ƏLİ VƏ Nİno (1927), Qurban Səid




Yüklə 1.09 Mb.
səhifə16/19
tarix22.02.2016
ölçüsü1.09 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19

Mən onun dediyi sözlərə heç qulaq asmırdım. Demək olar ki, o hər gün evimə gəlib biri-birinə oxşayan məlumatları mənə çatdırırdı. Onun gözləri qayğı hissi ilə dolu idi. O namuslu bir adam kimi sadəcə vəzifəsini yerinə yetirmək istəyirdi. Çünki o, gələcək uşağım üçün məsuliyyət daşıdığını hiss edirdi.

Nino onunla uğursuz, amma inadkar bir mübarizə aparırdı. O, yastıqları Yəhya Qulunun üstünə tullayır, evin ətrafındakı bağça divarının üstünə çıxıb orada çadrasız gəzir və otağın divarlarına gürcü qohumlarının fotaşəkillərini vururdu. Yəhya Qulu bütün bunları mənə qəmgin halda və böyük təlaşla xəbər verirdi. Nino isə axşamlar divanda oturub ertəsi gün üçün savaş planını hazırlayırdı.

O, fikirli halda çənəsini ovxalaya-ovxalaya “nə deyirsən, Əli xan, sabah nə edim?” deyə soruşdu. Gecə onun üzünə azacıq su mu fışqırdım, yoxsa sabah səhər onun üstünə pişik mi atım? Yox, mən nə atacağımı hələ ki, bilmirəm. Mən hər gün fəvvarənin yanında gimnastika ilə məşğul olacağam, sonra onu da gimnastika etməyə məcbur edəcəyəm, çünki o çox kökəlməyə başlayıb.

Nino qorxunc intiqam planları hazırlayırdı. O, yuxuya gedənə qədər onların üzərində işləyirdi. Ertəsi gün hərəm xidmətçisi dəhşət içində gəlib mənə dedi:

“Əli xan, Nino xanım fəvvarənin yanında durub, qolları və ayaqları ilə çox qəribə hərəkətlər edir. Qorxuram, ağa. O, bədənini gah qabağa, gah da arxaya elə əyir ki, elə bil bədəni sümüksüzdür. O, istəyir ki, mən də onun etdiyi hərəkətləri təkrar edim. Amma xan, mən mömin müsəlmanam və yalnız Allahın qarşısında əyilib alnımı yerə qoyuram. Xanımın sümükləri və ruhunun gələcəyi üçün çox qorxuram.

Hərəm xidmətçisini qovmaq heç bir şeyi həll etməyəcəkdi. Çünki onun yerinə başqası gələcəkdi. Hərəm xidmətçisi olmayan ev, ev sayılmırdı. Evin təsərrüfat işini kimsə apara bilməzdi, ev işini görən qadınlara və pulun hesabatına nəzarət kimsə edə bilməzdi. Bunları yalnız hərəm xidmətçiləri edərdilər. Onlar arzu deyilən şeyləri duymadıqları üçün, onların rüşvətlə satın almaq da mümkün deyildi.

Buna görə də mən susurdum və bütün diqqətimi Bakının ətrafını bürüyən bir sıra kiçik yaşıl bayraqlara vermişdim...

Hərəm xidmətçisi yavaşca öskürüb dedi:

– Əbdül-Qasım məscidinin yaxınlığında oturan qadının evə çağırtdırım, gəlsin mi?

– Nə üçün, Yəhya Qulu?

– Nino xanımın bədəninə girmiş murdar ruhları çıxartmaq üçün.

Mən dərin bir ah çəkdim. Çünki Əbdül-Qasım məscidinin yanında oturan müdrik qadın Ninonun bədəninə girmiş Avropa ruhlarını çıxarda biləcək iqtidarda olacağını sanmırdım.

Buna ehtiyac yoxdur, Yəhya Qulu. Mən özüm də pis ruhları bədəndən çıxarda bilirəm. Vaxtı gələndə mən hər şeyi qaydaya salacağam. Amma indi bütün gücümü bu balaca yaşıl bayraqların üzərinə toplamağım lazım gəlir.

Xidmətçinin gözlərində qorxu və maraq hissi oyandı:

– Yaşıl bayraqlar qırmızıları sıxışdırdığı zaman sənin vətənin azad olacaq? Elədirmi Əli xan?

– Bəli elədir, Yəhya Qulu.

– Bəs niyə yaşıl bayraqları götürüb elə indi öz yerinə sancmırsan?

– Bu mümkün deyil, Yəhya Qulu, çünki buna mənim gücüm çatmır.

O dərin bir qayğıkeşliklə mənə baxdı:

– Allaha dua etməlisən ki, sənə güc versin. Gələn həftə məhərrəmlik başlayır. Məhərrəm ayında nə diləyiniz varsa onu Allahdan istəyin, o, mütləq sənə gərəkli gücü verər.

Mən xəritəni bükdüm. Yorğun və çaşqın idim. Xidmətçinin boşboğazlığına uzun zaman dözmək mümkün deyildi.

Nino evdə deyildi. Onun valideynləri Tehrana gəlmişdilər. Nino indi tanınmış knyaz ailəsinin kirayə etdiyi evdə saatlarla qalırdı. Orada o, başqa avropalılarla görüşürdü. Bunu da məndən gizləməyə çalışırdı. Amma bundan mənim xəbərim var idi. Mən sadəcə susurdum, çünki ona acıyırdım. Xidmətçim farağat durub mənim əmrimi gözləyirdi. Bir neçə günlüyə Tehrana gəlmiş dostum Seyid Mustafa yadıma düşdü. Onu nadir hallarda görürdüm, çünki o, bütün günlərini məscidlərdə, müqəddəslərin məzarları üstündə və cır-cındır içində olan dərvişlərlə maraqlı söhbətlər etməklə keçirirdi.

Nəhayət diləndim.

– Yəhya Qulu, Seyid Mustafanın yanına gedərsən. O, Sipəhlisar məscidində qalır. Ondan xahiş et ki, iltifat edib buraya təşrif gətirsin.

Xidmətçi getdi. Mən evdə yalqız qaldım. Həqiqətən də yaşıl bayraqları Bakıya sancmaq üçün mənim gücüm çatmırdı. Haradasa, vətənimin çöllərində türk batalyonları və onlarla birlikdə də Azərbaycanın yeni bayrağı altında könüllülərdən ibarət yaranmış hərbi hissələr düşmənlə vuruşurdular. Mənim bu yeni bayraqdan, könüllü qoşunların sayından və onların harada vuruşduqlarından xəbərim var idi. İlyas bəy də könüllülərin cərgəsində vuruşurdu. Mən də bu döyüşdə onunla birlikdə iştirak edib sabahın erkən çağında vuruş meydanlarına atılmağa can atırdım. Lakin cəbhəyə gedən yol bağlı idi. Rus və ingilis hərbi hissələri sərhədləri tutmuşdular. İranı müharibə meydanı ilə bağlayan Araz çayı üzərindəki geniş körpüyə isə tikanlı məftillər çəkilmişdi. Körpü pulemyot və əsgərlərin mühasirəsində idi.

İran isə qabığına sığınmış İlbiz kimi öz durğunluğu içinə çəkilmişdi. Döyüş gedən, mikroblu əraziyə nə bir adamın, nə bir siçanın və nə də bir quşun keçməsinə izin verilməyirdi. Bunun əksinə olaraq Bakıdan İrana çoxlu qaçqın gəlirdi. Çərənçi Arslan ağa da onların arasında idi. O, çayxanalarda olur türklərin qələbəsini Böyük İsgəndərin müzəffər yürüşləri ilə müqayisə edərək məqalələr yazırdı. Onun yazdığı məqalələrdən birini qadağan etmişdilər: çünki senzura İsgəndəri tərifləyə-tərifləyə göylərə çıxararkən, onun bir zamanlar İsgəndər tərəfindən fəth edilmiş İrana qarşı gizli, çirkin hərəkət kimi başa düşmüşdü. Bu əhvalatdan sonra Arslan ağa özünü əqidəsi uğrunda şəhid olan bir şəxs kimi qələmə verirdi. O, bir gün məni görməyə gəldi və mənim Bakını müdafiə edərkən göstərdiyim qəhrəmanlıqların ən kiçik təfərrüatınadək təsvir edirdi. Onun fikrincə guya düşmən regionları yalnız mənim gülləmdən ölmək üçün, arxasında oturduğum pulemyotun qabağında yürüşlə keçiblərmiş.

Onun özü isə döyüş zamanı bir mətbəənin zirzəmisində gizlənib, xalqı həyəcana gətirən atəşli müraciətnamələr hazırlayırmış. O, müraciətnamələr heç bir yerdə oxunmamışdı. O, bunları mənə oxudu və xahiş etdi ki, bir qəhrəmanın əlbəyaxa vuruşda duyduğu hissləri ona danışım.

Ona şirniyyat yedirdib, qapıya qədər ötürdüm. O, mətbəə boyasının iyi gələn, qatı açılmamış bir dəftəri otağımda qoyub getdi ki, əlbəyaxa döyüşündə bir qəhrəmanın keçirtdiyi hissləri oraya yazım. Dəftərin ağ vərəqlərinə baxanda, Ninonun kədərli baxışlarını yada salıb, qarmaqarışıq həyatımı düşünərək qələmi ələ aldım. Amma bir qəhrəmanın əlbəyaxa döyüşdə nələr duyduğunu yazmaq niyyətində deyildim. Əksinə, bizi – Nino ilə məni Şəmiran sarayının ətir saçan bağçasına gətirib çıxardan və onun gözlərindən sevinci yox edən yolu cızmaq üçün qələmə əl atdım.

Bağçada oturub İranın qamış qələmi ilə yazımı yazmağa başladım. Hələ məktəb illərində yazmağa başladığım xatirələrimin dağınıq qeydlərini səliqəyə salırdım. Bütün keçmişim gözlərimin qabağında canlandı. Seyid Mustafa otağıma girib, çopur sifətini çiynimə toxundurana kimi keçmişin xəyalına dalmışdım.

– Seyid, – dedim – mənim həyatım qarmaqarışıq hala düşüb. Cəbhə yolu bağlıdır. Nino gülməsini unudub, mən də qan yerinə mürəkkəb axıdıram. Axı nə etməliyəm, Seyid Mustafa?

Dostum sakit və böyük maraqla mənə baxdı. Onun əynində qana libas var idi, özü də arıqlamışdı. Arıq vücudu elə bil sirli bir yükün altında bükülmüşdü. O, əyləşib dedi:

– Əllərinlə heç bir şey edə bilməzsən, Əli Xan. Lakin insanın əllərində daha artıq şeylər vardır. Mənim libasıma bax, nə demək istəyəcəyimi başa düşəcəksən. İnsanlar üzərindəki qüvvə gözəgörünməzin əlindədir. O sirrə bir dəfə toxun, qüdrəti sənə keçəcəkdir.

– Səni başa düşmürəm, Seyid. Ruhum əzab içindədir və mən bu qaranlıq zülmətdən çıxış yolu axtarıram.

– Çünki sən üzünü bəndələrə tutmusan, Əli xan. Bəndələri idarə edən gözəgörünməzi isə yaddan çıxardırsan. Hicrətin 680-cı ilində din düşmənləri tərəfindən təqib edilən Peyğəmbərin nəvəsi Hüseyn Kərbəlada şəhid edildi. Dünyanın xilaskarı, sirr sahibi, külli-ixtiyar olan o doğan və batan günəşi onun qanı ilə boyadı. Şiə icmasına on iki İmam hökmranlıq etmişdir: birincisi Hüseyn idi, axırıncısı da hələ bu gün də gizlindən şiə cəmiyyətini idarə edən Sahib-əz-Zaman gözə görünməz İmamdır. Bu gizli İmam bütün əməllərinə zahir olur, amma buna baxmayaraq o, yenə də gözəgörünməz olaraq qalır. Mən onu doğan günəşdə, toxumların möcüzəsində, fırtınalı dənizdə görürəm. Onun səsini pulemyotun şaqqıltısında, qadınların naləsində və əsən küləklərdə eşidirəm. Gözəgörünməz buyurub deyir ki: Kərbəla çöllərində Hüseynin axıdılmış qanı üçün yas saxlayın. Ona görə də hər ilin bir ayı Hüseynə matəm tutulur. Bu ay Məhərrəm ayıdır. Dərdi olan bu kədərli ayla ağlamalıdır. Məhərrəm ayının onuncu günündə şiələrin aqibəti həqiqətə çevrilir. Çünki o gün şəhidin ölüm günüdür... O gün Hüseynin öz üzərinə götürdüyü dərd yükü, dindarların boynuna qoyulmalıdır. Kim bu dərdin bir hissəsini öz üzərinə götürərsə, onun şəfaətinə nail olacaqdır. Bax, elə buna görə də dindarlar məhərrəm ayında sinə döyürlər, çünki bu dünyanın dərdləri ilə çıxılmaz vəziyyətə düşənlər özlərini şallaqlayarkən və sinələrini döyməklə çəkdikləri ağrılar sayəsində qurtuluş sevincini tapırlar. Bax, elə budur Məhərrəmin sirri.

Mən yorğun və əsəbi halda soruşdum:

– Seyid, mən evimə xoşbəxtliyi yenidən necə qaytara biləcəyimi soruşuram, çünki dərin bir dəhşət içindəyəm. Sən isə mənə məktəbdə oxuyarkən öyrəndiyimiz din dərslərindəki müdrik kəlamları təkrar edirsən. Demək istəyirsən ki, məscidlərə gedib zəncirlə sinə döyüm? Mən dindar bir müsəlmanam və dini vəzifələri də yerinə yetirirəm. Mən də gözəgörünməzin sirrinə inanıram, Əli xan. Lakin mənim xoşbəxtliyimə gedən yolun həzrəti Hüseynin şəbihindən keçdiyinə inanmıram. Sən məndən xoşbəxtliyə gedən yolu soruşdun, mən də sənə onu göstərdim. Mən başqa yol tanımıram. İlyas bəy Gəncə cəbhəsində qan tökür. Sənin isə Gəncəyə getməyə imkanın yoxdur. Ona görə də, Məhərrəm ayının onuncu günündə səndən bunu tələb edən gözəgörünməz üçün sən də öz qanını tökməlisən. Yox, sus. Demə ki, bu müqəddəs qurbanlıq mənasızdır. Bu kədər dünyasında heç bir şey mənasız deyil. Məhərrəm ayında sən də Gəncədə vuruşan İlyas bəy kimi vətən uğrunda döyüşə giriş.

Mən susdum. Pəncərələri pərdə ilə örtülmüş karet həyətə girdi. Şüşələrin tutqunluğundan Ninonun sifətini güclə görmək olurdu. Hərəmxana bağçasının qapısı açıldı və Seyid Mustafa qəflətən durub getmək üçün hazırlaşdı.

– Sabah Sipahlışar məscidinə gələrsən. Söhbətimizi orada davam etdirərik – dedi.

XXVI


Mən Nino ilə divanda oturub nərd oynayırdıq. Nərdtaxta sədəflə işlənmişdi, onun daşları isə fil sümüyündən qayırılmışdı. Bu İran oyununu oynamağı Ninoya mən öyrətmişdim. Elə o zamandan bəri biz tümənə, öpüşə və gələcək uşaqlarımızın adlarına durmadan zər atırdıq. Nino uduzurdu, borcunu verirdi və yenidən zər atırdı. Onun gözləri həyəúandan parıldayırdı, Nino barmaqları ilə fil sümüyündən düzəldilmiş daşları elə götürürdü ki, elə bil onlar qiymətli inci idi.

Nino bir az əvvəl uduzduğu səkkiz tüməni mənim qabağıma çəkdi:

“Əli xan, sən məni məhv edəcəksən” – dedi.

Sonra Nino nərdtaxtanı bağladı və başını mənim dizimin üstünə qoyub, düşüncəli halda gözlərini tavana zillədi və xəyala daldı. Bu gün, çox gözəl gün idi, çünki Nino intiqamını aldığı üçün özünü xoşbəxt hiss edirdi. Əhvalat isə belə olmuşdu:

Səhər tezdən evimizi ah-nalə və hönkürtü səsləri bürüməyə başladı. Ninonun düşməni olan Yəhya Qulu yanağı şişmiş və üz-gözü büzüşmüş halda içəri girdi. O, intihar etmək istəyən bir adam kimi: “Dişim ağrıyır” dedi. Ninonun gözlərində bir zəfər parıltısı yanıb söndü. O, xidmətçini pəncərənin qabağına apardı, onun ağzını açıb baxdı və qaşqabağını tökdü. Sonra təşvişlə başını yırğaladı. Möhkəm bir sap götürüb Yəhya Qulunun içi çürümüş dişinə bağladı. Sapın o biri ucunu isə açıq qapının dəstəyinə bağladı. Sonra “hazır ol” deyib qapıya tərəf qaçdı və qapını var gücü ilə bağladı. Dəhşətli bir qışqırıq çıxdı və xidmətçi yerə sərilib, qapının incə dəstəyindən asılmış dişinə baxa-baxa qaldı.

- Əli xan, ona de ki, adam dişlərini sağ əlinin şəhadət barmağı ilə yuyanda, nəticə belə olur.

Mən Ninonun dediklərini kəlmə-kəlmə tərcümə etdim. Yəhya Qulu heç bir şey demədən əyilib çıxan dişini yerdən götürdü. Lakin Ninonun intiqam hissi hələ də soyumamışdı.

- Əli xan, ona de ki, o hələ sağalmayıb. Qoy gedib yorğan döşəyə girsin və yanağına isti dəsmal qoysun. İsti dəsmal onun yanağında altı saat qalmalıdır. Bundan başqa da o bir həftə şirin şey yeməməlidir.

Yəhya Qulu rahatlansa da, əsəbləri pozulmuş halda otaqdan çıxdı.

Nino, etdiklərindən utanmalısan. Yazığın sevincini də əlindən aldın.

Nino daş ürəkliliklə:

- O öz payını aldı deyib yenə də nərd-taxtanı gətirdi. Oyunu uduzdu, sonra ədalət bir daha öz yerini tapdı.

Sonra Nino mənə baxdı, çənəmi barmaqları ilə sığallayıb soruşdu.

- Əli xan, Bakı nə vaxt hürriyyətinə qovuşacaq?

- Yəqin ki, iki həftənin ərzində.

Nino ah çəkib dedi:

Deməli on dörd gün qalıb. Biləsən ki, Bakı üçün nə qədər darıxmışam və türklərin də şəhərimizə yürüşünü gözləməkdən səbrim tükənib. Sən burada özünü rahat hiss etdiyin halda, mənim şərəfim hər gün alçaldılır.

- Bu nə deməkdir belə?

- Burada hamı mənimlə qiymətli və kövrək bir əşya parçası kimi rəftar edir. Nə qədər qiymətli olduğumu dəqiq deyə bilmərəm, amma mən nə tez sınanam və nə də əşya parçasıyam. Dağıstanı xatırlayırsanmı? Orada həyat tamamilə bambaşqa idi. Yox, bura mənim heç xoşuma gəlmədi. Əgər Bakı tezliklə azad edilməsə, biz gərəê başqa yerə köçüb gedək. Bu ölkənin fəxr etdiyi şairlərə dair heç bir şey bilmirəm, amma bilirəm ki, Aşura günündə insanlar sinələrini dırnaqları ilə cırmaqlayır, başlarını xəncərlə yarırlar və kürəklərinə zəncir vururlar. Bunları görmək istəməyən bir çox avropalılar bu gün şəhəri tərk edirlər. Mən bütün bunlara nifrət edirəm. Mən özümü hər an mənə hücum edə biləcək bir özbaşınalığın qurbanı kimi hiss edirəm.

- Nino zərif sifətini mənə tərəf çevirdi. Onun gözləri əvvəlki vaxtlarındakından daha dərin və anlaşılmaz idi. Göz bəbəkləri böyümüşdü. Onun hamiləliyini yalnız gözlərindən bilmək olurdu.

- Qorxursan, Nino?

- Nədən qorxmalıyam? - Onun səsi həqiqətən təəúcüblü səslənirdi.

- Bəzi qadınlar bundan qorxurlar.

Nino ciddiyətlə:

- Yox mən qorxmuram – dedi.

- Mən siçovullardan, timsahlardan, imtahanlardan və hərəm xidmətçilərindən qorxuram. Lakin sən dediyin şeydən qorxmuram. Ondan qorxmaqdansa qışın soyuğundan qorxmağım daha yaxşıdır.

Mən onun gözlərindən öpdüm. O, ayağa durdu və saçlarını darayıb dedi:

- Mən valideynlərimi ziyarət edəcəyəm, Əli xan.

Kipianigilin yaşadığı villada hərəmxana qanunlarının olmadığını bildiyim üçün, razılıq verdim. Knyaz bu gün gürcü dostları ilə Avropalı diplomatları qəbul edirdi. Nino orada çay içib, ingilis şirniyyatı yeyəúəê və Hollandiya konsulu ilə Rembrandt və Şərq qadınları barədə söhbət edəcək. Nino getdi, şüşələri cilalanmış karetanın həyətdən çıxdığını gördüm.

Mən evdə tək qalıb, rəngbərəng xəritədəki balaca yaşıl bayraqları və məni vətənimdən ayıran bir neçə sərhəd məntəqələri barədə düşünməyə başladım.

Divanın üstündəki yumşaq yastıqlardan Ninonun ətrinin iyi gəlirdi. Uzanıb təsbehimi çevirməyə başladım. Divanda sol ayağı ilə qılınc tutan İranın gümüş Aslanı parlayırdı. Mən başımı qaldırıb ona baxdım. Birdən məni böyük bir halsızlıq və ümidsizlik hissi bürüdü. Xalqın Gəncə çöllərində qan axıtdığı bir zamanda mənim burada gümüş Aslanın kölgəsində oturub, keyf çəkməyimdən xəcil olurdum. Mən özüm də burada qiymətli və qayğı ilə qorunan zərif bir əşya idim.

Bir Şirvanşirin aqibəti bir zaman dəbdəbəli saray rütbəsi almaq, ən incə hisslərini klassikcəsinə məclislərdə ifadə etmək idi.

Divardakı gümüş Aslan mənə dişlərini ağardırdı. Araz çayı üzərindəki sərhəd körpüsü bağlanmış idi. İran torpağından Ninonun ruhuna yollar da mövcud deyildi.

Mən əsəbi halda təsbehi çevirməyə başladım. Bu anda təsbehin sapı qırıldı və kəhrəba muncuqlar yerə səpələndi.

Uzaqdan şeypur səsi gəlirdi. Bu səs, gözəgörünməzin xəbərdarlığı qədər qorxunc və cazibədar idi. Pəncərəyə yaxınlaşdım. Günəşin son şüaları altında tozlu yolların donuq bir parıltısı var idi. Günəş düz Şəmiran sarayının təpəsində dayanmışdı. Təbilin səsi yavaş-yavaş yaxınlaşırdı. Onun səsini yüzlərlə, minlərlə adamların təkrar etdiyi “Şaxsey... Vaxsey. Şah Hüseyn... Vay Hüseyn” sözləri müşayiət edirdi.

Döngəni dönəndə qarşımdakı yolda bir izdiham göründü. Qızılla işlənmiş üç nəhəng bayraq, qüvvətli əllərdə daşınaraq izdihamın başı üzərində dalğalanırdı. Bayraqların birinin üzərində böyük qızıl hərflərlə Allahın yer üzündəki istəkli bəndəsi Əlinin adı yazılmışdı. İkinci bayrağın qara məxmər parçası üzərində sol əlin şəkli çəkilmişdi.

Bu, Peyğəmbərin qızı Həzrəti Fatimənin əli idi. Üçüncü bayraqda isə böyük hərflərlə yalnız bir söz yazılmışdı: “Hüseyn”, Peyğəmbərin nəvəsi, varisi, şəhid Hüseyn.

İzdiham ağır addımlarla küçədən keçirdi. İzdihamın qabağında qara matəm libası geymiş, kürəkləri çılpaq və əllərində ağır zəncirlər tutmuş, günahlarını tövbə edən dindarlar gedirdilər. Təbilin ahənginə uyğun olaraq onlar əllərini qaldırır və zəncirlər onların qanayan çiyinlərini zolaq-zolaq edirdi. Onların dalınca bir yarım dairə şəklində iki addım irəli bir addım geri atan enli kürəkli kişilər gedirdilər. Onların yol boyunca boğuq səslə “Şaxsey... Vaxsey” çığırtıları küçəni bürümüşdü və hər çığırtı səsi gələndə onlar yumruqları ilə bərkdən çılpaq tüklü sinələrinə vururdular. Onların ardınca bellərinə yaşıl qurşaq bağlamış və Peyğəmbər nəslindən olan seyidlər gedirdilər. Dallarınca ağ kəfənə bürünmüş, başları qırxılmış və əllərində uzun xəncərlər tutmuş Məhərrəm şəhidləri gəlirdi. Onların siması qəzəbli idi, elə bil onlar başqa bir dünyaya qərq olmuşdular. “Şaxsey... Vaxsey...” Xəncərlər göyə qaldırılıb, qırxılmış kəllələrə endirilirdi. Şəhidlərin bürünmüş kəfənləri qan içində idi. Şəhidlərin birinin başı gicəllənib yerə yıxıldı. Onun yanında gedən dostları dodaqlarında ilahi bir təbəssüm olan adamı izdihamın içindən çıxartdılar.

Mən pəncərənin qabağında durmuşdum. Birdən birə, indiyədəê mənə məlum olmayan bir hiss məni caynağına aldı. Bu hiss mənim ruhumda xəbərdarlıq kimi səslənirdi və fədakarlıq arzusu içimi doldururdu. Mən küçədəki tozların üstünə tökülmüş qan damlalarını gördüm. Şeypurun cazibədar səsi isə insanları qurtuluşa çağırış kimi səsləyirdi. O an gəlmişdi: Gözügörünməzin sirri, xilasa aparan kədərin darvazası bu idi. Mən dodaqlarımı sıxdım. Hüseynin bayrağını daşıyanlar qabağımdan keçdilər. O biri bayraqda Həçrəti Fatimənin əlinin şəklini gördüm və bütün aşkar olan şeylər gözlərimin qabağından çəkildi.

Təbilin sönük səsini yenə eşitdim və bu səs içimdə vəhşi bir qışqırığa çevrildi. Mən də bir an içərisində izdihamın bir hissəsinə çevrildim. Mən enli kürəkli adamlarla eyni qaydada irəliləməyə başladım və mənim iri yumruqlarım çılpaq sinəmə zərbə endirirdi. Bir az sonra yarı qaranlıq olan bir məscidin sərinliyini hiss etdim və İmamın nalə çalan əzanını eşitdim.

Biri mənə qalın bir zəncir verdi və mən kürəyimdə giziltili bir ağrı hiss etdim. Bir neçə saat keçdi. Qabağımda geniş bir meydan vardı. İndi ağzımdan vəhşi və sevinc dolu haray çıxdı: “Şaxsey... Vaxsey...”.

Üzü əzilmiş bir dərviş gəlib durdu qarşımda. Bürüşmüş dərisinin altından onun qabırğaları görünürdü. İzdihamda iştirak edən minlərcə adamların gözlərində bir inadçılıq ifadə olunurdu.

Meydanın qarşı tərəfində, şəhid Hüseynin atını təmsil edən, yəhəri qana bulaşmış bir at hərəkət edirdi. Üzü əzilib əldən düşmüş dərviş var gücü ilə qışqırırdı. O, mis fincanını qırağa tulladı və özünü atın ayaqları altına atdı. Başım gicəlləndi. Çılpaq sinəmə iri yumruqlar zərbə endirirdi. “Şaxsey... Vaxsey...” – deyə bağırırdılar. Ağ libası qana batmış bir cavanı yanımdan sürüyüb apardılar. Uzaqlardan saysız-hesabsız məşəllər görünürdü. Mən bir məscidin həyətində oturmuşdum. Ətrafımdakı adamların başlarında hündür fəslər vardı. Onların gözlərindən yaş axırdı. Onlardan biri şəhid Hüseyn barədə mərsiyə oxumağa başladı. Lakin qəhər onu boğduğu üçün mərsiyəni axıra qədər oxuya bilmədi. Ayağa durdum. İzdiham sel kimi geriyə axmağa başladı. Gecə sərin idi. Biz hökumət binasının qabağından keçdik. Dirəklərdə qara bayraqlar dalğalanırdı. Sonu görünməyən məşəl izdihamı ulduzların əês olunduğu çayı xatırladırdı. Evlərin damları adamlarda dolu idi. Çadralı adamlar tinlərdən baxırdılar. Konsulluğun qapılarında tüfənglərinə süngü keçirmiş əsgərlər hazır vəziyyətdə dayanmışdılar.

Top meydanında ibadət edən izdihamın yanından dəvə karvanı keçdi. Ağlayanların fəryad səsləri ucaldı, qadınlar yerə sərildilər və onların ayaqları solğun ay işığında açıq görünürdü. Dəvələrin belində qurulmuş taxt-rəvanda şəhid Hüseynin ailəsi oturmuşdu.

Onların ardınca üzünə niqab taxmış, şəhid Hüseynin qatili olan zalım Xəlifə Yezid qara atda gedirdi. Meydandan atılan daşlar xəlifənin niqabına dəyirdi. Yezid atını bərk sürməyə başladı və tələsik qaçıb Nəsrəddin şahın sərgi salonunun həyətində gizləndi. Ertəsi gün orada Hüseyn barədə şəbeh olmalı idi.

Şah sarayının Almas verandasına gəldik... Orada da qara bayraqlar asılmışdı. Sarayın keşiyində duran bahadurlar da matəm libası geyib, başlarını əymişdilər. Şah sarayında yox idi. O, Bağeşahdakı yay sarayında idi. İzdiham Əla-əd-Dövlə küçəsinə axışdı. Birdən-birə mən qaranlığa qərq olmuş Top meydanında tək qaldım. Paslanmış topların lülələri laqeydliklə mənə baxırdılar. Bədənim min qırmanc zərbəsi yemiş adamın bədəni kimi ağrıdan gizildəyirdi. Əlimi belimə vurdum və belimdə laxtalanmış qan izinin olduğunu hiss etdim.

Başım gicəllənirdi. Bir az özümə gələn kimi meydanı keçib bir boş faytona yaxınlaşdım. Faytonçu vəziyyətimi görüb qayğıkeşliklə mənə dedi: “Bir az göyərçin nəcisi tap, onu bitki yağı ilə qarışdır və yaralarına sürt. Çox kömək edir”.

Yorğun halda faytona minib oturacağının arxasına yayıldım.

- Şəmirana, Şirvanşirlərin evinə sür! – dedim.

Faytonçu qırmancı qaldırdı. O, faytonu əyri-üyrü, bərbad yollarla sürdü və arabir arxasına dönüb mənə baxırdı. Sonra faytonçu heyrət dolu səslə dedi:

- Siz mömin adama oxşayırsınız. Sizdən çox xahiş edirəm gələn dəfə mənim üçün dua edin. Çünki mənim dua etməyə vaxtım yoxdur, işləməyim lazımdır. Adım Zöhrab Yusifdir.

Ninonun gözlərindən yaş sel kimi axırdı. O, divanda oturub əllərini qoynuna qoyaraq, sifətini gizlətmədən ağlayırdı. Onun alt dodağı aşağı düşmüş, ağzı isə açıq idi. Yanaqları ilə burnu arasında dərin qırışlar görünürdü. O, Hıçqırdıqca onun balaca bədəni titrəyirdi. Nino bir kəlmə belə söyləmirdi. Lakin onun kipriklərindən gələn parlaq yaş dənələri yanağına tökülüb sifətinə yayılırdı. Mən onun kədərinə şərik olmuş halda Ninonun qabağında dayanmışdım. O, tərpənmirdi, gözlərinin yaşını silmirdi, dodaqları isə payız yarpağı kimi əsirdi, Onun əllərini ovuclarımın içinıə aldım. Əlləri soyuq cansız və kiçilmiş idi. Onun yaşlı gözlərindən öpdüm və o, fikirli şəkildə mənə baxdı.

- Nino, - deyə qışqırdım. Nino sənə nə olub?

O, əlini ağzına apardı, sanki ağzını bağlamaq istəyirdi. Lakin əlini aşağı salanda, əlinin üstündə diş yerləri aşkar görünürdü.

- Əli xan, mən sənə nifrət edirəm.

Onun səsində dərin bir dəhşət hiss olunurdu.

- Nino, sən xəstələnmisən?

- Yox, mən sənə nifrət edirəm.

O, alt dodağını dişlərinin arasında sıxdı. Onun gözləri incimiş bir uşağın gözlərinə bənzəyirdi. Nino, tikə-tikə olmuş paltarıma, zolağ-zolağ olmuş qanlı çiyinlərimə vahimə ilə baxırdı.

- Nino, nə olub axı?

- Mən sənə nifrət edirəm.

O, divanın küncünə qısıldı, baldırlarını özünə doğru qatlayaraq çənəsini dizlərinə dayadı. Onun göz yaşları bir anlığa dayandı. O, qəmli gözlərilə bir yabançıya baxan kimi mənə baxdı. De görüm nə etmişəm, Nino?

O, ahəngsiz, xəyala dalmış tərzdə danışmağa başladı:

- Sən mənə ürəyini açıb göstərdin, Əli xan. Mən valideynlərimin evində idim. Biz çay içirdik, bir ara Hollandiya konsulu bizi Top meydanındakı evinə dəvət etdi. O, Şərqin barbar dini mərasimlərini bizə göstərmək istəyirdi. Biz pəncərənin qabağında dayanıb yanımızdan keçən təəssübkeşlərin dalğasını seyr etməyə başladıq. Mən şeypur səsini eşitdim və vəhşiləşmiş sifətləri gördüm. ‚rəyim bulandı. Konsul “işgəncə çılğınlığı” deyib pəncərəni bağladı, çünki bayırdan tər və çirk iyi gəlirdi. Biz birdən-birə vəhşi qışqırıqlar eşitdik. Tez eşiyə baxdıq və orada cır-cındır içində olan bir dərvişin özünü atın ayaqları altına atdığını gördük. Və sonra... Sonra konsul əlini uzadıb təəúcüblə dedi: “Bu, o...?” lakin o, cümləsini bitirmədi. Mən onun işarə etdiyi yerə baxdım. İzdihamın içində sinə döyən və zəncirlə kürəklərini zolağ-zolağ edən bir yerlini gördüm. O yerli sən idin, Əli xan! Mən fanatik bir barbarın arvadı olduğum üçün utanıb yerə girdim. Mən sənin bütün hərəkətlərini izləyirdim və konsulun acıyan baxışlarını hiss edirdim. Ondan sonra oturub çay içdik və yaxud yemək yedik – dəqiq yadımda qalmayıb. Mən güc-bəla ilə özümü orada saxladım, çünki bizi ayıran uçurum qəflətən gəlib gözlərimin qabağında durdu. Əli xan gənc Hüseyn bizim xoşbəxtliyimizi məhv etdi. Mən səni fanatik barbarların arasında görürəm və heç vaxt sənə başqa gözlə baxa bilməyəúəyəm.

1   ...   11   12   13   14   15   16   17   18   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə