ELƏ OĞul iSTƏYİr vəTƏN




Yüklə 1.8 Mb.
səhifə4/14
tarix22.02.2016
ölçüsü1.8 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

PAYIZDIR, ƏZIZIM....
Eyvanda qırmızı gül dibçəyi,

Yazda çiçək açar.

Al – atlas ləçəyi

yanar,


dan yeri kimi.

Yarpaqlar

buludsuz cənub göyləri kimi

gömgöy!


Ləkəsiz.

Suyunu, günəşini

əskik etmirik biz.

Qoy firavan böyüsün

evimizin bəzəyi.

Həmişə yaşıl olsun

Onun yarpaq – yarpaq köynəyi.

Fəqət bir gün

ləkə düşdü,

saraldı bir yarpaq

Sonra da o biri.

Dedim, bəlkə soyuqdur yeri.

Keçirtdim evə,

Olmadı yenə.

Sarılıq,

elə bil yoluxdu o birilərinə.

Saraldı, saraldı yarpaqlar....

Fikir apardı məni.

Görəsən niyə saralır?

Bəlkə bir azarı var?

Sevgilim əlini çəkdi

Ağarmış saçlarıma.

Dedi:


  • Payızdır, əzizim...

daha nə etmək olar....

1964


BABAMIN ÖMRÜ

Sən ağlaya-ağlaya gəldin həyata,

Gedərkən

Üzündə təbəssüm vardı,

Həm də kədər...

Qəbrinin başında duranlar

Bunu duya bilmədilər.

Özün də, bilmədin yəqin,

Dünyada sevincin çox oldu,

Yoxsa qəmin.

Kimi “nakam” deyib ağladı.

Kimini də boğdu qəhər.

Yüz il yaşasaydın

Bəlkə “nakam” deməzdilər.

Yazıq babam.

Nə idi sənin

Bu həyatda alacağın kam?

Gəldin,


Ağlaya-ağlaya.

Getdin,


Təbəssümün kədər boyalı.

Özün de,


Biz nəyə yozaq bu halı?

Əziz babam.

Bu vida çağında

Həyatını bir də yadına salsam

Bilmirəm,

Razı qalarsan məndən,

Ya gileyli.

Fəqət,


Nə etməli...

Bəlkə bir gün

Mənim də qəbrim başında

Dayanaraq nəvəm belə,

Həyatımı düşünə-düşünə

Vidalaşacaq mənimlə...

Nə zaman ki, uşaqdın,

Həyata əyləncə kimi baxdın.

Nə yanmağını bildin,

Nə donmağını anladın.

Nə taleyindən küsdün,

Nə də bəxtini danladın.

Böyüdün,

Böyüdü dərdin də, əzabın da.

Sən səadət axtardın

Həyatın iztirabında.

Qolunun qüvvətini,

Qəlbinin odunu,

Beyninin nurunu taladı

Bir parça çörək.

“Bunlar ötəridir...” dedin.

“Ağ gün qabaqdadır bəlkə...”

ah, bu “bəlkələr” nə deyək...

İşlədin, işlədin...

Yorulmaq da bilmədin,

Dincəlmək də.

Yadından çıxdı

Dərddən ağlayıb,

Sevincdən gülmək də...

Bir gün gücdən düşəndə

Yeni həsrətlər doğdu sinəndə:

Bir isti koman olaydı,

Bir yanan ocağın.

Kaş, bir işin olaydı,

Ya bir parça torpağın...

Neçə il də çalışdın

Bu həsrətlə

Qovuşduqca həsrət həsrətlə,

Üzündə kədər,

Dodaqlarında təxəyyül aləminin təbəssümü

Getdin bu dünyadan.

Səndən qabaq getmiş

Yüzləri, minləri kimi.

Gəldin... Getdin.

Özün də bilmədin niyə, nə üçün.

Həyatda əzabın çox oldu

Ya da sevincin?!

Axı sən insandın.

Əli, ayağı

Şüuru, təfəkkürü

Öz yerində olan insan!

Niyə bəs bu həyatdan

Belə ayrılırsan?

Axı səbəb nədir?

Niyə həyat qəddini belə əydi?!

Əzildin


Dəyirman daşı altına düşmüş

Buğda dənəsi kimi,

Niyə?

Sən nə istəyirdin ki,



Həyat saldı səni məngənəyə?

Yaşamaqçın doğuldun,

Adına “insan” dedilər,

Fəqət,


Sən ömrün günlərini daşıdın

Beşikdən qəbrə qədər...

Indi qəbrə qoyuruq səni...

Əzablar, işgəncələr,

Arzular, ümidlər

Hər şey bitdi tamam.

Görəsən dünyaya niyə gəlmişdin,

Niyə gedirsən...

Yazıq babam.

Yazıq babam.



1964


ŞƏMSUVARLI ƏBI.
I
“İgid öləndə adı qalar”,

“Qaya uçanda toz qopar”.

Nə gözəl deyib babalar.

Fəqət,


Bilmirəm səninki niyə belə oldu,

Öldün, nə toz qopdu,

Nə də nəmin-nişanın qaldı.

Nə qədər diriydin

Adın dillərdə gəzirdi,

Şəmsuvarlı Əbi.

Öldün, unuduldun,

Adsız ölənlər kimi.

Qəbrinə başdaşı qoyub

Üstünə adını da yazmadılar.

Axı sən nə edəsən ki,

Arxalandığın adamlar yarıtmazdılar.

Gəlin xatirimə

Ilk dəfə səni gördüyüm gün.

Boz atın var idi,

Dəvə yunundan çuxan.

Deyirdilər: “Dövlətdən qaçaqsan...”

Ancaq,


Nə yol kəsmişdin,

Nə də karvan soymuşdun.

Söz götürən deyildin,

Ağayla baş-başa qoymuşdun...

Topal Əhmədin,

Çuxasız Qədirin üstdə,

Deyirdilər

Çomaq çəkmisən ağanın üstə.

O da dözməyib təhqirə,

Komana od vurub

Özünü də kənddən qovmuş.

Hələ ürəyi soyumayıb

Üstünə ad da qoymuş:

“Qaçaq Əbi”.

Elə o zamandan sən də

gəzmisən oba-oba,

kənd-kənd

dövlətdən qaçaq kimi...


II
Sonra da səngərdə gördüm səni

Təlatümlü bir gündə.

Bir daş dalında uzanmışdın,

Tüfəngin də dinirdi,

Özün də.

-Ey, yaramaz!

Çıx səngərdən...

Səninləyəm, ey, Tıntın Kərəm!

Axı ağanın yerinə

Sən niyə ölümə gedirsən.

Çıx səngərdən, qayıt kəndə.

Rəiyyət babasan,

Nə mülkün, nə də anbarın var.

Axı səngərdə sənin nə azarın var.

Qayıt kəndə,

Hamıya xəbər ver ki,

Azadlıqçın döyüşür Şəmsuvarlı Əbi.

Qoy ağa özü gəlsin meydanıma,

Danışaq qabaq-qabağa,

Lülə-lüləyə,

Danışaq səngər-səngərə,

Güllə-gülləyə,

Yolunu gözləyirəm,

Gəlməsə burada gedən deyiləm.

Bir kuzə suyum var,

Bir dəstərxan çörəyim,

Bir dağarcıq gülləm.

Ölənəcək bu daşın arxasındayam,

Gedən deyiləm.

Deyin ağaya gəlsin,

əgər döyüşməyə qeyrəti,

ölməyə həvəsi var.

Gəlsin,

Dağarcıqda onun da qisməti



Gülləsi var...
III
Bir gün Alaqapıdan

Zindan qabağına qədər,

Səf çəkib düzülmüşdür polislər.

Hamısı da yaraqlı idi.

Səni həbsə apardılar,

Qolların bağlı idi.

Ancaq,

Yenə boz atın üstündə



Vüqarlı oturmuşdun,

Elə əvvəlki kimi.

Hamı pıçıldayırdı,

Şəmsuvarlı Əbidir,

Şəmsuvarlı Əbi...


IV
Aylar ötdü,

Illər dolandı...

Sənin də ömrünün günləri

Vaxtsız talandı...

Indi, adsız qəbirlər arasında

Qəbrini axtarıram,

Tapa bilmirəm.

Bəlkə bu nişansız qəbirlərin

Hamısı sənindir belə?

Yox, inana bilmirəm.

Axı demişdilər:

“...heykəlini qoyacağıq,

boz atın,

dağarcıq dolu güllən,

bir də tüfənginlə...”

Bəs niyə unutdular!

Nə adın, nə də nişanın var...

qədər diriydin,

Adın dillərdə gəzirdi.

Öldün,


Bir yadına salan da olmadı səni

Indiyə kimi.

Yazıq Şəmsuvarlı Əbi,

Yazıq Şəmsuvarlı Əbi.



1965

ŞIRIN, FƏRHAD VƏ XOSROV ŞAH
Belə rəvayət edirlər,

Günlərin birində Şirin

Qəsr-Şirində

Xosrovla Fərhadı,

Bir yerdə görəndə

Şirin üzünü Xosrova tutub deyir:

- Ey şahım

Dünyanı sənə versələr əgər,

Onu nə edərsən?

Xosrov gülür:

- Onu sənə bağışlayaram

Ey dilbər.

Şirin Fərhaddan xəbər alır:

- Bəs sən?

Dünyanı sənə versələr nə edərsən?

Fərhad:


-Dünyanı mənə versələr əgər,

Ondan tək səni götürərəm

Ey dilbər,

Demiş...


Şirin, Xosrov şaha baxıb

Xəfidəcə gülmüş.



1965

DƏNIZIN SƏXAVƏTI

Mirzə Cavad müəllim
Bir gün xəzri başlamışdı yaman,

Ətəyini dağlarda yuyan duman

Sahili bürüyəndə,

Ayrıldım dənizdən...

Əyilib duzlu dodaqlarından öpüb,

Qulağına dedim:

-Çox razıyam səndən.

Qızılı qumun,

Qızmar günəşin,

Mehriban nəvazişin,

Harayın,

Gülüşün,


Bütün nemətlərin üçün razıyam...

Qəzəbləndi dəniz,

Xəzrinin dililə coşdu yaman,

Dedi:


-Bir də gözümə görünmə, ey insan.

Mən gözü ac deyiləm,

Nə verirəmsə

Əvəzində nə minnətə,

Nə də təşəkkürə

Möhtac deyiləm.


1966
ZANBAQ
Bir zaman arx kənarında gördüm səni,

Oturub lap yanında

Oxşamaq istədim

Sarı, qıvrım tellərini.

Baxdım,

Mehin yarpaqların titrəməsinə,



Nəsə danışırdıq dodaq-dodağa,

Xısın-xısn.

Yadımdadır yenə,

Gah təsdiq edərək

Başını əyirdin

Lap torpağa qədər.

Gah inkar edərək

Silkələnirdin başdan-ayağa qədər,

Bu vaxt

Bir ləçəyin düşdü suya

Üstündə bir qarınca.

Getdi arx boyunca.

Baxdım,

Nə çıxarmaq fikrinə düşdüm,



Nə də bu haqda düşündüm düzü.

Mehi, qarıncanı, səni

Arxa tapşırıb hər üçünüzə

Getdim...

Bu gün yenidən görüşdük,

Fəqət


Nə qarınca, nə nəsim, nə də arx.

Sən büllur qabda

Suya qoyulmuş zanbaq,

Mən yumşaq səndəldə oturmuş

Gözü eynəkli,

Alnı qırış-qırış,

Saçlarına payız qarı qonmuş

Bir şair.

Bu gün yenidən görüşdük.

Fəqət,


Belə görüşmək istəməzdik

Nə sən,


Nə də mən.

Ancaq zamanın hökmüdür nə edəsən.


1966

DƏNIZ OLMAQ ISTƏYIRƏM...
Məndən soruşsalar,

“Nə olmaq istəyirsən”.

Deyərəm: dəniz,

Səxavətdə,

Dəniz olmaq istəyirəm,

Təmənnasız, minnətsiz

Hamıya pay verə bilim.

Vüsətdə,


Dəniz olmaq istəyirəm,

Arzumun sahillərini görə bilim.

Xasiyyətdə,

Dəniz olmaq istəyirəm

Dalğalı, fırtınalı, coşğun dəniz.

Saçlarını qaya daşlarına sərən

Məcnun dəniz.

Təbiətdə,

Dəniz olmaq istəyirəm

Ləpələri günəşin tellərindən

Çələng hörən,

Dibinin qumları görünən,

Həlim, mehriban dəniz.

Məddə də,

Cəzrə də tablaşan dəniz.

Məhəbbətdə,

Dəniz olmaq istəyirəm

Göy gözlü,

Səma dərinlikli,

Özü sahilli

Nəğməsi sahilsiz.

Dəniz olmaq istəyirəm,

dəniz...

dəniz...


1966

SÜLEYMAN RÜSTƏMƏ

Səni hər görəndə uçur xəyalım,

Yadıma ən gözəl bir dövran gəlir.

Elə bil ömrümün bahar çağında

Gah günəş görünür, gah duman gəlir.
Yenə xatirimdə qalmısan elə,

Şinelli, çəkməli o heykəlinlə.

Eşitdim gəlirsən çıxdım sahilə

Dedim, qardaşımdır bu, mehman gəlir.


Yoluna gül səpdi el tabaq-tabaq,

Neçə dost evində sən qaldın qonaq.

Nə vaxt o günlərdən söz düşür ancaq

Yadıma Kəpəzlə Savalan gəlir.


Təbriz qızlarına qəzəllər dedin,

Məni unutmayın, gözəllər, dedin.

Bu bağlar, çəmənlər, bu güllər dedin

Mənə doğma gəlir, mehriban gəlir.


Indi o günlərdən neçə yaz keçir,

Bilirəm qəlbindən hansı söz keçir.

Hicranın qoynunda ömrümüz keçir

Heyif çoxlarına bu asan gəlir.


Nələr çəkdirmədi zamanə bizə.

Dağ dağa qovuşdu, dəniz dənizə.

“Gün o gün olsun ki...” qoca Təbrizə

Deyəm, aç qoynunu Süleyman gəlir...


1966
DƏNIZ VƏ GÜNƏŞ
Gecə rahatlıq bilmədi dəniz,

gah haray çəkib hönkürdü,

gah da inlədi.

Fəqət dil açıb danışmadı,

kimsə dərdini bilmədi.

O rahat olmadı,

dünyaya yeni insan gətirən ana kimi.

Yosunlu qayalarda yoldu saçını

dan ağarana kimi.

Səhər bir tabaq atəş doğdu

zümrüd sular.

Dalğalar düşdü atından,

ləpələr qumlara sindi,

Sahildə tökülüb qaldı

qayalardan yolunmuş yosunlar.

Dəniz rahatlandı elə bil.

Sakitcə uyudu

qırmızı tül örtmüş gəlin kimi.

Başını üfüqün ətəklərinə qoydu.

uyudu...


Zaman günəşin əlindən tutub

çəkdi günorta yerinə.

Gün od ələdi dənizin üzərinə.

Ərimiş qurğuşun kimi

qaynadı dəniz,

əridi dəniz...

Qaynadı...

Əridi...


Fəqət səssiz, səmirsiz...

Zaman qüruba çəkdikcə günəşi

Sovuşdu odu,

atəşi.


Suçlu övlad kimi

Saralmış gözlərilə

günəş baxdı göy sulara,

üfüqdən asılı qaldı.

Dəniz nə fırtına qopardı,

nə haray saldı.

Dalğalı qollarını uzadıb

qoynuna aldı onu.

Dənizdən doğan günəş

dənizdə də batdı.

Sonra hər şey yatdı...

Fəqət,


bütün gecəni

dənizin səsi gəldi yenə.

O laylay çalırdı

öz dəcəl körpəsinə...


1966

* * *
Dənizlə tənha qalmaq istəyirəm,

oturub sahil qumlarında

qucaqlayam dizimi...

Uzaqdan qanadlanıb gələnə

ləpələrə dikib gözümü

hər şeyi unudam...

Dənizlə tənha qalmaq istəyirəm,

razıyam bizi salalar bir qəfəsə.

Oturaq üz-üzə,

nəfəs – nəfəsə.

O nəğmə deyə,

mən şeir oxuyam,

hər şeyi unudam...

Dənizlə tənha qalmaq istəyirəm,

bütün gecəni səhərə qədər.

Görəm ulduzları necə yola salır sular,

günəşi necə qarşılayır ləpələr.

Qovub gözlərimə qonan yuxunu

duzlu suyuyla dənizin,

Sakitlik içində unudam

bütün keşməkeşini əsrimizin.

Dənizlə tənha qalmaq istəyirəm,

tək bircə gecə.

Görəsən bu necə olar, necə...
1966
DƏNIZ OLMAQ LAZIMDIR
Qızıl gül açan bağçada,

baharın oğlan çağı

baxıb sevinmişəm.

Payız budaqdan qoparanda

saralmış yarpağı

elə bil ürəyimi

yarpaq-yarpaq ələnmiş qəm...

Fəqət


necə olub ki, sən

gözlərimin önündə

günbəgün,

anbaan dəyişmisən.

Mən duya bilməmişəm bunu.

Dünən şəklinə baxarkən

Dərk etdim

bunun həqiqət olduğunu...

Sən həmişə

bahar idin mənimçin

dünənə qədər.

Təbrizdə ilk dəfə gördüyüm

qara saçlı,

qara gözlü,

qara qız idin gözlərimdə

bəlkə də belə qalacaqdın,

lap ölənə qədər.

Saçların


Gecənin bir parçasıydı,

Arazın


sahil daşlarından süzülən

dalğalar kimi

tökülmüşdü çiyninə

dalğa-dalğa,

çin-çin.

Gözlərin,

zülmətdən oğurlanmış

şəvə kimi,

yanırdı için-için...

Köksün,


fırtına ilə

döyüşmək həvəsində olan

qaya kimi sərt, amansız.

Sən,


bütün görkəminlə

fırtınalar içində doğulmuş

Təbrizli bir qız.

Fəqət,


dünən şəklinə baxdım,

Saçında dan yerinin şəfəqi vardı

dilim-dilim,

zolaq-zolaq.

Dənizlə üz-üzə durmuşdun

köksünü qucaqlayaraq...

“Dənizin sahili var” deyirdin

bilə-bilə.

Sahilsiz xəyalınsa

uçurdu bu sahildən, o sahilə...

Önündə,

dalğasız, ləpəsiz dəniz



ayna bir göl kimi.

Sən də dalğalı,

təlatümlü bir sel kimi

qovuşmaq istəyirdin

sanki bir ümmanla.

Axı dünən dilindəki tufanla

bu gün qəlbinə hopmuş

fırtınanın fərqi

ümmanla sel qədərdir.

Kamala dolan insana

Coşğun dağ seli olmaq

hədərdir...

Dəniz olmaq lazımdır!

fırtınası,

təlatümü,

dərinlikdə olan dəniz.

Mən

bu halını daha çox sevirəm, gülüm,



bəlkə də yanılıram

nə bilim,

nə bilim...

1966
NIGARANÇILIQ
Babam iki günə gedərdi

kənddən şəhərə,

on ağac yolu.

Kəhəri yorğa,

xurcunu dolu.

Nənəm də iki gün qabaqdan

yola hazırlıq görərdi.

Neçə lavaş sulayıb,

neçə yumru pendir büküb

kişiyə verərdi.

Deyərdi:

- Uzaq yola çıxırsan,

ac qalma,

- Özünə yaxşı bax.

Babam da gülüb deyərdi:

- Ay qarı, darıxma,

hər şey yaxşı olacaq...

Sonra da günə bir mənzil

at sürərdi,

dərəli, təpəli yollarda.

Acıqsaydı harda

Bir bulaq başında enər,

Dəstərxanını açardı.

Bir parça quru lavaş,

bir tikə pendir,

bir az da yarpızla

nahar edər,

üstünə də iki ovuc

bulaq suyu içərdi.

Yenə də düşərdi yola.

Öndə şəhər, karvansara...

Nə nigarçançılığı vardı,

nə təşvişi.

Təkcə gecəyə düşməsin deyə

hərdən ata acıqlanardı kişi...

Indi bir əsr keçib o vaxtdan,

Yoxdur babam.

Mən, onun nəvəsi

Bir yalıq yolu

bir gündə uçuram.

Gör nələr olub o vaxtdan bəri...

Buludların üstündə

çörəyimi, suyumu gətirir

yer üzünün mələkləri.

Rahat səndəldə oturmuşam,

qabaqda şəhər, mehmanxana.

Fəqət,

fikirlər məni salıb həyəcana,



Nə qədər istəsəm də

yenə olmuram aram,

görəsən məni necə qarşılayacaq

filan adam?

Xoşuna gəlim deyə

görəsən söhbəti haradan başlayım,

necə...?

Bircə kəlmə “yox” desə

bir illik zəhmətim gedəcək heçə.

Bəlkə həqiqəti bilib “hə” deyəcək.

Onu dedirtməyi də bacarasan gərək...

Bəlkə uzun çəkdi mübahisəmiz.

Bəlkə qalmalı oldum.

Gecə harada qalım?

Hansı mehmanxanada yer alım?

Fikrə gedirəm...

Hələ təyyarədə təlaş edirəm.

Bir ağac kölgəsi,

bir bulaq başı,

olsaydı əgər,

babam kimi dəstərxan açar,

bir az quru lavaş,

iki tikə pendir,

bir qədər yarpız yeyər,

sonra da arxası üstə uzanıb

bütün gecəni

ulduzlara baxardım...

Nə həyəcanlanar,

nə də darıxardım...

Bəlkə belə yaxşı olardı?

Yox!

Geriyə dönmək niyə?!



Axı, niyə,

filan adamın bir kəlməsini

ya mehmanxana sahibəsinin

cır səsini

eşitməyim deyə

niyə qayıdım geriyə...

Özü də

babamın romantik aləminə.



Məgər az olub onun real kədəri,

həqiqi qəmi!

Məgər babamı zəmanənin iztirabları

öldürmədimi!

Yox,

mən yaşaya bilmərəm babam tək.



O öz dövrünün oğlu idi,

Mən də öz əsrimin oğlu olum gərək.

Təyyarə dayanır,

mən xəyaldan ayrılıram,

hər şey öz qaydasındadır artıq.

Buludlardan o tayda qalır

ötəri nigarançılıq.

Önümdə şəhər

geniş küçələri, gur işığıyla.

Bir də


insanların ümmanı.

Düşür yadıma dostların ünvanı...

Gedirəm aram-aram.

Axı hansı qapını açsam

lap bir ay qonaq qalaram.
1967
SƏMƏRQƏNDDƏ BIR QIZ GÖRDÜM
Səmərqənddə bir qız gördüm, adı Mərhəmət,

Qaşı qara, gözü qara, özü də duzlu.

Dedim, əgər Hafiz səni görsəydi, afət,

Səmərqəndi bircə xala bağışlamazdı.


Gözlərinin atəşində yananda yəqin,

Yanağının şəbnəmində sönərdi odu.

Saçlarının qoxusunu alanda sənin

Meyxanəsiz, peymanəsiz o məst olardı.


Mərhəmədin mərhəmədlə güldü gözləri,

Dedi: - Qonaq, bu sözlərin kaş, düz olaydı.

Əsrimizdə şairlərin yüzündən biri

Məhəbbətdə, səxavətdə Hafiz olaydı.


Səmərqənd, 1968
YAĞIŞ NEMƏTDIR
Dünən şıdırğı yağış yağırdı,

Nənəm demiş:

“Tut ucundan göyə çıx...”

Ancaq biz islanmaqdan qorxub

O nemətdən qaçdıq.

Qaçdıq lap evə qədər.

Qəribə görünürdü

Yağışdan qaçıb qurtara bilməyənlər...

Pəncərə önündə dayanıb xeyli,

Baxdım buludların toqquşmasına,

Dağ başına ildırımın düşməsinə.

Baxdı baxçadakı

Hələ açılmamış

Qızılgül qönçəsinə.

Hecə də dözürdü

Damcıların zərbəsinə...!

O gün yağış yağdı

Lap səhərə qədər.

Dan söküləndə

Elə bil göy üzündən

Buludları da sildilər.

Açıldı göyün aynası tamam.

Günəş də doğdu

Qıpqırmızı lalə tək.

Yadıma qızıl gülün qönçəsi düşdü,

Baxdım,


Necə də açılmışdı

Yarpaq-yarpaq,

Ləçək-ləçək.

Günəşə baxıb

Şehli dodaqlarıyla necə də gülürdü.

Bu zaman ləçəklərindən

Torpağa ətirli damcılar tökülürdü...

Baxırdım heyran-heyran.

Səma açıq üfüq aydın,

Torpaq ətir qoxulu.

Elə bil yuyulmuşdu hər yan.

Necə də gözəl idi təbiət.

Babam demişdi:

“Yağış nemətdir, nemət...”


1968
NƏRGIZ GÜLÜ
Çöldə qar yağır,

Ala-çalpov.

Evdə gül qabına nərgiz gülü.

Xumar gözlərində

Həyat eşqində yanan alov,

Başında


Yarıb çıxdığı qarın

Ağ ləçəyi.

Qara kirpiklərində

Neçə küçənin bal yuxusu.

Nəfəsində,

Torpağa hələ qədəm qoymamış

Bahar qoxusu...

Əyilib qulağına pıçıldadım:

-Çiçək olsada adın,

əməlinlə qəhrəmansan,

qəhrəman.

Kaş sənin kimi

Bahardan müjdə gətirmək üçün

Şaxtayla, boranla,

Üz-üzə durmağı

Bacaraydı insan.


1970
MƏN YANMASAM...

(Qara dənizdə “Nazim Hikmət”

adlı bir gəmi üzür.)

Sən yandın,

Mən yandım,

O yandı...

Bəzən asta-asta,

Bəzən də odumuz ərşə dayandı.

Fəqət,

Nə qaranlıqlar aydına çıxdı,



Nə də üfüqlər alova boyandı.

Sən yandın, mən yandım, o yandı...

Hər gün yanırıq səni ana-ana.

Dünən Qara dənizdə gördüm

Gedirdin dağları yara-yara,

Hayqıra-hayqıra,

Yana-yana.

Gedirdin,

O tayda məmləkətin,

Bu tayda arzularının vətəni.

Qarşıda aydın bir səhər...

Üfüqdə günəş.....

Səsin atəş,

Nəfəsin atəş.

Çağırdım arxadan

Nə qədər gəlirsə səsim:



  • Ey Nazim!

Qayıdıb baxmadın....

Fəqət səsini eşitdim yenə:

“Mən yanmasam,

Sən yanmasan,

Biz yanmasaq

Necə çıxar qaranlıqlar

Aydınlığa.... ”

Gedirdin,

Dalğaları bağlayıb uc – uca.

Dayanıb baxdım ardınca......

Dedim: - “Nə tufan,

Nə də fırtına

Saxlaya bilməz səni....”

Gedirdin,

Ilkin qarşılamağa məmləkətinin

Qaranlıqdan aydınlığa çıxacaq

Səhərini....
1968

DƏNIZ, HEMINQUEY VƏ MƏN
Önümdə

Dünyanın qaragözlü pərisi,

Qara dəniz.

Başımın üstündə

Ağ çalmalı,

Sıldırım qayalı dağ

Səssiz - səmirsiz.

Bir qaya parçası üstündə

Oturmuşam tək.

Ayaqlarımı yuyar sular

Yenə dalğa – dalğa,

Ləpə - ləpə nəğmə deyərək,

Mamırlı daşların üstündən

Sabun köpüyü kimi sürüşür,

Yenidən tökülür dənizə.

Haradansa yadıma Heminquey düşür.

Dönüb bir zirvəyə baxıram,

Bir də oturduğum qayaya.

Uzaqda balıqçı qayıqları,

Qağayılar şığıyır suya....

Günəş közərə - közərə

Yarıb dənizi qalxır.

O da ilk dəfə zirvəyə baxır,

Mən də baxıram.

Gör haradan harayadır fərqimiz:

O dağ başında,

Mən qaya daşında.

Ayaqlarım suda,

Yanımda balıqlar oynayır.

əl atsam


Papağını götürürəm

Başından dalğanın.

Baxıram,

Bu yaxınlıq heyran edir məni....

Bəs nədən

O dağ başından

Daha yaxşı duyur

Dənizin romantikasını,

Dənizin həqiqətini.

Məni dəniz heyran edib,

O, “Qoca və dəniz ”iylə hamını.

Axı, duyğuya nə yaxın, nə uzaq?

Hər şey yaxın olar

Əgər ürəkdən vurulsaq.


1968
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə