkü, dovşan, goreşən, oxlu kirpi, kirpi, tısbağa, sıçovul, siçan, çölsişanı, sünbül-qıran;

-vəhşi quşlar: - - - quzğun, çalağan, turac, qırqovul, kəklik, leylək, bayquş, şanapippik, ağacdələn, ala qarğa, qara qarğa, dıradra, göyərçin, məkik, sərçə, qara toyuq, sığırçın, torağay, qaranquş, bildirçin, su cüllütü, yarasa, saxsağan, və sairə;

-sürünənlər: - - - ilanlar, koramal, kərtənkələ.
DƏMYƏ TORPAQ ƏKİN SAHƏLƏRİ:

1. Teşnək: - Alı öküz dərəsi - - - - - - - - - - - - - 80 hektar;

2. Teşnək: - Tutu kələyi yeri - - - - - - - - - - - - -40 hektar;

3. Teşnək: - Bəyalı dərəsi - - - - - - - - - - - - - 170 hektar;

4. İlxı dərəsi - - - - - - - - - - - - - - - - - - - - - - - -45 hektar;

5. Gölbağ dərəsi - - - - - - - - - - - - - - - - - - - - 120 hektar;

6. Ağıl dərəsi - - - - - - - - - - - - - - - - - - - - - - - 90 hektar;

7. İmam dərəsi - - - - - - - - - - - - - - - - - - - - - - 80 hektar;

8. Hüngütlü dərəsi - - - - - - - - - - - - - - - - - - -150 hektar;

9. Şorca dərəsi - - - - - - - - - - - - - - - - - - - - - 300 hektar;

10. Burğa dərəsi - - - - - - - - - - - - - - - - - - - - - 150 hektar.

Cəmi: - - - - - - 1225 hektar.

Qalan torpaqlar isə otlaqlardır.
Bəli, hər vaxt və hər zaman bizim kənd torpaqları barlı-bərə­kət­li olub, olur və olacaqdır. Kəndimizin adamları həmişə əməksevər və zəhmətkeş olmuşlar. Ona görə də ətraf kəndlərə nisbətən adamla-rımızın dolanışığı yaxşı olmuşdur.

Arxiv materiallarından məlum olur ki, 1946-50-ci illərdə Kar­ya­gin rayonu (1959-cu ildən Füzuli rayonu) taxıl istehsalına görə respublikada ən qabaqcıl rayonlarından biri olub. Burada istehsal olunan taxıl respublikada istehsal olunan ümumi taxıl məhsulunun yarısını təşkil edirdi. Bundan əlavə Füzuli rayonu nəinki qonşu rayonları, hətta Naxçıvan Muxtar Vilayəti və Lənkəran əhalisini də taxılla təmin edirdi. O vaxtı Ordubadlılar ən çox ərik və meyvə qurusu gətirib bizim camaatla taxıla dəyişdirirdilər. Naxçıvan şəhərindən də qızıl-gümüş, qadın kəmərləri, qızıl qadın papağını gətirib taxılla dəyişirdilər.

Füzuli rayonunda 1947-50-ci illərdə bütün əmək sahələrində çalışan zəhmətkeşlər kənd təsərrüfatının müxtəlif sahələrində rekord nailiyyətlər qazandıqlarına görə rayonun 26 nəfər qabaqcıllarına SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Sosialist Əməyi Qəhrəmanı” kimi yüksək fəxri ada layiq görülmüşlər (o cümlədən kəndimizdən 2 nəfər).

Azərbaycanda bu qədər yüksək ada layiq görülmüş ən çox əmək qəhrəmanı olan rayonlardan biridir.

Bu illərdə həmçinin 461 nəfər Füzuli rayon zəhmətkeşinə “Le­nin ordeni”, 607 nəfərə isə “Qırmızı Əmək Bayrağı” ordeni veril­mişdir.

Bütün bu nailiyyətlərin qazanılmasında Horadiz kəndimizin zəhmətkeşlərinin də böyük əməyi olmuşdur. O cümlədən:



1.Hamayıl Əhmədova: - manqa başçısı işləmiş, kolxozda yük­sək nəticələr əldə etmişdir. O, 1949-cu ildə öhdəsində olan 8 hektar sahəsinin hər hektarından 84,4 sentner pambıq məhsulu əldə etdi­yi­nə görə “Sosialist Əməyi Qəhrəmanı” adı verilmiş və “Lenin or­de­ni”nə layiq görülmüşdür.

2. Mösü Məhərrəmov: - 1949-cu ildə “28 Aprel” kolxozunda işlərkən, traktor briqadasının başçısı kimi bütün işlərini mütəşəkkil təşkil edib, aqrotexniki qaydalara əməl edərək, öhdəsində olan 335 hektar sahənin hər hektarında 43,5 sentner pambıq götürdüyünə görə ona “Sosialist Əməyi Qəhrəmanı” yüksək adı verməklə, “Lenin ordeni” Ilə təltif edilmişdir.

3. Zemfira Məmmədova: - 1950-ci ildə kolxozda manqa başçısı işlədiyi zaman 8 hektar pambıq əkin sahəsinin hər hektarından 68 sentner məhsul əldə etdiyinə görə “Lenin ordeni”nə layiq görül­müşdür.

4. Şəmil Mehdiyev: - 1950-ci ildə 8 hektar pambıq sahəsindən 66 sentner pambıq əldə edərək, yüksək nəticələr əldə etdiyinə görə SSRİ Ali Sovetinin fərmanı ilə “Qırmızı Əmək bayrağı” ordeni ilə təltif edilmiş və “K-55” markalı mototskl mükafat verilmişdir.

Bundan başqa kolxozun bir neçə qabaqcıl üzvünə “Qırmızı Bayraq” ordeni və “Əməkdə fərqlənməyə görə” medallarına layiq görülmüşlər.

Horadiz kəndinin əməkçiləri ta qədimdən qoyunçuluqla və maldarçılıqla məşğul olmuşlar. Bu sahədə də çobanlar yaxşı nəticələr əldə edərək yüksək nailiyyətlər qazanaraq həmişə qarşıya qoyulan dövlət tapşırıqlarını vaxtında ödəmişlər.

Bizim kənddə pambıqçılıq uzun illər gəlirli sahə kimi çoxlu əmək, əziyyətli zəhmət tələb edirdi. Pambığı əkmək, onun dibini boşaldaraq becərmək, alağın artlamaq, sonra zərərverici (sofqa) qurdunu təmizləmək üçün xeyli kənd camaatını, hətta 5-ci sinifdən yuxarı şagirdləri bu işə cəlb edilirdi. Eyni zamanda zərərvericiləri məhv etmək üçün təyyarə ilə xüsusi dərmalar da səpilərdi, bu isə bəzən əməkçiləri və məktəbliləri zəhərləyirdi.

Pambıq yetişdikdən sonra onu ağır zəhmətlə əl ilə yığmaq, ətəyinə fartuq bağlayaraq bütün günü qızmar günəş altında başı aşağı, qozadan ayırıb yığmaq böyük bir müsibət idi. Pambıq yığımının qızmar yerində 3 ay məktəbləri bağlayaraq şagirdləri də yığıma cəlb edilirdi. Pambıq yığımı mövsümündə ortalıqda boş-bekar gəzən tapmazdın. Hələ bu az imiş kimi öz doğma kəndinə ezamiyyətə gələnləri də yığıma məcbur edərdilər. Kənddə bütün idarə, iaşə xidməti, xəstəxana işçilərini də bu işə cəlb edirdilər.

Təyyarə ilə müxtəlif kimyəvi maddələr səpərdilər ki, pambığın yarpaqları tökülsün və pambıq yığan maşınlarla işləmək asan olsun. Təyyarə dərmanı səpən günün sabahısı bütün yarpaqlar tökülürdü və pambıq sahələri ağ-appaq görünürdü. O günü bütün pambıq yığan maşınlar sahələrə çıxıb pambığı yığıb pambıq zavoduna təhvil verərdilər, əks təqdirdə quruyardı və yüngülləşərdi. Bəli “ağ qızılı­mı­zı” yığıb tez bir zamanda dövlətə təhvil verib, planımızı yerinə yetirməyə hamılıqla çalışardılar.

1979-80-ci illərdən sonra pambıqçılığı tam surətdə dayan­dı­ra­raq, onun əvəzinə 650 hektar suvarılan pambıq sahələrinə üzüm tingləri basdıraraq tamamilə üzümçülüyə keçirildi. Üzümçülük kənd zəhmətkeşləri üçün hərtərəfli sərfəli oldu.

Üzüm plantsiyaları çox gözəl, hər tərəf yamyaşıl görünürdü, adamda isə xoş əhval-ruhiyyə yaradırdı. Pambığa nisbətən xeyli yüngül əmək sərf edilirdi. Üzüm yığımı ağır və əziyyətli olsa da, müvəqqəti idi. Üzümü ayaq üstə və bağ qayçısı ilə kəsib, xüsusi düzəldilmiş maşın banlarına açıq yığaraq Füzuli şərab zavoduna aparıb təhvil verərdilər. Süfrə üzümlərini isə xüsusi düzəldilmiş taxta yeşiklərə əl ilə yığaraq təyin edilmiş yerlərə göndərərdilər.

Bizim torpaqlarda üzümlərin şəkərlilik dərəcəsi 22-23 olurdu. Üzümdən gələn gəlir pambıqdan qat-qat çox olurdu. Əgər bir hektardan 20-30 sentner pambıq verirdiksə, üzümün hər hektarından

100-150 sentner üzüm yığılırdı. Bu isə əlbəttə kolxoz zəhmətkeş­lərinin maliyə gəlirlərini artırırdı, onların maddi və mənəvi rifahını yüksəldirdi. Üzümçülüyə keçəndən sonra adamlar varlanaraq, özlərinin maddi marağı yüksələrək, təzə evlər tikənlər, minik maşını alanlar günü-gündən çoxalmaqla, onların yaşayış tərzi və rifahı yaxşılaşırdı.



Horadiz kəndində ilk kolxozlaşma dövründə 1930-32-ci illər ilk kolxoz sədri Abdullayev Əsəd Ələkbər oğlu olmuşdur. Sonralar Quluyev Calal, Allacov Hüseynqulu və başqaları sədrlik etmişlər. Horadiz kəndində yalnız 1953-60-cı illər Rzayev Vəlinin sədrliyi dövründə iqtisadiyyatda və mədəni həyatda əsl dirçəliş baş vermişdir.
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə