ELƏ OĞul iSTƏYİr vəTƏN




Yüklə 1.8 Mb.
səhifə9/14
tarix22.02.2016
ölçüsü1.8 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

TEHRANA MƏKTUB
Anam Zəhraya
Dünyada sən idin arxam, ümidim,

Səni də zəmanə əlimdən aldı.

Elə bil göylərdən torpağa endim,

Qanadım qırıldı, qolum qırıldı.


Əlim çatmasa da əlinə sənin,

Dözürdüm ayına, ilinə sənin.

Gözümü dikmişdim yoluna sənin

Deyirdim, hicranin sonu vüsaldı.


Nə deyim dünyanın gərdişinə mən,

Gərək mən gəleydim görüşünə, mən.

Dolanıb döneydim mən başına, mən,

Arzum həsrət olub qəlbimdə qaldı.


Səndə dözümə bax, iradəyə bax,

Qırx il dizlərini qucaqlayarax

Dözdün ayrılığa.

Bilmədin ancaq

Vüsal sevincimiz əmri-mahaldı.
Mən də bu hicranı belə bilmədim,

Dönəcək o neçə ilə, bilmədim.

Yolumu kəsdilər, gələ bilmədim,

Elə hicran oldu, ayrılıq oldu...


1993

ƏNZƏLİYƏ PAYIZ GƏLİB
Ənzəliyə payız gəlib,

Hava soyuq, hava ağır.

Gecələrə yağış yağır,

Gündüzlərə yağış yağır.

Dağa yağır, düzə yağır,

Sısqa yağış elə bil ki,

Vallah, qəlbimizə yağır.

Sıxılmışıq bir komanın bucağına,

Bir talışın ocağına.

İstəyirəm bulud keçə,

Gülə günəş.

Çiçəklərin göz yaşını

Silə günəş.

Deyirəm: - Kərim sür maşıni,

Körpü üstə apar bizi.

Qoy dənizi seyr eləsin əmim qızı.

Göy sularda yırğalanan o ağ gəmi

Gümüş pullu balıq kimi

Sabah üzüb gedər burdan,

Ortalığa düşər hicran.

O ayırar sizi məndən,

Məni sizdən.

Əlim çatmaz,

Ünüm yetməz,

Günlər keçər ay il olar,

Sizi görmək bir də mənə

Müşkül olar...

Ənzəliyə payız gələr,

Yağış yağar,

Ancaq onu biz görmərik.

Allah bilir,

Əmi qızı bəlkə bir də görüşmədik...


Ənzəli şəhəri, sentyabr 1993-cü il
DAHA HEÇ NƏ İSTƏMİRƏM
Xəzan oldu ilk baharım,

Daha heç nə istəmirəm.

Ömür dostum, vəfadarım,

Daha heç nə istəmirəm.


Kaş əlin əlimdə olsun,

Kaş adim dilində olsun.

Ömrümüz beləcə donsun,

Daha heç nə istəmirəm.


Zirvədəyəm başımda qar,

Fikrimdə, yaddaşımda qar.

Qoyun qalim mən bu qərar,

Daha heç nə istəmirəm.


Mən nə deyim bu dünyaya,

Ayrılıq saldı araya.

Əlim yetişsə o taya,

Daha heç nə istəmirəm.


Bir şam kimi zaman-zaman,

Yandım başdan ayağacan.

Vallah bu gidi dünyadan

Daha heç nə istəmirəm.


İçimdə qəm, dilimdə qəm,

Ürəkdən də gileyliyəm,

Fələkdən də gileyliyəm

Daha heç nə istəmirəm.


Zirvədədir ömür yolum,

Boşalmışdir sağım, solum.

Millətimə qurban olum,

Xatırlanım, yadda qalım.

Daha heç nə istəmirəm,

Daha heç nə istəmirəm...


1993


SIĞIŞMAZ
Xəbərin yox sevgilim,

Bir dünyadır nisgilim.

Həsrətli ayım-ilim

Bil hesaba sığışmaz.


Aramızda dəniz var,

Nə yol, nə də iz var.

Ürəyimdə çox söz var,

Bir kitaba sığışmaz.


Gözəlliyə qox nicab,

Üzünə salma niqab.

Üzündəki iztirab

O niqaba sığışmaz.


İçimdə yanar ahım,

Sənsən arxam, pənahım.

O qədərdir günahım

Min savaba sığışmaz.


Cəhənnəm nə, behişt nə,

Vallah gəlməz eynimə.

Atəş geysəm əynimə

Bu əzaba sığışmaz.


Mən aciz, Fələk zalım,

Dərbədərdir xəyalım.

Zəmanədə sualım

Min cavaba sığışmaz.


1994

ANAM ZƏHRA ÜÇÜN
Öpərəm ayağını basdığı yeri,

Öpərəm əzizim,

Mehrabı öpən kimi,

Həyatda ən böyük arzumdur bu.

İndi müqəddəs sandığım

Bir sənsən,

Bir də həsrət qaldığım

Vətən torpağı.

Bir gün gələ bilsəm,

Kaş gələ bilim.

Sənin ayağın qoyduğu qerə

Mən başımı qoya bilim.

Sonra da ayağın altında

Əbədi uyuya bilim.


Bakı, 1998
* * *
Bir gün gəldim Tehrana,

“Behişt-Zəhra”da tapdım səni.

Öpdüm qəbrini,

Göz yaşım axdı sinə daşına

Gilə-gilə.

Dolandım başına,

Ancaq bilmirəm

Qəlbin necə dözdü,

Bu görüşə, bu nisgilə.

Əfsus əziz ana,

Torpağına baş qoyub

Uyumaq


Qismətim olmayıb hələ...
Tehran, 1993

YAŞIN MÜBARƏK
Mədinənin ölümünün birinci ilinə
Yaşın bir il də artdı,

Yaşın mübarək gülüm.

Bu təvəllüd günündə

Gəldim görüşək gülüm.

Heç kəs mənimtək bilməz

Mənasını bu yaşın.

Görürəm ki, bir az da

İndi ağarıb başın...

Alnındakı qırışın

Bir də artıb gülüm.

Təbiətin hökmüdür,

Fikr eləmə sevgilim.

Ağ göyərçin əllərin

Ağarıbdır bir az da.

Gözlərinin həsrəti

Çoxalıbdır bir az da.

Nigaran baxışını

Çevirmə yana gülüm.

Bir şeir oxu mənə

Sən yana-yana gülüm.

Bilirsən ki, bir ildir

Eşitmirəm səsini,

Nəfəsimdə duymuram

Ətirli nəfəsini.

Yaşın bir il də artdı,

Demə, yaşa dolmusan.

Əzəldən də gözəldin,

Daha gözəl olmusan.


17 yanvar, 1996-cı il
DAG DAĞA SÖYKƏNƏR
Doktor Cavad Heyyətiyə
Dağ dağa söykənər, insan insana,

Bu söz babalardan qalıb yadigar.

Mən bu ümid ilə gəldim Tehrana,

Dedim: dostlarım var, doğmalarım var.


Bilmirəm bəxtdimi, ya taleydimi,

Ya Vətən sevgisi dadıma yetdi.

Yox, məni çağıran dostum həkimdi,

“Səni gözləyirəm Tehranda” – dedi.


Bu isti nəfəsin, bu doğma səsin

İstəyi qəlbində ümid oyatdı.

Dedim: Şükür olsun, yenidən mənim –

Əlim dostlarımın əlinə çatdı.


İçimdə bir ömür hicran ağrısı,

Daha əldən salıb ağrılar məni.

Vətən məhəbbəti, qardaş qayğısı

Yəqin ki, bir qədər ovudar məni.


Bir zaman biridik, ayrıldıq bir gün,

Küllüdən ayrılan zərrələr olduq.

Yenidən əslinə qayıtmaq üçün

Bu yer kürəsində dərbədər oldu.


Yer günəşin başına dolanan kimi,

Vəhdət nöqtəsini aradıq, gəzdik.

Uşaq atasına inanan kimi

İnanıb ayrılıq dərdinə dözdük.


Zərrələr məhv olmur bu yer üzündə,

Bil o zərrələrik, məhv olmarıq biz.

Cazibə qüvvəmiz vardı bizim də,

Vəhdət dünyası var, demək varıq biz.


Dağ-dağa söykənər, insan-insana,

Nə qədər ayrıyıq dünyada təkik.

Bu gün dağılsaq da bütün cahana

Vəhdət dünyasında birləşəcəyik...


Məni imtahana çox çəkib zaman,

Fəqət o sındıra bilməyib məni.

O mehriban səsin çıxmaz yadımdan

Dedin: Gözləyirəm Tehranda səni.


1996

PAYIZIN YARPAQ TÖKÜMÜ
Pəncərə ardından baxıram

Dumana bürünmüş payız səhərinə.

Elə bil ağ tül çəkiblər

Gəlinə bənzəyən Bakı şəhərinə.

Bağda çinarın yarpaqları tala-tala,

Payızmı durub təbiətin qəsdinə.

Bəlkə ömrün illəridir

Qopub varaq-varaq?

Onlar bir daha geri qayıtmayacaq.

Axı bu yarpaqlar bir vaxt

Çinarın bahar sevinci idi,

İndi payız kədəridir.

Bəlkə bu qışın hucum səfəridir?

Bəlkə son sərgisidir payızın?

Dünən budaqları bəzəyən yarpaqlar

Bu gün torpağı bəzəyir?..

Başını qaldır ey bağban

Çinara bax!

Çinar budaqları gör nə deyir:

- O yarpaqlara əl vurma!

Bu gözəlliyin qəsdinə durma!

Toxunma təbiətin

Payız sərgisinə!

Axı kim dedi sənə

O yarpaqları yandır?!

Yox, atma onları tonqala,

Atma, amandır!

Axı yarpaqlar tüstüdən boğula bilər,

Təbiətin nizami pozula bilər.

Qaldır başını,

Çinarın gilə-gilə axan

Göz yaşını gör.

Sonra da torpaga tökülən

Şeh yağışını gör.

Eşit çinarın harayını.

Özün də bilmədən günaha batma,

Atma o yarpaqları tonqala,

Ey bağban, atma!

Amandır, atma!

Payızın sərgisini pozub

Günaha batma...
noyabr, 1996

ÖMRÜN SONU BELƏ...
İllər ötür, artır yaşım,

Zirvədəki qardır başım.

Ağaracaq üzüm, qaşım,

Artıq olub yönü belə.


Namərd imiş çərxi-fələk,

Əzir bizi dəyirmantək.

Nə bileydik üyüdəcək

Tozu belə, unu belə.


Kimsə bilmir sabahını,

Savabını, günahını.

Ucaldıb könül ahını

Həyat əyir onu belə.


İlqımımış arzu yolu,

Qayğı dolu, əzab dolu.

Hardan bilsin insan oğlu

Əvvəlcədən bunu belə.


Ömrümün qürubu çatır,

Üfüqdə günəşim batır.

Hər kəs öz körünü çatır,

Gəlib ömrün sonu belə...


25 dekabr, 1997

MƏHƏMMƏD HADİYƏ
“Millət” deyə hay çəkdin zülmətlər arasında,

“Yox millətimin xətti” millətlər arasında.

“Millət” dedi hər şeirin, “millət” dedi hər misran,

“Haqqım” deyərək etdin, haqsızlığa sən üsyan.

Hürriyətə aşiqdan, hicran oduna yandın,

Yandıqca alovlandın, yandıqca işıqlandın.

Dövran səni əzdikcə, dövrandan uca durdun,

Torpaqda doğulsan da, sən göylərə vuruldun.

Kim dərk eləməz Hadi, şeirindəki o dərdi,

Hər sinədə yurd salmaz, el dərdi, Vətən dərdi.

Sən zülmə əyilsəydin heç Hadi olardınmı?

Əsrin üzü ağ şair, övladı olardınmı?

Nə fikrinə sədd şəkdin, nə söz dedin eyhamla,

Amalını vəsf etdin, sən odlu bir ilhamla.

Amalına min alqış, ilhamına min alqış,

Bir əsri başa vurdun, bayramına min alqış.


1997


GƏLDİM ƏRDƏBİLƏ
Gəldim Ərdəbilə, bəlkə bu səfər

Bir qədim şəhər son səfərimdir.

Burda qanadlandı köyrək nəğmələr,

Bura arzu yerim, ilham yerimdir.


Vüqarla dayanır yenə Savalan,

Üstündə bulud qalaq-qalaqdır.

O məni qoynuna aldı bir zaman,

İndi o illərim məndən uzaqdır.


Nələr yaddaşımda qalıb, soruşma,

Demə Savalanda nə xatirəm var?

Azadlıq uğrunda gedən vuruşma,

Yalçın qayalara həkk olub qalar.


Görəsən qalırmı səngər daşları?

Orda qaralırmı güllə yerləri?

Zaman bəlkə silmiş daş yaddaşları?

İllər gəlib keçmiş o vaxtdan bəri...


Mənim həmyaşlarım, deyin hardasız?

Mən sizi görməyə gəlmişəm yenə.

Tarixə həkk olub o mərd adınız,

Vətən tarixinə, yurd tarixinə.


Bəlkə dünyanızı dəyişibsiniz?

Bəlkə tək qalmışam? Yox, inanmıram.

Söyləyin, mən kiməm, nə nəyəm sizsiz?

Nə qədər siz varsız, demək mən varam...


Sirrili, sehirli dünya əzəldən

Hər gün bir rəng alır, bir görkəm alır.

Bəlkə bu yerlərə qayıtmadım,

Hələ sədlər qalır, sərhədlər qalır.


1988


NƏ YAXŞI DƏNİZ VAR
Gecənin nəfəsi hopan qumlardan

Görürdüm ruhuma sərinlik gəlir.

Önumdə dalğasız sakit bir ümman,

Üzünü sahilə qoyub dincəlir.


Yuxuda bağları keçirdim yenə,

Hasarlı, hasarsız üzüm bağları.

Sap-sarı əncirlər uzadır mənə,

Əncir ağacının təzə budaqları.


Suyu yara-yara dogan günəşi,

Dayanıb sevinclə seyrə dalırdım.

Qumu qovuranda göyun atəşi,

Uzanıb sahildə mən qaralırdım.


Günəşin altında yanan köksümə,

Ağ muncuq düzürdü şıltaq dalğalar.

Hələ yuxumda da özüm-özumə

Deyirdim, nə yaxşı mavi dəniz var.


1991

TƏNHALIQ
Axşam düşdü,

Möhkəm-möhkəm bağladım

Pəncərəmi, qapımı.

Külək döydü açmadım.

Bildim döyən küləkdi.

Axı çovğunlu gündə

Bu soyuq otaqlara

Dedim, kim gələcəkdir...

Qapım döyüldü yenə,

Bu ümidsiz qəlbimdə

Ümid, inam oyandı.

Dedim yəqin gələn var.

Açdım bağlı qapını,

Gördüm bir qucaq külək,

Bir yığın da saxta qar

İçəri doluşdular.

Qoynuma külək girib,

Üzümdən şaxta öpüb

Halımı soruşdular.

Dedim ki, yaxşıyam mən,

Nə əcəb gəlmisiniz?

İnanın ki, lap şadam,

Əgər gəlməsəydiniz

Tək qalardım bu axşam...


1992
SALAM SÖYLƏYİN
Siz ey şimal sarı uçan buludlar,

Rəştdən, Ənzəlidən keçən buludlar

Savalanın suyun içən buludlar,

Savalan dağına salam söyləyin.


Sorsalar şairi hayanda qaldı?

Deyin ki, hələlik Tehranda qaldı.

Əhədə, Solmaza mehmandı, qaldı,

Vətən torpağina salam söyləyin.


Mənim həsrətimi hekayət edin,

Enin Ərdəbilə məhəbbət edin.

Xətayi türbəsin ziyarət edin,

Şahın ovlağına salam söyləyin.


Axı mən borcluyam Səlim kəndinə,

Çatmayır nə üçün əlim kəndinə.

Gərək gələn bahar gəlim kəndinə,

Səlim qışlağına salam söyləyin.


Nəmini üstündən siz aşan zaman,

Üfüqdən-üfüqə dağlışan zaman,

Gedib Səreynə toplaşan zaman

Qaynar bulağına salam söyləyin.


Vüsalın yolları daşdı, kəsəkdi,

Yoluma səd çəkən xəstə ürəkdi.

Həkim deyib mənə, düzələcəkdi,

Baba ocağına salam soyləyin.


1992

AXTARA-AXTARA
Hey yol gedir qəm kərvanı,

Olmuşam onun sərvanı.

Vətən, səninçün dünyanı,

Gəzdim axtara-axtara.


Bir gün tufan aldı məni,

Uzaqlara saldı məni.

Çox axtardım Vətən səni,

Azdım axtara-axtara.


Bildim dünya vəfasızdı,

Taleyimə hicran yazdı.

Neçə qışdı, neçə yazdı,

Dözdüm axtara-axtara.


Vətən, incimə sözümdən,

O gün ki, getdin gözümdən.

Mən qaldım özüm-özümdən,

Bezdim axtara-axtara.


İnan sənsiz yetim qaldım,

Cavan ikən mən qocaldım.

Bu dünyaya haray saldım,

Yazdım axtara-axtara.


Gəzdim səni Məcnun kimi,

Saçım ağardı un kimi.

Sanma səndən əllərimi,

Üzdüm axtara-axtara.


1998
ETİRAF

(kitablarımı varaqlayarkən)
Bir axşam tənhalıq əlində qaldım,

Ötən günlərimi yadıma saldım.

Apardı fikrimi fikir karvanı,

Elə bil yenidən gəzdim dünyanı.

Gəzdiyim yerləri bir daha gördüm,

Sonra o günlərdən geriyə döndüm.

Gördüm tək olsam da otağımda mən,

Elə bil kim isə tutdu əlimdən,

Kitab rəflərinin gəldik önünə.

O dedi, tənhalıq yaraşmır sənə,

Bu solğun kitablar sənin deyilmi?

Yıgılıb rəflərədə üst-üstə indi,

Niyə hallarını sormursan, niyə?

Onlara sən həmdəm olursan niyə!

Yolunu gözləyir bax bu kitablar,

Burda arzuların, inamların var.

Hər kitab bir ili salacaq yada,

Niyə tək qalmısan sən bu otaqda?..

Baxdım kitablara dəyişdi halım,

Dedim, keşməkeşli bu ömür yolum.

Sizinlə başladı, illərdən bəri,

Qaldı varaqlarda ömrün izləri...

Açıb kitabların tozunu sildim,

Varağını sildim, üzünü sildim.

Açdım, neçə tanş üz gördüm orda,

Ürəyi titrədən söz gördüm orda.

Yazdığım anları yadıma saldım,

Bəzi şeirlərin heyranı oldum.

Təbrizli günlərim yadıma gəldi,

Vətəndə torpaqda, daş da gözəldi.

O vaxt şeir yazdım aya, ulduza,

Sevdiyim buğdayı gözəl bir qıza.

Şeirlə başladı mənim bir günüm,

Şahı damğaladı qəzəbim, kinim.

Şeirim ağızlarda, dillərdə gəzdi,

O sözlər indi də mənə əzizdi...

Sonra da başlandı hicran günləri,

Canımın cövhəri, alnımın təri.

Axdı varaqlara gecələr mənim,

Dedim, yad əllərdə qaldı Vətənim.

Hər şeirin başında Vətəni yazdım,

Bildim unutmayıb o, məni yazdı...

Ancaq o ayrı vaxt, ayrı zamandı,

Qurunun oduna yaşlar da yandı...

Yazmaq bir dərd idi, yazmamaq bir dərd,

Fikrə də, sözə də var idi sərhəd.

Sənin əvəzində düşünən vardı,

Hər nə deyilsəydi o da qərardı...

İndi kitabları varaqlayanda,

Haman o şeirlər düşürlər yada.

Elə bil çəməndə tikandı onlar,

Özümdən özumə üsyandı onlar.

Bilmirəm nə edim?

Cırım, tollayım!

Yazdığım günlərə bəlkə yollayım?!

Bəlkə də düz olmaz verdiyim qərar?

Onlarda ömrümün bir parçası var!

Gözümün nuru var, beynimin odu,

Zamanın hökmüylə onlar doğuldu.

İndi nə fərqi var qala, qalmaya,

Mənim kitabımda ola, olmaya.

Ömrünü yaşamış ölüdür onlar,

Tarixin keçilmiş yoludu onlar...

Baxıb kitabların tozunu sildim,

Varağını sildim, üzünü sildim,

Qayıdıb yerimdə oturdum yenə,

Təzədən qayıtdım öz aləmimə...
12 dekabr, 1998

BEHİŞT-ZƏHRA”


əzizlərimin Tehrandakı qəbri başında
Ölmədim ey tanrı çox şükür sənə,

Bir ömür ayrılıq dərdini gördüm.

Ata, kəndimizdə tapmadım səni,

“Behişti-Zəhra”da qəbrini gördüm.


Başdaşın yox idi sinədaşına,

Axıtdım gözümdə yaş gilə-gilə.

Nə etmək taleyin hökmü beləymiş,

Burda görüşeydik gələk səninlə.


Demişdin mən sənsiz ölə bilmərəm,

Mən də inanmışdım bu həqiqətə.

Mən ki, deməmişdim gələ bilmərəm,

De, kim inanardı belə qürbətə.


Əcəlmi qəflətən haqladı səni?

Ya verdiyin vədi tez unutmusan,

Vüqarı dünyaya sığmayan atam,

Bu daşın altında necə yatmısan?


O həsrət gözlərin yollarda qaldı,

Bir ömür dünyanın acısın daddın.

Səlim qışlağında dünyaya gəldin,

“Behişti-Zəhra”da torpaqda yatdın.


Bu qürbət şəhərdə, bu qurbət eldə,

De niyə tək qoydun Zəhra ananı.

Ayrılıq əlində qəddi əyilən,

Səninlə bir yerdə o da yananı.


O, fani dünyada sənsiz qalmadı,

Tək dözə bilmədi yəqin fərağa.

Gətirib beş addım səndən kənarda,

Onu tapşırdılar qara torpağa.


Sən getdin, arxanca anam da getdi,

Ümidim qalmadı daha heç kimə.

Mənim də ömrümün qürub çağında,

Yetimliyin tozu qondu üstümə.


Tək qaldım qürbətdə...

Dostlar, tanışlar,

İçimdə qövr edən dərdi bilmədi.

Düşündüm Tehranda dedilər yəqin

Atanın yasına oğul gəlmədi.
Yolumu tikanlı məftillər kəsdi,

Yolumu silahlı adamlar kəsdi.

Məni danlamayın Allah eşqinə,

Özümün bu dərdim özümə bəsdi.


İndi gəlib çıxdım bu da bir dərddir,

Qəbir daşlarına əyilir başım.

Əlimdə olanlar əlimdən getdi,

Daha son təsəllim, axan göz yaşım.


Taleyim beləymiş ata, nə etmək,

Sizi son mənzilə yetirmədim mən.

Dünyanın (illərin) dərdini çiynimə aldım,

Sizin tabutuzu götürmədim mən...


1992

MƏNİM İKİ DÜNYAM” KİTABININ MÜƏLLİFİNƏ


Dünya azərbaycanlılarının

həmrəylik günü münasibətilə
“Səni Vətən gözləyir,

Məni Vətən həsrəti . . .



Qulamrza Səbri Təbrizi

Dumanlı İngiltərədə

Təbrizi düşündün,

Bakını, məni düşündün

Qardaşım Səbri.

İnsan qürbətə düşəndə

Tükənir səbri.

Bir mərhəm, bir həmdəm istəyir;

Dumanlar içində

Bir günəşli aləm istəyir

Əridə içinə hopmuş

Hicranın buzunu,

Yenidən tapa özünü,

Qayıda cavanlığa –

Təbtizin doğma qucağına.

Qardaşım Səbri,

Oxududm “İki dünya”nı –

Biri günəşli,

Biri dumanlı dünya.

Biri Səhəndli, Savalanlı,

Biri ümmanlı dünya.

Hər ikisi,

Həsrətli bir qəlbin naxışıdır.

Qəmli çağlarda

Yazmaq yaxşıdır,

Yaratmaq yaxşıdır...

Qürbət yaman olur,

Yaş ötüb, insan tək olanda,

Hisslər kövrək olanda

Salam verirlər köyrəlirsən,

Vermilər köyrəlirsən.

Hər söz təsir edir sənə...

Nə etmək belədir xilqətin mayası.

Başqa bir aləmdir

Qürbət dünyası...

Hərə bir sim üstə köklənir,

Kimi sevinc üstə,

Kimi qəm üstə köklənir.

Hamıdan məhəbbət umma,

Hörmət umma,

Yaşa özün kimi,

Ümidlə, inamla yaşa...

Hicrana dözə bilsən

Yuxuna Vətən gələr,

Təbriz gələr,

Küçəniz, eviniz gələr,

Doğma səslər eşidərsən;

Gedərsən o səslərin sorağına,

Nə sərhəd görərsən,

Nə sərhədçi çıxar qadağına.

Bu da bir nemətdir,

Gecələrin yuxu neməti.

Cəhər o nemətdən ayırar səni

Gündüzün həqiqəti,

Qürbətin həqiqəti.

Nə yaxşı ki, gecələr var,

Gecələr yuxu görə bilirik;

Nə yaxşı ki,

Yuxularda Vətənə dönə bilirik...

Ancaq bilirəm,

Bir gün yuxular həqiqət olacaq,

Qürbət xatirələr aləmində qalacaq.

Qardaşım Səbri,

O zaman,


Daha yuxu görməyəcəyik,

Yuxularda daha Vətənə dönməyəcəyik...

O gün sən də, mən də,

Əbədilik qalacağıq Vətəndə...


31 dekabr 1997
AZADLIĞA QƏSD OLUNDU...
/Təbriz, 12 dekabr, 1946,

Bakı, 20 yanvar, 1990/


Bir gecə,

Təbrizdə qış gecəsi,

Təzə yağmış qardan

Ağ kəfənə bürünmüş küçələrə

Zülmətin bağrından

Qan çiləndi...

Təzə qar

Qırmızı rəngə bələndı.

Odlu şimşəklər yaxdı

Gecənin sinəsini.

Səhənd əks etdi güllələrin səsini.

Yuxulu küçələr həyəcan içində idi,

Xəyanət Təbrizin içində idi . . .

46-nın dekabr gecəsi

Güllə yağışı altında açırdı səhəri . . .

O səhər,


Günəşin altında qızaran ləkələr,

Qar üstündə qırmızı lalələrə bənzəyirdi.

Təbrizi azadlığın qanı bəzəyirdi . . .

Qanla əbədiyyətə köçürdü

Qanla qazanılmış hüriyyət.

Tarixə qanlı tarix də yazdı,

Azadlıq təşnəsi bu millət . . .
İKİNCİ QƏSD
Bir gecə

20 yanvar gecəsi,

Bakını silkələdi

Güllələrin səsi.

İnsanlar axdı küçələrə

Dəstə-dəstə . . .

Qırmızı ləkələr qondu

Tala-tala

Asfalt küçələr üstə.

Qırmızı güllələr yardı

Gecənin qara pərdəsini,

Şibli dağlar əks etdi

Tankların səsini . . .

Qırmızı gözlü,

Qırmızı üzlü,

Qırmızı nişanlı,

Qırmızı geyimli cəlladlar

Qırmızı güllələrə tutdular

Qorxmaz cavanları.

Ümidlərinin qanına qarışdı

Onların qanı . . .

Sonra al qərənfillər

Töküldü xiyaban boyu,

Qanlı qərənfillər arasından

Keşdi bir millətin

Azadlıq yolu,

İstiqlal yolu.

Bu qələbə yolu idi

Ölməzliyin, cəsarətin,

Bir azadlıq təşnəsi

Bir millətin
* * *
Əvvəl Təbrizdə qəsd olundu azadlığa,

Sonra Bakıda.

Fəqət ölmədi azadlıq –

Güneydə batan günəş,

Qüzeydə doğuldu.

Azadlıq ilahi nemətdir,

İstər gülləyə tut,

İstər dardan as, -

Onu boğmaq olmaz,

Öldürmək olmaz . . .


10 yanvar 1998

TƏBRİZLƏ GÖRÜŞ

(40 il ayrılıqdan sonra)
Bir zülmət gecədə itirdim səni,

Bir aydın gecədə tapdım təzədən.

Bəlkə də gözlərim aldadır məni,

Bəlkə bu gördüyüm heç sən deyilsən?


Mən bu ayrılığa bir ömür dözdüm,

Caçım, saqqalım da ağarmış Təbriz.

Hər yerdə, hər yanda mən səni gəzdim,

Ayrılıq nə yaman olarmış Təbriz!


Gəzdim Avropanı, Şərqi dolandım,

Min şəhər gördümsə Təbriz olmadı.

Gəzdim, nə yoruldum, nə də usandım,

Bu şərq gözəlindən bir iz olmadı.


Özgə bir cəlalın var idi sənin,

Ağ badam çiçəyi ağ örpəyindi.

Dillər də gəzirdi adın, hünərin,

Söylə, o illərin hardadır indi?


Gəldim görüşünə, dedim xəyaldı –

Mərmər evlər gordüm ulduzlar sanı.

Bir anda qəlbimi həyacan aldı,

Bəs mənim gördüyüm o Təbriz hanı?!


Necə doğma idi o kərpic evlər,

Bu mərmər binalar necə soyuqdur!

Çax-çaxlı qapıdan görmədim əsər,

“Əndərun-birun”lu həyətlər yoxdur.


Qədim küçələrin çıxmır yadımdan,

Axı, o yerlərdə ayaq izim var.

Hardadır, Lilava, Əhrab, Maralan?

Mənim xəyalımda o Təbriz yaşar.

* * *
Bilirəm yamandır hökmü zamanın,

Sən də zəmanənin hökmünə düşdün.

Gör necə dəyişib halı dünyanın,

Sən də əlli ildə belə dəyişdin.

Desəm bir Avropa şəhərisən sən,

Yəqin bu sözümdən inciyəcəksən.

İstərəm nə London, nə də Paris ol,

Donun dəyişsə də qəlbən Təbriz ol.

Sən ümid yerimiz, and yerimizsən,

Məşrutə haraylı şəhərimizsən.

Dəyişmə qəlbinin hərarətini,

Unutma Sərdarın vəsiyyətini.

Özünü, əslini unutma Təbriz,

Gələcək nəslini unutma Təbirz!

Unuda-unuda unudulmuşuq,

“Mühacir” olmuşuq, “qaçqın” olmuşuq.

Gəzir övladların diyarbadiyar,

Bizim nə qəribə taleyimiz var.

Ömrün baharında ayrildim səndən,

Ömrün yorğun vaxtı tapdım təzədən.

Gedirəm, həsrətim sona yermədi,

Görüşdük, ayrılıq hələ bitmədi.

Mənimçin alınmaz qalasan Təbriz,

İstərəm Təbriztək qalasan Təbriz.


1993, Təbriz
* * *
Sahil qumu üstünə düşmüş,

Balığa bənzəyir

Yaz günəşi altında

Çalxalanan dəniz.

Gümüşü dalğalar

Bahar buludu tək

Ağappaq, tər-təmiz . . .

Ancaq sabah xəzri qalxsa

Dəyişəcək dənizin də,

Sahilin də halı.

Pozulacaq mirvari ləpələrin cəlalı . . .

Hönkür-hönkür ağlayacaq dəniz,

Sanki qum üstə ölmüş balıqların

Yasını saxlayacaq dəniz . . .


2000
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə