Elm və TƏHSİl məRKƏZİ “TƏFƏKKÜR” universiteti




Yüklə 88.74 Kb.
tarix10.04.2016
ölçüsü88.74 Kb.


ELM VƏ TƏHSİL MƏRKƏZİ “TƏFƏKKÜR” UNİVERSİTETİ
Tibbi biologiya və filologiya fakültəsi, jurnalistika ixtisası

üzrə əyani şöbəsinin III kurs 507j qrup tələbəsi

Vüqar Şahin oğlu Hacıyevin “Ədəbi redaktənin

məqsəd və vəzifələrinə dair elmi-nəzəri

mülahizələr” mövzusunda

K u r s i ş i
Elmi rəhbər:professor M. Mahmudov

Kafedra müdiri:professor Ş. Hüseynov
Bakı – 2010


Mündəricat



  1. Giriş

  2. Ədəbi redaktə və onun tarixi

  3. Ədəbi redaktəyə dair elmi-nəzəri mənbələr

  4. Redaktə və dil məsələsi

  5. Redaktədə sözçülük halları və ona qarşı mübarizə üsulları

  6. Süjet və kompozisiya, mövzu və məzmunun seçilməsi

  7. Söz düzəltmə, söz sırası və məntiqi ardıcıllıq

  8. Məntiq və məna səhvləri

  9. Müxtəlif tədqiqatçıların gəldiyi son nəticələr

  10. Nəticə

  11. Ədəbiyyat


Giriş

Dünyanın ən ali varlığı insana həmişə mövcud olan nə varsa, onun gözəlini, zövq oxşayanını, daha yaxşısını seçməyi üstün tutur. Fikrimizi əsaslandırmaq üçün bir-iki misala diqqət yetirək. Paltar almaq istəyən hər hansı bir şəxs bazara girdikdə seçim qarşısında qalır. Düzdür, bu baxımdan bir az çətinlik çəksə də sonda zövqünə uyğun, səliqə ilə tikilmiş, daha keyfiyyətli parçaya malik paltarlara üstünlük verir və ya süfrə səliqə ilə hazırlandıqda, stola düzülmüş yeməklər daha tamlı və ləziz olduqda süfrə arxasında əyləşənlər böyük iştahla bu yeməklərdən dadacaqlar.

Bu misallara müraciət etməyimiz məqsədsiz deyil. Bizim də artıq azad, müstəqil dövlətimiz var. Ölkəmizdə digər sahələrlə yanaşı KİV-də kifayət qədər inkişaf etmiş, söz azadlığı, plüralizim bərqərar olmuşdur. Bu barədə konstitusiyasının 47-ci maddəsində deyilir: “Hər bir kəs fikir və söz azadlığı hüququna malikdir. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və öz fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz” (1). Müasir şəraitdə ölkəmizdə yüzlərlə qəzet və jurnal, onlarla informasiya agentliyi, nəşriyyat, televiziya və radio kanalları fəaliiyət göstərir. Mətbu orqanların sayı daha çoxdur. “Azərbaycanda 1820-dən artıq KİV qeydiyyatdan keçmişdir. Bunlardan 1756-sı qəzet, 36-sı teleradio şirkəti, 28-i isə informasiya agentliyidir” Lakin bunların içərisində dövri nəşrinin ardıcıllığı, auditoriyasının genişliyi, doğru-dürüst informasiya yayması, müasir auditoriyanın tələblərinə cavab verməsilə fərqlənən qəzetləri barmaqla saymaq olar.

Müasir dövrdə də mətbuat, TV və radio kanallarımızın dili bu baxımdan acınacaqlı vəziyyətdədir. Bu həmin sahədə çalışqan əməkdaşların savadsızlığına, ya da xarici dillərə alüdəçiliyinə dəlalət edir. Bəziləri xarici sözlərdən istifadəni yüksək bilik və savadlılıq sanır. Ancaq mərhum prezidentimiz Heydər Əliyev deyirdi: “Gənclərimiz nə qədər xarici dil bilsələr, bir o qədər zəngin dünya görüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbidir. Lakin ən əsası ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir”

Bəzi əməkdaşlar isə öz doğma dilini bilmir. Bu dilin ifadə imkanlarının məhdud olduğunu iddia edir. Dilə bu cür biganə yanaşmaq isə onun korlanmasına səbəb olur. Dahi bəstəkarımız Ü. Hacıbəyov “Yeni üsuli–təbii haqqında bir neçə söz” adlı məqaləsində (Tərəqqi qəzeti, 1909-cu il mart tarixli sayında) deyirdi: ”Biz müəllimlər öz türk dilimizi bilmirik və bilmədiyimiz üçün bədbəxt dilimizi xarab edirik. Yüzlərlə müəllim türk dili baxımından heç nə bilmir”.

Təəssüflər olsun ki, məqalənin yazılmasından bir əsr keçsə də, orada qeyd olunan fikirlər öz aktuallığını saxlamaqdadır. Bu məsələləri aradan qaldırmaq üçün isə daha peşəkar redaktorlar-ədəbi işçilər təhlil edərkən birinci növbədə yazıçı-publisistin hansı yeni fikri, ideyanı, aktual problemi, ictimai-siyasi məsləni əks etdirməsini, müəllifin mövqeyini, hadisələrə münasibətini, diqqət mərkəzində saxlamalıdır.”

Publisistik-sənədli dürüstlüyü xüsusilə, vacibdir. Çünki o bir tərəfdən konkret, real faktları, hadisələri əks etdirir, onun ictimai-siyasi mənasını açır, digər tərəfdən hisslərə təsir edir, cəmiyyətə müəyyən ideyalar aşılayır.

V.İ. Lenin “Nədən başlamalı” adlı məqaləsində deyir:”Qəzet yalnız kollektiv təbliğatçı təşviqatçı deyil, habelə kollektiv təşkilatçılıqdır”

Yuxarıda deyildiyi kimi mətbuat və teleradio kanalları güclü təbliğat vasitələridir. Onlar insanların maariflənməsində mühüm rol oynayır. İnsanlar elektron və çap KİV-in sahəsində gündəlik cəmiyyətdə baş vermiş hadisələr haqqında informasiya əldə edir. Əhali KİV-in yaydığı informasiyaya daha çox inanır. Amma bu baxımdan sui istifadə etmək olmaz. KİV-də doğruluğu isbat olunmamış, yalan xarakterli məlumatlara tez-tez rast gəlinir. Bu tip KİV-lər insanları aldatmaqla yanaşı, tədricən öz nüfuzlarını da itirərək, cəmiyyətin onlara olan inamını azaldırlar. “Manehester Guardion” qəzetinin redaktoru S.P. Skott hələ 1921-ci ildə yazırdı: “ Qəzetin ən vacib vəzifəsi informasiya toplamaqdır. Qəzetin faciəsi onda başlayır ki, jurnalistlər informasiya mənbəyinin dəqiq olub-olmadığına əhəmiyyət vermirlər.”

Müasir mətbuat, radio və TV kanallarında nəyinki təsdiq olunmamış məlumatlara yer verilir,hətta, bəzi şou xarakterli materiallarında, verilişlərdə yeri gəldi-gəlmədi vulqar sözlər,təhqiramiz ifadələrə, milli mentalitetmizə uyğun olmayan filmlər geniş yer tutur. Amma “Auditoriyanın önəmli qismi üçün təhqiramiz sayıla biləcək hər hansı epizodun verilişə daxil edilib-edilməməsi TV-yə daxil olan konkret faktların diqqətlə araşdırılmasından asılıdır. Bu zaman məsləyə çağdaş ictimai standartlar, xəbərlər və məsuliyyətin ümumi dəyərləndirmə standartları yönündə yanaşmaq lazımdır. Olayların təsviri zamanı təhqiramiz ifadələrdən istifadə olunursa, həmin ifadələrin verilişə daxil edilməsi olayın tam detallı çatdırılmasının önəmindən asılıdır. Yəni səslənmiş təhqiramiz ifadənin çatdırılmaması ictimai baxımdan son dərəcə önəmli olayın xarakterini və mahiyyətini təhrif edəcəksə, sözügedən ifadənin efirə verilməsi barədə düşünmnək olar!? Bu məsələlər istər çap, istərsə də elektron KİV-də daim redaktorların diqqət mərkəzində olmalıdır. Mətbu materialların, verilişlərin yüksək səviyyədə hazırlanaraq auditoriyaya çatdırılması, orada çalışan redaktorların peşəkarlıq səviyyəsindən asılıdır.

Əgər oxucu auditoriyası arasında sorğu keçirsək onlardan yalnız 10-15-nin daimi oxucusunun olduğunun şahidi olarıq. TV və radio kanalları haqqında da eyni sözləri demək olar. Bəs bunun səbəbi nədir? Təbii ki, əvvəldə qeyd etdiyimiz kimi insanlar KİV sahəsində də daha keyifiyyətli informasiya yayan qəzet və teleradio kanllarına üstünlük verir. İstənilən qəzet, jurnal və teleradio kanalının uğuru isə onun əməkdaşlarının peşəkarlığından asılıdır. Məşhur bir deyim var yada düşür: “Hər bir məşhur qəhrəmanın arxasında zərif bir qadın dayanır” Mətbuat orqanlarının, teleradio kanallarının, nəşriyyatların qazandığı uğurlar arxasında yaradıcı, peşəkar insanlar dayanır ki, bunlara qəzet və jurnal redaksiyalarında ədəbi işçi, televiziya və radioda, nəşriyyatlarda isə redaktor deyilir. Redaktorların əsas vəzifəsi redaksiyalara və ya nəşriyyatlara təqdim olunmuş müəllif materiallarını redaktə edərək, yol verilmiş nöqsanların aradan qaldırmaqla, daha mükəmməl hala salaraq auditoriyanın istifadəsinə verməkdən ibarətdir.

Yaşadığımız cəmiyyəti informasiya cəmiyyəti adlandırırlar. Cəmiyyətimiz günü-gündən inkişaf edir. Bu inkişaf bütün sahələrdə olduğu kimi yaradıcılıq sahəsindən yan keçməyib. Saysız-hesabsız həm elektron, həm də çap KİV-ləri bunun ən bariz nümunəsidir. Bu inkişaf insanların informasiyaya olan ehtiyacını günü-gündən artırır, yeni-yeni qəzet və jurnalların, radio və televizyaların yaranmasına səbəb olur.

Yaradıcılıq sahəsindən söz düşərkən ədəbi redaktənin rolunu dana bilmərik. Qeyd edək ki, redaktənin tarixi çox qədimdir. Uzun zamanlar redaktə işinin zəruriliyinə dair bir-birinə zidd fikirlər mövcud olmuşdur. Tədqiqatçılardan bəziləri redaktə işinin lazımsız olduğunu söyləyiblər, onlar bu işi dayə əməyinə bənzətmişlər, yəni necə ki, valideyn dayəyə arxayın olub öz uşaqları ilə maraqlanmır, eynilə müəllif redaktora arxayın olub, əlyazmanı necə gəldi elədə yazır. Əlbəttə, bütün bunlar yalnış tamamilə yalnış fikirlər idi. Zaman keçdikcə tarix göstərdi ki, redaktə işi nəinki zəruri, həm də, vacibdir. Hamımıza yaxşı məlumdur ki, hər gün müxtəlif səpgidə bir çox yazılar çıxır, kitablarda saysız-hesabsızdır. Belə olan təqdirdə böyük inam hissiylə deyə bilərik ki, redaktə işinə bu gündə böyük ehtiyyac duyulur. Əlyazması üzərində işləyən hər bir redaktor dərk etməlidir ki, onun işini o vaxt uğurlu saymaq olar ki, o redaktə, onun məqsəd və vəzifələri, işin mərhələli vəhdəti məntiqi təfəkkür kimi amillərə dərindən bələd olsun, elmi-nəzəri mülahizələr barədə yetərli fikirə sahib olsun. Bu gün də redaktə sahəsində bir cox tədqiqatçilar vardır ki, onların kitabları hər bir jurnalist, yaradıcı işçi və ən əsası redaktor üçün çox vacibdir. Bunlar M.Mahmudov, A.Axundov, T.Rüstəmov kimi tədqiqatçılardır. Yaxşı olardı ki, onların hər birinin fkirləri ilə yaxından tanış olaq.

T.Rüstəmovun 1975-1981 ci illərdə nəşr olunmuş “Ədəbi Redaktənin əsasları” adlı kitabı böyük oxucu kütləsinin marağına səbəb olmuşdur. T. Rüstəmov redaktə işi, onun məqsəd və vəzifələri barədə geniş məlumat verir:

Ədəbi redaktə kütləvi informasiya və təbliğat vasitələri sistemində mühüm yer tutan ideoloji fəaliyyət sahəsi, mətnlərin oxucu, tamaşaçı və dinləyici auditoriyasına səmərəli təsirini təmin etməli olan yaradıcılıq prosesidir.(səh.5 R5)

Bəzən güman edirlər ki, müasir şəraitdə adamların savadının yüksək olduğu, bilik səviyyəsinin inkişaf etdiyi bir vaxtda peşəkar jurnalistlərin materiallarını və redaksiyalara göndərilən digər yazıları təmin etməyə ehtiyac yoxdur.

Əlbəttə, ədəbi işçilərin əməyinə belə münasibət tamamilə yalnışdır. Redaksiyaya təqdim olunmuş hər yazını qiymətləndirmək üçün nüfuzlu bir şəxs lazımdır ki, bu da məhz ədəbi redaktordur.
Bəzən də belə düşünürlər ki, redaktə əlyazmasını yalnız üslubi cəhətdən işləmək, dil xətalarını aradan qaldırmaq, cümlələrin düzgün qurulmasına nail olmaq deməkdir. Əslində isə ədəbi redaktor materialı işləyərkən ilk növbədə onun ideya siyasi istiqamətini qiymətləndirir. Qəzet səhifəsinin yerləşdirilməsini təmin edir. Həmçinin fikirlərin dəqiqliyini, məntiqi ardıcıllığını kompozisiya bitkinliyini, fakt materialının dürüstlüyünü yoxlayır. Şübhəsiz ki, söz və ifadələri cilalamaq müəllif üslubunun daha aydın və anlaşıqlı olmasına çalışmaq bu prosesdə mühim yer tutur.(səh.6 R5)

Göründüyü kimi redaktə iş üçün olduqca səmərəli məlumatdır. Bu sahədə M.Mahmudovun çox böyük zəhməti olmuşdur. Onun son dövr nəşrə buraxılmış (Bakı 2008) Ədəbi Redaktə: nəzəriyyə və təcrübə adlı kitabı hər bir oxucunun sevincinə səbəb olmuşdur. Kitab redaktə işi üçün olduqca səmərəlidir. M. Mahmudov konkret faktlarla çıxış edərək redaktə işini bütün təfərrüatı ilə oxuculara izah edir.

Kitabda ilkin olaraq redaktə işinin bölgüsü, məqsəd və vəzifələrindən bəhs olunur:
Redaktəni şərti olaraq iki yerə bölmək olar:
1) Siyasi və ya elmi redaktə

2) Ədəbi redaktə


Burada qeyd olunur ki, əvvəlinci əlyazmanın məzmunu ilə bağlıdır. Bu zaman düzəlişlər, əlavə və ixtisarlar, müəllif qayəsini birazda qabartmaq, fikirləri daha parlaq, tərbiyəvi və təsirli şəkildə əks etdirməkdən ibarətdir.
Ədəbi redaktə isə əlyazmanın forma və quruluşunu əhatə edən bütün komponentlərə aiddir. (səh.22 4M-1)
Əslində bu bölgü konkret deyil, bunlar bir biriylə vəhdət təşkil edir. Əlyazma üzərində işləyərkən redaktor hər iki bölgünün tələblərinə ciddi yanaşmalıdır. Bir sözlə bütün zəhmətlə görülən işlər sonda ümumi məqsədə xidmət edir: qarşıya qoyulan başlıca tələb müxtəlif vasitələrlə fikri, ideya-məzmunu gücləndirmək, qayənin daha da qüvvətləndirilməsinə formanın cəlb ediciliyinə diqqət yetirmək, dil və üslubu cilalamaq, fikrin yığcamlığına nail olmaq, mühakimədəki uyğunsuzluğu, bütün sahələrə aid təhrifləri aradan qaldırmaq və sair vasitələrlə əlyazmanı mövcud variantdan daha kamil şəklə salmaq.

Bütün tadqiqatçıların nəzər yetirdiyi əsas məsələlərdən biri də redaktə işində dilin saflığının qorunmasıdır. Təsadüfi deyildir ki, redaktə dil məsələsi daha geniş izahatda verilir.

Ana dili, onun saflığı klassik mətbuatımızda da mühim rol oynamışdır. Milli mətbuatımızın bamisi H.Zərdabi “Əkinçi” qəzetinin nəşri ərəfəsində redaksiya ilə təmasda olan oxuculara qəzetə ancaq günün vacib məsələlərindən, xalqın güzəranından, gündəlik ehtiyaclarından, həm də aydın, anlaşıqlı bir dildə yazmalarını arzulayırdı. Yaxud M.Axundov “Əkinçi” qəzetinin nəşrə başlaması ərəfəsində Zərdabiyə belə bir məktub yazmışdır: “Qəzetinizin məziyyətlərindən bir ifadənin gözəlliyi, ibarələrin zərifliyi, aydınlığı orfoqrafiyanın düzgünlüyü olmalıdır, çünki qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır.”

Bu sahədə C.Məmmədquluzadə və onun yaratmış olduğu “Molla Nəsrəddin” jurnalının fəaliyyəti xüsusilə müstəsna əhəmiyyət kəsb edir. Özünün yazdığı kimi türk qardaşları ilə “türkün açıq ana dili ilə danışan” bütün ömrü boyu öz məramına sadiq qalan yazıçı doğma dilinə xor baxan, bu dikdə danışmağı şəninə sığışdırmayan insanları kəskin tənqid hədəfinə çevirmişdir (sözümü tamam etdim ancaq bircə üzrüm var: məni gərək bağışlayasız ey mənim türk qardaşlarım ki, mən sizinlə türkün aşıq ana diliylə danışıram (səh.192 3H).

Bununla yanaşı “Dilimiz və imanımız” adlı məqaləsində oxucularını böyük ürək ağrısı ilə dilimizi qorumağa, ona naxoş baxanları aradan çıxarmağa səsləyirdi.

“Türkün haqq rəhmətinə gedəcək” dillər kimi deyildir. Amma bugünkü qayğısızlıq naxoşluğuna çarə axtarmasaq, onun bu yaman halının da çox uzanacağından qorxuruq.(səh.28 4M-1)

Dövlətimiz müstəqillik əldə etdiyi gündən bu yana dilimizə dövlət qayğısı artmağa başladı. Azərbaycan Respublikasının Dövlət Dili Haqqında Qanunu və Dövlət Dilinin Tətbiqi İşinin Təkmilləşdirilməsi Haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı bu məqsədi daşıyır. Qanunda qeyd olunur ki, Azərbaycan Respublikası Azərbaycan dilinin Dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünüifadə ehtiyaclarını ödənməsi üçün zəmin yaradır.(Bakı şəhəri 1yanvar 2003, Azərbaycan qəzeti)

Fərmanda isə Azərbaycan Respublikasında Dövlət dili haqqında daha geniş məlumat verilmişdir. Həmçinin nəinki müasir dilimizin vəziyyəti eləcə də onun keçdiyi inkişaf mərhələlərində ardıcıllıqla qeyd olunmuşdur.

Burada deyilir: “Bütün xalqlarda olduğu kimi Azərbaycan Xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuşdur. İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Azərbaycan dili bu gün də dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri, bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı bir xalqa neçə min əsirlik tarix yaşaması gərək. Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan xalqımızın tarixi qədər onun dilinin təşəkkülü tarixi də olduqca qədimdir.

Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində meydana gəlib, şifahi ədəbi dilə çevrilərək və sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül tapanadək yüz illər boyunca mürəkkəb bir yol keçmişdir.”

XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb, nəşr olunmuşlar. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında görürdü. Azərbaycan dilinə aid ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım Bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Seyid Ünsüzadə, Sultanməcid Qənizadə, Üzeyir Hacıbəyov və başqaların xidmətlərini qeyd etmək olar.

Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dayrəsi genişlənmiş, bugünkü səviyyəyə gəlib çatmışdır. (19 iyun 2001, Azərbaycan qəzeti)

Bizim dilə bu qədər böyük önəm verməyimizin əsas səbəbi məhz redaktənin dil ilə daha yaxın bağlı olmasıdır. Qeyd etdiyimiz kimi redaktənin qarşısında duran əsas məsələlərdən biri bəlkədə birincisi dilimizin saflığını qorumasıdır. Yaxşı olar ki, başqa bir nümunəyə nəzər salaq:

“Sabiq Cəmiyyət-xeyriyyə bina tutmadığından (baş tutmadığından) teatr oynayan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. (səh.110 2Ə-2)

Məqalədən göründüyü kimi çox asan, anlaşıqlı, sadə, hamının başadüşəcəyi tərzdə yazılıb. (belədə olmalıdır) Məhz redaktor da əlyazma üzərində işləyərkən dilin saflığı məsələsinə daha cox diqqət verməlidir. İndi dil barəsində çox danışdıq. Indi isə redaktə və onun mərhələli işi haqqında danışaq:

İlk növbədə hər bir redaktor bilməlidir ki, hansı mövzu üzərində işləyir, bu mövzu oxuculara necə təsir edəcək. Əlyazma üzərində redaktor işləyərkən buradakı bütün incəlikləri nəzərdən keçirməlidir. Qeyd edək ki, müəllif tərəfindən mövzu seçimi o qədər də asan iş deyil. Həyat ətrafımızda çay kimi axır, həyatda hər cür hadisələrlə rastlaşırıq. Bunların hər biri hər hansı yazıçının seçdiyi mövzunun obyektinə çevrilə bilər. Ümumiyyətlə mövzu seçimi bir çox ədəbiyyatlarda geniş sferada verilmişdir (bax: sənədli publisistika).

Mövzu seçimindən danışmağımızda əsas məqsəd redaktor işi ilə bunun daha yaxın əlaqəli olmasıdır. Çünki hər hansı əlyazma üzərində işləyərkən redaktor ilk növbədə mövzunun onu qane edəcəyini fikirləşir (mövzu aktualdırmı, oxucu auditoriyasına necə təsir edəcək).

Elmi nəzəri metodikaya dərindən bələd olan redaktor yaxşı bilir ki, əlyazma üzərində redaktə işi o zaman uğurlu sayıla bilər ki, o birincidən üstün olsun. Həmçinin eyni zamanda müxrəlif növ əlyazma üzərində işləmək yolverilməzdir (bir tərəfdən redaktor konkret fikir yarada bilmir yəni mövzunu qarışdırır, digər tərəfdən isə mövzunun aktuallığı itir-hansısa uğurdan danışmağa dəyməz).

Ədəbi redaktədə əsas işlərdən biri məntiqi təfəkkürə dərindən bələdlilikdir. Məntiqin dörd qanuna (eyniyyət, ziddiyyət, istisna və kafi əsas qanunu) bələd olmadan redaktorun əlyazma üzərində işləməsi olduqca çətindir. Redaktə zamanı redaktorun sərbəst mühakiməsi, uğurlu düşüncə tərzi onların əlyazmanın mühakiməsinə təsiri bütün bunlar məntiq qanunlarını bilərkən özünü doğruldur.

Ədəbi redaktə və məntiqi təfəkkür haqqında Tofiq Rüstəmov (ədəbi redaktənin nəzəriyyəsi və təcrübəsi, Mahmud Mahmudovun (Ədəbi redaktə) kitablarında zəngin məlumat vardır. Tofiq Rüstəmov haqlı olaraq göstərir ki, redaktor əlyazma üzərində işləyərkən oradakı məna səhvlərini aradan qaldırmaqda sağlam düşüncə, həyat və peşə təcrübəsi müəyyən qədər köməyə gələ bilər. Lakin bir çox hallarda əlyazmanın məntiqi cəhətdən tam düzgünlüyünün təmin olunması üçün bunlar kifayət etmir. Odur ki, ədəbi redaktor əsas məntiq qanunlarına dərindən bələd olmalı, çapa hazırladığı materialların təhlilinə və qiymətləndirilməsinə həmin qanunların tələbləri əsasında yanaşmalı, məntiq sahəsində qazandığı biliyi əməli işdə düzgün tətbiq etməyi bacarmalıdır (səh.42 R5).

Bir çox redaktorların diqqətli yanaşmadığı ancaq redaktə üçün vacib olan təshihin növləri məsələsidir. Hər bir redaktor təshihin dörd növünə ardıcıllıqla riayət etməlidir. Təshih dedikdə əlyazmanı lazımi ədəbi səviyyəyə çatdırmaq başa düşülür. Mətnin işlənib düzəldilməsi, yenidən işlənilməsi, ixtisar edilməsi, oxunub yoxlanılması təshihin dörd növüdür və özlüyündə çox çətin işdir. Bu barədə yenə də Tofiq Rüstəmova müraciət edək: Kitabında deyilir ki, təshih prosesində səhv ehtimalın nəzərə almamaq, yəni əlyazmasında məntiqi, orfoqrafik səhvlərin və başqa xətaların ola biləcəyini güman etməmək, müəllifin qələminə, nüfuzuna xələl gətirir, mətni köçürən makinaçının işinə arxayınlıq, işlənib düzəldilmiş materialın nəzarət oxunuşu zamanı adicə diqqətsizlik gözlənilməz nəticələr verir. Qeyd olunur ki, redaktor həm müəllif mətninə, həm də öz işinə tənqidi yanaşmağı bacarmalıdır, səhv ehtimalını daima nəzərdə tutmalıdır. Bu heçdə müəllifə etimasızlıqdan, yaxud mətn haqqında pis gümana düşməkdən, onda nə isə kobud səhv axtarmaq niyyətindən bir sözlə yazıya şübhəli, bədvah münasibətdən irəli gəlmir. Mətnə tənqidi nəzərlə yanaşmağın zəruriliyi ədəbi və məsul vəzifələri dəqiqi yerinə yetirmək tələbindən doğur.

Mətbuat və elektron informasiya vasitələri ədəbi dilə yeni sözlərin gətirilərək, onun zənginləşməsində xüsusi rol oynayır. Amma bu sahədə ifratçılığa varmaq olmaz. Elə jurnalistlərin, ədəbi işçilərin əsas vəzifələrindən biri də dili yad təsirlərdən qorumaqdır. Obyektiv və subyektiv səbəblərdən bu qüsur zaman-zaman özünü büruzə vermişdir. Obyektiv səbəblər dedikdə xalqımızın zaman-zaman rus əsarətinə məruz qalaraq dilinin də yad təsirlərə məruz qalması başa düşülür.


Dahi şairimiz Səməd Vurğun da başqa dillərdən alınmış sözlərin süni şəkildə işlədilməsinin əleyhinə çıxırdı. O, yazırdı: “Nə üçün dilimizdə “əhatə”, “mühasirə” sözləri ola-ola okrujeniya yazır.

Bizim gözəl səfərbərlik sözümüz vardır. Ancaq qəzetlər moblizasiya sözündən istifadə edir. Həmçinin maliyyə finans və mədəniyyət kultura ilə əvəz edilir. Bu yolla dili zənginləşdirmək olmaz. Dilimizi qorumalıyıq, dil xalqın namusu, vicdanı tarixi deməkdir.”

Bir şeyi də nəzərdən qaçırmaq olmaz ki, dili başqa dillərdən tam təcrid etmək də olmaz. Başqa dillərdən sözalma dili zənginləşdirməyin ən geniş yayılmış üsuludur. Bəzən bu prosesə hədsiz pis mnüasibət duyulur. Lakin milli jurnalistikamızın banisi H.Zərdabi hələ XIX əsrin ikinci yarısında yazırdı: “Dil elə bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyil. Elə ki, qaranlıq otağın qapısı açıldı,qeyri tayfalar ilə gəliş-gediş artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişildi, yeni sözlərin qiyməti günü-gündən artacaqdır. Belə sözlərin artmağının dilə zərəri yoxdur, xeyri var, çünki o sözlər tərəqqi etməyə səbəb olur. Amma qarşılığı olan alınma sözlər işlədilməməli, “xolodilnik”ə soyuducu “ostanovka”ya, dayanacaq, “operasiya” ya əməliyyat deyilməlidir.”

Subyektiv amil isə bilavasitə redaktorların özləri, onların bilik səviyyəsi, dünya görüşləri, doğma dilə münasibətləri ilə bağlıdır.

Publisistikamızın görkəmli nümayəndələri mətbuat yarandığı gündən dilimizin saflığı uğrunda mübarizə aparmışdır. Dramaturgiyanın banisi M.F. Axundov “Xitab bər katib” sərlövhəli müraciətində deyirdi: ”Təvəqqə edirəm ki, sən də mənim kimi adəmi türki dilində adam toxmu-toxum, cifti-cüt, müqəyyədi-muğayat, övrəti-arvad, qidəni-qayda və s. yazasan”.

Redaktədə əsas məsələlərdən biri sözçülük hallarına qarşı mübarizədi. Danılmaz faktdır ki, bu problemə mətbuatımızda tez-tez rast gəlirik. Bir sıra artıq sözlər, cümlələr fikrin ifadəsinə və oxucuya çatdırılmasına nəinki kömək edir əngəl törədir. 12 aprel 2009 Azər.News qəzetini oxuyanların burada həddən çox sözçülük hallarına yol verilməsi diqqətindən yayınmayıb. “Bununla belə, beləliklə faktlar sübut edir ki, onu da qeyd edək ki, “sanki bu sözlər qəzetin bütün hissələrində onu bəzəyib. Bu bizim sizə göstərdiyimiz sadəcə bir nümunə idi. Sözçülük hallarına müasir mətbuatımızda əksər qəzetlərdə rast gəlmək olar. Məhz bunu aradan qaldırmaq üçün mövzu ilə əlaqədar olaraq müxtəlif ədəbiyyatları oxumaq, siyasi birliklərin əsaslarından daha geniş istifadə etmək tələb olunur. Dildə çox səciyyəvi bir xüsusiyyət belədir ki, sözlər çox işləndikcə təsiri az olur. Qısa, yığcam söz daha qüvvətli təsirə malik olur.

İxtisarların aparılmasında elmi nəzəri metodik ədəbiyyata bələdlilik tələb edir. Bir çox ədəbiyyatlardan oxuduğunuz və əldə etdiyimiz nəticə budur: ixtisar zamanı mətnin hissələri arasında əlaqə pozulmamalı, bir birinin davamı olmayan cümlələr yan-yana düşməməli, məzmun mənaya xələl gəlməməlidir. Texniki zərurətdən irəli gələn ixtisar mətnin redaksiyada təhlil edilib çapa hazırlanmasından sonrakı vaxtda əsasən növbətçi redaktorlar tərəfindən aparılır. Dəfələrlə təkrar etsək də yenədə vurğilayırıq: redaktə işi ayrı-ayrı zəhmət tələb edən bir çox işlərin cəmidir məqsəd uğurlu redaktənin əldə olunmasıdır. Buna görə də gəlin o birilərinə nəzər salaq:

Əlyazmanın sujet və kompozisiya məsələsi:

- Mətnin çapa hazırlanması prosesində ədəbi redaktorun xüsusi diqqət yetirməli olduğu əsas məsələlərdən biri əlyazmanın sujet və kompozisyasıdır. Əvvəlcə bunlara ayrı-ayrılıqda nəzər salaq. Sujet – latınca predmet, sənət əsərlərində obyektiv varlığın bütün ziddiyyət və mürəkkəbliyi ilə qarşılıqlı əlaqədə təsvir olunan hadisələrin məcmusudur. Sujetdə əsas həyat hadisələri

əks olunur ki, bu da qəhrəmanın şəxsiyyətinin təşəkkülünü, həmin şəxsiyyətin duyğularını, hisslərini, fikirlərini göstərməyə imkan verir. Kompozisiya isə latınca – yerləşmə, vəziyyət tərtib etmə, birləşdirmə incəsənət əsərinin quruluşudur. Onun elementlərinin hisslərinin müəyyən sistemdə və ardıcıllıqlada yerləşdirilməsidir, obrazların birləşdirilməsi üsullarıdır. (qısa estetika lüğəti, Bakı, Azərnəşr, 1970. Səh 369, 236)

Əsərdə əhvalat, inkişaf əsərin sujetini təşkil edir. Sujetin qurluş və inkişafında üç əsas mərhələ vardır: Əhvalatın başlanğıcı... hadisə, fakt və münasibətlərin doğulması, yaranması, ziddiyyətlərin toqquşması və sonra razvyazka mərhələsi gəlir. Əlyazma üzərində işləyərkən redaktor bu mərhələnin yerli yerində olub olmamasına xüsusi önəm verməlidir.

Kompozisiya sözü bütün sənədlərdə işlədilir. Kinoda şəkillərin, musiqi səslərin, ədəbiyyatda isə söz və ifadələrin, hadisələrin fakt və epizodların surətlərin müəyyən, ahəngdar, məntiqi, məntiqi, mənalı, məqsədəuyğun və münasib şəkildə tərtibi,qurluşu kompozisya adlanır. Qeyd edək ki, süjet və kompozisiyaya dair Mahmud Mahmudov, Tofiq Rüstəmov, N.Babayev, Mehdi və digər redaktor və yazarların kitablarında rast gəlmək olar.

C.Əbdürrəhimova “Qəzet satirasının əsasları” adlı kitabında (1991, Bakı Dövlət Universiteti) sujet və kompozisiya barədə yazır:

Janr məzmununun konkret strukturada təzahür forması, sujet və kompozisiya isə strukturu yaradan əsas faktordur. Odur ki, hər hansı janrın xüsusiyyətini aydın təsəvvür etmək üçün onun sujet və kompozisiyasına xüsusilə diqqət yetirmək lazımdır (səh.65 2Ə-1).


Tofiq Rüstəmov isə kompozisiyadan yazarkən bildirir:

“Kompozisiya ədəbi əsərlərin bütün hisslərini əhatə edən, onları vəhdət şəklində birləşdirən qurluş deməkdir. Şübhəsiz ki, hər bir materialın qurluşu xeyli dərəcədə müəllifin fikir və niyyətindən, yəni mövzunu hansı ardıcıllıqla şərh etməsindən, əlyazmasının məzmunundan, həcmindən, hansı oxucu qrupları üçün nəzərdə tutulmasından, hansı janrda yazılmasından asılıdır. Ədəbi redaktor əlyazmasının kompozisiyasını təhlil edərkən giriş hissəsini nə dərəcədə orjinal və konkret olmasını qiymətləndirməli, standart ifadələrlə, ümumi sözlərlə suni təsir bağışlayan başlanğıc formalarına yol verməməlidir. Obrazlı desək, giriş hissəsi ilk cümlələr mətn üverturasıdır. Oxucunun nümunəvi insan, zəhmətdar hadisə və yenilik haqqında söhbətə hazırlayan çox mühüm vəsaitdir (səh.53 R5). Olduqca maraqlı fikirlərdir.

Sərlövhə seçimi ədəbi redaktədə əsas məsələlərdən biridir. Ümumiyyətlə, sərlövhə oxucunun əlyazmada ilk tanış olduğu hissədir, sərlövhə mətnin adıdır. Sərlövhə hər hansı bi mövzu barədə oxuculara ilkin məlumat verir, oxucu ilk növbədə sərlövhəyə diqqət yetirir. Əgər maraqlı və cəlbedicidirsə, əlbəttə, oxucunun marağına səbəb olacaq və onu sövq edəcək ki, oxucuda əsas mövzuya maraq yaratsın.
İndi isə elmi nəzəri ədəbiyyata baxaq:

Tofiq Rüstəmov – Sərlövhə mətnin adıdır, mətn barədə ilkin təsəvvür yaradan qısa məlumatdır. O yazının məzmunu ilə həmahəng səslənməli, aydın, sadə, mənalı olmalı, dəqiqliyi, yeniliyi, parlaqlığı ilə seçilməlidir. Sərlövhənin seçilməsi redaktə prosesində mürəkkəb və çətin mərhələlərdən biridir (səh.46 R5)

İndi isə bizdə müsbət və mənfi təəssürat oyadan sərlövhələrə nəzər salaq: “Zəhmət qələbə sevir, dörd abadlıq ili, bu yaz bir başqa yazdır” kimi sərlövhələri dərhal diqqəti cəlb edir. Redaksiya sərlövhə seçərkən çox vaxt dərin mənalı atalar sözlərinə məsələlərə müraciət edir, ancaq tez-tez qüsurlara yol verilir. Bu barədə M.Mahmudovun Ədəbi redaktə kitabındakı “sərlövhənin seçilməsi” adlı bölməsinə nəzər salaq: “sərlövhələrdən şifahi xalq numunələrində geniş istifadə olunur. Bu sevindirici haldır. Ancaq böyük yalnışlıq hökm sürür ki, bu da şifahi xalq nümunələrinin tərif edilməsidir.”

Mahmudov bu sahədə konkret misallar göstərərək öz kəskin etirazını bildirir. “ Ağası gülüm olanın başına külüm olsun (əslində ağası yox elçisi olmalıdır)” (17 may 2003, 525-ci qəzet), yaxud “sarımsaq yeməmisən için niyə göynüyür ( əslində sarımsaq yox soğan olmalıdır)” (səh.101 4M-1)

Ümumiyyətlə, sərlövhəyə verilən tələb böyükdür. Ancaq bəzi sərlövhələr qısalıq, cəlbedicilik baxımından diqqətimizi çəkib. Elə M.Mahmudovun həmin kitabında verilmiş sərlövhəni götürək. Sərlövhə belədir” “Qalxansız hücum” (29 dekabr 2007, 525-ci qəzet)

M. Mahmudov sərlövhəyə belə münasibət bildirir. İlk növbədə yenidir, heç bir mətbuat orqanında istifadə olunmayıb. Digər tərəfdən mövzu ilə bilavasitə bağlıdır. Oxucunu düşünməyə, ilkin olaraq ifadənin söz birləşməsinin, müstəqil və ya məcazi mənada işlədilməsini müəyyənləşdirilməsinə vadar edir. Sonra isə həqiqətin açarının tapılmasına cəhd göstərilir. Görəsən qalxansız kimdi?, hücum edən, yoxsa hücuma məruz qalan? Hansının gətirdiyi dəlillər, sübutlar, etdiyi iradlar daha inandırıcı, ağıla batandır?

Sərlövhələrdən göründüyü kimi həqiqətən də tərifə layiqdir. Əlbəttə ki, bu tipdə sərlövhələr geniş oxucu marağına səbəb olacaqdır.

İndi isə keçək əsas məsələlərdən olan fakt material üzərində işə:

Ədəbi redaktə prosesində əlyazmasını digər ünsürləri ilə yanaşı mətnin əsası olan fakt materialının yoxlanıb dəqiqləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Bu əməliyyatı müvəffəqiyyətlə həyata keçirmək üçün redaktor ciddi nəzarət hazırlığına, peşə vərdişlərinə, geniş dünya görüşünə malik olmalıdır. Fakt materiallarına xüsusi adlar, tarixlər, coğrafi adlar, rəqəmlər, sitatlar daxildir.

A.E. Milçin fakt materiallarının təhlili və qiymətləndirilməsi prosesində ədəbi redaktorun iki əsas vəzifəsini qeyd edir: o yazır ki, redaktor əvvəlcə nəticə və konsepsiyalar üçün əsas kimi götürülən faktların, bunlara verilən metodoloji tələblərə nə dərəcədə uyğun olduğunu, ikincisi isə müəllifin istifadə etdiyi hər cür faktların dəqiqliyini və dürüstlüyünü yoxlamalıdır.

Fakt materialları üzərində iş müxtəlif əlyazmalarda ayrı- ayrı şəkildə özünü biruzə verir. Məsələn, bədii əsərlərdə təsvir olunmuş həqiqətin həyat həqiqətinə uyğunluğunu, fikrin emosionallığının obrazlı şəkildə ifadəsinə diqqət yetirən redaktor, elmi əsərlərdə məntiqi mülahizələrin, faktların, sitatların, coğrafi adların yoxlanılmasını, ümumi prosesin tərkib hissəsi kimi götürür. ədəbi redaktədə fakt materiallara böyük önəm verən Pavlov “elmin havası, alimin qanadı” adlandırmışdır. əlyazma üzərində işləyərkən ilk növbədə faktların anıldığı mənbələr əsasında yoxlamalı, dürüstləşdirməli, dönə-dönə dəqiqləşdirilməlidir. Həmçinin o çalışmalıdır ki, faktik rəqəmlər həddən çox şişirdilməsin, çox da səciyyəvi olmayanları ixtisar etməlidir, onu bacardıqca yüngülləşdirməli, oxunaqlığına, təsirliliyinə nail olmalıdır. Məsələn, konkret əsərdə ölçü vahidlərinin miqdarın, tarixlərin vahid prinsip əsasında verilməsinə diqqət yetirmək olduqca vacibdir. Bəzən əlyazma üzərində iş zamanı şübhə doğuran, dürüstlüyü kifayət qədər əsaslandırılmayan faktlara da təsadüf edir. Belə hallarda redaktor müəllifdən onları sübuta yetirə biləcək sənədlər tələb etməlidir.

Redaktə zamanı əsas işlərdən biri də məntiq və məna səhvlərinin aradan qaldırılmasıdır. Əlyazmada məntiq və məna yerli-yerində olmalı, fikirlər bir-birini tamamlamalıdır. Bu barədə Rüstəmovdan yararlanaq:

Mətnin birmənalı olmasını təmin etmək bir neçə cür yozula bilən və ya müəllifin nəzərdə tutmadığı fikirlər doğuran mühakimələri dürüstləşdirmək redaktorun mühüm vəzifəsidir. Şifahi və ya yazılı nitqdə məna aydınlığına, fikir dəqiqliyinin zəruriliyini təmin edən F.Köçərli yazmışdır:

“Bizim yəqinimizdir ki, dili dolaşıq şəxsin fikri də dolaşıqdır”.

Məna səhvləri dörd səbəbdən meydana çıxa bilər:

Məntiq qanunlarının pozulması

Leksik səhvlər

Qramatik üslubi və morfoloji səhvlər

Sintaktik səhvlər

Həddən artıq yarımçıqlıq, izahattda müəyyən bir hissənin buraxılması, hərəkət, iş fəaliyyəti barədə heç bir söz deyilməməsi bir cümlədə iki fikri ifadə etməyə çalışmaq kimi yanlış metodlar sonda məntiq və məna səhvlərini yaradır.

Ədəbi redaktədə vacib duyulan məsələlərdən biri də üslubi məsələdir. İlk növbədə dil və üsluba diqqət yetirmək redaktorun əsas borcudur. O elə etməlidir ki, onun redaktə etdiyi material anlaşıqlı, asan, aydın olmalıdır. Bu isə dilin qrammatik qanun və qaydalarına bələdliyi tələb edir. Dil və üslubdan danışarkən milli mətbuatımızın özülü olan Əkinçini və Molla Nəsrəddini xatırlamaq gərək. C.Məmmədquluzadə, H.Zərdabi, Ö.F.Nemanzadə məhz bu nöqteyi nəzərdən çıxış etmiş, “Əkinçi”də öz yazılarını dərc etmişdir

Nəticə

Ölkəmiz artıq müstəqil bir dövlətdir. İqtisadi və siyasi sahələrin inkişafında xeyli irəliləyişlər əldə olunmuşdur. Digər sahələr kimi KİV-in inkişafında xeyli işlər görülüb. Senzura ləğv edilib, fikir və söz azadlığına dövlət tərəfindən təminat verilmişdir. Mətbuat azadlığı nəticəsində yüzlərlə qəzet və jurnal qyediyyatdan keçmişdir, həmçinin radio və televiziya kanallları fəaliyyət göstərmək üçün lisenziya almışdır. Özəl-kommersiya tipli informasiya vasitələri meydana gəlmiş, reklam xarakterli nəşrlərin dərcinə başlanılmışdır. Bütün bunlardan başqa elm və texnikanın yüksək nailiyyətləri nəticəsində son dövrlərin şəbəkə jurnalistikası meydana çıxmışdır. İndi istənilən şəxs inetrenetə girərək istənilən informasiyanı əldə edə bilər. KİV orqanlarının sayının çoxluğu bir tərəfdən sevindirci haldırsa, digər tərəfdən isə mənfi nəticələrə gətirb çıxarır. Yaxşı olardı ki, KİV-in sayı deyil, keyfiyyətləri daha yüksək olsun. Qonşu və digər dünya ölkələri ilə iqtisadi, siyasi, mədəni əlaqələrin genişlənməsi nəticəsində azərbaycan dilinə çox sayda xarici dillərdən alınma sözlər daxil olmuşdur. Mətbuatda təsdiqlənmiş informasiyalara ictimai əhəmiyyət kəsb etməyən materiallara tez-tez rast gəlinir. Televiziya və radiolar bu cəhətdən geri qalmır. Dil, üslub baxımından da KİV bir o qədər ürəkaçan səviyyədə deyil. Redaksiyalarda, nəşriyyatlarda istənilən qədər qeyri-peşəkar əməkdaşlara rast gəlmək olar. Belə bir şəraitdə ölkəmizdə fəaliyyət göstərən KİV-də, nəşriyyatlarda peşəkar readaktorlara, ədəbi işçilərə daha çox ehtiyac duyulur.Belə peşəkar işçilərin sayı nə qədər çox olarsa, Azərbaycan mədəniyyəti bir o qədər inkişaf etdirilər.Həmçinin mənəvi sərvətimiz olan dilimizin saflığının qoruyaraq gələcək nəsillərə olduğu kimi çatdırmaq borcumuzu yerinə yetirmiş olarıq.

Redaktə zamanı görülən hər bir işin çox böyük məsuliyyət tələb etdiyi aydın oldu. Ümumilikdə görülən hər bir işin bir-biri ilə çox bağlı olduğu danılmaz faktdır. Məqsəd odur ki, əlyazma uğurlu redaktə olunsun. Əlyazmanı təmin edən bütün komponentlər barəsində dolğun məlumat əldə etmək üçün bir çox mənbələrə müraciət etdik, ayrı-ayrı redaktor və yazarlardan sitatlar gətirdik. Bunun bir səbəbi redaktorıarəməzən peşəkar olmamasıdırasa, digər səbəb isə onların işə biganə yanaşmasıdır. Yaxşı olardı ki, hər bir redaktor elmi-nəzəri mülahizələrə dərindən bələd olsun. Sonda bir şey aydın oldu. Bəli, redaktə işi çətin olduğu qədər də çox şərəfli bir peşədir.

Ədəbiyyat siyahısı
I. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 19 iyun 2001)

II. “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 1 yanvar 2003)




  1. A.Adilov Musa. Qəzet dili. Bakı, 1973.

  2. Ə.Ceyran. Qəzet satirasının əsasları. Bakı, 1991. Ə2-“Əkinçi” qəzeti 1875.H.Zərdabi.

  3. Hüseynov Şirməmməd. Mətbu irsimizdən səhifələr. Bakı, 2007.

  4. M-1.Mahmudov Mahmud. Ədəbi redaktə nəzəriyyə və təcrübə. Bakı, 2008.

  5. M-2.Məmmədli Cahangir Jurnalistikanın müasir inkişaf meylləri. Bakı, 2006.

  6. Rüstəmov Tofiq. Ədəbi redaktənin nəzəriyyəsi və təcrübəsi. Bakı, 1981.

  7. Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili. Bakı, 1985.

  8. Mahmudov Mahmud. Mətbuat və bədii ədəbiyyat. Bakı, 1996.

  9. Mahmudov Mahmud “Qəzetlərimizin dil və üslub xüsusiyyətləri” Bax: “Təfəkkür” universitetinin “Elmi əsərlər”i, V buraxılış, Bakı, 1999.

  10. Nemanzadə Ö.F. Dilimiz və imlamız. Seçilmiş əsərləri. Bakı, 1992.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə