Elmi redaktor və ön sözün müəllifi




Yüklə 2.43 Mb.
səhifə6/20
tarix22.02.2016
ölçüsü2.43 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

Elmin hüdudları üfüqü xatırladır: nə qədər çox ya­xın­laşırsansa, o qədər uzağa çəkilir.

P.Buast
Elmi tərəqqinin hüdudsuzluğu ən çox onun ku­mulyativ xa­rak­­­terinin nəticəsidir. Kumulyativlik – elmi biliklərin yenisi ilə əvəz olun­mayaraq, üst-üstə toplanması deməkdir. Müasir elm­şü­nas­­lıq elmi inki­şaf qanunauyğunluğunun daha mürəkkəb xarakterə ma­lik oldu­ğunu aşkar etsə də, hər halda bu xassə el­min mühüm səciyyələrindən biri olaraq qalmaq­dadır.

Elmin spesifikasından söhbətlər gedərkən o, bir qayda ola­raq, fəlsəfə, din, incəsənət və əxlaqla qarşılaşdırılır. Bu zaman ku­mul­ya­tiv­lik xassəsi elmi bütün bu hadisələrdən fərqləndirən başlıca xü­su­siy­yət kimi çıxış edir. Bu gün orta məktəbdə oxu­yan şagird fi­zi­ka haqqında İ.Nyutona nisbətən daha çox məlumata malikdir. Sı­ra­vi elmi işi, aspirant A.Eyn­şteynin nəzəriyyəsinə əlavələr edir, onun tətbiq da­irə­sini daha da genişləndirir. Başqa cür mümkün də de­yil; hər hansı elm korifeyi elm binasında yeni bir mərtəbə tikirsə, sonrakı nəsil artıq bu yeni mər­təbədə rahat yerləşərək onun üzərinə yeni kərpiclər qoymaqla məşğul olur.

İncəsənətdə belə deyil. Bu günün hər hansı bəs­təkarının L.Bet­­­hovendən və ya Ü.Hacıbəyovdan daha mükəmməl musiqi bəs­­tələməsi nəinki qanu­na­uyğunluq deyil, hətta ağlasığmaz bir hal­dır. Müasir rəssamlar İntibah dövrü rəssamlarından daha da yax­şı çə­kə bilsə idilər Rafaelin, Leonardo da Vinçinin, Mikelancelonun əsər­lə­rinin qiyməti günü-gündən da­ha da artardımı? Hər bir yeni şair nəsli Füzulidən, Puşkindən bir addım qabağa getsə və ya, baş­qa söz­lə, onların qalxdığı mərtəbədə dayanıb üstünə bir­cə kərpic də əla­və etsə, poeziya binası hara ucalardı? Ümumiyyətlə, vahid poe­zi­ya bina­sın­dan, vahid mu­si­qi abidəsindən danışmaq mümkün­dür­mü? Xeyr. Sə­­nət məmləkətində hər bir şairin, rəssamın, bəs­tə­karın ucaltdığı ayrıca məbədlər var ki, onlar bir-bi­rindən seçilir və heç vaxt bir-birinin üzə­rinə top­lan­mır. Sənət əsəri hansı isə vahid bir bi­nanın kərpi­ci­nə, nəhəng sənət maşınının vintinə çevrilsə, öz bü­töv­lüyünü və ahəngini itirər və daha sənət əsəri olmaz.

Eləcə də fəlsəfə və əxlaq sahəsində. Hər bir ye­ni nəslin nü­ma­yəndəsi əvvəlkindən daha zəngin mənəviyyatlı və daha tərbi­yə­li­mi olur? Nəzəriy­yə­dən də, təcrübədən də məlumdur ki, belə bir qə­­ti hökm səhvdir. Bəs onda əxlaqda, incəsənətdə və s. tərəqqi yox­­durmu? Tərəqqi var, o kumulyativ yolla və ya buna bənzər su­rət­­də həyata keçmir. Hər sonra gələk əvvəlkini yaratdığının üzə­rin­də deyil, onunla yanaşı başqa əsərlər yaradır, özünəməxsus mənəvi alə­­mə, əxlaqi key­fiyyətlərə malik olur. Bu key­fiy­yətlər yalnız hə­min dövrün ümumi ahəngindən deyil, həm də real həyat tərzindən, konkret ictimai-iqti­sadi mühitdən asılı olur. Burada tərəqqi ilə ya­na­şı, xüsusi şəraitlərdə geriləmə, tənəzzül və s. də tamamilə təbii haldır.

Elmdə isə geriyə yol yoxdur. Ayrıca bir öl­kə­nin elmi tərəq­qi­­sində nisbi tənəzzül məqamları olsa da, bütövlükdə elm maşını daim irəli gedir, elm bi­na­sı heç vaxt tamamlanmır, üzərinə yeni-yeni mərtə­bələr əlavə olunur. Ümumi bir yüksəliş var və hər bir ölkənin məqsədi bu yürüşdən geri qalmamaq, onun ön cəbhəsinə çıxmaqdır.

Əlbəttə, biz bununla elmin inkişaf yolunun mü­rəkkəbliyini, burada da böhranların və inqi­lab­la­rın labüdlüyünü inkar etmək is­tə­mi­rik. Əsas məqsəd, təfərrüatlara varmadan, yekun inkişafın va­hid is­ti­qa­mətini və müntəzəm xarakterini göstərməkdir.

Lakin doğrudanmı elmi tərəqqinin həddi-hü­dudu yoxdur? Bəs bu prosesin məhdudlaşdırılmasına yönəldilmiş amillər necə?

Belə amillər var və o dərəcədə ciddi amillərdir ki, bir sıra təd­­qi­­qatçılar elmin son həddindən, onun in­kişafında «doyma» ha­lın­dan, elmi potensialın tü­kən­məsindən söhbət açırlar. Doğrudan da, əgər elmi in­formasiya həddindən artıq çoxalırsa, insanın intel­lektual im­kanı əsasən yerində saydığı halda, elm gün­dən-günə mürəkkəb­ləşirsə belə söhbətlər tama­milə təbiidir.

Elmin son həddi barədə mübahisələr yalnız müasir dövrdə or­­taya çıxmamışdır. Bu haqda əvvəl­lər də danışılmışdır. Məsələn, XIX əsrdə texnikanın sürətli inkişafından sonra durğunluq yaran­dı­ğı və me­xanisizmin elmi düşüncə tərzinə hakim kəsildiyi bir şə­rait­də bundan sonra elmin yenə inkişaf etməsi imkanı şübhə altına alı­nır­dı. Elmin real inkişaf yolu isə göstərdi ki, burada hər bir böhran həd­din­dən son­ra dünyanın yeni elmi mənzərəsinə, yeni təfəkkür tər­­­zinə keçidlə əlaqədar sıçrayışlı inkişaf başlanır və s. Lakin mü­a­sir dövrdə elmin hüdudu ilə əlaqədar şübhələr daha çox sosial amil­lə­rin təhlili nəticəsində yaranır. Məsələn, elmin müasir inkişafı el­mi işçilərin sayı­nın sürətlə artması ilə müşayiət olunur. Bu sürət Yer kürəsində adam­ların sayının artma sürətindən qat-qat bö­yük­dür. Deməli, bu hal müntəzəm davam edərsə, yaxın gələcəkdə gə­rək bütün adamlar elmlə məşğul olsunlar. Bəs sonrakı inkişaf nəyin he­sabına təmin ediləcəkdir? M.Delbryukun dediyi kimi, cə­miyyət həmişə cavan qalır, elm isə qocalır.

Bu cür dəlillərə istinad edən tədqiqatçılar unu­durlar ki, elmi işçilərin sayının artması elmin inki­şafını təmin edən yeganə amil de­yil. Bu gün elmin tətbiqi sayəsində istehsalatda ekstensiv inkişaf xət­tindən intensiv inkişaf xəttinə keçildiyi kimi, elmin öz inki­şa­fın­da da intensiv xəttə keçid təmin edilərsə, elmi işçilərin sayını ar­tır­ma­ğa ehtiyac qalmaz. İn­for­masiya tutumunun məhdudluğuna gə­lin­cə, burada elektron-hesablama maşınlarının yaddaşı insanın kö­mə­yinə gəlir. Elm özü öz gələcək inkişafı üçün yol açır.

Kompüter texnologiyasının inkişafı ilə əla­qə­dar olaraq elmi informasiyanı saxlamaq imkanları da xeyli artmışdır. Əgər əvvəllər ilkin informasiya və material toplanması və onlardan istifadə me­xa­nizm­lərindən tutmuş yeni elmi nəticələr alınmasına qədər bütün idraki pro­se­dur­lar bir insan beynində ge­dir­di­sə, indi alimlər kom­pü­terlərin tim­sa­lında öz fəaliyyət dairələrini kifayət dərəcədə ge­niş­ləndirə, ha­be­lə müx­təlif alimlərlə birgə fəaliyyətə qoşula bilir­lər. Yəni əslində söh­bət elmi yaradıcılığın fərdi miq­yas­dan el­mi iş­çi qrupu və ya hət­ta müəyyən ixtisas üzrə elmi ictimaiyyət miq­ya­sı­na keçmə­sin­dən gedir. İn­sa­nın, elmi işçinin böyük miqyaslı ana­­lo­qu olan bu ye­ni ictimai subyektin düşüncə və elmi yaradıcılıq fə­a­liyyəti hələ ki­fa­yət qədər tədqiq olunmamışdır. Epis­temologiya min illər boyu an­caq fərdi elmi ya­ra­dı­cılığı, fərdi elmi idrakı tədqiq et­mişdir. Am­ma son yüzillikdə gedən idrak prosesləri artıq yeni tip­­li və yeni ma­hiyyətli proseslərdir. Burada idrakın öz da­xi­li sosial strukturu vardır. Düzdür, bu yanaşma bir növ “sosial idrak” anla­yı­şı­nı xa­tır­la­dır, amma biz sa­də­cə sosial idrakdan deyil, ictimai miq­yas almış və bu mənada sosiallaşmış elmi idrak prosesindən da­nı­şı­rıq.

Elmi informasiyanın və elmi idrak metod­la­rı­nın geniş miq­yas aldığı bir şəraitdə ayrıca gö­tü­rül­müş bir alim artıq ona alter­na­tiv olan və elmin sub­yekti kimi çıxış edən “elmi ictimaiyyət”lə rə­qa­bətdə çətinlik çəkir. Yəni hansısa daha böyük tədqiqat qru­puna da­xil ola bilməyən elm adamı bir növ oyun­dan­kənar vəziyyətdə qal­­­mış olur.

Vəziyyətdən çıxış üçün fərdi tədqiqatçılar gec-tez bu və ya di­gər elmi məktəblər tərəfindən cəlb olu­nur və onların sayəsində lo­kal elmi qruplar daha da güclənir. Ona görə də, hazırda böyük el­mi təd­qi­qat ictimaiyyətləri elmi mühiti olmayan ölkələrdəki fərdi təd­qiqatçılar hesabına genişləndiyindən getdik­cə daha çox beynəl­mi­ləlləşirlər.

Beləliklə, elmin üfüqündə yaxın gələcəkdə onun sürətli in­ki­şa­­fına mane ola biləcək heç bir şüb­həli qaraltı görünmür. Hətta tex­ni­ki tərəqqi sahə­sin­də, təbii enerji ehtiyatları sahəsində qarşıya çı­xan bir sıra prinsipial çətinliklərin də əlacı yalnız elmin tə­rəq­qi­sin­də axtarılır.

Elmin tərəq­qi­sin­dən danışa bilmək üçün me­to­doloji prinsip ki­­mi istiqamətlənmiş inkişaf anla­yışın­dan istifadə etmək lazım gə­lir. Belə ki, elmin daxili hərəkəti, hansı isə biliklərin arxaikləşməsi və hansı isə yeni tədqiqat sahələrinin və yeni biliklərin ak­tual­laş­ma­sı prosesi həmişə gedir və bu tipli ha­di­sə­lərin, dəyişmələrin in­ki­şaf kimi götürülməsi elmdə hər hansı bir inkişaf qanunauyğun­lu­ğunun açılma­sı­na imkan verə bilməz. Belə bir qanunauyğunluğun mü­əyyən edilməsi üçün isə öncə hə­rə­kətin üstün is­tiqamətləri mü­əy­yənləşdirilməlidir. Yəni biz inkişaf ka­te­qoriyasından yox, əs­lin­də tərəqqi anlayışından çı­xış edirik və bu zaman tərəqqinin meyar­la­rı bəlli olmalıdır.

XX əsrin 50-60-cı illərində “elmşünaslıq” və ya “elm haq­qın­da elm” adı altında ortaya çıxan yeni təd­qiqat isti­qa­mə­ti elmdə məhz riyazi olaraq qiy­mət­ləndirilə bilən pa­ra­metrlərin təh­lili ilə əla­qədar idi. Be­lə ki, elmin sosial sistemə çevrilməsi və mad­di ic­ti­mai təcəssümü məhz elm üçün spesifik olan bir sıra ha­di­sə­­lə­rin öl­çül­məsinə imkan yaratdı. Bunlar ilk növ­bədə elmi-təd­qi­qat mü­əs­si­sə­lərinin, elmi məktəb­lərin, elmi işçilərin, jurnalların, mə­­qa­lə­lərin və s. və s. sayılması və müəyyən statistik nəticələr əldə edil­­mə­sin­dən ibarətdir. Yəni əslində böyük elm, onun daxili məz­mu­nu, ev­ris­­tik proseslər və s. kənar edil­məklə ancaq məhz ölçülə bil­di­yi­nə gö­rə bir qrup za­hiri göstəricilər ümumiyyətlə elmin inki­şaf gös­tə­ri­ciləri kimi önə çıxdı.

Əslində kəmiyyət göstəricilərinin önə çıxması üçün elmin özü­nə olan münasibət buna uyğunlaş­dı­rılmalıdır. Tanınmış elmşü­nas D.Prays 60-cı illərdə yazırdı: “Elm odur ki, elmi jurnallarda, məqalələrdə, mo­noqrafiyalarda çap olunur”.1 Görünür, riyazi mo­del­­ləşdirmənin tətbiqi üçün elm anlayışı bu dərəcədə bəsit­ləş­di­ril­mə­li imiş. Elmin inkişafının belə formal göstəricilər əsasında tə­səv­­vür olunması riyazi elm­şü­naslığın hələ dəbdə olduğu 70-ci illər­də bizim tərə­fimizdən tənqid olunmuşdu.2

Kəmiyyət artımı ilk növbədə elmi biliklərin ço­xal­ması və on­ların saxlanması üçün istifadə olu­nan vasitələrin həcminin art­ma­sı ilə bağlıdır. Əgər biz kitabların sayının dinamikasını nəzərdən ke­çir­sək, hətta hər bir dar ixtisas sahəsi üzrə elm ada­mı­nın oxumaq imkanlarından qat-qat çox informasiya toplandığı aşkar olur. Əv­vəllər müəyyən sahə üzrə alim olmaq üçün cəmi bir neçə məş­hur ki­tabı oxu­maq kifayət edirdi. İndi isə bütün planet miqyasında el­mi kitabların sayı sürətlə artır. E.Tofflerin müra­ciət etdiyi statistikaya görə, XVI əsrə qədər Avro­pa­da ildə təqribən 1000 adda kitab çı­xır­dı. Başqa sözlə, bütöv bir əsr ərzində cəmi 100 000 kitab. 1950-ci ilin hesablamalarına görə isə, cəmi bir ildə 120 000 kitab çap olu­nurdu, 60-cı illərdə artıq gündə 1000 kitab! E.Tofflerin hesabla­ma­la­­­rına görə, dünya miq­yasında elmi-texniki ədəbiyyat hər il 60 mil­yon sə­hifə artmaqdadır.1 Amma bunlar ancaq kəmiyyət göstəricilə­ri­dir.

XX əsrin 60-cı illərində elmi işlərin keyfiyyət göstəricilərini rəqəmlərlə ifadə edə bilmək üçün E.Qar­fildin təşəbbüsü ilə ya­ra­dı­lan Elmi İnformasiya İnstitutunda iqtibasların sayına görə də­rə­cə­lən­mə sis­temi tətbiq olundu.2 Əlbəttə, bu sistemin üstün­lük­ləri çox­dur. Amma real elmilik dəyərini bu yolla də­­qiq ölçmək mümkün de­yil. Elm tarixində elə hal­lar olmuşdur ki, böyük elmi ideyalar uzun müddət digər tədqiqatçıların diqqətindən kənarda qalmışdır. Yə­­ni Qarfildin indeksasiya sistemi elmi işin dəyə­ri­ni, elmin inkişaf səviyyəsini ölç­məkdən daha çox, “elmi dəbin” tendensiyasını mü­əy­yənləş­dir­mək üçün səmərəlidir.

Bibliometriya və kitabxanalarda elektron re­surs­­ların idarə olun­ması üzrə tanınmış mütəxəssis V.V.Pislyakov yazır: “İqtibas (sitat) gə­tir­mələrin struk­turunun təh­li­­linin və bibliometrik göstəri­ci­lərin tə­yininin əsasını vaxtaşırı mət­bu­at üzrə məlumatların “iqti­bas” ba­za­sı təşkil edir. Burada yalnız jur­nal nəşr­ləri haqqında bibli­o­qrafik mə­­lu­matlar (müəllif, başlıq, jur­na­lın adı, il, cild, buraxılış, sə­hi­fə­lər) de­yil, həmçinin məqalədə iq­ti­bas gətirilən ədəbiyyatın si­ya­hısı top­lanır. Bu, həm hər hansı bir mə­qalədə iq­ti­bas gətirilən nəşr­­lə­ri, həm də bu məqalədən iq­tibas gə­ti­rən nəşrləri tapmağa im­kan ve­rir. Bu yol­la isti­fadəçi onu maraq­lan­dı­ran məsələ üzrə bütün bib­­li­o­qra­fiyanın səmərəli axtarışını həyata ke­çirə bi­lir. Ey­ni za­man­da bu cür məlumatlar bazası üzə­rində yara­dı­lan və bütünlüklə jur­nal­lar üzrə məlumatları birləş­di­rən xüsusi “üst­qurum” mütəxəs­sis­lərə döv­ri nəşr­lə­rin biblioqrafik göstəricilə­ri­nə çıxış əldə etmək im­kanı verir.”1İqti­basları saymaq mümkün olduğundan onun bir key­fiyyət göstəricisi kimi istifadə olunması başa düşüləndir. Lakin, biz­cə, iqti­basların çoxluğu hə­lə məqalənin və ya kitabın ideya ori­ji­nal­lığına də­lalət edə bilməz. Belə ki, burada müəyyən bir möv­zu­nun dəbdə olması, müəllifin və jurnalın nüfuzu daha çox rol oy­na­yır.

Qarşıda duran problem “elmin inkişaf səviy­yə­si” anlayışını kon­kretləşdirmək, real inkişafın göstə­ri­cilərini, meyarlarını müəy­yən etməkdən ibarətdir. Yəni elmin bir səviyyəsi başqasından hansı gös­tə­ri­ci­yə görə üstün sayıla bilər? Və ya başqa sözlə, el­mi­liyin me­­yarları nədən ibarətdir? Bax, görünür, el­mi tərəqqinin alt qatla­rın­­da gedən prosesləri araş­dır­maq və onları rəqəmlərin, riyaziy­ya­tın dili ilə ifadə et­mək çətin olduğuna görə, elmşünasların böyük ək­­səriy­yəti elmin üzdə olan parametrlərinin dinami­ka­sı­nı “elmi in­ki­şaf” adı altında araş­dır­mağa üstünlük ver­dilər. Əslində isə elm an­caq çoxölçülü fəzada mü­­rək­kəb bir sistem kimi nəzərdən keçirilə bi­lər. Bi­zim ikiölçülü və üç­öl­çü­lü fəzada hansı isə qanuna­uy­ğunluq tap­maq cəhdlərimizin reallığa uyğun nəticə verməsi ona görə müm­kün deyil ki, elmin hər bir ra­kursu özlüyündə üçölçülü sis­tem­dir. Digər tərəf­dən, elmin bəzi rakursları skalyar yox, ancaq vek­to­ri­al kəmiyyət olaraq araşdırılmalıdır. Yəni söhbət istiqa­mət­­lənmiş in­kişafdan gedir. Bir çox ölkələrdə həqiqi böyük elm əvəzinə onun surroqatları, psevdoelmi tə­sisatlar fəaliyyət göstər­di­yindən burada “inkişaf” da zahiri parametrlərlə, kəmiyyət göstəriciləri ilə sə­ciy­yə­lə­nir. Belə ki, yeni binalar, yeni institutlar, kafed­ralar, labora­to­ri­ya­lar, avadanlıq və s. göstəriciyə çev­rilir. Burada proses məlum bili­k­lərin icmallaş­dı­rılması və “mənimsənilməsindən” ibarətdir.

Vahid yaradıcı elm sistemində isə inkişaf hətta yeni elmi bi­lik­lərin əldə edilməsi ilə deyil, dünyanın ümumi elmi mənzərəsinin hər dəfə yenidən qurul­ma­­sı ilə səciyyələnir. Model, mənzərə ye­ni­dən qu­rul­duqda isə, biliklərin kəmiyyəti heç bir rol oy­na­mır və ək­sinə, daha kompakt model üçün onun qu­rulmasında istifadə olunan təməl biliklərin az ol­ması daha böyük üstünlük sayılır. Başqa sözlə, elmin da­xili inkişaf qanunauyğunluğu nəinki xətti tənlik və ya eks­po­nent üzrə həyata keçmir, hətta ümumiyyətlə kəsilməz funksional asılılıqdan kənara çıxır və dis­kret xarakter daşıyır. Ən sadə halda, konsentrik çev­rələr modelini misal gətirmək olar ki, burada da ra­di­usun getdikcə artması yox, əksinə, azalması bir ten­densiya kimi gös­tərilə bilər. Məzmun rakursunda elm sistemini bir tam halında mo­delləşdirmək, vahid dairə ilə işarə etmək hələ ki, mümkün deyil. Nəinki müxtəlif elm sahələri və fənlər bütövləşə bilməyib, hətta bir fənn daxilində də birlik yoxdur və bütün nəzəriyyələr vahid bir nə­zə­­riyyənin, təlimin, prin­si­pin xüsusi halları kimi nəzərdən keçirilə bil­mir. Amma ümumi tendensiya bütövləşmək istiqamə­tin­də­dir. Baş­qa sözlə desək, “elmin inkişaf səviyyəsi” üçün bir meyar da va­hi­də yaxınlaşmaq hesab olun­malıdır.

Söhbət sadəcə müxtəlif fənlərin fərqli elm sa­hələrinin yaxın­laş­masından yox, həm də empirik və nəzəri, fundamental və tətbiqi elm­lər arasında kör­pü­nün daha stabil olmasından gedir.

Empirik tədqiqatlar həm tətbiqi, həm də fun­da­mental elm­lə­rin strukturuna daxil olsa da, onların funk­siyası bu fərqli elmi isti­qa­­mət­lərdə fərqli səciy­yə daşıyır. Belə ki, empirik məlumatlar fun­da­mental tədqiqatlarda ilkin mərhələdə iştirak etməklə nəzəri ümu­mi­ləşdirmələr üçün baza rolunu oynadığı halda, tətbiqi elmlərdə təd­qiqatın son mərhələsində, bir növ elmi ideyanın yoxlanması, sı­naq­­dan çıxarılması pro­sesində kara gəlir. Nəzəri araşdırmalar isə fun­da­men­tal tədqiqatların əsasını təşkil etdiyi halda, tət­biqi elm­lər­də lokal səciyyə daşımaqla, bir növ nəzəri işləmə, tətbiqin riyazi mo­delləşdirilməsi kimi başa düşülə bilər. Ona görə də, elmin daxili məz­mununda inkişafdan danışarkən, burada tədqiqatların fərqli xa­rak­teri və fərqli istiqaməti nəzərə alınmalıdır. Bir sözlə, inkişaf müx­təlif struktur bölmələrində müx­tə­lif meyarlar əsasında və fərqli isti­qamətlərdə həyata keçir. Deməli, hansı isə vahid inkişaf qa­nu­na­­uy­­ğun­luğundan danışmaq mümkün deyil. Və ya burada fərq­li me­todologiya və riyazi üsullardan istifadə olun­masına ehtiyac var­dır. Başqa sözlə, burada spe­sifik meyarlar sistemi olmalıdır. Lakin təəs­süf ki, elmiliyin meyarları çox vaxt “elmi biliyin” həqiqiliyi və onun sözlərlə düzgün ifadə olunması prose­du­ru­nun təfərrüatları çərçivəsində axtarılır.

Vahid ümumbəşəri elm sistemi “elm üçün elm” prinsipi ilə formalaşır. Yəni burada əsas məq­səd bizim utilitar-praktik mühitin deyil, elmin özü­nün qarşıya qoyduğu problemləri həll etmək ol­du­ğun­dan, elmi işlərə qiymət verməyin də meyarları məhz “elm üçün elm” mövqeyindən müəyyən­ləşdi­ril­mişdir. Başqa sözlə, burada el­mi işə istehsalatda tət­biqdən və iqtisadi faydadan daha çox, böyük miq­yaslı elmi axtarışlarda rol oynamaq, elmin özü üçün faydalı ol­maq baxımından yanaşılır. Bu cəhət məhz fundamental elmlər üçün səciyyəvidir. Fundamental tədqiqatlar tezcə öz praktik tət­bi­qi­ni tapa bilmə­di­yi­nə görə, onların elmi dəyərinin qiymətləndirilməsi xü­­susi metodika tələb edir. Bunun üçün müəyyən bir elmi nəticəyə gətirən tədqiqat prosesinin spesifika­sın­dan əlavə, bu nəticənin elmi biliklər sistemində tut­duğu yeri və yeni nəzəriyyələr üçün oynadığı po­tensial rolu dəyərləndirmək tələb olunur.1

Baxmayaraq ki, tətbiqi elmlərdə hədəf elmin özündən daha çox, onun iqtisadi səmərəsidir, burada da elmi fəaliyyət bir neçə mər­hələni əhatə etdiyinə gö­rə, yekun nəticə alınana qədər aparılan təd­qiqat­lara ancaq elmin öz meyarları baxımından qiymət verilə bi­lər. Əlbəttə, qiy­mətləndirmənin ən etibarlı forması müvafiq sahə üz­rə mötəbər alim­lə­rin rəyidir. Yəni hər bir elmi iş ekspertizadan ke­çi­rilir, onun elmi dəyəri məhz həmin sahənin mötəbər mütəxəs­sis­ləri tərəfindən qiymətləndirilir.

Əlbəttə, bu üsul daha etibarlı olardı, o zaman ki, mənəvi mü­hit sağlam olaydı, yəni elmi tələblər yeganə meyar olaydı. Ölkə­miz­də və ümumiyyətlə Şərq dünyasında elmin dəyərləndirilməsini çə­tin­ləş­dirən ən mühüm məsələlərdən biri məhz ob­yek­tiv mü­­na­si­bə­tin və prinsipiallığın çatışmamasıdır. Görü­nür bu səbəbdən də daha çox dərəcədə formal gös­təricilərə, texniki şərtlərə üstünlük verilir. Xüsusən elmi dərəcə verilməsi zamanı formalizm mahiyyəti üstələyir və nəticədə istedadlı adamların elmə gəlişi çətinləşir.

Maraqlıdır ki, ölkəmizdə dissertasiya işlərinə qo­yulan tələb­lər sovet və Rusiya ənənələrinə uyğun olaraq bütün qiymətlən­dir­mə formalarını əhatə edir. Yəni elmi işdən həm yeni ideya, həm kom­mu­ni­ka­siya (beynəlxalq elm şəbəkəsinə daxil olmaq), həm apro­basiya, həm də tətbiqi nəticələr tələb olunur. Tələblərin bu cür müəyyənləşdirilməsi Rusiyada indi də davam edən elmilik meyar­la­rına əsaslanır.1 Yəni dissertasiya işi böyük elm sisteminin mode­li­nə uy­ğun surətdə təsəvvür olunur. Halbuki, hər bir kon­kret tədqi­qat əsəri böyük elm sisteminin əhatə etdiyi bü­tün mərhələləri özün­də əks etdirə bilməz. O yalnız böyük zəncirin müəyyən bir halqası­na uyğun gələ bilər. Bu baxımdan, özlüyündə lokal, bitmiş bir sis­tem olan tədqiqat əsəri – dissertasiya işi əslində bö­yük sistemin bir his­səsi kimi heç nəyə lazım olmur. Ona görə də, əksər hallarda dis­ser­tasiya işlərinin ar­xi­və getməkdən başqa bir aqibətini görmək çə­tin­dir. Halbuki, elm adamının səviyyəsi böyük elmə qa­tıl­ma dərə­cə­si və bu prosesdə rolu ilə müəy­yənləş­di­rilməlidir. Bizim ölkədə isə ən böyük kəşf də etsən, elmi ideyanın nəticələri həqiqətən tət­biq olunaraq böyük iqtisadi səmərə də gətirsə, ən mötəbər jurnal­lar­da məqalələrin də çıxsa (amma bu məqalələrin sayı bəlli rə­qəm­dən az olsa, elmi dərəcə ala bil­məz­sən. Çünki bunun üçün ancaq formal bir prosedur yolu keçilməli, bütöv elm modeli imitasiya olun­ma­lıdır. Bəli, elm olmayanda onun yerini imitasiyası tu­tur. Və belə bir şəraitdə ara-sıra böyük elmi işlər gö­rülürsə, onlar da imitasiya formalizminin baryerini keçə bilmir.

Bu dediklərimiz ancaq dissertasiyalara qoyulan tələblərlə bağ­­­lı­ deyil. Burada heç olmasa, müəyyən meyarlar və tələblər var­dır. Bəs müdafiədən sonra? Sonrakı tədqiqatların qiymətləndi­ril­mə­si hansı prin­sip üzrə aparılır? Yəni bizdə elmi ekspertizanın han­­sı formaları tətbiq olunur? İş stajı, ümumiyyətlə mə­qalələrin sa­yı, kitabların sayı və neçə-neçə dəyərsiz kitablar, “əsərlər” yığını.

Bizdə hələ də elmlə maarifçilik arasındakı sər­həd nəzərə alın­mır. Səbəbi isə budur ki, maarifçilik, elmi biliklərin tədrisi və təb­­liği, heç olmasa kimə isə lazımdır. Məsələn, universitetlərdə əlavə dərs vəsaiti kimi, yaxud da intellektli evdar qadınlar üçün el­mi-kütləvi ədəbiyyat əvəzi olaraq. “Elm adamlarının” isə öz həm­və­­tənlərinin yazdığını oxumağa vaxtı yox­dur, onlar ya rusdilli mən­­bələri oxuyub icmal düzəldir, başqalarının fikrindən yeni-yeni k­itablar düzüb-qoşur, ya da pul qazanmaq üçün əlavə bir işlə məş­ğul olurlar. Hətta oxusalar da, heç kim tənqidi təhlil mövqeyindən oxu­­mur. Azərbaycanda indi hət­ta müəyyən ənənəsi olan ədəbi tən­qid sahəsində də “tənqid”dən əsər-əlamət qalmayıb, o ki qala elmi ədə­biyyata münasibət sahəsində. Bir sözlə, “heç kim heç kimin ki­tabını oxumur”. Görünür elə buna gö­rə­dir ki, çıxan kitabların bö­yük əksəriyyəti elmi kitab­xa­nalara göndərilmir. Hətta Mərkəzi Ki­tab­xana belə bütün kitabları, heç olmasa, bir nüsxə halında ehtiva et­məyə səy göstərmir.

Yaranmış belə vəziyyət elmi meyarlara ye­ni­dən baxılmasını, el­­mi ekspertiza işinin daha səmərəli təşkili üçün tədbirlər görül­mə­si­ni, elmin əlaqə­lən­di­rilməsi sahəsində mövcud boşluğun aradan qal­dı­rıl­­ma­sını və s. bu kimi operativ tədbirlərin gerçək­ləşdi­ril­mə­si­ni tələb edir. Yəni ölkəmizdə heç olmasa nis­bi müstəqil elm siste­min­dən danışmaq istəyiriksə, bunun üçün ilk növbədə sistemliliyi tə­min edən şərtlər ödə­nil­məlidir. Bəs bu şərtlər nədən ibarətdir? Elm digər fəaliyyət sahə­lərindən nə kimi spesifik əlamətlərlə fərq­lə­nir? Bax, bu suallara cavab tapmaq üçün dünyada artıq yarım əsr­dən artıqdır bəlli olan elmşünaslıq fənninin heç olmazsa əsas prin­siplərini mənimsəmək lazımdır.

Biz başqa paraqraflarda həqiqi elmi inkişaf məsələlərinə xü­su­si diqqət verdiyimiz üçün, burada ancaq ənənəvi “ölçmə” me­todlarını nəzərdən keçirə­cəyik.

Elmin inkişaf qanunauyğunluğu yalnız sistemli tədqiqat sa­yə­­sin­də müəyyənləşdirilə bilər. Həm də belə qanunauyğunluqdan an­caq sta­tis­tik mənada da­nışmaq mümkündür. Hər bir konkret mə­qam­da elm özü­nün çatmış olduğu səviyyə ilə xarakterizə olunur ki, bu səviyyə də yalnız elmin həmin məqamda digər sosioloji sistem­lər arasında tutduğu mövqeyi, həm­çinin müxtəlif stabil kəmiyyət xa­rakteristikalarını müəy­­yən­ləşdirmək sayəsində öyrənilə bilər. La­kin «elm» sisteminin dinamik xüsusiyyətlərini təmin et­mək, in­ki­şaf qanunauyğunluğunu aça bilmək üçün təkcə onun ani vəziyyətini yox (bu mümkün də de­yil), keçdiyi bü­tün əsas mərhələləri müəy­yən­ləş­dir­mək, zamana görə təsnif etmək la­zım gəlir. Elmin müx­tə­lif tarixi mər­hə­­lələrdəki vəziyyətinin müqa­yi­səsi onun inkişaf qa­nu­nauy­ğun­lu­ğunun açılmasına yalnız o zaman imkan verə bilər ki, belə mərhələlər sayca çox olmaqla statistik nəticə çıxar­maq üçün ya­rarlı olsun. Elmin müx­tə­lif tərkib elementlərinin sta­tistik tədqiqi ha­zırkı dövrdə bu elementlərin eks­ponensial qanunla inkişaf etdi­yi­ni göstərir. Məsələn, xarici ölkə alimlərindən C.Bernal, D.Prays, R.Si­qer; sovet alimlərindən M.M.Kar­pov, Q.E.Vledus, N.İ.St­yaj­kin, Q.M.Dobrov, V.V.Nalimov və s.-nin tədqiqatları elmi məqa­lə­lə­rin, jur­nal­ların, alimlərin sayının hər 7-10 ildə iki dəfə artdığını götü­rür ki, bu da eksponensial inkişafa uyğundur:1
J = Jo exp(at)
(Burada Jo baxılan ilkin momentdəki, J isə t momentindəki inkişaf səviyyəsini göstərir).

Şübhə yox ki, statistik yekunlar hesabına qu­rul­muş qrafiklər eksponensial əyri ilə tam üst-üstə düşə bilməz; belə ki, elmin hər bir konkret kom­po­nentinin inkişafında kənaraçıxmalar labüddür. Müx­təlif qrafiklərin müqayisəsi göstərir ki, bu cür kə­na­raçıxmalar təxminən eyni zaman intervallarına tə­va­füq edir.

Deməli, kənaraçıxmalar özü də müəyyən qa­nunauyğunluğu əks etdirir. Məsələn, tədqiq olunan bütün tərəflərin: müəyyən elmi sahəyə həsr olunmuş jurnalların, elmi məqalələrin, elmi işçilərin, elmi ins­titut və laboratoriyaların sayının artması pro­sesində iki əsas tənəzzül momenti müşahidə edilir ki, bunlar da zamanca birinci və ikinci dünya müharibələrinə uyğun gəlir. Elmin ayrı-ayrı tərəf­lə­ri­nin inkişafında ictimai həyatdakı hadisələrin bu cür qanunauyğun şə­kildə əks olunması bütöv «elm» sisteminin sosial mahiyyətinin açıl­ması işinə geniş imkanlar yaradır. Lakin məqsədimiz elm sis­te­mi­nin yalnız ümumi proq­­nozu ilə bağlı olan məsələləri müəy­yən­ləş­dir­mək olduğundan ictimai həyatdakı müxtəlif qısa müd­dətli tə­si­­rini nəzərə almayacağıq və ümumi inki­şaf qanunauyğunluğunun müəy­yənləşdirilməsi ilə ki­­fayətlənəcəyik.

Sadə məntiqi mühakimələr göstərir ki, elmin baxılan tərəflə­ri­nin hazırkı inkişaf qanunauyğunluğu heç də həmişə davam edə bil­məz, zira onların kə­miyyət artımı üçün müəyyən zəruri məh­du­diy­yətlər vardır. Məsələn, elmi işçilərin sayı ümumiyyətlə adam­­ların sayını, kitab və jurnalların həcmi istehsal olunan ümumi kağız həc­mini, elmi xərclər ümumi mil­li gəliri, elmi-tədqiqat insti­tut­la­rı­nın miqdarı bü­tün bunların miqdarını aşa bilməz. Göstərilən yuxarı sər­hədlər özləri də inkişaf edir, lakin bu inkişafın sü­rəti xeyli ki­çik­dir və həmçinin yuxarıdan məh­dud­dur. R.Oppenqeymer məhz ifrat yu­xarı sərhəddi nə­zə­rə alaraq yazır ki, «Physical review» jurnalının ar­tımı hər halda elə xarakterdə olmalıdır ki, «onun çəkisi Yer kü­rə­sinin çəkisini aşmasın».1

Bəs baxılan tərəflərin inkişaf səviyyəsi möv­cud məhdudluq həddinə yaxınlaşdıqca inkişaf qanu­nauyğunluğunda nə kimi dəyi­şik­lik baş verməlidir? L.A.Xursin elm sisteminin bağlı olduğu tə­rəf­lərdən ikisinin – elmi xərclərin və elmi işçilərin yuxarı sər­həddə ma­lik olmasına əsaslanaraq yazır: «…Bu mo­delin çox da uzaq ol­ma­­yan gələcəyə belə eks­tra­pol­yasiyası mənasız nəticələr verir. Be­lə çıxır ki, artıq yaxın gələcəkdə elm istənilən ölkənin bütün milli gə­lirini əhatə edəcək, elmi sferada isə bütün insanlar olacaqlar. Cə­miyyətin elmin təcavüz­kar­lı­ğın­dan xi­las etmək məqsədi ilə D.Prays saturasiya ideyasını irəli sürmüşdür və belə sayır ki, elm loqistik əyri bo­yunca inkişaf edir».2

İndi isə görək məhdudlaşdırıcı həddə malik olan tərəflərin in­kişaf xüsusiyyətləri təklif olunan qanunauyğunluqla (loqistik əy­ri) nə dərəcədə uzla­şır. Bunun üçün, əvvəla, loqistik əyri boyunca in­kişafın xarakteri ilə tanış olaq: «Loqistik əyri» üçün analitik ifadə



; k > 0 (1)
aşağıdakı diferensial tənliyin həllidir:
; 0 < y < b; (2)
Bu halda artım məhduddur, belə ki, b sabiti y kəmiyyətinin mak­si­mal qiymətidir. Digər əmsallar: a və k da sabit kəmiy­yət­lər­dir. Artımın nisbi sürəti dy/ydt = k(b-y) artıq sabit kə­miy­yət olma­yıb y-in xətti funksiyasıdır. Bizi ma­raq­lan­dıran tərəfin çat­dığı sə­viyyə nə qədər yüksək olursa, artım sürəti də bir o qə­dər az olur».1 Sxem 3-dən göründüyü kimi, loqistik əyri inki­şa­fın eksponensial artıma uyğun gələn birinci mərhələsini əks etdirir. Lakin ikinci mün­təzəm mər­hələ absis oxuna paralel olan asimptotla sərhəd­lən­mişdir ki, bu da yu­xarı sər­həd­lərin heç bir istiqamətli inkişafda bulunmasına mü­vafiqdir.


Sxem 3.
Bu cür qiymətləndirmə dialektik təsəvvürlərə tamamilə zid­dir. Yuxarıda göstərdiyimiz kimi, elmin hər bir konkret tərəfinin in­kişaf səviyyəsi üçün möv­cud olan məhdudluq hədləri heç də tam sta­bil ol­ma­yıb məxsusi inkişafa da malikdir. Əgər baxılan elmi tə­rəf­lərin inkişafı yalnız yuxarı sərhəddin varlığı uc­batından lən­gi­yir­sə, deməli, on­ların artması, gec, ya tez sərhəddin artma qanunu ilə baş verməlidir. Əgər başqa ləngidici amillər də varsa, onda inkişaf sü­rəti, təbii ki, daha da aşağı düşməlidir. Deməli, yuxarı sər­həd­lə­rin inkişaf qanuna­uy­ğun­lu­ğu müvafiq elmi tərəflərin inkişafındakı ikin­ci müntəzəm mərhələnin maksimal səviyyəsini əks etdirir. Bun­dan başqa, I və II müntəzəm mər­hələ arasında müəyyən keçid mər­hələsi olmalıdır və keçid özü də ixtiyari şəkildə yox, müəyyən


­



Sxem 4.

qanunauyğunluqla baş verməlidir. Lakin ayrılıqda ya­naşdıqda ke­çid mərhələsinin kəmiyyət xarak­teris­tikalarını müəyyənləşdirmək ol­duqca çətindir və bu­na görə də, əvvəlcə hər iki müntəzəm dövrü əha­tə edən ümumi inkişaf qanunu tapmaq lazımdır. Bu hal­da uy­ğun riyazi qrafik keçid hissəsini də əhatə edəcək ki, əyrinin həmin his­sədəki xarakteri ən çox ehtimala görə, keçid mərhələsindəki qa­nu­nauy­ğunlu­ğu əks etdirəcəkdir. Modelləşdirmənin ən yüksək və­ziy­yəti də bundan ibarətdir ki, aralıq mərhələlərin qiy­­mət­lən­di­ril­mə­sinə imkan yaradır.

Beləliklə, birinci müntəzəm mərhələni ekspo­nen­sial, ikincini isə yuxarı sərhəddin inkişaf qanuna uyğun şəkildə götürməklə el­min istənilən konkret tərəfinin inkişaf qrafikini qurmaq mümkün­dür.

Sxem 3-də elmi işçilər sayının ümumi inkişaf mənzərəsini təsvir etməyə çalışmışıq. Burada φ(t) əy­risi ümumiyyətlə adamlar sayının artma qanuna­uyğunluğunu göstərir. Sxemdə adamların və el­mi işçilərin sayı arasında daimi interval saxlanmışdır və bizim fik­rimizcə, bu cür fərqin qalması labüddür. Yeri gəlmişkən, qeyd edək ki, bəzi tədqiqatçılar elmin ictimai xarakterini və elm ilə sənət ara­sındakı fərqi lazımınca qiymətləndirməyərək iddia edirlər ki, gə­ləcəkdə «hər kəs elm sferasında xidmət edəcək­dir».1 Bu fikirlə heç cür razılaşmaq mümkün deyil; bütün adamlar elmi bilik əldə edə bilər və öz fəaliyyətində ondan istifadə edə bilər, həmçinin pe­şə vərdişlərinin formalaşmasında da elmin nailiyyətlə­rindən isti­fa­də edilə bilər və bu labüddür, lakin nə­zə­rə alınmır ki, elmi bi­lik­lərin və peşə vərdişlərinin öy­rənilməsi və istifadə olunması heç də elm sfe­rasında xidmət etdiyini göstərmir.

Elmin yuxarıda təhlil etdiyimiz digər element­ləri üçün də analoji qrafiklər qurmaq olar. Lakin mən­tiqi mülahizələr əsasında ver­diyimiz düzəlişi yal­nız o vaxt rasionallaşdıra bilərik ki, onu ri­yazi ifa­də edə Bilək. Bunun üçün (2) tənliyində b sabi­ti­nin əvə­zin­də sərhəddin dəyişmə qanununu ifadə edən

; z = φ(t); (3)
baxdığımız məsələnin şərtlərini düzgün əhatə edir.*

Elm sisteminin baxılan konkret elementləri üçün mövcud olan yuxarı sərhədlərin də inkişaf et­məsi faktı mütləq məhdudiy­yət­lərin olmaması haq­dakı təlimə tamamilə müvafiq gəlir. İnkişafın xa­rak­teri, sürəti, həyatakeçmə formaları dəyişə bilər, in­kişaf pro­se­sin­də bir qanunauyğunlun başqası ilə əvəz oluna bilər, lakin inkişaf bütövlük­də kəsilə bil­məz. Əgər bir qrup tədqiqatçı1 elmin müxtəlif kom­ponentlərinin inkişaf sürətinə olan məhdudiyyəti in­kişafın özünə olan məhdudiyyət kimi qələmə ve­rirsə, bu yalnız metodoloji qüsurun nəticəsidir, metafizik ya­naşma tərzinin təzahürüdür.

Bundan başqa, bütün faktiki materiallar elmin yalnız ayrı-ayrı komponentlərinin (elmi işçi kütləsi, informasiyanın ötürülməsi vasitələri, elm üçün lazım olan xərclər və s.) inkişaf xüsusiy­yət­lə­ri­ni əks et­dirdiyi halda, tədqiqatçılar aldığı nəticələrin nə üçünsə – heç bir məntiqi əsas göstərmədən, bütöv­lük­də elm sisteminə aid edir­lər. Belə əsərlərdə anlayışlardan o dərəcədə qeyri-müəyyən şə­kil­­də isti­fadə edilir ki, elm ilə onun müxtəlif tərkib ele­ment­ləri arasında ümumiyyətlə fərq qoyulmur; guya sis­temin hər konkret ele­mentinə xas olan cəhətlər sis­temin özünə də xas olmalı imiş. Be­lə nəticə müasir sistemli yanaşma nəzəriyyəsində müəy­yən­ləş­dirilmiş olan metodoloji prinsiplərlə, sistem və onun ele­ment­ləri haqdakı təsəvvürlə bir araya sığa bilməz.

Elmin ayrı-ayrı elementlərinin saturasiyasına (doyma, sa­bit­ləş­mə halı) dair fikirlər nəticə etibarilə qüsurlu olsa da (bunun belə olduğunu biz yuxarıda göstərmişik), müəyyən qnoseoloji əsaslara ma­likdir və bu məsələ haqqında danışılması elmi cəhətdən bəlkə ma­raq doğura bilər. Lakin bütöv elm siste­mi­nin saturasiyası haq­qın­dakı fikirlər o qədər qüsurlu nəticələrə gətirir ki, bizcə, bu haq­da mübahisə et­məyə belə dəyməz. Belə ki, elmi inkişafda doyma ha­lı istər-istəməz ümumiyyətlə ictimai tərəqqidə öz əksini tapmış olar­dı ki, sonuncuda durğunluğun ya­ranmasını qəbul etmək möv­cud dialektik təsəv­vür­lərə heç cür uyğun gəlmir. Şübhəsiz ki, elmi in­ki­şafda doyma halı elə həmin dövrdə ictimai tərəq­qi­nin da­yan­masına ekvivalent deyil, zira ictimai tərəq­qi çoxaspektli proses ol­maq­la cəmiyyətin daxili qrup­ları arasındakı münasibətlərin də inki­şafını əks etdirir. Lakin elmi inkişafda durğun­luq yaranmış ic­ti­­mai inkişafın digər istiqamətlərdə davam etməsinə də mane olardı, zira ictimai qruplar arasındakı zid­diyyətlərin həllinə aparan ən vacibilkin hadisə­lər­dən biri məhz elmi-texniki tərəqqidir. El­min satura­si­ya­sı haqdakı fikirlər isə, istər-istəməz gələcəkdə elmi-texniki tərəq­qi­nin də durğun­laşmasını, tükən­mə­­sini qəbul etməyə ekvivalentdir, çün­ki müasir dövr­də elmi-texniki tərəqqidə aparıcı rol oynayan məhz elmin inkişafıdır.

Digər tərəfdən, cəmiyyətin bütün tarixi inkişaf yolu göstərir ki, elmə olan tələbat getdikcə daha çox dərəcədə artmaqdadır və mövcud sosial ziddiyyətlər həll olunduqdan sonra ictimai tərəqqidə ağırlıq mər­kə­zi qlobal inkişaf xəttinə – elmi tərəqqiyə keçə­cək­dir. Hə­­lə bir əsrdən də qabaq K.Marks yazırdı ki, gə­lə­cəkdə yekun is­teh­salın effektivliyi istehsal sfe­ra­sına sərf edilən əməklə yox, elm sfe­rasına sərf edilən əməklə, elmin ümumi inkişafı və onun tex­no­lo­ji tətbiq səviyyəsi ilə təmin olunacaqdır. Belə bir dövr hələ tam mənasında gəlib çatmamışdır, lakin ictimai həyatda baş verən bü­tün dəyişilmələr tarixin məhz hə­min istiqamətdə getdiyini gös­tə­rir. Və əgər belə­dir­sə, heç bir tutarlı əsas olmadan, yalnız el­min bə­zi kom­ponentlərinin inkişafındakı məhdudiyyətlərə – həm də doy­ma ha­­lına yox, yalnız inkişafdakı məh­du­diyyətlərə – əsas­lan­­­maqla gə­lə­­cəkdə elmi inkişa­fın dayana bilməsi haqqında danış­maq nə də­rə­cədə qa­nunauyğundur?

Maraqlı burasıdır ki, başqa aspektdə tədqiqat aparan alimlər də eyni bir səhv nəticəyə – elmin sa­tu­rasiyasının labüdlüyü qəna­ə­ti­nə gəliblər. Bu cür fikrə ən çox elm sisteminin vacib tərkib his­sə­lə­rin­dən olan elmi biliyin tədqiqində rast gəlirik. Yu­xa­rıda araş­dır­dı­ğımız hallarda olduğu kimi, yenə də bəzi konkret elementlərə aid olan məh­dudiyyət bü­töv­lükdə elmi biliyə, hətta elm sisteminin in­ki­şa­fına şamil edilir: «Daha mürəkkəb hadisə və şeylər sis­teminə aid olan faktları topladıqca və onları qanu­nauyğunluq şəklində ümu­­mi­ləş­dirdikcə, elm (kursiv bizimkidir – S.X.) mürəkkəblik astanasına çatır».1

Elmi bilik səviyyəsinin inkişafında ikinci mün­təzəm mər­hə­lə­nin «doyma» xarakteri daşıması fikri dialektik inkişaf prinsipi ilə uz­laşmır və aşağıdakı qü­surlu mövqelərdən birinə uyğun gəlir:


  1. Cəmiyyət kainatın bütün qanunlarını öy­rə­nir və kainat üzərinə tam hökmran olur ki, daha yeni öyrənmə obyekti qalmır.

Lakin təkcə kainatın sonsuzluğu faktından da məlumdur ki, bu cür öyrənmə mümkün olsa belə, yalnız sonsuz zaman ərzində hə­yata keçə bilər. Hər hansı sonlu zaman hissəsindəki inkişafa isə qrafikin yalnız ilkin hissəsi – ekponensial hissəsi də uyğun gələ bilər (sxem 3, 4).

  1. Kainatdakı hadisə və qanunauyğunluqların yalnız bir hissəsi dərk edildikdən sonra yerdə qalan hadisələrin öyrənilməsi mümkün olmur.

Bu cür təsəvvür kainatın dərkolunanlığı haqda materialist dünyagörüşünə ziddir və aqnostisizm möv­qeyinə uyğun gəlir.

Elmin strategiyası haqda fikirlərin səhv nəticə­lərə gətirməsi bir sıra tədqiqatçıların nəzərindən heç də yayınmamışdır və ədə­biy­yat­da bu fikirlərin tən­qidinə tez-tez rast gəlmək olar. Bizcə, belə tən­qid­lərdə əsas məqsəd qüsurlu nəticəyə gətirən sə­bəb­ləri araşdır­maq­dan və tədqiqatçıların nədə yanıl­dıq­larını açıb göstərməkdən iba­rət olmalıdır.

Lakin, çox təəssüf ki, bu sahədəki tənqidlər ol­duq­ca səthi xarakter daşıyır və tədqiqatçıların şəxsi münasibətindən baş­qa bir şey deyil. Məsələn, M.M.Kar­pov yazır: «Elmi inkişafda» «sər­həd nəzə­riy­yəsi» olduqca qüsurludur. İdrak prosesi son­suz­dur, o nə da­ya­na, nə də yavaşıya bilər. Çətinliklər ya­randıqda onların ara­dan qal­dırılması yollarını elmin özü tapır…”.1 Yaxud İ.Leyman bu mə­sə­ləyə münasibətini belə şərh edir: «Bütün bunlar* fərz et­məyə imkan verir ki, elmin xalis eksponensial artımı sonsuz olaraq müm­kün deyilsə də, doyma halı olmayacaqdır».2 Göründüyü kimi, müəl­liflərin etira­zı olduqca ümumi xarakter daşıyır və elmin daimi in­kişafına sadəcə olaraq ümid bəsləmək kimi səs­lənir.

İstər elmin yuxarıda tədqiq etdiyimiz kompo­nent­lərinin, istərsə də elmi bilik səviyyəsinin sər­həd­də malik olması haqdakı fikirlər heç də təsadüfən meydana çıxmamışdır. Müasir tədqiqatlar göstərir ki, insan beyninin informasiya tutumu sonludur və hadisə­lərin, qanunauyğunluqların çox cüzi hissəsini əks etdirə bilər. Bu haqda L.A.Xursin yazır: «Mü­rək­kəblik astanasının mövcud olması insan beyninin informasiya tutumu 27 bitlə xarakterizə edilən qısa­müddətli hafizəsinə qoyulan məhdudiyyətlərin nəti­cə­sidir».3

Əgər elmi bilik səviyyəsi ayrıca adamların da­xili aləmi ilə müəyyənləşmiş olsa idi, elmi biliyin məh­dud olduğunu iddia edənlər tamamilə düzgün möv­qedə durmuş olardılar. Lakin elmi biliyin inki­şa­fı ümumi istiqamətli inkişafın bir hissəsi olmaqla ic­ti­mai prosesdir və hər bir dövrdəki elmi bilik səviy­yə­si ayrıca insanın yox, ümumiyyətlə insanın daxili aləmi ilə (cəmiyyətin əldə etdiyi bütün elmi nailiy­yət­lərlə) müəyyənləşir. Bu barədə K.Marks yazır: «hər cür elmi iş, hər cür kəşf, hər cür ixtira ümumi əməkdir. O qismən müasirlərin əməkdaşlığı, qismən də sələflərin əməklərin­dən istifadə olunması ilə şərt­lənir».1

Dialektik təhlil göstərir ki, ayrıca bir sahədə təkcə ümumiyə nəzərən qabağa gedə bilər və daha də­qiq desək, ümuminin inkişafı məhz ayrı-ayrı tək­cələrin irəli çıxması hesabına baş verir. Təkcənin qa­bağa çıxması heç də əvvəlcə onun ümumiyə çev­ril­məsini tələb etmir və bu mümkün də deyil. Eləcə də, ümumi insan anlayışına nəzərən təkcə rolunu oyna­yan konkret insanın hər hansı dar elmi sahədə ye­nilik etməsi üçün heç də bütün mövcud bilikləri bey­nində cəmləşdirməsi tələb olunmur.

Qeyd edək ki, hər bir konkret elmin inkişaf aktı yeni bilik­lə­rin qazanılması və onların ictimai­ləş­məsi kimi iki müstəqim mər­hə­ləyə bölünə bilər və biz bu mərhələlərin hər birində məhdudluq ehti­ma­lını ayrı-ayrı yoxlamağa çalışacağıq.

Yenilikgətirmə (konkretlik üçün birinci mərhə­ləni belə adlandıracağıq) iki yolla olur:



  1. Hələ məlum olmayan (ümumiyyətlə insa­nın daxili alə­min­də əks olunmamış) təbiət hissəsi* müəy­yən şəraitdə ayrıca in­sa­nın daxili aləmində əks olu­nur ki, sonuncunu mövcud qaydalarla (in­forma­siya vasitələri nəzərdə tutulur) şərhi elmi biliyin ümumi in­kişafına gətirir. Belə yeniliklər, bir qayda olaraq, müşahidə və eks­periment yolu ilə əldə edilir və elmin ekstensiv, eninə inkişafını təmin edir.

  2. İnsan özünün, eləcə də cəmiyyətin intel­lek­tual baza­sın­da, ictimai hafizədə artıq mövcud olan ele­mentlər arasında əvvəllər mə­lum olmayan elə əla­qələr yaradır ki, bunların şərhi elmin dəri­ni­nə inki­şafını təmin edir. Belə yeniliklər nəzəri tədqiqat yolu ilə əl­də edilir.

Birinci halda müşahidə edilən halın yeniliyini, əhəmiyyətini görə bilmək və onu nümayiş etdirmək üçün ikinci halda isə, analoji əlaqələrdən istifadə edə bilmək və tapılmış münasibəti elmi şəkildə şərh edə bilmək üçün insan uyğun sahələrdə lazımi infor­ma­si­yaya malik olmalıdır. Hər bir konkret elmi təhlil üçün tələb olunan bu cür sahələr isə insanın ümumi informasiya tutumuna nəzərən çox-çox kiçikdir və de­məli, yenilik gətirmək üçün heç də informasiya çox­luğu yox, nəticə çıxarmaq qabiliyyəti – məntiqi təfəkkür tələb olunur.

Məlum fizioloji faktlar da gəldiyimiz nəticəni təsdiq edir. Mə­­sələn, A.Q.Mıslivçenko yazır: «…Əsas məsələ beyinin çə­ki­sin­də və ya hətta hü­ceyrələrinin sayında yox, onların arasındakı əla­qənin kəmiyyət və keyfiyyətindədir… Fizioloqların fikrin­cə, mü­a­sir insanın qəbul edə bildiyi informasiya seli və onun araş­dı­rıl­ması məsələsinin həllolunma səviy­yəsi yaxın keçmişin müvafiq pa­rametrlərini xeyli aşsa da, insan beyinin imkanlarının yalnız onda birini istifadə edir».1



Sxem 5.
Müəyyən konkret sahədə yenilik gətirmək üçün həmin sa­hə­də artıq əldə edilmiş olan bütün elmi nailiyyətləri, xarakterik ter­min­ləri və s. bilmək lazım gəlir ki, buna uyğun gələn məlumat çox­luğu insan beyninin informasiya tutumuna nəzərən xeyli kiçik olsa da, həmin sahədə tam ixtisaslaşmış bilik təşkil edir. İnsanın malik olduğu informasiya ümumi həcminə görə nə qədər böyük olsa belə, heç olmazsa bir yenilikgətirmə aktı üçün lazım olan məlumat çox­lu­ğunu və analoji elementlərini tam şəkildə özündə saxlamırsa, insan elmi inkişafda bilavasitə heç bir rol oynaya bilməz.

Aydınlıq xatirinə fikrimizi sxematik şəkildə də göstərməyə ça­lışacağıq. Model ikiölçülü məkan fə­zasında qurulur, çünki əyani tə­səvvürü yalnız bu vaxt yaratmaq mümkündür. Biz də insanın bi­lik alə­minin baxdığımız məsələni təsəvvür etmək üçün ki­fayət edən sa­dələşmiş mücərrəd sxemini məhz iki­ölçülü fəzada qurmuşuq (Bax: Sxem 5). Sxemdən göründüyü kimi, I insanın məlumat əha­tə­li­liyi geniş olsa da, heç bir elementlər çoxluğunu (nə  tipli, nə x tip­li, nə də 0 tipli) özündə tam saxlamır. II insanın bilik aləmi isə nis­bətən məhdud olsa da () tipli ele­mentləri tam şəkildə əhatə edir və bu ona ek­vi­valentdir ki, II insan həmin sahədə mütəxəssisdir və ya yaradıcılıqla məşğul olmaq, düzgün elmi nəticələr çıxarmaq üçün yetərli informasiyaya malikdir.

Ayrı-ayrı konkret elmi sahələrdə yenilikgə­tir­mə­nin müm­kün­­lüyü üçün elmi işçilərin getdikcə da­ha məhdud sahələrdə ixti­sas­­laşması prosesi gedir ki, bu da elmin diferensiasiyası adlanır. Yu­xarıda gös­tər­diyimiz kimi, hər bir elmi sahə üçün zəruri olan mə­lumatlar çoxluğu öz ümümi həcminə görə insan beyninin infor­ma­siya tutumunun çox cüzi hissəsini təşkil edir və deməli, so­nun­cu­nun məhdudluğu elmi yenilikgətirmə işinə mane ola bilməz.

Digər tərəfdən, elmin diferensiasiyası nəticə­sin­də yaranan çox­­lu miqdarda müxtəlif biliklər yekun bir elmi nəticənin əldə olun­­masına xidmət edir və bundan sonra onların yadda sax­lan­ma­sı­na eh­tiyac qalmır. «Elmin tədrici inkişaf mərhələsi inqi­la­bi çevri­liş­­lə əvəz olunur və bu vaxt yı­ğıl­mış in­for­masiya çoxluğu tamamilə ye­ni bir bilik səviyyəsi ilə əvəz olunur».1 Ümumi­ləşdirici kəşflər əsa­sında qa­za­nılan yeni biliklər ilkin biliklər silsiləsindən qat-qat yığcam olur. Bu hadisə elmin inteqrasiyasını ifa­də edir və elmi informasiyanın konkretləşməsinə sə­bəb olur.

İnformasiya tutumunun sonluluğundan doğan məhdudiyyət, bəlkə elmi biliklərin artması prose­si­nin ikinci mərhələsində – qa­za­nıl­mış yeni məlu­mat­la­rın ictimailəşdirilməsi və nəsildən-nəslə ötü­rül­məsi işində təzahür edir? Hər bir insan üçün maksimal in­for­ma­si­ya tutumunun sonlu olması faktı bütöv­lükdə cəmiyyətə də şamil edil­ə bilməzmi? Axı, cəmiyyəti təşkil edən adamların sayı da son­lu­dur və iki sonlu vuruğun hasili mütləq sonlu ədəd verməlidir. Onu da qeyd edək ki, bütövlükdə cəmiyyət üçün də in­for­masiya tu­tu­mu məhdud olsaydı, elmi biliyin sa­tu­ra­siyası haqqındakı fikir təs­diq edilmiş olardı, çünki elmi yenilikgətirmənin müntəzəm su­rətdə davam et­məsi sayəsində qazanılmış elmi biliklərin miqdarı əv­vəl ya axır, istənilən sonlu səviyyəyə gəlib çat­malıdır.

Lakin bu cür mühakimədə belə bir cəhət unu­dulur ki, cə­miy­yət üçün informasiyanın saxlanması vasitələri heç də ayrı-ayrı adam­ların hafizələrinin məcmuyu ilə kifayətlənmir və bir sıra ta­ma­milə yeni keyfiyyətli tərəfləri də əhatə edir. Bu yeni tərəflər son­suz tutuma malik olmaqla cəmiyyəti informasiya qəbulunda gü­man olunan hər cür məhdudiyyətdən xilas edir. El­mi biliyin bu cür sax­lanma formalarını məxsusi keyfiyyətlərinə görə iki əsas qrupa bölmək olar:



  1. Cəmiyyət inkişafının ətraf mühitdəki ini­ka­sı. – Yeni bi­lik – əldə edilməsindən məqsəd məhz tə­biətin məqsədəuyğun su­rət­də də­yişdirilməsidir ki, bu­nun sayəsində həmin biliklərin özü ol­ma­sa da, nəticələri hazır şəkildə gələcək nəslə çatdırılmış olur*. Be­lə­­lik­lə, dəyişdirilmiş təbiət hissələri elmi biliyin saxlanma for­ma­sı­na çevrilir.

  2. Elmi biliyin məxsusi saxlanma formaları. Bu­raya bilik­lə­rin rəmzləşdirilmiş şəklinin maddi ini­kasları daxildir. Məsələn, ya­zı və şərti (həmçinin riyazi) işarələrin (kitab, qəzet, jurnal və müx­tə­lif cür yazılı əsərlər), model və sxemlərin (müxtəlif qra­fik­lər, mad­­diləşmiş modellər), danışıq səslərinin (mü­­hazirə yazılmış val­lar, lentlər), surətlərin (foto-kino lentləri) və s.-in maddi şəkildə ço­xal­dılıb saxlanması bi­lavasitə biliklərin gələcək nəslə ötürülməsinə xid­mət edir. Bundan başqa, bəzi məqsədlər üçün hesab­lama ma­şın­la­rının, kompüterlərin də informasiya tu­tu­mundan istifadə edilir ki, bu saxlanma forması konkret elmi tədqiqatlar üçün getdikcə daha çox əhə­miyyət kəsb edir. Son dövrlərdə bütövlükdə texnika da elmi bi­liyin saxlanma formalarından birinə çev­ril­mişdir və bizcə, bu ha­di­sə elmi-texniki inqilabın ən əsas xüsusiyyətlərindən birini ifadə edir.

Qeyd edək ki, göstərilən vasitələr elmi bilik­lə­rin gələcək nə­sil­­lə­rə çatdırılması – saxlanması funk­siyasından başqa, həmin dövr­­də müx­təlif ölkə və əra­zilərin elm işçiləri arasında yayılmasına da xid­mət edir ki, elmin ictimai xarakteri məhz bu so­nun­cunun he­sa­­bına mümkündür.

Elmin bütün bəşəriyyət miqyasında öz spesifik virtual məka­nının formalaşması eyni problemlər üz­rə tədqiqatlar aparan adam­la­rın internet vasitəsilə, ya­­xud beynəlxalq konfranslarda yaradılan əla­qə sa­yəsində, yaxud həmin dar ixtisas üzrə nəşr olunan elmi jur­nal ətrafında “toplanmaq” yolu ilə həyata ke­çir. Amma hələ ki, el­mi ictimaiyyətin real məkan­ları və bilavasitə əlaqə formaları üs­tün­lük təşkil edir. Biz ilk növbədə elmi kollektivləri nəzərdə tuturuq. Mü­əy­yən ixtisas sahəsi üzrə tədqiqat aparan şəxslərin “real məkan­da” birgə fəaliyyəti əsasən “tədqiqat ins­ti­tutları” çərçivəsində hə­yata keçir.

Elmi tədqiqat institutlarını səciyyələndirən və müqayisə üçün imkan verən cəhətlərdən biri işçilərin sayıdır. Belə elmilikdən kənar bir dəyərləndirmə ən­ənəsi yaranıb: elmi müəssisələrin, elmi kadrların kə­miy­yət göstəriciləri dedikdə, ən çox hallandırılan şö­bə­lə­rin, labora­to­ri­ya­ların, eksperimental avadanlığın, elmi işçilərin və kö­məkçi heyətin, el­mi jurnalların, yazılan kitabların və məqalələrin sayı və ya həcmi nə­zər­də tutulur. «Keyfiyyət» göstəricisi olaraq isə la­boratoriyanın müasir cihazlarla təchizatı, elmi işçilərin arasında el­mi dərəcəsi olanların nisbi sayı, yəni faiz göstəricisi önə çəkilir. Hal­buki bu sonuncu da sadəcə statistikadır və başqa şkalada kə­miy­yət göstəricisidir.

Bu kəmiyyət o zaman keyfiyyət göstəricisinə çevrilir ki, sis­tem işləyə bilsin. Yəni söhbət müəyyən bir yekun sistemin effek­tiv­liyindən gedirsə, burada statistik göstəricilər və ayrı-ayrı lokal pro­ses­lər yox, bütöv sistemin iş qabiliyyəti, əvvəldən axıradək baş tu­tan elmi tədqiqat prosesləri və ən başlıcası, alınan elmi nəticələr və onlara verilən dəyər önəmlidir.

Statistik göstəricisi, daha doğrusu, görüntü çox yüksək ola bi­lər. Tutaq ki, bir elmi-tədqiqat müəssisəsində 100 nəfər elmi iş­çi ça­lışır; bunlardan 60 nəfəri PhD, 25 nəfəri elmlər doktorudur, hət­ta 5 nəfər də akademik vardır. Bizim meyarlara görə bu – yüksək key­­fiyyət göstəricisidir. Amma məsələyə da­ha konkret yanaşanda, mə­lum olur ki, əvvəla, ins­ti­tutun hansı problem üzərində çalışdığı bəl­li deyil. Elmi işçilərin biri, tutaq ki, Dubnada, o biri Novosi­birsk­də, üçüncüsü – Tokio Universitetində, dördün­cü­sü – Malay­zi­ya ET Mərkəzində təcrübə keçib və hərə öz mövzusu, tədqiqat me­tod­ları və iş üslubu ilə qayıdıb, burada da onu davam etdirməyə ça­lı­şır. Am­ma buna nail ola bilmir: çünki həmin elmi mühit burda yox­dur, ordakı iş üsulu burda işləyə bilmir, ordakı elmi auranı, el­mi infrastrukturu burda yarat­maq mümkün olmur. Hərə öz iner­si­ya­sı ilə bir müd­dət çalışıb, sonra yavaş-yavaş yumşalır, yerli mühi­tə qatışır. Ək­sə­riy­yət isə Bakıda təhsil alıb mü­dafiə edən­lərdir: on­la­rın da öz ənə­nə­ləri, metodları var: AAK tələb­lə­rini daha yaxşı mə­­­nim­sə­dikləri üçün for­­mal göstəricilərə əməl et­məklə vax­tında dis­ser­ta­si­ya işi ya­zıb müdafiə edib, elmi dərəcə alıblar. Və bu bir nə­ticə sayılır. Hal­buki, elmi dərəcə əlahiddə bir amil olaraq ins­ti­tut­­da elmi tədqiqat işinin key­fiyyəti üçün göstərici sayıla bilməz. Ki­min elmi iş vərdişi daha yüksəkdir və s. bu kimi suallar isə qo­yul­mur.

Dissertasiya müdafiəsi naminə tədqiqat möv­zu­ları çox vaxt ins­titutun əsas tədqiqat probleminə uy­ğun gəlmir. Deməli, həm xarici ölkələrdən gə­lən­lər, həm də ölkəmizdə elmi iş yazanların hər bi­ri nə isə bir iş görsə də, onlar vahid bir prosesin his­sə­lə­ri­nə çev­ril­mir, ümumiləşdirici ideyaların yoxluğu üzün­dən böyük miqyaslı el­mi fəaliyyətdən söhbət aç­maq mümkün olmur. Pərakəndə təd­qi­qat­lar isə fundamental və ya tətbiqi elmlər üçün faydalı ola bi­lə­cək dərəcədə səmərə verə bilmir. Böyük tətbiqlər üçün müəyyən bir mövzu ətrafında bütün spektri əha­tə edən böyük miqyasda elmi-nəzəri strukturların canlandırılması lazımdır. Buna isə hər bir tədqi­qat­çının ayrılıqda gücü çatmaz. Elmi-tədqiqat institutu ayrı-ay­rı elmi işlərin və işçilərin sadəcə olaraq top­lusu deyil. Elmin sə­mə­rəsi o zaman artır ki, daha bö­yük miqyaslı elmi tədqiqat me­xa­niz­mləri işə düşür.



Ümumbəşəri elmin, yaxud lokal elmi struk­tur­ların inkişaf me­xa­nizm­ləri vahid qanunauyğunluq əsa­sında öyrənilə bilməz. Ona görə də, müa­sir dövr­də elm sisteminin gerçək sosial-təşkilati for­malarının öy­rə­nil­məsi və hər bir strukturlaşma üçün müvafiq inkişaf qanu­nauyğunluğundan bəhs edilməsi daha məqsədəuyğun olardı. Bütövlükdə elm isə hələ ki, abstrakt bir modeldir və biz ən ümumi tendensiyaları ancaq virtual ümumbəşəri elm məkanı üçün aşkar edə bilərik.

Hələ ki, daha çox dərəcədə bir abstraksiya olan vahid ümum­­bəşəri elm sistemi əvəzinə ayrı-ayrı sa­hə­lər üzrə və müxtəlif ölkələrdə elmin real vəziy­yə­ti­ni araşdırmaq və müqayisəli təhlil aparmağa eh­ti­yac vardır. Lakin elmin inkişaf səviyyəsinə görə öl­kə­lər arasında müqayisə aparılması bir sıra çətinliklərlə bağ­lıdır. Çün­ki elm qəti sərhəd bilmədiyinə görə, siyasi sər­hədlər oriyentir ola bilmir. Ona görə də müqayisə əsasən elmi ictimaiyyətlər və el­mi institutlar arasında daha rahat aparılır. Bəli, müasir dövrün elmi rə­qabəti alimlər ara­sında deyil, “elmi ictimaiyyətlər” arasında ge­dir. Daha doğ­rusu, ictimai miqyas almış elmi-tədqiqat prosesləri bu və ya digər bir ölkənin bu proseslərə verdiyi siyasi və iqtisadi dəs­təklə də sıx surətdə bağlı olur. Ona görə də elm sanki müxtəlif öl­kələrdə müxtəlif miqyas və templə inkişaf edir və elmin sosial in­teqrasiyası iki müxtəlif miqyasda həyata keçir. Belə ki, əgər bir tə­rəf­dən müxtəlif ölkələrdəki elmi tədqiqatların əlaqələndirilməsi və nə­ticələrin “toplanmasına” ehtiyac yaranırsa, digər tərəfdən hər bir öl­kə daxilində belə əlaqələndirmənin daha mobil və dayanıqlı for­ma­ları yaradılmalı olur. Bu cür proseslər həm də elmin təş­ki­lat­­lan­ma­sı və institutlaşması baxı­mın­dan maraq doğurur. Hər bir öl­kədə təş­kilatlanmanın op­ti­mallığı, effektivliyi, habelə bu təşki­la­ti struk­tur­ların – institutların təmin və təchiz olunması işi mü­va­fiq dövlət si­ya­sətinin tərkib hissəsinə çevrilir. Elmin ictimai həyat­da rolu ar­tdıq­ca bütün qabaqcıl ölkələrdə onun prioritetliyi nəzərə alı­nır. Bu mü­nasibət özünü həm kəmiyyət, həm də keyfiyyət para­metr­lərində gös­tərir. Elmin keyfiyyətcə dəyərləndirilməsi çətin ol­duğundan elm­şünaslar çox vaxt müqayisəni kəmiyyət göstəriciləri əsasında apa­rırlar. Mə­sələn, ABŞ və Rusiyada elmin vəziyyətini səciyyələn­dir­mək üçün aşağıdakı parametrlər müqayisə olunur: “bu gün Ru­si­yada 422 min, ABŞ-da isə 3 milyondan artıq alim vardır”.1 Yaxud keçmiş SSRİ ilə müqayisə aparılır: “Sovet İttifaqında 1 milyon 600 min elmi işçi fəaliyyət gös­tərirdi ki, bunlardan 376 mininin elmi də­rəcəsi var idi”2. (Yeri gəlmişkən, bu rəqəm bütün dünyadakı el­mi iş­çilərin 25%-ni təşkil edirdi3). Beləliklə, cəmi 20 il ər­zin­də el­mi işçilərin ümumi sayı 1,6 milyon səviy­yə­sin­dən xey­li aşağı (Ru­siyada – 422 mindir; başqa MDB öl­kə­lərini üstünə gəldikdə, cəm ye­nə də xeyli kiçik alınır) düşmüşdür. Yaxud: “1990-cı ildə Sovet İt­tifaqında 8000-ə yaxın elmi təşkilat, o cümlədən 4700 elmi-təd­qi­qat ins­titutu və konstruktor bürosu olmuşdur. Bunlardan 64%-i sa­hə elmlərinin, 16% -i akademik institutların, 11 %-i ali məktəb da­xi­lin­dəki tədqiqat müəssisələrinin və 9%-i zavoddaxili laboratori­ya­ların payına düşür”4. SSRİ dağıl­dıqdan sonra elmin səviyyəsinin aşa­ğı düşməsi yenə də rə­qəmlərlə ifadə olunur. Belə ki, elmi işçi­lə­rin xeyli qis­minin inkişaf etmiş qabaqcıl ölkələrə miqrasiya etdiyi gös­­tərilir. Nə qədər təəccüblü olsa da, ABŞ elm fondunun məluma­tı­na görə, oradakı riyaziyyatçıların və nəzəriyyəçi fiziklərin nə az, nə çox, 80%-i keçmiş SSRİ-dən kö­çənlərdir5.

Professor O.L.Fiqofskinin araşdırmalarına görə, Ru­siyanın xa­rici ölkələrdəki intellektual potensialı bu gün də kifayət qədər bö­­yük bir qüvvədir ki, Rusiya ondan faydalana bilmir.1 2010-cu il­də fizika üzrə Nobel mü­ka­fat­larına da rus mühacir alimlərininlayiq gö­rülməsi nəinki təsadüfi deyil, hətta biz deyərdik ki, intellektual miq­rasiyanın, “beyin köçünün” və yeni demokrafik vəziy­yə­tin qa­nu­nauyğun göstəricisidir.

Vaxtilə SSRİ-də nə kimi bir elmi inkişaf siyasəti aparıldığı haqqında təsəvvürə malik olmaq üçün belə bir statistikanı da xa­tır­lat­maq yerinə düşərdi: “İkinci Dünya Müharibəsindən sonra elmi iş­çilərin sayının ikiqat atması prosesi Avropada – 15 ildən, ABŞ-da – 10 ildən, SSRİ-də isə – 7 ildən bir həyata keçmişdir.2

Rəqəm göstəriciləri təkcə elmi institutların və elmi kadrların yox, elmi jurnalların və məqalələrin sayında da ifadə olunur. Mə­sə­lən, statistik göstəricilərə görə, dün­ya­da təqribən 100 min elmi və elmi-tətbiqi yönlü jurnal nəşr olunur. Bunlardan cəmi 155-i Rusiya Elmlər Aka­demi­ya­sının payına düşür. Əlbəttə, elmi jur­nal­la­rın sayı da əhə­miyyətlidir, lakin elmi statistikada daha çox dərə­cə­də mə­qalələrin sayı əsas götürülür. Keyfiyyət göstəricisini də mü­əyyən dərəcədə rəqəmlərlə ifadə edə bilmək üçün bu məqalələrə ve­rilən iqtibasların sayı əsas götürülür. Mə­sələn, 1993-2003-cü il­lər arasında ABŞ-da elmi məqa­lə­lərin sayı 2 milyon 600 min, İn­gil­tərədə 712 min, Ya­po­ni­yada 686 min, Rusiyada isə cəmi 277 min olmuşdur. Göründüyü kimi, Rusiyada məqalələrin sayı qa­ba­q­cıl ö­l­kələrələ müqayisədə xeyli aşağı olmuşdur. Biz bu rəqəmləri Y.Qarfild (ABŞ) tərəfindən əsası qoyulmuş Elmi İnformasiya İns­ti­tu­tu (İnstitute for Scientific İnfor­mation) tərəfindən hazırlanmış mə­lumatlardan götür­mü­şük. Daha doğrusu, Rusiyalı tədqiqatçı A.L.Droz­dov hə­min mənbəyə istinad edir.1 Həmin məlumatdan gö­rü­n­ür ki, iqtibasların sayına və hər 10 min nəfərə düşən paya görə mü­qayisə Rusiya üçün daha acınacaqlıdır. Belə ki, ABŞ-da iqtibas­la­rın sayı 31 min, İngiltərədə – 7 min, Ya­po­niyada – 4.700, Ru­si­ya­­da isə cəmi 800-dür. Hər 10 min nəfərə görə bu rəqəmlər mü­va­fiq olaraq 1400, 1200, 400 və, nəhayət, Rusiyada 54-dür.2 Azər­bay­­can isə bu siya­hıya ümumiyyətlə daxil edilməmişdir.

Eİİ-nin baş­qa bir araşdırması da diqqəti cəlb edir: adam­ba­şı­na düşən illik gə­lir ilə müqayisədə məqalələrin və iqtibasların nis­bə­ti aşağıdakı nə­ticələrə gətirir. Adam­başına illik gəlirin ən çox ol­du­ğu ölkələrdə bir qayda ola­raq elmi göstəricilər də yüksəkdir. Mə­sə­lən, İsveçrə, Ka­nada, İsveç, İsrail kimi ölkələr də elmi göstəri­ci­lə­rinə görə ABŞ və Yaponiyadan geri qalmırlar. Amma ma­raq­lı­dır ki, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt kimi varlı ölkələr elmi gös­tə­ricilərinə görə çox aşağı yer tuturlar.3 Deməli, məsələ təkcə mad­di imkanda yox, elmə verilən qiy­mətdə, düzgün elmi siyasət apa­rıl­masındadır.

Bir cəhət də nəzərə alınmalıdır ki, iqtibas gös­təricilərinin el­mi işlərin keyfiyyətinə uyğunluğuna tam əmin olmaq mümkün de­yil. Belə ki, Eİİ-nin məlumatları əsasən ingilis dilində nəşr olunan jur­nalları əhatə edir. Məhz həmin institutun məlumat bazası əsa­sın­da ha­zır­la­nan dəqiq elmlər üzrə indekslər (SCİ – Science Citiation In­dex) müəyyən mənada daha etibarlı olsa da, ictimai elmlər üzrə (Social Science Citiation Index) və humanitar elmlər üzrə (Arts& Hu­manities Citiation Index) indekslər gerçək elmi səviyyələrin mü­­qayisəsini vermək üçün ye­tər­li deyil. Belə ki, ictimai və hu­ma­ni­tar elm sahələrində jurnallar çox vaxt milli problematikaya həsr olu­­nur və milli dillərdə çap olunur. Yəni onların elmi dəyəri də da­ha çox ölkə və bölgə miqyasında aşkar edilə bilər. Bu çatışmazlığı ara­dan qaldırmaq üçün beynəlxalq miqyasda bir sıra alternativ in­dek­sasiya sistemləri tətbiq olunur. Məsələn, Copernicus İndex sis­te­­mi milli dillərdə nəşr olunan jurnalları da ehtiva etməyə çalışır. Fəl­səfi elmlərin xüsusiyyətini nəzərə almaq üçün ayrıca Philosophy İndex sistemi mövcuddur.

Beynəlxalq elmi meyarlar əsasında müəyyənləş­di­rilən “elmi­lik səviyyəsi” yenə də ancaq ən qabaqcıl elmi müəssisələr, jurnallar və məqalələr üçündür. Amma bu me­yarlar hər bir ölkədə beynəl­xalq miqyasa çıxa bil­məyən, dünya elminə qatıla bilməyən, bu­nun­la belə, öl­kənin təhsil sisteminə və maarifçilik işinə dəstək verə bi­lən və böyük elm üçün kadrların yetişdirilməsində mü­hüm rol oy­na­yan yerli şəraitin xüsusiyyətlərini nəzərə ala bilmir. Ona görə də, qabaqcıl ölkələrdən fərqli olaraq, inkişaf etməkdə olan ölkələrin öz meyarlarına, ekspertiza sisteminə və yerli elmi mühit üçün keçərli ola bilən elmi statistikaya ehtiyac vardır. Yəni elmşünaslıq ikinci eşa­lon üçün bir qədər fərqli təşkilati formalar və dəyərləndirmə sis­tem­ləri təklif etməlidir. Lakin bəzi ölkələrdə real inki­şaf səviyyə­si­nə məhəl qoymadan birbaşa beynəlxalq me­yarları tətbiq etməyə tə­şə­bbüs göstərilir ki, bu da ger­çək­liyə adekvat nəticələr alınmasına imkan vermir.

Bizim ölkəmizdə elmin vəziyyəti də dünyanın qa­baqcıl elm mərkəzləri ilə müqayisə oluna bilmədiyindən, biz ancaq öz səviy­yə­mizə uyğun ölkələrlə müqayisə oluna bilərik. Buraya məsə­lən, MDB ölkələri, yaxud türk dünyası cümhuriyyətləri aid edilə bilər. Ya da beynəlxalq statistikadan çıxış etməklə, müəyyən parametr­lə­ri­nə görə bizim ölkə ilə müqayisə oluna biləcək digər öl­kə­lər­də elmin real durumunun təhlili aparıla bilər.

Bu sahədə indiyədək heç bir addım atılmadığından, bizim­ki­lər kortəbii olaraq özlərini Rusiya ilə müqayisə edir və daha pisi isə budur ki, Rusiyanı özünə nümunə kimi qəbul edir. Halbuki, Ru­si­ya­da görkəmli elm mü­tə­xəs­sisləri elmin günü-gündən tənəzzülə get­diyini, vəziy­yətdən çıxış yolu üçün təcili tədbirlər görülməli olduğunu yazırlar.1

İstənilən halda elmin bütün dünya miqyasında ümu­mi in­ki­şaf tendensiyasını nəzərə almaq lazım gəlir. Biz elmin planetar xə­ri­təsində, habelə inkişaf xətti üzə­rində öz yerimizi heç olmasa mü­əy­yən təxminiliklə bil­məsək, ölkəmiz üçün optimal inkişaf modeli də hazırlaya bilmərik.


Elmin idarə olunması

Ayrıca bir skripkaçı özü özü­nü idarə edir, orkes­tri idarə et­mək üçün isə d­i­ri­jor lazımdır.
1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə