ƏLİ VƏ Nİno (1927), Qurban Səid




Yüklə 1.09 Mb.
səhifə14/19
tarix22.02.2016
ölçüsü1.09 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19

İndi də burada, kürkə bürünüb qayığın göyərtəsində uzanmışam və dözülməz bir ağrı sinəmi yandırırdı. Başımı qaldırdım. Qayığın balaca bir küncündə Nino uzanmışdı. Onun sifəti çox solğun idi. Soyuq əlini əlimə aldım və barmaqlarının yavaşca titrəyişini hiss etdim.

Arxamızdakı qayığın sükançısı yanında atam oturmuşdu. Onların söhbətləri qırıq-qırıq qulağıma çatırdı. Mənasız şeylər danışırdılar.

Atam deyirdi:

Deməli siz həqiqətən inanırsınız ki, Cərco vahəsində insanlar öz istəkləri ilə gözlərinin rəngini dəyişdirə bilirlər? Sükançı da buna cavab verib dedi ki, bəli Əli xan, dünyanın yalnız bir yerində insanlar gözlərinin rəngini dəyişdirə bilirlər. O yer də – Cərco vahəsidir. Vaxtı ilə müqəddəs bir kişi bu barədə qabaqcadan xəbər vermək qabiliyyətində olmuşdu.

Mən Ninoya müraciətlə dedim:

– Nino, atam Cərco vahəsinin möcüzəsi barədə söhbət edir. Hər halda dünyanın dərdlərinə tab gətirmək üçün insan gərək belə olsun.

Nino cavab verdi:

– Yox Əli xan, mən belə edə bilmərəm. Mən belə etməyi bacarmıram. Əli xan, bilirsən, küçənin tozları da qandan qıpqırmızı olmuşdu.

O üzünü əllərinin içinə aldı və için-için ağlamağa başladı. Onun çiyinləri əsirdi...

Mən onun yanında oturdum və böyük qala divarının bayırındakı Duma meydanını, Məmməd Heydərin Nikolay küçəsində sərilmiş meyitini, birdən-birə qırmızı rəngə boyanan qara meşin pencəyi xatırladım. Həyatda sağ qalmaq insana iztirab verirdi.

Çox uzaqlardan atamın səsi gəldi: Deyirsən Çələkən adasında çoxlu ilanlar var?

– Bəli, xan, həm də həddindən artıq uzun və zəhərli ilanlar... Ancaq indiyə kimi o ilanları heç kəs gözü ilə görməyib. Yalnız Mərv vahəsində yaşayan müqəddəs bir kişi nəql eylədi mənə...

Mən bu danışığa dözməyib, sükana yaxınlaşdım və dedim:

– Ata, asiya məhv olub, dostlarımız döyüş meydanında həlak olublar, biz də didərgin düşmüşük. Biz Allahın qəzəbinə gəlmişik, sən isə burada oturub Çələkən adasındakı ilanlardan danışırsan.

Atamın sifətindəki ifadə dəyişmədi. O qayıqdakı kiçik yelkən dirəyinə söykənib, uzun zaman üzümə baxdı:

– Oğlum, Asiya məhv olmayıb. Onun yalnız sərhədləri dəyişilib. Bakı artıq Avropa olub, bu təsadüfi deyil. Çünki Bakıda artıq asiyalı qalmamışdır.

– Ata, mən üç gün, üç gecə Asiyanı pulemyot, süngü və xəncərimlə müdafiə etmişəm.

Sən cəsursan, Əli xan, Lakin, cəsarət dediyin nədir? Avropalılar da cəsurdur. Sən və səninlə birlikdə döyüşənlərin hamısı artıq asiyalı deyilsiniz. Mən Avropaya nifrət etmirəm. Sadəcə ona qarşı etinasızam. Avropanın bir tikəsini sən özündə daşıyırsan. Sən rus məktəbində oxumusan, latıncanı öyrənmisən, arvadın da avropalıdır. Sən özünə hələ də asiyalı deyirsən? Sən müharibədə qalib gəlsəydin, Avropa həyat tərzini sən özün Bakıya gətirəcəkdin. Bizim üçün nə fərqi var, ölkəmizdə zavod və fabrikləri kimlər tikəcək – biz və yaxud ruslar. İşlər o durumda davam edib gedə bilməzdi. Saysız-hesabsız düşməni məhv edib qana susamaq yaxşı asiyalı olmaq demək deyil.

– Bən nə zaman yaxşı asiyalı sayılmaq olar?

– Sən yarı avropalısan, Əli xan. Ona görə də bu sualı verirsən. Onu sənə izah edə bilmərəm, çünki sən həyatda yalnız adi gözlə görünən şeyləri görürsən... Sən ancaq yerə baxırsan. Bax, buna görə basılmağımız səni ağrıdır və sən ağrıdığını büruzə verirsən.


Atam susdu. Baxışları donuq bir ifadə almışdı. O bizim həqiqi dünyamızdakı şeylərdən daha artığını bilirdi.

O bakılı və iranlı qocaları kimi başqa bir dünyadan içərisinə çəkilə biləcəyi, orada kimsənin özünə girişə bilməyəcəyi, hücum etməyəcəyi bambaşqa bir dünyadan xəbərdar idi. Halbuki mən bu insanın dostlarını basdırdıqdan sonra bir yelkənli qayığın sükançısı ilə Cərco vahəsinin möcüzəsi barədə bəhs ediləcək aləmdən də xəbərsiz idim. Mən də bu aləmin qapısını döydüm, amma məni oraya qəbul etmədilər. Deməli mən artıq asiyalı deyildim. Bunu heç kim mənə irad tutmurdu, amma deyəsən bunu hamı bilirdi. Mən bu arada bir əcnəbiyə çevrilmişdim.

Lakin yenə öz evimdə olmağa, Asiyanın xəyal aləminə can atırdım.

Qayıqdan dənizin qapqara güzgü kimi parıldayan suyuna baxırdım. Məmməd Heydər öldü, Aişə həlak oldu, evimiz talan edildi. Mən isə balaca bir yelkənli qayıqla Şahın diyarına, böyük sakitliyin hökm sürdüyü İrana gedirəm.

Birdən Nino gəlib yanımda durdu və İranda biz nə edəcəyik? – deyə soruşdu.

– Dincələcəyik, Nino – dedim.

– Elədir, istirahət edəcəyik deyilmi? Mən də yatmaq istəyirəm Əli xan. Bir ay, bir il yatmaq istəyirəm. Yaşıl ağacları olan bir bağçada yatmaq istəyirəm. Amma orada müharibə, atəş səsləri olmamalıdır.

– Sən elə belə bir ölkəyə gedirsən. İran min ildir yatır və çox nadir hallarda orada atəş səsləri eşidilir.

Biz kiçik göyərtəyə çıxdıq. Nino o saat yuxuya getdi. Mən isə Seyidin siluyetinə və onun barmaqlarının hərlənən qan damlasını andıran təsbeh dənələrinə baxaraq uzun zaman uzandığım yerdə oyaq qaldım.

Seyid dua edirdi. O, gizli dünyaya, həqiqi həyatın sona çatdığı yerdə başlayan dünyaya yaxşı bələd idi.

Günəşin doğduğu üfüqün arxasında İran yerləşirdi. Qayığın döşəməsində oturub balıq yeyirdik, su içərkən İranın artıq nəfəsini duymağa başlamışdıq. Təkinen qəbiləsindən olan yeganə əcnəbi sükançı atamla söhbət edir və adi bir əşyaya baxan kimi mənə etinasızlıqla baxırdı.

Dördüncü günün axşamı üfüqda sarımtıl bir zolaq göründü. Bu zolaq buludu andırırdı, həqiqətdə isə görünən İran sahilləri idi. Mən komaları və çox kasıb bir limanı gördüm. Bu şahın Ənzəlidəki limanı idi. Biz köhnə və taxtaları çürümüş limana yaxınlaşıb lövbərimizi atdıq. Uzun cübbəli bir kişi bizə yaxınlaşdı. Onun papağının üzərində qabaq pəncəsindən birini qaldırmış şir və doğan günəş rəmzi olan İran gerbi parıldayırdı. Məmurun arxasınca üst-başı tökülmüş iki liman polis nəfərləri gəlirdi. Onlardan birincisi iri, yumru gözləri ilə bizə baxdı və dedi:

– Uşaq doğulduğu gün günəşin ilk şüalarını necə salamlayırsa mən də sizi eləcə salamlayacayam. Kimliyinizi isbat etmək üçün yanınızda sənədləriniz varmı?

Atam cavab verdi ki, “biz Şirvanşirik”.

– Şah həzrətlərinin almaz qapısının özlərinə açdıqları Əsəd-əs Səltənə Şirvanşir damarlarında sizinkiylə eyni qanımı daşıyır?

– Bəli, o mənim qardaşımdır.

Biz qayıqdan düşdük. O adam bizi müşayiət edirdi. Anbarın yanına çatanda dedi: “Əsəd-əs-Səltəne” bilirdi ki, siz gələcəksiniz. Onun göndərdiyi maşın şirdən güclü, ceyrandan iti, qartaldan gözəl, qayalar üzərində qurulmuş qaladan möhkəmdir.

Biz tini döndük və onun təriflədiyi maşını gördük. Haradasa dağılmaq üzrə olan bir “ford” maşını yol üstündə durmuşdu. Onun köhnə rezin şinləri bir neçə yerdən yamanmışdı. Maşına mindik, motor titrəyərək işləməyə başladı. Sürücü, okeandakı nəhəng sərnişin gəmisinin kapitanı kimi gözlərini uzaqlara dikmişdi. Yarım saatdan sonra biz Rəşt yolu ilə Tehrana gedirdik.

XXIII

Ənzəli, Rəşt yollarından səhra nəfəsi ilə qızmış küçələr ... Üfüqdə “Abi-Yezid” şeytan suyu zaman-zaman bir xəyalət kimi parlayırdı. Rəştə gedən böyük yol çay kənarından keçirdi. Çayın özündə isə su yox idi. Onun yatağı qızmar günəş altında cadar-cadar olub. Camur yatağına çevrilmişdi. Adətən İran çaylarında su olmur, ancaq orada su yığıntılarından əmələ gəlmə palçıqlı gölməçələrə təsadüf etmək olurdu. Bu gölməçələrin qupquru sahillərində qumlar üzərinə kölgələr salan əzəmətli qayalar dururdu. Bu qayalar ibtidai dövrdən qalmış azman qayaları xatırladırdı. Uzaqdan bir karvanın zınqırov səsləri gəlirdi. Sürücümüz maşının sürətini azaltdı-biz sıldırım dağ silsilələrinin ətəklərində dəvələrin ağır yerişlə getdiklərini gördük. Əlində əsa tutmuş sarban karvanın lap qabağında gedirdi. Onun arxasınca da başdan ayağadək qara geyimli adamlar gedirdilər. Əsəbi dəvələr isə yollarını etinasızlıqla davam edirdilər. Onlar addımlarını atdıqca boyunlarından asılan zınqırovların səsləri yüksəlirdi. Dəvələrin bellərindən uzun kisələr asılmışdı. Bu kisələrdəkilər görəsən İsfahan parçalarımı ya da gilan yunu idi? Sürücümüz maşını saxladı. Dəvələrin bellərindəki yük qara kəfənlərə bükülmüş meyitlər idi. Onların sayı iki yüzə qədər idi. Dəvələr ağır yerişlə yanımızdan ötüb keçirdilər. Bu karvan dağlardan, duzlu səhraların göz qamaşdıran hamar səthindən və saysız-hesabsız vahələri keçərək yük daşıyırdılar. Bu dəvələr çox uzaqda olan türk sərhədinə çatdıqda diz çökəcəklər. Başlarında qırmızı fəs olan kömrükçülər yükləri yoxladıqdan sonra, karvan yenidən yola düzəlib, müqəddəs Kərbəla şəhərinin günbəzinə qədər məsafəni qət edəcəkdi. Karvan İmam Hüseynin məqbərəsinə çatıb yenə dayanmalı idi. Orada dəvələrə yüklənmiş meyitlər qayğıkeş əllərlə hazırlanmış məzarlarda dəfn ediləcək və qiyamət günü şeypur səsi onları əbədiyyət yuxusundan oyadana kimi onlar Kərbəla qumlarının altında rahatlıq tapacaqlar.



Əllərimizlə gözlərimizi bağlayaraq onların qarşısında ehtiramla səcdə etdik. Bərkdən qışqırıb dedik ki, “İmamın məzarında bizim üçün də dua edin”. Sarban da cavab verib dedi ki, “biz özümüz də bir duaya möhtacıq”.

Karvan yenə yoluna davam etdi. O, böyük səhranın xəyaləti olan Abi Yezid kimi sakitcəsinə uzaqlaşırdı.

Biz Rəştin küçələrindən keçirdik. Taxta və palçıqdan tikilmiş komalar üfüqün qabağını kəsmişdi. Burada biz keçən yüzilliklərin nəfəsini açıq-saçıq duyurduq. Bircə baxışla palçıq evləri və dar küçələri nəzərdən keçirmək olurdu. Burada hər şey eyni rəngdə idi. Şəhərdə hər şey balaca idi. Ancaq hərdənbir komaların arasından baş qaldıran bir məscid gördükdə adam sarsılırdı.

Kişilər ülgüclə qırxılmış başlarına qabağı andıran yuvarlaq şapkalar qoymuşdular. Onların sifətləri də adama maskaları xatırladırdı.

Hər yer toz, torpaq, natəmizlik içində idi. Bu o demək deyil ki, iranlılar toz, torpaq içində olmağı xoşlayırlar. Onlar sadəcə hər şeyi necə varsa, elə də saxlamaq istəyirdilər. Çünki hər bir iranlı, nəhayətdə hər şeyin toza çevriləcəyini zənn edirdilər.

Biz balaca bir çayxanada oturub istirahət etdik. Otaqdan nəşə iyi gəlirdi. Kişilər gözlərini Ninoya zilləmişdilər. Küncdə saçları dağınıq, ağzı açıq, dodaqlarından tüpürcək axan və əlində naxışlı mis piyalə tutan bir dərviş dayanmışdı. O, hamıya baxırdısa da, heç kimi görmürdü. Elə bil o var gücünü, bütün vücud və şüurunu gözə görünməyən varlığın səsinə yönəltmişdi və o gözə görünməyən varlıqdan işarə gözləyirdi. Birdən birə o yerindən sıçrayıb bağırdı:

– Baxın, günəş qərbdən yüksəlir; mən onu görürəm.

Şəhərin valisi tərəfindən göndərilmiş nümayəndə çayxananın qapısında göründü:

Əlahəzrət əmr edib ki, bu çılpaq qadının mühafizəsi üçün burada keşikçi qoyulsun. O, çadrasız Ninonu nəzərə alırdı. Ninonun halı dəyişmədi, çünki o, farsca başa düşmürdü.

Gecəni şəhər valisinin evində keçirtdik. Səhər tezdən keşikçilərimiz atları yəhərlədilər. Çarşab örtməyən Nino çılpaq sayıldığı üçün və eləcə də ölkəni bürümüş quldurlardan qorunmaq üçün keşikçilər bizi Tehrana kimi müşaiət etməli idilər.

Maşın yavaş-yavaş irəliləyirdi. Köhnədən qalmış yollarla Qəzvini keçirik. Şah Şahpur ordularını burada toplamışdı. Səfəvilər, sənətçilər, sənətçilərin xeyirxahları və müqəddəsləri burada məclis qurardılar. Yüz-yüzəlli kilometr yol getdim. Yol ilan kimi qıvrılırdı. Nəhayət uzaq Dəmavəndin qarlı təpəsindən Tehran qapısının dörd qülləsi ehtişamla yüksəlirdi. Qapı rəngarəng yumşaq çinilərlə bəzədilmişdi. Qapının üzərində zərif ərəb yazıları ilə həkk edilmiş kəlamlar elə bil şeytan gözləri kimi mənə baxırdı. Böyük qapının altında toz-torpaq içində bədənlərini yara basmış dilənçilər və pərişan dərvişlər oturmuşdular. Onlar incə barmaqlı arıq əllərini bizə uzadaraq hökmdarlara layiq Tehran şəhərinin gözəlliyi və əzəməti haqqında şerlər oxuyurdular, amma onların səsləri qəmgin və kədərli idi. Onlar bu minbir qübbəli şəhərə neçə illər bundan əvvəl böyük ümidlə gəlmişdilər. Lakin onların ümidləri puça çıxmışdı.

Balaca maşın əyri-üyrü dar küçələrdən, Top meydanından və şah sarayının Almas darvazası yanından keçib şəhərin o biri tərəfinə, Tehranın yaxınlığındakı Şəmiran qəsəbəsinə gedən geniş yola çıxır.

Şəmiran saray bağçasının qapıları taybatay açılmışdı. Qapıdan içəri girdikdə qızıl gülün ətiri bizi vurdu. Biz bağçadakı fəvvarələrin yanından keçib saraya girlik. Pəncərələri pərdələrlə örtülmüş qaranlıq otaq, bulaq suyu kimi sərin idi. Nino və mən başımızı yumşaq balışlara qoyub şirin yuxuya getdik.

Biz yatdıq, oyandıq, mürgülədik, yuxular gördük və yenidən yatdıq. Pəncərələri pərdələrlə örtülmüş bu sərin otaqda yatmaq həddindən artıq xoş idi. Saysız-hesabsız döşəklər, yastıqlar və xalılar alçaq divanın və döşəmənin üstünü örtmüşdülər. Yuxulu-yuxulu bülbüllərin cəhcəhini eşidirdik. Adamı qeyri-adi bir hiss bürüyürdü. Biz bütün təhlükələrdən, Bakının əldən düşmüş qala divarlarından çox uzaqlarda, böyük bir sakit evdə mürgüləyirdik. Vaxt səssiz-səmirsiz keçirdi. Nino hərdənbir dərin bir ah çəkir, yuxulu qalxır, sonra başını mənim sinəmə qoyub yenidən yuxuya gedirdi. Mən isə İran hərəmxanasının cazibədar ətri gələn yumşaq yastığına başımı qoyub yatırdım. Məni dəhşətli bir tənbəllik bürümüşdü. Burnum qaşındığı zaman onu qaşımaq üçün əlimi qaldırmağa belə tənbəllik edirdik. Nəhayət burnumun qaşıntısı öz-özünə dayandı və mən yenidən yuxuya getdim.

Nino birdən oyandı və başını qaldırıb dedi:

– Əli xan, acından ölürəm.

Biz bağçaya çıxdıq. Fəvvarələrin ətrafını qızıl güllər bürümüşdü. Sərv ağacları göyə ucalırdı. Rəngarəng qanadlarını yelpinc kimi açmış tovuz quşu batmaqda olan günəşi, seyr edirdi. Uzaqlarda Demavənd dağı ucalırdı. Mən əl çaldım. Şiş sifətli bir hərəm xidmətçisi tez yanımıza gəldi. Onun dalınca da əlində xalça və yastıq tutan yaşlı bir qadın gəlirdi. Biz bir sərv ağacının kölgəsində oturub süfrə açdıq. Hərəm xidmətçisi su və ləyən gətirdi. Sonra yerə sərilmiş xalının üzərinə İran mətbəxinin ən ləziz yeməkləri ilə dolduruldu.

Pulemyotun şıqqıltısını eşitməkdənsə xörəyi əllə yemək yaxşıdır, deyən Nino sol əlini buğlanan plova uzatdı. Xədimağası qorxunc bir ifadəylə ona baxdı. Ağasının utanmasına şahid olmasın deyə xidmətçi üzünü yana çevirdi.

Mən Ninoya, İranda plovun sağ əlin üç barmağı ilə necə yeyildiyini öyrətdim. Bakını tərk etdiyimiz gündən bəri ilk dəfə olaraq Nino güldü. İndi mən də artıq özümü sakit hiss edirdim. Şah ölkəsində, Şəmiran sarayında, dindar şairlərin və müdriklərin diyarında həyat çox gözəl idi.

Nino birdən soruşdu:

– Bəs sənin əmin Əsəd-əs Səltənə ilə onun hərəmxanası haradadır?

– Hər halda, şəhərdəki saraydadı. Üç arvadı da onun yanında olmalıdır. Hərəmxananı soruşursan? Bu bağça və ətrafındakı otaqlar elə hərəmxanadır da!

Nino güldü:

– Deməli, məni hərəmxanaya gətirmisən, eləmi? Mən bilirdim ki, əvvəl-axır belə olacaq.

Bu zaman ikinci bir hərəm xidmətçisi gəldi. Bu xidmətçi bədəncə arıq və bir qoca idi. O, bizə yaxınlaşıb soruşdu ki, bizim üçün mahnı oxusun ya yox. Biz istəmədiyimizi bildirdik. Üç qız gəlib xalçaları bükdülər. Əvvəlki qoca xidmətçi də gəlib süfrədən artıq qalan yeməkləri yığışdırıb apardı. Balaca bir oğlan da tovuz quşuna yem verirdi.

– Əli xan, bu adamlar kimdirlər?

– Xidmətçilər.

– Görəsən nə qədər xidmətçi var burada?!

Mən bunu bilmədiyim üçün xidmətçini çağırıb ondan soruşdum. O bir qədər fikirləşəndən sonra dedi ki, Hərəmxanaya iyirmi səkkiz qulluqçu xidmət edir.

– Bəs burada neçə arvad yaşayır?

– Hal-hazırda ancaq biri, o da sənin yanında oturan qadındır. Amma burada kifayət qədər yer vardır. Əsəd-əs-Səltənə arvadları ilə birlikdə şəhərdə yaşayır. Bu indi sənin hərəmxanandır.

Sonra o oturub sözünə davam etdi:

Mənim adım Yəhya Quludur. Mən sənin namusunun keşikçisiyəm, xan. Mən yazmağı, oxumağı və hesablamağı bilirəm. Evi idarə etməyi və qadınlarla əlaqədar bütün məsələlərdən başım çıxır. Mənə bel bağlaya bilərsən. Yanınızda oturan qadının əcnəbi olduğu bəllidir. Amma mən ona yavaş-yavaş əxlaq və rəftar qaydalarını öyrədə bilərəm. Mən görürəm ki, onun qoltuqlarının altı tüklüdür. Bəzi ölkələrdə qadınların tərbiyəsinə son dərəcə etinasızlıq edirlər. Sabah onun dırnaqlarına həna qoyacağam və yatmazdan əvvəl onun ağzını da müayinə edərəm.

– Ay Allah, daha bunlar nəyə lazımdır?

– Çürük dişləri olan qadınların ağzından pis iyi gəlir. Mən onun dişlərinə baxıb, nəfəsini iynəməliyəm.

– Bu adam orada nə boşboğazlıq edir? – deyə Nino soruşdu.

– O diş həkimi kimi öz xidmətini təklif edir. Əcaib bir tipə oxşayır.

Qəribə bir vəziyyətə düşmüşdüm. Sonra hərəm xidmətçisinə dedim:

– Yəhya qulu, görürəm sən mədəniyyətə aid olan bütün məsələlərdən xəbəri olan səriştəli bir adamsan. Lakin, mənim arvadım hamilədir və ondan muğayat olmaq lazımdır. Elə bu səbəbdən də, körpə dünyaya gələnədək tərbiyə məsələlərini təxirə salırıq.

Bunu deyərkən utandığımdan yanaqlarımın qızardığını hiss edirdim. Nino həqiqətən hamilə idi, amma buna baxmayaraq mən yenə yalan danışırdım.

Hərəm xidmətçisi cavab verdi:

– Siz çox ağıllı hərəkət edirsiniz, xan. Hamilə qadınlar anlaşılmaz olurlar. Yeri gəlmişkən deyim ki, doğulacaq uşağın oğlan olmasını təmin etmək üçün bir əlac var. – O, bunu deyib Ninonun zərif vücudunu nəzərdən keçirdib əlavə etdi:

– Mənə elə gəlir ki, onun üçün hələ bir-iki ay vaxtı var.

Eyvandan çoxlu ayaq səsləri gəldi. Xidmətçilər və qadınlar bir-birlərinə qəribə işarələr etdilər. Yəhya Qulu eşiyə çıxdı və dərhal çox qayğılı halda geri qayıtdı.

– Xan, möhtərəm Seyid Mustafa həzrətləri səni salamlamaq istəyir.

Hərəmxanada sizi narahat etməyə cürət etməzdim, amma Seyid də Peyğəmbər nəslinə mənsub elmli bir adamdır. O, sizi Böyük Salonda gözləyir. “Seyid” sözünü eşidən kimi Nino başını qaldırdı:

– Seyid Mustafanımı deyirsiniz. Deyin gəlsin, hamımız birlikdə çay içərik.

Mən çaşqın və bir az da utancaq halda dedim:

– Seyid buraya gələ bilməz, Nino. Bura hərəmxanadır.

– Ah, buranın nə qəribə adətləri var. Onda onunla kənarda görüşərik.

– Nino, qorxuram ki... Sənə necə başa salım... Bilirsən də İranda bir çox şeylər bizim ölkəmizdəkindən fərqlidir. Seyid axı kişidir.

Təəccübdən Ninonun gözləri bərəldi.

– Yəni demək istəyirsən ki, məni Bakıdan Dağıstana aparan Seyid Mustafa buraya gələ bilməz?

– Hə, Nino, qorxuram... Heç olmasa müəyyən vaxt keçənə qədər...

Nino birdən birə soyuq bir tərzlə “yaxşı” – dedi. “İndi isə çıx get”.

Əzab çəkə-çəkə bayıra çıxıb getdim, sonra da Seyidlə böyük kitabxanada oturub çay içirdim. Seyid Mustafa deyirdi ki, Bakı kafirlərin əlindən azad olunana kimi Məşhədə gedib orada məşhur əmisinin yanında qalmaq istəyir. Dedim ki, bu çox yaxşı düşünülmüş fikirdir, Seyid çox nəzakətli bir adam idi. O, Ninonu heç soruşmurdu və bir dəfə də olsun onun adını belə çəkmədi. Qəflətən qapı açıldı.

– Axşamınız xeyr olsun, Seyid.

Ninonun səsi boğuq idi.

Seyid Mustafa yerindən hoppandı. Onun çopur sifətində dəhşət ifadəsi var idi.

Nino xalçanın üstündəki döşəkdə oturdu: – Bir stəkan da çay içərsinizmi, Seyid?

Eşikdə təlaşla gəlib gedən adamların ayaq səsləri gəlirdi. Şirvanşir evinin nüfuzu birdəfəlik yerə vurulmuşdu. Seyid yalnız bir neçə dəqiqədən sonra özünə gəldi. Nino qaşqabağını sallayıb güldü:

– Mən pulemyotdan qorhmamışam, sənin üç, beş, hərəm xidmətçilərindən mi qorxacaydım – dedi.

Beləliklə biz hamımız, axşama kimi bir yerdə qaldıq. Çünki Seyid sadəcə incə bir kişi deyil idi, eyni zamanda da çox anlayışlı bir insan idi.

O gecə yatmazdan əvvəl hərəm xidmətçisi alçalmış bir adam kimi mənə yaxınlaşıb dedi:

– Ağa, mənim cəzamı veriniz. Mən arvadınızı gözümdən qoymalı deyildim. Lakin onun bu dərəcədə çılğın və bu qədər yabanı olacağı kimin alğına gələ bilərdi. Bu mənim günahım, diqqətsizliyimdir ağa.

Özünü son dərəcə günahkar sayan bir insanın ifadəsi vardı onun girdə sifətində.

XXIV

Qəribədir! Bibiheybətin neft hopmuş sahilində son güllə səsini eşidən zaman elə bilirdim ki, mən bir daha özümü xoşbəxt hiss etməyəcəyəm. Lakin Şəmiran sarayının gül qoxulu bağçasında dörd həftə içərisində özümü vətənimdə olduğum kimi tamamən rahat hiss edirdim.



Şəhərə çox nadir hallarda gedərdim. Şəhərdə dostlara baş çəkərdim və yaxud xidmətçilərimin müşayiəti ilə Tehran bazarının qarmaqarışıq yollarında dolaşıb alış-veriş edən adamları seyr edərdim.

Nəhəng çətirə bənzər qübbəli bir damın altında dar küçələr, qaranlıq döngələrdə gündüzlər belə yanan lampalar, çadıra bənzər dükanlar uzanırdı. Bazarda vaxtımı qızıl güllər, xalçalar, baş örtükləri, ipək əşyalar və zinət şeylərini axtarmaqla, keçirirdim. Onların arasında qızılla işlənmiş güyümlər, çox qədim boyunbağları, bilərziklər, tumac balışlar və seçmə ətriyyatlar tapıb alırdım. Aldığım şeylərə uyğun İran tacirlərinin ciblərinə böyük gümüş tümənlərim axırdı. Xidmətçilərim Şərqin qeyri adi cah-cəlallarını daşıyıb aparırdılar. Bunların hamısı Nino üçün idi.

Xidmətçilərin kürəkləri yükün altında iki qat olurdu. Mən isə bəzi şeyləri almaq üçün hələ də bazarda gəzişirdim. Bazarın bir tinində tumac cildli Qurani Kərim və miniatür rəsmlər satılırdı: birinci rəsmdə sərv ağacının altında badam gözlü bir Şahzadə və onun yanında oturmuş bir qız, ikinci rəsmdə isə ova çıxmış padşah, havada uçan bir nizə və qaçmaqda olan bir ceyran təsvir olunurdu. Yenə də gümüş tümənlər cingildəməyə başladı. Bir az irəlidə iki tacir alçaq kürsüdə oturmuşdular. Onlardan biri cibindən bir gümüş tümən çıxardıb o birisinə verir. O da tüməni diqqətlə gözdən keçirir, dişlərinin arasında sıxıb dişləyir, balaca bir tərəziyə qoyub çəkir və iri bir torbaya qoyurdu. Tacir borcunu tam ödəyənə qədər əlini yüz, min, bəlkə də on min dəfə torbaya salıb çıxardırdı. Hərəkətlərindən və üzünün ifadəsindən ləyaqətli adama oxşayırdı. Bu ticarətdir! Axı Peyğəmbərimizin özü də tacir olmuşdur.

Bazar labirinti xatırladırdı. Həmin iki tacirin dükanı yanında müdrik bir qoca kişi oturub qabağındakı kitabın səhifələrini vərəqləyirdi. Qocanın sifəti yosun basmış qədim qaya yazılarını yada salırdı. Uzun incə barmaqları onun iltifatlı və rəhmdil olduğuna dəlalət edirdi. Kitabın saralmış vərəqlərindən Şiraz güllərinin ətri, İran bülbüllərinin cəh-cəhi, şən nəğmələrin səsi, badam gözlərin, uzun kipriklərin xəyali təsviri duyulurdu. Qocanın incə barmaqları bu qədim kitabın səhifələrini ehtiyatla vərəqləyirdi.

Bazar səs-küylü adamlarla dolu idi. Çox qədim və zərif rəngləri olan bir Kirman xalçasını görüb sahibi ilə qiymət danışmağa başladım. Üzərində bağça naxışları olan xalçalardan Ninonun xoşu gəlirdi. Bazarda birisi qızılgül suyu və qızıl gül yağı satırdı.

Xidmətçilər əldən düşmüş halda yanımda dayanmışdılar. Bunların hamısını tez Şimrana aparın. Mən sonra gələcəyəm.

Xidmətçilər izdihamın içinə girib, gözdən itdilər. Bir neçə addım qabağa atıb çayxananın alçaq qapısından başımı aşağı əyərək içəri keçirəm. Çayxana ağzına qədər adamla dolu idi. Çayxananın ortasında qırmızı saqqallı bir kişi oturmuşdu. Gözlərini yarı qapamış bu kişi Hafizin bir qəzəlini oxuyurdu. Dinləyicilər ovsunlaşmış kimi dərindən köks ötürür və qəzəldən ləzzət aldıqlarını gizlətmirdilər.

Sonra həmin kişi qəzetdən xəbərləri oxumağa başladı: “Amerikada elə bir cihaz icad edilib ki, söylənilən sözü bütün dünyaya eşitdirir. Parıltısı günəş şəfəqindən güclü, əli marsa çatan, taxtı dünyadan uca olan hökmdarımız şahənşah Sultan Əhməd, Şah Bakeşah sarayında İngiltərədə hakimiyyətdə olan kralın elçilərini qəbul etmişdir.

Dinləyicilər heyrətlə ona qulaq asırdılar. Sonra qırmızı saqqallı kişi qəzeti büküb, yenə mahnı oxumağa başladı. Mahnı bu dəfə cəngavər zal oğlu Rüstəmdən və onun oğlu Zöhrabdan bəhs edirdi. Mən gözlərimi isti məxməri çaya zilləyib, fikirləşirdim ki, işlər lazım olan tərzdə getmir.

Mən İrandayam, sarayda yaşayıram, həyatımdan da razıyam. Nino da mənimlə eyni sarayda yaşayır, ancaq həyatından tamamilə narazıdır. O, Dağıstanda dağlı həyatının bütün əzab-əziyyətinə qatlaşırdı. Burada isə dəbdəbəli İran həyat tərzinin əxlaq qaydalarına uymaq istəmirdi. Polis qadınlarla kişilərin küçələrdə yan-yana getmələrini qadağan etmiş olduğu halda, Nino mənimlə birlikdə küçəyə çıxıb gəzmək istəyirdi. Həqiqətən bu ölkədə ərlə arvad birlikdə nə qonaq qəbul edə bilərdi və nə də bir yerdə gəzməyə çıxa bilərdi. Nino mənə yalvarırdı ki, şəhəri ona göstərim. Onu fikrindən döndərməyə çalışan zaman isə Nino qəzəblənirdi. Ninoya deyirəm ki, böyük məmnuniyyətlə şəhəri sənə göstərərdim, amma səni şəhərə apara bilmərəm, məni düz başa düş.

1   ...   11   12   13   14   15   16   17   18   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə