Əli Aslanoğlu Yovşanlıq şərqiləri Bakı 2009 Redaktoru: Firuz Mustafa Əli Aslanoğlu. Yovşanlıq şərqiləri




Yüklə 1.67 Mb.
səhifə11/14
tarix16.04.2016
ölçüsü1.67 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

Təsadüfün hökmü

İsfəndiyarin neçə vaxt idi ki bir məsələ ürəyini üzürdü. Kişi içəridən qəlbini didib dağıdan bir vacib suala cavab almaq üçün ağıllı-başlı bir nəfər tapa bilmirdi. Çox adamlardan çox şeylər so­ruşmuşdu və çox cavablar da almışdı. Bunlardan inanılası olanı da vardı, olmayanı da.İsfəndiyarın beynində gəzdirdiyi bu sual isə elə bir sual idi ki,onu yalnız bircə dəfə bircə nəfərə demək olardı və həmin o bircə dəfədə də gərək dürüst cavab alına idi. Əks təq­dirdə....nə isə... bunu açıqlamayaq. Çünki, sirr yiyəsi açıqlamadı­ğı məsələni heç kimin açmağa haqqı yoxdur.

İsfəndiyarın son zamanlar fikirli gəzdiyini çoxları sezmişdi. Həm qohum-qonşular, həm də iş yoldaşları arasında söz-söhbət gəzirdi ki, İsfəndiyar nə isə gizli bir xəstəlik tapıb və bunu ciddi-cəhdlə ətrafdakılardan gizlədir. İş o yerə çatmışdı ki,onunla qarşı­laşan tanışlar da İsfəndiyarı mənalı-mənalı başdan-ayağa, ayaqdan-başa süzür, yalnız bundan sonra salamlaşırdılar. Bəziləri öz ma­raq­larını gizlətməyib açıq-aşkar sual da verirdilər:

- İsfəndiyar, azar olmasın, birtəhər görünürsən. Bir hadisə-zad baş verməyib ki?

- Hələki salamatçılıqdı.– deyə, cavab verən İsfəndiyar tez də söh­bətdən uzaqlaşardı.

Üç aydan artıq idi ki, İsfəndiyar adamlardan kənarkəsmə do­lanır, heç kəslə yaxın ünsiyyətdə bulunmur, bir sözlə müəmmalı həyat sürürdü.

İsfəndiyar 45–46 yaşlarında subay kişi idi. Əslində, deyilənə görə, onun həqiqi yaşı bundan xeyli azdı. Kişini vəziyyət qocalt­mış­dı. Təxminən on beş il əvvəl ailə həyatı quran İsfəndiyar cəmi cümlətanı üç ildən sonra tək qalmışdı. Arvadı Nazpəri gözlənil­mə­dən Yusif adlı bir oğlana qoşulub evdən getmişdi. Camaat ara­sında gəzən söz-söhbətə görə, Yusif əzəldən Nazpərini istəyirmiş, hətta aralarında klassiklər demişkən, əhd-peyman da varmış. Yusif əskərlikdən qayıdandan sonra beş-altı ay işsiz qalır və axır­da da üz tutur şimala-Rusiyaya. Bundan inciyən Nazpəri fərqinə varmadan, kimə olursa-olsun təcili ərə getmək qərarına gəlir və nə­ticədə qismət olur İsfəndiyara. Ancaq onların ailə həyatı heç nə ilə əlamətdar olmur. Nə xasiyyətləri düz gəlir, nə də övladları olur. Bu ərəfədə Yusif də Rusiyanın Perm şəhərində bir rus qızı ilə evlənib il yarım yaşadıqdan sonra ayrılır. Qonum-qonşuların söylədiklərinə inansaq, onu da əlavə edə bilərik ki, sonsuzluq gu­ya İsfəndiyarın özündən imiş, çünki Nazpərinin təzə ərindən iki uşağı-bir qızı, bir oğlu var və indi böyuk uşağı dördüncü sinifdə oxuyur. Camaatın söylədiyinə görə, Yusif dəfələrlə Azərbaycana-öz kəndlərinə qayıtmaq istəyib, ancaq Nazpəri razı olmayıb və on­lar hələ də Rusiyada yaşayırlar.

İsfəndiyar Yusifi tanımırdı, onun ancaq adını eşitmişdi. Çün­ki, Yusif ucqar kənddən, o isə rayon mərkəzindən idi.

Arvadının özgəsinə qoşulub qaçmasından bərk sarsıntı və əsəb gərginliyi keçirən İsfəndiyar möhkəm xəstələndi, hətta üç aya kimi xəstəxanada da yatdı. Ancaq zaman hər şeyi yoluna qoyur. İsfəndiyar da yoluna düşdü. Amma bu yol daha əvvəlki yol de­yil­di. O, qaraqabaq və qapalı bir adama çevrilmişdi. Heç kimə və heç nəyə qəlbində inamı qalmamış İsfəndiyar adamlar arasında özü­nü tənha və qərib hiss edirdi. Hərdən ona elə gəlirdi ki, bədə­ninin cismani materialı da ətrafdakı adamlarınkından fərqlidir və buna görə yanından ötənlər ona istehza ilə baxır, hətta onu bar­maq­la göstərirlər. Bu cür düşüncələrin təsiri altında İsfəndiyar ifrat dərəcədə ehtiyatlı,hər şeydən çəkinəcəkli,özündən müştəbeh bir tipə çevrilmişdi.

Bəlkə də İsfəndiyarın ürək ağrısına çevrilmiş, içindən onu di­dib dağıdan bu gizli-müəmmalı sual da başqaları üçün heç bir ma­raq və əhəmiyyət kəsb etməyən, boş, mənasız bir şey idi. An­caq İsfəndiyar bunu özü üçün elə bir formada quraşdırmışdı ki, guya birdən, Allah eləməsin, yersiz yerdə ağzından qaçırsa qiya­mət qopar, dünya dağılar.

Bir iş də vardı ki, bu boyda dərdi aylarla, illərlə içində də da­şıya bilməzdi, əvvəl-axır kiməsə açmaq lazım idi. Ancaq kimə? Dərdin ən böyüyü də elə bu idi. İndi bu qarmaqarışıq dünyada ağzımöhkəm, etibar ediləsi adam tapmaq mümkün idimi? Lap tu­taq ki, sirr saxlamağına etibar ediləsi bir nəfər tapdın, həmin o bir nəfər yazıq İsfəndiyarın sualına doğru-düzgün cavab verə bilə­cək­dimi? İşin bu başını fikirləşəndə heç İsfəndiyarı qınamaq da olmazdı.

İsfəndiyarın bir çətinliyi də onda idi ki, o, ürəyindəkini bo­şalt­maq üçün kimi gəldi axtarmırdı, ona elə bir adam lazım idi ki, verəcəyi sualı cavablandırmaq iqtidarında olsun. Yəni həmin ada­mın ixtisası, ya da heç olmasa ümumi bilik səviyyəsi və dünya­gö­rüşü məsələyə aydınlıq gətirə biləcək dərəcədə münasib olsun.

Hekayənin bu yerində bizim də çətinliyimiz yarandı. İndi biz İsfəndiyarın sirri barədə müəyyən qədər açıqlama vermək məcbu­riyyətindəyik, əks təqdirdə yazdığımızın heç bir mənası olmaz. Oxuculardan xahiş edirik ki, bu barədə heç yerdə heç kəsə heç nə deməsinlər. Əvvəla, biz sözgəzdirən, ağzıyırtıq adamlardan deyi­lik, ikincisi də, İsfəndiyarla həmkəndliyik və istəmərik ki, bu söh­bət biz tərəfdən yayılsın.

Təxminən dörd ay bundan əvvəl İsfəndiyar nə üçünsə Bakıya getmişdi. Dodağı sözlü qonşuların bəziləri söz çıxartmışdı ki, İsfəndiyar evlənmək fikrinə düşüb, Bakıya da ona görə gedib ki, özünü həkimdə yoxlatdırıb görsün evlənsə züryəti ola bilər,yoxsa yox. Bəzi ağzıgöyçəklər isə (əsasən arvadlar) orda-burda pıçhapıç danışırdılar ki, İsfəndiyarın kişiliyi zəifdi, Bakıya da müalicə üçün gedib. Bütün bu söz-söhbətin, dedi-qoduların nə dərəcədə əsa­sı olub-olmadığını deyə bilmərik. Bizim öyrənib bildiyimiz bu­dur ki, Bakıda İsfəndiyarın başına elə bir iş gəldi ki, yazıq kişi az qala dünyanın harasında olduğunu da unutdu.

Şəhərə gəldiyinin ikinci günü axşam saat 8 radələrində dəniz­kə­narı bulvara gəzməyə çıxan İsfəndiyar bir saata qədər gəzib do­laşdıqdan sonra ayaqlarının yorulduğunu hiss edərək bir qədər otu­rub dincəlmək istədi. Əvvəlcə göz gəzdirib boş skamya tapdı və sonra yaxınlıqdakı kafedən dondurma almaq məqsədilə bufetə yaxınlaşdı. Burada növbə vardı, İsfəndiyardan qabaqda bir neçə qadın, iki cavan oğlan dayanmışdı. Bizim qəhrəmanımız növbədə öz yerini tutub dondurma satışını seyr etməyə başladı. Və birdən dondurma alan qadınlardan birinin sifəti ona çox tanış gəldi. An­caq nə qədər fikirləşdisə də, onun kim olduğunu və nədən bu qə­dər tanış gəldiyini kəsdirə bilmədi. Hiss etdi ki, qadın da gözaltı onu süzür və utanıb üzünü bir qədər yana çevirdi. Dondurma alan 35–36 yaşında olan bu qadının yanında 10–11 yaşlarında bir oğ­lan uşağı da vardı. Qadın iki ədəd dondurma götürüb kənara çə­kilsə də, uzaqlaşıb getmədi və İsfəndiyar indi açıq-aşkar duydu ki, qadın ona xüsusi diqqət yetirir. Doğrudan da İsfəndiyar dondur­ma­nı alıb bufetdən aralanan kimi qadın üzündə olduqca xoş bir təbəssümlə ona yaxınlaşıb soruşdu:

- İsfəndiyar deyilsənmi?

İsfəndiyar səsdən diksinən kimi oldusa da, özünü o yerə qoy­­madı, qadının gözlərinə baxan kimi onu tanıdı:

- Pakizə! Xoş gördük! Mən də bayaqdan fikirləşirəm ki, gö­rə­sən bu qadın hardan tanış gəlir.

- Ancaq mən səni görən kimi tanıdım, baxmayaraq ki, çox də­yişmisən.

İsfəndiyar Pakizənin yanında dayanıb ona baxan oğlan uşa­ğına işarə ilə:

- Oğlundu? – deyə soruşub cavab gözləmədən uşağın üzün­dən öpdü.

- Hə, böyük oğlumdu, – Pakizə cavab verdi və sonra əlavə etdi:

- Bu dəfə bunu gətirmişəm, balaca qalıb Rusiyada.

- Rusiyada? – İsfəndiyar təəccübləndi – Rusiyanın harasında­sı­nız?

- Permdəyik on ildən çoxdu.

- Demək o vaxtdan bəri oradasınız.

Pakizə:

- Neyniyək, buralarda iş-güc məsələsi çətindi, – deyib yaxın­dakı skamyanı göstərdi:



- Gəl beş dəqiqə burda oturub danışaq, bu gədə məni yaman yorub.

Onlar İsfəndiyarın əvvəlcədən nəzərdə tutduğu skamyada əy­ləşdilər.

Pakizə ilə İsfəndiyar əminəvəsi idilər. Orta məktəbdə Pakizə İsfəndiyardan iki sinif aşağı oxuyurdu. İsfəndiyar Gəncə Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsini bitirmiş, Pakizə isə orta məktəbi qurtardıqdan iki ay sonra ərə getmişdi. Pakizənin əri ali təhsilli mühəndis idi. Onlar bir müddət Bakıda yaşamış, sonra Rusiyaya getmişdilər. Bakıda yaşadıqları vaxt bir dəfə İsfəndiyar təsadüfən onların evində olmuşdu və o müddətdən bəri Pakizəni görməmişdi.

Onlar bir qədər ordan-burdan danışıb hal-əhval tutduqdan son­ra Pakizə ayağa qalxıb:

- İsfəndiyar, məni bağışla, gedəcək yerim var. – dedi və sa­ğol­laşıb getmək istərkən qəflətən yadına nəsə düşdü:

- Hə, lap yadımdan çıxmışdı. Bilirsən qızın nə qız olub? Qız döyül ey, allah saxlamış ay parçasıdı.

İsfəndiyarı təəccüb götürdü:

- Nə qız, hansı qızım?

- Ədə, Gülyanı deyirəm də, Gülçöhrəni, Nazpəridən olan qızını. İndi deyəcək xəbərim yoxdu.

İsfəndiyar tutulub qalmışdı. Pakizə isə qız vaxtlarında olduğu kimi, dil boğaza qoymurdu:

- Ədə, yoxsa atkaz eləmisən? O cürə gül parçasından imtina eləməkmi olar?

Handan-hana İsfəndiyarın səsi çıxdı:

- Yəni deyirsən o mənim... qı..z... – sözünü tamamlaya bil­mədi, boğazı qıfıllandı.

- Guya bilmirdin? Uşağın siri-sifəti, qaşlarının arasındakı xır­da qara xalına qədər elə bil səninkidi, aparıb yapışdırmısan ona. Lap hind gözəllərinə oxşayır.

İsfəndiyar qeyri-ixtiyari əlini alnına apardı. İndi onun nə dü­şünməyə halı, nə söz deməyə dili vardı. Artıq Pakizənin dediklə­ri­nin birini də eşitmirdi. Birtəhər özünü toplayıb dillənə bildi:

- Axı bizim... uşağ...ımız olmurdu, olmadı. – Onu tər basmışdı.

- Eee...y, İsfəndiyar, sən lap Meksika kinolarındakı kimisən. Arvadın gedəndə uşağı qarnında aparıbmış. Bəs necə oldu ki, sək­kiz aydan sonra doğdu? Nə isə...burası mənnik döyül. Bəlkə də bu söhbəti salmaqda səhv elədim. Hər halda mən olanı dedim.

- Bəs sənin onlarla nə əlaqən? – İsfəndiyar deyəsən şokdan ayılırdı.

- Nə əlaqən deyəndə, elə bir yaxınlığım yoxdu. Ancaq bir şə­hərdə yaşadığımızdan hərdənbir görüşürük. Yaxşı, mən tələsirəm, sağ ol. Kənddəkilərə salam deyərsən.

Pakizə getdi, İsfəndiyar isə hələ də donub qalmışdı. Qayıdıb skamyada oturdu və əllərini çənəsinə diriyib fikrə getdi. Beləcə yarım saatdan artıq qaldı, ancaq fikrini heç cür cəmləyə bilmədi. İndi onun ayıq və ya yuxulu olduğunu təyin etmək çətin idi, çünki bunu özü də anlaya bilmirdi.

Bəli, üç aydan artıq idi ki, İsfəndiyar bu dərdlə yaşayırdı. Nə özü fikirləşib bir çarə tapa bilir, nə açıb özgəsinə deyə bilirdi. On­suz da arvadı özgəsinə qoşulub qaçandan sonra İsfəndiyar özünü amansızcasına alçaldılmış və təhqir edilmiş bir insan hesab edir­di. Bu hisslər onda yalnız son bir ildə-il yarımda azalmağa, əriyib sönməyə başlamışdı. Əvvəllər İsfəndiyara elə gəlirdi ki, yaşadığı rayon mərkəzinin onun ailə həyatından xəbərdar olanlarının müəy­yən hissəsi bəlkə də müasir həyat, mənəvi azadlıq, qarşılıqlı mə­həbbət və s. anlamlara istinadən bu məsələdə o qədər də qeyri–adilik görmür. Üç illik ailə həyatında övladlarının olmadığını da nəzərə almaqla o, haradasa qəlbinin dərinliklərində sabiq arvadını o qədər də qınamırdı və bu humanizmi ictimai fikrə də calaşdır­maqla daxilən özünə təsəlli qazanırdı.

İndi isə vəziyyət bam-başqa idi. İndi onun əlində nə özünə,nə də Nazpəriyə azacıq da olsa, haqq qazandırmağa, el töhmətini, camaat təhnizini dəf etməyə, eləcə də özgəsini özünə doğma ata hesab edən qızın (Bunu fikirləşəndə az qalırdı ki, ürəyi partlasın) babalını yumağa heç bir mənəvi əsas yox idi. Bir sözlə, İsfəndiyar çıxılmaz vəziyyətdə qalmışdı. Kişi gündən-günə əriyib gedirdi, iş­tahadan kəsilmiş, yuxusu pozulmuş, gözləri çuxura düşmüşdü. Adamların gözünə görünmək belə istəmirdi. Əlində əlacı olsaydı, bir gün də ayağını işə basmazdı.

Çox götür-qoydan sonra İsfəndiyarın ağlına bir fikir gəldi: bü­­tün bu məsələni tamamilə yad bir adama özgəsinin adıyla danı­şıb məsləhət almaq. Ancaq belə bir yad adamı haradan tapmaq olar­dı və hətta tapılsa belə, nədən bilmək olardı ki, bu adam ağıllı-başlı məsləhət vermək iqtidarındadı? Hər halda İsfəndiyarın başqa çıxış yolu qalmamışdı.

* * *


İsfəndiyar işlədiyi idarənin kadrlar şöbəsində məzuniyyət üçün ərizə yazırdı. Şöbə müdiri Nərgiz xanım:

- İsfəndiyar, istirahətini necə planlaşdırırsan? – deyə, soruşan­da yadına düşdü ki, heç bu barədə fikirləşməyib. Fikirləşməyə ha­lı vardımı?

- Nə bilim vallah,elə bir planım yoxdu.

- Gəl, putyovka verək, get Yessentukidə dincəl, həm də müa­licə olun. Son vaxtlar yaman zəifləmisən.

- Sağ olun. Ancaq mənim sanatoriyaya getməli halım yoxdu-deyib, İsfəndiyar ərizəyə qol çəkib ayağa qalxdı.

- Mən sənin üçün deyirəm, ay İsfəndiyar. Havayı putyovkadı, mestkomun hesabına. Müalicəsi öz yerində, həm də havanı dəyi­şər­din, təzə yerlər, təzə adamlar görərdin.

Nərgiz xanımın “təzə adamlar” kəlməsi sanki İsfəndiyarı yu­xu­dan oyatdı:

- Yaxşı, – dedi, – etirazım yoxdu, gedərəm.

* * *

Dörd gündən sonra İsfəndiyar artıq Yessentukidə idi. Sana­to­ri­ya­da onun otaq yoldaşı da təxminən özü yaşda Yura adlı bir kişiy­di. Yura özünün dediyinə görə, əslən azərbaycanlı idi, ancaq çoxdan Rusiyada yaşayırdı və oranın vətəndaşlığını da almışdı. Yura cox az-az hallarda-demək olar ki, yalnız İsfəndiyarla Azərbaycan di­lində danışırdı, qalan bütün vaxtlarda rusdilli idi.



Bir otaq yoldaşı kimi İsfəndiyarın Yuradan narazılığı yoxdu. Hətta bəzi xasiyyətlərindən xoşu da gəlirdi. Yura gülərüz, əliaçıq, sadə və kifayət qədər dünyagörüşə malik bir adamdı. Bir cəhəti də bu idi ki, bir qədər emosional və qadınlara meyilli idi. İsfəndiyar­dan cəmi on gün əvvəl burada olmasına baxmayaraq demək olar ki, bütün qadınları tanıyırdı, hətta bəziləri ilə çox yaxın müna­si­bəti vardı.

İsfəndiyarın sanatoriyaya gəlməsindən 8 gün keçmişdi.Bu müddət ərzində nə qədər fikir vermişdisə də, ürəyinə yatan bir adam tapa bilməmişdi ki, dərdini ona danışıb ürəyini boşaltsın. Otaq yoldaşı Yuradan başqa elə bir münasib həmsöhbət yox idi və onun da çıxıb getməyinə beş-altı gün qalırdı.

Nəhayət İsfəndiyar dörd ay yarımdan bəri içində saxladığı dər­dini açıb Yuraya danışdı. Hekayətini özgələşdirsə də, çaşıb qəh­rəmanların adını və ünvanını olduğu kimi dedi (yalan danış­ma­ğı bacarmırdı). İsfəndiyarın gözləmədiyi bir halda Yura bu söh­bət­dən çox bərk tutuldu, qanı qaraldı, rəngi dəyişdi, əvvəlki gülərüz adamdan əsər-əlamət qalmadı. İsfəndiyar isə əksinə, xeyli yün­gül­ləşmişdi və hekayətini bitirib dərindən nəfəs aldıqdan sonra soruşdu:

- Belə yerdə neynəmək olar?

Yura deyəsən onun sualını eşitməmişdi, başını aşağı salıb susurdu. Handan-hana başını qaldırıb:

- Bağışla, eşitmədim, – deyə dilləndi.

- Deyirəm, görürsən də... dünyada nələr olur.

- Da...a, takix nada rasstrelyat!

- Necə?

- Deyirəm belə qadınları öldürmək hələ azdı-deyib, Yura otaq­dan çıxdı.



İki gündən sonra Yura vaxtından üç gün də qabaq sanatoriya­dan getdi. Onun yerinə ahıl bir gürcü kişisi yerləşdirdilər.

Yura gedənin üçüncü günü axşam otağın qapısı döyüldü. İsfəndiyar qapını açdı.

- Yusif gedib, yoxsa hələ burdadı? – soruşan ucaboy, orta yaşlı bir kişi idi.

- Burda Yusif qalmır.

- Necə yəni qalmır? Yura bu otaqda qalmırdı?

- Qalırdı. Üç gündü ki gedib.

Kişi güldü:

- Səni sağ olasan, mən elə onu soruşuram də..ə, Permdən gə­lən Yusif Hüseynov. Otaq yoldaşının adını bilmirsən?

Bundan sonra İsfəndiyarın nə hala düşdüyünü təsəvvür et­mək çətin olduğundan burasını yazmırıq. Yazmalı bircə cümlə qalıb.

İsfəndiyar məzuniyyətdən qayıtdıqdan bir həftə sonra eşitdi ki, əri Nazpərini boşayıb və iki uşağı ilə bərabər göndərib rayona...


P.S. Bu yaxınlarda söz yayılıb ki, Nazpəriynən İsfəndiyar təzədən barışmaq istəyirlər, özü də birincinin təşəbbüsü ilə...

İxtira
Bir aydan çox idi ki, idarədə hamı Yetim Abbasəlinin ixtira­sından danışırdı.

Bir aydan çox idi ki, texniki şöbənin 42 yaşlı mühəndisi Yetim Abbasəli (Abbasəlinin atası da, anası da sappasağ dururdu. “Yetim” ləqəbini ona kişi fağır və mülayim adam olduğuna görə idarənin ağzı sözlü və dili qurcubalı arvadları vermişdilər) qol­tu­ğunda dörd qatlanmış çertyoj kağızı və əlində beş-altı izahat vərə­qəsi trestə, nazirliyə, Allah bilir daha haralara ayaq döyürdü.

Düzdü, ixtiranın məhz nədən ibarət olduğunu hələ heç kəs yerli-yataqlı bilməsə də, bu barədə söhbət səngimirdi. İş o yerə çat­mışdı ki, yazıq Abbasəli idarədə bir otağın qapısını açıb içəri gir­­məli deyildi, girdiyinə peşman olurdu. Abbasəli içəri ayaq ba­san kimi ağzıyanmış arvadlar (İdarədə arvadların sayi kişilərdən iki dəfə çox idi) bir-birinə macal vermədən sorğu-sualları yağdırır­dı­lar:


  • Abbasəli, nooldu? Düzəldi?

  • Abbasəli, patent alanda yumalısan ha!

  • Axır ki, bizim idarədən də bir alim çıxdı, hə, Abbasəli?

  • Abbasəli, ixtiranın puluynan maşın alası olasan, biz özü­mü­zünkünü satmaq istəyirik, deyərsən.

  • Abbasəli, nə çox gedib-gəlirsən? Oldura bilmirsən? Proble­min varsa, de, zəng elətdirək.

Nəticədə Abbasəli onun qabağına qoyulmuş bir stəkan çayın yarısını içməmiş “sağ olun” deyərək ayağa qalxıb otaqdan çıxırdı və üz qoyurdu ya trestə, ya da nazirliyə.

Maraqlı burası idi ki, Abbasəlini tıncıxdıran arvadların heç bi­ri ixtisasca mühəndis deyildi və bircə kərə də onun çertyojunu açıb baxmamışdılar. Bütün idarədə mühəndis savadı olan yalnız texniki şöbənin böyük mühəndisi Fəridə xanım idi ki, o da Abbasəli­yə ,ümumiyyətlə, heç bir sual vermirdi. Ancaq bir dəfə dedi:



  • Abbasəli, ixtiranı çox adama göstərmə, ehtiyatlı ol, indi plagiyatlar çoxdu.

Abbasəlinin dərdi açıldı:

  • Rəhmətliyin qızı, elə çalışdığım odu ki, göstərim də..ə. Ba­xan var məgər?

  • Bəs neçə müddətdi hara gedib-gəlirsən?

  • Hər yerə. Trest deyir nazirlik baxsın, nazirlik təzədən gön­dərir trestə. Trest də qaytarır öz idarəmizə - baş mühəndisin üstü­nə.

Fəridə xanım təəccübləndi:

  • Baş mühəndisə indiyəcən göstərməmişdin?

  • Göstərmişəm. Baxdı, dedi ki, fikrin pis deyil, amma bir az qəliz şəkil çəkmisən. Darıxma, müzakirə eliyərik.

Fəridə xanım bir söz demədi, nəzərə çarpacaq dərəcədə ba­şı­nı buladı və bir qədər pauzadan sonra Abbasəliyə təskinlik verdi:

Fəridə xanım bilirdi ki, baş mühəndis İsgəndər Xalq Təsərrüfatı İnstitutunu qiyabi bitirib və trest müdirinin qohumu olduğuna gö­rə vəzifə tutub. Ona görə də çertyoja “şəkil” deyir. Abbasəli isə bunu bilmirdi.

Aprel ayının 6-da səhər saat 10-un yarısında idarə müdiri Qurban müəllim işçilərdən üç nəfərini, o cümlədən Abbasəlini də kabinetinə çağırıb göstəriş vedi:



  • İclas zalını səhmana salın, idarənin göstəriciləri yazılmış lövhələri, qrafikləri divar boyu içəridən düzün. Saat ikidə iclas var, müzakirə olacaq.

Sonra Abbasəliyə:

- Sən də o ixtiranın çertyojunu stendin birinin üstünə as, qoy içəri. Nazir gəlsə, göstərərik.

Abbasəlinin qəlbi fərəhlə doldu:


  • Qurban müəllim, bunu da (çertyoj qoltuğunda idi) müza­ki­rə edəcəksiz?

  • Eliyərik, niyə eləmirik, bu da bizim nailiyyətimiz döyül­mü?

Sevincindən Abbasəlinin uçmağa qanadı çatmırdı!

Bir göz qırpımında bütün akt zalını süpürtdürdü. Əslində özü silib-süpürdü. Çünki, axsaq Səlbi arvada qalsaydı, heç üç günə də zalı təmizləmək olmazdı. Oturacaqları düzdü, lövhələri yerləşdir­di. Öz çertyojunu da dəmir ayaqlar üzərində qoyulmuş lövhələr­dən birinin ortasına sancaqlayıb görkəmli bir səmtdə qoydu. Özü də çıxıb tribunadan və sədarət stolu tərəfdən baxdı ki, çertyojun necə göründüyünü görsün.

Bir sözlə, Abbasəli bütün işi öz ürəyinə yatan şəkildə tamam­layıb başını qaldıranda gördü ki, tər dabanından gedir və ağzında dili buğda samanı kimi quruyub. Tez düşdü birinci mərtəbəyə, çay­çı Səfərin yanına.

Çayçı Səfər onu görən kimi:



  • İxtiraçı, xoş gəlmisən! Bə niyə belə qan-tərə batmısan? Xəs­tələnmisən, nədi? – deyə, nəzərləri ilə onu başdan ayağa süzdü.

  • Yox, işləmişəm. Çay!

Səfər bir stəkan çay gətirib qoydu onun qabağına:

  • Xeyir ola, nə iş? Ay yetim, sənnən başqa iş görən yoxdu bəyəm?

Səfərlə Abbasəli bir məhəllədə yaşayırdılar, tay-tuş idilər. İdarə açılanda bundan əvvəlki müdir işçilərə demişdi ki, bir çayçı tapsınlar. Onda Abbasəli də Səfəri gətirib bura çayçı düzəltmişdi.

Abbasəli çaydan iki qurtum alıb stəkanı yerə qoydu. Deyəsən çay hələ çox isti idi:



  • Bu gün mənim ixtiramı müzakirə edəcəklər. Bəlkə nazir özü də gəldi.

  • Doğrudan? Malades Abbasəli!

Səfər əlini Abbasəlinin kürəyinə vurdu və əlavə etdi:

  • İmkan olsa mən də çıxıb oturacam, görüm nə qan eliyir­sən.

Abbasəli çayın qalığını qəndsiz başına çəkib bufetdən çıxdı.

Saat 3-ə 10 dəqiqə qalmış idarənin həyətnə üç QAZ-31 və bir “Mersedes” maşını daxil oldu. Nazir və onu müşayiət edən vəzi­fə­li şəxslər yuxarı qalxıb müdirin kabinetinə girdilər.

Katibə daxili telefonu əlindən yerə qoymadan bütün şöbələrə zəng vururdu:


  • Hamı yuxarı, iclas zalına, nazir gəlib. Cəld olun!

Beş dəqiqə keçməmiş iclas zalı ağzınacan doldu.

Abbasəli ikinci sırada, orta keçidin yanındakı yerdə oturmuş­du və ehtiyat üçün böyründəki yeri də saxlamışdı ki, bəlkə çayçı Səfər də gələr.

Səfər doğrudan da gəldi. Amma Abbasəlinin yanına getmədi. Arxa sırada lap küncdə yer tutub oturdu.

Nəhayət, təxminən 20 dəqiqədən sonra başda nazir olmaqla rəhbər işçilər də gəlib səhnədə qoyulmiş stolun arxasında öz yer­lə­rini tutdular. Onlardan bir neçəsi də boş saxlanmış birinci sırada əyləşdi.

Əvvəlcə nazir özü sözə başladı. O, yarım saata qədər ölkə və hökumət rəhbərliyinin siyasətini tərifləyəndən sonra bəyan etdi ki, bu gün burada cari ilin birinci rübünün yekunları və ümumiy­yət­lə, illik plan tapşırıqlarının yerinə yetirilməsinin gedişi müza­ki­rə olunacaq.

Sonra sözü trest müdirinə verdi. Trestin müdiri Salman Səlimov papkasını götürüb tribunaya çıxdı. Və yazıb hazırladığı (bəlkə də yazdırıb hazırlatdığı) çıxışını oxumağa başladı.

Öz çıxışını götür-qoy edən Abbasəli tribunaya demək olar ki, qulaq asmırdı. Hərdən əlində tutduğu qovluğun arasından bir ka­ğızı çıxarıb baxır, sonra onu yerinə qoyub başqasını çıxarırdı.

Trest müdiri yazılı çıxşını oxuyub qurtardı. Nazir ona bir-iki sual verib cavab aldıqdan sonra dedi:



  • Otur. Sözü idarənin müdiri Qurban Kərimova verirəm, bu­yur!

Birinci sırada oturmuş Qurban müəllim qovluğu götürüb cəld tribunaya qalxdı. O, qovluğu açıb sözə başlamaq istəyirdi ki, nazir:

  • Sən bu idarəni nə vaxt təmir eləmisən?

  • Keçən il, cənab nazir.

- Keçən il… Bəs həyət-bacan niyə bu kökdədi? Zibil dizə çı­xır. Bu stendlər də yəqin köhnə müdirin vaxtından qalıb, həə? Bəs hanı bizim keçən ilki, bu ilki göstəricilərimiz? Hanı sizin işə estetik münasibətiniz? Hanı öz idarənizin göstəriciləri, nailiyyətləri?

Qurban müəllim əvvəlcə tutuldu, sonra istədi ki, nəsə bir söz deyib hücumun qabağını alsın:



  • Cənab nazir, məsələn o sxem, daha doğrusu çertyoj, – əlini Abbasəlinin çertyoju asılmış lövhəyə tərəf uzatdı.

Nazir ona sözünün dalını gətirməyə macal vermədi:

  • O cızmaqaranı deyirsən? Harda görmüsən ki, iclas zalında çert­yoj asılır? Kim asıb onu?

Qurban müəllim Abbasəliyə tərəf baxdı. Abbasəli buğanaq vurmuş yarpaq kimi yerindən atılıb durdu ayağa.

  • Sən çəkib asmısan onu?

Abbasəli iftixarla:

  • Bəli. – dedi.

  • Nə işdiyirsən burda?

  • İnjiner, –Abbasəli hiss etdi ki, boğazı quruyur.

  • Sənnən olan injiner dəysin sənin müdirinin başına! Get o zibilini aç götür, özün də çıx bayıra! Bunun mühəndis qabiliyyə­ti­nə bax!

Abbasəli Qurban müəllimin üzünə baxdı. Qurban müəllimdə ta “müəllimlik” qalmamışdı. Bu vəziyyətdə çayçı Səfərin görkə­mi onun yanında toya getməli idi. Qurban Abbasəliyə göz ağartdı ki: “ Tez ol, nə durmusan?”

Yetim Abbasəli suyu süzülə –süzülə lövhədən çertyojunu açıb bayıra çıxanda arxadan nazirin səsi gəlirdi:



  • Sizə, Kərimov, ixtisar planı verilib. Niyə yerinə yetirmir­si­niz? İdarəni doldurmusunuz avara-avara adamlarla.

İclas qurtarandan sonra çayçı Səfər nə qədər axtardısa, Abbasəli­ni gördüm deyən olmadı…
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə