Elman Cəfərli Təbriz Ağayev




Yüklə 1.04 Mb.
səhifə9/11
tarix22.02.2016
ölçüsü1.04 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Həmin gün Ağabala mənə zəng edərək bildirdi:

-İki gündür səni sahə müvəkkili və komendantın müavini axtarırlar.

Mən ona bildirdim ki, onlarla ayın 20-də, günorta ata mülkümdə görüşə bilərəm. Ayın 20-si, nəzərdə tutulmuş görüşdən öncə Hacı Əmrullaya dedim ki, hərbi komendantla olacaq görüşümün gizli yazılması üçün özü ilə qəzetə bükülmüş diktafon götürsün. Görüş saat 14:00-a nəzərdə tutulurdu. Hacı Əmrulla, Fəxrəddin Zeynalov, Sövdum oğlu Həci təqribən saat 1 radələrində bizə gəldilər. Bütün hazırlıq işləri görüldü. Bu elə bir gün idiki, diktaturanı bərpa etmək istəyənlər inamsız görünür, demokratiya tərəfdarları isə mübarizələrində müəyyən dərəcədə tərəddüd içərisində görünürdülər. Yəni vəziyyət qeyri-müəyyən idi. Bu üzdən də hərbi komendantın müavini ilə görüş və aparılacaq danışıq hər hansı bir tərəfin qələbəsinə inam yarada bilərdi. Dəqiqələr ötdükcə, rus hərbi komendantı ilə gözlənilən görüş 20 yanvar hadisələri ərəfəsindəki psixoloji durumu xatırladırdı.

Bu danışıqda nəyin bahasına olursa – olsun, psixoloji, diplomatik və siyasi üstünlüyümü sübut etməli idim. Bunun üçün də özümü bütün psixoloji hallara daxilən hazırlamışdım. Qələbənin baş verməsi üçün yalnız bir şey – üzərində qələbə çalmağa hazırlaşdığım rəqibin özü çatışmırdı.

Nəhayət, sahə müvəkkili və yanında da hərbi komendantın nümayəndəsi içəri daxil oldular. Oturan kimi rus dilində amiranə surətdə bildirdi ki, siz xalq cəbhəsinin liderlərindən biri kimi Əzizbəyov rayonunda asayişin, sakitliyin bərpası

üçün məsuliyyət daşıyırsınız. Cavabında dedim ki, bunun üçün milis və digər hüquq mühafizə orqanları mövcuddur.

Sonra hərbi komendantın nümayəndəsi qovluğunu açaraq oradan bir sənəd çıxardı. Bu yazılı xəbərdarlıq idi. Sənəddə yazılmışdı ki, rayon ərazisində və digər yerlərdə yığıncaqlar, mitinqlər keçirmək qadağandır. Hər hansı mitinq və yığıncaq keçirilərsə onun məsuliyyətini mən daşıyacağam. Əgər belə olarsa, ailəvi olaraq respublikadan kənara sürgün ediləcəyəm. Düz gözlərinin içinə baxaraq, qətiyyətlə dedim:

-Yəqin siz fövqəladə dövlət komissiyasının yaradılmasını və fəaliyyətini 1937-ci ilin başlanğıcı hesab edirsiz. Bilin ki, yanılırsınız və səhv yoldasız. Hələ bilmək olmaz hakim kim olacaq, məhkum kim. Bir də, unutmayın ki, 1937-ci ildə buraxılan səhvlərə görə sonralar nə qədər əhv fərmanları imzalansa da itkilərin acısı azalmadı. Çox çəkməz ki, Dövlət Fövqəladə Komitəsi də bugünkü hərəkətlərinə görə özünə bəraət qazandırmağa çalışar. Ona görə də bu gün siz - icraçılar əməlinizi, onun yaradacağı halları hərtərəfli ölçüb-biçməyi bacarmalısız.

Rus nümayəndə məni sona qədər dinlədikdən sonra tələsdiyini bildirdi. Sənədə imza atmağını təkid etdi. Azərbaycanlı sahə müvəkkili də ona dəstək verərək mənə müraciətlə dedi:

-Nəsir bəy, qol çək, qurtarıb getsin də. Yoxsa başımızı ağrıdacaqlar. Onsuz da bunlar qol çəkməyənə qədər əl çəkən deyirlər.

Hətta ətrafımda olan bir neçə nəfər də səbirsizlik edərək, “qolun nə dəxli var, çək getsin də!”- deyə israr etdilər. Mənsə üzünü onlara tutaraq bildirdim

-Mən hiyləgərcəsinə yazılmış bu sənədə qol çəkə bilmərəm. Bura general da gəlsə, mənə qol çəkdirə bilməz. Qol çəksəm, atdığım imzayla düşmənin törədəcəyi və edəcəyi bütün cinayətlərə haqq qazandırmış olaram. Bu isə mənim tərəfimdən qeyri-mümkündür.

Hərbi komendantın nümayəndəsi yenidən hər şeyin yaxşılıqla olmasını arzuladığını söyləyərək, imza çəkməyimi təkid etdi. Ona milis sahə müvəkkili də qoşuldu. Bütün bu danışıqlar əvvəlcədən tədbirini gördüyümüz qayda üzrə, Hacı Əmrullanın qəzetin içərisidə bükülü olaraq saxladığı diktafona yazılırdı”.

Çoxları üçün adi görünən bu dialoq və görüş əslində Məmməd Əmin, Mirzəbala, Yusif Vəzir, Cabbarlı, Müşviq, Cavid, Heydər Hüseynov və digərlərinin acı taleyini yeni formada gözlər önünə sərən bir hadisə idi. 1937-ci ildə bir çoxları işgəncələrə dözməyərək, etmədikləri günahları boyunlarına almaqla canlarını, sanki, qurtarmağa çalışmışlar. Bu isə sonrakı illərdə onların bütün nəslini ittiham edən sənədə çevrilmişdi. O zaman heç kimə inandırmaq olmurdu ki, bu imzanı atanlar barmaqları sındırılan, saçları kəlbətinlə çəkilən, bədənləri döşəmədə sındırılmış şüşələrlə kəsilən günahsız “günahkarların” məcburən çəkdikləri imzalardır.

Çox şükürlər olsun ki, qeyrət, namus hisslərinə qiymət verməyi bacaranlar Nəsir Ağayevə qarşı nankor, xəyanətkar, xəbis mövqe tutanlara layiq olduqları yeri göstərdilər. Bu çətin zamanda Ağabala Alxasov, Rahib Rzayev kimi qədirbilənlər onu darıxmağa, problemlərin burulqanında tək qalmağa qoymurdular. Onların etdikləri şəxsi yardımları hesabına ona güc, qüvvət verirdilər.

Fövqəladə Dövlət Komissiyasına ümid bəsləyən yerli “bolşeviklər” demokratik inkişafı ləğv etmək, demokratik qüvvələrə divan tutmaq üçün mərkəzdən sadəcə bir işarə gözləyirdilər. Lakin ümidlri puça çıxdı, “Komitə” tam formalaşmadan iflasa uğradı. Rusiyadakı demokratik qüvvələr onlar üzərində möhtəşəm bir qələbə qazandılar. Bu, bütün sovet məkanında olduğu kimi, Azərbaycanda da mərkəzi hakimiyyət tərəfdarları ilə müstəqil, azad hakimiyyət tərəfdarları arasındakı qüvvələr nisbətini hiss ediləcək dərəcədə ikincilərin xeyrinə dəyişdi. Onların qələbəyə olan inamlarnı birə min artırdı. Artıq paytaxt Moskva imperiyanın deyil, yalnız Rusiya Federasiyasının paytaxtı hesab edilirdi. Rusiyann RTR kanalı isə artq hansı respublikada baş verməsindən asılı olmayaraq, bütün demokratik proseslərə maksimum diqqət yetirirdi ki, bu da bütün demokratik qüvvələrə güclü stimul verirdi.

Həmin dövrdə Buzovnanın üzərində üç gün ard-arda hərbi vertolyotlarn uçduğunu xatırlayan Nəsir Ağayev deyir:

“FHDK - nın sədri Yanayevin və üzvləri Puqo, Kruçko, Yazov və başqalarının həbsi artıq SSRİ-nin tam çökdüyü, milli respublikaların da ən qısa zamanda müstəqilliklərinə qovuşacaqları demək idi. O dövrdə mövcud olan imperiyapərəst qüvvələrin lokal təxribat və psixoloji təzyiqlərinə baxmayaraq, Azərbaycanda demokratik qüvvələr müstəqillik yanğısı, azadlıq eşqi ilə fəaliyyətlərini daha da genişləndirirdilər. AXC rəhbərliyi avqustun 23-də Azərbaycan Xalq Cəbhəsinin indiki Qafqaz Universitetində yerləşən qərargahında toplaşaraq, onun qarşısında demokratiyanın müdafiəsi üçün geniş mitinq keçirilməyi planlaşdırmışdı. Mitinqdən öncə Ə. Elçibəyin başçılığı ilə mən, Pənah Hüseyn, Xanım Xəlilova, Abbas Abdulla, Arif Hacıyev, Sabir Rüstəmxanlı, Nurəddin İsmayılov və digərləri kiçik bir otaqda toplaşaraq vəziyyəti müzakirə edirdik. Əbülfəz bəy həmişə olduğu kimi, danışanlara qulaq asır, sadəcə gülümsəyirdi...

Mitinqdə ilk çıxış edən Arif Hacılı oldu, sonra söz Pənah Hüseynə verildi. Mitinqin gedişində hiss edilirdi ki, müəyyən təxribatçı qüvvələr təxribat hazırlayıblar və zorakılıqdan belə çəkinməyəcəklər. Mitinqin aparıldığı binanın qarşısında böyük bir avtobus da saxlanılmışdı. Məqsəd o idi ki, mitinqdəki fəalları yaxınlıqda olan avtobusa yığıb istintaqa cəlb etsinlər. Açıq aydın hiss edilirdi ki, Azərbaycanda gedən demokratik prosseslərə və qüvvələrə qarşı Bakı kəndlərini qoymağa çalışırlar. Ona görə də çxış növbəsi mənə çatanda dostlarımı xəbərdar etdim:

-Diqqətli olun, təxribatçı qüvvələr məhz mən danışanda əməliyyata başlayacaqlar.

Çıxışlımda əsas vurğunu Bakı kəndlərinə etdim, bu kəndlərin sakinlərinin Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda gedən mübarizədəki iştirakından, etdikləri xidmətlərdən danışdım...

Elə bir iki cümlə demişdim ki, demokratik qüvvələri susdurmağa çalışan təxribatçı qüvvələr işə keçdilər. Bu, Ayaz Mütəllibovu müdafiə edənlər idi və əksəriyyəti də bizim kimi Bakı kəndlərinin təmsilçiləri idilər. İçlərində dağlılar da az deyildi. Xalqa müraciətlə dedim:

“Məmməd Əmin, Mirzəbala, Almas İldırım kimi demokratik mübarizələr yetirən Bakı kəndləri bu gün də bu missiyanı yerinə yetirməyə hazırdırlar. Biz imkan verə bilmərik ki, təxribat, pozuculuq Bakı kəndlərinin siyasi fəaliyyətini kölgə altında qoysun”. Elə bu an tribunaya hücum oldu. Boyları təqribən 1.85, 1.90 sm olan üç nəfər idmançı görkəmli gənc mikrafonu dərhal əlimdən aldılar. Bu hadisə o qədər qəfildən və ani baş verdi ki, çoxları nəyin baş verdiyini belə anlamağa imkan tapmadılar. Elə ilk rezin dəyənək də mənim başına dəydi. Təxribatçı qüvvələr hərəkatın önundə gedən və radikallığı ilə seçilənləri, bir sözlə Mütəllibov hakimiyyəti üçün təhlükə yaradanları cəzəlandırmaq istəyirdilər. Hərəkatda fəallığı ilə seçilən, BDU-nun tarix fakültəsinin tələbəsi Paşa, biologiya elmlərin namizədi Asiya xanım öz bədənləri ilə məni qorumaq üçün başımın üzərində bir növ çətir yaratdılar. Mənim üçün nəzərdə tutulan, fəqət Paşaya və Asya xanıma dəyən zərbələr nəticəsində başlarından axmağa başlayan qan mavi rəngli köynəyimi al qırmızı rəngə boyamışdı. Bu, çöx dəhşətli, amansız bir mənzərə idi. Bu an kimsə qışqırdı:

-Nəsir bəyi qərargaha, içəri aparın!

Məni zərbələrdən qoruya-qoruya içəri apardılar və dərhal da qərargahın qapılarını bağladılar. Biz də qərargaha daxil olduq. Sabir Rüstəmxanlı, Pənah Hüseyn, Məmməd Əlizadə, Ələsgər Sarıyev, İsa Qəmbər və digərləri, eləcə də mən Əbülfəz Elçibəyin oturduğu otağa yığışdıq. Milis qüvvələri qərargahın qapısını döyür, təpikləyir, içəri girmək üçün sındırmağa çalışırdılar. Əbülfəz Elçibəyə baxdım, mənim bu vəziyyətimə görə dərin sarsıntı keçirirdi. Bunu hiss edər-etməz, dedim:

-Əbülfəz müəllim, bu günkü hadisələr demokratiyanın qələbəsinin başlanğıcıdır.

Əbülfəz bəy bu sözlərimi sükut və qayğıyla qarşıladı. Çünki köynəyimdəki qan ləkələri onu çox məyus etmişdi. İnana bilmirdi və inanmaq istəmirdi ki, ağlı başında olan hər hansı bir normal Azərbaycan vətəndaşının mənim kimi əlini qaldırıb özünü müdafiə etmək iqtidarında olmayan, daim oturaq vəziyyətdə qalmağa məhkum olan bir ziyalıya əl qaldıra bilər. Bu onun heç ağlna da gəlməzdi və gətirməmişdi də. Onu da deyim ki, məni öz vücudları ilə fədakarcasına qoruduqları üçün Asiya xanımın və Paşa bəyin başları bir neçə yerdən partlamışdı.

Məhz bu mitinqdə bir daha əmin olduq ki, hakimiyyət uğrunda mübarizə qarşıdurmaya və vətəndaş müharibəsinə yol aça bilər. Buna görə də hakimiyyət uğrunda mübarizəni demokratik prinsiplərə əsaslanaraq, yalnız siyasi yollarla aparmaq lazım olduğu bir daha vurğulandı. Bunun üçün konstitusiyada müvafiq maddə və maddələr olmalıdır.

Tarix dəfələrlə sübut edib ki, hakimiyyəti qeyri-qanuni yollarla mənimsəmək, bir qayda olaraq, qırğın və qanla nəticələnir. Xalq hərəkatının aparıcıları bunu bir daha gördü və anladı, bir sözlə, mübarizənin yalnız və yalnız demokratik yollarla aparmağın zəruriliyini bir dəfəlik başa düşməyə imkan yarandı.

Otaqda olan qadınlardan kimsə qadınların başqa otağa keçmələrini bildirdi. Bu an Əbülfəz bəy bildirdi:

-Onlara mən lazımam! Açın qapını gəlib məni aparsınlar!

Qadınlar yan otağa ona görə keçmişdilər ki, milis işçilərinin içəri girərək bizi necə vuracaqlarını görməsinlər.

Nəhayət, qapılar açıldı, milis işçiləri içəri girərək plakatları cırmağa, şüşələri sındırmağa başladılar, sonra ikinci mərtəbəyə qalxdılar. Arif Hacılı və Abbas Abdulla köməkləşərək məni birinci mərtəbəyə endirdilər. Qabaqda Əbülfəz Elçibəy gedirdi. Dəhlizlə arxaya baxmadan gedirdi.

Mən dəqiqliklə gördüm ki, milis işçilərindən bir neçəsi Elçibəyə baş nahiyyəsindən bir neçə zərbə endirdilər.

Elçibəy aldığı zərbələrin gücündən səntirləsə də, al qana boyansa da, geriyə baxmadı. Bu liderin gücünün, qüvvəsinin, inamının, mətanətinin göstəricisi idi. Bu mənzərə indiyədək gözlərim önündən getmir. Avrora və Amerikanın qəbul etdiyi demokrat Əbülfəz bəyə necə qıymaq olardı, axı? Hər kəsə aydın idi ki, ona əl qaldıranlar nə Bakını, nə Naxçıvanı, nə də Qarabağı sevən adamlar deyil. Onu vuranlar millətinin tarixindən və taleyindən xəbərsiz zavallılardır. Fəqət nə edək ki, biz bu adamlarla yanaşı yaşamaq, bir yerdə mövcud olmaq məcburiyyətindəyik.

23 avqust hadisələri yerli və xarici mətbuatda böyük əks-səda verdi. Hətta bir sıra xarici ölkələr tərəfindən Azərbaycan iqtidarına bu qanlı hadisələri törədənləri cəzalandırmaq üçün müraciətlər edildi. Bu hadisələrdə Sabir Rüstəmxanlının başı bir neçə yerdən partlamışdı, Pənah Hüseynin qolu sındırılmışdı. Yaxşı yadımdadır, içəriyə hətta keyləşdirici qaz da buraxılmışdı. Çünki içəri girən milis işçiləri ağızlarını nəm əski ilə örtmüşdülər. Milis işçilərindən biri qışqıra-qışqıra, əlində dördbucaqlı taxta parçası üstümüzə gəldi və Ayaz Mütəllibovu nəzərdə tutaraq bağırdı:

- Nə üçün qoymayırsınız işləsin?! Axı nə istəyirsiz? Sizi qırmaq lazımdır.

O, əlindəki dördbucaqlı taxtanı qaldırıb məni vurmaq istəyəndə arxadan arıq, hündürboylu milis zabiti bərkdən 2 dəfə “Ona dəymə, ona dəymə” qışqırdı.

Bir sözlə, mitinqin məhz mənim çıxışım vaxtı pozulması çox şeydən xəbər verirdi. Aldığımız zədələr və içəriyə buraxılan qaz, eləcə də keçirdiyimiz həyəcan orada bu hadisələri gözləri ilə görənləri şok halına salmışdı. Artıq qərargahın qapısında, bir neçə gənc məni əlləri üstündə apararkən, bir milis baş leytinantı dözməyərək furaşkasını yerə çırpdı və əsəbi halda dedi:

-Belə kişilik olmaz!

Dağlı məhəlləsinin bir çox sakinləri bu vəhşiliyi gördükdən sonra “Qardaşlıq” və “Tövbə” cəmiyyətlərini tərk edərək, demokratik qüvvələrin tərəfinə keçdilər. Beləliklə, məhz 23 avqust hadisəsindən sonra Azərbaycan demokratiya və müstəqilliyə saatbasaat yaxınlaşırdı. Demək olar ki, iqtidar yaratmış olduğu bu təxribatın girovuna çevrildiyindən özünün xilas yollarını öz əlləri məhv etmişdi. Bu hadisə bütün Bakı kəndlərinin siyasətə qoşulmayan adamlarına belə təsir etmiş, onları hiddətləndirmişdi. Belə bir məqamda isə qarşıdurmaya getmək demokratik mübarizədən uzaqlaşmaq olardı. Bizə bu qətiyyən lazım deyildi. Məqsədimiz azad, müstəqil və demokratik Azərbaycan dövlətinin bərqərar edilməsi idi.

Nəhayət, avqustun 25-27 – də qərargahın yanında orta məktəbin aşağı hissəsində yenidən mitinq elan edildi. Mitinq günü izdiham daha böyük idi. Çünki qaraguruh həm daxildən, həm də xaricdən ikiqat zərbə almışdı. Mitinqdə Arif Hacılı, Ə.Elçibəy, İ.Qəmbər, İ.Həmidov, T. Qarayev, mən və digərləri çıxış etdik. Bu mitinqdə milis zabitinin bayram formasında olan Əliyev İntiqam Məhərrəm oğlu çıxışı ilə nəzərlərii cəlb etdi. O, bildirdi ki, bu gündən etibarən sovet milis zabitliyindən imtina edir və həyatını öz xalqının azadlıq yolunda sərf edəcək. O, eyni zamanda Azərbaycan milislərinə də müraciət etdi. Bu psixoloji hal o zaman bütün Azərbaycan milisinə dərin təsir etmişdi.

Mitinqdə Bakı komendantı Valeri Bünyadov (məhşur akademik Ziya Bunyadovun oğludur) da çxış etdi. O, çıxışında bildirirdi ki, özbaşınalıqların qarşısı tamamilə alınacaq və hərbi komendant daha camaatı sorğu-suala çəkməyəcək. Növbəti mitinq xalqa yasaq edilmiş “Azadlıq” meydanında oldu.

“Azadlıq” meydanını milislər əhatə etmişdi. Avqustun axırlarında on minlərlə insan “Azadlıq” meydanına axışdı. Demək olar ki, milislər artıq müqavimət göstərmirdilər. Hüquq-mühafizə orqanlarının yaratmış olduqları süni çəpər tezliklə gənc və çevik insanlar tərəfindən yarıldı. “Azadlıq” meydanı xalqın iradəsi ilə, mübarizəsilə, yenidən demokratiya və müstəqillik tribunasına çevrildi.

Avqust hadisələri diktatura və totalitar rejimin sınma, demokratiyanın isə yüksəliş istiqamətini müəyyənləşdirdi. Sadəcə davamlılıq və ardıcıllıq lazım idi. Beləliklə, diktaturann Moskvadan başlayan məğlubiyyətlər seriyası SSRİ-nin dağıldığını sübuta yetirən faktor rolunda çıxış edirdi. Artıq FHDK-nı (QKÇP) müdafiə edən bütün qüvvələr qanundan kənar elan edilmişdilər. Çox maraqlıdır ki, Azərbaycanda 20 yanvar qırğınına rəhbərlik edənlərin hamısı - SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Puqo, SSRİ DTK-nın sədri Kryuçkov, Daxili Qoşunların komandanı Varenikov məhz bu FHDK-nın üzvləri idilər. Bu adamlardan Puqo özünü güllələmiş, Axrameyev intihar etmiş, qalanları isə həbs edilmişdilər.

Bakı və Kəndlər Birliyi, nəhayət, sentyabırın 11-i ədliyyə naziri Əlisahib Orucovun imzası ilə təsdiq edildi. Qeydiyyat haqqında sənədi Nəsir Ağayevə Nardaran sakinləri, kollegiya iclasında iştirak emiş Hacı Vaqif və Hacıağa Nuriyev təqdim etdilər.

1991-cu ilin avqustun əvvəllərində Əbülfəz bəy mənə bildirmişdi ki, avqustun ortalarında Türkiyədə təhsil almaq üçün qəbul komissiyasında iştirak etməlisən. Bu mənə böyük etimad və inamdan irəli gəlirdi. İlk gördüyüm iş Buzovna qəsəbəsində gəncliyi, dəqiqliyi və əzmkarlığı ilə seçilən Əlizadə Müşviq Nəriman oğlunu dilə tutaraq ona qəbul imtahanında iştirak etməyə sövq etmək oldu. Dostlarıma bu iş üçün istedadlı gənclərin seçilməsini tapşırdım.

Bir neçə gündən sonra Zirə kəndindən İsmixan Fərəcov Mehdi Vəliyev adlı bir gənclə yanıma gələrək onu Nəsimi həvəskarı kimi təqdim etdi. Ona bir neçə sual verdim, fəqət yarımçıq cavablar aldım. Hətta hürufizmin mahiyyətini belə bilmədi. Lakin Zirə kəndində İsmixan bəyin hörmətini, nüfuzunu qaldırmaq üçün Mehdi Vəliyevə səhvlərini söyləyərək, qəbul imtahanına ciddi hazırlaşmağı tapşırdım.

Nəhayət qəbul imtahanında Müşviq Əlizadə etimadı tam doğrultdu. Mehdi isə yalnız İsmixana hörmət əlaməti olaraq Türkiyəyə təhsil almağa gedən tələbələrin sıralarına daxil edildi. Tələbələri Türkiyəyə yola salarkən onlara tapşırıldı ki, əgər Azərbaycanda müstəqillik itirilərsə, onlar Azərbaycana qayıtmasınlar. Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini Türkiyədə və digər yerlərdə davam etdirsinlər və özlərini təxribatdan qorusunlar.

Mübarizə aparmaq üçün yalnız inam və nikbinliklə yaşamalısan. Bakı kəndlərində xüsusilə Zirədə, Əmircanda, Keşlədə, Zabratda, müxtəlif maneyə və təxribatlarla üzləşsək də fəaliyyətimiz ardıcıl olaraq davam etdirilirdi. BKB qeydiyyatdan keçdikdən sonra onun hər hansı bir kənd və qəsəbədə fəaliyyətinin qarşısının alınması bu təşkilatın varlığını sual altında qoya bilərdi. Nəticədə isə qarşıdurma hərisləri, yerliçilik xəstəliyinə tutulanlar çirkin niyyətlərini zamanın tələbi kimi göstərə bilərdilər.

Yaxşı yadımdadır, Zirə kəndində olan yığıncaqların birində müəyyən qüvvələr təxribatçı suallarla yığıncağı pozmağa çalışırdılar. Lakin soyuqqanlı, dözümlü mövqeyimizlə bu təxribatın baş tutmasına imkan vermədik. BKB qeydiyyatdan keçəndən sonra onun ictimai hadisələrlə bağlı bəyanat və müraciətləri respublika və xarici mətbuat səhifələrində əks edilməyə başlamışdı. “Azadlıq” radiosu tez-tez Bakı kəndlərində və Azərbaycanda baş verən ictimai-siyasi proseslərə dair məndən geniş müsahibələr götürürdü. Mən bu müsahibələrin əksəriyyətində Azərbaycanın beynəlxalq aləmdə təklənməsini, Rusiya və Ermənistanın Azərbaycana qarşı təcavüz və ərazi işğalının, çox ehtimal ki, razılaşdırılaraq, həyata keçirilməsindən, beynəlxalq təşkilatların Azərbaycana özlərinin dövlət və milli maraq çərçivəsində baxmasından bəhs edirdim.

Eyni zamanda, BKB-nin beynəlxalq səviyyədə və ölkə daxilindəki ardıcıl ümumilli fəaliyyəti müəyyən qüvvələrin onunla hesablaşmasını zəruri edirdi. Bu dövrdə qaz aparatı zavodunun direktoru Azər Abdullayev BKB-nin bank hesabına təqribən 40 min rubl pul köçürdü. Eləcə də, Binə sovxozu da hardasa 3000 rubla yaxın hesabımıza pul köçürmüşdü. BKB-nin ştat cədvəli müəyyənləşdi. Artıq dekabr ayında Vaqif Heybətov, İntiqam Əliyev və daha bir neçə nəfər təşkilatın maaş alan üzvləri idilər.

Təqribən 1991-ci ilin dekabr ayının ortalarında Qarabağın Papravənd, Sirxavənd, Gülablı kəndlərində ermənilərə qarşı döyüşən polis işçiləri Buzovnaya, mənim yanıma gəldilər. Onlar bildirdilər:

-Bizə rəislər 5-10 güllə verir, ermənilər isə minlərlə gülləyə malikdir. Özümüzü qorumaq üçün məcburuq ki, güllənin birini 3 rubla alaq. Bax, biz belə bir vəziyyətdəyik. Nəsir bəy, xahiş edirik bizə heç olmasa 500-ə yaxın 7.62 kalibrli avtomat gülləsi tapasınız.

Mən təcili olaraq Bakıda cəbhəçilərdən biri ilə danışdım.

O, bildirdi ki, bu güllələri 1 rubula hərbi hissələrdən alırlar. Heç olmasa bu xərci ödəsinlər. Mən isə bildirdim ki, xərci özüm ödəyəcəm.

Mən gələn Paprəvənd, Sırxavənd milisləri ilə Bakıda yaşayan cəbhəçinin yanına getdim. Baş leytenant olan, adını unutduğum şəxsi güllələri almaq üçün göndərdim. O, qayıdanda üzü gülürdü. Çünki ona 1300-dən artıq 7.62 kalibirli avtomat patronu vermişdilər.

İmkan daxilində Qarabağa bu cür yardımlar edilirdi. Çünki Qarabağ yalnız qarabağlıların deyil, hər bir azərbaycanlının Vətəni idi. Bəzən elə olurdu ki, müəyyən adamlar bildirirdi ki, Qarabağı qarabağlılar azad etməlidir. Bakının bütün kəndlərindən Qarabağda şəhid olanlar kifayət qədər çox idi. Lakin ordu quruculuğunda müxtəlif siyasi düşüncələrin, hakimiyyət uğrunda mübarizələrin yaratmış olduğu neqativ hallara baxmayaraq, kiçik də olsa, qələbələr qazanırdq. Amma ümumiyyətdə vəziyyət çox ağr idi. Hər yerdə də xaos mövcud idi. Hadisələrin tez-tez dəyişməsi insanların psixologiyasına da dərin təsirini göstərirdi. Öz içərisində mərkəzi güc vahidi tapa bilməyən və yaratmağı bacarmayan kütlə xarici güc mərkəzlərinə sığınmaq barədə düşünürdü.

Azərbaycanda dövlət idarəçiliyi ən qədim zamanlardan tayfa və sülalə prinsipi əsasında idarə edilib. Burda dövlət idarəçiliyində ümumilli maraq və mənafe nəzərə alınmayıb. Avropada, ilk növbədə də Fransa və İngiltərədə isə XVII əsrin əvvəllərindən daxili çəkişmələri aradan qaldırmaq, xarici müdaxilənin qarşısını almaq üçün milli maraq, milli mənafeyə əsaslanan dövlət strukturlarını qura bilmişdilər. Xalqlarının mənafeyini bütün dünyada qoruya bilən milli dövlətlərini yaramışdılar.

Fəqət Şərqdə biz bunun çox zaman əksini görürük. Çox zaman burdakı dövlətlər xarici siyasət və diplomatiyanı fərdi qaydada quraraq hökumdarın iradəsinə uyğunlaşdırmışlar. Nəticədə Şərqdə olan hər hansı bir sülalə və tayfa hakimiyyətə gəlmək üçün xalqının maraqlarına deyil, həmişə özünün və xaricdən ona kömək ola biləcək dövlətin maraqlarına əsaslanıb. Bu isə nəticə etibarilə Şərqdə dövlətə və rəsmi ideologiyaya inamsizliq formalaşdirıb. Bütün bu göstərdiyim hallar Azərbaycandan da yan keçmədi.

1991-ci ilin sentyabr ayında prezident seçkiləri ilə əlaqədar Azərbaycan televiziyasında tez-tez Bakı kəndlərindən olan müəyyən şəxslər ekrandan birbaşa, bəzən də dolayısı ilə xalqa hədə-qorxu gəlməklə, Mütəllibovun rejiminin xeyrinə çıxışlar edir, bununla da bu siyasi kampaniyanın iyrəncliyini özləri də bilmədən, öz qeyri-etik danışıq və hərəkətləri ilə sübuta yetirirdilər. Belə ki, qaz aparatı zavodunda işləyən Balabacı adlı qadın heç bir siyasi, əxlaqi, etik keyfiyyətlərə malik olmadığı halda, televiziyada və fəvvarələr meydanında Ayaz Mütəllibovun xeyrinə danışmaqla onun namizədliyinə, gələcək fəaliyyətinə böyük bir hərəkatın vurmadığı zərbəni vurmuşdu. Qarşı tərəf məhz onun kimi şəxsləri seçki kampaniyasında ortaya atmaqla, özü-özünü gözdən salırdı.

Nəhayət, saxta prezident seçkiləri başa çatdı. Mütəllibov xalqın iradəsinin ziddinə olaraq, qalib elan edildi. Bakıda bundan ruhlanan 20-yə yaxın mütəllibovçu gənc idmançı keçirilən mitinqlərin birində Firudin Qurbansoyun, mənim və digərlərinin oturduğumuz maşına hücum çəkdilər. Bunu elə etdilər ki, sanki, amansız bir düşməndən qisas alacaqlarmış.

Onların fikri maşını mühasirəyə alıb, bizi bayıra çıxarmaq və təhqir etmək idi. Lakin maşının sükanı arxasında oturmuş Əmrulla maşını dala verərək, arxadakıları vurdu, qabaqda dayananları da vuraraq bardürdən aşırdı. Polislə mülki adamlar bir-birinə qarışdı. Arxamızca bir neçə maşın düşdü. Oturduğumuz maşın sürətlə hərəkət edərək, yol hərəkəti qaydalarına məhəl qoymadan, təqribən 20 dəqiqə Bakının küçələrində manevrlər etdi. Əzizbəyov metrosuna çata-çatda Hacı Əmrulla soruşdu:

-Arxamızca düşən maşınlardan yalnız biri bizi təqib edir, maşını saxlayım? Cavab verdim:

-Bir qədər qabaqda saxla.

Arxadan gələn maşından iki nəfər düşərək hay-küylə maşınımıza yaxınlaşdılar:

-Xalaoğlu, siz bizi söymüsüz.

Onlar bu sözləri deyib maşının içərisinə boylandılar. Onlara bildirildi ki, sizi qəsdən qızışdırıb üstümüzə göndəriblər. Şirin dillə səhvlərini özlərinə başa saldıq.

Bu gələnlər Türkan sakinləri idi. Üzr istəyərək ayrıldılar. Bunun bu hadisələr bir daha göstərir ki, Azərbaycanın müstəqilliyinə nail olmaq heç də asanlıqla başa gəlməmişdir. Xalqın iradəsini və mənafeyini həyatından da üstün tutan, lazım gələrsə, ölümün gözünə düz baxan Zakir Quliyev kimi haqq və azadlıq fədailərini unutmaq olmaz, onların Vətən və millət qarşısındakı xidmətləri gerçəkdən də əvəzsizdir. Bu gün tam əminliklə demək olar və lazımdır kı, Bakı kəndlərinin mürəkkəb, heç bir siyasi və diplomatiya ölçülərinə sığmayan münasibətlərinin balanslaşdırmasında Zakir bəyin müstəsna xidmətləri olub. Kimlərinsə xoşuna gəlib-gəlməməyindən asılı olmayaraq, bu gerçəkliyi inkar etmək milli xəyanətə bərabər bir şeydir. Qiymətləndirməmək nankorluqdur.

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə