Elm ve təhsil məRKƏzi təFƏKKÜr universteti




Yüklə 56.15 Kb.
tarix28.02.2016
ölçüsü56.15 Kb.
ELM VE TƏHSIL MƏRKƏZI TƏFƏKKÜR UNİVERSTETİ
MÖVZU: AZƏRBAYCANIN FAYDALI QAZINTILARI

TƏLƏBƏ: MƏMMƏDOVA ÜLKƏR

KURS: I

QRUP: 410 İB


Azərbaycan ərazisi bir sıra faydalı qazıntı növləri ilə zəngindir. Bunların içərisində enerjidaşıyıcılardan neft ve qaz; filizlərdən dəmir, xrom, mis, kobalt, molibden, polimetallar; qeyri metallardan alunit, kaolinit, barit, daş duz xüsusilə qeyd edilməlidir.Respublikanın bütün fiziki-coğrafi bölgələrində tikinti materiallarının bir çox növləri geniş yayılmışdır (5-ci şəkil)

Azərbaycanda qazıntılar çox qədimlərdən insana mə'lum olub və onlardan primitiv şəkildə olsa da, hələ daş dövründən istifadə etməyə başlamışlar. Naxçıvan duz mədənlərində tapılmış daş alətlər (baltalar, çəkiclər, bıçaqlar) daş dövründən, Gədəbəy və Daşkəsən rayonlarında eneolit dövründən başlamış mis və dəmir filizi yataqlarının istismar edilməsinə aid mə'lumatlar göstərir ki, Azərbaycanda dağ-mə'dən işlərinə eramızdan minillər əvvəl başlanmışdır. Hələ eramızdan əvvəl 1-ci minillikdə Azərbaycanda dəmir, bürünc, qızıl, gümüş mə'mulat və əşyalar hazırlanırdı. Abşeronda və Ceyrançöldə birbaşa yer səthinə çıxan neft bulaqları insanlara çox qədim zamanlardan mə'lum idi. Abşeronda və Xınalıq kəndi yaxınlığında yanar qazın səthə çıxıb alovlanması da bir başqa "mö'cüzə" idi.

Eramızın VI-ci əsrindən başlamış Konstantinopolda Vizantiya imperatorlarının sarayları və kilsələr, o cümlədən, Aya Sofiya Bakıdan aparılan neftlə işıqlandırıldı



Enerji daşıyıcıları Azərbaycanda bir sıra faydalı qazıntılarının böyük ehtiyatlı olmasına baxmayaraq, qədimlərdən, xüsusilə XIX əsrin sonu XX əsrdə onu şöhrətləndirən neft, sonralar yanar qaz, bitum ehtiyatlarının istismarı olmuşdur.

Keçmiş Rusiya imperiyasında, sonralar Sovet ittifaqında hasil olan neftin 70%-dən artığı Bakı neftinin payına düşürdü. Böyük Vətən müharibəsi illərində Abşeronun neft yataqları daha intensiv istismar edilir və ildə 20-22 mln. ton neft çıxarılırdı. Bu bir həqiqətdir ki, Bakı nefti olmadan müharibənin müqəddəratını həll edən Sovet ordusunun zirehli qüvvələrini, hərbi hava və dəniz donanmalarını, bütün nəqliyyat vasitələrini hərəkətə gətirmək mümkün olmazdı. Indiyə qədər Azərbaycanda 1,2 mlrd. tondan artıq neft çıxarılmışdır.

Keçmişdə Abşeron yataqlarının bə'zilərində yuxarı pliosen çöküntülərindən (yer səthinə ən yaxın yatan neftli laylardan) çıxarılan neft ən təmiz neft idi. Azərbaycan nefti bir sıra xüsusiyətlərinə, xüsusilə parafin və kükürdün azlığına görə başqa regionlardan çıxarılan neftlərdən çox üstün olması ilə fərqlənir. Bu neftdən neftayırma zavodlarında ən yüksək oktanlı yanacaqlar, qiymətli sürtgü yagları və başqa məhsullar alınır.

Respublikanın neft və qaz ehtiyatı əsasən Abşeron yarımadasında və Xəzər dənizinin Azərbaycan akvatoriyasında (şelf zonsında) cəmlənmişdir. Bundan başqa Cənub-Şərqi Qobustanda, Aşağı Kür depressiyasında (Əli Bayramlı, Neftçala), Gəncə (Qazanbulaq, Naftalan) neftli rayonunda, Ceyrançöldə, Kür-Araz ovalığının mərkəzində (Muradxanlı-Carlı), Siyəzən və Dəvəçi rayonlarında neft yataqları müəyyən edilmişdir.

Sadalanan regionlarda neft və qaz çıxarılması eyni vaxtda başlanmamışdır. Hələ keçən əsrin ortalarından, xüsusilə axırlarından Bakının məşhur neft mədənləri bir-birinin ardınca kəşf edilmiş və istismara verilmişdir.

Azərbaycan neftinin xeyli hissəsi Abşeron yarmadasında məşhur Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Qaraçuxur , Qala, Buzovna, Binəqədi, Bibi-Heybət, Qaradağ, Buta, Korgöz, Pirallahı adası yataqlarından hasil edilmişdir.

Əsrimizin 20-ci illərindən, xüsusilə 40-cı illərin axırından dəniz neft yataqlarının istismarına başlanmışdır. Bayıl buxtasının torpaqla doldurulması, Pirallahı, Qum adası, Cilov, Neft Daşları, daha sonaralar, Səngəçal dəniz mədənlərinin işə salınması Azərbaycanın neft hasilatında dəniz mədənlərinin xüsusi çəkisini artırdı. Quruda yerləşən mədənlərin ehtiyatının kəskin azalması dəniz yataqlarının kəşfi ilə təxminən eyni vaxta düşürdü.

Son onilliklərdə Xəzərdə bir sıra böyük neft və qaz ehtiyatına malik olan neft yataqları aşkar edilmişdir. Bunlardan Çıraq, Azəri, Günəşli, Şahdəniz, Qarabağ yataqları ən perspektivli yataqlardır. Bu yataqlar bir sıra xarici şirkətlərlə birgə istismar ediləcəkdir.

Neft Daşları rayonunda dəniz şəraitində neft və qaz yataqlarının istismarı, Neft Daşlarının şəhərciyinin yaradılması, açıq dənizdə yüz kilometrlərlə estakadalar çəkilməsi Azərbaycan neftçilərinin əmək salnaməsində xüsusi bir yer tutacaq.

Azərbaycanda neft və qaz ehtiyatları əsasən pliosen dövrünün məhsuldar qat adlanan neftli-qazlı laydəstələrində toplanmışdır. Məhsuldar qat çöküntülərinin qalınlığı Abşeron yarımadasında, Cənub-Şərqi Qobustanda, Cənub-Şərqi Şirvanda, Xəzər akvatoriyasında 1000-2000 m-lə 3000-3500 m arasındadır. Məhsuldar qat çöküntüləri tərkibində bir sıra yüksək kollektor qabiliyyətli qalın qum, qumdaşı layları var. neft və qazın toplandığı kollektor laylarının sayı yataqlarda 10-a çatır. Antiklinal qırışıqlarda neftli-qazlı kollektorlar bəzi mədənlərdə 3000-4000 m-dən dərində yatırlar.

Siyəzən neft mədənlərində neft maykop çöküntülərindən, Muradxanlı yataqlarında yuxarı mezozoy çöküntülərindən, Naftalan-Qazanbulaqda oliqosenin maykop çöküntülərindən çıxarılır.

Gələcəkdə Azərbaycanda neftçıxarma, əsasən dəniz yataqları və qismən qurudakı yataqların daha dərində yatan neftli kollektorları hesabına aparılacaqdır.



N a f t a l a n n e f t i böyük müalicə əhəmiyyətinə malik olduğundan burada keçmiş ittifaq miqyaslı abad sanatoriyaları olan kurort şəhəri salınmışdır.

Azərbaycanda təbii qaz cənub-Şərqi Qobustanda çıxarılır. Bu qiymətli xammalın ən böyük yatağı da burada yerləşir. Bundan əlavə neft yataqlarının istismarı zamanı neftlə bərabər çıxan qazdan da istifadə edilir. Lakin onillər boyu yanar qazın bu növü havaya buraxılırdı. Xəzərdə yeni neft yataqlarının istismarı ilə yanaşı neftlə bərabər çıxan qazdan da istifadə ediləcək.

Neft yataqları ilə baglı yaranmış faydalı qazıntı növlərindən biri də təbii bitumlardır. Bitum yataqları Abşeron yarımadasında Balaxanı, Binəqədi kəndləri ətrafındadır. Bunlardan Balaxani yatağı daha böyük olmaqla, onillər ərzində istismar edilir.

Azərbaycanda çıxarılan neft və qazla əlaqədər Bakı və Sumqayıt şəhərlərində böyük neft-qaz e'malı və neft-kimya sənayəsi inkişaf etdirilmişdir. Enerji daşıyıcılardan Böyük Qafqaz dağlarının cənub yamacında İsmayıllı rayonu, Şimal yamacında isə Quba rayonu ərazisində yanar şistlərin yataqları aşgar edilmişdir. Ceyrançöldə Eldarovuğu və Çobandağ antiklinal tirələrinin şimal yamaclarında sarmat çöküntüləri tərkibində sənaye əhəmiyyəti olmayan daş kömür təbəqələri yerləşir.



Filiz yataqları Azərbaycanın əsas filiz yataqları Kiçik Qafqaz vilayətində və Naxçıvan MR-sı dağlıq ərazisində yerləşir. Kiçik Qafqaz dağları çoxdan "Azərbaycan Uralı" adı ilə məşhurdur. Burada bir çox filiz və qeyri filiz faydalı qazıntı yataqları aşkar edilmiş, öyrənilmiş və onların bir çoxu müxtəlif vaxtlarda istismara verilmişdir.

Kiçik Qafqazda bütün Qafqaz regionunun ən böyük dəmir filiz yataqları yerləşir. Gəncə şəhəri yaxınlığında yerləşən Daşkəsən, Alabaşlı, Seyfəli və başqa dəmir filizi yataqları arasında Daşkəsən maqnetit yatağı'daha böyük əhəmiyyət kəsb edir. Bu yataq aşağı tabaşir yaşlı intruzivlə kəsilmiş orta və üst yuranın müxtəlif tuflarından, tuf qumdaşlarından, kvaslı porfiritlərindən, argillitlərdən, mergellərdən və əhəngdaşlarından, həmçinin göstərilən kompleksləri uyğun olmadan örtən üst tabaşir əhəngdaşı və mergellərindən ibarətdir. Daşkəsən maqnetiti dəmir filizi yatağında layşəkilli maqnetitlərin qalınlığı 4-5 m-dən 60 m-ə qədərdir. Lakin bəzi yerlərdə maqnetiti dəmir filizinin qalınlığı 100-200 m-ə çatır. Filizdə dəmirin miqdarı 35-50% arasında dəyişir. Yatağın Azərbaycan Geologiya İdarəsi geoloqları tərəfindən hesablanmış ümumi ehtiyyatı 200 mln.tondan azca aşağıdır.

Alabaşlı dəmir filizi yatağı çökmə mənşəli olmaqla, lay formasında yura dövrünün tufogen süxurları tərkibində yerləşir. Bu yataqda dəmirlə daha zəngin hematitlərdir.

Bu göstərilən yataqlarla yanaşı Kiçik Qafqazın mərkəzi hissəsində ultra əsasi süxurlar arasında xromit yataqları da mə'lumdur.

Azərbaycan respublikasının və eləcədə bütün Qafqaz regionunun ən böyük polimetal filiz yatağı Böyük Qafqaz silsiləsinin cənub yamacında Balakən rayonu ərazisində 1958-ci ildə aşkar edilmiş Filizçay yatağıdır.

Eyni adlı çayın hövzəsində ortadağlıq qurşaqda yerləşən bu yataq Tufan antiklinoriumunda orta yuva şistləri, tufogen qumdaşı və argillit laylarında yerləşir. Azərbaycan Geologiya İdarəsi əməkdaşlarının tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, filiz kütləsinin əmələ gəlməsi argillitlərin əvvəlcə pirit mineralı ilə, daha sonralar mis, gümüş, qurşun, sink, mərgümüş, sürmə, bismut, tellur və bir sıra başqa mühüm filizlərin sulfidləri ilə zənginləşməsi ilə əlaqədardır. Filizçay yatağında 80-dən artıq mineral müəyyən edilmişdir. Yatağın ehtiyatı böyük olmasına baxmayaraq, o bu vaxta qədər istismara verilməmişdir.

Cənub yamacda bir sıra xüsusiyyətlərinə görə Filizçay polimetal yatağına yaxın Kasdağ və Jixix yataqları da aşkar edilmiş və öyrənilmişdir.

Mənşəyinə və filiz tərkibinə görə Filizçay yatağından xeyli fərqlənən damar kvars-polimetal formasiyası Yataqları Kiçik Qafqaz dağlarında yerləşir. Burada Mehmana, Badakənd, Mollahəsənli və b. yataqlar müəyyən edilmişdir. Kiçik Qafqazda həmçinin lay formalı mis-polimetal ( Tərtər rayonunda Elbekdaş yatagı) və mis-porfir yataqları da mövcuddur.

Kiçik Qafqazda əlvan metallardan mis filizi daha çox yerlərdə müəyyən edilmişdir. Azərbaycanda vaxtilə ən məşhur mis yatağı Gədəbəy yatağı olmuşdur. Istismarına hələ 1850-ci ildən başlanmış yataqdan xeyli mis çıxarılmış və əsasən Almaniyaya aparılmışdır. Hazırda bu yataq yalnız pirit yatağı kimi qiymətləndirilir.

Bir sıra müxtəlif faydalı qazıntı yataqları ilə məşhur olan Daşkəsən rayonu ərazisində yüksək keyfiyyətli dəmir, polad almaq üçün mühüm komponentlərdən sayılan kobalt yatağı bütün regionda nadir yataqlardandır. Bu yataq Aşağı Daşkəsən kəndi yaxınlığında Qoşqarçayın dərəsində yerləşir.

Molıbdən yataqları Naxçıvan MR-də Parağaçay hövzəsində müəyyən edilmişdir. damar halında olan Parağaçay molibdən yatağı uzun müddətdir ki, istismar edilir. Şəril rayonu ərazisində qurşun-sink yatağı paleozoy süxurlarından təşkil olunmuş Yuxarı Danziq antiklinalının cənub-qərb qanadında yerləşir.

Kiçik Qafqazın bir sıra sahələrində qiymətli metallardan qızılın müxtəlif mənşəli yataqları məlumdur. Bunlardan Kəlbəcər, Zəngilan rayonları ərazisində aşkar edilmiş yataqlar sənaye əhəmiyyətlidir. Kiçik Qafqazın şimal-şərq yamacında axan çayların allüvial çöküntüləri tərkibində (Gəncə-Qazax Maili düzənliyində) səpinti halında qızıl olması aşkar edilmişdir.



Qeyri-filiz faydalı qazıntılar. Qeyri metal filizlərdən Daşkəsəndə Zəylik alunit yatağı ehtiyyatına görə dünyada məşhur yataqlar sırasında durur. Alunit filizin əsas mineralları alunit və kvarsdır. Zəylik yatağında alunit lay formasında yatan alunitləşmiş vulkanogen süxurlarından ibarət olmaqla, əsas iki qatda yerləşir. Üst qaz az sahə tutsa da, orta qalınlığı 19 m-ə çatır. Alı qat daha böyük sanayə malikdir. Zəylik aluniti Gəncə giltorpaq və Sumqayıt alüminium zavodlarının əsas xammalıdır.

Kiçik Qafqaz dağlarında, xüsusilə onun şimal-şərq yamacında bir sıra pirit yataqları məlumdur. Bu yataqlardan Xanlar rayonundakı Çıraqdərə mədəni uzun müddət istismar edilmiş və kükürd turşusu almaq üçün respublikanın tələbatını ödəmişdir. Həmin yataq yaxınlığında Toğanalı və bir neçə başqa pirit yataqları var. Vaxtilə yalnız mis yatağı kimi istismar edilən Gədəbəy mis yatağı hazırda mis ehtiyatı tükəndiyinə görə,yalnız pirit yatağı kimi isdifadəyə yararlıdır.

Qeyri filiz yataqlardan Naxçıvanda daş duzun böyük yataqları çox qədimdən məlum olmaqla, hələ daş dövründən istifadə edilməyə başlamışdır.Duz yatağı eyni adlı sinkinal yaylaqda (Naxşıvan şəhərində 11-12 km şimal-qərbdə) Karaqan horizonu çöküntüləri tərkibində (gil, gips,anhidridlər) yerləşir.Duz qatı qalınlığı 43-92 m arasında dəyişən lay əmələ gətirir. Bu layın tərkibində gil, qum, anhidrid, gips təbəqələrinin olması duzun keyfiyyətini aşağı salır. Naxçıvan daş duz yatağı tərkibində NaCL75-82%, həll olmayan çöküntülər isə 11-17% təşgil edir. Naxçıvan çökəkliyində Duzdağ yatağından başqa səthdən 100m və daha dərində çox qalın daşduz qatı olması müəyyən edilmişdir.

Abşeron yarımadasının göllərində yay aylarında intensiv buxarlanma nəticəsində xörək duzu çökür. Yerli əhali bu göllərdə çökən duzdan çox qədimlərdən istifadə edilir. XX əsrdə isə əsasən iqtisadi böhranlar və müharibələr zamanı Abşeron göllərində əmələ gələn duzlardan daha geniş miqyasda istifadə edilmişdir. lakin 40-cı 50-ci illərdən fərqli olaraq son zamanlar Abşeron göllərində çökən duzlar ekoloji cəhətdən çox çirklənmişdir. Buna baxmayaraq, əhali bu göllərdən indi daha çox duz yığır. Lakin Abşeron göllərindən yığılan duzlar respublikanın xörək duzuna olan ehtiyacının az bir hissəsini ödəyir.

Azərbaycan ərazisində neft quyuları qazılmasında məhlulların ağırlaşdırıcısı kimi istifadə edilən baritin bir sıra yataqları məlumdur. Barit əsasən tektonik çatlarda damar halında rast gəlir. Bu mineralın ən böyük yataqları Xanlar rayonunda Çovdar yatağı, Goranboy rayonunda Ağackənd yatağıdır. Bunlarla yanaşı Şəmkir rayonunda, Dağlıq Qarabağda da barit yataqları, Tovuz rayonunda isə barit təzahürləri müəyyən edilmişdir.

Azərbaycanda, xüsusilə Kiçik Qafqaz dağlarının müxtəlif bölgələrində İslandiya ştatı(Dağlıq Qarabağda Harov və Mirikənd kəndləri yaxınlığında), perlit və obsidian (Kəlbəcər yaxınlığında), müxtəlif mineral boyalar(Çovdar kəndi yaxınlığında) o cümlədən kopal (Göranboy rayonunun Aşağı Ağcakənd kəndi yaxınlığında, Laçın rayonunda) yataqları aşgar edilmiş və onlardan bəziləri istismar edilir.



Tikinti materialları. Azərbaycan respublikasının bütün böyük regionları tikinti materiallarının bu və yaxud başqa növləri ilə zəngindir. Tikinti materiallarının ənənəvi, yəni çox qədim zamanlardan istifadə edilən növləri çiy kərpic, yonulmamış təbəqəli daşlar, qamış, ağac, şirə (gil) olmuşdur. Çiy kərpic hazırlamaq üçün Azərbaycanın demək olar ki, bütün dağətəyi və düzənlik zonalarında, dağlıq sahələrdə isə çay terraslarında, erozion tektonik çökəklərdə əmələ gəlmiş delüvial, aeral mənşəli lössəbənzər gillicələr ən əlverişli xammal olmuşdur. XX əsrin 50-ci, 60-cı illərinə qədər düzənlik rayonlarda kənd tikintisində, əsaən bu xammaldan geniş istifadə edilir. Lössəbənzər gillicələrdən həmçinin bişmiş kərpic, damları örtmək üçün kirəmit hazırlanırdı. Son onilliklərdə çiy kərpicdən divar materialı kimi istifadə edilməsi heçə enmək həddinə çatmışdır.

Azərbaycanda divar materialı kimi ən çox işlədilən müxtəlif daşlardır. Bunlardan Abşeron yarımadasında orta Abşeron əsri, Bakı və Xəzər yaşlı əhəngdaşları xüsusi yer tutur. Bu müxtəlif yaşlı əhəngdaşları arasında Abşeron əhəngdaşları tikinti materialı tikinti materialı kimi bütün başqa divar materialına nisbətən daha yüksək keyfiyyətlərə malik olması ilə seçilir. Abşeron yarımadasında geniş yayılmış balıqqulağı əhəngdaşlarının iridənəli növləri əsasən divar materialı kimi, xırdadənəli, daha monolit növləri isə üzük, dekorativ materialı kimi istifadə edilir. Bakının arxitektur baxımdan olduqca gözəl, nadir(şərq və qotika stilləridə tikilmiş) binalarının çox zərif ornamentləri, detalları da Abşeron yaşlı əhəngdaşlardan hazırlanmışdır.

Abşeron əhəngdaşlarının ən müsbət cəhətlərindən daşkəsən maşınlarla onlardan müxtəlif ölçülü divar daşı kəsməyin, səthini cilalamağın asan başa gəlməsi və bir sıra başqa keyfiyyətlərini göstərmək vacibdir.

Abşeron yarımadasında bu qiymətli tikinti materialının ən məşhur yataqları Qaradağ, Şonqar, Güzdək, Duvannı, Alatava, Dərnəgül Şüvəlan, Nardaran, Şıx, və bir çox başqa yataqlardır. Bu yataqlardan Alatava, Dərnəgül, Nardaran və Duvannı yataqları istismar edilir. Çox qiymətli və qalın orta Abşeron əhəngdaşı layından ibarət olan Duvannı (Böyükdaş) karxanası bütün dünyada məşhur olan Qobustan qayaüstü rəsimlərilə əlaqədər bağlanmışdır.

Azərbaycanın paytaxtı Bakı şəhəri, Sumqayıt və Abşeronun bütün tikililəri bu qiymətli materialdan tikilmişdir. Son 20-30 ildə Abşeron əhəngdaşından Azərbaycanın ən uzaq rayonlarında belə şəhər və kənd tikintisində geniş istifadə edilir.

Azərbaycanın bütün dağlıq bölgəsində əsas tikinti materialı kimi mezokaynozoy yaşlı əhəngdaşlarından, tufqumdaşından, mergellərdən hətta ağır daşlardan (məs.binaların özündə müxtəlif lavalardan) istifadə edilir. Şimal-Qərbdə Qazax rayonundan cənub-şərqdə Ağdam rayonuna qədər Kiçik Qafqazətəyi monoklinalın üst təbaşir əhəngdaşı və mergellərinin böyük yataqları istismar edilir.

Ağ əhəngdaşı layları çox qiymətli divar materialı olmaqla yanaşı, yumşaq olduğuna görə daşkəsən maşınlarla asan kəsilir. Tovuz mergellərini isə sanki tikinti materialı kimi təbiət özü təbəqələşdirib, istifadə üçün hazır vəziyyətə salıb.

Kiçik Qafqazətəyi monoklialın və Qaradağın əhəngdaşı və mergelləri həmçinin sement xammalı kimi istifadə edilir. 70 illik bir dövrdə Tovuz sement zavodu, son 40 ildə isə Qaradağ sement zavodu respublikanın sementə olan tələbatının bir hissəsini təmin edir.

Naxçıvan MR-də divar materialı kimi paleogenin tufqumdaşı yataqlarından, Süst əhəngli qumdaşından, Şahtaxtı, Qarabağlar travertinlərindən və başqa yerli materiallarından istifadə edilir. Şahtaxtı, Qarabağlar travertinlərindən və başqa yerli materiallardan istifadə edilir. Şahtaxtı travertinləri qiymətli üzük materialı kimi Bakı və başqa şəhərlərdən binaların daxilində işlədilir.

Azərbaycanda bahalı üzük materialı kimi istifadə edilən mərmər və mərmərləşmiş əhəngdaşlarının bir sıra yataqları məlumdur. Böyük Qafqaz dağlarının şimal-şərq yamacında (Quba rayonunda) cəhrayı, Daşkəsəndə iridanəli ağ, Şəril rayonunda qara mərmərin yataqları aşkar edilmişdir. Qara və ağ mərmərin ehtiyyatları böyükdür və onlardan müxtəlif sahələrdə istifadə edilir.

Şuşa yaylasını təşkil edən yura dövrünə aid mərmərləşmiş əhəngdaşlarıda çox möhkəm və və dözümlü tikinti və üzlük daş kimi istifadəyə yararlıdır.

Azərbaycan düzənlik və dağətəyi rayonlarında tikinti materialları kimi pliosenin, xüsusilə dördüncü dövrün gillərindən geniş istifadə edilir.

Son zamanlar bağlanmış Zığ kərpic zavodu uzun illər yuxarı pliosen gil yatağı əsasında fəaliyyət göstərmiş, Quba, Şəki, Lənkəran kərpic və kirəmit zavodları isə dördüncü dövr gillicilər yataqları əsasında işləyirlər.

Azərbaycan tikinti materiallarından dəniz mənşəlli qumların böyük yataqları, Xəzər sahillərində, allüvial qumlar isə Kür boyunda və Kürün qolları üzrə yerlləşirlər. Azərbaycanın bütün allüvial-prolüvial maili düzənliklərində, Kür, Araz, Samur çayı yataqları boyu zonada böyük qum-çınqıl yataqları mövcuddur. Bu yataqlardan şəhər və kəndlərin, müxtəlif sənaye obyektlərinin, dəmir və şose yollarının tikintisində geniş miqyasda istifadə edilir.

Yuxarıda göstərilən tikinti materialından başqa Xanlar, Şəmkir, Qazax və Abşeron rayonlarında bentonit gillərinin Xanlar, Füzuli, Cəbrayıl rayonunda porfiritlərin və bir sıra başqa faydalı qazıntıların yataqları məlumdur.

Mineral sular. Azərbaycanın bütün fiziki coğrafi vilayətlərində müxtəlif tərkibli mineral su bulaqları aşkar edilmişdir. Mineal bulaqlarının bir qrupunun suyu soyuq, bir qrupununki möhtədal (ilıq), bir qrupununki isə istidir. Respublika ərazisində adi və müalicəvi suyu ilə seçilən külli miqdar mineal bulaqların bəziləri öz əhəmiyyətinə görədünya şöhrəti qazanmışdır. Bu baxımdan mədə-bağırsaq xəstəliklərinin müalicəsində əvəzsiz əhəmiyyətə malik olan Kəlbəcər İstisuyu Çexiyadakı Karlovı-Varı və Şimali Qafqazdakı Jeleznovodsk suları ilə, böyük xəstəlikləri müalicəsində istifadə edilən Dəvəçi rayonundakı Qalaaltı Qərbi Ukranyada Karpat dağlarının ətəyindəki məşhur Truskaves suları ilə müqayisə edilir. Hər iki mineral su yanında sanatoriyalar fəaliyyət göstərir.

Azərbaycanın mineral bulaqlarının öyrənilməsində bir sıra hidrogeoloqların, xüsusilə məşhur Azərbaycan geoloqu akademik Mirəli Qaşqayın və professor Əziz Əsgərovun əvəzsiz rolu olmuşdur.

Azərbaycanın fiziki coğrafi vilayətləri içərisində Kiçik Qafqaz Naxçıvan və Lənkəran vilayətləri mineral bulaqların bolluğuna və müalicə əhəmiyyətinə görə Böyük Qafqaz və Kür çökəkliyi vilayətlərində daha zəngindir.

Mirəli Qaşqayın məlumatlarına görə Kiçik Qafqaz vilayətində 30-a qədər mineral bulaq qrupu vardır. Bunlardan Kəlbəcər rayonundakı İstisu və Qoturlu mineral bulaqları, Laçın rayonundakı Mirkənd-Əhmədli mineral bulaqları, Şuşa rayonundakı Turşsu, Şırlan və Gədəbəy rayonunda Qızılca mineral bulaqları respublikamızda xüsusi şöhrət qazanmışdır.

İstisu kurort rayonunda mineral bulaqlar Tərtərçayın dərəsinin dibində yerləşir. Çayın dərəsi və bulaqlar tektonik qırılma üzrə yerləşir. İstisu bulaqları qrupu Bağırsaq, Yuxarı İstisu(yaxud İstisu kurortu), Aşağı İstisu və Kəlbəcər sahələrinə ayrılır.

Mineral bulaqlar vulkanogen süxurlardakı və qranitoidlərdəki çatlardan çıxır. Yuxarı İstisu sahəsində mineral bulağın biri birbaşa çayın dibində fəvvarə vururdu. İstisu bulaqlarında suyun temperaturu 21-61° arasında tərəddüd edir. Suların balneoloji əhəmiyyətini artıran onların radioaktivliyidir. Bu bulaqların gündəlik su debiti I milyon litrdən çoxdur. Lakin bunun çox cüzi hissəsi istifadə edilir. Bundan başqa su şüşələrə doldurmaq ölkənin müxtəlif regionlarına, xüsusilə Bakı şəhərinə göndərilir.

Minkənd mineral bulaqları eyni adlı çayın dərəsində səthə çıxan 6 böyük debitli qaynaqdan ibarətdir. Bu qaynaqların ümumi debiti 1,5 mln. litirdən artıqdır. Suyun temperaturu 25-29° arasındadır. Yayda bulaqlar ətrafında yüzlərlə alaçıq və çadır qurulur. Qaynaqlar sahəsində xəstələr primitiv dayaz quyular qazaraqtəbii vannalar qəbul edirlər. Minkənd bulaqlarından bir qədər aşağıda gündəlik debiti 0,6 mln. litirdən artiq olan və temperaturu 8,8° ilə 19° arasında dəyişən Əhmədli mineral bulaqları yerləşir.

Turşusu və Şırlan bulaqları Qarqarçayın qollarından Zarıslı və Xəlifəli çayların mənbələrinə yaxın bir-birindən 8 km məsafədə yerləşir. Turşusu bulaqları Şuşa-Laçın yolu üzərindədir. Suyun temperaturu 8,2-9,6°, minerallaşma dərəcəsi 3,9q/litr, sərbəst karbon qazının miqdarı 2,45-2,57 q/litrdir. Turşsuda suyu şüşələrə dolduran zavod tikilmişdir.

Qızılcan mineral bulaqları suyun temperaturu 7-12°, gündəlik debiti 20 min litrdən çoxdur. Sular karbon qazlı-hidrokarbonat-kalsium-maqnezium-natrium tiplidir.

Naxçıvan MR ərazisində 50-yə qədər isti və soyuq sulu mineral bulaqlar mövcuddur. Naxçıvan mineral suları kimyəvi tərkibinə görə dörd tipə ayrılır:

1 – acı və şor sular(Qızıl Vənk, Cuğa, Dərəşam, Dostu bulaqları), 2 – şor və acı- şor sular ( Darrıdağmərgümüşlü su bulaqları və Vayxır bulaqları), 3 – karbon – qazlı, əhəngli sular (Badamlı və Gömür suları), 4 – qələvi sular(Sirab, Nəhəcir suları).

M. Qaşqay balneoloji xassələrinə və içməyə yararlığına görə aşağıdakı mineral su bulaqlarından fərqləndirir:

1. Darrıdağ mərgümüşlü su bulaqları (Culfa rayonu); 2. Badamlı bulaqları(Şahbuz rayonu); 3. Sirab (borjom tipli) bulaqları (Babək rayonu); 4. Nəhəcir(duzlu –qələvi sulu) bulaqları (Babək rayonu); 5. Qızıl-Vənk mineral su bulağı (Babək rayonu); 6. Vayxır mineral bulağı (Babək rayonu); 7.Gömür mineral bulağı (Gömür kəndi yaxınlığında).

Badamlı bulaqlarında suyun temperaturu 16-17°, ümumi gündəlik debiti 950 min litrdir, minerallaşma dərəcəsi 1,45q/litr, karbon qazının miqdarı 1,3-1,5q/litrdir. 1 və 3 nömrəli bulaqlarda isə minerallaşma dərəcəsi daha yüksək olub, müvafiq şəkildə 4,5 və 6,7 q/litrə, çatır. Badamlı bulaqları suyu qiymətli içməli su kimi şöhrət qazanmış və respublikada geniş miqyasda istifadə edilir.

Sirab bulaqlarında suyun temperaturu 15°, gündəlik debiti 30 min litrdən artıqdır.

Lənkəran vilayətinə dağətəyi zonada yerləşən tektonik qırılmalar üzrə bir sıra mineral su bulaqlar qrupu yerləşir. Bunlara Masallı, Lənkəran, Astara mineral bulaqları daxildir. Masallı, mineral bulaqları kimyəvi tərkibinə görə xloridli-natriumlu-kalsiumlu sulara aiddir. Bu bulaqlar temperaturuna görə (50-64°) termal sulara aid edilir. Minerallaşma 17 q/litrə çatır.

Lənkəran mineral bulaqları qrupu Lənkəran şəhəri yaxınlığında (12km qərbdə) dağətəyində yerləşir. Lənkəran mineral bulaqları qrupu bir-birindən 3 km məsafədə yerləşən Yuxarı və Aşağı Lənkəran bulaqlarına ayrılır. Yuxarı Lənkəran bulaqlarında suyun temperaturu 43-46°-yə, gündəlik debiti 900 min litrə çatır. Aşağı Lənkəran bulaqları dəniz səviyyəsindən 30-40 m yüksəkdədir. Bu bulaqlarda suyun temperaturu 41-43°-yə, çatır. Lənkəran isti suyun üzərində müalicə və istirahət ocağı yaradılmışdır.

Astara İstisu bulaqları da alçaqdağlıq zonada yerləşir. Bu mineral bulaqlarda suyun temperaturu 50°-yə çatır, gündəlik debiti isə 2 mln litrdən artıqdır. Bu bulaqların acıtəhər şor sularının minerallaşma dərəcəsi 20q/litrə qədərdir.

Astara rayonunun Ərcivan kəndində qazılmış quyudan metan qazı ilə çox zəngin mineral su çıxır. Kibrit çəkdikdə Ərcivan suyundan qaz alovlanır.

Vilayətin termal suları, təkrarsız təbii landşaftları, Xəzər çimərliklərinin yaxınlığı burada böyük kurort və istirahət kompleksləri yaratmağa imkan verir.

Böyük Qafqaz vilayətində mineral bulaqları üç əsas regionda cəmlənmişdir.

Bunlar cənub və şimal-şərq yamac regionlarından və bu dağlıq vilayətin uzaq cənub-şərq ətəyi regionundan ibarətdir.

Cənub yamacda 60-dan artıq mineral bulaqlar daha məşhurdur. İlisu mineral bulaqları natrium-hidrokarbonat və qələvi-karbon qazlı sular qrupuna aiddir. Bu bulaqlar məşhur İlisu kəndindən yuxarı Hamamçayın (Kürmükçayın qoludur) sahilində yerləşir. Bu bulaqların suyu şaquli çatlardan fəvvarə vurur, temperaturu 40-42°-yə çatır. Bu regionda Qax suyu adlanan suyun da böyük müalicə əhəmiyyəti var.

Böyük Qafqazın şimal-şərq yamacında mövcud olan mineral bulaqlardan ən məşhurları Quba rayonunda Cimi, Xaltan, Xaşı xüsusilə müalicə məqsədləri ilə 60-cı illərdən geniş miqyasda istifadə edilən Dəvəçi rayonundakı Qalaaltı mineral bulaqlarıdır.

Şamaxı və Qobustan rayonlarında bir sıra hidrogen-sulfidli soyuq mineral bulaqlar mövcuddur. Bunlardan daha əhəmiyyətlisi Çuxuryurd bulaqlarıdır (suyun temperaturu 15-17°, gündəlik debiti 200 min litr).

Abşeronda böyük müalicə əhəmiyyətli isti su Şıx istisuyudur. Bunun əsasında Şıx kəndində revmatizm və başqa xəstəliklərin müalicəsi üçün sanatoriya kompleksi yaradılmışdır.



Kür-Araz ovalığında sərbəst mineral bulaqlar azdır. Bunlardan Göranboy rayonunda Gəncə Bozdağının ətəyində yerləşən yodlu bulaq, Neftçala rayonunda Babazənən qrupu bulaqları çox minerallaşması ilə seçilir. Ovalığın müxtəlif yerlərində qazılmlş quyulardan daha çox maierallaşmış və müxtəlif qazlarla zəngin sular çıxır.










Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə