Əli Şəriəti kabusu




Yüklə 82.32 Kb.
tarix27.04.2016
ölçüsü82.32 Kb.
Güntay Gəncalp

Əli Şəriəti kabusu

  1. Əli Şəriətinin həyatı.

  2. Şəriətinin metodologiyasında Qərb etkisi.

  3. Qərb düşmənliyinin səbəbləri.

  4. Dünyadakı inqilabı duyğuların etkisi.

  5. Şəriətinin qadınlar haqqında görüşləri.

  6. Şəriətinin inqilab anlayışı.

  7. Şəriətinin “özünə dönüş” anlayışı.

  8. Şəriətinin Amerikanın kəşfi və gəlişməsi üzərinə baxışı

  9. Şəriəti və Nəhc-ül Bəlağə.

  10. Əli Şəriəti və “mehdi”.

I

Şəriətinin həyatı

Əli Şəriəti 1932-ci ildə Xorasan əyalətinin Səbzəvar şəhrinin Kahək kəndində bir axund ailəsində dünyaya gəlmişdir. Ərəb dilini ailə mühitində öyrənir və atasının istəyi üzərinə Əbuzər Qəffarinin həyatını konu alaraq yazılmış romanı ərəbcədən farscaya tərcümə edir. Əbuzər Qəffari, Məhəmməd peyqəmbərin yaxın arxadaşlarından biri olmuş, III xəlifə Osman və o zamanın Şam valisi Müaviyə ilə bəzi Quran ayələrinin yozumunda anlaşa bilməmişlər. Bu üzdən də Əbuzər Qəffari Osmanın əmri əsasında sürgün edilir. Romanın anlatdığına və bəzi təsdiqlənməmiş tarixi verilərə görə Əbuzər Qəffarinin öncə qızı, daha sonra da özü acından ölür. Əbuzər Qəffarinin həyatını konu alan və xəyallarla qaynayıb qarışaraq ondan böyük bir şəxsiyət oluşduran bu roman Pəhləvi rejimi zamanında inqilabi duyğuların toplum içində yayqınlaşmasına geniş zəmin yaratdı. Əli Şəriətinin daha sonrakı həyata baxışı da bu romanın xəyali və fantastik dünyagörüşü əsasında şəkilləndi. Daha sonralar kitablaşan nitqlərində daima bu kitabdakı Əbuzər Qəffari şəxsiyətini örnək olaraq göstərmişdir. Əbuzər Qəffarinin toplumu irəliyə doğru sövq edəcək dərin fikri və fəlsəfəsi olmamışdır. Sadəcə Şəriəti III xəlifə zamanında bəzi Quran ayələrinin təfsiri ilə bağlı Əbuzərin haqlı olduğunu əsas alır. Ancaq kimin haqlı olduğu bəlli deyildir. Çünkü Quranda bir möhkəmat var, bir də təşaböhat. Möhkəm ayələrdə Tanrı hər şey açıqca söyləmiş və təfsirə, təhlilə gərək yoxdur, ancaq təşaböhatda isə, təfsirə ehtiyac varmış. Bu ehtiyac sonsuzluğa qədər davam edər. Yəni bütün əsrlərdə hər kəs öz anladığına görə bu ayələri təfsir edə bilərmiş. “Təfsir” elminin islamda orataya çıxışının, yaranışının da səbəbi təşaböhat, yəni bir-birinə bənzəyən, şərhə ehtiyacı olan ayələrdir. Bir çox sekular islam bilimçilər Tanrının təşaböhatı Qurana yerləşdirməsi ilə insan ağlına önəm verdiyini yazmaqdadırlar. Yəni insan zamanların, məkanların ehtiyaclarına görə bu vəsilə ilə öz ağlını kullanmış olsun. Bu üzdən də Şəriətinin bəzi ayələrin şərhində Osmanın haqsız olub, Əbuzər Qəffarinin haqlı olmasını söyləməsi elmi deyildir. Sadəcə Şəriəti Əbuzərin təhlilinin doğru olduğuna inanmış və fikirlərini islamla, tarixlə və toplumla bağlı bu əsasda gəlişdirmişdir. Kimin haqlı olduğunu isə Tanrı bilir, Şəriəti deyil. Yəni Osman və Əbuzər məsələsində dörd variant ola bilər: 1. Osman haqsızdır, Əbuzər haqlıdır. 2. Osman haqlıdır, Əbuzər haqsızdır. 3. Həm Osman, həm də Əbuzər haqlıdır. 4. Həm Osman, həm də Əbuzər haqsızdır.

Əbuzərin, Osmanın və Müaviyənin fərqli şəkildə anladıqları əsas ayələr Tövbə surəsinin 34-35-ci ayələri idi. Bu ayələrdə Tanrı sərvət (var-dövlət) toplayıb Tanrı yolunda bağışda bulunmayanların yeri cəhənnəm olacaqdır, deməkdədir. Əbuzər Qəffari bu ayədən çıxış edərək Müaviyənin, Osmanın çevrəsinin və digərlərinin sərvət toplamalarına etiraz edirdi. Müaviyə və digər Osmanın yanında bulunan səhabilər isə, belə hesab edirdilər ki, bu ayə yəhudiləri, xristianları və digər əhli kitabı nəzərdə tutmuşdur, müsəlmanları deyil. Bu arada maraqlı olan budur ki, peyqəmbərin ən yaxın və önəmli dostları islamın ilk çağlarında bir-birlərinə qarşı çıxmış, bir-birlərinin qanlarını tökmüşdülər. Peyqəmbərlə yaxın irtibatda olan, peyqəmbərlə bir cəbhədə kafirlərə qarşı savaşan islamın böyükləri bir-birinə qılınc çəkmişsə, o zaman daha sonrakı dönəmlərdə bu qədər məzhəblərin, təriqətlərin ortaya çıxıb bir-birlərini məhv etmələri təbii görünür. Əslində Şəriətinin də bu qarışıq tarixdə örnək haqlı axtarması fərqli şəkildə qan tökmək üçün zəmin yaratmaqdan başqa bir şey olmamışdır. Necə ki, İran İslam İnqilabı da bunu göstərdi.

Şəriəti 1958-ci ildə Fransada təhsil almaq üçün dövlət bursunu qazanır. Fransanın Sorbon universitetində 1962-ci ildə tətbiqi dilçilik üzrə doktorasını bitirir. O, Orta Çağ əlyazısı örnəyi olan “Fəzail-ul Bəlx”in bir nüsxəsini fransızcaya tərcümə edir və doktora tezisini də bu kitab üzrə savunur.

Ə. Şəriəti Jorj Qorviçin neomarksizm, J.P. Sartrın ekzestensializm, L. Masinionun islam irfanı üzərinə təhlillərinin və Frants Fanonun üçüncü dünya ölkələrinin inqilabi hərəkətləri üzərinə psixoloji dəyərlərndirməsinin dərin təsiri altında idi. Ayrıca, Hegelin, Haydegerin, Yaspersin və Markozenin əsərlərini oxumuşdur. Şəriətinin ictimai görüşləri XIX əsr sosiologiyasının üsullarına çox yaxın olmuşdur, xüsusən Hegelin və Marksın yöntəmlərindən faydalanmağa çalışmışdır. İslam tarixi üzərinə yanaşmasında marksist və hegelist dialektika anlayışından faydalanmağa çalışmışdır.

Şəriətinin beş illik Fransa həyatı çox maraqlı keçmiş, bir çox hadisələrə qarışmışdı. Çünkü o zaman Fransa universitetləri, çayxanaları fərqli görüşlərin, düşüncələrin dartışıldığı mərkəzlərə dönüşmüşdü. Fransa demokratiyası islam şərqinin diktatorluğundan gəlmiş bir çox öyrəncilərin fikri baxımdan gəlişməsinə fürsət yaratmışdı. Daha sonra Qərb düşmənliyini bayraq edən, Qərb mədəniyətinə savaş açan Şəriəti kimi insanların demək olar ki, çoxu Qərbdə yetişdilər. Çünkü daha öncəki əsrlərdə olduğu kimi Şərqdə düşüncə adamının yetişməsi mümkün olmamışdır. Din adı altında diktatorluğun, qaranlıq istibdadın insanların bütün həyat sahələrinə müdaxilə etməsi səbəbi ilə fikir adamı yetişməmişdir. Şərqdə bu gün olduğu kimi əskidən də elm öyrənmək yalnız ilahiyatla məşğul olmaq anlamında olmuşdur. Yəni ərəb dilinin qramatikasını, dərinliyini öyrənərək Quran üzərinə yazılan təfsirləri oxumaq.

Şəriəti Parisdə iranlı öyrəncilərin Əlcəzayir inqilabına dəstək nümayişinə qatıldığı üçün polisin müdaxiləsi nəticəsində yaralanıb xəstəxanaya düşür. Əlcəzayir millətçilərinin görüşlərini təbliğ edən “Əl-mücahid” qəzeti ilə Şəriətinin əməkdaşlığı onu radikal inqilabçı olmağa sövq edir. Bu qəzet Qərb mədəniyətinə və sömürgəçiliyinə qarşı islam birliyini təbliğ edirdi. Ancaq istibdadın hökm sürdüyü, tarix boyu eyni soydan olan ərəblərin birləşə bilmədikləri bir vəziyətdə müxtəlif millətlərdən ibarət olan islam dünyasını necə birləşdirəcəkləri haqda siyasi fəlsəfələri yox idi. Bu üzdən də əqli mərhələdən inanc mərhələsinə süqut edirdilər. Heç bir texnologiya, elm, bilgi ürətə bilməyən islam şərqi bütün bilgini, texnologiyanı inhisarında tutmuş Qərb mədəniyəti ilə necə qarşı-qarşıya gələ bilərdi? Bu üzdən də Şəriəti kimi, gerçəklikdən fərar edib imamların, onlara görə böyük sayılan islam şəxsiyətlərinin ağlına sığınırdılar. Bu səbəbdən də heç bir iş görə bilmədilər. Onlar islam şərqindəki istibdad və zülmü ortadan qaldırmaq üçün modern dünyanın imkanlarına, azadlıq anlayışına güvənmək yerinə daha qatı tarixi Şərq istibdadına sığınırdılar. Bu üzdən də həm Əlcəzayir, həm İran inqilabını gerçəkləşdirən bu zehniyət fəlakət törətdi. Hər iki ölkədə dini istibdad insanların hətta özəl həyatına müdaxilə etməyə başladı. Şəriətinin ağlındakı və kitablarındakı siyasi, ictimai proje İrandakı islam inqilabı şəklində gerçəkləşdi. Bu inqilabın gerçəkləşməsində hər kəsdən daha çox Şəriətinin hissi və əqli planda təsiri oldu.

1960-ci ildə Pəhləvi rejiminə müxalif olan gənclər xaricdə İran Azadlıq Cəbhəsini təşkil edirlər. Bu qurucu gənclər arasında inqilabdan sonra ilk prezident olan Bənisədr, Bənisədr hökumətinin nazirləri olan İbrahim Yəzdi, Sadiq Qütbzadə və Mustafa Çəməran da var idi. İnqilabdan təqribən bir il sonra prezident olan Bənisədr Xumeyninin basqısı nədəni ilə Fransaya fərar etdi, Qütbzadəni edam etdilər, Mustafa Çəmran İran-İraq savaşında öldü və İbrahim Yəzdi isə öz həyatına davam edir.

Şəriəti xaricdə keçirilən İran Azadlıq Cəbhəsinin qurultayında bu təşkilatın fikirlərini əks etdirən, farsca yayınlanan “Azad İran” qəzetinin baş redaktoru seçildi. İrana döndüyündə ölkə dışındakı siyasi fəaliyətlərindən dolayı yaxalanıb altı ay həbsə məhkum edildi. 1965-ci ildən etibarən Məşhədin orta məktəblərində və daha sonra da Məşhəd universitetində yardımçı dosent kimi islam tarixini tədris etməyə başladı. 1964-ci ildə qurulmuş “Hüseyniyeyi irşad” (“Hüseyn sayağı hidayət”) dərnəyində məruzələrlə çıxış edib, nitqlər söyləməyə başladı. Onun bu dərnəkdəki nitqləri ən çox islamşünaslıq mövzusunu ehtiva edirdi. Islam tarixinə, xüsusən şiə islamı üzərinə modern Qərb sosiologiyasından faydalanaraq təhlillər etməyə çalışırdı. Qərbin elmi metodundan faydalanaraq Qərb düşmənliyi edirdi. Şəriətinin bu dərnəkdəki söhbətləri kaset və kitabçalar şəklində bütün ölkədə yayılmağa başladı. Daha sonra kitablaşıb Şəriəti adına yayılan kitabların çoxu əslində onun bu dərnəkdəki söhbətlərindən ibarət idi. 1972-ci ildə aşırı islamçı “Xalq mücahidləri” və marksist görüşlü “Xalq fədailəri”nin Pəhləvi rejiminə qarşı silahlı mübarizələri üzərinə Şəriətinin nitq söylədiyi bu dərnək qapadıldı. Çünkü, özəlliklə Xalq Mücahidləri bu dərnəkdən özləri üçün tərəfdar toplayırdılar. Silahlı savaşlarda ölən bir neçə Xalq Mücahidlərinin üzvləri bu dərnək vasitəsi ilə təşkilata qatılmışdılar. Bu zaman Əli Şəriəti gizləndi. Lakin atasını tutuqlayıb dedilər ki, Əli Şəriəti ortaya çıxdığında sərbəst buraxılacaqsan. Əli Şəriəti təslim oldu və 18 ay həbsə məhkum edildi. 1976-ci ildə sərbəst buraxıldı, ancaq yenə də 2 il boyunca polisin nəzarəti altında saxlanıldı. 1978-ci ilin may ayında saxta bir pasportla İrandan qaçmağı başardı. Təqribən bir ay sonra Londonda qəlb infarktından ölmüşdü. Əli Şəriəti vəsiət etmişdi ki, onu şiə əhlinin VIII imamı olan Rzanın məzarının yanında basdırsınlar. Lakin nədənsə onu Suriyədə Əbutaliboğlu Əlinin qızı Zeynəbin məzarının yanında basdırdılar.

Ölümündən sonra kitabları geniş oxucu kütləsi arasında yayılmağa başladı. İranda yaşayan əhalinin duyğularının, ağıllarının islam orta çağına gömülməsində Şəriətinin çox böyük rolu oldu. Nədən onun əsərləri bu qədər geniş yayıldı və nədən bu gün artıq İranda Şəriətinin əsrələrinə ikrahla yanaşılırkən, Türkiyədə və Quzey Azərbaycanda sempati ilə qarşılanmaqdadır. Məqalənin axışı içərisində bu suallar da dəyərləndiriləcəkdir.
II

Şəriətinin metodologiyasında Qərb etkisi


Şəriətinin bütün əsərlərini mütaliə edərkən onun intellektual məzhəb projesinde dörd önəmli amil özəlliklə gözə çarpmaqdadır: 1. Kültürəl renesans və ya kültürəl doğuş. Şəriəti kültürəl doğuşu bu şəkildə izah edir ki, əskilərdən bizə miras qalmış və heç bir soruşdurmaya tabe tutmadan qəbul etdiyimiz ənənələri tənqid etməliyik. Bu proses içində “özünü şərh et!”, “özünü məqbul olaraq göstər!” anlayışları ortaya çıxır. Bu şəkildə də gələnəklə (ənənəylə) əqli bir planda dialoq ortaya çıxır. Şəriəti Qərbdən almış bu metodu məqbul hesab etsə də onun əsərləri şiə mərkəzli tarix heyranlığından başqa bir şey deyildir. 2. Bilgilənmə, bilgiləndirmə və maraq oyandırma. 3. Kimlik oluşdurma. 4. İnsanın qurtuluşu.

Şəriətinin bütün dəyərləndirmələri demək olar ki, bu dörd formul içində ayrıntılı olaraq gəlişmişdir. Şəriətinin bu şəkildə formulizasonu tam bir Qərb metodudur, Batı düşüncə həyatından alınmışdır. Çünkü XVI əsrdən başlayıb günümüzə qədər davam edən Qərb düşüncə həyatının təməlində tarixin basqısının altından qurtulub, ənənələrin təzyiqindən azad olub modern insan tipi yaratmaq durmuşdur. Bu proses sürəcində din, din tarixi axışında ortaya çıxmış və insan həyatını, azadlığını özünə yem edən bir çox dəyərlər ağlın və liberal zəkanın mühakiməsinə verilmişdir. İşin ən ilginc yanı budur ki, Şəriəti Qərb düşüncə həyatının nailiyətlərini 12 imamlı şiə məzhəbinin adına bilgisiz və savadsız oxuculara sırımağı başarmışdır. Qərbin bu qədər əziyətlərə qatlaşaraq əldə etdiyi bu gözəlliklər, bu əxlaqi dəyərlər, bu insan haqları nailiyətləri sanki 12 imam təlimlərində mövcudmuş! İran tarixi mühiti və toplumu insan ağlını elə dəyərsizləşdirir ki, insanların bir-birinə olması gərəkən hörmət və güvən tamamən ortadan qalxır. Səbəbsiz deyil ki, insan haqları anlayışını islam ölkələri qəbul etmirlər. İnsana haq tanımaq üçün ona heysiyətli, düşünən bir varlıq kimi baxmaq gərəkir. Ancaq insanın bütün mutluluğu müqəddəsləşdirilmiş 12 imam tərəfindən söylənmiş, yazılmışsa, artıq insana dəyər vermənin bir anlamı yoxdur. İnsanın dəyəri onun inanış tərzində deyil, ağlını istifadə edib özü və toplumu üçün faydalı varlığa dönüşməsindədir. İstər uzun tarixi sürəc içərisində, istər Pəhləvi istibdadı dönəmində, istərsə xomeynizm istibdadı dönəmində insana sayqısızlıq, insan azadlığına hörmətsizlik bir alışqanlıq halına gəlmişdir. İnsan heysiyətinə ehtiram göstərən Qərb mədəniyəti isə XX əsr İran mühitində iki cəbhədən yasaqlanmışdır: 1. Pəhləvi istibdadı zahirən qərbləşmək şüarı ilə çıxış etsə də, Qərb mədəniyətinin yalnız maddəsinə önəm verir və onun demokratiya, insan haqları, liberalizm və siyasi pluralizm kimi dəyərlərinə yasaq gətirmişdi. Bu üzdən də Pəhləvilərin bu qeyri-insani siyasi davranışları Qərbi çox çirkin göstərməkdə idi. Yazıb-oxumaqdan məhrum olan və dini fətvalarla gündəlik həyatlarının qanunlarını oluşduran İran əhalisi üçün Qərb əxlaqsızlığın, namussuzluğun aşıb-daşdığı məkan kimi görünürdü. 2. Qərbi namussuzluğun, zülmün mərkəzi göstərən digər cəbhə isə oxumuş adamların yazılarında görünürdü. Qərbi, imperialist və sömürgəçi olaraq göstərən kommunist cəbhə üzərində burada danışmaq istəmirəm, baxmayaraq ki, antiqərb psixologiyasının oluşmasında onların böyük təsirləri oldu. Burada əsas məqsəd islam inqilabının ideoloji təməlini təşkil edən dinçı aydınların, özəlliklə Əli Şəriətinin çalışmalarını ələ almaqdır.

Əli Şəriəti Əlcəzayirin Fransaya qarşı mübarizəsini dəstəklədiyi üçün Qərb düşməni olmuşdu. Çünkü Əlcəzayirin mübarizəsi sadəcə istiqlal savaşı deyildi. Fransanın bütün dəyərlərinə qarşı mübarizə aparırdılar. Fransa bu ölkədən çıxdıqdan sonra Əlcəzayir iç savaşın, istibdadın, boğuntunun məkanına çevrildi. Bir çox əlcəzayirli, Fransa istilasını özləməyə başladı. Fransanın bütün dəyərlərinə qarşı çıxmaq istər-istəməz bütün Qərbin mənəvi dəyərlərinə qarşı çıxmaq idi. Çünkü Qərbin əsas demokratiya və cümhuriyət kimi dəyərləri Fransada ortaya çıxıb dünyaya yayılmışdır.

III


Qərb düşmənliyinin səbəbləri

Şəriəti və digər dinçilər, Pəhləvi istibdadının Qərbi belə çirkin göstərmə siyasətindən istifadə edib islam inqilabı üçün ideoloji zəmin hazırladılar. Dinçilərin əsərlərində israrla qeyd edilirdi ki, Qərb yəni bu, yəni Pəhləvi istibdadının davranışları. Yəni namussuzluq, yəni əxlaqsızlıq. Qərbdən bizə qurtuluş yoxdursa, o zaman Pəhləvi istibdadından qurtulmaq üçün nə etmək gərəkir? Şəriəti bu suala çox açıqca belə cavab verir ki, tarixin şiə anlayışına fərar etmək lazımdır. 12 imamlı şiə məzhəbindən, qurtuluş projesini çıxarmaq gərəkirmiş. O zaman belə bir sual ortaya çıxır: Bu 12 imamlar öz zamanlarında dönəmin zalimləri ilə necə davranmışlar? Bu suala cavab vermək üçün Şəriəti öz əsərlərində 10 mərhələdə susqunluğu və yalnız bir mərhələdə danışmağı tərcih edir. Yəni 12 imamdan biri yox olmuş, yalnız Əlioğlu Hüseyn Kərbəlada şəhid olmuş və digər 10 imam isə dönəmin zalim olaraq sanılan hakimləri ilə anlaşmış, xəlifələrə beyət etmişlər. Hz. Əlinin daha öncəki 3 xəlifə dönəmindəki ”susqunluğuna” Şəriəti öz bucağından baxaraq fərqli yozum gətirir. Bu yozumun tarixi gerçəklərlə heç bir əlaqəsi yoxdur, 1400 ildən sonra tarixi olay üzərinə təsəvvürlərə arxalanaraq verilən şərhlərdir. Bu üzdən də Şəriəti, Hüseyn örnəyini yenə də tarixi gerçəklərlə əlaqəsi olmayan bir şəkildə çarpıdaraq topluma çatdırır. Necə? Həm Əlioğlu Hüseyn, həm Əlioğlu Həsən Müaviyə ilə beyət etmişdilər. Müaviyə onlara bolluca hədiyələr göndərirdi. Həsən öldükdən və ya bəzi rəvayətlərə görə, öz qadınlarından biri tərəfindən zəhərlənib öldürüldükdən sonra Əlioğlu Hüseyn yenə də Müaviyə ilə uyum içindədir. Müaviyənin oğlu Yəzid xəlifə olduğu zaman, Hüseyn onun xilafətinə qarşı üsyan etmədi. Sadəcə onunla beyət etmək istəmədi. Beyət etməmək üsyan və ya Şəriətinin söylədiyi kimi inqlab anlamında deyildi. Hüseynin atası Əli, Müaviyə ordusunda olan bir çox adamların atasını, qardaşını Siffeyn və digər savaşlarda öldürmüşdü. Hüseynin beyət etməməsini bəhanə edən bu adamlar Əlinin oğlundan intiqam almaq istədilər. Kərbəla faciəsinin təməlində daha çox qan davası və intiqam hissi durmaqda idi. Yəni olayın sosioloji və tarixi boyutlarını incələmədən onu müqəddəsləşdirib və bu hadisəni bütün zamanların örnək siyasi davranışı halına gətirmək, İran İslam İnqilabı timsalında olduğu kimi fəlakət doğurar. Şübhəsiz ki, Əlioğlu Hüseynin şəxsiyətinin böyüklüyünü inkar etmək qeyri-mümkündür. Ancaq bu, o demək deyil ki, olaya tarixilik bucağından baxmayıb müqəddəslik bucağından baxmalıyıq. Əli Şəriəti islami inqilab üçün daima Kərbəla hadisəsini örnək olaraq göstərmişdir. Ancaq Şəriəti, Hüseynin oğlu Zeynəlabidinin nədən Yəzidlə beyət etdiyi haqda susur, heç bir şey söyləmir. Nədən Zeynəlabidin atasının qatili olan Yəzidlə anlaşdı? Eləcə də Şəriəti dönəmin xəlifələri ilə uyum içində yaşayan imamlar haqqında tamamı ilə susqunluğu tərcih edir. Məslən “Kəsaniyə firqəsinin qurucusu Muxtar Səqəfi, Kərbəla hadisəsinindən sonra qiyam etdi. Hüseynin qatili olan Şimr ibni Zilcoşənin və digərlərinin başını kəsib Hüseynin oğlu şiənin 4-cü imamı Zeynəlabidinə göndərdi. Muxtar onu bu qiyamın rəhbəri olaraq görmək istəyirdi. Ancaq Zeynəlabidin onun bu dəvətini qəbul etmədiyi üçün Muxtar, Əlinin Fatimədən olmayan Məhəmməd Əbuhənifə adlı oğlunu qiyamın rəhbəri olmağa dəvət etdi.” “Zeynəlabidin öldükdən sonra bir qrup onun oğlu Zeydi imam olaraq qəbul etdilər. Zeyd şiənin V imamı və öz qardaşı olan Baqiri xilafətə qarşı susqunluğuna görə tənqid edirdi. Zeyd, qardaşı Baqirə deyirdi: Bizim atamız Zeynəlabidin həqiqi imam olmamışdır. Həqiqi imam zalim xəlifə ilə beyət etməməli idi. Baqir də atası kimi sakit bir həyat sürdü. Zeyd isə imamlıq və qılıncın (qiyamın) eşanlamlı olduğöunu savunurdu. Zeyd, Əməvi xəlifəsi Hişam ibni Əbdülməlikə qarşı qiyam etdi. Bu yolda şəhid oldu.”1 Bu gün Yəmən ölkəsinin rəsmi məzhəbi Zeydiyədir. Abbasi xəlifəsi Məmunun tarix yazarı Riyan ibni Şeyb şiənin VIII və XI imamlarının toyları haqqında geniş məlumat verir. Məmun böyük qızını VIII imam Rza ilə və kiçik qızını da XI imam Məhəmməd Cavadla evləndirdi. Riyan ibni Şeyb yazır ki, XI imamın toyunda xərclənən paranın həddi-hüdudu yox idi. Şəriəti nədən bu imamların xəlifənin kisəsindən faydalanmaları haqda bir tək söz söyləmir, susur. 12 imamı qutsallaşdıran Şəriəti dönüb-dolaşıb “Hüseyni inqilab”dan danışır. Ancaq bu sual Şəriətinin əsərlərində cavabsız qalır ki, nədən “Hüseyni inqilab”ı, Hüseynin oğlu, nəvə-nəticələri etməzkən, Şəriəti bu inqilabı sadə xalq kütləsindən bəkləyir?

IV

Dünyadakı inqilabı duyğuların etkisi


Şəriətinin inqilab anlayışını zaman-məkan bağlamında dəyərləndirmək lazımdır. 1960 və 1970-ci illərdə bütün dünyada inqilabi əhval-ruhiyə mövcud idi. Bunun bir çox dəlilləri var idi: 1. Avropa ölkələrindəki texnoloji inqilab Qərbdə fərqli bir həyat duyğuları, həyat fəlsəfəsi və dünyagörüşü yaratmışdı. Qərb gündən-günə zənginləşir, Şərq isə yoxsullaşırdı. Bəzi sömürülən ölkələrin aydınları bağımsızlıq məfkurəsini ortaya qoyub imperialistlərə qarşı savaş başlatdılar. Xüsusən Afrika ölkələrinin bağımsızlıq mübarizəsi Şəriətini bir müsəlman olaraq çox maraqlandırırdı. 2. Latin Amerika ölkələrində Che Guevara və Fidel Kastro kimi marksist liderlər dünyanı inqilabi duyğularla doldurmuşdular. 3. Dünyanın super gücü olan Sovetlər Birliyi bütün antiqərb inqilabları dəstəkləyirdi. 4. Vyetnamda Amerikanın məğlubiyəti dünyadakı inqilabi duyğuları daha da gücləndirmişdi. Bütün bu hadisələrin hamısı bir yerdə islamçı aydınların da inqilab anlayışlarında marksist-leninist ünsürləri görmək mümkün idi. Bu üzdən də Şəriətinin neomarksist mövqedən çıxış etməsi heç də təsadüfi deyildi. Lakin Şəriəti tam bir marksist deyil, sadəcə marksizmin inqilabi metdodunu qəbul edir. Bu metoddan faydalanıb “Hüseyni inqilab”ı gerçəkləşdirmək fikrindədir. Leninist inqilab proletar istibdadına, şəriətiçi inqilab isə imamlıq istibdadına əsaslanırdı.

İran mühiti Qərb mədəniyətinin maddəsini qəbul edir, mənasını və mənəviyatını yasaqlayırdı, dedik. Bu üzdən də İran mühitində Qərb aydınları haqqında demək olar doğru-dürüst bir kitab yox idi. Çünkü Pəhləvi istibdadı Qərb aydınlarının insan haqları anlayışını və demokratiyasını dövlət güvənliyi üçün təhdid görürdü. Pəhləvi zamanında sadə bir Qərb yazarının romanını oxumaq suç sayılır və oxucu illərcə zindanda yatmalı olurdu. Belə bir mühitdə Şəriəti bir neçə cümlə ilə Qərb aydınları haqqında yarım-yamalaq bilgi verib və oxucusunda Qərb haqqında istədiyi görüşü yarada bilirdi. Şəriətinin kitabını oxuyan adam da, xüsusən gənc isə, Şəriəti vasitəsi ilə bütün dünyanı oxuyub öyrəndiyini sanırdı. Ancaq Kierkeqard, Haydeger, Yaspers, Volter, Sartr kimi Qərb aydınları Şəriətinin əsərlərində sadəcə bir cümlə xəbərdən ibarət idi.




V

Şəriətinin qadınlar haqqında görüşləri


Şəriətinin kitablarında və inqilab anlayışında diqqətləri cəlb edən amillərdən biri də onun tarixə erkəkmərkəzli baxmasıdır. Şəriəti bir çox yerdə dua edir ki, “Tanrı qadınlara ağıl versin!” Bütün dinlərin də söylədikləri üzrə qadının yaradılışında bir əksiklik və qüsur var. Şəriəti bu əksikliyin ortadan qalxması üçün dua edir. Kapitalizmin qadın bədənini və ruhunu kapitalın ünsürü kimi görməsi əlbəttə ki, qadının yaradılışdan qüsurlu yaranması anlamına gəlməz. Qadın məsələsi tarix boyu böyük bir problem olmuşdur. Çağımızda da qadın azdlığından danışa-danışa qadını sərmayənin, gəlirin obyekti kimi göstərmək istəyənlər var. Qadınların özlərində də qısa yolla zənginləşmək üçün bədənlərini əşyalaşdırmağa meyl ortaya çıxdığında, artıq gerçəkdən də qadın məsələsi bir problem halına gəlir. O zaman bu məsələ dualarla deyil, tətbiq edilən doğru sosial sistemlər nəticəsində ortadan qalxa bilər. Simone De Buarın da “İkinci cins” kitabında üzərində durduğu kimi erkəkmərkəzli gəlişmiş olan bu tarixin, qadınları əşyalaşdırmaq üçün əlində həm güc var, həm də bolluca təcrübəsi var. Yəni qadın məsələsi Şəriətinin təklif etdiyi dua yöntəmi ilə deyil, insan haqları fəlsəfəsi bağlamında çözülə bilər. Çünkü Şəriətinin də qürur duyduğu şiəmərkəzli tarixdə ziyalı, ictimai-siyasi hadisələrə müdaxilə edən bir tək qadına rast gəlmirik. Çünkü Şəriətinin fəlsəfəsində qadın ikinci cinsdir. Erkəklərin iradəsinə tabe olmalıdır. İnsan haqları bəyannaməsində deyilir ki, bütün insanlar (qadın-kişi) bərabər dünyaya gəlirlər. Lakin Şəriətiyə görə qadın kişinin iradəsindən asılı olaraq dünyaya gəlir.

VI

Şəriətinin inqilab anlayışı


Şəriətinin irəli sürdüyü inqilab anlayışı elmi və zehni inqlab deyildir. Elmi deyildir, çünkü cahanşümul elm anlayışının dışında şəkillənmişdir. Elmi deyildir, çünkü bütün insanlığın qurtuluşunu nəzərə almaz. Fəlsəfəsi mikromühitə və özəlliklə şiənin şiddət və şəhadət fəlsəfəsinə dayanmaqdadır. Zehni inqilab deyildir, çünkü onun inqilab anlayışı insanın zehni imkanlarını genişlətmək və dərinləşdirmək yerinə onu yalnız şiənin tarixi fanatizm və şəhadət anlayışına pərçinləməyə çalışır. Örnəklərlə göstərildiyi kimi, şiənin imamlarının da xoşlanmadığı şəhadət fəlsəfəsi tarix boyu yalnız şiddəti, ölüb-öldürməyi çağrışdırmışdır. Ümumiyətlə Şərq insanının həyat duyğuları çox zəifdir, çünkü Şərq insanı həyat planlarını bu dünyaya görə deyil, o dünyaya görə hazırlamışdır. Həyat duyğularından məhrum olan toplum inqilab etməyə ən yatqın olurlar. Sosial ədalət və insan haqlarını heç bir din tətbiq edə bilməmişdir. Bu gün Qərbdəki sosial ədalət və insan, heyvan haqları inanc sistemindən yoğrulan bir olay deyildir. Bu durumu insan ağlının ön plana çıxması hazırlamışdır. Şəriətinin əsərlərində insanın qurtuluşu üçün heç bir modern siyasi fəlsəfəyə, modernitəyə önəm verilmir. Ona görə qurtuluş və sosial ədalət ancaq şiə təlimləri əsasında inqilab etməkdir. Şəriətinin ideyaları gerçəkləşdi. İranda inqilab oldu. Bu inqilab dostluq, qardaşlıq və sosial ədalət gətirmədi. İlk gündən edamlar başladı. Şiənin qatı təlimatına uyğun gəlməyən bütün zehniyətlər dəstə-dəstə edam edildilər. Daha sonra da iqtidar uğruna yarışda bir-birlərini parçalayıb yedilər. Bu üzdən də “şəhadət fəlsəfəsi” həm Şəriətinin, həm də digər dinçilərin təlimlərində zəhmətkeş, savadsız, kor-koranə inanan kütləni siyasi amaclar üçün bir alət kimi istifadə etməyə xidmət etmişdir. Artıq “şəhidlik fəlsəfəsi”nin yerinə “həyat fəlsəfəsi” almışdır. Həyat duyğuları ilə dop-dolu olan səmərəli, fədakarcasına yaşamaq bəşəriyətə ən böyük xidmətdir. Böyük Tanrı da bu yaşamdan razı olar. İrandakı inqilabda Xomeyninin çağrılarına qatılıb “şəhid” olanlar ac, işsiz və hədəfləri bəlli olmayan insanlar idi. Əslində bütün tarix boyu şiddət və inqilab çağrışdıran ideologiyaların hamısı yıxıcı avam kütləyə xitab etmiş, onların enerjisini öz hədəfləri uğrunda mərkəzləşdirmişdir. Xalqın qurtuluşundan danışıb cənnəti bu dünyada gerçəkləşdirmək istəyən inqilabçılar İran İslam İnqilabı örnəyində görüldüyü kimi ölkəni cəhənnəmə dönüşdürmüşlər. Bu üzdən də islam dünyasında “Şəhadət fəlsəfəsi”ni əlində bayraq edən ideoloqlar dünyanın ən qəddar, yırtıcı və qeyri-əxlaqi işlərini etmişlər.

VII

Şəriətinin “özünə dönüş” anlayışı


Şəriətinin önəmli kitablarından birinin adı “Özünə dönüş” adlanır. Bu ifadəni digər kitablarında da sıx-sıx kullanır. Bu ifadə çox çəkici görünür. Buradakı bu “öz” qavramının üzərində diqqətlə durmaq lazımdır. Öz nədir? Şəriətiyə görə islam şərqinin orijinal bir “öz”ü varmiş, ancaq Qərb sömürgəsi onu gerçək “öz”ündən ayırıb və saxta bir “öz” vermişdir. Şəriəti israrla söyləyir ki, Qərbin bizə uydurduğu bu saxta “öz”ü yıxıb və əski orijinal “öz”ümüzə dönməliyik. O zaman belə bir sual ortaya çıxır: Nədən Şərq millətləri Qərbin bu hədəfinə çatması üçün yatqın olacaq dərəcədə geri zəkalı olmuşdur? Şərq, Qərbin bu saxta “öz” oluşdurmasına nədən seyirci qalmışdır? Niyə Şərq bu qədər düşüncəsiz olmuşdur? Yoxsa Şərq, Qərbin tərəqqisi qarşısında aşağılıq kompleksinə girərək Qərbin istilasında yaşamaqdan xoşlanmışdır? Şəriəti ən maraqlı örnəyini də Türkiyə timsalında yazır. Şəriətiyə görə Qərb, islam dininin sütunu olan Osmanlı imperatorluğunu dağıtmaq üçün Türkçülük ideologiyasını Osmanlıda ortaya atdı. Mustafa Kamal isə latın hərfinə keçişi sağlamaqla Qərb imperialistlərinin istəklərinə çatmasına yardımçı olmuş və Anadoludakı müsəlmanları islam dünyası təfəküründən və əlifba birliyindən ayırmışdır. Anlaşıldığı kimi Şəriəti yenə də hadisəyə elmi deyil, hissi və inancı gərəyi yanaşmaqdadır. Şəriəti ərəb əlifbasının türk dilinə uyğun olmadığını bilmirmi? Bilir. Çox yaxşı bilir. Ancaq onun üçün elmi bilgi lazım deyl, lazım olan onun inancına xidmət edən gəlişmələrdir. Şəriətinin Osmanlı sempatizanlığını yapması onun fars milliyətçiliyi inancına dayanır. Osmanlı Sultanları yanlarında Hafizin, Sə´dinin divanını daşıyır, farsca yazır, türk dilini təhqir edirdilər. Əlbəttə Osmanlının türklərə qarşı etdiyi bu milli zülmü, fars milliyətçisi olan Şəriəti böyük bir həvəslə dəstəkləməlidir. Yoxsa Osmanlıda hansı mədəni və orijinal “öz” var idi? Cümhuriyət aydını Cəmil Meriç demişkən “Bütün Osmanlı tarixindən bir tək kitab qalmadı. Osmanlını dağıdan Qərb olmadı, öz qaranlığına qapanması oldu. 1879-cu ildə Fransada inqilab gerçəkləşdiyində Osmanlı öz içindən çökməyə başladı. Çünkü bu mədəniyətin qarşısında sönük görünürdü. Bir tək Volteri, Diderosu, Rososu yox idi Osmanlının. O böyük aydınlanma projesi qarşısında Osmanlı çox yoxsul, fəqir və zülmət içində qalmışdı.”2 O zaman Şəriəti hansı Osmanlı “öz”ündən və mədəniyətindən danışır? Anadoluda türkçənin gəlişməsi, modern türkçədə dünya mədəniyətinin əks olunması Şəriətini bir fars milliyətçisi kimi rahatsız edir. Şəriətinin Atatürk düşmənçiliyi buradan qaynaqlanır. Yoxsa Şəriətidə tarix bilgisi və ədalət anlayışı varsa, Qərb ölkələri ordularını Anadoludan zorla çıxaran və bağımsız bir dövlət quran Atatürkü öyməlidir. Şəriətinin anlatdığının tam tərsinə olaraq, Atatürk imperialistlərə qarşı savaşıb və qalib gələn dünya liderlərindən biri və birincisidir. Əli Şəriətinin həsrətini çəkdiyi Osmanlı yönətimi bütün ölkəni, islamı, namusu və şərəfi ingilislərə satmışdı. Sonunda da Sultan Vəhyəddin qaçıb gavur saydığı düşmənin qoynuna sığındı. Bu səbəbdən də çox çəkici bir ifadə olan “özünə dönüş” Şəriətinin əsərlərində fanatizmə, Şərqin qaranlığına yuvarlanış kimi görünür. Tutalım ki, Şəriətinin dediyi doğrudur və Qərb islam dünyasını parçalamış, ortalığa nifaq soxmuşdur. Ancaq Qərbin güclənməsi təqribən XIX əsrin ortalarından başlamışdır. Qərbin Şərqə girməsindən öncə islam şərqində ədalət, insan haqları, qadın haqları varmı idi? Yox idi. Demək ki, problem Qərbin dünyada üstün olması deyil. Bu üstünlüyü Qərb çox böyük zəhmət və elmi çalışma nəticəsində əldə etmişdir. Bu üstünlük əslində Şərqə lazımdır. Qərbin üstünlüyü Şərqi zorlamaqdadır. Nəyə və niyə zorlayır? Zorlayır ki, Şəriətinin qürur duyduğu o qaranlıq keçmişindən ayrılıb insan haqlarına sayqı duyan modern mədniyət qatarına qatılsın. Əgər bu gün Şərqdə modern bir şey varsa, o da Qərbin hesabınadır. Şərqin keçmişindən bu gün insanlığa yardımçı olacaq önəmli mənəviyat, texnologiya yoxdur. Bu səbəbdən də Şəriətinin “özünə dönüş” ifadəsi irticadan, fanatizmdən, insan ağlını tarixin qaranlığına gömməkdən başqa bir şey deyildir. Və sonunda Şəriətinin “özünə dönüş” kimi gerici bir şüarı ən açıq şəkildə özünü bu şəkildə ortaya qoyur: “imamını tanımayıb ölən, cahil ölmüşdür.” Buradakı imam anlayışı “mehdi”dən ibarətdir. Şərqdə heç bir siyasi fəlsəfənin olmamasının səbəbi budur. İnsan ağlı fələsəfə oxuma, öyrənmə yerinə qeybdən gələcək qurtarıcını bəkləməli və onun edəcəyi inqilab üçün zəmin yaratmalı imiş. Bu üzdən də Şəriəti “intizar” qavramının üzərinə ideoloji yatırım yatırır. Yalnız Şəriəti bir suala cavab vermir. Quranda zina, şərabiçmə kimi bəsit mövzularla bağlı möhkəm ayələr varkən, nədən bu qədər önəmli və insanların həyatı ilə bağlı olan “mehdi” məsələsi ilə ilgili heç bir açıq bilgi, möhkəm bir ayə yoxdur? “Mehdi” ilə bağlı daha sonra uydurulmuş hədislər doğru ola bilməz. Doğru olsa Hz. Məhəmmədin peyqəmbərlik missionu və Quranın möcizəvi bir kitab olduğu sual altına gedər. Quranda və ən mötəbər hədis qaynağı sayılan Buxarinin “Səhih”ində “mehdi” ilə bağlı heç bir kəsin bilgi yoxdur. O zaman bu “intizar”, bu qurtarıcı bəkləmə hardan ortaya çıxmış? “Mehdi” məsələsi islamı sapdırmaq üçündür, yoxsa islamı yanlış anlamanınmı nəticəsidir? Əlbəttə ki, bu intizar sürəsincə heç bir tərəqqi və təkamül ortaya çıxmaz, necə ki, çıxmamışdır.

“İntizar” görüşünün olduğu yerdə siyasi fəlsəfə yaranmaz. Nədən? Çünkü siyasi fəlsəfə gələcəyin qurulması üçün bir düşüncə projesidir, “intizar” isə gələcəyin hazır olduğunu və onu mehdinin gətirəcəyini söyləyir. Ən ideal gələcəyi o gətirəcək. Onun gətirəcəyi gələcəyi qura bilməyəcəyimiz üçün bəkləməkdən başqa çarə yoxdur.



VIII

Şəriətinin Amerikanın kəşfi və gəlişməsi üzərinə baxışı


Şəriəti tarix elmi ilə heç bir əlaqəsi olmayan, ancaq toplumu həyəcana gətirmək üçün fətvasayağı hökmlər də vermişdir. Örnəyin Şəriətinin bu görüşünə diqqət edəlim: “Biz Avropa kimi olmaq istəmirik. Nədən Avropa kimi olalım? Avropa bir kərə özünü təkrarladı və Amerikanı yaratdı.” Şəriətinin bu görüşündə tarixi baxımdan nə qədər bilgisizliyin və həm də Qərb düşmənliyinin yatdığı bəllidir. Öncə bunu bilmək gərəkir ki, Amerikanı XV əsrin ehtiyacları kəşf etdi. Avropa planlı bir şəkildə özünü Amerika qitəsində təkrarlamaq istəməmişdi. Tarixə Şəriəti kimi yanaşmaq Amerika məsələsinin elmi şəkildə anlaşılmasına mane olar. Ayrıca, Amerikanı müsəlmanlar kəşf etsə idi, Şəriəti “islam dünyası özünü Amerikada təkrarladı” deyərmi idi? Deməzdi. Amerikada tarixi sürəc içində Amerikan kimliyi və milləti oluşduqdan sonra, özəlliklə ingilis sömürgəçiliyinə qarşı çox heysiyətli mücadilə aparmışlar. Amerikanın istiqlal savaşları olmuş ki, Şəriəti bunları öz dar şiə görüşünə görə görmək və təqdir etmək istəməmişdir. Amerikanın kəşfi məsələsi bir çox bilim adamlarının marağını cəlb etmişdir. Nədən Amerikanın kəşfi üçün o zaman yalnız İspaniya dövləti bolluca maddi yardım göstərdi Kristof Kolomb və yandaşlarına? Will Durant bu məsələyə aydınlıq gətirmişdir. Qostəntəniyə (İstanbul) türklərin əlinə keçdikdən sonra Çinlə olan ticarət yolu təhlükəyə girdi. Bəzi Avropa ölkələri Afrika yolu ilə Çinlə yeni ticarət xətti oluşdurdular. Ancaq İspaniya bu imkandan da məhrum olduğu üçün uzun da olsa başqa bir ticarət yolu tapmaq istəyirdi. Yəni dövlət üçün həyati bir məsələyə çevrilmişdi ticarət yolu. Bu üzdən də onların Amerikanı kəşf etmək kimi məqsədləri yox idi, Çin və Hindistanla fərqli bir yolla ticari münasibət qurmaq istəyirdilər. Bütün bu elmi və tarixi dəlillərdən ya xəbərsiz olan, ya öz dinçi fanatik anlayışına elmi və bilgini yaxın buraxmayan Şəriəti Amerikanı Avropanın təkrarı kimi göstərir. Ayrıca Amerikda Birləşik Dövlətlərində 300 milyon insanın demokratik mühitdə yaşaması nədən Şəriətini rahatsız edir? Onlar da islam ölkələrində olduğu kimi istibdad və diktatorluq altında yaşasaydılar yaxşımı olardı? Şəriəti xristian dünyasının islama qarşı saldırqanlığını pisləyir, ancaq müsəlmanların xristian torpaqlarını işğal edib onların klisələrində atlarını bağlamalarını islamın və müsəlmanların fəthi olaraq anladır. Modern dünya insanları dinindən, inancından, irqindən asılı olmayaraq bərabər sayır ki, Şəriətinin problemi də budur. Şəriəti bu fəlsəfəni qəbul etmir, çünkü qəbul etdiyində onun şiənin üstünlük ideyası məqbul sayılmaz. Abbasilərin İspaniyanı işğal etməsini islamın zəfəri adlandırır, ancaq ispanların gücləndikədn sonra onminlərcə müsəlmanın başını kəsib müsəlmanları və islamı işğalçı bir din olaraq yurdlarından qəhrəmancasına çıxarmalarını qəddarlıq adlandırır. Bir sözlə Amrika olayı Şəriətinin bir cümlə ilə söylədiyi kimi bəsit bir olay olmamışdır. Amerikanın kəşfi, yaradılışı bir istək üzərinə deyil, bir çox tarixi olayların və sürəclərin nəticəsi olmuşdur. Şəriəti sadəcə Amerika məsələsinə belə hissiyatla yanaşmır, onun bütün tarixi və sosioloji dəyərləndirmələri qeyri- elmi və öz şiə inancına dayanmaqdadır. Ona görə də Şəriətinin kitabları bütün dünyaya xitab edə bilmir. Çünkü onun elmi səviyəsi tarix və sosiologiya institutları tərəfindən qəbul edilməz, rədd edilər. Şəriətinin kitabları bilgisiz, fanatik, duyğusal dinçilərin ağlına və ruhuna xitab edər yalnız. Kimsə duymamışdır ki, dünyanın elmi mərkəzlərində Şəriətini ciddi bir bilim adamı olaraq qəbul etsinlər. Sartrın Şəriəti haqqında söylədiyi də yalandan, yanlışdan başqa bir şey deyildir. Heç bir ciddi qaynaqda buna rastlanmadım. İran inqilabı ərəfəsində Sartr çox təqdir görən bir şəxsiyət kimi tanınmışdı. Sartrın adına Şəriəti haqqında xoş bir söz uydurdular ki, Şəriətini oxumayanlar da ya oxumaq zorunda qalsın və ya oxumasalar da Şəriətinin böyüklüynü bir şəkildə etiraf etsinlər. Ayrıca, Sartr bu sözü desə də elə əhəmiyətli bir söz deyildir.

IX

Şəriəti və Nəhc-ül Bəlağə


Şəriətinin fikir qaynaqlarından biri də Nəhc-ül Bəlağədir. Nəhc-ül Bəlağənin Hz. Əliyə aid olduğu söylənir, ancaq bilim adamları bu konuda fikir birliyi içində deyillər. Nəhc-ül Bəlağə adında bir kitab Hz. Əli zamanında olmamışdır. Hz. Əlinin ölümündən təqribən 300 il sonra Seyyid Rəzi adında birisi Əlinin söylədiklərini toplamağa başlamışdır. Bir yerə topladığı kitabın adını Nəhc-ül Bəlağə qoymuşdur. Seyyid Rəzi Nəhcü-ül Bəlağəyə bir önsöz yazmışdır. Bu önsözdə deyir ki, Hz. Əliyə aid olduğu söylənən fikirlərin ən uyğun olanlarını bu kitabda topladım. Yəni bir çox sözləri də kitabda yerləşdirməmişdir. O zaman belə bir sual ortaya çıxır: Hz. Əlinin ölümündən 300 il sonraya qədər şifahi olaraq nələr qala bilər? Buxari peyqəmbərə aid olan hədisləri toplamaq üçün öncə “Böyük tarix” kitabını yazdı. Bu kitabda peyqəmbərə aid olan hədisləri söyləyən insanların özəl və sosial həyatları haqqında bilgi verilir. Ancaq Seyyid Rəzi belə bir işi də etməmişdir. Sadəcə bir sürü sözləri toplayıb adını Nəhc-ül Bəlağə qoyaraq bunların Hz. Əliyə aid olduğunu söyləmişdir.


X

Əli Şəriəti və “mehdi”


Əli Şəriətinin “mehdi” haqqında söylədikləri də heç bir tarixiliyə dayanmamaqdadır. “Mehdi”dən öncəki imamlar nədən onun haqqında kiçik də olsa bir risalə yazmamışlar. Hər kəs “mehdi” məsləsi ilə bağlı imamlardan duyduqlarını söyləmişdir. Bəzən də bu rəvayətləri söyləyənlərin ümumiyətlə tarixdə olmamaları isbatlanmışdır. Yəni məsələn bir fərd demiş ki, hansısa imamdan “mehdi” haqqında filan sözü eşitmişdir. Bu fərd kim olmuş, sosial və iqtisadi statusu necə olmuş, soyu –sopu kimlərə dayanmış? Bu haqda kəsin bilgi verilməmişdir. Sadəcə şiə əhlinin mifik ehtiyacı bu vəsilə ilə bərtərəf edilmişdir. Şəriətinin siyasi fəlsəfəsi “intizar” əsasında şəkilləndiyi üçün və bu intizar müddətində “mehdi”ni təmsil edən bir naib (mehdinin yardımçısı) daima toplumun içində var olduğu üçün, Xomeyni şəriətiçiliyin də təlqini əsasında naib-ul imam olaraq təqdim edildi. Geri qalmış, heç bir elmi-intellektual və əqli-fəlsəfi təcrübəsi olmayan bu topluma təlqin etdilər ki, Xomeyni ayda görünür.!!! Xomeyninin “gül cəmalını” ziyarət etmək üçün bütün ölkə əhalisi damların üstündə aya baxırdı! “Mehdi”nin səlahiyətlərinə sahib olan Xomeyni minlərcə günahsız gənc insanı qətl etdi. Çünkü “mehdi”nin gəlişi üçün bu qətllər vacib idi.

İran İslam İnqilabından dərhal sonra “Fürqan” adında terrorist bir qrup ortaya çıxdı. Dövlət tərəfindən də dəstək görən bu terrorist dəstənin fikir lideri Şəriətinin əsərləri idi. Bu dəstə islamiyəti Şəriəti kimi təfsir etməyənləri öldürürdü. Şəriətinin təlimləri həm dövlətin dərin qatlarında yerləşdi, həm də müxalifətdə “Xalq Mücahidləri”nin ideyasını oluşdurdu. Hər iki tərəf şiddət, diktatoluq və terrordan yana tutum sərgilədilər. Çünkü Şəriətinin əsərlərində dialoq deyə bir fəlsəfi dərinlik yox idi.

Zaman keçdikcə İran əhalisi Şəriətiçiliyin necə bir fəlakət doğurduğunu düşünürdü. Artıq Şəriəti əhalinin ruhuna xitab edə bilmirdi. İç siyasətdə istifadə vaxtı bitmiş olan Şəriətinin bütün əsərlərini özəlliklə Türk dilinə tərcümə etdilər. Bu gün Türkiyədə və Şimali Azərbaycanda islamdan, islam tarixindən xəbərsiz olan fanatik şəriətiçilərin ortaya çıxmasının səbəbi budur. İran şovinist rejimi Türkiyədən və Şimali Azərbaycandan gələn milli duyğuları əngəlləmək üçün Şəriətinin kitabları vasitəsi ilə bir növ qarşı hücuma keçmişdir. Fars şovinizmi Şəriətinin fanatik fikirlərini yaymaqla Azərbaycanı və Türkiyəni öz içindən vurmaq istəmişdir.

İran mühitində Şəriətiçiləyə qarşı çıxan bir çox dindar alim də ortaya çıxdı. Onlardan biri Abdulkərim Soruşdur. Şəriətinin şiəmərkəzli inqilab və dünyaya baxışının tam tərsinə olaraq Soruş dini pluralizmi önə sürdü. Dini pluralizm Qərb zehniyətinin ürünüdür və islamla heç bir əlaqəsi yoxdur. Soruş bu vəsilə ilə islam tarixinə etirazını bildirmiş oldu. Soruşun savunduğu sekularizm və pluralizm, əslində Şəriətiçiliyin antidemokratiya görüşlərini və şəriətiçilik qaynaqlı şiddət və terroru kökündən inkar edir. İran inqilabından 30 il keçdikdən sonra əhali necə dini bir istibdadın içində qərq olduğunu hiss etməyə başladı. Bu üzdən də bu qara istibdaddan qurtulmaq üçün dinə fərqli baxış ehtiyacı ortaya çıxdı. Bu sürəc içində Şəriəti şiddətlə tənqid edildi, çünkü bu istibdadın doğuşunda onun da böyük təsiri olmuşdur. Bir sözlə Şəriətinin kitabları düşünmədən tələm-tələsik dini inqilab projesini hazırlamaqdan başqa bir şey deyildir. Bu üzdən kitabların çoxunda eyni mövzu təkrar-təkrar verilməkdədir.

Şəriəti məhrumları, yoxsulları dini inqilaba sövq etmək üçün bütün peyqəmbərlərin məhrumiyətlərindən danışır. Ancaq yenə də tarixi gerçəklər Əli Şəriətinin yalanlarını ifşa edir. Əvvəla Hz. Məhəmməd özü ilk öncə çoban olsa da Hz. Xədicə ilə evləndikdən sonra ticarətlə məşğul olurdu. Yoxsul və məhrum biri deyildi. Hz. Süleyman peyqəmbərin zənginliyi yerə-göyə sığmırdı. Yəhudi kökənli peyqəmbərlərin əksəriyəti zəngin insanlar olmuşlar. İnqilab etmək üçün ölkədə çoğunluğu oluşduran yoxsul, məhrum kütlə olmalıdır. Yoxsa inqilabın bir dayanağı olmaz. Bu məhrum kütlə o zamanın İranında var idi. Ayrıca, dünya şərtləri də inqilab üçün çox yatqın idi.

***



1 الملل و النهل کتاب اول ص 251.

2 Cemil Meriç, Sosyoloji notlar





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə