Elman Cəfərli Təbriz Ağayev




Yüklə 1.04 Mb.
səhifə8/11
tarix22.02.2016
ölçüsü1.04 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

FIRTINADAN DOĞULMUŞLAR
Respublikada vəziyyətin nəzarətdən çıxdığını görən Mərkəz Azərbaycana dərs vermək və bununla da digər regionları qorxutmaq, xalq hərəkatını məhv etmək, beləliklə də, qarşıdan gələn seçkilərdə AXC-nin labüd qələbəsinə mane olmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə heç bir xəbərdarlıq etmədən şəhərə qoşun yeritdi və Qanlı Yanvar hadisəsini törədildi. Yüzlərlə günahsız insan 1920-ci ildə olduğu kimi “şanlı” şovet ordusu tərəfindən vəhşicəsinə qətlə yetirildi, minlərlə insan yaralandı və xəsarət aldı.

Bakıda tökdüyü qandan doymayan Qırmızı Ordu Kürdəmirdə, Lənkəranda və Neftçalada da soydaşımızı al-qanına boyadı. Ağdamda törətmək istədikləri təxribat isə məhz Milli Müdafiə Komitəsinin Ağdam, Naxçıvan, Gəncə və digər rayon təşkilatlarının fədakarlığı nəticəsində baş tutmadı. Xalq hərəkatının fəallarına, liderlərinə qarşı təqiblər, repressiyalar başlandı. Yüzlərlə AXC üzvü həbsxanalara atıldı. AXC İdarə Heyətinin üzvləri Etibar Məmmədov, Rəhim Qazıyev, xalq hərəkatının liderlərindən şair Xəlil Rza Ulutürk, Milli Qurtuluş Partiyasının sədri Məhəmməd Hatəmi, həmin partiyanın üzvü Seyid Tahir, AXC Milli Müdafiə Komitəsinin sədri Məmməd Əlizadə həbs edilərək Moskvaya “məşhur” Lefortovo zindanına aparıldılar.

Lakin bütün bunlar xalqımızın mübarizə ruhunu sarsıda bilmədi. Əksinə, “Yanvar hadisəsi” xalqımızın milli-azadlıq mübarizəsi tarixində dönüş mərhələsi oldu. Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, heç bir silahlı ordu onu istiqlal mübarizəsindən sapdıra bilməz. Bu xalq əli yalın qalsa belə, son damla qanı qalanadək öz milli-azadlığı naminə çarpışacaq. 20 Yanvar həm də Azərbaycanda Sovet rejiminə, kommunist idealogiyasına ciddi zərbə vurdu, kommunist rejiminə qalan az-çox inamın da ölməsinə, imperiyaya qarşı mübarizənin güclənməsinə təkan verdi.

Xalqın təzyiqi ilə yanvarın 22-də Ali Sovetin sessiyası çağırıldı və fövqəladə vəziyyətin ləğv edilməsinə dair qərar qəbul edildi. Bu ərəfədə Azərbaycan xalq hərəkatında xüsusi fəallığı ilə fərqlənən Naxçıvan cəbhəçilərinin təşəbbüsü ilə Muxtar Respublikanın Ali Sovetinin qəbul etdiyi qərar sovet imperiyasını silkələtməklə yanaşı, bütün dünyanın diqqətini Azərbaycana cəlb etdi.

Nəsir Ağayevin polad kimi əyilməz və mətin bir insan, başqa sözlə, əsil insan kimi formalaşmasına səbəb olan sarsılmaz əqidəsinin onu odun-alovun içindən necə mətanətlə keçirdiyini anlatdıqdan sonra onun və dostların sonrakı fəaliyyətləri haqqında söhbət etməyin vaxtı çatdı.

Bu bölümə başlıq kimi Maksim Qorkinin inqilabi proseslərdən və inqilabçılardan bəhs edən məşhur “Frtınadan doğulmuşlar” əsərinin adını seçmək qərarına gəldik. Çünki məhz bu ad Nəsir bəyin və əqidədaşlarının xarakterini ortaya qoymaq və coşğun fəaliyyətlərini səciyyələndirmək baxımndan ən uğurlu addır. Axı, onların hamısı Abşeron cocuqları idilər və təbiətlərinə fırtınaları əskik olmayan Ana Xəzərin ab-havası, təbiəti hopmuşdu. Onlar bu havanı ciyərlərinə çəkə-çəkə böyümüş və formalaşmışdılar.

1990-cı ildə Nəsir Ağayev deputatlığa namizədliyini irəli sürdü. Buzovnanın əksər məhəllələrində təbliğat kompaniyasını genişləndirdi. “Məşədi Qərib” məsçidinin qarşısında, Qaz aparatı, Billur və Aliminium zavodlarında və digər yerlərdə apardığı seçki kampaniyası üstünlüyünün tam onun tərəfində olmasını göstərirdi. Onun rəqibi isə BAİB zavodunun baş direktoru Məhəmməd Namazov idi. Yaradılan və meydana çıxarılan bütün maneələrə baxmayaraq sonuncu görüşünü BAİB zavodunun həyətində, açıq havada keçirdi. Çıxışının məzmunu satqın rəhbərliyin dəyişilməsi, xalqın xeyrinə olmayan deputatların layiqlilər ilə əvəzlənməsi istiqamətində idi. Çıxışında iqtisadi, siyasi, hərbi, mənəvi, geriləmələrin səbəblərini imkan daxilində sadə bir dillə seçicilərinə izah etməyə çalışırdı. Nəhayət, bu seçki kampaniyası nəticəsində kütləni, camaatı yenidən silkələdi. Demək olar ki, Nəsir Ağayev kimi milli kadrlar Azərbaycanın bütün bölgələrində öz namizədliklərini irəli sürmüşdülər. Bu proses demək olar ki, 20 yanvarın amansız xofunu və təsirini bütünlüklə aradan qaldırdı. Keçirilən seçki və onun nəticəsi yuxarıların razılığı ilə saxdalaşdırıldı. Vəziyyətin belə olduğunu görən Nəsir Ağayev oktyabrın ortalarında Hacıəmi Atakişiyevə zəng etdərək Bakı və Kəndlər Birliyinin təsis konfransının sənədlərini ona çatdırmasını xahiş etdi və ondan soruşdu ki, bu təşkilatın qeydiyyatdan keçməsi üçün Ədliyyə Nazirliyinə müraciət edilib ya yox. O, bildirir ki, heç bir müraciət edilməyib. Bakının Şors küçəsindəki bir ofisə yığılmaq qərarına gəlinir.

Nəsir Ağayev xatırlayır:

“Bakı və Kəndlər Birliyinin yaradılmasında əsas məqsəd əslində Bakı kəndlərində yaşayan cəbhəçiləri qorumaq idi. Çünki həmin dövrdə kəndlərdə yuxarıların sifarişi ilə naxçıvanlılara və Qərbi Azərbaycandan olan soydaşlarımza qarşı təbliğat aparılır və cəbhəçilər də onların himayəçiləri kimi qələmə verilirdi. Təbliğat elə qurulmuşdu ki, ona uyanlar AXC-yə aid hər nə var idisə məhv etməyə hazır idilər. Belələri asanlıqla yönləndirilir, idarə edilirdi. Bu səbəbdən də yerli cəbhəçiləri bu tip insanların təhqir, təzyiq və hədələrindən qorumağa ehtiyac yaranmışdı. Elə bu ehtiyac da bizi BKB-ni yaratmağa sövq etdi.

Məlum olduğu kimi, rus imperiyası həmişə bakılıları Azərbaycanın digər bölgələrindən olanlara qarşı qoymağa çalışırdı. Bu dəfə də eyni ssenariyə start verilmişdi. Fəqət BKB-nin yaradılması imperiya siyasətini puça çıxardı. Belə olan halda başqa üsula əl atdılar, təşkilatın içində parçalanma yaratmağa, onu demokratlara və antidemokratik qüvvələrə bölməyə, qismən də olsa, nail oldular.

Oktyabr ayının 28-də Hacı Əmrulla, Vaqif Heybətov və mən Şors küçəsinə gəldik. Bu yığıncağa Zirədən İsmixan Fərəcov, Binədən Məzahir Nəsirov, İlham Əzizov, Sulduz Yadigarov, Şüvəlandan Ağaverdi Bədəlov, Mərdəkandan Kazım kişi, Vidadi Yaftumov və başqaları dəvət edilmişdilər. Bakı və Kəndlər Birliyinin bu iclasına Hacı Mail sədrlik edirdi. Lakin iclasın nə protokola, nə məramnaməyə, nə də ki, nizamnaməyə aidiyyatı yox idi. Sadəcə olaraq hörmət naminə hamı susmağa üstünlük verirdi”.

Yığıncaqlardan birində kimsə Kəndlər Birliyinin yaradılmasında Nəsir bəyin də əvəzsiz rolunu qeyd edir, sədarətdə oturmağına nail olur. Keçirilən bir neçə iclasın qərarlarının nə müddəti, nə də icrasına məsul şəxslər göstərilmirdi. Beləliklə, iclaslara söz - söhbətlərə gəlir, söz-söhbətlə də gedirdilər. Həmin dövrdə belə bir şayiə yayılır ki, Nəsir Ağayev sədr seçilib. 1990-cı il dekabrın əvvəllərində “Azad qadın” heykəlinin arxasındakı binanın 7-ci mərtəbəsində “Tövbə”, “Qardaşlıq”, Bakı və Kəndlər Birliyinin birgə iclasının keçiriləcəyi elan edilir. Nəsir bəy israrla bildirir ki, bu iclasa maksimum qüvvə ilə gəlməliyik. Çünki burda bir sıra məsələlər aydınlaşacaqdır. İclas günü Nəsir Hacı Əmrulla ilə o binaya gedir. Yaftumov Vidadi və Hacı Ağa Nuriyev onu zala aparırlar.

Nəsir bəy xatırlayır:

“Rəyasət heyətində “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül, “Qardaşlıq” cəmiyyətinin sədri Ağa Axundov, Bakı və Kədlər Birliyi adından isə hələ təstiq edilməmiş Hacı Mail Əliyev oturmuşdu. Burada əsas məsələ mitinq və çıxışlar edən Universitet tələbələrini cəzalandırmaq, bu üç təşkilatı birləşdirərək “Bakı bakılılar üçün” şüarını icra etmək, Qərbi Azərbaycan və Naxçıvandan olanları sıxışdırmaq idi. Çıxışların məzmunları bu istiqamətdə idi.

Yığıncaqda Bakı şəhər prokuroru Məmməd Quliyev, Bakı şəhəri Daxili İşlər İdarəsinin rəisi Bəxtiyar Əliyev, Respublika Dövlət Təhlukəsizlik Komitəsinin sədri İlhüseyn Hüseynov, Bakı şəhər partiya komitəsinin katibi Rüfət Ağayev, millət vəkili Eldar Bağırov, ali təhsil ocaqlarının rektorları, daxili işlər naziri, rayon milis və prokurorluq orqanlarının işçiləri və s. iştirak edirdilər. Regionçuluq, yerliçilik prinsipinin rəhbər tutulduğu bu yığıncağın iştirakçları, dəfələrlə söz istəməyimə baxmayaraq, mənə söz vermək istəmirdilər. Nəhayət, yerimdən qışqıraraq bildirdim:

-Bakı və Kəndlər Birliyini yaradan əsas şəxslərdən biri kimi mən fikrimi bildirmək istəyirəm. Sözümü çıxışlar üçün qəbul edilmiş 5 dəqiqəyə deyil, 2 dəqiqəyə başa çatdıracağam. Qalan 3 dəqiqəmi mənim əleyhimə danışmaq istəyənlərə verirəm.

Naçar qalıb mənə də söz verdilər. Çıxışımda ümid etdiyimi bildirdim ki, buraya bakılı kimi gəlib, azərbaycanlı kimi gedəcəyik:

-Lakin, burda olan çıxışlar bizi daha da parçalamaq kursuna xidmət edir. Elə bilirəm ki, bundan sonra Bakıda baş verə biləcək hər hansı toqquşmaya və töküləcək qanlara görə məsuliyyəti bu yığıncağı təşkil edənlər daşıyacaq. Tarix bunu bizə bağışlamayacaq.

Bu qısa çıxışdan sonra zala ani sükut hakim oldu. Sonra isə yığıncaqa gələnlər zalı tərk etməyə başladılar. Eldar Bağırov zalın sol tərəfində olan oturacaqdan qalxaraq yuxarı sıraya yanıma gəldi və dedi:

-Sağ ol Nəsir bəy! Halal olsun sənə. Əhsən! Sən çox düz dedin. Görüşərik

Sözünü deyərək məndən ayrıldı.

Yığıncaqda iştirak edən təşkilatların təmsilçiləri xudahafizləşmədən, yalnız soyuq baxışları ilə məni süzərək zal tərk etdilər. Bakıda formalaşan qarşıdurmanı heç zaman laqeyidcəsinə qarşılamaq olmazdı. Mən evə yenicə çatmışdım ki, telefon zəng çaldı. Dəstəyi qaldırdım, “Azadlıq” qəzetinin nüfuzlu yazarlarından Xalıq Bahadur idi. O mənə təşəkkür edərək bildirdi:

-Nəsir bəy, “Azad Qadın” abidəsinin arxasındakı binada olan iclasdan da və sizin qətiyyətli, mərdanə çıxışınızdan da məlumatımız var.

O məndən müsahibə almaq istədiyini bildirdi. Razılaşdım. Səhəri gün sözügedən məclis haqqında fikirlərimin əks olunduğu müsahibə, eləcə də Xalıq Bahadurun mövzu ilə bağlı geniş məqaləsi “Azadlıq” qəzetinin səhifələrində dərc edildi və demək olar ki, bütün Bakıda və Azərbaycanda böyük əks-səda yaratdı. Qəzetdə söylənən fikirlər öz müsbət təsirini göstərdi. Kim bilir o zaman bu yığıncağın gedişinə müdaxilə etməsəydim, hadisələrin sonrakı axarı necə ola bilərdi”.

Tam əminliklə deyə bilərik ki, o zaman keçirilmiş həmin yığıncaq Bakıda və eləcə də bütün Azərbaycanda hadisələrin sonrakı inkişafını müəyyənləşdirən və müvafiq məmurlara istiqamət verən bir yığıncaq idi. Doğrudan da bu yığıncaqda edilən müzakirələr və aparılan kəskin müzakirələr qısa bir vaxtda bütün Azərbaycana yayıldı. Artıq burda qüvvələr nisbəti öz həlledici təsirini göstərməli idi. Yığıncaqdan sonra, növbəti bazar günü Şors küçəsindəki binada növbəti yığıncaq üçün yığıldılar. Qapılar bağlı idi, ətrafda da milis işçiləri onların hərəkətlərini seyr edib, ratsiya ilə haralarasa məlumatlar verirdilər”.

Nəsir Ağayev xatırlayır:

“Maştağa, Kürdəxanı, Binə, Yasamal, Mərdəkan, Nardaran, Balaxanı, Şüvəlan, Buzovna, Xırdalan, Zirə, Türkan, Novxanı kəndlərdən olan nümayəndələrə təklif etdim ki, yığıncağı məsçidlərin birində keçirək. Hamı bu təklifimlə razılaşdı. Çünki Allah evindən başqa heç bir yerə gümanımız yox idi”.

Çox maraqlıdır ki, AXC-nin 1-ci və 2-ci qurultayları haqqında qələmə alınmış çoxsaylı yazı və xatirələrdə Bakı ətrafında baş verən hadisələrin və bakılıların milli istiqlalımızın qazanılmasında göstərdikləri misilsiz xidmətlərin üzərindən nədənsə həmişə sükutla keçməyə üstünlük vermişlər. Bu da təbiidir, sifarişlə yazılan tarix əsərlərində sifarişçilərin arzu və istəkləri əsas götürülür. Nəticədə oxucuya təhrifedilmiş məlumat verilir. Bu baxımdan ən yeni tariximiz də istisna deyil.

Şors küçəsindəki mənzilin bağlı qapıları arxasında keçirilmiş məlum toplantıdan sonra Maştağa, Buzovna, Binə, Qobu, Nardaran, Saray, Bülbülə, Zirə, Türkan, Balaxanı və digər kəndlərin məsçidlərində Bakı və Kəndlər Birliyinin bir neçə iclası keçirildi. Yığıncaqlar çox zaman böyük çətinliklər, risklər bahasına keçirilirdi. Hər iclasdan sonra təşkilata qoşulanların sayı artırdı. Təşkilat sürətlə böyüyür və bütün Bakı kəndlərində ən nüfuzlu təşkilata çevrilirdi. Hətta 1990-ci ilin dekabr ayında Buzovnada Hacı Nasir adı ilə məşhur olan Nasir Əliyev də Nəsir bəyə yaxınlaşaraq Bakı və Kəndlər Birliyinə qoşulmaq istədiyini bildirmişdi.

Nəsir bəy deyir:

“1990-cı ilin yanvar-fevral aylarında əsasən Buzovnada, C. Məmmədquluzadə küçəsi ev 42-də keçirilən iclas və yığıncaqlar fevralın ortalarından Hacı Zakirin təşəbbüs və təminatı ilə Maştağa kəndindəki məsçidlərin birində davam etdirildi, 1991-in fevralın axırıncı bazar günü Qobu kəndinin məsçidində Bakı və Kəndlər Birliyinin tərəfimizdən hazırlanan Nizamnamə və Məramnaməsi müzakirə edilərək, qəbul edildi. Burda əsas diqqəti cəlb edən hallardan biri də Zakir Quliyevin Hökməlidən gələn bir neçə nəfərlə bayırda üç saata yaxın mübahisə və fikir mübadiləsi etməsi oldu. Bir sözlə, həyatın və tarixin sərt sınaqlarında formalaşan təşkilat getdikçə daha da bütövləşir, fəaliyyətində birlik nümayiş etdirirdi.

Qəbul edilən Nizamnamədə BKB-nin AXC-nin Ali Məclisində təmsili, Xalq Cəbhəsinin tərkib hissəsi olduğuna dair maddələr yer almaqda idi. Buna qarşı az sayda çıxanlar olsalar da, bir şeyə nail ola bilmədilər. Məni xəyanətdə ittiham edib, təşkilatdan uzaqlaşdılar. Bu insanlar başa düşmək istəmirdilər ki, hərəkatı tamamlamaq üçün ondan ayrılmaq yox, əksinə, ona qatılaraq, onu daha da bütövləşdirmək lazımdır. Çünki, məhz ümumilli hərəkat nəticəsində müstəqil milli dövlət yaratmaq mümkündür. Hərəkatın regionlaşdırılmasına çalışanların adı, şübhəsiz ki, tarixin səhifələrinə şərəfsizlik nümunəsi kimi yazılmışdır”.

Hərəkat Bakı, Abşeron, Naxçıvan, Qərbi Azərbaycan, Qarabağ, Muğan və s. regionların marağını deyil, ümumilikdə vahid Azərbaycan xalqının marağını əks etdirdiyinə görə xalq hərəkatı hesab edilir. Amma çox təəssüflər olsun ki, yalnız şəxsi marağı naminə hərəkata qoşulub, sonra da özlərinin müəyyənləşdirdiyi məqamda ondan ayrılanlar da olur...

Görəsən, belələri eynən Nəsir bəy kimi əsəbdən, həyəcandan iflic olsaydılar, ömürlərinin 40 ilini elmə, milli azadlığa həsr etsəydilər, SSRİ-nin güclü vaxtında DTK tərəfindən nəticəsi bilinməyən istintaqa düçar olsaydılar, 1990-cı ilin 20 yanvar hadisələrində qardaşlarını sürgündə ölümlə dirim arasında qoysaydılar və həyətdə özləri də ölüm və həbs qorxusu altında çox yox 5 ay yaşasaydılar, onlar bu gün nələr deyər, hansı iddialarla yaşayardılar? Yəqin ki, çoxlarını və daha kimləri qanun, ədalət, xalq, demokratiya, müstəqillik adından ittiham edərdilər. Nəsir Ağayevin isə gözlərinin dərinliyində antey əzabı, qəlbində sızım-sızım sızlaması, gündəlik yaşam tərzinin isə aşağı olması bizim milli azadlıq hərəkatımıza, azadlığımıza verilən qiymətdir. Eynilə azadlıq, müstəqillik uğrunda fədai ömrü yaşamış, Milli Azadlıq Hərəkatımızın təmənnasız liderlərindən biri olmuş Məhəmməd Hatəmi də hələ layiq olduğu qiymətini gözləyir.

Nəsir bəy davam edir:

“1991-ci il 3 mart Nardaran kəndinin Ağa məsçidində BKB-nin möhtəşəm konfransı keçirildi. Bu konfransda Nizamnamənin nəzarət təftiş komissiyası maddəsi izah edilərkən, rəssam Füzuli Axundov qətiyyətlə israr etdi ki, bir-birimizə inanırıqsa, nəzarət-təftiş komissiyası barədə maddə Nizamnaməyə salınmamalədır. Onun gurultulu, emosional çıxışından sonra iştirakçıların 80 %-i NTK barədə maddənin ümumiyyətlə BKB-nin Nizamnaməsindən çıxarılması qənaətinə gəldilər. Sədr kimi səlahiyyətimdən istifadə edərək izah etdim ki, hər hansı təşkilatın varlığını qorumaq üçün NTK mütləq qeyd edilməlidir:

-Eyni zamanda, bu təşkilatın Nizamnaməsini NTK barədə maddə göstərilmədən Ədliyyə Nazirliyinə təsdiq üçün verilməsi bizə nə kimi münasibət formalaşdıracağını təsəvvürə belə gətirmək çətindir.

Nəhayət, ortaq məxrəcə gəldik və bir müddət sonra tərəfimdəm yazılan Nizamnamə və Məramnamə Ədliyyə Nazirliyinə təqdim edildi. Təşkilatın sənədlərinin Həzi Aslanov adına “Qızıl Şərq” mətbəəsində nəşri, möhürünün hazırlanması və digər işlərin gerçəkləşdirilməsi üçün lazım olan xərcləri ödəmələri məqsədilə Malik Atakişiyevə və Rahib Rzayevə müraciət etdik. Onlar da köməkliklərini əsirgəmədilər.

BKB-nin sənədlərinin Ədliyyə Nazirliyinə təqdim edilməsi milli hərəkatda böyük xidmətləri olan Mir Salam Məmmədova həvalə edilmişdi. Bu işdə ona Hacı Vaqif, Hacı Hacıağa, Hacı Əlikram yardımçı oldular. Mir Salam Məmmədov Ədliyyə Nazirliyinin məsul işçiləri ilə olan görüşlərində təşkilatın qeydiyyatdan maneəsiz keçməsi üçün əlindən gələni etdi.

1991-ci ilin aprel ayının əvvəllərində Əmircan kəndindəki Murtuza Muxtarovun tikdirdiyi məsçiddə növbəti yığıncaq keçirildi. Binədən Zabil Nağıyev, Nardarandan Hacı Vaqif, Maştağadan Zakir Quliyev, Zirədən İsmixan Fərəcov, Əmircandan Vaqif Hüseynov və başqaları bu iclasa xüsusi olaraq dəvət edilmişdilər. Onlar da burda baş verə biləcək hər hansı bir hadisəyə hazırlıqlarını görmüşdülər. Bir nömrəli məqsədimiz isə süni surətdə yaradılmaq istənilən münaqişələrin danışıqlar yolu ilə həll edilməsi idi. Eyni zamanda bu yığıncaq ciddi əhəmiyyətə malik olduğundan iclasda əlliyə yaxın insan, o cümlədən İlham Əzizov, Rübail Muradov, Vüqar Muradov, Şahin Zairov, Sulduz Yadigarov, Teyyub Əliyev, Firuz Orucov, Əziz Balaxanlı, Arif Səmədov, Hacı Teymur, Firudin Qurbansoy, Ağası Hun, Ağaverdi Bədəlov, Hacı Əmrulla, Aslan Məmmədov, Vaqif Heybətov iştirak edirdilər. Məsçiddəki yığıncağımza yenicə başlamışdıq ki, bir neçə nəfər məsçiçidə daxil olaraq təxribat törətməyə çalışdı.

Nə qədər acı olsa da, azərbaycanlıq ideyasına zidd olan qüvvələr hələ də mövcud idi. Buna görə də xalqın bütövlüyü naminə mövcud münaqişəni hiss olunmadan, tədricən aradan qaldırmaq məqsədə uyğun idi. Çünki burda baş verə biləcək hər hansı bir qarşıdurma tezliklə bütün Bakı kəndlərini əhatə edə, qarşısının alınmas çətin olan arzuolunmaz hadisələrə təkan verə bilərdi. Odur ki, ehtiyatlı davranmaq lazım idi. Dostlarımızdan heç də hamısı bunu anlamırdı. Onlar məni ürəyi yumşaqlıqda, güzəştə getməkdə günahlandırır, çox mülayim davranmağıma görə qınayırdılar. Onlar anlamaq istəmirdilər ki, bu mövqeyimin səbəbi daxili toqquşmalara yol verməməkdir. Bütün bu məqamlarda Hacı Zakirin əvəzsiz xidmətləri var idi. Məsələn, Xırdalan yaxınlığında qaçqın və köçkünlərin yenicə məskən saldıqları Çaylı kəndinə 4-5 maşın naməlum adam gəlmiş, qaçqın və köçkünlərin burdan getmələrini tələb etmiş, bakılılar adından hədə-qorxu qəlmişdilər. Bu hadisələri Zakir Quliyev eşidən kimi Çaylı kəndinə getmiş, gələnlərin kimliyini müəyyən qədər aydınlaşdıra bilmişdi.

Bu hadisədən 2 gün sonra Bakı və Kəndlər Birliyinin Çaylı hadisələrində oynadığı müsbət rola dair Rövşən Mahmudovun “Müxalifət” qəzetində ətraflı yazısı dərc edildi.

Nəsir bə mövcud ekstremal vəziyyətləri nəzərə alaraq, Zakir İbrahim oğluna fərdi qaydada qərar qəbul etmək səlahiyyəti vermişdi. Çünki elə yerlər olurdu ki, mənim oraya getməm ya mümkün olmurdu, ya da təşkilatı zərbə altında qoya bilərdi. Belə hallarda Zakir Quliyev məsuliyyəti öz üzərinə götürür, səlahiyyətli şəxs kimi davranırdı. Ümumiyyətlə, Hacı Zakirin Azərbaycan sevgisi, ümumilli məsələlərdə əsil vətəndaş mövqeyində olması hər kəsin ona sayğı ilə yanaşmasına, sözünü dinləməsinə səbəb olurdu. Bu da gördüyü işlərin səmərəsini artırırdı...

Növbəti yığıncaqların biri 1991-ci ildə, may ayının ortalarında Saray kəndinin məsçidində keçirilməli idi. Bu yığıncağın keçirilməsinə Şüvəlandan İmamverdi (ona Şüvəlanda Vaqif də deyirdilər) vasitəçilik edirdi. O, Sarayda olan dostlarına və qohumlarına bu haqda xəbər etmişdi.

Təqribən 45 nəfərə yaxın nümayəndə ilə Saray məsçidinə yaxınlaşdıqda günəşli, aydın bir hava var idi. Badam ağaclarının Sarayın girəcəyində göz işlədikcə uzanan açıq çəhrayi görüntüsü yenidən doğulan təbiətin həyat eşqindən xəbər verirdi. Çox təəssüf ki, 1991-ci ildə görünən o badam ağacları 2008-ci ildə demək olar ki, məhv edilmişdir. Bu ağacları əkənlərin övladları isə bu torpağa həsrətlə baxmağa məhkum edilmişlər.

Saray məsçidinin həyətinə daxil olanda burada əllərində ratsiya aparatı çox sayda milisin və 4-5 milis maşınının dayandığını gördük. Günəşin qəlb oxşayan, məst edici istisi iştirakçıların ovqatına təsir etmişdi. Məsçidin həyəti otluq, ağaclıq idi. Bura yığışanlardan bəziləri təklif etdilər ki, yığıncağı məsçidin həyətində açıq havada keçirək. Bunu təklif edənlər bu yığıncağa qarşı əvvəlcədən təlimatlandırılmış təxribatçılarn, eləcə də milisin və gözə görünməyən neçə-neçə qüvvənin hansı təxribatlar törədəcəyini fikirləşmirdilər. Odur ki, dedim:

-Həyətdə kənar adamlar olduğundan elə məsçiddə olmağımız məsləhətdir.

Bu qərarımı izah etməyə heç imkan da tapmadım. Məni dərhal məsçidin içərisinə apardılar. İclası açıq elan etdim. Sonradan bildim ki, bayırda 40-a yaxın əlavə adam toplanıb. Milislələ birlikdə sayları 50-55 nəfər edirdi. Əgər yığıncaq açıq havada keçirilsə idi, ağla gəlməyən hadisələrin olacağına şübhə etməmək olardı. Çünki hakimiyyətdə olanlar kreslolarını itirmək istəmədiklərindən əsəbilik, gərginlik keçirir, təxribatlara əl atmağa çalışırdılar. Lakin zaman artıq o zaman deyildi. Bir vaxt Bakı kəndlərini Naxçıvana, Qərbi Azərbaycana, Qubadlıya, Laçına, Zəngilana qarşı qoyanların özləri indi Bakı kəndlərinin güclü müqaviməti ilə qarşı-qarşıya qalmışdılar. Bununla belə, Bakının bütün kəndləri demək olar ki, 2 yerə-mövcud hakimiyyətin tərəfdarlarna və əleyhdarlarına parçalanmışdı.

Demokratik qüvvələr may ayının 28-ni Novxanıda, Məmməd Əminin doğulduğu evin qarşısında mitinq keçirmək, tədbiri parlamentin açıldığı bina qarşısında davam etmək və sonda şəhidlər xiyabanını ziyarət etməklə qeyd etməyi qərara almışdılar. Artıq üzərində türkçülük, islamçılıq və müasirliyə aid şüarların yazıldığı göy, qırmızı və yaşıl parçalar da hazır idi. İclasımız da həmin tədbirə hazrlıqla bağlı idi.

AXC bir sıra qurum və təşkilatlara şəhərdə bir yerə yığılmağı, ordan Novxanıya birlikdə getməyi təklif etmişdi. Mən vəziyyəti nəzərə alaraq, Novxanıya müstəqil şəkildə gələcəyimizi bildirdim. Səbəb isə o idi ki, 20 yanvar hadisəsindən sonra xalqın bir-birinə qarşı qoyulması, uzun müddətli komendant saatları Bakıda və onun kəndlərində demokratik və müstəqil fikrin inkişafına hiss ediləcək dərəcədə maneə yaratmışdı. Buna görə də kəndlərdən birinin məsçidinin qarşısında yığılmaq və oradan Novxanıya getmək qərarına gəlmişdik. Müzakirələrdən sonra Məhəmmədi kəndini seçəsi olduq. Mayın 28-də saat 12-nin yarısında deyilən yerdə yığıldıq. Məlumat gəldi ki, Yanardağdağda, yəni Məhəmmədinin çıxacağında dövlət səviyyəsində Qarabağ xeyriyyə marafonu keçirilir. Buraya da Bakı kəndlərindən yüzlərlə adam cəlb edilib.

Maşın karvanı “Yanardağ”dan keçərkən heç bir təxribata uymamağı tapşırdım. Qabaqda gedən maşın üç rəngli bayrağımızı yelləndirməkdə idi. Ardınca gələn maşına isə Məmməd Əminin portreti bərkidilmişdi. Digər maşınlardan da kiçik bayraqlar dalğalandırılırdı. Yanardağın qarşısına çatanda qalın bir izdiham göründü. İzdihamdan bir neçə nəfər ayrılaraq qabaqda gedən maşının qarşısını kəsdilər. Mən bu maşında idim. Həmin şəxlər bizə təklif etdilər ki, onların keçirdikləri xeyriyyə tədbiriində iştirak edək. Onlara dedim:

-Novxanıda əvvəlcədən planlaşdırılan çox mühüm tədbirimiz olmasaydı, sizin tədbirinizdə böyük məmnuniyyətlə iştirak edərdik..

Onlar kənara çəkildilər və biz də heç bir münaqişəyə səbəbiyyət vermədən mütəşəkkil qaydada Novxanıya istiqamət aldıq.

Novxanı mitinqindən sonra Bakıda da, rayonlarda da, kəndlərdə də müəyyən bir canlanma hiss olunmağa başladı. Milli Azadlıq Hərəkatı getdikcə yenidən dirçəlir, əski qüdrət və qüvvələrini bərpa edirdi. Keçirilən hər tədbir məhz buna xidmət edirdi. Belə tədbirlərin sonunda görülən bütün işlər, buraxılan səhvlər bir qayda olaraq müzakirə olunardı. Müzakirələrdə mənimlə birlikdə Aslan Məmmədov, Zakir Quliyev, Ağabala Ağayev, Fəxrəddin Zeynalov, Vaqif Heybətov, İsmixan Fərəcov, İlham Əzizov və digərləri iştirak edərdilər. Buraxılan səhvləri aradan qaldırmağın yollarını birlikdə müəyyənləşdirərdik. Nəticədə hər dəfə sonrakı tədbirimiz əvvəlkilərdən daha mütəşəkkil və möhtəşəm alınırdı.

Azərbaycan başda olmaqla, bütün SSRİ-ni inqilabi proseslər bürümüşdü. Bütün respublikalarda xalq hərəkatları getdikcə daha genş vüsət alırdı. Müstəqillik, demokratiya və azadlıq ideyasının gerçəkləşməsinin qarşısını almaq üçün 1991-ci il avqustun 18-də mərkəzi və yerli televiziyalar vasitəsilə Dövlət Fövqəladə Hallar Komitəsinin yaradıldığı elan edildi. Bu komitə SSRİ-nin bərpasını icra etməli idi. Mövcud durumla barışmaq və bu qara qüvvəyə boyun əymək bütün imperiya ərazisində milyonlarla adamın yenidən repressiyalara uğraması, həbs edilməsi, güllələnilməsi, sürgün edilməsi ilə barışmaq demək olard. Avqustun 19-da gərginlik özünün ən yüksək nöqtəsinə qalxdı...

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə