ELƏ OĞul iSTƏYİr vəTƏN




Yüklə 1.8 Mb.
səhifə6/14
tarix22.02.2016
ölçüsü1.8 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

NƏRGIZ GÜLÜ
Çöldə qar yağır,

alov-çalpov.

Evdə külqabında nərgiz çiçəyi.

Xumar gözlərində

Həyat eşqindən yanan alov,

başında yarıb çıxdığı qarın

ağ ləçəyi.

Qara kipriklərində

neçə gecənin bal yuxusu.

Nəfəsində

torpağa hələ qədəm qoymamış

bahar qoxusu...

Əyilib qulagına pıcıldayıram:

-Çiçək olsa da adın,

əməlinlə qəhrəmansan,

qəhrəman.

Kaş, sənin kimi

bahardan müjdə gətirmək ücün

şaxtaya boranla üz-üzə durmağı

bacaraydı hər insan.



1962
TƏBRİZİM MƏNİM

1970-1980

I

Başı Səhəndə çalmalı,



Ətəyi Acıçaylı,

Quzeyi qar ətirli,

Güneyi coban haraylı,

Yayı firuzə köynəkli,

Qışı bulud örpəkli,

Yazı neysan yağışlı,

Payızı ay yanaqlı,

Ulduz baxışlı,

Sinəşi ayna göllü,

Bulaq zümzüməlı,

Dupduru kəhrizim mənim,

Təbrizim mənim.


II
Bir zaman qala divarı tək

Kərpic-kərpic hörülən,

Sonra küçə-küçə,

Məhəllə-məhəllə bölünən,

Bag meşə hüsnlü,

Qarağac təravətli,

Əmrəxiz vüqarlı,

Sirxab sənətli,

Ərk əzəmətli,

Şəmsülimari saraylı,

Gecələri sakit,

Gündüzləri haraylı,

Ay selim, ümmanım,

Dənizim mənim,

Təbrizim mənim.
III
Neçə ölkə, neçə şəhər dolaşan,

Bir ucu hicrətdən o taya aşan,

Tarixə qovuşan,

tozlu, daşlı yolların

görüşdüyü şəhər.

Karvan-karvan

qumrov səsilə oyanıb hər səhər,

Axşamlar aypara işıgında yatan.

Sinəsini güllə qabağına verib

tarix yaradan.

Məşrutə niyyətli,

Azadlıq soraqlım,


günəşim, gündüzüm mənim,

Təbrizim mənim.


IV
Babamın babasının yadigarı,

Qara gözlü,

şirin sözlü

gözəllərin,

Qəhrəman oğulların diyarı.

Keçmişi əzəmətli,

bu günü həsrətli,

gələcəyi ümid dolu,

Bir əli yaraqda,

Bir əli torpaqda,

döyüşə-döyüşə yaşayan,

həyatını, nemətini qoruyan,

Şərəfini, şəhrətini qoruyan,

iki gözüm mənim,

Təbrizim mənim.
V
Nə vaxtdır,

Gülüstan bağında olmamışam.

Ərkin tamaşasına dalmamışam,

Gözlərimin önündədir

Əmirbazarı,

Şişəgər meydanı,

Kəcil qapısı.

Yadımdadır gördüklərimin hamısı.

Gecələr xəyalımda,

Gündüzlər fikrimdəsən,

hər dəqiqə, hər an.

Yəqin sən də məni unutmamısan.

Neçə xiyabanında,

neçə meydanında

Hələ də qalır izim mənim.

Təbrizim mənim.


VI
Nağıllar nağılı,

Həqiqətlər həqiqəti,

Ömrümün acısı, şirini,

kədəri, sevinci,

şadlığı, möhnəti.

Göz yaşıma şərik,

gülüşümə ortaq,

Gəncliyimi,

dincliyimi

əmanət qoyduğum,

hər zaman nəfəsini duyduğum,

arxam, köməyim, dayağım,

dünənim, bu günüm, sabahım,

hamıdan doğmam,

Hamıdan yaxınım,

Əzizim mənim,

Təbrizim mənim.

VII
Dünən döyüşdüm səninçin,

Cəbhə-cəbhə, səngər-səngər.

Sabah da döyüşərəm,

əmr etsən əgər.

Dözmərəm ürəyi nisgilli,

alnı kölgəli olasan.

Axı sən arxamda bir qalasan.

Sənsiz mən kiməm?

Mən nəyəm?

Nə adım var, nə sanım var.

“Üzüyü qaşıyla tanıyırlar”,

Sənsən dünyaya tanıdan məni.

Elimin, dilimin vətəni.

Harayım, səsim, sözüm mənim,

Təbrizim mənim,

Təbrizim mənim.
1970
ANA DİLİ
Bir gün əsir düşmüş bir qəhrəmanı

Sorğuya, suala çəkəndə cəllad,

- Sizin əlinizdə ölmərəm!- dedi,

Məni zaman-zaman yaşadır həyat.

Dedilər:- Yaşaram!

Dedilər:- Qolunu qırarıq sənin

Silahın, kəsərin düşər əlindən.

Dedi:- Yaşaram!

Dedilər:-Qıçına gündə vurarıq,

Gəzə bilməzsən.

Başında elə bir tonqal qalarıq

Dözə bilməzsən.

Dedi:-Yaşaram!

Dedilər:- Nəyin var apararıq biz,

Bir də keçmişinə dönə bilməzsən.

Dedi:-Yaşaram!

Dedilər:- Dilini qopararıq biz,

Danışa bilməzsən, dinə bilməzsən.

Susdu qəhrəman,

Nə yaşaram dedi, nə ölləm dedi.

Söylədi:- Nə bilsən elə, ey cəllad.

Divan sənindir,

Dövran sənindir...
1970
KƏDƏRLİ, SEVİNCLİ İLLƏR
Əsrin yarısını yaşamışam,

necəliyini siz deyin, dostlar.

Həyatın dərdini,

kədərini daşımışam.

Sevincim də olub,

fəqət ötəri...

Füzuli deyib:

Ən böyük vüsal hicrandan doğub,

şadlıq kədərdən.

Mən də


Vüsal üçün hicranı yaşadıram,

Sevinc ücün kədəri.

İnanın şair sözünə,

Yalan olmaz:

Kədərsiz insan olmaz...

Özgədir mənim kədərim,

Sevinci bəlli,

vüsalı bəlli,

nikbin kədər.

Bu günümə,

sabahıma təsəlli,

dəryalardan dərin kədər.

O, mənim azadlıq sorağım,

mübarizə yarağımdır.

Yarısı səngərdə,

yarısı xitabət kürsüsündə

keçən ömrümün

qocalığı yox,

gəncliyi yox.

Bir ömrü illərə necə böləsən ki,

bir gün də dincliyi yox.

Dünənki səngərimdir

bugünki yazı masam.

Uzunlu-qısalı atəş xəttidir

misralarımın düzümü.

Yazmasam,

bağışlaya bilmərə özümü.

Mən yazmasam,

Cəbhəmizin bir səngəri susar yəqin.

Düşmən ayaq götürər üstünə Vətənin.

Məni məndən ayırar,

ömürlük kədərin ,

hicranın siqləti.

O zaman itirərəm

bu sonuncu səadəti,

Dəyişər mənasını

ümid dolu,

inam dolu,

məni həyata,

döyüşə səsləyən kədər

Sonra yüz il yaşa,

kimə gərəkdir

odun kimi,

bir-birinin üstünə yığılmış illər.

Mən yarım əsr yaşamışam

Bilmirəm az, ya da çoxdur?

Fəqət bunu bilirəm,

kədəri sevinclə,

Hicranı vüsalla

əvəz etməyincə

ölməyə haqqım yoxdur.
1971

İNSAN NƏ ZAMAN KİÇİLİR
Mən Bayron deyiləm...”

Lermantov
Bayron olmaq istəmədi

Lermantov,

Ürəkdən sevsə də onu

Sədi olmadı Puşkin.

Etiraf etsə də vurğunluğunu.

Belədir sənət aləminin həqiqəti.

kimsəyə bənzəmək istəmir yaradan.

Axı, özün varkən,

Niyə özgəsi olasan?!

Qanın qaynar,

Qəlbin alov dolu,

niyə bir başqasının

soyuq kölgəsi olasan!

Şöhrət onun,

ad onun,

səni də bənzədələr ona.

Sonra da bütün varlığın

Bu “bənzəyiş” buzxanasında dona.

Özgə ətəyində böyüyənin

boyu ətəkdən uca olmaz.

Fitrətən böyüklər

ətək altında qalmaz.

Məndən soruşsalar

Deyərəm:


Ürəksiz insan,

Barsız ağac,

özülsüz binadır.

özgəsinə bənzəyən sənət.

Çalış hamıdan öyrən,

Heç kəsə oxşama fəqət.

Bayron ol,

nə Rafael,

nə Puşkin ol.

Sənətkar olasan əgər

fəqət,

fəqət özün ol.



Bir ömür zəhmətin,

Təfəkkürün,

məhəbbətin

kömək etmirsə sənə,

özgə istedadını

pərdə etmə üzünə

Qoy bir zərrə,

bir qətrə olsun

istedadın,

təki kimsəyə bənzətməsinlər

səni,

tək özün daş yada,



hər yerdə çəkilərsə adın.
1971

ÖMÜR BİZƏ NEMƏTDİR
Dag başında yağanda qar,

Yolçuları yolda qoyar.

Ötdü gənclik, ötdü bahar,

Ömrümün xəzən cağıdır.


Keçən keşdi, çatmaz əlim,

Harda qaldı gənclik ilim.

Nə gizlədim, ay sevgilim,

Ömrümün xəzan cağıdır.


Yavaş-yavaş sönər ocaq

Bağçamdakı büsata bax.

Tökülərəm yarpaq-yarpaq,

Ömrümün xəzan çağıdır.


Ömür bizə bir nemətdir,

Gah sevincdir, gah möhnətdir.

Nə yaşadıq qənimətdir.

Ömrümün xəzan cağıdır.


Hicran məni çəkdi zilə,
dözə-dözə hər nisgilə,

Gəlib çatdım son mənzilə,

Ömrümün xəzan çağıdır.

1982

QİBTƏ
Heç kəsə paxıllıq etməmişəm,

İstər cavan olsun, istər qoca.

Həsəd aparmadım kimsəyə

ömrüm boyunca.

Bilənlər bilir,

bu belədir.

Belə də olacaq...

Atalar demiş:

“Südlə gələn sümüklə gedər”.

Yüz ildə yaşasam yenə

zidd gedə bilməyəcəyəm təbiətimə,

bu hisslərim qalacaq...

Ancaq qibtə etmişəm

iki şairin şeirinə, sözünə,

fikrinə, iradəsinə,

taleyinin təntənəsinə...

Qibtə etmişəm,

köksünə iki cahan sığan,

özü bu cahana sığmayan

şair babamız Nəsimiyə.

Yer mənəm, göy mənəm, ümman mənəm,

Yaradan da mənəm, insan da mənəm,

Mən həqqdən zərrəyəm həqq özü məndə,

Heç zaman ölməyir həqq

yer üzündə

Deyə-deyə dar ayağına – ölməzliyə gedən

Məğrur babamız Nəsimiyə

Qibtə etmişəm.

Macar oğlu Şandor Petefiyə də.

Şeirlərində azadlıq həsrəti,

Qəlbində Vətən məhəbbəti.

Sözlərin kəsərilə

Məclis-məclis döyüşdü

Vətən düşmənlərilə.

Bir gün də

Sakit Dunaya düşdü

zağlı qılıncının şöləsi.

Səngərdən ucaldı

Dünən xitabət kürsüsündən

Eşidilən səsi...

Şair qəhrəman oldu,

Vuruşdu Vətən yolunda,

Azadlıq yolunda.

Neçə-neçə vətən oğlunun

Ömrü birləşdi onda.

Vuruşa-vuruşa qovuşdu

Həyatın zirvəsinə.

Şeirlə başlayan ömür

Qılınc meydanında sona yetdi.

Indi mən qibtə edirəm

Patefinin taleyinə, iradəsinə.

Axı, hamıya qismət olmur,

Yaza-yaza yaşaya,

Döyüşə-dötyüşə yaşaya,

Ölə, yaşaya.

Şeiri dillərdə,

Şöhrəti ellərdə,

Adı nəsillərdə yadigar qala.

Axı, hamıya qismət olmur,

Ömrü nə səksən, nə yüz ola.

Ən çoxu otuz ola.

Ancaq ömür ola,

ÖMÜR...
1971
XƏZƏR KÖKSÜMDƏDIR
Xəzər köksümdədir,

Fırtınasıyla, tufanıyla.

Xəzər köksümdədir

Neçə əfsanəsi,

Nağılı, dastanıyla.

Hər dalğası elə bil ağ mayadır,

Karvandan üzülüb,

Ümmandan üzülüb,

Sahilə gəlir.

Axı, ovsarını qıranlar

Həmişə belə gəlir...

Xəzər köksümdədir,

Qızılı qumu,

Yalçın qayasıyla.

Gündüz od ələyən günəşi,

Gecələr ayparasıyla.

Xəzər köksümdədir,

Sığınıb sinəmə

Əzizlərimdən ən əzizi kimi.

Gətirmişəm onu şəhərə

Ötən günlərimdən qalmış

Güzgü kimi.

Sizi də gətirmişəm

Ey sahil qumu üstündən ayrıldığım

Dostlar, tanışlar.

Axı, Xəzər olmasa,

Siz olmasanız

Sinəm boş qalar.

Xəzər köksümdədir

Mavi gözlü,

Gülər üzlü,

Duzlu Xəzər.

Belə də qalacaq

Gələn il,

Sahildəki görüşümüzə qədər.

Indi yadınıza sahil düşsə!

Xəzər düşsə, məni anın.

Indi yadınıza dənizdən doğan

Səhər düşsə, məni anın.
1971
DƏNİZƏ YAĞIŞ YAĞIRDI
Dünən şıdırığı yağış yağırdı,

Sahildəki adamların

hərəsi qaçdı bir yana.

Qabar-qabar oldu

Dənizin sinəsi,

Qaldı yana-yana...

Buludlarımın isti göz yaşındanmı,

Yoxsa qəlbinin təlaşındanmı

Tutuldu, bulandı dəniz?

Qaraldı, bozardı,

Fəqət dayandı dəniz.

Qabar-qabar yandı dəniz...

Təmkinini itirmədi ancaq.

Çəkildi buludların karvanı,

Çəkildi üfüqə sarı.

Şəfəqlər töküldü sulara,

Qızıl, sarı...

Yenə gəldi insanlar,

Ikibir, üçbir.

Yeni açdı qollarını

Dəniz sahil boyu.

Axı dəniz mehribandır,

Dəniz təmkinlidir.

1972

DƏNİZLƏ OAYIZ GÖRÜŞDÜ
Dünən görüşünə getmişdim Xəzərin.

Düşündüm yol boyu, -

Atılacağam qucağına ayrısı tək.

Yəqin o açıb qollarını

Qucaqlayacaq boynumu,

Necə də sevinəcək...

Sevinəcək,

Bu köhnə dostunun görüşünə.

Sevincək,

Bu payız günündə

Onu xatırlayıb

Gəlmişəm yenə.

Getdim,

Insanların izi çoxdan silinmiş



Sahil qumlarına

Təzə izlər sala-sala.

Yaman həyacanlı idim,

Nəfəsim tutulurdu az qala...

Dayandım ləpədöyəndə,

Dayandım xeyli.

Dəniz bir az qəzəbli göründü mənə,

Bir az gileyli.

Dayandım onunla üz-üzə,

Ancaq üzümə baxmadı.

Bahardakı kimi sevinə-sevinə

Qarşıma çıxmadı.

Əyilib öpdüm dodaqlarından,

Bir parça duz idi,

Dinmədi xəzər.

Əlimi çəkdim köpüklü saçlarına,

Bumbuz idi,

Isinmədi Xəzər.

Baxdım sahil boyu,

Bir nəfər görüb soruşuram:

Nədən gileylənib dəniz?

Xətrinə kim dəyib görən?

Sualsız da bildim

Xəzərin inciməsini

Sahilin kimsəsizliyindən.

Oturdum dalğaların sahilə atdığı

Bir kötük üstündə.

Oturdum qüruba kimi.

Açılmadı qaşqabağı dənizin,

Soyumadı qəzəbi...

Ayrıldıq,

Əlimdə dalğaların soyuğu,

Dodağımda duzu qaldı.

Yol boyu düşündüm,

Yəqin mənə deməli

Nə qədər sözü qaldı...

Inadından dönmədi, bilirəm.

Nə eybi var,

Bir də gələrəm,

Iki də gələrəm...

Barışarıq,

Danışarıq.

Inanar, nankor deyil insanlar,

Dərk edən də var,

Naşı da.

Deyirəm: - Xəzərim mənim,

İki gözüm mənim.

Axı, yer üzü həmişə bahar olmur,

Dünyanın payızı da var,

Hətta qışı da.


1972


TACİR VƏ MƏCNUN

Qədim Ərəbistan,

Qumlu səhradan

Tozlana-tozlana gələn karvan

Bir dağ ətəyində açır yükünü.

Bulağın yanında o bütün günü,

Dincələcək yəqin qaş qaralınca.

Sonra da yenidən düşəcək yola.

Bulağın üstündə bir cüt söyüd var,

Burda mənzil edir hər gün karvanlar.

Xalçanın üstündə oturmuş tacir,

Beynindən qəribə fikirlər keçir:

“On gün yol gəlmişik, bir həftə də var,

Bazar, bazar olsa yəqin mallar

Beş günün içində satılar hökmən.

Sonrada yenidən düşərik yola...”

Bu vaxt tacir görür dağ cığırıyla

Düz bulağa sarı gəlir bir nəfər,

Saçları dağınıq, özü mükəddər.

Gəlir, yanında da bir bala ceyran,

Gəlib su içirlər onlar bulaqdan.

Qayadan onu səsləyir tacir:


- Ey Allah bəndəsi, de, adın nədir?

Kimsən, nəkarəsən, hara gedirsən?

Gəl otur söhbət et, darıxıram mən.

Bəlkə də yolumuz bir oldu elə,

Səni apararam onda özumlə.
MƏCNUN
Adımı soruşdun?

Qeysdir adım.

Mənim su içməkdir fəqət muradım.

Onunçun da enib gəldim bulağa.

Səninlə yolumuz bir deyil, ağa.

Tamam başqa yolun yolçusuyam mən.

Mənə yoldaş olsan ziyan edərsən.
TACİR
Bəlkə bir səyyahsan?

Abidsən yəqin,

Abidə oxşayir elə görkəmin.

Sən gəl o ceyranı bağışla mənə,

Üç qızıl verərəm onun yerinə.

Təam hazırlayar qulamlar ondan,

Özün də tacirə qonaq olarsan.
MƏCNUN
Üç qızıl verərsən dedin ceyrana?

Əsl tacirmişsən inandım buna.

Səndə insaf hanı, mürüvvət hanı,

Üç soyuq qızıla verim canlını?


TACİR
Soyuq qızıla yox, sikkəyə, pula.
MƏCNUN
Yaxşı ki, tacirsən sən bu ağılla.

Qızıl ki, pul oldu, əslindən çıxdı,

O indi qızıl yox, bir oyuncaqdı.

O gah təam olar, gah mətah olar,

Bir kisədən çıxıb birinə dolar...
(Bir şey dərk etmədi bu sözdən tacir)
TACİR
De görək bəs sənin tələbin nədir?

Bəlkə də şal verim, ya qumaş verim?

Ya qul bağışlayım, qarabaş verim?

Ərəbsən, yerlisən, bizsə yol ötən,

Bilmirəm sən necə rəva bilirsən,

Qonağın ac gəlib, ac getsin burdan?

Bil ki, razı qalmaz bundan Yaradan.

MƏCNUN
Acsınız? Belə de! Gözləyin əlan,

Mən yemək gətirim sizə obadan.

Ancaq, əziz qonaq, bunu yaxşı bil

Bu ceyranı satmaq heç mümkün deyil.

Axı, necə satım bir yaranmışı?

Bundan yaradanın gələrmı xoşu?

Onu da bizim tək yaratdı Tanrı,

Onun əlindədir öz ixtiyarı.

Nə olsun o zəif, sən qüvvətlisən.

Gücün çatanları məhv edəndə sən -

Onda canavarla səndə nə fərq var?

Bir gün də o tutub səni parçalar.
TACİR
Onu təam üçün yaratmış Allah,

Burda nə zərər var, nə də ki, günah.


MƏCNUN
Elə vəhşilər də bu yolla gedir!

Güclü gücsüzləri məhv etməlidir.


TACİR
Nəyinə gərəkdir onda bu heyvan,

Salıb öz arxana dolandırırsan?


MƏCNUN
Mən onu tutmadım, o özü gəldi,

O məni özünə bir arxa bildi.

Bir quş bir budağa sığındığı tək

O mənə sığınıb, qoruyum gərək.


TACİR
Bilirsən, böyüsə gedəcək bir gün.
MƏCNUN
Təəccüblü deyil bu hal mənimçün,

Ya gedər, ya bir gün qocalıb ölər.


TACİR
Acığın gəlməsin, yaxşı deyiblər

Hərəmiz bir cürə dəliyik, düzü.


MƏCNUN
Hamıya yaraşmaz məcnunluq sözü.

Siz bir tacirsiniz, dövlət hərisi,

Min dinar səcdəyə gətirər sizi.

Cünunluq aləmi özgə aləmdir.


TACİR
Mənim müsahibim tanıdım kimdir.
MƏCNUN
Çəkinməyin, deyin, Məcnunam, bəli,

Adı dildən-dilə gəzən bir dəli.

Yox, o mən deyiləm özgəyəm tamam,

Mən eşqin yeganə havadarıyam.

Bir rəvayət deyim sizə, ey qonaq.

Bizdən neçə-neçə əsrlər qabaq,

Qədim Yunanıstan torpaqlarından.

Dost imiş məhəbbət cünunluq ilə,

Deyirlər onların mehribanlığı

O vaxt dastan olub düşmüşdü dilə.

Sözü bir, sirri bir bu iki yoldaş

Bir yerdə gəzirmiş kəndi, şəhəri.

Hicrandan, möhnətdən, kədərdən uzaq,

Gəlib ötər imiş ömrün günləri.

Bir gün də səfərə çıxırlar onlar,

Yol uzaq, getdikcə uzanır söhbət.

Cünunluq köpürüb daşır sel kimi,

Onu təsdiq etmir yenə məhəbbət.

Cünunluq köpürüb daşır sel kimi,

Məhəbbət çox sakit tutur özünün.

Cünunluq hirsini soyuda bilmir,

Əl atıb çıxarır onun gözünü.

Məhəbbət kor olub qalır səhrada,

Dostusa sarsılır öz əməlindən.

Haçandan-haçana gəlir özünə,

O, kor məhəbbətin tutub əlindən,

Gedirlər... indisə kədərli məhzun.

Tanınır hər yanda bu iki nəfər.

Odur el içində o vaxtdan bəri

“Məhəbbətin gözü kordur” deyirlər.

Cünunluq vəfasız çıxmır dostuna,

Ürəkdən-ürəyə daşıyır onu.

Ağasına sadiq əzabkeş kimi

Onu dolandırır ömrü uzunu...

Çox məcnunla olub, eşqin yolunda,

Çox aşiqlər gəlib, getmiş cahana.

Indi məhəbbətin mənəm həyanı,

Indi məcnun etmiş məni zəmanə...”

Döyüb gözlərini dayanır tacir,

Onun gördükləri yuxudur, nədir?

Bu haman Məcnunmu Leyliyə vurğun?

Bu haman gəncmidir həsrətdən cünun?

Bu haman aşiqmi həyata küskün?

Bu haman Qeysmi, demiş mənimçin –

Ən müqəddəs Kəbə Leylidir, Leyli?

Əgər bu o isə, hanı o dəli?..


Heyrətlə dayanıb baxanda tacir,

Məcnun da başını bulayıb gedir.

Bilir ki, bu kişi dərk etməz onu,

O, Leyli, bu sərvət divanəsidir.


1974
DƏNİZ ƏSƏBİDİR...
Bu axşam nə ay var,

Nə ulduz var dənizdə.

Qapqara qatran tökülmüşdür

Sanki dənizin yerinə.

Nə də işıq salır

Xəzərin qumlu sahillərinə

Çıraqların düzümü.

Tək qalıb dəniz,

Tək-tənha...

Bu axşam tükənib

Dənizin dözümü.

Elə darıxır ki,

Dindirsən ağlayacaq ha!..

Heç vaxt belə görməmişdim

Dənizi tək-tənha...

Tora düşmüş kimi

Yatağında çapalayır,

Ancaq səssiz-səmirsiz.

Heç inanmazdım,

Fırtınasız, dalğasız da

Qəzəbli olar dəniz.
1975


İLDIRIM VƏ DƏNİZ
Dünən bir tiyə ildırım

Düşdü Xəzərə,

Çalxalandı dəniz.

Üfüqdə qara buludlar bağırdı,

Qorxudan yarıldı qaranlığın bağrı.

Dedim, doğradı dalğaları yəqin,

Təbiətin bu odlu kəsəri.

Nigarançılıq içində açdım səhəri...

Səhər üfüq qızarmışdır,

Nə buludlu, nə dumanlı idi.

Bir qədər həyəcanlı idi.

Söndürsədə qəzəbilə

Ildırımın alovunu,

Axşam şahə qalxan dalğaların

Hələ yığmamışdı cilovunu.

Elə bil dəniz

Yanırdı için-için hələ də.

O meydan oxuyurdu elə bil

Üfüqə də, sahilə də...
1975
DƏNİZƏ GÖZ YAŞI DEMƏYİN...
Dənizə göz yaşı deməyin,

Deməyin: “Göylərin göz yaşıdı dəniz.”

Dənizə üzük qaşı deməyin,

Deməyin: “Dünyanın üzüyünün

Qaşıdı dəniz...”

Deməyin, duzludur

Donmaz

Dəniz.


Deməyin bilə-bilə.

Bəs nədən göz yaşı donur

Gilə-gilə!

Deməyin, yanan görməyiblər dənizi həılə.

Ancaq göz yaşı elə yanır

Nə közə çevrilir,

Nə də külə...

Dəniz yanardı,

Bir qətrə göz yaşı olsaydı.

Dəniz donardı,

Bir qətrə üzük qaşı olsaydı.

Dənizə göz yaşı deməyin,

Amandı, yana bilər,

Dona bilər...

Dünya dənizsiz qalar onda.

Insanlar dənizsiz qalar onda...

Bütün gözəlliyini itirər

Yer üzü.


Dənizə göz yaşı deməyin,

Nə edirik donan dənizi,

Yanan dənizi.

Nə yaxşı ki, dəniz var dünyamızda,

Təlatümlü, çağlayan dəniz.

Nə yaxşı ki, beynimizdə,

Şüurumuzda dəniz var –

Heç zaman ovunmayan dəniz.



1975

MİNNƏTDARLIQ
Səma qapqara,

Ətəyi yağışlı buludlar uçur

Cənuba sarı.

Dünya qaranlıq içindədir

Gecəyarı...

Gedirəm,


Ümidilə ümidsizliyin,

Həyatla əbdədiyyətin arasında.

Hər yan zülmətə dönüb

Gözlərimin qarasında.

Fikirlərim qırıq-qırıq,

Nitqim kəsik-kəsik

Ümidin yolunu kəsib

Ümidsizlik...

Elə bil sahildən ayrılmış

Buz parçası üstündə

Üzürəm ümmanın dərinliyinə.

Qışıqrmaq istəyirəm:

– Kömək edin mənə!

Bacarmıram.

Dünyamı məndən ayrılır,

Mənmi dünyadan?

Hər şey uzaqlaşır,

Hər şey çəkilir əlçatmazlığa.

Daha heç nə,

Heç nə bilmirəm.

Bilmirəm neçə anlığa...

Birdən gül ətri duyuram,

Nağıllarda gül qoxlayıb

Ayılan qəhrəmanlar tək.

Açıram gözlərimi,

Başımın üstündə bir dəstə çiçək.

Yarpaqlarında günəşin hərarəti,

Torpağın səxavəti.

Ləçəklərində səhər şehi,

Dayanıb baxırlar mənə

Kirpiklərində göz yaşı donmuş

Gözəllər təki.

Elə bil ilk dəfə görürəm

Həyatda gül var, çiçək var.

Düşünürəm,

Ümidsizliyin əlindən alıb məni

Yəqin ki, ağ xalatlılar.

Bir gün də yapışıb əllərimdən

Qaldırır həkim.

Qalxıram, qəlbimdə günəşin hərarəti,

Üzümdə həyatın təravəti,

Qanımda insan ülfəti...

Elə bu an

Şəfqət bacısı?

Qəlbimə hopur bu ayrılığın acısı.

Düşünürəm,

Qüdrətim ola

Qaytaram həyata onları.

Yatağımın baş ucunda

Mənə baxa-baxa saralıb solanları.

Istəyirəm qışqırıb deyəm:

–Aparmayın!

Gətirin gülləri.

Gətirin qoyun yerinə.

Eşidin,

Yenidən həyata qayıtdığımçın



Minnətdaram

Insan zəkasına,

Bir də vətən nemətlərinə...
1975

QARTALIN ÖLÜMÜ
Səmada vüqarla süzürdü qartal,

Bir namərd gülləsi onu haqladı.

Yumdu qanadını qəzəblə dərhal,

Sanki asimanı o qucaqladı.


Qartal hiss etdi ki, bu mavi göylər,

Ondan uzaqlaşır...

Bilirdi yəqin

Göydən ayrılanlar yerə enirlər.

Ancaq o istədi göylərdə ölsün.
Fəqət vəfasızmış səma da, dağ da,

Öldürsə bu nisgil öldürər onu.

Bu çətin, bu ağır, bu dar ayaqda

Gör kimin əlinə verdilər onu.


Bir daş parçası tək dərəyə düşdü,

Sanki dünya qopdu öz məhvərindən.

Qartal ki dərəni heç görməmişdi,

Qəzəblə, nifrətlə qalxdı yerindən.


Qıy vurdu, sədası yayıldı dağa:

– Bu miskin dərədə ölə bilmərəm.

O uçmaq istədi,

Düşdü torpağa,

Yenə də gözündə qaraldı aləm...
Süründü, süründü o bütün günü,

Nə qədər cığırdan, kolluqdan ötdü.

Günəş qızardanda göyün üzünü,

O, suyu dupduru bir gölə yetdi.


Qartal heyrət ilə dayandı bir an,

(O göl əks etmişdi göyün üzünü.)

– Məndən aşağıdır yenə asiman –

deyərək, qayadan atdı özünü.


Qartalı qoynuna elə aldı göl,

Sanki bir ox düşüb suları dəldi.

Onun xəyalında elə qaldı göl,

Sandı ki, buludlu göylərdə öldü.


1975
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə