Elm adamlari elm haqqinda professor Səlahəddin Xəlilovun təqdimatında ÇAŞIOĞlu bakı 2010




Yüklə 1.22 Mb.
səhifə1/13
tarix22.02.2016
ölçüsü1.22 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   13


ELM ADAMLARI

ELM HAQQINDA
Professor Səlahəddin Xəlilovun təqdimatında

ÇAŞIOĞLU

Bakı - 2010


Müəllif-tərtibçi: Səlahəddin Xəlilov

Elm adamları elm haqqında.

Professor Səlahəddin Xəlilovun təqdimatında.

Bakı, “Çaşıoğlu”, 2010 – 312 səh.
Kitabda islam dünyasının böyük alimləri Əbdüs-Səlamın, Xudu Məm­mə­dovun və Oqtay Sinanoğlunun dünya elminə ver­diyi töh­fə­lər barədə qısa məlumat verilir. Onların ümumiyyətlə elm haq­qında: elm və din, elm və dil, elm və sənət mövzu­la­rın­da yazdıqları əsərlər kitaba ayrıca fəsillər kimi daxil edilmişdir.

Elm haqqında tam təsəvvür yaratmaq, elmin texnika və is­teh­salla, ic­ti­mai-iqtisadi həyatla əlaqəsini də işıqlandırmaq üçün bura Elm haqqında elm adlı bölmə də əlavə olunmuşdur.

Kitab alimlər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


ISBN: 978-9952-27-185-0


©Xəlilov S., 2010

Ön söz
Belə bir fikir geniş yayılmışdır ki, biz öz mənə­viy­ya­tı­mızı, mədəni-mənəvi dəyərlərimizi qorumağa çalış­ma­lıyıq, Qərbdən isə ancaq onların elmi-texniki dəyərlə­ri­ni, müasir texnologiyaları götürmək lazımdır. Bu, ilk ba­xış­da çox optimal bir variantdır, amma eyni zamanda, çox sa­də­lövh fikirdir. Əslində bunu o zaman etmək olar ki, söz sa­hibi sən özün olasan. Yəni nəyi vermək və nə­yi al­maq mə­sələsini də özün müəyyənləşdirəsən. Hal­bu­ki ba­xılan hal­da qüvvətlər nisbəti Qərbin xeyrinə olduğuna gö­rə, verən də, alan da Qərb özüdür. Yəni o bizə nəyi ver­mək istə­yirsə, onu da verir və bizdən nəyi almaq istəyirsə onu da alır. İndi gəlin, məsələyə Qərbin gözü ilə baxaq və an­lamağa çalışaq ki, Qərb üçün nə daha sərfəlidir?

Bəli, bizim mədəni-mənəvi dəyərlərimiz bir üstün­lük­dür və Qərb bunun qiymətini bilir. Və Qərb bizə öz el­mi-texniki nailiyyətlərinin, sənaye məhsullarının müəyyən bir qismini verməklə əvəzində bizim malik olduğumuz ye­ga­nə sərvəti almaq istəyir.

Qərb bizə sadəcə olaraq kompüteri, yaxud televizoru transfer etmir. O, həm də televiziya verilişlərinin məzmu­nu­nu və internet vasitəsilə ötürülən informasiyanın çeşi­dini müəyyən edir. Qərb bizim maraq dairəmizi də, zəif cəhətlərimizi də bizdən daha yaxşı bilir. Çünki bizi kənar­dan və məqsədyönlü surətdə seyr edir.

Bəs biz özümüzü öyrənməyə çalışırıqmı?

O vaxtlar – Xudu Məmmədovun bizə dərs dediyi 70-ci illərdə və universiteti bitirdikdən sonra müntəzəm xa­rak­ter almış görüşlərimiz zamanı biz kristalloqrafiyadan, tə­biət hadisələrindən maddələrin quruluşundan daha çox, in­san təbiətindən, cəmiyyətin quruluşundan bəhs edərdik. Kristalların və mil­li ornamentlərin strukturu, tə­biə­tin yad­daşı ilə mil­li təfəkkür arasında eyniyyət məsələ­ləri fəlsəfi yaradıcılıq yolunu seçmiş gənc fizik üçün ma­raqlı olmaya bilməzdi. Bizi bağ­la­yan məhz təbiətə və in­san həyatına fəlsəfi səviyyədə ya­naşma tərzi idi. Mü­ba­hisələr də çox olurdu. Bir dəfə mən is­bat etməyə çalışdım ki, biz Qərbin neçə yüz illər ərzində qalx­dığı səviyyəni qısa bir müddətdə mənimsəyib onlarla ya­­rışa bilmərik; ona görə də optimal bir yol seçmək la­zım­dır. Bu yol isə Qərbdən hazır elmi nəticələri götürərək on­ların daha tez tətbiqinə nail olmaqdır. Görünür, mən həm də Yaponiya təcrübəsinə istinad edirdim. Lakin gözlədiyi­min əksinə olaraq Xudu müəllim bu fikrə etiraz etdi və de­di ki, hər bir xalq dünya sivilizasiyasına qədər pay ve­rir­sə, ancaq o qədər götürə bilər.

O vaxtdan neçə illər keçmişdir və bizim ümumi məh­­­suldan, dünya sivilizasiyasından daha çox pay gö­tür­mək iddialarımızın həmişə tərsinə çevrildiyinin şahidi ol­mu­şam. Nəyi isə əvəzsiz almaq ancaq illüziya imiş. Elmi-tex­­niki sahədə aldıqlarımızın bədəlini sən demə mənə­viy­yatımızla ödəyirmişik.

Bəs çıxış yolu nədədir?

Bunun üçün, əlbəttə, orta əsrlərdə islam dünyasının in­­diki Qərb ölkələrinə nisbətən çox irəlidə olmasına rəğ­mən, tədricən geri qalmasının səbəblərini müəy­yən­ləş­­dir­mək lazımdır. Elmin ön cəbhəsindəki ayrı-ayrı nü­mu­nələr, yəni müsəlmanların normal elmi mühitdə çalışar­kən, heç kimdən geri qalmayaraq böyük uğurlar qa­zan­ma­sı faktları göstərir ki, hər şey ictimai mühitlə bağlıdır. Yə­ni söhbət islami dünyagörüşünün guya elmin inkişafı üçün əl­­verişli olmaması haqqında yaradılmış mifin dağıdılma­sın­­dan gedir. Problem cəmiyyətin təşkilatlanması və onun strukturunda elm üçün normal şərait yaradılması ilə bağ­lıdır. İngiltərədə təhsil alan və İtaliyada, özünün yaratdığı nə­zəri fizika mərkəzində çalışan Əbdüs-Səlamın, ABŞ-ın ən məşhur universitet­lərin­dən olan Yel universitetində ça­lı­şan Oqtay Sinan­oğ­lu­nun, habelə cəmi bir neçə il Mos­kva­da və bir il İngiltərədə çalışdıqdan sonra vətənə dönən Xu­du Məmmədovun timsalında biz bir daha bunun şahidi oluruq.

Məktəb olimpiadalarında gənc fiziklərimizin, riya­ziy­­­­yatçı­larımızın, bioloqlarımızın uğurları, hər il neçə-ne­çə məktəblinin vətənə qızıl medalla qayıtması artıq bir ən­ənə­yə çevrilmişdir. Bəs sonra? Sonra əlverişli elmi mü­hitin yoxluğu ucbatından bu gənc istedadlar ya xarici öl­kə­lərə getməli olur, ya da qalıb paslanırlar.

Eləcə də şahmat yarışlarında 10, 12, 14 yaşa qədər uşaq­lar arasında birinci yerləri asanlıqla tutduğumuz hal­da, yetkin yaşlarda bu qələbələri təkrar etmək çətinləşir. Çün­ki genetik intellektual keyfiyyətlər gərək müvafiq mü­hitlə tamamlansın. Bizdə çatışmayan məhz mühitdir.

Bir dəfə böyük riyaziyyatçı-alim Lütfi Zadənin 75 il­lik yubileyinə həsr olunmuş bir mərasimdə hamı Azər­bay­can aliminin və hətta Azərbaycan elminin böyük nailiy­yət­lə­rindən bəhs edərkən sual verdim ki, axı, Zadə hansı bir tə­­sa­düfləysə ABŞ elmi mühitinə düşməsə idi, Azər­baycan­da qalsa idi, yenə indiki Zadə ola bilərdimi? Yox... Bəlkə biz onu heç doktorluq müdafiəsinə də buraxmazdıq. Ona görə də, beş dəfə azərbaycanlı alim deyəndə, bir dəfə də gəlin, Amerika elmi mühitini yada salaq.

Haqqında söhbət açdığımız üç böyük alim: Əbdüs-Sə­lam, Xudu Məmmədov, Oqtay Sinanoğlu da məhz xa­ri­ci elmi mühitdə özlərini təsdiqləyə bildilər. Lakin onların fərq­­ləndirici cəhəti budur ki, yüksək milli ruh on­la­rı hə­mi­şə vətənlə bağlamış, bütün nüfuzlarını və elmi po­ten­sial­la­rı­nı öz xalqlarının elmi intibahı üçün sərf et­mişlər. Uzun müddət xaricdə çalışan Əbdüs-Səlam və Oqtay Si­nanoğlu daha çox elmi nailiyyət əldə et­miş, dünya miq­ya­­sında daha çox tanına bilmişlər. Xudu Məmmədov isə gənc yaşlarında böyük şöhrət qazansa da, öz ölkəsinə er­kən qayıtdığı üçün dünya elm mərkəzlərin­dən bir növ aralı düş­­­müş və nə yaxşı ki, böyük elmi potensialını fəlsəfi ya­ra­dıcılığa və elm maarifçiliyinə yönəltməklə millətə heç ol­­masa, bu istiqamətdə fayda verə bilmişdir. Onun kris­talloqrafiya sahəsində ixtiraları elə o dövrdəcə dünya elmi tərəfindən mənimsənildiyi və indi bəlkə də köhnəldiyi hal­da, ümumiyyətlə elm haqqında, onun təşkilati məsələləri, ic­timai tərəqqidəki rolu haqqında, habelə daha çox dərə­cə­də fəlsəfi məzmun daşıyan strukturların sənətdə və elmdə adekvatlığı barədə yazdığı əsərlər elmi dünyagörüşünün formalaşmasında öz böyük əhəmiyyətini indi də saxlayır.

Əbdüs-Səlamın dünyanın ən məşhur elmi mərkəz­lə­rin­də tədqiqat aparmaq imkanları olduğu halda, dönə-dönə və­­tənə qayıdaraq burada da müəyyən bir elmi mühit ya­rat­maq cəhdləri və nəhayət, bu da baş tutmadıqda Avropanın ən gözəl guşələrindən birində (Triyest, İtaliya) inkişaf et­mək­də olan ölkələrin gənc fizikləri üçün tədqiqat mərkəzi açdırmağa nail olması və hər il öz ölkəsindən və digər mü­səl­man ölkələrindən bura onlarla istedadlı gənc alim cəlb edərək bütövlükdə islam dünyasında elmin gə­ləcək inki­şafı üçün potensial hazırlaması – bütün bunlar ali­min bö­yük vətəndaşlıq mövqeyinin təcəssümü idi. Həm də bu mil­li qeyrət hissi təkcə vətəndaşlıq miqyasında yox, da­ha böyük miqyasda – bir müsəlman təəssübkeşliyi şək­lin­də də üzə çıxırdı.

Oqtay Sinanoğluda isə türkçülük daha qüvvətlidir. O, dindən də əvvəl dil haqqında, millət haqqında düşünür. Türk dünyasında müqtədir bir elm dilinin formalaşması uğ­runda mübarizə aparır. Qazandığı bütün nailiyyətlər, mü­kafatlar, titullar onun üçün ancaq millətə xidmət müs­təvisində dəyər kəsb edir.

Bu kitabda bəlkə də təsadüfən alınan ən maraqlı cə­hət­­lərdən biri islamçılıq, türkçülük və müasirlik ideya­la­rı­nın vəhdətidir. Bu böyük şəxsiyyətləri öz konkret tədqiqat sa­hələrindən kənara çıxaraq bütövlükdə elm və onun milli tərəqqidə rolu haqqında düşünməyə, öz ölkələrində elmi mühit və kadr potensialı yaratmaq üçün çalışmağa vadar edən də əslində eyni bir səbəbdir – əqidə müəyyənliyi, mil­li qeyrət, dövlətçilik ruhu!

Biz indi Əbdüs-Səlamın nəzəri fizika, Xudu Məm­mə­dovun kristalların quruluşu və O.Sinanoğlunun kvant kimyası sahəsindəki nailiyyətlərindən bəhs etməyərək, onların hər üçünün ümumiyyətlə elm haqqında, elm və din, elm və dil, elm və sənət haqqında yazdıqları əsərləri bir kitabda toplayıb oxuculara təqdim edirik.

Onu da qeyd edək ki, bu sətirlərin müəllifinin sovet dövründə elm haqqın­da yazdığı öz kitabını da yuxarıda adlarını çək­di­yimiz əsər­lər sırasına qatması heç də bu böyük alimlərlə yanaşı durmaq iddiasından irəli gəlməyə­rək, elm haqqında hə­qi­qətən hərtərəfli təsəvvür yaratmaq istəyinin nə­ti­cə­sidir. Belə ki, elm və din, elm və dil, elm və sənət möv­zu­ları nə qədər əhəmiyyətli olsa da, problemin tam şə­kildə açılmasına imkan vermir. Elmin texnika və is­teh­salla, ic­ti­mai-iqtisadi həyatla əlaqəsi müəyyənləşdiril­mə­dən, elm haqqında tam təsəvvür yaratmaq mümkün de­yil. Ona görə də biz elm haqqında elm bölməsini də kitaba da­xil etdik. Bundan əlavə, müəllif özünün “elm və dil” mövzusunda hələ o vaxt, sovetlər dağılmağa başlayan dövr­də yazdığı məqa­lə­sini də eyni adlı fəslə daxil et­miş­dir. Düşünürük ki, bu mövzu indi də aktualdır.

Belə ki, biz təkcə millətləşməyə yeni-yeni başla­mı­rıq; biz elmləşməyə və elmi-fəlsəfi özünüdərkə də yeni-yeni başlayırıq...

Başlayırıqmı?!

Giriş əvəzi:

Elm və onun sükanı
İncəsənətin məqsədi insanın emosional-mənə­vi dün­ya­­sını zən­gin­ləşdirmək, onu daha saf, daha təmiz etmək – onun mənəvi imkan­larını artırmaqdır.

Elmin məqsədi isə insanın intellektual dünya­sını zən­­ginləş­dirmək, onu daha məlumatlı, daha bi­likli etmək və bu biliyin qüvvəyə çevrilməsi sa­yə­sində onun maddi təsir im­kan­la­rını artırmaqdır.

Elmi biliyin maddi qüvvəyə çevrilməsi təbiət­lə mü­ba­rizədə in­sanı daha güclü edir. Lakin insanın maddi gü­cü-qüdrəti artdıqca bu gücü düzgün yö­nəldə bilmək üçün onun mənəvi kamillik səviyyəsi də yüksəlməlidir. Zira elm əhli olmaq, hələ kamal əhli olmaq deyil. Kamalın qələbəsi üçün yüksək elmi-texniki səviyyə ona uyğun gələn yüksək mənəvi-əx­laqi səviyyə ilə tamamlanmalıdır. Görünür, bu məhz belə bir eh­tiyacdan irəli gəlir ki, elmin öz daxilində haçalanma get­miş və istehsalatın, ictimai-iqtisadi həyatın tələblərinə ca­vab verən elmi biliklər sistemi ilə yanaşı, humanitar yönlü elmi biliklər də nisbi müstəqil şəkildə inkişaf etdirilmişdir. Bundan əlavə, dəqiq elmlərin özü də ümumi dünya­gö­rü­şün əsaslarına xidmət edən biliklər sisteminə və tətbiqi-tex­noloji biliklərə ayrılmışdır. D.Prays bu sonuncu böl­gü­nü “böyük elm” və “kiçik elm” şəklində aparmaqla uni­ver­si­tetlərin missiyasını istehsal şirkətlərin missiyasından fərq­ləndirmişdir.1

Akademiya, ali məktəb və sahə elmlərindən danı­şar­kən, bir qay­da olaraq, elə bil ki, eyni hü­quqlu, eyni im­kan­lı adamların müxtəlif idarələrdəki fəaliyyətindən söh­bət ge­dir. Müqayisə adətən sta­tistik göstəricilər əsasında aparılır: hansı sahədə ne­çə elmlər doktoru vardır, neçə işçi çalışır və s. Halbuki, həmin sahələrin öz spesifi­ka­sın­dan ası­lı ola­raq orada çalışan elm adamlarının fəa­liy­yəti də müəyyən xüsusiyyətə malik olmalıdır. Məsə­lən, sahə elmində ça­lı­şan adamların əsas funksiyası məlum el­mi müddəaları is­tehsal sahəsinin tələblərinə uyğun­laş­dır­maq, yeni tətbiq yol­­ları tapmaq­dırsa, Aka­demiya işçi­lə­rinin funksiyası tət­biqdən asılı olma­dan yeni elmi bilik­lər almaq, gerçəklik haq­qında hə­qiqəti üzə çıxarmaqdır.

Bəs ali məktəb? Burada çalışan müəllimlər həm də elm adam­larıdır, elmi tədqiqat vərdişlərinə ma­likdirlər. Əl­bət­tə, müəllimin ilk əsas vəzifəsi tədris etmək, məlum bi­likləri öyrətməkdir. Lakin ne­cə etmək olar ki, müəllim­lik və alimlik tam müstəqil fəaliyyət sahələri kimi bir-bi­ri­nə qarşı dayan­masın, əksinə, eyni məqsəd ətrafında birlə­şə­rək bir-birini tamamlasın? Axı, müəllim heç də yalnız hazır bi­liklərin mənimsənilməsi ilə kifayətlənməməli, tə­lə­­bə­lərə həm də yeni bilik axtarılması yollarını öy­rətməli, tədqiqat vərdişləri aşılamalıdır. Yara­dıcı tə­fəkkür əldə etmədən tə­ləbə aldığı bilikləri uğurla tətbiq edə bilməz və yeni, stan­dartdankənar, qeyri-normal vəziyyətlərdə çıxış yolu tapa bilməyəndə durğunluğun, ətalətin, ehkam­çı­lı­ğın daşıyı­cısı olar. Bu baxımdan, ölkəmizdə ətalət və ehkam­çılığın qa­lıqları təh­sil sistemində də böyük neqativ rol oyna­mış­dır. Ha­zır biliklərin öyrə­dil­məsi ilə kifayət­lən­mə­mək və tələ­bə­lərdə tədqiqatçılıq vərdiş­ləri, yara­dıcı təfəkkür for­ma­­laş­dırmaq üçün isə tədris prose­sinin özü real təd­qiqat la­boratoriyasına çevril­mə­lidir.

Alimlik və mü­əllimlik müəy­­yən spesifik cə­hət­lərlə şərtlənsə də, bir sıra ümumi cə­hətlərə də ma­likdir. Tə­sa­düfi deyil ki, res­pub­likamızda el­mi kadrların üçdə birindən çoxu ali mək­təb­lərdə cəm­lən­mişdir. Xüsusən, elmi də­rə­cəsi olan kadr­ların nis­bi sa­yı­na görə ali məktəb akademiya və sahə elmini xeyli qa­baq­la­yır. Belə bir şə­raitdə fun­da­men­tal elmi təd­qi­qat işi­nin əsa­sən Akademiya insti­tutla­rında aparılması, ali mək­təb­lərin isə bu işə ancaq qismən qoşulması yolverilməz haldır. Res­publikanın məh­dud im­kan­ları müqabilində bütün elmi avadanlıq və təchizat mər­kəzləşdirilməli olduğu halda, tam bir pərakəndəlik hökm sürür.

Elmin idarə olunması hələ də sosializmdən qalma ən­­ənələrə müvafiq olaraq inzibatçılıq yolu ilə həyata ke­çirilir. Həmin dövrdə elmin spesifikasını nə­zərə almadan el­mi institutlarda və ali məktəb kafedralarında, təsərrüfat müəs­sisələrində analoji ni­zam-intizam ya­rat­mağa təşəbbüs göstərilir, «təşki­lat­çılıq qabiliyyəti» olan adamlar elmdə də «dəmir qayda»ya nail olurdular. Akademiyanın qapısı ağ­zına milis işçiləri qoyulması və ali məktəb müəl­lim­lə­rinin, başqa müəssisələrdə çalışan alimlərin içəri buraxıl­ma­ması, elmi işçilərdən elmi nəticə soruş­maq əvəzinə, on­ların səkkiz saat şöbədə oturmala­rının təmin edilməsi elmi işin və elmi əməkdaşlığın spesifikasını «unut­maqdan» irəli gəlirdi. İndi yenə də elmdə islahatdan danışılan kimi, yada düşən elə formal nizam-intizam olur.

Elmşünaslıq problemlərinin böyük bilicisi Xu­du Məm­­mədov danışırdı ki, akademik İ.Vekua No­vo­sibirsk­dən qayıdaraq Gürcüstan SSR Elmlər Akademiyasına pre­zi­dent təyin olunandan sonra bir sıra dəyişikliklər həyata keçirir ki, köhnə stereo­tip­lərə uyğunlaşmış adam­lar bunu heç cür qəbul edə bil­mirlər. Onun təşəbbüsü ilə yeni elmi-təd­qiqat ins­ti­tutu açılır və bura yüksək maaşla istedadlı gənc alimlər cəlb olunur. Bu alimlər işə vaxtı-vaxtında gə­lib getmədiyi üçün və hər kvartalda konkret nəti­cələr əsa­sında hesabat vermək əvəzinə taleyi qabaq­cadan məlum ol­­­mayan «uzaq məqsədlər» uğrunda ça­lışdıqları üçün bir qrup “qanunpərəst” Moskvaya şi­kayət yazır ki, akademik İ.Vekua dövlət pulunu ha­vayı xərcləyir, işə gəlməyən adam­lara yük­sək maaş verir, onları növbəsiz mənzillə tə­min edir. Yoxlama gəlib iş vaxtında deyilənlərin doğru ol­du­ğunu müəy­yən edir. Axşam ko­missiya üzvləri hansı isə yu­­biley məclisində iştirak edir və gecə yarısı ban­ketdən qayıdanda akademik İ.Vekua maşınları hə­min institutun ya­nından sürməyi xahiş edir. Baxıb görürlər ki, gündüz adamsız olan otaqların çoxunda gecə işıq yanır. Məlum olur ki, tədqiqatçılar məhz «iş vaxtı» adlanan müddətdə de­yil, onlara yara­dı­cılıq üçün hansı vaxt münasibdirsə, o vaxtda işlə­yir­lər. İşçilərə verilən bu sərbəstlik elmi iş­lərin səmə­rə­sini daha da artırır. Onların hər kvartalda konkret nə­­ticə tələbindən xilas edilməsi, onlara etimad gös­tə­ril­məsi və şərait yara­dılması diqqəti daha böyük problemlərə yö­nəltməyə, elmin təkcə bu günü üçün deyil, həm də sa­bahı üçün çalışmağa imkan yaradıb.

Elmdə formal hesabat sisteminin tətbiq edil­məsi nəin­ki məsuliy­yət hissini artırmır, hətta əsl elmi meyarları pərdələməklə qarışqanı fil, fili qa­rışqa etməyə imkan ya­radır, elm sahəsində «pripis­ka»nın yayıl­masına səbəb olur. Əksər elmi-tədqiqat institutlarında və xüsusən ali məktəb kafedralarında plan üzrə görülən illik elmi iş dedikdə ma­ki­nada sə­liqə ilə çap edilmiş müəyyən həcmli (yenə də kə­miy­yət meyar kimi çıxış edir) yazı nəzərdə tutulur. Onun elmi dəyərini isbat etmək üçün istənilən iki nəfərdən rəy al­maq kifayətdir. Nəticədə hamı bir-birinin işinə gözəl rəy­­lər yazır və «tədqiqat işləri» müəllimin çalışdığı şöbədə və ya kafedrada «mü­za­kirə olunur». Rəqabət prinsipi işlə­mə­­yən yerdə heç kim öz yoldaşına qarşı «bədxahlıq» et­mək niyyətinə düşmür. Əgər tək-tək istisnalar varsa, bun­lar da elmi prinsipiallıqdan yox, şəxsi münasibətdən do­ğur. Çün­ki elmi rəqabət mühiti və dəqiq elmi meyarlar ol­ma­yanda dəyərsiz «tədqiqatları» tərifləmək, həqi­qi elmi san­­balı olan tədqiqatları isə «alt-üst» etmək mümkündür.

Ali məktəbdə çalışan yüksək ixtisaslı elmi kadr­lar el­mi tədqiqat işi üçün lazımi şərait əldə edə bilmirlər. Ali məktəblərin elmi tədqiqat bölmə­lə­rin­də əsasən tədris fəa­liy­yətinə cəlb olunmamış, bu və ya digər səbəbdən müəl­lim kimi ixtisara düşmüş və ya "ehtiyat qüvvəyə" da­xil olan adamlar çalışırlar ki, bu da ən böyük elmi po­ten­sia­la ma­lik olan pro­fessor-müəllim heyətinin yenə də fəal elmi təd­qiqatdan kənarda qaldığına dəlalət edir. Nəticədə nəin­ki professor-müəllim heyətinin elmi tədqiqat im­kan­la­rı real­laş­mır, həm də bu imkanları tədricən itir­mək­lə on­lar ya­ra­dı­­cı müəllim kimi də çox şey itirmiş olur­lar.

Ali məktəbdə müəllimdən həm də alimlik tələb olu­nur və bu cəhət harada isə tədris mühitindən kənarda, baş­­qa şə­raitdə və başqa bir sistemin (elm sistemi) daxi­lin­də yox, həm də tədris prosesində nümayiş etdirilməli, daha doğ­rusu, elmi tədqiqatla tədris işi əlaqələndirilməlidir. Bu, xüsu­sən uni­versitet təhsilini şərtləndirən ən ciddi tələb­lər­dən biri­dir və qabaqcıl universitetlər öz işini məhz bu isti­qa­mətdə ye­ni­dən qurmağa çalışırlar. İnkişaf etmiş kapi­ta­list öl­kə­lə­rin­də fundamental elmi tədqiqatların əsasən uni­versitetlər tə­rə­findən həyata keçirilməsi heç də təsadüfi deyil. Bu ba­xımdan, ABŞ-ın təcrübəsi xüsusi diq­qə­tə layiq­dir. Bu­ra­da ali məktəblər ara­sında universitet­lərin xüsusi çəkisi bö­yük­dür və on­lar ən müasir tələblər səviy­yə­sində elmi ba­za­ya ma­lik olduqlarından elmin tərəq­qi­sin­də aparıcı rol oy­na­yırlar. ABŞ-ın bütün fundamental elmi təd­qiqat­larının 60%-dən çoxu universitetlərin payına düşür. Ən böyük uni­ver­sitet­lərin (multiuniversitetlər) tər­ki­bin­də müasir ava­dan­­lıqla təchiz olunmuş bütöv təd­qi­qat mərkəzləri və elmi təd­qiqat institutları fəaliy­yət gös­tə­rir. Həmin tədqiqat mü­əs­si­sələrinin Akade­miya yox, uni­ver­sitet nəzdində olma­sı­nın üstün cə­hət­lərindən biri yüksək ixtisaslı alim-mü­əl­lim­lə­rin elmi poten­sialından sə­mə­rəli istifa­də olun­ma­sıdır. Di­­gər tərəfdən, elmi mərkəzə təd­qi­qatçı kimi cəlb olunmuş adam­lar, əgər xüsusi qabi­liy­yətləri varsa, özlərini qabaqcıl müəllim kimi də gös­tər­mək imkanı əldə edir. Müəllimlik və alimlik funksiyaları ara­sında qarşılıqlı keçid imkanı ya­ra­nır. Lakin, bizcə, bu cür təşkilati strukturun ən böyük üs­tün­lüyü doktorant və tələbə­lərin universitet nəz­dindəki elmi mər­­kəz­lərin baza­sın­dan istifadə etməsi hələ təhsil dövründə əsl elmi tədqiqata cəlb oluna bil­məsidir. Məhz bu sonuncu imkanın böyük əhəmiyyətini nəzərə alaraq ABŞ-da son vaxt­lar xüsusi tədqiqat universi­tet­lərinə (mul­tiuni­ver­si­tet) geniş yer verilir. Multiuni­ver­si­tet­­lərdən fərqli ola­raq, elmi tədqiqat müəssisələri təhsil mü­əssisə­si­nin nəzdində olur, onun içərisində əridilir, yəni təh­sil və elmi tədqiqat eyni bir prosesə çev­rilir. Burada oxuyan tələbələr artıq peşəkar elmi işçidirlər və ən aktual prob­lem­lərin həllində bilavasitə iştirak edir­lər. ABŞ-ın bu qa­baq­cıl təcrübəsi, heç şübhəsiz, biz­də də nəzərə alın­ma­lı­dır.

Elmi biliklər, elmin əsasları müasir dövrdə bü­­tün fə­a­liyyət sahə­lərinin strukturuna daxildirsə, bəs onda elm di­gər fəaliyyət sahə­lərindən nə ilə fərq­lənir? Ümumiy­yət­lə elm əməli fəaliyyət sahə­lərindən ayrımı mövcud olma­lıdır?

Digər tərəfdən, bütün ali məktəblərdə elmin əsas­ları öyrədilirsə və gələcək elm adamları da məhz bu təhsil alanlar sırasından çıxmalıdırsa, el­min ictimai təş­kilat­lanma forması təhsil sahəsindən kənardamı olma­lıdır?

Bəzən bizimkilər ümumiyyətlə elmin, abstrakt el­min inkişafı prosesində bu və ya digər dərəcədə işti­rak­ları ilə fəxr edirlər. Onlar ancaq müstəqil elm haq­qında, yeni elmi biliklər haqqında düşünürlər. Bəs bizim ixti­raçılar, kon­struktorlar və müasir elmi nailiy­yətləri tətbiq etmək sə­viy­yəsində olan mühən­dislər harada və necə ha­zırlanır? Digər tərəfdən, elmin menecmenti sahəsində də kadr hazırlığına bö­yük ehtiyac vardır.

Elmin yönləndirilməsi, sükanın kimin əlində olması olduqca vacib bir məsələdir. Hələ Füzuli dövründə bu mə­sələ çox aktual idi. Böyük şairimiz belə deyirdi: «Elm pis adamların əlində hiyləgərlik alətidir. Amandır, hiyləgər şəxs­lərə bilik öyrətmə. Fəsad əhlinə elm öyrətmək xalqı qır­maq üçün cəlladın əlinə iti qılınc vermək deməkdir». Lakin, təəssüf ki, tarix bu hikmətə əməl etməmiş, «fəsad əhli» elmə daha tez yiyələnmişdir.

Məgər atom bombasını da, nüvə silahını da və onları daşımaq üçün yaxın, orta və uzaq məsafəli raket­ləri də alimlər düzəltmədilərmi? Ya, ola bilsin ki, bila­va­sitə dü­zəlt­mədilər; onda belə deyək: bütün müasir silah­lar alim­lə­rin kəşfinə istinad etməklə ix­ti­raçılar, konstruk­torlar və mühəndislər tərəfindən düzəldilmirmi? Və bu iş­lərin arxa­sın­da ümumbəşəri bir elmi fəaliyyət sistemi dayan­mır­mı? Və bu qlobal sistemin formalaşmasında bir çox günahsız ölkə­lə­rin günahsız alimlərinin payı da yoxdurmu?

Böyük elmin dəyirmanına su tökməyə çalı­şı­rıq, am­ma bu dəyirmanın kimin üçün üyütdüyünü və hazır məh­sul­lardan kimin faydalandığını, yaxud əksinə, kimin ba­şında çatladılacağını bilirikmi? Alim deyə bilər ki, bu daha mənim işim deyil, bunu da qoy bir başqası dü­şünsün. Am­ma bu «bir baş­qa­ları» kimdir və onlardan bizdə varmı? Bax bu mə­qamda texnokrat alimlərin ya­dı­na salmaq is­tə­yirik ki, bu «başqa məsələlər» məhz icti­mai elmlərin pred­­me­tinə daxildir. Təhsil – Elm – Tex­nika – Tex­no­lo­gi­ya – Sənaye – İstehlak zəncirində hər bir mər­hələ tam müs­təqil bir dəyər olmayıb həmin bö­yük zəncirin tərkib hissəsi ol­maq­la, müəyyən ideo­loji yö­nə ma­likdir. Bu ideoloji yö­nü müəyyən­ləş­dirən, cəmiyyətin makrostrukturunu, da­xili pro­ses­lərin qar­şılıqlı nisbətini təhlil edən onların müvafiq bey­­nəlxalq proseslərlə qar­şılıqlı əlaqəsini öyrə­nən və döv­lət üçün təkliflər paketi hazırlayan da məhz ic­timai elmlər ol­malıdır.

İndiyədək ictimai elmlər öz üzərinə düşən bu mə­sul vəzifələri yerinə yetirməyibsə, bu o demək deyildir ki, bu elmlərə ehtiyac yoxdur. Biz təbiət elmlərindən real iqtisadi səmərə gözlədiyimiz kimi, ictimai elmlərdən də dövlətin strateji inkişaf xətti üçün elmi-metodoloji baza rolunu oynamaq və ic­ti­mai praktikaya xidmət etmək mə­nasında sə­mə­rəli­lik gözləyirik. Lakin əlbəttə, ictimai ger­çəklik və döv­lət siyasəti ilə müvafiq elm sahələri ara­sın­da əks-əlaqə sisteminin yaradılması təkcə elm adam­la­rın­dan asılı deyil. Bunun üçün müvafiq dövlət orqanlarının və ictimai qu­rum­ların da təşəbbüs göstərməsi tələb olunur.

Ən vacib məsələlərdən biri elmin mahiyyətini və funk­siyalarını düzgün mənimsəmək və müxtəlif xarakterli elmi tədqiqat sahələrinin xüsusiyyətlərinə uyğun olan təş­ki­lati formalar tətbiq etməkdir. Bu baxımdan, elmin mahiyyətinə və onun digər fəaliyyət sahələri ilə, habelə ic­ti­mai həyatla qarşılıqlı əlaqəsinə həsr olunmuş klassik əsərlərin dilimizə çevrilərək oxuculara təqdim olunması xü­susi əhəmiyyətə malikdir.

Qərb dünyasında elm haqqında yazılan, onun mahiy­yəti və funksiyalsrı ilə bağlı olan əsərlər çoxdur. Şərq öl­kə­lə­rində isə poeziya haqqında, musiqi haqqında yüz­lər­lə əsər yazılsa da, elm haqqında əsərlərə çox nadir hallar­da rast gəlmək mümkündür. Biz məhz bu nadir əsərlərdən bir qismini bir kitab halında çap etmək qərarına gəldik.

Düşünürük ki, milli mentaliteti bizə uyğun olan adam­­ların elm haqqında fikirləri yerli şəraitdə elmə mü­na­si­bətin formalaşması və elmun optimal təşkilatlanması işin­­də daha çox yardımçı ola bilər.


ELM və DİN



  • Quran və elm

  • Müasir elm: insanlığın ortaq mirası

  • İslam dünyasında elmlərin geriləməsi

  • Elmin məhdudluğu

  • İman və elm

  • İslam ölkələrində elmlərin ən son vəziyyəti

  • İslamda elmlərin renessansı

  • İslam ölkələrində elmlərin dirçəlişi üçün lazımi addımlar

  • İslam dünyasında elmi vəqflər




(1926 - 1996)


Professor Dr. Əbdüs-Səlam

İlk müsəlman Nobel mükafatı laureatı

Elmə və millətə həsr olunmuş həyat

Əbdüs-Səlam XX əsrin böyük nə­­zəriyyəçi fiziklə­rin­dən biri, böyük elm təşkilatçısı, vətənpərvər alim, ilk mü­səl­man Nobel mükafatı laureatıdır.

Əbdüs-Səlam 29 yanvar 1926-cı ildə Britaniya Hin­dis­tanının Cəng adlı kiçik bir şəhərində (indiki Pa­kis­tan əra­­­zi­sin­də) qə­dim ənənələrə malik ziyalı və mö­min ailə­sində dün­ya­ya gəlmişdir.

14 yaşında o ən yüksək göstə­ri­ci­lərlə Pəncab uni­ver­si­te­tinin Hökumət kollecində oxumaq üçün təqaüd almış və 1946-cı ildə oranı bitirmişdir.

Həmin ildə Əbdüs-Səlam burs alaraq oxumaq üçün Kem­­bricə, St. John's Kollecinə yollanmış və 1949-cu ildə həm riyaziyyat, həm də fizika üzrə birinci olmaqla fərq­lən­mə bakalavr dərəcəsini almışdır. 1950-ci ildə fizika üz­rə möh­tə­şəm tədqiqat işinə (pre-doctoral) görə o Kem­bric univer­si­teti tərəfindən mötəbər Smit mükafatına layiq gö­rünmüşdür. 1951-ci ildə o, Kembricdə kvant elektro­di­na­­mi­­kası üzrə fun­damental tədqiqatlarına görə nə­zəri fi­zi­ka üzrə PhD almış­dır.

Əbdüs-Səlam 1951-ci ildə Pakistana qayıdır və La­hor­­da­kı Hökumət Kollecində riyaziyyatdan dərs de­məyə baş­la­yır, 1952-ci ildən isə Pəncab Universitetində Riya­ziy­yat ka­fedrasının rəhbəri vəzifəsinə layiq görülür. Vətənə qa­­­yı­dan­da o düşünürdü ki, burada tədqiqat mərkəzi (mək­təbi) yara­dacaq, lakin tezliklə aydın oldu ki, bu mümkün deyil. Nəzəri fizika üzrə tədqiqatlarını aparmaq üçün onun xaricə get­mək­dən başqa çarəsi qalmır. İnkişaf etməkdə olan ölkələrdə ya­şayan çoxlu sayda gənc istedadlı nəzəriy­yə­çi fiziklərin po­ten­sialını realizə etmək üçün Əbdüs-Səlam bütün öm­rü boyu çalışmış, böyük təşkilati işlər gör­müşdür. Onun Triest­də yaratdığı Nəzəri Fizika üzrə Bey­nəl­xalq Mərkəz (ICTP – International Centre for Theo­re­ti­cal Physics) istedadlı gənc fi­ziklərin öz tətillərini görkəmli alimlərin işti­rakı ilə elmin ön cəbhəsində aparılan araş­dır­ma­larla do­lu mühitdə keçirmək imkanı verirdi. 1954-cü ildə Səlam doğ­ma vətənini tərk edə­rək Kembricə müha­zi­rə­lər vermək üçün gedir. Lakin o, elm siyasəti üzrə müşa­vir kimi vaxtaşırı Pakistana da baş çəkir. Onun Pakistan üçün gördüyü işlər çox dəyərli, perspektiv və əhatəli ol­muş­du. Əbdüs-Səlam Pakistanda 1961-1974-cü illər ər­zin­də Prezidentin Elm üzrə Baş məsləhətçisi olmuşdur.

O, 1957-ci ildən Londondakı İmperial Kollecinin Nə­­zəri fizika kafedrasının professoru və 1964-cü ildən ey­ni za­manda Triestdəki ICTP-nin direktoru vəzifəsində ça­lış­mış­dır. 40 ildən artıq bir dövrdə o, elementar zərrəciklər fizi­ka­sının nəzəri problemləri üzrə intensiv tədqiqatlar apar­­mışdır. Əbdüs-Səlam bu sahələrdə ya ilk işlər görmüş ya da öz bö­yük ideyaları ilə bir çox əhəmiyyətli araşdır­ma­ların inki­şafı üçün münbit mühit yaratmışdır.

Ömrünün son otuz ilində öz yüksək akademik re­pu­ta­­si­yasından istifadə edərək bir çox beynəlxalq elmi are­na­larda aktiv və təsirli fəaliyyət göstərmişdir. İnkişafda olan ölkə­lər­də elm və texnologiyanın gəlişməsi ilə bağlı Birləş­miş Millətlər Təşkilatının bir çox komissiyalarının işi­nə dəstək olmuşdur. Professor Əbdüs-Səlam boynuna gö­tür­dü­yü bu qədər işlərin öhdəsindən gəlmək üçün bayramları, istirahət günlərini, əyləncə və şadyanalıq məc­lislərini qur­ban verirdi. Belə bir şəraitlə üzləşən ICTP-in işçiləri nor­ma­dan artıq işlə­diklərindən şikayət etmirdilər.

O, ICTP-nin rəhbəri qismində bu Mərkəzin əsas məq­­sədinin – inkişaf edən ölkələrin ehtiyaclarına xüsusi diq­qət yetirməklə bərabər nəzəri fizikanın mühüm prob­lem­lərinin tədqiqi və təlimini unutmurdu.

Atom Sülh üçün medalından və mükafatından əldə edi­lən gəlirləri Əbdüs-Səlam gənc pakistanlı fiziklərin ICTP-yə gəlmələrini təmin etmək üçün fondun təşkilinə sərf etmişdi. Əbdüs-Səlam 1979-cu ildə aldığı Nobel Mü­ka­fatının öz payına düşən hissəsindən bir penni belə özünə və ya ailəsinə xərcləməmiş, bütün pulları inkişaf edən öl­kələrdən olan fiziklərin ehtiyaclarının ödənilməsinə sərf etmişdi.

Məlumdur ki, Əbdüs-Səlam İslama sadiq olan adam ol­muş və din onun həyatında sadəcə bir guşədə yer tutma­mış­dı; onun işi də, ailə həyatı da dini inam ilə bir vəhdət təş­kil edirdi.

1959-cu ildə, 33 yaşında, Əbdüs-Səlam Kral Cəmiy­yətinə (Fellow of the Royal Society) üzv seçilən ən gənc alim olmuşdur.

1960-cı illərin əvvəllərindən Əbdüs-Səlam Pakis­ta­nın Atom Tədqiqatları Agentliyinin – Atom Enerji Komis­si­ya­sının (PAEC) yaradılması uğrunda böyük işlər gör­müş­dür. O, həm­çinin, Pakistanın prezidenti Əyyub xanı inandıra bilmiş­di ki, ölkədə milli aerokosmik agentlik ya­ratmaq lazımdır və 16 sentyabr 1961-ci il tarixli sərəncam ilə Kosmik və Yuxarı atmosfer Tədqiqatlar Komissiyası (SUPARCO) yaradılmış­dır. O, bu Komissiyanın ilk sədri tə­yin edilmişdir.

Əbdüs-Səlam Pakistan alimlərinin və mühəndis­ləri­nin həm nəzəri, həm də tətbiqi nüvə tədqiqatları üzrə püx­tə­ləş­mə­sində böyük rol oynamışdır. O, həmçinin, kənd tə­sər­­rü­fatının aktual problemləri, torpaqların şoranlıqdan qo­runması və bataqlıqların qarşısının alınması sahəsində də iş­lərin apa­rılmasına dəstək vermişdir.

Onun nüfuzu və səyləri nəticəsində Pakistan prezi­den­ti Əyyub xan Kəraçi şəhəri yaxınlığında Nüvə ener­ge­tik stan­siyasının tikilməsinə şəxsən razılıq vermişdi, çünki o dövrdə Pakistan hökuməti bunun əleyhinə idi. Bundan əlavə Pakis­tanda Qabaqcıl elm üzrə beş müasir kollecin ya­ran­­ma­sında və ölkədə elmin davamlı inkişafında Səla­mın böyük ro­lu ol­muş­dur. Əbdüs-Səlamın möhkəm ina­mına görə “elmi dü­şün­cə bütün insanlığın irsidir” və ona gö­rə də inki­şaf­da olan millətlər gərək özləri öz qayğısına qalalar və öz elm­lərinə “investisiya” qoyaraq, inkişafı sür­ət­ləndirələr və bu­nun­la da Qlobal Cənubla Qlobal Şimal arasında ayırıcı zo­lağı azaldaraq sülhə söykənən dün­yaya öz töhfəsini verələr. Sə­lam həmçinin Üçüncü Dünya Elm­lər Akademiya­sını (Third World Academy of Sciences (TWAS)) təsis etmiş və elmin, texnikanın inki­şa­fına yö­nəl­­miş bir çox beynəlxalq mərkəzlərin yaradılmasında apa­rıcı simalardan biri olmuş­dur.

Bir faktı da qeyd etmək lazımdır ki, Əbdüs-Səlamın köməyi ilə 500-ə yaxın pakistanlı fizik, riyaziyyatçı və di­gər elm adamları doktorluq dərəcəsini almaq üçün Bir­ləş­miş Krallığın və ABŞ-in ən nüfuzlu institutlarında işləmək və təhsilini artırmaq imkanı əldə etmişdir.

1964-cü ildə Əbdüs-Səlam İtaliyanın şimali-şərqində yer­ləşən Triest şəhərində Nəzəri fizika üzrə Beynəlxalq Mər­kəzin əsasını qoyur. O, 1964-cü ildən 1993-cü ilin de­ka­brına qədər bu Mərkəzin direktoru olub. Bundan sonra bu Mərkəz – Nəzəri fizika üzrə Beynəlxalq Abdüs Səlam Mərkəzi ad­lan­dırılmışdır.

Bir çox ölkələrin elmlər akademiyalarının, o cüm­lə­dən SSRİ Elmlər Akademiyasının xarici üzvü olmuşdur.

Cenevrədə, SERN- də Əbdüs-Səlam adına küçə var­dır.

Əbdüs-Səlam 1996-cı ilin 21 noyabrında Oksford şə­hərində vəfat etmiş­dir.

Əbdüs-Səlamın yaxın dostu, 1972-1991 Pakistan AEC-in sədri olmuş məşhur nüvə mühəndisi Münir Əh­məd xanın aşağıdakı sözləri çox ibrətamizdir:

Hətta, biz pakistanlılar Dr.Səlama qarşı laqeyd ol­saq da, bütövlükdə dünya onu daim yad edəcək”.



  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə