Elmi redaktor və ön sözün müəllifi




Yüklə 2.43 Mb.
səhifə1/20
tarix22.02.2016
ölçüsü2.43 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   20
Elm yarandıqdan sonra hər şey zaman-zaman onun qiyafətinə bürü­nüb səliqə-sahman tapdı və günlərin birində o özünə də öz donluğundan paltar biçmək fikrinə düşdü.
Əbu Turxan


Səlahəddin Xəlilov

Elmşünaslığa

giriş
Bakı – 2010

Elmi redaktor

və ön sözün müəllifi:
akademik

Arif MEHDİYEV




S.Xəlilov. Elmşünaslığa giriş. Bakı, Çaşıoğlu, 2010, 446 səh.

Kitab Azərbaycanda elmşünaslığa dair ilk sistemli tətqi­qat əsəridir. Burada elmin mahiyyəti, inkişaf qanunauyğunluq­la­rı, bir sosial sistem olaraq xüsusiyyətləri, təşkilati formaları haq­qın­da məlumat verilir. Elmin təsnifat prinsipləri şərh edilir və bir sıra beynəlxalq təsnifat sistemləri təqdim olunur.

Elm adamları üçün nəzərdə tutulmuşdur.

 Xəlilov S., 2010




Ön söz
Azərbaycan elmin inkişafına görə islam dün­ya­sında öncül mövqelərdən birini tutsa da, onun in­kişaf qanunauyğunluqları, sosial funksiyaları, daha op­timal təşkilatlanması haqqında tədqiqat işləri çox azdır. Sovet dövründə Respublikamızın kifayət qə­dər formalaşmış elmi-təşkilati strukturları olmuş­dur və onların əksəriyyəti indi də davam etməkdədir. Bu­­­nunla belə, elmi tədqiqat işlərinin daha səmərəli ol­­ması, ölkəmizin real ehtiyaclarına uyğunlaşdırıl­ma­­sı və onların optimal dəyərləndirilməsi üçün el­min özünün elmi əsaslarla öyrənilməsi və bu məq­səd­lə ilkin sosioloji tədqiqatlar aparılması ən aktual və­­zi­fə­lərdən biri kimi qalmaqdadır.

Prof. Dr. Səlahəddin Xəlilovun “Elmşünaslığa giriş” kitabı bu sahədə ilk mühüm addımlardan bi­ri­dir. Əsərin həm nəzəri, həm də praktik əhəmiyyəti var­dır. Belə ki, kitabda, bir tərəfdən, elm ümumi nə­zə­ri müstəvidə təhlil edilir və onun optimal model­ləş­dirilməsi ilə əlaqədar nəzəri mülahizələr irəli sü­rü­lür, digər tərəfdən də, beynəlxalq miqyasda müx­tə­lif qa­baqcıl ölkələrin praktikası əsasında ümumi­ləşdir­mələr aparılır, ölkəmizin spesifikasını nəzərə almaq­la konkret tövsiyələr verilir.

Elmin inkişaf qanunauyğunluqlarının araşdırıl­ması onun daxili hərəkətverici qüvvələrinin necə bir təkamül yolu keçdiyini təsəvvür etməyə imkan yara­dır. Müasir mərhələdə elm və ictimai həyat arasında əlaqələrin daha məqsədyönlü şəkildə qurul­ması və tən­zimlənməsi, habelə elmi tədqiqat işlərinin sti­mul­laş­dırılması, elmin humanitar aspektlərinin nəzərə alın­ması çox vacibdir. Ona görə də müəllif bütün bu mə­sələlər barədə mövcud ədəbiyyatın qısa icmalını verməklə yanaşı öz şəxsi tədqiqatlarının nəticələ­rini də təqdim edir.

Kitabda elmlərin təsnifatına dair irəli sürülən fi­kirlər, habelə YUNESKO-nun nomenklaturasında öz əksini tapmış olan bir sıra ixtisasların müasir dövr­də kəsb etdiyi yeni məna ilə bağlı verilən tən­qi­di təhlil də xüsusi əhəmiyyətə malikdir. Belə ki, Ali At­testasiya Komissiyasının istinad etdiyi təsnifat sis­te­minin vaxtaşırı olaraq təkmilləşdirilməsinə də eh­­ti­yac yaranır. Bu baxımdan, dünya praktikasında ya­­yıl­mış bəzi təsnifatların kitaba əlavə edilməsi də təq­­dirə layiqdir.

Məlum olduğu kimi, elm insanın şəxsi mənəvi həyatında bilavasitə iş­tirak etməsə də, onun ictimai həyatını şərtləndirən ən mühüm hadisələrdən biridir. El­mi fəaliyyətin kim­lərinsə fərdi intellektual maraq­la­rını ödəmək üçün əlavə məşğuliyyətdən yüksək də­rəcədə təş­ki­lat­lan­mış sosial sistemə çevrilməsi uzun sürən tarixi bir prosesdir.

Müasir dövrdə elm demək olar ki, bütün digər fə­aliyyət sahələri üçün də zəruri bir vasitəyə çev­ril­miş­dir və bu baxımdan onun təsir dairəsi çox geniş­dir. Bununla belə, təsir sferasının genişliyinə baxma­ya­raq, elmin özü məxsusi bir fəaliyyət sahəsi kimi lo­kal səciyyə daşıyır və daha böyük miqyaslı ictimai proseslərlə müqayisədə ancaq kiçik bir sosial qrupu, bilavasitə elmi yaradıcılıqla məşğul olan insanları əha­tə edir. Amma elm adamlarının optimal təşki­lat­lanması üçün bu spesifik fəaliyyətin xarakterinə uy­ğun olan spesifik təşkilati formalar tapılmalıdır. Bu­nun üçün isə əvvəlcə elmi fəaliyyətin təbiətini, özü­nə­məxsus cəhətlərini nəzərə almaq tələb olunur. Baş­­qa sözlə desək, həm elmi yaradıcılığın, həm bu ya­ra­dıcı fəaliyyətin məhsulu olan yeni elmi bilik­lə­rin, həm də elmi fəaliyyətə cəlb olunmuş adamların sosial strukturunun elmin öz metodları ilə öyrə­nil­mə­sinə böyük ehtiyac vardır.

Kitab məhz bu ehtiyacı ödəmək məqsədinə xidmət edir. Burada elmşünaslığın müstəqil bir fənn kimi formalaşması tarixi izlənir, onun predmeti və məz­mununun təkamül yolu nəzərdən keçirilir. Elm haqqında elmin təməlinin qoyulması və bu sahədəki ilk tədqiqatların əsas istiqamətləri nəzərdən keçirilir, ilk mənbələr və onların müəllifləri haqqında geniş məlumat verilir. Qərb alimlərinin bu sahədəki başlı­ca əsərlərinin və keçmiş Sovet İttifaqında aparılan tədqiqatların qısa məzmunu şərh edilir.

Kitabda indiyədək Azərbaycan­da bu sahədə apa­­rılan işlərə də münasibət bildirilmiş və müəllif əv­vəlki tədqiqatların nəticələrini də nəzərə almağa ça­­lışmışdır. Lakin təəssüf ki, elmşünaslıq məsələləri ölkəmizdə çox az öyrənilmişdir. 70-80-ci illərdə bu sahədə ilk addımlar məhz bu kitabın müəllifi tərə­fin­dən atılmışdır. Amma sonrakı illərdə o, tədqiqat is­ti­qa­mətini dəyişmiş və indi yenidən bu problemə mü­ra­ciət etmişdir.

Əlamətdar haldır ki, bu kitabda müəllif elm­şü­nas­lığın əsasını qoyan və onun müstəqil bir fənn ki­mi formalaşmasında böyük rol oynayan Qərb alim­lərinin, keçmiş sovet mütəxəssislərinin əsərləri ilə yanaşı, öz ilkin tədqiqatlarını və digər azərbaycanlı alimlərin bu mövzuya dair araşdırmalarını da nəzərə al­maqla, bir növ milli elmşünaslığın təkamül mənzə­rə­sini də canlandırmışdır.

Əsər elmi-tədqiqat müəssisələri, ali məktəblər, sahə institutları və elmlə bağlılığı olan bütün təşki­lat­ların öz işlərini müasir tələblərlə, elmi prinsiplər əsa­sında qurmaları üçün dəyərli vəsait olmaqla ya­na­şı, həm də ciddi bir tədqiqat işidir. Belə ki, bu prob­­lemlə uzun illərdən bəri məşğul olan prof. S.Xə­li­lovun tövsiyələri təkcə Azərbaycan üçün deyil, bü­tün MDB məkanı üçün postsosialist cəmiyyətlərində elmin yeri və rolunun müəyyənləşdirilməsində, elm sahəsində islahatlar aparılmasında qiymətli mənbə hesab oluna bilər.


Akademik Arif Mehdiyev

Giriş
Hər bir insan həm öz ölkəsinin vətəndaşı, həm də bütövlükdə yer planetinin sakinidir. Amma adi insanların çoxu ölkə və planet miqyasında deyil, öz şəxsi həyatı, ailəsi və işlədiyi müəssisə miqyasında düşünür və fəaliyyət göstərir. Elm adamını isə nəinki təkcə özü, ölkəsi və ya yaşadığı planet, bütövlükdə kainat və onun bü­tün problemləri – ha­mı­sı maraq­lan­dırır. Daha doğrusu, bütün bunlar el­min maraq dairəsinə aiddir. Ayrıca götürülmüş bir alim təbii ki, dünya haqqındakı bütün bilikləri eh­tiva edə bilməz və ona görə də elmdə ixtisaslaşma ge­dir və alimin təd­qiqat dairəsi getdikcə daralır. Buna elmdə dife­ren­siasiya deyilir. Tədqiqat sa­hə­si kiçildikcə, prob­lem lokallaşdıqca təfərrüatlara get­mək imkanı və prob­lemi daha dəqiq araşdır­maq şansı da artır. San­ki bir qanunauyğunluq yara­nır: tədqiqat sahə­si­nin ge­niş­liyi ilə tədqiqatın dərinliyi arasında tərs mü­tə­nasiblik qanunu. Amma, əlbəttə, bu, şərti və təx­­mini bir qanunauyğunluqdur və onu mütləqləşdir­mək ol­maz. Ən əsası da odur ki, elm adamı lap əv­vəl­­dən dar bir sahədə tədqiqat aparmağa başlasa və daha ge­niş miqyaslı problemlərə biganəlik gös­tər­sə, onun də­­rinə getmək imkanları da məhdud­laş­mış ola­caq­dır. Deməli, elmdə proses hər iki istiqa­mət­də get­mə­lidir. Əvvəla, hər bir elm adamı hansı isə dar bir sahədə uğur qazana bilmək üçün ilkin ola­raq geniş bi­lik ba­za­sına və böyük dünyagörüşünə ma­lik olma­lı­dır. İkin­cisi, ixtisas bilikləri ilə qeyri-ixtisas bi­lik­ləri ara­sında analogiyalar olmadan, başqa sahələrdəki uğur­ların transformasiyası da, elmi tədqiqat metodların uni­versallaşması da mümkün ola bilməz. Bir sözlə, elmi axtarışların dərinliyi ilə əhatə dairəsi ara­sında ilk baxışda nəzərə çarpan tərs mütə­na­sibliyin ar­xasında daha ciddi qanunauyğunluqlar olduğu aş­ka­ra çıxır.

Elmdə diferensiallaşma ancaq o halda səmərəli ola bilər ki, ayrı-ayrı ixtisas sahiblərinin əldə etdiyi biliklər hansı yolla isə bir ortaq məxrəcə gətirilsin və onların əsasında təbiətin daha fundamental qanunla­rı­nın üzə çıxarılması mümkün olsun. Deməli, əsas və­zifələrdən biri fərdi elmi tədqiqatların funda­men­tal ideyalar ətrafında birləşməsi və vahid sistem ha­lı­na gətirilməsidir. Bunun üçün isə elmi tədqiqatların təşkilatlanması işinin özü elmi əsaslarla həyata keçi­ril­məlidir və mövcud şəraitdə ən optimal formalar tət­biq edilməlidir. Məhz bu səbəbdən də elmi tərəqqi estafetində irəli çıxmaq istəyən ölkələr ilk növbədə elmşünaslığı inkişaf etdirməkdən başlayırlar. Həm də bu iş bütün qabaqcıl ölkələrdə dövlət strategiyası səviy­yə­sin­də həyata keçirilir.

Bəli, elm dövlət əhəmiyyətli məsələdir və döv­lət səviyyəsində də tənzimlənməlidir. Ən azı ona gö­rə ki, onun idarə olunması və təşkilati optimallığının təmin edilməsi elm adamlarının özü tərəfindən ger­çək­­ləşdirilə bilməz. Elmin sosial sistemi təkcə elmi təd­­qiqatlarla bağlı olmayıb, ölkənin demoqrafik və­ziy­yətindən tutmuş ümumi iqtisadi inkişaf sə­viy­yə­si­nə və maliyyə imkanlarına qədər, əhalinin elementar sa­vadlılıq səviyyəsindən tutmuş xüsusi istedad sa­hib­lə­rinin elmi fəaliyyətə cəlb olunması probleminə qədər çox­lu sayda sosial-iqtisadi, mədəni-mənəvi və hətta si­ya­si problemlərdən asılıdır. Məsələn, Yapo­ni­ya­nın keç­miş baş naziri Y.Nakasone öz ölkəsində elmin in­kişaf perspektivlərindən danışarkən, əsas prob­lem­lər­dən biri kimi əhali artımında yaranmış lən­gimələri gös­tərir və bu baxımdan Çin və Hin­dis­tanın imkan­la­rını daha yüksək qiymətləndirir: “ÇXR və Hindis­tan­da el­mi-texniki inkişaf səviyyəsi bü­töv­lük­də gö­tür­dük­də bizdən aşağıdır, amma bu ölkə­lər­də bir mil­yarddan yuxarı əhali olduğu üçün elmə is­te­dadlı adam­lar tapıb cəlb etmək imkanına görə Ya­po­niyanı üs­tələyirlər”.1 Bu problem təkcə Yaponi­ya­da yox, daha çox ABŞ-da və Qərb ölkələrinin əksə­riy­yətində özünü göstərir. Ona görə də elmi ya­ra­dı­cılıq potensialı olan istedadlı gənclərin elmə cəlb edil­məsi üçün elm sahəsində maddi təminat, yük­sək maaş tarifləri və digər stimullaşdırıcı amillər tətbiq olunur. Digər tərəfdən də, elmin inkişaf stra­te­giyası ha­zır­lanarkən elmi kadr­ların seçilməsi işi bey­nəlxalq miq­yasda həll edi­lir. Nakasone belə bir faktı mi­sal gə­tirir ki, “artıq 1995-ci ildə ABŞ-da təbiət elm­ləri sahəsində doktor­luq dərəcəsi alanların yarı­dan ço­xu­nu xaricilər təşkil et­mişdir və onların da bö­yük əksə­riy­yəti həmi­şə­lik Amerikada yaşamaq yolu­nu seç­miş­dir... Yapo­ni­yada doğum səviyyəsinin aşa­ğı düş­dü­yünü nəzərə ala­raq bütün dünya ölkə­lə­rin­dən yük­sək ağıl sahib­lə­ri­ni ölkəmizə toplamaq üçün bö­yük səylər göstər­mə­liyik”.2

Məlum olduğu kimi, elmin dərininə və eninə in­kişafı fərqli qanunauyğunluqlar əsasında hə­­yata keçir. Kiçik və zəif postament üzərində böyük abidə qərar tuta bilmədiyi halda, geniş və bö­­yük postament üzərində lap kiçik bir heykəl də qoymaq olar. Və ya hey­kəlsiz-filansız sadəcə pos­tament qurmaq olar. İs­tə­nilən halda əvvəlcə təməl olmalıdır və təməl nə qə­dər möhkəm və böyük olsa, onun üzərində görülə bilə­cək işlər üçün də o qədər böyük meydan açıla­caqdır.

Təxəyyülün pər­vaz­lan­ma­sı və sonrakı realiza­si­yası üçün ilkin olaraq məntiqi təməl tələb olunur. Elm­də belə təməl və ya postament rolunu cəmiy­yə­tin intellektual potensialı, ümumi savadlılıq də­rə­cə­si, maarifçilik işi, elmi-kütləvi təbliğat oynayır.

Başqa sahələrdə də belədir. Məsələn, futbolu gö­türək. Burada biznes və milli dövlətçilik təfəkkü­rü­nün fərqi özünü daha aydın büruzə verir. Müvafiq olaraq, ölkədə futbolun inkişafı üçün iki üsuldan isti­fadə olunur. Birincilər böyük investisiya qo­yu­luşu he­­­sabına xaricdən hazır futbolçular alırlar. İkincilər öl­­­kədə futbol məktəbləri açmaq he­sa­bı­na uşaqlar və gənclər arasından istedadlı futbolçular seçib-yetiş­dir­­­məyə çalışırlar. Birinci yolun milli futbol üçün fay­dası ol­mur. O, zəif təməl üzərində ağır heykəl qur­maq cəh­di­ni xatırladır. İkinci yol isə geniş miq­yas­lı və uzun müd­­dətli iş tələb edir. Bu iş görülsə, istedadların da yetişəcəyi şübhəsizdir.

Elmdə də belədir. Biri var, tək-tək böyük alim­lər hansı isə qabaqcıl ölkələrin hazır elmi mühitində ye­tişərək ölkəyə gəlir və burada müvafiq elmi mühit, möhkəm təməl olmadığından, özünün bütün ağırlığı ilə iş görə bilmir. Onlar həmişə yetişdikləri mühitə qayıtmağa ehtiyac hiss edirlər. Bir də var, biz hələ or­­ta mək­təb­lər­dən başlayaraq, istedadlı şagirdlər üçün intellektual mühit formalaşdırmaqla, onları el­mə cəlb edir və neçə-neçə belə gəncin hesabına möh­­­­­kəm elmi tədqiqat atmosferi yaradırıq. Və bu at­mosferdə yetişənlərin məhz bu mühitdə yazıb-ya­rat­ma­sı da rahat olur.
Sual yaranır ki, inkişaf etmiş böyük dövlətlər in­tellektual potensialı beynəlxalq insan resursları he­sabına artırırsa, bəs nisbətən geri qalmış ölkələr bu problemi necə həll edir? Əlbəttə, neft hesabına bö­yük maliyyə resursları olan bəzi ərəb ölkələri, hət­ta av­­ropalı alimləri də daha yüksək maaşla öz öl­kə­sinə sövq edə bilərdi. Amma həqiqi alim gəlib bu öl­kə­lər­də nə edəcək? Elmi potensial yaratmaq üçün təkcə alim­ləri toplamaq azdır, gərək müvafiq elmi mühit və təhsil sistemi də yaradılsın. Belə şərait isə həmin öl­kələrdə yoxdur. Bir ərəb şeyxi məşhur bir mü­ğən­ni və ya manikeni ölkəsinə dəvət edə bi­lər, amma bö­yük alim ən yüksək məvacib müqa­bi­lin­də də elmi mü­hit olmayan yerə getməz. Elmi mü­hit yaratmaq isə sa­dəcə bir neçə böyük alimi muzey eks­ponatı ki­mi nü­­mayiş etdirməklə olmur. Bunun üçün təməl ola­raq küt­ləvi maarifçilik və yüksək sə­viy­yəli intel­lek­tual mü­­hit, kitabxanalar, laboratoriya­lar və s. tə­ləb olu­nur.

Hər kiçik ölkə, çalışsa belə, bütün elm sahələri üzrə mühit yarada bilməz. Amma hər ölkənin miq­ya­­sını və iqtisadiyytını profilini nəzərə almaqla prio­ri­tet sahələr müəyyənləşdirilə bilər. Və yalnız həmin sa­hələrdə qabaqcıl mövqelər tutmaq olar. Bunun üçün isə ilk növbədə elmi-tədqiqat istiqamətlərinin in­kişaf tendensiyaları öyrənilməli, elmlərin təsnifatı kontekstində ümumi elmi maarifçilik işi aparılmalı və ancaq bundan sonra preroqativlər müəyyənləşdi­ril­məlidir.

Müasir dövrdə beynəlxalq miqyasda və qabaq­cıl ölkələrdə qəbul olunmuş elmlərin təsnifat siste­min­də demək olar ki, bütün elmi-nəzəri tədqiqat as­pekt­lərinin həm fundamental, həm də tətbiqi və tex­ni­ki as­­pekt­ləri qeyd edi­lir. Yəni indi sadəcə “elm üçün elm” tipli tədqi­qat­lara rast gəlmək çox çətindir. Əs­lin­də elmi təd­qi­qat­ların ictimai praktikanın tələb­lə­ri­nə uyğunlaşdırıl­ması prosesi xeyli əvvəl başla­mış­dır və müasir elmi səciyyələndirən əsas əlamət­lər­dən bi­ri kimi çıxış edir. Məsələn, hələ C. Maks­vell döv­rün­də bu tələbat mü­hüm amil kimi nəzərə alınırdı: “El­min inkişafı üçün hər bir konkret dövrdə təkcə in­san­ların ümu­miy­yətlə düşünməsi deyil, həm də onların öz düşün­cə­lərini geniş elm sahələri içəri­sindən məhz həmin dövrdə işlənməsi zəruri olan mə­sə­lələrə yönəltməsi tə­ləb olunur”.1 Təsadüfi deyil ki, F.En­gels də praktik ehtiyacların rolunu xüsusi vur­ğu­­­la­­ya­raq deyirdi: “İc­ti­mai tələbat elmi onlarca uni­ver­­si­tet­dən daha çox irəli aparır”.

Müəyyən bir elmi tədqiqat istiqaməti öncədən onun nə kimi texnoloji perspektivlər aça bilməsi ba­xı­mından da səciyyələndirilir: elmi proqnozlarla pa­ra­­lel surətdə texnoloji proqnozlar da verilir. Hətta ilk baxışda texnologiyadan uzaq olan bir elm sa­­həsində – biologiyada indi çox geniş texnoloji sis­tem­­lər şə­bə­kəsi yaradılmışdır. Hələ ötən əsrin 70-80-ci illə­rin­­də biotexnologiyalar elə geniş vüsət tap­mış­dır ki, bu sahədəki tədqiqatları toplayıb sis­temə sal­maq, ümu­miləşdirmələr aparmaq zərurəti ortaya çıx­mış­dır.2

Real praktik şəraiti və ictimai tələbatı nəzərə al­­madan, sadəcə elmlə məşğul olmaq, elmin dəyir­ma­nına su tökmək, amma bu dəyirmanın kimin üçün üyüt­düyünü və hazır məhsullardan kimin fayda­lan­dı­ğı­nı bil­mə­mək müasir dövrdə yolverilməz haldır. Əlbəttə, alim düşünə bilər ki, bu daha mənim işim de­yil, bu­nu da qoy bir başqası dü­şünsün. Amma bu «baş­qa­ları» kimdir və onlardan bizdə varmı? Bax bu mə­qamda texnokrat alimlərin ya­dı­na salmaq istə­yi­rik ki, bu «başqa məsələlər» məhz icti­mai elmlərin pred­­­­metinə daxildir. Təhsil – Elm – Tex­nika – Tex­no­­­logiya – Sənaye – İstehlak zəncirində hər bir mər­hələ tam müstəqil bir dəyər olmayıb, həmin bö­yük zən­­cirin tərkib hissəsi olmaqla, müəyyən ideo­loji yö­nə ma­likdir. Bu ideoloji yönü müəyyən­ləş­dirən, cə­miy­yətin makrostrukturunu, daxili proses­lərin qar­şı­lıqlı nisbətini təhlil edən, onların müvafiq bey­nəl­xalq proseslərlə qar­şılıqlı əlaqəsini öyrənən və döv­lət üçün təkliflər paketi hazırlayan da məhz ic­timai elm­lər olmalıdır.

Bu sahədə nisbətən uzunmüddətli tədqiqat tə­ləb edən mə­sələlər aşağıdakılardan ibarətdir:



Birincisi, müasir dövrdə ölkəmizdə forma­laş­mış olan ictimai gerçəkliyi, Azərbaycan iqtisadi mo­de­linin özünəməxsus xüsusiyyətlərini öyrənmək və onun sosioloji təhlilini vermək.

İkincisi, keçid dövrü başa çatdırıldıqdan sonra qarşıda duran perspektiv vəzifələri müəyyənləş­dir­mək və strateji inkişaf proqramlarının hazırlanması üçün elmi tövsiyələr irəli sürmək.

Üçüncüsü, yeni ideoloji kursun müəyyən edil­mə­si, ictimai şüurun yenidən formalaşan sosial ide­alın tələblərinə uyğun surətdə yönəldilməsi, təh­sil sisteminin, habelə KİV-in fəaliyyət proq­ram­la­rının stra­teji hədəflərə uyğunlaşdırılması, bütün bu sa­hələrdə geniş miqyaslı maarifçilik işinə başlan­ması.

Dördüncüsü, siyasi və hüquqi mədəniyyətin formalaşdırılması, milli-fəlsəfi fikir ənənələri ilə müasir Qərb fəlsəfəsinin sintezindən çıxış etməklə ictimai və humanitar fəaliyyət sahələri üçün meto­doloji baza yaradılması.

Belə bir cəhətə də diqqət yetirilməlidir ki, fəlsəfə elmə nəzərən nisbi müstəqil bir sahə olsa da, həm dəqiq, həm də ictimai elmlər üçün metodoloji təməl rolunu oynayır, bu elmlərlə sıx surətdə bağ­lı­dır, amma bununla yanaşı özü bir qayda olaraq hu­ma­nitar sahəyə aid edilir. Düzdür, sovet dövründə fəl­səfə ictimai elmlərə aid edilirdi və ona görə biz hə­lə də məsələyə məhz bu müstəvidə baxırıq. Amma müasir dövrdə əksər təsnifat sistemlərində fəlsəfə ic­ti­­mai deyil, humanitar elmlər sırasına daxil edilir.1 Sə­­bə­bi isə budur ki, ona ümumiyyətlə təfəkkür mə­də­­niy­yətinin formalaşmasına xidmət etməklə, həm də mə­dəniyyət hadisəsi kimi baxılır.

Bütün bu şərtlərin ödənməsi üçün isə öncə fəl­səfi dünyagörüşü ilə ictimai və humanitar elmlərin kon­kret mə­sələləri arasında əks-əlaqə sistemi yara­dıl­­malıdır. Humanitar sahə nümayəndələrinin və cə­miy­yətşünas alimlərin təkcə elmi konfranslarda de­yil, həm də onların əhali ilə əlaqəsini təmin edən mün­­təzəm tribunası olmalıdır. Yəni elmi tədqiqatlar­la elmi-publisistik fəaliy­yət paralel getməlidir. Digər tə­rəfdən də, ictimai şüur səviyyəsində ümumiyyətlə düşüncə mədəniyyətinin inkişafı həm dəqiq elmlər, həm də humanitar elmi təfəkkür üçün təməl rolu oy­na­malıdır. Ümumi mədəni səviyyə, maarifçiliyin du­ru­mu ilə yanaşı, sosial-iqtisadi durum və isteh­sa­la­tın, təsərrüfat sisteminin durumu böyük önəm kəsb edir.

Müasir dövrdə dünyada hadisələrin inkişafı va­­hid iqtisadi münasibətlər sisteminin, ortaq ümum­dünya bazarının yara­dılması istiqamətində gedir. Düz­dür, inkişaf etmiş ölkə­lər öz üstün mövqelərinə istinad edərək, özlərinin daxil olduqları ümumi iq­ti­sa­di məkanın (məsələn, Avropa Birliyi) qapılarını nis­bətən aşağı səviyyədə olan ölkələr üçün taybatay aç­mır və bu da təbiidir. Nə qədər ümumbəşəri mə­na­fe­dən, vahid sosial ideallar­dan söhbət getsə də, hələ milli dövlət mənafeləri saxlanılır və yalnız eyni tər­tib­li ölkələrin inteqrasiyasından söhbət gedə bi­lər. Və bu inteqrasiyaya qoşulmaq üçün əvvəlcə hə­min öl­kələrin keçmiş olduğu inkişaf mərhələlərini keç­mək, onların çıxdığı sınaqlardan çıxmaq lazım­dır.

İstəsək də, istəməsək də müasir sivilizasiyaya və elmi-texniki səviyyəyə qovuşmaq üçün inkişaf et­miş Qərb ölkələrinin keç­diyi yolu biz də keçməli olacağıq. Lakin bizim əli­mizdə bu ölkələrin keçdiyi yolların xəritəsi var və biz tarixin ibrət dərslərini nə­zə­rə alsaq, ilk yol açan­la­rın bütün səhvlərini təkrar et­mərik. Bunun üçün, əl­bəttə, tarixi də, iqtisadiy­yatı da, müasir dün­yanın in­kişaf meyllərini də gözəl bil­mək tələb olunur. Belə çətin bir zamanda həm dünya iq­tisa­diy­yatına inteqra­siya olunmaq, həm də milli-mə­nəvi dəyərləri qo­ru­­yub saxlamaq üçün düzgün in­ki­şaf strategiyası və yaxşı ölçülüb-biçilmiş mükəm­məl siyasi proqram tə­ləb olunur. Belə proqramlar isə möh­kəm elmi tə­mələ ma­lik olmalıdır. Bunun üçün də ictimai elm­lərin yük­­­sək dərəcədə inkişaf etdiril­mə­sinə ehtiyac var­dır. Aka­demik Ramiz Mehdiyev ya­zır: “Sürətli sosial-iq­ti­sadi inkişaf ictimai elmlər qarşısında yeni vəzifə­lər irə­li sürür, ictimai elmlər üz­rə çalışan alim­lərin mə­suliyyətini nəzərəçarpacaq də­rəcədə artırır, bu sa­hə­də verilən bütün səmərəli fi­kir və təkliflərə tam cid­diy­yətlə, özünütənqid ruhun­da ya­na­şaraq, on­la­rı diq­qə­tə almağı və lazımınca qiy­mət­ləndirməyi tə­ləb edir.”1

Belə bir cəhət də nəzərə alınmalıdır ki, qlo­bal­laş­ma şəraitində dünya iqtisadiyyatının və bey­nəl­xalq miqyaslı ictimai-iqtisadi proseslərin daha də­rin­dən öyrənilməsinə ehtiyac vardır. Çünki kim ki, araş­­dırıb öyrənmədiyi, yəni özü üçün qaranlıq olan bir sa­həyə daxil olur, o ancaq itirə bilər. Yeganə işıq­­­lan­dırıcı vasitə isə elmdir. Müasir dövrdə baş ve­rən dünya iqtisadi böh­­ranının da elmi təhlil süz­gə­cin­dən keçirilməsi va­cibdir.

Vahid dünya bazarının olması, açıq iqtisadi si­yasət ilk baxışda daha çox geri qalmış ölkələr üçün əlverişli görünsə də, əslində inkişaf etmiş öl­kə­lərin də buna böyük ehtiyacı vardır. Daha doğ­ru­su, icti­mai, elmi-texniki inkişaf prosesinin özü bunu tələb edir. Belə ki, külli miqdarda investisiya hesa­bına ar­tıq kütləvi isteh­salda qərarlaşmış texniki və texno­loji sistemlərin tez-tez dəyişdirilməsi sahib­karlara böyük ziyan verə bildiyin­dən, kapital dün­yası inten­siv el­mi-texniki tərəqqinin, tex­nologi­ya­la­rın tez-tez mo­dern­­ləşdirilməsinin əleyhinə çıxa bi­lərdi. Cari mə­­na­fe ilə perspektiv texniki tərəqqi ara­sındakı ziddiyyət ümumən ictimai inkişaf üçün əngəl törədə bilərdi. La­kin geri qalmış ölkələrin “qa­pılarının açıq olması” nisbətən köhnəlmiş tex­ni­kanı həmin bazar­lar­da xırıd etməyə və öz ölkələ­rində ən müasir tex­noloji sistem­lə­ri tətbiq etməyə im­kan yaradır.

Buna görə də, inkişaf etmiş ölkə heç vaxt bü­tün ölkə­lərin texniki inkişaf səviyyələrinin bərabər­ləşməsini istəməz. Ən qabaqcıl ölkələrin özlərindən bir az geri qalan ölkələrə, onların da öz növbəsində daha çox geri qalan ölkələrə ehtiyacı vardır.

Hər dəfə daha yüksək elm tutumlu olan müasir texnika icad olun­duqdan sonra, istifadədən çıxarılan əvvəlki texnika “mənəvi cə­hətdən köhnəl­miş” (yəni özü təzə olsa da, əsasında dayanan ideya köhnəlib­dir) sayılır və onlar nisbətən aşağı sə­viyyəli ölkələrə ix­rac olunur.

Bu iyerarxiya – ölkələrin texnoloji qradasiyası və çoxpilləli düzülüşü hərbi texnika timsalında özü­nü daha qabarıq göstərir. Əvvəla, elmi-texniki po­ten­­sial daha çox dərəcədə hərbi-sənaye kompleksinə deyil, humanitar yönlü iqtisadiyyata, bütövlükdə cə­miyyətin tərəqqi­sinə xidmət etməlidir. İşdə isə məhz hərbi sənaye elmi-texniki inkişafın əsas tətbiq sa­hə­si­nə çevrilir. Çox vaxt beynəl­xalq siyasət də iq­ti­sa­di mə­nafeyə tabe etdirilir. Böyük dövlətlərin (məs., ABŞ və Rusiya) öz aralarındakı rəqabət hərbi texni­ka­nın daim təkmilləşdirilməsini tələb etdi­yin­dən, “mə­nəvi cəhətdən köhnəlmiş” hərbi texnikanın sa­tıl­ma­sı üçün bazara həmişə ehtiyac olur. Ona görə də qa­­baqcıl dövlətlərin və böyük hərbi sənaye şir­kət­lə­ri­nin mə­nafeyi nisbətən geri qalmış ölkələrdə mü­ha­ribə və müna­qişə şəraitinin saxlanmasını tələb edir.

XX əsrin son rübündə kompüterləşmənin sü­rətli inkişafı və onun iqtisadiyyatın, ictimai həyatın bütün sahələrinə nüfuz etməsi, xüsusən internet şə­bə­­kəsinin geniş yayılması qloballaşma üçün tex­no­lo­ji təməl hazırlamışdır. Bu sahədə üstün texniki in­ki­şaf səviyyəsində olan dövlətlər öz yüksək ixti­saslı mütəxəssislərinin köməyi ilə dünyada gedən pro­ses­lə­rə daha operativ və səmərəli təsir etmək imkanı qazanırlar.

Müasir dövrdə elmin rolu və əhəmiyyəti barə­də çox danışmaq olar. Bizim məqsədimiz açılan bö­yük imkanlardn daha səmərəli istifadə edə bilmək üçün onu özünün elmi əsaslarla idarə olunması, yəni elmşünaslığın əhəmiyyətini qeyd etmək və bu sa­hə­də ilkin zəruri biliklər verməkdir.


  1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə