Elman Cəfərli Təbriz Ağayev




Yüklə 1.04 Mb.
səhifə7/11
tarix22.02.2016
ölçüsü1.04 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Yığıncaq günü mən Nardarana getdim. Zal ağzına qədər dolmuşdu. Tədbirin hazırlanmasında əsas rolu Hacı Haciyev, Hacı Rafiq, Cəbrayıl Əlizadə və başqaları oynamışdılar. Yığıncaq iştirakçılarından biri mənə müraciətlə dedi:

-Nəsir bəy, rayonun başçısını, voyenkomunu, milis rəisini, qaz-işıq idarələrinin rəislərini dəvət etmişik.

Dedim:

-Narahat olmayın, onlara bütün sözünüzü, təklifinizi bildirəcəksiniz.



Bir necə dəqiqədən sonra Lenin rayonunun birinci katibi Salman Əliyev kluba daxil oldu, camaatın arasında oturdu. O, vaxtilə mənim dərs dediyim 55 saylı OTPM-də direktor işləyib. Məni çox yaxşı tanıyırdı. Və səmimi münasibətini gizlətmirdi. Məhz onun vaxtında 55 saylı OTPM “Şəhriyar”, “Sabir” poeziya gündüzləri demək olar ki, respublika səviyyəsində keçirilirdi.

Eyni zamanda vəziyyəti də yaxşı bilirdi. Ancaq onun arxasınca gələn hərbi komissar və qaz idarəsinin rəisi zalın içindən keçərək səhnəyə qalxdılar. Camaat susur, heç nə danışmırdı. Onlara iradımı bildirərək dedim:

-Sizi səhnəyə kim dəvət etdi? Hansı xidmətinizə görə özünüzü yüksəkdə görürsüz? Düşün aşağı camaatın içində oturun. Nardaran əhli öz dərdlərini danışandan sonra lazım gələrsə, sizi bura dəvət edərik.

Bu sözlər və ardınca zalı başına götürən “Allahu Əkbər” təkbiri elə bir psixoloji şərait yaratdı ki, illərlə əhalinin qapısını aça bilmədiyi məmurlar suyu süzülmüş hala düşdülər. Vəziyyətin belə hal alması Nardaranda yüksək mübarizə əhval - ruhiyyəsi yaratdı. Demək olar ki, məmurlar camaatın bütün təkliflərini sözsüz qəbul etdilər. Bu yığıncaq 4 saatdan artıq çəkdi. Bu yığıncaq Bakı kəndlərində indiyədək görülməmiş əks-səda yaratdı. Xalqın ağlasığmaz sürətlə təşkilatlanmasına səbəb oldu. Nəticədə 1989-cu ilin noyabr ayından başlayaraq Azadlıq meydanındakı mitinqlərdə Bakı kəndlərinin əhalisi mütəşəkkil qaydada iştirakı etməyə başladı. Məhz bunun sayəsində mütəşəkkil qaydada tətillərin keçirilməsi də mümkün oldu.”

Nəsir bəyin sözlərinə görə, təkcə hərbi zavod kimi tanınan BAİB, hərəkat fəallarının fəaliyyətinə və təkidinə baxmayaraq, tətil etmək fikrində deyildi. Eyni zamanda müdriyyət və təhlukəsizlik komitəsinin əməkdaşları tətilin baş tutmaması üçün bütün mümkün və qeyri-mümkün variantlara baş vururdular:

“Mən kənardan BAİB-də vəziyyətin necə olması ilə maraqlandım. Çox çəkmədi ki, Etibar Kərimov, Bəhlul Abdullayev, Əmrulla Dadaşzadə və Vaqif Heybətov yanıma gələrək dedilər:

-Zavodun girəcəyində 2000-nə yaxın fəhlə tərəddüd içərisindədir. 300-500-ə qədəri isə içəridə işlə məşğuldur.

Qarşımda belə bir tələb qoyulur ki, mütləq zavoda getməliyəm. Zavoda gedəcəyimi bildirdim. Özümlə Ermənistanda, İrəvanda nəşr olunan, içi anti-Azərbaycan, anti-türk, məzmunlu məqalələrlə dolu olan və rus dilində çıxan “Kommunist” qəzetinin bir neçə nömrəsini də götürdüm. Zavoda gələr-gəlməz, minlərlə BAİB işçisi məni əhatəyə aldı. Əlimdəki “Kommunist” qəzetlərini yuxarı qaldıraraq fəhlələrə müraciət etdim:

-Camaat, Ermənistanın bütün vəzifəli adamları millətinin istəyinə cavab verir, xalqı ilə bir yerdədir. Biz isə bu məkrli düşmənə qarşı parçalana, bir-birimizlə didişə-didişə çətin bir mübarizə aparırıq. Belə getsə, biz hələ torpaqlarımızın çoxunu itirəcəyik. İş gör nə dərəcəyə çatıb ki, Azərbaycanın paytaxtı Bakıda uydurma 26 Bakı Komissarı əbədiləşdirilib. Hansı ki, bu 26 nəfərdən 8-i erməni, ancaq 2-i nəfəri azərbaycanlıdır, qalanları da digər millətlərdəndir. Özü də bunların 26 – sı deyil, yalnız 5-6 nəfəri komissar olmuşdur. Buna görə də Azərbaycanda milli dəyərə malik kadrlar yox dərəcəsindədir. Ermənistanda isə biz bunun əksini görürük. Bu gün tətil torpaqlarımızın bütövlüyü, azərbaycanlıların hüquqlarının qorunması üçün edilir. Bu məsələlərdə mövqe ayrılığı ola bilməz!

Beləliklə zavodun fəhlələri yekdilliklə tətilə qoşulmaq barədə qərar qəbul etdilər. Əzizbəyov rayonunun qaz aparatları, əlvan metallar, büllur qablar zavodları və digər müəssisələr də tətilə qoşuldular. Çünki BAİB zavodu Əzizbəyov rayonunda 5000-dən artıq işçisi olan ittifaq əhəmiyyətli zavod idi, onun tətil etməsi təsirsiz ötüşə bilməzdi

Dekabr ayının ilk günlərində Maştağa qəsəbəsindəki Mədəniyyət evindən böyük bir yığıncaq təşkil etmiş, iclası idarə etmək üçün məni də dəvət etmişdilər. Tədbirdə Sabir Rüstəmxanlı, Nemət Pənahlı və Yusif Səmədoğlu iştirak edirdilər. İclası Ağa Axundov açdı və sözü mənə verdi. Mən çıxış edərək, Bakı kəndlərinin ermənilərə qarşı mübarizədə bir-birilə sıx əlaqə saxlamasının zəruriliyindən söz açdım. Bundan sonra Bakı kəndlərinin birgə fəaliyyəti ideyası, demək olar ki, reallaşmağa başladı. Sonralar Hacı Zakir Quliyevin cəsarətli, düşünülmüş fəaliyyəti nəticəsində Bakı kəndlərinin bir-birilə mehribançılığı daha da artdı. Böyük gücə malik olan bu şəxs baş verəcək hadisələrin qarşısını almaq, əks tədbirlər görmək məharətinə qadir idi. Çünki məhz onun ardıcıl, düşünülmüş tədbirləri nəticəsində Bakı kəndlərində siyasi, ideoloji fəaliyyət aparılırdı. Hacı Zakirin Maştağada, Zirədə, Zabratda, xüsusilə Qobuda və Xırdalanda gördüyü işlər onun Azərbaycanın müstəqilliyi, azadlığı, bütövlüyü uğrunda aparılan imumi mübarizənin vacib tərkib hissəsi idi”.

Hadisələrin davamını Nəsir Ağayevin sözlərini qələmə alaraq ortaya çox maraqlı bir əsər qoymuş Məmməd Əlizadənin “dilindən” izləyək:

“1989-cu ilin dekabrın 6-7 AXC-nin Elmlər Akademiyasının iri zalında qurultay səlahiyyətli konfransı keçirilməsi nəzərdə tutulmuşdu. AXC-nin radikal qanadı üstünlüyü ələ almaq üçün mühafizə adı altında zala müəyyən adamları yerləşdirmişdilər. Bir sözlə, bu konfransda müəyyən qüvvələrin destruktiv fəaliyyəti və qarşıdurması gözlənilirdi. Məhz Nəsir Ağayevin gücündən istifadə edilərək əsasən Buzovna, Zirə, Binə, Maştağa, Bülbülə, Yasamaldan olan 80-nə yaxın karate ilə məşğul olan şəxslər konfrans günü tanınmaq üçün qollarına mavi rəngdə parça bağlayaraq təhlukəsizlik tədbirlərini həyata keçirdilər. Həmin gün özlərini güclü göstərmək istəyən radikallar istədiklərinə nail ola bilmədilər. Nəticədə gələcək parçalanmanın demək olar ki, əsası qoyuldu.

1989-cu ilin dekabr ayının 10-15-i Bakı Kəndlər Birliyi Nəsir Ağayevin təşəbbüsü ilə Nardarandakı klubda yığıldılar. Bu yığıncaqda Buzovna, Xırdalan, Kürdəxanı, Məhəmmədi, Fatmayı, Bilgəh, Maştağa, Zabrat, Balaxanı, Bülbülə, Əmircan, Zirə, Qala, Şüvəlan, Mərdəkan, Binə, Binəqədi kəndlərdən bir çox nümayəndələr iştirak edirdi.

Bu yığıncaqda Əbülfəz Elçibəy, Ziya Bünyadov, Yusif Səmədoğlu, Canbaxış Umudov, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Sabit Bağırov, Leyla Yunusova, Hacıəmi Atakişiyev, Telman Əbiyev, İlham Əzizov, Mirrəhim Məcidov və digərləri iştirak edirdilər. İclasda qərara alındı ki, Bakı kəndlərinin növbəti dəfə təsis yığıncağı 1990-cı il yanvarın 13-ü Şüvəlan yazıçılar evində keçirilsin. İşçi qrupuna Quliyev Zakir İbrahim oğlu, Hacıəmi Atakişiyev, Ziya Bünyadov, Fərrux Hüseynov, Bəhlul Abdullayev, Hacıağa Nuriyev, Canbaxış Umudov, İsmixan Fərəcov cəlb edildilər. Əbülfəz Elçibəy gözəl bilirdi ki, gələcək uğurlar Bakı və onun kəndlərini milli azadlıq hərəkatındakı fəaliyyətindən və mövqeyindən çox asılıdır. Çünki bu ərəfələrdə müəyyən qüvvələr tərəfindən rayonlu, bakılı, yerli, gəlmə və müxtəlif ayrı-seçkiliklər toqquşma və qarşıdurma yaradacaq səviyyədə aparılırdı.

1990-cı il 10-12 yanvara qədər bir sıra kəndlərdə o cümlədən Balaxanıda Firuz Orucovun, Pirşağada Canbaxış Umudovun, Xırdalanda Cavanşir Axundovun, Binəqədidə Cabir kişinin, Coratda, Sumqayıtda İsmayıl Əbdüloğlunun, Zarat, Həmyə, Siyəzən məntəqələrində Zal Rüstəmov, Hüseynov Güləddin, Abbasov Firudin, Binədə Zabil bəy, Zirədə Fərəcov İsmixan, Mərdəkanda Vidadi bəy, Türk Vaqif, Şağanda Rafael, Şüvəlanda Bədəlov Ağaverdi, Nardaranda Hacıağa Nuriyev, Maştağada Quliyev Zakir İbrahim oğlu, Kürdəxanıda İlyas bəy, Kamil bəy, Casim bəy, Əmircanda Vaqif Hüseynov, Bülbülədə Telman Əbiyev, Allahverdi bəy və digərləri vasitəsilə Nəsir Ağayevin iştirakı ilə konfransa hazırlıq işləri aparıldı. Buzovnada Zairov Şahin, Məmmədov Aslan, Məmmədov Xudadat, Əmrulla Dadaşzadə və digərləri konfransa ciddi hazırlıq işləri görürdülər.

Nəhayət yanvarın 13-nə bir–iki gün qalmış Bakını əksər kəndlərinin nümayəndələri Buzovna qəsəbəsi C. Məmmədquluzadə küçəsi ev 42-nin zirzəmisində yığışdılar. Nardarandan İslaməli Əliyev, Əlikram Əliyev, Hacıağa Nuriyev, Şair Zəki, Cəbrayıl Əlizadə, Maştağadan Məşədi Əbdül, Eynulla bəy, Həsən Vəliyev, Zakir bəy Quliyev və bir çox kəndin nümayəndələri mövcud şərait haqqında geniş müzakirələr apardılar. Bu zaman müstəqilliyimizi, birliyimizi istəməyən qüvvələr azadlıq hərəkatını zəiflətmək üçün gəlmə, yerli, rayonlu, bakılı söhbətlərini genişləndirmişdilər. Bakı kəndləri içərisində belə bir şayiə yayılmışdır ki, qaçqınlar və rayondan gələnlər Bakı kəndlərində evləri və yerləri zəbt edəcəklər. Buna görə də yerli əhalinin bəzi sakinləri özünü müdafiə etmək məqsədilə təşkilatlanmaq və onlara qarşı mübarizə aparmaq düşüncələrini irəli sürürdülər. Hiss edilirdi ki, qaçqınların və köçkünlərin daha çox iştirak etdiyi xalq hərəkatında və mitinqlərdə Bakı kəndlərinin əhalisini yuxarı səviyyədə neytrallaşdırmağa və hərəkata qarşı qoymağa çalışırdılar”.

Nəsir Ağayev həmin hadisələri belə xatırlayır:

“Təqribən yanvarın 9-10-u olardı. Axşam saat 7 radələrində Maştağadan Rza adında bir şəxs ağ rəngli “Qaz-24” markalı maşınla yaşadığım mənzilə gəldi. Yollar buz bağlandığından sürüşkən idi. Ahəstə-ahəstə lopa-lopa qar yağırdı. Rza mənə bildirdi ki, Bakı Şəhər Partiya Komitəsinin binasında Bakı kəndlərinin çox sayda sakini yığışıb:

-Ora gedək. Yalnız sənin “Hə” deməyin kifayətdir ki, maşınımız, pulumuz, qərargahımız olsun. Düzü təəcübləndim. Axı, necə ola bilərdi ki, hələ yaradılmamış bir təşkilatın fəaliyyəti bu cür müəyyənləşsin?

Mən şəhərə getdim. Məni ikinci mərtəbəyə qaldırdılar. Otağa daxil olarkən Müslüm Məmmədovun yanında oturan Ağa Axundovu gördüm, O, ayağa qalxdı. Məni orda oturtdular. Bu yığıncaqda Maştağadan Kazım doktor, Mərdəkandan, Şüvəlandan, Bilgəhdən, Keşlədən, Xırdalandan, Saraydan bu gün yadımdan çıxan şəxslər iştirak edirdilər. Demək olar ki, iştirak edənlər Bakıda komendant saatının uzadılmasını və rus əsgərləri ilə birgə Bakı kəndlərinin nümayəndələrinin də asayişin keşiyində birgə olmasını təklif edirdilər. Bir sözlə, Azərbaycanı gözləyən təhlükələrdən Bakının uzaq saxlamağa çalışırdılar. Bununla da Dağlıq Qarabağda və Azərbaycanın digər ərazilərinində ermənilərin özbaşınalığına qarşı etiraz edən bakılıları proseslərdən kənar qoymağa çalışırdılar. Tədbirin ruhundan hiss olunurdu ki, imperiyapərəst qüvvələr Bakını Azərbaycanın digər bölgələrindən təcrid etmək, onun yerli əhalisini rayonların əhalisinə qarşı qoymaq üçün məkrli plan hazırlayırlar. Bir çoxları bunu hiss etsələr də, digərləri bunun mahiyyətinə varıb, törədilmək istənilən təxribatın verə biləcəyi fəsadları ağıllarına belə gətirmirdilər. Çıxışında paytaxtda asayiş və sabitliyin bərpasının vacibliyindən dəm vuran Müslüm Məmmədov sonra sözü kəndlərin nümayəndələrinə verdi. Nümayəndələr isə əsasən yolların çəkilməsi, qaz və işığın normal olması haqqında danışdılar. Burdakı danışıqlardan belə çıxırdı ki, yolumuz rahat, qazımız, ışığımız normal olsa, biz heç nəyə qarışmarıq. Yəni Azərbaycanı narahat edən ictimai-siyasi hadisələrə qoşulmarıq. Hətta, əksinə, ictimai-siyasi hərəkata mane olarıq. Çünki, Bakı və Bakı kəndlərini normal dolanışıq maraqlandırır. Bu isə əslində Bakıya və bakılılara vurulan növbəti xəyanət zərbəsi idi.

O zaman mən bu yığıncağın qeyri-qanuni olduğunu, vaxtsız çağırıldığını bildirərək məsuliyyətsiz çıxışlara son qoyulmasını tələb etdim. Bildirdim:

-Bakı kəndlərinin təsis yığıncağı yanvarın 13-də keçiriləcək. Burda oturanlardan soruşmaq istəyirəm. Hələ təsis edilməmiş təşkilatın adından danışmaq üçün kim sizə səlahiyyət verib?

Mənim çıxışım və replikalarıma baxmayaraq, yığıncaq gecə saat 21:30 - dək davam etdi və yalnız bundan sonra dağıldı. Qərara alındı ki, görüşlərin davamı da olsun. Beləliklə, mənim üçün indiyə qədər gizli qalmış bir həqiqət aydınlaşdı. Hiss etdim ki, belə görüşlər keçirilərsə və buradakı ziyanlı ideya və fikirlər təbliğ edilərək yayılarsa, bir neçə min insanın məişəti, cüzi də olsa yaxşılaşacaq, milyonlarla azərbaycanlı isə əzablar burulğanına sürüklənəcək.

Bu toplanışanlarn məqsədi aydn idi. Bizi qabaqlamaq və qondarma bir qurum yaratmaqla bakılılarn diqqətini milli məsələlərdən, ilk növbədə isə Milli Azadlıq Hərəkatından yayındırmaq idi.

O dövrün hadisələrinə bu günün gözü ilə baxanda nəyin haqq, nəyinsə nahaq olduğunu görmək heç də çətin deyil. Ancaq həmin dövrdə, hadisələrin bilavasitə içində nəyin nə olduğunu müəyyənləşdirmək son dərəcə çətin idi...” Bu hadisədən bir neçə gün sonra keçirilən Bakı və Kəndlər Birliyinin təsis konfransı keçirildi. 13 yanvar 1990-cı il. Saat 10:00. Konfransı idarə edən Hacıəmi Atakişiyev, Nəsir Ağayev, Ziya Bunyadov, katiblik edən Fərhad Muradov və Maştağadan Seyid artıq səhnədə öz yerlərini tutdular. Yazıçılar Birliyinin Şüvəlandakı yaradıcılıq evinin böyük zalı ağzına qədər dolmuşdu. Əlavə oturacaqlar da gələnlərə azlıq edirdi. Havanın soyuq olmasına baxmayaraq, konfrans zalı gündəlikdə olan məsələlərin müzakirəsi zamanı söz alıb yerli-yersiz istək və arzularını tarixi zərurət kimi sırımağa çalışanların təkəbbür və təkidlərindən daha da qızışmışdı.

Hacıəmi Atakişiyev təşkilatın məqsəd və vəzifələrindən danışarkən zalda səs-küy daha da gücləndi. Hiss olunurdu ki, iştirakçılar təşkilatın hansı işlərlə məşğul olacağını və üzvlərə nə vəd verəcəyi ilə maraqlanırlar. Konfransda iştirak edən nümayəndələr arasında Milli Azadlıq hərəkatının tələblərinə müəyyən qədər cavab verəcək 40-a yaxın tərəfdar var idi. Qalan nümayəndələr Azərbaycan Kommunist Partiyasının müvafiq strukturları tərəfindən, eləcə də DTK, DİN, və digər orqanlar tərəfindən göndərilmiş və öyrədilmiş adamlar idi.

Nəsir Ağayev o günləri belə xatırlayrı:

“Azərbaycan Xalq Cumhuriyyətinin 1920-ci ilin 28 aprelində süqutundan sonra Abşeron və Bakıda müstəqil siyasətə demək olar ki, son qoyulmuşdu. Xüsusən də Məmməd Əmin Rəsulzadənin doğma kəndi Novxanıdan olanlara heç bir dövlət işi verilmirdi. Böyük öndərin bütün nəsli, onlara salam verənlər və onlardan salam alanlar belə həbslərə, sürgünlərə məruz qalırdılar. Məhz bunun nəticəsi idi ki, 1956-cı ilə qədər Novxanı kəndi xarabaya bənzəyirdi. Demək olar ki, bu kəndə gedən bütün yollar elə bir vəziyyətdə idi ki, ora getmək çətindən də çətin idi. Bu çətinliyi isə yerli hökumət kimlərinsə göstərişi ilə qəsdən yaratmışdı. Novxanıda dənizə tərəf olan bir çox mülklər və bağlar dövlət tərəfindən yerli əhalidən zorla alınaraq Sovet hökumətində müxtəlif vəzifələrdə çalışan məmurlara paylanmşdı. Bu yerlərin həqiqi sahibləri isə sürgün və həbslərdə çürüyür, varisləri isə Novxanının uçuq-sökük, lampa ilə işıqlandırılan, odunla qızışan qədim evlərində bu haqsızlığı seyr edir, zaman-zaman biganələşirdilər. Beləliklə, Məmməd Əmin Rəsulzadəyə görə Novxanı kəndinin bütün sakinləri, eləcə də Azərbaycanın müxtəlif yerlərində olan Azadlıq fədailəri amansızcasına cəzalandırılırdı. Balaxanı kəndi də başqalarının yaşadığı faciəni yaşamışdır. Demək olar ki, Bakıda memarlıq cəhətcə bir çox binalar tikdirən balaxanlılar həbsə və sürgünə məhkum edilməklə əmlaklarından məhrum edilirlər. Halal və haramın məna tutumunu mənəvi dəyərləri çərçivəsində qoruyub saxlamağa cəhd edən azərbaycanlılar bir çox hallarda başqasının mülkündə yaşamağı günah hesab edirdilər. Buna görə də o vaxtlar bu cür binalara ermənilər, ruslar, yəhudilər və digər millətlər köçürülürdülər. Beləliklə, bu hal həm də Bakı şəhərinin milli tərkibinə ciddi zərbə vururdu. Buna görə də Bakı beynəlmiləl şəhər adlanırdı. Əslində bu beynəlmiləlçilik islam və türk aləminə zülm və düşmənçilik üzərində qurulmuşdu. Sadəcə olaraq hər hansı bir şəhəri məhv etməyin kommunistvari metodu beynəlmiləlçilik pərdəsi ilə maskalanmışdı.

Bakı və Kəndlər Birliyinin təsis konfransından sonra qərara alındı ki, növbəti yığıncaq 1990-cı ilin 20 yanvarında Xırdalanda keçirilsin. Qeyd etdiyimiz kimi, həmin dövrlərdə DTK-nın və Mərkəzi Komitənin birgə səyləri və Bakı kəndlərində olan müəyyən şəxlərin iştirakı ilə qarşıdurma hazırlanırdı. Bakının bir sıra bazarlarında “rayonlu-bakılı” mexanizmi əsasında yaradılan süni narazılıqlar haqqında ciddi məlumatlar gəlirdi.

Biz - Vətənimizi müstəqil görmək istəyənlər gözəl dərk edirdik ki, müstəqilliyə qovuşmaq üçün daxilimizdə düşmənçilik yaratmağa çalışacaqlar. Bu səbəbdən də planlarmızı tədricən, lakin qəti şəkildə həyata keçirməyə, məkrli siyasətlərin qarşısını mətinliklə almağa çalışmalıyıq. Bunun üçün səbr, dözüm, məsuliyyət, hadisələrin nəticələrini öncədən duymaq qabiliyyəti, zamanın hakimi-mütləq olduğunu zamanında dərk etmək vacibdir.

Konfransın səhəri günü Türkan hərbi aerodromunda işləyən Yefrim Qafar oğlu Maniyev (Şüvəlanlıdır, məhşur Maniyevlərdəndir. Yaşıdları ona Rafiq deyə müraciət edirdilər) Ağaverdi Bədəlovun tapşırığı ilə səhər saat 10:00 radələrində Buzovnaya gələrək, mənimlə görüşdü və bildirir ki, hərbi nəqliyyat təyyarələri ilə Türkan hərbi bazasında yaşı 30-la 45 arasında olan Bakıdan qaçan bir çox ermənilər toplaşmışlar. Eyni zamanda Krasnodar, Volqoqrad, Stavropol, Yekaterinburq şəhərlərindən də 5000-dən artıq xüsusi təlim keçmiş, müsəlmanlara nifrət edən, türkə düşmən hissləri bəsləyən və muzdlu qüvvələr toplaşıblar və onlar hərəkətə keçmək üçün səbrsizliklə əmr gözləyirlər. Onlara Bakının kənd və qəsəbələrinin xəritəsi də verilmişdi. Xalqımızın qanına susamış, ağlagəlməz vəhşilikərə hazır olan bu muzdlulara sovet ordusunun geyimləri geyindirilib. Hərbi aerodroma gətirilmiş yüzlərlə tank və təyyarələr Bakı nefti ilə baklarını ağzına qədər doldurub, Bakı küçələrində və ərazisində faciələr törətməyə hazır vəziyyətdə gözləyir.

Maniyev onu da bildirirdi ki, daxili qoşunlardan, hərbi əks-kəşfiyyatdan, hərbi dəniz piyadalarından, Dövlət Təhlukəsizlik Komitəsinin qoşun hissələrindən, hərbi desant qüvvələrindən ibarət olan silahlı dəstələr hər gün islam dinini, türk millətini söyür, cürəbəcür narkotik maddələr qəbul edir, qan axııtmaq, insan öldürmək üçün əmr gözləyirlər.

Yanvarın 13-dən başlayaraq Türkan hərbi aerodromuna hər səhər saat 4-ld enən “Ruslan” tipli hərbi təyyarələrlə qoşun hissələri daşınmağa başlanmışdı. Moskvann çirkin niyyət və məqsədi yavaş-yavaş aydınlaşırdı. Nə isə etmək lazım idi. Artıq açıq-aydın məlum idi ki, Kreml ipə-sapa yatmayan Azərbaycan xalqın cəzalandırmağa hazırlaşır”.

Nəsir bəyin sözlərinə görə, Moskva istəmirdi ki, nefti, qızı, pambığı, tütünü, üzümü, misi, boksiti, balığı, qara kürüsü olan bir məmləkətdə Azərbaycan türkləri yaşasın və öz sərvətlərinə hakim olsun:

“Belə bir təbii sərvətlər diyarını onun gerçək sahiblərindən təmizləmək, lazım idi. Bunun üçün bu millətin gözünü qorxutmaq onu satqına, yaltağa, dilənciyə çevirmək lazım idi. Bunun üçün isə Azərbaycanın xaricində, Rusiya, Fransa, İngiltərə, Amerika kimi dövlətlərin dırnaqarası demokratları, daxildə isə başda Azərbaycan Azərbaycan KP MK, onun yerli təşkilatları, Azərbaycan Nazirlər Soveti olmaqla bütün düşmən qüvvələr birləşmişdilər. Azərbaycanın gələcəyi təhlükə altında.

1990-cı il 16 yanvarda “Azərbaycan xörəkləri” restoranının qarşısında ( Qala-Bakı yolu) Əzizbəyov rayonu Xalq Cəbhəsinin və Bakı kəndlərinin birgə mitinqi keçirildi. Mitinqi Əzizbəyov rayon AXC-nin İdarə Heyətinin üzvləri Vaqif Heybətov, Bəhlul Abdullayev, Firuz Ağasıoğlu, və digərləri idarə edirdilər.

Mitinqdə qarşıdan gələn təhlükədən xilas olmanın yolları təhlil edilir, baş verəcək təxribatları dəf etmək üçün mütəşəkkil olmağın, heç bir təxribata uymamağın vacibliyi vurğulandı. “Zəngəzur” cəmiyyətinin sədri, AXC fəallarından olan Fəzail Ağamalı çıxış edərək bakılı-rayonlu qarşıdurmasının müəllifinin Mərkəzi Komitənin şərəfsiz rəhbərlərinin olduğunu, Qarabağdan və digər döyüş bölgələrindən Bakı kəndlərindən kömək uman insanların bu saatda, bu anda Büzovnada mənimlə görüşdüklərini mitinq iştirakçılarının diqqətinə çatdırdı...

Hadisələrin məsuliyyətini dərk edərək Büzovnadakı evimi qərargaha çevirmişdim. Həm Ağdam, Şuşa, Kərki və digər cəbhə bölgələrindən gələn telefon zənglərinə cavab verir, həm də həmin rayonlardan gələnləri qəbul edirdim. Hadisələri sürətlə cərəyan edirdi. Vəziyyət hər an dəyişə bilərdi”.

Bəzən elə olurdu ki, bir saat əvvə çıxarılan düzgün qərar bir saatdan sonra böyük səhvlərə yol açan sənədə çevrilirdi. Bax, bunun üçün hərəkətdən, gücdən daha çox dəqiq informasiyaya, obyektiv düşüncəyə ehtiyac var idi. Hərəkat liderləri bütün proseslərdən xəbərdar olmaq üçün tez-tez Büzovnaya Nəsir Ağayevin Yanına gələrdik, fikirlərini öyrənərdilər. Hər dəfə də C. Məmmədquluzadə ev 42-nin aynabəndi, otaqları, həyəti qaçqın, köçkün və azadlıq fədailəri ilə dolu olardı. Qərbi Azərbaycandan olan qaçqınlara başqalarına talonla satılan ərzaq - ət, yağ, qənd talonsuz və pulsuz paylanılırdı. Bütün bu işlərin rəhbərliyi Nəsir bəy tərəfindən özü də qaçqın olan Məhəbbət adlı bir şəxsə tapşırılmışdı.

1990-cı il yanvarın 16-sı idi. İctimai vəziyyətlə əlaqədar olaraq məlumat almışdıq ki, Əzizbəyov rayon partiya komitəsi və bir sıra dövlət və təsərrüfat orqanları bir növ səlahiyyətlərini dayandırıblar. Əsas ağırlıq faktiki gücə malik hüquqi səlahiyyəti olmayan Xalq Cəbhəsinin üzərinə qoyulmuşdur. Bu çox təhlukəli hal idi. Nə qədər ki, siyasi sistem dəyişməyib, qanunları hələ mövcuddur, səlahiyyətlərini qəsdən dayandıran, vəzifəsinin mənimsənildiyini iddia edən məmurları üzə çıxarıb zorla işlətmək lazım idi. Çünki Lənkəranda, Cəlilabadda dövlət vəzifələrinin mənimsənilməsi idarəolunmaz vəziyyət təsiri yaratmışdı. Kommunistlər də məhz buna istinad edərək, konstitusiyasının pozulduğu, dövləti cinayətlərin artdığını, kütləvi ixtişaşların çoxaldığını əsas gətirərərək qırğın törətməyi planlaşdırırdılar. Əldə edilən məlumatlar, bizlərə verilən bilgilər əsasında bu çirkin niyyətin reallaşacağını hiss edilirdi. Yanvarın 16-sı Fəzail Ağamalı, Məhyəddin Məmmədov, Məmməd Əlizadə və Nurəddin İsmayılov Nəsir Ağayevlə görüşmək və vəziyyəti təhlil etmək qərarna gəlirlər və Buzovnaya gedirlər. Nəsir Ağayev saat 17 radələrində rayon partiya komitəsinə zəng edir. Dəstəyi katibə Təranə Səftər qızı götürür.

O, Nəsir bəylə Nəcəfov arasında əlaqə yaradır. Nəcəfovun amiranə səsi eşidildi:

-Eşidirəm, Nəsir müəllim, Vaqif Heybətov da yanımdadır”

Nəsir bəy:

-Niyazi bəy, heç kəs sizin səlahiyyətlərinizi mənimsəyə bilməz. Siz qanuni vəzifənizi icra edin, rayonumuzda özbaşınalıq yaratmaq olmaz və imkan verməyin ki, xalqı qırsınlar!-

Sonra o, telefonu Vaqıf Heybətova verməsini xahiş etdi. Nəsir Ağayev Heybətova deyir

-Nəcəfovla mənim xəbərim olmadan nə danışıqlar aparırsan?

Vaqif Heybətov:

-Nəsir müəllim, mitinqin ümumi qərarına əsasən raykomun binası Xalq Cəbhəsinin qərargahına çevriləcək, Niyazi Nəcəfovun yerində də Xalq Cəbhəsi oturacaq. Ancaq mərdəkanlılar deyir ki, bu bina Mərdəkanda yerləşdiyinə görə Rayon Partiya Komitəsinin katibi də mərdəkanlı olmalıdır.

Nəsir bəy işə qarışdıqdan sonra məsələ nizamlanır.

Təxribatların ardı-arası kəsilmirdi. Bakıda törədilməsi planlaşdırılan qırğını əsaslandrmaq üçün DTK Kremlin tapşırığı Bakıda ermənilərə qarşı zorakılıq aktları planlaşdırmışdı. Bunun da qarşısını almaq, Bakını xoşluqla tərk etmk qərarına gəlmiş ermənilərin təhlükəsizliyini təmin etmək lazım idi. Bu məqsədlə Mərdəkanda bir neçə qrup yaradılmışdı. Qruplardan birinə Əşrəf, digərinə Lətif Mürşüd oğlu Cəlilov rəhbərlik edirdi. Nəsir Ağayev Bakı kəndlərinin nümayəndələrinə və AXC üzvlərinin hər birinə ciddi surətdə tapşırmışdı ki, ermənilərin evlərindən dəniz vağzalına qədər təhlükəsizlikləri təmin edilsin, heç bir zorakılığa yol verilməsin. Bu evlərə isə yalnız qaçqın və köçkünlər yerləşdirilə bilər. Heç bir halda qarətə, soyğunçuluğa yol vermək olmaz. Bütün bu işlərin nizamlanması Milli Müdafiə Komitəsindən Nurəddinə, Bakı kəndlərindən isə Vaqif Heybətova həvalə edilmişdi. Onlar da bu işin nizamlanması üçün müəyyən işlər görürdülər. Lakin Mərdəkanda, Şüvəlanda və digər yerlərdən, xüsusilə də Bakı şəhərindən, belə hallara qarşı mübarizə aparılmasına baxmayaraq, Xalq Cəbhəsinin adından müəyyən erməni evlərini qarət edənlər haqqında məlumatlar daxil olurdu.

Nəsir Ağayev o dəhşətli günləri belə xatırlayr:

Bütüm səylərimizə baxmayaraq, xüsusi hazırlanmış müəyyən qruplar Moskvadakı “ağalarının” sifarişi ilə qarətlə məşqul olurdular. Bakının, demək olar ki, bütün rayonlarında, xüsusilə də Əzizbəyov rayonunda Xalq Cəbhəsinin radikal qanadı raykom binalarının tutlmasını, onların səlahiyyətlərinin mənimsənilməsini öz fəaliyyətlərinin əsası kimi qəbul etmişdilər. Faciələrə, müsibətlərə səbəb olacaq, özümüzü özümüzə qarşı qoyacaq qərara qarşı tədbir görülməliydi.

1990-cı ilin yanvar ayının 17-də, saat 11.00-da, Şüvəlanda, Xalq Cəbhəsinə verilmiş binada İdarə Heyətinin fövqəladə yığıncağının keçirilməsi qərarlaşdırılmşdı. İdarə Heyətinin iclasında Vaqif Heybətov, Rəşid Orucov, Sulduz Yadigarov, Bəhlul Abdullayev, Ağaverdi Bədəlov, İsmixan Fərəcov, Əmrulla Dadaşzadə, Aslan Məmmədov, Davud Axundov və mən iştirak edirdik. İclasda Vaqif Heybətov raykom binasının tutulmasını və bütün səlahiyyətləri öz üzərinə götürməyi təklif etdi. Söz alaraq dedim:

-Dövlət içərisində dövlət, qanun içərisində qanun olmaz. Hələlik dağılmayan bu dövlət mövcud qanunlar ilə nizamlanır. Bu dövlət və sistem dəyişmədən heç bir hərəkətə yol vermək olmaz. Çalışmalıyıq ki, ideoloji, iqtisadi, siyasi, hərbi, asılılığı, ittifaq dövlətində mərkəzləşdirən cəmiyyəti dəyişdirək.

Sonra isə bildirdim:

-Sizin bu yalnış qərarınız yüzlərlə kadr itkisinə səbəb ola bilər. Əlavə problem yaratmayın. Ermənilər ərazilərimizi tutur, millətimizi qırır, ittifaq hökuməti bütün hərbi gücündən istifadə edərək bizi cinayətkar bir dövlət kimi yer üzündən silməyə hazırlaşdığı bir anda sizin bu qərarınız təxribatdır. Əgər cənab Vaqif Heybətov, sizin təklifiniz qəbul edilsə, mən Xalq Cəbhəsinin İdarə Heyətindən və üzvlüyündən azad olunmağıma dair ərizə ilə AXC sədri Əbülfəz bəyə müraciət edəcəyəm.

Bir anlığa otağa dərin sükut çökdü. Bura toplaşan hər kəsə bəlli idi ki, mənim AXC-rəhbərliyi, xüsusən də Əbülfəz Elçibəylə çox isti münasibətlərim var. Ona görə də ehtiyatlı davranmağa üstünlük verdilər. Çıxış üçün söz alan Davud Axundov bu qərarın səhv olduğunu məntiqlə əsaslandrmağa çalşdı. Yalnız bundan sonra raykomun binasını tutmaq, partokratların səlahiyətlərini mənimsəmək kimi səhv qərardan daşındılar. Çünki bu səhv qərar nəticə etibarilə bütün Əzizbəyov rayon Xalq Cəbhəsi üzvlərinin “cinayətkarlar” adı ilə damğalanmasına səbəb ola bilərdi.

Şüvəlan yığıncağı başa çatan kimi Xalq Cəbhəsinin Çapayev küçəsində yerləşən binasına gəldim. Burada hər kəsin üzündə həyəcan, təlaş və nigarançılıq hiss edilirdi. Hamını yalnz bir sual narahat edirdi: Görəsən, tanklar və qoşun hissələri şəhərə girəcək ya yox? Xalq Cəbhəsinin qarşısında ilk görüşdüyüm adamlar Məmməd Əlizadə, Nəcəf Nəcəfov, Nürəddin İsmayılov və Məhyəddin Məmmədov oldular. Sonra Fəzail Ağamalı və İsa Qəmbərlə görüşdüm. Söhbətin əsas məğzi bu oldu ki, ordu şəhərə girəcək və əhalini amansızca qıracaqlar. Təklifim bundan ibarət oldu ki, itki olmasın deyə, təxribata yol vermədən, qoşunun şəhərə girəcəyi vaxt barikadalar yaradan insanlar mövqelərini tərk etməlidirlər. İsa Qəmbər bildirdi ki, İdarə Heyətini bir yerə yığıb bu məsələləri müzakirə etmək olduqca müşkül məsələdir. Bu görüşdən və verilən cavabdan məyyus olmuşdum, məni yola salarkən təkcə bunu dedim:

-Milləti qıracaqlar!

Vaxt itirmədən barrikadalar qurulan yerlərə getmək qərarına gəldim. İlk öncə Binədə “Kanal üstü” deyilən yerə getdim. Burada yol hər iki tərəfdən köhnə təyyarə və maşın təkərləri ilə qalanmışdı. Təqribən 200-250-yə yaxın adam dayanmışdı. Alınlarına qırmızı və yaşıl lent bağlamış gənclər maşınları yoxlayır, şübhə doğuran şəxsləri rayon milis orqanlarına təhvil verirdilər. Maşını izdihamın düz sıx hissəsinə sürməyi göstəriş verdim. Museyib Yusifov, Sulduz Yadigarov, Zakir bəy, Məzahir Nəsirov məni əhatə etdilər. Başında qotazlı idman papağı olan Sulduz Yadıgarov dedi:

-Nəsir bəy, biz möhkəm dayanmışıq.

Mən mülayim halda cavab verdim:

-Sulduz bəy, tanklar gəlsə, çalış, əhalini kənara çəkəsən və burdakı təkərləri benzinlə alışdırarsan. Heç olmasa, tankların hərəkəti 10-15 dəqiqə gecikdirilsin.

Kənardan kiminsə səsi eşidildi:

-Nəsir bəy, biz qorxaq deyilik, kişi kimi dayanacağıq.

Bir daha Sulduza müraciət etdim:

-Öz başınıza qərar qəbul etməyin.

Qayğılı halda qapını örtdüm. Sürücüyə “Türkan hərbi aerodromunun yanına sür” - dedim.

Sürücü Firuz Cabbarov maşını hərəkətə gətirib soruşdu:

-Nəsir bəy, səncə, vəziyyət necə ola bilər?”

Cavab verdim:

-Əgər “Kanal üstün”də olanlar mənim sakit, mülayim tərzdə dediyim qərarı yerinə yetirməsələr, onların əksəriyyəti ordu tərəfindən məhv ediləcək. Amma çox heyif. Onları mənim düşündüyüm reallığa inandırmaq üçün aylar lazımdır. Buna isə vaxt yoxdur...”

Nəsir Ağayevin yaşadığı mənzil Xalq Cəbhəsinin qərargahı elan edilmişdi. Onun 53-21-88 nömrəli telefonuna isə Naxçıvandan, Moskvadan, Leninqraddan, Almaniyadan, Şuşadan və digər yerlərdən fasiləsiz zənglər gəlirdi. Baş verən hadisələr, eləcə də akiv mövqe və fəaliyyəti Nəsir bəyin üzərinə böyük vəzifələr qoymuşdu. Çox zaman telefon dəstəyini qulağından çəkmədən ani yuxuya gedir, dərhal da oyanırdı. Uzun günlərin yorğunluğu özünü əməlli – başlı göstərirdi. Yatmağa haqqı yox idi. Çünki ömrünü müqəddəs bir amala həsr etmişdi. O və dostlar ermənilərin, Moskvanın, digər xarici və daxili düşmənlərin təxribatlarna cavab verəcək tədbirlər hazırlamağa cavabdeh idilər. Eyni zamanda “Azadlıq” radiosunda çıxış etməyin Azərbaycanın informasiya blokadasından çıxmasına böyük kömək olacağına inanırdılar. 1988-ci ildən başlayaraq həm Mehdi Məmmədov, həm Etibar Məmmədov, həm də Nəsir Ağayev mütəmadi olaraq Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün “Amerikanın səsi” radiosu vasitəsilə Bakı kəndləri, Naxçıvan, Şuşa və digər bölgələr haqqında, Mərkəzi hökumətin ədalətsiz mövqeyi barədə dünya xalqlarına dəqiq məlumatlar çatdırırdılar. Həmin dövrdə Azərbaycanın böyük bir təhlukə ilə üzləşəcəyi haqqında dünya ictimaiyyətini məlumatlandra bilmişdilər.

Nəsir Ağayevin tələbəlik illərindən könül verdiyi ideya, Azərbaycanı azad, müstəqil görmək arzusu beşikdəcə boğulmaq təhlükəsi ilə üzləşmişdi. Cəbhədaşlarının belə qarışıq, məsuliyyətli anda ortalıqda olmaması onu bərk sarsıtmışdı.”

Nəsir bəyi dinləməkdə davam edək:

“...Əmrulla Dadaşzadə maşından düşərək “Azərbaycan xörəkləri” restoranının həyətində yığılamış izdihamın içərisinə girdi. Bir az keçməmiş, o vaxt Mərkəzi Komitədə səlahiyyət sahibi olan Ziyad Səmədzadə göründü. O mənimlə və digər fəallarla salamlaşdı. Ona bildirdim:

-Niyazi Nəcəfova deyin ki, vəzifəsini icra etsin. Xalq yazıqdır. Təcili surətdə Türkan hərbi bazası əlaqə saxlayın. Baş verə biləcək qırğının qarşısını almağa içalışın.

Bir qədər keçməmiş Niyazi Nəcəfov da göründü. Tankın üstündə olan rus əsgəri başımda milli papaq olduğundan cəmi 5 metrlikdən mitinqin təşkilatçılarına, xüsusən də mənə qanlı-qanlı baxırdı. Həmin gün, yəni yanvar ayının 16-da tanklar bazaya qayıtdılar. Yeri gəlmişkən bir məsələni xatırladım. Yanvarı 17-si xəbərlər proqramında Az. KP MK-nın 1-ci katibi Əbdürrəhman Vəzirov xarici və rus jurnalistlərinə müsahibə verirdi. Müsahibəsində belə bir cümlə işlətdi: “Yanvarın 13-də bakılıların böyük və güclü təşkilatı təsis edilib. Biz onlara dövlət səviyyəsində hər cür kömək göstərəcəyik. Görək indi naxçıvanlılar, yerazlar bunun qarşısını necə alır”.

Elə çıxır ki, Şüvəlan yazıçılar evində yanvarın 13-də yığşlan 500-dən artıq adamın, olsa-olsa, 25-30 nəfəri xalq hərəkatının nümayəndəsi imiş. Deməli, ideyası Hacıəmi Atakişiyev tərəfindən irəli sürülən bu təşkilat nəticə etibarı ilə Moskvanın və yerli hökumətin göstərişlərini icra etməli idi? Bütün bunların acı sonluğunu dərk edərək, bu çirkin oyunlara mane olmaq məqsədilə Quliyev Zakiri, Məmmədov Aslanı, Muradov Rəfaeli, Muradov Vüqarı, Fərəcov İsmixanı, Orucov Firuzu, Orucov Tusini, Zeynalov Fəxrəddini, Abbasi Salmanı, Məmmədov Məmmədəlini, Axundova Rəfiqəni və digərlərini məsləhətləşmələr aparmaq üçün bir araya topladım. Yığıncaqda iştirak edənlərin diqqətinə çatdırdım ki, Moskva və respublika hakimiyyəti getdikcə güclənməkdə olan xalq hərəkatını zəiflətmək üçün onu, nəyin bahasına olursa olsun, parçalayaraq zəiflətməyə nail olmaq istəyir.

Belə bir məqamda Bakı da daxil olmaqla onun ətrafında yerləşən kənd və qəsəbələri nəzarətdən kənarda qoymaq olmazdı. Bunun üçün Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə danılmaz və müstəsna xidmətləri olan Quliyev Zakir İbrahim oğlu çevik dəstələrlə müəyyən şəxslərlə profilaktiki işlər aparır, kəndlər içərisində adi bir narazılığın da olmaması üçün bütün imkanlarından istifadə edirdi. Bir sözlə, xalq hərəkatında hər bir kəs öz funksiyasını icra etməklə mübarizənin qələbə əzmini artırırdı. Ən təhlukəli hal isə gücün siyasətə, kütlənin ideologiyaya əks təsiri idi.”

Yanvar ayının 18-də milli mudafiə komitəsinə məlumat daxil olur ki, Lətif Cəlilov və ətrafı özbaşına, heç bir göstəriş olmadan Zaqulba və Buzovnanın müəyyən yerlərində erməni və erməni mənşəlli ailələrin qovulması üçün planlar hazırlayır. Bu məlumat təcili olaraq Xalq Cəbhəsinin mərkəzi qərərgahına-Milli Müdafiə Komitəsinə çatdırıldı. Nəsir Ağayev baş verənlərdən artıq xəbərdar idi. Bunun qarşısını almaq üçün Nəsir Ağayev təcili olaraq Heybətov Vaqifə, Ağayev Xalıqa, Zeynalov Fəxrəddinə, Hüseynov Fəxrəddinə göstəriş verir ki, Lətif Cəlilov kimilərinin bu cür hərəkətlərinin qarşısı alınsın və rayon milis orqanlarının iştirakı ilə ermənilər Bakı Dəniz Limanına aparılsın. Özü də ermənilərin təhlukəsizliyi təmin edilsin.

MMK-sinə məlumat daxil olmuşdu ki, Bakı kəndlərində yaşayan ermənilərin bir hissəsi Dövlət Təhlukəsizlik Komitəsinin Buzovna ilə Bilgəh arasında yerləşən istirahət evində gizlədilir. Onlarn say 300-ə yaxındır. Bu haqda Nəsir Ağayevə məlumat verildi və o, dərhal həmin bağın rəisinə (Rus idi) telefon edərək, bildirir:

-Xalq sizin yeri mühasirəyə alsa, böyük qırğın yarana bilər. Bu təxribatdan çəkinmək üçün 4 saat ərzində qoruduğunuz erməniləri müvafiq qaydada Azərbaycandan çıxarmağınızı məsləhət görürük”.

Nəsir Ağayev xatırlayır:

Amasiya, Şişqaya, Güllücə, Spitak, İrəvan, Leninakan, Qafan və Xankəndində ermənilər tərəfindən azərbaycanlıların vəhşicəsinə öldürülməsinə, qovulmasına Moskva heç bir tədbir görməmişdi. Minlərlə azərbaycanlı öldürülmüş, fəqət Ermənistanda tətbiq edilən komendant saatı, Azərbaycandakı qədər yerli əhaliyə zülm etməmişdi. Bütün bunlar hər kəsə məlum idi. Bütün bunlardan ən incə detallarına qədər xəbərdar olan polkovnik Sədiyar Abbasov DTK-nın istirahət evinin rəisi ilə mənim aramda baş vermiş telefon söhbətindən xəbər tutan kimi mənə zəng etdi və təşəkkür edərək bildirdi ki, siz baş verə biləcək toqquşmanın qarşısını aldınız...

Həmin dövrdə Milli Azadlıq Hərəkatının fəalları onlarla belə hadisənin qarşısını məharətlə almağı bacarmışdılar. Yanvarın 18-dən 19-na keçən gecə səhərə qədər Şuşadan Akiflə, Naxçıvanın Kərki kəndindən İsmayılov Nurəddinlə və digər bölgələrdəki dostlarımızla mütəmadi əlaqə saxlanılırdı. Vəziyyət çox gərgin idi. Hadisələr o həddə çatmışdı ki, istənilən bir adam hər hansı bir cinayəti törədib, günahı başqasının üzərinə ata bilərdi. Hətta qarışıqlıq və münaqişə yaratmaq üçün yanvarın 14-dən başlayaraq, qaçqınların Bakı kəndlərinə basqın edəcəyi haqqında fikir və şayələr yayılırdı. Bakı kəndlərində barikadalarda dayanan minlərlə adamın yalnız 40-50 nəfəri Xalq Cəbhəsinin üzvləri olardı. Yerdə qalanları isə Kommunist Partiyasının təxribatçıları idilər.

Tam aydın idi ki, ən yuxarı səviyyədə yerli əhali ilə qaçqın və köçkünləri qarşı-qarşıya qoymaq planlaşdırılmışdı. Bu isə qaçqınlara bəslənilən səmimi münasibətin düşmənçilik münasibəti ilə əvəz olunması ilə nəticələnməli idi. Bizim xəbərimiz və razılığımız olmadan yüzlərlə adam istədiyi yerdə barikadalar qurur və bu işi Xalq Cəbhəsinin adı ilı bağlayırdılar. Türkan hərbi aerodromunda səbirsizliklə Müdafiə Nazirinin azərbaycanlıları qırmaq əmrini gözləyən təpədən-dırnağa qədər silahlanmış qoşun hissələri Bakının hər hansı bir kənd və qəsəbəsində döyülən və yaxud öldürülən erməniyə görə yüzlərlə azərbaycanlının öldürülməsinə tam hazır idi. Moskva ermənilərdən alət kimi istifadə edərək, Moskvanın törətdiyi Sumqayıt hadisələrinin formalaşdırdığı “vəhşi azərbaycanlı” obrazını formalaşdrmaq üçün əlindən gələni etmişdi. İndi isə bütün dünyaya məlumat yayırdı ki, guya Azərbaycanda erməniləri kütləvi surətdə qətlə yetirirlər. Bir sözlə, planlaşdırılan böyük qrğınlar üçün ideoloji zəmin hazırlanırdı. Azərbaycanın yerli kommunist rəhbərlərinin maymaqlığı da buna əməlli-başlı imkan yaratmış olurdu. Bizim gecəli-gündüz demədən heç bir zaman məhdudiyyəti olmadan Bakı və ətrafında, xüsusilə də Əzizbəyov, Sabunçu və müəyyən qədər Suraxanı və Abşeron rayonlarında müəyyən dəstələrlə gerçəkləşdirdiyimiz ciddi nəzarətə baxmayaraq, vəziyyət olduqca ağır idi. Əhalinin psixoloji durumuna da gərginlik hakim idi. Bu da təbiidir. Çünki hadisələr sürətlə dəyişir, Bakıya, Xankəndi, Şuşa, Laçın, Sədərək və Culfadan gələn ziddiyyətli, həyacanverici xəbərlərin ard-arası kəsilmirdi.

Evimdə qoruyub saxladığım təşkilata aid sənədləri iki hissəyə bölərək bir hissəsini o zaman fəal hərəkatçı olan Mirzə Ağabəyli, digər hissəsini isə Xalq Cəbhəsinin və Azadlıq hərəkatının inkişafında, müstəqilliyin qazanılmasında danılmaz xidmətləri olan Davud Axundova verdim. Bu hərəkatda ən çox inandığım, etibar etdiyim şəxslərdən olan Davud bəy ona bəslədiyim bu inam və etibarı hərəkətləri ilə doğrultmuş, özünün güvənilən insan olduğunu cəsarəti və ardıcıl fəaliyyəti ilə təstiq etmişdi. Beləliklə, evimizi hər hansı bir ehtimal edilən və gözlənilən axtarışa hazır vəziyyətə gətirmişdim.

Yanvarın 19-zu saat 18:00 olardı. Bakıdan Fəzail Ağamalı mənə zəng edərək, vəziyyətin getdikcə ağırlaşdığını bildirdi. Nə qədər cəhd etsəm də, AXC rəhbərliyi ilə əlaqə yarada bilmədim. Demək olar ki, hər tərəfdən fərqli informasiyalar daxil olurdu. İnformasiyalar burulğanında hansı informasiyanın həlledici olduğunu bilmək dözüm və peşəkarlıq tələb edirdi. Bu isə mövcud şəraitdə heç də asan deyildi.

Həm AXC-nin mərkəzi qərargahında, həm də mənim rəhbərliyim ilə fəaliyyət göstərən Bakı kəndlərinin Bizovnadakı mənzil-qərərgahında məlumat və insan axınının ardı-arası kəsilmirdi.

Artıq yanvarın 19-u saat 19:30-idi. Ayazlı, şaxtalı, soyuğu iliyə qədər işləyən bir gün idi. Mavi səmada topa-topa qara buludlar cəmlənirdi, sanki təbiət də Azərbaycanda baş verəcək hadisələrə hazırlığını görürdü. İnsanların üzündən gülüş, təbəssüm sanki yoxa çıxmışdı. Bu günlərdə Azərbaycan xalqı birdən-birə ciddiləşmiş, müdrikləşmişdi. 10-15 yaşlı uşaqların üzündən qocalara məxsus qayğıkeşlik oxunurdu. Bu düşmənimizin nə qədər qəddar, taleyimizin isə hələ də öz əlimizdə olmadığından xəbər verirdi. Ətrafdan kömək gözləmək mənasız idi. Yalnız Türkiyəyə ümid etmək olardı. Fəqət bu dövlət də hadisələrə hazır deyildi. Türkiyədəki soydaşlarmız informasiya blokadasnı yara bilməmiz üçün bizə əllərindən gələn köməyi əsirgəmirdilər. Özümüz öz başımıza çarə qılmalıydıq. Buna da bizi düşdüyümüz vəziyyət, üzləşdiyimiz tale, həqiqəti əks etdirən qocaman Tarix məcbur edirdi. Bizim bu adı həqiqəti başa düşməmiz üçün təqribən 350 il farslar və ruslar tərəfindən qırılmalı, döyülməli, əxlaqımız, dinimiz, milli mənliyimiz təhqir edilməli idi. Təhqir edilməli idik ki, Türk olduğumuzu başa düşək, bundan qürur duya bilək.

Əhali artıq Moskvadan, Bakıdakı hakimiyyətdən ümidini tam kəsmişdi. Silahı və maliyyə imkanları çox məhdud olan AXC-də yalnız və yalnız türkiyəli qardaşlarımıza inam vardı. Çünki, 1918-il mart hadisələrində Azərbaycanın demək olar ki, bütün rayonlarının, xüsusilə də Bakı və onun kəndlərinin ermənilər tərəfindən tutulub viran edilməsinin qarşısını o zaman məhz Türkiyə almışdı. Tələt Paşa, Nazim Paşa, Camal Paşa, Mürsəl Paşa, Nuru Paşa, Vahid Paşa və təbii ki, Ənvər Paşanın yorulmaz fəaliyyətləri Azərbaycanın namusunu, qeyrətini, torpağını ləkələmək istəyən, onu rus və ermənilərin məkrindən xilas etdilər. O vaxt şəhid olan türklərin qəbirlərindən biri Mərdəkanda H.Z.Tağıyev tərəfindən tikilmiş olan 123 saylı məktəbin həyətində idi. Həmin qəbir 1989-cu ildə milli azadlıq fədailərindən olan 80 yaşlı Ənvər həkim və 75 yaşlı Kazım kişinin iştirakı ilə bir metrə qədər dərinlikdən aşkara çıxarılmışdı. Hal-hazırda bu yerdə türk şəhidləri üçün abidə qoyulmuşub.

Maraqlıdır ki, burada keçirilən tədbirlərin heç birinə onun ideya müəlliflərini, o cümlədən məni dəvət etməmişdilər. Necə deyərlər, dəvət etməyi “yaddan çıxarmışdılar”.

Həmin dövrdə Naxçıvan özünün ən ağır günlərini yaşamaqda idi. Bölgə ermənilər tərəfindən blokadada saxlanırdı. Eyni zamanda onlar bura da iddia edirdilər. Naxçıvanın da işğal edilmə və itirilmə təhlükəsi yaranmışdı. XİX etibarən Qərbi Azərbaycan torpaqlarına köçürülən ermənilər XX əsrin əvvəllərində rusların birbaşa yardımı ilə burada həmin torpaqlarda qondarma Ermənistan Respublikası yaratdıqdan və sonrakı onilliklər ərzində ərazini azərbaycanlılardan bütünlüklə təmizlədikdən sonra indi də gözlərini Qarabağ və Naxçıvana dikmişdilər. Artıq genişmiqyaslı təxribatlara da start verilmişdi. Naxçıvan əhalisinin bütün ümidləri Bakıya idi. Bakıda isə vəziyyət çox gərgin idi. Bakıda vəziyyət durulmadıqca köməkdən söhbət belə ola bilməzdi.

Hadisələr get-gedə daha gərgin vziyyət alırdı. Yanvar ayında erməni və ruslarn birgə səyi ilə öncə Bakıdan radio-televiziya verilişlərinin translyasiyasının qarşısı alındı, daha sonra isə rabitə əlaqəsi də kəsildi. Yanvarın 15-də isə SSRİ Ali Soveti Rəyasət Heyəti Azərbaycan və Ermənistan respublikalarının sərhədləri boyunca fövqaladə vəziyyət elan etdi. Məqsəd əslində Naxçıvanın işğalı və azərbaycanlı əhalidən təmizlənməsi üçün münbit şərait yaratmaq idi. Rəyasət Heyətinin bu qərarı əks etdirən fərmana əsasən fövqaladə vəziyyət əslində Azərbaycan, o cümlədən Naxçıvan ərazisində elan edilmişdi. Səbəb isə doğma torpaqlarınn müdafiəsinə qalxmış azərbaycanlıları silahszlaşdırmaq, bu yolla onların müqavimət gücünü qırmaq idi. Fövqəladə vəziyyət Ermənistan sərhəddindən çox-çox uzaqda olan Gəncəyə də şamil edilirdi.

Buna baxmayaraq, Azərbaycan əhalisi, o cümlədən naxçıvanlıların tabe olmaq fikri yox idi. Bununla, belə Naxçıvanda əhali arasında böyük bir narahatlıq və nigaranlıq hakim idi. Amma xalq ümidini itirmirdi.

Naxçıvan şəhərinin mərkəzində keçirilən çoxsaylı mitinqlərin birində ərazi bütövlüyümüzün və hüquqlarımızın qorunmayacağı təqdirdə Naxçıvanın və bütövlükdə Azərbaycanın SSRİ-nin tərkibindən çıxacağı elan edildi. Daha doğrusu, bu bir tələb kimi irəli sürüldü.

Naxçıvan rəhbərliyinin Azərbaycan rəhbərliyinə etdiyi müraciətlər cavabsız qalırdı. Ruslardan dəstək alan və həmişəki kimi ruslara arxalanan erməni silahlı dəstələrinin bütün cəbhə boyu hücümları isə tam şiddəti ilə davam edirdi. Naxçıvan əhalisi Güney Azərbaycandakı soydaşlarımızın yardımı ilə əldə edilən az miqdarda silah-sursatla müdafiə olunurdu. Bütün sərhəd boyu gərgin döyüşlər gedirdi. İtkilərimiz çox böyük idi. Fəqət xalqın ruhunu qrmaq mümkün olmurdu.

Vəziyyətdən başqa çıxış yolu görməyən Naxçıvan Muxtar Respublikasi Ali Soveti fövqaladə sessiya çağırdı və xalqın tələbinə tabe olaraq, muxtar respublikanın SSRİ tərkibindən çıxması barədə qərar qəbul etdi”.

Sonrakı saatlarda aparılan yüksək səviyyəli təşkilati işlər qəbul edilmiş qərarın dərhal bütün dünyaya yayılmasını təmin etdi. Belə bir qərarın alına biləcəyini və ildırım sürəti ilə bütün dünyaya yayıla biləcəyini gözləməyən Kreml şok vəziyyətə düşmüşdü:

“Bu qərarla Azərbaycan türkləri Qorbaçov rejiminin hazırladığı mənfur planı yerlə bir etdilər. Moskva bütün dünyaya car çəkmişdi ki, guya Naxçıvanda ekstermistlər muxtar respublikanın qanuni hakimiyyətini devirməyi, hakimiyyəti ələ keçirərək respublikanın ərazisində İran modelində “İslam Respublikası” qurmağı planlaşdırıblar. Bu təbliğatla Moskva gerçəyi dünya ictimaiyyətindən gizlətməyə, Azərbaycan və Naxçıvanda baş qaldırmış Milli Azadlıq Hərəkatına, eləcə də xalqın erməni işğalına qarşı müqavimət hərəkatına şər yaxmağa çalışırdı. Ali Sovetin qərarı və bu qərarın ildırım sürəti ilə bütün dünyaya yayılması əsil həqiqəti üzə çıxardı”.

Nəsir bəyin sözlərinə görə, 70 ildən artıq bir dövr ərzində özünü sarsılmaz və bölünməz bir dövlət kimi tanıdan və belcə də tanınan Sovetlər Birliyinin yaratdığı mif sabun köpüyü kimi partlamışdı. Bu mifi naxçıvanlılar öz muxtar qurumlarnı müstəqil elan etmklə qırmışdılar:

“Yanvar ayının 19 – da baş vermiş bu möhtəşəm hadisə rus zülmü altında yaşayan bütün xalqlar üçün bir örnək oldu və hər kəs tərəfindən böyük sevinclə qarşılandı. Əslində bu, gözlənilən idi. Amma hamı belə bir addımın ilk öncə Baltikyanı respublikaların atacağını gözləyirdi. Fəqət bunu azərbaycanlılar, daha dəqiq desək, türklər etdilər.

Bütün əsir millətlərdən, o cümlədən Baltikyanı xalqlarından Naxçıvana təbrik və dəstək gəlirdi ki, bu da hadisələrin bundan sonra zəncirvari reaksiya xarakteri alacağndan xəbər verirdi. Bu olayın tarixi əhəmiyyəti gerçəkdən də misilsizdir”.

Məlumat üçün bildirək ki, Naxçvan Muxtar Respublikası Ali Sovetinin almış olduğu bu qərarın altında Azərbaycan xalqının qəhrəman qızı, həmin dövrdə Ali Məclisin sədri olmuş Səkinə xanım Əliyevanın imzası durmaqdadır. Bu imza öz sahibinin adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmışdır.

Bütövlükdə hadisələri izləyən hərəkatçılar səbirsizliklə AzTV-nin 20:00-da olan Xəbərlər proqramını gözləyirdi. Çünki məlumat verilmişdi ki, xəbərlər proqramında Bakıda fövqəladə vəziyyətin elanı və qoşunların Bakıya girib, girməyəcəyi haqqında məlumat veriləcək. Əbülfəz Elçibəy, Etibar Məmmədov çıxış edəcəklər. 19-51-də birdən-birə ekran qaraldı.

Ekranın bu cür sönməsi, daha doğrusu söndürülməsi xalqı alçaltmaq demək idi. Sanki Azərbaycan sönmüşdü. Birdən-birə hər kəs televiziyanın necə böyük qüvvə olduğunu daha yaxşı anlamağa başladı. Son inam və ümidimizi əlimizdən alanların artıq Bakıda və bütövlükdə Azərbaycanda nələr törətməyə hazırlaşdıqlarını başa düşmək bir o qədər də çətin deyildi. Narahatçılıq, nigarançılıq, informasiyasının birdən-birə kəsilməsi, idarə olunmaz bir vəziyyətin yaxınlaşdığından xəbər verirdi. Artıq bizim üçün nəzərdə tutulmuş bataqlıq, demək olar ki, hazır idi. Bataqlıqda tərpəndikcə daha dərinlərə sovrulub batdığın kimi cəmiyyətdə də bəzən elə hadisələr olur ki, ordakı fəaliyyətin, hərəkətin, əməllərin sənin məhvini sürətlə yaxınlaşdırır. Bu isə siyasi leksikonumuzda “İctimai bataqlıq” kimi adlandırılır...”

Saat 23:00-dan başlayaraq, həm AXC mərkəzi qərargahı ilə, həm Nəsir Ağayevlə, həm də demək olar ki, əsas aparıcı təşkilatlarla bütün informasiya əlaqələri kəsilmişdi. Bakıda bir anlığa informasiya boşluğu yaranmışdı.

Nəsir bəy həmin anları belə xatırlayır:

“Artıq saat 24-ə yaxınlaşırdı. Birdən birə atəş səsləri, iri caplı pulemyot güllələrin sədası nigaran baxışların, nigaran ürəklərin, beyinlərdə formalaşan düşüncələrin səssizliyinə, kimsəsizliyinə son qoydu. Elə bil, hamı bu qırğını gözləyirdi... Xalqımz rusları, erməniləri, DTK-nın “Alfa” cəza hissələrini, hərbi hava qüvvələri desantını, daxili qoşun hissələrini və ehtiyatda olan on minə yaxın irqçi erməni, rus hərbçilərini lənətləyirdi. Tankların nəriltisi, beynəlxalq qanunlara görə, qadağan olunmuş 5,45 kalibrli yivli avtomat güllələrinin və digər silah növlərinin yaratmış olduğu tükürpədici səs-küy Qala yolundan Buzovnanın kənd evlərinə qədər, Sumqayıt yolundan Xırdalana, Sumqayıta, XI Qızıl ordu meydanından (daha sonra 20 yanvar meydanı adlanacaq. M.İ.) gəlirdi”.

Zaman-zaman əsəb, təqib və təzyiq dolu illəri yaşamış, sağlamlığını, fiziki aktivliyini itirmiş, ayaqlarını iflic vəziyyətinə salmış, lakin zehni və əxlaqi varlığı ilə vətəninin, xalqının azadlığı uğrunda aparılacaq mübarizədə yüzlərlə nəsirlər hazırlayan, ətrafındakıları onu istənilən yerə apardıqları üçün qürur duyan, bütöv Azərbaycan eşqini qəlbində yaşatmağa qadir və qabil olan Nəsir Ağayev bu anlarda tək qalmışdı. Nəsir Ağayevin gücü yalnız əllərini üzünə tutub hönkür-hönkür ağlamağa çatdı. Axı, indi o, uşaqlıq illərindən evlərinin kəndarında oturub tamaşa etdiyi Xəzərin sahilinə boylanmağa da qadir deyildi. İlk dəfə idi ki, ölümünü arzuladı. Özünü gülərüz, gözü-könlü tox göstərməyə çalışan Nəsir bəy qəlbinin dərinliyində hər an sızım-sızım sızlayan gözlərinin və ürəyinin dərinliyində “antey əzabı” çəkirdi. İndi onun heç vaxt olmayan qədər qayğıya, sevgiyə, təsəlliyə ehtiyacı vardı. O isə kimsəsiz, heç kimə lazım olmayan tənha bir insana çevrilmişdi...”

Nəsir bəy tənha qaldığı həmin anı belə xatırlayır:

“Birdən aynabəndin qapısı açıldı. Vaqif Heybətovun həyat yoldaşı milliyətçə yəhudi olan Mira içəri girərək, həyəcanla dedi:

-Nasir, qde moy Vaqif? (Nəsir mənim Vaqifim hanı?) Mənə deyiblər ki, Vaqifi öldürüblər. Mən onu səndən alacağam.

Mira “Qde moy Vaqif” deyə -deyə bayıra çıxdı. Artıq saat 00:05 dəqiqə idi. Qaynım Əflatun içəri girdi:

-Nəsir müəllim, camaatı qırırlar, nə edək?

Güllələrin və cürbəcür maşın siqnallarının aramsız səsləri, imperiyanın hərəkətə gətirdiyi “ölüm maşını” öz işini görməyə başlamışdı. Bir anlığa fikrimi cəmləyərək, özümü ələ aldım və qətiyyətlə dedim:

-Güc danışan yerdə ağıl susar, sükut edər. Get adamlara de ki, heç bir hərəkət etməsinlər, özlərini qorusunlar.

Artıq yarım saat idi ki, güllələr və tanklar düşmənlərimizin, daxili xəyanətkarların millətimizə, dövlətimizə, müstəqillik arzumuza ünvanlanmış şərəfsiz imzasını şəhid olanların, yaralananların, ağacların, binalarım üzərində yazırdı. Ana-bacılarımızın fəryadı göylərə ucalmışdı”.

Məmməd Əlizadə yazır:

Mərkəzi qərargahda AXC idarə heyətinin üzvlərindən təkcə Nəcəf Nəcəfov vardı, müdafiə komitəsinin üzvlərinin isə, demək olar ki, hamısı qərargahda idilər. Saat 1-in yarısı Məhyəddin, Şaiq, Kamil, Tələt televiziyada yayım aparatının partladığını biləndən sonra Mərkəzi Komitəsinin (İndiki Prezident aparatı) qarşısında olmuş, sonra “Xl Qızıl Ordu” meydanına getmiş, orada da camaatla danışmış, geriyə qayıdarkən rus əsgərləri ilə qarşı-qarşıya gəlmişdilər. Yalnız təsadüf nəticəsində onlar sağ qalmışdılar. Mənə məlumat verdilər ki, Rəşid Behbudov küçəsində də əsgərlərlə sakinlər arasında qarşıdurma yaranıb, orada ölən və yaralananlar var.

Mən Məhyəddin Məmmədov, Tələt Əlizadə və Kamil ilə birlikdə Şaiqin maşınında həmin yerə yollandıq. Yolda “Azadlıq” radiostansiyasını açmağı rica etdim. Bu zaman “Azadlıq” radiosundan aparıcı qız ağlaya-ağlaya Nəsir Ağayevə müraciət etdi:

-Nəsir bəy, millətimizi qırırlar, danış qardaş, səsimizi dünyaya yay, Mirzə Xəzər xəttə səni gözləyir.

Nəsir Mirzə Xəzərə bir çox silah növləri ilə kənd və qəsəbələri atəşə tutan müxtəlif qoşun növləri haqqında danışdı. Türkan, Qala, Binə yollarının artıq viranəyə çevrildiyini dedi. Kimsəsiz, aciz hala salınan bu xalqın üzləşdiyi sonu görünməyən faciələrindən bəhs etdi. Axırda “Bizi qırırlar, ey dünya ölkələri, siz bunun şahidi olun!” dedi”.

Nəsir Ağayev həmin anları belə xatırlayır:

“Təsəvvürə gəlməz vəhşiliklərlə həyata keçiriln dəhşətli ölüm hallarını düşünürdüm. Artıq özümü ölümü şərəflə qəbul etməyə hazırlamışdım. Düşünürdüm ki, ruslar və ermənilər məni öldürməsələr, kəndlərin sakinlərinin, xüsusən də Buzovnada yaşayan camaatın üzü məndən dönəcək, minlərlə insanın qınaq obyektinə çevriləcəyəm. Çünki bu xalq tarixin ən həssas məqamlarında öz liderlərini qorumağı ilə deyil, öldürülməyi ilə tanınırdı. Bax, bu mənə anamın südü qədər aydın idi. Çox çəkmədi ki, Binə aeraportundan və 26 nömrəli Mərdəkan xəstəxanasından mənə zəng edərək bildirdilər:

-Əliyev Nasir ağır yaralanıb, sizin telefonunuzu verib, xahiş edib ki, evlərinə bildirəsiz.

Bu kimi dərdli, kədərli xəbərlərin hər biri mənə ölümdən də betər idi. Özümdə birtəhər güc taparaq, Əliyev Nasirin yaxın qohumu Alxasov Ağabalagilə zəng etdim. Həyəcandan kimlə danışdığımın fərqinə varmadan Nasirin Binə aeroportundan evə gələrkən güllə yarası aldığını, hazırda 26 nömrəli xəstəxanada olduğunu dedim. Əslində onu Binə aeroportuna mən göndərməmişdim. O bunu öz vicdanınn səsi ilə etmişdi. Bir neçə dəqiqədən sonra onun qaynanası mənə zəng etdi:

-Alçaqlar, vicdansızlar! Özün evdə oturmusan, camaatı vermisən qırğına.

Sonra isə anamı, bacımı, nəslimi xalqıma yaraşmayan söyüşlərlə söydü. Mən isə bu qadının üzləşdiyi dərdi nəzərə alaraq susurdum. “Anam, əsəbiləşmə, nə deyirsən qəbulumdur”- deyirdim. Telefonu yerinə qoydum. Nasirin qayınanası bir də zəng etdi...

Həmin an insanlar başlarını itirmişdilər. Düşməni erməni və rusların içində deyil, öz içimizdə axtarırdılar. Çoxları Milli Azadlıq Hərəkatınn liderlərini suçlayır, onları ən nalayiq söyüşlərlə lənətləyirdilər. Mən də bu baxımdan istisna deyildim. İçlərində bəziləri, yəqin ki, dərimi soymağa, başımı kəsməyə hazır idilər. Bir təhər, çox çətinliklə də olsa, dözürdüm. Dözməyə məhkum idim. Dözdüm də. Hətta Buzovna-Mərdəkan yolunda həqiqi düşmənini tanımayan, gücə itaət edən kütlə evimizə basqın etməyi irəli sürərkən ədalət və haqq tərəfdarı olan əsil ziyalı Adəm Əlirza oğlu Məlikov onların bu azğın hərəkətinin qarşısını cəsarətlə aldı.

Həmin gecə həmin qadın bir neçə dəfə zəng edib məni təhqir etmişdi. Üçüncü dəfə qadın ağzını açmamış ona kəskin cavab verərək bildirdim ki, milisə müraciət edə bilər, məhkəməyə müraciət edə bilər, lazım gələrsə, onlar bizi həbs edərlər. Bizi günahımız olmaya-olmaya təhqir etməsi, özü də bu zaman bütün hədləri aşması yaxş hal deyildi.

Bir müddət sonra Vaqif Heybətov, Hacı Əmrulla və digər dostlarım gəldilər, israrla evi tərk etməli olduğumu söylədilər:

-Müəllim, sən evdən çıxmalısan.

Xalqımın bu vəziyyətində evdən çıxmağımı qorxaqlıq, fərrarilik hesab etdiyimi bildirdim. Onlar isə israr edirdilər.

Düzü, həbsimə və ölümümə razı idim, amma səngərə çevrilmiş evimi tərk etməyə razı deyildim. Lakin Aslan Məmmədovun qətiyyətlə söylədiyi sözlər ağlıma batdı. O dedi:

-Əsgərlər bizi nə edirlər? Onlara sən lazımsan. Çünki fəaliyyət və idealogiya səndədir. Sənin məhvin həmin idealogiya və fəaliyyətin məhvidir. Ona görə də sən yaşamalısan və evdən çıxmalısan.

Dostlarm məni qolları üzərinə götürüb Zirədən gələn maşına qoydular. Qabaqda Mirzə Fərəcovun əyləşdiyi maşın yola düzəldi. Rafael Muradovun evinə çatanda Hacı Əmrulla qabağdakı maşını saxlatdırdı. Məni maşınından düşürdərək, Mirzə Fərəcovun maşınına qoydular. Zirəlini isə “Məşədi Qərib” məsçidinə yola saldılar. Maşınla yüz metrə yaxın irəliyə getdikdən sonra məni aşağı saldılar. Mirzə Fərəcov cəld maşını işə salaraq uzaqlaşdı. Mənisə 2-ci mərtəbədəki balaca bir otağa gətirdilər.

Hacı Əmrulla, Aslan Məmmədov, Vaqif Heybətov “Əliayağı” ziyarətgahının şeyxi Arif və başqaları burada, yanımda idilər. Aslan Məmmədov bildirdi ki, bayırdan qaz torbası 3 dəfə iki-iki döyüləcək. Yalnız bundan sonra bilinəcək ki, gələn səninlə əlaqədardır. Vaqif Heybətov yanımda qaldı. O biri silahdaşlarımsa getdilər. Vaqifin əlindəki balaca çanta diqqətimi çəkdi. Soruşdum:

-O çantada nə var?

O oradan qundağı kəsilmiş qoşa lüləli tüfəng, 20-yə yaxın patron, 1 ədəd balta, 1 neçə ədəd “F-1” qumbarası çıxardaraq mənə göstərdi. Çox qəribə idi. O, güllələri qurtarandan sonra qumbaraları da istifadə edib, sonda baltadan istifadə etməyi planlaşdırmışdı. Burda məni səmimi bir gülmək tutdu. Dedim:

-Bəlkə elə düşmən ilk gülləylə bizi vurdu, baltaya ehtiyac qalmadı.

Vaqif “hər ehtimala qarşı götürmüşəm” - dedi...

Yanvarın 22-si gecə saat 11-də Aslan Məmmədov, Vaqif Heybətov, Hacı Əmrulla məni maşınla Zaqulbadakı başqa bir evə apardılar. Bu evin bayırındakı və həyətindəki bütün işıqlar söndürülmüşdü ki, məni içəri alanda görən olmasın. İçəridə məni ailəm gözləyirdi. İki qızım, oğlum və həyat yoldaşım. Onlar məni görən kimi dizlərimi qucaqlayıb “Dədə” deyərək kövrəldilər.

O gün həmin mənzildə divarın içində olan sobada qaz gurhagurla yanırdı. Bir neçə kartofu dilimləyərək sobanın içərisində bişirtdilər.

Sobanın qabağında qalın, yumşaq xalça var idi. Məni bu xalçanın üzərində uzandırdılar. Səhərə qədər yata bilmədim. Axı, necə yata bilərdim? Hər şey, sanki, bir anda məhv olmuşdu. Bütün arzu və istəklərimizə son qoyuldu deyə düşünür və xəyallarımı cilovlaya bilmirdim...”

1990-cı ilin 20 yanvar qanlı hadisələrdən sonra rus əsgərlərinin gecənin qatı, qaranlığında hərəkatın liderlərin mənzillərinə basqın etməsi hələ də könüllərdə acı xatirə kimi yaşamaqdadır. Nəsirin də ailəsi o acı günləri yaşamışdı. O zaman 11 yaşlı Məhsətinin, 10 yaşlı Lütviyyənin, 7 yaşlı Təbrizin və nəhayət bütün əzablarına, iradlarına səbrlə dözən həyat yoldaşı Gülzar xanımın xatirələrində ömürlərinə əbədi yazılan yaddaş ömrü kimi əbədiləşib. Əsgərlərin silahlı dəstələrlə onu axtarması övladlarının qəlbində bir vahimə, qorxu hissini yaratmışdı. Sonralar qızları - Məhsəti və Lütviyyə ilə olan qısa görüşlərdə onlar Nəsirdən soruşmuşdılar:

-Dədə səni nə üçün axtarırlar? Əsgərlər səni tutsalar öldürəcəklər?”

Övladları bu kimi suallar yağdırırdılar. O isə tutduğu yolun çətinliyini və az qala bir ayda 4-5 dəfə ölümlə üz-üzə qaldığını onlara necə başa salaydı. Çox zaman Bakı və rayonlardan yanına axışıb gələnlər ailəsinin varlığını hiss etmirdilər. Çünki, o mübarizə meydanında onların rahatlığını və təhlukəsizliyini söyləməyi heç ağlına belə gətirmirdi. Hadisələrdən zaman-zaman uzaqlaşdıqca ailəsinin amansız taleyin hökmünə buraxdığını dərk edir.

Nəsir bəyi dinləyək:

“Yanvar ayının 22-dən 23-nə keçən gecə ata mülkümüzə, C. Məmmədquluzadə küçəsi ev 42-yə gələn bütün yollar əsgərlər tərəfindən tutulmuş, bina mühasirəyə alınmış, əsgərlər hasarların üzərinə çıxaraq, həyəti nəzarətə götürmüşdülər. Qardaşım Xalıq qoşa diferli “Zil” maşınını küçədə, pəncərənin altında saxlamışdı. O, bir ay əvvəl Quliyev Ağarəfi Ağahüseyn oğluna köhnə üçatılan tüfəngi düzəltmək üçün vermişdi. Evdə silah yox idi. Həmin gecədən bir gün əvvəl dövlət orqanlarında işləyən vətənpərvər oğullar mənzilimizə və BAİB zavodunun Mədəniyyət Sarayının direktoru Malik Sərdarova zəng edərək bildirmişdilər ki, dostunuza de ki, evdən çıxıb getsin, onlara rus əsgərləri basqın edəcək.

Lakin qardaşlarımın həyat yoldaşları “Biz evimizdən heç yana getmirik” deyiblərmiş. Qardaşlarım da evdə qalmışdılar. Qonşuların həyacanla bütün kəndin hərbçilər tərəfindən üzük qaşı kimi əhatəyə alındığını və evlərin bircə-bircə arandığını söyləməsi də onları qərarlarından döndərməmişdi.

Evimizə basqın gecə saat 12-yə yaxın oldu. Əsgərlər 35 nəfərlə həyətə basqın edərkən qapını əynində nazik köynəklə açan Cümşüdün ayaqlarına möhkəm təpik vurmuş, ayaqları aralı vəziyyətdə, üzü divara durmağa məcbur etmişdilər. Bir əsgər də avtomatı kürəyinə söykəyərək “Tərpənsən vuracağam” demişdi. Onlardan üçü mülki geyimdə idi. Həm onlar, həm də hərbi geyimdə olanlar səs çıxmasın deyə idman çəkmələrində idilər. Başlarında bir nəfər polkovnik rütbəli zabit dururdu.

20-yə qədər əsgər balkona, aynabəndə daxil oldu. Əsgərlər baş otağa hücum etdilər. Xalıqı avtomat qundağı ilə vura-vura aynabəndə çıxardılar. Qardaşım Ağabalanı öldürməklə hədələdilər. Birinci dərəcəli əlil olan və zahirən mənə bənzəyən Cəmşidi süngü bıçağı ilə silkəliyərək yuxudan oyatdılar. Yuxudan kal ayılan Cəmşid hələ də nələrin baş verdiyini anlamağa çalışdığı bir vaxtda saçları çiyinlərinə tökülmüş, hündür əsgərlər onun üstünə bağırdılar:

-Sən, Ağayev Nəsir, tez ol, silahların yerini de.

Bu evə gəlməmişdən əvvəl rayon Partiya Komitəsində əsgərlərin rəisinə Ağayevləri əzmək, məhv etmək tapşırılmış və belə deyilmişdi: “İlk dəfə üç rəngli bayraq o evdə qaldırılıb. Bakının bütün kəndlərinə o evdən rəhbərlik edilib. O ev sovet hökumətini yıxmaq üçün mövcud olan bir qərargahdır”.

Bu gecə basqını qonşularmızda əməlli-başlı vahimə yaratmışdı. Odur ki, hamı baş verənləri yalnız pəncərədən və qapı arxasından seyr etməklə yetinir, kimsə eşiyə çıxmağa cəsarət etmirdi. Sonradan qardaşım Cəmşid Ağayevdən öyrəndim ki, bu hadisədən bir neçə gün keçdikdən sonra da qapımızı açan, anamım halı ilə maraqlanan olmamışdı.

Hamıdan çox anam qorxu və həyacan keçirirdi, ona görə ki, bir vaxt doğmalarının kommunist rejiminin qaniçən liderləri tərəfindən represiyaya məruz qaldığını öz gözləri ilə görmüş, bu faciəni birbaşa yaşamış, sıxıntılar keçirmişdi. O, həmin soyuq qış gecəsində nazik paltarda və ayaqyalın ora-bura var-gəl edir, övladlarının vəziyyətlərini yüngülləşdirmək üçün əlindən gələni etməyə çalışırdı. Amma biçarə qadının əlindən nə gələrdi ki?! Həmin gecə ona bərk soyuq dəydi.

Evdə döşəklər söküldü, un kisələrini süngülərlə yoxladılar Həyətdə istixanada qərənfilləri çıxardıb, diblərini yoxladılar. Onlar bu yerlərdə silah axtarırdılar. Əsgərlər Ağabalanı, Xalıqı, Cümşüdü silah altında UAZ avtobusuna mindirdilər. Sonra geriyə qayıdıb Cəmşidi də aparmaq istədilər. Lakin o özü gəzə bilmədiyindən Xalıq dedi ki, mən onu götürərəm. Və əsgərlərə “Siz faşitsiz!” deyib Cəmşidi qucağına götürdü və “Jiquli” maşınına qoydu.

Ananın fəryadı ətrafdakı hər kəsi kədərləndirmişdi. Bu zaman zabit nə qədər çalışdısa, maşın işə düşmədi. Bu fakt idi. Bunu 30-a qədər əsgər və zabit öz gözləri ilə gördülər. Sonra bir neçə zabit gizli təşkilatın formalaşdığı, iclasların keçirildiyi aşağı evə düşdü. Orada 10 minə yaxın kitab, qədim əlyazmalar var idi. Eyni zamanda 30-a yaxın türk sultanlarının rəngli portretləri var idi. Vandalızmın klassik nümunəsini göstərən bu əsgərlər 100-ə yaxın qədim mis və gümüş sikkələri, 50-ə yaxın qədim əlyazma kitabları, yuxarıda və aşağıda olan bütün telefon aparatlarını yığışdırıb apardılar. Mənim qaldığım otağın qapısına isə bərk bir təpik vuraraq açdılar və içəriyə atıldılar. Mən bu otaqda qalır, burdan “Amerikanın səsi”, “Azadlıq” radiosuna məlumatlar verirdim. Qardaşlarım isə əlləri boyunlarnın arxasında durmuş vəziyyətdə həyətdə dayanıb hadisələri sadəcə seyr edirdilər. Birdən, daxilindəki qorxunu dəf edən anam rus dilində zabitə dedi:

-Oğlanlarımı hara aparırsız?

Rus zabiti isə aşağı evdəki kitabları, evin ümumi mənzərəsini gördükdən sonra bir qədər sakitləşmiş, yumşalmşdı. O, vəzifəcə özündən yüksək olan zabitə dedi:

-Bunlar savadlı, ancaq yoxsul, kasıb adamlardır. Tam qətiyyətlə bildirirəm ki, Azərbaycanda ikinci belə ailə tapmaq mümkün deyil.

Cəmşidi nəhayət geri qaytardılar və tapşırdılar ki, heç yana gedə bilməzsən, lazım olsa, arxanca gələcəyik, sənədlərini də özləri ilə apardılar. Cəmşid isə həmin müddətdə, əlil olmasına baxmayaraq, Arif Məlikovla, beynəlxalq təşkilatlarla, Şeyxülislam Allahaşükür Paşazadə ilə, eləcə də Eldar Salayev və Tofiq İsmayılovla əlaqə yaradaraq onlarla danışıqlar apardı, qardaşlarının hüquqlarının müdafiəsi üçün əlindən gələni etdi.. Artıq yanvarın 25-də bütün Azərbaycan bilirdi ki, Buzovnada bir evdən Azərbaycanın Müstəqilliyi üçün mübarizə aparmış 5 qardaş və onların ailələri işgəncə, məhrumiyyət və əzablara məruz qalıb.

Maraqlıdır ki, bir neçə gün sonra evimizə KQB-nin Əzizbəyov rayon şöbəsinin bir rus əməkdaşı gəlmiş anamdan və Cəmşiddən mənim harada olduğumu öyrənməyə cəhd etmiş, bir şey öyrənə bilməyib geri qayıtmışdı. Cəmşidin dediyinə görə, bir gün sonra evimizə bir nəfər rus zəng edərək, “Rodina” cəmiyyətindən Protopopov olduğunu söyləmiş, “Abşeron” mehmanxanasında qaldığını demiş, mənim harada olduğumla maraqlanmışdı. “Rodina” cəmiyyəti o dövrdə Rusiyanın demokratik təşkilatlarından hesab edilirdi. Cəmşid məsələni aydınlaşdırmaq üçün dayım oğlu Hidayəti Protopopovla görüşmək üçün “Abşeron” mehmanxanısına göndərmiş, o isə orada KQB əməkdaşlarının təzyiqləri ilə üzləşmiş, üstünə silah çəkilmişdi. Məlum oldu ki, Protopopov sovet əks – kəşfiyyatna işləyirmiş və “Rodina” cəmiyyətinə də onlar tərəfindən yerləşdirilibmiş. Bunun üstü açılar-açılmaz onu cəmiyyətdən uzaqlaşdırdılar.

Bir sözlə, məni axtarırdılar və tapmaq üçün bütün vasitələrə əl atırdılar. Məsələn, sonralar Buzovnadakı “Məşhədi Qərib” məscidinin rəisi Hacı Sadiqdən öyrəndim ki, “Alfa” qrupu onu silah altında məscidə aparmış, məscidin qapılarını açmağa məcbur etmiş və məni işığı yandırmadan, fənərlərdən işıq salmaqla məsciddə, o cümlədən minbərdə də axtarmışlar.

Vəziyyətin belə olduğunu görən əqidədaşlarm, xüsusən də müridlərim mənə görə bərk narahat idilər. Cəmşidin dediyinə görə, Naxçıvandakı şagirdlərim onunla tez-tez əlaqə saxlayır, vəziyyətimlə maraqlanırdılar. Hətta fevralın 1-də Şuşada keçirilən mitinqin iştirakçıları elə mitinqdəncə evimizə zəng etmiş və mənə dəstək ifadə etmişdilər.

Azərbaycanın demək olar ki, bütün bölgələrində yüzlərlə belə hadisələr, haqsızlıqlar və ədalətsizliklər baş vermişdi. Lakin çox təəsüf ki, istər müxalifət, istərsə də dövlət mətbuatında belə hadisələrə lazım olan diqqət yetirilməmişdi.

Ayın 25-də tələbəm Ədalət Bayramova zəng etdim. Ona bildirdim ki, təcili yanıma gəlsin. Onun əvəzinə başqa tələbəm - Mənsur hava qaralan kimi yanıma gəldi. Baş verənlərdən onun vasitəsilə xəbər tutdum, öyrəndim ki, qardaşlarım evlərindən didərgin salınıb. O gecə məni Şimal DRES-ində yaşayan tələbəm Muradgilin evinə apardılar. Üç gün orda qaldım...

Radioda bütün gün yalnız ürək dağlayan, kədər-qəm dolu musiqi verilirdi. Murada bildirdim ki, atana de, mənim burda olduğumu heç kəsə bildirməsin. Lakin Muradın atasının həyəcan və vahimə içərisində olduğu hiss edilirdi. Murada tapşırdım ki, Buzovnaya gedib Aslan Məmmədovu tapsın və bu axşam yanıma gəlsin. Axşam Hacı Əmrulla, Aslan Məmmədov, Mirzə Fərəcov arxamca gəldilər. Məni maşına qoyub, magistral yola çıxmadan Şağanın içi ilə bir təhər keçərək, mədənlərin arasındkı yolla Maştağaya Vəliyev Həsənin evinə apardılar. Vəliyev Həsən əvvəlcədən hazırlıq işi görərək evdə bütün vəziyyəti ona görə hazırlamışdı.

Üstümdə yalnız gecə maykası var idi. Bu vəziyyətdə gəldiyimdən Həsən mənə qalın, qırmızı rəngli, dama-dama pamazı köynək verdi. Neçə gün idi ki, isti xörəyə, təzədəm çaya həsrət qalmışdım, artıq 7 olardı ki, üzümü qırxa bilmirdim. Xulasə, 2 gün də burda qaldım. Üçüncü gün Aslan Məmmədov və Hacı Əmrulla Nardarana Cəbrayıl Əlizadənin yanına gedərək mənim oraya gələcəyimi bildirdilər. Razılıqdan sonra axşamüstü Nardarana istiqamət aldıq. Mənim qalacağım ev Hacıağa Nuriyevin qohumunun evi idi.

Maşın həyətə daxil oldu. Bu yerdə, uzun müddət kimsəsiz olduğundan, bir qarışdan artıq xəzələ dönmüş yarpaq var idi. Məni qalacağım aynabəndin yuxarı başına apardılar. İçəri görünməsin deyə bütün pəncərələr ağ parça ilə tutulmuşdu. Dəmir soba qaz olmadığından odunla qalanmışdı. Yorğan-döşək, hər şey hazır idi. Xəstəliyim ucbatından ağzımın dadını da itirmişdim. Sadəcə qaynanmış ağ suyun içinə zəfəran atıb içirdim.

Fevralın 8-i olardı. İşıqlar sönmüşdü. Həyətdə bir neçə nəfərin səsi gəldi. Aynabəndin qapısı açıldı. Mustafa müəllim, Hacı Vaqif və Cəbrayıl Əlizadə aynabəndə girdilər. Mustafa müəllim yanındakılara deyirdi:

-Yazıq Nəsir bəy, görəsən, türmədə necə dözür əzab - əziyyətə?

Onlar düz üzərimə gəlirdilər. Saqqal məni tanınmaz etmişdi. Lap mənə yaxınlaşanda gözləri zəif görən Mustafa müəllim ocağın işıltısında bir təhər üzümü gördü. Mustafa müəllim sanki yerində dondu, dili tutuldu, hönkürə-hönkürə diz üstə çökərək boynumu qucaqladı. “Nəsir bəy, mən elə bildim səni türməyə salıblar. Şükür Allaha, çox şükür olsun Allaha” - dedi...””

Hadisələrin ardının Məmməd Əlizadənin əsərindən izləyək:

“Fevral ayının axırlarında Nəsir Ağayevi Novxanıya apardılar. On yeddi gün orda qaldı. Qardaşları isə Ulyanovsk vilayətinin İnza məntəqəsinə sürgün edilmişdilər. 45 gündən sonra əzab və müsibətlər çəkə-çəkə İnzanın küçələrindən keçərək, düşərgəyə aparılarkən, onları bir qrup erməninin qarşısından keçirmişdilər. Onlar isə çığır-bağır salaraq, ətrafdaklara yanlış məlumat verərər insanları onların üzərinə qısqırtmağa çalışmışdılar:

-Vot oni ubiytsı. Ubeyte ix!” (Budur həmin qatillər. Öldürün onları!)

Ermənilərin təhriki ilə ruslardan ibarət antitürk və antiislam əhval-ruhiyyəli kütlə qardaşlarının başlarına daş, butulka, konserv qabları atırdılar. Müstəqillik, azadlıq uğrunda aparılan mübarizənin bu cür acılı-şirinli xatirələrini unutmamaq lazımdır. O anlar minlərlə vətənpərvərlərin qəlbində bu gün də yaşamaqdadır.

1990-cı il, martın 18-i idi. Nəsir Ağayevi artıq C. Məmmədquluzadə küçəsi ev 42-ilə üzbəüz olan 43 nömrəli evin zirzəmisinə gətirmişdilər. Natiqi anasını çağırmaq üçün göndərdilər. Çox çəkmədi ki, anası gəldi və ikinci mərtəbəyə qalxdı. 30 dəqiqə keçəndən sonra rəngli, tirmə şallı anası Səkinə xanımla birlikdə aşağı zirzəmiyə endilər. Anası Nəsiri görən kimi ağladı və ağlaya-ağlaya dedi:

- Mən bilirdim, ürəyimə dammışdı ki, sən sağsan...

Üç gündən sonra onu, başqa bir yerə, 8-ci km-ə aparırlar. Aprel ayının 10-na qədər burda qalır. Demək olar ki, hələ də təhlükə sovuşmamışdı. Onun axtarışı davam edirdi. Belə anlarda da Nəsir Ağayev sakit durmur, başqa bir adla yerlərlə əlaqə saxlayırdı.

Nəsir bəy xatırlayır:

“Aprelin 10-a qədər 8-ci kilometrdə qaldım. Sonra Hacı Əmrulla məni yarıgizli-yarıaşkar yenidən Novxanıya, bacısı Məsumənin evinə apardı. Orada bir neçə gün qaldıqdan sonra ümumi qərar belə oldu ki, camaat içərisində çox görünməmək şərti ilə Buzovnaya, ata mülkümə qayıdım. Elə də etdik. Doğrudan da adamın öz evini heç nə əvəz edə bilməz. Beləcə, evimizə döndüm və burada, öz ata yurdunda şad, xürrəm yaşamağa başladım.

Evdə olmadığım günlər ailə üzvlərim, xüsusilə də yaşlı anam çox sarsntı keçirməli olmuşdular. Həmin çətin günlərdə bacım Mənsumə Zərbəli qızı öz mətanət və dəyanəti ilə hər kəsə toxtaqlıq və təsəlli olmağı bacarmış, ailəyə sözün əsil mənsanda dayaq və dəstək vemişdi. Bu da təbiidir. Çünki o da mənim kimi milli mübarizəni özünə həyat amalı seçmişdi. Həyat yoldaşı Vidadi Xanmurad oğlu İsayev ilə birlikdə Milli Azadlıq Hərəkatında fəal iştirak edir, milli ideyanın təbliği ilə məşğul olurdu. O, eyni zamanda, Novxanı və Dügahda hakimiyyət dairələrinin qızışdırmağa çalışdığı yerli-gəlmə qarşıdurmasının qarşısının alınmasında böyük rol oynamışdı.

Günlərin birində heç gözləmədiyim, lakin gələcək həyatında təsiredici rol oynayan hadisə baş verdi. Hər dəfə sinifə daxil olarkən zabitəsindən, sirayətedici baxışlarından güzəşt bilməyən tələbkarlığından bütün uşaqları özünü yığışdırmağa, məsuliyyət hissini artırmağa məcbur edən Heydər müəllimin səsi eşidildi. Səs evimizin həyətindən gəlirdi:

-Ay ev yiyəsi! Ay ev yiyəsi! Qohumum Vidadi İsayev Heydər müəllimi evə dəvət etdi. O mənə yaxınlaşaraq boynumu qucaqladı, köksünə basdı:

-Nəsir, ehtiyatlı ol, ətrafındakıların heç də hamısı vətənpərvər deyil. Sən millətə lazımsan!

Müəllimim bu sözləri deyərkən gözləri doldu. Üzünü yana çevirdi, yaylığı ilə gözlərini sildi. Bu mənzərə heç vaxt yadımdan çıxmayacaq. Hər dəfə yadıma düşəndə gözlərim dolur, qəhər məni boğur.

Heydər müəllim şagirdlərinə Vətən sevgisini, milliyətçilik duyğularını romantik hay-küyçülükdən uzaq bir şəkildə təlqin etməyi bacaran müəllimlərdən idi. Şagirdlərinə Vətəni sevdirən əsil patriot idi. İndi öz keçmiş sevimli şagirdi ilə üzbəüz oturub təzə dəmlənmiş çaydan içə-içə dənizə baxır, onunla, yəni mənimlə bundan sonra xalqmızı gözləyən hadisələrdən danışır, çıxış yollarını müzakirə edirdi. O, gətirdiyi Mirzə Adıgözəl bəyin, Əhməd bəy Cavanşirin “Qarabağnamə”lərini mənə verdi. O, kitablar indi də evində ən əziz və unudulmaz xatirə kimi qorunmaqdadır.

Bir neçə gün keçdi. Tədricən, haqqımda gəzən söz-söhbətlərə, şayiələrə aydınlıq gətirmək üçün kənd içində görünməyə başladım. Hər dəfə geriyə tamam başqa yolla qayıdardım. Bu hərəkətimlə hər kəsə mesaj verməyə çalışırdım: “Ay tində durub ora-bura baxanlar, daş üstündə oturanlar, ömrünüzü azadlığa həsr edin. Məni görün, mən bu yoldan çəkinmədim. İnamımı, ümidimi itirməmişəm”...

Həmin dövrdə hərəkatda iştirak edənlərin soyadlarını daşıyan hər kəsi çağırıb izahat alırdılar. Bu üzdən Ağayev familiyalı kim var idisə komendaturaya çağırılmış, onlardan izahatlar alınmışdı. Onlardan təkidlə mənim yerimi soruşurdular. Ağaverdi Bədəlov, Vidadı Yaftumov, Taleh Məmmədov, Mirzə Ağayev dəfələrlə dindirilmişdilər.

İyunun ortaları idi, dəniz mövsümü yenicə başlayırdı. Buzovnanın qayaları, kəhrəba qumları və Xəzərin sərin suyu minlərlə adamı qoynuna almışdı. Fövqaladə vəziyyət hələ də qüvvədə olduğundan ağlma orijinal bir fikir gəldi: Xalq Cəbhəsinin və kəndlərin yığıncağını dəniz sahilində qum üzərində keçirmək”.

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə