Elman Cəfərli Təbriz Ağayev




Yüklə 1.04 Mb.
səhifə5/11
tarix22.02.2016
ölçüsü1.04 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

NƏSİR AĞAYEV MEYDAN HƏRƏKATI BARƏDƏ

...1988-ci ilin fevral ayının 20-də DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılıb Ermənistan SSR-yə verilməsi haqda olan “müraciət” Azərbaycan xalqının suverenliyi və respublikanın ərazi bütövlüyünə qarşı açıq təcavüz idi. Sovet İKP MK-nın 24 mart 1988-ci il qərarına əsasən ölkəmizdə milli dövlət quruluşunun dəyişdirilməsinə yönəldilən tələblər Azərbaycan və Ermənistan zəhmətkeşlərinin mənafelərinə ziddir və millətlərarası münasibətlərə ziyan vurur. Onda bu qərar xalqımız tərəfindən razılıq hissi ilə qarşılanmışdı. Elə, bu andan da Yerevanda Ermənistanın digər şəhərlərində və DQMV-də nümayişlər və mitinqlər gücləndi. Stepanakertdə, Yerevanda on minlərlə erməni küçələrə və meydanlara axışaraq dövlətə təzyiq göstərməyə cəhd etdilər. Yerevanda günlərlə müəssisələr işləmədi, Dağlıq Qarabağda isə iş tamamilə dayandırılmışdı. Separatçılar camaatı məcburi mitinqlərə təhrik edir, getmək istəməyənləri xalq arasında biabır edirdilər. Balaca uşaqlar belə meydanlarda “miatsum” (birlik) qışqıraraq, özlərini faşist Almaniyasının “hitelyugend” uşaq təşkilatının üzvləri kimi aparırdılar. Qarabağda yaranan iğtişaşlara “Krunk” və “Qarabağ” separatçı təşkilatları rəhbərlik edirdilər. Həmin təşkilatın rəhbərləri hal-hazırda Ermənistanda və Dağlıq Qarabağda rəhbər dövlət vəzifələrində çalışır və onların da başında-R.Köçəryanla, Qukasyan durur.

Əlbəttə, “Qarabağ problemi”nin ortaya atılmasını təkcə imperiya rəhbərlərinin üzərinə yıxmaqla ermənilərə haqq qazandırmaq olmaz. Qeyd edək ki, siyasi boşboğazlıqların ssenarisi Moskvada imperiyanın müxtəlif institutları tərəfindən hazırlanıb, həyata keçirilməsində isə şübhəsiz ki, son iki əsrə yaxın bir dövrdə rus müstəmləkəçiliyinin Qafqazda əsas dayağı olan ermənilərdən istifadə olunurdu. Eyni zamanda ermənilər də öz növbələrində yaranmış əlverişli şəraitdən bacarıqla istifadə edərək, illər boyu hazırladıqları “Böyük Ermənistan” ideyasını həyata keçirirdilər. Sovet İttifaqı Kommunist Partiyasının dövlət orqanlarında rəhbər vəzifə tutan erməni və ermənipərəst qüvvələrə, ABŞ-da, Fransada və dünyanın bir sıra nüfuzlu dövlətlərində formalaşmış, iqtisadi-siyasi cəhətdən güclü erməni lobbisi dayaq dururdu.

DQMV-də yaşayan ermənilər, guya, sosial-iqtisadi vəziyyətlərinin ağırlığını və hüquqlarının pozulmasını bəhanə edərək, Azərbaycanın tərkibindən çıxaraq Ermənistana birləşmək istəklərini meydanlarda, mitinqlərdə elan edirdilər ki, bu da sadəcə, quru böhtandan savayı bir şey deyildi. On illər ərzində Qarabağ erməniləri Azərbaycanın digər bölgələrindəki azərbaycanlılardan qat-qat yaxşı yaşayırdılar. Onların iqtisadi həyatlarını daha da varlı etmək üçün hətta Azərbaycan hökuməti 1976-cı ildən etibarən onlara iqtisadi müstəqillik vermiş, Dağlıq Qarabağ Muxtar Vilayətinin mədəni və sosial tərəqqisinin yüksəldilməsi haqqında xüsusi qərar da qəbul etmişdilər. Həmin qərara əsasən DQMV-nin təsərrüfatları istehsal etdikləri məhsullardan özləri sərbəst istifadə hüququ qazanmışdılar, yalnız onu demək kifayətdir ki, onlar üzümü və taxılı hara istədi sata bilərdilər. Və həmin qərara uyğun olaraq Dağlıq Qarabağ Muxtar Vilayətində bir neçə elmi idarə, institut açıldı. Yeni nəhəng müəssisələr tikildi. Vilayət başdan-başa elektrikləşdirildi və qazlaşdırıldı. Yeni yollar çəkildi, abad yaşayış binaları tikildi. Çox təssüf ki, bu idarələrdə, institutlarda və müəssisələrdə işləmək üçün ixtisaslı kadrlar da Ermənistandan gətirildi.

Ermənistan Ali Sovetinin sessiyasının isə DQMV-nin Ermənistana birləşdirilməsi haqda qərar qəbul etməsi, faktiki olaraq, Ermənistan-Azərbaycan müharibəsinin başlanğıcına rəvac verdi. Bu hadisədən az sonra, Ermənistanda yaşayan Azərbaycan türkləri oradan qovuldu. Yüz minlərlə soydaşımız öz doğma el-obasından didərgin düşərək dədə-baba torpağında qaçqına çevrildi. Bütün bunlar da 1988-ci ildə erməni separatçılığına rəvac verən amillərdən ən birincisi oldu.

Ermənilər respublikamızda yaranmış qarışıqlıqdan istifadə edərək xalqımıza qarşı müxtəlif təxribat xarakterli tədbirlər həyata keçirməyə müvəffəq oldular. Bu təxribatların fonunda ermənilər tərəfindən törədilmiş Sumqayıt hadisələri daha önəmlidir. Bu hadisə necə baş vermişdir?

Qarabağ böhranı və bu böhranla bağlı baş verən hadisələr respublikada ictimai-siyasi vəziyyətin kəskin xarakter almasına səbəb olmuşdu. Əvvəlcə Bakıda və respublikanın digər iri şəhərlərində ermənilərin özbaşınalığına, respublika rəhbərliyinin qətiyyətsizliyinə, mərkəzin isə bu məsələlərə birtərəfli yanaşmasına etiraz əlaməti olaraq yürüşlər, mitinqlər keçirilməyə başlandı. İlk dövrdə bu aksiyalar kortəbii xarakter daşıyırdısa da, sonradan yavaş-yavaş siyasiləşməyə doğru üz tuturdu. Nəticədə, bir tərəfdən bütün Sovetlər Birliyinin hər yerində gedən sosial-siyasi proseslər, digər tərəfdən isə Qarabağ böhranı Azərbaycanda siyasi atmosfer şkalasının yeniləşməsinə, demoratik və milli-azadlıq hərəkatının inkişafına təkan verdi.

Ümumiyyətlə, Quzey Azərbaycanda demokratik və milli-azadlıq hərəkatını şərti olaraq bir neçə mərhələyə bölmək olar. İlkin mərhələ 1988-ci ilin fevralından noyabrın 17-nə qədər olan dövrü əhatə edir ki, bu mərhələni hərəkatın kortəbii kütləvilikdən siyasiləşməyə doğru keçid mərhələsi adlandırmaq düzgün olardı. Bu dövrdə yuxarıların zahirən yenidənqurma adı altında, əslində isə məcburiyyət üzündən cəmiyyətə “demokratiya”, “aşkarlıq” dərsləri verməsi nəticəsində, digər tərəfdən isə Qarabağ ətrafında baş verən hadisələrlə bağlı respublika əhalisinin müxtəlif etiraz aksiyaları keçirməsi, bu tədbirlərin getdikcə böyüyərək kütləvi hərakata çevrilməsi və hərəkatın yavaş-yavaş siyasiləşməsilə müşayiət olunurdu.

Məlumat üçün bildirək ki, Azərbaycan Xl Qızıl Ordu tərəfindən işğal edildikdən dərhal sonra ölkəmizdə müxtəlif miqyaslı, gizli və açıq müqavimət hərəkatları müşahidə edilmişdir. Bunlardan birincisi Gəncədə rus – bolşevik işğalna qarşı polkovnik Kazım bəyin başçılığı ilə baş qaldıran və qanlar içində boğulan silahlı üsyan idi. Daha sonra isə yurdumuzun ayrı-ayrı dağlıq bölgələrində işğalçılara qarşı qaçaq hərəkatlarının baş qaldırdığı da məlumdur. Məmməd Əmin Rəsulzadənin yazdığna görə, Azərbaycann kommunust rəhbərlərindən Xanbudaqov adlı birisinin ölkəmizin Sovetlər Birliyinin tərkibindən çıxaraq müstəqil olması istiqamətində fəaliyyəti və bu şəxsin repressiyaya uğraması hadisəsi də baş vermişdir ki, bu barədə tarix kitablarnda heç bir məlumata rast gəlmirik. Eyni zamanda Azərbaycanda 1937 – ci ilə qədər Cəfər Cabbarlınn öndərlik etdiyi gizli “İstiqlaliyyət” təşkilatının varlığı və fəaliyyəti barədə də bizə Mirzə Bala Məmmədzadə məlumat verməkdədir. Yəni 70 illik işğal dövründə xalqımız əlini - əlinin üstünə qoyub boş oturmamışdır. Bu dövr ərzində bir çox gizli təşkilatlar qurulmuş və gizli təbliğat işi aparmışdır ki, onlardan bir neçəsi barədə bu kitabda məlumat verilməkdədir. 1956 – cı ildə azərbaycanlı tələbə Cahid Hilaloğlunun qız qalasının başına üçrəngli Azərbaycan bayrağını asması da belə təşkilatların fəaliyyətinin nəticəsi idi.

Sovetlər Birliyində Mixail Qorbaçovun hakimiyyətə gəlişindən və imperiyada “Aşkarlıq” və “Yenidənqurma” siyasətinə rəvac verilməsindən sonra bu tip təşkilatların leqallaşması üçün müəyyən şərait yarandı. İlk qaranquş 1987-ci ildə Bəxtiyar Tuncay, Tofiq Rəsulzadə, Fuad Ağayev, Məhəmməd Hatəmi Tantəkin, Ağası Hun, Vurğun Əyyub və digər ziyalılarımızın təşəbbüsü ilə qurulan “Çənlibel” təşkilatı oldu ki, bu təşkilatın tarix səhnəsinə çıxışı ilə bu günə qədər gizli və pərakəndə şəkildə aparılan milli fəaliyyət leqallaşdı və vahid təşkilat ətrafında cəmləşdi. Bu təşkilatın təsiri ilə Bakıda və ölkənin bütün bölgələrində çox sayda bənzər təşkilatlar qurulmağa başladı. 1988-ci ildən geniş vüsət alan Milli Azadlıq Hərəkatının əksər aparıcı simaları, o cümlədən Əbülfəz Əliyev (Elçibəy), Məhəmməd Hatəmi, Nemət Pənahlı və s. bu təşkilatlarla, ilk növbədə də “Çənlibel”lə bu və ya digər dərəcədə bağlı olmuşlar.

“Çənlibel”in bətnindən doğulan milli təşkilatlar içərisində dilimiz uğrunda geniş hərəkata vüsət verən “Oğuz” təşkilatının da adını xüsusi çəkmək lazımdır. Bu tip təşkilatlarda aparılan iş sonda Qarabağ probleminin partlaq verməsi ilə böyük bir hərəkata çevrildi.

Qeyd edilməlidir ki, həmin dövrdə istər Qarabağ problemini, istərsə də respublikanın üzləşdiyi digər problemləri həll etməyə qətiyyət və cəsarəti olmayan Azərbaycanın kommunist rəhbərlərinin səriştəsizliyi, mərkəzin ermənipərəst mövqeyi respublikada onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirirdi. Onda Ermənistan rəhbərləri xalqı milli dövlətçilik ruhunda formalaşdırırdısa, Azərbaycan rəhbərləri milli özünüdərkin qarşısına sipər çəkirdilər. Ermənilər Dağlıq Qarabağı Azərbaycandan qoparmaq, milləti Qarabağ savaşına hazırlamaq məqsədilə gizli təşkilatlar yaradılmasına rəvac verirdilər. Bu səbəbdən də, Ermənistanda və Dağlıq Qarabağda böyük erməni milli təşkilatları yaranmışdı. Azərbaycan hələ də beynəlmiləlçilik bayrağı altında mürgü vururdu. Xalq isə bu vəziyyətlə heç cür barışmaq istəmirdi və öz torpağını öz qanı ilə qorumağa hazır idi. Ona görə də, ölkədə bir oyanış, silkələnmə və siyasiləşmə hərəkatı başlamışdı.

Qarabağ olayları ilə pillə-pillə yüksəlib formalaşan Demokratik və Milli Azadlıq hərəkatını şərti olaraq bir neçə mərhələyə bölmək olar. Bu mərhələlərin birincisi 1988-ci ilin fevralın 17-dən noyabrın 17-nə qədər olan dövrdür. Bu dövrü hərəkatın kütləviliyə və siyasiləşməyə doğru gedən keçid dövrü də adlandırmaq olar. Hadisələrin ilk başlanğıc dövründə baş verənlərə ötəri nəzər salsaq, dediklərimiz daha aydın olar. Məlumdur ki, ermənilər 1987-ci ilin sentyabrından başlayaraq müxtəlif mətbuat vasitələrində DQMV-nin Ermənistana birləşdirilməsi haqqında ideoloji təbliğata başlamışdılar. Bu təbliğata isə respublika rəhbərləri tərəfindən heç bir reaksiya verilmirdi ki, bu da onları şirnikləşdirdi 1988-ci il fevralın 13-də Stepanakertdə (Xankəndində) ilk mitinq keçirildi. Ermənilər iddialarını açıq-aşkar irəli sürdülər. Erməni hiyləgərliyinin gözəl bir nümunəsidir ki, ilk mitinqlərdə erməni tələbələri əllərində Azərbaycan və Ermənistan xalqlarının dostluğunun sarsılmazlığına, qardaşlığın əbədiliyinə dair şüarlar tutub meydana gəlirdilər. Qarabağ problemi ilə bağlı ermənilərin iddialarına azərbaycanlıların ilk etiraz çıxışı 1988-ci il fevralın 17-də Ağdamda keçirilən izdihamlı mitinq oldu. Bundan iki gün sonra fevralın 19-da Bakıda tələbə və gənclərin yürüş mitinqi keçirildi.

Fevralın 17-dən Ağdamın mərkəzi meydanında başlanan və on minlərlə adamın toplaşdığı bu mitinqlərdə Moskvaya ardı-arası kəsilməyən teleqramlar göndərsələr də, Moskva susurdu. Bakıda da yürüş-mitunq keçirildi və yürüş-mitinqçilər “Azadlıq” meydanından MK-nın (prezident aparatının) qarşısına qədər hərəkət etdilər. MK qarşısında mitinq edən tələbə gənclərin qarşısına MK-nın birinci katibi Kamran Bağırov çıxdı. O mitinqçilər qarşısında çıxış edərək DQMV-nin heç bir vəchlə Azərbaycan tərkibindən ayrılmasına yol verməyəcəyini bildirdi.

Buna baxmayaraq, fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyasında vilayətin Azərbaycan SSR tərkibindən çıxarılıb Ermənistan SSR tərkibinə qatılması ilə bağlı qərar və SSRİ rəhbərliyinə müraciət qəbul edildi ki, bu da xalqın hiddətini son həddə çatdırdı. Fevralın 21-də Ağdamda çoxminlli mitinq keçirildi. Mitinqdə SSRİ rəhbərliyindən həmin qərarın ləğv edilməsi qətiyyətlə tələb edirdi. Əks təqdirdə Vətəni öz qanları ilə qoruyacaqlarını bildirən Ağdam gəncləri, elə ertəsi gün dediklərindən dönməyəcəklərini sübut etdilər. Nəhayət fevralın 22-də səhər saat 8:00 radələrində Vətən naminə ayağa qalxan Ağdam, Ağcabədi, Bərdə, Yevlax, Tərtər rayonları ilə həmrəylik bildirən respublikanın ən ucqar rayonlarının gəncləri Ağdama toplaşdılar, izdiham Ağdam meydanından Stepanakertə doğru irəliləməyə başladı. Xalqın kükrəyən hiddətinin və vətənini qorumaq üçün ayağa qalxmış əliyalın Ağdam gənclərinin önünü Əskəranda rus ordusu kəsdi. Dinc yürüş keçirən gənclər gülləbaran edildi. Nəticədə ilk şəhidlərimiz—Ağdam gəncləri Əli və Bəxtiyarın qanı axdı Vətən torpağına. On yeddi nəfər isə yaralanaraq xəstəxanaya düşdü. Gözləmək olardı ki, bu hadisədən respublika rəhbərliyi nəticə çıxarar və daha ağıllı addımlar atar. Lakin bu belə olmadı. Rayon və respublika rəhbərləri yürüşü müxtəlif üsullarla dayandırdı və qəzəblənmiş kütləni geri dönməyə məcbur etdilər və üstəlik də, bu hadisədə iştirak edən insanların qəhrəmanlıqlarını qiymətləndirmək əvəzinə respublika rəhbəliyi həmin gün şəhid olanları unutdu. Azərbaycan KP MK-nın katibi Telman Orucov Ağdam rayon partiya komitəsinin zalında keçirdiyi iclasda, Əsgəran yaxınlığında yaralanmış bir neçə gənci təhqir etdi. Sovet İKP MK Siyasi bürosu DQMV ermənilərinin qərarını rədd etdiyinə görə belə bir yürüş “ekstremizm”dir! – dedi.

Halbuki, Sovet İKP MK Siyasi bürosunun 21 fevral 1988-ci il tarixli qərarında açıq-aydın yazılmışdır: “..Yaranmış indiki şəraitdə DQMV XDS-nin qərarını həyata keçirmək mümkün deyil”. Yəni şərait yarandıqda qərar həyata keçəcək! Dəhşətli faciə idi ki, Azərbaycan KP-nin o zamankı rəhbərləri bu qərarı Azərbaycanın xeyrinə qəbul edilmiş sənəd kimi təqdim edirdilər. O zamankı hakimiyyət təkcə bununla kifayətlənsəydi, dərd yarı idi. Respublika prokurorluğunun göstərişi ilə, Əsgərana dinc yürüş edən Ağdam gəncləri prokurorluğa, milis şöbəsinə çağırılır. Onların yürüşdə iştirak etdiyini sübut edən fotoşəkillər göstərərək həmin adamları həbs etməklə hədələyib, ciblərini “soymağa” başladılar. Eyni zamanda respublika Nazirlər Soveti Ağdamda yaşayan əhalidən bütün ov və quş tüfənginin yığılıb DİŞ-də saxlanması haqqında qərar qəbul etdi. Faciəyə baxın, Ermənistan və dünya erməniləri Qarabağdakı dığaları silahlandırdığı halda, Azərbaycan hökuməti əhalidən ov tüfənglərini yığırdı. Belə bir məqamda ermənilərin və SSRİ DTK-nın əli ilə, xüsusi ssenari əsasında hazırlanırdı və həmin ssenarinin də adı “Sumqayıt” idi. Hadisə ssenari əsasında 26 fevral baş verir. Hər kəsə məlumdur ki, bu hadisə DTK-nın təşkil etdiyi ssenari üzrə Paşa ləqəbli bir erməninin əli ilə törədilmişdir. Məqsəd isə məlum idi: Beynəlxalq aləmdə “Vəhşi azərbaycanlı” obrazı yaratmağa nail olmaq və “yazıq, fağır” ermənilərin belə bir xalqla birgə yaşamasının qeyri- mümkünlüyünü “sübut etmək” idi. Lakin respublikanın o zamanki rəhbərliyinin acizliyindən istifadə edən Moskva bu hadisəni az qala “erməni soyqırımı” kimi qiymətləndirdi. Bunun nəticəsində də yüzlərlə qeyrətli oğullarımız həbsxanalara salındı, olmazın işgəncələrə məruz qaldılar.

Hadisənin, məhz azərbaycanlılar tərəfindən törədildiyini sübut etmək məqsədilə respublika rəhbərlərinin maymaqlığından və satqınlığından yararlanan ermənipərəst Moskva, bu azmış kimi, Vətənin qeyrətli oğlu Əhməd Əhmədovun haqqında ölüm hökmü çıxartdı. Bütün bu hadisələr xalqı şoka salmışdı. Öz rəhbərlərinin tutduğu mövqedən çaşbaş qalan əhali bir müddət susmaq məcburiyyətində qaldı. Daha doğrusu xalq “zorla” susduruldu. Ancaq ermənilərin DQMV ərazisində at oynatmasına dözə bilməyən vətən oğulları 1988-ci il may ayında yenidən meydanlara axışdı. Ağdamda, Şuşada, Naxçıvanda, Bakıda yenidən izdihamlı mitinqlər başladı. Respublikadakı ictimai-siyasi prosesləri öz nəzarətində saxlamaq, imperiyanın maraqlarının axarına yönəltmək məqsədi ilə onun başçıları tərəfindən respublika rəhbərliyində kosmetik dəyişikliklər edildi. 1988-ci ilin may ayında Azərbaycanda rəhbərlik dəyişdirildi. Vəziyyətdən çıxış yolunu istefa verməkdə görən Kamran Bağırov Azərbaycan KP MK-nın birinci katibliyindən azad edilməsi haqqında ərizəsini Sovet İKP MK-ya təqdim etdi. Bundan sevinən Qorbaçov hakimiyyəti tez-tələsik xalqın yaddaşında “Vəziryan, bambılı” kimi qalan Əbdürrəhman Vəzirovu xaricdə diplomatik fəaliyyətdən geri çağıraraq, Azərbaycan KP MK-ya I Katib göndərdi.

Ağdamda, Şuşada, Sumqayıtda və digər regionlarda baş verən hadisələrə heç də laqeyd qalmayan Bakı isə içərisindən qaynayırdı...

Bakıda demokratiya uğrunda mübarizəyə DQMV-də ermənilərin iddialarına qarşı ilk etiraz çıxışlarına tələbələr başladılar. İlk izdihamlı nümayiş keçirən tələbələr milli-demokratik hərəkatın əsas hərəkətverici qüvvəsi olmaqla həm də onun əsasını qoydular. Bundan başqa, bu dövrdə bir sıra ictimai-siyasi təşkilatlar, o cümlədən “Çənlibel”, “Varlıq”, “Yurd”, “Gənc alimlər” və sair fəaliyyətə başladı. Artıq genişlənməkdə olan xalq hərəkatında iki aparıcı xəttin, yəni demokratik və milli xəttin formalaşması aşkarlanırdı. Bu təşkilatların yaranmasına iki amil rəvac vermişdir. Birinci uzun illər siyasi amirlik məngənəsində çıxılan milli azlıqlar “Yenidənqurma” siyasətindən bəhrələnib, öz milli varlıqlarını dərk edirdilər və ikinci də Qarabağ hadisələri millətdə, xüsusilə millətin gənc nəslində milli vətənpərvərlik və milli təəssübkeşlik hissləri oyatmışdı.

“Qarabağ problemi”nin ortaya çıxması isə milli təəssübkeşliyi ön plana çəkmişdi. Bu xətt də özlüyündə demokratik prinsip və dəyərlərə söykənirdi .

İmperiyanın əlində asanlıqla oyuncağa çevrilən Əbdürrəhman Vəzirov tezliklə mərkəzdəki erməni və ermənipərəst qüvvələrin təsiri altına düşdü və fəaliyyətini onların diktəsi əsasında qurdu. Əslində bu belə də olmalı idi. Çünki Vəzirovu elə bu məqsəd üçün Azərbaycana göndərmişdilər. Yeni rəhbər təyin olunmuş Əbdürrəhman Vəzirov rəhbərliyinin birinci həftəsi xalq kütlələrini “Azadlıq” meydanına toplayaraq böyük nitq söylədi. Bu nitqi rus dilində oldu. Xalqı əmin etdi ki, DQMV Azərbaycanın olub və həmişə də belə olacaq.

Bundan az sonra, iyun ayının 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyətində həm Azərbaycan SSR-in, həm Ermənistan SSR-in, həm də DQMV-nin nümayəndələrinin iştirakı ilə məsələyə baxıldı. İlk baxışda, guya “ədalətli” qərar qəbul edən SSRİ Ali Sovetiin Rəyasət Heyəti, həmin qərarda da məkrli bir siyasət işlətdi. Bu qərara əsasən DQMV Azərbaycanın tabeçiliyindən çıxarılaraq, ittifaq tabeçiliyinə verilirdi. Təəssüf ki, respublikanın başbilənləri yenə də bu incəliklə planlaşdırılan məkrli niyyəti görə bilmədilər. Eyni zamanda, hələ mart ayında DQMV-nin sosial-iqtisadi cəhətdən inkişaf etdirilməsi məqsədilə ittifaq hökumətinin büdcədən 500 milyon rubl vəsait ayırması da həmin məkrli niyyətin tərkib hissəsi idi. Onu da qeyd edim ki, bu qərar da bilavasitə erməni təhriki ilə edilmişdir. Guya ermənilər siyasi yox iqtisadi çətinlikləri naminə mitinqlər edir və Azərbaycandan ayrılmaq istəyir.

Bu kökündən səhv idi. Çünki o dövrdə Qarabağ erməniləri Azərbaycanın ən varlı bölgələrindən də yaxşı yaşayırdılar. Bu üstünlük yuxarıda dediyim kimi onlara hələ 1976-cı ildən verilmişdi. DQMV Respublika hökumətinin qərarı ilə iqtisadi müstəqillik əldə etmişdi və Sosialist Əməyi Qəhrəmanı Mamunts istehsal etdiyi üzümü və şərabı sərbəst surətdə İrəvana gətirdi. Hamı 1988-ci il qərarına uyğun olaraq ermənilər Şuşada Topxana meşəsini qırıb, orada hansısa bir zavod tikmək istəyirdilər. Xalq bunu yaxşı başa düşürdü və rəhbərlikdən “tikintinin” dayandırılmasının tələb etsə də, respublika başbilənləri xalqın başını aldatmağa, “hamam”, “qoz ağacı” kimi düşük siyasətlə milləti əsas mətləbdən yayındırmağa can atırdılar.

Mətbuatdan və Xəlil Rza Ulutürkün xatirələrindən mənə məlum olan dəhşətli bir faktı xatırlatmaq istəyirəm. Rəhbərliyin satqınlığını görüb dözə bilməyən ziyalılar 1988-ci ilin yayında Qarabağa gəlir, əhali ilə görüşürdü. Avqustun sonlarında Xəlil Rza Ulutürk Ağdama gəlir. Şuşada, Xocalıda, Malıbəylidə, Quşçularda, Sırxavənddə, Məliklidə və digər kəndlərdə yaşayan Azərbaycan türkləri ilə görüşür, onlara ürək-dirək verir. Avqustun 29-da bu görüşlərdən xəbər tutan Azərbaycan DTK Xəlil Rza Ulutürkün təcili həbsi barədə göstəriş verir. Ağdamın tanınmış ziyalısı Zeynal Məmmədov həmin görüşdən xəbər tutur. Öz maşını ilə Xəlil Rza Ulutürkü aradan çıxarıb gizli yolla Bakıya gətirir. Bu fakt onu deməyə əsas verir ki, həmin dövrdə nəinki respublika rəhbərləri milli-mənafe naminə heç bir iş görmür, hətta öz vicdanının hökmü ilə iş görənləri təqib etməkdən belə çəkinmirdilər. Nəticədə, Azərbaycan rəhbərlərinin maymaqlığını görən DQMV-nin erməni əhalisi 1988-ci ilin sentyabrında yenidən ayağa qalxdı. Bu dəfə silahlı hücumdan belə çəkinməyən ermənilər sentyabrın 18-də Xocalı qəsəbəsinə hücuma keçdilər. Yerli əhali düşmənin niyyətini başa düşdüyündən onları atəşlə qarşılayırdı. Xeyli itki verən düşmən, meyitlərini və yaralılarını götürüb geri çəkilməyə məcbur oldu. Bu hadisə də tərtib edilmiş xüsusi planın tərkib hissəsi idi. Belə ki, həmin hadisədən iki gün sonra SSRİ Ali Sovetinin Rəyasət Heyəti müəmmalı bir qərar qəbul etdi: DQMV-də və Ağdam rayonunda fövqalədə vəziyyət elan edildi, regiona ordu hissələri yeridildi, komendant saatı tətbiq olundu. Maraqlıdır, niyə DQMV ilə birlikdə Laçında, Kəlbəcərdə deyil, məhz Ağdamda fövqalədə vəziyyət elan edilmişdi?

Hadisələrin sonrakı inkişafını izlədikcə aydın olur ki, həm ermənilərin, həm də İttifaqın xüsusi xidmət orqanları Ağdamı həmişə xüsusi diqqət mərkəzində saxlamış və burda zaman-zaman müxtəlif formalarda planlar quraraq həyata keçirilmişlər. Görünür, Dağlıq Qarabağ iştahasına düşən ermənilər məhz Ağdam gənclərinin dəliqanlığından daha çox ehtiyatlandıqlarından Moskvada hazırlanan planlarda bu nəzərə alınmışdır.

Bakıda hər hansı bir addım atmağın qeyri mümkünlüyünü dərk edən ziyalılarımız Qarabağa yollanır, yerli əhali ilə görüşlər keçirir, onlarda vətənpərvərlik duyğusunun artırılmasına çalışırdılar. Xalq şairləri Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Famil Mehdinin, yazıçılardan Anarın, Elçinin, Əkrəm Əylislinin, görkəmli elm xadimlərimiz Xudu Məmmədovun, Nurəddin Rzayevin, Murtuz Ələsgərovun, Aydın Məmmədovun, Sabir Rüstəmxanlının, Misir Rəhimovun, tanınmış incəsənət xadimləri Həsən Turabovun, Siyavuş Aslanın, Mikayıl Mirzənin, Afaq Bəşirqızının, Nurəddin Quliyevin və başqalarını ardı-arası kəsilməyən səfərləri Qarabağda yaşayan soydaşlarımızda ruh yüksəkliyi, mübarizlik əhval-ruhiyyəsi yaradırdı.

Belə bir şəraitdə isə, xalq hərəkatının getdikcə genişlənməsi, onun vəzifə və məramının konkretləşdirilməsi, sosial bazanın möhkəmləndirilməsi zərurəti labüdləşirdi. Məhz bu baxımdan 1988-ci ilin ortalarında ”Bakı şəhər alimlər klubu” ətrafında fəaliyyət göstərən ziyalıların nümayəndələri Xalq Hərəkatına rəhbərlik edəcək bir təşkilatın—Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılması üçün təşəbbüs qrupu yaratdılar. Bu qrup yaradılacaq təşkilatın Proqram və Nizamnaməsini hazırlamaq üçün işə başladı. Lakin yuxarıda adları çəkilən ayrı-ayrı təşkilatların DTK tərəfindən salınmış xüsusi adamlar hər vasitə ilə onların vahid qüvvə halında birləşməsinə, AXC kimi bir təşkilatın formalaşmasına imkan verməməyə çalışırdılar. 1988-ci ilin oktyabrında Üzeyir Hacıbəyovlinin ev muzeyinin zirzəmi zalında gizli toplaşan həmin qurumların rəhbərləri arasında başlanan mübahisə, hər kəsin özünü daha güclü hesab edərək başqalarının ona birləşməsi iddiası ilə çıxışlar etməsi, nəticədə yenə vahid birliyin yaranmasına mane oldu. Görünür belə vəziyyətə ürəyi tab gətirməyən böyük ziyalı, dünya şöhrətli alim Xudu Məmmədov da, məhz həmin toplantının sonunda dünyasını dəyişdi. Dəhşətli hal burasıdır ki, o zaman Əbdürrəhman Vəzirov Xudu Məmmədovun həmin toplantıda vəfatını eşidib, onun təntənəli yas mərasiminə və Fəxri Xiyabanda dəfn olunmasına mane oldu. Ancaq qədirbilən xalqımız öz oğlunu böyük ləyaqətlə son mənzilə yola saldı.

Qarabağ böhranı ətrafında baş verən hadisələr respublikada ictimai-siyasi vəziyyəti daha da gərginləşdirirdi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və digər şəhərlərdə erməni separatçılarının qarşısında acizlik nümayiş etdirən respublika rəhbərliyinə qarşı etiraz nümayişləri, mitinqlər keçirməyə başlandı və beləliklə də, get-gedə kortəbiilikdən siyasiləşməyə doğru gedən bir hərəkat formalaşmağa başladı.

Bir sözlə, Qarabağda baş verənlər Bakı əhalisinin hiddətini günbəgün artırırdı.

Azərbaycan Xalq Hərəkatının ikinci dövrü 1988-ci ilin 17 noyabr - 5 dekabr dövrünü “Meydan mərhələsini” əhatə edir. Noyabrın 17-də BDU-da fəaliyyət göstərən “Yurd” cəmiyyəti tərəfindən Azadlıq meydanında təşkil olunan, sonradan Nemət Pənahlı və Sabir Rüstəmxanlı tərəfindən idarə edilən milli demokratik mübarizənin davamı olan “Meydan hərəkatı” uzun illər susdurulmuş bir xalqın inamını özünə qaytarmaqla yanaşı, milli-mənafe naminə onun birlik, mütəşəkkillik, əzmkarlıq nümayiş etdirmək qabiliyyətinə malik olduğunu bir daha aşkarladı. Bu baxımdan Milli Azadlıq hərəkatı tarixində “Meydan Hərəkatının” xüsusi yeri və rolu vardır. İnam, ümid və birlik meydanı.

Öncə qeyd edək ki, noyabrın 17-də Elmlər Akademiyasının və BDU-nun qarşısında toplaşmış mitinqçilər, müxtəlif istiqamətlərdən hərəkətə gələrək Politexnik İnstitutu (Texniki Universitet) qarşısındakı dəstə ilə birləşdi. Böyük izdihama çevrilmiş kütlənin qarşısı, Azadlıq meydanına qədər üç dəfə milislər tərəfindən kəsildi. Əvvəl Ali Sovetin, sonra isə Bakı Sovetinin yanında qarşısı kəsilən mitinqçilər çox tezliklə milislərin yaratdıqları canlı hasarı yarıb irəliləyə bildilər. Qoşa qala qapısı qarşısındakı meydanda isə onları milislər xeyli ləngidə bildilər. Elə buradaca, təcili olaraq hakimiyyət orqanları tərəfindən təşkil edilmiş mikrofon vasitəsilə keçmiş 26-lar rayon Partiya Komitəsinin I katibi Vəli Məmmədov nitqə başladı. Lakin xalq kütlələri onu eşitmir, milis qüvvələrini dəf edib meydana yollandılar. Nizami muzeyi tərəfindən hərbçilərin canlı səddini yarmaq mümkün oldu və Azadlıq meydanına yürüş başlandı. Beləliklə, Azadlıq meydanı ələ keçirildi və mitinq başlandı. Mitinqin əsas təşkilatçısı olan “Yurd” cəmiyyəti noyabrın 17-18-də meydanı idarə etsələr də, 18-dən 19-ba keçən gecə artıq geri çəkilmək, meydanı boşaltmaq haqqında fikirlər irəli sürməyə başladılar. Lakin Nemət Pənahlı çıxış edərək irəli sürülən tələblər yerinə yetirilməyincə meydanı boşaltmağın əleyhinə olduğunu bildirdi, səbəb isə meydanda bəzi qüvvələrin ona etdiyi təzyiq idi. İzdiham onun bu təklifini gurultulu alqışlarla qarşıladı. Beləliklə tələblər yerinə yetirilənə qədər meydanda mitinqi davam etdirmək qərara alındı.

Tələblər isə bunlar idi.

1. Yürüş zamanı həbs edilən gənclərin təcili azad edilməsi (bu tələb elə mitinqin ilk günü yerinə yetirildi);

2. Sumqayıt hadisəsi ilə bağlı həbs edilmiş azərbaycanlıların istintaqının ittifaq orqanlarından alınıb respublika hüquq mühafizə orqanlarına verilməsi;

3. DQMV-dəki Topxana meşəsində tikinti işlərinin dayandırılması;

4. Ağdamdan xüsusi vəziyyətin və komendant saatının götürülməsi;

5. Ermənilərin iddiasına İttifaq rəhbərliyi tərəfindən qəti və birmənalı cavab verilməsi;

6. DQMV-dəki separatçı qüvvələrin məsuliyyətə cəlb edilməsi;

Tələblərdən göründüyü kimi, hərəkatın bu mərhələsində xalqın Sovet rəhbərliyinə müəyyən qədər inamı var idi və sadəlövhcəsinə hesab edirdi ki, İttifaq hökuməti xalqın tələbini yerinə yetirəcək və problemin obyektiv həllinə çalışacaq. Dogrudur, mitinqdə Sovet İmperiyası, Kommunist rejimi ilə bağlı, ayrı-ayrı çıxışlarda kəskin ittihamlar da irəli sürülür, Milli Azadlıq, Demokratik cəmiyyət barədə tələblər də səslənirdi. Lakin ayrı-ayrı tələblər, elə tələb olaraq qalırdı.

Məhz meydanı tətk etməli, yoxsa tərk etməməli məsələsində yaranan fikir ayrılığı mitinqi idarə edən liderlərin ayrılmasına səbəb oldu. Birinci tərəf, yəni Nemət Pənahlı və onunla həmfikir olanlar tələblər yerinə yetirilənə qədər meydanda qalmağın, ikinci tərəf-Sabir Rüstəmxanlı və onunla həmfikir olanlar isə mitinqi dayandırmağı, tələblərin yerinə yetirilməsi üçün hakimiyyət orqanlarına vaxt verilməsi, yerinə yetirilmədiyi təqdirdə yenidən mitinq keçirilməsi təklifi ilə çıxış edirdilər.

Bu fikir ayrılığı izdiham içərisində də ikitirəliyə səbəb oldu. Mitinqi idarə etmək üçün nümayiş komitəsi yarandı: çadırlarda aclıq edən insanlarla birgə Nemət Pənahlının rəhbərlik etdiyi komitə və keşmiş Lenin prospekti 3-də yerləşən binanın birinci mərtəbəsində yaradılmış Sabir Rüstəmxanlının rəhbərlik etdiyi komitə.

Qeyd etmək lazımdır ki, hər iki tərəfin çıxışları əsaslanmış, arqumentlərə söykənmiş çıxış təsiri bağışlayırdı. Yəni hər iki tərəf Meydan Hərəkatından ümummilli mənafe naminə daha çox yararlanmaq istəyirdi. Sadəcə bu yararlanmanı hərəsi bir istiqamətdə götürdü.

Əsasən, Qarabağ probleminin həlli ilə bağlı respublika rəhbərliyi tərəfindən qəti tədbirlər görülməsi tələblərinin ön plana çəkildiyi bu nümayişdə həm imperiyaya qarşı açıq çıxışların səslənməsi totalitar rejimin qorxu eyforiyasının dağıdılması baxımından olduqca əhəmiyyətli idi.

Meydan hərəkatı, Azərbaycanda başlamış kortəbii milli-müqavimət hərəkatının inkişaf edərək mütəşəkkilləşməyə, siyasiləşməyə doğru getməsində, Xalq hərəkatı liderlərinin yetişməsində mühüm rol oynadı.

17 noyabr-5 dekabr “Meydan hərəkatı”na rəhbərlik edən N.Pənahlının meydanı nizamlı və mütəşəkkil idarə etməsi o dövrdə bütün dünya siyasətçilərini heyrətə gətirmişdi. Həmin dövrdə “meydan hərəkatı” xalqın illər boyu məhv edilmiş inamını özünə qaytardı, xalqın milli mənafe naminə mütəşəkkillik, birlik, mübarizlik kimi mənəvi dəyərlərini aşkara çıxartdı. “Meydan hərəkatı” Azərbaycan rəhbərliyini xalqla hesablaşmağa məcbur edə bildi.­­­

Bununla belə, “meydan hərəkatı” səhvlərsiz də ötüşə bilmədi. Belə ki, heç də mövcud siyasi imkanlardan istifadə edilmədi. Meydanı idarə edənlərin konkret siyasi gerçəkliyə əsaslanan proqramı və ya ssenarisi yox idi. Bu da təbii idi. Əvvəla heç kəsdə bənzər situasiyalarla bağlı heç bir təcrübə yox idi. Təcrübə bilavasitə meydanda əldə edilirdi. Bu üzdən də proseslərə improviztivlik hakim edilirdi. Bəzi hallarda edilən emosional, populist çıxışlar, irəli sürülən qeyri-real tələblər meydana qaragüruhçu əhval-ruhiyyə donu geyindirirdi. Meydanda toxunulan məsələlərin əsasən “Qarabağ problemi” fonunda cərəyan etməsi, Azərbaycanın real suverenliyə malik olmadan bu problemin həll olmasının qeyri-mümkünlüyünün dərk olunmaması, hərəkatı idarə etmək üçün bir kütləvi ictimai təşkilatın yaradılması üçün yaranmış əlverişli vəziyyətdən istifadə edilməməsi, hərəkata rəhbərlik edənlər arasında fikir ayrılıqlarının, şəxsi təkəbbürlərin və liderlik meyllərinin meydana çıxması hərəkatın kobud səhvlərə yol verdiyinə dəlalət edirdi. Lakin etiraf etmək lazımdır ki, başqa cür də ola bilməzdi. Məhz buna görə də, bəzən meydan öz məqsədindən yayınırdı. Meydanda əsas fikir ayrılığı yaranır, siyasi motivlər dini motivlərə çevrilirdi. Meydanda Azərbaycan bayrağı ilə birgə İran, Türkiyə dövlətlərinin bayraqları qaldırılır və Xomeyninin, Atatürkün şəkilləri görünürdü ki, bu da meydanı dağıtmaq istəyən qüvvələrə-Sovet ideoloqlarına və DTK-ya imkan verirdi ki, xalqın ümumi fikrini, milli azadlıq arzularını başqa səmtə çevrilməsinə, pantürkist, panislamist ideyaları ilə pərdələməyə imkan verirdi. Şübhəsiz ki, bu qəbildən olan hallar kiçik qrupların işi idi və fraqmentar xarakter daşıyırdı. Görünür, spontan xalq hərəkatlarında bu cür halların baş verməsi təbiidir. Çünki xalq hərəkatlarına ilk dövrlrdə müəyyən qədər kortəbiilik xas olur, həmin dövrdə vahid siyasi xətt və rəhbərliyin tam bəlli olmaması üzündən hər bir qrup və hətta hər bir kəs öz daxili intiusiyası və fantaziyası əsasında cərəyan edir. Lakin bu, uzun sürmür, zaman keçdikcə mövcud amorfluğu, oturuşmuş prinsiplər əvəz etdikcə, tədricən, yavaş-yavaş hər şey öz yerini tutur. Bu gün eçilmiş yolun qazandırdığı təcrübə işığında çıxış edərək o dövrün hadisələrini və həmin hadisələrin hərəkətvericilərini tənqid etmək çox asandır. Fəqət o dövrdə təcrübəsizlik özünü hər addımda göstərirdi. İşin ən maraqlı tərəfi isə budur ki, insanların bir çoxu ən azı sosialist inqilabları və xalq hərəkatları barədə bəzi nəzəri biliklərə sahib olsalar da, hər gələn yeni gün özü ilə yeni nüanslar və şərtlər gətirirdi ki, dünən qazanılan təcrübə bu günkü şərtlərdə optimal yolu tapmaq üçün çox vaxt yetmirdi. Təbii ki, nəzəri biliklərin də bir o qədər faydası olmurdu. Bir sözlə, hərəkatçılar bəzi hallarda kobud səhvlər edə-edə, öz səhvlərindən nəticələr çıxara-çıxara öyrənir və öyrədirdilər.

Bundan əlavə, meydanda yeni, müxtəlif fikirli “liderlər” yaratmışdı və onlar da çıxışlarında xalqın fikrini ümumi etməkdən yayındırırdılar. Bununla əlaqədar bir hadisə indiki kimi yadımdadır. O zaman milli azadlıq hərəkatının fəallarından olan Məmməd Əfşan meydanın altıncı-yeddinci günü axşam çağı mikrafona yaxınlaşaraq dedi: “Çox hörmətli və qüdrətli xalqım! Düz bir həftədir ki, bu yalançı millət qəhrəmanları, bu mikrafon öküzləri, kimlərinsə dəyirmanına su tökən naqislər sizə “Ay mənim Babək ürəkli, Koroğlu qeyrətli, Qaçaq Nəbi hünərli, Şah İsmayıl təpərli xalqım” – deyərək ləbbe döyürlər. Xüsusən, fikir ayrılıqlarının meydanda az qala məfkurə ayrılığına gətirib çıxarma həddinə çatması Sabir Rüstəmxanlının, Aydın Məmmədovun, Firudin Cəlilovun və başqalarının rəhbərliyi ilə bir, Nemət Pənahlının, Əbülfəz Əliyevin (Elçibəy) və digərlərinin rəhbərliyi ilə başqa mitinq komitəsinin fəaliyyət göstərməsi narahatlq doğururdu. Məhz bu ayrılığın yaradacağı problemləri nəzərə alaraq ziyalılar, Milli Mücahidlər, habelə rayonlardan gələrək meydan hərəkatına qoşulmuş Asəf Kələntərli, Ramiz Qəmbərov, Eldar Bağırov, Qazaxlı Alik, Arif Paşayev və başqaları çıxışlar edir hər iki qütbü birliyə, vahid qüvvə kimi fəaliyyət göstərməyə dəvət edirdi. Bu iki tərəf arasında heç bir qarşıdurma baş verməsə də, təəssüfləndirici haldır ki, bütün bu məzmunda olan çağırışlar faydasız qaldı və ayrı düşmüş qüvvələr vahid məxrəcə gələ, birgə mübarizə aparmaq məqsədilə birləşə bilmədilər.

Bütün bunlara baxmayaraq, meydan hərəkatı imperiyanın 70 illik dayaqlarını laxlatdı. Ən əsası isə meydan milyonlarla insan üçün böyük bir siyasi məktəb oldu, indiyə qədər öncə dar ziyalı dairələrində, daha sonra isə müxtəlif kiçik milli təşkilatlarda müzakirə ediln milli məsələ və problemlər, tariximizin qapalı səhifələri ilə bağlı məqamlar, milli hədəf və məqsədlərimiz barədə düşüncələr, eləcə də milli istiqlal və milli dövlətçilik məfkurəsi bütün xalqın malına və amalına çevrildi. Bundan başqa meydan hərəkatı milli hədəf və məqsədlərə çatmaq üçün siyasi bir təşkilata ehtiyac olduğu gerçəyini də ortaya qoydu. Nəhayət, xalqın meydanı tərk etməyəcəyinə əmin olan İttifaq rəhbərliyi hələ noyabrın 23-dən “Hərbi vəziyyət” elan edərək Bakıya tökdüyü hərbi kontingentə meydanı boşaltdırmaq əmri verdi. Şəhərdə qadağan saatı tətbiq edildi. Edilən hədə-qorxulara, təqib və təzyiqlərə baxmayaraq, xalq meydanı dekabrın 4-nə qədər tərk etmədi. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet əsgərləri zorakı vasitələrlə meydanda toplaşmış əhalini dağıtmağa başladı.

Həmin gecə 100-dən artıq mitinqçi həbs edildi. Bununla da Milli Azadlıq hərəkatının ikinci dövrü —Meydan Hərəkatı başa çatdı.

Meydan “susdurulduqdan” sonra demokratik və Milli Azadlıq hərəkatında müvəqqəti bir sükunət, nisbi bir durğunluq hökm sürməyə başladı. Əsasən, hərəkat fəallarına qarşı aparılan siyasi represiyalarla izah olunan bu sakitlik əslində keçici xarakter daşıyırdı. Artıq bir şey məlum idi ki, heç bir qüvvə respublikanı bürümüş milli-demokratik hərəkatın genişlənməsinin qarşısını ala bilməyəcək. Belə ki, əgər Qarabağ böhranının daha da, dərinləşməsi, Ermənistanda yaşayan soydaşlarımızın öz yurd –yuvalarından vəhşicəsinə qovulması və.s bu kimi problemlər bir tərəfdən xalq hərəkatının geniş vüsət almasına təkan veriridisə, digər tərəfdən isə, bu proses özlüyündə təbii tarixi təkamülün məntiqi nəticəsi kimi çıxış edirdi. Dəfələrlə tədqiqatçılar tərəfindən qeyd olunmasına baxmayaraq Xalq Hərəkatı gedişində 1988-ci ilin 17 noyabr-5 dekabr hadisələri xüsusi əhəmiyyət kəsb edir və haqlı olaraq “Meydan mərhələsi” kimi xüsusi olaraq araşdırılır.

Doğrudur, xalqın meydanlara axışması və meydanı “mənimsəməsi” bu tarixdən öncə başlamışdı. Xüsusən də eyni ilin may ayında xalq sözügedən məkanda 2 dəfə izdihamlı mitinq təşkil etməyə nail olmuşdu. Bunlardan birində Məhəmməd Hatəmi Tantəkin və Xəlil Rza Ulutürk xalqı hökumət strukturları ilə danışıqlarda təmsil etmək üçün 16 nəfərdən ibarət komissiyanın yaradıldığını bəyan etmişdilər. Bu komissiyaya Məhəmməd Hatəmi və Xəlil Rzadan başqa Əbülfəz Elçibəy, Nemət Pənahlı, Sabir Rüstəmxanlı, Mikayıl Mirzə, Bəxtiyar Tuncay, Nurəddin Quliyev, Firudin Cəlilov (Ağasıoğlu), Rüstəm Behrudi, Vurğun Əyyub, İsa Qəmbər və digərləri daxil idilər. 17 noyabr – 5 dekabr mitinqlərindən öncəki mitinqlərin bir çoxunun keçirilmsi həmin bu komissiyanın qərarı ilə gerçəkləşmişdir. Sonradan bu qrup aralarında taktika və strategiya məsələlərinə münasibətdə yaranan fikir ayrılığı üzündən iki yerə parçalanmışdı. Başlanğıc günü tariximizə Milli Dirçəliş günü kimi düşmüş misilsiz olayın baş qəhrəmanı Nemət Pənahlının o dövrdə kütlə tərəfindən daha yaxından tanınması da məhz həmin mitinqlər dövründə baş vermişdi.

Meydanda yaranan deyim nümunələrinə diqqət yetirdikdə görürük ki, xalqın uzun müddət içində bəsləyib saxladığı etiraz əlamətlərini sanki üsyankar bir səslə deyilməy can atırdı:

Biz ölərik, meydanı tərk etmərik!

Biz ölərik, Neməti tək qoymarıq!

Qurban olum Qarabağın daşına,

Daşı düşsün erməninin başına.

Ay camaat, qışqırın, meydanı qızışdırın.

Dəstə bizim dəstədi, ermənilər xəstədir.

Biz ki, varıq, sabaha qalanlarıq.

Milləti aldatdılar! Qarabağı satdılar!

Domsovetdə bir kişi var, yoxsa yox?!

Daim bizə eşq olsun!

Bu gün hava soyuqdur, ermənilər toyuqdur!

A yordu-yordu-yordu, görək kim-kimi yordu...

Ay can alan candı bizim Bərdə də,

Erməni qurbandı bizim Bərdədə.

Burda nümayiş gedir. Topxanada iş gedir.

Domsovetdə yatdılar. Topxananı satdılar.

Bu gün hava bürküdü. Ermənilər tülküdü.

Ay can alan, can Qarabağ bizimdi.

Olsa da üsyan—Qarabağ bizimdi!

Uzun illər torpaqları qıyma-qıyma doğranmış və yadellilərə bağışlanılmış, zülm-zillət içərisində yaşayan bir xalqın gəncliyinin damarlarından və qan yaddaşının süzgəcindən sızıb gələn nalələr, etirazlar idi, bu deyimlər.

Meydan öz dünyasında Azərbaycanın sıxıntı içərisindən boğub çıxarmağa çalışan bir meydan kolliqrafiyası da yaratdı. Yaratdı onu bütöv Azərbaycana çatdıra bildi. O tələbə auditoriyalarında hazırlanıb, meydanda gerçəkləndi. Həmin o şaxtalı gecədə hazırlanan düşüncələr etiraz səsləri idi ki, xalqımızın məhz buna görə də Meydan hadisəsi zaman-zaman qoruyub saxlamaqla yanaşı vədəsi gələndə realizə etməliyik. Meydan daha yeni tələb şəklində şüarlar da ortaya qoydu. Həmin şüarların bir neçəsini nümunə üçün kitaba daxil edirəm.

Erməni ekstremistləri məhkəmə qarşısında cavab verməlidirlər.

 Qarabağ bizimdir.

 Mətbuata ar olsun!

 Tı rab, tı vor, Tı armenin.

A.S.Puşkin

 Kirovabad şəhəri dahi şair Nizami Gəncəvinin adını daşımalıdır.

 Azərbaycan dili –dövlət dili!

 Ləzgi milləti həmişə sizinlədi!

 Topxanamızı dağıdanların quşxanasını dağıdarıq!

 Xalq hökumət üçün deyil, hökumət xalq üçündür!

 Qarabağ bizim olacaq!

Öldü var, döndü yoxdur!

 Nərə çəksə Qarabağ, Yerevan ac qalacaq.

 Rəhbər vəzifələrə seçki yolu ilə!

 Babək, Koroğlu qeyrətli oğullar ayağa qalxsın!

 Ermənistandan didərgin düşmüş azərbaycanlılar Dağlıq Qarabağda yerləşdirilsin!

 Axdın ciblərinə yadın, özgənin,

Adın odlar yurdu—odun özgənin!

 Vazgenə “Xalqlar dostluğu” ordeni haram olsun. Bu ordeni ona verənə ar olsun!

 İqtisadi əlaqələr gərilsin!

 Öz ana dilini bilməyən satqındır!

 Vəzirov öz ana dilini bilmir.

 Azərbaycan xalqı dinc xalqdır! Ermənilərə ölüm!

 Kənd Əhmədli sizinlədi!

 Böyük Vətən müharibəsi əlili İsmayıl İsmayılov aclıq elan edib.

Buna son qoymaq üçün dövlət qəti tədbir görməlidir.

 Xalqımın haq səsi gərəkdir mənə,

Onların birliyi qidadır mənə,

Mən də öz borcumu aclığım ilə,

Halal eyləyirəm doğma vətənə.

 Kəlbəcər rayonunun Keşdək kəndi sizinlədir.

Bütün bunlar kütlənin qaldırdığ və səsləndirdiyi, bugünkü məfkurə baxımından çox primitiv görünən şüarlar idi. Lakin həmin dövrdə o şüarlarla çıxış etməyin özü də bir çoxlarından cəsarət tələb edirdi. Sözügedən şüarlar meydana gələn kütlələrin siyasi səviyyəsinin, istək və arzularının göstəricisi idi. Bu siyasi səviyyə və istək arzularla meydana gələn xalq onu milli istiqlal və milli dövlətçilik şüuru, istəyi və arzusu ilə tərk etdi. Bir sözlə, meydan milli şüurda kütləvi inqilab yaratdı.

Bütün bunları bir daha yada saldıqca əmin olursan ki, xalqımıza qarşı edilən haqsızlıqlar heç vaxt unudulmamış, əksinə zamanı gəldikdə onunla qəti mübarizəyə qalxmışdır.

Qeyd etdiyimiz aspektdən Azərbaycanın keçdiyi yola nəzər salsaq görərik ki, 1988-ci il milli-demokratik mübarizəsinin məntiqi nəticəsi olmaqla yanaşı, “Çənlibel”, “Varlıq”, “Xalq Qurtuluş hərəkatı”, Bakı Dövlət Universitetində təməli qoyulan “Yurd” cəmiyyəti və digərləri tərəfindən başlanan (əlbəttə ondan əvvəl neçə-neçə cəmiyyətlər yaranmışdır ki, bu haqda yeri gəlmişkən məlumat verəcəyik) və kütləvi şəkildə aparılan nümayişlərin yekun nöqtəsi idi. Bu yekun nöqtə milli dirçəliş üçün olduqca güclü təkan oldu və özünüdərk üçün önəmli rol oynadı. Bu iki mübarizədə yəni mövcud imperiya strukturlarının atributlarının bərpasına çalışmaq, istədiyimiz atributlarla xalqın özünün yenilərinin imperiyaya qarşı qoyması olduqca önəmli rol oynayırdı. Bir tərəfdən sovet bayrağı, digər tərəfdən üçrəngli Azərbaycan bayrağı, bir tərəfdən manqurtlaşmış sovet inzibati orqanları, digər tərəfdən isə milli simvola çevrilmiş, heykəlləşmiş bozqurd eşqi, bozqurd qurtuluşu nəğməsi, bütün bu təzadlar içərisində imperiyanın idealogiyasına qarşı ziyalı sinfi ayağa qalxdı. Onu bu eşqə, bu mübarizəyə sövq edən tələbə hərəkatı—gənclər idi. Bir topxana bəhanəsilə meydanlara axılan gənclik, öz valideynlərini mənəvi sıxıntı içərisində qoydu. “Bizim başlamalı olduğumuz işi onlar başladılar, buna dözmək olmaz, bu gündən meydana, bu gündən tətilə” deyə düşüncələrini ortaya qoydular.

Gəncliyin heç bir hədə-qorxuya təslim olmayan, güzəşt etməyən, qətiyyətli iradəsi azadlıq hərəkatının bütün Azərbaycana yayılacağından verirdi. Meydan hərəkatında Nəsir bəyin başçılığı ilə AXDP-nin (Azərbaycan Xalq Demokrat Partiyası) üzvləri də, o cümlədən Sumqayıtdan Mərcan Mehdiyeva, Lökbatandan tələbə Vəsxanım Ağayeva, Buzovnadan Aslan Məmmədov, Mərdəkandan Vidadi bəy, Şüvəlandan Abidin Qafarov və bunların təşkilatçılığı ilə olan yüzlərlə vətənpərvər azadlıq naminə həyatlarını tərəddüdsüz olaraq təhlükə qarşısında qoymaqdan belə çəkinməmişdilər.

Elə buradaca, bu meydanda totalitar rejimə qarşı olan qorxu və vahimə tilsimini demək olar ki, sındırdı, özünün süni olaraq yaratdığı məğlubolunmazlıq mifini darmadağım etdi. Bu zaman hər tərəfdən meydana axın başladı. Özü də bu proses olduqca sürətlə getdiyindən meydan özünə-Azərbaycan xalqının potensial gücünə malik lider ortalığa çıxara bilmədi. Bunun bir səbəbi meydanın birdən-birə təşkili idisə, digər tərəfdən milli ziyalıların həkərikli məfkurəyə tam sahib olmaması və onlarda totalitar Sovet rejimi yetişmiş 1937-ci il xofu və kommunist olmaq qorxusu qalmaqda idi. Üçüncü tərəfdən isə, yuxarıda dediyimiz kimi meydanı ələ alan yalançı millət qəhrəmanları milli ziyalıları yaxın buraxmırdılar.

Yaxşı yadımdadır. Azərbaycan xalqının milli müstəqillik ideyasının formalaşmasında xüsusi rolu olan və bu səbəbdən də Azərbaycan xalqının böyük hörmət və rəğbətini qazanan akademik İmam Mustafayevi xeyli müddət meydanın binasına yaxın buraxmamışdılar. Fəqət kütlənin təzyiqi ilə o, nəhayət ki, tribunaya qalxa bildi, lakin nitq söyləməyə başlar – başlamaz, kütlə onu köhnə fikirli, kommunist ideyalı adam kimi nitqini yarımçıq kəsməyə məcbur etdi. Niyə? Ona görə ki, akademik milləti təmkinə, səbrə çağırırdı və hər şeyi hay-küylə yox, ağlın, təfəkkürün gücü ilə yüksək siyasi qaydalarda həll etməyə çağırırdı. Başqa bir neçə mötəbər ziyalımız da elə o səbəbdən, fitə basılaraq qovulmuşlar. Nə qədər qəribə olsa da, eyni aqibəti bir zamanlar özünün “Gülüstan” poeması ilə Azərbaycan xalqının milli şüuruna güclü təsir etmiş böyük milliyyətçi şair Bəxtiyar Vahabzadənin də başına gəldi. Halbuki, millət onu tribunaya çıxış etmək üçün böyük hörmətlə çiyinlərində gətirmişdi. Bir sözlə, kütlə onun istək və arzularına cavab verməyənlərə qarşı barışmaz mövqe sərgiləyirdi. Belə bir şraitdə tədricən siyasiləşən, nizamlanan meydan özünə lazım olan liderlərini özü seçdi, özü yaratdı. Həmin dövrdə cəsarət simvolu olan və öz alovlu çıxışları ilə kütləni cuşa gətirən “Nemət Pənahlı-Sabir Rüstəmxanlı” fenomeni yarandı. Bu fonemenlərin əks qütblü olduqları səbəbindən bu birliyin nəticəsi boşluqda, heçlikdə, dünən üçün mənasız, gələcək üçün mənalı bir acı sonluqla başa vuruldu. Lakin, dünən parçalanmanın qarşısı alındısa bu gün üçün birləşməyə mane olan amilləri aradan qaldıra bildi. Bunlarla yanaşı, “qazancımız” kütləvi sürətdə xainlər ordusunun meydana gəlməsi oldu. Maraqlıdır ki, belə halda Bakı Dövlət Universiteti bir müddət həm dirijor, həm də tamaşaçı rolunu oynadı. Yəni, bu mərhələdə özünü imperiyaya qarşı ciddi hazırlıq əzmində olduğunu və tələbə-müəllim zəkasının, təfəkkürünün kodlaşdırılmış zərbəsini zamanında vura bildi. Bütün bu deyilənlərin durğunluğu səbəbindən, Elmlər Akademiyasında yaradılmış Gənc Alimlər klubu üzvləri tərəfindən AXC təşəbbüs qrupu yaranır və ümumilikdə hərəkatı ələ almaq cəhdi edilir.

“Meydan Hərəkatı” bizə nə verdi?

Bu suala düzgün cavab vermək üçün aşağıdakılara baxmaq kifayətdir.


1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə