Elektron hökümət – dövlət və vətəndaş cəmiyyətinin qarşılıqlı fəaliyyətinin effektivliyinin yüksələn mexanizmi




Yüklə 23.11 Kb.
tarix20.04.2016
ölçüsü23.11 Kb.
Elektron hökümət – dövlət və vətəndaş cəmiyyətinin qarşılıqlı fəaliyyətinin effektivliyinin yüksələn mexanizmi.
Qlobal informasiyalaşdırılma, dünyanın demək olar ki, bütün ölkələrində, eləcə də respublikamızda elektron hökumət anlayışı kimi konsepsiyanın yaranması və həyata keçirilməsinə gətirib çıxarmışdır. “E-hökumət” anlayışı tez-tez kütləvi informasiya vasitələrində və elmi ədəbiyyatda istifadə edilir, ona görə də belə bir terminin hüquqi və elmi əsaslarını, onun gələcəkdə istifadə imkanlarınının mahiyyətini müəyyənləşdirmək gərəkdir.

80-ci illərin əvvəllərində ortaya çıxmış və əsrlərin dəyişməsi vaxtlarının leksikasına möhkəm girmiş, "elektron hökumət" termini bugünkü günlərə qədər çoxları üçün adi hesab olunsa da, onun mahiyyəti heç kəsə hələ tam aydın deyil. Artıq məlum olduğu kimi, “Electronic government” termini özü ilk dəfə ABŞ Prezidenti Bill Klintonun administrasiyası dövründə istifadə edilməyə başladı.

“Elektron hökumət” termininin özünün tərifindən başlayaraq qeyd etmək lazımdır ki, bu gün mütəxəssislər mühitində bu anlayışa vahid yanaşma formalaşmamışdır. Səbəblərdən biri budur ki, elektron hökumət anlayışının tərifləri müxtəlif mütəxəssislər tərəfindən müxtəlif prinsiplərə görə qeyd olunur. Bir sıra müəlliflər təsviri təriflərə üstünlük verirlər - yəni cəmiyyətdə və onun ayrı-ayrı strukturlarında elektron hökumətin tətbiq edilməsi nəticəsində hansı dəyişikliklər baş verir. Digərləri isə istifadə edilən texnologiya məsələlərinə və spesifik proqram məhsullarına diqqəti yönəldirlər. Həmçinin, dövləti idarə etmənin maksimal effektivliyinə yönəlmiş iqtisadi təriflər də mövcuddur.

Hər prinsip doğrudur, bir halda ki, elektron hökumətin fəaliyyətinin müəyyən aspektlərini özündə əks etdirir. Beləliklə, elektron hökumət aşağıdakı qaydada tərif edilir:

- elektron vasitələrin köməkliyi ilə informasiyanın emalı, ötürülməsi və yayılması proseslərində dövlət idarəçiliyinin təşkili, dövlət hakimiyyəti orqanlarının bütün qollarının elektron vasitələrlə vətəndaşların bütün kateqoriyalarına (pensiyaçılara, işçilərə, biznesmenlərə, dövlət qulluqçularına və s.) xidmətlərin göstərilməsi, dövlət orqanlarının işi haqqında vətəndaşların həmin vasitələrlə məlumatlandırılması;

- dövlət idarəçiliyində informasiya texnologiyaları;

- şəbəkədə dövlət;

- informasiya-telekommunikasiya texnologiyalarından istifadə etməklə dövlət hakimiyyəti orqanlarının və vətəndaş cəmiyyətinin qarşılıqlı təsiri;

- avtomatlaşdırılmış dövlət xidmətləri: bütün lazımlı dövlət informasiyasından vətəndaşların azad şəkildə istifadəsinin təminatı, vergilərin yığılması, nəqliyyat vasitələrinin və patentlərin qeydiyyatı, lazımlı informasiyanın ötürülməsi, dövlət aparatı üçün zəruri olan materialların və təchizatın çatdırılma müqavilələrinin bağlanması və rəsmiləşdirilməsi. Bu proseslər dövlət aparatının fəaliyyətinin saxlanmasına, maliyyələşdirilməsinə çəkilən xərclərin azalmasına, vergi verənlərin vasitələrinin qənaətinə, həmçinin, idarəetmə orqanlarının fəaliyyətinin açıqlığının və şəffaflığının təmin edilməsinə gətirib çıxara bilər.

Elektron hökumət anlayışı məmurlar tərəfindən, faktiki olaraq, ictimaiyyət ilə hakimiyyətin elektron ünsiyyəti kimi nəzərdə tutulur. “Elektron hökumət” ideyası hakimiyyətin üç əsas problemini həll etmək üçün nəzərdə tutulmuşdur: bürokratik ləngimələri azaltmağa və qərarların qəbul olunmasını sürətləndirməyə yönəlmiş elektron sənəd dövriyyəsini həyata keçirmək, hökümətlə, vətəndaşların və biznesin ünsiyyətini elektron formaya keçirmək, bundan başqa dövlət və bələdiyyə idarələrini daha şəffaf etmək və dövləti vətəndaşlara daha da yaxınlaşdırmaq.

Elektron interfeyslə (onlayn hökuməti) təchiz edilmiş hökuməti elektron hökumətdən ayırmaq lazımdır. Məlumdur ki, onlayn interfeys elektron hökumətin ayrılmaz tərkib hissəsidir. Amma onlayn hökuməti həmişə elektron hökumət demək deyildir. Sonuncu fəaliyyətin ənənəvi formalarının daha dərindən, yenidən qurulmasını tələb edir.

Dövlət idarəçiliyi strukturlarının şəffaflığı internetə sadə qoşulmaq yolu ilə əldə edilmir. Çox nadir halda, məsələn, şəhərin və ya sahənin administrasiyası ictimaiyyətə büdcənin cari vəziyyəti haqqında informasiya verir (hətta bunun üçün lazım olan informasiya sistemi mövcud olduğu halda). Məmurlar tərəfindən informasiya hissələrə bölünür və bu tez-tez informasiyanın bir hissəsinin gizlədilməsinə gətirib çıxarır. Onlayn hökumətin sadə yolla tətbiq edilməsi ilə bu problemi həll etmək mümkün olmayacaqdır.

Məlum olduğu kimi, elektron hökumət üç istiqamətdə fəaliyyət göstərir:

- hökumətdən (H2H) hökumətə: idarələrarası şəbəkələrin yaradılması, korporativ və dövlət məlumat bazaları, elektron sənəd dövriyyəsinin tətbiqi və s.;

- hökumətdən (H2V) vətəndaşlara: boş iş yerləri haqqında məlumatların verilməsi, doğum haqqında şəhadətnamələrin verilməsi, qeydiyyat və seçicilərin səsverməsi, tibbi informasiya və s.;

- hökumətdən (H2B) biznesə: dövlət alınmalarının həyata keçirilməsi, lisenziyaların və icazələrin verilməsi və s.;

Klassik hökumətin elektron hökümətə doğru keçdiyi təkamül prosesinə baxaq. “Klassik hökümətdə” dövlət xidmətlərinin istehlakçısı bütün lazımlı instansiyalara özü müraciət edir və bu halda hər müəssisə əsasən müstəqil hərəkət edir.“Elektron hökümətdə” isə dövlətin müxtəlif strukturları arasında daxili informasiya mübadiləsi qaydaya salınır, və istehlakçıya bütün müəssisələrə müraciət etməyə ehtiyac qalmır, kifayət edir ki, “bir pəncərəyə” müraciəti daxil edəsən.

Qeyd etmək lazımdır ki, müxtəlif ölkələrdə elektron hökumətin inkişaf səviyyəsi əhəmiyyətli dərəcədə fərqlənir. Şübhəsiz, elektronlaşmış-hökumətlərin liderlərinə ABŞ, Böyük Britaniya, Finlandiya, Sinqapur və başqalarını göstərmək olar. Açıq aşkar autsayderlərə Afrikanın inkişaf etməkdə olan ölkələrinin hökumətlərini göstərmək olar.

Elektron hökümət sahəsi üzrə keçirilmiş tədqiqat və təhlillər əsas tendensiyaları müəyyən etməyə imkan verir:

1. Elektron hökumətin formalaşmasına doğru ölkələrin ümumi irəliləyişi ölkənin inkişafının sosial, siyasi və iqtisadi göstəriciləriylə çox sıx bağlıdır.

2. Elektron hökumətin milli inkişaf proqramları uyğunlaşdırılmamış və sinxronlaşdırılmamış qalır. İnzibati və siyasi sərhədlər çərçivəsində koordinasiya praktik olaraq yoxdur. Nəticədə bu proqramın məhsuldarlığını və yerinə yetirilmiş işin effektivliyini təhlükə altına qoya bilər.

3. “E-hökumətə” istifadəçilərin maraq dərəcəsi hələlik nisbətən azdır.

4. Hökümətin elktron xidmətlər göstərməsi, həmçinin elektron xidmətlərdən istifadənin üstünlükləri barədə cəmiyyətin və vətəndaşların məlumatlandırılması aşağı səviyyədədir.

Dövlət idarəçiliyinin effektivliyinin qaydaya salınması və dövlət tərəfindən vətəndaşlara yüksək səviyyədə xidmətlərin göstərilməsi məsələləri müasir dövrdə Azərbaycan Respublikasında çox aktualdır.

Bu məsələlərin həll edilməsi yolunda qarşıda duran iş, hakimiyyət orqanlarının fəaliyyətində, həm müasir informasiya kommunikasiya texnologiyalarının tətdiq olunması, həm də onların əhali üçün əlçatan olması ilə, ayrılmaz surətdə bağlıdır.

Göstərilən məsələlərin həlli platforması – informasiya cəmiyyətinin yaradılmasıdır. İnformasiya cəmiyyəti üçün xarakterikdir: 1.İnformasiya texnologiyalarının yüksək səviyyədə inkişafı. 2.Müasir texnologiyalardan vətəndaşlar, biznes qurumları və dövlət hakimiyyət orqanları tərəfindən intensiv şəkildə istifadə olunması.



Bir sıra elektron hökümətlərdə mövcud problemlər:

1.Dövlət hakimiyyəti orqanları, vətəndaşlar və biznes arasında mövcud olan qarşılıqlı münasibətlərin effektivliyinin yüksəldilməsi məsələsi, elektron formada praktiki olaraq həll edilməmişdir.

2.Həm elektron dövlət xidmətlərinin potensial tələbatçıları olan vətəndaşların, həm də elektron hökümətdə xidmət göstərən dövlət qulluqçularının kompyuter biliklərinin səviyyəsi qənaətbəxş deyil.

Problemlərin mümkün həlli yolları:

1.Əhali və məmurların informasiya səriştəliyinin səviyyəsinin yüksəldilməsi.

2.Elektron vətəndaş ordusunun formalaşdırılması (elektron hökümətin müqəddiməsi, informasiya infrastrukturundan və servislərdən, eyni zamanda dövlət xidmətlərindən səriştəli istifadə edən elektron vətəndaşın olmasıdır).

Hazırda ölkəmizdə “Elektron hökümət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmışdır və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Respublikamızda “Elektron hökümət” portalının www.e-gov.az adlı internet səhifəsi fəaliyyət göstərir.


Bu məqalə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “İKT ili” çərçivəsində Respublikada “Elektron hökümət” mövzusunda keçirdiyi analitik məqalə müsabiqəsi üçün yazılmışdır.
Nuru Piriyev

Ucar rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə