Əli Aslanoğlu Yovşanlıq şərqiləri Bakı 2009 Redaktoru: Firuz Mustafa Əli Aslanoğlu. Yovşanlıq şərqiləri




Yüklə 1.67 Mb.
səhifə12/14
tarix16.04.2016
ölçüsü1.67 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

Sur tütəyi
Əlifağa hər maaş aldığı günün axşamı ailəsinin növbəti maa­şa qədər dolanışıq xərclərini, özünün dediyi kimi, ailə büdcəsini yazıb hesablayar, sonra da dəftəri arvadı Əntiqəyə verib deyərdi:

- Al, bir özün də bax. Deyəsən bəzi şeyləri artıq yazmışam.

Əntiqə dəftərə baxmamışdan :

- Sən ha! Sən olasan, özün də artıq hesablayasan? – deyər və sonra da dəftəri qabağına qoyub öz əlavələrini edərdi. Bu dəfə də istisna olmadı:

- Başına xeyir, yaman da hesablamısan. Qonşunun toyu var, azı əlli manat bura gedəcək, böyük qızın sinif rəhbərinin ad günü­dü ayın 22-sində, aşağısı beş manatdan yığacaqlar, JEK-dən zibil pulu yığmağa gələcəklər, heç olmasa ikicə manat da olsa ver­mə­liyik.

Əntiqə hesabatı dəqiqləşdirib 60–70 manat büdcə kəsiri ilə təsdiqlədikdən sonra qaytarıb atdı ərinin üstünə:

- Belə yaşamaq olmaz,- deyib, söylənə-söylənə keçdi mətbəxə.

Əlifağa arvadının haqlı narazılığını bilsə də, onun səsini qula­qardına verib özü səsini qaldırdı:

- Ay balam, ayda nə qədər pul yığmaq olar? Məktəb pul yı­ğır, JEK pul yığır, evlənən, anadan olan, ad günü keçirən, hətta ölən də pul yığır.

Mətbəxdən Əntiqənin səsi gəldi:

- Heç dilənçiləri demirsən. Sən işdə olursan, xəbərin olmur. Gündə qapını döyən seyidlərin, qaraçıların, adi dilənçilərin sayı-he­sa­bı yoxdu. Məcbur düşüb üçündən-dördündən birinə pul ver­məli olursan.

- Ağlın olsun, vermə.

- Verməmək olmur. Elə and verib yalvarırlar ki, dözmək ol­mur. Zəmanə elə korlanıb ki, deyəsən dünyanın axırı çatıb. Hə, yax­şı yadıma düşdü. Heç dəftərdə lift pulunu hesablamamışıq.

- Bu da təzə çıxdı? – Əlifağa az qala qışqırdı.

- Lift mexaniki deyib ki, üçüncü mərtəbədən yuxarı hər ev bir manatdan yığmasa liftə baxmayacaq.

- Niyə?


- Deyir maaşım azdı, dolana bilmirəm, məcburam əlavə bir iş tapıb işləyəm.

- İşləsin də-ə. Bundan bizə nə.

- A kişi, uşaq kimi danışma, lift işləməsə 9-cu mərtəbəyə qalxıb-düşməkdən kələyimiz kəsilər, özün də ürəkdən zəif adam­san. Bizdən aşağı mərtəbələr hamısı pul yığmağı qərara alıblar. Mən durub necə deyim ki, vermirəm?

Əlifağa susdu. Arvadı qınamaq olmazdı, lift vacib məsələ idi. Əntiqənin bayaq dediyi söz yadına düşdü və fikrindən keçirtdi ki, dünyanın axırı çatsaydı hamının canı biryolluq qurtulardı boş-boş şeylərə pul yığmaqdan.

Növbəti ayın başında Əlifağa maaşını alıb iş yoldaşı Vaqifə 40 manat borcunu qaytardıqdan sonra qalan pulu dəsmalına bü­küb qoltuq cibinə qoydu və qərara gəldi ki, bu dəfə büdcə-zad he­sablamayacaq. Onsuz da hesabatın heç bir xeyri olmur. Qoy ar­vad necə bacarır, eləcə də evi yola versin.

Həmin gün Əlifağa çox yorğun idi. Özünü metroya çatdırıb orta vaqona mindi və boş yer tapıb oturdu da. Yolda metro va­qonları ağzınacan doldu və o qədər basabas düşdü ki, maşınist əyləci basanda ayaq üstə dayanan və əlləri tutacağa çatmayan ca­vanlrın bir neçəsi hətta iki dəfə onun üstünə yıxıldılar.

Əlifağa yuxulayırdı...

...Maaş günü idi. Onu kassaya çağırdılar. Əlifağa pilləkənləri özünəməxsus bir cəldliklə düşüb kassaya tərəf irəliləyərkən yolda yadına düşdü ki, axı o maaşı alıb, görəsən kassir onu neynir? Bəl­kə pulu səhv verib? Yox, bu olan şey deyildi. Əvvəla, o özü də pu­lunu sayıb götürmüşdü. İkincisi də, kassir Şükür heç vaxt səhv edib adama artıq pul verməzdi. Bəlkə əlavə mükafat yazmışdılar ona?

Dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşən kassaya özünü çatdıran Əlifağa gördü ki, bura adamla doludur və... kassa tərsinə işləyir! Yəni, adamlar pul almaq əvəzinə, uzun bir cədvələ qol çəkib kassirə pul verirlər. O, təəccüb içində yan–yörəsindəki­lər­dən soruşub öyrənməyə çalışdı:

- Ə, nə baş verir burda? Pulları niyə qaytarıb yığırlar?

Çox qəribə bir səhnə idi. Heç kim onun sualına cavab vermir, yaxud da vermək istəmirdi.

Ancaq hamının kefi duru idi. Gülən kim, çırtıq vurub oyna­yan kim, bir sözlə, kassanın qabağında aləm qarışmışdı. Bir şad­ya­nalıq, bir büsat vardı ki, gəl görəsən. Hətta 3-cü şöbənin baş mü­təxəssisi Narıngül xanım (Əlifağa evlənməmişdən Narıngülü istəmişdi, Narıngül isə onu bəyənib gəlməmiş, üstəlik, “kənd hin­duşkası yemək üçün çəyirtkəni kənddə axtarar, şəhərdə yox” –deyib, kobud cavab da yollamışdı) qaş-gözünü oynada-oynada ona yaxınlaşıb göz də vurdu.

Əlifağa mat qalmışdı. Ayrı vaxt ölü yeri üçün bir-iki manatdan pul yığanda belə, adamların qaş-qa­bağı yerlə bir olardı. İndi hamı topa-topa pulu sevinə-sevinə kas­saya qaytarırdı.

Nəhayət, onun da növbəsi çatdı. Başını kassanın pəncərəsin­dən içəri soxanda nə görsə yaxşıdı? Kassir Şükürün yanında iki elə gözəl qız vardı ki, o, (yəni Əlifağa) 45 illik ömründə belə gö­zəlləri heç xarici kinolarda da görməmişdi. Qızlardan biri kassirin sağ, o biri isə sol tərəfində dayanıb yığılan pulları dəstələyirdilər. Əlifağa elə mütəəssir olmuşdu ki, səbəbini kassirdən soruşmadan kağıza büküb qoltuq cibində gizlətdiyi məvacibini (daha doğrusu, məvacibinin qalığını) nə vaxt çıxarıb stolun üstünə qoyduğunu özü də bilmədi. Başını pəncərədən geri çəkmək istəsə də, tərpən­mə­yə halı yox idi, gözünü qızlardan ayıra bilmirdi. Onda intuitiv bir təsəvvür yarandı ki, bunlar məlakələrdir, yer üzündə bu gö­zəl­likdə insan ola bilməz!

Arxadan onu dümsükləyirdilər:

- Əlifağa, qurtar də!

- Qol çək, çıx, biz də varıq axı!

Əlifağanın boğazı qurumuşdu. Qeyri-ixtiyari əlini uzadıb qə­lə­mi götürdü və cədvəldə öz adını axtarmaq istəyəndə yadına düş­dü ki, axı heç pulun nədən ötrü yığıldığını soruşmadı. Kassir Şükür onun ürəyini oxuyurmuş kimi:

- Tütək almağa yığılır pullar- dedi, - Sur tütəyi.

- Nə..ə?


- Sur tütəyi, ay müsəlman! Müasir dildə desək zurna.

Əlifağa güc-bəla ilə özünü cəmləyib soruşdu:

- Dünyanın axırıdı bəyəm? Neynirik Sur tütəyini?

Birdən yadına gəldi ki, axı arvadı Əntiqə demişdi - dünyanın sonu catmaq üzrədi!

- Axı, mən bilən, dünyanın sonu.., yəni axır-məhşər gələndə Sur tütəyini İsrafil çalacaqdı.

- Bəli, çalacaqdı, ancaq çalmır. Daha doğrusu , bizdə çalmır.

- Elə niyə?

- A kişi, məni niyə sorğu-suala tutmusan? Mən nə bilim? Eşit­diyimə görə, Sur tütəyi Avropada çalınacaq və onun səsi bu­ra­lara çatmaya da bilər. Ona görə də tapşırıq var ki, bir aylıq maaş­dan keçib özümüzə zurna alaq və özümüz də çalaq.

Doğrusu, məsələnin bu cəhəti bir az onun xoşuna da gəldi. “Əşi, dünya binnət olannan onun-bunun çaldığına oynamışıq. Ba­rı, heç olmasa axır-məhşər günü zurnanı özümüz çalaq”- deyə, ani olaraq fikrindən keçirdi. İstər-istəməz dilindən bir sual da qopdu:

- Bəs dünyanın axırınacan necə yaşayaq?

- Ə, qəribə adamsan, vallah! Camaat necə, sən də elə. Onsuz da həyat sabahlıqdı. Sabahlıq çörəyin yoxdusa, al bunu götür, - deyib, kassir Şükür iri bir təndir çörəyini ona uzatdı. Əlifağa tən­dir çörəyini əlindəki torbaya qoyub kassadan yenicə aralan­mış­dı ki, qəflətən arxadan qulağına elə bir zurna səsi gəldi ki, dik atıldı.

Metro vaqonunun fit səsi onu yuxudan ayıltmışdı. Repro­duk­tordan səs gəlirdi:

- ... sonuncudur. Xahiş edirik vaqonları tərk edəsiz.

Cəld sıçrayıb vaqondan bayıra atıldı. Metronun girəcəyində aldığı təndir çörəyini sol əlinə keçirib, sağ əlini qoltuq cibinə apardı.

Pul yox idi...

Sur tütəyinin səsi isə hələ də qulaqlarında uğuldayırdı...



Qaz əhvalatı

Nuruş darvazadan içəri girəndə təzəcə cücərmiş dirriyində bir dəstə qaz otladığını görüb:



  • Kiş, kişş!! Ay uşaq, ay arvad, gözünüz kordu?- deyə, qışqıraraq əlindəki qaz açarını qazlara tərəf tulladı və özü də dalınca qaçdı.

Kişinin səsinə qapını açıb bayıra çıxan Sədəf də ərinin səsinə səs verib bostana tərəf qaçdı:

  • Kişş, kişş! Buna bax ey, evi yıxılmışın qazları iki dəqiqəliyə evə başımı təpməyimilə gəlib doluşublar bostana.

Əlbəttə ki, Sədəf özünü kişinin danlağından sığortalamaq üçün belə deyirdi. Əslində isə o, bir saatdan artıq idi ki, evdən çıxmamışdı, televizorda təzə seriala baxırdı.

Qazlar qaçıb getdilər. Nuruşla Sədəf dirriyə çatanda gördülər ki, qazlardan biri yıxılıb qalıb qaz açarının yanında və ağzını güclə açıb-yumur.



  • Buna nooldu? Bu ki ölür.- Sədəf dilləndi və çevrilib ərindən soruşdu:

  • A kişi, sən vurdun bunu?

  • Cəhənnəmə ölsün!- Nuruş arvadın üstünə bağırdı.- Gərək bu açarı sənin başına çırpaydım ki, həyət-bacaya göz-qulaq olmaq əvəzinə televizorun qabağında oturub gic-gic şeylərə gözünü zilləməyəsən.

  • Barı başını kəs də! – Sədəf kişinin qışqırığına o qədər də məhəl qoymadan dedi- Görmürsən murdar olur?

Nuruş cibindən bıçağını çıxarıb qazın boğazını üzdü.

  • Bu qazlar kimindi?- Bıçağın ağzını qazın tükünə sürtə-sürtə soruşdu.

  • Tərs Alməmmədgilin qazlarıdı. Bizi işə saldın dəə. İndi bir həftə qaz davası çəkəcəyik. Nahaq vurub öldürdün. Alməmmədin üstünə diri ilan salsan da, ölü qaza yaxın durmaz.

  • Əvvəla, qəsdən vurmadım, əlimdəki açarı qorxudub qovlamaq üçün atdım. İkincisi də, onun bostana vurduğu zərər qazdan ikiqat çoxdu. Qoy gəlib baxsın.

  • Deyirsən də. Nə Alməmmədi , nə də onun əyrimçə gözəlçəsini bütün kənd yığılsa da, başa sala bilməz. Nə isə. Sən keç evə, görüm neyniyirəm,-deyib, Sədəf qazı götürüb sallaya-sallaya qonşu Alməmmədin arvadını çəpərin başından çağırmağa getdi.

  • Təzəxanım, ay Təzəxanım!

  • Gəldim,can bacı, gəldim! – O üzdən Təzəxanımın səsi eşidildi.

  • Ay Təzəxanım, gör bu sizin qazlardandı?- Sədəf başı üzülüb boynunun dərisindən sallanan qazı çəpərin başından o tərəfə, özünü yetirmiş Təzəxanıma uzatdı.

  • Bıy, bunu kim kəsib? Bizim qazdı. Deyirəm axı, qazlar niyə güzümə az dəyir.- Təzəxanımın üzünün ifadəsi kosmik sürətlə dəyişdi:

  • Bunu kim bu hala salıb?- Və qazı alıb öz qarşısında yerə qoydu.

  • Bizim bostana bir dəstə qaz dolubmuş. Kişi qovub çıxardanda görüb biri ölür, murdar olmasın deyə, o da başını kəsib.

  • Ay Sədəf, yekə arvadsan, burdan-bura qonşuluqda məni aldatmaq istəyirsən? Necə yəni ölürmüş? Heç qaz da durduğu yerdə ölərmi?- Təzəxanımın səsi get- gedə qalxırdı.

  • Niyə ölmür, aaz, adam yıxılır ölür, qaz ölə bilməz?- Sədəf də bu yerdə bərkdən danışmalı oldu.

  • Yox, ölə bilməz! Get kimdən soruşursan soruş! Xəstə deyil, azar düşmüyüb, niyə ölməlidi? Birdəfəlik de ki, vurub öldürmüşük. Özü də ən yaxşı qazıydı.

  • Ay qonşu, indi neyniyək, ya zəlzələdən, ya vəlvələdən, axır sənin qazını danmırıq ki. Apar bişir uşaqlar yesin, bunun da qisməti bu imiş.- Sədəf danışığını bir qədər yumşaldıb işi yoluna qoymaq istədi.

  • Yox, mən ölü qazı götürə bilmərəm, kişi başımı qaz başı kimi kəsər.

  • İndi ki, belədi, ver aparım mən bişirim, əvəzində bir diri qaz alıb verrik, yeri düzələr.

  • Deməzsən ki, aldatdım?! – Bu, Alməmmədin səsiydi. Artıq o da özünü çatdırmışdı:

  • Ərin vurub mənim qazımı öldürür, tutub başını kəsir, sən də deyirsən ki, ver aparım bişirim! Malades sizə! Sən qırmızı-qırmızı mənim qazımı ye, mən də durum baxım? – Alməmmədin səsinə digər qonşular da gəldilər.

  • Noolub?

  • Kim kimi vurub?

  • Kimin qazını kəsiblər?- Məsələdən hali olmayanlar sualları dalbadal yağdırırdılar.

Almmədin səsi getdikcə ucalırdı:

- Elə bilirsən görmədim? Qaz açarını götürüb hücum çəkdiyini bax bu iki gözlərimlə gördüm.- Alməmməd iki barmağını az qala öz gözünə soxmuşdu, - Qaçıb girib evə, səni verib qabağa! Yekə kişidi, gəlsin desin mən öldürmüşəm, niyə gəlmir? Qazı kəsib mənə göndərir. Məni nə hesab edir, hıy?



  • A kişi, belə mən vurub öldürmüşəm, dirriyimi kor qoyub sənin qazların, indi dincəldin? – Nuruş da evdən çıxıb gəlmişdi.

  • Sən çox səhv eliyib mənim qazımı kəsmisən! Sən axı özünü nə hesab eliyirsən?- cəhlinin sonu davaya gedirdi.

  • Bəs sən qazları qonşunun bostanına ötürəndə özünü nə hesab eliyirdin?

Nuruş bərk hirslənmişdi. Arvadının çiynindən yapışıb geri itələdi:

  • Rədd ol, get evə, nə bunlarnan ağız-ağıza vermisən? Ona qaz-zad verən deyiləm! Götürür götürsün, götürmür atsın bayıra ! Nə vaxt bostanıma vurduğu zərəri ödüyər, onda baxarıq! – və Sədəfi də qabağına qatıb getdi evə tərəf.

Arxadan Alməmmədin hədəsi eşidilirdi:

  • Sən buna bax! Məni hərif sayır, nolar, sən sən ol, mən də mən!

  • Nolar, Nuruş, biz sənə göstərərik!- Bu da Təzəxanımın səsiydi.

  • Nə göstərəcəksən, aaz, mənim ərimə? – Sədəf çevrilib ona tərəf qışqırdı:– Sənin göstərdiyinə heç it də baxmaz, iynə yemiş qancıq!

  • Cəhənnəm ol, keç evə! – Nuruş arvadını itələyib saldı evə.

Qonşulardan bir neçəsi Alməmmədgilə nəsihət verdilər:

  • Əşi, işdi də, olub, bir qazdan ötrü qonşuluqda pisləşmək nəyə lazım?

  • Ay, Təzəxanım, bişir uşaqlar yesin, dünya qopmuyub ki ?- və dağılışıb getdilər.

Alməmməd qazı bişirməyi arvadına qadağan elədi:

  • Birdən çaşıb bişirərsən ha! Bu maddi sübutdu. Əl vurma, at eyvanın küncünə, qoy qalsın, sabah şikayətə gedacağam o unitaz köpəyoğlundan ( Nuruş santexnik idi, ona görə də bəzi lağlağı kənd ağzıgöyçəkləri ona “unitaz” ləqəbi vermişdilər), qoy hökumətə cavab versin!

  • A kişi, bu, səhərə qalsa iylənər axı!

  • Cəhənnəmə iylənsin!- Alməmməd bağırdı: - Arvad ki, arvad! Qazını özün yeyəndən sonra kimə nə deyəcəksən?

Ertəsi gün səhər saat 9-30- da Alməmməd ərizə ilə sahə

müvəkkilinin kabinetində idi.



Sahə müvəkkili Bəxtiyar ərizəni oxuyub qaytardı Alməmmədə:

  • Heç nə anlamadım. Qonşu sənin qazını kəsib və verib özünə ki, bişirəsən. Nə olsun, pislik eliyib? Burda nə kriminal var?

  • O, mənim qazımı öldürüb sonra kəsib, yoldaş uçastkovı.- Alməmməd qeyri-ixtiyari əlini lopa bığlarına çəkdi.

  • Deyirsən əvvəl kəsib, sonra öldürəydi?- Sahə müvəkkilinin dodağı qaçdı.

  • Axı onun nə ixtiyarı var ki, mənim əmlakımı məhv eləsin? Qanunda belə şey var?

  • Yoxdu. Amma o da var ki, baxır əmlak nə əmlakdı. Hadisənin motivi nədi. Bir də ki, bu, xırda mülki məsələdi. Belə işləri bələdiyyə də həll edə bilər.

Alməmməd anladı ki, sahə müvəkkili bu işə o qədər də baş qoşmaq fikrində deyil. Qalxdı ayağa:

  • Demək, mənim şikayətimə baxmaq istəmirsiniz. Eybi yoxdu, mən hara lazımdı, ora yazaram, onsuz da bu işi belə qoymayacağam.

Sahə müvəkkili Bəxtiyar Alməmmədin qarayaxa adam olduğunu bilirdi. Onun özünü də dilə-dişə salacağından ehtiyatlanıb danışığını yumşaq tona keçirtdi:

  • A kişi, baxırıq, niyə baxmırıq. Bilirsən ki, mən sənin xətrini istiyən adamam. Get əməlli-başlı bir ərizə yaz. Qazı harda, hansı şəraitdə, necə öldürüblər, yaxud kəsiblər, məqsəd nə imiş? Hamısını göstər, biz də sənədi alıb əlimizə sübutlar əsasında işimizi quraq.

  • Yaxşı, ətraflı yazıb gətirərəm,- deyib, Alməmməd qapıya yönələndə Bəxtiyar:

  • İcra orqanına, yaxud bələdiyyəyə də bildirsən yaxşı olardı, – dedi, - Hər halda mülki məsələdi, məni düz başa düş, polisin onlarsız belə işə girişməyi o qədər də düz çıxmır.

  • Nə deyirəm, onu da eliyərik. – Alməmməd qapıdan çıxdı.

Tələsik özünü evə çatdıran Alməmməd arvadından birinci qazı soruşdu:

  • Qaza əl vurmamısan ki ?

  • Eləcə içalatını çıxartdım ki, iylənib tez xarab olmasın.- Təzəxanım cavab verdi.

  • Uçastkovı da mən deyəni dedi. Hər şey sübut və əşyayi-dəlillə təsdiqlənməlidi. Ordan kağız-qələm ver, ətraflı ərizə yazmalıyam, özü də üç nüsxə. – Alməmməd keçdi yazı masasının arxasına.

Dəftəri və diyircəkli qələmi gətirib stolun üstünə atan Təzəxanım ərini məzəmmətlədi:

  • Nahaq qoymadın bunu ataq onların üstünə, əvəzində qazımızı alıb verəcəkdilər.

  • Qanmaz-qanmaz danışma!- Alməmməd əsəbiləşdi,- Məsələ qazda deyil, prinsip var. Mən onu lazımınca cəzalandıracağam.

  • Əşi, bir qazdan ötrü Nuruşu tutub dama basmayacaqlar ki. Uzaq başı qazını alıb qaytaracaq.

  • Sənin işinə qalmayıb, arvadsan, otur arvad yerində! – Alməmməd öz qətiyyətini nümayiş etdirdi və sonra da Təzəxanıma təzə tapşırığını verdi:

  • O qazı bir şeyə bük, as eyvanın dirəyindən. Gecə tülkü-zad aparar, sübut əldən çıxar.

  • Belə görürəm bu xəmir çox su aparacaq, axırda da özünə zərər olacaq.

  • Özümə niyə?

  • Ora-bura ayaq döyüb vaxt itirməyi zərər hesab eləmirsən?- Təzəxanım başını bulayıb aralaşdı.

Ərizəni yenidən yazıb sahə müvəkkilinin yanına gedən Alməmməd onu yerində tapmadı. Dedilər rayonda iclasdı, ora gedib. Bələdiyyə sədrinin də kabineti bağlıydı. Axırda poçta gedib ərizələrdən birini rayon icra hakimiyyətinə yolladı və qayıtdı evə.

Bu gün həftənin beşinci günüydü. Demək o, qaz şikayətinin dalınca bir də gələn həftənin birinci günü getməliydi. Odur ki, dəryazı əlinə alıb həyətin otunu çalmağa başladı...



İstirahət günləri qurtarıb yeni iş həftəsi başlayanda , yəni həftənin birinci günü, saat on radələrində Alməmməd darvazadan çıxıb şikayətinin dalınca getmək istəyirdi ki, doqqazda bir “Jiquli” saxladı və içindən üç nəfər düşdü. Sürücünün yanından düşən nisbətən bazburutlu kişi:

  • Sabahınız xeyir! – deyib, cəld soruşdu:

  • Almamməd Gülməmmədovun evi buradı?

  • Bəli, buradı. - Alməmməd cavab verdi.

  • Sizsiz Alməmməd?

  • Mənəm.

Kişi dönüb arxadan düşən iki nəfərdən birinə:

  • Bahadur, sən magistraldan baxa – baxa gəl, biz Sadıqnan keçək həyətə.- deyərək darvazadan girdi içəri. Qeyri-ixtiyari onların dalınca qayıdıb öz həyətinə girən Alməmməd soruşdu:

  • Bağışlayın, siz kimsiz, nə məsələdi?

  • Rayondan, qaz idarəsindən gəlmişik, -kişi yerişini yavaşıtmadan Alməmmədi cavablandırdı və sonra da özünü təqdim etdi:

  • Mən iş icraçısıyam, adım Fərruxdu.

  • Mən qaz pulunu vaxtlı-vaxtında ödəyən adamam, can qardaş, ancaq son iki ayın borcu qalıb. Onu da beş-altı günə maaş alan kimi ödəyəcəm.

  • Qazınız gəlir, yoxsa kəsilib?

  • Gəlir, amma bir qədər zəifdi.

  • Bəs onda...- Qaz sayğacını yoxlayan Sadıq Fərruxun sözünü ağzında qoydu:

  • Fərrux müəllim, bunun sayğacı işləmir ki. Elə-belə yalandan asılıb burda. Plombu da qırıblar.

  • Hə, demək belə, Alməmməd müəllim! Plombu qırmısan, özün də qabaqdangəlmişdik eliyirsən, bizdən yazırsan, ayıb deyilmi?- deyib, Fərrux darvazadan içəri keçən digər işçisini hayladı:

  • Bahadur, maşından mənim papkamı gətir!

Alməmmədin kefi pozulmuşdu, bilmirdi ki, neyləsin. Handan-hana özünü ələ alıb dilləndi:

  • Fərrux müəllim, mən sizdən yazıb-eləməmişəm. İndi sayğacdı da, xarab olub, yenisini qoyarıq.

  • Özbaşına xarab olub təzə sayğac? Bəlkə üstündəki plombu da qonşu sındırıb? Nə isə.., vaxtımız azdı, tez aktlaşdırıb getməliyik.

  • Bəlkə...- Alməmməd məsələni yoluna qoymaq istədi

  • Bəlkəsi-zadı yoxdu! Səndən də bizə heç nə lazım deyil, qanuni işimizi görüb gedirik, - iş icraçısı bir qədər sərt danışdı.

  • A kişi niyə acıqlanırsan? – Alməmməd danışığını bir qədər də yumşaltdı, - Sənə nə pisliyim keçib? Deyirəm özümüz yoluna qoyaq də. Daha akt-zad nə lazımdı?

  • Lazımdı. Qonşuya şər atdığın kimi, sonra bizə də şər atarsan.- Fərrux aktı yaza- yaza onun cavabını verdi.

  • Nə şər? Şər nədi?

  • Evində qazın gələ-gələ bu boyda zurna yazmısan ki, qonşum gəlib qazımı kəsib, şikayətimə baxan yoxdu. Bunun üstündə səhər-səhər müdir dişinin dibindən çıxanı mənə dedi. İşləmirsən, ərazidən xəbərin yoxdu, nə bilim daha nələr!

Bu vaxt Təzəxanım da işə qarışdı:

  • Gördün, a kişi,- ərinə kinayəsini bildirdi, - demişdimmi axırda sənə zərər olacaq? – Sonra iş icraçısına məsələni açıqladı:

  • Kişi o qazdan yox ey, bu qazdan yazıb, - deyərək, dirəkdən sallanan torbanı alıb qoydu stolun üstünə və qazı içindən çıxartdı.

İylənmiş qazın ürəkbulandırıcı qoxusu ətrafa yayıldı. Burnunu tutub kənara çəkilən Fərrux:

  • Bu nədi? Neynirsiz? Bunun bizə nə dəxli?

  • Bu qazın, yəni ev quşunun kəsilməsindən şikayət edilib – Təzəxanım iylənmiş qaz cəsədini stolun üstündən götürüb yerə atdı.

  • Ay bacı, qaz açarı ilə bu qazı kəsmirlər, yanacaq qazını kəsirlər. Qəribə adamdı sizin əriniz. Bax, gör nə yazır: Qonşu Qələndərov Nuruş Pirverdi oğlu qaz açarını götürüb cumub bizim qaza . Onu kəsib, öldürüb. Şikayətimə baxan yoxdu. Xahiş edirəm tədbir görəsiniz. İmza, qol, və s. və i.a.

Qaz idarəsinin santexnikləri Bahadurla Sadıq gülməkdən uğunub getdilər. Axırda Fərrux onlara təpindi:

  • Bəsdirin! Qurtarın! Gəlin akta qol çəkin, sonra da qazı bağlayıb plombu vurun gedək, işimiz çoxdu.

Qaz açarını götürüb boruya yaxınlaşan Sadıq :

  • Alməmməd kişi, bu açarnan bax bu qazı kəsirlər, yadında saxla, – dedi, - toyuğu, hinduşkanı yox!

Alməmmədin qanı elə qaralmışdı ki, deyəsən heç onun dediyini eşitmədi də. Fərruxa yaxınlaşıb soruşdu:

  • Bəs indi necə olacaq?

  • Heç nə, gəlib idarədə cəriməni ödəyib, təzə sayğac aldıqdan sonra biz də gəlib qazı açacağıq.

Qaz idarəsinin işçiləri getdilər.

Eyvanda kətilin üstündə oturub qalmış Alməmməd bir xeyli gah yerdəki qaz cəsədinə, gah da kəsilib tıxaclanmış qaz borusuna baxdıqdan sonra qəflətən yerindən qalxıb iylənmiş qaz cəsədinin ayaqlarından tutaraq var gücü ilə qolazladı Nuruşun həyətinə.

Deyəsən, bu, qaz davasının sonu idi...

Muştuluq

Sizə danışacağımız bu əhvalat bəlkə də

heç yerdə və heç vaxt baş verməyib, ancaq

böyük ehtimalla baş verə bilərdi. Hər halda

biz eşitdiyimizi deyəcəyik. İnanan inanar,

inanmayan da hekayə kimi qəbul edə bilər.

Rayon mərkəzindən 25 km. aralı, dağətəyi bir ərazidə yerləşən Ləqəbli kəndinin təbiətinə, ab-havasına söz ola bilməzdi, elə adamlarına da. Bu kəndin sakinləri öz gülərüzlüyü, xoş rəftarı və zarafatcıllığı ilə fərqlənirdi. Bunun da səbəbi vardı . Ləqəblilərin hamısı bir- birinə qohum idi və demək olar ki, buna kənd yox, qəbilə demək daha düzgün olardı. Elə buna görə də onların hamısı xasiyyətcə bir-birinə oxşayırdı. Və elə buna görə də kənddə hamının ləqəbi vardı və kəndin “Ləqəbli” adlandırılması da yəqin ki, bu mənbədən qaynaqlanırdı. Sual oluna bilər ki, bütün kəndlərdə adamların ləqəbi olur, bunun kəndin adına nə dəxli? Bunun nə dərəcədə dəxli olub -olmadığını dəqiq deyə bilməsək də , onu qeyd edə bilərik ki, Ləqəblidə yaşı 16 – nı keçmiş bütün sakinlər- istər kişi olsun, istər qadın - ləqəblidir və bunu özləri də bilir. Başqa kəndləri deyə bilmərəm, bu kənddə ləqəbi qazanırlar. Yəni onu adamlara boş-bekar çayxana müştəriləri yapışdırmır. Məsələn, götürək Beh Məhəmmədi. Bu adam istər bir şey alsın, ya satsın , ya da adi bir aləti bir-iki günlüyə kiməsə işlətməyə versin, mütləq surətdə ortada beh məsələsi olur. Tutaq ki, qonşu gəlib deyir:



  • Məhəmməd, dəryazım sınıb, ot əlimdə yarımçıq qalıb, dəryazını iki günlüyə ver, işimi qurtarıb qaytaracam.

Məhəmməd təbii ki, qonşunun əlimyandısına öz köməyini əsirgəmir:

  • Nolar, apar. Ancaq mənim də dəhrəm kəsmir, bir-iki ağacın qol-budağını budamalıyam. Get dəhrəni gətir, dəryazı verim, apar.

Kişi desə ki:

  • Məhəmməd, dəhrəni bacıoğlu aparıb, sabaha- birigünə gətirəcək.

Məhəmməd əlüstü onu istiqamətləndirir:

  • Dəhrə olmasın, bıçaq olsun, xırda balta olsun, fərqi yoxdu, axır bir şey gətir ki, mən də öz işimi görüm.

Qonşu, Məhəmmədin əvəz almayınca dəryazı verməyəcəyini bildiyindən qayıdır evə və bir şey tapıb gətirir ki, verib dəryazı alsın.

  • Dəryazı sındırsan verdiyin beh batacaq ha! – deyə, Məhəmməd zarafatayana da olsa xəbərdarlıq edir.

Mərsiyə Müşfiq, Ağıçı Ağanisə, Qırsaqqız Həmid, Zakon İbrahim, Dəftər Ələsgər.., saymaqla qurtaran deyil ləqəblər Ləqəblidə, hamısı da fərqli, orijinal və hamısı da ləqəb sahibinin öz halal zəhmətinin bəhrəsi.

Ləqəb də elə bir şeydi ki, adama ki yapışdı, qurtardı getdi. Ta onu ölənəcən qopartmaq mümkün deyil. Məsələn, Ləqəblidə elə adam var ki, vaxtilə ona bir ləqəb qoşulub və kişi indi həmin ləqəblə heç bir münasibətdə olmasa da, ləqəb ləqəbliyində qalmaqdadır və heç kəs bu kişinin adını ləqəbsiz söyləmir, indi kişiyə yabançı olan bu qoşmanı unutmağı eyninə də gətirmir.

Əlbəttə, sizi bu adamın kimliyi maraqlandıracaq. Darıxmayın, deyəcəm. Ardıcıl danışmasam çaşaram.

Hə, onu deyirdim axı, bu qəhrəmanın adı Həsəndi. Kəndin montyoru Muştuluq Həsən. Soruşa bilərsiniz ki, niyə məhz Montyor Həsən yox, Muştuluq Həsən? Axı dədə-babadan montyorun sənəti onun ləqəbi olub.

Məsələ belə idi ki, kəndin montyoru Həsən hələ ötən əsrin sonlarından kənddə baş verən hər bir olaydan ilk xəbər tutan, əgər sevindirici xəbər olardısa, ünvan sahibini tapıb birinci muştuluqlayan adam idi. Məsələn, kimin arvadı doğsaydı, yaxud oğlu əsgərlikdən qayıtsaydı, Həsən motoskiletini minib hamıdan qabaq özünü çatdırardı həmin ünvana və muştuluğunu alıb qayıdardı çayxanaya.

Çayxana kəndin ortasında idi, bir başında kənddə yeganə olan qarışıq mallar mağazası, o biri başında bələdiyyə idarəsi ( əvvəllər bura kolxoz idarəsi olmuşdu) yerləşirdi. Beləliklə, Həsən bütün iş gününün əksər hissəsini çayxanada keçirir və qulağı çalan təzə xəbərləri sahibinə çatdırmaqla həftədə , yalan olmasın, 5-10 manat pul, ya da azı bir-iki çolpa qazanırdı.

Məsələn, avqust ayının ortalarında universitetlərə qəbul siyahısı dərc olunan kimi Həsən onu birinci olaraq ələ keçirər və sonra motoskiletini sürərdı lazımi həyətə:


  • Nazim kişi, muştuluğumu ver, qızın universitetə qəbul olunub, özü də pulsuza. İndicə qəbul jurnalına özüm baxmışam.

Nazim kişi də sevincək cibindən bir beşlik çıxarıb basır Həsənin döş cibinə.

Yaxud:


  • Həmişə sevinəsən, ay Mustafa, sənə sevinc xəbəri gətirmişəm. Şirinniyini ver, təhvil verim.

Hamı Həsənin xasiyyətini bildiyindən, heç kim onu əliboş qaytarmazdı:

  • De gəlsin, ay Həsən, muştuluqsuz qalmazsan.

  • Qardaş, soğan olsun-nağd olsun!

Və Mustafa əlini cibinə atanda Həsən də sözünün mustafasını gətirərdi:

- Belə, gözün aydın, oğlun Yusif Texniki Universitetə düşüb, həm də ən gözəl fakültəyə- elektrotexnika! Bax, jurnalı da gətirmişəm, bax, qaytar.

Ümumiyyətlə, nədənsə bir şeydən asılı olan və olayın sonunu gözləyən adamın darvazasında motoskilet səsi eşidilən kimi hamı yüyürərdi darvazaya. Bilirdilər ki, Həsən yalnız şad xəbər gətirir. Odur ki, Həsən “part-partını” (Ləqəblidə motoskileti belə də adlandırırdılar) Qaz Gülnisənin doqqazında saxlayan kimi Gülnisə arvad ana qaz kimi yanını basa-basa özünü çatdırdı ona.


  • Gözün aydın, Gülnisə xala, gəlininiz oğlan doğub. İndicə balnisədən gəlirəm.

  • Çox sağ ol, ay Həsən, allah sənə də nəvə qismət eləsin!

  • Kişi evdədimi, muştuluğumu alım?

  • Kişini neynirsən ? Bu dəqiqə muştuluğunu özüm gətirrəm,- deyib, Gülnisə arvad tez bir çolpa tutub ayaqlarını bağlayıb verdi Həsənə. O da motoskiletini sürüb çolpanı arvadı Səringülə çatdırdı və sonra qayıtdı çayxanaya.

Həsənin ailəsi dörd nəfərdən ibarət idi: arvadı Səringül, qızı Xurşidə və oğlu Cavid. Səringül də əri kimi bir növ ictimaiyyətçi idi. Doğrudur, o, muştuluq xəbəri daşımasa da , ondan heç də geri qalmayan fəaliyyətlə məşğul olurdu və onun da həftədə iki-üç müştərisi vardı.

Səringül mis kasada fal açırdı və ləqəbi də Kasa Səringül idi. Babalı öz boynuna , dediyinə görə, dörd il bundan əvvəl ona vergi verilmişdi. Özü də Həsənin motoskiletinin tərkindən yıxılıb bir həftə xəstəxanada yatdığı vaxtlarda.

Xurşidə orta məktəbi bitirdikdən sonra ali məktəbə daxil ola bilməmişdi. İndi o, evdə növbəti ilin qəbul imtahanlarına hazırlaşmalı idi. Onu da deyirdilər ki, Səringül bir neçə dəfə ərinin üstünə düşmüşdü ki, qıza müəllim tutsun, ancaq Həsən razı olmamışdı:


  • Tələbə özü oxuyar, müəllimdən öyrənsəydi bu on ildə öyrənərdi.- demişdi.

Qonşu arvadlarla oxumaqdan söz düşəndə Səringül ağzından qaçırmışdı ki:

  • Neçə dəfə fal açmışamsa, bu qızın bəxti onun oxumağından irəli gəlib . Elə ona görə də oxumağına ciddi fikir vermirəm.

Cavid isə səkkizinci sinif şagirdiydi.

Bir sözlə , Həsəngildə iş elə qurulmuşdu ki, muştuluq və falçılıqla əldə edilən qazanc bəzən kişinin qanuni məvacibindən artıq olurdu.

Ancaq bu, çox davam etmədi.

Kənddə mobil telefonlar peyda olduqdan sonra muştuluq məsələsi də günü-gündən tənəzzülə uğramağa başladı və 6-7 ay keçmiş Həsənin işi düşdü quyunun dibinə. Kişi kimin üstünə motoskilet sürüb muştuluq xəbəri verdisə, cavab aldı ki, artıq telefonla deyiblər və məsələdən ondan əvvəl halidi. İş hətta o yerə çatmışdı ki, Həsən motoskiletini kimin qabağında saxlayırdısa, o adam cibindən mobil telefonunu çıxarıb ona göstərir və sonra da qoyurdu cibinə. Bununla da məsələ səssiz, sözsüz bitirdi.

Ancaq Həsən də axtarışda idi. O, belə vəziyyətlə barışa bilməzdi. Yeni şəraitə uyğun yeni muştuluq üsulları və ünvanları tapmalı idi.

Axtaran tapar deyiblər. Həsən də tapdı, özü də təsadüfən.

Bir gün Həsən kəndin mollası Misirin həyətində qırılıb şalbandan yerə düşmüş elektrik məftilini qaldırıb yerinə bağlayırdı. O, şalbanın başında işini görə-görə aşağıda dayanmış Molla Misirlə ordan-burdan danışırdılar.

Misir soruşdu ki:



  • Ay Həsən, necəsən, çoxdandı səni görmürəm? Anan necədi, eşitdim xəstələnibmiş? Sağalıbmı? Həkimlər nə deyirlər?

Hamı bilirdi ki, Molla Misiri ən çox xəstələnənlər maraqlandırır və əvvəlcə onları soruşur, çünki, demək pis çıxmasın, burada kişinin öz mənafeyi də vardı. O da öz işini planlaşdırmalıydı axı.

  • Sağ olun, Misir dayı, arvad bir az babatlaşıb (Həsənin anası Qotaz Nisə gəlini Səringül falçılıqla məşğul olandan bəri gedib kiçik oğlu Kotan Əkbərgildə qalırdı). Özüm də, belə də..ə. Bir təhər dolanıram. Sağ olsun camaatımızı, dolandırırlar məni. Bəs siz nə təhərsiz?

  • Nə təhərliyim belədi də , bala , camaat necə, mən də elə. Sən demişkən, sağ olsunlar, hüzrlərini yola verirəm ,onlar da hörmət eliyirlər. Başımı girriyirəm. Bizimki qalıb allaha, pis çıxmasın, bir-iki ay ölü yeri olmasa çörək almağa pul tapmarıq.

  • Belə çıxır ki, mollalar Əzrayılnan şərik işləyirlər, - Həsən zarafat edib güldü.

Molla da gülüb cavab verdi:

  • Allah əmridi də, oğul. Ölüm hamı üçündü. Yaranan ölməlidi. Vaxt gələndə biz də öləcəyik. Ancaq bu işi də yola verən adam lazımdı.

Bu vaxt darvazada bir “Jiquli” dayandı və bir nəfər orta yaşlı kişi maşından düşüb həyətə girdi. Onun hərəkət və davranışından bura birinci dəfə gəldiyi aşkar hiss olunurdu.

Kişi bir qədər şübhəli və bir qədər də ehtiyatlı nəzərlərlə onlara tərəf baxa-baxa yaxınlaşıb :



  • Salaməleyküm! – dedi, - Molla Misirin evi buradı?

  • Bəli, - Misir cavab verdi və əlavə olaraq özünü də təqdim etdi:

  • Molla Misir mənəm, eşidirəm sizi.

  • Hüzrümüz düşüb, molla, Qaraçaylıdan gəlmişəm, adım Əşrəfdi. İmkanınınız varsa gedək.

Həsən aydınca oxudu ki, mollanın üzündə ani bir sevinc parladı.

  • Allar rəhmət eləsin, - molla dilləndi,- Nolar, siz keçin maşına , mən də əynimi dəyişib gəlirəm. Dünyasını dəyişən kişidi, yoxsa zənən xaylağıdı? Neçə yaşındaydı mərhum?- molla bəzi şeyləri də dəqiqləşdirməyi unutmadı.

  • Qadındı, 65-66 yaşı olardı- Əşrəf cavab verdi.

Molla Misir getdi evə. Həsən də şalbandan düşüb gəldi Əşrəfin yanına:
- Allah rəhmət eləsin , qardaş, deyirsən hardan gəlmisən?

  • Qaraçaylıdan.

  • Orda molla yoxdu bəyəm?

  • Yox, nə orda , nə də ondan o yana - Muradlıda molla yoxdu. Bu kişini də soraqlayıb tapmışıq.

  • Zəng edəydiniz rayon mərkəzindən - məsciddən molla göndərəydilər.- deyə, Həsən məsləhət verdi.

  • Rəhmətliyin oğlu, telefon olsaydı, dərdimiz nə idi. Kənddə telefon yoxdu. Heç cib telefonu da tutmur. Köhnə qayda ilə xəbəri bir-birimizə çaparla çatdırırıq.

  • İlin- günün bu vaxtında kənddə telefon yoxdu?- Həsən təəccübünü gizlətmədi.

  • Vardı. Bir neçə ay bundan əvvəl tufan oldu, şalbanları qırıb tökdü. İşığı düzəltdilər, telefon isə hələ də qalır. Söz veriblər ki, bir ilə qədər yeni telefon xətti çəkəcəklər.

Kişi mollanın evdən çıxdığını görüb Həsənlə sağollaşdı və getdi maşına tərəf.

Molla Misir Həsənə yaxınlaşıb ona üç manat pul uzatdı:



  • Al, - dedi, - az da olsa, çox hesab elə. Pis çıxmasın, xeyir xəbər olmuş, yaxşı ki bu hüzr xəbərini gətirdi. Yoxsa sənin yanında xəcalət olacaqdım. İnan ki, evdəki axırıncı puldu sənə verdiyim.

Həsən:

  • Əşi, lazım deyil, qoy cibinə, qaçhaqaç deyil ki. – dedisə də, pulu alıb basdı cibinə.

Molla Misir maşına oturub getdi.

Öz iş ləvazimatlarını motoskiletin arxasına bərkitdiyi sandıqçaya yığıb getməyə hazırlaşan Həsənin qulaqlarında mollanın “xeyir xəbər olmuş” kəlməsi hələ də uğuldayırdı. Hətta qeyri-ixtiyarı olaraq bu kəlməni bir-iki dəfə özü də ucadan dilinə gətirdi :



  • Xeyir xəbər olmuş, Xeyir xəbər. İşə bax ha!

Birdən ağlına qəribə bir fikir gəldi və bu, onu yerdən qəpik tapmış uşaq kimi sevindirdi.

  • Ay dili-qafil, - öz-özünə pıçıldadı,- çayxanada boş-bekar vaxt öldürməkdənsə, niyə gedib həmin o kəndlərdə təzə xəbərləri ünvanına çatdırmıram? Azı-azı molla Misir üçün ayda iki-üç, özü demişkən, “xeyir xəbər” gətirib ondan 5-6 manat qoparmaq olar.

Ancaq bu yerdə Həsənin əhvalı bir qədər pozuldu. Qaraçaylı, Muradlı, eləcə də digər qonşu kəndlərdə muştuluqçu işləmək üçün gərək həmin kəndlərin camaatı səni, sən də onları tanıyasan. Həsənin isə tanıdığı adamların sayı hər kənddə üç- dörd nəfərdən artıq deyildi. Bu arada yadına düşdü ki, xalası oğlu Saday Qaraçaylıda çayxana işlədir. Buna bir qədər sevindi, onun qəlbində ümid qığılcımı yenidən parladı. Və vaxt itirmədən motoskileti sürdü Qaraçaylıya.

Xalaoğlu Saday onu görəndə bir qədər təəccübləndi:



  • Sən hara , bura hara, ay Həsən?

  • Elə- belə, təsadüfən yolum düşdü, dedim gəlim sənin çayxanana da baş çəkim.

  • Xoş gəlmisən, keç, bəyəndiyin yerdə əyləş. Kəkotulu çaya qonaq eliyə bilərəm.

Həsən keçib oturdu. Çayxana, içərisində beş ədəd çay stolu qoyulmuş kiçik bir otaq idi. İçəridən içəriyə açılan qapının o biri tərəfindəki dar otaqdan isə mətbəx kimi istifadə edirdilər.

Çayxanada iki saata qədər oturan Həsən fikir verib gördü ki, burada demək olar ki, boşluq olmur, ən azı beş stoldan üçü müştərili olurdu. Bu iki saatda o, yerli sakinlərdən iki nəfər ilə də tanış oldu. Bunlardan biri dəyirmançı Nəsib , o birisi isə poçtalyon Yavər idi. Yavər bir –birinə yaxın yerləşən Qaraçaylı və Muradlı kəndlərinin hər ikisinini poçtalyonuydu.

Həsənin bura ilk gəlişini uğurlu hesab etmək olardı. Çünki, Nəsib və Yavərlə ordan-burdan söhbətləşdikcə arada özünə lazım olan məlumatları da yığırdı. Məsələn , öyrəndi ki, Nəsibin qonşusu Feyzinin arvadı ölüm ayağında xəstədi və həkimlərin dediyinə görə, uzağı bir həftə ömrü qalıb. Poçtalyon Yavərin isə yeznəsini nazirliyə çağırıblar, ola bilsin ki, vəzifəsini böyütsünlər, və s. və i.a.

Həsən iki həftə ərzində Qaraçaylıya dörd dəfə getmişdi. Onun buradakı qazancı hələlik o idi ki, yalnız tanışlarının sayını artırmışdı, itirdiyi isə hərdənbir ödədiyi çay pulu və ondan da qiymətli olan vaxtı idi. Sonuncu dəfə gələndə xalası oğlu da ondan şübhələndiyini zarafatyana olsa da büruzə verdi:



  • Ay Həsən, səndən çıxmaz iş, bu kəndə nə tez-tez gəlirsən? Yoxsa burda təzə arvad tapmısan, nədi?

  • Xaloğlu, məndə o fərasət hardaydı? Bekarçılıq olanda hərdən qonşu kəndlərə baş vururam, bəlkə deyirəm ürcahıma bir işıq işi-zad gördürən çıxa, kasıbçılıqdı, neyniyim? – deyə, Həsən zarafatın altından inandırıcı cavabla çıxmaq istədi.

  • Burda sən deyən işləri görənlər çoxdu. Hətta gedib qonşu kəndlərdə də iş götürüb işləyirlər. Əgər doğrudan da buna görə gəlib-gedirsənsə, boş yerə vaxt itirirsən. Qaldı da, elə bir iş olsa mən sənə çatdıraram. Özü də öz kəndinizə ağlın getməsin, bu kəndin camaatı o qədər də pul verən deyil.- Xalaoğlusu Həsənin ümidini heçə endirdi.

Söhbətin bu yerində çayxananın qabağında bir “Jiquli” saxladı. Bir nəfər oğlan maşından düşüb qaçaraq özünü saldı çayxanaya və hövlank bir tərzdə :

  • Saday dayı, tez bir paçka siqaret ver, tələsiyirik, -dedi və cibindən bir manatlıq çıxarıb atdı stolun üstünə.

Çayçı Saday oğlana bir qədər diqqətlə baxıb soruşdu:

  • Noolub, ay Coni, xeyirdimi? Ə, rəngin niyə qaçıb, yoxsa avariya –zad eləmisən?

  • Xeyirdi, dayı, tez siqareti ver, vaxt yoxdu, sonra deyərəm.

Ancaq çayçı tələsmirdi:

  • Ə, ürəyimi partlatma, yekə oğlansan, de görüm, nə baş verib?

Oğlan çayçının çox vaxt aparacağını görüb, ona yaxınlaşdı və qulağına pıçıltı ilə nəsə dedi.

Çayçınin üzü güldü:



  • Allah xeyir versin! Bunu bayaqdan de dəə, zalımı çıxmış, məni də qorxutdun- deyib, bir qutu “Vest” siqaretini atdı stolun üstünə.

Oğlan cəld siqareti götürüb qapıdan çıxdı və maşına oturmağıyla “Jiquli”nin irəli atılmağı bir oldu.

Çayçı Saday sualedici nəzərlərini ona zilləmiş xalası oğlunu çox intizarda qoymadı:



  • Əşi, xeyir iş imiş. Sənin o dəyirmançı dostunun – Nəsibin oğlu Xudakərimə qız qaçırıblar. Bu “Coni” dediyim onun əmisi oğludu - Cavidan. Axır ki, Xuduş da evləndi,- dedi və sonra Həsən üçün vacib əhəmiyyət kəsb edən sonluğu da əlavə etdi:

  • Amma, deyir heç atasının xəbəri yoxdu. Kişi dünənnən dəyirmandadı. Yaziq kişi xeyli sevinəcək, oğlunun 30-a yaxın yaşı var. Dədəsi yazıq deyirdi ki, gədənin vaxtı ötür. Bala, bir qız seç, bəyən, toyunu eliyək deməkdən dilim yara olub. Gədə tərpənmir ki, tərpənmir.

  • Axır tərpənib də kişinin oğlu. Kimin qızını qaçırıb ?- Həsən də dilləndi.

  • Orasını demədi, görmədin necə tələsik çıxdı?

Düzü, burası Həsəni az maraqlandırırdı. İndi onun əsas işi hamıdan qabaq özünü dəyirmana yetirmək idi. Odur ki, xalası oğluynan sağollaşıb çıxdı.

Təxminən beş dəqiqədən sonra Həsənin motoskileti dəyirmanın qabağında idi.

Dəyirmançı Həsəni görüb əvvəl bir qədər təəccübləndi. Sonra gülər üzlə yaxınlaşıb görüşmək istəyəndə Həsən ondan cəld tərpənib Nəsibi qucaqlayıb öpdü.


  • Xeyir ola, səndən nə əcəb, ay Həsən?

  • Lənət şərə! – Həsən vəcdlə dilləndi,- Xəbərin varmı xəbərdən?

  • Yox, nə xəbər?

  • Onda əlin cibində olsun, səni xeyli sevindirim!

  • Əşi, cib nədi, bütün bu dəyirman sənə qurbandı, təki şad xəbər deyəsən.

  • Gözün aydın, oğlun qız qaçırdıb.

  • Nə danışırsan? Ay səni şad xəbər olasan, Həsən! - Bu dəfə dəyirmançı Həsəni qucaqlayıb öpdü. Və əlini cibinə salıb bir iyirmi manatlıq çıxarıb basdı Həsənin döş cibinə:

  • Al, - dedi,- üstümdə olan budu, sonra böyük bir qonaqlıq məndə. Doğrudan da məni yaman sevindirdin. Day mən burda qala bilmərəm, tez yığışım gedim.

Həsən :

- Əşi, ayıbdı, pul nədi- deyərək, əlini cibinə sarı aparmaq istəsə də dəyirmançı:

- Yox, götürməsən inciyərəm, - deyib, geri çəkildi. Və sonra:


  • Kimin qızını qaçırdıb?- soruşdu.

  • Vallah , orasını bilmədim. Amma əmisi oğlu Cavidan dedi ki, qəşəng bir qızdı, özü də yaxşı bir ailədəndi.- Həsən cavab verib oturdu motoskiletinə:

  • Tələsiyirəm, işim var, qayıtmalıyam. Gedirsənsə, gəl səni də aparım.

  • Yox, sən işindən qalma, get, mən hələ buraları sahmana salmalıyam.

Həsən motoskileti tərpədib üzünü çevirdi Ləqəbliyə.

O, evə gəlib aldığı 20 manatı çıxarıb atdı stolun üstünə və arvadı Səringülə:

- Aaz, bu gün aldığım muştuluq puludu. Götür üstünü düzəlt, qıza ayaqqabı al, iki-üç günə toy olacaq, bəlkə hamımız getdik.

Arvad dillənmədi. Həsən baxıb gördü ki, arvadının qanı bərk qaradı. Heç onun dediyinə əhəmiyyət verəsi halı yoxdu.



  • Noolub, aaz, niyə bu kökdəsən, azarlıyıb eləmisən, nədi?

Arvad bomba kimi partladı:

- Azarlamamışam ey, ölmüşəm!!



  • Nə..ə?- Həsən bərk qorxdu, - niyə ölmüsən , nə baş verib yenə?

  • Ona görə ki, qızım ölüb!

Həsən evin küncündə bikef oturmuş oğlu Cavidə ötəri nəzər salıb, cəld soruşdu:

  • Noolub qıza, de də, ürəyim partladı, axı.

  • Ölüb ey qızın, ay dünyadan bixəbər! Qızın qoşulub qaçıb!

  • Nəəə? Nə vaxt?

  • İki –üç saat bundan qabaq. Kaş öləydi, soxdu başımızı yerə! – Səringül sakitləşə bilmirdi.

  • Kimə?

  • Nə bilim, Qaraçaylıda dəyirmançı var, adı Nəsirdi, Nəsibdi bilmirəm, onun oğluna.

Həsənin başına sanki bir qazan qaynar su tökdülər, kişini əsməcə tutdu:

  • Nəə? Nə...ə..sib? Mu..şşş..tuluq?- Sözlər ağzından qırıq-qırıq çıxsa da, Səringül məsələni başa düşdü:

  • Kül sənin başına!- iki əlini qaldırıb kişinin başına çırpmaq istəsə də, əlləri çatmadı, Həsən artıq yıxılmışdı. Arvad əllərini qaytarıb hirsindən öz təpəsinə vurdu və oğluna qışqırdı:

  • Ədə, su gətir! İndi bu başına daş düşmüş də burda öləcək!

Həsən ölmədi, sağaldı. Deyilənə görə, o gündən bu günə muştuluq məsələsinə son qoyub. Ancaq kənd camaatının dilində Həsən sözü “Muştuluq”suz bircə dəfə də işlənmir, baxmayaraq ki, Muştuluq bir çox hallarda Həsənsiz də deyilir və hamı da sözün kimdən getdiyini bilir.

Ləqəblilərin dilinə düşəni xilas etmək mümkün olsaydı , daha kəndin adı Ləqəbli olmazdı ki...

1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə