Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi




Yüklə 378.01 Kb.
səhifə1/7
tarix26.02.2016
ölçüsü378.01 Kb.
  1   2   3   4   5   6   7
Pəncərə

Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi. Onlar bilmirdilər ki, onların hər ikisinin də eyni maraq dairələri, eyni dünyagörüşü və fikirləri və eyni taleləri var. Yüzlərcə bir-birini tanımayan qonşular kimi onlar da bir-birini tanımırdılar.

Elnur 25 yaşında, ortaboylu, qarabəniz, yaraşıqlı bir mühasibatçı idi. O, bankda işləyirdi. Əvvəllər bu iş ona maraqlı gəlsə də, sonralar artıq bu işdən bezməyə başladı. Ama aldığı maaş yaxşı olduğundan işdən bezsə də, orada işləməyə davam edirdi. Hər gün eyni masanın və komputerin arxasında əyləşmək, saatlarca kağızların arasında qurdalanmaq, hesabları yoxlamaq, onları komputerə yazmaq çox darıxdırıcı gəlirdi Elnura. Ancaq bir təsəllisi vardı. Gün ərzində müxtəlif insanlarla ünsiyyətdə olur, onların fikirləri ilə tanış olurdu. Bu bir yazıçı üçün çox yaxşı təcrübə idi. Ona yeni əsərlərində müxtəlif obrazlar yaratmaq üçün yaxşı təcrübə verirdi. Bəli, Elnur yazırdı. Roman, povest, hekayə, qlobal mövzularda məqalələr, hətta arada bir şer də yazırdı. Yazıçılıq onda bir vərdiş yaratmışdı: O, insanları diqqətlə müşahidə edir, onların hərəkətlərini və davranışlarını öz beynində təhlil edirdi. Hər bir insan onun üçün yeni bir dünya idi. Ondandır ki, öz maşınının olmasına baxmayaraq, çox vaxt avtobusla işə gedib-gəlirdi. Insanlar arasında olmaq ona xoş idi. Çünki Elnur tənha idi. Təbiətən özünəqapalı, romantik və melonxolik biri idi. O, tək yaşayırdı. Elnurun valideynləri Moskvada yaşayırdılar. Elnurun həm atası, həm də anası məşhur həkim-terapevt idilər. O,təhsilini Moskvada alsa da, vətənindən uzaqda qala bilmirdi. Təhsilini başa vuran kimi öz vətəninə qayıtdı. Və burada –doğma vətənində öz kariyerasını qurdu.

Arzu 23 yaşında, iri ala gözləri, uzun şabalıdı saçları, zərif təbəssümü ilə çoxlarını valeh edən bir qız idi. Arzu turizm şirkətində resepşn-katibə vəzifəsində işləyirdi. Arzunun ən böyük arzusu müxtəlif ölkələrə səyahət etmək idi. Bütün ömrünü Robinzon Kruzo kimi, Ernest Hemingvey kimi səyahətdə keçirmək istəyirdi. Yaşıl ağaclar, mavi dəniz, açıq səma...Ancaq Arzunun ürəyində bu sadəcə bir arzu olaraq qalırdı. Neçə-neçə insanları səyahətə göndərsə də, özü gedə bilmirdi. Çünki evin kirayəsini və digər məsrəfləri qarşılamaq üçün o, işləməli idi. Arzu bir qızla bir yerdə kirayədə qalırdı. Arzunun atası ilə anası boşanmışdı. Anası keçmiş sevgilisinə rast gəldikdən sonra anlamışdı ki, o, özünü bu ailədə uzun müddət aldada bilməz. ona görə də, çox ailələrdən fərqli olaraq, onlar sivil və mədəni yolla ayrılmışdılar. Arzunun atası buna normal baxdı. Çünki o da başqa bir qadını sevirdi. Və heç nə olmamış kimi, Arzu hələ 11 yaşında olarkən boşandılar. Arzu bir müddət atasının yanında qaldı. Universiteti bitirdikdən sonra, və özünə iş tapdıqdan sonra isə ayrıca evə çıxaraq, müstəqil yaşamağa başladı. Çünki, nə anasının evində özgə atayla, nə də atasının evində özgə anayla rahat ola bilmirdi. Hər dəfə anasının başqa, yad bir insanın qucaqladığını görəndə və atasının başqa bir qadına onu necə çox sevdiyini söyləyəndə bu Arzu üçün dözülməz bir əzab idi. O, bu əzablardan qurtulmaq üçün valideynlərindən ayrıldı. Və indi o, Kəmalə adlı bir qızla bir evdə yaşayırdı. Arzu da yazırdı. Boş vaxtlarında roman, povest yazırdı. O, da Elnur kimi romantik, melonxolik biri idi. Insanlara yazacağı əsərlərin baş qəhrəmanları kimi baxırdı. Hər yaratdığı bir obrazda həm də özünü görürdü.

Yazıçıları başa düşmək çətindir. Onları başa düşən az olur. Onların ayrıca bir dünyası ayrıca fikirləri var. Bəzən onlar insanları çox sevir, bəzən isə insanlardan uzaq qaçaraq tərki-dünya olur. Onların fikirləri daima qarışıq olur. Bəzən istəmədən şedevr əsərlər yaradırlar. Bəzən istəsələr belə heç nə yaza bilmirlər. Yazıçıların ilham pəriləri olur. Bəzilərinin ilham pərisi sevgi olur, bəzilərinki ayrılıq, bəzilərinin isə ruh sıxıntısı.

***


Qapı döyüldü. Elnur əlindəki kolanı stolun üstünə qoyub, qapını açmağa getdi. Bu Nigar idi. Elnurun sevgilisi. Elnur Nigarı dostunun ad günü şənliyində görmüşdü. Nigar çox gözəl bir qız idi. Dostu Rüfətdən Nigarı soruşmuşdu. Nigar Rüfətin bacısının tələbə yoldaşı idi. Elnur bu qızla maraqlanmağa başladı. Nədənsə heç bir qıza fikir verməyən Elnur indi o qızı ağlından çıxara bilmirdi. Tezliklə onun telefon nömrəsini aldı. Və beləcə tanış oldular. Nigarla sevgili olmaq Elnura elə də asan başa gəlmədi. qızın razılığını almaq üçün az əziyyət çəkmədi. Elnur romantik idi. Və romantiklər adətən qızın ürəyini almağı bacarırlar. Elnur həyatın mənasını Nigarda tapmışdı. Artıq onlar günün çox hissəsini bir yerdə keçirirdilər. Ancaq indi nədənsə qapıda dayanan bu qız özgə gəlirdi. Sanki dəlicəsinə sevdiyi qız Nigar deyildi. Elnur özünü anlaya bilmirdi. Axı niyə indi o sevdiyi qıza bu qədər laqeyd idi.

-Salam,Elnur.-Nigar hirsli və məyus görünürdü.

-Salam,Nigar. Keç içəri.

Nigar dəhlizə keçib, incə, zərif, mavi rəngli tuflisini çıxardı. Elnur onu qonaq otağına dəvət etdi. Nigar birinci dəfə deyildi ki, bu evə gəlirdi. O, bu evə çox gəlmişdi. Bu evdə Elnurla neçə sevgi dolu gecələr keçirmişdi. Ancaq indi nədənsə bu ev ona eybəcər və solğun göründü. Elə Elnurun özü də ona darıxdırıcı və sıxıcı gəlirdi. Nigar keçib divanda əyləşdi.

-İçməyə nəsə istəyirsən?-Elnur soruşdu.

-Kola.


-Yaxşı.

Elnur kola gətirmək üçün mətbəxə keçdi. Nigar ətrafına göz gəzdirdi. Yenə vərəqlər səliqəsiz şəkildə stolun üstündə səpələnmişdi.

-Yeni əsər yazırsan?

-Yox hələki. Ama fikrim var.-Elnurun mətbəxdən səsi gəldi. Bir azdan əlində kola Nigara yaxınlaşdı.

-Al.

-Çox sağ ol.



-Dəyməz.-Elnur keçib, Nigarın qarşısındakı kresloda oturdu.

Arada sükut yarandı. Elnur qarşısında əyləşən qıza baxırdı. Əvvəllər Nigar necə də zərif, incə, mehriban qız idi. Daima Elnura sevgi dolu gözlərlə baxar, ona gülümsəyərdi. Yəqin ki, bir ay olardı ki, Nigar artıq Elnura gülümsəmirdi. Görəsən niyə? Axı Elnur Nigarın o zərif təbəssümünə vurulmuşdu.

-Sənə elə gəlmirmi ki, bizim münasibətlərimiz bərbad vəziyyətdədir?-Nigar sükutu pozdu.

-Doğrudan? Sən belə düşünürsən?

-Bəli. Elnur nə olub sənə? axı sən əvvəllər belə deyildin. Axı mənim sevdiyim insan belə deyildi. Hanı məni yağışın altında pəncərəmin altında gözləyən insan? Hanı mənə sevgi dolu smslər yazan insan? Hanı o romantik insan? Elnur, səni başa düşə bilmirəm. elə bil sənin cismində iki ruh yaşayır. Hərdən o qədər sevimli və cana yaxın olursan ki. Hərdən də çox soyuq və laqeyd.

Arada yenə sükut yarandı. Elnur nə deyəcəyini bilmirdi. Axı Nigar haqlı idi. Bəzən özündə özünün də anlamadığı hallar baş verirdi. Hərdən ona elə gəlirdi ki, onu həyata bağlayan Nigara olan sevgisidir. Hərdən də elə gəlirdi ki, sevgi onu dərin,

sonsuz əzablara sürükləyir. Nə idi bu qarışıq hisslərin səbəbi? Yoxsa sevdiyi qıza güvənmirdi? Onun sevgisinə şübhə ilə baxırdı? Bəlkə də xəyallarındakı şahzadə Nigar deyildi.

-Niyə susursan Elnur? Yoxsa sevdiyin başqa bir qız var?

-Başqa bir qız?

Elnur Nigara dərin fikirlər içində baxdı. Sanki yuxuda idi. Nigarın səbəbsiz şübhələri və qısqanclıqlar ona yersiz və gülünc gəlirdi.

-Bilirsən, məncə biz ayrılmalıyıq...

Nigarın sözləri Elnurun qulaqlarının dibində güllə kimi partladı. Sankı dərin bir yuxudan ayıltdı.

-Yox, Nigar. Mən səndən ayrılmaq istəmirəm.

-Ama mən istəyirəm. Elnur, mən artıq yorulmuşam. Bu münasibətdən çox yorulmuşam. Sənin bu qeyri –adi hərəkətlərin məni lap təngə gətirib.

-Səni bezdirən nədir axı?

-Məni bezdirən sənin müəmmalı hərəkətlərindir. Niyə ötən dəfə telefonunu söndürmüşdün? Tam bir həftə olmadın. Qeyb oldun. Nə xəbər buraxdın nə də zəng etdin. Tam bir həftə. Heç ağlına gətirmədin ki, mən necə narahat ola bilərəm. dəliyə dönmüşdüm. Ağlıma yüz cür pis fikirlər gəldi.

-Mən sadəcə bir az özümlə tək qalmaq istədim.

-Doğrudan? Bəs mən? mən kiməm səninçün? Sadacə istədiyin vaxt gəzəcəyin, mesajlaşacağın, danışacağın qız? Yoxsa sevgilin? Sən mənə heç nə demədən necə gedə bilərdin? Mənə bax, Elnur. Gözlərimə bax. Mən kiməm sənin üçün? Mənim sənin həyatındakı yerim nədir?

Elnur diqqətlə Nigara baxdı. Doğrudan da, Nigar onun üçün nə idi? Onun həyatındakı yeri nə idi?

-Nigar, sənin məndən əvvəl sevgilin olub hə? axı bir dəfə mənə demişdin ki, sənin universitet illərində bir sevgilin olub.

-Elnur, sən nə danışırsan? İndi bunu deməyin nə mənası?

-Sən onunla da mənimlə öpüşdüyün kimi öpüşmüsən?

-Elnur, sən dəli olmusan. Bu nə sözdür mənə deyirsən?

-Sadəcə sualıma cavab ver.

-Elnur...

-Nigar, cavab ver!

-....

-Bilirsən, mənim xəyallarımdakı şahzadə sən deyilsən. sən çox yaxşı qızsan ama mənim həyatımda əvəz edilməyəcək qız deyilsən. inanmıram ki, səni itirsəm, bu mənim həyatımın sonu ola bilər.



-Elnur, kobudlaşma. Sən doğrudan da, psixsən. sənin başın pozulub. Roman, hekayə yaza –yaza özünü itirmisən. nağıllarda yaşadığını sanırsan. Elə bilirsən ki, o şahzadəni tapacaqsan? Hah. Gözlə. Çox gözləyəcəksən. sən öz həyatını yaşamırsan. Sən yaratdığın obrazların həyatını yaşayırsan.

Arada sükut yarandı. Elnur sakitcə qarşısında özündən çıxan qıza baxırdı. Nigar stolun üstündəki vərəqələri götürüb, əlində silkələməyə başladı.

-Bunlardır sənin həyatın? Sən bunlarda tapmısan özünü? Bədbəxt. Sən heç özün də bilmirsən nə istəyirsən!

Nigar əlindəki kağızları Elnurun üzünə çırpdı. Hirslə otağı tərk etdi. Bir azdan qapı bərk çaxıldı. Elnur mənalı –mənalı dodağının altında güldü. Bir zamanlar incə, zərif

görünən qız indi nə hala düşmüşdü. Elnur yuxuda idi sanki. Nələrin baş verdiyini hələ də dərk edə bilmirdi. Kim idi gələn? və niyə kağızları onun üzünə çırpdı? Ümumiyyətlə bu yerə səpələnmiş kağızlar onun həyatındakı səhnələrdən hansına aid idi? Elnur keçmiş bir hadisəni xatırladı: Universitetdə oxuyarkən İrina adlı bir qızı sevirdi. Qruplarında Boris adında iri, nəhəng, idmançı bir oğlan oxuyurdu. Boris qızlarla çox kobud davranırdı. Onlara nə gəldi deyirdi. Və bir dəfə İrinanın ağladığını görən Elnur buna dözməyərək, Borislə dalaşmışdı. Və Elnurun qəhrəmanlığı İrinanı heyrətə gətirmişdi. Çünki qrupda heç kim Borislə dalaşmağa cürət etmirdi. Bu qəhrəmanlıq onu İrina ilə sevgili etmişdi. Elnur bu sarı saçlı, mavi gözlü qızı çox sevirdi. Və hətta onunla evlənməyi də düşünürdü. Ama...Elnur həmin an anladı ki, xəyanət nə olan şeymiş. Elnura dərs deyən müəllimlərdən biri onu dərsdən sonra saxlamışdı. Elnur elmi iş götürmüşdü. Və qoca professor ona təlimatlar verirdi. Elnur otaqdan çıxar –çıxmaz acdığını hiss edərək bufetə doğru getdi. Bufetə gedən yolda dar, balaca, istifadəyə yararsız otaq vardı. Sevgililər adətən burda görüşürdülər. Elnur bu otağın yanından keçərkən gözü bir mənzərəyə sataşdı. Bir qızla bir oğlan öpüşürdülər. Üzləri dəqiq görünmürdü.Elnur bu hala artıq adət etmişdi. Çünki bu halla çox rastlaşmışdı. Bəlkə də əvvəllər olduğu kimi, heç nə olmamış kimi yanlarından ötüb keçəcəkdi. Ancaq qızın saçındakı qırmızı qaşlarla bəzədilmiş proşka onu ayaq saxlamağa məcbur etdi. Bu proşkanı Elnur İrinaya hədiyyə etmişdi. Elnur diqqətlə qıza və oğlana baxdı. Onların başı elə qarışmışdı ki, Elnuru görmürdülər belə. Qızın İrina olduğunu biləndə Elnur heykələ döndü. Ona elə gəldi ki, damarlarında axan qan da dayanıb. Bəlkə zaman da dayanıb. Bəlkə də bu pis bir yuxudur. Ama Elnuru heç nə İrinanın öpdüyü oğlanın Boris olduğunu bilməyi qədər sarsıda bilməzdi. Elnur o zaman anlamışdı ki, xəyanət olunmaq necə bir hiss imiş...Bəlkə ondandır ki, Elnur təhsilini başa vuran kimi Azərbaycana qayıtdı. Çünki hər dəfə küçələrdə öpüşən sevgililəri görəndə onun yadına həmin səhnə düşürdü. Axı Moskvanın küçələrində öpüşmək adi hal idi. Ondandır ki, Elnur bu iyrənc və xəyanətlərlə dolu şəhərdən uzaqlaşmaq istədi.

indi o xatirələr çox uzaq və xatirədə paslanmış bir yerdə dayanırdı. Ancaq nədənsə Elnur bu gün onu xatırladı. Bu gün o, qəribə hisslər içində idi. Bilmirdi, sevgilisindən ayrıldığı üçün kədərlənirdi, yoxsa sevinirdi.Sizdə də elə an olubmu ki,hisslərinizə ad qoya bilmirsiniz. Hiss edirsiniz ki, nəsə sizi narahat edir, sizə əzab verir,ama nə?

***

-Arzu, Sabir müəllim səni çağırır.



-Hə. yaxşı.

Arzu oturduğu iş stolunun arxasından qalxıb, şirkətin geniş, təmiz dəhlizi boyunca addımladı. Müdirin otağının qarşısında dayandı. Saçına əl gəzdirdikdən sonra ehmalca qapını döydü.

-Girin.-içəridən qalın kişi səsi gəldi.

-Sabir müəllim, məni çağırmışdınız?

-Hə, Arzu. Gəl keç içəri. Buyur, otur.-Sabir masasının qarşısındakı dəri kresloda yer göstərdi. Arzu keçib kresloda oturdu.

-Qızım, bilirəm ki, Mahirlə münasibətləriniz var.-Mahir Sabirin oğlu idi.

Arzu utanaraq, gözlərini yerə dikdi.

-Utanma, bu normal haldır.

Arada sükut yarandı.

-Səninlə açıq danışacağam. Mən səni də, oğlumu da yaxşı tanıyıram. Səndən gizlətməyəcəm. oğlumun qızlarla çox münasibətləri olub. Onu başa düşürəm. bu normaldır. Ama oğlum birinci dəfədir ki, məndən qız məsələsində ona kömək etməyimi istəyir. Nəsə. Sözün qısası, Mahir istəyir ki, səninlə evlənsin.

-Nə? Evlənmək?-Arzu eşitdiyi xəbərdən heç də razı qalmadı. Düzdür, o, Mahiri çox sevirdi. Özündən belə çox sevirdi. Mahir onun üçün bir həyat sevgisi idi. Axı o, Arzunun xəyallarındakı qəhrəman idi: Ağıllı, zəhmli, ciddi, eyni zamanda şən və zarafatcıl. O, çox mədəni bir insan idi. Bir sözlə, Arzunun istədiyi bütün keyfiyyətlər Mahirdə var idi. Yəqin ki, Mahir kimi bir gənclə çox qız evlənmək istəyərdi. Varlı bir ailənin yaraşıqlı, evi, işi, maşını olan bir gənc idi. Ancaq Arzu Mahirlə evlənmək istəmirdi. Arzu ümumiyyətlə heç kimlə evlənmək istəmirdi. Onun ailə haqqında elə də müsbət düşüncələri yox idi. Valideynləri onun hafizəsində xüsusi bir iz buraxmışdı. Onun evlənmək fobisi vardı. O, sevirdi, sevilirdi. Bütün gənclər kimi. Ancaq evlənmək istəmirdi. Qorxurdu.

“-Əhməd, mən artıq bacarmıram. Istəsəm belə bacarmıram. Özümü daha artıq aldada bilmərəm. mən heç vaxt səni sevməmişəm. sənə bir həyat yoldaşım kimi hörmət bəsləmişəm. heç vaxt sənə xəyanət etməmişəm. ancaq indi onunla rastlaşandan sonra anladım ki, mən ancaq onu sevmişəm. bütün bu illər ərzində ancaq onu sevmişəmmiş. Sadəcə onu unutmuşam deyə ancaq özümü aldatmışam. Əhməd, mən artıq bacarmıram. Gəl boşanaq. Başqa cür mümkün deyil.

-Bəs Arzu? Arzuya nə deyəcəksən?

-Arzu məni başa düşəcək. O, ağıllı qızdır. O, anasını başa düşər.

Onlar bu söhbəti edəndə elə bilirdilər ki, onlar bu otaqda təkdir. Ancaq Arzu qapının arxasından onlara qulaq asırdı. Arzuya elə gəlirdi ki, o, kənar ona aid olmayan bir səhnəyə baxır. Anasının sözləri, atasının bu fikrə sakit münasibəti-hər şey, hər şey Arzuya müəmmalı gəlirdi. Ona elə gəlirdi ki, bu 1 aprel zarafatıdır. Anası ilə atası onunla zarafat edirlər. Bir azdan bərkdən qışqıraraq, “1 Aprel” deyəcəkdilər. Ancaq həmin gün nə 1 aprel idi, nə də onun valideynləri zarafat edirdilər. Hər şey çox ciddi idi. Arzu bunu anası əşyalarını toplayarkən anlamışdı.

-Ana, hara gedirsən?

-Arzu, qızım. Bilmirəm necə deyim. Ama inanıram ki, bir gün gələcək, sən məni başa düşəcəksən.

-Ana, bəs mən? məni özünlə aparmırsan?

-Qızım...İnşaallah, tezliklə...Tezliklə...

Həmin an Arzunun gözü divardakı təqvimə sataşdı. 11 noyabr...

Arzunun gözü Sabir müəllimin stolunun üstündəki təqvimə sataşdı. Təqvim 11 rəqəminin üstündə idi. Yuxarıda yekə qırmızı hərflərlə yazılmışdı:NOYABR. Arzunun gözləri təqvimə zillənmişdi.

-Arzu, qızım, mənə qulaq asırsan?-Sabir onu keçmiş xatirələrdən ayırdı.

-Bəli.Əlbəttə. üzr istəyirəm. eşidirəm.

-Deyirəm, bu Mahirə neyləmisənsə, lap aşiq eləmisən. bütün gün ağzından düşmürsən. iki sözündən biri sənsən. deyirəm, nişanı bu yaxınlarda eləyək. Toyu da fikirləşərik. Onu da deyim ki, Mahirin fikri ilə mən də anası da razıdır. Mahir çox ağıllı və yaxşı seçim edib. Sən nə deyirsən bu işə?-Sabir diqqətlə Arzuya nəzər saldı.

-Mən...-Arzu nə deyəcəyini bilmədi. o, heç vaxt evlənməyəcəkdi. Ancaq bunu işlədiyi şirkətin müdirinə necə deyəydi. Üstəlik söhbət onun oğlundan gedirsə...

-Mən Mahirlə danışaram...

-Deməli özünüz öz aranızda həll etmək istəyirsiniz. Yaxşı... İndiki cavanlar belədirlər də. istəyirlər ki, heç kim onların işinə qarışmasın...

-Yox. Mən elə demək istəmirdim. Sadəcə...

-Yaxşı. Yaxşı. Məndən demək. Gerisi sizə qalıb.

Arzu cəld qalxıb, otaqdan çıxdı. Dəhliz boyunca fikirli halda addımladı. Sonra keçib, masasının arxasında əyləşdi. Əlləri ilə başını qucaqladı. Gözlərini yumdu. Indi o, çətin vəziyyətə düşmüşdü. Işin bu qədər ciddiləşəcəyini bilmirdi. Mahir çox yaxşı bir insan idi.

Ancaq söhbət evlilikdən gedirsə, bu Arzu üçün böyük bir problem idi. Onun evlənmək fobisi vardı. Bəs nə edəydi. Bunu necə sevdiyi insana və onun ailəsinə başa salaydı. Ən yaxşısı Mahirin özü ilə danışmaq. Arzu telefonu götürüb, Mahirə zəng etdi.

-Alo...-Arzu indi, bu an onun səsini eşidəndə anladı ki, o, bu səsin sahibini necə çox sevir.

-Alo,Mahir...

-Hə,Arzu.

-İşdən sonra görüşə bilərik?

-Əlbəttə. Mən iş çıxışı gəlib, səni götürərəm.

-Yaxşı. Oldu. sağ ol,Mahir.

***


-Necəsən Arzu?-Mahir Arzuya mehribancasına gülümsədi. onlar dənizkənarına gəlmişdilər.-Bu gün fərqli görünürsən. daha gözəl görünürsən.

-Çox sağ ol,Mahir. Yaxşıyam. Səninlə bir məsələ haqqında danışmaq istəyirəm.

-Buyur. Danış. Canla-başla səni dinləyirəm.

-Mahir...Bu gün atan məni yanına çağırmışdı. Ona bizim münasibətlərimiz haqda demisən...

-Hə. demişəm. çünki istəyirəm ki, münasibətlərimizi rəsmiləşdirək. Mən artıq sənsiz qala bilmirəm,Arzu. Istəyirəm ki,bizim münasibətlərimiz hansısa münasibət kimi ötəri olmasın. Daimi olsun.

-Mahir, mən evlənmək istəmirəm...

Mahir təəccüblə məyus halda dənizə baxan Arzuya baxdı.

-Niyə kİ? Əgər sevdiyin başqa biri varsa, de, işimi bilim.

-Yox,Mahir. Mən heç kimi sevmirəm. sadəcə... mən heç vaxt evlənməyəcəm...

-Heç vaxt? Bəlkə sənə zaman lazımdır. Mən səni tələsdirmirəm. ama niyə əbəs yerə vaxt itirək ki? Mən səni sevirəm. sən də məni. Bəlkə belə deyil?

-Bu belədir,Mahir. Ancaq bu sənlə bağlı bir məsələ deyil. Problem məndədir. Mən istəmirəm.

-Niyə axı? Mənə güvənmirsən?

-Yox,Mahir. Mən sənə özümdən çox güvənirəm. ancaq bu bir qorxudur. Başa düşürsən?

-Mən sənə kömək edərəm. istəsən bir psixoloqa gedərik.

-Yox,Mahir. Istəmirəm. mən sənin çox ama çox istəyirəm. ancaq bu məndən asılı olan şey deyil. Sənin həyatını da, öz həyatımı da məhv etmək istəmirəm.

-Arzu, səni başa düşə bilmirəm. axı niyə qorxursan? Nəyə görə? Yoxsa ailəndə baş verənlərə görə? Arzu, sənin atanla anan boşanıb deyə, sən də bir gün boşanacaqsan deyə bir qanun yoxdur. Arzu, mən səni bu səfeh səbəblərə görə itirmək istəmirəm.

-Mahir, nə olar təkid etmə. Bu mümkün iş deyil. Sən çox ağıllı, mədəni, çox yaxşı oğlansan. Inanıram ki, hər bir qız sənin kimi bir qəhrəmanla evlənmək istəyər...Ama mən yox. Bağışla məni,Mahir. Ama bu mümkün deyil.

Arzu sözünü bitirər-bitirməz üzünü çevirib, iti addımlarla Mahirdən uzaqlaşdı. Bir acı hiss edirdi, bütün ruhunu əsir alan. Uzaqlaşırdı addım-addım canından çox sevdiyi insandan. Niyə həyat bu qədər qəddardır ona qarşı. Axı o,Mahiri itirmək istəmirdi. Bu nə idi? Sadəcə bir ayrılıq yoxsa dünyanın sonu? Arzu hiss edirdi ki, o, nəyisə itirdi. Sevgisinimi? Həyatının mənasınımı? Yoxsa həyatındakı çəhrayı rəngi?

***

Gecə saat 3-dür. Arzu qaranlıq otaqda o yan bu yana hərlənir. Rahatlıq tapa bilmirdi. Qəlbindəki sıxıntı ona rahatlıq vermirdi. Mahirlə keçirdiyi xoş anları xatırlayıb, gah ağlayır, gah da komputerinin qarşısına keçib nəsə yazırdı. Sonra yazdıqlarını pozurdu. Arada bir telefonuna zəng gəlirdi. Bu Mahirin nömrəsi idi. Arzu götürmürdü. Ağlayaraq telefonunun ekranında işıqlanan nömrəyə baxırdı. Bu nömrə onun həyatdakı ən böyük sevinci idi. Ancaq telefonu açmırdı. Özünü Mahirə layiq bilmirdi. Özünə nifrət edirdi. “Mahir daha yaxşılarına layiqdir” deyə düşünürdü. “Bu münasibət bitməlidir. Mən onu itirməliyəm. istəməsəm də...” Arzu bu geniş otaqda özünə yer tapa bilmirdi. Başını qoyub yatsınmı? Heç nə olmamış kimi həyata davam etsinmi? Axı bu münasibətin sonu yoxdur. Nəhayət Arzunun telefonuna mesaj gəldi.



“Arzu, telefonu aç. Sənə sözüm var. Aç telefonu.”

Arzu telefonunu söndürdü. Yox, onun haqqı yox idi. Mahiri öz qarışıq fikirləriylə yormağa haqqı yox idi. Bu münasibət bitməli idi. Arzu ağlayırdı. Hönkür-hönkür ağlayırdı. Dayanmaq istəyirdi. ancaq bacarmırdı. Göz yaşları dayanmadan yanağından süzülürdü. Arzu özünə təsəlli verməyə çalışırdı. Özünü Mahiri elə də çox sevmir düşüncəsiylə aldatmaq istəyirdi. ancaq bacarmırdı. Bəlkə Mahirlə dost kimi qalsın. Yox, bu mümkün deyil.

Arzu pəncərəyə yaxınlaşdı. Indi kimləsə danışmağa elə ehtiyacı vardı ki...Bəlkə Kəmaləni yuxudan oyatsın. Yox, yazıq qız ağır dərs və iş günündən sonra elə şirin-şirin yatırdı ki...Pəncərəni açıb, ətrafına baxdı. Qarşıdakı binanın demək olar ki, bütün işıqları sönmüşdü. Tək-tük pəncərənin işıqları yanırdı. Arzu elə tənha idi ki, istədi ki, bu pəncərələrdən birində heç olmasa bir-iki nəfəri görsün. Fərqi yoxdur, söhbət edən, dava edən. təki Arzu içini söküb-parçalayan fikirlərdən uzaqlaşsın. Ancaq bu pəncərələrin işıqları yansa da, insandan əsər-əlamət yox idi.

“Görəsən, bu pəncərələrin işıqları niyə yanır? Niyə həmin insanlar indiyə qədər oyaqdırlar? Bəlkə biri qaranlıqda yatmaqdan qorxur. Bəlkə biri gecə hələ də evə gəlməyən ərinin yolunu gözləyir. əri isə dostlarıyla barda əylənir. Axı niyə gecə bu qədər sakitdir? Niyə kimsə mən tənhayam deyə qışqırmır. Niyə insanlar duyğularını bu qədər gizlədirlər? Arzu, dəli olmusan? Nə danışırsan? Ana...Ana, niyə etdin bunu? Öz sevgin naminə mənim də həyatımı məhv etdin. Nifrət edirəm sənə ana. Nifrət.”

Elə bu an Arzunun gözü 4-cü mərtəbədəki pəncərəyə sataşdı. Pəncərədən işıq gəlirdi. Deməli, bu mənzilin sahibi də bu gün gecə ilə dostlaşmışdı. Arzu diqqətlə həmin pəncərəyə baxdı. Heç özü də bilmirdi niyə baxır. Ama nədənsə bu pəncərə ona daha maraqlı gəldi. Çünki bu pəncərənin pərdəsi yox idi, ya da qırağa çəkilmişdi. Evin içi tam aydın görünürdü. Stol var idi. Stolun qarşısında divan ətrafında isə iki kreslo. Stolun üstündə yarımçıq qalmış kola stəkanı və ətrafa səpələnmiş kağızlar vardı. Arzu gözlərini həmin mənzərəyə zilləmişdi və düşünürdü. Içindəki acını unutmaq üçün bütün fikrini həmin pəncərəyə yönəltmişdi. Donuq gözlərlə ancaq o mənzilin içinə baxırdı. Birdən özü də bilmədən diksindi. Həmin pəncərənin eyvanına kimsə çıxdı. Arzu daha da diqqətlə baxmağa başladı. Bu bir kişi silueti idi. O, alışqanla siqaretini yandırdı. Və yavaş –yavaş çəkərək ətrafına nəzər salırdı. Nədənsə o da tək və əsəbi görünürdü. Narahat idi. Ama eyni zamanda sakit idi. Ətrafına baxırdı. Gecə və qaranlıq idi deyə Arzu bu insanın üzünü dəqiq görə bilmirdi. Ancaq nədənsə elə ilk baxışdan bu insana qarşı bir yaxınlıq hiss etdi. Bəlkə, o, indi elə bir vəziyyətdə idi ki, ona hər kəs yaxın görünürdü. Axı onun qayğıya və təsəlliyə ehtiyacı vardı. Yox, burada nəsə başqa bir şey vardı. Arzu içində ona əzab verən hissi artıq unutmuşdu. Gözlərini qaranlıqda, siqaret çəkən siluetə zilləyərək onun haqda düşünürdü. Əslində bilmirdi ki, qaranlıqda siqaret çəkən bu insan da Arzuya baxır. Qaranlıqda bu görünmürdü. Nə Arzunun o insana baxdığı, nə də o insanın Arzuya nəzər saldığı...

***


Nigar qapını çırpıb getdikdən sonra Elnur uzun müddət fikirli halda gözlərini boş dəhlizə zillədi. hələ də nələrin baş verdiyini anlamağa və beynində təhlil etməyə çalışırdı. Sevdiyi qız ona hər şeyin bitdiyini və ayrıldıqlarını demişdi. Ancaq nədənsə bu Elnura təsir etmirdi. Ona elə gəlirdi ki, o kənardan dayanaraq kiminsə həyatına baxır. Və onu tərk edən qız da onun deyil, başqasının sevgilisidir. Elnur özü də Nigarın verdiyi suala cavab tapmaq istəyirdi. kim idi o qız? Və o qızın Elnurun həyatındakı rolu nə idi? Niyə Elnur insanlardan bezib, 1 həftəlik tərki-dünya olanda bu haqda sevgilisinə deməmişdi. Axı o, bilirdi ki, qayıdanda sevgilisinin narazılığı və şikayəti ilə qarşılaşacaq. Elnur Nigarı itirmək istəmirdi. Ancaq itirməkdən də qorxmurdu. Heç vaxt özünə “Mən onu itirsən nə olar” sualını verməmişdi. Sanki o, bilirdi ki, Nigar onsuzda bir gün onun həyatından çıxıb gedəcək. Əslində o sevgisini itirməmək üçün mübarizə apara bilərdi. Ancaq nədənsə mübarizə etmək istəmirdi. Bəlkə də Elnurun tələbəlik illərində başına gələn hadisədən sonra insanlara olan inamı itmişdi. Bəlkə də artıq o, heç bir qıza inanmırdı. Axı onu öpən qız sabah da bir başqasını öpə bilər. Ona “səni sevirəm” deyən qız sabah da bu sözləri bir başqasına deyə bilərdi. Elnur bilirdi ki, o, düz düşünmür. Ancaq nədənsə onun beynində bu fikirlər dərin kök salmışdı. Və hər münasibətin uğursuz alınması artıq onda vərdiş halını almışdı. Artıq hər ayrılıq onda dərin təsir buraxmırdı. Ancaq bütün bunlara baxmayaraq, Elnur içində dərin bir acı hiss edirdi. O, Nigarı sevmirdi. Sadəcə ona öyrəşmişdi. Onun zərif, şirin təbəssümünə, maraqlı söhbətlərinə. Və insan öyrəşdiyi insandan ayrılanda özünü qəribə hiss edir. Tənha və tərk edilmiş. Elnuru həmin gün yuxu tutmadı. Son çarəsini itirmiş insanlar kimi ora-bura vurnuxur, sakitləşə bilmirdi. Gecə saat 3 idi. Elnur isə hələ də oyaq idi. Televizoru yandırıb, pultla kanallları çevirərək maraqlı bir şeyə baxmaq istədi. 250 kanalı ardı-ardına çevirdikdən sonra anladı ki, maraqlı bir şey yoxdur. Bəlkə də Elnurun çevirdiyi kanallar arasında maraqlı bir şey tapmaq olardı ancaq nədənsə hər şey Elnura maraqsız görünürdü. Televizoru söndürüb, maqnitofonu açdı. Diski qoydu. Pultla Nigarın xoşladığı musiqinin nömrəsini basdı. Ancaq mahnı səsləndikcə anladı ki, bu Elnura daha da əzab verir. Maqnitofonu söndürdü. Soyuducunu açıb, içinə baxdı. Görəsən, soyuducuda elə bir şey varmıdı ki, o, Elnurun içindəki acını azaltsın ya da tamamilə məhv etsin. Elnur indiyə qədər heç vaxt spirtli içki qəbul etməmişdi. Ancaq bu gün nədənsə ürəyi sərt və onu sərxoş edəcək içki içmək istədi. ancaq soyuducuda meyvə şirəsindən başqa içki yox idi. Elnur istədi, aşağı düşüb, mağazadan içki alsın. Ancaq qol saatına baxandan sonra fikrindən əl çəkdi. Gecə saat 3 idi. Və bu saatda yəqin ki, heç bir mağaza açıq olmazdı. Elnur acdığını hiss etdi. Özünə nəsə dadlı bir şey hazırlamaq istədi. ən çox sevdiyi yeməyi hazırlamağa başladı –Yumutalı çörək. Həm tez başa gəlirdi, həm də dadlı idi. Elnur çörəyi dilimləyərək onları yumurtaya batıraraq, bir –bir o üz- bu üz çevirərək, yaxşıca qızartdı. Qızardıqdan sonra onları boşqaba düzdü. Hazırladığı yeməyə gülümsəyərək baxdı. Ancaq bir dilimin heç yarısını yeməmişdi ki, anladı ki, o yemək istəmir. Nəsə başqa bir şey etməlidir. Bəlkə Nigara zəng vursun. Yəqin hirsi çoxdan soyumuş olar. Axı Nigar elə də kinli qız deyil. Elnur cibindən telefonunu çıxartdı. Istədi zəng vursun. Sonra fikirləşdi. Doğrudanmı o, bunu istəyirdi? bir az fikirləşəndən sonra qərarı qətiləşdi: YOX! O, bunu istəmir. Bəlkə əvvəllər Nigarla hər şey çox gözəl idi. Ancaq indi hər şey öz mənasını itirmişdi. Mənası itmiş bir münasibəti davam etdirməyin isə heç bir mənası yoxdur. Istədi yaxın dostu, sirdaşı Zaura zəng vursun. Indi onun kimləsə dərdləşməyə çox ehtiyacı vardı. Ancaq nədənsə dostuna da zəng vurmadı. Indi o, elə bir adam istəyirdi ki, onunla söhbət etsin, ona tənhalığını və ona əzab verən bu hissləri ona unutdursun. Bir –bir telefonundakı adlara baxdı. Adlar çox idi. Qəribədir ki, bu qədər adların olduğu siyahıda bir nəfər tapılmadı ki, o, asanlıqla həmin insana zəng vurub, onunla dərləşsin. Doğrudanmı, Elnur bu qədər tək idi? Bu qədər dostunun və iş yoldalarının olmasına baxmayaraq, heç kim onun ürəyinə yaxın deyildi. Elnur telefonunu kənara atıb, notebukunu dizlərinin üstünə qoyub, açdı. Yarımçıq qaldığı əsəri davam etmək istədi. Əslində bu romanı çoxdan yazmağa başlamışdı. Ancaq nədənsə yazıb, qurtara bilmirdi. Bu gün istədi bu romanı yazıb, qurtarsın. Ancaq əsərə baxanda gördü ki, əsərin elə bir yerində qalıb ki, əsərdə cərəyan edən hadisələr onun indiki vəziyyəti ilə tam təzaddır. əsərdə uzun müddət ayrı qalan sevgililər nəhayət ki, köhnə görüş yerlərində görüşürlər. Neçə il sonra bir-birilərindən xəbərsiz həmin yerə gəlirlər və bir-birini görürlər. Indi bu sevgi dolu səhnəni yüksək emosiya ifadə edən sözlərlə təsəvvür etmək lazım idi. Ancaq Elnur indi bu səhnəni davam etdirə bilmirdi. Yazsa belə sözlər quru və soyuq görünürdü. Elnur yazdığını oxuyur, silir, təzədən yazır, oxuyur və təzədən silir. Yox, deyəsən Bu gecə Elnurun ilham pərisi qaçıb. Bayaq qapını çırpıb gedən də deyəsən o idi. Elnur notebuku söndürərək kənara qoydu. Ürəyindəki sıxıntı ona rahatlıq vermirdi. Nəhayət uzun düşüncələrdən sonra siqaret çəkmək üçün eyvana çıxdı. Alışqanla siqaretini yandırandan sonra ətrafına nəzər saldı. Gecə necə də sakit və qəmgin idi. Qarşıdakı binanın bütün işıqları sönmüşdü. Tək bir pəncərədən başqa. Elnur başını qaldırıb, 7-ci mərtəbədəki işıq gələn pəncərəyə baxdı. Əslində yanan otağın işığı deyildi. Çox zəif bir işıq idi. Sanki televizorun ya da komputerin işığı kimi. Otağın işığı isə sönmüşdü. Elnur diqqətlə pəncərəyə baxdı. Pəncərədə kimsə vardı. Bu bir qız silueti idi. Arxadan gələn zəif işıq onun cismini göstərirdi. Elnur bu qızı dəqiq görə bilmirdi. Ancaq nədənsə gözünü o qaranlıq siluetdən də çəkmirdi. Saatlarca bu eyvanda dayanıb, bu siluetə baxmaq istədi. birmirdi niyə. Siqareti çoxdan bitmişdi. Ancaq o yerindən tərpənmək istəmirdi. Sadəcə gözləri 7-ci mərtəbədəki həmin pəncərəyə zillənmişdi. Ağlından heç nə keçmirdi. Heç bilmirdi, o pəncərədən baxan qız kimdir? Nəçidir? Niyə indiyə qədər oyaq qalıb? Sadəcə ona baxmaq istəyirdi...

***

  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə