ELƏ OĞul iSTƏYİr vəTƏN




Yüklə 1.8 Mb.
səhifə7/14
tarix22.02.2016
ölçüsü1.8 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   14

GİZLİ-GİZLİ
(şair Səhəndə)
Vüsal həsrətilə alışdım, yandım,

Axdı gözlərimdən sel, gizli-gizli.

Sən gördün, gözlərin doldu qardaşım,

Qoy əğyar görməsin sil, gizli-gizli.


Zərrəyəm, ümmandan xəbər al məni,

O eldən, məkandan xəbər al məni,

Səhənd, Savalandan xəbər al məni,

Pünhan dərdlərimi bil gizli-gizi


Yaşımın üstünə gəldikcə illər,

Düşür xatirimə o doğma ellər,

Gəlib gedəcəkdir illər, nəsillər,

Məni yad edəcək el, gizli-gizli.


Sinəmin üstündə qövr edir yara,

Duymamaq bir bəla, duymaq bir bəla.

Mənim həsrətimi desin dostlara,

Ürək gizli-gizli, dil gizli-gizli.


Insan da düşərmişdən uzaq?

Mən səndən uzağam, sən məndən uzaq,

Taladı ömrümü il gizli-gizli.
Babamız Qorqudun çaldın sazını,

Söylədin ürəkdə qalan sözünü.

Dedim həmişəlik görüm üzünü

Demədim, görüşə gəl gizli-gizli.



1975

GECƏLƏR YAĞIŞ YAĞAR...
Gecə, kiçik əllərilə

Döydü pəncərəmi ağappaq yağış.

Şüşənin arxasından baxdım ona,

Özüm də soyuqdan dona-dona.

Mən də əllərimlə dedim,

Bu vaxtsız gələn qonağa:

–Səni buraxa bilmərəm otağa.

O, kiçik yumruqlarını incitmə hədər,

Gəl gözləyək səhərə qədər.

Dan sökülüb, günəş doğub

Buludlar çəkiləndə,

Qızınırıq sən də mən də.

Qulaq asmadı yağış,

Döydü pəncərəmi səhərə kimi

Taraq-taraq...

Dan ağaranda gördüm,

Buludların ətəyindən tutaraq

O da uçur cənuba sarı.

Günəşin şəfəqindən zər taxıb qanadlar...

Açıb pəncərəmi çığırdım araxsınca:

–Yaxşı yol sənə.

fəqət bu dəfə gələndə,

vaxtında gəl.

Daha pəncərələri örtməyək üzünə...


1976
GÜL, BÜLBÜL VƏ BAĞBAN
Üfüqdə dan yeri sökülən zaman,

Bülbül qönçələrə nəğmə deyirdi.

Deyirdi: – Tələsin, çıxın butadan,

Günəş görünəcək üfüqdə indi.


– Tələsin, bu büllur şehlərdən için,

Sizin ətrinizlə məst olum mən də.

Bir azdan gec olar, gec olar yəqin,

Bıçaqla, zənbillə bağban gələndə.


Qönçələr açılıb xəndan olanda,

Məhəbbət nəğməsi başladı bülbül.

Bağın qapısını açıb bu anda,

Gəldi qoca bağban, əlində zənbil.


Bülbül ayaq səsi eşidib susdu,

Uçub kənardakı kolluğa qondu.

Bağban təzə açmış gülləri kəsdi,

Bazara getməkçin geriyə döndü...


Bülbül bu dəhşətədən fəğan qopardı,

Sonra da qəzəblə uçdu yerindən.

– Qoymayın. Gülləri dərib apardı. –

Deyərkən o tora ilişdi birdən...


Bir əlində qəfəs, birində zənbil,

Bağın qapısını bağladı bağban.

Nəğməsi ucundan həbs oldu bülbül,

Gül, ətriinə görə kəsildi koldan...


Bağban, sən etdin,

Nə etdin, danış?!

Dünən yaradandın, bu gün dağıdan.

Insan gözəlliyə qənim olurmuş,

Bəzən gözəlliyə heyranlığından.
Sən ey gözəlliyin vurğunu insan,

Demirəm heç nəyə əlini vurma.

Həmişə kök tutmur kökdən ayrılan,

Heyran olduğunun qəsdində durma...


1976

DÜNYADA BİR ŞƏHƏR VAR...
Dünyada bir şəhər var,

Mənimçin yer üzündə

Şəhərlərin qəşəngi.

Ağ badam gülləridir

Bağlarının çələngi.

Kölgəli küçələrdə

Arxlardan sular axar.

Çaxçaxlı qapılardan

Sürməli qızlar baxar.

Suvaqlı evlərində

Hər sözü, hər söhbəti

Hikmət dolu qocalar.

Başı üstə Səhəndin

Aç çalmalı zirvəsi

Vüqar ilə ucalar...

Bir zaman o şəhərdə

Ömür sürdük, gün gördük

Dostlar ilə bir yerdə.

Indi neçə illərdir

Düşməz ora güzarım.

Fəqət, yenə o yerdə

Yaşar ürək dostlarım.

Hamısı da ixtiyar.

Dünənin çılğınları

Gör necə qocaldılar...

Yaşar bir də ümidim,

Məhəbbətim, ilqarım.

Alovlu şeirlərim,

Qanadlı duyğularım...

Indi neçə illərdir,

Gözümün önündədir

O küçələr, meydanlar.

Örtülü bazardakı

Cərgə-cərgə dükanlar.

Bir də ki, o şəhərin

Dönə-dönə gəzdiyim,

Neçə dəfə azdığım,

Hər dalanı, döngəsi.

Yığın-yığın

Acılı-şirinli xatirəsi...

Heç nəyi unutmadım,

Hələ yaddaşımdadır.

Saçlarım ağarsa da,

O gənclik illərinin

Sevdası başımdadır...
1976

MƏNİM ŞEİR KİTABIM
Ilk şeirimi yazanda

Elə bildim dünyanın

Bəxtiyarı olmuşam.

Ilk kitabım çıxanda

Elə bildim özüm də

Təzədən doğulmuşam.

Bir gün də mağazada

Görəndə kitabımı,

Coşub-daşdı sevincim.

Indi o ilk şeir də,

Indi o ilk kitab da,

Tarix olmuş mənimçin.

Hərdən xəyal içində

O günlər düşür yada.

Deyirəm, Ərdəbildə,

Kitab mağazasında

Şeir kitabım qaldı.

Cəbhə dostlarım kimi

Heç bilmirəm onun da

Taleyi necə oldu.

Şeyx Səfi küçəsində,

Camakı arxasında

Neçə-neçə kitabla

Qoyulmuşdu yanaşı

Nə meşindən cilidi,

Nə də zərdən naxışı.

Övladına baş çəkən

Narahat atalar tək,

Gəlib baxırdım gündə.

Günəşdən cadar-cadar,

Susuz dodaqlar kimi

Bozarmış cilidində

İki söz yazılmışdı:

“Şeirlər”, bir də adım.

Ancaq sətirlərinə

Hopmuşdu ürək yanğım,

Arzum, harayım, odum...

Bir gün ayrıldıq biz də.

Son görüş zamanında

Donmuşduq ikimiz də.

Mən getdim... getməliydim...

Fəqət o qaldı yenə

Camakı arxasında.

Adım şölə çəkərək

Yanırdı yaxasında.

Sədinin “Gülüstan”ı,

Hafizin “Divan”ıyla

Orda qaldı yan-yana.

Məni əbədiyyətə

Qovuşduracağına

Inamım olmasa da,

Ümidim ona qaldı.

O vətən torpağında

Məndən nişana qaldı...

Bunu bilirəm ancaq,

Haman əl boyda kitab

Camakının ardında

Həmişə qalmayacaq.

Ya qorxulu düşmən tək

Polislər elan edib

Xətərli olduğunu,

Qala qabağındakı

Dardan asacaq onu,

Ya da ki, Ərdəbilin

Ucqar küçələrində

Hər gün qonaq olacaq.

Bir dostumun evində,

Müəllifin yerində.

Şeyx Səfi küçəsində,

Kitab mağazasında

Qaldı şeir kitabım.

Mənim fikir dünyamda

O ilkin inqilabım.
O kitabda hər misra,

Hər söz ürək qanımdı.

Düşmənlərə göz dağı,

Dostlara nişanımdı...


1976

BİR ELİN NƏĞMƏKARI
M.Gülgünə
Qəribə taleyin, bəxtin var sənin,

Sevincin də bəlli, qəmin də bəlli.

Arzunu, qəlbini duyanlar sənin,

Nə dildarlıq verir, nə də təsəlli.


Sənin kövrəkliyin şüşə deyil ki,

Deyəsən toxunma, sınar, tökülər.

Sənin kövrəkliyin bir almaz təki,

Neçə daşdan keçər, qayadan keçər.


Sən bir ocaqsan ki, o yanğın, odun,

Şeirinə axmışdır odlu sinəndən.

Sən elə Anadan şair doğuldun,

Ayırmaq olarmı bu odu səndən.


Sən əgər yanmasan, külə dönərsən,

Küləklər sovurub aparar səni.

Sən əgər yanmasan elə sönərsən

Bu hicran özündən qoparar səni.


Təbriz gözəlinin tərcümanısan,

Dinməyə bilməzsən, susa bilməzsən.

Onun ümidisən, həyəcanısan,

Nəğməni yarıda kəsə bilməzsən.


Vətənin döyüşdə keçən hər ili,

Səninçin istiqlal nidası oldu.

Bir elin, bir yurdun danışan dili,

Sənin hər şeirinin mənası oldu.


Əsrin yarısını başa vurmusan,

Mənasız keçməyib bircə günün də.

Sən ki, səngərlərdə yaşa dolmusan,

Bir ürəyə dönüb vətən köksündə.


Vətən torpağında nəfəsin qalıb

Hər söz kürsüsündə, səngər daşında.

Bu şərəf sənin də qismətin olub

“Bir el nəğməkarı”,

Əlli yaşında...
1976

SÜLEYMANIN YANINDA...
Necə də ayrı düşdük həyatın tufanında,

Insafı yoxmuş hətta zamanın, dövranın da.

Oddan qaçar yananlar, bu qanundur həyatda,

Könlüm yaman tələsir olsun sənin yanında.

Yüz il də ömrüm olsa yox faydası, əzizim,

Sənsiz keçən ilin də, sənsiz keçən anın da.

Gözün qara dənizmi? Saçın qara buludmu?

Kaş o bulud altında qərq olum ümmanında.

Deyirlər bu dünyada hicran da var, vüsal da,

Sənsiz yoxdur mənası vüsalın, hicranın da.

Dildə çoxdur adını məhəbbətlə çəkənlər,

Məhəbbət aşiqlərin olur fəqət qanında.

Özün yaxşı bilirsən təkrar demək nə lazım,

Kim yazmış ilk beytini bizim bu dastanın da.

Təkcə sənin dərdindir Azəroğlu çəkən dərd,

Özgə nə dərdim Süleyman yanında.


1976
PƏNCƏRƏ ÖNÜNDƏ ÇİNAR
Pəncərəm önündə tək çinar,

Yamyaşıl yarpaqları

Asta-asta pıçıldaşır

Gecəyarı...

Otaq tək,

Mən tək,


Göy üzündə ulduzlar

Çiçək-çiçək...

Yadıma Təbriz düşür,

“Novbahar” mehmanxanası...

Otaq tək,

Mən tək.

Yarpaqları ləçək-ləçək

Bir qələmə boylanardı

Pəncərədən.

Təbriz qızları kimi

Utana-utana,

Kövrək-kövrək...

Səhərə kimi danışardı

Yarpaqlar.

Qulaq asardım

Xəyal aləmində yol gedə-gedə.

Deyərdim:

- Cəbhədən qayıdanda

Bura gələcəyəm bir də.

Oturub qulaq asacağam

Neçə gecə,

Qələminin yarpaq-yarpaq söhbətinə.

Lap ürəyimcə...

Sonra da deyəcəyəm

Indi də sən

Qulaq as mənə,

Danışım fədai dostlarımın

Cəbhə hekayətini...

Yadıma gəlir,

O zaman


Xəyaldan ayırdı məni.

Çiyni tüfəngli,

Beli qatarlı,

Çıraqlı,


Patavatlı,

Haylı-haraylı

Dostların otağa dolması.

Elə bil yarıda qırıldı

Bir ana laylası.

Elə bil şüşələrə toxunub

Töküldü

Yarpaqların o həzin səsi.



Elə bil pəncərəyə həkk olmuşdu

Qələminin kədərli kölgəsi.

Son dəfə baxdım

Arxamca əl edən

Yarpaqların titrəməsinə.

Hər şey qəribə göründü mənə...

Çıxdım

Təbrizdə,



“Novbahar” mehmanxanasındakı

O tək otaqdan...

Illər ötdü,

Bir daha qayıda bilmədim...

Qəlbimdə ömrün

Neçə-neçə

Acılı-şirinli

Xatirələri qalır o cağdan...

Birdən naxış salır

Pəncərəm


Təbiətin göz yaşı -

Yağış damcılarının düzümü.

Cinarın yarpaqlarından

Zorla çəkirəm gözümü,

Düşünürəm...

Indi Təbrizdə

“Novbahar” mehmanxanasındakı

O tək otağın önündə

Böyüyüb, yaşa dolmuş qələmə

Yəqin hələ də,

Mənim hekayətimi

Yarpaq-yarpaq danışır

Bütün aləmə:

- Biri var idi,

Bir zaman bu tək otaqda

Bir fədai şairin

Bir dünya arzuları

Çiçəkləyərdi,

Yarpaqlayardı...
1976

* * *
Baharda lalələr bitər Ərkin üstündə

Qıpqırmızı, köz lalələr.

Əyməz başını yana,

Bənzəməkçin öz əcdadına,

Durar dümdüz, lalələr...

Gecələr ay işığında

Baxar Səhəndə sarı.

Elə bil yadına salar

Babasının keçdiyi,

Yolları, cığırları.

Gündüzlər söykənib biri-birinə,

Üzünü günəşə cevirər,

Günəşə, lalələr.

Elə bu görkəmdə,

Bir gün şölə çəkəçək

Atəşə bənzər,

Bir topa atəşə, lalələr...



1977

***


Biri hər məclisdə nitq eləyərdi,

Söz ilə doluydu onun sinəsi.

Şeir söyləyərdi, məsəl deyərdi,

Bir az da özünün vardı həvəsi.


Biri də oturub hey fağır-fağır,

Natiqi dinlərdi lap heyran-heyran.

Qəribə işdir ki, dost oldu axır

Bu çox danışanla, o az danışan...



1977

BƏNÖVŞƏ ƏKİLİB XİYABANLARA
Bənövşə əkilib xiyabanlara,

Iri daş tabaqda kövrək bənövşə.

Dedim:- Siz hara, bu yerlər hara?

Sevindim mən sizi görcək, bənövşə.


Gördüm boyunları əyilib yana,

Əyilib onları oxşadım bir-bir.

Dedim:- Gəlin gedək Azərbaycana,

Sonra gec olar ha... İstilər düşür.


Gedək dağ döşünə, yaşıl meşəyə,

Burdan asta-asta qoparım sizi.

Gəlin, siz inanın, inanın mənə,

Özümlə vətənə aparım sizi.


Yəqin tanıyırsız şair Osmanı,

Sizə şeir yazdı, saldı dillərə.

Gəlin sevindirək yenidən onu,

O sizi tapşırar doğma əllərə.


Bəlkə də aparıb Qarayazıya,

Özü öz əliylə torpağa əkdi.


Gəlin razı olun siz bu arzuya,

Bilsəniz o çöllər necə qəşəngdir.


Necə mehribandır vətən torpağı,

Bir gün qürbətin ilinə dəyər.

Gəlin tərk eləyin bu daş tabağı,

Tez solar kökündən ayrı düşənlər...


Yessentuki,1977
QARAÇAYLI QOCA
Həsən dikində cümə bazarı...

Kimi kətil üstə düzmüş öz mətahını,

Kimi də torpaq üstə.

Təki sən bir şey istə,

Nə desən tapılar,

Xaşxaş toxumundan yaşıl çaya kimi,

Arı südündən mumyaya kimi.

Nə malını tərif edən var,

Nə haray çəkib müştəri çağiran.

Elə bil göy günbəzin altında

Açılmış bir sərgiyə baxırsan.

Neçə-neçə rəngdə

Neçə-neçə nemət var:

Əllərin, şüurun, bir də torpağın neməti.

Hərəsinin öz gözəlliyi,

Öz neməti...

Meydanın bir yanında.

Qaraçaylı bir qoca,

Vəznəli çuxasını,

Ləzgi xəncərini,

Ingilis yəhərini

Düzüb palaz üstünə.

Elə bil satmağa yox,

Sadəcə günə verir yenə.

Qıllı papaq altından

Bir sallaq bığ görünür,

Bir də ağ saqqal.

Bir də demyənin tüstüsü qalxır

Aram-aram...

Maraqla baxıram,

Öz aləmindədir qoca.

Maraq çəkdi məni ona tərəf,

Düşündüm daş üstə oturmuş

Bu laqeyd, bu sirli kələf

Çözələndi bəlkə...

Dedim:- Bazar olsun:

Başını qaldırıb baxdı üzümə,

- Sağ ol, oğlum-dedi.

Yenə qıllı papaq

Gözlərin üstünə endi.

Dedim:- Qəribə mətahın var,

Alanı gərək.

Yenə qaldırdı başını,

Xırdaca gözlərilə gülərək

Dedi:-Belə şeylərə müştəri hanı?

Məndən olsa satmaram birini də,

Bunları hər görəndə,

Babamın igidliyi,

Atamın cavanlığı düşür yadıma.

Əfsuslar olsun ki,

Başa sala bilmədim övladıma-

Bunlar mənim kimliyimdir.

Hər birinin öz tarixi var.

Ağlı olan da

Öz keçmişini bazara çəkib satar?

Gördüm qoca dərin qocadır,

Sözlərində hikmət var.

Belə olur,

Mənliyini, kimliyini duyanlar...

Danışdırmaq istədim yenə,

Başını saldı aşağı, dinmədi.

Bilmədim qəhərləndi,

Yoxsa boğazına göz yaşları dolmuşdu.

Bəlkə də sadəcə yorulmuşdu...

Mən də danışmadım xeyli.

Ayrılanda dedim:

- Xətrinə dəyməsə əgər,

Bir məsləhət verərdim.

Qıllı börk altında itmiş

Bir cüt qara gözlər

Yenidən dikildi üzümə maraqla dolu.

Dedim:- Bu qədər yolu

Bir zəhmət çəkib gəlmə Həsən dikinə.

Aparıb bağışla bunları

Qaraçay muzeyinə.

Sahibini, tarixini yazıb

Qoyarlar camaki altına,

Nəsildən-nəslə qalar.

Evlərdə cürüyüncə

Muzeydə tarix olar...

Gördüm fikrə getdi qoca...

Sonra əlindəki demyəsini

Astadan çırpıb ağaca,

Külünü boşaltdı torpağa.

Şeylərini büküb palaza

Qalxdı ayağa.

Qıllı börkünün altından gizlənən

Gözlərilə bir də baxdı mənə,

Dedi:-Oğul, qocalıqdır,

Hər şeyi unuduram,


Yadımda qalmayır sözün də,

Nə yaxşı yadıma saldın,

Elə muzeyliyəm özüm də.

Qoca getdi,

Köhnə palaz arasında,

Qaraçaylıların tarixindən

Bir damla apardı...

Vurğun nə gözəl deyib:

“ Hər saxsı parçası da

Tarixdən yadigardı...”

Qoca getdi,

Baxdım ardınca

Gözdən itənə qədər...

Bir gün Qaraşay muzeyinə

Yolu düşənlər,

Camaakı ardında vəznəli bir cuxa,

Bir ləzgi xəncəri,

Bir də yəhər görəcək yəqin.

Altında sahibinin adı,

Tarixi olacaq bu yadigar şeylərin.



Yessentuki, 1980
YUXUMA GƏLMİŞDİN
Bu axşam yuxuma gəlmişdin, gülüm,

Bu da mənim ücün bir nemət idi.

Indi yuxularda mənim gördüyüm,

Bir zaman var idi, həqiqət idi...


Gördüm ki, Gülüstan bağıdır yenə,

Təbrizin üstünə enibdir axşam.

Gördüm ki, üzünü tutaraq mənə,

Dedin: - Gəl gedək, çox yorulmuşam...


Gülüstan bağından birlikdə çıxdıq,

Saatqabağına getdik yanaşı.

Ərkə məhəbbətlə dayanıb baxdıq,

Yadında qalıbmı o dərbəd başı?!


Ora çatan zaman dayandı bir an,

Gördüm ki, əlini uzatdın mənə...

Hazırsan oyanıb qalxdım yuxudan,

Əlim toxunanda sənin əlinə...


Baxdım, ətrafıma yenə də sənsiz,

Yenə də həsrətlə qəlbim döyündü.

Elə bil yenicə ayrılmışdıq biz,

Əlinin istisi əlimdə idi...


O gecə sübhədək yata bilmədim,

Ötən günlərimi yaşadım bir də.

Nə yaxşı söyləyib atalar, dedim:

“Sevinc də bir yerdə, qəm də bir yerdə.


Ömür bir aləmdir, arzu bir aləm

Arzu mənzilimə əllərim çatmaz.

Nə mən o günlərə qayıda billəm ,

Nə də günlərim geri qayıtmaz.


Fəqət azalmamış ümidim mənim,

Bir gün əllərinə çataçaq əlim.

Sənin həsrətinlə keçən günlərim

Vüsal günlərinə qovuşar, gülüm.


İyun, 1980

BİR ÇİNARAM...
Sahilsiz ümmandır sənət dünyası,

Dərya sakit olmaz, sahilsiz olmaz.

Əliboş qaytarmır o heç qəvvası,

Kimi mərcan tapır, kimi də almas.


Bir zərrə kimiyəm bu ümmanda mən,

Axı zərrələrdən yaranır ümman.

Ümmandan ayrılsam, yoxam onda mən,

Zərrələr olmasa yox olar ümman.


Bir səsəm neçə min səslər içində,

Ahəngi, mənası, çaları aydın.

Günəşə üz tutan kəslər içində,

Mən də yolçusuyam bu aydınlığın.


Bir uca çinaram yol qırağında,

Vətən nemətdir suyum, torpağım.

Bahar gecəsinin aydınlığında,

Nəğmələr ötmüşdür hər bir yarpağım.


Sahili yuyulmuş coşğun çayam mən,

Qayalar titrəyib bəzən səsimdən.

Sənin şöhrətini gərək yayam mən,

Bütün yer üzünə, Vətən, ay Vətən.


Göylər ilhlm pərim, torpaqsa məskən,

Sinəsi şerlə, sözlə doluyam.

Odlar diyarının tərənnüm edən

Bu elin, obanın şair oğluyam.



1981

MAVİ GÖZLÜ MƏRYƏM
Sarışın bir qız idi Məryəm,

Qızlar bulağından

Su içmişdi hələ.

Ayaqyalın, başıaçıq,

Küçədə oynardı rəfiqələrilə.

Gündə bir arpa boyda

Böyüyərdi Məryəm.

Kimsə bilmirdi ancaq,

Bir gün su içdi o da.

Qızlar bulağından.

Ayrıldı,

Ayaqyalın, başıaçıq oynadığı

Uşaqlıq çağından.

Ay şəfəqi kimi saçlar

Açıldı qulac-qulac,

Töküldü mərmər çiyinlərinə

Halqa-halqa.

Mavi gözlərdə ulduzlar alışdı.

Şöləsi dalğa-dalğa.

Bir gün də

Köksünün içində

Bir işıq yandı Məryəmin.

Dünya gözlərində dəyişib

Təzələndi Məryəmin.

Bu yanğının nuruna büründü

Elə bil yer üzü.

Nə oldu Məryəmə?

Bilmidi özü...

Köksündə alışan

Nə yanğı, nə hərarət idi?

Sanki əfsanəli bir aləmə

Uçurdu Məryəm.

Bəlkə bu yanğı məhəbbət idi,

Onun ardınca qaçırdı Məryəm?

Qaçırdı,

Bilmirdi bu sevincinlərində

Sarı dalğalar.

Qaçırdı,


Bilmirdi bu sevincin

Əzablı sonu var...

Hər şey gözəl idi

Gözündə onun.

Yeni bir dünya vardı

Özündə onun...

Elə bil kimsə çağırırdı Məryəmi

Var səsilə.

Məryəm gedirdi,
fəqət bilmirdi

Kimin iradəsilə.

Bilmirdi,

Sevinc allahı – get –deyir,

Əzab tanrısı - gəl – deyir ona.

Məryəm gedirdi.

Fırtınalı bir həyatın qoynuna...
Günlər, aylar ötdü,

Bir gün də Məryəm qayıtdı

Əfsanələr aləmindən

Həqiqət dünyasına...

Sığınıb qucağındakı cağasına,

Yenə də qaçırdı

Başıaçıq, ayaqyalın.

Unudub sevincin, həvəsin, idealın

Qaçırdı özü özündən,

Öz kölgəsindən.

Qaçırdı adamların tənəsindən.

Qəzəbindən, nifrətindən.

Qaçırdı,

Dünən qoynuna sıgındığı

Əfsanəli bir aləmdən -

Məhəbbətindən...

Qaçırdı Məryəm,

Kənd-kənd,

Şəhər-şəhər,

Ölkə-ölkə

Qaçırdı,

Kimsəsiz bir dünya tapıb

Sığına bəlkə...

Beləcə qaçdı Məryəm

Neçə il, neçə əsr.

Tarixin yollarina çilləndi

Ayaqlarınn qanı.

Tərk etdi

Onu damğalayan bir dünyanı...

Indi Məryəm ana

Sığınıb neçə evdə

Qaranlıq bucağa,

Baxır divardan:

Onun məhəbbətini

Boynunda gəzdirən insanlara

Heyran-heyran...


1983
BABA KOMASI

Bir kiçik koma da vətən olarmış,

Şirinli, nisgilli xatirəsiylə.

Səlim qışlağında babadan qalmış

Bir koma yolumu gözləyir hələ...
Oradan çıxdığım qırx ildir tamam,

Bir də dönmənişəm o doğma kəndə.

Fəqət o komanı unutmamışam,

Düşür xatirimə hər köyrələndə.

Bəzən də gecələr yuxuma gəlir,

Mənim doğmam kimi, yaxınım kimi.

Bu ani görüşdən qəlbim dincəlir,

Divara, qapıya sürtüb əlimi.

Onu oxşamaqdan doymuram inan.

Elə bil daş-divar gülür üzümə.

Kilidli qapı da açılır bu an,

Komada hər nə var gülür üzümə.


Tavandan asılan çıraq da yanır,

Ocaq da sönməyib bu necə sirdir,

Hər şey öz yerində durur, dayanır,

Elə bil heç nəyə əl dəyməyibdir.


Açıq pəncərənin önündən axan

Balıqlı çayı da haray qoparır.

Dayanıb baxıram mən heyran-heyran,

Ləpələr məni də alıb aparır...


Görürəm yenicə gəlmişdir bahar

Armud ağacları çiçəkləyibdir.

Xanlıq bağçasında ötür qumrular,

Neçə il keşə də yadima gəlir-

O gün də ağaclar çiçəkləmişdi,

Mən baba yurdunu tərk etdim axşam.

Atam bircə kəlmə: - Yaxşı yol – dedi,

Bir kasa su atdı arxamca anam.


Getdim, qayıtmadım bu kəndə bir də,

O bir kasa suda nə hikmət vardı-


Ağır döyüşlərdə, çətin səfərdə

Qadadan, bəladən məni qurtardı.


Tarixə dönsə də ömrün hər ili,

Yaşadım onları nigaran kimi.

Köksümün içində vətən nisgili,

Döydü sahilini bir ümman kimi.

Baba yurdunu da unutmadım mən,

Kiçik bir koma da vətən olarmış.

Yuxuda o yerə dönürəm hərdən,

Hələlik görüşlər yuxuya qalmış...


1984

ÜLVİYYƏT
Hərdən düşünürəm, bəlkə bir zaman

Mənim kitabımı oxuyan oldu.

O, sənə yazdığım şerlərimə

Bəlkə qibtə etdi, ya heyran oldu.


Yəqin xoşbəxt sanar bizi o insan,

Deyər, məhəbbətin həddinə bax bir.

Yəqin o özünün gözəlliyilə

Bir şair qəlbini fəth eləyibdir.


Elə istərdim ki, o zaman mən də,

Gələydim düyaya bir də yenidən.

Deyərdim, bilirsən bu şerləri

Axı kimə yazdım, niyə yazdım mən.


Bu nə sadə sevgi, nə adi hörmət,

Nə hicran oduydu, nə göz yaşıydı.

O mənim qəlbimdə bir el həsrəti,

Sinəmdə sönməyən söz atəşiydi.


O mənim sevincim, xoşbəxtliyimdi,

Ülvi bir amalın yavrusu idi.

Onun sinəsindən keşən ağrılar

Mənim də qəlbimin ağrısı idi.


Onun hər sözündən mənim söz dünyam,

Gecələr ay kimi işıqlanardı .

Elə bilirdim ki, mən bu dünyada

Onunçun varam, o, dünyada vardı...


O şair qızıydı böyük bir elin,

Vətən torpağında köklü çinardı.

Onun sevincindən qumlar göyərər,

Onun qəzəbindən ümmün yanardı.


Ömrünə, gününə kim yer üzündə,

Nəğmə qoşmayıb ki, qoşmayım mən də.

Hələ bunlar nədir, nə qədər şeir

Yazılmamış qaldı mənim sinəmdə...


Mənim bu hayatda qalan nisgilim,

Bir deyil, beş deyil, hansını deyim.

Mənə bu dünyada şeir yazdıran,

Həm sevincim oldu , həm də nisgilim.


Elə istərdim ki, mən bu dünyaya,

O zaman gələydim bir də yenidən.

Şerimi oxuyub qibtə edənə,

Deyərdim onları niyə yazdım mən,

Kimə yazdım mən...
1985

1   2   3   4   5   6   7   8   9   10   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə