Əli Aslanoğlu Yovşanlıq şərqiləri Bakı 2009 Redaktoru: Firuz Mustafa Əli Aslanoğlu. Yovşanlıq şərqiləri




Yüklə 1.67 Mb.
səhifə6/14
tarix16.04.2016
ölçüsü1.67 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14
15. Ana
Nazər yanvar ayının 24-də qış sessiyasını müvəffəq qiymət­lərlə başa vurub kəndə getdi. Gülbahar oğlunun boynunu qucaq­layıb sevincindən ağladı. Evdə hamı onun üçün bərk darıxmışdı.

  • Azərgil, Səadət, mənim körpə Günay balam (Azərin qızı­nın adını Günay qoymuşdular) necədi? - Gülbahar bir-bir hamını soruşurdu.

  • Hamı sağ-salamatdı. Sizə də salamları var. – Nazər cavab verdi.

  • Sən allah, gəlin uşağı saxlaya bilirmi? Xəstələndirib-eləmiyib ki?

  • Yox, yaxşı uşaqdı. Lap şeytandı. Dişləri də çıxır. Dörd dişi var.

Üç-dörd gündən sonra axşam Nazər yatağa uzanan vaxtı Gülbahar gəlib onun çarpayısının üstündə oturub başını sığallaya-sığallaya:

  • Mənim Nazı balam, səndən bir söz soruşmaq istəyirəm. An­caq söz ver ki, mənə düz cavab deyəcəksən.

Nazər dikəlib oturdu:

  • Ay ana, birdən-ikiyə sənə əyri söz dediyim olub? Allaha şükür, nə qəbahətim var ki, danım.

  • Ağıllı balam, bilirəm ki, qəbahətin olmaz.

  • Bəs nədi belə ehmal-ehmal soruşmaq istədiyin?

  • Deyirlər orda bir qız istiyirsən, elədi?

Nazər tutuldu. Söz-söhbətin gəlib bu tezliklə buralara çıxdı­ğına mat qalmışdı. Tez də özünü ələ alıb güldü:

  • Ay arvad, lap məni qorxuzdun. Dedim görəsən nə olub?

  • Hə də bala, söz-söhbət gəzir. İstədim vəziyyəti öyrənib ağ düşüm.

  • Düz eşitmisən, ana, – Nazər ötkəm cavab verdi – bircə səh­vi ordadı ki orda istəmirəm, elə burdan istəyirdim o qızı.

Gülbaharın rəngi xeyli açıldı.

  • O Kəhrizli qızıdı, eləmi?

  • Hə.

  • Allah xeyir versin, oğlum. O qız eşitdiyimə görə, yaxşı qızdı. Özü də yaxşı bir ailənin qızıdı.

  • Bəs niyə narahat idin ana?

  • Oğlum, düzünü deyim ki, hələ keçən ildən mən sənin o qızı... adı... Səbinədi eləmi?

  • Hə.

  • İstədiyini bilirdim. Bizim kirvənin qardaşı qızıdı. Biz on­ları, onlar da bizi tanıyır, arada xətir-hörmət var. Amma söz belə çatmışdı ki, guya sən orada özgə bir qıza ilişmisən.

  • Elə də şey olarmı, ana? – Nazər qəti cavabla anasını sakitləşdirdi. – Sən məni belə qırdı-qaçdı bilirsən?

  • Yox balam, yox.

  • İndi sən de görüm, keçən il sən hardan bilmişdin ki, mən qız istiyirəm?

Arvad güldü:

  • Oğlum, ana balasının ürəyini oxumasa, ana ola bilməz.

Ani sükutdan sonra Gülbahar dilləndi:

  • Nişanlıyacam sizi. Elə bu yay.

  • Belə tez?

  • Tez niyə olur? Bir də ki, kənd yeridi, qız uşağının adına niyə söz gəlsin? Kənd arvadlarının dilinə düşəni heç fələk də xi­las eliyə bilməz.

Mart ayının ortalarında Nazər işə girmişdi. Bu, tikintidə gö­zətçi işi idi. İki gecədən bir növbəyə gedirdi. İki nəfər idilər. O biri yoldaşı da tələbə idi. Bakı Dövlət Universitetində üçüncü kurs­da oxuyurdu. Aldığı məvacib onu qane edirdi. Üstəlik, hər­dən­bir qardaşı evinə də bazarlıq edirdi. Səadətin etirazına baxma­yaraq hər dəfə maaş alanda evə dolu zənbillə gəlirdi.

Artıq balaca Günay dil açmağa başlamışdı. “Ata, ana və... ma” sözlərini sındıra-sındıra deyirdi. Çarpayıdan tuta-tuta yeriyir­di. Nazər evə gələndə “Əmmə, əmmə” deyə-deyə özünü onun üs­tünə atıb əlini qapıya uzadırdı ki, məni gəzməyə apar.

Nazər ilk maaşından ona qırmızı rəngdə bir don almışdı. Şey­tan qız evə kim gəlsə həmin donu tapıb gətirir “Əmmə, əmmə” deyə-deyə hər kəsə göstərirdi.


16. Ülviyyə
Səbinə və Ülviyyə birlikdə təzə evdə qalırdılar. Bu evi onlara Nazər tapmışdı. Ev sahibəsi mikrorayonda yaşayan bir qadın idi. Ev isə Mirzəağa Əliyev küçəsi ilə Hüsü Hacıyev küçəsinin kə­sişməsində iki kiçik otaqdan ibarət idi. Ev sahibəsi Nazərdən baş­qa digər oğlan uşaqlarının evə gəlib-getməsini qadağan elə­mişdi. Nazər özünü Səbinənin dayısı oğlu kimi təqdim etmişdi. Novruz bayramı günü Nazər bir dəstə gül və bir şokolad qutusu ilə qızları təbrik etməyə gəlmişdi. On-on beş dəqiqəlik söhbətdən sonra Ülviyyə onları tək buraxmaq qəsdi ilə hazırlaşıb getmək istədi:

  • Gedim qızdan kitabı alım qayıdım. Yarım saata gələrəm.

Səbinə məsələni başa düşdü:

  • Hansı qızdan? Yox, getmə. Hamımız birdən çıxarıq. Şə­hər­də bayram konserti var. Qala qapısına tərəf gedərik.

Ülviyyə:

  • Mən kitabı götürüb ora gələrəm. Siz də gəlin.

  • Yox, olmaz! – Səbinə onu çimdiklədi: - Məni tək qoyub ha­ra gedirsən?

  • Aaz, tək niyə olursan? Nazər yanında döyülmü?

Səbinə ona gözağartması verib:

  • Yox getmə, indi çıxırıq – dedi.

Ülviyyə məcbur olub oturdu, sonra da qalxıb o biri otağa keç­di.

  • Hə, Gürzə, necəsən? İndi sənin bu bayram günü otunu-suyunu verimmi, hə? – Səbinə Nazərə ərkyana hücuma keçdi.

  • Nədi? Neyləmişəm ki?

  • Məndən xəbərsiz ananı niyə bizə göndərmisən?

  • Nə? – Nazər təəccübləndi – Anamı sizə?

  • Hə, hə, bizə! Elçi! Guya xəbəri yoxdu.

  • Bıy, səni xeyirxəbər olasan! Day otumu-suyumu niyə ve­rir­sən, bundan yaxşı iş?

  • Yaxşı işi pis tutmusan də!

  • Niyə ki? Vallah, sən deyirsən, indi mən də eşidirəm.

  • Özünü bicliyə vurma. Arvad özbaşına getmiyib ki. Yəqin evdə söhbət olub ki, gedib də. Yoxsa məni hardan tanıyır?

  • Söhbət qış sessiyasının tətilində olmuşdu. Məsələ qalmış­dı yaya.

  • Qalıb eləmiyib. Arvad şappadanxeyir anamın yanına elçi gedib.

  • Bəs sonra?

  • Sonra da nə bilim? Anam deyib qoy bir öz qızımın ağzını arıyım. Götür-qoy edib bir cavab verərəm.

Söhbətin bu yerində Ülviyyə də onların yanına gəldi və gülə-gülə:

  • Axır sizi təbrik eləmək olar də? Nə yaxşı oldu. Xoşbəxt olun!

Nazər:

  • Sağ ol, Ülviyyə bacı, – deyə, birinci dilləndi.

  • Qabaqdangəlmişlik eləmə, hələ sənnən sonra danışacam – Səbinə hələ də hücumda idi.

  • Neyniyib ey yazıq oğlan? – Ülviyyə də dilləndi.

  • Aaz, belə çox şey! Onu yazıq ilan vurmasın deyim. Keçən həftə xalam niyə gəlmişdi, bildin?

  • Yox.

  • Buna görə, bu canıyanmışa. Barı əvvəldən xəbərdar etsəy­di mən də hazırlaşardım. Arvad məni sorğu-suala tutub, mən də ha ağzını boza verrəm bir şey çıxmır. Axırda fağır arvad açıb dedi ki, bala ortada bir şey olmasa, o boyda ana kənd basa-basa evimi­zə elçiliyə gəlməz axı.

  • Sonra? – sual verən Nazər idi.

  • Canına azar, sonra! – Səbinənin bu sözünə hamı gülməli ol­du – Sonra da arvada bu Gürzə ilanı barədə qızara-qızara danış­malı oldum də.

Ülviyyə maraqlandı:

  • Axır iş nə yerdə qalıb?

  • Qalıb yaya, dərs bağlanana.

  • Nədi? Səbrin çatmır? İki ay qalıb də? Day buna görə niyə qəzəblənirsən? – Nazərin zarafatı tutarlı idi.

  • Ədə, çayını iç, çox danışma, deyəsən sırtılmısan ha? Əv­vəl­lər belə döyüldün. Hələ nə qədər işin mənnən keçir, barı dilinə yiyəlik elə.

Gülüşə-gülüşə evdən çıxdılar. İlk dəfə idi ki, Səbinə Ülviyyə­nin yanında Nazərin qoluna girib gedirdi. Bu anlarda onlardan han­sının özünü daha çox xoşbəxt hiss etdiyini təyin etmək çətin idi.
17. Fərhad
Fərhadın ermənilər tərəfindən girov götürülməsi ildırım sürə­tilə bütün qonşu kəndlərə yayılılaraq gəlib Nazərgilə də çatdı.

Bu, Nazərlə Səbinənin nişan günündən üç gün əvvəl baş ver­mişdi. Xəbər çatan kimi, Gülbahar Nazəri də yanına alıb Kəhriz­li­yə - gələcək qudası gilə getdi. Həyət adamla dolu idi. Qonşular, qo­hum­lar tökülüb gəlmişdilər. Arvadlardan ağlayanı da, Güllüyə tə­səlli verəni də vardı. Kişilər həyətdəki tut ağacının kölgəsində qo­yulmuş köhnə stolun ətrafında əyləşib tədbir fikirləşir, müxtəlif variantları götür-qoy edirdilər.

Gülbahar keçdi evə, Nazər isə kişilərin yanında qalmalı oldu.

Hərə bir fikir söyləyirdi:



  • Yəqin Xankəndinə aparıblar.

  • Əşi, bəlkə də qorxutmaq üçün ediblər. Beş-on gün saxla­yıb buraxarlar. İki ay bunnan qabaq əfətli Novruzu da tutmuş­du­lar, bir həftədən sonra buraxdılar.

  • Əvvəla, Novruzu havayı buraxmadılar, on min manat pu­lunu alıb, sonra buraxdılar. İkincisi də, indi vaxt o vaxt deyil. İndi girovu girova dəyişirlər.

  • Hə, gərək erməni tutub dəyişəsən.

  • Elə bilirsən erməni tumaq asandı? Onlar həm hiyləgər, həm də hazırlıqlıdılar.

Nazər fürsət tapıb nisbətən cavan – 40-45 yaşlarında olan bir kişidən soruşdu:

  • Bu hadisə hecə olub? Kişini harda girov götürüblər?

  • Yazıq xeyir işə hazırlaşırdı. Qarqar Muğanlısının yuxarı tə­rəfində fermalar var. Ora qoyun almağa gedibmiş.

  • Tək?

  • Yox, tək deyilmiş. Yetim Allahverdiynən getmişdilər. Allahverdi fermada qalası olub, bu isə axşam aldığı 3 baş qoyunu qabağına qatıb geri qayıdarkən ermənilərin pusqusuna düşüb.

  • Bəs Abbas dayı hardadı?

  • Abbas yazıq neyləsin? Özünü oda-közə vurur. Əmisi uşaq­larıynan Ağdam tərəfə gedib, bəlkə oralardan bir məlumat öyrən­di. Heç olmasa sağ olduğunu və harada saxlandığını bilsəydi, nə­sə bir şey fikirləşmək olardı.

Nazər danışığa qoşulsa da, bir gözü evin qapısında idi. İndi bu vəziyyətdə o, Səbinəni görmək istəmirdi. Çünki, görsə nə edə­cə­yini kəsdirə bilmirdi.

Təxminən 15-20 dəqiqədən sonra həyətə bir “Jiquli” daxil oldu.



  • Gəldilər! – deyib, hamı ayağa qalxdı.

Maşından Abbas və daha üç nəfər düşdü.

  • Nooldu?

  • Nə xəbərlə qayıtmısız?

  • Neyləyə bildiniz?

Suallar dalbadal yağırdı. Nazər Abbasın qırımından hiss edi ki, yaxşı bir şey yoxdu. Nəhayət Abbas dilləndi:

  • Hələlik heç nə. Ağdamda Allahverdini də, Yaqubu da gör­düm. Ad-familiyasını yazıb götürdülər. Dedilər iki gündən sonra gəl, görək ona qədər nə öyrənə bilirik.

  • Heç olmasa, sağ olduğunu bilsəydik.- kimsə dilləndi.

  • Hamı dedi ki, əgər onu doğrudan da ermənilər tutubsa, tez­liklə öldürməzlər. Ya pul tələb edəcəklər, ya da əsir düşmüş er­məniyə dəyişmək təklif edəcəklər.- deyə, Abbas cavab verdi.

  • Əsir düşmüş erməni varmı?- nisbətən yaşlı bir kişi soruşdu.

  • Var, niyə yoxdu?- Abbasla gələnlərdən biri sözə qarışdı - Müharibə deyil? Cəbhə xəttində hər gün ya girov dəyişirlər, ya da meyit.

Abbas evə keçəndə gördü ki, içəri doludu. Hamı bir həfər kimi ayağa qalxıb cınqırını çıxarmadan gözünü zillədi ona.

  • Hələlik nə yaxşıya , nə pisə bir məlumat yoxdu. Deyirlər bir-iki gün gözləmək lazımdı. Sağ olmağına sağdı.- Abbas son cüm­ləni necə dediyini özü də bilmədi.

  • Allaha şükür! – arvadlardan kimsə dilləndi – Hələlik bu da pis döyül.

  • A bajı, erməniyə pul lazımdi ey, ona görə də öldürməzlər. Meyiti neyniyəcəklər? – başqa birisi də öz versiyasını söylədi.

  • Təki heylə olsun! Pul lazım olsa hamımız köməkləşib dü­zəldərik. El-oba döyülükmü?- bunu da deyən yəqin ki, qonşu idi.

Gülbahar lap axırda dilləndi:

  • Abbas qardaş, imkan olsaydı, bir Ergiyə də dəyərdiniz, Hüseynə. Hər halda batalyon komandiridi. Belə işlərdə o daha yax­şı məsləhət verə bilər.

Abbas sanki yuxudan ayıldı:

  • Nə təhər başımızı itirmişiksə, heç gör bu boyda adam ya­dı­mıza düşübmü?- Sonra ağlamaqdan gözləri qıpqırmızı qızarmış Səbinəyə:

  • Bala, bir qurtum su ver, - dedi, -ciyərim yanır. İçib elə in­di çıxıram Ergiyə.

  • Nazər həyətdədi, onu da özünlə götür- deyən Gülbahar oğlunun da haya gəldiyini bəlkə də içəridəki arvadlara, xüsusən də Güllüyə və gələcək gəlininə eşitdirmək istədi. Və ani sükutdan sonra əlavə etdi:

  • Nə qədər olmasa qohumdu, əlindən gələni əsirgəməz.

Abbas su dolçasını başına çəkib çıxdı.
Onlar (Abbas, onun iki əmisi oğlanları və Nazər) artıq yarım saatdan sonra batalyonun ərazisində idilər. Burada məlum oldu ki, mayor Hüseynovla görüşmək asan olmayacaq. Batalyonun bü­tün rotaları Ağdam ətrafından tutmuş Xocavənd rayonuna qədər səpələnmişdi və kombatı tezliklə tapıb üzbəsurət söhbət etmək müşgül məsələydi. Fərhadın əsir düşdüyü ərazi də bu batalyonun nəzarət zolağına daxil idi. Bunu da orada öyrəndilər.

Yarım saatdan artıq qərargahda vurnuxan kiçik zabitlərlə çənə-boğaz etdikdən sonra Nazər dedi:



  • Abbas dayı, sən qayıt get, mən qalıb Hüseyni gözləyəcəm. Gecə yatmağa da olsa axır gəlib çıxacaq.

  • Yox, ay bala, səni tək buraxıb hara gedirəm? Gözləmək­disə, elə hamımız gözləyək.

Onlar danışa-danışa darvazadan bayıra çıxdılar. Hava qaral­maq üzrəydi. Bu zaman uzaqdan bir UAZ maşınının hərbi hissəyə tərəf gəldiyini gördülər.

Nazər:


  • Deyəsən gəlir, - dedi,- bu, onun maşınına oxşayır.

Maşın gəlib hərbi hissənin darvazasının yanında saxladı və ma­yor rütbəli bir zabit düşərək onlara baxıb salam vermək istə­yəndə Nazərı tanıdı:

  • Xeyir ola, geroy? Yenə dava eləmisən?

Bu, batalyon komandirinin müavini mayor Muxtar Həsənov idi.

  • Yox, Muxtar dayı, bu dəfə davalıq deyil.

  • Millət xarici düşmənlə vuruşur,- Muxtar Abbasa göz vur­du,- Hüseynovun qohumları da daxili ünsürlərlə.

Sonra darvazadan içəri addımlayaraq:

  • Gəlin , görək nə məsələdi – dedi.

Mayor Həsənov məsələnin nə yerdə olduğunu öyrəndikdən sonra bir qədər fikirləşib soruşdu:

  • Hardan bilirsiz ki, onu ermənilər tutub?

  • Başqa cür ola bilməz!-Abbas cavab verdi.

  • Olar, olar. Müharibədə hər şey ola bilər. - Həsənov bir az duruxub əlavə etdi:

  • Hə, böyük ehtimalla onlardadı. Bu, onların partizan müha­ri­bəsinin tərkib hissələrindən biridi.

  • Siz bilən öldürməzlər ki?- Abbas soruşdu.

  • Məncə yox. Onlar bəzən girov tutub ehtiyatda saxlayırlar ki, özlərindən əsir düşən olsa dəyişsinlər, ya da pul lazım gəlsə satsınlar. Bu, ermənilərin köhnə taktikasıdı.

  • Bəs Hüseyn dayını necə görə bilərik? – soruşan Nazər idi.

  • Sənin Hüseyn dayın Bakıya gedib. Bəzi silah-sursat məsə­lə­lərini həll etməyə. Tez gəlsə sabah axşam gəlib çıxar. Qaldı da ki, Hüseyn, ya mən, nə fərqi?

  • Nə məsləhət görürsünüz?- Abbas ümidini itirmiş bir for­mada dilləndi.

  • Hələlik gözləmək. Mən indi bizim kəşfiyyat qrupuna da lazımi göstəriş verəcəm. İndi ilk növbədə gərək dəqiqləşdirək ki, o adam doğrudan da girovdadı. Bundan sonra qalır məsələnin həl­li tərəfi. Bir nəfər erməni tutub dəyişmək ən sərfəli yoldu. Pula qalsa, onlar ayaqlarını çox yuxarı qoyarlar.

Daha orada qalmağın mənası yox idi. Onlar qayıtdılar.

Maşın həyətə girəndə axşam saat 9 idi. Qonşular demək olar ki, dağılışıb getmişdilər. Gündüz kişilər ətrafında oturduqları sto­lun başına indi ev adamları və ən yaxın qohumlar toplaşmışdı. Abbasgil maşından düşən kimi, yenə hamı ayağa qalxıb sualedici nəzərlərlə onlara tərəf döndü.



  • Abbas qardaş, tapa bildinizmi? – ilk soruşan Gülbahar idi.

  • Hüseyn Bakıdadı, müavini ilə görüşə bildik. Söz verdi ki, əlindən gələni eliyəcək.

  • Yəni neyniyəcək? – bunu da soruşan deyəsən Abbasın ba­cı­sı idi. Nazər bunu qadının Abbasa oxşarlığına görə təxmin etdi.

  • Əşi, nə bilim vallah. Çox şey! Hərbi hissədi, kəşfiyyat­çı­la­rı var. Hava telefonuynan ermənilərnən əlaqəyə girə bilərlər. Dəqiqləşdirərlər ki, girovdadı, yoxsa yox. Fərhad elə onların qo­ru­duğu ərazidə tutulub.

  • Bala, demədilərmi Hüseyn nə vaxt qayıdajax? – Gülbahar bu dəfə oğlundan soruşdu.

  • Sabah axşama qayıtmalıdı.- Nazər cavab verdi.

  • Sabah mən də siznən gedəjəm Hüseynin yanına. Genə ney­ləsə o eliyə bilər.

  • Gülbahar bajı, müharibədi. İşi bilmək olmaz. Hüseyn lən­giyə də bilər. Nazərlə özümüz gedib dəyərik. Sağ olsun, müavin də yaxşı qarşıladı bizi. Nazəri də tanıdı.

Söhbətin bu yerində Gülşənlə Səbinə də gəlib onların yanın­da dayanmışdılar. Daima başını aşağı dikib duran Nazər arada bir anlığa gözünü qaldırıb Səbinəyə baxdı və az qala qızı tanımadı. Əmisi qızının qolundan tutub az qala asılmış vəziyyətdə dayanan Səbinənin rəngi solmuş, sifətində aylarla əzab çəkmiş adamlar ki­mi məhzun bir görüntü vardı. Elektrik lampasının işığında bir an­lığa parıltısı gözə çarpan bir damla yaş qızın yanağından çənəsinə doğru ehmalca sürüşərək sanki ox kimi Nazərin ürəyinə sancıldı. Azdan-çoxdan bərkə-boşa düşmüş bu gənc oğlan özünü heç vaxt indiki qədər gücsüz və aciz hiss etməmişdi. Bəlkə də gizli bir yer olsaydı bərkdən hönkürüb ağlayar, içini didib yeyən hirsi, hikkəni bayıra atardı. Elə indinin indisində özünü güclə saxlayırdı. Yaxşı ki, Gülşən atasına sual verməklə diqqəti bir qədər yayındırdı:

  • Ata, neyniyə bildiniz? Bir işıq ucu varmı?

  • Çalışırıq, bala, Allaha pənah, görək nə olur.

  • Ata, bayaq Səbinəyə də danışdım. Yuxusunu görmüşəm, darıxmıyın, yaxşı olar, inşallah!

  • Necə görmüsən, bala?- Gülbahar soruşdu.

  • Gördüm ki, harasa gedirdik. Birdən yol uçdu. Hamımız tö­küldük quyu kimi dərin bir yarğana. Əmim də lap dərinə düşdü. Nə qədər ora-bura əl atsaq da çıxa bilmədik. Birdən yarğanın ba­şında bir nəfər peyda oldu. Cavan adam idi, bir suyumu elə bizim bu Nazərə oxşayırdı. Bir göz qırpımında əlini uzadıb hamımızı çıxartdı.

  • Allah çin eləsin yuxunu, qızım.- Gülbahar alqış elədi,- Yax­şı yuxudu. Allah ermənilərin cəzasını özü versin. Yazıq kişi heç kəsə bir yamanlığı keçməyən adam olub. İnşallah, bu dardan da qurtarar.



18. Yenə Nazər

Ertəsi gün Nazər səhər yeməyini yeyəndən sonra:



  • Ana, mən gedirəm, -dedi, - işdi, iki-üç gün gəlməsəm narahat olmayın.

  • Hara, oğul?

  • Gedim görüm o kişinin işini bir tərəfə çıxarda bilirəmmi. Məncə Hüseyndən başqa heç kim bu işə can yandırmayacaq.

  • Bala, demədinizmi ora axşamtərəfi gedəcəksiniz?

  • Onda gec ola bilər. Kişini ermənilər öldürə də bilərlər.

  • Bəs sən neyniyəcəksən, əlin hara çatır?

  • Üz-üzdən utanır. Gedib oturacam batalyonun ratsiyasında, çalışacam ki, Hüseyn gələnə kimi boş oturmasınlar.

Gülbahar oğlunun tərsliyini yaxşı bildiyindən söhbəti çox uzat­madı:

  • Nə deyirəm, gedirsən get, bala, ancaq orda camaatnan deyişib-eləmə. Müharibədi, hamı əsəbi vəziyyətdədi. Qaşın qayırdığın yer­də vurub gözün də çıxardarsan.

Nazər getdi.

Axsama yaxın Abbas əmisi oğlunun “Jiquli”siylə Nazərgilə gəldi. Gülbaharla salamlaşıb Nazəri soruşdu:



  • Nazər evdədisə, gəlsin gedək Ergiyə, görək başımıza nə gəlir.

  • Nazər səhərdən gedib ora. – Gülbahar cavab verdi.

  • Hə..ə? - Abbas təəccübləndi. Və bir qədər fikirləşib əmisi oğluna dedi:

  • Vaqif, onda gəl biz Ağdama dəyək. Görək onlardan nə xə­bər var. Day Nazər Ergidədisə, nə lazım olsa eliyəcək.

Vaqif maşını işə saldı və onlar oturub getdilər.
19. Əsirlikdə
Fərhad aldığı qoyunları qabağına qatıb fermadan çıxanda ar­tıq gün batmaq üzrəydi. Arasbara qədər piyada iki saatlıq yol vardı. Düşündü ki, yol boyu qoyunları otara–otara arxayın gedib axşam saat 10-a qədər evə çata bilər. Ergi dərəsindən keçəndə hiss etdi ki, bura qobu qırağı xam otlaqdı. Qoyunlar da ac olduq­larından tez-tez yoldan çıxıb yaşıl ota cumurdular. Qərara gəldi ki, yarım saat qoyunları otarıb sonra yoluna davam eləsin.

Qoyunları yolun kənarına buraxıb bir köbənin üstundə otur­du. Artıq göydə tək-tək ulduzlar görünürdü. Əlini cibinə salıb si­qarət qutusunu çıxartdı. Kibriti çəkib siqaretini yandıranda arxa­dan səs gəldi:



  • Əllər yuxarı, tərpənmə!

Çevrilib yerindən sıçradı. Qarşısında iki nəfər tüfəngin lülə­sini ona tuşlamışdı. Hava qaranlıq olsa da, Fərhad bunun avtomat silah olduğunu gördü. Daha tərpənmək gec idi. Kənardan daha bir nəfər yaxınlaşdı və erməni dilində onlara nəsə dedi.

Fərhad başa düşdü ki, onu ermənilər tutub.



  • A yoldaş, mənnən nə istiyirsiniz? Niyə öz yolunuznan çı­xıb getmirsiniz?- dedi.

  • Uzun danışma! Əllərini qaldır, özün də sus, əgər salamat qalmaq istəyirsənsə.- Onlardan biri Azərbaycan dilində aksentsiz danışırdı.

Ermənilər onun əllərini və ağzını bağlayıb qoyunlarla birlik­də qatdılar qabaqlarına və qobu yuxarı getdilər. Onlar Xocavənd (Ermənilər bura Hadrut deyirdilər və o vaxt buranın adı rəsmi ya­zılarda ermənicə adlandıılırdı) postuna qədər piyada gəldikdən sonra Fərhadın gözlərini bağlayıb UAZ maşınına oturtdular və yarım saat harasa apardılar.

Onu gecəyarı bir evin zirzəmisinə saldıqdan sonra gözlərini açdılar. Qarşısında iki nəfər saqqallı erməni dayanmışdı. Onlar­dan biri hündürboy, bir qədər də sarıbəniz , 28-30 yaşlarında olan cavan erməni dığası, digəri orta boylu, 44-45 yaşlı bir kişiydi. Fərhadı ilkin sorğu-suala tutub adını, soyadını və hansı kənddən olduğunu yazıb götürdükdən sonra, (Ciblərini hələ yolda ikən ax­tarıb pulunu, bıçağını götürmüşdülər) həmin o hündürboy erməni (onun bura ermənisi olmadığını Fərhad o saat müəyyən etmişdi) soruşdu:



  • Karabax çey, svolıç turok?

Fərhad rus dilini bilməsə də, onun söyüşlə danışdığını anladı. Bir istədi cavab versin, sonra vəziyyətin çıxılmaz olduğunu nəzə­rə alıb danışmadı.

Digər erməni dilləndi:



  • Ara, başa düşmürsən nə deyir? Soruşur ki, Qarabağ ki­min­di, cavab ver.

  • Qarabağ qarabağlılarındı. Başqasının olsaydı adı Qarabağ ol­mazdı ki.

Kişi onun dediyini tərcümə edən kimi hər ikisi onun qarnına, belinə təpikləməyə başladılar. Fərhad əlləri arxasında bağlı, üzü üstə yıxılmışdı. Ermənilər nədənsə onun üzünə-başına vurmurdu­lar. Nəhayət onlar Fərhadı döyməkdən əl çəkib öz aralarında da­nış­dılar və çıxıb qapını arxadan bağladılar.

20. Bir daha Nazər
İki gün də keçdi.

Fərhaddan heç bir xəbər yox idi. Nazər də qayıtmamışdı. Gülbahar indi də oğlundan narahat olmağa başlamışdı. Pis vaxt idi, hər cür gözlənilməz hadisə baş verə bilərdi. Arvad səhər tez­dən durub inəyi sağdı, həyət-bacada görüləsi işlərini görüb qur­tar­dıq­dan sonra Nazərdən kiçik oğlu Yavəri də yanına alıb Kəhrizliyə getdi. Gedərkən evdə qalan uşaqlarına tapşırdı ki, Nazər bir-iki saa­ta gəlib çıxsa, onun dalınca gəlsin.

Səbinəgildə əhval-ruhiyyə deyəsən bir qədər yüngülləşmişdi. Bunu Gülbahar həyətə daxil olan kimi Validə ilə Güllünun sifət­lərindən oxudu. Tələsik salamlaşıb, soruşdu:


  • Bir xəbər varmı?

  • Vallah, xəbər deyəndə, elə bir tutarlı xəbər yoxdu. Ancaq bilinib ki, ermənilərdədi, hələlik rəsmi surətdə boyunlarına almaq istəmirlər.- deyə, ilk olaraq Validə dilləndi.

  • Allaha şükür, deməli sağ-salamatdı.- Gülbahar əlüstü se­vin­cini bildirdi. və dərhal maraqlandı:

  • Xəbər hardan çatıb?

  • Abbas bu gecə Ağdamda öyrənib. Orada deyəsən erməni­lər­nən əlaqəsi olan var. Tez-tez meyit dəyişdirirlər, nə bilim, gi­rov­ları dəyişirlər. Yəqin bunun da əvəzinə nəsə istəyəcəklər.- Bu dəfə danışan Güllü idi.

  • Nazər də üç gündü Ergiyə gedib, batalyona. Uşaq özünə yer tapa bilmir. Bu gün qayıtmalıdı, görək nə xəbərnən gəlir.

  • Elə Abbas da deyəsən səhər tezdən ora getdi,- Validə onu məlumatlandırdı – Hüseynlə məsləhətləşməyə.

Arvadlar bir saata qədər ordan-burdan, əsasən də ermənilərin nə istəyəcəklərindən danışdılar. Birdən Vaqifin “Jiquli”sı darva­za­da dayandı. Abbasla Vaqif maşından düşdülər. Arvadların nə­zər­ləri sorğulu baxışlarla onlara tərəf yönələndə birinci Vaqif dilləndi:

  • Hə, ermənilərdədi, girov götürüblər.

Güllü:

  • Bəs indi noolacaq?

  • Qaytarmaq şərtlərini hələ 3-4 gündən sonra deyəcəklər.

Bu arada Gülbaharın yadına düşdü ki, bəs Nazər niyə bun­lar­la gəlməyib? Cəld soruşdu:

  • Abbas qardaş, Nazər niyə siznən gəlmədi?

Abbas təəccübləndi:

  • Nə? Nazəri biz görmədik ki. Mən elə bilirəm o dünənnən qayıdıb.

Gülbaharı vahimə basdı:

  • Necə görmədiniz? O, üç gündü Ergidədi.

  • Nə bilim vallah, bəlkə də ordaymış, baş qarışıq olub görü­şə bilməmişik.- Abbas gördü ki, Gülbaharın rəngi kağız kimi ağa­rıb, ona təsəlli vermək məqsədilə:

  • Gələr,- dedi, - biz, doğrusu, tələsik qayıtdıq. Hüseyn özü də tələsiyirdi. Postlara gedirdi.

Sonra qardaşı qızını çağırdı:

  • Səbinə, ay Səbinə! Bala, hazır çay varsa, bizə çay ver. İşi­miz çoxdu.

Gülbahar isə sanki özündə deyildi. Arvadın ağlına yüz cür fi­kir gəlirdi.

Güllü də onun nə hala düşdüyünü deyəsən anlamışdı:



  • Özünü darıxdırma, – dedi,- maşallah, fərasətli uşaqdı. Har­da olsa bir azdan gələr. Gec gəlsə dalınca gedərlər.

  • Aaz, darıxmıram ey, ondan qorxuram ki, bu gədə də bir yannan başımıza iş aça. Gedər keçər ermənilərin əlinə, o saat da onu öldürərlər. Siz onu yaxşı tanımırsınız, çox pərto danışandı. Dilini saxlamaz, döyüb öldürərlər.

Bu yerdə çayları gətirib stolun üstünə qoyan Səbinə gözünü qaldırıb Gülbaharın üzünə elə bir yazıq nəzərlə baxdı ki, Arvad dediyinə peşman oldu. Məcbur düşüb özü-özünə təsəlli verdi:

  • Allahın köməkliyiynən gələr, gözləyək. Elə hər şey bizim başımızda görünmüyüb ki. Hüseyn ordadısa, qoymaz əlindən xata çıxsın.

Bu vaxt darvazada bir maşın da dayandı. Nazər “Moskviç”­dən düşdü və sürüçüyə “sağ ol” deyib həyətə girdi. Maşın isə geri dönüb getdi.

Onun görkəmi elə bir şəkildə idi ki, sanki əsirlikdən qaçmış­dı. Üzü tüklü, üstü-başı toz-torpaq, gözləri şişmişdi.

Gülbahar hövlank soruşdu :


  • Bala, hardan gəlirsən bu kökdə?

Nazər anasının sualını cavabsız buraxaraq yaxınlaşıb Abbas və Vaqiflə əl verib görüşdü:

  • Abbas dayı, nə təhərsiz? Təzə bir şey öyrənə bildiniz?

  • Təzə deyəndə, elə sən bildiklərindi. Təzə bir şey yoxdu.

  • Mən nə bilirəm ki?

  • Ergidən gəlmirsən?

  • Yox.

Gülbahar harada olduğunu unudub bomba kimi partladı:

  • Ədə, bəs hardan gəlirsən, ay evi yıxılmışın oğlu?

  • Vacib iş dalınca getmişdim, ay ana.- Nazər gülümsər tə­bəssümlə cavab verdi.

  • Bala, bu nə oyundu başıma açırsan? İndi bizim bunnan va­cib nə işimiz var? Mən də üç gündü oturub səni gözləyirəm.

  • Elə bu işin dalınca idim də mən də, alverə getməmişdim ha.

Deyəsən Abbas məsələnin nə yerdə olduğunu başa düşmüşdü:

  • Barı bir iş görə bildinmi?

  • Görməyinə bir balaca iş görmüşəm. Siz deyin görüm indi vəziyyət nə haldadı?

  • Vəziyyət belədi ki, ermənilərdə girovdadı. Qaytarmaq şərt­lərini bir həftəyəcən deyəcəklər.

  • Həftə çoxdu. Bəlkə də sabah dedilər.

  • Hardan bilirsən?- Demək olar ki, arvadlı-kişili hamı bir­dən dilləndi.

  • Çünki, indi onlar bizdən asılıdı!

Gülbahar arı calmış yuxulu adam kimi səksənib yerindən qalx­dı:

  • Ədə, yoxsa erməni tutmusan?

  • İkisini birdən!

  • Nə danışırsan? – Abbas qalxıb onu qucaqladı: - Havaxt? Har­da qoymusan?

  • Arasbarda tövləyə salmışam.

Bu anda hər kəsin sevinci başa düşülən və təsəvvürə gələn idi. Yalnız bir nəfərin- Səbinənin sevincdən də əfzəl fəxarət hissi­nin dərəcəsini hələm-hələm adam təsəvvür edə bilməzdi. Bəlkə də kişilər burda olmasaydı oğlanın boynuna sarılıb yüz dəfə ya­naqlarından öpərdi. Və qışqırıb bütün kəndə hay salardı ki, baxın, görün mənim nişanlım necə cəsur oğlandı!

Hamının kefi durulmuşdu, sanki Fərhadı əsirlikdən qurtar­mış­dılar.



  • Hə, indi danış görək bu hardan ağlına gəldi? Bu işi necə və kimnən görmüsən?- deyə soruşub, Abbas oturduğu stulu onun yanına çəkdi.

  • Əşi, uzun söhbətdi, başağrısı olar. - Nazər təvözəkarlıq et­mək istədi.

Gülbahar özünü saxlaya bilmədi:

  • Ədə, ürəyimizi qopartmısan, deyirsən ki, başağrısı olar?

Nazər baxdı ki, hamının gözü onun ağzına dikilib və başladı:

  • O günü evdən çıxanda elə bu fikirnən də Ergiyə getmək istiyirdim. Fikirləşmişdim ki, gedib qoşularam batalyonun kəşfiy­yat­çılarına. Onlar tez-tez erməni kəndləri tərəfə gedirlər. Elə oldu ki, maşın tapa bilmədim. Yolda ləngidim. Arasbar kəndindən olan bir tanış oğlan var, Sabir, bizim Çingizin əsgərlik yoldaşı olub. Ona rast gəldim. Görüşüb əhvallaşanda qanımın qaralığını soruş­du, mən də məsələni ona bildirdim.

  • Ədə, yoxsa səni gətirən o “Moskviç”i sürən oğlandı o?- anası soruşdu.

  • Hə, odu. Tələsik işi vardı, ona görə düşmədi. Hə, əlqərəz, Sabir dedi ki, mənim maşınım xarabdı, Ergiyə getsək yolda qa­larıq. İndi elə usta yanına gedirəm, öz kəndimizə. Oradan batal­yona yaxındı, bir şey fikirləşərik. Getdik. Yolda ondan silah yeri bilib-bilmədiyini soruşdum. Dedi məndə avtomat Kalaşnikov da var, iki daraq patron da. Bir həftəliyə verə bilərəm. Xülasə, yaraqlanıb-yasaqlanıb, bir qumquma su, bir kəndir və bir az da pendir-çörək götürüb, axşam düşəndə üz qoydum Ergi dərəsiynən ağzı yuxarı.

  • Tək!- Gülbahar əllərini dizinə çırpdı.

  • Tək.

  • Bəs niyə o gədə sənnən getmədi, səni tək yola saldı ermə­nilərin içinə?

  • Gedirdi, mən özüm qoymadım, bədənində qəlpələr var. Cəbhədən yaralanıb qayıdıb. Yeriyəndə, qaçanda ağrı verir. Hə, nəysə, düz üç saata qədər yol getdim. Onu bilirəm ki, bir yerdə asfalt yolu keçdim və başa düşdüm ki, bu, Ağdam-Xocavənd yo­ludu. Burdan o yana erməni kəndləri başladığını bilirdim. Dağ ya­macında işıqları yanan bir kəndi istiqamət götürüb irəlilədim.

  • Qarakəndi deyirsən?- Abbas sual verdi

  • Hansı kənd olduğunu bilmirəm. Hə, ətraf kolluq idi. Ara-sıra hündür meşə ağacları da vardı. Səhərə yaxın bir kol seçib, altında özümə yuva kimi yer düzəldib uzandım. Kol bir qədər hün­dürdəydi, burdan ətrafı görmək olardı. Bir də onda ayıldım ki, gün çıxıb. Kolu tərpətmədən, ehmalca başımı o yan-bu yana dön­dərib harada olduğumu yəqinləşdirdim. Sakitlik idi. Yavaşca du­rub oturdum. Gizləndiyim yerdən yuxarı, təxminən iki kilometr­lik məsafədə kənd vardı. Mənnən 100-150 metr aralı, aşağıda kən­də tərəf torpaq yol keçirdi. Oturub gözləməyə başladım. Gü­nortaya kimi bir ins-cins görmədim. Günorta bir-iki tikə pendir-çörək yeyib uzanmaq istəyirdim ki, maşın səsi eşidib dikəldim. Aşağıdakı torpaq yolnan bir yük maşını kəndə tərəf gedirdi. Ma­şın yolda saxladı və sürücü düşüb maşının kapotunu qaldırdı. Ya­nında daha iki nəfər vardı. Erməni dilində danışdıqları aydın eşi­dilirdi. Sonra sürücü əlinə vedrə alıb dərəyə tərəf getdi və tez də su doldurulmuş vedrə ilə qayıtdı. Radiatora su töküb kapotu örtdü və sürüb getdilər. Başa düşdüm ki, yaxınlıqda bulaq var. Demək, bura başqaları da gələ bilər. Ancaq bulağın harda olduğunu dəqiq bilmək lazım idi. Həm də bu, mən olduğum yerdən aralıydı. Bur­dan çıxıb orda adam tutmaq çətin olardı. Axşama kimi gözləyib, şər qarışanda çıxıb getdim aşağı. Bulağı tapdım. Bulağa gedən cı­ğırın üstündə sıx böyürtkən kolları bitmişdi. Bulaqdan 15-20 metr aralı, böyük bir böyürtkən kolunun içində özümə yer düzəldib otur­dum. Səhər bütün günü bulağa həç kəs kəlmədi. Yalnız iki – üç dəfə torpaq yolnan gedən maşınları gördüm. Axşam tərəfi fikirləşdim ki, yerimi dəyişib başqa yerə gedim, kəndə daha yaxın olsun. Gün bata-batda idi, amma hələ qaranlıqlamamışdı . Birdən bir köhnə “Moskviç” gəlib saxladı. Baxdım ki, içində iki nəfər var. Biri- maşını sürən 40-45 yaşlarında bir erməni, o birisi isə 13-14 yaşlı bir dığaydı. Düşüb gəldilər bulağa tərəf. Mən nə edə­cə­yimi götür-qoy eliyənə qədər onlar mənim yaxınlığımdan ötüb keçdilər. Bulaqda novçanın üzü mən tərəfəydi. Su içən, ya əl-üzünü yuyan arxası mənə tərəf dayanmalıydı. Bundan da yaxşı fürsət ələ düşməzdi. Ehmalca yerimdən çıxıb arxadan yaxınlaş­dım. Danşa-danışa üzlərinə su vururdular. Yaşlı kişinin arxasın­dan “Bəref” deyəndə başını qaldırdı. Avtomatın qundağıynan pey­sə­rinə var gücümlə zərbə endirdim. Bircə dəfə “uh” eliyib yıxıldı. Av­tomatı dirədim dığanın sifətinə və barmağımı ağzıma qoyub işarə etdim ki, sussun. Dığanın bədənini əsməcə tutdu, ayaq üstə dayana bilməyib oturdu. Əvvəl onun əl-ayağını və ağzını sarıyıb çəkdim kənara, sonra da kişini sarıyıb sürüdüm onun yanına. Kişi hələ özünə gəlməmişdi. Təxminən 20 dəqiqədən sonra ayıldı. Ar­tıq qaranlıq düşmüşdü. Daha ləngimək qorxulu idi. Yolnan keçən maşınlar boş “Moskviç”in dayandığını görüb maraqlana bilərdi­lər. Ayaqlarını açdım və ikisini də bir birinə bağlayıb qoyun kimi qatdım qabağıma, üz tutduq dərə aşağı.

  • Bəs niyə öz maşınıynan gətirmirdin?

  • Əvvəla, maşını yaxşı sürə bilmirəm, ikincisi də qabağıma maşını tanıyan erməni çıxardı. Digər tərəfdən də maşın yolunu heç düz-əməlli tanımıram. Hə, axır ki, səhərə yaxın çatdım Sabir gilə. Səhər tezdən gələcəkdim, nə təhər yatmışamsa bir də ayıl­dım ki, saat 12-di.

  • Hə..ə, böyük risk eləmisən.- Abbas dərindən nəfəs alıb dil­ləndi.- Böyük də iş görmüsən, əhsən! Gürzəsən ki, Gürzə!- əli­ni Nazərin kürəyinə vurdu.

  • İş görmüyüb ey, qəhrəmanlıq eliyib. – Validə də öz qiy­mə­tini verdi.

  • Mənim bu nişan məsələsinə könlüm yoxuydu.- Abbas zarafata keçdi,- Ta gərək fikrimi dəyişəm. Belə oğlannan qız əsir­gə­mək olarmı?- və bərkdən güldü.

Hamı gülüşdü.

Təkcə Gülbahar alız vəziyyətdə idi. Üzdən özünü gülümsər göstərsə də, içində oğluna bərk acıqlanmışdı. “Qoy bu camaatdan aralanıb evə gedək, gör sənin başına nə gətirəcəm, ağılsız köpə­yin oğlu! Xalxın heç öz yiyələri tərpənmiir. Sən bir buna bax, gəh­rəmən çıxıb mənim üçün. Yaxşı, sən sən ol, mən də mən!”- deyə, düşünən Gülbaharın halını deyəsən Validə də başa düşmüş­dü.



  • Sən atasının goru, mənim bu qəhrəman balamı danlama, Gülbahar.- deyib, yaxınlaşaraq Nazərin boynunu qucaqlayıb hər iki üzündən öpdü və əlavə etdi:

  • Qoy, Fərhad da sağ-salamat gəlib çıxsın, hər ikisinə qur­ban kəsəcəm.

Güllü də kişilər burda olmasaydı onu qucaqlayıb öpərdi. Validə evə gedib əlində bir dəstə üzərriklə qayıtdı.

  • Balama nəzər dəyər,- deyib, üzərriyi yandırdı və tüstüsü­nü onun başına dolandırdı.

Birdən yada düşdü ki, saat üçdü, hələ heç kəs nahar eləmə­yib. Qızlar həyətdə stolun üstünə süfrə salıb yemək gətirdilər.

Axşama yaxın Abbasla Nazər əvvəl Arasbara, oradan da Ergiyə, Hüseynin yanına getdilər.



Girov götürülmüş ermənilər Sabirin tövləsində, axurun için­də çiyin-çiyinə söykənib yatmışdılar. Qapı açılanda hər ikisi dik­sinib oyandı. Abbas gördü ki, Nazər bunları lap Bəşiri sarıdığı ki­mi sarıyıb və axura tökülmüş samanın üstündəki çörək qırıntı­la­rın­dan da başa düşdü ki, onları yedizdiriblər.

  • A kişi, hardansan?- sual qeyri-ixtiyari ağzından çıxdı.

  • Qarakənddənəm. – erməni yazıq-yazıq cavab verdi.

  • Adın nədi?

  • Marat Saakov.

  • Oğlundu?- yanındakı dığanı soruşdu.

  • Ha, bizim uşaqdı.

  • Bilirsən sizi niyə tutub gətiriblər?

  • Yox. Ara, mən kasıb kəndli adamam, hardan bilim? Allah bu qarışıqlığı salanların evini yıxsın.- erməni keçdi siyasətə.

  • Ə, deyilənə görə maşının da var, belə kasıb olmur kənd­də.- Abbas səsini bir qədər qaldırdı.

Marat susub başını aşağı saldı. Deyəsən çox danışıb onları əsəbiləşdirmək istəmirdi.

  • Bu kişinin qardaşını sizin o kasıb kəndli dediyin ermənilər tutub aparıb. – Nazər dilləndi – Harda saxlıyırlar onu?

  • Ara, allaha and olsun, mənim xəbərim yoxdu- erməninin görkəmi bir az da fağırlaşdı. O adam tutanlar hamısı Yerevandan gəl­mədilər. Heç bizim özümüzü də adam yerinə qoymurlar.

  • Yalan deyirsən!- Sabir yumuruğunu qaldırıb onu vurmaq istəyəndə Abbas onun əlini havada tutub aşağı saldı.

Nazər:

  • Bax, - dedi, - Marat kişi, indi gedirik öyrənməyə. Allahına yalvar ki, bizim adamımız sağ-salamat olsun. Yoxsa, bilirsən dəə, özüm... – şəhadət barmağını boğazına çəkdi.

  • Öyrən, başına pırlanım, öyrən. Hər halda sağ olar. Onları tu­tanı görüm zəlil olsun!- erməni ağlamsıyaraq başını aşağı saldı.

  • Ə, Marat, bu Qarabağ nə vaxtdan sizin olub?- sual verən Sabir idi.

  • Ara, hardan bizim oldu? Əslinə baxsan elə Yerevanın özün­də də həmişə türklər ermənilərdən artıq olub. Bu, daşnaklar bil­mi­rəm bu sözü hardan çıxarıblar? Qaldı da ki, kimin olur olsun, yaşıyırdıq də. Bu müharibənin kimə xeyri var? Mən niyə bu və­ziyyətə düşməliyəm?

  • Sən bunu burda bizim üçün deyirsən, ay bic erməni, özü­nün­külərin yanında ayrı cür danışırsan. - Abbas dilləndi.

  • Neyliyim, a başınıza dönüm, ayrı cür danışanı salamat qoy­mur­lar. – Marat qeyri-ixtiyari deyəsən sözün düzünü deyirdi.


21. Hüseyn
Onlar hərbi hissəyə çatanda Hüseyin darvazadan çıxıb harasa getmək istəyirdi. Nazərgili görüb dayandı. Salamlaşıb görüşəndən sonra:

  • Ermənilər başımızı aparıblar. Bayaqdan dörd dəfə əlaqəyə giriblər. Biz onları çağıranda üç gün idi ki, zornan cavab alırdıq.- dedi.

  • Nə istəyirlər? – Nazər soruşdu.

  • Nə bilim, canlarına azar. Adamları itib. Dədə-bala, Qarakənd­dən.

  • Adları nədi?

  • Neynirsən, tanıyırsan? Uşaqlara tapşırmışam öyrənib gör­sünlər bizdədi, yoxsa yox. Bizimkilərdədisə Fərhadnan dəyişmə məsələsini qaldırarıq.

  • Adı Marat Saakov döyül?- Nazər bic-bic soruşdu.

Mayor Hüseynov diksinən kimi oldu:

  • Hə, Maratdı, Saakov. Sən hardan bilirsən?

  • Məndədilər.

  • Nə danışırsan? Səndə hardan?

Nazər əhvalatı danışdı. Hüseyn ona qulaq asandan sonra:

  • Malades! – dedi,- Amma böyük risqə getmisən. Gərək gə­lib bizim uşaqlarnan gedəydin. Səninki sadəcə olaraq bu dəfə gə­tirib. Kəşfiyyat çətin şeydi. Bu, bir sənətdi. Adamınkı həmişə gə­tirmir. Bir də belə işlərə girişmə.

Hüseynov onlarla birlikdə ratsiya olan otağa girib tapşırıq verdi:

  • Fərəcov, ermənilər əlaqəyə girsələr, denən ki, bir həftə bun­­nan əvvəl tutduqları Ağayev Fərhadı dəyişməyə hazırlasınlar, axtardıqları adamlar bizdədi. Daha doğrusu, bizdə yox, Fərhadın qohumlarında. Onu necə qaytarsalar, biz də bunları elə qaytraca­ğıq. Kişinin əlindən beş qoyununu da alıblar. Hamısını geri gətir­sinlər.

  • Beş yox, üç, - Abbas düzəliş vermək istədi.

  • Beş, beş! – mayor səsini qaldırdı. İki adamı bir adama dəyişirik, deyirsən qoyunlarımızı da onlara verək?


22. Yenə əsirlikdə

Fərhad bir saata qədər uzanıqlı qaldıqdan sonra birtəhər qal­xıb oturdu. Kürəyində, başında möhkəm ağrılar vardı. Təxminən iki saata qədər vaxt keçdikdən sonra zirzəminin tavanı bir qədər işıqlandı.

Səhər açılmışdı.

Fərhad alaqaranlıqda zirzəmiyə göz gəzdirib gördü ki, burada taxtadan düzəldilmiş köhnə bir taxt, onun da üstündə bir nimdaş yorğan və kirli olduğu aydın seçilən bir mütəkkə var. Gedib sol böyrü üstə taxtın üstündə uzandı.”Yəqin məndən əvvəl də burada kimisə saxlıyıblar”- düşündü. Az keçmədən onu yuxu apardı.

Günortadan sonra zirzəminin qapısı açıldı və içəri bir erməni girdi. Orta yaşlı, balacaboy bir adam olan həmin kişi qapının ağzında dayanıb dərhal soruşdu:


  • Ara, tualet işin var?

Fərhad başa düşdü ki, bu, evin sahibidi və başı ilə təsdiqedici işarə etdi. Əslində, tualet heç onun yadına düşmürdü. Niyyəti ba­yıra çıxıb harada olduğunu müəyyənləşdirmək idi.

- Gəl, çıx!

Fərhad zirzəminin pilləkənləri ilə qalxıb həyətə çıxdı. Hə­yətdə əlində qoşalülə ov tüfəngi tutmuş daha bir erməni vardı. Hə­min erməni ev yiyəsinə nəsə dedi və ev yiyəsi yaxınlaşıb onun əllərini açdı. Sonra hündür hasara alınmış kiçik həyətin sol kün­cündə olan qapını göstərib:


  • Get ora, - dedi, - tualetdi. Orda su da var, əlini yuya bi­lər­sən.

Hasar çox hündür olduğundan Fərhad heç nə görə bilmə­di. Onu yenə zirzəmiyə salıb qapını bağladılar. Ancaq nədənsə əl­lərini bağlamadılar. Bir azdan ev yiyəsi ona əl boyda çörək, bir dolça da su gətirdi.

  • Ara, sənin qoyunlarını başqaları kəsib yeyir, çörəyini, su­yunu isə mən verməliyəm. – dedi.

  • Sağ ol, istəmirəm.- Fərhad qeyri-ixtiyari dilləndi.

  • Ara, siz türklərdə nədi bu yekəxanalıq? Əvvəl hamısı be­lə deyir, sonra quru çörəyi gözlərinə təpirlər. – Erməni səsini bir qədər qaldırdı. – Onsuz da yeyəcəksən.

O, suyu və çörəyi taxtın üstünə qoyub çıxarkən Fərhad so­ruşdu:

- Mən hardayam? Bura hansı kənddi?

Erməni Fərhada kinayəli bir nəzər salıb:


  • A kişi, hələ başa düşməmisən ki, sənin vəziyyətində sual ver­mirlər, ancaq suala cavab verirlər? – dedi, və bir qədər zarafat tərzində əlavə etdi:

  • İndi mən heç özüm də bilmirəm bura haradı.

İki gündən sonra axşam Fərhadın gözlərini bağlayıb yenidən maşına oturtdular və başqa bir yerə apardılar. Maşın cəmi 15-20 də­qiqə yol getdi. Fərhad başa düşdü ki, bura əvvəlki kənddən çox da uzaq deyil.

Onu yenə də zirzəmiyə saldılar.

Bu zirzəminin əvvəlkindən fərqi onda idi ki, burada həm elekt­rik işığı yanırdı, həm də dəmir barmaqlığı olan iki kiçik nəfəsliyi vardı və gündüzlər o qədər də qaranlıq olmazdı. Divarın yanında dəmir çarpayı qoyulmuş, üstünə də köhnə bir adyal atılmışdı.

Təzə yerində Fərhadın vəziyyəti bir qədər də ağırlaşdı. İş bu­ra­sında idi ki, tualet də elə zirzəminin içində idi. Divarın bir kün­cündə kiçik taxta qapı tualetə açılırdı. Ona görə də bayıra çıxmaq, açıq hava görmək imkanından məhrum olmuşdu. Üstəlik, iki gün­dən sonra iki əsgər paltarı geymiş erməni gəlib onu uzun bir qa­ra­çı şallağı ilə o ki var kötəklədilər. Heç nədən, sorğusuz-sualsız.

Əsirliyin yeddinci günü bir nəfər erməni zabiti, yanında da iki nəfər saqqallı döyüşçü ilə qapını açıb zirzəmiyə daxil oldu.


  • Ara, bu, burda kefdədi ki!- deyə, zabit (onun çiynində ka­pi­tan paqonu vardı) Fərhada yaxınlaşıb sual verdi:

  • Necəsən, Aqayev? Səni incidib eliyən yoxdu ki?

Fərhad dillənmədi.

Kapitan onu başdan –ayağa süzüb bir qədər sükutdan sonra dilləndi:



  • Müharibədi dəə, belə də olur.

  • Yoldaş kapitan, mənim günahım nədi? – Fərhad da dilə gəldi.

Karitan yarı gülüş, yarı kinayə tərzində bir səslə:

  • Hı –hı, sənin günahın deyirsən. Günahın odu ki, türksən. Bur­da hələ sənə başa salmayıblar bunu? İstəyirsən, tapşırım bu ge­cə əməlli-başlı başa salsınlar səni?

Fərhad susub başını aşağı saldı. Bunlarla söhbətə girişmək mə­nasız idi.

Kapitan zirzəmidə bir-iki addım gəzişəndən sonra üzünü Fərhada tutub dedi:



  • Amma, yaxşı qohumların varmış. Səni yaman axtarırlar.

Fərhadın ürəyində ümid qığılcımı parladı. Lakin susub sözün gerisini gözlədi. Artıq bilirdi ki, ermənidən nə soruşsan düzünü deməz. Kapitan davam etdi:

  • Hə, okazıvayetsa, sən lazımlı adammışsan. Səni yaxın vaxt­larda buraxacağıq evinə.

Fərhad onun sözlərinə o qədər də əhəmiyyət vermədi. Hətta fik­rinə gəldi ki, bəlkə də onu Yerevana göndərmək istəyirlər, ona görə də kapitan dolamaq üçün bu sözləri uydurur. Qəlbindəki ümid qığılcımı o anda da söndü. Lakin kapitan yanındakılara tərəf çev­ri­lib ermənicə danışdıqdan sonra Azərbaycan dilində:

  • Bunu da abıra salın, yoxsa gedib danışar ki, bizdə əsirlərə pis baxırlar - deyəndən sonra ümid yenidən parladı.

Ermənilər zirzəmidən çıxandan sonra Fərhad çarpayının üs­tün­də oturub xeyli fikirləşdi. Bilirdi ki, ermənilər onu havayı bu­raxmazlar. Ya girov kimi dəyişər, ya da pulnan satarlar. “Əgər pul istəsələr, Güllü o qədər pulu hardan tapar? Yaman yerdə ax­şamladıq. Kənddən yığsa, ömür boyu hamıya borclu sayacağıq özümüzü.” Bu fikirlərlə də yuxuladı.

Ertəsi gün səhər ona yemək gətirən erməni üzqırxan da verib:



  • Üzünü də qırx, – dedi, - bəlkə səni buraxdılar.

  • Yəni inanmaq olar?- Fərhad gözünü erməninin gözünün içinə zillədi.

  • İnan, inan. Dəyişirlər səni.- deyib, erməni çıxdı.

Fərhad ilk olaraq üzünü qırxıb, özünün üst-başını qaydaya sal­mağa çalışdı. Bədəninin ağrılarını unutmuşdu. Ac olduğu da ey­ninə gəlmirdi. Bir qədərdən sonra yemək torbasını da açdı. Bu dəfə orada çörəkdən başqa pendir də vardı...

23. Azadlıq

İki gündən sonra Fərhad artıq evində idi.

Kişi xeyli dəyişmişdi. Arıqlamış, rəngi qaralmış, gözləri çu­xura düşmüşdü. Həmin gün onların evi də, həyəti də adamla dolu idi. Nazər nə dəyişmə mərasiminə, nə də kişinin özüylə görüş­mə­yə gəlməmişdi. Nəzərdə tutmuşdu ki, ertəsi gün, adamlar seyrə­lən­dən sonra anası ilə bir yerdə gedib görüşər. Gülbahar isə hələ səhər tezdən, Fərhad gəlib evinə çatmamışdan Yavərlə onlarda idi.

Təbii ki, gələrkən, yolda Abbas Nazərin qəhrəmanlığını qar­daşına danışmışdı. Hamı ilə bir-bir görüşən Fərhad Gülbaharın sırası çatanda əl verib görüşdü və astadan soruşdu:



  • Nazər hanı, gözümə dəymir?

  • Fərhad qardaş, adam çoxdu, utandı gəlməyə. Dincəlin, sa­bah gəlib görüşər.

  • Niyə utanır? O da mənim balamın biridi. Onsuz da şüca­ə­tinnən xəbərim var. Ermənilər ona qurbanlıq qoyun da göndə­rib­lər.

Fərhad son sözləri qəsdən bir qədər ucadan dedi ki, hamı eşit­sin.

Onsuz da Nazərin gördüyü işin səsi kənddə bomba kimi part­lamışdı. İndi uşaqdan böyüyə hamı onun özünü tanımasa da, adını əzbər bilirdi. Ona görə də Fərhad onun adını çəkər-çəkməz 5-6 nəfər birdən dil-ağız elədi:



  • Allah köməyi olsun!

  • Sağ olsun, böyük iş gördü.

  • Kaş belə igidlərdən çox olaydı!

Mayor Hüseynov dəyişmə zamanı doğrudan da ermənilərdən 5 qoyun almışdı. Erməni tərəfi 3 qoyun gətirmək istəyirdi. Hüseynov bildirdi ki, qoyun-zad lazım deyil, bir adamımızı qaytarın biz də sizin bir adamınızı özünüzə verək, ikincisini saxlayaq. Hətta rat­siyada zarafat da etmişdi ki, sizcə bir erməni iki qoyuna dəymir?

Həmin qoyunların ikisini Abbas hərbi hissəyə vermək istə­yəndə Hüseynov razı olmamış, zarafatla:

- Biri bizə, biri də Nazərə düşür.- demişdi.

Həmin qoyunu Vaqif kəsmək istəyəndə Abbas əlindən alıb bu­raxdı.



  • Buna dəymə,- dedi, – qurbanımız var, gətir onu kəs.

Adamlar qurban ətini yeyib dağılışandan sonra Güllü kişini hamama salıb çimizdirərkən baxdı ki, belində, qıçlarında qara-qara ləkələr var.

  • Evi yıxılmışdar səni döyüb bu kökə salıblar?

  • Boş şeydi, fikir vermə.- Fərhad onu döydüklərini arvadına danışıb qanını qaraltmaq istəmədi.

  • Sən allah düzünü de. Birdən içinə zəfər yetirərlər, bil­mə­rik. Sabah həkimə aparajam səni.

  • Aaz, yox vallah, ciddi bir şey olsa deyərəm. Elə-belə mə­zə üçün 10-15 şallax çəkiblər.

  • Onları görüm allahın bəlasına tuş gəlsinlər- deyib, Güllü ərinin belini sabunlaya-sabunlaya suallarını yağdırırdı:

  • Çörək də vermirdilər?

  • Harda saxlıyırdılar səni?

  • Sənnən başqa da əsir vardı, yoxsa tək idin?

Fərhad gözünün sabununu yuya-yuya:

  • Hamısını danışacam, səbr elə bir özümüzə gələk.- dedi, - Bir də məni döydüklərini yad adamların, heç qohumların da ya­nın­da danışma. Uşaqlar eşidib sınarlar. Bu 9 gündə onu başa düş­düm ki, biz erməniləri indiyəcən tanımamışıq.

  • Onları Əzrayıl tanısın!

Fərhad evinə gəlb çıxandan iki həftə sonra Nazərlə Səbinəni nişanladılar. Nişan mərasimi çox təmtəraqlı keçdi. Kəndin dəvət olunan-olunmayan bütün ayağı yer tutan camaatı onları təbrik etməyə gəldi. Fərhad əlavə iki qoyun da kəsdi. Nişan günü Çingiz də gəlib çıxmışdı. Qardaşının ermənilərlə olan əhvalatını eşidib əvvəl hirsləndi, sonra ürəyində baş qaldıran qürur hissi onu tez də sakitləşdirdi.

  • Gərək məni tapıb deyəydiniz, - dedi, - çox pis risk eliyib. O, hələ ermənilərin necə quduz olduğunu bilmir. Əllərinə keçsəy­di onu sağ-salamat buraxmazdılar. Yaşlı adamları dəyişdiklərinə baxmayın, onlar cavan əsirləri Ermənistana aparıb qul eliyirlər.


24. Bu da toy

Bir il hiss olunmadan gəlib keçdi.

Əslində ilin necə keçdiyini Nazərlə Səbinə hiss etmədilər, bir də onda ayıldılar ki, yay semestri başa çatıb və onlar kəndə get­məlidilər. Daha doğrusu, Nazər işlədiyi üçün kəndə yalnız bir ne­çə günlüyə gedə bilərdi. Səbinə isə tətil müddətini nişanlısından ayrılıb kənddə keçirməyə məcbur idi. Kənddə isə Nazərsiz hər gün bir il kimi keçirdi.

Dağlıq Qarabağda müharibə daha da qızışmışdı. Demək olar ki, hər gün cəbhədən pis xəbərlər gəlirdi. Əhalinin güzəranı get­dikcə ağırlaşırdı. Kəndlər və rayon mərkəzləri bir birinin ardınca əldən verilir, qaçqın və məcburi köçkünlərin sayı günbəgün artırdı.

Belə bir şəraitdə Nazər bir həftəliyə icazə alıb Səbinəni kən­də- Kəhrizliyə apardı. Fərhadla Güllü onları həddən artıq mehri­ban­lıq və sevinclə qarşıladılar. Hər ikisi öz qızları ilə bərabər onun da üzündən öpdülər. Nazər onlarda çox ləngimədi, bir stəkan çay içib öz kəndlərinə getdi.

O, həyətlərinə girəndə Çingizin qapıda axsaya–axsaya yeri­di­yini gördü. Qardaşı ilə qucaqlaşıb görüşəndən sonra soruşdu:

- Yenə yaralanıb gəlmisən?

- Hə, bu dəfə deyəsən uzunmüddətli gəlmişəm.

- Niyə ki, noolub?

- Ə, Gülbahara demə, bilmir. Bir ay qospitalda yatannan son­ra, üç gün bunnan qabaq evə gəlmişəm. Sağ qıçımı qrad qəlpələri deşik-deşik eləmişdi. Həkimlər güc-bəla ilə yığıb sağaltdılar. Hə­lə də bir neçə qəlpə qalıb. Ayaq üstə gəzəcəyimə inanmırdım.

Bu vaxt Gülbahar evdən çıxıb:


  • Bıy, sənə qurban olum, ay mənim gözəl balam! – deyərək, gə­lib oğlunu qucaqladı. Onun üz-gözündən bir neçə dəfə öpəndən sonra :

  • Bəs mənim Səbiş balamı neynəmisən? – deyə, soruşdu.

  • Evlərindədi.

  • Nə vaxt gəlib ki, mənim xəbərim yoxdu?

  • Mənnən gəldi. Onu evlərinə ötürüb gəlmişəm.

  • Yaxşı eləmisən. Sabahda-zadda mənnən gedərik gəlinimi görərəm.

Gülbahar Səbinəyə bir dəst kostyum alıb oğlu Nazər və qızı Sona ilə Güllügilə getdi. Görüşüb bir qədər söhbətləşdikdən sonra Güllü Gülbaharı kənara çəkib dedi:

  • Yaman pis zamana gəlib çıxmışıq, Gülbahar. Qonşuların söz-söhbətinnən ta cana gəlmişik.

  • Aa..z, nə söz? İndi nə olub ki?

  • A bajı, heç nə! Ağzı var tutan soruşur ki, qızı havaxt kö­çü­rürsən? Deyirəm hələ oxuyurlar, Allah qoysa, institutu qurtaran kimi toylarını eliyərik. Biri elə öz dayım qızı, deyir dörd il nejə etibar eliyib nişanlı qız saxlıyırsan, özləri də gözdən-qulaqdan uzaq bir yerdə ola-ola? Mən də dedim ki, Nazərə öz qızımdan da artıq inanıram. Kimə deyirsən? Deyir, odnan pambığın bir yerdə salamat qalmasına çox da bel bağlama.

Gülbahar eyhamı başa düşdü. Güllü toyu tezləşdirmək istə­yir­di və buna haqqı da vardı. Dedi:

  • Ay Güllü, qohum–qonşunu qınama, elə mən də bunların əl-ayağını bir yerə yığmaq istiyirəm. Bir halal süd əmmiş tapıb Çingizə ad eliyən kimi bunların toyunu eliyəjəm.

  • Aaz, qızdan çox qız var. Odu ey, biri elə eltimin qızı Gülşən. Gül parçası kimi təmiz, gözümüzün qabağında böyümüş uşaqdı.

  • Ay Güllü, kişi böyük oğlumun kirvəsidi. Kirvənin qızı kirvəyə düşmür deyirlər axı.

  • Burax sən allah, avamların sözünü. İndi elə şeyə baxan kimdi? Əmiqızını, xalaqızını alırlar, kirvə qızını yox?

  • Nə bilim vallah, mənim uşaqlarım bir az tərsdilər. O qız mə­nim də ürəyimə yatır. Elə bilirəm ağız açsam, Validə də sözü­mü yerə salmaz.

  • Aaz, yerə salmaq nədi? Validə də, Abbas da sənin uşaqla­rı­nın xətrini çox istiyirlər. Sən oğlunu yola gətir, bu tərəfi mən­nikdi.

Gülbahar Gülşən söhbətini Çingizə açanda oğlu bir az fikrə gedib sonra:

  • Ana, - dedi, - demirəm pis qızdı, lap yaxşı qızdı, özü də tə­miz ailədəndi. Ancaq mən indi axsıya-axsıya evlənə bilmərəm. Qoy görək axırımız nə təhər olur.

  • Bala, allahın köməkliyiynən yaxşı olar. Günü–gündən ye­rişin də düzəlir. On günə qədər tam sağalacaqsan, inşallah!

Doğrudan da Çingizin zədələri iki həftəyə sağaldı. Həkimlər budunda qalmış axırıncı iki qəlpəni də çıxartdılar.

Avqustun 5-də Çingizlə Gülşəni nişanladılar.

Nazərin toyu isə avqustun 23-də oldu. Bundan iki həftə əvvəl Səbinəni qiyabiyə keçirmişdilər...

1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə