Elmin hami üÇÜn anlaşilan diLİ albert eynşteyn iş Aparan-Araz Gündüz Turuz-Tebriz-2012




Yüklə 17.5 Kb.
tarix25.04.2016
ölçüsü17.5 Kb.
ELMİN HAMI ÜÇÜN ANLAŞILAN DİLİ
ALBERT EYNŞTEYN
Aparan-Araz Gündüz

Turuz-Tebriz-2012

Baş verən olayların doğurduğu qıcıqları,–him-cimlər, səslər, habelə buna oxşar olan başqa araclarla(vasitələrlə) duyurmağa çalışmaq, dilin yaranması yolunda ilk addım olmuşdur. Çox ola bilsin də, bu sayağı, saya yollarla biri-biriylə imsiləşmək–isnişmək, sürü ilə yaşayan heyvanların elə hamısında azdan-çoxdan vardır. Bu yönümdə gözəçarpan sonrakı addım isə, qarşılıqlı anlaşma yolu ilə, gözə dəyən bütün görüntülərə, hamılıqla anlaşılan adların verilməsi, üzləşilən bütün olayların yaratdığı qıcıqların, bu adlardan yararlanaraq duyurulması olmuşdur. Artıq bu dönəmdə, dilin–çoxsaylı, qarmaqarışıq olaylardan, onların ardıcıllığından duyulanları da anlada bilmək bacarığı ortaya çıxmışdır. Dil dediyimiz gercəklik, bax belə yaranmışdır.


Dil, hansısa topluqda insanların qarşılıqlı olaraq, biri-birini anlaması üçündürsə, onda bu dildə danışanlar gərək, nəsnələrin adlarının, yəni dilin sözlərinin yaranmasında da, baş verən olayların bu sözlərlə anladılmasında da, hansısa bəlli, ortaq düzənləri gözləsinlər. Bu isə artıq insanların bir dildə danışması deməkdir, bu sayaq dil birliyini yaradan bəlli, ortaq düzənlərə alışmaq isə, sonradan, uşaqlıq çağlarından başlayaraq, intuitiv qavrama yolu ilə baş verir. Yaranıb oturuşan bu düzənlərin, götür-qoy edilərək qavranılmasından isə, dilin qrammatikası yaranmışdır.
Dillərin yaranmasının ilk çağlarında, ayrıca bir söz, təkbaşına, hansısa bəlli bir olaydan doğulan qıcığı duyurmaq üçün işlənmişdir. Ancaq sonrakı çağlarda, sözlərin bəlli durumlarla bu sayağı birbaşa bağlılıqları aradan qalxmışdır, burada artıq, ancaq başqa sözlərlə birləşməklə nəyisə duyurmağa yarayan sözlər ortaya çıxmışdır(örnək üçün: “olmaq”, “nəsnə” kimi sözləri göstərmək olar). Dilin bu dönəmində, təklikdə götürülmüş bir söz, bəlli bir durumu anlatmır, sözlər öz aralarında birləşərək, ayrı-ayrı, çoxsaylı durumları anlatmağa başlayır. Bununla da dil, yalnız hansısa ilk baxışdan duyulan durumları anlatmaqla bağlı olan asılılıqdan qurtulur, özünün ayrıca çevrəsini yaradaraq, onun içində, öz aralarında qırılmaz ilişkiləri olan sözlərdən qurulan, özgür bir gerçəkliyə çevrilir.
Gəlişməsinin bu yüksək dönəmində, üstüörtülü(abstrakt) anlayışlar üstünlük qazanandan sonra, dil artıq insanın düşünmək bacarığını doğuran tək bir araca çevrilir. Ancaq elə buradan da, dilin yanlışlara, yalanlara uyması qorxusu yaranır. İndən belə, baş verən olayları haracan düzgün duyura bilməsi, dilin başlıca dəyər ölçüsünə çevrilir.
Dil ilə düşüncənin belə sıx ilişkiləri nə ilə bağlıdır? Doğrudanmı, dildən yararlanmadan düşünmək olmaz?–tutalım, hansısa, sözlərə çevrilməyən anlayışların, onların birləşmələrinin yardımı ilə düşünmək olmazmı? Bütün aydınlığı ilə qavradığımız hansısa anlayışları, sözə çevirmək üçün, əlləşib-vuruşaraq baş sındırmaq, haçansa, bizim hamımızın başına gəlməyibmi? İnsanlar biri-birini anlamaq üçün, dildən başqa bir arac tapa bilsəydilər, onda düşüncə də dildən asılı olmazdı. Ancaq dediyimiz bu, başqa sayağı yaranacaq düşüncə, çox ola bilsin, insan anlağını olduqca dar bir çevrəyə qapamış olardı. Deməli, insanın anlaqca yüksəlişi də, onun gerçəkliyi qavramaq üçün yararlandığı anlayışların biçimlənməsi, biri-biri ilə birləşərək bütövləşməsi də, dildən çox asılıdır. Elə isə, bir dildə danışmaq, elə bir sayaq düşünmək anlamına gəlir. Bu baxımdan da, düşüncə ilə dilin biri-biri ilə çox sıx bağlılığı vardır.
Elmin dili, danışmağa alışdığımız dildən nə ilə seçilir? Elmin yararlandığı dilin hamı üçün anlaşılan olması nə deməkdir? Elm, özünün yaratdığı anlayışların olduqca aydın, bitkin görünməsinə, onların arasında qarşılıqlı ilişkilərin olmasına, eləcə də, bu anlayışların duyurmaq istədikləri gerçəkliklərə büsbütün uyğun gəlməsinə çalışır. Bu dediklərimizi aydınlaşdırmaq üçün, Evklid həndəsəsi ilə Cəbrin yararlandıqları elmi dilə, örnək olaraq, baxa bilərik. Burada ilk öncə, az sayda: ədəd, nöqtə, düz xətt kimi, asılı olmayan anlayışlarla simvollar ortaya qoyulur, bununla yanaşı, bu anlayışların biri-biri ilə necə birləşə bilməsi üçün özül(təməl) prinsiplər də göstərilir. Yaradılmış bu özülün üstündə isə, ardıcıl olaraq doğruldulan, yeni teoremlərlə, anlayışlar qurulmağa başlayır. Ən başlıcası, burada, anlayışlarla teoremlər arasındakı bağlılıq da, bunların ikisinin də duyurmaq istədikləri gerçəkliyə uyğunluğu da, yetərincə inandırıcı olan sanamalarla, ölçmələrlə sınanaraq, yoxlanıla bilir.
Elmin dilinin milli dillərdən üstün olması isə, bu dili, sürəkli olaraq, bütün xalqların içərisindən çıxmış, ən anlaqlı, ən uzaqgörən kimsələrin yaratmasından qaynaqlanır. Onlardan hər biri, öncə ayrılıqda, sonunda isə bu biliklərin yayılması ilə bağlı olaraq, demək olar elə birlikdə, uzun illər boyunca, insan ruhunu gərəyincə yaraqlandıra bilmiş, son yüzildə insanın yaşamını kökündən dəyişmiş texniki devirimin baş tuta bilməsinə yol açmışlar. Onların yaratdığı anlayışlar sistemi, yanlış duyğularımıza qapılaraq düşdüyümüz anlaşılmaz xaosdan çıxmaq üçün ipucu olmuş, ayrı-ayrılıqda aparılan özəl sınaqları, necə bütövləşdirib, gerçək biçimlərə salmaq yollarını bizə öyrətmişdir.
Elmin göstərdiyi yolla getmək, insanlığı hansı uğurlara çatdıra, hansı qorxularla üzləşdirə bilər? Məncə bu sorğunu belə qoymağın özündə bir yanlışlıq vardır. İnsanların əlində olan hansısa bir qurğunun nə isə yarada bilməsi, birbaşa, insanların özlüyündə hansı işi görmək istəyindən asılıdır. Öncədən hansı işin görüləcəyi bəlli olanda, elm də bunun üçün hansı yolu seçməyin gərəkliyini göstərə bilir. Yoxsa elm, özü-özlüyündə, qabaqcadan, hansı işi görməyin gərəkliyini anlada bilməz. İnsanlarda gerçəkliyi bütün aydınlığı ilə qavramaq istəyi olmasaydı, hansısa elmi yoldan danışmaq bir yana, elmi yolun özünün yaranmasından belə söz ola bilməzdi.
Mənim düşüncəmə görə, indi yaşadığımız yüzillik, ortalıqda olan problemlərin üzə çıxarılaraq, aradan qaldırılması üçün ən yaxşı aracların tapılması yönündəki çalışmalırına görə, özündən qabaqkı yüzillikləri çox-çox üstələyir. Biz, bütün insanlığın qorxusuz, özgür yaşamasını, yaxşı ömür sürməsini ürəkdən istəyiriksə, onun bu uğura çata bilməsi üçün gərəkən aracları da axtarıb tapmalıyıq. Bu yöndəki axtarışları, insanların arasındakı çox kiçik bir kəsimin aparmasına baxmayaraq, onların çalışmalarının necə gərəkli olduğunu, gələcək özü göstərəcəkdir.
1942-Ci Il
Rus Dilindən Araz Gündüz Çevirib.
Qaynaq: Ейнштейн А. Cобрание научных трудов. Т. IV. Москва, Наука 1967 г. (rus dilində) 245-247-ci səhifələr.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə