ELƏ OĞul iSTƏYİr vəTƏN




Yüklə 1.8 Mb.
səhifə5/14
tarix22.02.2016
ölçüsü1.8 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

MƏNIM BIR NƏNƏM VARDI...
Bu gözəl dünyada

Mənim bir gözəl nənəm vardı.

O, geyimi,

sakit yerişi,

ağır tərpənişi,

titrək əllərinin mehriban nəvazişi ilə

başqa nənələrə oxşardı.

Nənəm hər gün obaşdan durar,

əvvəlcə namazını qılar,

sonra düz bir tabaq xəmir yoğurar,

təndiri qalardı.

Dan söküləndə

Karvanqıranı yola salardı,

sonra da astadan deyərdi:

- Durun, ay uşaqlar.

Xəmir əldən getdi.

Qalxardı yataqdan gəlinlər, qızlar....

Mən bilməzdim o zaman

dünyada nə var.

Səhər gözümü açıb

otağın baş ucunda

cərgə - cərgə düzülmüş

üstü naxışlı fətirləri görərdim.

Bir də


təndirin qırağında qaynayan çaydanı.

Mən belə görmüşdüm dünyanı....

Bir gün

evimizdə hamıdan qabaq duran,



fətir bişirib, çay qoyan,

bizi işə, zəhmətə,

ruziyə, nemətə

səsləyən nənəm,

evimizdə hamıdan qabaq

getdi bu dünyadan....

Nənəm öldü...

Özü demiş

biz onu “axirət evinə” yola saldıq,

hamımız nənəsiz qaldıq.

Atam şəhərdən zəngli bir saat aldı,

bizi vaxtında oyatsın.

Gəlinlər, qızlar hərasan yatdılar,

xəmir vaxtında gəlsin,

təndir vaxtında çatsın.

Nəvələr də yata bilmədilər doyunca.

Sübh olunca

Qaldırdılar bizi,



  • Ey, tənbəllər, qalxın yuxudan.

Durun, durun.

Su gətirin,

Çaydanı doldurun...

Hamı deyirdi bir – birinə.

Ancaq

nənənin yeri görünürdü yenə.



Günəş qalxır,

atam öküzləri qoşurdu.

hələ nə çay qaynayır,

nə də fətir bişirdi...

Elə bil nənəmlə getmişdi

evimizin nizamı, qaydası,

Nə gəlinlərin harayı,

nə də saatın sədası,

sakit yerişli,

ağır tərpənişli

nənəmin yerini vermirdi.

Niyə?


Heç kəs bu sirri bilmirdi.

Hər səhər oyananda

yadıma düşürdü,

otağın baş ucunda

çin – çin yığılmış

üstü naxışlı fətirlər.

Bir də

təndirin qırağında qaynayan çaydan.



Sonra...

Eh...nə deyim....

Bir zaman....

Bəli, bir zaman

Bu gözəl dünyada

mənim də bir gözəl nənəm vardı,

Evimizdə o hamıdan qabaq oyanardı....

1968

QAYA ÜSTÜNDƏ ÇINAR
Qaya üstündə tək çinar...

Meşədə min-min.

Meşədən keçsəm də

Gözlərim qayada qalmış mənim.

Görəsən, orada necə bitmiş o?

Bəlkə bir əkən olub?

Görəsən nə zamandan bəri

Elə vüqarla durub?

Görəsən neçə nəfəri yoldan edib,

Neçə kitabda adı, nişanı var?

Görəsən necə qalır tənha?

Axı, nə bir həmdəmi,

Nə də həyanı var.

Görəsən, meşədə bitsəydi nə olardı?

Adi çinarlardan biri.

Nə əqli heyran edərdi,

Nə də nəzəri.

Nağıllardakı kimi

Susuz bir səhrada bitəydi bəlkə?

O zaman,


Yorğun bir dəvə karvanı,

Çinar altına bulaq,

Bir də sərinlik-kölgə...

Necə də qəribə olardı.

Yox!

Nəyə lazım bu sadalamalar!



Bütün bu təkrarlardan qaçaraq yəqin

Son nöqtəsin fəth etmiş zirvəliyin.

Adicə doğulsa da,

Adicə yaşamayıb o.

Çinar adını da

Adicə daşımayıb o.

gəlişindən xəbər tutan,

Nə də gedişini bilən ola.

Birinin kölgəsinə sığına,

O birinin günəşini əlindən ala.

Yox, belə olmadı o.

Nə zaman ki doğuldu

Qayaya vüqar verdi,

Zirvəyə əzəmət.

Görünüşü də nemət oldu,

Həyatı da nemət.

Ruzgara sinə gəlib zaman-zaman

Nə əyildi,

Nə də qurudu.

Durdu,


Vüqarla durdu!

Kim bilir

Bir gün vüqarla da sınacaq yəqin.

O zaman buradan keçənlərin

Yenə nəzərləri keçrilib

Qayaya sarı,

Deyəcəklər:

-Bu qaya başında bir çinar vardı,

neçə illər idi vüqarla yaşardı...

Krım, 1968
ŞAHIN VƏ KORAMAL”
Yer üzərində bir ada var,

Xəritədə, kitabda

Adı qeyd olunmamış bir ada.

O, indi məlum olsa da

Nə Magellan kəşf edib onu,

Nə də Kolumb.

Ancaq neçə əsr əvvəl

Burada hansı hökümdarsa olub,

əmr edib,

bir qala tikilsin

sıldırımların dənizə qovuşduğu yerdə.

Nə “Qız qalası”,

Nə “Məkr”,

Nə də “Məhəbbət”...

Fəqət,

Kiçik otaqlar,



Barmaqlı pəncərələr,

Bir də,


Qalanın üstündə bir meydan.

Sonra da yelkənli qayıqlar

Zaman-zaman

Neçə keşikçi,

Neçə dustaq daşımış bura.

Ağır qıfıllar vurulmuş

Kiçik qapılara...

O vaxtdan insan səsi,

Insan nəfəsi.

Bir də axşam

Göydə ulduzlar yananda

Titrək-titrək alışan

Şamların şöləsi

Ucaldı qaladan.

Ağır-ağır ötdü zaman,

Səhər günəş doğdu,

Axşam batdı...

Axşam ulduzlar doğanda

Yatan dustaqları

Səhər keşikçilərinin

Addım səsləri oyatdı.

Beləcə yeknəsəq keçdi aylar...

Bir yaz günü

Qala meydanında

Yanında silahlı keşikçi

Bir məhbus günə verirdi özünü.

Yenə göyün əyrisilə birləşən dəniz

Tənbəl-tənbəl yırğalanır,

Yenə günəşin şəfəqləri

Ləpələr üstündə yanır,

Yenə dalğalar aramsız

Yalayırdı qalanın təməl daşını.

Məhbus birdən qaldırıb başını

Baxır səmaya,

Tala-tala buludlara,

Bir də əli silahlı keşikçiyə.

Məhbususn bu qəribə baxışından

Gözətçi diskinir elə bil:

-Niyə belə baxırsan, niyə?!

-Görmürsən,

(Göyləri göstərir ona)

çayda üzən buz parçası tək,

necə topalaşıb buludlar?

-Nə olsun?!

-Bahardır, ay qardaş, bahar.

Nə olsun!

-İndi kənddə çəmənlər göyərib,

gömgöydür

lap bu dəniz kimi.

Gündüzlər qar əriyib

Gilə-gilə,

Damcı-damcı.

Axşamlar qayalardan buz sallanır

Sərnizəniz kimi.

-Nə olsun?

-Uşaqlar irmaqdan, gölməçədən

atlana-atlana

otarmağa aparır qoyunları.

Baharda kənddə olmusanmı barı?

-Yox.


-İndi yaylaqda alaçalpov,

aranda yağış yağır.

Qızlar qüzeylərdən novruzgülü,

Güneydən tərə yığır...

Çoban qaya üstündə oturub

Lap mənim kimi, belə.

Neçə-neçə nəğmə deyir

Kənd gözəllərinə.

Qarğı tütəyin diliylə

Bilirsən, necə çalır?

-Bayatısı dağlara səs salır...

İndi cavanlar

Boyunduruqdan aşırıb xışı

Üç ay qışı

Tövlədə yeyib, yatan öküzləri

Xamdan çıxarırlar xırman yerində.

-Nə olsun?!

-Bircə vəsiyyətim var,

ömründə bircə gün olsa da

get kəndə.

Gözlərinlə gör

Bahar günəş altda necə buxarlanır

Ceyranın gözü kimi qapqara,

Qızılgül ətirli,

Neçə nemətli

Torpaq.


-Eh, nə olsun...

Bundan mənə nə olacaq!

-Mən kənddə doğulmuşam.

Kənddə keçib

Ömrümün acılı, şirinli günləri.

Torpaq yedirdib,

Torpaq böyütmüş məni.

Atam da, babam da kənddə yaşadı.

Kənddə öldü.

Oğlum da, qızım da kənddədliər indi.

Görəsən nə edirlər mənsiz

Nə gözəl günlər idi,

Hər bazar cütə gedirdik

Oğlumla ikimiz.

O yer sürər,

Mən toxum səpərdim.

O suvarar,

Mən arx çəkərdim.

Sonra da bir bulaq başında

Süfrə açıb,

Nəyimiz vardısa

Ağız ləzzətiylə yeyərdik.

Axşam evə dönəndə

Gah qəmli,

Gah da sevinc dolu

Nəğmə deyərdik...

Eh, nə gözəl günlər idi...

O zaman


Oğlumun on yaşı vardı,

Qızımın səkkiz.

Görəsən nə edirlər indi.

Onlar mənsiz...

Məhbus fikrə getdi...

Birdən qalxdı ayağa,

Gözlərində alışan qığılcım

Sərnizədə əks etdi.

Sonra da toqquşdu

Dəmirçi ocağı tək alovlu,

Bir də buz kimi donmuş baxışlar.

Məhbus dedi:

-Deyirsən, orda nə var?

Həyat, bir də azadlıq!

Bilirsən azadlıq nədir?!

-Bilirəm.

-Yox, bilmirsən!

Bilsəydin gözətçi olmazdın.

Bilsəydin bu qala divarları arasında

Bircə gün qalmazdın.

Yox, bilmirsən!

Bilmirsən, yazıq.

Axı biz insanıq!

Sən bilmirsən bunu,

Insanın azadlıq üçün doğulduğunu.

Bilsəydin...

Deyən məhbus

Birdən qollarını geniş açdı,

Qalanın başından

Şahin kimi uçdu.

Uçdu kəndin baharına ...

Çobanın mahnılarına...

Ətir qoxulu torpağa...

Uçdu həyata,

Insanlara,

Azadlığa...

Gözətçi çiyinlərini çəkdi təəccüblə...

Sonra elə bil yuxudan oyandı,

Bir addım atıb

Ancaq yenə dayandı.

Baxdı,

Hər şey əvvəlki kimiydi yenə...



Dəniz üfüqlə birləşib,

Günəşin şəfəqləri ləpələrə düşüb,

Dalğalar qalanın təməl daşını döyürdü...

Fəqət o görmədi,

Dənizdə bir nöqtə var.

Orada sular halqa-halqa böyüyürdü...

Sonra da üzürdü ləpələrin çiynində

Sahilə sarı...

Gözətçi görmədi

Bir məhbusun

Həyat,

Torpaq,


Azadlıq arzuları

Necə də can atır

Sahilə sarı...

1968
NƏ YAXŞIKI BAHAR VAR...
Bağda sarı yarpaqları

Harayasa daşır bir qoca

Kiçik əl arabasında.

Bir kədər duyuram

Yarpaqların bağı

Beləcə tərk etməsində.

Bir zaman vardı,

Bu yarpaqlar yaşardı

Çinar budaqlarında.

Səsi də var idi, nəğməsi də.

Çadır-çadır kölgəsidə.

Indisə,


Bir arabaya yığılıb qalaq-qalaq

Harayasa atılacaq...

Bu da bir həyatdır,

Yarpaq həyatı...

Bu da bir ömürdür,

Yarpaq ömrü.

Gedənlər qayıtmır bir də geri.

Gəldin,


Yaşadın,

Getdin...

Demək hər şey bitdi...

Düşünürəm,

Nə yaxşı ki, bağ var,

Çinar var.

Nə yaxşı ki,

Təbiətdə bahar var.



1969
* * *
Yağış yağır, yer doymaz,

Mən səndən necə doyum”
Sən sısğa yağış kimi

Elə hopmusan qəlbimə

Aram-aram,

ulduzlu göyərçin,

Nə günəşli gündüz üçün

Darıxmıram...

Qoy həmişə yağış yağsın,

Özü də sısğa, narı-narın.

Qoy həmişə kipriklərimdə

Müncuqlansın damcıların.

Yağış nemətdir,

Yağış məhəbbətdir...

Mən şadırğısına da dözərəm,

Islanmışam başdan-ayağadək.

Kaş sən qərarını dəyişməyəsən

Ey mələk...



1968
ETIRAF
Nə qədər yanımdasan

Adicə görünürsən mənə,

Lap adi.

Deyirəm, dünya belə yaranıb yəqin.

Elə hər yerdə belədi...

Dibçəkdən gülün qönçəsi,

Otaqların səliqəsi,

Adicə haldır.

Tavanda çıraq yanar,

Mətbəxdə ocaq.

Çörək isti olar,

Su sərin.

Hər yerdə qayğını görsəm də sənin

Belə gəlir mənə,

Bu adicə haldır yenə...

Heç yadıma düşmür

Dünyanın payızı var,

Qışı var.

Bircə gün olmasan

Dibçəkdə çiçək solar,

Mətbəxdə ocaq sönər,

Tavanda çıraq.

Bu kiçik dünyamız

Sənsiz zülmətə dönər.

Ancaq,

Nə qədər yanımdasan



Düşmür yadıma bunlar, düzü.

Elə ki uzaq düşürəm

Buludlu gecələrdə ulduza dönürsən,

Gözlə yox,

Xəyal aləmində görünürsən.

Işığın, hərarətinə möhtac,

Nəfəsinə, məhəbbətinə möhtac,

Bircə anına ehtiyac duyuram.

Özünü tapa bilməsəm də,

Xatirələrini qoruyuram.

Kədərimi bölməyə,

Sevincimi deməyə

Səni anıram.
Yanımda olsaydın

Inanıram,

Sevincimlə gülüb,

Dərdimi ümidlə bölüb,

Sonra sarı cildli dəftərini açıb

Ürəkdən yana-yana,

Vüsal dolu bir şeir oxuyacaqdın

Ayrılığın namına.

O zaman

Pərdə-pərdə,



Addım-addım çəkilərdi

Kədər də, qəm də.

Axı nisgil ömürlük olmur

Ümid olan bir aləmdə...

Elə ki uzaq düşürəm səndən

Xatirələrini qoruyuram,

Onları itirməyim barı.

Novruzgülü kimi

Qar altında oturub

Gözləyirəm baharı.

Elə bil sənsiz

Nə bahar gələcək,

Nə də mən qızınacağam.

Elə bil sən asiman,

Mən torpağam

Günəşinə də öyrənmişəm,

Yağışına da,

Gülüşünə də adət etmişəm,

Göz yaşına da.

Bəlkə elə buna görədir

Nə qədər yanımdasan

Adicə görünürsən mənə.

Elə ki, uzaq düşürəm

Dözə bilmirəm həsrətinə.

Qayğına, özünə möhtac.

Heç nədən nəfəsinin ətrini

Ala bilmirəm.
Bəlkə elə buna görədir,

Hara getsəm

Bircə ay qala bilmirəm.

1969
QIBTƏ
Heç kəsə paxıllıq etməmişəm,

Istər cavan olsun, istər qoca.

Həsəd də aparmadım kimsəyə

Ömrüm boyunca.

Bilənlər bilir,

Bu belədir.

Belə də olacaq...

Atalar demiş:

“Südlə gələn sümüklə gedər”.

Yüz il də yaşasam yenə

Zidd gedə bilməyəcəyəm təbiətimə,

Bu hisslərim qalacaq...

Ancaq qibtə etmişəm

Iki şairin şeirinə, sözünə,

Fikrinə, iradəsinə,

Taleyinin təntənəsinə...

Qibtə etmişəm,

Köksünə iki cahan sığan,

Özü bu cahana sığmayan

Şair babamız Nəsimiyə.

Yer mənəm, göy mənəm, ümman da mənəm,

Yaradan da mənəm, insan da mənəm,

Mən həqdən zərrəyəm həqq özü məndə,

Heç zaman ölməyir həqq yer üzündə

Deyə-deyə dar ayağına-ölməzliyə gedən

Məğrur babamız Nəsimiyə

Qibtə etmişəm.

Qibtə etmişəm.

Macar oğlu Şandor Petefiyə də.

Şerlərində azadlıq həsrəti,

Qəlbində vətən məhəbbəti.

Sözlərin kəsərli

Məclis-məclis döyüşdü

Vətən düşmənlərilə.

Bir gün də

Sakit Dunaya düşdü

Zağlı qılıncının şöləsi.

Səngərdən ucaldı

Dünən xitabət kürsüsündən

Eşidilən səsi...

Şair qəhrəman oldu,

Vuruşdu vətən yolunda,

Azadlıq yolunda.

Neçə-neçə vətən oğlunun

Ömrü birləşdi onda.

Vuruşa-vuruşa qovuşdu

Həyatın zirvəsinə.

Şeirlə başlayan ömür

Qılınc meydanında sona yetdi.

Indi mən qibtə edirəm

Petifinin taleyinə, iradəsinə.

Axı, hamıya qismət olmur,

Yaza-yaza yaşaya,

Döyüşə-döyüşə yaşaya,

Ölə, yaşaya.

Şeiri dillərdə,

Şöhrəti ellərdə,

Adı nəsillərdə yadigar qala.

Axı, hamıya qismət olmur,

Ömrü nə səksən, nə yüz ola.

Ən çoxu otuz ola.

Ancaq ömür ola,

ÖMÜR...
1971

XƏZƏR KÖKSÜMDƏDIR
Xəzər köksümdədir,

Fırtınasıyla, tufanıyla.

Xəzər köksümdədir

Neçə əfsanəsi,

Nağılı, dastanıyla.

Hər dalğası elə bil ağ mayadır,

Karvandan üzülüb,

Ümmandan üzülüb,

Sahilə gəlir.

Axı, ovsarını qıranlar

Həmişə belə gəlir...

Xəzər köksümdədir,

Qızılı qumu,

Yalçın qayasıyla.

Gündüz od ələyən günəşi,

Gecələr ayparasıyla.

Xəzər köksümdədir,

Sığınıb sinəmə

Əzizlərimdən ən əzizi kimi.

Gətirmişəm onu şəhərə

Ötən günlərimdən qalmış

Güzgü kimi.

Sizi də gətirmişəm

Ey sahil qumu üstündən ayrıldığım

Dostlar, tanışlar.

Axı, Xəzər olmasa,

Siz olmasanız

Sinəm boş qalar.

Xəzər köksümdədir

Mavi gözlü,

Gülər üzlü,

Duzlu Xəzər.

Belə də qalacaq

Gələn il,

Sahildəki görüşümüzə qədər.

Indi yadınıza sahil düşsə!

Xəzər düşsə, məni anın.

Indi yadınıza dənizdən doğan

Səhər düşsə, məni anın.
1971

BU AXŞAM
Bu axşam üzü qırçın-qırçın,

Qumaş kimidir Xəzər.

Çəkilib sahillərin qanına,

On dörd gecəlik ay işığında

Bənzəyir min bir gecə nağılına.

Həqiqəti bir aləmdir,

Əfsanəsi bir aləm dənizin.

Istəyirəm bu axşamkı nağılını

Mən deyəm dənizin.

Bir zaman nə Xəzər var idi,

Nə də onun qumlu sahili belə.

Dalğaların yerində

Dəvə karvanı gedərdi.

Mənzildən-mənzilə.

Bu düzdü tikan da vardı,

Çiçək də, çəmən də.

Bir bahar günü

Göylər leysan tökəndə,

əvvəlcə çiçəklər yuyundu,

kəpənəklər yuyundu suda.

Sonra qumlu düzlər içdi selləri

Cadar dodaqlarıyla.

Sanki buludun qəzəbi tutdu

Torpağa.


Sel selə qovuşdu,

Irmaq irmağa.

Sular aşdı-daşdı,

Hər şey bir-birinə qarışdı.

Buludun göz yaşı,

Çiçəklərin ətri,

Kəpənəklərin rəngi

Zər dənizinə döndü...

Zaman-zaman

Neçə adda yaşayan

Bu ümman

Indi xəzər dənizinə döndü.

Aydın gecələrdə

Dalğalar rahatlanır,

Çıxır suyun üzünə

Zər qanadlı kəpənəklər.

Neçə rəngə çalır

Dənizin dibindəki çiçəklər.

Əfsanələr aləminə qovuşur Xəzər...

Neçə nağılı var-

Fırtınalı,

Tufanlı,


Qəzəbli dənizin.

Bu da bir nağıldır,

Üzü qırçın-qırçın

Qumaşa bənzəyən

Insan qəlbli dənizin...

Fəqət bir həqiqəti var,

Yüz əfsanəyə dəyər.

Buluddan doğulsa da Xəzər

Bu torpağa bağlıdır.

Ümmandan ayrı düşəli,

Sığındı Abşeronun sinəsinə.

Biz də vurğunuq Xəzərin

Nağıllı, nağılsız gecəsinə...

1972

ÜÇ GÜNDÜR MƏKTUB ALMIRAM
Sevgilim, üç gündür məktub almıram,

Nə fikrim rahatdır, nə qəlbim aram,

Axı belə soyuq deyildin, ey yar,

Bilmirəm, bilmirəm başında nə var.

Bu gün səhər yenə poçt gətirən qız

Gülümsəyib dedi:-Darıxmayınız.

Ancaq darıxıram, deyim düzünü.

Bu gün də tərs kimi hey bütün günü

Elə yağış yağır.

Mən də nigaran

Pəncərə önündə durub

Мəktub ğözləyirəm

Qız gəlmir fəqət...

Baxıram gözəldir burda təbiət.

Güldən sərgi açmış küçədə bahar,

Xiyaban boyunca bitmiş ağaclar

Ya ağ çiçək açıb, ya da yasəmən;

Ətir dolur evə pəncərələrdən.

Sevgilim, burada bahar başqadır,

Budur, yağış kəsdi, dolu başladı.

Yenə küçələrdə qaçışma düşdü,

Kimi suya girdi, kimi sürüşdü...

Uşaqlar atılıb çəpərdən keçdi,

Hərə sığınmaqçın bir guşə seçdi.


Kimi çətir açdi başı üstünə,

Bu zaman gördüm ki, çiyin-çiyinə

İki gənc yeriyir - bir qız, bir oğlan.

Qız bərk islanmışdı,

Dönərək yoldan

Armud ağacının altına girdi.

(Sevgilim çətirə əl çatmayanda,

Armud ağacı da yaxşı çətirdir).

Oğlan da onunla yanaşı durdu.

Qızın başdan-başa islaqdı donu.

O öz pencəyini, öz şaposunu

Çıxarıb tələsik geydirdi qıza.

Sonra da dayanıb onlar üz-üzə

Deyib-danışdılar çox şirin-şirin.

Ürəyi boşaldı dolmuş göylərin,

Yağış da dayandı, dolu da kəsdi.

Sonra xəfif-xəfif sərin yel əsdi.

Yenə də adamla dolu xiyaban.

Bəzən damcıların ağırlığından

Çiçəklər budaqdan qopub düşdükcə,

Ağ don geyinirdi yuyulmuş küçə.

Ağacın altında dayanıb fəqət,

Hələ sevgililər edirdi söhbət.

Oğlan tələsirdi,

Odur arabir

Görürdün ətrafa o göz gəzdirir.

Sonra da yapışıb qızın qolundan

Getmək istəyirdi...

Qız da bu zaman

Düşən çiçəkləri göstərib bir-bir

Onu saxlayırdı bir şirin sözlə:


  • Görürsən ki, dolu kəsilməmişdir,

hara tələsirik.

Bir az da gözlə...

Sevgilim bizim də həyatımızda

Belə hadisələr az olmamışdır

O vaxtdan bəriyə illər ötsə də,

Mənim xatırımdan pozulmamışdır.

Nə yayın istisi, nə qışın qarı-

Gənclik günlərimin əziz anları.

İndi üç gündür ki, məktub almıram,

Nə fikrim rahatdır, nə qəlbim aram.

Axı belə soyuq deyildin, ey yar,

Bilmirəm, bilmirəm başında nə var...


Yesentuki, 1956

ROMANTIKA
Dünən yenə gördüm onu

bir bağda.

Adamlardan uzaqda,

Sakit bir guşəyə çəkilib

Oturmuşdu tək.

Çənəsini əllərinə söykəyərək

Baxırdı kəpənək qovan nəvəsinə...

Dayandım,

Çəkilib bir ağacın kölgəsinə

Baxdım ona...

(Düzü nə qabağa gedə bildim,

Nə də geri).

Düşdü yadıma gənclik illəri;

Ilk görüş,

Cavabsız qalan sözlər...

Düşdü yadıma,

Yumurlandı alnımda tər..

Düşdü yadıma,

Bir qədər utana-utana,

O zaman


Necə dedim ona:

-Sən qar altından təzə çıxmış

Bənövşə kimi təmizsən.

O dinmədi...

- Sən gül yarpağına düşmüş

Şəbnəm tək ləkəsizcən.

Yenə dinmədi.

- Gözlərin ulduzunu itirmiş gecələr kimi

Nə qaradır.

Qamətin necə də füsünkardır,

Yol üstə tək duran çinar qədər.

Qaşların üfüqdə yenicə doğmuş

ayparadır,

min ayə dəyər...

Gülümsədi, dinmədi...

Füzulinin Leylası,

Nizaminin Şirinin,

Cavidin Xumarı

Tay ola bilməz sənə.

Mən Məcnunun olaram,

Fərhadın, Sənanın olaram,

təkcə bir kəlmə mənə...

Gülümsədi, dinmədi yenə...

Dedim:


-Mən Füzuli kimi

səni şeirlə alqışlaya billəm.

Hafiz tək

Sənə iki şəhər bağışlaya billəm.

Nə olsun,

Adımın qabağında yoxdur

“Mövlana”,

Ya da “Xacə” kəlməsi.

Nə olsun sinəmə kölgə salmır

medalların cərgəsi...

Maraqla baxdı sinəmə

dinmədi...

Dedim:

-Ömrüm, hicranla vüsal,



Həqiqətlə xəyal,

Arzuyla ümid arasında keçib

Bir az həsrətli,

bir az nakam,

bir az ilham,

bir qədər səadət,

bir qədər sədaqət,

sonra dəli Xəzər,

bir də Xan Araz,

hərəsi bir qədər,

hərəsi bir az

ömrün günlərini içib...

Fəqət heyfsilənmirəm yenə.

İsa kimi yox,

Həqiqi dirilmək nəsib olsa mənə

Ilk dəfə


Həyatın tərənnümünü başlayıb,

Insanı, azadlığı alqışlayıb

Şeir yazaram,

Bu günün,

Bir də gələcəyin naminə.

O baxıb üzümə,

Gülümsədi yenə,

Dinmədi...

Mən də gülümsədim onun kimi.

Ta toplayıb iradəmi

Dedim:

-Qalan ömrümü də



gözəlliyə - sənə,

inama, etibara verər...

Ucadan güldü,

Fəqət dinmədi yenə...

Doğrusu daha tükəndi səbrim,

Dedim:


-Niyə dinmirsən?

Razı deyilsən məgər?!

Dedi: - Qulaq asırdım bayaqdan,

Yaman romantik imişsən,

Yaman...

Dedi, getdi...

Qaldım baxa-baxa...

Qəribə sözdür “Romantika!”

Sonra da çağırdım arxasınca:

-Bir dayan görüm!

Axı haradadır bunun romantikası?

Sadəcə sevirəm desəydim,

razı qalardınmı?

Nə bilim...

O geriyə baxmadı bir daha,

getdi...


Yeni doğan bir məhəbbətin

Ömrü beləcə bitdi...

İndi təzədən gördüm onu,

Saçları,


Dağ başına düşmüş qar,

Alnında dolaylardan keçən cığırlar.

Əlləri

Gömgöy, damar-damar.



Bir guşədə oturub tək,

Fikrə gedərək,

Baxır kəpənək qovan nəvəsinə.

Elə bil,


Aramızdakı uçurum

Indi göründü mənə.

Düşündüm,

O zaman da belə imiş yəqin

Mənim öz dünyam varmış,

Onun öz dünyası.

Ah,

necə də yaman olurmuş



hissin,

həvəsin,


məhəbbətin

romantikası...


1977
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə