Елхан хязяр азадлыьын тющфяси




Yüklə 0.66 Mb.
səhifə3/4
tarix22.02.2016
ölçüsü0.66 Mb.
1   2   3   4

SƏFİL
Xeyli vaxtdır nə maşına,

nə metroya minə bilir –

Şəhərin hər yerini

piyada dolanır.

Restoranlarda, kafelərdə,

bişən dadlı yeməklərin

ətri, qoxusu ilə dolanır.

Gün ərzində neçə dəfə

yandırıb-söndürdüyü

siqaretini

yerə atılmış siqaret kötüyü ilə

alışdırır.

Hərdənbir tapdığı qəndin

özünü deyil,

kölgəsini su dolu stəkana

salıb qarışdırır.

Nə qazın qiymətini bilir,

nə suyun, nə işığın –

evi yoxdur.

Var-dövlət, daş-qaş,

pul toplamır - gözü toxdur!

Bir udum havanın,

bir içim suyun,

bir qarın çörəyin

xəyalındadır.

Əgər zibil qablarına

atan olsa, çürük meyvə də

dadır.


Gül kimi, çiçək kimi,

o da sevir baharı.


İsti, yağışsız günlərdə

ürəyi açılır,

kefi qalxır yuxarı!

Qızılı payızı da

birtəhər verir yola.

Sabahını düşünür

gözləri dola-dola.

Fəsillərin içində

yoxdur qışa sevgisi.

Şaxtalı, soyuq günlərdir

onunçün günlərin ən pisi.

Bir yuva, sığınacaq,

ev arayır, tapammır –

Möhtac qalır başqasının

ocağına, oduna.

İnsan olduğu

düşür yadına.
12.01.2003


ADINI DOĞRULDAN ADAM
Ad qoyan kəs sanki görüb sabahını

Doğru, düzgün ad seçibdi – Əmirqulu.

İndi ona nə deyirlər elə edir,

Dönüb olur kölə, nökər, əmr qulu!


11.12.2003
HƏYAT NİŞANƏSİ
İnsan birliyin gücünə inanıb

görəndə beş barmağın

bir əldə birləşdiyini.

Canımızın ağrısı olmasaydı

heç bilməzdik

ürəyin harda yerləşdiyini.

Bizi silkələyib oyadan,

dərd-kədər, ağrılardır.

O adam həyatın qədrini bilir ki,

canında ağrı vardır.

Kar adamın da qulağı ağrıyır,

Kor adamın da gözü.

Kimin ki, heç yeri ağrımır,

yoxlatdırsın bədənini –

bəlkə heç yoxdur özü?!
17.07.2007
BİZLƏRDƏN BİRİ
Tanıyanlar deyir ki,

filankəs adam deyil.

Nə xeyir anlayır,

nə də şər.

Yoxdur onda

insanlıqdan bir əsər!

Di gəl ki, bizim kimi yeyir,

bizim kimi geyir.

İki kəlmə söz də bilir:

“Bəli!”, “Xeyir!”


Nə xalqını düşünür,

nə Vətənini.

Yalnız özgə zərbələrindən

qoruyur öz bədənini.

Bütün bunlara birtəhər

dözmək olardı,

olmasaydı bundan pisi –

Onun da adı sıramıza yazılıb

sayılanda ölkənin əhalisi.
10.09.2004


ÖZ ƏMƏLİNDƏN YAZAN
Rüşvətxorlar haqqında yazısını

oxuyub mənə,

Soruşdu: “Hə, necədir?

Yatdımı ürəyinə?

Əgər bəyənmədinsə,

nöqsanı var de harda?”

Həvəslə cavab verdim:

“Doğrudan da

gözəl yazırsan

sənə tanış mövzularda!”


22.10.2011
İZDƏN ASILI ÖMÜR
Min-min illərdir

uzanıb gedir yollar.

Uzanacaq

nə qədər ki, yolçuları var.

Yollar usanıb-yorulsa da

öz işindən –

Bezsə də yükün

ağırlığından,

insanların yerişindən.

Onların hesabına

beləcə ünvandan-ünvana,

mənzildən-mənzilə uzanırlar –

əzilə-əzilə, tapdana-tapdana

yaşamaq hüququ qazanırlar.

Keçmişdə sinəsindən

dəvə karvanı keçib,

dünən araba,

bu gün maşın.

Gediş-gəliş olmasa,

yollar içində itib-batar

torpağın, daşın!
11.02.2002

XƏZİNƏ
Bir dərs kitabıdır zəngin təbiət,

Oxuyub bitirmək olmayır ancaq.

Kim onu büsbütün öyrənsə, əlbət

Dünyada ən müdrik adam olacaq.


Durulub tərtəmiz axır ki sular,

Saflığı bulaqdan öyrənə bilək.

Əlində pay tutan neçə budaq var –

Ondan xeyirxahlıq öyrənək gərək.


Gözümüz önündə yollar uzanır,

Düzlüyü yollardan öyrənək deyə.

Günəş Yer üzünün eşqilə yanır;

Biz də onun kimi baxaq sevgiyə!


Əyilə-əyilə qaldırıb buzu,

Bənövşə gücünü göstərir bizə.

Dözür hər zərbəyə torpağın özü –

Bu qüdrət güc versin ürəyimizə.


Baxıb ağaclara meşədə, bağda,

İnsanlar meylini birliyə salar.

Qürur, əzəmət var qayada, dağda,

Ondan məğrurluğu öyrənmək olar.


Dəvə bir neçə gün susuz qalır ki,

Biz də tab gətirək alova, oda.

Quşlar göy üzündə qanad çalır ki,

Öyrənək uçmağı mavi səmada.

Coşqun dağ çayına, zərif bülbülə,

Baxıb oxumağı öyrənir insan.

Diqqət et açılan çiçəyə, gülə,

Açır ki, könlünü sən də açasan.


Bulud da, yağış da, əriyən qar da,

Dönüb müəllimə öyrədir bizi.

Hər tərəf dəyişir hər il baharda –

Biz də dəyişdirək öz fəslimizi.


Bilik mənbəyidir ana təbiət

Bir ömrə öyrənmək olarmı onu?

İnsanlar əl-ələ verərək fəqət

Göstərər özünün kim olduğunu!


12.04.1980

ÖZƏLLİK
Paltarının rəngini,

səsinin ahəngini,

dəyişib büsbütün,

Başqasına oxşamaq,

istəyirsən bu gün.

Baxışın soyuq,

gülüşün saxta! –

Deyəsən, göz qoyub

dəyişən zamana, vaxta

sən də qane olmursan

taleyə, baxta.

Dünənini bəyənmir,

pis deyirsən,

Başqalaşmaq istəyirsən.

İncimə, deyəcəyəm sənə

sözün düzünü:

Gəl dəyişmə özünü,

imkanın varsa əgər.

Belə adamlar dünyada

çoxdur –

Sənin kimi bir nəfər!


YADLAŞAN SOYDAŞIMIZ
Özünə həmyerli gəzən eloğlu,

Vallah, bu işində haqlı deyilsən.

Bütün yurdumuzun yetirməsisən,

Tək Milli, Muğanlı, Dağlı deyilsən.


Doğmamı gəzirsən doğma elində?

Səndə payı vardır daşın, gülün də.

Bülbültək ötürsən özgə dilində -

Niyə öz xalqına bağlı deyilsən?


Biganə baxırsan elə, obaya,

Guya köçəcəksən ulduza, Aya.

Millətin dərdini almırsan saya,

Yoxsa Vətəninin oğlu deyilsən?!


16.02.1986

DÖZÜMÜN DÖZMƏDİYİ ANLAR
Şuşa şəhərinin işğalı günündə keçirdiyim hisslər

Mən bu gün

yarpağı tökülmüş budağam,

suyu kəsilmiş bulağam,

odunu qurtarmış ocağam,

amma sağam!


Bu gün mən

şüşəsi sınmış çırağam,

gülləsi olmayan yarağam,

kitabdan qopmuş varağam,

qanadı qırılmış quşam,

bir binanın özülündən

düşmüş daşam,

fəqət sapanda qoyulub

atılmamışam.
Bu gün mən

dumanın gizlətdiyi

qayayam, daşam.

meyvəsi kal ikən

yığılmış bağam.

yerə çatmamış əriyən qaram,

ömrün neçə gününü

qışa güzəştə gedən baharam,

ancaq hər halda varam.

Gün gələr əvvəlkitək olaram!


08.05.1992
SƏHVİNİ GÖRMƏYƏN
Onun gözünü pərdələyib his,

Yaxşı da gözündə olub yaman, pis.

Deyir çox yoxsuldur təbiətimiz,

Demir gözəlliyi görməyir gözüm.


Yoxdur ürəyində dəyanət, qürur –

Çətinlik görəndə dayanır, durur.

Deyir ki, bu dünya məni çox yorur,

Demir ki, yox məndə iradə, dözüm!


Bir işə, zəhmətə əl yetirmir,

Ev tikib, yol çəkib, ağac bitirmir.

Deyir izlərimi yollar götürmür –

Demir ki, yollara düşməyir izim.


Ona boyun əyir, buna baş əyir,

Elə hey özgədən kömək diləyir.

Hər kəsin ardınca giley eləyir,

Demir ki, bir adam deyiləm özüm!


23.07.2000


KÖNÜLLÜLƏR DƏSTƏSİ
(Poema)

Şad gündə oxşayır biri-birinə,

Çətinlik gələndə seçilir insan.

Biri sinə gərir dərdə-ağrıya,

Birinə yaşamaq olmayır asan.
Adam var düşünür yalnız özünü,

Diksinmir bir özgə haraya, səsə.

Vətəndə dolanır bir sakin kimi,

Dar gündə gedəcək hara istəsə!


Biri səadəti yeməkdə görür,

Hər zaman kefdədir, dincliyi atmır.

O biri yurdunu ürəkdən sevir,

Onu qorumağa cürəti çatmır.


Eyni məmləkətlərdə yaşayanların,

Fikri, düşüncəsi eyni cür olmur.

Çay var ki, durulur yağışdan sonra,

Çay da var yüz ildir axır, durulmur.


Torpağın üstündə gəzən çox olur,

Süzülən qanını az adam silir.

Həqiqi vətəndaş o kəslərdir ki,

Canını Vətənin parçası bilir.


Canından çox sevir doğma yurdunu,

Sanır ki, onundur tökülən qanlar.

Vətənin verdiyi bədəni, canı,

Geri qaytarmağa hazırdır onlar.

Vətənə həqiqi oğul olanlar,

Canlı tək yanaşar torpağa, daşa.

Dəvət gözləmədən könüllü gedər,

Millət, el yolunda gedən savaşa.


Bizlər də tutmuşuq elə bu yolu,

Elin dərdlərinə olmuşuq şərik.

Düşmən zərbəsini qəbul etməyə,

Könüllü dayanmış döyüşçülərik.


Hərə bir tərəfdən gəlsə də bura,

Səngərdə birləşib, silahdaş olub.

Vətəni itirmək qorxudub bizi –

Cəbhəyə gətirən bu təlaş olub.


Başqa qorxuları atıb gəlmişik,

Yenə də gələn var dəstəbədəstə.

Ölsək cəsədimiz məlhəm yerinə,

Qoyular Vətənin yarası üstə.


***

Səngərlər uzanır yarğanlar kimi,

Əsgərlər bürüyüb dərəni, dağı.

Atılan qumbara, tökülən mərmi

Yüz yol yaralayır ana torpağı.

Güllələr çox zaman dəyib daşlara,

Qayıdıb yandırır çiçəyi, kolu.

Möhkəm qayalar da alaraq yara,

Axtarır özünə qurtuluş yolu.

Bu qəddar əməldən bezib təbiət,

İnsanı qoynundan atmaq istəyir.

Yaralı ağacda qalmayıb taqət,

Torpağa yıxılıb, yatmaq istəyir.

Od, alov bürüyür aləmi birdən,

Hər yan qara tüstü, acı zəhərdir.

Dilsiz canlılar da qaçıb bu yerdən,

Yalnız gözə dəyən döyüşçülərdir.

Tanımaq olmayır burda adamı,

Öldürmək uğrunda yarışır hamı!

Sevinir atəşi hədəfə dəyən

Hədəfdən yayınan olur pərişan.

“Bu günün qalibi özüməm!” – deyən

Daha çox düşməni alıbdır nişan.

Güllələr insanı ot kimi biçir,

Sıradan çıxanlar çoxalır hər gün.

Bəlkə də bəzisi canından keçir,

Bu miskin həyatdan qurtulmaq üçün.

Hardasa bacılar tökür göz yaşı,

Hardasa analar saçını yolur.

Qadınlar itirir həyat yoldaşı,

Övladı atasız, özü dul qalır.

Vuran da insandır, ölən də insan,

Özgə kədərinə gülən də insan!

Ancaq bizim üçün yox başqa çarə –

Doğma yurdumuza soxulub yağı.

Allah lənət etsin ermənilərə

Bizə də öyrətdi qan axıtmağı!
***

Gəlib ki, qarşımızda düşmən özünü öyə,

Bu anda oğul gərək əsgər paltarı geyə.

Biz də bunu etmişik Vətən qorunsun deyə –

Hər sinə olmalıdır ana yurdun qalxanı,

Qarşımızda durmağa yağılarda hal hanı?


Cəbhəyə gələn adam əzaba dözməlidir,

Rahatlıqdan, dinclikdən əlini üzməlidir,

Qarşısına yemək yox, qumbara düzməlidir.

Daraq tutmamalıdır saçını daramağa,

Telefon gəzməməlidir yarını aramağa!
Döyüşçünün var-yoxu silahıdır, canıdır,

O, vuruşa-vuruşa öz adını tanıdır,

Torpağa damcılayan su yox, insan qanıdır.

Mərdlər çıxır döyüşdən igid, qəhrəman kimi,

Qəhrəman olmayan da yetişir insan kimi.
Burda çox zaman susur evdə özün öyənlər,

Düşmən döymək yerinə, sinəsinə döyənlər,

Birdən igidə dönmür hərbi paltar geyənlər.

Arxada gizlənən də, çıxıb qaçan da olur,

Kömək üçün dostuna ağız açan da olur.
Düşmənin güllələri hədəf gəzir özünə,

Ölür – məhəl qoymayan komandirin sözünə,

Gecə də yuxu getmir çoxlarının gözünə.

Yandırır boğazını barıt qoxusu, zəhəri,

Elə gözləri açiq qarşılayır səhəri.
Burda tonqaltək yanan tank, zirehli maşındır,

Güllə yarası alan dostun, silahdaşındır,

Qorxma, axan qan deyil, bu dəfə göz yaşındır.

Axır ki təmizlənsin gözündəki qəm-kədər,

“Kişi ağlamaz!” – demə, can soyuyur bir qədər.
Hamı bir nəfər kimi tabedir komandirə,

İcazəsiz nə haqqı biri döyüşə girə?!

Bir əmri vermək üçün o düşünür yüz kərə.

İstəyir dəstəsində olmasın vurulanlar,

Ancaq qansız ötüşmür döyüşdə keçən anlar.
Adamın vaxt olur adı belə yaddan çıxır,

Duz-çörək daşdan deyil, burada oddan çıxır,

Məngənəyə çevrilib səngər adamı sıxır.

Sanma ordan çıxanın payı qurtuluş olur,

Bədəni güllələrə, qəlpələrə tuş olur!
Bura təmas xəttidir, bura cəbhə bölgəsi,

Daim başın üstədir Əzrayılın kölgəsi,

Yenə od içindədir qədim Odlar ölkəsi.

Şərəflə çıxmalıyıq bu imtahan, sınaqdan,

Biz haqqın yolçusuyuq, kömək gələcək Haqdan!
***

Məktəbdə dərs deyirdim bura gələnə kimi,

Çalışırdım uşaqlar seçsin təhsili, elmi.

Ürəkdən bağlı idim belə nəcib peşəyə,

Sevinirdim kiməsə savad verirəm deyə.

Uşaqlar da həmişə xətrimi istəyirdi,

“Kaş sizintək olaq biz!” – Çoxu belə deyirdi.

Özüm istədiyimtək həyatımı qururdum,

Mən “müəllim” adının keşiyində dururdum.

Bir gün xain qonşular yollarını azdılar,

Hamı kimi mənim də dincliyimi pozdular.

Sahib olmaqdan ötrü Qarabağ ellərinə

Rusun silahlarını aldılar əllərinə.

Öz doğma yurdumuzdan çıxıb gedək deyə biz,

Yandırıldı, talandı nə qədər kəndlərimiz.

Xocalı şəhərində törədib soyqırımı.

Lap fəlakət həddinə çatdırdılar durumu.

Dərsdən qayıdan zaman günlərin bir günündə

Dedi həyat yoldaşım, dayanaraq önümdə:

“Bəs bizim bu diyarın mərdi, kişisi hanı?


Nə vaxtadək “dığalar” sulayacaq meydanı?

Çoxuna ad verilib: Aslan, Qəhrəman, Vüqar,

Qüdrət, Mətin, Mübariz, Qorxmaz, Cəsur, Etibar!

Nə zaman doğruldacaq onlar öz adlarını,

Qoruyacaq millətin namusunu, arını?

Yada cavab verməyə güc yoxsa kişilərdə,

İmkan verin qadınlar çarə tapsın bu dərdə!”

Məni də silkələdi qadınımın bu sözü,

Ünvanına tez çatır həmişə sözün düzü.

Ata-anam verəndə mənə də Məğrur adı,

İgid görmək olubdur yəqin arzu, muradı.

Elin dar məqamında bəs nəyi gözləyirəm?

Düşmənin əməlini sakitcə izləyirəm?!

Adımın mənasını nə vaxt arayacağam,

Həqiqi məğrur olub yurdu qoruyacağam?!

Vətəndaşam, ən əvvəl əsgər olmaqdır peşəm,

Ya gərək məğrur olam, ya adımı dəyişəm.

Kölgə düşməsin deyə ünvanıma, adıma,

Qətiyyətli səsimlə söylədim arvadıma:

“Yurdun kifayət qədər rəşadətli oğlu var,

Bir az sonra görəcək bunu azğın yağılar.

Siz də şübhə etməyin bizim qeyrətimizə,

Güvənin, dayaq olun, inam bəsləyin bizə.

Elə əzəcəyik ki, bu nadan “dığaları”,

Onlara yas tutacaq xaçpərəst ağaları”.

Həmin günün səhəri mən yollandım cəbhəyə,

“Vətən!”, “Millət!”, “Məmləkət!”, “El-oba!” deyə-deyə.

Silaha sarılaraq döyüşlərə başladım,

Dedim elə iş görüm – mənə yaraşsın adım.

Ancaq hər şeydən əvvəl bir türk övladıyıq biz,

Gərək bunu anlayıb dərk edək hər birimiz.

***


Ayrılaraq doğmalardan,

Xeyli vaxtdır cəbhədəyəm.

Gəlmişəm ki, yağılara,

Öz sözümü mən də deyəm.

Deyəm kinim, nifrətimlə,

Hünərimlə, cürətimlə.

Qarı düşmən tanış olsun,

Məqsədimlə, niyyətimlə.

Güllələrim silahdan yox,

Dodağımdan qopan sözdür;

Ünvanına dümdüz gedir,

Çünki aydın, doğru, düzdür!

Gülləm gedir erməniyə,

Söz qandıra, ağıl verə;

O səhvini dərk eləyib,

Silahını qoya yerə.

Azad edə Qarabağı

Nə qədər ki, canı sağdır.

Yoxsa ölüb cəsəd kimi,

Bu torpaqda qalacaqdır.

Başqasının əllərində,

Qoy dönməsin bir alətə.

Öz ağlını işə salıb,

O son qoysun cəhalətə!


***

Minaatan Səxavət Şuşadan qaçqın düşüb,

Sanki bura gələndən taleyinə gün düşüb.

Düşmənin səngərinə düşəndə mərmiləri,

Dərddən solmuş üzünün rəngi qayıdır geri.

Hər döyüşə atılır o sevinə-sevinə,

Çünki dönmək istəyir Şuşadakı evinə.
Sonsuz inamı vardır qələbəyə, zəfərə,

Xurcunu hazır qoyub çıxmaq üçün səfərə.

Ürəyi qəzəbindən tonqal kimi alışır,

Arzuya çatmaq üçün gecə-gündüz çalışır.

Dilinin əzbəridir “Şuşa”, “Laçın” kəlməsi,

Çox zaman eşidilir həzin, yanıqlı səsi:


“Kim həsrətdir Laçına,

Tez dən düşər saçına.

Qoymayaq məskən olsun,

Yurd erməni xaçına.


Bu yol gedib Şuşaya,

Mərd daşıya-daşıya.

Heç olarmı orada

İndi namərd yaşaya?!


Biz görək Xankəndini,

Bərəsini, bəndini.

Yağıya vermək olmaz,

Yurdun şəkər, qəndini.


Türk oğlu qalxıb yenə,

Hər dərdə gərər sinə.

Qarabağa göz dikən,

Düşəcək qara günə”.


***

Naxçıvandan gəlibdir dəstənin baş çavuşu,

Çox mahir atıcıdır, gözündən vurur quşu.

Boz qurdun əksi olan bir nişan var döşündə,

Bu təltifi alıb o, Sədərək döyüşündə.
Bir vaxt – doxsanıncı il, yanvarın iyirmisində,

Bakı çırpınan zaman nahaq qanlar içində

“Doğma” sovet ordusu bizə güllə açanda,

Başsız başçılarımız yurdu qoyub qaçanda.

Ana-bacılarımız ağlayıb, inləyəndə,

Xaçpərəstlər sevinclə bu səsi dinləyəndə,

Fürsətdən yararlandı xain qonşumuz yenə,

Qəfildən hücum etdi Naxçıvanın üstünə.

Köməksiz qalıb deyə bu el, oba, bu torpaq,

Düşündü ki, itkisiz asanlıqla alacaq.

Fəqət çata bilmədi öz çirkin niyyətinə,

Məğrur durdu Naxçıvan, düşsə belə çətinə!

Çoxlu itki verərək düşmən çəkildi geri,

O, indi də kənardan seyr eləyir bu yeri.

Həmin vuruşmalarda iştirak edib Qədir,

İndi də çavuş kimi bizim dəstəmizdədir.

Yamanca tələbkardır, sevir qayda-qanunu,

Nə gizlədim, burada çoxu bəyənmir onu.

Həmişə qaraqabaq, tutqun, ciddidir üzü,

Zarafatı sevməyir, zarafat etmir özü.

Deyir: “Nizam-intizam xidmətin əsasıdır,

Dünyada ən gözəl söz sözlərin qısasıdır.

Sözün ucundan tutub ucuzluğa getməyin,

Səngərdə ayıq olun, çox söz-söhbət etməyin.

Öz işini unudar söhbət edən adamlar,

Başına iş gələnlər mənim fikrimi anlar.

Hər kəsdən asılıdır bizim uğurlarımız,

Yersiz ölməməlidir igid oğullarımız.”

Məharətlə yayınır düşmənin gülləsindən,

Hardan keçəcəyini ayırd edir səsindən.

İşə saldığı zaman atıcı silahını,

Eşidirik yağının harayını, ahını.


Aslan kimi cəld olur döyüş zamanı Qədir,

Hamını qabaqlayıb həmişə öndə gedir.

Çevirib bədənini o, qalxana, sipərə,

Deyir xətər dəyməsin cavan döyüşçülərə.

Deyir ki, mənim evdə üç igid övladım var,

Mən ölsəm də adımı yəqin yaşadar onlar.

Sizin isə yaşınız azdır, cavansız hələ,

Daha çox gərəksiniz doğma obaya, elə.

Təkcə səngərdə bitmir görüləsi işimiz,

Bu gün düşünməliyik yurdun sabahını biz!

Görüb silahdaşları onun əməllərini,

Silib atır ürəkdə yığılıb qalan kini.

O, bizim yolumuzda düşəndə haldan-hala,

Dediyi acı sözlər çevrilir şirin bala.

Görəndə ki, ürəkdən sevir yurdu, milləti,

Hamımızın gözündə artır onun hörməti.

Çox döyüşçü istəyir vuruşa Qədir kimi,

Çünki Qədir vuruşur aslan kimi, şir kimi.


***

Boylanaraq diqqətlə baxan zaman qabağa,

Arxadan bir səs gəlir: “Mənə dayaq ol, qağa,

Əməl eləyəcəyəm bu dəfə hər sözünə,

Arxanca gələcəyəm düşüb sənin izinə.

Daha pozmayacağam döyüşün nizamını,

Bunu edəcəyimə gəl inandır hamını!”

Bu sözləri söyləyən ən gənc əsgər Yaşardır,

Əslində hamımızın ona hörməti vardır.

Xocalıda itirib o, ata-anasını,

Səbri çatmayıbdı ki, başa vursun yasını.

Döyüşə girmək üçün pənah gətirib bizə,

Biz də çarəsiz qalıb almışıq dəstəmizə.
Silaha sarılanda heç on beş yaşı yoxdu,

Ancaq yurda sevgisi bəlkə bizdən də çoxdu.

Altı ay bundan əvvəl başlasa da döyüşə,

Vurduğu düşmənlərin sayı çatıb on beşə!

Komandir öz oğlu tək qayğı göstərir ona,

Adını daxil edib kəşfiyyat qrupuna.

Cığırları, yolları yaxşı tanıyır deyə,

Ehtiyac olan zaman dönür bir bələdçiyə.

Bir dəfə sol əlindən alsa da yüngül yara,

Dəqiq əməl eləyir bütün tapşırıqlara.

Fəqət ötən döyüşdə çağlayıb, coşdu qanı,

Özü də hiss etmədən Yaşar pozdu qaydanı.

Baxmayıb komandirin “Geri çəkil!” əmrinə,

O, nizamsız atəşi davam etdirdi yenə.

Belə hərəkətindən əsəbləşdi komandir:

“Sənə əmr edirəm, tez qayıt, səngərə gir!”

Çavuş da məyus oldu, onun bu əməlindən:

“Onun bu əməlini cəzasız qoymaram mən”.

Komandir də həmin gün çox danladı oğlanı:

“Bizimçün qiymətlidir hər bir əsgərin canı,

Belə düşünülməmiş, yersiz işlərinlə sən,

Neçə-neçə əsgəri dara sala bilərsən.

Unutma, atəş açmaq həmişə deyil hünər,

Sənə görə çoxunun canı hədəfə dönər.

Mənim göstərişimi bir də almasan saya,

Səni həsrət qoyaram vuruşmağa, davaya”.

O gün Yaşara görə o, danladı məni də:

“Niyə imkan verirsən şagirdin belə edə?

Mən sənə tapşırmışam gələn gündən Yaşarı,

Döyüş qaydalarını bir ona öyrət barı.

İlk dəfə edib deyə cəza vermirəm ona,

Ancaq sən öz işini uğurla çatdır sona.


Yaşarla söhbət edib özün tənbehini ver,

Yoxsa bizim dəstədə olmayacaq ona yer!”

Komandirin sözləri silkələdi Yaşarı,

Tozlu yanaqlarından süzüldü göz yaşları.

Dayanıb mənə baxdı sual dolu baxışla:

– Bir də belə etmərəm, Məğrur qağa, bağışla!

Diqqətim yönəlmişdi yalnız atəş açmağa.

Nə geriyə baxırdım, nə də ki sola, sağa.

Bilirsən ki, həmişə söyləyirəm düzünü,

Vallah eşitməmişdim komandirin sözünü.

– Fəqət eşitməlisən, əsla unutma bunu,

Unutma, dəstəmizdə komandir olduğunu.

Qarışar bütün aləm olmasa rəhbərimiz,

Hərə bildiyin edər, pozular işlərimiz.

Möhkəm nizam-intizam indi gərəkdir bizə,

Bu yol uğur gətirər, müstəqil ölkəmizə.

... Budur, həmin söhbətdən keçibdir xeyli zaman,

Çəkilib fikirlərdən daha qalın toz, duman.

Qəzəbimiz soyuyub, rahatlanıb qəlbimiz.

Növbəti hücum üçün hazırlıq görürük biz.

Yaşar da imkan tapıb sözünü deyir mənə:

– Sən özünlə məni də döyüşə apar yenə,

Mən layiq olacağam sənin etimadına.

Ləkə salmayacağam hörmətinə, adına.

Ürəyim bu sözlərdən təsirlənir bir qədər,

İstəmirəm incisin, zəhmətim getsin hədər:

– Səni mənə tapşırıb dəstə komandirmiz,

Bu dəfə də döyüşə birgə gedəcəyik biz.

Heç vaxt şübhəm olmayıb sənin dəyanətinə,

Ancaq elə vuruş ki, salma bizi çətinə.

Yaşar sevindiyindən çiynimi qucaqlayır,

Üzünü gizlətsə də, hiss edirəm ağlayır.


***

Dəstəmizdə xidmər edir bir qadın da,

Bəziləri bilmir onun heç adını da.

Hamı onu doğma sayıb “bacı” deyir,

“Sənsən bizim başımızın tacı!” – deyir.

Tərk eləyib öz evini, yuvasını,

Vətən üçün geyib əsgər libasını.

Yorğunluqdan gözlərini ova-ova,

Cəsarətlə tez-tez girir od-alova.

Sürünməkdən əzilsə də qolu-dizi,

Onu qəmli görməmişik – gülür üzü.

Hara getsək bizimlədir, rahat durmur,

Öz dərdini, ağrısını üzə vurmur.

Üç ay əvvəl qoşulub o, sıramıza,

Gəlişiylə məlhəm qoyub yaramıza.

Onu buna məcbur edən taleyidir;

Ölmüş həyat yoldaşını əvəz edir.

(Dəstəmizdə vuruşurdu elə o da,

Öz canını bu Vətənə etdi fəda!)

Dəfn eləyib şəhid olmuş ərini o,

Bura gəlib, tutdu onun yerini o!

Gələn zaman istədilər aşbaz ola,

Əsəbləşdi, üzü düşdü haldan-hala:

“Mən gəlmişəm silah tutub vuruşmağa,

Dığaları öldürməkdə igidlərlə yarışmağa.

Mənə verin o snayper tüfəngini,

Atəşimlə dəyişdirim səs-sədanın ahəngini.

Qoy dənləyim bu şərəfsiz yağıları,

Yasa batsın onların da dostu, yarı!”

Komandir də hörmət edib bu qadına,

Əlindəki snayperi verdi ona:

“Öyrədərlər sənə atmaq qaydasını,

Sən atarsan – Vətən görər faydasını!”
Qatlaşaraq hər əzaba, əziyyətə,

Uyğunlaşdı o, yaranmış vəziyyətə.

Ocaq kimi alışaraq sönmədi o!

Məqsədindən, niyyətindən dönmədi o!

Şəhidlərin qisasını alsın deyə,

Atəşilə işıq saldı çox gecəyə.

Cəsur, məğrur döyüşçüdən biri oldu,

Dəstəmizdə öz mövqeyi, yeri oldu.

Artıq mahir atıcıdır – dəqiq atır,

Güllələri ünvanına gedib çatır.

Neçə düşmən əsgərini yox eləyib,

Dəstəmizin uğurunu çox eləyib!


***

Öz işini görməsə bizim istehkamçılar,

Yaralımız, itkimiz bundan daha çox olar.

Düşmən minalarını onlar çıxarıb üzə,

Hücuma keçmək üçün imkan yaradır bizə.

Ehtiyatsız hərəkət ölüm gətirər deyə,

Yoxdur ixtiyarları heç zaman səhv etməyə.

Bu peşənin sahibi ya ölçüb-biçməlidir,

Ya könüllü surətdə canından keçməlidir!

Hamı hörmət eləyir minaaxtaranlara,

Bir çox uğurlar üçün biz borcluyuq onlara!

Dəstəni qorumaqla işləri bitmir hələ,

Azğın düşmən üçün də tez-tez qururlar tələ!

Onların yolu üstə işə salıb minanı,

Axıdıblar torpağa nə qədər düşmən qanı!

Çox deyil, dörd nəfərdir bu qrupda çalışan –

Allahverdi, Ələmdar, Novruzəli, Alışan.

Yaxın dost, qardaş kimi dolanırlar həmişə,

Məsləhət edə-edə girişirlər hər işə.
Əfqan döyüşlərini görüb cəsur Ələmdar,

Minaları tapmaqda yaman məharəti var.

Əli qartal caynağı, gözləri qartal gözü!

Ən çətin tapşırığa əməl eləyir özü.

O qayğı ilə yanaşır dostların hər birinə,

Ölməyə də hazırdır başqasının yerinə.

Ancaq yoldaşları da qalmayır ondan geri,

Onlar birlikdə keçir hər sahəni, hər yeri.

Mahir istehkamçıya ehtiyac var cəbhədə,

Kaş Tanrı da onları bəlalardan hifz edə!


***

Bizim komandirimiz otuz beş yaşındadır,

Elə yaranan gündən dəstənin başındadır.

Ali hərbi məktəbi Rusiyada bitirib;

Elə düşünməyin ki, türklüyünü itirib.

Varlığını qoruyub yadların arasında,

Harda olsa da, olub xalqının sırasında.

Erməni Qarabağda qaldıranda səsini,

Üzə çıxıb onun da düşmənə olan kini.

Uzaqdan hay verərək millətinin səsinə,

Tez, tələsik qayıdıb elinə, ölkəsinə.

Peşəkar hərbiçidir, rütbəsi də mayordu,

Sevə-sevə qoruyur bu Vətəni, bu yurdu.

Xidmət etdiyi üçün Sovetlər ordusunda,

Bilir xasiyyətini, məqsədini rusun da.

Deyir ki, rus olmasa, erməni bura girməz,

Onlardır erməninin sahibkarı, ağası.

Nə çalsalar oynayır bu erməni “dığası”,

Ancaq puç edəcəyik düşmənin niyyətini.

Müstəqil olmuşuq biz, gedib işin çətini,

Hər işi görəcəyik indi daha özümüz.
Ünvanına çatacaq söhbətimiz, sözümüz.

Özümüzün olacaq bütün sərvətlərimiz,

Düşünəcək başımız, işləyəcək əlimiz.

Bu millətin gücünə bələd olduqca bəşər,

Hamı tanıyar bizi, işlər yoluna düşər.

Ancaq həmin məqama biz gəlib çatmaq üçün,

Gərək mətin dayanaq, gərək vuruşaq bu gün.

Çiyninə düşən yükü götürə bilsə hərə,

İnanın ki, tezliklə çatacağıq zəfərə!
***

Neçə gündür düşmən susur,

Artıq o da yorulubdur.

Son döyüşdə əlimizlə,

Çox əsgəri vurulubdur.

Nizamlayır sırasını,

Cəm eləyir qüvvəsini.

O, özünə gələn kimi,

Çıxaracaq cır səsini.
Nə mərdlikdən xəbəri var,

Nə kişilik bilir nədir.

İmkan, fürsət düşən kimi,

Nə istəyir – onu edir.

Qul olubdur öz nəfsinə,

İştahı çox, insafı az!

Onun, bunun hesabına,

Ömür sürür bu yaramaz.


Bayraq edib öz xaçını,

Xaçpərəstdən yardım alır.

Törətdiyi cinayətlər,

Gizlədilir, gizli qalır.


Dişlərini qıcasa da,

Gecə-gündüz ona-buna,

Göz yaşını axıdaraq,

Bürünür o, yazıq dona!


Əgər cavab almasa o,

Törətdiyi əməllərə,

Dönəcəkdir bəşər üçün,

Bir iblisə, şeytan, şərə!

Qarşısında mətin durub,

Qıraq iti dişlərini.

Nizamlayaq, tarazlayaq,

Bu dünyanın işlərini.


Davanın öz qaydası var,

Öldürməsən, öləcəksən!

Düşmənini qabaqlasan,

Sən yaşaya biləcəksən.

Güllə hədəf gəzən zaman,

Yaşa, başa hörmət olmur.

Sağ-salamat evə dönmək,

Hər əsgərə qismət olmur.


***

Əmr gəlib komandirdən;

Hazır olaq hücuma biz.

Bir az sonra boşalacaq,

Soyuq, nəmli səngərimiz.

Mərd oğullar sarılacaq,

Silahına, yarağına.

Biz yenidən çıxacağıq,

Qələbənin sorağına.
Bomba, mərmi sədasından,

Hər tərəfə hay düşəcək.

Gətirdiyi dərd-bəladan,

Düşmənə də pay düşəcək.

Bu gün səngər olan yerlər,

Çevriləcək bir məzara,

Kim güvənir erməniyə,

Olacaqdır günü qara.


Ancaq hələ sakitlikdir,

Yoxdur atəş, güllə səsi.

Eşidilir ürəklərin,

Döyüntüsü, nəfəs səsi.

Barmaq silah tətiyində,

Diqqət düşmən səngərində.

Üzündə bir həyəcan var,

Qorxu bilməz əsgərin də.


Bir döyüşçü şəkildəki,

Övladına baxır hələ.

İstəyir ki, qollarına,

Yeni bir güc, qüvvə gələ.

Dava vaxtı olub oğlu,

Heç görməyib atasını.

Fələk uzaq dolandırsın,

Bu ailədən xətasını.


Hələ çoxu düşüncəli,

Hələ çoxu fikirlidir.

İki əsgər bir-birilə,

Məhəbbətdən söhbət edir.

Onlar çətin məqamda da,
Düşünürlər səadəti!

Tanrı özü bəxş eləyib,

İnsanlara bu adəti.
Biri bura gələnədək,

Oxuyubdur - tələbədir.

Dərdlərinin dərmanı da,

Yalnız zəfər, qələbədir.

İstəyir ki, tez qayıdıb,

Təhsilini başa vursun.

Mühəndistək öz xalqının,

Xidmətində yenə dursun.


Biri şəhid yoldaşının,

Hələ saxlayır yasını.

Arzusudur bu döyüşdə,

Alsın onun qisasını.

İntizarla gözləyir o,

“Hücum!”, “Atəş!” sözlərini,

Hədəfini çoxdan seçib,

Ona dikib gözlərini.


Biri sönmüş siqareti,

Odlu sayıb çəkir hələ.

Ondan tüstü çıxmadığın,

Hiss eləyib, görmür belə.

Gərginlikdən əsir əli,

Həyəcandan əsir dizi.

Elə hissə qapılıb ki,

Bəlkə də heç görmür bizi.


Öz işinə hazır durub,

Hərbi həkim, sanitar da.

Onlar hələ indiyədək,

Qoymayıblar bizi darda.

Vurulanın, yıxılanın,

Köməyinə çatıbdılar.

Təkcə şəhid görən zaman,

Qəm-qüssəyə batibdılar.
Nəm səngərdə dayanmaqdan,

Bezib daha döyüşçülər:

“Biz atılaq döyüşlərə,

Sonrasını Tanrı bilər!

Haqq yolunda kim savaşır,

Haqq da ona qoy yar olsun.

İnsan qiymət alan zaman,

Əməlləri meyar olsun!”


Çətin döyüş olacaq bu –

Hiss eləyir, duyur hər kəs.

Ancaq yenə azalmayır,

Vuruşmağa olan həvəs.

Biz tutulmuş torpaqları,

Yağılardan almalıyıq.

Elimizin, obamızın,

Tək sahibi olmalıyıq!

***

İmkan verməyəcək kədər üzsün ürəyimizi,



Düşmən tapdağındakı yerlər gözləyir bizi.

Yollara göz dikərək Xankəndi, Şuşa, Laçın,

Deyir: “Yağı bağlayan bütün yolları açın!”

Hər adam diqqət etsin işinə, əməlinə,

Doğma yurdu verməyək özgələrin əlinə.

Kimlər ki, dağ çəkibdir türk yurdu Xocalıya,

Gərək əlimiz onu yanar oda qalaya.

Geri qayıtmalıdır evini tərk edənlər,

Ürəyini, qəlbini orda qoyub gedənlər.

Bizimçün axmalıdır sərin bulaqlarımız.

Yoluna düşməlidir pozulmuş haqlarımız.

Sönmüş çıraqlarımız yenə nur saçmalıdır,

Düşmən ya gəbərməli, ya çıxıb qaçmalıdır.

Axı onun izləri ləkədir bu torpağa,

Haydı, igid oğullar! Haydı, qalxaq ayağa!

Qoymayaq Vətənimiz yanar oda qalansın,

Sərvətimiz, varımız yağmalansın, talansın.

Düşmənə “dur” deməyin vaxtı çatıbdır daha,

Bu günün işlərini qoymaq olmaz sabaha.

Fevral, 1993




1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə