Elman Cəfərli Təbriz Ağayev




Yüklə 1.04 Mb.
səhifə3/11
tarix22.02.2016
ölçüsü1.04 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11
POLAD NECƏ BƏRKİDİ?
Biz Nəsir bəyin, sözün əsil mənasında, tarixin yaddaşına əbədi həkk olunmuş örnək həyat və fəaliyyəti barədə söhbətimizə qaldığımız yerdən davam edəcək, bu böyük şəxsiyyətin Vətən və millət qarşısındakı digər xidmətlərinə də açıqlıq gətirəcəyik. Lakin bunu etməmişdən öncə daha bir suala cavab tapmağa ehtiyac duyuruq: “Hərəkət məhdudiyyəti olan bu şəxs bu qədər enerjini haradan alırdı, onu hərəkətə gətirən, ağlasığmaz fədakarlıqlara imza atmağa hansı qüvvə sövq edirdi?”

Əslində tarix bu suala Babək, Ömər Muxtar, Cüzeppe Qarribaldi, Janna d. Ark, Çe Gevara və s. bu kimi alovlu üsyankar və inqilabçıların simasında dəfələrlə cavab vermişdir. Cavab birdir: Vətənə və xalqa məhəbbət, əqidəyə sədaqət.

Bəli, Nəsir Ağayev öz tükənmək bilməyən enerjisini dünyalar qədər sevdiyi Vətənindən və xalqından alırdı və o öz əqidəsinə ən azı Ostrovskinin “Polad necə bərkidi” əsərinin qəhrəmanı Pavel Korçagin qədər sadiq idi. Fərq isə onda idi ki, Korçaginin əqidəsinin əsasında kommunizm barədə utopiyalar, Nəsir bəyin əqidəsinin əsasında isə Vətəninin əsarətdən azad olması və bütövləşməsi kimi müqəddəs bir ideya dururdu. Elə bu da onu daha da mətin edir, polad kimi möhkəm və əyilməz olmağa səsləyirdi.

Nəsir Ağayevin sahib olduğu əqidə bilavasitə dövrün reallıqlarından qaynaqlanırdı. Nələr idi bu reallıqlar? Bu suala Nəsir bəyin ayrı-ayrı çıxışlarında, müsahibələrində söylədiklərini, eləcə də bizimlə söhbətində dediklərini ümumiləşdirərək aşağıdakı kimi ifadə etmək olar:

Tarixin hərəkətverici qüvvəsindən söz açan, fəqət əksər hallarda fərqli mövqelər sərgiləyən tədqiqatçıların bir qismi bu qüvvəninin öz mənbəyini sosial münasibətlərdən, başqa sözlə müxtəlif zümrə və siniflər arasında mövcud olan iqtisadi ədalətsizlikdən və əzilən siniflərin öz tapdanmış hüquqları və mənafeləri uğrunda mübarizəsindən qaynaqlandığını irəli sürürlər. Belələri düşüncələrinə haqq qazandırmaq üçün müxtəlif ölkələrdə baş verən kəndli üsyanlarını, işçi hərəkatlarını misal çəkirlər. Digərlərinin fikrincə isə, bu qüvvənin əsasında mədəniyyətlər, yəni dinlər arasında mübarizə durur. Bu fikri sübut etmək üçün isə daha çox xaç yürüşlərini, müxtəlif din mənsubları arasında baş vermiş müharibələri misal gətirirlər. Millətlər arasında mənafe davasının durduğunu söyləyənlər və buna dövlətlər arasında milli mənafelər naminə aparılan rəqabəti və milli azadlıq hərəkatlarını misal çəkənlər də vardır. Şübhəsiz ki, bütün bu söylənilənlərdə həqiqət payı var. Fəqət mütləq həqiqət bundan ibarətdir ki, tarix öz hərəkətverici enerjisini hər üç mənbədən eyni dərəcədə və eyni zamanda almaqdadır.

Nəsir bəyi, təbii ki, daha çox milli münasibətlər və millətlərin, xüsusən də əsir millətlərin öz mənafe və hüquqları uğrunda apardıqları mübarizə, ilk növbədə isə imperiyalara qarşı aparılan mübarizələr maraqlandırırdı. Onun fikrincə, imperializm bəşəriyyəti bir qrup imtiyazlı böyük dövlətlərə və yer üzündəki digər millətlərin həmin dövlətlər tərəfindən birbaşa və ya dolayısıyla zülm görən və istismar edilən əksəriyyətinə bölmüşdür. İmperializm müstəmləkə sistemi xalqların barbarcasına istismar edilməsi deməkdir. Bu sistemə daxil edilən ölkələr siyasi istiqlaliyyətindən məhrum edilir, onlara xüsusi tipli siyasi, sosial və iqtisadi münasibətlər qəbul etdirilir. Yəni bu ölkələrin təsərrüfatı metropoliyaların aqrar-xammal əlavəsinə çevrilir, bu təsərrüfat məcburi surətdə yadelli işğalçı və istismarçıların mənafeyinə uyğun şəkildə ixtisaslaşdırılır, xalqın müqavimət qüvvəsini qırmaq üçün isə acımasız assimilyasiya siyasəti aparılır. İmperialistlər əsarət altına aldıqları xalqların mənəvi həyatında da öz hökmranlıqlarını qurur, müstəmləkəçilərin milli və irqi üstünlüyü ideyalarını yayır, onların mədəni sərvətlərini məhv edir, tarixlərini qəsdən təhrif edirlər. Bu baxımdan rus imperializminin əsarət altına aldığı türk ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadi, siyasi, mədəni inkişafına vurduğu zərərlər ölçüyəgəlməyəcək dərəcədə böyükdür.

Şübhəsis ki, türk xalqları heç zaman əsarətlə barışmamış, müstəmləkəçilərlə fədakarcasına mübarizə aparmış, azadlıq və istiqlaliyyət uğrunda çarpışan onminlərlə mərd mübariz yetişdirmişdir. Lakin qüvvələr bərabər olmadığından müstəmləkəçilərin hərbi maşını xalq üsyanlarını amansızca yatırmışdır.

M.Qorbaçovun XX əsrin 80-ci illərində ortaya atdığı “Aşkarlıq” və “Yenidənqurma” siyasətindən sonra tarixi proseslərin istiqaməti dəyişdi, rus imperializminin onsuz da sarsılmaqda olan möqeləri daha da sarsıldı, müstəmləkə “respublika”larda yaşayan əsir millətlər yenidən mübarizəyə ruhlandı, onlar bütün Avrasiya məkanını bürüyən azadlıq hərəkatının vahid axarına vüsət verdilər. Nəticədə “SSRİ” adlanan nəhəng və dəhşətli imperiya çökdü. Bu imperiyanın çöküşü ilə ll Dünya Müharibəsindən sonra qurulan və “super dövlətlər” adlandırılan imperialist dövlətlərin maraqlarını ifadə edən iqtisadi-siyasi tarazlıq pozuldu və müstəmləkə sistemi dərin böhran dövrünə daxil oldu ki, bu gün şahidi olduğumuz qlobal iqtisadi böhran əslində həmin illərin bir uzantısı, bir əks-sədasıdır.

Azərbaycanda Milli Azadlıq hərəkatının yüksəlişi keçmiş SSRİ-yə daxil olan xalqların, o cümlədən Qafqaz, Volqaboyu, Ural, Sibir və Orta Asiya türklərinin və digər müsəlman xalqlarının milli azadlıq hərəkatının yüksəlişi üçün stimul yaratdı. Bu mübarizə misilsiz bir vüsət aldı, bütün əsir türk və müsəlman xalqlarını bürüdü. Yaranmış yeni siyasi-iqtisadi şəraitdə Rusiyanın müstəmləkələrini əlində saxlaması və ya əski metodlarla idarə etməsi qeyri-mümkün hal almışdı. SSRİ-nin süqutu ilə 14 kemiş rus müstəmləkəsi, o cümlədən Azərbaycan da daxil olmaqla, 6 türk respublikası müstəqil dövlət kimi yeni həyata qədəm qoydu. Rus əsarətindən qurtula bilməyən xalqlar isə öz muxtar hüquqlarını artırmağa nail oldular. Azərbaycan da öz istqlalına qovuşdu və bu bütövlükdə xalqımızın, ayrılıqda isə Nəsir Ağayev kimi fədailərin inanılmaz səyləri nəticəsində baş verdi.

Qeyd etdiyimiz kimi, bütün bu inanılmaz səylərin, fədakarlıqların təkanverici qüvvəsi kimi Nəsir bəy kimilərin sahib olduqları sarsılmaz əqidə, ideya çıxış etməkdə idi. Bu ideya isə öz qaynağını Azərbaycanın zəngin mədəniyyətindən, ədəbiyyatndan, ən əsası isə onun keşməkeşli tarixindən almaqda idi. Nəsir Ağayevin tarix vizionu, təbii ki, birdən-birə formalaşmamışdı və formalaşa da bilməzdi. Bunda ona BDU – da dərs demiş müəllimlərinin, ilk növbədə də Əbülfəz Elçibəyin müstəsna rolu olmuşdu. Bu gün bu vizion daha da genişlənib.

Nəsir bəy deyir:

“Rusiya İmperiyasının XIX əsrin əvvəllərində əvvəlcə Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ xanı İbrahim xanla 14 may 1805-ci ildə imzaladıqları TRAKTAT; sonra 12 oktyabr 1813-cü ildə Rusiya ilə Azərbaycan-Qacarlar səltənəti arasında bağlanmış “Gülüstan”, daha sonra isə 10 fevral 1828-ci ildə bağlanmış “Türkmənçay” müqavilələrinə görə Azərbaycan səltənətinin və bilavasitə Azərbaycanın ərazisi iki hissəyə parçalanaraq onun quzey hissəsi Rusiyanın, güney hissəsi isə Qacarların ərazisi hesab edildi. Azərbaycanın tarixi faciələrinin əsası da bununla başladı. Belə ki, işğal edilmiş Azərbaycan torpaqlarına, xüsusən də Naxçıvana, Qarabağa, İrəvana, Bakıya, Gəncəyə və digər yerlərə Qacar və Osmanlı dövlətlərinin ərazilərindən 120 mindən çox erməni köçürülərək Azərbaycan türklərinin doğma yurdlarında yerləşdirildi.

1827-ci ilin martında Qafqaz idarəçiliyində general A.P.Yermolov İ.F.Paskeviçi əvəz etdi. Böyük Azərbaycan tarixçisi, şair, alim və ictimai xadim A.Bakıxanov İ.F.Paskeviçin Qafqaz xüsusi korpusunun komandanı olduğu dövrdə onun yanında xidmət etmişdir. 1826-1829-cu illərdə A.Bakıxanov rusların Qacar və Osmanlı imperatorluqlarına qarşı bütün yürüşlərinin iştirakçısı idi. İ.F.Paskeviç etiraf edirdi ki, A.Bakıxanovun pers dilini mükəmməl bilməsi və yorulmaz fəaliyyəti ruslara böyük fayda vermişdir.

“Pers dili” dedikdə Azərbaycan türkcəsi nəzərdə tutulur. Çünki Qacarlar dövründə dövlət dili hələ də Azərbaycan türkcəsi idi və ruslar Azərbaycan-Qacarlar səltənətinin bütün əhalisini milli mənsubiyyətindən asılı olmayaraq “pers”, Quzey Azərbaycan əhalisini isə “tatar” adlandırırdılar. Qacarların əlində olan torpaqlarda türk dili ilə yanaşı fars dili də işlək idi, fəqət üstünlük türk dilində idi.

1827-1828-ci illərdə Azərbaycan – Qacarlar səltənəti ilə aparılan bütün danışıqlar A.Bakıxanovun iştirakı ilə aparılmışdır. 1827-ci ilin noyabr-dekabr aylarında Dehxarqanda və 1828-ci ilin fevralında Türkmənçayda aparılan və “Türkmənçay müqaviləsi”nin bağlanması ilə nəticələnən danışıqlarında A.Bakıxanov tərcüməçi sifəti ilə işləyirdi. Rusiya tərəfindən bu danışıqlarda tanınmış rus yazıçısı və diplomatı A.S.Qriboyedov da iştirak etmişdir.

1828-ci ilin əvvəllərində Qriboyedov Qafqazdakı rus qoşunlarının komandanı qraf İ.Paskeviçə göndərmək məqsədilə “Ermənilərin Persiyadan bizim vilayətlərə köçürülməsi barədə” qeydlərini qələmə aldı.

Məlumat üçün bildirək ki, rus və Avropa mənbələrində Azərbaycan səltənəti əsrlər boyu yanlış olaraq “Persiya” adlandırılırdı. Çox təəssüflər olsun ki, bu gün həmin mənbələr ana dilimizə tərcümə edilərkən, “Persiya” ifadəsi yanlış olaraq “İran” kimi tərcümə edilir və bu da oxucularda həmin əsrlərdə guya İran adlı dövlətin olmuş olması barədə yanlış təsəvvür yaradır. Həqiqət isə budur ki, bu gün İran kimi tanıdığımız dövlət, yuxarıda qeyd edildiyi kimi bu adı 1936-cı ildən daşıyır və çox qədim dövrlərdə bu ad Əfqanıstan ərazilrinin adı olmuşdur. “Persiya” adına gəlincə isə hələ XVl əsrdə Səfəvilərin İspaniyadakı səfiri olmuş Oruc bəy Bayat yazmışdır ki, avropalılar bizim səltənəti yanlış olaraq Persiya, yəni Fars adlandırırlar, halbuki Fars bizim səltənətin yalnız və yalnız bir əyalətidir. O, səltənətin mərkəzinin Azərbaycan olduğunu da vurğulamış və bu zaman bir italyan müəllifindən sitat gətirmişdir.

Bununla belə, XVlll əsrdə Nadir şahın ölümündən sonra Azərbaycan səltənətinin farslar və digər irandilli xalqlar yaşayan hissəsində hakimiyyəti ələ keçirən, eləcə də Tehrana da müvəqqəti sahib olmağı bacaran milliyyətcə lor Kərim xan Zənd əlində olan torpaqları İran, özünü isə İran şahı elan etdikdən sonra həmin ərazilərin adı İran kimi tanınmağa başladı və bu hal Ağa Məhəmməd şah Qacarın Zəndilərin hakimiyyətinə son verməsinə qədər davam etdi. İlk Qacarlar isə eynən Elxanlı, Çobani, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi şahları və Nadir şan Əfşar kimi özlərini Azərbaycan şahı, son Qacarlar isə Azərbaycan və İranın birləşmiş məmləkətlərinin (xanlıqlarının) hökmdarı adlandırırdılar. Bu halda İran adı sadəcə farslar və bəzi irandilli xalqlar (bəxtiyarilər, lorlar və mazandaranlılar) yaşayan ərazilərin adını ifadə edirdi.

Qriboyedov həmin yazısında bugünkü İran ərazisində yaşayan ermənilərin o dövrdə artıq Rusiyanın tərkibində olan Quzey Azərbaycan torpaqlarına köçürülməsi məsələsi haqqında yazırdı ki, İ.Paskeviçin yanında xüsusi tapşırıqlar üzrə məmur olan polkovnik Lazarev (milliyyətcə erməni idi) bu köçürülmənin əsas təşəbbüsçüsü idi... Eyni zamanda A.Qriboyedov həmin qeydlərində, bu məsələdə L.Lazarevə knyaz Arqutinski və Qamazovun kömək etdiklərini göstərirdi. Lazarev Qarabağda və Azərbaycanın digər ərazilərində ermənilərin yerləşdirilməsi ilə bərabər, həm də onların hərbi dəstələrinin yaradılmasını da təklif edirdi. Bu erməni mənşəli üzdəniraq polkovnikin ifrat təklifləri bəzən rusların özlərinin də narazılığına səbəb olurdu. Lazarevin hətta yaxın məsləkdaşı knyaz Arqutinski belə çox vaxt onun bu sayaq tədbirlərindən narazı qalırdı.

A.Qriboyedov öz qeydlərində ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi prosesində ciddi səhvlərə yol verdiyini Paskeviçə çatdıraraq yazırdı:

1. Ermənilərin əksər hissəsi müsəlmanların mülkədar torpaqlarında yerləşdirilmişdir. Bunu hələ yay mövsümündə etmək olardı. Müsəlman sahiblərinin əksər hissəsi yaylaq köçlərində idilər və yad dinli gəlmələrlə təmasda az olurdular.

2. Köçkünlərin tam yerləşdirilməsi üçün münasib yerlər ayrılmamış və heç bir hazırlıq görülməmişdir. Öz vaxtında hazırlıq tədbirləri unudulmuşdur. Belə səhvləri bu il aradan qaldırmaq artıq gecdir. Erməni köçkünləri haqlı olaraq narazılıq bildirən müsəlmanları sıxışdırırlar...

3. ... Sayca böyük olan bir əhalini yedizdirmək üçün taxıl alınmamışdır.

Rus diplomatının qeydlərinə görə, ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsinə rəhbərlik edən mayor Vladimirovun da kobud səhvləri olmuş və bunun nəticəsində bölgədə ciddi problemlər yaranmışdır. Onda vəziyyətdən çıxmaq üçün podpolkovnik Arqutinski və A.Qriboyedov yerli əhali olan Azərbaycan türklərini inandırmağa çalışırdılar ki, ermənilər bu torpaqlarda müvəqqəti yerləşdirilirlər və onların bu cür dözülməz yaşayışı uzun çəkməyəcəkdir.

Başqa imkanı və çıxış yolu olmayan sadəlövh yerli əhali rus diplomatına inanmaq məcburiyyətində idi. Amma tarix tezliklə A.Qriboyedovun yalançı olduğunu, Azərbaycan türklərini aldatdığını sübut etdi. Bir daha oxucuların diqqətinə Azərbaycanın parçalanmasında əsas rol oynamış müqavilələrə yönəltməklə bəzi qaranlıq məqamlara aydınlıq gətirmiş olarıq. Bunlar bizim faciələr dolu dünənimizdir, tariximizin qanlı səhifələridir.

Azərbaycan tədqiqatçılarından heç kəs “Gülüstan” və “Türkmənçay” müqavilələrindən heç birinin əsillərini görməmişdir. Əlimizdə olan mətnlər sovet dövründə ruslar tərəfindən ciddi redaktə edilərək dərc edilmiş mətnlərdir.

1809-cu ildən demək olar ki, Rusiyanın rəsmi dövlət sənədlərində “Azərbaycan” məvhumunun işlənməsi nəinki qadağa qoyulmuşdu, Bu toponim bir etno-siyasi toponim kimi hətta ləğv edilmişdi. Daha sonralar isə xəritələrdən belə silindi.

1828-ci il fevralın 10-da Təbriz yaxınlığında Qədim Türk-Azərbaycan torpağı olan Türkmənçay kəndində bağlanan müqavilə Gülüstan müqaviləsinin qüvvədən düşməsinə səbəb oldu. Bununla da Güney Qafqaz Rusiyaya qəti şəkildə birləşdirildi, Rusiya yeganə dövlət olmaqla Xəzər dənizində hərbi donanma yerləşdirdi, Azəbaycan – Qacar səltənəti üzərinə gümüş pul ilə 20 milyon manatlıq təzminat qoyuldu. Türkmənçay müqaviləsi 1804-1813 və 1826-1828-ci illər Rusiya-Azərbaycan savaşına son qoysa da vahid Azərbaycan xalqını və onun torpaqlarını iki yerə parçaladı.

1813-cü il “Gülüstan”, 1828-ci il “Türkmənçay” müqavilələrində Qafqaz Azərbaycanının adı yox idi. Təkcə keçmiş xanlıqların adı qeyd olunmuşdur.

Qafqaz Azərbaycanının bu vəziyyəti 1918-ci il mayın sonlarına kimi davam etmişdi. Arazın quzeyində yerləşən Azərbaycan respublikasının ərazisinin sərhədləri üçün isə 1813-cü ildə tərtib olunmuş xəritə əsas götürülmüşdür. Tarixi Dərbənd şəhəri 1919-cu ildə Denikin qoşunları tərəfindən işğal olundu və bir daha təkrar etməyə dəyər ki, 1920-ci il dekabrın 1-də Moskvanın təzyiqi ilə torpaqlarımızın böyük bir hissəsi, Zəngəzur da daxil olmaqla ermənilərə “peşkəş” edildi.

O, zaman böyük həyacan və sevinclə Lenin qeyd edirdi ki, “Peterburqda atılan güllə səsinə Şərqdə ilk səs verən proletar Bakısı oldu”. Həqiqətdə isə “atılan gülləyə səs verənlər” Bakıda yaşayan ermənilərdən ibarət saxta bolşevik mafiyası və neft mədənlərində işləmək üçün bu şəhərə gəlmiş rus fəhlələrinin qurduğu azsaylı marksist dərnəklər idi. Tarix və keçdiyimiz yol göstərdi ki, ermənilərin siyasi məqsədi heç də Sovet hökuməti yox, bu ad altında Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmaq olmuşdur. Biz bunu sonradan bizə məlum olan bolşevik Şaumyanın tayqulaq Andronikə göndərdiyi təbrik məktubunda bir daha gördük. Şaumyan Andronikə Naxçıvanda “Sovet hökuməti” qurması ilə əlaqədar yazırdı: “Bizimlə birləşin və bir yerdə Qafqazda Azərbaycan torpaqlarında Ermənistan Sovet dövləti quraq”.

Bəli Andronik, Şaumyan və digər daşnakların məqsədi, heç də Azərbaycan milli varlığının azad inkişafını təmin edəcək müstəqil demokratik dövlət qurmaq deyil, əksinə erməni dövləti qurmaq idi. Bu azmış kimi sovet ideologiyası millətimizin təməlində dini, əxlaqi, mənəvi dəyərlərə müxtəlif damğalar vurmaqla milli-mənəvi, əxlaqi dəyərləri yaddaşlardan silməklə yeni adət-ənənə aşılamışdır. Etiraf etmək lazımdır ki, qısa bir zaman kəsiyində insanları ictimai bir əşyaya çevirməyi bacardı. Sovet idarə üsulu qoyduğu qadağalarla insanın daxili əxlaqını düşünülmüş çərçivəyə sala bildi. Mənəviyyatını, şüurunu zəhərlədi, bir sözlə insanı sosialist əmlakına çevirdi.

Bir daha qeyd etməyə dəyər ki, XVIII əsrin əvvəllərində Rusiya, Osmanlı və Azərbaycan səltənətləri arasında Güney Qafqaz uğrunda siyasi mübarizə kəskinləşmişdi. Əslində bu kəskinləşmə əsrin əvvəllərindən, yəni Qacarlardan çox-çox öncədən, son Səfəvi şahları dövründən hiss edilməkdə idi.

XVlll əsrin əvvəllərində Səfəvi hökumətinin idarəçiliyində olan Azərbaycan səltənəti ağır iqtisadi və siyasi böhran dövrünə qədəm qoymuşdu. Dövlət xəzinəsi o qədər boşalmışdı ki, Şah Sultan Hüseyn ata-babasının Ərdəbildəki məqbərəsində olan qızıl və gümüş əşyaları əritməyi və pul kəsməyi əmr etmişdi. Mərkəzi dövlətin zəifləməsindən istifadə edən bəzi bəylərbəyilər separatizmə meyl edirdilər. Separatizm meylləri əsasən Şirvanda, xüsusilə də sünni müsəlmanların əksəriyyətdə olduqları bölgələrdə, Car-Balakəndə, Qazi-Qumuqda (Dağıstanda), eləcə də Şəki-Zaqatala, Qazax-Ağstafa, Tiflis və İrəvan bölgələrində daha güclü hiss edilirdi. Bu bölgələrdə şiəliyin ələvilik qolunu dövlət siyasətinə çevirmiş Səfəvilərə qarşı tez-tez üsyanlar baş verirdi. Azərbaycan tarixşünaslıq elmi bu üsyanları sovet dövrünün konsepsiyasına uyğun olaraq, feodalizmə qarşı kəndli üsyanları kimi qələmə verir. Bu kökündən yanlış bir fikirdir. Üsyanların kökündə bu bölgələrin əhalisinin də bütün dünya müsəlmanları kimi Osmanlı sultanlarını xəlifə, yəni müsəlmanların dini rəhbəri kimi tanıması və ələviləri kafir hesab etmələri idi.

Məlumat üçün bildirək ki, şiə-ələvilər digər şiə məzhəbləri kimi xəlifəni dini rəhbər kimi tanımır və Xilafətə qarşı İmamət ideyasını irəli sürüdü. Elə bu da Azərbaycan səltənətini İslam dünyasından təcrid etməklə yanaşı, səltənətin sünni əhalisinin də daim üsyan etməsinə səbəb olurdu. Səfəvi hakimiyyətindən qurtulmaq üçün Osmanlı sultanına müraciət edən sünni müsəlmanlardan fərqli olaraq, yerli xristianlar (udinlər, gürcülər, ermənilər) da ruslara müraciət etməkdə, onları Qafqaza dəvət etməkdə idilər.

XVll-XVlll əsrlərdə Rusiya dövləti sosial-iqtisadi və siyasi cəhətdən xeyli möhkəmlənmiş, onun beynəlxalq nüfuzu önəmli dərəcədə artmışdı. Bu dövlətin inkişaf etməkdə olan sənayesi Qafqazda, xüsusilə də Azərbaycanda istehsal edilən mallara böyük ehtiyac duyurdu. Fəqət Rusiyanın Qafqaza marağının yeganə səbəbi bu deyildi, həm də Səfəvilərin yeritdiyi məzhəbçilik siyasətindən cana doymuş bəzi sünni bölgələrin hakimlərinin Osmanlı Türkiyəsinə müraciət etməsi və Osmanlıları Şirvana dəvət etməsi idi. Bu hal Rusiyanı narahat etməyə bilməzdi.

1721-ci ildə İsveç üzərində qələbədən sonra 1722-ci ilin iyulunda l Pyotr böyük bir ordu və 274 gəmi ilə Həştərxandan Azərbaycanın Şirvan və Xəzəryanı bölgələri istiqamətində hərbi yürüşə başladı. Güney Qafqazın hüquqi cəhətdən Azərbaycan – Səfəvi dövlətinə tabe olmasına baxmayaraq, I Pyotr mərkəzi dövlətin zəifləməsindən istifadə edərək Azərbaycanın Xəzər sahili ərazisini zəbt etdi, XVIII əsrin 20-30-cu illərində Güney Qafqazın qalan hissəsi isə Osmanlı İmperiyasının, başqa sözlə İslam Xilafətinin tərkibinə keçdi. Öncə Nadir şah, daha sonrakı dövrdə isə Ağa Məhəmməd şah Qacar rusları Azərbaycan səltənətinin ərazisindən sıxışdırmağa nail olsalar da ruslar Qafqazı təkrar işğal edə bildilər, yəni rus işğalları Ağa Məhəmməd şah Qacarın ölümündən sonra da davam etdi və Abbas Mirzə Qacarın qəhrəmancasına müqavimət göstərməsinə baxmayaraq, Azərbaycanın bir hissəsinin işğalı və iki yerə parçalanması ilə nəticələndi.

1813-cü ildə Gülüstan müqaviləsi bağlandıqdan sonra Azərbaycanın bir hissəsi, o cümlədən Qazi-Qumuq, Tiflis, İrəvan və Qarabağ xanlıqları Rusiyanın himayəsinə keçdi. Az sonra Quba, Dərbənd, Şirvan və Bakı xanlıqları da Rusiya qoşunları tərəfindən işğal olundu.

Türkmənçay müqaviləsinə görə Azərbaycan hökmdarı Fətəli şah Azərbaycanın şimal hissəsindən, o cümlədən Tiflis (Kartli – Kaxetiya), Qazi Qumuq (Güney Dağıstan), İrəvan və Qarabağ xanlıqlarından imtina etməli idi, lakin o, böyük çətinliklə də olsa, paytaxtı Təbrizə köçürməklə Azərbaycanın cənub hissəni əlində saxlaya bildi. Qafqazda vəziyyət həm də milli və dini dəyişikliklərə gətirib çıxartdı. Provoslavlar, yəni ruslar Qacarların hakimiyyəti altında olan torpaqlarda yaşayan erməniləri ruslar tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməklə Tiflis xanlığınn ərazisində Azərbaycan türklərinə məxsus torpaqları gürcü knyazları arasında bölüşdürməklə bərabər, həm də bir milyondan çox Azərbaycan türkünü Güney Azərbaycana və Türkiyəyə köçməyə məcbur etdi. Ermənilər isə onlara göstərilən himayədən bacarıqla istifadə edərək, Qərbi Azərbaycana, yəni əski İrəvan xanlığının ərazisinə (bugünkü Ermənistan), Naxçıvana, Qarabağa və Yelizavetpol quberniyasına (əski Gəncə xanlığının ərazisinə) köçüb məskunlaşdılar.

Şərəfsiz rus siyasətinin səyi nəticəsində mühacirətin demək olar ki, 1-ci mərhələsi başa çatdıqda çar I Nikolay ermənilərin azlıq təşkil etməsinə baxmayaraq, İrəvan və Naxçıvan xanlıqlarının əraziləri hesabına qondarma “Erməni vilayəti”nin yaradıldığını bildirdi.

Qeyd etmək lazımdır ki, XVIII əsrin ikinci yarısında Azərbaycan ərazisində on altı xanlığın—xırda feodal dövlətinin (bura Qazi-Qumuq və Tiflis, yəni Kartli – Kaxetiya xanlqları da daxil edilməlidir, fəqət bu elmi ədəbiyyatda müəyyən siyasi məqsədlər üzündən həmin xanlıqlardan söz açılmır və xanlıqların sayı 14 kimi göstərilir) yaranması tariximizin maraqlı və ürəkağrıdan mərhələlərindən biridir.

XVlll əsr Azərbaycan tarixinin ən gərgin dövrlərindən biridir. Yuxarıda qeyd edildiyi kimi həmin əsrin 20-ci illərində səltənətin quzey bölgələrinin bir qismi ruslar tərəfindən, digər qismi isə Osmanlılar tərəfindən işğal edilmişdi. Bu azmış kimi, Ərəb İraqı da, Güney Azərbaycanın əksər əraziləri də Osmanlıların əlinə keçmişdi. Xorasanda özbək və əfqanlar ağalıq edirdilər. Səltənətin cənub bölgələri, o cümlədən Fars və İsfahan əyalətlərini isə əfqanlar zəbt etmişdi. Əfqanlarla yaxın qohum olan farslar əfqanların əlində olan torpaqlarda müstəqil İran dövlətinin yaradılmasına çalışır, bu istiqamətdə güclü təbliğat işi aparırdılar. Fəqət farsların şiə - cəfəri olmaları və əfqanların bütün şiələrə olduğu kimi farslara da ikrah hissi ilə yanaşması üzündən bu ideya özlərini İslam mücahidi sayan əfqanlara zərrə qədər də cəlbedici görünmürdü. Onlar da, özbəklər də formal da olsa, xəlifənin, yəni Osmanlı sultanının hakimiyyətini tanıyır, fəqət müstəqil siyasət aparırdılar. Azərbaycan səltənətinin varlığı de-fakto şübhə altına düşmüşdü.

Səfəvi hökmdarı Şah ll Təhmasib səltənətin taleyi barədə ciddi düşünmək məcburiyyətində idi. İşğalçılara qarşı bütün sadiq qüvvələri yumruq kimi birləşdirmək lazım idi. Belə bir vaxtda Xorasanda əfşar tayfasından Nadirqulu adlı bir müflisləşmiş bəy oğlunun başçılığı ilə özbək və əfqanlara qarşı xalq üsyanı başladı və üsyançılar tez bir zamanda Xorasanın bir qismini işğalçılardan azad etdilər.

Şah üsyançıların başçsına xan titulu verdi və onu Azərbaycan ordusunun əmiri, yəni baş komandanı təyin etdi. Bundan sonra Nadirqulu xan Əfşar kimi tanınmağa başlayan bu millət qəhrəmanı qısa bir zamanda nəinki bütün Xorasanı əfqanlardan azad etdi, hətta Heratı da ələ keçirməyi bacardı və Hind-Moğol imperatorluğu ilə ticarətin bərpasına imkan yaratdı. Bu möhtəşəm zəfər onun nüfuzunun artmasına səbəb oldu. O, bundan sonra işğal altında olan torpaqlarımızı azad etmək üçün qanlı müharibələrə başladı, əfqanları fars və İsfahandan qovdu, rusların Xəzəryanı sahillərin bir qismindən çıxmasını təmin etdi və Osmanlılarla döyüşlərdə bir çox qələbələrə imza atdı, fəqət Xorasanda çıxan üsyanı yatırmaq üçün üzünü Xorasana çevirməli oldu. O, Xorasanda ikən özbaşına qərarlar qəbul edib məğlubiyyətə uğrayan II Təhmasibin xəyanətkar müqavilələr imzaladığını eşitdi. Odur ki, geri dönüb 1732-ci ildə şahı taxtdan salıb onun 8 aylıq oğlu lll Abbası şah elan etdi və onun qəyyumu kimi, onun adından səltənəti faktiki olaraq özü idarə etməyə başladı. O, II Təhmasibin imzaladığı bütün müqavilələri ləğv edib Osmanlılardan işğal etdiyi bütün torpaqları azad etməyi tələb etdi. Qarşı tərəfin rədd cavabı yeni müharibəyə səbəb oldu.

Müharibənin ilk ayları Nadirqulu xan üçün uğursuz olsa da, 1733-cü ildə o, Osmanlıları Bağdad yaxınlığında böyük bir məğlubiyyətə uğratdı. Osmanlı komandanı Əhməd Paşa ilə Nadirqulu xan arasında sülh müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən, Osmanlılar bir neçə il öncə imzalanmış Qəsri-Şirin müqaviləsində göstərilən sərhədlərə çəkilməli, Azərbaycanın işğal edilmiş ərazilərini azad etməli idi. Fəqət sultan bu müqaviləni təsdiq etmək istəmədi. Buna baxmayaraq, Azərbaycan ordusunun Şirvanda və Quzey Azərbaycann digər bölgələrində uğurlu əməliyyatlarından sonra həm Osmanlılar, həm də ruslar Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qaldılar. Rusiya və Azərbaycan imperatorluqları arasındakı sərhəd kimi Sulak çayı qəbul edildi.

1736-cı ildə Səfəvilərin sonuncu nümayəndəsi şah III Abbasın qəflətən vəfat etməsi Azərbaycan səltənətində hakimiyyət boşluğuna səbəb oldu. Vəziyyəti belə görən Nadirqulu xan bütün xanları Muğanda qədim türk adətincə Böyük Xalq Qurultayına çağırdı. Qurultay böyük səs çoxluğu ilə Nadirqulu xan Əfşarı Azərbaycan səltənətinin hökmdarı seçdi. O, Nadir şah adı altında Azərbaycanın imperatorluq taxtına oturdu. Qurultayda Nadirin əleyhinə çıxış edən xan ailələri, o cümlədən Ziyadoğlu-Qacar sülaləsindən olan Gəncə xan sülaləsi, 32 Kəbirli və Cavanşir tayfalarının başçıları ailələri ilə birlikdə Xorasana sürgün edildilər. Qazax və Borcalı əraziləri Gəncə xanlığından alınıb Azərbaycan səltənətinə və şəxsən Nadirə sədaqətlə xidmət edən Tiflis xanı İrakliyə verildi.

Azərbaycanı vahid inzibati ərazi halında birləşdirən və qardaşı İbrahim xanı Azərbaycan hakimi təyin edən, bununla da Azərbaycanı yenidən səltənətin siyasi mərkzi halına gətirən Nadir şah qısa bir müddətdə bütün Orta Asiya və Hindistanı fəth edərək böyük fateh kimi şöhrət qazandı. Onun dövründə Azərbaycan sələnətinin ərazisi tarixinin maksimum səviyyəsinə yetişdi. Fəqət bu hal uzun sürmədi. Nadirin ölümündən (1747-ci il) sonra feodal çəkişməlri nəticəsində nəinki səltənətin ərazisi, eləcə də Azərbaycanın özü çoxsaylı kiçik xanlıqlara parçalandı.

Bu xanlıqlar sırasında Qarabağ xanlığının təşəkkül tapması digər Azərbaycan xanlıqlarından fərqlənir. Əgər Azərbaycan xanlıqlarının demək olar ki, hamısı bu və ya digər qədim şəhərlər ətrafında yaransa da, Qarabağ xanlığının ilkin mərhələdə sabit siyasi və iqtisadi mərkəzi olmamışdır.

Qarabağ xanlığı 1747-1805-ci illərdə Azərbaycan səltənətində hakimiyyət uğrunda bir-biri il amansız mübarizə aparan Əfşarlara, Zəndilərə, Qacarlara və eləcə də Osmanlılara tabe olmadan separatist siyasət aparmış, müstəqilliyə can atmışdır. Bu xanlığın qurucusu Pənahəli xan özünün Çingiz xanın nəslindən olduğunu iddia edərək, Azərbaycan səltənətinə özünün başçılıq etməli olduğunu iddia edir və əslində onun siyasətini separatizmdən daha çox Azərbaycan səltənəti uğrunda Əfşarlar, Zəndilər və Qacarlarla rəqabət adlandırmaq daha doğru olar. Onun oğlu İbrahim Xəlil xanın dövrümdə Azərbaycanın bir çox xanları, o cümlədən Tiflis xanı İrakli xan onua Qarabağ xanlığından asılı vəziyyətə düşmüşdülər, Təbriz də ona boyun əymişdi.

Maraqlıdır ki, Azərbaycan səltənətini bərpa etməyə nail olan Azərbaycan şahı Ağa Məhəmməd Şah Qacar da həmlələri zamanı Qarabağ xanlığını və onun paytaxtı Şuşanı tuta bilməmiş, bir il sonra isə Şuşada öldürülmüşdü. Yalnız sonrakı Qacarlar dövründə Qarabağı ram etmək mümkün oldu. Bundan sonra Quba, Şəki və Tiflis xanlıqları kimi separatist siyasət yeridən və faktiki olaraq xəyanətkar mövqe tutan Qarabağ xanı 1805-ci ildən etibarən Rusiya dövlətinin tabeliyinə keçmiş və Azərbaycanın faciələr dolu yeni tarixinin əsasını qoyanlardan biri olmuşdur. 1822-ci ilə kimi daxili muxtariyyatı qalmaqla, digər xanlıqlarından fərqli olaraq, Qarabağ xanlığının tarixinə, nə az, nə çox yeddi əsər-səlnamə həsr olunmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi tarixi sənədlərin heç birində nə Qarabağda ermənilərin yaşaması haqqında, nə də ki, onların Rusiyanın tabeliyinə keçməsi haqqında heç nə deyilmir və sənədlərdə öz əksini tapmamışdır...

Beləliklə Rusiyanın özünü Qafqazda möhkəmləndirmək siyasəti nəticəsində ermənilər Azərbaycan torpaqlarında yerləşdirilməklə onun daimi sakinlərinə çevrildilər. Azərbaycanın İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Şamaxı, Bakı mahallarında məskunlaşdırılmış ermənilər Azərbaycan torpaqlarında ev-eşik qurdular, Çar Rusiyasının yerli dövlət idarələrində işlə təmin olundular. Zaman-zaman cürbəcür əyri yollarla və rusların dəstəyi ilə Azərbaycan torpaqlarında çoxlu var-dövlət əldə edən ermənilər tədricən Bakının neftlə zəngin olan topaqlarına da sahib çıxdılar. Nəticədə, Azərbaycanın neft sənayesində erməni milyonçuları – Lianozov, Mantaşev, Qukasov, Tumayev və başqaları böyük nüfuz sahibi kimi formalaşdılar. Onlar əldə etdikləri var-dövlətin böyük bir hissəsini ermənilərin millətçi-şovinist partiyası olan “Daşnaksütun”un sıralarının möhkəmlənməsinə və fəaliyyətinin genişlənməsinə sərf edirdilər.

Bakı milyonerləri hesabına varlanmış daşnaklarla erməni sosial-demokratları birləşərək, Azərbaycan türklərinə qarşı ağlasığılmaz vəhşiliklər törətməyə başladılar. Azərbaycanın bütün ərazisi boyunca, xüsusən Bakıda və Şamaxıda ermənilər millətimizə qan uddurdular və ona qarşı əsil soyqırımı həyata keçirdilər.

1917-ci ilin oktyabrında baş vermiş Sosialist İnqilabı nəticəsində Rusiyada hakimiyyət, Lenin başda olmaqla, bolşeviklərin əlinə keçdi. Bakıda isə hakimiyyəti daşnak Şaumyanın rəhbərliyi altında “Bakı kommunası” zəbt etdi.

Birinci Dünya savaşı, daxildə gedən milli azadlıq mübarizəsi və vətəndaş müharibələri nəticəsində zəifləyən Rusiya İmperiyasının ərazisində milli dövlətlər yaranmağa başlandı. Belə dövlət qurumlarından biri, mərkəzi Tiflis şəhəri olan Qafqaz Respublikası Seymi idi. Lakin bu respublikanın ömrü uzun sürmədi. Belə ki, 1918-ci ilin may ayının 26-da həmin Seymin varlığına son qoyuldu. Elə həmin gün gürcü menşevikləri tərəfindən Gürcüstan Respublikası elan olundu.

İki gün sonra, 1918-ci il mayın 28-də isə Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması elan edildi. Ərazisi 114 min kv. km olan bu yeni dövlətin ilk müvəqqəti paytaxtı Gəncə şəhəri oldu və Azərbaycan Hökuməti burada yerləşdirildi.

1918-ci il mayın 28-də daşnaklar da Ermənistan Respublikasının yaradılmasını elan etdilər. Lakin bu dövlətin ərazisi olduqca kiçik idi. Ona görə də, Gürcüstan hökumətinin xahişi ilə Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbərləri İrəvan şəhərini paytaxt olaraq Ermənistana verdilər. Bu xeyirxahlığın əvəzində Ermənistan elə ertəsi gün rusların köməyi ilə Azərbaycana və Gürcüstana qarşı müharibəyə başladı.

Bundan başqa, 1918-ci il dekabrın 1-də Qarsda yerləşən Azərbaycan Milli Şurası Cənubi-Qərbi Qafqaz Demokratik Cümhuriyyətinin yaranmasını elan etdi. Tarixdə eyni vaxtda yaradılmış ikinci Azərbaycan dövlətinin ərazisinə Qars, Batum vilayətləri, Axalsıq, Axalkələk, Naxçıvan, Şərur, Sürməli əraziləri, İrəvan mahalının Göyçə gölündən başlanan cənub-qərb rayonları daxil idi. Qara dənizə çıxışı olan bu cümhuriyyət coğrafi baxımdan olduqca əlverişli ərazidə yerləşirdi. Təəssüf ki, bu cümhuriyyətin mövcudluğu uzun sürmədi. Belə ki, erməni daşnaqları və gürcü menşeviklərinin təkidilə ingilis hərbi qüvvələrinin apardıqları əməliyyat nəticəsində 1919-cu ilin 12 aprelində, yəni 133 gün ömür sürdükdən sonra Cənubi-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti ləğv edildi. Azərbaycan Demokratik Cümhuriyyəti bütün səylərinə baxmayaraq, bu dövlətin köməyinə gələ bilmədi. Qafqazdakı ingilis qoşunlarinin komandanı general Tomsonun göstərişi ilə 65 deputatı olan Parlament, onun sədri Əsədbəy Hacıyev və Nazirlər Şurasının sədri İbrahimbəy Cahangirov başda olmaqla, milli hökumətin bütün üzvləri həbs edilərək, Malta adasına sürgün edildilər.

Azərbaycan Demokratik Cümhuriyyəti isə cəmi 701 gün, başqa sözlə, 23 ay ömür sürdükdən sonra, yəni 28 aprel 1920-ci ildə Sovet Rusiyasının XI Qırmızı Ordusunun Azərbaycanı işğal etməsi nəticəsində süqut etdi. Yerli bolşeviklərin və milli satqınların xəyanəti nəticəsində Azərbaycan Demokratik Cümhuriyyəti öz yerini Rusiyanın oyuncağı olan Azərbaycan Sovet Sosialist Respublikasına verdi. Beləliklə də, Demokratik Respublika quruluşuna yenicə qədəm qoyan, müstəqil milli dövlətçilik ənənələrini bərpa etmək sahəsində ilk addımlarını atan Azərbaycan tarixi inkişaf yolundan büdrədi.

1920-ci ildə rus ordusu tərəfindən Azərbaycan Demokratik Cümhuriyyəti süquta uğradıqdan, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ermənilərin növbəti məkrli niyyəti baş qaldırdı. Rus bolşeviklərilə birgə işləyən erməni daşnakları öz hakimiyyətlərindən istifadə edərək, qədim Azərbaycan torpaqlarında-İrəvanda, Zəngəzurda, Göyçədə öz dövlətlərini quran ermənilər, sonradan Naxçıvan və Qarabağ iddiasına düşdülər. Türkiyə Cümhuriyyətinin başçısı Mustafa Kamal Atatürk paşanın Azərbaycanda baş verən hadisələrə müdaxiləsindən sonra, Sovet dövlətinin rəhbəri V.İ.Leninlə aparılan danışıqlar nəticəsində Naxçıvan problemi aradan götürüldü. Lakin Qarabağ iddiasından əl çəkməyən ermənilər hər vasitə ilə bu torpağı Ermənistanın tərkibinə qatmağa çalışırdılar. Nəhayət, Azərbaycan türklərinin Qarabağ məsələsində qətiyyətini görən Moskva, DQMV-ni təsis etdi və ona Azərbaycan daxilində mədəni muxtariyyət verdi

Sovet rəhbərliyində hər cür alçaq əməllərə gedərək mühüm postlar tutan erməni daşnakları bundan sonra Azərbaycan türklərinə qarşı məkrli niyyətlərini müntəzəm olaraq davam etdirdilər. Xalqın əsil türk adının dəyişdirilib azərbaycanlı adlandırılması, 1930-cu illər repressiyalarında panturkist damğası ilə görkəmli ziyalılarımızın məhv edilməsi və sair bu kimi qəddar əməllər də, bilavasitə həm Moskvada, həm də Bakıda mühüm dövlət postlarını tutmuş erməni daşnaklarının iyrənc siyasətinin nəticəsi idi. İkinci Dünya Müharibəsindən az sonra —1947-ci ildə Stalinin bir imzası ilə 150 min Azərbaycan türkünün indi Ermənistan adlandırılan dədə-baba torpaqlarından qovulması- erməni daşnaklarının rus ağalarının köməyi ilə həyata keçirdiyi məqsədyönlü iyrənc siyasətin nəticəsi idi. 1968-ci ildə Şuşada bir neçə azəri türkünün ermənilər tərəfindən yandırılması ilə növbəti qarşıdurma yarandı. O zaman bu hadisənin böyüməsinin qarşısı alındı və ermənilərin növbəti iyrənc niyyətlərini beşikdəcə boğuldu.

70 ildən artıq ömür sürən Sovet totalitar rejimi dövründə Azərbaycan xalqına qarşı əsil soyqırım siyasəti aparılırdı. Bu dövrdə xalqımızın minlərlə ziyalısı güllələnmiş, bir milyondan artiq oğul və qızının var-yoxu əlindən alınmış və özləri isə Qazaxıstanın, Orta Asiyanın ilan mələyən çöllərinə, Uzaq Sibirin soyuq tayqalarına gedər–gəlməz meşələrinə sürgün olunaraq məhv edildi. Bu illərdə, ilk növbədə, xalqımızın tanınmış dövlət və ictimai xadimləri, alimləri, şair və yazıçıları, maarifçiləri, həkimləri, mühəndis və texnikləri, hərbi mütəxəssisləri, din xadimləri, bir sözlə düşünən beyinləri planlı şəkildə ölümə məhkum edilirdilər. Solovkidən tutmuş Qazaxıstan və Maqadana kimi uzanan yollarda Azərbaycanin minlərlə oğul və qızı sürgündə, ölüm düşərgələrində dözülməz həyat şəraiti və işgəncələr məngənəsində məhv edildi və cəsədləri yad torpaqlarda ümumi, adsız qəbrlərdə dəfn olundu. Sovet dövləti ərazisində yaşayan xalqlarin tarixinə qara səhifə kimi daxil olan 1937-ci ilin qanlı repressiyalari, əslində Azərbaycan türkləri üçün çox-çox əvvəl başlamış və ondan sonrada on illərlə davam etmişdir. Mikayıl Müşviq, Hüseyn Cavid, Ruhulla Axundov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Salman Mümtaz, Bəkir Çobanzadə və adlarını sadalamadığımız yüzlərlə, minlərlə vətənpərvər ziyalılarımız totalitar kommunist rejiminin qurbanı oldular.

İkinci Dünya Müharibəsində yüz minlərlə azəri oğul və qızları həlak oldu, hələ bu azmış kimi, bu müharibədə əsir düşmüş yüz minlərlə soydaşımız müharibədən sonra, onun ağrı-acısını müxtəlif səbəblər ucbatından sərt hərbi düşərgələrdə dadmaqda davam etməyə məhkum olundular.

Xalqımıza qarşı sovet dövləti səviyyəsində tətbiq olunan bu amansız terror aktlarında erməni daşnaklarının mühüm rolu olmuşdur. 1917-ci il Oktyabr inqilabından sonra partiya təşkilatlarında, ictimai və dövlət orqanlarında, idarəçilik qurumlarında sanballı vəzifələrə soxulan məkrli ermənilər kommunist maskası altında uzun illər öz iyrənc daşnak əməllərini həyata keçirməyə başladılar. Sovet hakimiyyəti illərində İttifaqın, demək olar ki, hər yerində erməni daşnak proqramına əsasən, türk və müsəlman xalqlarına qarşı qəddar, qanlı terror aktları aparıldı. Bu terror aktları Sovet quruluşunu qorumaq, möhkəmləndirmək pərdəsi altında həyata keçirilirdi. Ermənilər öz üzdəniraq siyasətlərini həyata keçirmək üçün milliyyətcə Azərbaycan türkü olan Azərbaycan rəhbərlərindən də məharətlə istifadə edirdilər. Tutduqları vəzifələri itirməkdən qorxan həmin üzdəniraq “milli rəhbərlər” erməni hiyləsinə uyaraq, beynəlmiləlçilik bayrağı altında öz millətinin məhv edilməsində fəal iştirak edirdilər. Onlar millətçilik damğasından qorxaraq, hətta cinayət törədən ermənilərə belə toxunmur, əksinə ermənilərə havadarlıq edirdilər. Uzun müddət öz manqurtlarımızın əli ilə başımızı kəsənlər, sonralar onları da bir cinayətkar kimi aradan götürərək, xalqımızı inandırmağa çalışırdılar ki, guya, bizə qarşı törədilən vəhşiliklər ancaq özümüzünkülərin əli ilə törədilib. Bir sözlə, Azərbaycan xalqının soyqırımı planlı surətdə həyata keçirilirdi, öz əlimizlə özümüzü qırır, başımıza olmazın oyunlar açırdılırdı. Sovet hakimiyyəti illərində zaman-zaman Azərbaycan və Məhsəti türkləri Ermənistan və Gürcüstandakı öz tarixi torpaqlarından qovulur, sürgün edilirdilər. Umumiyyətlə, totalitar Sovet rejimi dövründə İrəvan mahalından, Gürcüstanın Türkiyə ilə sərhəd rayonlarından, Borçalıdan bir milyondan artıq soydaşımız məcburən Azərbaycanın Aran torpaqlarına və Orta Asiyanın, Qazaxıstanın şoran çöllərinə köçürülürdülər. Yad iqlimə uyğunlaşa bilməyən, vətən həsrətinə dözməyən və verilən işgəncələrə tab gətirməyənlərin yarısından çoxu elə yollardaca həlak olurdular...

Azərbaycan bu gün dünyada azsaylı dövlətlərdəndir ki, onun torpaqları vahid dövlət, vahid ölkə təşkil etmir. Gec də olsa, İkinci Dünya Müharibəsinin acı nəticələrinə gorə iki hissəyə bölünmüş Almaniya birləşdi. İki hissəyə parçalanmış Vyetnam vahid dövlət elan edildi. Koreya dövləti ikiyə bölünsə də, hər halda hər ikisi Koreyadır.

Azərbaycanın torpaqları zaman-zaman müxtəlif dövlətlər tərəfindən işğal olunaraq mənimsənilmiş, o ərazilərdə yaşayan soydaşlarımıza öz ana dilindən rəsmən istifadə etmələrinə, tarixinin tam, düzgün öyrənilməsinə imkan verilməmişdir. Milli sərvətlərimiz, mədəni abidələrimiz məhv edilmiş, qiymətli mədəniyyət nümunələrimiz qonşu xalqlar tərəfindən oğurlanaraq onların milli sərvətinə çevrilmişdir. Təəssüflə qeyd edim ki, ana dilimizin bu gün də vahid adı yoxdur. İranda, Türkiyədə yaşayan soydaşlarımız özlərini türk, dillərini də türk dili adlandırırlar. Ümumiyyətlə, dünyanın yüzdən artıq ölkəsində yaşayan qardaş və bacılarımız özlərini türk olaraq tanıyırlar. Lakin Azərbaycanın quzeyində və keçmiş SSRİ ərazilərində yaşayan soydaşlarımız milliyətlərini azərbaycanlı, dillərini isə Azərbaycan dili adlandırmağa məcbur edilmişlər və bu gün də qəti qərara gələ bilmirlər. Hətta soyadlarını türkləşdirib, milliləşdirmək çoxlarının yadına belə düşmür. Maraq üçün qeyd edim ki, adətən torpaq, yurd orada yaşayan millətin adı ilə adlanır. Məsələn, gürcü və gürcülərin yaşadığı Gürcüstan, Latış – Latviya, rus – Rusiya, alman – Almaniya, özbək – Özbəkistan və s. O yerlərdə ki, xalq torpağın, coğrafi məkanın adı ilə adlanır, onda o xalqa köklü, yerli yox, gəlmə xalq deyirlər. Məsələn Peru – perulu, Meksika – meksikalı, Amerika – amerikalı, Kanada – kanadalı və s. Bu da onu göstərir ki, həmin xalqlar o yerlərə dünyanın müxtəlif ölkələrindən köçüb gəlmişlər. Düşmənlərimiz bizim də köklü xalq olduğumuzu unutdurmaq, Azərbaycana haradansa köçüb gəldiyimizi yalandan “sübut etmək” üçün bizi azərbaycanlı adlandırırlar. Bu millətə, onun soy-kökünə edilən ən böyük qəsddir. Buna görə də, daim təzyiqlər altında yaşamış, mənəvi sarsıntılarla üzləşmişik.

Baxın, Azərbaycanın torpaqları müxtəlif dövrlərdə ayrı-ayrı dövlətlərin tərkibinə daxil edilmişdir. İndiki Azərbaycan Respublikasını ərazisindən dəfələrlə böyük olan Güney Azərbaycanı farsların hakimiyyəti altındadır. İrəvan və Zəngəzur mahalları ərazisində Rus İmperiyasının köməyi sayəsində Ermənistan dövləti yaradılmış və bu gün orada bir nəfər də soydaşımız qalmamışdır. Tiflis və Borçalı mahalı Gürcüstanın tərkibinə daxil edilmişdir. Bu mahalda yaşayan Azərbaycan türkləri ayrı-ayrı vaxtlarda təzyiqlərə məruz qalsalar da, doğma yurdlarını tərk etməmiş, əzab-əziyyətlərə dözmüşlər. İndinin özündə də burada xeyli Azərbaycan türkü yaşayır. Bundan başqa, Rusiyanın Dağıstan vilayətində yerləşən Dərbənd, Türkiyə Respublikasının Qars-Ərzurum, Anadolu, İqdir vilayətlərində Azərbaycan türkləri bir toplum halında yaşamaqdadırlar.

Müxtəlif hadisələrlə əlaqədar olaraq dünyanın yüzdən artıq ölkəsinə yayılan Azərbaycan türklərinin Azərbaycan adlı bir vətəni var. Və bu vətən vahid Türk dünyasının bir parçasıdır...

Hələ 60-cı illərdə bizə aydın idi ki, ermənilər böyük dövlətlərin köməyi ilə Bakıya, Şəkiyə, Naxçıvana, bütünlüklə Dağlıq və Aran Qarabağa ərazi iddiasındadırlar. O dövrdə ermənilərin bu istiqamətdə Moskvada, Leninqradda, İrəvanda, müxtəlif müəlliflər tərəfindən böhtan və qərəz dolu kitabları çıxırdı. Bunlara qarşı etiraz isə SSRİ DTK-sı tərəfindən yaxşı qarşılanmırdı. Və belə şəxslər haqqında qonşulardan, iş yoldaşlarından müəyyən məlumatlar toplanılırdı. Beləliklə, SSRİ tərkibində olan, o vaxt əhalisi 2,5 milyona çatan sovet Ermənistanı ərazilərini getdikcə artırmaq və sovet ordusunda yüksək rütbəli zabitlər yerləşdirmək siyasəti yürütməyə başlayırlar. O vaxt əhalisi 7 mln olan Azərbaycan isə ittifaq dövlətinin ayrı seçkiliyinin nəticəsində Sovet İttifaqına 4-5 general verə bilmişdir. Bu dövrdə Azərbaycanın ərazisi 94 min kv. km-dən azalaraq 86,4 kv. km-ə endirildi. İrəvan, Göyçə, Zəngəzur, Vedibasar, torpaqlarını erməniləşdirirlər. Rus imperiyasının biləvasitə Azərbaycanın qanına susamış düşməni hər tərəfli böyüyür. Bu düşmən iqdisadi əməkdaşlıq, milli həmrəylik, beynəlmiləlçilik şuarları altında güc və qüvvə toplayırdı. O dövrdə Azərbaycan və Ermənistanın qardaşlığı haqqında yazılan kitablar, aparılan işlər ərzində ermənilərin İrəvanda, Vedibasarda, Naxçıvanda, Bakıda, Şamaxıda, Qubada 100-minlərlə azərbaycanlını və digər millətlərin nümayəndələrini amansızcasına qırması məhz Sovet dövlətinin ciddi cəhdləri nəticəsində yaddan çıxarıldı. Bu hadisələri yada salanlar isə geridə qalmış, köhnəliyin qalığı millətçi kimi damğalanır, DTK-nın xüsusi nəzarət zonasında saxlanılırdı.

Bu dövrdə isə istər sovet Ermənistanında, istərsə xarıcı ölkələrdə, istərsə də ittifaq dövlətlərində erməni millətçiliyinə qida verən təbliğat-təşviqat işi daha da genişləndirildi. Misal üçün 26 Bakı Komisarı deyilən bədnam qrumda cəmi 2 Azərbaycanlı Komisar, 8 erməni komisarı var idi. Yerdə qalanlar digər millətlərin nümayəndələri idi. Və bu “şanlı” Bakı komissarları haqqında nədənsə düz Bakının mərkəzində sanki 1918-ci ildə 12 min bakılını qırdığına görə parkda abidə ucaldılmışdı. Bütün bunların başında isə Azərbaycanı özündən əbədi asılı etmək istəyən rus millətçiləri ilə yanaşı başqa qüvvələr də edirdi. Anastasi Mikoyan, Marşal Qəribvonyan, Marşal Baqramyan, Marşal Babacanyan və başqaları Zəngəzurda, İrəvanda azərbaycanlı qadınlarının qarınlarını diri-diri yardıran, körpə uşaqlarının gözü qarşısında ata-analarının başlarını kəsdirən yüzlərlə azərbaycanlını məsçidlərə dolduran yandırtdıran Androniki milli qəhrəman elan etmiş, ona abidə qoydurmuşdular”.

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə