ELƏ OĞul iSTƏYİr vəTƏN




Yüklə 1.8 Mb.
səhifə8/14
tarix22.02.2016
ölçüsü1.8 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

NƏ OLAR
Görən Füzuli dirilsə bu dünyada nə olar?

Yenə də “Eşq” sözü şeridə bəhanə olar?

Yanarmı eşq oduna Leyli ol məhəbbət ilə?

Düşərmi çöllərə Qeys eşqidən divanə olar?

Çaparmı dağları Fərhad yenə külüngü ilə?

Şirin vəfada ğörən kimlərə nümunə olar?

Deyirsən ötdü o günlər, daha dəyişdi zaman,

Axı həmişə günahkar məgər zəmanə olar?

Babam deyərdi ki, yaddan qohum tutur çox adam,

Qohumda yoxsa qohumluq, bəs özgədən nə olar?

Dirilsə, gəlsə əgər Qeys bizim zəmanəmizə,

O qədər Leyli görər ki, yenə divanə olar!

Vurub məhəngə çoxun Azəroğluna demişəm.

Sənə yaman da, yanan da yenə Mədinə olar!


1985
BİLMƏDİM
Göylər kimi könlüm yenə daraldı,

Qəlbim doldu? Gözüm doldu? Bilmədim.

Bizim eldə kim qalmadı, kim qaldı?

Məndən sonra nələr oldu? Bilmədim.


Tufan gəldi ağacları qopardı,

Yarpaq kimi bizi aldı, apardı.

Axtarsaydı dostlar bəlkə tapardı,

Kim axtardı? Kim yoruldu? Bilmədim.


Xəncər çəkib qəm sinəmi qazıdı,

Mən gələndə Solmaz körpə qız idi.

Bu necə bəxt? Necə tale-yazıdı?

Mən əkdiyim güllər soldu? Bilmədim.


Nə vaxtdır ki, yolum düşməz o yerə,

Könlüm möhtac bir ümidlə xəbərə.

Xəyalımla hey çıxıram səfərə,

Bu nə səfər? Necə oldu? Bilmədim.


Ötən illər bir igidin yaşıdı,

Hicran dərdi hər bir dərdin başıdı.

Nağıldakı qara zülmət daşıdı

Kim götürdü? Harda saldı? Bilmədim.


Bir nisgil var, bir ayrılıq, bir həsrət,

Bir dözüm var, bir inam, bir dəyanət.

Nə nağıldı , nə əfsanə, nə söhbət,

Bu fərmandı? Ya iqbaldı? Bilmədim.


Zəmanənin gərdişinə inandım

Gəlişinə, gedişinə inandim.

Dünya məni dolanlırdı, dolandım

Yenə mənə sirli qaldı, bilmədim.


Ayrılıq da bir aləmdir, həyatdı

Arzularım ildən ilə boy atdı.

Gördüm çoxu yarı yoldan qayıtdı,

Neçin dedi: “Bu mahaldı”, bilmədim...


1986

HƏR SƏHƏR İNAMLA OYANIRAM MƏN
Könlümdə çağlayan ilham var mənim,

Şerə sığışmayan dünyam var mənim,

Içimdə bir aləm inam var mənim,

Hər səhər inamla oynayıram mən.


Vaxt olur gözümdə dünya qaralır,

Arzu yollarını duman, qar alır.

Hər gün ümidlərim sabaha qalır,

Yenə də dözürəm, dayanıram mən.


Məni danlayanlar bəlkə düz deyir:

“Həsrətdən alışdı könlünüz” deyir.

Kim məsləhət verir, kim nə söz deyir

Hamının dost bilib inanıram mən.


Sakit təbiətim sakit bir ümman,

Qaçmaq istəmirəm heç zaman ondan.

Bunu qanmayandan bəzən bir nadan

Onda od tuturam, odlanıram mən.


Deyirlər günahdır inamsiz olmaq,

Kiməsə, nəyəsə gərək inanaq.

Mən də ömrüm boyu inandım, ancaq

Bəzən inanaraq aldanıram mən.


Mən bu aldanışı bəla bilmirəm,

Inamsız bir gün də qala bilmirəm.

Arzu bir aləmdir, inam bir aləm

Hər səhər inamla oynayıram mən...


1986

AY BAĞBAN
Pəncərə ardından baxıram

Dumana bürünmüş payız səhərinə

Sanki ağ tül çəkiblər

Gəlinə bənzəyən

Gözəl Bakı şəhərinə

Bağda çinarların qızılı yarpaqları

Tökülüb torpağın üstünə

Bu yarpaqlar çinarın

Nə son sevinci,

Nə son kədəridir...

Yaşıl olanda budağı bəzədi,

Saralanda torpağı...

Tala-tala, çeşid-çeşid.

Təbiətin payız gözəlliyini

Ey çalmasıyla pozan bağban.

Sən çinarın harayını

Bir də mənim səsimi eşit.

Dəymə tökülən yarpaqların

Torpaq üstəki düzümünə

Təbiət özü düzüb elə

Sənə kim dediki çalmanı alıb ələ,

Poz bu gözəlliyi, onları yandır?!

Amma yarpaqları yonqalama!

Amma, amandır!

Yarpaqlar tüstüdən boğula bilər!

Sən haradan biləsən ki,

Təbiətin nizamı dağıla bilər.

Qaldır başını

Çinarın arxasınca uzanan

Əllərinə bax!

Torpağa gilə-gilə tökülən

Göz yaşına bax.

Sonra da üstünə səpilən

Şeh yağışına bax!

Heç özündə bilmədən

Tutduğun günaha bax!

Amma o yarpaqları tonqala,

Atma! Amandır...

Ey Bağban!

Heç nəyə baxmasan,

Barı allaha bax,

Atma o yarpaqları tonqala,

Atma...
Xəstəxana, 1987
SON BAHAR
Hər il bahar gələndə

Gəncliyim düşür yada.

Axı bahar illərin

Gəncliyidir dünyada.

Hər il bahar gələndə

Elə bil kı, sinəmdə

Donub qalmış arzular

Dilə gəlib dillənir.

Xəyalımın yolları

Çiçəklənib güllənir.

Muncuq-muncuq açılan

Yarpaqlara dönürəm.

Göylərtək aydınlaşıb,

Torpaqtək sevinirəm...

Etiraf etməliyəm,
Bir yanı yaz ətirli,

Bir yanı qış çətirli,

Ömrün payız cağının

Bir ayrı aləmi var.

Nahaq yerə payıza

“Son bahar” deməmişdir

Bizim müdrik babalar.

Nə qədər ki, həyatda

Mən qədəm qoymamışdım

Bu payız dünyasına,

Nə qədər dalmamışdım,

Qürub edən günəştək

Çəmənlərdə otların

Həzin saralmasına

Nə qədər görməmişdim,

Kəhrəba yarpaqların

Qırılmış qanad kimi

Titrəyib düşməsini

Payız yağışı altda

Köynəksiz budaqların

Əsib titrəşməsini,

Nə qədər ki, başıma

Qızıl pul səpməmişdi

Həlim payız küləyi,

Nə qədər ki, arxların

Zəfəran çiçəyinə

Bənzəmirdi köynəyi,

Nə qədər ki, özüm də

Gəlib yetişməmişdim

Bu payızlı günlərə,

Vurulmuşdum bahara:

O laləli, nərgizli,

O yarpızlı günlərə...

Düşünürəm həyatda

Payızın öz hüsnü var,

Baharın öz növrağı.

Dünən atlasdan idi,

Bu gün zərə bürünüb

Ağacların yarpağı...

Ömrümüz də belədir,

Payızı var, yazı var,

Ötüb keçən hər ilin

Ömrümüzdə izi var...
1987


PİŞƏVƏRİNİN MƏZARI BAŞINDA

Heykəlin önünə çiçək qoydum bir dəstə

Bir qucaq şeh töküldü mərmər qəbrinin üstə

O dalğın gözlərində dərin həsrət oxudum.

Dedim: “Gör neçə ildir danışmırsan,

dinmirsən,

Sənsiz nələr çəkmişik, soruşmursan,

bilmirsən.


Daş heykələ dönmüsən məzarların içində

Neçə-neçə arzular qaldı sənin içində.

Sən ki, belə deyildin, bu sakitlik nə haldı,

O alovlu nitqlər, sözlər harada qaldı?!

Nə vaxt dara düşürdük tez yanına gəlirdik,

Səninlə dərdləşirdik, ürəkdən dincəlirdik.

Səndən sonra günümüz necə keçdi bilmədin.

Bəzən səni çağırdıq, eşitmədin, gəlmədin.

Sözlərin şüar oldu, divarlardan asıldı.

Nitqlərin toplanıb kitablara yazıldı.

Sənsiz biz o sözlərin istisinə qızındıq,

Məclislərdə şəklini asdıq məxmər pərdədən,

Dedik:”Sən hər zaman, hər yerdə bizimləsən...”
Sən şüar oldun , sən elə şəkıl oldun,

Kəndləri, şəhərləri dolanmaqdan yoruldun.

Ancaq özün olsaydın bəlkə belə olmazdı,

Bəlkə necə arzumuz arzu olub qalmazdı.

Səndən donra nə oldu, qoy danışım, dinlə sən,

Axı bizə dərd olar sən onları bilməsən...”

Gördüm ki, daş dodaqlar həyəcandan əsdilər,

Sözlərimi kəsdilər.

O kədərli gözlərə kədər çökdü təzədən,

Dedi: “Mən bilənləri bilməyirsən hələ sən.

Dedin, daşdan heykəl var məzarımın başında?

O heykəl mən deyiləm!

Mənim şəklim çəklib soyuq qaya daşında.

Xatirində varmıdır, o gün necə gün idi,

Kimi aşkar qəmləndi, kimi gizlin sevindi.

Məzarımın başında nitq etdilər doyunca.

Göz yaşından islanmış yaş torpağa qoyunca

Dedilər:”Rahat uyu bu vətən torpağında,

Əsgərtək and içirik bu ayrılıq cağında.

Nigaran qalma bizdən, sarsılmaz iradəmiz,

Sən yenə bizimləsən, səninləyik hər an biz...”

Bu sözləri deyəndə başlar əyildi birdən-

Qəbrim zülmətə döndü, bildım daha yoxam mən...

Fədailər gəldilər yığın-yığın,

Mən məzarda hiss etdim kədərin ağırlığın.

Onlar nə and içdilər, nə göz yaşı tökdülər,

O anın kədərini ancaq onlar çəkdilər.

Ayrılıq qəzəb kimi yanırdı gözlərində,

Niyə qəzəbliydilər bilmirdi özləri də.

Bəlkə də bilirdilər, ancaq danışmırdılar,

Nə oldu, niyə öldü? Deyib, soruşmurdular.

Necə rahat yataydım mən bu soyuq zindanda,

Onlar mənə inanıb evini ocağını,

Kəndini, torpağını,

Qoyub gəldi Təbrizə.

Onlara arxalanıb şahla durdum üz-üzə...

Bildim ki, bu ayrılıq yaman düşüb araya,

Nə əlim, nə də səsim daha çatmaz o taya.

Qalsaydım ölənlərin intiqamın alardım,

Ya da cəbhədə ölüb mən də şəhid olardım...”

Dedim: ”- Yaxşı sözdü bu, ancaq niyə qalmadın?

Niyə son gülləyə döyüşən əsgərinlə

Bir səngərdə olmadın!

Qalsaydın döyüşərdik, “qaçdılar” deməzdilər,


Bəlkə də fədailər bu qədər ölməzdilər.

Bəlkə şah cürət edib heç gəlməzdi Təbrizə,

“Təcziyyətci” deməzdi vətən satanlar bizə.

Bəlkə fürsət düşməzdi onda əsgər baqqala...”

Gördüm gedib xəyala dedi:- Belə məsəl var:

“Ölü onda oyanar,

Nə zaman başım gəlib başdaşına dayanar.”

Mən sərhəddi keçəndə oyandımsa nə fayda.

Mübarizə səngərim qalmış idi o tayda.

Vaxtsız ölüm yamanca bağladı kitabımı,

Əfsus çəkə bilmədim Qəvamla hesabımı.

Necə nisgil sinəmdə qovr eləyir hələ də,

O nisgillər mənimlə gəlib son mənzilə də...

Dedim ki:- Səndən sonra bilirsən nələr oldu,

Qərardadlar yazıldı, qərardadlar pozuldu.

Ümidimiz azaldı, qələbəyə, sabaha,

Cərgəmiz parçalandı, yaman batdıq günaha.

Neçə-neçə oğullar yox oldu cərgəmizdən,

“Nə oldu, necə oldu?” Onu soruşma bizdən

Elə bilmə onların taleyinə yanmadıq.

“Günahkar” hara getdi, niyə getdi?” O zaman

Nə bir deyən tapıldı, nə də ki, bir soruşan.

Agızlarda dollandı. “Onlar yoldan azıblar,

And içib, andlarını qanlarıyla yazıblar”.

Demədik:-Nə yazıblar, axı nədən yazıblar?

Bircə bunu eşitdik.”Ana Vətən” yazıblar.

Demədik,onlar bizim cəbhə dostumuzdular,

Nə olsun qanlarıyla, “Vətən” sözü yazdılar.

Dinmədi, soruşması, qocamıx, cavanımız,

Nə haqqımız var idi, nə də ki, imkanımız...

Gedənlər elə getdi, bir də geri dönmədi,

Adları çəkilmədi, özləri görünmədi.

Sənin də ölmünə oğul kimi yanmadıq,

Hər şeyi görə-görə ayılıb oyanmadıq.

Cöz söhbətə uzun oldu, görünmədi nəticə,

Bilənlər oldusa da sirr saxladı ölüncə.

Ataların sözüdür: “Ölülər ki, danışmaz.”

“İki qoçun kəlləsi bir qazana sığışmaz”.

Hərdən özüm-özümü çəkib sorğu-suala

Inanıram az qala-

Bəlkə sənin ölümün xeyrinə oldu?

Bizim xeyrimiz oldu.

Bu fəxri xiyabanda sənə heykəl qoyuldu.

Bəlkə cən qalsa idin olmazdı bu “hörmətin”

Başına bəla idi, iradən, ləyaqətin.

Bəlkə...Bəlkə... Dedikcə soyuyur qəzəbimiz.

Öxümüzü aldadıb belə yaşayırıq biz.

Biz səni xatırladıq o gün ki, Qəvvam öldü.

Bir də hər nəyə qadir o “zalim adam öldü”.

Biz səni xatırladıq məhkəmə qurulanda,


Bir zaman hökm edənlər indi məhkum olanda.

Əfsus ki, sən olmadın, ölənlər ki, qayıtmaz.

Sonra hər şey dəyişdi, təkcə biz dəyişmədik,
Köhnə hamam, köhnə tas...

Hər il “inşallah” deyib gələn ili gözlədik,

Qəlbimizdə gəzdirib biz nisgili, gözlədik,

Yaz bayramı olanda yada saldıq Təbrizi,

Dedik, gələn bayramda gərək Bətənimizi.

Bu sözləri deməkdən yorulub usanmadıq,

Özümüz deyən sözə özümüz inanmadıq.

Qırx il qürbət çəkmişik, bu bir insan ömrüdür,

Qırx ilin siqlətinə nə fil nə də nər dözür.

Fədayitək and içib, fadayitək qalmışıq,

Qalmışıq, qocalmışıq,

Ölənləri soruşma “Behişti Zəhra” qədərdir,

Onlar da dərbədərdir.

Ac-susuz qalmamışıq, işimiz, əməyimiz,

Evimiz, ocağımız, ruzumuz, çörəyimiz,

Işdə də, məclisdə də uca olub başımız,

Hayımıza hay verən bacımız, qardaşımız,

Hər şey, hər şey olubdur,

Ancaq Vətən olmayıb.

Çörək ki, Vətən deyil, otaq ki, Vətən deyil,

Ocaq da Vətən deyil, çıraq da Vətən deyil!

Qürbətə düşənlərdən sormazlar Vətən nədir.

Qürbət elə qürbətdir, Vətən elə Vətəndir.

Vətəni duymaq üçün gərək qürbət çəkəsən,

Gərək hicran çəkəsən,

Gərək həsrət çəkəsən.

Vətən üçün ölümə getməyi bacarasan,

Vətəndə doğulasan, qürbətdə qocalasan.

Gərək Vətən deyənlər sinəndə ağrı keçə,

Sən də bilməyəndə

Gərək sənin yuxuna Vətən gələ hər gecə...

Gördüm ki, düyünləndi qaşlarının arası,

Qanadı sinəsinin sanki köhnə yarası

Dedi:- Qəbrim başına heykəl qoyublar “dostlar”?

Məzarımın üstündə qara mərmər daş da var?

Axı mən nə etdim ki, heykəl qoydular mənə?

Bayaq dediyim sözlər yadıma düşdü yenə:

Kaş Təbrizdə öləydim mən Vətən savaşında,

“Şəhid oldu” yazaydız sadə qəbr daşında.

Dedim ki, nisgilini başa düşdüm daha mən,

Bilirəm ki, heç zaman özünü öyməmisən.

Böyük əməlləriylə öyünməyib ərənlər,

Ancaq “Milli hökumət” öyünmək üçün dəyər.

Bir il azad yaşadı, yüz il zindan görənlər,

Bir il zindan çəkdilər min il dövran sürənlər.

Məzarının üstünə qoyulan heykəl nədi,

Sənin əsl heykəlin Vətənin qəlbindədi,

Təbrizin qəlbindədi...

Dedi: - İndi gəlməyin xeyri nədir görəsən?

Gəlmisən bir ömrün tarixini biləsən?

Bu adicə həvəsi çıxart sən də başından,

O illər silsnibdir çoxunun yaddaşından...

Dedim: Belə demə sən,
Gəldim ki, bu dünyada nələr olyb, biləsən.

- O gün ki, İran qalxdı öz inqilab atına.

Millət “soğan doğradı” şahın da ovqatına.

Iran dalğalı ümman, İran coşğun bir dəniz.

Daha tənha deyildi meydanda qoca Təbriz.

Tehranda, İsfahanda, Qumda döyüş gedirdi.

İranın tarixində qəti dönüş gedirdi.

Şahı taxtdan salırdı qədim şahlar ölkəsi.

Topları susdurdu “Allah-əkbər” kəlməsi

Inqilab addım-addım zirvəyə yüksəlirdi,

Şah zirvədən enirdi, “xalqa tərəf gəlirdi”.

Zindanın qapısını millət zorla açırdı,

Generallar,vəzirlər məmləkətdən qaçırdı.

Fədailər çıxırdı dəsətə-dəstə məhbəsdən,

Inqilab günlərini əfsus ki, görmədin sən.

Xiyabanlar? Küçələr, binalar səngər idi,

Oğullar əsgər idi, analar əsgər idi.

Daşmış idi millətin daha səbr kasası,

Artıq təslim olurdu şahənşahlıq dünyası.

Indi tək İran deyil, dünya başqa dünyadır,

On il qabaq desəydin, deyərdilər röyadır:

Nuhun tufanı çöküb köhnə dünya üstünə.

Çərxi-fələk fırlanır, Sabir demiş “tərsinə”.

“Təriqətlər, izimlər” öz uçundə dağılır,

Dünən müqəddəs olan heykəllər də yıxılır.

Sən gördüyün günləri tarixə gpndərmişik.

Həyatınsa yönünü sabaha döndərmişik.

Gözləyirik dünyamız hey çalxana-çalxana

Bir nöqtədə dayana...

O məni dinləsə də fikrə getmişdi yaman.


Mən fikrini oxudum dalğın baxışlarından,

Susub dayandim mən də.

Bir dünya nigaranlıq qaldı ancaq içimdə.

Sükuta dalmış idi şəhər boyda qəbristan,

Biz ayrıldıq beləcə,

O sakit, mən nigaran...


Ancaq qəbrinin üstə çiçək qaldı bir dəst,

Bir də heykələ dönmüş bir parça mərmər daşı,

Bir də ki, o heykəldə tarixin daş yaddaşı.

Bir də bir insan ömrü, vaxtsız gəlmiş bir ölüm,

Bir də mənim taleyim, əlli illik nisgilim...
1986-97


ATAM YUXUMA GƏLİR
Atam yuxuma gəlir,

Hər gün xəstə cağımda.

Sakitcə durur kişi

Qapının qabağlnda,

Nə danışır, nə dinir.

Düşünürəm, qocanın

Axı burda nə işi?

Nə danışır, nə dinir,

Axı o hardan bilir

Bura xəstəxanadır?!

Oğlunu yoxlamağa

Durub Tehrana gəlir.

Gözlərindən görürəm

Bu qocanın içində

Bir yığın kədər yatır.

Əlimi uzadıram,

O nə gəlib əl tutur.

Görən hardan bildi o,

Xəstəliyim ağırdı?

Soruşuram, ay ata

Səni həkim çağırdı.

Bəlkə nəvən çağlrdı

Ya xəbər çatdı sənə,

Dedilər ki, gəl görüş,

Oğlun yaman ağırdır...

Nigaran qalma ata,

Ölməmişəm, sağam mən.

Qalxıb duracağam mən...

Düşsə idim əlinə,

Şah dara çəkdirərdi,

Yada ki, boğazıma

Qurquşun tökdürərdi.

Indi sənin oğlunun

Ölümündən nə qorxusu.

Sağalacaq bir səhər

Qəlbimin də ağrısı

Desən də, deməsən də,

Bilirəm, həqiqətdir,

Tehran sənə qürbətdir...

Nigaran qalma ata,

Gəlib Behişt-Zəhrada

Bir gün taparam səni,

Əllərimin üstündə

Doğma Qışlaq kəndinə

Özüm aparram səni.

Tehran, xəstəxana.



1987


TƏBRİZİM
Məni səndən ayırdılar əzizim,

Zorlu oldu, güclü oldu ağalar.

Sənin məndən ayrılmağın mahaldır,

Ayrılmaram, suya atıb boğalar.


Varlığıma elə hopdun sən mənim,
Ruhumdasan, qanımdasan bilmirəm.

Sənsiz keçməz bu dünyada bir anım,


Uzaqdasan, yaxındasan, bilmirəm.
Məhəbbətin başım üstə günəşdir,
O günəşim yollarıma nur tökər.

Sənin üçün bu çəkdiyim hicranı

Inanmıram cürət edib fil çəkər.
Sənsizliyə əyilmərəm inan sən,

Gözlərimin önündəsən hər zaman.

Bu dünyada ona görə varam mən,

Mən oğlunam, sənsə mənim anamsan.


1988

SƏNİ DƏ İTİRSƏM...

Atam bu dünyadan köçüb gedəli,

Bu dünya üzündə tək qaldım ana.

Yuxuma gəlirsən hər axşam qəmli,

Mən gələ bilmirəm sənin yanına.
Bir zaman dünyada tənha deyildin,

Mən də sənin üçün sənsizləmirdim.

- Bir gün görüşərik –deyirdim yəqin.

Dünyanın sirrini de, kim bilir kim?


Elə arxayındım sənin sarıdan,

Deyirdim qayğına qalanın vardı.

Bunu da çox gördü bizə yaradan,

Atamı əlindən alıb apardı.


Atamın ölümü sənə dərd oldu.

Məni də göynədir hey için-için.

Fələk dedikləri nə namərd oldu,

Ana köyrəlirəm indi səninçin.


Səni də itirsəm yetim qalaram,

Yamandır bu çağda yetimlik, yaman.

Gələndən, gedəndən xəbər alıram,

Mənə təsəllidir, dünyada varsan.


Sənin tənhalığın iki il oldu,

Mənim ayrılığım qırx ildir tamam.

Həyatda nəsibim bil nisgil oldu,

Barı yuxuma gəl anam , ay anam.


1988

BAHARA NƏ QALDI
Payız qapımıza döysə də gülüm,

Bahara nə qaldı, bircə qış ömrü.

Baharın fikrini çəkmə sevgilim,

Gəlib kecəcəkdir qar-yağış ömrü.


Ağarmış saçıma çox baxma belə,

Yazda çiçək açar badam ağacı.

Bəlkə də təbiət öz əllərilə

Başıma qoymuşdur bu gümüş tacı.


Yazda qar altından bənövşə çıxar,

Qəlbimdə bənövşə havası vardır.

Saçımın qəlbimlə fərqini axtar,

Qış ilə baharın davası vardır.


Payız gəlib keçdi, qış da kecəcək

Təzə don geyəcək çəmən də, düz də.

Demə qapımızı şaxta döyəcək,

Qarşıda bahardır, baharı gözlə.


Bölmə ömrümüzü fəsillərə sən,

Bir fəsil ötdümü, gələcək biri.

Dünən nə vermisən bu illərə sən,

Sənə nə vermişdir ömrün illəri?!


Sən ona məhəbbət, o sənə həsrət

Deyirlər yanmayır yanana dünya.

Əzizim, bununçun sən çəkmə xiffət,

Heç vaxt xoş keçməmiş qanana, dünya.


1988
BİR PARÇA TORPAQ
Bir parça torpaqdır,

bağı var, çəməni var.

Bu torpağın başına dolanıb

nazını çəkəni var.

Anadan xoşbəxt doğulan insan kişidir,
dünyanın bu bir parça torpağı.

Gündüzlər günəş oxşayır onu,

Gecələr göyün çırağı

Min-min insan yaşayır bu torpaqda,

toxu var, acı var.

Əli silahlı keşiş çəkəni,

Sərhəd ağacı var.

Nə istəsən, nə arasan,

Hər şey yerindədir.

Ancaq bir nisgili var

bu torpağın.

Hamı görə bilməz onu,

çox dərindədir...

Dünyanın gözü olsa da,

Fəqət,

kiminə Vətəndir bu bir parça torpaq,



kiminə qürbət...
1988

SƏN DƏ MƏNDƏN ÜZ DÖNDƏRSƏN...
Nərgiz gözüm, səndən özgə kimim var,

Sən də məndən üz döndərsən neylərəm?!

Əlim çatmaz, ünüm yetməz, intizar,

Sən də məndən üz döndərsən neylərəm?


Könlüm evi hasarlı bir qaladır,

Başım üstə fələk tonqal qaladı.

Nəyim vardı yağmaladı, taladı,

Sən də məndən üz döndərsən neylərəm.


Bir vaxt dedim,rüm daha yarıdı,

Onda mənə taleyim də yar idi.

Kimi əvvəl, kimi axır yarıdı,

Sən də məndən üz döndərsən neylərəm?


Indi gəib çıxdım zirvə başına,

Ağ telləri dönüb saysız qoşuna.

Gəlməyirəm taleyin də xoşuna

Sən də məndən üz döndərsən neylərəm?


Azmı, çoxmu vardır ancaq günahım,
ağam var, nə hakimim, nə şahım

Yer üzündə sənsən ancaq pənahım,

Sən də məndən üz döndərsən neylərəm?
1990

QUMRU

Bir qumru qonur eyvana hər gün,

Eyvana çıxıram, məndən də qorxmur.

Ona dən səpirəm, bilmirəm neçin,

O üzümə baxır, dənəsə baxmır.
Baxışı, duruşu qəmlidir yaman,

Əvvəl belə yozdum, xəstədir yəqin.

Sonra xatirimə gəldi bir zaman

Mədinəm, quşlara sən dən verərdin.


Köyrəldim:-Ay qumru gözləmə-dedim,

Səni and verirəm o bir allaha.

Yoxdur bu görüşə taqətim mənim,

Gəlib surahiyə qonma bir daha.


Sözümə baxmadı, o gəldi yenə,

Çıxıb qovlamağa ürək etmədim.

Yuxuda gördüm ki, Mədinəm, mənə

Dedin: nigaranam səndən əzizim.


Demək bu sənmisən, gözümün nuru,

Dönübsən qumruya, uçub gəlibsən.

Mən hardan bileydim əzizim bunu,

Yenə baş çəkməyə mənə gəlibsən.


Bircə arzum vardir həyatda inan,

Kaş quru oleydim mən də sənin tək.

Daha olmayaydin məndən nigaran,

Uçub bu eyvana birlikdə gələk.


1991

BİR ÜMMAN KİMİYƏM
Bir ümman kimiyəm,

Bəzən məddim olur.

Gəlirəm sahilə dalğa-dalğa,

Ləpə-ləpə.

Gəlirəm ayaq izlərini yumaq üçün,

Bəzən cəzrim olur,

Sakit uyumaq üçün,

Çəkilirəm öz içimə

Haysız-haraysız...

Sonra sıxır məni bu sükut,

Oyanır içimdə sahilə dönmək həvəsi.

Dalğa-dalğa coşmaq,

Ləpə-ləpə sürünmək həvəsi.

Bu da bir həyatdır əzizim,

Bir ümman həyatı.

Dalğa-dalğa coşan,

Sonra ləpə-ləpə sürünən həyat.

Kiminə lalbalı,

Kiminə mənalı gorünən həyat.
1992

SON PAYIZ
Yağışlı günləri başladı

Son payızın,

Sızıldayır sızın-sızın,

Bahara nəğmə deyən yarpaqlar,

İndi dözə bilmir

küləyin qamçısına,

yağışın damcısına,

əlvida deyib budağa

düşur torpağa.

Payızın rənginə bürünür küçələr,

Gündüzün ömründən oğurlayır gecələr.

ağacda qumrular görünür,

Nə bağda quşlar oxuyur.

Küləklər haray qoparır,

budaqları yağışlar yuyur...

Nə gündüzlər

Günəş qamaşdırır gözləri,

nə gecələr ay görünür.

Səmada topa-topa bulud,

üfüqdə qalaq-qalar

duman sürünür.

Yağışlı günləri başlayır

Son payızın.

Hər yanda nəfəsi duyulur

sabahki qarın,

çovğunun,

ayazın...

1992
* * *
Ehey, Mədinəciyim!

Eşidirsən məni?!

Bir yaşın artdı bu il,

Bu da bir nisgil...

Daş qutu içində

Böyüdün bir il də.

Qocaldın bir az da,

Yox, qoxcalmadın,

Ucaldın bir az da...

Ehey! Mədinəciyim!

Bilmirəm,

Neçə illər keçəcək

Daş qutu içində belə.

Mən də sənə şeir yazacam

Nə qədər sağam hələ...
17 yanvar 1993-cü il

1   ...   4   5   6   7   8   9   10   11   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə