Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli




Yüklə 0.65 Mb.
səhifə4/8
tarix22.02.2016
ölçüsü0.65 Mb.
1   2   3   4   5   6   7   8

(TRT “Türkiyənin səsi” və Azərbaycan İctimai radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən “Qorqud Ata” proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2013-ci il martın 28-də efirdə səsləndirilmiş verlişin mətni. ( www.trtazerbaycan.com) əsasında hazırlanmışdır.)

ÇILĞIN ŞAİR, COŞĞUN VƏTƏNSEVƏR MİRJAKIP DULATOV

Onun adını və soyadını qazaxlar Mirjakıp Dulat ulu kimi yazsalar da, rusdilli sə­nədlərdə Miryakub və ya Mir-Yakup Dulatov kimi ya­zılır. O, 1885-ci il noyabrın 25-də Kus­tanay vilayətinin Sarıkopa kən­din­də anadan olmuşdur. Qazaxların Or­ta cuzuna daxil olan Arqın tayfa­sının zadəganlarının ailəsində do­ğu­lan Mirjakıp 2 yaşında anası Dəmeşi, 12 yaşında isə atası Dulatı itirmiş və qardaşı Askarın himayəsində böyümüşdür.

1893-cü ildə kənd mollası yanı­na oxumağa gedən Mirjakıp orada Qu­ran oxumağı, şəriəti, fars və türk dillərini öyrənir. 12 yaşın­da olanda onu Torqaydakı ikisinifli rus-tuzem mək­tə­bi­nə göndərirlər. Bu məktəbləri bitirənlərin böyük əksəriyyəti son­ralar rus dili vasitəsilə Rusiyadakı millətçilik şüuru ilə ta­nış olmuş və beləcə vətənlərini Rusiya əsarətindən qurtarmaq uğrun­da mübarizə aparan vətən­se­vər­lərə çevrilmişlər. Mirjakıp Dulatov da belə bir yol keçmişdir.

Mirjakıp Dulatov rus-tuzem məktəbi adlandırılan, Avropa tipli təhsil ocağını bitirdikdən sonra əsası Ufa şəhərində 1906-cı ildə qoyulan Qaliya mədrəsəsində oxumağa gedir. Daha çox Ziya Kamal kimi tanınan Pərvaz əd-din Camal əd-din Kamal əd-Dinovun rəhbərlik etdiyi mədrəsədə təhsil sistemi Doğu-Batı metodlarının sintezi əsasında qurulmuşdu. Mədrəsədə təhsil dörd pilləli idi və burada oxuyan şagirdlərdən təhsil xərci alınmırdı. Üç illik təhsil ibtidai, sonrakı dörd illik təhsil rüşdi, ondan sonrakı dörd illik təhsil iqdadiyə, son üç illik mərhələ isə qaliyə, yəni ali (tatar və başqırdlarda səssizi ilə başlayan bir çox sözlərin əvvəlində q səslisi işlədilir. – Ə.Ş.). Buraya xarici ölkələrdən qəzet, jurnal, kitab gətirilməsi ilə yanaşı, şagird və tələbələri əlyazma hüququnda ədəbi-bədi, elmi, publisist jurnallar hazırlamağa həvəslədirirdilər.

Mədrəsədə Lütfülla Bayçurun, Xatmulla Fazılov, Zarif Hazret Alkayev kimi dövrünün tanınmış pedaqoqları dərs deyirdilər. Bölgənin ən məşhur elmi ocaqlarından olan bu mədrəsədə oxuyanların əksəriyyəti tatar-başqırdlar olsa da, 154 qazax yeniyetməsi də buranı bitirmişdir.

Qaliyya mədrəsəsində tatar, başqırd, özbək, qazax, qırğız mədəniyyətinin inkişafına və ictimai fikrin formalaşmasına təsir göstərmiş Qalimcan İbrahimov, Şeyxzadə Babiç, Məcid Qafuri, S.Kudaş, K.Q.Xakimov, B.İşemqul, S.S.Atnaqulov, Q.X.Alparov, Q.Q.Kudoyarov və b. tanınmış şəxsiyyətlər oxumuşlar. Belə bir mühitdə təhsil alan Mirjakıp Dulatov da çox gənc yaşlarında bədii yaradıcılıqla məşğul olur və ictimai-siyasi məsələlərə böyük maraq göstərir.

Qaliya mədrəsəsini bitirib müəllim işləməyə başlayan Mirjakıp Dulatov 1905-ci ildən ölkəni bürüyən inqilabi hərəkata qoşulanlardan olur. Karqaralıdakı demokratlara qo­şu­lan Mirjakıp 1906-cı ildə Əli xan Bökeyxanovun təşəb­bü­sü ilə Uralskidə təşkil edilən Konstitusiyaçı Demokrat Partiya­sının (Kadet) təsis qurultayında fəal iştirak edir. Qurultay­da onu rəhbər heyətə seçirlər və bu heyətin tərkibin­də Peterburqa gedir.


Çar Rusiyasının mər­kə­zi quberniyalarının rus əha­li-sini Qazaxıstanın ən məh-suldar torpaqlarına köçürül-məsinə qarşı çıxanlardan olan Mir­jakıp Dulatov ide-yalarını həm də şeirlərilə təbliğ etmə­yə çalışır.

“Gənclərə” adlı ilk şeiri­ni1907-ci ildə Peter-burqda Abdülle­şid İbrahi-movun qa­zax­ca nəşr etdir-diyi “Ser­ke” (qa­za­xlar qoyun sürüsü bora­na düşəndə onun qar­şısına ke­çərək sürünü labüd məhvdən xilas edən insana serke deyirlər. – Ə.Ş.) qəzetinin birinci nömrəsində işıq üzü görür. Qəzetin ikinci nömrəsində isə onun “Bizim vəzifələrimiz” məqaləsi çap olundu. Bu məqaləyə görə, senzor qəzetin bağlanması haqqında qərar verir və məqalənin müəllifi də həbs edilərək Semeplatinsk həbsxanasına göndərilir.

Qəzetin naşiri məşhur din adamı, ictimai-siyasi xadim Abdülleşid İbrahimovun “Serke”dən əvvəl Peterburqda ortaq türk dilində çap etdiirdiyi “Ülfət” və müsəlman xalqlarını bir araya gətirmək üçün ərəbcə nəşr etdirdiyi “Tilimiz” jurnalları da bağlanmışdı.

Millətinin dərdini şeirləri və publisistik yazıları ilə təsvir edən, xalqını oyatmağa, mübarizəyə çağıran şair 1909-cu ildə “Oyan, qazax” adlı şeirlər kitabını çap etdirir. Kitab böyük uğur qazanır. Qısa müddətdə satılıb qurtarır.

Bədii yaradıcılıqda qazandığı ilk uğurdan ruhlanan Mirjakıp Dulatov 1910-cu ildə “Baxtsız Jamal” romanını yazır. Başlıq qarşılığında varlı bir kişiyə verilən Jamalın acı taleyindən bəhs edən roman qazax ədəbiyyatında ilk roman olaraq, maraqla qarşılanır.

Mirjakıp Dulatov 1911-ci ildə “Oyan, qazax” kitabını təkrar nəşr etdirdi. Lakin kitabdakı şeirlər və ona yazılmış ön söz bu dəfə hökumət dairələrinin diqqətini cəlb edir. “Oyan, qazax” şeirlər kitabı müsadirə edilir.

İndiki Qazaxıstan ərazisində rus dilində qəzetlər nəşr edilsə də bu qazax ziyalılarını təmin etmirdi. Onlara xalqa ana dilində müraciət etmək, şeir və hekayələrini, topladıqları folklor nümunələrini ana dilində dərc etməyə qəzet və jurnal lazım idi. Belə bir vaxtda Samarada sürgündə olan, Əli xan Bökeyxanov “Kazax” adlı qəzetin nəşrinə icazə ala bilir. Qəzetin 1913-cü ilin yazında Orenburqda nəşrə başlaması isə heç də təsadüfi deyildi. Həmin dövrdə Oren­burq qazaxların əsas mədəni mərkəzi, baş şəhərləri sayılırdı.

Əli xan Bökeyxanov nəşrinə icazə aldığı qəzetin redaktor­lu­ğuna yaradıcılıqlarına və ictimai-siyasi fəaliyyətlərinə yaxın­dan bələd olduğu Mirjakıp Dulatov və Ahmet Baytur­sunovu təyin edir. Onlar qısa bir zamanda yazıları və təşkilat­çılıq bacarığıyla qəzeti ictimai-siyasi, milli fikir mərkə­zinə çevirə bilirlər.

Abayın (İbrahim Kunanbayovun) başladığı maarifçilik hərə-ka­tının ən fəallarından olan Mirjakıp Dulatov, Ahmet Bayturs­unov, Maqjan Jumabayev var gücləri ilə müstəm­ləkəçiliyə qarşı mübarizə aparır, xalqı öz haqları uğrunda mübarizəyə səsləyirlər.


Bədii yaradıcılıqla ya-naşı, ardıcıl ictimai-siyasi fəaliyyətlə də məşğul olan Mirjakıp Dulatov 1913-cü ildə “Azamat”(İnsan) adlı şeir kitabını çap etdirir. Kitaba müəllif öz şeirləri ilə yanaşı, Fridrix Şillerdən, Aleksandr Puşkindən, Abdulla Tukaydan, Mixail Lermantovdan etdiyi tərcü-mələri də daxi edir. 1915-ci ildə isə “Terme” adlı kita-bını nəşr etdirir. Kitaba ədib ədəbi-bədii, publisistik mə-qalələrini daxil edir. Həmin il onun Gülnar adlı qızı ana-dan olur. (Məşəqqətlər içində yaşayan Gülnara çə­tin­liklə də olsa oxuyub həkim olmuş, atasının əsərlərini toplayaraq, qo­runub saxlanmış, ata­sının və onun əqidə dostlarının bəraət al­ma­sı üçün mübarizə apar­mışdır. 1992-ci ilin oktyabrında Mirja­kip Dulatovun 1935-ci ilin oktyabrın 5-də dəfn olunduğu Karel­ya­dakı Sosnovetsk həbs düşərgəsinin qəb­ris­tan­lığından gətir­dil­mə­sinə nail olmuşdur. Onun cənazəsi Torqay vilayətindəki Jangeldi rayonunun Bidayık kəndində İslami qaydada dəfn edilmişdir. Gülnar xanım 2013-cü ilin fevralın 13-də Almatada dünyasını dəyişmişdir.)

1917-ci ilin oktyabrınadək müxtəlif qəzet və jurnallarda işləyən, haqsızlığa, zülmə qarşı məqalə və şeirlərində meydan oxuyan, sosial ədaləti tərənnüm edən Mirjakıp Dulatov xalq arasında sayılıb-seçilən öndərlərdən birinə çevrilir.

1917-ci ilin fevralında çar II Nikolayın taxtdan salınıb, Müvəqqəti Hökumətin qurulması Mirjakıp Dulatovun həyatdının ən gərgin günlərinin başlanğıcını qoyur. Millətini azad və firavan görmək istəyən, zülmə, haqsızlığa son qoyulması üçün var gücü ilə çalışan vətənpərvər şair sanki bir burulğana düşür. Yaxın dostlarının bir qismi qazax xalqının Rusiya işğalından azad olub öz dövlətini qurmaq uğrunda mübarizə meydanına atılmışdırsa, başqa bir qismi kadr çatışmazlığından, ordu yetməzliyindən qazaxların Rusiya tərkibində muxtariyyatla kifayətlənməsini daha münasib sayırdı. Zülmə və savaşlara son qoymaq, sosial ədalətə nail olmaq istəyənlər də dünya inqilabı eşqiylə yaşayırdılar.

Mirjakıp Dulatov ideyaca sosialist olsa da, milli dəyərlərə də önəm verir, hörmət və ehtiram bəslədiyi Əli xan Bökeyxanovun qazaxların Rusiya Federasiyasının tərkibində olması ideyasından da uzaqlaşa bilmirdi.

Mirjakıp Dulatov 1906-cı ildə qurulmuş Konstitusiyaçı Sosialistlər Partiyasının Alaş Partiyasına çevrilməsinin tərəfdarlarından olmuşdur. 1917-1918-ci illərdə bölgədə keçirilən qurultay və toplantılarda fəal iştirak edən Mirjakıp Dulatov Alaş Orda dövlətinin quruçuları sırasında olsa da, az sonra hökumətin Sibir Respubilikası və onun rəhbəri Aleksandr Kolçakla əməkdaşlığından narazı qalır.

1918-ci ilin yanvarında Ahmet Baytursunov Moskvaya gə­lərək Sovet rəhbərləri ilə danışıqlar aparılmasının tərəf­darla­rın­dan olur. Sovet rəhbərlərinin verdiyi vədə aldanan Mirjakıp Dulatov 1919-cu ildən bolşeviklərlə bir sırada həya­tının yeni mərhələsini başlayır. 1920-30-cu illərdə “Ak jol”, “Yenbekap kazax” qəzetlərində, “Qızıl Kazaxıstan” jurnalın­da işləyir. Madiyar, Azamat, Taymıner, Türik balası və Arğın balası imzaları ilə çeirlər yazır. Kommunist partiyasının üzvü olsa da, sosializ­mi tərənnüm etsə də, Sovet rəhbərliyi ona heç vaxt eti­mad göstərib rəhbər vəzifəyə irəli çəkmir. Tərcüməçi kimi işlət­məklə kifayətlənir.

Alaş Partiyasının üzvləri ilə əlaqəsini kəsməyən, parti­yanın gizli təşkilatlarının işində fəal iştirak edən Mirjakıp Dulatov daimi təzyiq və təqib altında olduğunu hiss etsə də, millə­tinin xoşbəxt gələcəyi naminə mübarizəsindən əl çək­mir. 1922-ci ildə alaşçılar ölkənin müxtəlif bölgələrində üs­yan qaldırırlar. Mirjakıp Dulatovu da bu üsyanın ideoloqu ki­mi həbs edirlər. Lakin silahlı müqavimətdə iştirak etmə­diyi­nə görə, ölkədə savadlı milli kadrlara böyük ehtiyac duyul­du­ğunu düşünüb onu az sonra həbsdən azad edirlər.

SSRİ-də ərəb əlifbasının latın əlifbasi ilə əvəzlənməsi kam­paniyası başlayanda Mirjakıp Dulatov bunun əleyhinə çıxır və Ahmet Baytursunovla bir cəbhədə olur. Bunu xalqın keçmişi, tarixi ilə əlaqəsinin kəsilməsi kimi qiymətləndirir. Qazax dilində islahat adı altında türk xalqları arasında ayrımçılıq siyasəti yeridildiyinə də kəskin etirazını bildirir. Onun fikirlərini açıq söyləməsini dövlət siyasətinə qarşı çıxması kimi dəyərləndirir və 1928-ci ildə yenidən həbs edirlər. Hələ rəbər vəzifələrdə olan milli qüvvələrin təsiri və təzyiqi ilə onun həbsdən azad edilməsi mümkün olur.



Lakin 1930-cu ilin aprelində yenidən həbs edildikdə onu heç kim xilas edə bilmir. Uzun və işgəncəli istintaq onun antiso-vet fəaliyyətini aşkarlayır. So-vet məhkəməsi qanunlara uy-ğun olaraq Mirjakıp Dulatova güllələnmə hökmü oxuyur. Bir neçə ay güllələnmə hökmü ilə həbsxanada saxlandıqdan son-ra güllələnmə hökmü10 il həbslə əvəz edilərək Solovetski ada­la­rındakı Sosnovets həbs düşərgələrinə göndərilir. Mirjakıp Du­latov 1935-ci il oktyabrın 5-də Murmanski dəmir yolunun beşinci söbəsinin mərkəzi xəstəxanasında dünyasını dəyişir. Ona bəraət çox gec, 1988-ci ildə verilir.

Bəraət gec də verilsə, istər qazax xalqının vətənsevər oğul­ları, istərsə də, dünyanın demokratik fikirli insanları Mirjakıp Dulatovu unutmur, onun əsərlərini qoruyub saxlayırlar. 1909-cu ildə “Oyan! Qazaq!”, 1910-cu ildə “Baxtsız Jamal”, 1915-ci ildə “Terme”, 1922-ci ildə “Esep Kurali”, 1924-cü ildə “Kiyragat kitabı” kitablarında və qəzet-jurnallarda çap olun­muş əsərləri toplanaraq 1991-ci ildə “Oyan, kazak”, 2 cildlik “Şıqarmaları” (Seçilmiş əsərlə­ri), 2002-2003-cü illərdə isə 5 cildlik “Əsərləri” adı altında nəşr edildi.

Sovetlər Birliyi dağıldıq­dan sonra Mirjakıp Dulatovun əsərlərinin nəşri ilə kifayətlə­nil­mədi, Qazaxıstan Yazıçılar Bir­liyi Mirjakıp Dulatov adına illik ədəbi mükafat təsis etdi, 2003-cü ildə Kostanay Mühəndis- İqtisad Universitetinə və Astanada bir küçəyə onun adı verildi, 2005-ci ildə Almatıdakı Əl Fərabi adına Qazax Milli Uni­versitetinin həyətində Əli xan Bökeyxanovun, Ahmet Baytursunovun və Mirjakip Dilatovun baralyefi açıldı, onun şərəfinə 2010-cu ildə poçt markası hazırlanıb. “Kazaxtelefilm” studiyasında rejissor Xalil Omarov (Kalila Umarov) 1993-cü ildə “Mirjakıpın oralyı”(Mirjakıpın qayıtması) 1994-cü ildə “Alaş turalı söz” adlı sənədli filimlərini çəkib.

(TRT “Türkiyənin səsi” və Azərbaycan İctimai Radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən “Qorqud Ata” proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2013-ci il aprelin 5-də efirdə səsləndirilmiş verlişin mətni (www.trtazerbaycan.com) əsasında hazırlanmışdır.)

İŞĞALÇILARA QARŞI MÜBARİZƏNİ VƏTƏNDƏ BAŞLAYIB, MÜHACİRƏTDƏ DAVAM ETDİRMİŞ MUSTAFA ÇOKAY (ŞOKAY)

Mustafa Çokayın soyadı Ço­­kay oğlu, Çokay ulu, Çoka­yev, Şoqay ulu, Şokay oğlu, Şokay ulu, Şokayev ki­mi də ya­zılır. Bunun bir səbə­bi türk dil­lərində [ç] səsinin [ş] səsi ilə əvəz­lənməsidir. Qa­zax-qırğız dil­lə­rində aktiv olan bu səs­də­yi­şimi Azər­baycan türk-cəsində pas­siv­ləş­miş­dir. “Qapını aç”, “qa­pını aç­dım” və s. yazsaq da, da­nışıqda [qapıyı aş], [qapıyı aşdım] ki­mi işlədirik. Oğuz qru­puna daxil olan türklər “oğ­lu” deyir və yazırlarsa, qıbçaq dil qrupunda bu “ulu” kimi işlədilir.

Əslində Çokay Mustafanın atasının adıdır. Rusiya qay­daları­na görə ona “ov” şəkilçisi artırmaqla soyadı yarat­mış­lar. Mustafanın atası Çokayın şəcərəsi Xivə xanlarına, anası Bax­tı xanımın şəcərəsi isə Çingiz xanın nəvəsi Batı xana da­ya­nır.

Mustafa Çokayın doğum tarixi haqqındakı rəqəmlər də fərqlidir. Belə ki, onun doğum tarixini gah 1890-cı il dekabrın 25-i, gah da 1891-ci il yanvarın 7-i kimi yazırlar. Bu yanlışlıq Rusiyanın 1918-ci ildə köhnə təqvimdən yeni təqvimə keçməsindən doğmuşdur. Mustafa köhnə təqvimlə 1890-cı ilin dekabrın 25-də anadan olmuşdur. Yeni təqvimlə bu 1891-ci ilin yanvarın 7-nə uyğun gəlir. Nədənsə, onun yanvarın 7-də doğulduğunu yazanlar da ili yanlış olaraq 1890-cı il kimi göstərirlər.

Mustafa Sırdərya kənarındakı Qırğız çölləri adlanan bölgədə, yəni Akmescit (indiki Qızıl Orda) yaxınlığındakı Taranqul aulunda doğulub. Onun nəsli ata tərəfdən Orta Juzun Toraqay tayfa ittifaqının Şaştı tirəsindəndir. Şaştı tirəsi də bir neçə nəsildən ibarətdir. Mustafagilin nəsli böyük Boşay adlanır. Mustafa da Boşay nəslindən gələn qoldakı Janaylara bağlıdır. Mustafa uşaqlıq və yeniyetməliyini Akmescitdə keçirmiş, ilk təhsilini də burada almışdır. Buna görə də çox vaxt onun Akmescitdə doğulduğunu yazırlar.

Rusiya Türküstanın böyük qismini işğal etdiyindən orada Türküstan quberniyası yaratmışdır. Mustafa Çokay da işğal altında olan bölgədə doğulduğundan Rusiya vətandaşı sayılırdı.

Mustafa istər ata, istərsə də ana tərəfdən xan nəslindən olsa da, onların ailəsi o qədər də zəngin olmamışdı. Soykökü Xarəzmşahlara bağlı olan bu böyük insan gənc yaşlarından zülmə və haqsızlığa qarşı mübarizəyə atılmış, keçməkeşli bir ömür sürmüşdür.

Heyvandarlıq və əkinçiliklə gün keçirən, lakin nüfuzlu bir qazax ailəsində dünyaya göz açmış Mustafanın atası Çokay birinci qadından övladı olmadığına görə ikinci dəfə evlənir. İkinci qadından onun iki qızı və Sadıq, Nurtaza, Mustafa adlı oğul uşaqları olur. Ailənin sonbeşiyi olan Mustafa ilə Sadıq arasındakı yaş fərqi 15 ilə çatır. Uşaqların təlim-tərbiyəsi ilə birinci qadını məşğul olduğundan Mustafa onu həmişə böyük məhəbbət və ehtiramla xatırlayıb.

Aulda uşaqlara dərs deyən müəllimin də çoxlu sayda əlyazma kitabı olur. Mustafa da kiçik yaşlarında auldakı müəllim-molla yanında təhsil alır, Qurani-Kərimi bəlağətlə oxumağı, şəriəti, eləcə də ərəb, fars dillərini öyrənir.

Dövlət idarələrində rus dili hakim olduğundan, dövlət məmurları da Rusiya quberniyasından köçürülərək Türküs­tan­da, qazax-qırğız çöllərində yerləşdirilən rusların tərəfini saxladığından yerli xalqlar həmişə əziyyət çəkirdi. İşi dövlət idarə­lərinə, məhkəmələrə düşənlər haqlı ikən haqsız duruma düş­mə­lərinin səbəbini dil bilməməkdə, fikirlərini məhkə­mə­lər­də, hökumət məmurları yanında doğru ifadə edə bilmə­məkdə görmüşlər. Buna görə də Çokay kiçik oğlu Mustafanı rus-tuzem məktəbində oxutmağı qərara alır. Öncə onu Daşkəndə aparmaq istəyir. Ora auldan min kilometrdən çox uzaqda yerləşdiyindən oğlunu daha yaxındakı məktəbə – Akmescitə aparır. Atası yeddi yaşlı Mustafanı Akmescitə aparanda ailə üzvləri onun böyüdükdə ailəsindən, elindən-obasından uzaq düşəcəyindən, xristian dininə etiqad edəcəyindən, öz dilini unudub rusca danışacağından, adət-ənəni unudacağından çox nigaran qalıblar.

Atası bütün bu narahatlıqları göz önünə alaraq oğlunu Akmescitdəki milliyyətcə tatar olan, tacir dostunun evinə aparır. Mustafaya da tapşırır ki, məktəbdə deyilənləri öyrənsin, amma adət-ənənədə tatar tacir dediyi kimi hərəkət etsin. Məktəbdə yaxşı oxuyan, musiqi yaddaşına görə yaşıd­la­rından seçilən Mustafa Çokay son sinfə keçib yay tətilinə aula – evlərinə gələndə qara çiçək xəstəliyinə tutulur, ölüm­dən zorla qurtulur. Buna görə də Akmescitdəki məktəbə de­yil, aullarına nisbətən yaxın olan Sarışıqanaq stansiyasındakı məktəb­də oxumalı olur. Buna görə də yaşıdlarından gec, yəni 12 yaşında ibtidai məktəbi bitirir.

1902-ci ildə imtahan verərək Daşkənddəki bir saylı oğlan gimnaziyasına qəbul olunan Mustafa Şokayevin (Çokayev) təhsil illəri olduqca xoş və yaddaqalan keçir. Dərs əlaçısı olmaqla yanaşı, nümunəvi davranışı, dombrada qazax xalq mahnıla­rını məharətlə ifa etməsi ilə yaşıdlarının və müəllim­lərinin sevimlisinə çevrilir. Yerli xalqların ərizə və şika­yətlərini rus dilinə çevirib, hökumət idarələrinə çatdırdığına görə onu rəhbər işçilər yaxından tanıyırlar. Hətta bölgənin qubernatoru general Samsonov da tərcüməçi kimi ondan istifadə edir. Generalın onu yaxşı tanımasına baxmayaraq, gimnaziyanı bitirdikdə böyük bir qalmaqalla rastlaşır. Mustafa Şokayevə (Çokayev) tərifnamə və qızıl medala təqdim edilməsi general Samsonovu razı salmır. O, qızıl me­dalın milliyyətçə rus olan Zepremetova, gümüş medalın isə yerli xalqlardan olan Mustafa Şokayevə (Çokayev) verilməsini tələb edir. Generalın bu tələbi nəinki bölgənin yerli xalqlarından olan ziyalılarının, hətta məktəbdə dərs deyən rusların da narazılığına səbəb olur. Vəziyyət o qədər gərginləşir ki, Zepremetov Mustafa Şokayevin (Çokayev) ondan yaxşı oxuduğunu, buna görə də onun qızıl medala, özünün isə gümüş medala layiq olduğunu bildirir.


General Samsonov Mustafa Şokayevdən (Çokayev) təh­silini harada davam etdirəcəyi ilə maraqlanır. Onun Peter­burq Universitetinin hüquq fakültəsində oxumaq istədiyini eşit­dikdə deyir ki, Türküstan quberniyasından hüquq təhsili alanlardan yalnız ruslara təqaüd verilir. Ona görə yaxşı olar ki, sən tibb fakültəsində oxuyasan. Mustafa Şokayev (Çokayev) bu təklifi qəbul etmir. Gələcəkdə xalqının hüquq­larını qorumaq arzusuyla hüquq fakültəsinə qəbul olunur. Tatar iş adamları isə qazax gəncini təqaüdlə təmin edirlər.

1910-cu ildə Peterburq Universitetinin Hüquq fakültəsinə qəbul olunan Mustafa Şokayev(Çokayev) 1912-ci ildə vətənə dönməli olur. Atası öldüyündən onu tayfa rəhbəri seçmək istəyirlər. Bu illər Rusiya tarixinə Stolipinin islahatları illəri kimi daxil olub. Rusiyanın daxili işlər naziri olduğu zaman müxalifətlə sərt davranan Stolipin Baş Nazir təyin olunduqda bir sıra islahatlar həyata keçirməyə çalışdı. Onlardan biri də Rusiyanın Avropa hissə­sində yaşayan, torpaqları olmayan və ya aztorpaqlı rus kəndlilərinin kütləvi su­rətdə Qazaxıstana və Si­birə köçürməsi oldu. Ata-baba torpaqlarının gəlmə­lərə verilməsindən, onla­rın hökumət məmurları tərəfindən müdafiə olun­ma­sından qazaxlar, qırğız­lar, başqırdlar və Sibirin yerlı xalqları narazı qal­salar da ciddi müqavimət də göstərə bilmirdilər. Pə­ra­kəndə göstərilən müqa­vimət də sərt yatırılırdı. Mustafa Şokayevin (Çokayev) həmyerliləri düşünürdülər ki, doğru-dürüst olan, rus dilini və Rusiyanın qanunlarını yaxşı bilən, neçə deyərlər hökumət məmurlarının da hörmətlə yanaşdığı Mustafa Şokayev(Çokayev) nəinki tayfanı yaxşı idarə edər, həm də bölgəyə köçürülmüş ruslara verilən ata-baba torpaqlarını geri almaqda onlara kömək göstərər.

Mustafa Çokayev vətənə dönsə də, buradakı durumu dəyərləndirdikdən sonra geri qayıtmağı qərara alır. O, yalnız öz tayfasının deyil, bütövlükdə Türküstanda və qazax-qırğız çöllərində yaşayan soydaşlarının mənafeyini qorumaq, onların hüquqlarının tapdalanmasının qarşısını almaq istəyirdi.

Mustafa Çokayevın Peterburqda oxuduğ illər Rusiyanın və Avropanın bir sıra irticaçı dövlətlərinin Balkan xalqlarını Osmanlıya qarşı üsyana təhrik etdiyi vaxta təsadüf edir. Belə ağır bir zamanda Mustafa Çokayev dostlariyla Osmanlı dövlətinə yardım dərnəyi qurur. Onlar müxtəlif tədbirlər həyata keçirirərək Rusiya vətəndaşı olan türklərdən və müsəlmanlardan pul toplayıb, Osmanlı dövlətinin Rusiyadakı Büyük elçisi Turhan Paşaya verirlər.

Təhsil illərində müəllim və tələbələr arasında özünə nüfuz qazanmış gənc Mustafa Çokayevi paytaxtla əlaqəsi olan, orada yaşayan və işləyən türküstanlı, qafqazlı, kırımlı, tatarıstanlı müsəlmanların nümayəndələrinin əksəriyyəti də tanıyırdı. 1914-cü ildə onu keçmiş Duma üzvü, Katet Partiyasının fəallarından olan Əli xan Bökeyxanovun zəmanəti ilə IV Dövlət Dumasının müsəlman fraksiyasının katibi seçirlər. İşinə olduqca məsuliyyətlə yanaşan gənc hüquqşünas az zamanda müsəlman deputatlar arasında deyil, dumanın əksər üzvləri arasında bacarıqlı və savadlı bir işçi kimi tanınır. Burada Azərbaycandan Əlimərdan bəy Top­çubaşovla, Xəlil Xasməmmədovla, Qüzey Qafqazdan Ahmed Salikovla, Kırımdan İsmayıl Lemanovla və b. tanış olur. Gələcək Başqırdıstan Muxtar Respublikasının rəhbəri Əhməd Zəki Vəlidovla da burada tanış olur və dostlaşır. Onların milli məsələyə münasibətdəki baxışlarında da bir oxşarlıq vardı. Düşünürdülər ki, Rusiya güclü və böyük dövlətdir. Rusiyanın işğal altında saxladığı xalqların isə müstəqil hökumət qura biləcək kadrları və dövləti qoruyacaq ordusu yoxdur. Buna görə də Rusiyasız yaşaya bilməzlər. Odur ki, başqırdlar, qazaxlar, tatarlar və b. xalqlar da Rusiyanın tərkibində mux­ta­riyyət əldə etməli, xalqlarının hüquqlarını qorumalıdırlar. Mux­tariyyat uğrunda mübarizə aparanların fikirləri Rusiyanın federasiya kimi idarə olunmasını arzulayan Kadetlər Parti­yasının proqramına çox yaxın idi.

Birinci Dünya Savaşının ağır günlərində, Rusiyanın savaşda uduzmağa doğru getdiyini görən çar II Nikolay 1916-cı il iyunun 25-də qeyri-xristian xalqlarının 18-45 yaşlı kişilərinin səfərbərliyə alınaraq səngər qazılmasında, hərbi sursat daşınmasında və s. işlərdə çalışdırılması haqqında fərman imzalayır. Türküstanda məhsul yığımının qızğın vax­tına və Ramazan ayına düşdüyündən oruc tutmuş müsəl­man­lar elliklə çarın fərmanına qarşı çıxırlar. Amangəldi İma­no­vun rəhbərlik etdiyi üsyanı yatırmaq üçün bölgəyə general İva­nov-Runovun komandanlıq etdiyi ordu yeridilir. Üsyanın mərkəzi olan Cizaq (Jizak) şəhərini yerlə yeskan edir, qadınlara, uşaqlara, qocalara da rəhm etmədən öldürür. Şəhər və kəndlər dağıdılsa da, minlərlə insan öldürülsə və həbs edilsə də üsyan dalğası sönmək bilmirdi.

Vəziyyəti aydınlaşdırmaq və bölgədə stabillik yaratmaq üçün Dövlət Duması komissiya yaradır. Senatın üzvü Kutluq Muhammed Tevkelev və Dumada qətiyyətli çıxışları ilə diqqəti cəlb etmiş, deputat A.F.Kereniskinin rəhbərlik etdiyi komissiyaya Mustafa Çokayev də tərcüməçi kimi daxil edilir. Aleksandr Fyodroviç Kerenskini Mustafa Çokayevdən on il əvvəl Daşkənddəki gimnaziyanı bitirmiş və ondan on il əvvəl də Peterburq Universitetinin Hüquq fakültəsinə daxil olmuşdu. Fərqli illərdə eyni gimnaziya və universitetdə təhsil almış gələcəyin iki siyasi xadimi 1916-cı ilin avqustunda bir komissiyanın tərkibində Daşkəndə gəlir. A.F.Kreniski bu səfər zamanı Mustafa Çokayevlə yaxından tanış olur və onun iş­güzar­lığını, baş verən hadisələrə tərəfsiz yanaşmasını yük­sək qiymətləndirir. A.F.Kreniskinin IV Dövlət Dumasındakı məru­zəsi Rusiyada böyük əks-səda doğurur və onun çar höku­mətinin Türküstanda yeritdiyi siyasətini kəskin tənqid et­mə­si demokratik fikirli insanlar tərəfindən yüksək qar­şı­la­nır. Bununla da II Nikolay taxtdan əl çəkməyə məcbur edilən­də yaradılan Müfəqqəti Hökumətə onun rəhbər seçilməsinə şərait yaranır.

Mustafa Çokayev də müsəlman fraksiyası adından geniş məruzə hazırlayır. Lakin II Nikolay IV Dövlət Dumasını buraxdığından həmin məruzə Dumada oxunmur.

Bir çox qaynaqlar Mustafa Çokayevin 1910-cu ildə universitetin Hüquq fakültəsinə daxil olduğunu əsas gətirərək 1914-cü ildə ali məktəbi bitirdiyini yazır. Lakin Mariya Qorina-Çokayın xatirələrində göstərir ki, Mustafa Çokayev 1912-ci ildə vətənə döndüyündən və ictimai işlərə qoşulduğundan universiteti 1914-cü ildə deyil, 1917-ci ildə bitirir.

A.F.Kreniskinin rəhbərlik etdiyi Müvəqqəti Hökumət zamanında quberniyaların özünüidarə hüquqları artır. Böl­gələrə yeni, demokratik düşüncəli qubernatorlar təyin edilir. 1917-ci il aprelin 7(20)-də Müvəqqəti Hökumətin Türküstan Komitəsi təşkil edilir və hakimiyyət bu komitədə olur. Ölkəninin demokratik yolla idarə edilməsi üçün yeni qanun­verici orqan-Müəssislər Məclisi yaradılması planlaş­dırılır. (Lakin Müəssislər Məclisinə seçkilər 1917-ci ilin sonlarında başa çatsa da, bolşeviklər hərbi çevrilişlə hakimiyyəti ələ aldıqlarından təşkilat fəaliyyət göstərə bilmir, zor gücünə qapadılır – Ə.Ş.).

Rusiyada yaşayan türklərin və digər müsəlmanların öndərləri xalqlarına xoşbəxt gələcək arzulasalar da, bu yöndə apardıqları mübarizədə fikir birliyinə gələ bilmirdilər. Böyük çoxluq Rusiyanın tərkibində qalmağın tərəfdarı olsa da, onlar arasında da fikir ayrılığı vardı. Bir qismi demokratikləşmiş unitar Rusiyanın tərəfdarı idisə, böyük qismi Rusiyanın Fedarasiya şəklində idarə olunmasını istəyirdi. 1917-ci il mayın 1-11-də qızğın müzakirələrlə davam edən I Ümum-rusiya Müsəlmanlar Qurultayında federasiya tərəfdarları çoxluq təşkil edərək istədikləri qərarın qəbuluna nail ola biliblər. “Demokratikləşmiş Rusiya” tərəfdarlarından olan Mustafa Çokayev Orenburqda keçirilən I Qırğız (qazax) Qurultayında (21-28 iyun 1917-ci il) Sırdəryadan seçilmiş nümayəndə kimi iştirak edir. Sonra yeniyetməlikdə yaşadığı və təhsil aldığı Akmescitə gəlir. Akmescitdə onun çıxışları etirazla qar­şılanır. Mustafa Çokayev görür ki, xalqının azadlığı uğrun­da mübarizəyə qoşulanlar arasında kəskin fikir ayrılığı var.

Odur ki, Türküstanın mərkəzi sayılan Daşkəndə gəlməyi qəra­ra alır. Yolboyu kənd və qəsəbələrdə görüşdüyü insan­la­rın onlara qarşı edilən haqsızlıqdan şikayətçi olduğunu görür.

1917-ci ilin aprelində Daşkəndə gələn Mustafa Çokayev burada yüksək qarşılanır. Vali və yüksək vəzifəli hökumət məmurları ilə görüşür. O, xalqını cəhalət yuxusundan oyatmaq üçün jurnalistika ilə ardıcıl məşğul olmağa başlayır. Daşkənddə keçirilən Türküstan İctimai Təşkilatlarının Qurultayında bölgənin demokratik üsullarla idarə edilməsi müzakirə edilir. Qurultay Milli Soveti seçir. Sovetə rəhbərlik isə 27 yaşlı Mustafa Çokayevə həvalə olunur.

Daşkənddəki “Uluğ Türküstan” qəzetinin ən fəal müxbirlərindən birinə çevrilir. Sonra özü Daşkənddə “Birlik tuı”(Birlik bayrağı) qəzetini nəşr etməyə başlayır. Qəzetində ilk dəfə türk xalqlarının müstəqilliyi ideyası irəli sürülür. Rus dilində nəşr etdirdiyi “Svobodnıy Turkestana” (Azad Türküstan) qəzetində isə demokratiya təbliğ olunurdu. Qəzet və jurnallar ona yalnız fikrlərini yaymaq üçün deyil, həm də özünə məsləkdaşlar tapmaq, onları bir araya gətirmək üçün əvəzsiz vasitə idi.

İctimai-siyasi təşkilatların toplantılarında fəal iştirak edən, fikirlərini mətbuat vasitəsilə yayan və yeni yaranan təşkilatların formalaşmasında böyük rolu olan M.Çokayevi Ümum­rusiya Müəssislər Məclisinə və Ümumrusiya Müsəl­man­larının Şurai-İslam Qurultayına da nümayəndə seçirlər.



Mustafa Çokayev Gürcüstan Demokratik Respub­li­ka­sında mühacirətdə olarkən xanımı Mariya min bir müsibətlə onun arxasından gəlib Tiflisə çatdıqdan sonra çəkdirdikləri şəkil.

1917-ci il aprelin 17-də Daşkənddə 440 nümayəndənin iştirak etdiyi Türküstan Müsəlmanları Qurultayında “Rusiya­nın gələcəkdəki idarəetmə sistemi və burada Türküstanın vəziy­yəti”, eləcə “Bölgəyə köçürülmüş ruslara verilmiş torpaq­lar” məsələsi müzakirə edilmişdir. Konfransda Ubey­dulla Xoca türküstanlıları bir mərkəzdə birləşdirmək məq­sədilə Milli Mərkəz yaradılmasını təklif etmişdir. Numa­yən­dələr bu təklifi qəbul edərək Mustafa Çokanovun rəhbərliyi ilə Türküstan Müsəlman Mərkəzi Şurasını qurmağı qərara almış­lar.

Lakin mühafizəkarlar Şurada lazımınca təmsil edil­mədiklərini bəhanə gətirərək iyun ayında Şir Ali (Şirəli) Lapinin rəhbərliyində Ülamə Cəmiyyətini yaratmışlar. Bu cəmiyyətin üzvləri dindar olsalar da, öz soydaşlarından olan cədidçilərlə əlbir işləməkdənsə, rus mühafizakarlarla əməkdaşlıq etməyi üstün tuturlar.

Müvəqqəti Hökumətin zəifliyi və demokratik islahatlar ke­çirə bilməməsi Türküstan Müsəlmanlarının ikinci konfran­sının keçirilməsinə səbəb olmuşdur. Konfransda Rusiya təsirin­dən kənar bir çıxış yolu axtarılması gündəmə gətiril­miş­dir. Milli qüvvələr Türküstanda Rusiya qanunlarının işlə­mə­məsini, milli dəyərlər əsasında qanunlar hazırlanmasını istəyir­dilər. Müvəqqəti Hökumətin Türküstandakı Mərkəzi idarə orqanında milli kadrlara ayrılan yerin 35-ə çatdırılması və onların səlahiyyətlərinin artırılmasını tələb etmək məqsə­dilə Mustafa Çokayev, Narbutabek, Polatcan və Şah İsmayıl­dan ibarət bir heyət Petroqrada-Mərkzə yola salınır. Nüma­yən­də heyəti ilə müzakirələrdə A.F.Kreniski “Türküstanda Ru­siyaya qarşı bir üsyan baş qaldıracağına inanmıram. Baş qaldırsa belə sərt tədbirlərlə qarşısı alınacaqdır” – deyir.

Müvəqqəti Hökumətin başçısı A.F.Kreniski 1917-ci il avqustun 31-də Türküstan Milli Şurasının zəmanəti ilə Mus­tafa Çokayevi, I və II Dövlət Dumasının üzvü olmuş Əli xan Bökey­xanovu və Muhammedjan Tınışpayevi Turküstan Ko­mitəsinə üzv təyin edir. Türküstanda milli qüvvələr arasında fikir birliyi olmadığından onlar bu komitəni milli demokratik bir orqana çevirə bilmirlər. Ölkə qarmaşa içərisində olduğun­dan siyasi partiyalar, hətta siyasətdən uzaq, müxtəlif mənafe birliklərinə görə formalaşmış qruplaşmalar da hakimiyyəti ələ almaq uğrunda qızğın mübarizəyə girişirlər.

Hökumət idarələrində işləyən rusların böyük bir qismi bu qarışıq­lıqdan şəxsi mənafeləri üçün istifadə edir. Akmesçit və çevrəsindən çoxlu şikayət gəlir. Şikayətləri doğuran səbəb­ləri araşdırmaq və aradan qaldırılması yollarını öyrən­mək üçün bölgəyə 50 nəfərli bir yoxlama qrupu göndərilir. Mustafa Çokayev də bu qrupun tərkibində olur. Qrup üzvlərinin hazırladıqları arayışa əsasən xalqa zülm edən mə­murlardan Aqapov, Selokov, Tunkuncov və Yerdyev izahat verməyə cağırılır. Onlar arayışda yazılanların doğru olduğunu, lakin gördükləri işi “inqilab naminə” etdiklərini söyləyirlər.

1917-ci ilin avqustunda Ali Baş Komandan təyin edilən Lavra Kornilov Müvəqqəti Hökumətdən hərcmərcliyə son qoymaq üçün sərt tərbirlər həyata keçirməsini tələb edir. Bu tələ­binin demokratiyaya zidd olduğunu düşünən A.F.Kre­niski hökuməti qüvvələr balansı yaratmaq üçün Fəhlə və Əsgər Deputatları Sovetlərinin silahlanmasına şərait yaradır. Bu da qarşıdurmaları, toqquşmaları daha da artırır.

1917-ci il noyabrın 1(14)-də Daşkənddə əsgəri birliklərin və dəmiryolçuların gücü ilə Müvəqqəti Hökumətin binasına basqın edilərək Fəhlə və Əsgər Sovetlərinin hakimiyyəti ələ aldıqlarını elan edirlər. Bu hadisə şəhərdə müsəlmanlara qarşı kütləvi qırğın, zorakılıq və talanla davam edir. Daşnaksütun Partiyası adı altında birləşmiş erməni silahlı dəstələrinin əlilə birlikdə minlərlə dinc müsəlman sakini öldürülür, malını-mülkünü qarət edilir. Onlar yeni-yeni formalaşmağa başlayan demokratik görüntülü hökumətin fəaliyyətini dayandırır və hökumət üzvlərinə qarşı sərt tədbirlər görməyə başlayır.

Şir Ali (Şirəli) Lapinin rəhbərliyi ilə Ülamə Cəmiyyəti Daşkənd 525 nümayəndənin iştirakı ilə bir konfrans təşkil edir. Şir Ali (Şirəli) Lapinin Fəhlə və Əsgər Sovetlərinin rəhbərlərinə təklif edir ki, qırğın dayandırılsın, müsəlman və rusların bərabər səviyyədə iştirak etdiyi bir komissiya yaradılsın. Dəmiryol işçisi olan, Sovetin rəhbəri Fyodur Kolesnikov bu təklifə “yerli xalq arasında proletariyat olmadığına görə onlar proletar dövlətinin idarə edilməsində iştirak edə bilməzlər” – cavabını verir.

Mustafa Çokayev və Sovetlərə müxalif olanlar Fərqanə vadisindəki Kokand şəhərinə çəkilməli olurlar. Uzun illər Kokand xanlığının mərkəzi olmuş bu şəhərin əhalisi antirusiya əhval-ruhiyyəliliyi ilə seçilirdi. Türküstanlı mühafizəkarlar ruslarla birgə işləməyin mümkünsüzlüyünü gördükdən sonra cədidçilərlə əməkdaşlıq etməli olurlar. Hər iki qrupun nümayəndələri 1917-ci iln noyabrında Kokandda bir toplantı keçirmək qərarına gəlirlər.

1917-ci il dekabrın 9-da Kokanddakı Xan Sarayında 180 nəfər nümayəndənin iştirakı ilə Türküstan Müsəlmanlarının Fövqəladə Dördüncü Qurultayı keçirilir. Gündəliyə dörd məsələ çıxarılır:

1.Türküstanın hökumət qurluşu:

2.Türküstanın Güney-Doğu Fedarasiyonuna girməsi məsələsi,

3.İcraiyyə Komitəsinin yaradılması,

4.Türküstanda bir Konstitusiya Məclisinin qurulması.

Dekabrın 10-da Mustafa Çokayev Rusiyanın tərkibində Kokandda Türküstan Məhəlli Muxtar Hökumətin qurul­du­ğu­nu elan edir. Şir Ali (Şirəli) Lapin hökumətin başçısı seçilir. Dekabrın 11-də isə 10 nəfərlik bir İcraiyyə Komitəsi yaradılır.

1917-ci il dekabrın 5-13-də Orenburqda keçirilən II Ümum­qırğız Qurultayında Türküstan Məhəlli Muxtariy­yatı­nın Baş naziri kimi Mustafa Çokayev də iştirak edir. 1917-ci il dekabrın 26-da isə Əli xan Bökeyxanovun rəhbərlik etdiyi Alaş Orda Hökuməti qurulur. Yeni hökumət özünü Rusiya Fe­de­rasiyasının muxtar bir subyekti elan edir. Qazaxların qur­duğu bu hökumətin 25 üzvündən 10-u ruslar və yerli olma­yan xalqlardan idi. Qəribədir ki, Muhammedjan Tınışbayev Kokand Hökumətinin Baş naziri və Alaş Orda Höku­mətinin daxili işlər naziri, Mustafa Çokayev hər iki hökumətdə xarici işlər naziri işləmələrinə baxmayaraq bu hökumətləri birləşdirmək üçün göstərilən səylər bir nəticə vermir.

Kokand Hökumətinin maliyyə naziri Şah İsmayıl 1918-ci il yanvarın 15-də iqtisadi vəziyyəti düzəltmək üçün xalqdan 30 milyon som kredit toplanması təklifini irəli sürür. Xalq Şurası bu təklifə səs vermir. M.Tanışpayev Şuranın tərkibindəki fikir ayrılığına son qoya bilmədiyi üçün istefa verir. Yerinə Ubeydulla Hocanı təklif etsələr də, o bu təklifi qəbul etmir. Beləcə M.Çokayev Baş nazir, Ubeydulla Hoca isə ona müavin təyin edilir.

M.Çokayev platformasını şərh edərkən deyir ki, bizim müstəqil dövlət qurmamız çətindir. Buna bizim nə kadrımız var, nə də təcrübəmiz. Yaradacağımız dövləti qoruyacaq or-dumuz da yoxdur. Rusiya nə qədər zəifləsə də, bizdən qat-qat güclüdür. Buna görə də Rusiya ilə sülh və dostluq şəra-itində yaşamağa çalışmalıyıq. Mən bolşeviklərin yeritdiyi siyasətlə razılaşa bilmirəm, lakin onların necə bir dağıdıcı gücə malik olduğunu görürəm.

Kokand hökuməti 1918-ci il martın 20-də seçki keçirərək yeni parlament formalaşdıracağını elan edir. Bu parlamentin üçdə ikisini yerli xalqlar, üçdə birini isə rus və yerli olmayan xalqlardan seçilən nümayəndələr formalaşdıracaqdı. Bunu Türküstanda demokratiyanın ilk addımı saymaq olardı.

Daşkənddə silah gücünə hakimiyyəti ələ almış, özlərini Fəhlə və Əsgər Sovetləri adlandıran qüvvələr yanvarın 31-də Konfrans keçirərək Kokand Muxtariyyatını “qiyamcı burjua dövləti” kimi qiymətləndirib, ona qənim kəsildiklərini elan et­dilər. Onların yaratdığı Türküstan Hökumətinin 14 üzvü ara­sında bir nəfər də olsun yerli xalqların nümayəndəsi yox idi.

M.Çokayev 1918-ci ilin yanvarında bəyanat verir ki, qeyri de­mokratik addımlar atan, yerli xalqların hüququnu tapda­layan Sovetləri tanımayacaq. Bundan qəzəblənən Moskva Daşkəndə 11 qatar top, pluemyot və avtomat silahlarla silah-lanmış ordu birləşməsi göndərir. Daşkənddəki qarnizon və erməni daşnakları da bolşevik hərbi hissələri ilə birlikdə şə-hərin müsəlmanlar yaşayan hissəsinə hücuma keçir. O zaman Daşkəndin müsəlmanlar yaşayan hissəsində, köhnə Daşkənd adlanan yerdə yarım milyona yaxın müsəlman, xristianlar yaşayan, yeni Daşkənd adlanan hissədə isə 75 min insan vardı.

O dövrdə Türküstanda, xüsusilə, Daşkənddə avstriyalılar, macarlar, çexlərdən ibarət xeyli hərbi əsir vardı. Almanlar çox az idi. Avstriyalıların bəzi imtiyazları vardı, onlar aşbaz, xarrat işləyir, həmçinin musiqi və dil dərsləri verirdilər. Çexlər də bu işlərlə məşğul olurdular. Deyilənə görə macar-lar, qismən də türklər özbək ordusunda xidmət etməyə hazır-laşırdılar.

Bolşeviklərin əsgəri birlikləri və erməni daşnakları fevralın 6-da Kokanda hücuma keçir. Üç gün içərisində şə-həri dağıdır və talayırlar. Oradan sağ qurtulanlar Fərqanə vadisinin kəndlərinə və dağlarına qaçırlar.

1918-ci il fevralın 18-də Kokand Muxtariyyatında silahlı müqavimət başa çatır. Yeni ordu yaratmağa imkan tapma-mış, könüllülərdən təşkil edilmiş dəstələri zəif silahlandırmış Muxtariyyat Kokandın müdafiəsini təşkil edə bilmir. Dinc əhalini qəddarlıqla qırmaq və mal-mülklərini talamaqla qür-rələnən sovet rəhbərləri anlamadılar ki, bu addımları ilə so-vetlərə qarşı 15 ilə yaxın davam etmiş Basmaçı hərəkatının əsasını qoymuş oldular.

Sovetlərin yaratdığı proletar diktaturası qırmızı terrora başlayır. Milli qüvvələri yerindəcə güllələyən, həbs edən və ağır işgəncə verən bolşeviklərin əlindən M.Çokayev sağ qur-tularaq Fərqanə vadisinə qaça bilir. Bolşeviklər onun başını gətirənə 1000 manat verəcəklərini vəd etməsinə bax­mayaraq, M.Çokayev Fərqanə vadisini xeyli dolaşdıqdan son­­ra yaxın silahdaşlarının köməyi ilə Daşkəndə gəlir. Vax­tilə Türküstan qiyamını araşdıran komissiyanın tərki­bində gələr­kən tanış olduğu aktrisa Mariya Qorinanın evində gizlə­nir və apreldə isə onunla evlənir. Onun Daşkənddə qalması öz həyatı və onu qoruyanlar üçün təhlükə yaratdığından oranı tərk etməyi planlayır. Lakin şəhərdən çıxmaq o qədər də asan olmur. Həmin günlərdə tərk edilmiş, işsiz qalmış, zor gün­lərini ya-şayan Mariya Qorinaya da Moskva Opera və Balet Teatrından işə də təklif gəlir.

Mariya Qorninanın təkidi və qurduğu plan əsasında və düzəltdiyi saxta sənədlərlə M.Çokayevi yaralı hərbçi kimi üz-gözünü sarıyıb Moskvaya gedən qatara mindirirlər. Qatarla 1918-ci ildə mayın 1-də Daşkənddən hərəkət edir. Pulsuz-parasız, geyimsiz və ərzaqsız yola düşən gənc ailəyə Akmolla stansiyasında Mustafanın dostları yardım edir.

Volqadakı hərbi döyüşlərə görə Aktübinskdən sonra onlar yollarına davam edə bilmirlər. 10 gün orada qaldıqdan sonra Temir qəsəbəsinə gedirlər. Orada da həbs olunurlar. Qısa­müd­dətli həbsdən qurtardıqdan sonra Mustafa Uralskə get­məyi qərara alır. Çöllərdə, aullarda dolandıqdan sonra yay­da qazaxların yun və dəri satmaq üçün Qızılkurtda təşkil etdik­ləri yarmarkaya gəlirlər. Orada Alaş Ordanın nüma­yən­dələri Xəlilin və Caniş Dosməhəmmədin aulunu tapır və yeni­dən siyasi mübarizələrə qoşulur.

Birinci Dünya Savaşında Avstriya-Macarıstan ordusunun tərkibində döyüşərək Rusiyaya əsir düşmüş Çexoslavakiya Korpusunun (bu korpusda 45 min nəfər silahlı hərbçi vardı – Ə.Ş.) vətənə dönməsini bolşeviklər müxtəlif bəhanələrlə əngəlləyirlər. Onlar da üsyan qaldırıb, Penza yaxınlığından Vladivastoka qədər dəmiryol stansiyalarını tuturlar. Samara şəhəri də onların əlinə keçir. Eserlərin böyük bir qismi də onları müdafiə edir və bu üsyandan yararlanmağa çalışırlar. Bolşeviklərin demokratik seçimdə uduzduqlarını görərək matros Jelezniyakın rəhbərliyi ilə cəbhədəki bir qrup matrosu Müəssislər Məclisinin toplantısı keçirilən Tavriya sarayına göndərir. Onlar toplantını yanvarın 6-da dağıdırlar. Yanvarın 7-də Müəssislər Məclisinin üzvlərindən Şinqaryov və Kokaş-kin öldürülür.

Vəziyyətin gərginliyi, bolşeviklərin inqilabi dəyərlərə əməl etməyərək diktatura qurmaları eserlərdən V.K.Volsk baş­da olmaqla, 29 nəfər Müəssislər Məclisinin üzvü 1918-ci il iyulun 8-də qısa adı Komuç olan Ümumrusiya Direk­tori­ya­sını təşkil edirlər. Onlar Xalq Ordusu yaradaraq bolşeviklərə qarşı döyüşlərə başlayırlar. Mövqelərini möhkəmlətmək üçün də Alaş Ordaçılardan Əli xan Bökeyxanovu və M.Çokayevi Samaraya dəvət edərək, hərbi-siyasi ittifaq bağlamağı təklif edirlər.

1918-ci il sentyabrın 23-də Ufadakı iclasda tarixə “Ufa direktoriyası” kimi daxil olan Ümumrusiya Müvəqqəti Hökumətini yaradırlar. Mustafa Çokayev də komitəyə büro üzvü seçilsə də, ona nazir vəzifəsi verilmir. Oktyabrın 9-da “Ufa direktoriyası” Omska köçür və antisovet güclərini birləşdirmək məqsədilə əvvəlcə bütün kazak qoşununu, sonra da Alaş Orda Hökumətinin, Başqırd Muxtar Respublikasının eləcə də Sibirin, Uralın antibolşevik qüvvələrinin rəhbərləri ilə danışıqlar aparılır.

Çar ordusunun admiralı A.V.Kolçakın yeni yaradılmış Si­bir Hökumətinə hərbi və dəniz naziri təyin edilməsi nəinki da­nışıq­ları dayandırır, Alaş Orda Hökuməti ilə müna­sibətlərin dəyişməsinə səbəb olur.

Müəssislər Məclisi nümayəndələrinin Yekaterinburqda 1918-ci ilin noyabrında keçirdikləri qurultayda qərara alınır ki, ABŞ Prezidenti V.Uilsonun yanına nümayəndə heyəti yola salınsın. Bu nümayəndə heyəti Rusiyadakı xalqların durumunu ona çatdıraraq yardım istəsin. ABŞ-a gedəcək nümayəndə heyətinin tərkibinə M.Çokayev, İdil Ural Hökumətinin nümayəndəsi tatar İlyas Akin, Türkmənistan eseri Vadim Çaykın, Yusif Minar və b. daxil edilir. Onlar üçün qatara bilet də alınır. M.Çokayevin xanımı Mariya Qornina-Çokayeva nümayəndə heyətilə birlikdə getməsi planlaşdırılır. 1918-ci ilin noyabrın 19-da Yekaterinburqda Amerikaya getməli olan nümayəndələrin qaldığı hoteldə partlayışı törədilir. Bu partlayışda bir neçə nəfər həlak olur ki, onların biri də Amerikaya getməli olan nümayəndə idi.

Bu, A.V.Kolçaka bölgədə əmin-amanlıq yaratmaq adı altında hərbi çevriliş etməyə imkan yaradır. O, hökuməti silah gücünə devirərək Ufa Direktoriyasının rəhbərlərini həbs etdirir və Alaş Orda Hökumətinin, Başqırdıstan Muxtariyyatının ləğv edildiyini bildirir. M. Çokay və onun məsləkdaşları da həbs edilərək Çelyabinskiyə göndərilir. A.V.Kolçak bununla güclü bir hökumət yaratmağa çalışır və özünü Rusiya Dövlətinin Ali Hakimi elan edir.

Ölkədə vəziyyətin hər an dəyişdiyini yaxşı bilən, şəhər və qəsəbələrin tez-tez bu və ya başqa bir silahlı qruplaşmanın əlinə keçdiyinin dəfələrlə şahidi olan M.Çokayev oradan qaça bilir.

A.V.Kolçakın diktator davranışları hətta ona tabe olan zabitlər, onun hökumətində olan demokratik fikirli insanlar və eserlər arasında etirazlar doğurur. Yaranmış vəziyyətdən istifadə edən eserlər başqırd və qazax hərbi güclərini polkovnik Maxinin rəhbərliyində olan Orenburq və Ural qazaxlarının demokratik qanadı birləşdirərək antisovet cəbhədə birləşdirməyə təşəbbüs göstərirlər. Bu fikri reallaşdırmaq məqsədilə 1918-ci il 1 dekabrda Orenburqda Karvansaray binasında Başqırd Hökumətinin və Ufa Drektoriyasının təmsilçiləri toplanılar. Rus eserlərinin rəhbəri Viktor Çexov, Ufa Direktoriyasının xarici işlər naziri, eser Mikayıl Vedenyapin Şetqeman, Türküstan eser-lərinin rəhbəri, eser Vadim Çaykin, eləcə də Alaş qazax hərəkatından Mustafa Şokay, Başqırd Hökumətindən Ahmet Zeki Validov və b. toplantıda iştirak edir.

Uraldakı kazak qoşunlarının atamanı A.Dutov onların həbsinə göstəriş verir. M.Çokayev oradan da qaça bilir. Ya-xın dostu Ahmet Zeki Validov 1919-c il martın 20-də Le­nin, Satlin və b. danışığa girərək Sovet Başqırd Respublika­sının yaradılması şərti ilə Sovetlərin tərəfinə keçir. Sonralar M.Çokayev yazır: “Validi xaincəsinə Sovetlərin tərəfinə keçdi, bununla da bizim aksiyalarımıza mənəvi və siyasi zərbə vurdu”.

Mustafa Çokayev bir neçə dəfə ölümlə üzləşərək, Uralın bir neçə şəhər və qəsəbəsini dolaşaraq Qüzey Qafqaza gələ bilir. Burada Sovet Rusiyasına qarşı mübarizəni davam et-dirir. Oradan Gürcüstana gəlir və Tiflisdə çıxardığı “Azad dağlılar” adlı həftəlik qəzetdə Türküstanda baş verənləri oxuculara çatdırmağa çalışır.

Xanımı Mariya da aylarla çətin, təhlükəli və üzücü yollar keçərək ərinin arxasınca gəlir.1920-ci ildə Qüzey Qafqaz Milli Təşkilatının və Türküstan Milli Mərkəzinin nəşr etdiyi “Yeni dünya” qəzetinə rəhbərlik edən Mustafa Çokayev burada dəyərli məqalələr yazır. O, Tiflisdə çıxardığı “Şəfəq” qəzetində Anadoludakı Kuvay-i Milliyə hərəkatını dəstəklə­yən yazılar çap etdirir.

Azərbaycan Xalq Cümhuriyyətini dəstəkləyən və daima ona yardımçı olan Mustafa Çokayev Bolşeviklər Qafqazı iş-ğal etdikdən sonra Batum-Trabzon dəniz yolu ilə İstanbula gedir.

İstanbulda çıxan “Yeni Türküstan”, Berlində yayımlanan “Yaş Türküstan” adlı jurnallarda və Avropa dillərində çıxan mətbuatda Mustafa Çokayev deyil Çokay imzası ilə həmişə Türküstan ve türklük mübarizəsini davam etdirir. M.Çokay 1921-ci ilin yazında İstanbuldan gəmi ilə Fransanın Marsel limanına gəlir və oradan qatarla Parisə gedir.

Tatar liderlərindən Fuat Toktar M.Çokay və xanımı Mari-yanı qarşılayaraq kasıb bir oteldə yerləşdirir. Bir neçə gün sonra Çokaylar ailəsi iki otaqlı kiçik bir mənzilə köçməli olur. İki həftə sonra maddi sıxıntı çəkdiklərinə görə mənzil-lərini yeməkxanaya çevirirlər. Burada Rusiyadan gəlmiş qaç-qınlar üçün ucuz qiymətə yemək hazırlayırlar.

Bir zamanlar Türküstan Hökumətinin rəhbəri olmuş M.Çokay Parisdə çörəkpulu qazanmaq üçün kartof, soğan soymaqla, düyü təmizləməklə gün keçirir. Azərbaycanın mü-hacirətdə olan lideri Məhəmməd Əmin Rəsulzadə onunla gö-rüşə gələrkən Çokay üzr istəyərək kartof soya-soya söhbətini davam etdirir. M.Ə.Rəsulzadə M.Çokayı belə gördüyünə üzülmür. Əksinə, onun əyilməzliyinə, qüruruna, ağıl və mətanətinə heyran qaldığını yazır.

1922-ci ilin ortalarında M.Çokayın xanımı Mariya xəstə­lə­nir. Onu Parisdə müalicə etdirməyə pulları çatmadığına görə Almaniyaya aparırlar. Çünkü Almaniyada infilasiyaya görə hər şey Parislə müqayisədə ucuz idi. Belə ki, 100 Fran-sız frankı ilə aylarla bir pansiyonda qalmaq olurmuş. Çokay-lar ailəsi altı ay Almaniyada qaldıqdan sonra 1923-cü ildə Fransaya dönür.

M.Çokay Parisdə yalnız ideoloji baxışıyla deyil, doğruluğu, dürüstlüyü və dostlarına olan vəfası ilə də məşhurlaşır. O, Parisdə yaşayan Azərbaycan mühacirləri Əli-mərdan bəy Topçubaşov və Ceyhun bəy Hacıbəyli ilə tez-tez görüşür, birgə mübarizə planları hazırlayır, toplantılar keçirir, fikir mübadiləsi edir.

Həyatının son iyirmi ilini M.Çokay Parisdə keçirir. 1921-1941-ci illərdə Parisdə yaşayıb ictimai-siyasi fəaliyyətini davam etdirməklə yanaşı, tez-tez Berlinə də gedir. Bu da səbəbsiz deyildi. Həm oradakı siyasi mühacirlərlə görüşür, həm də “Yaş Türküstan” jurnalı orada çap etdirirdi. O, 1929-1939-cu illər arasında “Yaş Türküstan” jurnalının 117 sayını çap etdirərək oxuculara çatdıra bilir. Bu jurnalda yalnız Tür-küstanın azadlığı uğrunda gedən mübarizədən söz açılmırdı. Keçmiş Rusiya ərazisində əsarətdə yaşayan xalqların milli mübarizəsi burada öz əksini tapır. Jurnalın səhifələrində Azərbaycan siyasi mühacirlərinin məqalələrinə də rast gəlinir. Jurnalın əsas qayəsi əsarətdə olan xalqları Sovet əsarətindən qurtarmaqla yanaşı, türk xalqlarının birliyinə də nail olmaq idi. Buna görə də araşdırıcılar “Yaş Türküstan” jurnalını Mustafa Çokayın ən böyuk əsəri sayırlar. Çokayın baxışları jurnalda dərc olunan məqalələrdə özünə geniş yer tapır.

Faşist Almaniyası Fransanı az zamanda işğal etdikdə siyasi mühacirlərin çoxu bu ölkəni tərk etməli oldu. Mustafa Çokay isə bu ölkəni özünə ikinci vətən saydığından Parisi tərk etmir. Bu da onun siyasi fəaliyyətinin zəifləməsinə səbəb olur. Lakin faşist rejimi onun bu hərəkətindən də razı qalmır. 1941-ci ilin iyunun 22-də Almaniya ilə SSRİ ara-sında başlayan müharibədən az sonra Mustafa Çokay evində həbs edilir və Berlinə aparılır. Alman faşistlərinin məqsədi Mustafa Çokayın nüfuzundan istifadə edərək əsir alınmış türküstanlılardan, tatar və başqırdlardan ordu yaradaraq So-vetlər Birliyinə qarşı döyüşə göndərmək idi. Mustafa Çokay müharibədən sonra Türküstanın azadlıq əldə edə bilmə-yəcəyini gördüyündən Alman faşistləri ilə işbirliyinə getmir. 1941-ci ilin dekabrın 27-də anidən xəstələnərək dünyasını dəyişir. Onun şübhəli ölümü məsləkdaşlarını üzsə də, xanımı Mariyanın köməyi ilə cənazəsini alıb islami adətlərlə, Quran oxutduraraq Berlindəki Müsəlman qəbristanlığında dəfn etdi-rirlər. Hətta ölümünün 40-cı günü Parisdəki ən böyük məs-ciddə ehsan da verirlər.


1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə