Elman Cəfərli Təbriz Ağayev




Yüklə 1.04 Mb.
səhifə2/11
tarix22.02.2016
ölçüsü1.04 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Vaxt vardı, çarşablı nənələrin, kəlağayılı anaların Xəzərin sahilində, Buzovna bağlarında dilə gətirdikləri şirin rəvayətləri, əfsanə və nağılları lövhə-lövhə yaddaşımıza köçürər, uzun müddət onların təsiri altında olardıq. Həmin dövrdə Hüseyn Cavid Əfəndi, doktor Əlabbas kişinin kitab ticarəti ilə məşğul olan atası Qafur kişi bu sahillərə tez-tez baş çəkərdilər. Cəfər Cabbarlı və Mikayıl Müşfiq də Buzovnaya gəlib istirahət etməkdən xüsusi zövq alardılar. Məşhədi Azər Buzovnalı da öz mənalı ömrünü kəndimizin tozlu torpaqlı yollarında, ətrafdakı Tuğay bağlarında, ağsiyal bostanlarında keçirərək başa vurmuşdur. Mikayıl Müşfiq özünün dillər əzbəri olan “Yenə o bağ olaydı” şerini burada, Buzovna qayalarında duyğulanaraq, ata-baba bağında, tuğaylıqda yazıb. Fəqət bu gün nə şairi vəcdə gətirmiş o qayalardan, nə o təmiz dənizdən, nə o təbiətdən, nə də ata bağ olan o bağdan əsər-əlamət qalmayıb.

Tofiq Mahmud necə də gözəl deyib:

Ey Buzovna qayaları, sal daşsınız siz,



Amma mənə insan kimi sirdaşsınız siz”.

Dünənin xatirələrini bu gün də eynən əvvəllər olduğu kimi qəlbimdə yaşatmaqda olan dar küçələrə sahib olan bu kənd qəlbimə əbədi olaraq həkk olunub, əbədiyyət rəmzinə çevrilib. Çünki mən Vətənimizi, doğma Azərbaycanımızı, elimizi, xalqımızı, eləcə də dünyamızı sevməyi, ona bağlı olmağı məhz bu kənddə öyrənmişəm, dərk etmişəm. Həyat amalıma çevrilmiş Azadlıq eşqi, mübarizə həvəsi də məhz bu kənddə qəlbimə hakim kəsilmişdir. Bir sözlə, mənim bir şəxsiyyət kimi formalaşmamda Buzovnanın sərt təbiətinin rolu heç də az olmayıb.

Tez – tez düşüncələrə varır, düşünərək sonsuzluğa qərq oluram. Bu sonsuz düşüncələr dünyasında özümü tam unudur, özümdən ən kiçik bir əlamət belə hiss etmirəm.

Atam Zərbəli Ağabala oğlu 1907 – ci ildə Ərdəbil şəhərində anadan olub. Üç yaşında ikən, ehtiyac üzündən anası Mənsumə, bacısı Mərcan, qardaşı Ağababa və digər qardaşları ilə birlikdə neft Bakısına köçmək məcburiyyətində qalıb.

Ailə ilk dövrlərdə Bakının “Həmşəri palanı” adlanan məhəlləsində məskunlaşır, burada kirayə tutduqları evdə yaşayır. O dövrdə Bakı ən sürətlə inkişaf edən və sənayeləşən şəhərlərdən olduğu üçün bura dünyanın bir çox yerindən güclü mühacir axını başlamışdı. Bu baxımdan Güney Azərbaycan da istisna deyildi və güneylilər mühacirlərin böyük əksəriyyətini təşkil edirdi. Quzey Azərbaycanın iqtisadi cəhətdən inkişafında onların müstəsna rol oynadıqları danılmaz bir həqiqətdir. Onlar daha çox neft mədənlərində işləyir, balıqçılıq və sənətkarlıqla məşğul olurdular.

XlX əsrin birinci yarısnda əhalisi sadəcə 50 min civarında olan Bakı artıq XX əsrin ilk rübündə ikiyüzminlik bir şəhərə çevrilmişdi. Həmin dövrdə Bakının kəndlərinin də əhalisi sürətlə artmada idi. Bu baxımdan qalanın və Maştağanın adını xüsusi çəkmək lazımdır. Güneylilərin Quzeyə axını bundan öncələr də müşahidə edilməkdə idi. Məsələn, böyük ədibimiz Mirzə Fətəi Axundzadənin atası da Güneydən, Xəmnədən köçərək Şəkidə məskunlaşmışdı. Fəqət XX əsrin əvvəllərində köç kütləvi hal almağa başladı. Bu faktı xüsusi qeyd etməkdə məqsədim, Vətən torpaqlarının siyasi sərhədlərlə iki yerə parçalanmasına rəğmən, hər iki tərəfdə xalqın birlik şüurunu itirməməsini, zərurət halında bir-birinə qucaq açmasını diqqətə çatdırmaqdır. Bəli, siyasi sərhədlər eyni millətə mənsubluq şüurunu qətiyyən zədələməmişdi. Elə bu səbəbdən də Şamaxıda doğulan böyük Sabirin sədası gah Təbrizdən, gah da Tehrandan gəlirdi. Böyük öndər Məmməd Əmin Rəsulzadənin də siyasi fəaliyyətinin mühüm bir hissəsi Güneydə keçmişdi.

Anam Sitarə Şükür qızı Xalıqova 1924-cü ildə Xızıda anadan olub. Ana tərəfimdən qohumlarımın bir qismi Xızıda, bir qismi isə Yasamalda, dağlı məhəlləsində, eləcə də Siyəzəndə, Zarat və Qalaaltıda yaşayırdılar və bu gün də yaşamaqdadırlar. Bir sözlə, atam güneyli, anamsa quzeyli idi, bu üzdən də özümü həmişə Vahid və Bütöv Azərbaycanın təcəssümü hiss etmişəm. Görünür, bu mənim alın yazımmış.

1937 – ci ildə, repressiyaların ən qızğın çağında atamın qohumlarının böyük hissəsi, əksər güneylilər kimi İrana sürgün edildilər. Həmin dəhşətli dövrün şahidi olan atamın bütün ömrü təlaş və səksəkə içində keçib. Odur ki, həmişə çox ehtiyatlı davranmağa, sözünü və hərəkətlərini ölçüb-biçməyə çalışırdı...

Mən 1947 – ci ildə, iyun ayının 13-də Bakının Dağlı məhəlləsində doğulsam da, bir-neçə gün sonra ailəmiz atamın iş şəraiti ilə əlaqədar olaraq, Cəlilabadın Həşimxanlı kəndinə köçməli olduğundan doğum haqqında şəhadətnaməmi orada almışam və bu üzdən də şəhadətnamədə doğum yerim kimi həmin kəndin adı qeyd edilib. İranla sərhəddin düz mərkəzində yerləşən və bir vaxtlar abad bir yurd yeri olan bu kəndin indi xarabaları qalmaqdadır.

Sonralar Bakının Bakıxanov qəsəbəsinə köçdük, bir müddət burada yaşadıqdan sonra, 1949-cu ilin ortalarında atam Buzovnada torpaq sahəsi aldı və iki otaqdan ibarət kiçik bir ev tikdi. Düz səkkiz il, yəni 1957-ci ilədək döşəməsi torpaqdan olan bu zirzəmi tipli evdə yaşayası olduq. Yalnız bundan sonra indi yaşamaqda olduğumuz evi ərsəyə gətirə bildik. Evimizin yerləşdiyi əyri-üyrü, tozlu küçə xəyalımda bir nağıl təki əbədi həkk olunub. Nağıl demişkən, gecələr anamdan nağıl dinləmədən gözümə yuxu getməzdi.

O dövrdə bütün Bakı kəndlərində olduğu kimi, Buzovnada da xüsusi ədəb-ərkan qaydaları mövcud idi. Böyüyün böyük yeri vardı, kiçiyin kiçik yeri. Ağsaqqalların sözü qanun idi. Odur ki, böyüklər olan yerdən ya keçməz, ya da çox ehtiyatla, ədəb-ərkanla keçərdik.

Təhsil aldığım 125 saylı orta məktəb mənim üçün sözün əsil mənasında bir elm, bilik və nur ocağna çevrilmişdi. Məktəbə ilk qədəmlərimi 1954-cü ildə atdım. O dövrdə hələ həyatı, təbii ki, dərk etmir, dünyanı məhəlləmizdən ibarət təsəvvür edir, ətrafa evimizin pəncərəsindən baxırdım. Lakin tale üzümə güldü, mənə bu gün də böyük minnətdarlıq hissi ilə xatırladığım Heydər Eyvazov, Seyidəhməd Əfəndiyev, Mirsəməd Seyidov, Sitarə Şıxəliyeva, Səfurə Ağayeva, Əlövsət İdrisov, Vaqif Hənifəyev, Nadir Axundov, Muradəli Muradov, Səkinə Əliyeva, Nəsrullah Ishaqi, Davud Məmmədzadə, Zərifə Sərdarlı və s. böyük pedaqoqlardan dərs almaq şərəfi qismət etdi. Onların yardımı ilə elmlərin sirrlərinə yiyələndim, dünyagörüşüm genişləndi, həyata və dünyaya yeni nəzərlərlə baxmağı öyrəndim. Ən əsası isə onlar mənə kitabı sevməyi öyrətdilər.

Kitablar mənim ən böyük dostlarıma çevrilmişdilər. Yaxşı yadımdadır, hələ 6-7 – ci siniflərdə oxuyanda zirzəmidə kiçik bir kitabxana yaratmışdım. Ətrafıma da kitabsevər dostlarımı toplamışdım. Bu kitablardan ən çox məhəllə uşaqları -Manaf Manafov, Mayıl Ağadadaş oğlu, Süleyman Mövsümov, İslam Əliyev, Məmmədəli Məmmədov, Qəni Mövsümov, Lətif Seyidov, İsmayıl Cabbarov, Vaqif Heybətov, Arif Eyvazov, Ramiz Gülməmmədoğlu və başqaları istifadə edirdilər. Öncə kitabları oxuyar, sonra isə onları müzakirə edərdik. Ən çox və daha qızğın müzakirə etdiyimiz əsərlər isə Cəlil Məmmədquluzadənin “Ölülər”, Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”, Mirzə Ələkbər Sabirin satirik şeirləri və Voyniçin “Ovod” əsərləri olmuşlar.

8-ci sinifdə oxuyanda “Əqrəb” adlı məhəllə qəzeti buraxardım. Orada məhəllə sakinlərinin tədbirləri barədə məlumatlar verər, böyüklərin sözünə baxmayan dəcəl uşaqları tənqid atəşinə tutardım. Dostlarım da mənə yaxından kömək edərdilər. Bu fəaliyyətimiz bütün məhəllənin təqdirini qazana bilmişdi. Qonşularımızdan biri hər dəfə mənimlə üzləşdikdə həmişə zarafatla eyni sözləri deyərdi: “Maşallah, hər şeyi qəzetində yazırsan, yaxşı bilirəm!”

Beləcə, özüm də hiss etmədən, tədricən ictimai fəaliyyətlə məşğul olmağa başlamışdım. Bütün təşəbbüslər məndən gəldiyi üçün dostlarım da məni lider qismində görürdülər.

8-ci sinifdən etibarən Abbas Səhhət, Sabir, Cəlil Mmmdquluzadə, Məhəmməd Hadi, Mirzə Əli Möcüz, Səməd Vurğun, Cəfər Cabbarlı, Mikayıl Müşfiq kimi yerli, Onore de Balzak, Viktor Hüqo, Şekspir, Heyne, Höte, Voyniç, Teodor Drayzer, Ernest Hemenquey, Rabindranat Taqor, Lev Tolstoy, Lermantov və Bayron kimi xarici ədiblərin yaradıclığı ilə tanış olmağa başlamışdım. Şübhəsiz ki, dünyagörüşümün, düşüncələrimin formalaşmasında bu böyük zəka sahiblərinin böyük rolu olub.

9-10 – cu siniflərdə eyni vaxtda həm dram, həm də ədəbiyyat dərnəyinə gedirdim. Dram dərnəyində mənimlə birlikdə İsmayıl Cabbarov, Qəni Mövsümov, Məmmədəli Məmmədov və Salman Abbasi də çox fəal iştirak edirdilər. Əvvəlki kimi yenə də mənim kitabxanama toplaşır və müzakirələrimizə davam edərdik. Artıq müzakirələrimizin əhatə dairəsi bir qədər də genişlənmişdi. Tez-tez bu və ya digər dram əsərinə və hər hansı bir drammaturqun yaradıcılığına müraciət edirdik. Bu müzakirələr zamanı aktyor və rejissor sənəti barədə də uzun – uzadı mübahisə edər, bəzən fikirlərimiz üst-üstə düşmədiyindən bir- birimizdən inciyərdik, amma heç vaxt küsməz, ortaq məxrəcə gəlməyə çalışardıq. Beləcə, yavaş-yavaş polemika mədəniyyətinə yiyələnir, təhlil etməyi, fikirlərimizi səlis ifadə etməyi öyrənirdik.

Sən demə, bütün bunlar da tale yazımmış və beləcə, tale məni gələcək mübarizəyə, siyasi fəaliyyətə hazırlayırmış. Xosrov Ruzbeh demişkən, yol hədəfi inkar etməməlidir. Hələlik isə ideyalar toqquşması Füzulinin, Hadinin, Sabirin, Bayronun, Rəsul Rzann, Tofiq Fikrətin, Əbdülhaqq Hamidin, Cəfər Cabbarlının, Müşfiqin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Nazim Hikmətin bəşəri ideyaları ətrafında cərəyan edirdi. Heç yadımdan çıxmaz, bir dəfə Şekspir və Cabbarlı drammaturgiyasını müqayisəyə çəkmişdik. Müzakirəyə o qədər aludə olmuşduq ki, vaxtın necə keçdiyini qətiyyən hiss etməmiş, zirzəmini tərk etdikdə havanın çoxdan qaraldığını görüb təəccüblənmişdik. Bir dəfə isə günorta saat 13.00-da başlayan müzakirə axşam saat 18.00-da sona çatmışdı.

O dövrdə, təbii ki, bütün bunların bizi hara apardığının, hansı önəmli hadisələrə hazırladığının hələ fərqində deyildik. Amma artıq bildiyimiz və qəlbimizə yerləşərək, hər birimizi narahat etməyə başlayan bir həqiqətin fərqində idik. O da Vətənimizin bölünmüş olması, quzeyin rus, güneyin isə fars əsarətində qalması faktını ehtiva edən acı həqiqət idi. Doğrudur, bu həqiqətin dərki birdən - birə baş vermədi. Verə də bilməzdi. Çünki 1937-ci ilin vahiməsi insanları hələ də tərk etməmişdi. Bu baxımdan müəllimlərimiz də istisna deyildi. Odur ki, Heydər Eyvazov kimi böyük pedaqoq bizə Səməd Vurğunun “Azərbaycan” şeiri vasitəsilə Vətənə qızğın məhəbbət hissini aşılamağı bacarsa da, “Azərbaycan, Azərbaycan!” misrasının gerçək məna yükünü izah etməmiş, bunu zamanın və bizim şəxsi dərrakəmizin öhdəsinə buraxmışdı. Amma ədalət xatirinə deyək ki, həqiqəti dərk edə bilməmiz üçün ipucu verməyi də unutmamışdı.

Dövr çox pis dövr idi. Vətənsevərlik, millətsevərlik böyük cinayət hesab edilirdi. Bunu dilə gətirən və təbliğ edənlərin başları üzərində ölüm və işkəncə kabusu dolaşırdı. Eyni aqibət Allahı sevənləri, dininə-imanına bağlı olanları da gözləyirdi. Bizə tarix dərsi keçir və təhrifedilmiş tarixi gerçək kimi qələmə verirdilər və təbii ki, biz bundan hələ xəbərsiz idik. Axı, o dövrdə bizə həqiqəti söyləməyə kimin cəsarəti çatardı? Bizə nəinki həqiqəti söyləmir, əksinə, xalqımızın azadlıq carçıları olan müsavatçılar düşmən kimi, xalqımızın qanına susamış 26-lar isə xalq qəhrəmanları kimi təlqin edilirdi. Kommunist Partiyası fetişləşdirilmişdi. Bir sözlə, azad və müstəqil düşüncələrə sövq edə biləcək bütün nəsnə və vasitələr aradan qaldırılmşdı. Müstəqil fikir sahibləri dərhal DTK – ya çağrılır, işgəncələrə məruz qalır, yaxşı halda həbs edilərək sürgünə göndərilir, pis halda isə məhv edilirdilər. Bu qorxunc təşkilat hər yerə, orta və ali məktəblərə, zavod və fabriklərə, müəssisə və idarələrə tam nüfuz etmişdi və hər şeyi və hər kəsi nəzarət altında saxlayırdı.

Azadlığından və milli sərvətlərindən məhrum edilmiş xalqın nümayəndələri ya fədaiyə çevrilərək mübarizəyə qatılmalı, ya da bütün proseslərə laqeyid qalaraq tam bir biganəlik nümayiş etdirməlidirlər. Dövlət insanları məhz ikinci ruhda tərbiyə etmək üçün əlindən gələni əsirgəməmiş, bu da öz nəticəsini vermişdi. Olkədə tam bir biganəlik və laqeydlik hökm sürürdü. İnsanlar müstəqil düşünmək vərdişindən məhrum edilmiş, komanda ilə çalışan robotlar ordusuna çevrilmişdilər. Bununla belə düşünənlər vardı və onların sayı heç də az deyildi. Fəqət hamı təklikdə düşünür, fikirlərini məlum səbəbdən bölüşməyə, başqaları ilə paylaşmağa ehtiyat edirdi.

Biz də ədəbi əsərləri, dahi yazarların, fikir adamlarının düşüncələrini müzakirə edə-edə müstəqil şəkildə düşünməyi öyrənir, fikrimizi isə söyləməkdən çəkinmirdik. Çünki hələ uşaq idik və valideynlərimizdən fərqli olaraq, “37 xofu”nu dadmamışdıq. Odur ki, qorxmurduq, qorxmaq lazım olduğunu bilmirdik. Bu bizim heç ağlımıza da gəlmirdi.

Oxuduğum 125 saylı orta məktəbdə, ədəbiyyat dərnəyində Bayronun “Şərq” poemasının müzakirəsini heç vaxt unutmayacağam. O dövrdə məni bir sual çox düşündürürdü. Bilmək istəyirdim ki, lord olan Bayronu Yunan-Türk savaşına qatılmağa nə məcbur etmişdi, o niyə bu qərara gəlmişdi? Axı, adamlar var ki, nəinki başqalarının savaşında, hətta öz xalqının, ölkəsinin apardığı müharibədə iştirak etmək istəmirlər. Belələrini Vətəninin problemləri qətiyyən maraqlandırmır. Bayronun qərarının səbəbləri üzərində çox baş sındrmış, amma qaneedici bir nəticəyə gələ bilməmişdim. Oxuduğum hər bir kitab qarşıma bu tip çox sayda suallar çıxarırdı. Onlar üzərində çox düşünürdüm və düşünməyə məhkum idim, çünki tale məni qarşıda gözlənən böyük bir hadisəyə - Azərbaycan xalqının aparacağı və qələbə ilə sonuclandıracağı Milli Azadlq Hərəkatına hazrlayırdı. Bunu sonralar başa düşdüm. Başa düşdüm ki, bütün bunlar Tanrı tərəfindən xüsusi olaraq mənim üçün cızılmış alın yazısıymış. Hələlik isə oxuyur və düşünürdüm. Hər gün nə isə yeni bir şey öyrənməsəm, yata bilmirdim. Ziyalıları, mədəniyyət adamlarını onlarla görüşə, söhbətlərinə qulaq asa və fikir mübadiləsi apara bilmək üçün, sözün yaxşı mənasında, dəngəsər etmişdim.

Nəhayət, həsrətlə gözlədiyim an gəlib çıxdı. 1961-ci ilin ortalarında Azərbaycan rəssamlarının bir qrupu – “Abşeron məktəbi” adlandırılan cərəyanın nümayəndələri Buzovnaya toplaşmışdılar. Onlarla təmas qurdum. Şeir, poeziya həvəskarı olduğumu sezən rəssamlardan biri – Əlövsət Dadaş oğlu Əliyev məni öz evinə dəvət etdi. Onun evinə ayaq basdığım ilk gün heç vaxt yadımdan çıxmayacaq.

Sərin bir payız axşamı idi, havadan xəzan yarpaqlarnın qoxusu gəlirdi. Evin həyətində diqqətimi çəkən ilk şey üzərindəki barlarının hər biri kasa boyda olan, al qırmızı rəngli nar ağacı oldu. Gələcəyimi indidən qazanmaq ümidi ilə evə daxil oldum. Rəssamın kiçik otağının bir küncündə duran, üstünə qoyun dərisi sərilmiş, taxtadan qayrılmış qədim çarpayı diqqətimi dərhal özünə çəkdi. Ətrafa göz gəzdirdim. Buradakı əşyaların böyük əksəriyyəti qədimdən qalma idi. Odur ki, otağa bir qədimilik, tarixilik ab-havası hakim idi. Divarda xüsusi zövq və məharətlə ovulmuş cumaxatan isə məni sözün əsil mənasında sehirləmişdi.

Əlövsət əlindəki qəlyanını tüstülədə - tüstülədə məni otağa dəvət etdi, oturmağa yer göstərdi. Burada məndən başqa daha bir neçə nəfər də vardı. Bunlar ev sahibinin rəssam dostları Arif Əsgərov, Kamal Əhmədov və Rəfail Muradov idilər. Kimi kətildə, kimisə taxta çarpayıda oturmuşdu. Mən də keçib bir kənarda oturdum. Onların maraqlı söhbətlərini dinləməyə başladım. Dostlar Mopassan, Balzak, Napaleon, Niççe, Mikelancelo, Heminquey, Puşkin, Müşfiq və Sabir barədə elə həyacanla danışırdılar ki, onların sözlərinin sehrinə düşməmək mümkün deyildi. Rəssamları dinlədikcə bir yandan mənim üçün tam yeni olan fikirlərlə tanış olur, digər yandan isə mənəvi dünyamın hələ nə qədər kasad olduğunu anlayırdım.

Əlbəttə, bunda təəccüblü bir şey yox idi, axı, cəmi 14 yaşım vardı. Amma həmin gün daha bir şeyi başa düşdüm. Başa düşdüm ki, tam bir yol ayrıcındayam, ya əksəriyyət kimi bivec, hər şeyə laqeyd olan bioloji varlıqlardan biri olmalıyam, ya da ki, elm, mədəniyyət, ürfan aləminə istiqamət götürüb mənən zənginləşmək və kamilləşmək yolunu tutmalıyam. İkinci yol məni özünə cəzb edirdi.

Utana-utana onlara bir iki şerimi oxudum. Bəzi misralarımı bəyəndiklərini söyləyib, çox mütaliə etməmi məsləhət gördülər. Dedilər ki, istedadın var, mütaliə etməklə yolunu özün tapacaqsan. Kitablar özləri sənə yol göstərəcək.

Axşam oradan ayrıldım. Daşlı – kəsəkli, dolanbac küçələrlə evimizə tərəf yola düşdüm. Mollarzəligilin qapısı tərəfdən evimizə tərəf yoxuş başlayırdı. Yoxuşu qalxıb evlərdən birinin hasarına söykənərək, Buzovnanı qoynuna almış Xəzəri seyr etməyə başladım. Qarşımda açılan mənzərə necə də əsrarəngiz idi. Evlərin qurtardığı yerdən sonra başlayan kəhraba rəngli qumluq ərazi dənizə qədər uzanırdı. Seyrək qaraağac və əncir ağacları göz oxşayırdı. Dərin düşüncələrə qərq olmuşdum. Dənizə baxır və hey düşünürdüm. Dəniz necə də təmiz idi. Onda həsəddən, paxıllıqdan, kin və küdurətdən əsər-əlamət belə yox idi. Bütün bu mənzərənin özü bir məktəb idi – Abşeron məktəbi... Sərt küləklərin, fırtınaların yaratdığı böyük bir həyat məktəbi. Bu məktəb kimləri yetirməmişdi ki?

İndi həmin mənzərə bütünlüklə pozulub. Bu isə o deməkdir ki, artıq Abşeron məktəbi yoxdur. Halbuki bu məktəb Azərbaycana Mircavad Cavadov, Qafar Seyfullayev, Arif Əsgərov (ona Saqqal Arif də deyərdilər), Əlövsət Əliyev, Rəfail Muradov, Kamal Əhmədov, Xanlar Əhmədov, Fərhad Xəlilov, Fuad Bakıxanov, Əlihüseyni, rəssam Mirnadir Zeynalov kimi istedadlı rəssamları bəxş edib. Yadımda qalmayanların sayı isə qalanlarınkından qat-qat çoxdur.

Yeniyetməlik dövründə insana romantizmə meyl, inadkarlıq, xəyalpərəstlik daha çox xas olur. Mən də, dostlarım Qəni, İsmayıl, Məmmədəli, Vaqif, Cənnətəli, Manaf və başqaları da bu baxımdan istisna deyildik. Əvvəllər olduğu kimi, yenə də evimizin zirzəmisində toplaşır və müzakirələrimizə davam edirdik. Müzakirələr yenə də, əvvəllər olduğu kimi, saatlarla davam edirdi. Fikrimizi daha çox Cəfər Cabbarlnın “Oqtay Eloğlu” və Aydın” pyesləri üzərində cəmləşdirmişdik. Bu əsərləri günlərlə, hətta həftələrlə təhlil edirdik. O zaman hələ Cəfər Cabbarlının böyüklüyünü tam mənasıyla anlamırdıq. Yalnız sonralar, ali məktəbdə oxuyarkən anladıq ki, Şekspir ingilislər üçün nədirsə, cəmi 34 il ömür yaşamış Cabbarlı da bizim üçün, yəni Azərbaycan üçün odur.

Yaz gələndə Buzovna gül-çiçəyə bürünərdi. Şobbu, məxmər, levkip, nərgiz güllərinin ətri bir-birinə qarışardı. Həyat çox çətin və ağır keçirdi. Söhbət təkcə maddi deyil, həm də mənəvi çətinliklərdən, ən əsası isə azad şəkildə düşünməyin, fikir söyləməyin qeyri-mümkün olmasından gedir. Bununla belə, sözünü deməkdən çəkinməyən kişilər də tapılırdı, daha doğrusu vardı. Yəni yadellilərin zülmü altında inləyən Vətənin təəssübünü çəkənlər yox idi, - desək, doğru olmaz. Amma laqeyd və biveclər, başqa sözlə manqurtlar daha çox idi. Belələrini tarixi abidələrimizin sökülüb-dağılması qətiyyən narahat etmirdi. Abidələr isə sürətlə sökülüb-dağılmada idi. Amma salamat qalanları da vardı.

Buzovna Aşağı məhəllə, Yuxarı məhəllə və Daşlı məhəllə deyilən üç hissədən ibarətdir. Bunlardan Daşlı məhəllə daha qədimdir. Bu məhəllədən sonra Xan bağı adlanan ərazi gəlir. Kənd əhli maldarlıq, əkinçilik və bağçılqla məşğul idi. Bağlar Zağulbaya qədər uzanırdı. Albalı bağları daha böyük idi. Buzovnanın qərb çıxacağından Tuğay bağları başlayırdı. Vaxtilə Ağsiyal bağları və kənd sakinlərinin bostan sahələri də mövcud olub. Bu məkanda indi büllur və alüminum zavodları yerləşir. Bir qədər aralıda neft mədənləri qərar tapıb. Ötən əsrin otuzuncu illərinə qədər Ağsiyal bağlarında yetişdirilən qovun-qarpız çox məşhur idi. Deyilənə görə bal kimi şirin olurdular. Sonralar həmin ərazilərdə neft tapıldığından bağlar ləğv edildi. Bostanlar və digər təsərrüfat sahələri də eyni aqibətlə üzləşdi. Buna qarşı çıxmağa cəsarət edənlər isə qolçomaq elan edilərək, Sibirə sürgün edildilər. Hacı İsgəndəri isə güllələdilər. Sibirə sürgün edilənlər içərisində Ruhulla Axundov kimi ziyalılar, axund Mirzəli və axund Məzahir kimi ilahiyyatçı alimlər də vardı. Repressiyalar dalğasının kəndimizi daha şiddətlə vurduğunu söyləmək olar. Bunun əsas səbəblərindən biri də Mircəfər Bağırovun yay istirahət bağının Buzovnada yerləşməsi, onun istirahət üçün tez-tez bura gəlməsi idi.

Olduqca qaranlıq bir dövr idi. Həmin dövrdə “Kommunist” və “Pravda” qəzetlərinin yaydığı məlumatlardan fərqli məlumatlar, ideyalar yaymaq cinayət hesab olunduğundan insanlar düşündüklərini dilə gətirməkdən qorxurdular. Fərqli düşüncələr isə əsasən “BBS” və “Amerikanın səsi” radiostansiyalarının yaydıqları xəbərlər və siyasi şərhlər əsasında formalaşırdı. Bütün bu qorxu piramidasının zirvəsində İosif Stalin dururdu. Georgi Dmitrovun yazdığına görə, 1937-ci ilin 7 noyabrında K. Y. Voroşilovun mənzilində nahar zamanı Stalin nəinki Sovet İttifaqına, Kommunist Partiyasının qərarlarına qarşı çıxanların özlərinin, eləcə də onların qohumlarının, yaxınlarının, ailə üzvlərinin məhv edilməsinin və ya sürgün edilməsinin zəruriliyini dilə gətirmişdi.

Odur ki, bütün SSRİ - də olduğu kimi, Azərbaycanda da, o cümlədən Bakıda və Bakı kəndlərində də kütləvi tuthatutlar, həbslər başlamışdı. Çoxları izsiz-soraqsız yola çıxırdı. Ən dəhşətlisi isə bu idi ki, digərləri susur və özlərini bundan xəbərsiz kimi aparırdılar. Susmağa məcbur idilər. Çünki qorxurdular. Bir çoxları isə özünü və ailəsini bu fəlakətdən qorumaq üçün xəbərçilik, böhtançılıq yolunu tuturdu.

Repressiyaya uğrayan təkcə insanlar deyidi. Milli və dini ruhun daşlarda yaşayan izlərini əks etdirən abidələr də eyni aqibətlə üz-üzə qalmışdılar.

Kəndimizin tarixi eradan əvvəl l minilliyə qədər uzanır. Burada tarixin müxtəlif dövrlərini əks etdirən çox sayda abidə olsa da, onların çox az bir hissəsi dövrümüzədək çatıb. Onlar da olduqca acınacaqlı vəziyyətdədir. Qum hamamından, Buzovna qalasından, eləcə də Hun qəbristanlığındakı kitabələrdən isə əsər-əlamət belə qalmayb. Bütün bunlar insanları milli köklərindən ayırmaq, milli ruhun alovlanmasına təkan verə biləcək hər şeyi məhv etmək üçün edilirdi.

Məktəbdə oxuduğum illərdə sözün qüdrətini anlamış, onun vasitəsilə ifadə edilən fikrin gözəllik və aydınlığının məhz sözlərin düzülüşündən asılı olduğunu başa düşmüşdüm. Odur ki, fikirlərimin aydın və ifadəli olmasına çox çalışırdım. Diksiya, intonasiya məsələlərinə də ciddi fikir verir, vurğuları düz vurmağa, məntiqli olmağa çalışırdım. Təbii ki, dərslərimi də böyük səylə öyrənirdim. Nəticədə məktəbimizin ən nümunəvi şagirdinə çevrilmişdim. Müəllimlərim mənimlə fəxr edirdilər. Onların bu xoş münasibətini özüm üçün ən böyük hədiyyə hesab edirdim. Eyni zamanda Buzovnada keçirilən bütün tədbirlərdə fəal iştirak etməyə çalışırdım. Bu baxımdan Bəxtiyar Vahabzadə, Hüseyn Abbaszadə və Seyfəddin Dağlı ilə keçirilmiş görüşlər yaddaşıma əbədi olaraq həkk olunub.

1966 – cı ildə orta məktəbi bitirdikdən sonra sənədlərimi Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə verməyi qərara aldım və bu qərarımda çox israrlı idim. Çünki Azərbaycan ədəbiyyatnı, folklorunu az-çox bilsəm, də Azərbaycan tarixindən, demək olar ki, tam xəbərsiz idim. Bu tarixi öyrənmək, mənimsəmək istəyirdim”

Nəsir bəy Bakı Dövlət Universitetinin tarix fakültəsinə iki il daxil ola bilməsə də inadından dönmür, nəhayət ki, üçüncü il, 1969-cu ildə daxil olur. O dövrdə respublikanın hər yerində xüsusilə də Bakı Dövlət Universitetində milli özünü dərk istiqamətində bir oyanış, fəallıq mövcud idi. Burada xüsusilə Əbilfəz Elçibəyin gənclərlə apardığı təbliğatın nəticəsi olaraq Nəsir Ağayev daha aktiv siyasi-ictimai fəaliyyətə qoşulur. Tələbələr Şıxəli Qurbanovun Fəxri xiyabandakı məzarını hər Novruz bayramı günü səmənilərlə bəzəmək və şam yandırmaqla yad edirdilər. O illərdə hətta Şixəli Qurbanovun fotoşəkli və şəklin aşağısında “Şamlar yandı, vətən çıraqban oldu, Yarəb, nədən Şıxəli qurban oldu?” sətirləri olan xatirə bukletləri buraxılmışdı. Azərbaycanda Novruz bayramının keçirilməsi Şıxəli Qurbanovun adı ilə bağlıdır. Bu barədə mənə bir neçə il əvvəl Masazırdan olan Rizvan Naiboğlu mühüm faktlar danışmışdı. Azərbaycanda Moskva tərəfindən məsləhət görülən ikinci katib Yelistratov Şixəli Qurbanov haqqında Moskvaya həqiqətdən kənar məlumatlar verirdi. Eləcə də Brejnevin yaxın qohumu Azərbaycan DTK-nın sədri Sviqunun başçılıq etdiyi təşkilat da Şıxəli Qurbanova qarşı ədalətsiz mövqe tutmuşdu. Hətta iş o dərəcəyə çatmışdı ki, Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov Şıxəli Qurbanovu yanına çağıraraq demişdi: “Moskva mənim işləməyimə imkan vermir. Bircə onu bacarmışam ki, səni Azərbaycan KP MK-ə katib, Siyasi Büroya üzv kimi namizədliyini irəli sürmüşəm. Bu haqqda Mixail Suslova məlumat vermişəm. Təcili Moskvaya uç və onunla görüş. Nəyahət, Suslov Ş,Qurbanovun namizədliyinə öz razılığını bildirir. Yelistratov və ona bənzər yerli məmurlar bu razılıq qarşısında haqqsız hücumlarına bir qədər fasilə verirlər. O illərdə Tahirov soyadlı Azərbaycanın “Pravda” qəzetində təmsil edən bir jurnalist çalışırdı. Ş.Qurbanov Binədəki təyyarə meydanında Bahar bayramına aid fundamental bir yazısını Tahorva verərək bildirdi ki, çalış bu yazı “Pravda” qəzetində çıxsın. Əgər bu yazı “Pravda” qəzetində çıxmasa, məni millətçilikdə ittiham edənlərin hücumundan xilas olmaq üçün Azərbaycanı tərk etməli olacağam. Nəhayət, yazı “Pravda” qəzetində dərc olunur.


O vaxt gəncliyin formalaşmasında təkcə Əbilfəz Elçibəyin deyil, eyni zamanda Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Sabir Rüstəmxanlının, Məmməd İsmayılın, Rəsul Rzanın, Anarın, Söhrab Tahirin, Balaş Azəroğlunun və klassiklərimizin bizə miras qoyub getdikləri əsərlərin rolu son dərəcə böyük vardı. Bunda Sabir və Mirzə Cəlil kimi dahi ədiblərimizin irsinin müstəsna rol oynadığını xüsusi vurğulamaq lazımdır.

1972-ci il oktyabr ayının 29-da Nəsir Ağayevin təşəbbüs və başçılığı ilə Buzovnada, Cəlil Məmmədquluzadə küçəsində, 42 nömrəli evin 1-ci mərtəbəsində Şimali və Cənubi Azərbaycanı birləşdirmək ideyası məqsədi güdən AXDP (Azərbaycan Xalq Demokrat Partiyası) adlı gizli təşkilatı yaradılır. Bu təşkilatın fəal üzvlərindən Qəni Mövsumov, Fəxrəddin Məcidoğlu, Məmmədəli Məmmədov (Şəmi), Nazim Məmmədov (Buzovna), Salman Abbasi, Aslan Məmmədov, Tusi Orucov, Pakizə Rəhimova, Ağabala Ağayev, Vaqif Heybətov (Oğul), Fəxrəddin Zeynalov (Müller), Nəsir Ağayev (Fəryad), Həsən Vəliyev (Maştağa) və başqalarınn adını çəkmk olar. Bu gizli təşkilatın 5 nəfərdən ibarət siyasi şurası seçilir. Siyasi şuraya Nəsir Ağayev, Ağabala Ağayev, Nazim Məmmədov (Bakı), Vaqif Heybətov və Həsən Vəliyev daxil idilər. Siyasi Şura üzvləri gizli səsvermə ilə Nəsir bəyi partiyanın baş katibi seçir.

Nizamnaməyə əsasən baş katibə səlahiyyət verilirdi ki, təşkilatın qorunması və təhlukəsizliyi üçün məsul şəxsi heç kəsə bildirmədən özü müəyyənləşdirsin. Nəsir Ağayev bu vəzifəyə Vaqif Rəhim oğlu Heybətovu layiq görür və bu məsul işi ona tapşırır. Gizli fəaliyyət göstərən təşkilatın imkanları məhdud olsa da, onun üzvləri elə ilk günlərdən başlayaraq, Bakıda, Saatlıda, Siyəzəndə milli kadrların yetişməsi üçün ideoloji fəaliyyətə başlayır. Şimali və Cənubi Azərbaycanın birliyinə gətirib çıxarmalı olan fikir və düşüncələrin geniş yaranması üçün əsasən Buzovna qəsəbəsinin müxtəlif yerlərində sakinlər ilə Söhrab Tahir, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Səidə İmanzadə, Əzizə Cəfərzadə, Mədinə Gülgün, Balaş Azəroğlu, Xəlil Rza, Əbülfəz Elçibəy və digər milli ziyalılar görüşlərini təşkil edirlər. Nəsir Ağayev qəlbi vətənin azadlığı ilə çırpınan o gənclərin fəaliyyətindən həyəcanla danışır: “...Biz hər bazar Cəlil Məmmədquluzadə küçəsi ev № 42 ünvanında toplaşırdıq. Həsən Vəliyev və Tusi Orucov “BBS” , “Azadlıq” və “Amerikanın səsi” radiostansiyalarının yaydıqları xəbərləri, eləcə də siyasi şərhləri kassetlərə yazırdılar. Birlikdə onları dinləyir, onları sovet mətbuatındakı xəbərlər və şərhlərlə tutuşdurur, müqayisələrdən çıxan fərqləri müzakirə edir, təhlillər aparırdq...

Çox zaman birlikdə kəhrəba qumlara iz sala-sala, dəniz kənarına, Buzovna qayalarının seyrinə gedərdik. Milli ideologiya, milli tariximiz, Vətənimizin bölünməsin səbəbləri və bunun acı nəticələri barədə uzun-uzadı söhbətlər edərdik. Düşünürdük ki, nefti, balığı, pambığı, çayı, mineral suları, zəngin filiz yataqları və digər təbii sərvətləti bol olan Azərbaycan nə üçün müstəqil ola bilməsin? Cavabını axtardığımız və tapdığmız bu sual kimi suallar bizi iradəli, mətin olmağa, müqəddəs amala doğru addımlamağa səfərbər edirdi. Xosrov Ruzbehin “Yol hədəfi inkar etməməlidir” fikri qəlbimizə və şüurumuza hakim kəsilmişdi. Abbas Səhhətin aşağıdakı misraları isə həyat amalımıza çevrilmişdi:

Şişə çəksəz də diriykən ətimi,

Atmaram mən Vətəni, millətimi.

Demək olar ki, vaxtımızın çoxu bu tip şüar xarakterli deyimlərin şərhinə və təhlilinə həsr edir, mövcud vəziyyətdən çıxış yolu arayırdıq. Onları özümüz tapmaq və seçmək məcburiyyətindəydik. Bütün kitablar, ilk növbədə də tarixlə bağlı kitablar Lenindən, Marksdan, Engelsdən gətirilən sitatlarla dolu idi və onlar göz çıxarırdı. Bizə lazım olan, könlümüzü oxşayan deyimlər isə müxtəlif kitablara seyrək şəkildə səpələnmiş vəziyyətdə idi. Onları zərrə-zərrə toplayaraq, bir araya gətirirdik. Çətin iş olsa da bundan nəinki usanmır, əksinə böyük zövq alırdıq.

Məni bolşevik inqilabının lideri Leninin də həyatı çox maraqlandırırdı. O dövrdə bu monstrın fikirlərinə bütün kitablarda bol-bol rast gəlinirdi. Hara baxırdınsa, onun şəklini və ya heykəlini görürdün. Azərbaycanın elə bir şəhər, rayon və ya kəndi yox idi ki, orada onun ya ayaq üstə durmuş, ya da oturmuş vəziyyətdə yapılmış heykəlləri olmasın. Halbuki, bu adam və onun müəllifi olduğu ideoloji sistem onlarla xalqa, milyonlarca insana bədbəxtlik gətirmişdi. Mənim xalqımın və Vətənimin də bədbəxtliyinin səbəbkarı məhz o idi. Onun Feliks Dzerjinskiyə ünvanladığı bir məktubu həyacansız oxumaq olmur. O yazırdı: “Mümkün qədər çox ziyalının qırılmasına səy göstərin. Onları kütləvi surətdə qırın...”

Tarixdə bu cür anormal hallar, yəni nadanların alqışlandığı, aqillərin isə qarğışlandığı dövrlər az olmayıb. Yaşadığmız dövr də onlardan biri idi.

Nəhayət, məlum evdə Azərbaycan Xalq Demokratik Partiyasın təsis etmək qərarna gəldik və bu fikrimizi 1972-ci ilin oktyabr aynn 28-də gerçəkləşdirdik...

Ayda bir dəfədən gec olmayaraq ümumi iclaslarımız olurdu. Bundan başqa, demək olar ki, hər həftə bir araya gələr, ABŞ, Çin, Rusiya, İran və s. ölkələrin tarixlərində baş vermiş mühüm olayları, xalq hərəkatlarını müzakirə edər, bu hərəkatların səbəb, məqsəd və mahiyyətlərini təhlil edərdik. Mən diqqəti daha çox Türkiyənin qədim və yeni tarixi üzərində cəmləşdirməyə çalışrdım.

Qəbul etdiyimiz minimum proqrama əsasən, bütün Azərbaycan miqyasında milli düşüncəli ziyalılar tapmaq, onlarla əlaqə yaratmaq və onları milli kadrlar kimi hazırlamağa çalışırdıq. Məqsədimiz onların respublikann idarəçiliyində təmsil olunmasına, vəzifə pillələrində yüksəlməsinə nail olmaq və idarəçiliyi tədricən ələ keçirmək idi. İstəyirdik ki, rəhbər vəzifələrdə çalışan türklərin sayı nəzərəçarpacaq dərəcədə artsın və rusları üstələsin. Azərbaycanın müstəqilliyinə bu yolla nail ola biləcəyimizi düşünürdük. Bu ideyanın müəllifi sevimli müəllimimiz Əbülfəz Əliyev (Elçibəy) idi. Sonralar bildim ki, onun tələbələri içərisində mənim etdiklərimi edən, gizli təşkilatlar quran və sözügedən ideyanın gerçəkləşməsinə çalışanlar heç də az olmayıb. Bizlər bir-birimizdən xəbərsiz eyni işi görür, eyni amal uğrunda çalışırdıq.

Maksimum proqramımızda isə Azərbaycanın quzeyi ilə güneyinin birləşməsi, yəni ölkəmizin bütünləşməsi, itirilmiş bütün torpaqlarımızın qaytarılması nəzərdə tutulmuşdu. İstəyimiz Azərbaycanı Şah İsmayılın dövründə olduğu kimi bütöv və qüdrətli görmk idi”.

Nəsir Ağayev həmin illərdəki fəaliyyətlərindən danışarkən, gördükləri önəmli işlər içərisində 1970-ci ildə təmtəraqla Nəriman Nərimanovun yubileyini keçirmələrini də həmişə xüsusi qeyd edir:

“Moskvada bəzi dairələr Nəriman Nərimanova milliyyətçilik damğası vurmaqla, onun adının tarixdən silinməsi üçün canfəşanlıq edirdilər. Belələrinin başında ermənilər, ilk növbədə də Şaumyan və Mikoyann övladları gəlirdilər. Onlar Nərimanovun yüzillik yubileyinin keçirilməməsinə çalışırdılar. Respublikanın özündə də bu məsələdə tərəddüdlər var idi. Odur ki, məsələyə çox ciddi önəm verirdik. Yubileyin gecikdirilməsi bizi bərk narahat edirdi. Belə olan halda təşəbbüsü öz üzərimə götürdüm və Əzizbəyov rayon kitabxanasına, əlaqədar orqanlara müraciətlər etdim. Sonda, çox çətinliklərdən sonra BAİB-in Mədəniyyət sarayında yubileyin keçirilməsinə nail oldum. Dostlarımla birlikdə bütün təşkilati məsələlri ən qısa müddətdə və ən yüksək səviyyədə görüb tamamladıq.

Tədbirdə iştirak etmək üçün ADU-nun müəllimlərindən Səidə İmamzadə, Əbülfəz Əliyev (Elçibəy), Radio Komitəsindən orada redaktor işləyən İsmayıl Xudavediyev dəvətimizi qəbul edərək Buzovnaya gəlmişdilər. İştirakçılar arasında əməkdar müəllim Heydər Eyvazov da var idi.

Yubiley gecəsini son dərəcə gözəl və aydın diksiyaya malik İsmayıl Xudaverdiyev aparırdı. Mən Nərimanovun həyat və yaradıcılığı barədə geniş məruzə etdim. Sonra söz alimlərə verildi. Səidə xanımın və Əbülfəz bəyin dərin məzmunlu çıxışları Mədəniyyət sarayının zalını başdan-başa doldurmuş tədbir iştirakçılarının ürəyincə oldu. Çıxış edənlərə gül dəstələri təqdim edildi.

Yubiley gecəsini konsert proqramı ilə başa vurduq. Həmin dövrdə musiqi dərnəyində fəaliyyət göstərən Məmmədbağır Bağırzadənin ürəyə yatımlı səsi iştirakçıların könlünü oxşadı.

Bu tədbiri keçirməklə buzu əritməyə nail olduq. Nəticədə Nərimanovun yubileyi, bir il gecikmə ilə də olsa, respublika səviyyəsində, rəsmi qaydada keçirildi. Şübhəsiz ki, buna məhz bizim tədbir təkan vermişdi. Çünki yuxarılarda başa düşdülər ki, bunu etməsələr, bu kimlərinsə etirazına səbəb ola bilər. Çünki bizim bu işi görməmiz, əslində, Moskvanın və respublika rəhbərliyinin sərgilədiyi mövqeyə etiraz mahiyyətində idi. Təsadüfi deyil, bu tədbirdən sonra onun təşkilatçıları müvafiq orqanların daha çox diqqət mərkəzinə gəldi və onlara nəzarət daha da artırıldı”.

Nəsir bəy 1973-cü ildə Nəsir Ağayev Bakı Dövlət Universitetini bitirir. Gördükləri gizli işlərin nəticəsi olaraq, uzun müddət işsiz qalır. İşsizlik, təşkilatın qarşıya qoyduğu məsələlərin daha ciddi şəkildə yerinə yetirilməsinə zəmin yaradır. Onun siyasi baxışlarına Universiteti bitirərkən hazırladığı və diplom işi kimi müdafiə etdiyi “Nəsimi hürufizmində ictimai-siyasi motivlər” mövzusu olduqca önəmli rol oynayır...

Nəhayət 1975-ci ilin avqust ayında Nəsir Ağayevi Buzovna qəsəbəsindəki 55 nömrəli orta texniki peşə məktəbinə pedaqoq işə kimi qəbul edilir. Şagirdlərə tarix, hüququn əsasları və ictimayyət fənlərindən dərs deməyə başlayr. 1975-78-ci illərdə “Muğam gecələri”, “ Sabir poeziyası”, “Böyük Vətən müharibəsi”, “Azərbaycanın tarixi” kimi tematik tədbirlərin ssenarinin hazırlanması və icrasında əsas rol oynayır. Onun bu illər ərzində Nizami Gəncəvi, Məşədi Azər Buzovnalı, Söhrab Tahir, Xəlil Rza, Məmməd Araz, Əli Vəliyev, Hüseyn Abbaszadə ilə qəsəbə ziyalılarının görüşlərinin təşkili Bakı ətrafı kəndlərdə olduğu kimi, respublikanın digər bölgələrində də böyük əks-səda doğurur.

Eyni zamanda gənclər ilə fərdi iş aparmağı da unutmayan Nəsir bəyin sözlərinə görə, həmin dövrdə Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması, “Latın dili” kimi şerləri, eləcə də Xəlil Rzanın “Ana dili” şeri gənclərə xüsusi təsir bağışlayır, onlarda milli hisslərin oyanmasına güclü təkan verirdi. Novruz bayramları ərəfəsində Novruz tədbirlərinin səhnələşdirilməsinin, bu yolla milli adət-ənənələrimizin yaşadılmasının, eləcə də digər bu səpkili tədbirlərin təşkili milli şürun formalaşmasında və xalqımızın bir millət kimi özünü dərk etməsində çox vacib rol oynayırdı.

Novruz bayramının dövlət səviyyəsində keçirilməsində ictimai-siyasi xadim Şıxəli Qurbanovun əvəzsiz xidmətləri olmuşdu. O bu bayramın rəsmiləşdirilməsinə çalışırdı. Milli ruhun ayaqda qalmasında zəngin ədəbiyyatımız və adət-ənənələrimizlə yanaşı muğamlarımızın da rolu az olmayıb. Qırmızı Rus imperializmi Azərbaycanın dövlətini müstəmləkəyə, xalqımızı kölə vəziyyətinə salmağı bacarsa da, milli ruhun daşıyıcısı olan ədəbiyyatımzı, milli adət-ənənələrimizi, muğamlarımızı qəlblərdən və şüurlardan söküb atmaqda aciz idi. Odur ki, Nəsir bəy qurduğu dərnək vasitəsilə apardığı təbliğat işində, onlardan bol-bol istifadə edir, bu yolla şagirdlərində milli ruhu oyatmağa, onlara azadlq ideyalarını aşılamağa çalışırdı. Bir sözlə, vaxtilə Əbülfəz Əliyevdən görüb öyrəndiklərini məharətlə tətbiq edirdi.

Nəsir bəy həmin dövrü belə xatırlayır.

“Azad fikir, azad düşüncə olmadan heç bir məmləkət azadlığına nail ola bilməz. Yaratdığım təşkilatın üzvləri qadağan olunmuş kitablar əldə edər, onları öyrənər və yayırdılar. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski haqqında, çox çətinliklə də olsa, müəyyən məlumatlar əldə edir, onları digər gənclərə çatdırırdılar. Təşkilat üzvləri “BBS” və “Amerikanın səsi” radio stansiyalarına qulaq asır, eşitdiklərin yaymaqla məşğul olurdular. Həmin dövrdə kütləvi yerlərdə “mən “BBS” - yə qulaq asıram” demək müstəsna qəhrəmanlıq kimi qiymətləndirilirdi. Bir sözlə, siyasətdən danışan şəxslədən ehtiyat edir, onlardan uzaq olmağa çalışırdılar. Əhalinin əksəriyyəti belə hesab edirdi ki, siyasətlə məşğul olmaq hüququ yalnız Kommunist Partiyasına məxsusdur, digərləri isə onunla məşğul ola bilməzlər. Buna görə də digərlərinin siyasətdən danışmasına və fərqli düşünclərə sahib olmasına təəccüblə baxır, belələrini millət xaini, dövlət düşməni hesab edirdilər”.

Nəsir bəyin başçılıq etdiyi gizli təşkilat get-gedə genişlənirdi. Bakının Buzovna, Bilgəh, Nardaran, Maştağa, Keşlə, Zabrat, Binə, Şüvəlan, Mərdəkan, Zirə və s. kəndlərində, eləcə də Azərbaycanın müxtəlif rayonlarında təşkilatla əlaqə saxlayanların sayı durmadan artırdı, təşkilat üzvləri lazımi məlumatlar toplayır və yayardılar. Nəsir bəyin sözlərinə görə, gənclərə XVl əsrdə on dörd yaşlı Şah İsmayıl Xətainin 1 mln kv. km.- dən artıq əraziyə sahib Azərbaycanı birləşdirib bütövləşdirdiyini və onun dövründə Azərbaycanın paytaxtının Təbriz şəhəri olduğunu dedikdə, onlarda xüsusi maraq və gələcəyə ümidlə üçün stimul yaranırdı...”

Nəsir bəyi dinləyək:

“...Rəssamlar demək olar ki, azadlığı həyatları bahasına yaratdığı əsərləri ilə qazanan insanlardır. Bu azad düşüncə sahiblərinin qəlbinin və ağıl süzgəcinin çərçivəsi, əvvəli və sonu bilinmir. Zaman kimi sonsuzdur bu azadlıq fədailərinin düşüncələri. Bütün dövrlərdə olduğu kimi, tariximizin bu mərhələsində də inqilab ruhlu rəssamlardan Əlövsət Dadaş oğlu Əliyev, Arif Lətif oğlu Əskərov (saqqal Arif), Rəfail Həsən oğlu Muradov, Əli Zeybulla oğlu, Kamal Əhmədov, Oleq İbrahimov, Fuad Bakixanov, Fərhad Xəlilov, Aydın Rəcəbli, və başqalarını bu gün də dərin minnətdarlıq hissi ilə xatırlayıram və onlar buna layiqdirlər.

Rəssamların, görkəmli tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərini öyrənmək gerçəkdən də çox maraqlıdır. Bu tip adamlar haqqında, misal üçün, Van Qoq, Qoyya, Rembrant, Modelyani, Pikasso, Mikelancelo, Leonardo da Vinçi haqqında onların yaradıcılığına, həyat yoluna bələd olmadan yalnız nadan meşşanlar danışmağa cəsarət edə bilərlər. Eləcə də Gəncəli Cavadxan, Macar şairi Şandor Petefi, Napoleon Bonapart, Corc Vaşinqton, Kardinal Rişelye, Səlahəddin Əyyubi, Nadir şah, Şah İsmayıl, Məmməd Əmin Rəsulzadə, Cəfər Cabbarlı, Mirzə Ələkbər Sabir, Teodor Ruzvelt, Məhəmməd Hadi kimi bir sıra görkəmli şəxslərin dərindən öyrənilməsi və dərk edilməsi üçün illər tələb olunur. Hər bir insanın qazandığı elm və bilik onun həyat yolunda aparacağı yükü müəyyənləşdirir...

Yaranmış gizli təşkilatın fəaliyyəti, mahiyyəti onun üzvlərinin nəzəri bilikləri əsasında tənzimlənirdi. Bu biliklər bizi Azərbaycanın bütövlüyü, onun mənəvi birliyi, azadlığı uğrunda fəaliyyətə sövq edir, bizə böyük stimul verirdi. Axı necə ola bilər ki, dili, adət-ənənəsi, dini bir olan bir xalq parçalanmış və əsarətə məhkum halda yaşasın və bununla barışsın? Bu mümkün deyil. Madam ki, bu hal bizi və bizim kimiləri narahat edir, demək, hələ ümid var, ruhdan düşmək üçün heç bir əsas yoxdur. Çalışmaq, çalışmaq və yenə də çalışmaq lazımdır”.

1974-cü ildə Bakı Dövlət Universitetində Dövlət Təhlukəsizlik Komitəsi bir sıra həbslər keçirdi. Əbülfəz Əliyev həbs edildi. O, ermənilərə, farslara və ruslara qarşı yönəlik qatı millətçilikdə ittiham edilirdi:

“Nəsir Ağayev və digər təşkilat üzvləri, qoyulmuş qadağaya baxmayaraq, müəllimlərinin məhkəməsində iştirak etməyi özlərinə mənəvi borc hesab edirdilər. Əbülfəz Elçibəy o zaman Kommunist küçəsində (indiki İstiqlal) yerləşən Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinin qarşısında tələbələri tez-tez söhbət edər, qorxub çəkinmədən, onlara Azərbaycanın azadlığı fikrini aşılamağa çalışardı. 27-28 yaşı olan bu gənc müəllim tələbələrə qaynayıb qarışmaqla böyük nüfuz qazanmışdı. O, müəyyən çətinliyə, maddi imkansızlığa düçar olan tələbələrindən yardımını heç vaxt əsirgəməzdi. Bir dəfə müəllimlərdən Məmməd Əfəndiyev adlı birisi tələbələrə yaxınlaşaraq deyir ki, “Əbülfəzlə bu görüşlərinizdə nədən danışırsınız, bu toplantıların məqsədi nədir?”

Həmin an tələbələr arasında olan Nəsir Ağayev cavab verir:

“Heç, elə belə görüşürük, bizə lazım olan bilikləri əldə edirik, cavabını bilmədiyimiz suallara cavab tapırıq”.

Şamil müəllim ciddi görkəm alaraq onlara bildirir ki, onun, yəni Əbülfəz müəllimin fəaliyyəti onunla nəticələnəcək ki, Dövlət Təhlukəsizlik Komitəsi bir çoxlarınzı həbs edəcək və belə getsə, Universiteti bütünlüklə tikanlı məftillə əhatəyə alacaqlar.

Əbülfəz Əliyevin məhkəməsində bir vaxt cəsarətdən, qorxmazlıqdan danışanların bir çoxu onun üzünə durdular. Əbülfəz müəllim isə onlara qarşı heç bir söz də demədi. O, tələbələrini zərbə altında qoymamaq üçün bildirdi:

“Bəli, mənə qarşı deyilənlər düzdür və mən onlara qarşı heç nə deyə bilmərəm. Mənə görə onları günahlandırmayın, bütün gunahlar məndədir”.

O zaman Əbülfəz müəllimin milli məsələyə görə həbs edilməsi böyük siyasi hadisə və demək olar ki, çoxları üçün böyük gələcəyə malik möhtəşəm məktəb idi...”

Məmməd Əlizadənin Nəsir bəyin sözlərinə istinadən yazdıqlarından belə məlum olur ki, həmin dövrdə, bütün bu mürəkkəb hadisələrin fonunda yüzlərlə mübariz ruhlu insan, xüsusilə də Nəsir Ağayev hər gün təhlukəsizlik komitəsi tərəfindən çağırılacaqları anı gözləyirdi. Fəqət, o anın nə zaman gələcəyini bilmirdilər. Həyəcanverici məqamlardan biri də o idi ki, 1978-ci ilin avqust-sentyabr aylarından etibarən Əbülfəz Əliyevin tələbələrinin məskun olduqları bütün evləri, xüsusən də Nəsir Ağayevin yaşadığı Cəlil Məmmədquluzadə küçəsi 42 ünvanındakı ev ciddi nəzarətə götürülmüşdü. Ev, demək olar ki, bir çox istiqamətdən ciddi nəzarət altında idi.

Nəsir Ağayev həmin dövrü belə xatırlayır:

“Bunu məhəlləmizə heç bir aidiyyatı olmayan adamların tez-tez görünməsindən hiss edirdim. Qonşuluqdakı 44 № - li evdə məskunlaşan hündür boylu birisinin hər səhər işə gedərkən məni müşayiət etdiyini görürdüm. Sən demə, bu şəxs mənim arxamca gələn maşınların nömrələrini, seriyalarını qeyd edir, gələn adamların siyahısını, adlarını müəyyənləşdirirmiş. Günlərin birində 44 N-li evin sakini Kəbirə Kamil qızından soruşdum:

“Kəbirə, mən hər səhər işə gedəndə sizin qapıdan bir kişi çıxıb nəzərləri ilə məni yola salır. O, kimdir?”

Kəbirə cavab verdi:

“O, qardaşım Abdullanın dostudur. Ağdamdan Bakıya iş dalınca gəlib, bizdə qalır”.

Əslində isə həmin bu şəxs mənim haqqımda hər gün müvafiq orqanlara məlumat verirdi. Artıq ciddi şəkildə bir gün həbs olunacağımı düşünməyə başlamışdım. Amma həbsimin hansı səbəbdən bu qədər uzandığını heç cür anlaya bilmirdim. Bəzən gecələr də küçədə şübhəli adamlar görünürdü. Sən demə, bizim təşkilatla qətiyyən heç bir əlaqəsi olmayan, əsgərlikdə olan Bəxtiyar adlı bir həmkəndlimiz əsgərlikdə tez-tez Buzovnada gizli təşkilatın olduğunu və mənim bu təşkilata rəhbərlik etdiyimi deyibmiş.

Hərbi hissədə olan xüsusi şöbə Bəxtiyarı istintaqa cəlb edir. Şöbənin əməkdaşları belə bir qənaətə gəlirlər ki, mən BAİB zavodu üçün kadrlar hazırlayan peşə məktəbində dərs deməklə, həm də bu zavodu nəzarətim altında saxlayıram. Əslində isə, bu zavodda işləyən 5 mindən artıq işçinin özləri bir-birinə nəzarət edirdilər. Bu zavodda raket başlıqları və digər hərbi sursatlar istehsal edilirdi. Sən demə, o vaxt Buzovna südçülük, tərəvəzlik sovxozunun direktoru olan Abdulla Səlimov oğlu Kamili yanına çağırıb ondan DTK – ya gedərək, mənim barəmdə, eləcə də başçılıq etdiyim təşkilat haqqında bildiklərini danışmasını tələb edibmiş. Kamil Səlimov da atasının təhriki ilə gizli təşkilatda aparılan danışıqlar və söhbətlər haqqında təqribən 3 vərəqlik məlumat yazaraq DTK-ya təqdim edibmiş. Artıq Fəxrəddin Zeynalov, Qəni Mövsumov, Məmmədəli Məmmədov, Vaqif Heybətov istintaqa cəlb edilmiş, onlardan izahatlar alınmışdılar. Yalnız Fəxrəddin Zeynalovdan məlumat yazmağı tələb etmişdilər. Bununla da DTK əməkdaşları izi itirməyə və onlara təşkilatımız barədə ilkin məlumatları ötürmüş şəxsi gizli saxlamağa çalışırdılar. Artıq məhəllədə, müəllimlik etdiyim məktəbdə gərginlik hiss edilirdi.

Dərs dediyim 8-ci otağın qarşı tərəfində hərbi kabinet yerləşirdi. Burada TOZ- tipli silahlar var idi. Bu silahlara el içində “Mantikres” də deyirlər. Tez-tez həmin hərbi kabinetə məndə heç bir şübhə doğurmayan orta boylu, bir qədər şişman görünən, xəz paltolu, “Jiquli” avtomobili olan (nömrəsi 12-55 idi) bir şəxs gəlib - gedirdi. Sonralar bildim ki, bu şəxs ona görə hərbi kabineti gəlib yoxlayırmş ki, mənim vasitəmlə təşkilat üzvlərinin buradakı silahların müəyyən qismini ələ keçirə biləcəklərindən ehtiyatlanırmışlar. Onu da bildim ki, hərbi kabinetə gələn bu şəxs Əzizbəyov rayon Dövlət Təhlukəsizlik Şöbəsinin rəis müavinidir.

Əbülfəz Elçibəyin məhkəməsindən sonra insanlarda cəmiyyətdəki haqsızlıqlara qarşı mübarizə ruhu formalaşmağa başlamışdı. Moskvanın Azərbaycana yad, düşmən münasibəti gəncləri daha da radikallaşdırmışdı. Günlərin birində, daha dəqiq desəm, 1978-ci ilin sentyabır ayının ortalarında o vaxt 55 saylı texniki peşə məktəbinin azad komsomol katibi işləyən Ağabala Ağayev məni 55 saylı texniki peşə məktəbinin müəllimlər otağının sağ tərəfində yerləşən metodiki kabinetə dəvət etdi.

Mən içəri daxıl olanda o içəridən qapını bağladı. Oturduq. Həddindən ziyadə gərgin və ciddi görünürdü. Bilirsən, - deyə o, mənə müraciət etdi:

“KQB (DTK) səni dindirə bilər. Nə deyə biləcəksənsə fikirləş. Artıq bir çox adamları dindiriblər. Hamısından da iltizam alıblar ki, Nəsir Ağayev haqqında burda aparılan danışıqlar və alınan izahatlar haqqında heç yerdə, heç kəsə danışa bilməzlər. Əgər bu iltizamı pozsalar, onlara qarşı cinayət işi qaldırıla bilər”.

Ağabala Ağayev həmçinin bildirdi ki, DTK-da başçılıq etdiyim gizli təşkilat və onun üzvləri barədə müfəssəl məlumat var. Təəccüblə bunları haradan bildiyini soruşdum. Cavab verməyəcəyini sanırdım, amma gözlədiyimin əksinə olaraq, cibindən diyircəkli qələmini çıxarıb ağ bir vərəqdə “Fəxrəddin Zeynalov” yazdı.

Artıq hər şey mənə məlum olmuşdu. Fəxrəddinin, əslində təşkilatımızdan xəbəri yox idi. O, tez-tez bizə gələr, toplandığımız günlərdə də bəzən bizdə olardı. Amma çox zaman ikinci mərtəbədə olar, zərurət olmasaydı aşağı düşməzdi. Nə üçün toplaşdığımız, nəyi müzakirə etdiyimizlə də heç vaxt maraqlanmazdı. Ancaq o bilirdi ki, yanıma gələnlərin əksəriyyəti müəyyən vaxtda siyasi məsələlər və təşkilati işlər üçün gəlirlər. Onun “Moskviç - 412” markalı maşını vardı. Tez-tez maşını ilə müxtəlif kəndlərə gedər, orada görüşlər keçirərdim. O, toplantılarda iştirak etməz, kimlərlə görüşdüyümü bilməzdi. Görünür, bəzi şeyləri sezə bilibmiş.

Yaxşı bilirdim ki, həyat yalnız əyləncə və oyundan ibarət deyil, onun sərt imtahanları da olur və onlardan şərəflə çıxmaq hər kişinin işi deyil, amma bu imtahanlardan üzü ağ çıxmaqdan böyük şətəf ola bilməz. Bu söhbətdən sonra başa düşdüm ki, ən ağır, ən çətin bir yükü öhdəmə götürəndə necə sevinmişdimsə, indi onun ağırlığını, əzabını çəkməyə də eyni dərəcədə hazır olmalıyam.

Bütün baş verənlərə görə heç kimi günahlandırmaq da olmazdı. Ona görə olmazdı ki, bu yolu özüm könüllü olaraq seçmişdim. Madam ki, özüm seçmişəm, təqib, təzyiqlərə də dözməliyəm, necə ki, məndən öncəkilər dözmüşdülər.

1978-ci ilin oktyabr ayının əvvəlləri idi. Müəllimlər otağından sinif jurnalını götürəndə hiss etdim ki, arxamdan kimsə mənə nəzarət edir. Cəld geri dönərək ucadan dedim:

“Aparacaqsınızsa, kişi kimi gəlin, üzümə deyin. Hər gün bu gizlanpaç oyunu kimə lazımdır? Bilirəm ki, aparacaqsız. Bunu gecikdirməyə dəyməz”.

Məni nəzərləri ilə müşayiət edən həmin şəxs tələbələrin və müəllimlərin içərisində görünməz oldu. Bir neçə gün keçdi. bir gün Nazim Məmməd oğlu Məmmədov evimizə, mənim yanıma gələrkən, Gilavar tərəfdə yaşayan qonşumuz ondan hara getdiyini soruşur və deyir:

“Nəsirin yanına gedirsənsə, getmə, o, bugün-sabahlıqdır, onu tutacaqlar”.

Bütün bunları mənə Nazim söylədi. Bir sözlə, artıq Buzovnada Təhlukəsizlik Komitəsinin bütün ciddi cəhdlərinə baxmayaraq gizli təşkilatın və mənim həbsimə dair söhbətlər böyüməkdə, yayılmaqda idi. Oktyabrın hər günü həyəcan və gərginliklə keçirdi, gecələri isə sonsuzluq qədər uzun gürünürdü. Oktyabrın 18-də səhər peşə məktəbinə gəldim. Həmişə ciddi, etik münasibətlərə çox dəqiq əməl edən müdirimiz Zöhrab Qədirov mənə yaxınlaşdı və dedi:

“Nəsir müəllim, sizi “raykom partiyaya” çağırırlar, sizi mən aparmalıyam”.

On dəqiqədən sonra mən artıq Zöhrab müəllimin “Jiquli” maşınında əyləşmişdim. Yola düşərkən əlimlə Məmmədəliyə aparıldığımı işarə etdim. Yol boyu Abbas Səhhət, Sabir və Şəhriyardan millətçi ruhlu şerlər deyirdim. Mərdəkanın girəcəyində Abbas Səhhətin şerindən iki misra məni yerimdən oynatdı. Həmin misraları xüsusi şövqlə dilə gətirdim:

“Şişə çəksəz də diriykən ətimi,

Atmaram mən Vətəni, millətimi”.

Dəqiq bilirdim ki, məni rayon Partiya Komitəsində deyil, DTK- nın yerli şöbəsində gözləyirlər. Zöhrab müəllim mənə çevrilərək, əlini dizimə qoydu:

“Nəsir müəllim, məni bağışla, səni arxadan gələn maşın mənə tapşırıb. Çalış ürəyindəkiləri açma. Ətrafındakıların hamısı heç də millətini sənin kimi sevmir. Ehtiyatlı ol”.

Söhbət kəsildi ...”

Nəsir bəyi DTK-nın dar dəhlizi ilə kiçik bir otağa gətirirlər. Dəhlizi geçərkən yaxınlıqdakı otaqda kimisə dindirildiyini və onu dindirən müstəndiqin ucadan hədələyici səsini eşidir. Bu onun, istər-istəməz, bir qədər həyacanlanmasına səbəb oldu, amma özünü ələ almağı bacardı. Nəsir bəyi gətirdikləri otaq çox cansıxıcı idi. Bu otaqda tam bir saat gözləməli oldu. Nəhayət, içəri Əzizbəyov rayon DTK-nın rəis müavini Ağabala Manafov daxil olur. Əvvəlcə Nəsir müəllimə diqqətlə baxır, sonra ciddi, zəhmli baxışlarla soruşur:

“Özünü burda necə hiss edirsən?”.

Nəsir bəy sakitcə:

“Dövlətimdə olduğu kimi”.

Sonra Manafov həyatından, təhsil illərindən və orqana necə gəlməsindən danışmağa başlayır. Mənalı baxışlarla Nəsir bəyə baxır və onun da öz həyatından, təhsil aldığı ali məktəbdən danışmasını istəyir. Nəsir Ağayev ona qısaca məlumat verməklə kifayətlənir. Bu tanışlıq xarakterli görüş iki saata yaxın davam edir. Sonra Manafov ayağa qalxıb, -bir azdan gəlirəm, deyərək otaqdan çıxdı. Otaqda tək qalan Nəsir bəy bir anın içərisində keçdiyi mübarizə dolu ömür yolunu gözləri önündən keçirir. Buraxdığı səhvləri götür-qoy edir, harada və nə dediyini yadına salmağa çalışır. Özünü necə aparmalı olduğunu, ehtimal edilən suallara verəcəyi cavabları düşünür. Özünü dialoqun sonrakı hissəsinə hazırlamağa başlayır. Ürəyində özü-özünə suallar verir, özü də onları cavablandırır. Sonra yenidən harada səhvə yol verdiyini düşünməyə başlayır:

-Mən nəyi düşünürdüm? Rüşvətsiz, korrupsiyasız Azərbaycanı. Dövlət hakimiyyətində tam milli kadrların yerləşdirilməsini və nəhayətdə azad, bütöv Azərbaycanı...

Mühakimə və düşüncələrində məntiqsizlik və səhv yox dərəcəsində idi. Səhv onun ətrafında olan insanlarda və cəmiyyətin acı reallıqlarında idi. Çünki o zamankı reallıq millətçilərin, vətənpərvərlərin, iman sahiblərinin qənimi və düşməni idi.

Birdən həyəcanlı şəkildə ayağa qalxı və tənha qaldığı otağı diqqətlə nəzərdən keçirdi. Əvvəlcə diqqətini divardan asılmış “Politiçeskaya karta mira” xəritəsinə cəmləmək istədi, xəyalı Hüseyn Cavidin əsərindəki qırxdan bir əskik yazısının 39-cu kamerada olmasını tarixin yaddaşına ismarlaması idi. Birdən cibindən qələmi çıxarıb Azərbaycanın tarixi ərazisini işarələdi və cəld arxaya çəkilib yana çevrildi.

Masanın arxa tərəfində Heydər Əliyevin ağ-qara rəngdə şəkli asılmışdı. O, general-mayor formasında idi. Ortalıqda telefondan başqa diqqəti, demək olar ki, heç nə çəkmirdi. Divarda kabinetdə olan əşyaların adları göstərilən siyahı asılmışdı. Artıq bir saatdan çox idi ki, tənha qalmışdı. Bəlkə də kənardan özünü necə apardığını müşahidə edirdilər, bunu bilmirdi. Odur ki, bayaqdan üstündə oturduğu stulu, guya yerini dəyişmək məqsədilə, döşəməyə bərk vurdu. Beləcə, otaqda olduğunu xatırlatmaq istədi. Bircə dəqiqə belə keçməmiş, içəri hündür boylu, sarışın rus qızı daxil olur:

“Çto nado?” (Nə lazımdır?)

Nəsir bəy “Heç nə” - deyərək, Azərbaycan dilində cavab verir...

Artıq 2 saata yaxın vaxt keçirdi. Nəhayət qapı açılır, Manafov içəri daxil olur və Nəsir bəyi rəisin yanına aparır. O dövrdə Əzizbəyov rayon Dövlət Təhlükəsizlik Komitəsinin rəisi Dağ Quşçu kəndindən olan Fərəc Babayev idi. Telefonla danışa-danışa nəyisə qeyd edən Fərəc müəllim və bir qədər danışdıqdan sonra telefonun dəstəyini yerinə qoyur və ayağa qalxır:

“O,...Ağayev.... Nəsir müəllim, buyurun oturun” - deyir.

Təbii ki, hadisələrin hansı ssenari üzrə inkişaf edəcəyini Nəsir bəy bilə bilməzdi. Bircə onu bilirdi ki, qəlbinə və şüuruna Böyük və Bütöv Azərbaycan ideyası hakimdir və o özünü bu müqəddəs ideyanın daşıyıcısına yaraşacaq bir şəkildə, şərəf və ləyaqətlə aparmalı idi. Rəis təmkinlə soruşur:

- Yəqin bilirsiz sizi nə üçün çağırmışıq?

- Hər halda, lazım bilmisiniz ki, çağırmısız, - deyə Nəsir Ağayev cavab verir.

- Bu otaqda hansı hissləri keçirirsiz?

- Çox adi hisslər keçirirəm.

- Həyəcən və qorxu hissiniz varmı?

- Mən Dövlət Orqanında nə üçün qorxmalıyam? Axı, bu orqan Dövlətin və Millətin Təhlukəsizliyini təmin edən təşkilatdır.

- Siz doğrudanmı bura nə üçün çağırıldığınızı hələ də başa düşmürsünüz?

- Axı, sizin mənim haqqımda nə düşündüyünüzü mən haradan bilə bilərəm.

- Hər şeyi etiraf edin. Cəzanız yüngül olsun.

- Axı, mənim günahım nədədir, mən nədə günahlandırılıram?

- Vətəndaş Ağayev, siz hər şeyi gözəl bilirsiniz. Onu da bilin ki, Moskva hər həftə bizdən sizinlə əlaqədar məlumat istəyir. Yaxşı olar ki, nə özünüzü yorasınız, nə də bizi. Elə etməyin ki, yaxın yoldaşlarınızı sizinlə üzləşdirək.

Nəsir cavab verdi:

- Mən üzləşmədən çəkinmirəm və məni ittiham edənlərin üzümə durmasını istərdim.

Rəis soruşdu:

- Yaxşı, Universitetdə sizə kimlər dərs deyib? Adlarını yaz.

Onlar, şübhəsiz ki, Nəsir Ağayevdən Əbülfəz Əliyevin adını çəkməyini istəyirdilər. O isə Əbülfəz bəyin adını nə əvvəl də, nə də axırda, ona dərs demiş müəllimlərin siyahısının tam ortasında yazdı.

- Millətçiliyi hardan öyrənmisiniz? Nə üçün nərd oynayanda “Türk qanım coşdu” deyirsən və evinizdə Atatürkün portretini saxlayırsan?

- Millətçiliyi mənə tariximiz, Azərbaycanın bölünmüşlüyü, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Süleyman Rüstəm öyrədib. Türk qanım isə mənim Türk olmağımla əlaqədardır. Çünki dilimiz Türk dillərinin Oğuz qrupuna aiddir. Türk dilləri on iki budaqdan ibarətdir. Atatürkün portretinə gəldikdə isə, Leninlə Atatürk arasında yazışmalar olub. Belə çıxır ki, buna görə Lenin də məsuliyyət daşımalı idi.

8 saata yaxın aparılan sorğu-sual nəhayət bugünlük başa çatdı. Bu bir gün təkcə Nəsirə deyil, onun kimi istintaqa çəkilən yüzlərlə mübariz insana haqq yolunda olduqların bir daha təsdiqlədi, onları gerçək həqiqətin nədən ibarət olduğunu öyrətdi. Bu həqiqət inandığını və bildiyini sübuta yetirməkdir. Qorxsan, cəsarətini itirsən, biliyinə inanmasan, həqiqəti inkar etsən, yaltaq, qorxaq, xain olarsan.

18 oktyabr 1978-ci il tarixi Nəsir bəyin yadından heç vaxt çıxmayacaq. Həmin gün ilk dəfə xüsusi xidmət orqanlarına çağırılmış, dindirilmiş və özünü ləyaqətlə aparmağı bacarmışdı. Bir sözlə, imtahandan üzü ağ, alnı açıq çıxmışdı. Elə bu da onun sonrakı dindirmələr zamanı daha mətin ola bilməsi üçün zəmin hazırlamışdı. Ən əsası isə o idi ki, tutduğu yolun yeganə doğru yol olduğuna əminliyi daha da artmışdı. Bu yolu axıra qədər getmək lazım idi, bunu millətimizin, dövlətimizin nənafeyi tələb edirdi. Xosrov Ruzbeh demişkən, “yol hədəfi inkar etməməlidir”.

Nəhayət, Nəsir bəyi gətirən maşın 8-ə qalmış Mərdəkandan Buzovnaya istiqamət aldı. DTK-nın rəis müavini Manafov bildirdi:

“Nəsir müəllim, mütləq 55 saylı orta texniki peşə məktəbinə getməliyik ki, Zöhrab müəllim sizi görsün. Çünki o sizə görə çox həyəcan keçirir və siz burda dindirilərkən mənə zəng edərək bildirib ki, Nəsir müəllimi görməmiş evə getməyəcəyəm”.

Söhbət əslən Şamaxıdan olan Zöhrab Qədirovdan gedirdi. Həqiqətən də çox sərt, ciddi görkəmli Zöhrab müəllim onu gözləyirdi. O, ikinci mərtəbədən həyətə düşərək Nəsirə yaxınlaşır:

“Şükür Allaha, səni gördüm!”

O, Manafovdan əziyyət verdiyinə görə üzr istədi və təşəkkürünü bildirdi. Nəsir bəy DTK-ya yola düşərkən onu bir vasitə ilə xəbərdar edə bilmişdi.

Evlərində Nəsiri böyük iztirab və həyəcanla gözləyirdilər, evdə də, qonşuda da hər kəs narahat idi. Axı, oktyabrın 29-da onun toyu olacaqdı...

Nəsir evə daxil olanda anası Sitarə xanımla atası Zərbəli bəy intizar dolu baxışlarla, bir qədər də qorxu ilə ona baxırlar. Çox zaman evə gec gələndə aynabəndin qapısını ehmalca açıb içəri pəncələrinin üzərində girərdi ki, səs çıxmasın. Atası Zərbəli kişi yataqda olsa da həmişə oyaq olardı. Başını qaldırıb “Ay laməzhəb, yenə Sovet hökumətini yıxmaqdan gəlirsən?”- deyərdi.

Atası həyəcanlı olsa da bunu qətiyyən bürüzə vermək istəmirdi. Çünki, o bilirdi ki, onun kimilərin Sovetlər olkəsində yaşamaları, necə deyərlər, “gözlə kiprik arasındakı məsafə” kimidir. 37-ci illərdə vətəndaşlığı olmayan güneylilərin ölkədən çıxarılması, elcə də bir çox həmyerlisinin həbs, sürgün edilməsi, güllələnməsi hələ də yadından çıxmamışdı. Çıxa da bilməzdi. Belə şeylər yaddaşlara əbədi olaraq həkk olunur. O çox yaxşı bilirdi ki, eyni aqibət oğlunun da başına gələ bilər.

Zaman hər şeyi yerinə qoyur. Bu günü dünənə, sabahı isə bu günə çevirir. Millətin də taleyini, gələcəyini zaman, zamanla bir-birini əvəz edən nəsillər müəyyənləşdirir. Bu universal qanun, təbii ki, Azərbaycandan da yan keçə bilməzdi və keçməmişdi.

1982-ci ilə qədər davam edən, bəlkə də qeyri-rəsmi xarakter daşıyan dindirmələr onunla nəticələndi ki, tanışlar, qohumlar, qonşular Nəsirgilin ailəsi ilə kəlmə kəsməkdən belə qorxmağa, çəkinməyə başladılar. Daim DTK-nın nəzarəti altında olan Nəsir Ağayevin dostları, qonşuları, hətta qohumları ondan yan gəzir, onunla qorxa-qorxa, ətrafına diqqət yetirə-yetirə salamlaşır, tez də ötüb keçirdilər. Bütün bunları Nəsir görür, bilir, amma özünü o yerə qoymurdu. Həmin anlar öz əksini müəyyən qədər onun ilk dindirmədən sonra qələmə aldığı “Taleyimin sonu” adlı bədii - publisistik yazısında tapmışdı.

Artıq bütün gizli təşkilatların və onlarn üzvlərinin, demək olar ki, böyük əksəriyyəti nəzarət altında idi. Onların qrup şəklində yığışmaları təhlükəli idi. Odür ki, Nəsirin göstətişi bütün əlaqə və görüşlərin fərdi qaydada gerçəkləşdirilməsi qərara alındı və bu qərar hər kəsə çatdırıldı. İnsanları bir araya gətirmək və təbliğati işi davam etdirmək üçün isi yeni forma tapıldı. 1983-cü ildən 1986-ci ilə qədər hər il Buzovna, Mərdəkan və digər yerlərdə “Şəhriyar poeziya günləri” adı altında toplantılar düzənləndi. Onları keçirməklə Azərbaycanın birliyi ideyasını geniş kütlələrə, xüsusən də gənc nəslə təlqin etməyə çalışırdılar və əldə etdikləri nəticə gözlədiklərindən də yaxşı oldu.

Bu tip tədbirlərin ilki 1983-cü il fevralın 13-də ilk dəfə 55 saylı texniki peşə məktəbinin foyesində keçirildi. Tədbirdə Söhrab Tahir, Xəlil Rza, Alı Mustafayev, Maştağalı Seyidağa, Nardaranlı Mail, Əhmədağa Muğanlı, Mürsəl Həkimov, qəzəlxan Sərraf, Yusif Bağırov, Sabir Əmiri, Qulamrza Cəmşidi və başqaları iştirak edirdilər. Bu tədbirin ssenarisi və təşkilati məsələləri Nəsir Ağayev tərəfindən hazırlanmışdı. 125 saylı orta və 55 saylı peşə məktəblərinin şagirdləri Şəhriyarın “Vətən həsrətli” və “Heydər babaya salam” poemalarından nümunələr söyləyərək görüş iştirakçılarını vəcdə gətirirlər.

Xəlil Rzanın təlatümlü, qarşısı alınmaz qasırğanı xatırladan çıxışı peşə məktəbinin hüdudlarını aşaraq bütün Bakı kəndlərində əks-səda yaradır. Çıxışın əks-sədası, təbii ki, müvafiq dövlət orqanlarına, o cümlədən təhlukəsizlik orqanlarına da çatır. Səhəri gün Nəsir işə gələrkən məktəbin direktoru Salman Əliyev ona yaxınlaşaraq deyir:

“Ay Nəsir müəllim, Xəlil Rza dünən elə danışdı, elə fırtına qopartdı ki, indi məni KQB-yə (DTK-ya) çağırıblar. Aləm bir-birinə dəyib. Əslinə baxanda, mən heç nədən qorxmuram. Bir də ki, sən nə istəsən, mən ikiəlli onu müdafiə edəcəyəm. Buna əmin ola bilərsən”.

Artıq sözə ehtiyac yox idi, hər şey onsuz da aydın idi, artıq “yuxarılar” 55 saylı texniki peşə məktəbində keçiriləcək bütün tədbirlərə güclü nəzarət edəcəklər. Əslində isə, nəzarət onsuz da vardı və güclü idi.

Müxtəlif vaxtlarda keçirilən “Şəhriyar poeziya günləri”ndə Balaş Azəroğlu, Əbülfəz Hüseyni, akademik Mahmud İsmayılov, akademik Mirabbas Qasımov, elmlər doktorları Həmid Məmmədzadə, Şövkət Tağıyeva, Hüseyn Çəndirli, Bəhlul Abdullayev, Buzovna şairlərindən Əlabbas Zaki, Ağəmi İslam oğlu, Maştağalı Sərraf, Aslan Meyramlı, Nurəddin İsmayılov və başqalarının maraqlı çıxışları maraqla qarşılanır. Hər tədbirdən sonra gərginlik daha da artdı. Odur ki, yeni bir üsula əl atmaq lazım idi ki, gərginlik nisbətən azalsın. Odur ki, Azərbaycan tarixinə dair xüsusi kurslar təşkil etmək, bu kurslarda Azərbaycanın müxtəlif rayonlarından zəkalı gənclərin iştirakını təmin etmək, sonradan onları öz rayonlarına göndərməklə, təbliğati işi bütün bölgələrə yaymaq qərara alınır. Bu yolla gizli təşkilat öz əsas hədəfinə daha asan yolla nail ola bilərdi ki, bu da olduqca vacib idi. Seçilən gəncləri ali məktəbə hazırlamaq adı ilə, həm də əslində elə bu mqsədlə Nəsir müəllimin yanına gətirərdilər. Gənclərlə Azərbaycanın tarixi, ermənilərin ərazilərimizə avantürist iddiaları, Azərbaycanın müstəqilliyi, müsavatçılıq ideologiyası haqqında söhbətlər edilir bu mövzular onlara ətraflı izah edilirdi. Bu gənclərin əksəriyyəti sonralar Şərur rayonunda, Ordubadda, Maştağada, Şüvəlanda, Neftçalada, Saatlıda, Qubada, Siyəzəndə, Şamaxıda və digər rayonlarda Azərbaycanın müstəqilliyi ilə bağlı ideyanı yaymaqlaa ciddi məşğul olmağa başladılar. Onlar bu ideyanı yerlərdə Mirzə Ələkbər Sabirə, Hüseyn Cavıdə, Məhəmməd Hadiyə, Cəlil Məmmədquluzadəyə və digər şəxsiyyətlərə istinadən yaymağa çalışırdılar.

Görülən işlər öz nəticəsini gözləniləndən də tez verdi. Günlərin birində, daha dəqiq desək, 1988-ci ilin fevral ayının 19-da Nəsir bəyin Şərurdan olan Nurəddin İsmayılov (hazırda ADP sədrinin müavinidir-müəll.) adlı bir tələbəsi zəng edərək sevinc və həyəcanla deyir:

“Ustad, Bakıda tələbələr ermənilərin Xankəndində olan pozuculuq əməllərinə etiraz olaraq nümayışə çıxıblar. Bu nümayış və mitinqlərdə ADU-nun tələbələri aparıcılıq edir. Bu haqda fikirinizi deyin”.

Bunu gözləməyən Nəsir bəy duruxur, qulaqlarna inanmır. Bəli, uzun illərin gərgin zəhməti öz bəhrəsini vermişdi. Tələbəsi ona müraciət edərək göstəriş almaq istəyirdi. O, Ermənistan-Azərbaycan münasibətlərinin əslində həmişə gərgin olduğunu bilirdi. Ermənilərin ərazı iddialarından da tələbələrinə gen-bol danışmışdı”.

...Tələbələrin etiraz mitinqi ilə başlayan və tez bir zamanda geniş xalq kütlələrini əhatə edərək, Milli Azadlıq Hərəkatına çevrilən hərəkat 1989-cu ilin oktyabr ayından etibarən daha da gücləndi...Xalq hərəkatının təşkilatlanmasında 1989-cu ilin 16 iyulunda təsis edilən AXC İdarə Heyətinin üzvü, Bakının Pirşağı kəndindən olan fizika-riyaziyyat elmləri namizədi Canbaxış Umudovun əvəzsiz və misilsiz xidmətləri olmuşdu. Onun Bakı və ətrafında apardığı böyük təbliğati və təşkilati işləri bu gün kimsə dana və öz adına çıxa bilməz. Nəsir Ağayevin rəssam dostlarından birinin oğlu, 16-17 yaşlarında olan Vüqar Muradlı və BAİB zavodunun işçisi Xaqani İsmayılovun da AXC-nin təsis konfransının təşkilində və sonrakı proseslərdə xidmətlərini unutmaq olmaz. Onlarla Canbaxış Umudov arasındakı əlaqəni bilavasirə Nəsir bəy yaratmışdı.

Hələ 1989-cu ilin avqust ayının axırlarında Bakı kəndlərinin Milli Azadlıq Hərəkatında daha sıx təşkilatlanmış qaydada iştirakını təmin edə bilmək üçün Buzovna qəsəbəsinin mərkəzdə, Cümə məsçidinin qarşısında Bakı kəndlərinin nümayəndələrinin iştirakı ilə izdihamlı bir mitinq keçirilmişdi. Dörd mindən artıq insanın qatıldığı mitinqi Nəsir Ağayev təşkil etmişdi, özü də onu idarə edirdi. Buzovna qəsəbəsi bütünlüklə milis dəstələri və daxili qoşunlar tərəfindən ikiqat mühasirəyə alınmışdı. Qəsəbədəki 14 N-li xəstəxana da hər ehtimala qarşı boşaldılmışdı. Oəsəbənin bütün giriş və çıxışları güc strukturları tərəfindən bağlanmışdı. Bu isə gərginliyə, kütləni coşmasına səbəb olmuşdu. Bu səbəbdən də Nəsir bəy gərginliyi aradan aparmaq üçün milislərə müraciətlə onlara hədəflərinin nə olduğunu anlatmış, onlara Moskvanın və ermənilərin xalqımıza qarşı apardıqları siyasəti anladan çıxış etmişdi. Axı, onlar da xalqımızın nümayəndələri idilər, hərəkat isə ümumxalq hərəkatı idi. Onun bu alovlu çıxışı milislərin böyük əksəriyyətini kövrəltmişdi. Nəsir Ağayev yüksək rütbəli bir milis nəfərlərinə isə hamının eşidəcəyi bir tərzdə, ucadan bu sözləri demişdi:

“Sizin əksəriyyətinizin paqonunda olan ulduzlar millətimizə xəyanət etmək üçün verilib. Mən istərdim ki, aldığınız ulduzlar Azərbaycanın azadlığına, millətin xoşbəxtlik rəmzinə çevrilsin. Bu azadlıq mübarizəsində böyük və rəhmsiz düşmənlərlə üz-üzə qaldığımız bir vaxtda Azərbaycan milisi Azərbaycanın iradəsinə qarşı getməməlidir. İttifaq siyasətinin hiylələrinin mahiyyəti bizi bir-birimizə qarşı çevirməkdi. Diqqətli olun, özünüzə, milli kökünüzə sayğı ilə yanaşın...””

Həmin hadisələri Nəsir bəy belə xatırlayır:

“Bu mitinqdə Zirədən Mustafa Mirzəyev, İsmixan Fərəcov, Türkandan Piri müəllim, Pirallahıdan Elman Qasımov, Binədən Zabil Nağıyev, Sulduz Yadigarov, İlham Əzizov, Mərdəkandan Vidadi Yaftumov, Kazım kişi, türk Vaqif, Şüvəlandan Ağaverdi Bədəlov, Buzovnadan Bəhlul Abdullayev, Tofiq Həsənov, Xalıq Ağayev, Əmrulla Dadaşzadə, Mirzə Ağabəyli, Maştağadan Həsən Vəliyev, Hacı Zakir, Məmməd kişi, Kürdəxanıdan Ağaverdi Ağaverdiyev, Qasım, Kamil, Balaxanıdan Dilarə Əliquliyeva, Bakıdan Nazim Məmmədov, Balaxanıdan Firuz Orucov, Firdovsi Nəzərov və yüzlərlə vətəndaşlarımız iştirak edirdi. Müxtəlif Bakı kəndlərini təmsil edən bu şəxslər şahidi və iştirakçısı olduqları prosesin öz kəndlərinə də sıçramasını təmin etdilər. Bakıdan mitinqi izləmək üçün, Fəzail Ağamalı, Məmməd Əlizadə, Ağası Hun və digərləri getmişdilər. Bu zaman Vaqif Heybətov onlara yaxınlaşaraq vəziyyət olduqca ağır olduğunu söyləyir. Bildirir ki, milislərə mitinq iştirakçılarını güclə dağıtmaq tapşırılıb. Onlar da bildirir ki, bu barədə dərhal mənə (Nəsir Ağayevə-müəll.) məlumat verilsin. Mitinqdə çıxış etdiyim yerdə Vaqif mənə oxumaq üçün bir vərəq verdi. Azərbaycanın düçar olduğu bəlalardan danışa-danışa vərəqdəki yazıya göz gəzdirməyə başladım. Orada yazılmışdı: “Nəsir, ehtiyatlı ol. Buzovna tam mühasirədədir. Azərbaycan SSR daxili işlər nazirinin müavini Barannikov 14 saylı xəstəxanadan hadisələri diqqət mərkəzində saxlayır”.

Mitinqin gedişi zamanı əhalinin tələbləri tədricən formalaşır, son da verəcəyimiz qətnamə müəyyənləşirdi. Bu zaman Əzizbəyov RPK-nın 1 katibi Niyazi Nəcəfov mitinqin idarə olunduğu yerə yaxınlaşdı. B. Abdullayev mənə yavaşca dedi: “Yaxşı deyil, kişi ayaq üstündədir, yerimi ona verirəm”.

O bunu deyib oturduğu stuldan qalxmaq istədi. Onun bu hərəkəti gözlərini bizə dikmiş minlərlə insanı çaşdıra bilərdi. Odur ki, əlimlə Abdullayevin çiynindən aşağı basdım və dedim:

“Əgər yerini versən, səninlə şəxsi əlaqələrimi tam kəsəcəyəm”.

Bir az keçmiş, arxa tərəfdə məsçidin pəncərəsinə söykənmiş tacirlərdən biri arxadan dilləndi:

“Nəsir müəllim, Niyazi Nəcəfova yer verin”.

Bu tacirdən başqa 5-6 nəfər də “yer, ver” sözlərini təkrar etdi. Mənsə danışmaqda davam edir, onlara heç bir əhəmiyyət vermirdi. Çıxışımı bitirməmiş mənə bildirdilər ki, Niyazi Nəcəfov söz istəyir. Mən də açıq şəkildə, birbaşa mikrafonla kütləyə çatdırdım ki, bura partiya komitəsinin siyasi bürosu deyil ki, 1-ci katib onu idarə etsin:

“1-ci katibə söz yalnız qətnamə qəbul edildikdən sonra qonaq qismində verilə bilər”.

Belə olan halda, Nəcəfov mənə yaxınlaşaraq dedi:

“Oğlum Nəsir, heç olmasa de ki, BAİB hərbi zavodu sabah tətil etməsin”.

Nəcəfova bildirdim ki, mən camaatın iradəsini ifadə edirəm:

“Mənim iradəm camaatın iradəsi deyil”.

Bu sözləri eşidən kütlə cuşa gəldi. Beş minə yaxın adam bir ağızdan şüar verməyə başladı:

“Tətil! Tətil! Tətil!”

Kütlənin səsi əzəmətli bir səda, yenilməz bir qüvvə kimi ətrafa yayıldı.

Mitinqi çəkmək istəyənlərin videokamera və fotoaparatları zorla əllərindən alınırdı. Bununla belə sorağı Əbdürrəhman Vəzirova da çatan bu mitinqin əks-sədası Bakının və Azərbaycanın bütün rayonlarına yayıldı. Maraqlıdır ki, bu kütləvi aksiyadan sonra Bilgəhdən, Nardarandan, Zabratdan, Hökməlidən, Qobudan, Qaraşəhərdən mənə yüzlərlə zəng gəldi. Müxtəlif kəndlərdən gələn zənglərin, təbriklərin, eləcə də nümayəndələrin ardı-arası kəsilmirdi...”

Hadisənin bilavasitə şahidi olmuş Məmməd Əlizadənin yazdığına görə, artıq Nəsir Ağayev Türkanda, Zirədə, Sabunçuda, Maştağada, Nardaranda və digər yerlərdə Xalq Cəbhəsinin yaranmasında birbaşa iştirak edirdi. Kəndlərin sakinləri onun qismində öz gerçək liderlərini görürdülər. Nəsir bəyin özü həmin dövrü belə xatırlayır:

“Bir gün Qaz aparatları zavodunda işləyən Məmməd adlı şəxs “Jiquli” markalı maşını ilə evimizə gələrək, Maştağada, Ədalət Hacıyevgildə Cəbhənin yerli özəyinin yaradılmasında iştirak etmək üçün məni ora apardı.

Sentyabrın əvvəlləri olardı, axşamüstü Maştağanın dar dalanları ilə hərəkət edərək məni Ədalət Hacıyevin yaşadığı ünvana apardılar. Burda məni təqribən 9 nəfər gözləyirdi. Onların içərisində sonralar millət vəkili olan, 1998-ci ilə qədər Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışan Füzuli Axundov da var idi. O, sağ tərəfimdə, yerdə bardaş qurub oturmuşdu. Mən cəbhənin nizamnaməsi, fəaliyyəti haqqında danışdım, təsis protokolunun tərtibi haqqında iştirakçılara məlumat verdim. Təsis protokolunun hazırlanmasını Füzuli Axundov öz üzərinə götürdü.

Artıq çoxları məni lider qismində görməyə başlamışdı. Üzərimə çox böyük məsuliyyət düşürdü. Tələbələrimlə söhbətlərimdə həmişə izah etməyə çalışırdım ki, hər hansı bir yerdən seçilən yerli lider əsasən ümummilli dəyərlərə malik olmalıdir. Obyektivlik, nizam-intizam, dəqiqlik, ədalətlilik, təşkilatçılıq, məsuliyyət, qətiyyət və insaf liderin əsas xüsusiyyətidir. Lider məxsus olduğu kütlənin, xalqın yaxşı və pis nümayəndələrini eyni səviyyədə qəbul edib, dinləməyi bacamalıdır. Yalnız bu yolla o, əksəriyyətin inamını qazana bilər. Eyni zamanda lider məxsus olduğu etnosun, kütlənin ümumiləşdirilmiş obrazdır.

Tələbələrimə başa salmağa çalışırdım ki, bu məsələdə diqqətli olmaq lazımdır, çünki bəzən başqa cür də olur. İnsanların inandığı, müqəddəs ideya daşıyıcısı kimi tanıdığı, özünə lider seçdiyi adamlar xalqın etimadını nəinki doğrultmur, əksinə, həyatın sakit və gərgin anlarında pərdə arxasında oyunlar oynayaraq satqınlıq missiyasını yerinə yetirirlər. Təəssüf hissi ilə qeyd etməliyəm ki, sonrakı uğursuzluqlarımızın səbəbi diletant, səriştəsiz, vəzifəpərəst, yalançı, var-dövlət hərislərinin lider maskası ilə xalqın önünə keçməsi oldu.

Sonralar Xalq Cəbhəsinin dayaq dəstələri Binə, Mərdəkan, Nardaran, Bilgəh, Balaxanı, Şaqan, Cilovadası, Novxanı, Binəqədi, və s. qəsəbələrdə təsis edildi. Artıq Azadlıq meydanında keçirilən bütün mitinqlərdə Bakı kəndlərinin ağrlığı və aktivliyi hiss edilirdi”.

Nəsir bəyin sözlərinə görə, bütün çətinliklərə baxmayaraq 1989-cu ilin iyul ayının ortalarında bilavasitə onun təşəbbüsü ilə BAİB zavodunun Buzovnadakı Mədəniyyət sarayında Əzizbəyov rayon Xalq Cəbhəsinin təsis konfransı çağırıldı. Tədbirin Yusif Səmədoğlunun “Qətl günü” romanının müzakirəsi adı altında keçirilməsi nəzərdə tutulmuşdu:

“Mədəniyyət sarayının müdiri M. Sərdarov romanın müzakirəsi üçün 100 nəfərlik yerə malik otağı bizə məsləhət görmüşdü. Bu gizli yığıncağa Pirallahıdan, Binədən, Mərdəkandan, Şağandan, Buzovnadan 30-a yaxın nümayəndə dəvət edilmişdi. Eyni zamanda, tədbirə Əbülfəz Əliyev (Elçibəy), Yusif Səmədoğlu, Sabit Bağırov, Tofiq Qasımov, Nəcəf Nəcəfov, Fəzail Ağamalı, Canbaxış Umudov, Ağası Hun, və digərləri də dəvət edilmişdilər.

Lakin Rayon Partiya Komitəsindən, hüquq mühafizə orqanlarından Mədəniyyət Sarayına zəng zəng dalınca gəlməyə başladı. Onlar sarayn müdiri Sərdarova zəng edərək, adamların saraya hansı səbəbdən yığışdqlarını soruşurdular. Sərdarov da öz növbəsində bildirirdi ki, Nəsir müəllimin başçılığı ilə “Qətl günü” romanının müzakirəsidir. Nəhayət, rayonun məsul şəxslərindən biri zəng edərək, Sərdarovu məzəmmət etməyə başladı və dedi:

-Sən nə danışırsan? Nə qətl günü? Nə roman? Orada Xalq Cəbhəsinin konfransı keçiriləcək. Xalq Cəbhəsinin sədri Əbülfəz Əliyev, Xalq Cəbhəsinin idarə heyətinin üzvləri Canbaxış Umudov, Tofiq Qasımov, Nəcəf Nəcəfov, Sabit Bağırov, Yusif Səmədoğlu və başqaları ora gəlirlər.

Həmin dəqiqə mədəniyyət sarayının qapıları bağlandı. Mənsə 2 nəfər silahdaşmla sarayn 2-ci mərtəbəsində heç nədən xəbərsiz qonaqları gözləyirdim. Konfrans saat 2-də başlamalı idi. Bir də gördüm, Malik Sərdarov həyəcanla, narazı şəkildə mənə tərəf yaxınlaşır:

-Bu nə oyundur başıma gətirirsən? Bütün aləm qarışıb bir-birinə... Bəs sən demədin ki, “Qətl günü” romanının müzakirəsidir? Şəhərdə nə qədər cəbhəçi var, yığılıb tökülübsən bura.

Vəziyyətin gərginliyi göz qabağnda idi. Uşaqlara dərhal dedim:

-Məni bayıra aparın.

Malik həyəcanla mane olmağa çalışdı. “Nəsir, sən Allah, bayıra çıxma, hər şey yaxşı olacaq” - dedi və getdi. Silahdaşlarım məni oturduğum stulla birlikdə götürərək Mədəniyyət sarayının foyesinə qədər gətirdilər. Burada rayon partiya komitəsinin, hüquq mühafizə orqanlarının nümayəndələri toplanmışdılar. Onlar qətiyyətlə bildirdilər ki, mədəniyyət sarayında bu yığıncağın keçirilməsinə icazə verilmir. Onlara kəskin şəkildə iradlarını bildirdikdə partiya komitəsinin 2-ci katibi əsəbi halda dedi:

-Nəsir müəllim, sən başımızda oturmusan, lap ağ eləmisən.

Mənsə cavabında dedim:

-Sənin başında çoxdan oturublar, mənim oturmağım üçün yer qalmayıb.

O zaman Mirzə Ağayev üzünü Malik Sərdarova və RPK-nın II katibinə tutaraq emosional bir şəkildə tənə etdi:

-Bəs, siz deyirdiniz ki, partiya ilə xalq həmrəydir. Bəs, nə oldu dediyiniz həmrəylik?

Mədəniyyət sarayının qapısının bağlı olduğunu görən nümayəndələr və qonaqlar qayıdıb getmək istəyirdilər. Təkidlə məni onlarn yanna aparmağı tələb etdim. Böyük çətinlikdən sonra Mədəniyyət sarayının həyətinə çıxarılmağıma nail oldum. Mədəniyyət sarayının həyətində nümayəndələr və qonaqlarla görüşdükdən sonra tam qətiyyətlə bildirdim:

-Madam Mədəniyyət Sarayında bizə imkan vermirlər, biz konfransımızı açıq səma altında xalqın gözü qarşısında keçirəcəyik. Oturacağımız yer isə asfaltın üstü olacaq.

Bu təkidli, israrlı qərardan sonra konfrans işinə başladı.

Açıq havada keçirilən bu konfransda birdən-birə minə yaxın insan toplaşdı. Minlərlə adamın içərisində yalnz 20 nəfər nümayəndə nümayəndə qismində iştirak edirdi. O 20 nəfər numayəndə təsis konfransında iştirak etmək üçün razılıq vermişdilər. Bunlar Türkandan Piri müəllim, Zirədən Fərəcov İsmixan, Mərdəkandan Yaftumov Vidadi (Baba), Şağandan Rəfael, Şüvəlandan Ağaverdi müəllim, Pirallahıdan Elman Qasımov, Tariyel, Binədən Sulduz Yadigarov, Əli Həsənov, Məzahir Nəsirov, İlham Əzizov, Buzovnadan Mirzə Ağayev, Müşfiq Əlizadə, Xaqani, Etibar, və başqaları idilər”.

“Qətl günü” romanı adı altında keçirilən bu konfrans sonralar müsbət nəticələrini bütün Azərbaycan səviyyəsində hiss etdirdi. Konfransın əks-sədası təkcə Buzovnaya deyil, Maştağaya və demək olar ki, bütün Bakı kəndlərinə yayıldı. Nəticədə müxtəlif kəndlərdən olan hərəkat üzvləri arasındakı əlaqələrin daha da sıx olmasına nail olundu. Bundan sonra milis, yaxud hər hansı bir orqan kimisə tutub aparsaydı o zaman bütün üzvlərin və kəndlərin artıq bundan xəbəri olacaqdı:

“Beləcə, Nəsir Ağayev Bakının hər bir kəndinin tarixini, demoqrafiyasını bir-bir öyrənə-öyrənə, öyrədə-öyrədə onları xalq hərəkatına qoşdu. O, Nardarana daxil olmaq üçün “ən münasib yolun” Binədən keçdiyini, Zirəyə gedən “yolun” isə qədim Xızıdan keçdiyini yaxşı bilirdi. Bunları isə bilmək üçün bu yerlərin mentalitetinə bələd olmaq lazım idi.

Nəsir Ağayev gənclərə Azərbaycanın hər güşəsinin onların vətəni olduğunu deməklə, vətənsevərliyi, milliliyi, türkçülüyü təlqin etməklə bu hissləri könüllərdə yaşadan yeni bir nəslin yetişməsində olduqca önəmli rol oynaya bilmişdir. O həmişə deyirdi ki, yerliçilik düşüncəsi xalqı bir-birindən ayrır, onun şüurunda gözə görünməyən sərhədlər yardır...”

1989-cu ilin avqustun axırlarında BAİB zavodunun Buzovnadakı Mədəniyyət Sarayının qarşısında, eləcə də şəhərdə, Səttarxan zavodunun qarşısında və onlarla sənaye obyektnin qarşısında növbəti mitinqlərin keçirilmsi qərara alınmışdı. Bu xəbər Əbdurrəhman Vəzirovu ciddi surətdə narahat etmişdi və o bu mitinqlərin qarşısının alınması üçün, bütün raykomlara, rayon və qəsəbə sovetlərinə, eləcə də hüquq-mühafizə orqanlarına müxtəlif təxribatlara əl atmaq barədə ciddi tapşırıqlar verilmişdi.

Nəsir Ağayev həmin dövrü belə xatırlayır:

“Mitinqə iki gün qalmış Buzovna qəsəbə sovetinin sədri Fəxrəddin Atakişiyev yanıma gələrək bildirdi ki, rayon partiya komitəsində məni, o ki var, tənqid ediblər. Deyiblər ki, sən nə üçün hadisələrdən uzaq düşmüsən:

-Buna görə də istəyirəm ki, yerli hökümət kimi bu mitinqi mən aparım.

Ani olaraq düşündüm. Əgər mən qəsəbə sədrilə razılaşmasam mitinqin keçirilməsinə ciddi maneələr yaradılacaq. Çünki bilirdim ki, qəsəbə sədri partiya komitəsinə mitinqi özünün idarə edəcəyini söyləsə, onlar sakitləşərlər. Biz də mitinqə rahat şəkildə hazırlaşarıq. Odur ki, onun bu fikrinə etiraz etmədiyimi bildirdim.

Mitinqə bir gün qalmış artıq onun mütləq baş tutacağına əmin olan DTK-nın bir məsul işçisi mənə zəng edərək bildirdi:

-Nəsir müəllim mitinqdə nə kömək lazımdır?

Mən cavab verdim:

-Sizin mitinqə ən böyük köməyiniz, kömək etməməyinizdir.

Artıq bütün hazırlıq işləri başa çatmışdı. BAİB, eləcə də Yol Təmiri və Əlvan Metallar zavodlarının nümayəndələrinə və Buzovna sakinlərinin bəzilərinə hər ehtimala qarşı vaxtdan bir qədər əvvəl, yəni saat 3-də mitinq üçün nəzərdə tutulan yerə kiçik dəstələr halında gəlməyi tapşırdım.

Saat 16.00-da artıq Mədəniyyət sarayının qarşısında idim.

Qəsəbə sədri mitinqi açdıqdan sonra ilk sözü mənə verdi. Mikrofonu qarşısıma çəkdim və əvvəlcədən nəzərdə tutduğu plana uyğun olaraq mitinqi idarə etməyə başladım. Təqribən 2500-3000-ə yaxın adamın iştirak etdiyi mitinqdə Etibar Məmmədov, Məmməd Əlizadə, Əli Vəzirov, Ağası Hun, İsa Qəmbər, Ziyad Səmədzadə, Bəhlul Abdulla, Rəşad Orucov, Rəfiqə Kəblərza qızı, Niyazi Nəcəfov iştirak edirdi. Tədbirin mühafizəsi isə Fəxrəddin Zeynalov, Vaqif Heybətov, Mirzə Ağayev, Fəxrəddin Məcidoğlu, Etibar Kərimov, Sulduz Yadigarov, Əmrulla Dadaşzadə və Xalıq Ağayevə həvalə edilmişdi. Bu mitinqdə ən məzmunlu çıxışı Etibar Məmmədov etdi.

Həmin gün Buzovna qəsəbəsi yenə də ikiqat mühasirəyə alınmışdı. Malik Sərdarovun Mədəniyyət Sarayındakı otağı adi müdirin kabinetindən daha çox Mərkəzi Komitənin, Bakı Şəhər Partiya Komitəsinin, Dövlət Təhlukəsizlik Komitəsinin, Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun qərargahına bənzəyirdi. Bir sözlə, burada kimə istəsəydin rast gələ bilərdin.

Mitinq başa çatdı. Hər şey normal qurtardı. İndi azadlıq fədailərini yeni-yeni səfərlər və tədbirlər gözləyirdi. Bu ərəfədə ölkədə xaos, özbaşınalıq hakim idi. Dövlət və hökumət qurumları, demək olar ki, fəaliyyət göstərmirdilər. Spitakdan, Masisdən, Vedidən, Amasiyadan, Exiqonadzordan, Dərələyəzdən, Göyçədən və Qərbi Azərbaycanın digər bölgələrindən erməni zülmündən qaçanlar Naxçıvanda, Bakı və onun kəndlərində, Sumqayıtda özlərinə sığınacaq yerləri axtarırdılar. Sayları yüz minlərlə ölçünən qaçqınların fəryadına nə Moskva, nə Moskvapərəst Azərbaycan hökuməti, nə Vaşınqton, nə də Avropa ölkələri eşidirdi. Bütün ümidlər Azərbaycan Xalq Cəbhəsinə idi. 1989-cu il 16 iyulda təsis edilən bu təşkilat çox keçmədi ki, Azərbaycanın ən ucqar yerlərində belə öz varlığını hiss etdirməyə başladı.

80 ildən artıq qapalı olan avtoritar bir ölkə birdən-birə azadlıq və demokratiya burulğanına səhnə olduğundan idarəolunmaz hala gəlmişdi. İttifaq dövlətinin o zamankı ideoloqları qapalı rejimdən çıxmağın ağırlığını və əzablarını əsasən türk və islam dünyası üzərinə istiqamətləndirməyi bacarmışdılar. Beləki, Qazaxıstanda, Özbəkistanın Fərqanə vadisində, Şimali Qafqazda, və s. yerlərdə milli və dini zəmində toqquşmalar və münaqişələr baş verirdi. Azərbaycan da bu hadisələrdən kənarda qalmamışdı. Belə bir şəraitdə yerli kommunistlərindən, yerli hökumətdən heç bir kömək görməyən xalq inandığı bir təşkilatın yaradılması üçün özünü səfərbər etmişdi. Səfərbər etməyə məcbur idi. Çünki Ermənistan Kommunist Partiyası erməni millətçilərinin tələblərinə cavab verən mövqe tutmuşdu. Azərbaycanda isə yerli kommunistlər nə milli dəyərləri qoruyurdular, nə də milli hərəkata qoşulurdular. Bu isə Azərbaycanda bu və ya digər formada itkilərin və faciələrin qaçılmaz olacağından xəbər verirdi. Bununla belə, torpaqları və xalqı təhlukə altında olsa da, Azərbaycan yaşayır və yaşamaq üçün mübarizə aparırdı.

Heç yadımdan çıxmaz eşidəndə ki, Xızıya və Altıağaca ermənilər tərəfindən qovulmuş azərbaycanlılar yerləşdirilib elə sentyabrın birinci on günlüyündə oraya getməyi planlaşdırdıq. Qaçqınlar üçün birinci növbədə ərzaq və geyim, tibb ləvazimatları yığmağa başladıq. Bu işdə Binə, Buzovna, Mərdəkan, Zirə, Nardaran, Maştağa kəndlərinin müstəsna rolları var idi. Yardımların alınmasında Buzovnanın iş adamları Rahib Rzayev, Oqtay, Nardarandan Hacıağa Nuriyev, Cəbrayıl Əlizadə, Mərdəkandan Kazım kişi, Vidadi Yafdımov, Fərhad və Teyyub Əliyev, Binədən Məzahir Nəsirov, Sulduz Yadıgarov, Zabil bəy böyük rol oynadılar. Bu şəxslər iri yük maşınlarından tutmuş minik maşınlarına qədər bütün maddi xərclərin əksər hissəsini öz üzərlərinə götürmüşdülər. Biz maşın karvanı ilə əvvəlcə Xızıya gəldik. İşıqları sönmüş bir məktəbin dəhlizində, 200-ə yaxın qaçqının müvəqqəti məskunlaşdığı yerdə görüşümüzü keçirdik.

Bir sözlə, Bakı kəndlərinin sakinləri Qərbi Azərbaycandan olan soydaşlarımıza bacardığı mümkün köməkliyi göstərməyə hazır idi. Hətta baxmayaraq ki, istər Buzovnada, istərsə də Mərdəkanda, Bakıxanovda, elə Bakının özündə də yerli əhalinin mənzilə olan ehtiyacı çox böyük idi, yerli əhali Bakını və onun kəndlərini kütləvi surətdə tərk edən qaçan ermənilərin evlərinə qaçqınları dəvət edir və yerləşdirirdi. Moskva və onun Bakıdakı əlaltıları qaçqınlarla yerli əhali arasında narazılıq yaratmaq üçün əlindən gələni əsirgəmirdi. Biz isə buna hər cür mane olurduq. Bu missiya, bəlkə də, Tanrnın və tarixin mənə həvalə etdiyi ən müqəddəs tapşırıq idi. Bu işdə mənə Azərbaycan xalqının qiymətli və dəyərli oğlu jurnalist Ağası Hun, Azərbaycanın səsini bütün dünyaya yayan Rəhbər Bəşir, eləcə də maddi yardımını bizdən əsirgəməyən Cənnətəli Əliyev (Ağası), Tusi Rəşid oğlu Orucov, Ağabala Alxasov, Zülfalı Rəşid oğlu Orucov, Firuz Ağası oğlu Əliyev, Firuz Orucov kimi Vətən övladlarının adlarını bu gün iftixarla çəkməyi özümə borc bilirəm.

Payızın ilıq səhəri idi. 2 maşınla Pirallahı qəsəbəsinin girəcəyindəki vertalyot meydançasına yaxınlaşdıq. Cilov adasına uçmalıydıq. Nəhayət saat 12-nin yarsında havaya qalxdıq. Cilov adasında bizi Maarif adlı şəxs gözləyirdi. Bu adada rusların strateji bazası yerləşirdi. Burda işləyən əhali əsasən ətraf kənd və qəsəbələrdən gəlirdi. Məni bu səfərdə Ə. Dadaşzadə, Vaqif Heybətov, Aslan Məmmədov müşayiət edirdilər. Bizi Cilov adasının mədəniyyət evinə dəvət etdilər. Biz ora çatanda içəridə əlliyə yaxın adam var idi. Səhnəyə qalxdıq. Mən çıxış edərək erməni təcavüzü, xalqın çıxılmaz vəziyyəti, sərvətlərimizin talanması, millətimizin səfil vəziyyəti haqqında danışdım. Altını cızaraq qeyd etdim ki, əgər Azərbaycan müstəqil olsa, onun iqtisadiyyatı bu gün ac və səfil görünən bu millətin bütün ehtiyaclarını ödəməyə yetər. Axı, nefti, balığı, qara kürüsü, pambığı, çayı, zəngin meyvə - tərəvəzi əvəzsiz təbii sərvətləri olan bir diyar nə qədər ki, xalqın öz ixtiyarında deyil, bu sərvətlər yadlar, biganələr, beynəlxalq dəllallar tərəfindən talanacaqdır.

Bir müddət sonra zala vətənpərvər şair Xəlil Rza Ulutürk və Mikayıl Mirzə daxil oldular. Onlar da öz növbəsində tribunaya qalxaraq camaatı mübarizəyə səslədilər”.

Nəsir bəyin anlatdıqlarından belə məlum olur ki, yığıncaqdan sonra geriyə uçmaq üçün bir saatdan artıq gözləməli olmuşdular:

“Getdikcə güclənməkdə olan xəzri küləyinin altında vertalyotun gəlib-gəlməyəcəyi haqqında düşünürdük. Nəhayət, səmadan vertalyot səsi eşidildi və biz geri qayıtdıq...

Oktyabr ayının ortaları idi. Azərbaycanda siyasi böhran günbəgün dərinləşməkdə idi. Qarabağ əhalisi dişinə qədər silahlanmış erməni yaraqlılarına qarşı əliyalın vəziyyətdə, qalmşdı. Nə isə etmək lazım idi. Vəziyyəti nəzərə alaraq, gözəl alim, isdedadlı arxitektor, Bakı və Bakı ətrafında böyük hörmətə sahib, əslən Qala kəndindən olan Hacıəmi ilə görüşüb baş verə biləcək təhlükənin qarşısını almaq yollarını müzakirə edirdik. Söhbət əsnasında yeni bir qurumun yaradılması fikrində həmfikir olduğumuzu hiss etdik. Çünki bu kimi problemlərin həlli bəzi hallarda qanunlardan kənara çıxmağı tələb edir. Demokratik hərəkat olan AXC-nin üzərinə isə kölgə düşməsinə imkan vermək olmazdı. Bu düşmənləri müqəddəs amallara xidmət edən hərəkatımıza şər və böhtan yaxmaq üçün əsas verə bilərdi. Əsasən Bakını və bütünlükdə Abşeron yarımadasını əhatə edəcək bir qurumun, Bakı - Abşeron Birliyi (BAB) adı altında fəaliyyət göstərəcək təşkilatın yaradılması qərarına gəldik. Məqsədimiz həm də Bakıda və Abşeronda demoqrafik ziddiyyətləri aradan qaldırmaq, kənd və qəsəbələrin təbii və yerli potensialını nəzərə alaraq, yerli təsərrüfat bölgüsünü qorumaqla Milli Azadlıq mübarizəsini daha da dərinləşdirmək idi. Qərara gəldik və dərhal da qərarımızı həyata keçirdik”.

Müxtəlif məsələlər üzündən narazı olanlar dərdlərini demək üçün bu qapıya - Nəsir Ağayevin rəhbərlik etdiyi BKB-nin qərargahına gəlirdilər. Hətta 1989-cu il oktyabrın əvvəllərində Şuşadan, Cəlilli, Kosalar və digər kəndlərdən belə gələnlər var idi. Müraciət edənlər içərisində Şuşa caamatı arasında xüsusi hörmət sahibi olan Ramiz Qəmbərov da var idi. Ona, Kərki-Cahandan Xankəndinə gedən və erməni hərbi dəstələrinə xidmət edən içməli su borusunun partladılması üçün əllidən artıq dinamit, eləcə də iki ədəd tüfəng, 20 ədəd R-1 qumbarası, 10 ədəd RQD tipli qumbara verildi. Üstəlik ermənilərin mühasirəsində olan Şuşa şəhərinin camaatına kömək üçün ilk mərhələ üçün 2 min manata yaxın pul da göndərildi.

Nəsir bəy Dağlıq Qarabağda baş verən hadisələri daim nəzarətdə saxlayır, Şuşalı Akif bəydən gündəlik məlumatlar alırdı. Üstəlik Sədərək və Ermənistanın əhatəsində olan Kərki kəndi ilə də Nurəddin İsmayılov və başqaları vasitəsilə əlaqələr saxlanılırdı. Bakı ilə olan əlaqələr bakılıların tutduğu yolun və apardıqları mübarizənin düzgünlüyünə dəlalət edirdi. Düşmən qüvvələr Azərbaycanda şəhərli – rayonlu, yerli – gəlmə qarşıdurması yaratmağa çalışanda Bakı və Kəndlər Birliyinin yaradılmasına ehtiyac yarandı. Bu addım Azərbaycana qarşı düşmən mövqeyində olan ölkələrin təşkil etdiyi düşünülmüş təxribatçı planların qarşısının alınması üçün yeganə, düzgün cavabı idi. Nəsir bəy və dostları bu planı 1989-cu ilin noyabr ayında BKB-nin bazasında gerçəkləşdirdilər və dərhal da fəaliyyətə başladılar.”


1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə