Əli Aslanoğlu Yovşanlıq şərqiləri Bakı 2009 Redaktoru: Firuz Mustafa Əli Aslanoğlu. Yovşanlıq şərqiləri




Yüklə 1.67 Mb.
səhifə8/14
tarix16.04.2016
ölçüsü1.67 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Qarabağda qara buludlar
1987-ci ilin ortalarında ara-sıra şayiələr gəzirdi ki, Dağlıq Qarabağın paytaxtı Stepanakertdə ermənilər nə isə yeni bir fitnə hazırlayırlar. Sovet hökumətinin və onun qayda-qanunlarının hələ kifayət qədər güclü olduğu bir vaxtda bu şayiələrə əhəmiyyət ve­rən az idi.

Lakin ermənilər barədə söz-söhbət get-gedə güclənirdi.

Natiq məktəbdən çox əsəbi və qanı qaralmış vəziyyətdə qa­yıt­­mışdı. Anası Hürü xala oğlunun kiminləsə savaşdığını güman edib soruşdu:


  • Bala niyə qanıqarasan? Dalaşıb-eləmisiniz?

Natiq cavab vermədi. Arvad çay gətirə-gətirə təkrar soruşdu:

  • Niyə cavab vermirsən. Yekə oğlansan, sənə heç dalaşmaq yaraşarmı?

  • Dalaşanda evə qanıqara gəldiyimi görmüsən? – deyə, Natiq axır ki, kinayə ilə cavab verdi.

  • Bəs nə olub?

  • Olub də.. ə. Elə şey olub ki, adam heç bilmir neyləsin.

Arvadın qorxudan rəngi qaçdı.

  • Ay bala, sən allah, əməlli-başlı danış, ürəyim qopdu. Genə nə qara xəbər gətirmisən? Qohumdan-zaddan avariyaya düşən yox­dur ki? Ədə, kim ölüb, dillənsənə!

  • Əşi, heç kim ölməyib. Ermənilər aranı qarışdırıblar.

Arvad xeyli toxdadı.

  • Ay bala, cəhənnəmə qarışdırsınlar, xeyirləri öz başlarına tö­külsün. Mən də dedim görəsən nə olub. Yeməyini soyutma. Hö­kumət var, haqq-hesabını özü çəkər.

  • Məsələ elə bundadır ki, hökumət heç nə eləmir. Ermənilər yolları bağlayıblar, azərbaycanlıları nə dağa, nə də arana burax­mırlar. Maşınları daşa basırlar. Yollarda silahlı adamlar qoyub post düzəldiblər. Məktəbdə müəllimlər danışırlar ki, bunun qabağı tə­cili alınmasa, axırı müharibədi. Deyirlər, 1918-ci ildə də ermənilər bu cür fitnəkarlıq törədib, axırda Zəngəzuru qırıb çatıblar. Bir də danışırlar ki, bizim Soltan bəy olmasaydı, Laçını da darmadağın edəcəkmişlər.

Natiq sözünü kəsib çay stəkanını könülsüz-könülsüz qaba­ğı­na çəkdi...

Ertəsi gün Natiqgilin tarix dərsi demək olar ki, boş keçdi. Boş deyəndə, yəni müəllim də, şagirdlər də öz yerlərində olma­sı­na baxmayaraq, sadəcə olaraq proqram üzrə dərs keçilmədi. Bü­tün dərs boyu erməni söhbəti getdi. Müəllim nə qədər dərsi proq­ram üzrə istiqamətləndirmək istəsə də, alınmadı. Uşaqlar dalbadal suallar yağdırırdılar:



  • Ermənilər bizdən nə istəyirlər?

  • Niyə onlar Qarabağı özlərinə çıxırlar?

  • Hökumət nə üçün susur?

  • Moskva niyə qarşısını almır ermənilərin qanunsuz hərə­kətlərinin?

  • İrəvan vaxtı ilə Azərbaycan şəhəri olub, biz niyə onu geri tələb etmirik?

Müəllim uşaqları sakitləşdirmək üçün proqramdam kənar olsa da Qarabağ məsələsindən danışmağa məcbur oldu:

  • Uşaqlar bu məsələ ermənilərin çoxdan bəri davam edən “Böyük Ermənistan” adlı xroniki xəstəliyinin yeni bir təzahü­rü­dür. Uzun illərdən bəri ermənilər bu xülyalarını həyata keçirmək üçün tarixi məqamlardan istifadə etməyə çalışmışlar. 1904-1905-ci illərdə, eləcə də 1915, 1918, 1948-ci illərdə hər dəfə qonşu dövlətlərdə kiçicik bir daxili problem, yaxud tarixin xırda bir ke­çi­di meydana çıxdıqda ermənilər Türkiyənin, Gürcüstanın, xüsu­sən, Azərbaycanın torpaqlarını mənimsəməyə cəhd göstərmişlər. Onlar əvvəlcə qonşu dövlətlərin torpaqlarında şirin dillərini işə sa­­lıb ev-eşik tikir, yerləşib məskunlaşır, fürsət düşən kimi yerli əhalini sıxışdırıb çıxarır və nəhayət, onların torpaqlarını özlərinə çıxırlar. Bizim bu Qarabağda yaşayan ermənilər 1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsindən sonra Azərbaycana İrandan köçürülüb gətirilənlərdir. 1978-ci ildə onlar köçməklərinin 150 illiyini bayram etdilər.

Göründüyü kimi, ermənilər öz xain xislətlərindən əl çəkmir, SSRİ hökumətinin rəhbərliyindən Heydər Əliyevin uzaqlaşdırıl­ma­sından heç iki ay keçməmiş, onlar Qorbaçov hökumətinin “ye­ni­dənqurma”, “aşkarlıq”, “demokratiya” kimi boğazdan yuxarı şüarlarından istifadə edərək Dağlıq Qarabağı Azərbaycandan qo­parmağa cəhd edirlər. Lakin siz narahat olmayın, xalqımız öz ata-baba torpaqlarını heç kimə bağışlamaz.

Zəng vuruldu. Lakin heç kəs yerindən tərpənmirdi. Müəllim sinifin qapısını açıb çıxdıqdan sonra da bir müddət əsəbi sakitlik davam etdi...

Bakıdan və Dağlıq Qarabağdan həyəcanlı və cansıxıcı xə­bər­lər gəlirdi. Danışırdılar ki, ermənilər Dağlıq Qarabağ Vilayətində özbaşınalıq edir, get-gedə azərbaycanlıları sıxışdırıb qovmaq istə­yirlər, ayrı-ayrı kəndlərdə kiçik erməni-azərbaycanlı toqquşmaları baş verir.

Bakıda isə Respublikanın rəhbərləri bacarıqsız uşaq kimi bü­tün problemləri Moskvanın əli ilə həll etməyə ümid bağlamaqda davam edirdilər. Azərbaycan KP MK-nın birinci katibi K.Bağırov vəzifəsindən azad edilib onun yerinə Ə.Vəzirov təyin olunmuşdu.

Yeni rəhbər də məsələnin siyasi cəhətinə diqqət yetirmək əvə­zinə ermənilərin başını sığallamaqla işləri yoluna qoymağa cəhd edirdisə də, vəziyyət düzəlmir, əksinə, get-gedə ağır­laşırdı.

Dağlıq Qarabağ ermənilərinin Azərbaycan hökumətinə qarşı siyasi separatizminin və Azərbaycan xalqına qarşı milli xəyanə­ti­nin qonşu Ermənistan respublikasından qidalandığının o qədər də fərqinə varmayan başçılar Qarabağın Ermənistanla əlaqəsini kəs­mək əvəzinə moskvalı “dayılarının” tövsiyəsi ilə onu daha da genişləndirmək yolunu tutmaqla bu xərçəng yarasının inkişafına rəvac verirdilər. Qarabağın satqın və separatçı erməniləri Yerevan­la dilbir olub vahid bir ssenari əsasında ardıcıl düzülüb-qoşulmuş si­yasi xətt yeridirdilər. Onlar özlərinə məxsus bir surətdə cilddən-cildə girərək ardıcıl uydurulan süni problemləri ortaya atır, onlardan birinə tutarlı cavab aldıqda ikincisinə, üçüncüsünə və sair keçid et­məklə uçurumu dərinləşdirirdilər. Məsələn, onların ilk “narazılığı” sosial problemlərdən başlamışdı. Sonra sübut olundu ki, Dağlıq Qarabağda yaşayan ermənilərin sosial-iqtisadi vəziyyəti nəinki Ermənistanın özündə yaşayanlardan, hətta Azərbaycanın digər böl­­gələrində yaşayan əhalidən də xeyli üstündür. Onda onlar baş­la­dılar dil məsələsini ortaya atmağa. Yenə məlum olduqda iki, SSRİ-də azsaylı xalqlar arasında bu məsələ Azərbaycanda ən yüksək sə­viy­yədə həll olunub, keçdilər milli-dini problemlərə, sonra digər­lərinə və elə-belə bu qondarma cığallıq zəncirinin halqaları süni surətdə artırılırdı.

Azərbaycan tərəfinin yaranmış münaqişəni nizama salmaq ba­rədəki ciddi-cəhdləri Moskva-Yeravan-Stepanakert üçbucağında it-bata düşür, vəziyyət getdikcə ağırlaşırdı. Açıqdan-açığa hiss olu­nurdu ki, Moskva məsələni ədalətli həll etməkdə o qədər də ma­raqlı deyil. Xalqın səbri tükənir, adamların bu aşkar ədalətsiz­li­yə və mərkəzi hökumətin qərəzli siyasətinə qarşı hiddəti get-ge­də güclənirdi.

Artıq Bakıda mitinqlər keçirilməyə başlamışdı. Həmin mi­tinq­lərdə mərkəzi hökumətin ədalətsizliyi və yerli rəhbərliyin acizliyi tənqid edilir, respublikanın ərazi bütövlüyünü qorumaq üçün Xalq Cəbhəsinin yaradılması barədə çağırışlar səslənirdi. Eyni zaman­da qeyd olunurdu ki, Qarabağda ermənilər sürətlə silahlanırlar...

Natiq günorta məktəbdən çıxıb evə qayıdarkən poçtalyon Yusiflə qarşılaşdı. Yusif çantasından çıxardığı zərfi ona uzadıb dedi:


  • Deyəsən qardaşınızdandır, Namiqdən.

Natiq zərfin üstünü oxumadan əsgər məktubunu tanıdı. Böyük qardaşı Namiq iki ay idi ki, Rusiyada əsgərlikdə idi. Bu, onun 3-cü məktubu idi.

Açıb oxudu. Təzə bir şey yox idi. Sağlıq-salamatçılıqdan son­ra Namiq soruşurdu ki, buralara cürbəcür pis xəbərlər çatır, ətraflı yaz görüm erməni məsələsi nə yerdədi. Sonra qeyd edirdi ki, bu­rada xidmət edən azərbaycanlı uşaqların bircə narahatçılığı varsa da, o da Qarabağ məsələsindəndir.

O, məktubu oxuyub yenicə axıra çatmışdı ki, irəlidən gələn səs-küy diqqətini cəlb etdi. Tini burulub raykomun qarşısındakı meydançaya çıxanda gördü ki, bura adamla doludur. Ağız deyəni qulaq eşitmirdi. Kimsə onun qolundan tutdu. Sinif yoldaşı Arif idi:


  • Görəsən nə olub? – deyə, Natiq soruşdu.

  • Eşitməmisən? Ermənilər dünən Əsgəranda iki azərbaycan­lı­nı öldürüblər, Qara dəyirmanda.

  • Qarşılarını alan yoxdu də..ə, qudurublar. Camaat ona görə yığışıb?

  • Hə də... Deyirlər bu gün bütün Ağdam camaatı Stepanakertə - indi onun əsl adını deyirlər – Xankəndi – hücum etmək istəyir. Bi­zim laçınlılar da bu tərəfdən hücum edib ermənilərin ağzını ovuş­­durmaq istəyirlər.

  • Qanı batırmaq olmaz! – deyib, Natiq əlində saxladığı mək­tu­bu çantasının ağzını açmadan küncdən onun içərisinə soxdu.

Bu zaman raykomdan kimsə rəhbər işçilərdən biri çıxıb əlini yuxarı qaldıraraq adamları sakitləşməyə çağırdı. Sonra əlini aşağı salıb nəsə izah etməyə başladı. Natiq onun bircə kəlməsini eşitdi.

  • Əliyalın erməninin üstünə getmək olmaz... Hökumət hər kə­si cəzalandıracaq... Dağılın gedin evinizə. Lazım olsa özümüz çağırarıq.

Natiq hirslənmişdi. Necə yəni lazım olsa? Niyə indiyə kimi yatmısınız, indi isə əliyalın getməyə qorxursunuz? O, raykom iş­çi­sinin qarasına öz ürəyində söylənə-söylənə evə getdi. Həm ac­mışdı, həm məktubu anasına çatdırmaq və həm də bu izdihamı ev­dəkilərə bildirmək istəyirdi.

Evə çatandan sonra aydın oldu ki, evdəkilərin məlumatı daha çoxdur. Ermənilər Laçın-Şuşa yolunda iki maşını daşa basıb şü­şə­lərini sındırmış, Laçının Ermənistanla həmsərhəd olan Cağazur kəndinin fermasına hücum edib bir neçə baş mal-qara və xeyli qo­yun aparmışdılar. Bundan əlavə, xəbər çatmışdı ki, Ermənistanda yaşayan azərbaycanlıları öz yurd-yuvalarından qovurlar. On min­dən artıq Ermənistan qaçqını Azərbaycana gəlmişdi. Onlara ol­ma­zın əzab-əziyyətini vermişdilər. Bir çoxu ayaqyalın, üst-başı cı­­rılıb tökülmüş vəziyyətdə imiş. Hətta deyirlərmiş ki, Bakıya va­qonla gələn qaçqınların bir qisminin qulağı, burnu, barmağı kəsi­lib­miş, hökumət işçiləri bunu ciddi surətdə məxfi saxlayırlarmış ki, çaxnaşma düşməsin.

Natiq bütün bunları eşidəndən sonra daha bərk əsəbiləşdi. Ac olmasına baxmayaraq yemək də yadından çıxdı. Bir-iki qurtum çay içib, keçib içəri otaqda çarpayıya uzandı...

* * *


Şəhərə xəbər yayılmışdı ki, evlərdəki ov tüfənglərini yığırlar. Polis işçilərinə əhalidə olan şəxsi silahları hesaba alıb, sonra isə müsadirə etmək tapşırığı verilmişdi. Bu tədbir əlbəttə ki, erməni­lərin qurğusu idi, onlar Moskvadakı havadarlarını inandırmışdılar ki, azərbaycanlılardan silahlar yığılıb götürülsə münaqişəni yolu­na qoymaq olar. Yəqin ki, “yoluna qoymaq” deyəndə onlar öz mən­fur niyyətlərini asanlıqla həyata keçirməyi nəzərdə tutur­du­lar. Azərbaycanın o vaxtkı avam və qətiyyətsiz dövlət və höku­mət başçıları isə “yoluna qoymağı” elə doğrudan da məsələnin həl­li kimi başa düşərək yuxarıdan gələn hər bir göstərişi ağına-bozuna baxmadan icra etməyə girişirdilər. Xüsusilə də bu, xalqın zə­rərinə olduqda. Çünki o zaman totalitar kommunist rejimində rəhbərlik üçün xalqın rəğbəti heç nəyə bərabər idi, əsas məsələ moskvalı ağa­la­rın yanında “hörmət” qazanmaq idi. Özününkünü satıb özgəni tu­tanda belə “hörmət” daha tez qazanılırdı.

Bu cəhətdən Bakı xüsusilə fərqlənirdi.

Vəziyyət elə bir hala çatmışdı ki, rusca oxumaq mədəniy­yə­tin əsası hesab olunurdu. Bakıda Azərbaycan dilində danışanlar “kəndçi-kündçü” adlandırılırdı. Nazir və nazir müavini səviyyə­sin­də işləyənlərin demək olar ki, 80%-dən artığının arvadı ya rus, ya erməni, ya da yəhudi idi.

Natiq atasının qoşalülə tüfəngini köhnə əskiyə büküb ­həyət­də­­ki böyük tut ağacının koğuşunda gizlətmişdi. Tüfəng Rafiq müəl­limin adına idi. O isə artıq 3-4 ay idi ki, Bakıda işləyirdi.

Tüfənglərin bir qismini doğrudan da yığdılar. Vəziyyətin ağır­lığını başa düşən yerli polis işçiləri bu məsələyə bir qədər üzdən­get­di yanaşırdılar. Silahların təhvil verilməsini elan etsələr də, ev­ləri gəzib yığmadılar.

İki həftədən sonra “tüfəng yığmaq” məsələsi tamamilə sovuş­du. Və Natiq gizlətdiyi qoşalüləni gətirib tozunu təmizlədi, divar­da öz yerindən asdı.

O vaxt qoşalülə güclü silah hesab olunurdu...

1988-ci ilin axırlarında Qarabağdan hər gün müxtəlif bəd xə­bərlər eşidilirdi. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kənd­lə­rində tez-tez toqquşmalar olur, adam oğurlamaq, fermalara bas­qın­lar etmək, maşın yandırmaq xəbərləri demək olar ki, adi mə­lu­mata çevrilmişdi.

1989-cu ildə artıq Laçının Ermənistanla həmsərhəd olan yer­lərində nəzarət-müdafiə postları qoyulmuşdu. Cicimli, Sadınlar, Cağazur, Malıbəy, Güləbird kəndlərinin yaxınlığında bir neçə be­lə post qoyulmuşdu. Həmin postlarda polis nəfərləri və yerli ca­maatdan olan cavanlar növbə çəkirdilər.

Onuncu sinif uşaqlarından bir neçəsi öz aralarında sözləş­miş­dilər ki, gedib gecə postlarında növbə çəksinlər. Məsələnin təşəb­büs­karı Natiq Babayev idi. Bir gün böyük tənəffüsdə o, sinif yol­daşları Hüseynov Məsudu və Həsənov Natiqi kənara çəkib dedi:



  • Uşaqlar mənim bir fikrim var. Əgər qorxmursunuzsa, sizə də deyə bilərəm.

  • Yenə nə icad eləmisən? – deyə Məsud zarafatla soruşdu.

  • Heç nə icad eləməmişəm. Bazar günü posta növbəyə get­mək istəyirəm. Döşünüzə yatırsa bir yerdə, yoldaşlı gedək.

  • Ə, səni kimdi ora buraxan? – Həsənov Natiq söhbətə qarışdı:

  • Bir də ki, dəyənək götürüb gedəcəksən? Kim sənə silah verər.

  • Silahdan narahat olma, – deyə, Natiq böyüklərə məxsus bir tərzdə özündən razı halda cavab verdi:

  • Evdə qoşalüləmiz var, kara gələr.

  • Bizdə də bir köhnə 12 nömrə təklülə var, ancaq nə olsun, atam verməz.

  • Əgər evdə desəniz, əlbəttə heç kim razı olmaz və gedə bil­məzsiniz. – Natiq izahat verdi.

  • Şəxsən mən tüfəngi anamdan xəlvət götürüb gedəcəm. Qa­yıdanda deyərəm.

  • Onda bütün gecəni bizi axtaracaqlar, bütün rayon ayağa qalxar. – deyə, Həsənov Natiq başını buladı.

  • Yox ey, evdə deyib getmək lazımdı. Özü də gündüz səhər saat 8-də gedib axşam 6-7-də qayıdarıq. Hələlik gedib postu tapıb tanıyaq.

Məsudun fikri ağıllı idi. Uşağın əlinə tüfəng verib birdən-birə gecə postuna heç kəs göndərməzdi.

  • Oldu! – deyə, Natiq Babayev söhbəti yekunlaşdırdı:

  • Altıncı gün axşam saat 5-ə kimi görüşüb danışarıq. Ona qədər hərə öz evində icazə məsələsini həll etsin.

Uşaqlar bazar günü səhər saat 9-da avtovağzalda görüşdülər. Onlar Malıbəy kəndinə gedən avtobusa oturub yola düşdülər. Natiq Babayev qoşalülə tüfəngini və bir qatar patron götürmüşdü. O, tüfəngi əlində aparsa da, qatarı belinə bağlamamışdı. Onu mək­təb çantasına qoyub yanına da pendir və bir təndir çörəyi büküb qoy­muşdu. O biri uşaqların tüfəngi yox idi, amma sumkalarında yemək və bir də birinci günün dərsinə aid kitablar götürmüşdülər.

Malıbəydə düşüb postun yerini soruşdular. Bir nəfər, 45-50 yaşlarında bir kişi uşaqları süzüb dedi:



  • Sizi kim göndərib? Post eksursiya yeri deyil, bala.

  • Əmi, biz gəlmişik ki, növbə çəkək. Bu gün bazardı, orda növ­bə çəkənlər gedib axşama kimi dincəlsinlər, – deyə, Natiq Babayev cavab verdi.

  • Postun biri odur ey, o yalın başındadı. – kişi şəhadət bar­ma­ğını cənuba tərəf tuşladı və sonra əlavə etdi:

  • Piyada yarım saatlıq yoldu.

  • Sağ olun, əmi, – Natiq kişiyə minnətdarlığını bildirib yol­daş­larına tərəf döndü:

  • Gedək, uşaqlar.

Artıq 25 dəqiqədən sonra onlar postda idilər. Hündür boylu, qarabığ bir polis nəfəri uşaqların qabağına çıxdı:

  • Malıbəydənsiniz? Maşallah tüfənginiz də var ki, – deyə, Natiq Babayevin qoşalüləsinə işarə etdi.

  • Laçından gəlmişik, – deyə, Natiq cavab verdi, – Növbə çək­mək istəyirik.

  • Nə...ə? Kim sizi Laçından bura göndərib? – polis serjantı təəccübləndi.

  • Özümüz gəlmişik.

İrəlidən kimsə çağırdı:

  • Hümbətov, nə var orda? Bura gəlin görüm.

  • Gəlirik, yoldaş rəis, – polis nəfəri cavab verdi və uşaqlara müraciətlə:

  • Gedək, rəis müavini çağırır.

Rəis müavinini uzaqdan Natiq dərhal tanıdı. Bu, onların qon­şu­su Telman Tanrıverdiyev idi. Deyəsən, Telman da onu tanımış­dı. Çatar-çatmaz dedi:

  • Ə, sən hardan gəlib bura çıxmısan?

Natiq irəli yeriyib Telmanla əl tutub görüşdü və gözucu post deyilən yerə nəzər salıb dedi:

  • Telman müəllim, özümüz – sinif yoldaşlarımız təşəbbüs gös­tərib gəlmişik ki, bəlkə boş vaxtlarda bizim də bir köməyimiz dəydi.

  • Təşəbbüsə görə təşəkkür, ancaq sizin köməyiniz o vaxt də­yə bilər ki, dərslərinizi yaxşı oxuyub başa vurasınız, instituta gi­rib sənət sahibi olasınız, – deyə, Telman ciddi tərzdə uşaqları göz­dən keçirdi. Sonra siqaretini yandırıb əlavə etdi:

  • Qayıdın, gəzə-gəzə gedin evinizə, yoxsa erməni oradan dur­binlə baxıb sizi burada görsə, daha da ürəklənər. Elə bilər ki, post­larda südəmər uşaqlar durur.

Söz uşaqları tutdu. Lakin heç biri dillənmədi. Kapitan Tanrıverdiyev siqaretindən bir neçə qullab çəkib polis nəfərini çağırdı:

  • Hümbətov, uşaqları yola sal getsinlər, həm də... – birdən fikrini dəyişdi:

  • Yaxşı, - dedi, qoy bir-iki saat sənin yanında olsunlar. Özüm o biri postlara baş çəkib qayıdandan sonra apararam.

Telman UAZ-a oturdu və indi yadına düşürmüş kimi soruş­du:

  • Natiq, papa, mama necədi? Namiqdən kağız gəlirmi?

  • Yaxşıdılar, sağ olun, - deyə, Natiq cavab verdi:

  • Namiqdən bu yaxınlarda kağız gəlib.

  • Yazın çıxsın gəlsin, daha nə var orada? – deyərək, Telman maşınının qapısını örtüb tərpəndi.

Serjant Hümbətov uşaqları postun içinə apardı. Bu, yarısı ye­rə basdırılmış köhnə bir vaqon idi. İçərisində iki köhnə taxt qo­yul­muşdu və üstündə 2-3 yastıq və iki nimdaş yorğan görü­nür­dü. Sol tərəfdə divara bərkidilmiş bir stol və onun da yanında üç ədəd kürsü vardı. Stolun üstündə 3-4 qəzet və bir də sinif jurna­lına bən­zəyən bir jurnal qoyulmuşdu. Yəqin ki, növbətçilik jurna­lı idi.

Vaqonda cəmi 4 nəfər polis işçisi vardı. Hümbətov və üç nə­fər də əlavə. Onlardan ikisi vaqonun küncündə peçə oxşar bir şeyi qurdalayır, biri isə taxtın üstündə dirsəklənib mürgü vururdu,de­yə­sən, gecəni yatmamışdı. Uşaqlar içəri keçəndə qalxıb oturdu və:



  • Hümbətov, deyəsən təzə dəstə gətirmisən. – dedi.

  • Dəstədi, özü də lap sazından. – deyə, Hümbətov cavab verdi.

  • Amma bunlar hələ göydülər, gərək bərkə-boşa düşüb ye­ti­şələr.

  • Ə, nə bərk-boş, bu oğlanın qoşalüləsi sənin avtomatından saz­dı, özü də, maşallah, lap Qaçaq Nəbiyə oxşayır.- deyən Hümbətov bo­ğazını arıtlayıb əlavə etdi:

  • Yatma, dur qonaqlara çay süz, uzaqdan gəliblər. Sonra da buraların işini başa sal, durbini ver, qonşularımızın murdar sifət­lərinə də baxsınlar. Yoxsa heç nə görməyib qayıtsalar, məktəbdə lağ yeri olarlar.

Telmanın qayıtması heç bir saat da çəkmədi. Cəld və iri ad­dım­larla vaqona girib uşaqlara müraciətlə:

  • Yığışın gedək, - dedi - vaxt yoxdu, tələsiyirəm.

Sonra Hümbətova tərəf çevrildi:

  • Kəndin ispolkomuynan danışmışam, axşama dörd nəfər gön­­dərəcək, onları vaqona soxma, qoy 70-80 metr aralı sağ-sol ci­nahlarda iki-iki növbə çəksinlər. Özüm də iki polis nəfəri, tap­sam iki də avtomat göndərəcəm. – deyə, tapşırıq verdi. Qapıdan çıxa-çıxa əlavə etdi:

  • Sayıq olun, Bakıda vəziyyət pisdi, ermənilər bundan istifa­də eliyə bilərlər, onlar belə fürsətdən yaxşı istifadə edirlər.

Artıq beş dəqiqədən sonra uşaqlar UAZ maşınının arxasında oturub Laçına qayıdırdılar. Yolun qayalıq bir yerində qəflətən Telman sürücüyə:

  • Saxla, burda! – dedi.

Maşın dayandı. Telman maşından düşüb Natiqə:

  • Tüfəngi bəri ver, burda çoxlu kəklik olur, qaqqıltısını eşit­dim – dedi. Natiq tüfəngi verdi.

  • Doludu?

  • Hə...

  • Özün də düş, bax o kolluğu görürsən? – təxminən əlli metr aralıda, qayaların altında kolları göstərdi. – İki daş götür, çıx qa­­ya­nın üstünə, mən fit verəndə o kolluğa iki daş atarsan.

Telman yavaş-yavaş aşağı tərəfdən qayalığa yaxınlaşıb kolun dibində oturdu. Natiq artıq qayanın üstündə idi. Fit səsi eşidən kimi əlindəki daşları dalbadal kolluğa atdı. Qayanın döşündən 4-5 kəklik qaqqıldaşıb uçdu və atəş səsi qayalıqda əks-səda verdi. Kəkliyin birinin bir neçə lələyi dağıldı və özü tappıltı ilə yerə düşdü.

  • Düş gətir. – deyə Telman Natiqə işarə etdi.

Natiq özünü eniş aşağı uçurlayıb iki dəqiqə çəkmədən vurul­muş ovu sallaya-sallaya gətirdi.

  • Apar Hürü xala bişirsin, - deyərək Telman qoşalüləni Natiqə uzatdı:

  • Evdən silahlı çıxan adan evə əliboş qayıtmaz! – gülümsə­yib o biri uşaqlara göz vurdu və maşına oturub:

  • Sür! – dedi, – Gecikirik.

Maşın irəli atıldı.
Müharibə

1990-cı ilin yanvar ayının 20-də dəhşətli bir xəbər bütün Laçını lərzəyə gətirdi.

Rus ordusu Bakını işğal etmişdi. Yüzlərlə günahsız adam qı­rıl­mış, itkin düşmüş, yaxud yaralanmışdı. Azərbaycanın ürəyi, öl­kənin paytaxtı Bakı şəhəri tamamilə xarici aləmdən təcrid olun­muşdu.

SSRİ dövlətinin başçısı M.Qorbaçovun erməni millətindən olan köməkçilərinin də az rol oynamadığı mənfur bir tarixi cina­yət törədilmişdi. Rus hərbi qüvvələri qurudan, dənizdən və hava­dan qəflətən dinc əhalinin üzərinə hücuma keçib böyük qırğın tö­rətmiş, bu qədim və gözəl şəhərin küçələrini bərbad hala sal­mış­dı. Şəhərdə hərbi vəziyyət elan edilmişdi.

Həmin gün bu qara xəbəri Natiqgilə xalası oğlu Mübariz gə­tirmişdi. Xəbəri eşidən Natiqin elə bil başına bir qaynar qazan su tökmüşdülər. O, hirsindən, hiddətindən özünə yer tapa bilmirdi. Ürəyini didib-dağıdan onlarla suala cavab tapa bilmir, ona görə də əsəbiləşirdi. Rəngi qapqara qaralmışdı.

Natiq artıq neçə ay idi ki, Laçının sərhəd kəndlərinin müda­fiə­sinə qalxan cavanların sırasında idi. Daha kapitan Tanrıverdiyev onu və onun kimi uşaqları “südəmər” adlandırmırdı.

Necə oldusa, o, ilk dəfə döyüşə getdiyini xatırladı. O zaman da Mübariz qara xəbərlə tənginəfəs qaçıb onu küçədə tutmuşdu...

Bu, 1989-cu ilin yazı idi.



  • Xəbərin var? – deyə tövşüyünü güclə saxlayan Mübariz hə­yə­canla soruşdu.

  • Ermənilər? – deyə Natiq dərhal suala sualla cavab verdi.

  • Hə, Hacılar kəndinə hücuma keçiblər. Bütün rayon gedib ora.

  • Getdik! – deyə Natiq onun çiyninə vurub evə cumdu.

  • Yavaş görək, necə gedək?

  • Tez gəl! - deyə, Natiq cavab vermədən onu ardınca çağırdı.

Beş dəqiqə çəkmədən o, evdən ov tüfəngini və patron qata­rı­nı götürüb çıxdı. Onlar birlikdə Hacılara üz tutdular. Yolda 4-5 nəfər də onlara qoşuldu.

Kəndə çatmağa 6-7 km. qalmış atəş səslərini açıq-aydın eşi­dir­dilər. Yaxşı ki, onlara kənddən daha üç nəfər qoşuldu, yoxsa onlar hansı səmtdə nə baş verdiyini bilmirdilər və vəziyyətin ne­cəliyini bilmədən döyüşə girmək çətin idi. Hacılardan olan orta boylu 38-39 yaşlarında bir kişi (deyəsən idarə işçisi idi) onları da­yandırıb izahat verdi:



  • Səhərdən kəndə tərəf avtomat silahlardan atəş açırdılar. Biz də ov tüfənglərilə hərdən cavab verirdik. Günortaüstü iki tərəfdən kəndə hücuma keçiblər. Hər tərəfdə 50-dən yuxarı erməni var. Sol tərəfdən atəş daha güclüdü. Sağda polis dəstəsi vuruşur. Ona görə də oradan bir qədər geri çəkilib, bütün gücü sol cinaha ve­riblər.

  • Tərpəndik ora! – deyə, kimsə dilləndi.

  • Gedək, amma ayrılmayın. Hamı bir yerdə getsin. Silahı olan­lar (cəmi 6 nəfərdə ov tüfəngi vardı) mənimlə irəlidə, qalan 3 nəfər arxada gəlsin.– deyib, həmin kişi irəli yeridi.

Onlar atəş səsinin güclü olduğu yerə yaxınlaşanda göründü ki, burada da 7-8 nəfər polis işçisi qayaya söykənib atışır. Onlar­dan biri uşaqları gətirən kişiyə:

  • Həsən, siz burda olun, mən təpənin üstünə tərəf gedim gö­rüm vəziyyət nə hallıdı. – deyib, avtomatını da götürüb yoxuşa dır­maşmağa başladı.

Tüfəngi olanlar hərəsi bir daşın dalına yatıb, düşmən tərəfə bir-iki atəş açdılar. Qarşı tərəfdən atəş səsi elə bil bir qədər azaldı.

Natiq qoşalüləni ikinci dəfə doldurub atəşə hazırlaşırdı ki, birdən yuxarıdan bir polis nəfəri qışqırdı:



  • Tez olun, çəkilin aşağı! – sağ əlini dərəyə tərəf uzatdı.

- Köpəy uşağı bizi mühasirəyə almaq istəyirlər.

Həsən tez qalxıb:



  • Uşaqlar, silahı olmayanlar tez geri çəkilib dərəyə düşsün, ordan qobu yuxarı çəkilmək lazımdır. – dedi.

Mübarizin tüfəngi olmasa da Natiqin yanına qaçdı.

Artıq gün batmağa yarım saatdan bir az çox qalırdı. Onlar qalxıb Həsən deyən səmtə getmək istəyirdilər ki, daha 3-4 polis nəfəri onlara çatdı:

  • Tez düşün, mühasirəyə düşürük, - deyə, onlardan biri qış­qırdı.

Uşaqlar kolluq yamacdan özlərini aşağı uçurladılar. Yıxılıb dura-dura dərəyə endilər. Hər ikisinin üst-başı cırıq-cırıq olmuş­du. Onlarla daha 3 polis nəfəri düşdü. Polis işçilərindən biri:

  • Haydı, dərə yuxarı gedib, o biri təpənin dalından, onların ar­xa­sına keçmək lazımdır. – dedi.

Təpəni aşmaq bir saata qədər vaxt apardı. İrəlidə iki polis iş­çisi, onun ardınca yerli kənddən 3–4 nəfər, sonra Natiqlə Mübariz gedirdilər. Göstərilən yerə çatanda polis işçilərindən biri o birisinə:

  • Musa, sən 4-5 nəfərlə burda dur, mən üç nəfərlə təpənin üstünə çıxım, hava qaralır. Atəş açsam, siz də gələrsiz.– dedi və ilk nəzərinə çarpan iki nəfər işarə etdi:

  • Getdik!

Bu iki nəfərin biri Natiq idi. Onlar 4-5 dəqiqədən sonra artıq təpənin üstündə idilər. Polis işçisi diqqətlə hər tərəfi gözdən ke­çirib:

  • Əclaflar aşağıdadırlar. – dedi və avtomatından həmin tərəfə üç-dörd atəş açdı.

Artıq arxadakılar da gəlib çıxmışdılar. Altı-yeddi atəş birdən açıldı.

Ala-toranlıqda aşağıda kolların tərpəndiyi görünürdü.



  • Qaçırlar quldurlar, – deyərək, həmin polis nəfəri daha 5-6 avtomat atəşi açdı və ov tüfəngləri də ona qoşulub şaqqıldadı.

Onlar atəş aça-aça irəli yeridilər. Qarşıdan atəş səsi kəsil­miş­di. Təxminən 600-700 metr irəlilədikdən sonra sağa buruldular. Daha yarım saatdan sonra sağ cinahda vuruşan polis dəstəsinin ya­nına çıxdılar.

  • Vəziyyət necədi? – qaranlıqda kimsə, gələnlərdən soruşdu.

  • Qovduq, yoldaş rəis. - polis nəfəri cavab verdi.

Natiq indi tanıdı ki, vəziyyəti soruşan Telmandı...

O zaman Natiq evə gecə saat 2-də gəlib çıxdı. Anası və bacı­sı özlərinə yer tapa bilmirdilər. Onların danlağını, tənqidini, hədə­si­ni Natiq elə bil eşitmirdi. Üst-başının cırılması isə təəssüf his­sin­dən artıq qürur hissi doğururdu.

O, evə qələbə ilə qayıtmışdı!..

İndi yanvarın 20-də gələn qara xəbər isə onda acı təəssüf, heyrət və təhqiramiz acizlik hissi doğururdu.

İlk dəfə idi ki, Natiq özünü gücsüz və kimsəsiz hiss edirdi.

Natiq və Mübariz evdən çıxıb raykomun binasının qarşısın­da­kı meydançaya yollandılar. Hər bir fövqəladə hadisə baş verən­də camaat bura toplaşırdı.

Meydança indi də dolu idi. Orada mitinq gedirdi. Tribunaya yaxınlaşmaq çətin idi. Meydan kişi, qadın və uşaqlarla dolu idi.

Tribunada rayon Xalq Cəbhəsinin üzvlərindən bir nəfər çıxış edirdi. Mikrofon olmadığından onun səsi meydançanın kənarında güclə eşidilirdi. Lakin ümumi məzmun qırıq-qırıq çatan cümlə­lər­dən aydın olurdu.

Bu, laçınlıların 20 yanvar işğalına etiraz nümayişi idi.

Daha iki cansıxıcı həftə də gəlib keçdi.

Bakıdan isə yalnız və yalnız ürək ağrıdan xəbərlər gəlməkdə davam edirdi. Şəhərdə komendant saatı tətbiq edildiyindən Bakı­ya gediş-gəliş çətinləşmişdi. Xalq Cəbhəsinin üzvlərinin bir ne­çə­si həbs edilmiş, bəziləri də gizli fəaliyyətə keçmişdilər. Respublika rəhbərliyi yenidən dəyişmişdi. Ə.Vəzirovun yerinə A.Mütəllimov partiyanın mərkəzi komitəsinin birinci katibi təyin olunmuşdu.

Qarabağda isə ermənilərin “işi” yaxşı gedirdi. Dağlıq Qarabağın mərkəzi Xankəndində yerləşən rus polku və Rusiyadan göndəril­miş əlavə qüvvələr onları müdafiə etmək bəhanəsi ilə azərbaycan­lı­ların sıxışdırılıb Dağlıq Qarabağdan çıxarılması işinə hər cür şə­rait yaradırdılar. Ermənilər get-gedə azğınlaşır, gecələr kəndlərə hücum edir, gündüzlər yollarda quldurluqla məşğul olurdular. Respublikanın yeni rəhbərliyi də əsaslı bir iş görmürdü, ya­xud da görə bilmirdi.

Mart ayının 28-də Natiqin böyük qardaşı Namiq Bakıdan Laçına gəldi. O, əsgərlikdən 1990-cı ilin dekabrında qayıtmışdı. İki həftə Laçında qalıb Bakıya getmişdi. 20 Yanvar qırğınında o da Bakıda idi. Xoşbəxtlikdən xəsarət almamışdı.

Namiq anası və bacısı ilə görüşüb hal-əhval tutduqdan sonra Natiqi soruşdu:



  • Natiq dərsdədi?

  • Yox, deyəsən, bu gün posta gedib. – deyə, Hürü xala cavab verdi, sonra böyük oğluna öz narazılığını bildirdi:

  • Dəfələrnən demişəm, özünə yığışmır. Özbaşına tüfəngi gö­türüb gedir, gecənin yarısı qayıdıb gəlir. Bir dəfə lap səhər işıq­la­şanda qayıtmışdı. Neyniyim, kişi Bakıda, mənim də sözümə qu­laq vermir.

  • Kimnən gedir posta? – Namiq soruşdu.

  • Nə bilim, ay bala, özlərinin qrafiki var. Heç evdə söz da­nı­şır ki, biləsən hara gedir, kimnən gedir? Vallah bu gədə bizim ba­şımıza iş açacaq. Onun tayları qəbul imtahanına hazırlaşır, bu isə... nə deyim vallah.

  • Eybi yoxdur, yəqin mənim əvəzimə gedirmiş – deyə, Namiq bacısına göz vurdu, – Daha getməz, özüm öz yerimə çıxaram.

Hürü xala üzünü qızına tərəf çevirib:

  • Düzəltdi!... Biz dedik böyük gələr, kiçiyin başına ağıl qo­yar. Ay oğul, hökumət gərək müharibə aparsın. Hərə - hərəliknən erməni qabağına durmaqmı olar? Vallah, belə getsə, ermənilər bu­raları viranə qoyacaq! – dedi və başını narazı-narazı silkələyib mətbəxə keçdi.

  • Hökumət yoxdur, ay ana. Elə nə iş görsək, gərək özümüz gö­rək. Biz indi iki cəbhədə mübarizə aparmalıyıq. Həm öz qey­rətsiz başçılarımıza qarşı, həm də erməni quldurlarına qarşı. Hələ rus imperialistlərini demirəm. Gördünüz də...ə, Bakıya nə toy tut­du əclaflar. Ona görə ki, qulaqlarına azadlıq sözü dəymişdi. Am­ma bizim xalqı belə şeylər qorxuda bilməz. Namiq evin ortasında ayaq üstə dayanıb sanki çıxış edirdi. Süfrəyə yemək gəldiyindən sözünü yekunlaşdırdı:

  • Gec-tez ruslarnan da qurtaracağıq. O kəslər ki, bizə dost deyil, deməli düşməndi...

O axşam Natiq evə tez qayıtdı.

Darvaza qapısını açıb həyətə girəndə Namiqlə üz-üzə gəldi.



  • Ə, hardasan, gəl çıx də..ə! – deyib, Namiq onunla əl tutub görüşdü. Cavab gözləmədən dərhal soruşdu:

  • Posta gedirsiniz? Kimlərnən gedirsiniz?

  • 5-6 nəfərik. Mən Mübariznən bir çıxıram, xalaoğluynan. – Natiq cavab verdi.

  • Silahınız var?

  • Var deyəndə,... belə də.. – Natiq hələ də əlində saxladığı qoşalüləyə işarə ilə:

  • Kimin nəyə gümanı gəlir. – dedi.

  • Ə, bunnan silah olar? Ermənilərin pulemyota qədər hər şeyi var.

Natiq tüfəngi və içində qatar olan çantanı stolun üstünə qo­yub, ayaqqabılarını çıxara-çıxara soruşdu:

  • Bakıda vəziyyət nə təhərdi?

  • Pis. Komendant saatı qoyulub, Xalq Cəbhəsi dağıdılıb, şəhər bərbad gündədi.

Hürü xala uşaqlarını evə çağırdı:

  • Bala, gəlin çay için, niyə ayaq üstə qalmısınız?

  • Gəlirik, - deyə Natiq böyük qardaşını irəli buraxıb onun ardınca evə keçdi.

  • Yollar necədi? Qubadlı yolu gəlmisən? – Natiq soruşdu.

  • Başqa yol var ki? Heç Qubadlı yolu da qorxusuz deyil. Ermə­ni­lər hər cür təxribat törədə bilərlər. Gərək həmişə sayıq olasan.

Səhərisi gün Natiq məktəbə gedəndən sonra, Namiq də evdən çıxdı ki, şəhərdə bir az hərlənib vəziyyətdən hal-əhval tutsun.

* * *


Natiq qəbul imtahanlarına demək olar ki, hazırlaşmadı. Daha doğrusu, hazırlaşmağa nə vaxt var idi, nə də həvəs. Həftədə 2-3 dəfə posta gedib növbə çəkirdi. Qalan günlərdə isə ev işlərini və gündəlik dərsini yola verirdi. Ancaq o, dərslərindən axsamırdı, riyaziyyat və fizikadan isə sinifdə hamıdan birinci idi.

İmtahanlara 12 gün qalmış Natiq Namiqlə birlikdə Bakıya yola düşdü.

Laçın-Qubadlı yolu boyunca bir neçə yerdə nəzarət-yoxlama postları var idi və yolda tez-tez keçən polis maşınlarına rast gəli­nirdi. Bu yol indiki vəziyyətdə doğrudan da təhlükəli idi. Dərə­lərdən və meşələrdən keçən yola hər vaxt erməni quldurları gəlib çıxa bilərdilər. Qubadlı və Laçın rayonlarının Ermənistanla həm­sərhəd olan hissələrində bir neçə nəzarət postu qoyulmuş olsa da, istənilən vaxt erməni yolkəsənləri meşənin içi ilə xəlvət yollarla buralara qədər irəliləyə bilərdilər. Xoşbəxtlikdən hər şey salamat­lıq­la qurtardı və onlar 7 saatlıq yoldan sonra gəlib Bakıya yetiş­di­lər.

Qəbul imtahanları gözlənilmədən çox asanlıqla keçdi və Natiq Azərbaycan İnşaat Mühəndisləri İnstitunun Yol-inşaat fa­kül­təsinə qəbul olundu...

1991-ci ilin ortalarından etibarən Laçın demək olar ki, blo­ka­da vəziyyətində idi. Ermənilər Laçın-Şuşa, Laçın-Kəlbəcər yolla­rı­na tam nəzarət edir, Laçın-Qubadlı yolu isə Qayğı qəsəbəsi ərazisində müntəzəm atəşə tutulurdu. Bu təhlükəyə baxmayaraq Laçının yeganə çıxış yolu olan Qubadlı yolu ilə laçınlılar respublika ilə əlaqəni üzmürdülər.

Milli Ordunun yaradılması barədə qərar verilməsinə baxma­ya­raq hələ ortada bir şey yox idi. Laçının əli silah tutan adamları ov tüfəngləri ilə gecə-gündüz quduz və hiyləgər düşmənin qa­ba­ğın­da dayanırdılar. Xalq könüllülərindən yaradılmış Laçın batal­yonu və polis işçilərindən təşkil olunmuş kiçik bir dəstə yeganə ümid yeri idi.

Laçın döyüşür, müharibə aparırdı, özü də təkbaşina, arxasiz, köməksiz, silahsiz. Buna bəlkə də buna müharibə yox, öz torpağı, od-ocağı, ev-eşiyi, doğma yurdu uğrunda ölüm-dirim mübarizəsi demək daha doğru olardı. Artıq uşaqdan-böyüyə hamıya bəlli idi ki, respublika rəhbərliyindən heç bir hay-haray olmayacaq. Buna görə də əsli Laçından olan, lakin respublikanın, eləcə də SSRİ-nin başqa şəhərlərində yaşayan cavanlar da axışıb gəlirdilər ki, öz ata-baba yurdlarını müdafiə etsinlər. Laçın batalyonu yavaş-yavaş böyüyüb möhkəmlənir, döyüş təliminə və təcrübəsinə yiyələnirdi.

Natiq institutun gündüz şöbəsində oxumasına baxmayaraq dəfələrlə Laçına gəlmiş və hər dəfə də rayonda qaldığı 10-15 gün müddətində müntəzəm olaraq döyüş bölgələrinə getmişdi. Qardaşı Namiq Laçın batalyonunda döyüşürdü.

Əslində Natiq Bakıya - instituta arabir gedirdi. Onun əsas vaxtı cəbhədə keçirdi. Dekanlığa Laçın batalyonunda vuruşması barədə arayış təqdim olunmuşdu.

Könüllülər dəstəsində o, kəşfiyyat qrupunun döyüşçüsü kimi tanınırdı. Hər dəfə cəbhəyə gedəndə Natiq xalası oğlu Mübarizin yanına gedir və onun rəhbərlik etdiyi 10 nəfərlik kəşfiyyat dəstə­si­nə qoşulub əməliyyatlarda iştirak edirdi. Laçının cənubunda Səfiyan, Suarası, Türklər, Cicimli kəndləri, eləcə də Susuz dağ, Qızartı yüksəklikləri uğrundakı döyüşlərdə Natiq yaxından iştirak etmiş, dəfələrlə çətin sınaqlardan çıxmışdı. Xalaoğlu Mübariz bu bölgədə böyük ad-san qazanmışdı. Onun rəhbərlik etdiyi kiçik kəşfiyyat dəstəsi neçə yol ermənilərin arxasına keçib qəfil zərbə­lər­lə düşməni pərən-pərən salmış, çoxlu sayda əsir götürmüşdü. Mübarizin kəşfiyyat dəstəsində Natiq döyüşün adi bir iş olduğuna artıq alışmışdı. Burada qorxunun nə olduğunu heç kəs xəyalına gətirmir, əməliyyatlardan azad vaxtlarda demək olar ki, hamı da­rıxırdı.

...Qızartı yüksəkliyini tutmaq üçün Suarası kəndinin ermənilərdən təmizlənməsi lazım idi. Bunun üçün həmin kənddə kəşfiyyat işi görülməli, düşmənin qüvvəsi və mövqeləri barədə dəqiq məlumat toplanmalı idi.

Ümumi məlumat belə idi ki, düşmən Suarasında bir rotadan çox qüvvə saxlayır, Qızartı yüksəkliyində isə güclü atəş nöqtələ­ri­nə malikdir.

Mübariz, Natiq və 8 nəfər də başqa döyüşçülər kəşfiyyata ax­şam saat 10 radələrində yollandılar.

Suarası kəndinin müdafiəsində Laçın batalyonunun bir vzvodu dayanmışdı. Ermənilər bir qədər əvvəl qəflətən həmlə edib həmin vzvodu demək olar ki, tamamilə məhv etmişdilər. Salamat qalmış bir nəfər – İsa adlı sıravi əsgər mühasirədən tək çıxıb qərargaha vzvodun məhvi barədə xəbər gətirmişdi. İndi bu hadisədən 10 gün sonra Laçın könüllüləri bu məğlubiyyətin əvəzini çıxmağa çalışırdılar. Kəndin yaxınlığında Qızartı yüksəkliyinin alınması üçün iki rotanın qüvvəsi cəmlənmişdi. Əlavə olaraq burada 2 “Qrad” qurğusu və 3 tank var idi. Təqribən 30-35 evdən ibarət ki­çik bir kəndin alınması üçün bu qüvvə nəzəri cəhətdən kifayət etsə də, mövqe durumuna görə zəif idi. Buna görə də kəşfiyyat işinin əhəmiyyəti çox böyük idi.

Qərargahın tərtib etdiyi plana görə, Mübarizin kəşfiyyat qru­pu düşmən mövqelərini aydınlaşdırdıqdan sonra hücum barədə yaşıl raketlə işarə verməli idi. Hücumun istiqaməti də raketin uçu­şu istiqamətində olmalıydı. Kəşfiyyat qrupu əsas qüvvələrin hücuma keçmə işarəsini alan kimi özü arxadan yayındırıcı zərbə endirməli idi.

Gecə saat 2 radələrində kəşfiyyat dəstəsi artıq Suarası kəndi­nin arxasında idi. Onlar sağ tərəfdən kəndi dolanıb keçmişdilər. Buralarda nə post, nə də atəş nöqtəsi aşkar edilməmişdi. Lakin özlüyündə bu da yaxşı deyildi. Çünki, əldə heç bir məlumat yox idi. Məlumat toplamaq üçün kəndə girməli, həm də onun ətrafı axtarılmalıydı.

Bunun üçün onlar iki yerə bölünməli oldular. Mübariz, Natiq və daha 2 nəfər kəndin içərisini, qalan 6 nəfər isə kəndin sol cina­hını və Qızartı yüksəkliyini 2,5 saat müddətində öyrənib şərtlə­ni­lən yerdə – Boz qayanın altında görüşməli idilər. Hər bir halda bütün dəstə səhər saat 4:30-da burada cəmləşib raket işarəsi ver­məli idi.

Natiqgilin dəstəsi yavaş-yavaş kəndə yaxınlaşıb birinci işıq gələn bir evin arxasına çıxdılar. Mübariz göz gəzdirib gördü ki, başqa heç bir evdə işıq yoxdur. Bilinirdi ki, bura ya qərargahdı, yaxud da vacib bir məntəqədir. Çünki evin qarşısında silahlı növ­bətçi gəzişirdi. Evə yaxınlaşmaq, hətta burada çox dayanmaq belə çox təhlükəli idi. Ona görə də Mübariz öz dəstəsini bir qədər də ge­ri çəkib qalın bir kolun altında cəmlədi. Buradan kəndin əksər evlərinin qaraltısı görünürdü.



  • Burada oturmaqla heç nə əldə edə bilmərik. – deyə Natiq Mübarizin qulağına pıçıldadı.

  • Hə, gərək bir təhər kəndin içindən keçib o biri başa çıxaq – Mübariz cavab verdi.

  • Minaya düşmərik?

  • Düşsək, indiyə kimi düşərdik. Elə minaya düşməmək üçün kəndin içinə girmək lazımdı. Ətrafı dolansaq, sən deyən ola bilər.

Daha 10-15 dəqiqə darıxdırıcı bir sükutla keçdi.

Nəhayət, Mübariz dilləndi:



  • Durub getməliyik. Deməli belə edirik: iki nəfər Üzeyir və Niyazi arxadan – bizdən 50 metr aralı gəlir, Natiqlə mən qabaqda düz yerişlə kəndin içi ilə addımlayıb keçirik. Bizi görən olsa da gecə vaxtı ağlına gətirməz ki, özgədir. Hər halda hərə bir qum­ba­ra hazırlasın və avtomatını ayaqda saxlasın. Qorxusu yoxdur. Çə­ti­ni bura kimi idi. Dığalar yatır.

Natiq və Mübariz qalxıb irəli yeridilər. İki evin arxasından ke­çib üçüncü evin çəpərinin yanına çıxdıqda üstü torla örtülmüş iki təzə tankın həyətdə dayandığını gördülər. Ən kənardakı evin qarşısında da bir piyada döyüş maşını dayanmışdı. Onlar kənddən çıxıb 30 metrlik məsafədə olan bir ağacın altında dayanaraq arxa­dakı iki nəfəri gözlədilər. Onlar təqribən 30–40 metr aralı sakit addımlarla gəlirdilər. Kənardan baxan onları gecə gəzintisinə çıx­mış avaralara oxşadardı.

Üzeyirlə Niyazi çatdıqdan sonra Mübariz dedi:



  • İndi təhlükəlidi. Buralar minalı ola bilər.

  • Gəlin geri qayıdıb kəndin içindən arxasına çıxaq. - deyə Natiq dilləndi.

  • Yəni deyirsən risq həmişə gətirir? – Üzeyir gülümsədi.

  • Ağıllı təklifdi, xalaoğlunun başı işləyir. – deyə, Mübariz bu təklifə razı oldu. Sonra:

  • Uşaqlar, həmin qaydada getdik! – dedi və Natiqin əlindən tutub irəli yeridi.

Artıq 12-13 dəqiqədən sonra onlar kəndin o biri tərəfində idilər.

Mübarizin dəstəsi Boz qayaya çatanda saat 4 idi. O biri dəstə hələ qayıtmamışdı.

İkinci dəstənin ilk üç nəfəri 5-6 dəqiqədən sonra qayıtdı. On­lar Suarası kəndinin sağ ətrafını gəzib gəlmişdilər. Məlum oldu ki, orada meşənin arasında açıq talada xəndək qazılıb və müdafiə mövqeyi yaradılıb.

Qızartıya gedən uşaqlar ləngiyirdilər. Yəqin yoxuş yuxarı çı­xıb sonra səssiz eniş enmək çətin idi.

Kəşfiyyatçılar bunu yaxşı bilirdilər. Yoxuşa dırmaşmaq çətin olsa da, kəşfiyyatçı üçün təhlükəsiz idi. Çünki, yuxarıdan onu gör­mək çətin idi, həm də ayağın altında çınqıl sürüşməsi ehtimalı az idi. Eniş aşağı qayıdanda isə çınqılın sürüşüb kəşfiyyatçını ələ ver­məsi ən qorxulu cəhət idi.

Nəhayət, axırıncı üç nəfər də gəlib çıxdı. Artıq saat 5-ə iyirmi dəqiqə işləyirdi. İşarə vaxtına 10 dəqiqə qalırdı.

Məlum olmuşdu ki, Qızartı yüksəkliyinin ön və sol tərəflə­rin­də müdafiə istehkamları yerləşdirilib. Oraya tank çıxa bilməz­di. Yəqin ki, qranatamyot və pulemyot da yerləşdirilmişdi.

Mübariz bütün məlumatları kəşfiyyatçılarla götür-qoy edən­dən sonra qərara gəldilər ki, kəşfiyyat qrupunun gəldiyi tərəfdən hücum daha əlverişlidir.

Artıq 5 dəqiqədən sonra 2 ədəd dalbadal yaşıl fişəng Suarası kəndini işıqlandırdı. Bundan 2-3 dəqiqə sonra aşağıdan qırmızı fi­şəng atıldı. Bu, hücumun başlanmasına işarı idi.

* * *


Hürü xala neçə dəfə Natiqə yalvarmışdı ki, müharibəyə bir evdən biriniz gedirsiniz bəsdi. Lakin Natiqi evdə saxlamaq müm­kün deyildi.

Bir dəfə anası yenə də onu yasalamaq istəyəndə Natiq qəti ca­vab vermişdi:



  • Ay arvad, məni biabır etmək istəyirsən? Gör mənim tay-tuşlarımdan evdə, aralıqda veyillənəni var? Namiqin öz yeri, mənim də öz yerim. Müharibədə elə qayda yoxdur ki, hər evdən bir nəfər döyüşsün. 10 qardaş olsaq onumuz da getməliyik.

Hürü xala oğlunun tərsliyini bilsə də yenə dayana bilməyib:

  • Oğul, demirəm ki, qaçıb gizlənəsən, qoy hökumət əsgər yığ­sın, təlim keçsin, silah versin, biz də bilək ki, uşağımız hara gedir, kimnən gedir. Belə olmaz axı. – deyəndə Natiq:

  • Hökumətdən gözünüzü yığın – demişdi – hökumət komis­si­yon dükanları açmaqdan, rüşvət pulu saymaqdan vaxt tapa bil­mir ki, müharibə ilə məşğul olsun. Bakıda “yıxdı-yıxdı”, nə bilim “yordu-yordu” oyunu gedir. Rəhmətliyin qızı, sən də hökumət, hö­kumət deyə yapışmısan. Sənin dediyin hökumətin Ali Baş Komandanı bircə dəfə də cəbhə bölgəsinə ayaq basmayıb, heç basmaq fikri də yoxdur. Bizim işimiz göydə bir Allaha, yerdə isə ancaq öz qüvvəmizə qalıb, nə qoyub, nə axtarırsan ?– deyə, və­ziy­yəti izah etmişdi.

Onun cavabından heyrətlənən anası əlini üzünə qoyub mat-məətəl qalmışdı.

Vəziyyət getdikcə ağırlaşmaqda davam edirdi. Daha nə dö­züm üçün səbr, nə də nicat üçün ümid yeri vardı.

Natiq institutu buraxıb cəbhəyə getməyi qəti qərarlaşdır­mış­dı. Özünə münasib bir–iki yoldaş axtarırdı ki, tək yola düşməsin.

1992-ci ilin may ayının 6-da Natiq Yeni Günəşlidə uşaqlıq dostu Asəf Heydərovla rastlaşdı və fikrini ilk dəfə ona açıqladı:

- Rayonda vəziyyət ağırdı, belə getsə, Laçını ermənilər ala­caq. Gəl 5-6 uşaq yığıb biz də gedək.

- Nə deyirəm, gedək. Doğrusu, mənim də beynimi getmək ye­yir. Üç-dörd günlük işim var, onları yerbəyer eliyim, həm də bir-iki uşaqlara da deyim, yola düşək. – deyə, Asəf onunla razılaşdı.

Natiq sanki xeyli yüngülləşdi. Doğrusu, onun özünün də ni­za­ma salınmalı işləri vardı. Artıq onların ailələri Bakıda idi. Laçın demək olar ki, tamam köçmüşdü. Rayonda yalnız əli silah tutan, vuruşmağa imkanı olanlar qalmışdı.

Mayın 18-də Laçının süqutu barədə qara xəbər ildırım kimi beyinlərə işlədi. Natiq dərsdən qayıdanda yolda eşitmişdi ki, Laçında vəziyyət xarablaşıb, qoşunlar da geri çəkilirlər. Ancaq o, inana bilmirdi ki, silahı, sursatı ola-ola qoşun geri çəkilər.

Axşam dəqiq məlum oldu ki, artıq Laçın ermənilərin əlində­di.

Həmin gecə bəlkə də heç bir laçınlı yatmadı.

Evi-eşiyi, dədə-baba yurdu dağılan da yatardımı?

Natiq gecədən xeyli keçmiş yatağına uzansa da, səhər saat 5-ə kimi yuxuya gedə bilmədi. O, nə fikrini cəmləşdirib düşünə bilir, nə də rahatlaşıb yuxuya keçə bilirdi. Qovrula-qovrula o tərəf-bu tərəfə çevrilirdi. Gözünün qabağına ancaq bir şey gəlirdi. Evləri od tutub yanır, yekəpər bir erməni odpüskürəni taxtapuşa tuşlayıb onların evini alışdırırdı. Başqa birisi tankı sürüb darvazanı uçu­ra­raq həyətə girir, həyətdə nə varsa əzişdirirdi. Bunun yuxu, yaxud ayıq halda təsəvvür olduğunun onun üçün indi heç bir fərqi yox idi.

Natiq yuxudan saat 10-da ayıldı. Başı ağrıyırdı. Həmin gün instituta getmədi. Daha doğrusu, öz-özlüyündə evdən bayıra çıxıb camaatın gözünə görünmək ona ağır gəlirdi. Fikirləşirdi ki, indi hamı ona baxacaq, kimisinin yazığı gələcək, kimisinin də acığı tutacaq. Bunun hər ikisi dözülməz idi. Yeri-yurdu düşmən tap­da­ğında olan cavan oğlan da belə məqamda kənarda qala bilərmi? Bu sual ona bir an belə rahatlıq vermirdi.

Hürü xala oğlu üçün çay töküb stolun üstünə qoydu. Sonra yaylığının ucu ilə gözünü silib o biri otağa keçdi. Məlum idi ki, ağlayırdı. Həmişə anasının kövrəlməsinə acığı tutan Natiq indi stolun arxasında lal kimi oturub gözünü bir nöqtəyə zilləmişdi.

O da ağlayırdı. İçində. Bəlkə də səsnən ağlasaydı onun üçün bir yüngüllük olar, ürəyi toxtayardı. Ola bilsin ki, ağlamaq onun ağlına gəlməmişdi. Yoxsa çarpayısına uzanıb ürəyi soyuyana ki­mi ağlayardı. İndi o keyləşmişdi. Nə qədər fikrə getdiyini bil­mə­di, onda fikirdən ayıldı ki, çayı tamam soyuyub, buza dönüb. İki qurtum soyuq çaydan udub gedib üzü üstə çarpayısına uzandı...

Onlar Asəflə iyun ayının 7-də səhər saat onun yarısında Yeni Günəşlidə görüşdülər.



  • Nə vaxt yola düşək? – deyə, Asəf kefsiz halda soruşdu.

  • İndi.

  • Necə yəni indi?

  • Çox sadə. Çıx evdən pal-paltarını götür gedirik avtovağ­za­la. Asəf bir qədər duruxdu.

  • Bəlkə səhər tezdən...

  • Yox, indi! – deyə, Natiq israr etdi. Uşaqlıq dostunun inad­karlığından xəbərdar olan Asəf:

  • Gəl çıxaq, götürək. – deyib, yaşadıqları evin blokuna tərəf irəlilədi.

Natiq deyəsən hazır gəlmişdi. Əlində yol sumkası var idi. Ba­yaqdan sumkaya fikir verməyən Asəf indi gördü ki, Natiqə yol­daşlıq etməsə, bu inadkar təkbaşına yola düşəcək. Birdən Asəf sanki yuxudan ayıldı:

  • Avtovağzala niyə gedirik? Müdafiə Nazirliyinə getmək la­zımdı.

  • Mən avtovağzal dedim? Yox, əlbəttə Müdafiə Nazirliyinə gedirik.

Onlar saat 12:30-da artıq Müdafiə Nazirliyinin səfərbərlik şöbəsində idilər.

Hündürboylu, Azərbaycan dilində çətin danışdığı hiss olunan kapitan onların hər ikisinə cəbhəyə könüllü getmələri barədə ərizə yazdırıb qurtardıqdan sonra dedi:



  • Bu gün saat 3-də Murovdağ bölgəsinə maşın gedəcək, bəl­kə sizi ora yerləşdirdik. Nahar fasiləsindən sonra burada olun.

Natiq və Asəf nazirlikdən çıxıb həm nahar etmək üçün, həm də yola bəzi ehtiyatları almaq üçün şəhərə yollandılar...

Onlar qayıdıb gələndə şöbənin qarşısında 10–15 nəfər vardı. Natiq onlardan ikisini tanıdı – laçınlı uşaqlar idilər. Saat 14:40-da avtobus 21 nəfər könüllülər dəstəsi və bir nəfər cavan leytenantla Müdafiə Nazirliyinin qarşısından yola düşdü...


1   ...   4   5   6   7   8   9   10   11   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə