ELƏ OĞul iSTƏYİr vəTƏN




Yüklə 1.8 Mb.
səhifə3/14
tarix22.02.2016
ölçüsü1.8 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

VƏTƏN HƏSRƏTİ
Bir səhər yurdumdan ayırıb məni

Başqa bir şəhərə gətirdi qatar.

Dedilər: xəstəsən, sağaldar səni

Suyu buzdan soyuq sərin bulaqlar.


Hər daşın dibindən bir irmaq axır,

Hər çəmən elə bil xalı naxışdır...

Dedim: - bu yerlərdə qəlbim darıxar,

Qürbət cənnət olsa, Vətən yaxşıdır.


Gəzirəm səhərdən axşama kimi,

Yağışda, dumanda, qarda gəzirəm.

Bəzən düşünürəm öz səhhətimi

Harda itirmişəm, harda gəzirəm...


Indi son payızın bu oğlan çağı

Yanında olsaydım darıxmazdım mən.

Çünki doğma yurdun o boz torpağı

Mənə mehribandı bu göy çəməndən.


Inanın qayıtsam doğma yerlərə

Bir də Savalana baxsam doyunca,

Sizdən nə gizlədim, daha bir kərə

Ürəyim ağrımaz ömrüm boyunca.


1958
ƏSL ŞAİR
Mədinə Gülgünə
Sənin arzuların, hissin, ilhamın

Leysan yağışına bənzər hər zaman.

Tez yağıb, tez keçər, bağı, çəməni

Ətirli gülləri bəzər hər zaman.


Sevincin, kədərin bir dağ selidir,

O, sakit axmamış, axmaz bir anda,

Qəlbinin odundan qaynayır, inan,

Şimal qütbündəki buzlu umman da.


Qəzəbin, nifrətin şımşək kimidir

Sal daşı parçalar, qayadan keçər.

Qəlbin deməyəni deməz qəlbin də,

Səni boğazından assalar əgər.


Fikrində, sözündə xəsis olanlar

Yüz il yaşasa da, bil, gözə dəyməz.

Duyğusuz yazılmış yüzlərlə əsər,

Ürəkdən deyilmiş bir sözə dəyməz.


Bu odlu xisləti sözünə axmış,

Dostu isindirər, yadı yandırar.

Alov parçasıdır hər misran sənin

Onu oda atsan, odu yandırar.


Sən bu ilhamınla, təxəyyülünlə

Bir il də yaşasan, yüz il də qalsan,

Sönməz hərarətin, sönməz atəşin

Səni şair doğmuş əzəldən anan.


1958

DAĞLAR
Yenə sizi gördüm, könül tərlanı

Vətən dağlarına uçdu, a dağlar.

Indi Savalanın başının üstə

Sıxıb gözlərini buludlar ağlar,

Dağlar, a dağlar!
Saldınız yadıma ötən günləri,

Necə gözəl imiş vətən günləri,

Hərdən xatırlaram həmən günləri,

Sanki gözlərimdə qaynar bulaqlar,

Dağlar, a dağlar!
Çapanda atımı üzü yuxarı,

Başıma qonmuşdur Səhəndin qarı,

Indi gördüyünüz bu ağ saçları

Yadigar vermişdir mənə o çağlar,

Dağlar, a dağlar!
Qoy deyim, səsimi eşitsin aləm,

Qürbət ölkələrdə yüz il də gəzsəm,

Vətən torpağının həsrətindəyəm,

Xəyalım uzaqdan sizi qucaqlar,

Dağlar, a dağlar!
Məni unutmayın, dönəcəyəm mən,

Əlimdə bənövşə, lalə, yasəmən,

Keçib Sərdavadan, Vilədirədən,

Yanımda tanışlar, dostlar, qonaqlar,

Yenə seyrinizə dalaram dağlar,

Dağlar, a dağlar!


1958

DƏRMAN
Həkim yatağımın gəlib yanına

Yenə əhvalımı soruşdu dünən,

Dedi ki: - fikir ver öz dərmanına,

Bir də pəhriz elə, düzələcəksən.


Dedim: - sən dərdimi bilmədin, həkim,

Qızım var, oğlum var, atayam, fəqət –

Şıltaq bir uşağa bənzəyir qəlbim,

Bir şirin söz istər, bir də məhəbbət.


Bir də ki, sevgilim başımın üstə

Gəlib bircə şeir oxusa, inan,

Unudub hər dərdi mən son nəfəsdə

Davasız-dərmansız durram yataqdan.


1958

* * *
Sevgilim, həyata açıq gözlə bax,

Sanma günlər belə dolanıb gedir.

Bəzən göz yaşından duru bir bulaq

Bir yarpaq düşəndə bulanıb gedir.


Sel kiçik daşları axıdır çaya,

Torpağın üstündə şırımlar salır.

Fəqət öz yerindən tərpənmir qaya

Kim bilir, nə vaxtdan o yerdə qalır.


Məşəl beş addıma işıq salmayır,

Günəşsə nur verir göyə, torpağa.

Quşlar bütün günü göydə qalmayır,

Qartal fağa qonur, sərçə budağa...


Yolun kənarında bir söyüd bitsə

Gəlib kölgəsində dincələr hamı.

Bir nəfər yay vaxtı meşəyə getsə

Orda kölgəlik də sıxar adamı.


Dağa, dağ demişlər, bir gün yıxılsa

Yenə ətəyində təpələr qalar.

Fəqət təpələrin yüzü yığılsa

Nə bir sıldırımlıq, nə də dağ olar.


Sevgilim, insan da belədir, inan,

Hərə öz gözüylə baxır cahana,

Kimi qartal kimi uçur qayadan,

Kimi quş səsindən gəlir həyəcana.


Kimi günlərini sayır dünyada,

Deyir beş günlüyə yaşayıram mən.

Kimi də atılır alova, oda

Bir yadigar qoyur bizə özündən.


Sevgilim, həyata açıq gözlə bax,

Sıxmasın hər ani kədərlər səni.

Könlü dar, gözü dar olanlar ancaq

Çətində tək qoyub gedərlər səni.


Tiynətən yoxsula nə deyəsən, nə,

Kölgə tək arxanca sürünəcəkdir!

Pis vaxtda getdimi, xoş gündə yenə

Astadan ağzında görünəcəkdir.


Səni dar ayaqda atıb gedənin

Ağır günlərində sən əlindən tut.

Səma ol, qoy ayna sinəndə sənin

Həm günəş yer tapsın, həm də ki, bulud.


Sən dağ ol, nə külək, nə sel qoparsın,

Sığınsın sinənə təpə də, çöl də.

Umman ol, qoy baxıb həsəd aparsın

Dalğalı hər çay da, sakit hər göl də.


1958

BAHAR GƏLİR
Novruz bayramıdır, ilk bahar gəlir,

Qışın əl ayağı yığışır demək.

Fəqət elə bil ki, ona ar gəlir

Yaza təslim olub, geri çəkilmək.


Hələ o yenicə dondurur yeri,

Axı üç ayı da tamam olmamış.

Hələ bu qocanın doymur gözləri

Ömrü başa catır, o, kam almamış.


Min boran törədib, min qan etsə də

Hələ kök salmamış torpağın üstə.

Ən böyük çayları buzla örtsə də

Ayağı dəyməmiş bulağın üstə.


Güneyə düşən qar talalanıbdır,

Novruz çiçəyi də görünür tək-tək.

Elə bil dağ döşü alovlanıbdır,

Bir şama bənzəyir çıxan hər çiçək.


Dağın başındasa buz salxımları

Hələ də qayalar, gədiklər qardır.

Aranda torpağın qalxır buxarı,

Orada qışdırsa, burda bahardır.


Bəzən alaçalpo elə yağır ki,

Deyirsən lap dizə qalxacaq bu qar.

Bəzən günəş çıxıb elə şaxır ki,

Açıb yaxasını gəzir adamlar.


Indi yağan qar da, əsən külək də

Elə bil son sınaq, son bəhanədir.

Odur, bahar gəlir ipək köynəkdə,

Qışsa öz kürkünə bürünüb gedir.


O, necə tərk edib öz cəlalını

Dünyanı tapşırıb bahara getsin?

Insanlar, düşünün onun halını,

Torpaqdan ayrılıb o hara getsin?


Novruz bayramıdır, ilk bahar gəlir,

Qışın əl-ayağı yığışır demək.

Fəqət elə bil ki, ona ar gəlir

Yaza təslim olub geri çəkilmək.


1959


ELƏ OĞUL ISTƏYIR VƏTƏN
Gecədən xeyli keçmiş

Hələ qurtarmamış mübahisəmiz.

Filosof dostumla biz

Neçə bağlı papiros çəkmişik

Bir samovarı boşaltmışıq.

Qanun və hislərlə dolu

Mübahisəni

Gecə yarısınadək uzatmışıq.

Fəqət Çin hasarı kimi

Nə axırı görünür, nə nəticəsi,

Nə qədər uzun olsa da

Payız gecəsi, -

Məğlub ordunun əsgəri tək

Ulduzlu paqonları çıxarıb

Bir-bir

Atır yeni doğan şəhərin ayağına,

Gecə əriyir.

Ay bir qılınc kimi girir qınına...

Dostum tarlaşmış eynəyini

Hovxurur,

Silir,

Yenidən taxır...



Sonra eynəyin üstündən mənə baxır:

-Bəli,-deyir-

Şair olsan da

Yəqin bilirsən

“İks”i kökdən çıxarmağı!

Cəmiyyət də belədir.

Öz qanunu var...

O qanunla getməsən

Nə xalq azad olar,

Nə də “iks” kökdən çıxar...

Qulaq asıram

Filosof hey qanundan danışır.

Daha səbr kasası daşır.

Düzü əhvalım da qarışır.

Bir söz demək istəyirəm

Bu formullar mücəssəməsinə,

Ancaq dilimin ucundan qaytarıram yenə.

Lənət sənə, kor şeytan...

-Qardaş, saxla bu mühazirəni!

Vaxt gələr oxuyarsan tələbələrinə.

Indi qulaq as mənə:

Feysəlin sinəsi qurğuşunla ovulanda,

Xalq taxtından salanda istibdadı,

De görüm formullar pozuldumu?!

Ya pozulmadı!

Iyirminci əsr, altmış yaşlı-

Faruq ehkamlar ölkəsindən qovulanda,

Ağ saçlı bir qoca:

25 dəfə səfərə çıxdı

Afrika boyunca.

Neçə xalq qurtardı qara gündən,

Neçə dövlət istiqlal aldı.

Görəsən “iks” kök üstünə çıxtımı!

Ya yenə də kök altında qaldı?

Neçə ildir Əlcəzairdə

Dəyənəkli fransızlar

Haqqını istəyənlərin fəryadını

Təpiyi ilə boğur.

Görəsən bu

Cəmiyyət qanunlarının

Hansına uyğundur?!

Iran müstəşarxanədir

“Məsləhətləş, sonra danış...”

İşə bax,

Firdovsinin nəsli

Gəlmələrin fikrinə möhtac imiş.

Indi elə bir zamandır ki,

Sədlər dayana bilmir

Ümmanların dalğasına.

Ağalar özləri səs verir

Müstəmləkə dünyasının dağılmasına.

Azad olur

Ağlar, qaralar.

Fəqət bizim Azərbaycanda

Orta əsrin bidətlər var.

Düşünürsən,

Fikirlər qızarmış dəmir tək

Beynini yandırır,

Əlini yandırır,

Dilinə alırsan

Nəfəsin od tutur,

Dilini yandırır...

Iyirminci əsr ayaq tutduğu gündən

Üç dəfə şahla üz-üzə duran,

Üç dəfə hökümət quran,

Öldürən, ölən,

Döyüşdə üzü dönməyən,

Azadlıq üçün torpağa düşən,

Fəqət ayaqlarda sürünməyən

Bir xalqın

Haqqını qəsb etmiş ağalar.

Nə ana dilində məktəbi var.

Nə də əlifbası.

Budur Tehranın qisası...

“Milləti-qəyyur...” deyə

Kürəyinə əl vurub

Dilini kəsirlər bir millətin.

Görək kim qanıyla bahasını verəcək

Bu cinayətin!

Şərq xitabət kürsüsünə qalxdığı,

Qaralar ağların hakimiyyətini yıxdığı

Bir zamanda

Ana dili qadağan olmuş Azərbaycanda.

Bir həddinə baxın zülmün...

Səfəvilərin qanun yazdığı dilə

Kilid vurmuş cəlladın birisi.

Baxırsan,

dili söz tutur,

Nə də

Beş qara pula dəyər



Dərisi...

Indi dilimiz “məhəlli”

Nəğməmiz “məhəlli”,

Özümüz “məhəlli” olmuşuq.

Nizamisi dünyaya sığmayan

Bir xalq,

Bir məhəlləyə dolmuşuq!

Bir həddinə baxın zülmün!

Gör nə günə qaldı

Bütün İrana məşrutə verən

Sərdarın nəvəsi!

Bax, budur

Iyirminci əsrin

Ən böyük faciəsi!!!

Filosof dostum,

De görüm


Cəmiyyətin hansı qanunu

Bizə rəva gördü bunu!

Yox, dostum,

Yox!


Bu qayda,

Bu qanun,

Rəvayətdir.

Haqsızlığa qarşı

Qılıncların tiyəsi,

Bir də “topların səsi

Həqiqətdir...”

Filosof dostum!

Indi elə oğul istəyir vətən

Düşmənlərin başına

Alov töksün dilindən.

Qalxıb Savalan dağına

Bir millətin dərdini

Bütün Şərqə bağırsın.

Qoy qoca Şərq eşitsin

Dili bağlı,

Qolu bağlı,

Sinəsi çarpaz dağlıların

Səsini...

Qoy bilsin

Azərin taleyilə oynayan ağalar;

Kül sovuşmamış!

Köz sönməmiş!

Odla oynayanın

Ya əli,

Ya da saqqalı yanar...



Indi elə oğul istəyir vətən

O, Səttərxan ürəkli,

Xiyabani nəfəsli,

Möcüz niyyətli olsun.

Qılıncının odundan,

Sözünün qüdrətindən,

Şeirinin siqlətindən

Düşmən el-el qovulsun!

Ey filosof dostum!

Indi elə oğul istəyir vətən

Füzulinin “nəzmi-nazik”

Yazdığı dildə

Yadlara meydan oxuya bilsin.

Xətai qılıncıyla

Neçə top zəncirini qıra bilsin

On nəfərlə

Min nəfərə qarşı

Dura bilsin.

Axı, böyük olur

“Kiçiklər”in dərdi,

Gücü düşən,

Sözü ötən,

Bir yara vurur.

Dinməsən ağzın tıxanır,

Vurmasan qolun burulur.

Dənizlər kralı

Zəncilər “sahibi”.

Bir zaman

Süngü gücünə

Şərqə soxuldu.

“Həddi-buluğa çatmamış” deyə,

Neçə ölkənin

“Hamisi” oldu.

Kral neçəncinin

Xəzinadar Lordu

Neçə xalqın istiqlalını

Büküb qoydu polad seyfə,

Bank kağızı tək.

Səsi çıxana

“Dinmə” dedi-

“İstiqlalın xətərdədir...”

“Dinsən xortdan yeyəcək...”

Filosof qardaş,

Bizdə belə məsəl var.

“Qonşuya ümüd olan

Şamsız qalar...”

Kim öz dərdinə qalmasa,

Kim haqqını almasa,

Qapını döyüb gətirməzlər

- Buyur hürriyyət payını!

Ümmanda naqqallar udan balıqların

Kim eşidir harayını?!

Indi zamandır.

Elə oğul istəyir vətən

Dişilə zənciri qıra bilsin,

Süngü qabağında

Sinəsilə dura bilsin.

Ağır tankları əritsin nəfəsi.

Top gülləsindən uzaq getsin

Haqq deyən səsi...

Bir əli İsfahanda olsun,

Biri Mahabadda.

Neçə görkəmdə,

Neçə adda

Milləti toplaya bilsin

Bir bayraq altına.

Qoy İran yenidən qalxsın

Inqilab altına.

Bir yumruq kimi birləşsin

Sözün,


Qılıncın,

Şeirin qüdrəti.

Azadlıq təşnəsi milləti

Apara bilsin ardınca.

Həsrətdə saralınca

Səngərdə ölməyə kim razı olmaz?

Kim?!

Filosof dostum!



Cəmiyyət qanununun

Pozulsa da bir bəndi,

Inan,

Dünya məhvərindən qopmaz.



Nə də

“İks”ə bir xələl gələr.

Əvəzində xalq hakimiyyəti düzələr.

Bilirəm o zaman

Sən də bir yol tapıb

“İks”i çıxararsan radikaldan.

Axı xalq hakimiyyəti,

Insan səadəti,

Daha müqəddəsdir.

Qanunu kəməndə eyləmək

Əbəsdir.

Filosof olsan da

Bilirsən bunu;

Cəmiyyətin ən böyük qanunu

Azadlıqdır...

Qalan qanunların

Hamısı artıqdır.

Filosof dostum,

Razısan deyəsən!

Düşünəndə bir az,

Axı başqa yolu yoxdur

Bəşəriyyətin!

Nə qədər gücsüz olsada

Səsini boğub,

Radikalını almaq olmaz

Bir millətin!



1960


NƏĞMƏ
Bir nəğmə oxudu sevgilim dünən,

Sanki sellər, sular başımdan aşdı.

Elə bir nəğmə ki, onu dünyada

Hələ bir müğənni oxumamışdı.


Ana laylası tək həlim, mehriban,

Bir dağ seli kimi coşğun, dalğalı.

Nəğmədə sönməmiş bir məhəbbətin

Həm sevinci vardı, həm də məlalı.


“Ömrüm ötdü yarıdan,

Istəyim yox tanrıdan.

Ürəyimi ağrıdan

Sənə neçə sözüm var,

Neçə sözüm, sevgilim.
Dağ başına endi çən,

Ağ geyindi çöl, çəmən.

Saçlarının rəngindən

Görürəm qocalmısan

Artır dərdim, nisgilim.
Mən xəstə, sən ixtiyar,

Ömrə yoxdur etibar.

Bir şeir yaz yadigar

Onu oxuyanda mən

Həm ağlayım, həm gülüm...”
O susdu... Nəğmə də uçdu otaqdan,

Duydum sevgilimin gilayəsini.

Dedim ki, mən sənə bağışlamışam

Sinəmin söz dolu xəzinəsini.


Sən şeir istədin, bir şeir azdır,

Nədir xəzinədən alsan bir inci.

Sənindir qəlbimdən gələn bir nəğmə,

Onun həm kədəri, həm də sevinci...


Soçi, 1960
QARA DƏNIZ
Qara dəniz, Qara dəniz,

Sahilində uzanmışam,

Elə bil ki, qürbət eldən

Uçub gəlmiş qərib quşam.

Sağım dəniz, solum qaya,

Torpaq üstə dirsəklənib

Mən baxıram

Dalğalarda üzən aya...

Xəyal məni hara çəkir,

Hara, dəniz?

Sevgilimə oxşayırsan,

Qara saçlı, qarabəniz.

Qara dəniz, Qara dəniz,

Dalğaların sinəm üstdən

Zolaq-zolaq yol açdıqca,

Ləpələrin pıçıltısı

Qulağımda dolaşdıqca,

Cənub qızı düşür yada.

Düşünürəm, bəlkə bu an

Onun qulaq saçlarıdır

Sinəm üstə dalğalanan.

Axı sən də sevgilim tək

Həm duzlusan, həm də qara.

Qara dəniz.

Deyirlər ki, qoca Hafiz

Qara xalçın bir dildara

Iki şəhər bağışladı...

Bir şairin hökmünə bax

Hardan çatır, hara, dəniz.

Qara dəniz, Qara dəniz,

Sən də bizim yer üzünün

Yanağında qara xalsan,

Nə olar ki,

Sahilinə qonaq gəlmiş

Bu şairdən bəxşiş alsan.

Nə kəndim var, nə şəhərim,

də elə bir hünərim,

Hafiz kimi ənam verəm

Bircə xala iki şəhər.

Bir ürəkdir, bir də şeir

Bu dünyada varım mənim.

Ürəyimi aldı məndən

Qara gözlü, qara saçlı

O qara dildarım mənim.

Bəxşiş dedim...

Böyüyü var, kiçiyi var.

Hər kəs baxıb miknətinə

Öz varını bağışlayır.

- Sənə şeir bağışlaram,

Bu da kasıb bir şairin

Bu dünyada miknətidir.

Şeir qəlbin atəşidir,

Şeir ömrün nemətidir...

1960
ANA VƏTƏN
Sarı yarpaqlar

Ağacdan qoparıb külək

Qovur cığır boyunca,

Səpir çölə, çəmənə.

Yarpaqlar titrəyərək

Körpə quzular kimi

Qaçırlar,

Dayanırlar,

Sonra qaçırlar yenə...

Insanlarda belədir,

Vətəndən ayrı düşən,

Budağından ayrılmış

Yarpaqlara bənzəyir,

Dolanır mahal-mahal,

Dolanır ölkə-ölkə...

Ya onu qürbət eldə

Iztirablar məhv edir,

Ya da düşür “tufana”.

Solur qumlu səhrada

Saralan çəmən kimi.

Heç şey isidə bilməz

Həyatı bahar kimi

Insanı vətən kimi!

1961

MUZEY ŞƏHƏR
Praqa çox gözəldir,

Muzeyə oxşayır şəhər.

Hər küçədə, meydana bir nəfər-

Kimi əli silahlı

Kimi əli əbalı,

Kimi at üstündə,

Kimi yalın ayaqlı,

Yarımçılpaq.

Əsirlərin keşməkeşində dönərək daşa,

Küçədə, meydanda dayanıb onlar.

Bəzisi tək,

Bəziləri qoşa.

Karl körpüsünə çıxsan

Baş salondasan elə bil.

Bura heykəllər qalereyasıdır,

Sanki körpü deyil...

Sağda,

dörd yüz il əvvəl,



günahları bağışlasın deyə,

müqəddəs atanın önündə

dizi üstə çökmüş bir gözəl...

Solda,


Məryam ana, qucağında körpəsi...

O yanda,


bir keşiş,

Sonra,


dövlət məmuru,

qoşun sərkərdəsi...

Axırda zindan,

içərdə qolları qandallı

iki nəfər,

Qapı ağzında əlləri silahlı,

yanları köpəkli

keşikçilər...

Körpüdən sonra geniş bir meydan,

Praqanı faşistlərdən qoruyan

Qəhrəmanları durub çiyin-çiyinə...

Neçə dövlət başçısı,

Neçə şair,

Neçə sərkərdə

Düzülüb şəhərin küçələrinə...

Kimi həmyaşına baxır,

Kimi oğluna,

Kimi də nəvələrinə...

Daşa dönsələr də,

Hamısının üzündə sevinc,

Gözlərində maraq.

Qoşulublar şəhərdəki izdihama,

Axına.

Axı, onlar da əsrləri aşa-aşa



Gəlib çıxdılar,

Doğma yurdun azadlığına...


Praqa, 1963

* * *
Neçə bahar yola salmışam,

Ancaq

Nə cırcırama kimi oynaq,



Nə qurbağa kimi soyuqqanlı.

Nə də göylər kimi dartılmamışam

sisli dumanlı.

Qəhrəman da olmamışam,

düşmən ordusunu pərən-pərən sala bilim.

Bir gözəl qəlbini də ovlamadım,

Fərhad tək

Məhəbbət dünyasında qala bilim.

Büdrədiyim çağlar da olub,

Yıxılmamışam ancaq.

Nə özgə hesabına yaşamaq istəmişəm,

Nə başqasının əlilə ucalmaq.

Keşməkeşli illərdə ötsə də gəncliyim

Təəssüf etmirəm yenə.


O illəri yenidən qaytrarsalar mənə

Inan, beləcə yaşayaram

Başı uca, üzü ağ.

Ömrün payızına qədəm qoyub

Tökülməz də yarpaq-yarpaq,

Qəm yemə, sevgilim.

Bir də ki, nə qəm,

Mən ki, gəncliyimi itirmişəm.

Hələ qışa da çox var...

Nə üçün yaşadığını duyan

Ömrün payızını da, qışını da

Bahar kimi yaşayar.



1962

MƏN ÜMMAN LƏPƏSIYƏM
Sən

Qumları şor sularla yuyulmuş

Bir sahil.

Mən


Bir ümman ləpəsi.

Dalğaların çiynində

Qanadlardım vüsalına

Neçə ay,


Neçə il...

Fəqət


Nə həvəsim azaldı,

Nə də qırıldı inadım.

Arxam ümman olmasaydı

Bəlkə də yorulardım...

Mən bir ləpəyəm

Nəğməm-


sənin həsrətin.

Pıçıltım –

qəlbimin səsidir.

O səs,


vüsal günlərinədək

gələsidir.

Mən bir ləpəyəm,

dincəlmirəm

günəş doğandan

ulduzları suya düşənə qədər.

Dincəlməyəcəm,

Biz


həmişəlik qovuşana qədər.

1962

* * *
Şair bal arısına bənzəyir,

Arı şirə çəkməkçin

Neçə çəməni,

Neçə bağı gəzir.

Şair neçə fikri,

Neçə arzunu sözə çevirib,

Misra-misra şeir düzür.

Bal neçə rəngdə olur,

Sarısı da var, tündü də.

Şeir də belədir,

Istisi də var, kütü də.

Yazda bal ətrli olur,

Payızda tünd sarı.

Şeir var qulaq asanda yatırsan,

Şeir var oyadır yatanları.


1962

ÖMRÜM MƏNIM
Neçə bahar yola salmışam

Ancaq


Nə cırcırama kimi oynaq,

Nə qurbağa kimi soyuqqanlı.

Qəhrəman da olmamışam,

Tez-tez çəkilə adım.

Bir gözəl qəlbini də ovlamadım

Fərhadtək

Məhəbbət dünyasında qala bilim.

Büdrədiyim anlar da olub,

Yıxılmamışam ancaq.

Nə özgə hesabına yaşamaq istəmişəm,

Nə başqasının əlilə ucalmaq.

Keşməkeşdə keçdi gəncliyim,

Təəssüf etmirəm yenə.

O illəri qaytarsalar mənə

Inan, beləcə yaşayaram

Başı uca, üzü ağ

Ömrün payızına qədəm qoyub

Tökülsəm də yarpaq-yarpaq,

Qəm yemə sevgilim.

Bir də ki, nə qəm,

Mən ki, gəncliyimi itirməmişəm,

Hələ qışa da çox var...

Nə üçün yaşadığını duyan,

Ömrün payızını da, qışını da

Üzü ağ yaşayır...
1962

MƏCNUN SÖYÜD
Belində yağışlı payız günləri,

Bulud göz yaşıyla yuyur şəhəri.

Küçələr bomboşdur, nə səs, nə adam.

Mənsə tək otaqda darıxmışam.

Çıxıram şəhərə...

Sısqa yağışda

Göz yaşı axıdır ağac da, daş da.

Kiçik bir meydandan keçdiyim zaman,

Görkəmi pərişan, özü pərişan

Bir məcnun söyüdü görürəm birdən.

Onun qabağında dayanıram mən.

Bir arxın üstündə o durmuşdu tək,

Sakitlik içində fikrə gedərək...

Saçları qarışmış zəmanə kimi.

Özüsə hər şeyə biganə kimi.

Səhradan, günəşdən, qumdan uzaqda,

Bu soyuq, rütubət, qərib torpaqda,

Gəlib gedənlərə baxır həsrətlə.

O odlu, o qaynar, coşğun xislətlə,

Bu soyuq şəhərdə necə dözür o?

Burda nə axtarır, kimi gəzir o?

Məcnun söyüdmüdür belə lal durur?

Yox, o Məcnun deyil,

Bir xəyal durur...

Məcnuna oxşayır görkəmində o,

Olmamış Məcnunluq aləmində o.

Məcnun zəmanəylə girmədi dona,

Dövrünün ən qəti qanunlarına

O nə “bəli” dedi, nə də baş əydi.

Sanki iki dünya baş-başa dəydi.

Sonra da deyingən qarı sayağı,

Böhtana açıldı dövrün dodağı.

Nə hökmü, nə zoru dada çatmadı,

Fəqət o susmadı, aram tutmadı,

Yanıb “Məcnun” dedi eşqin oğluna.

Qeysə bax, fəxr etdi məcnunluğuna.

Açıq sinəsini verib qabağa,

Yalın ayağıyla odlu torpağa

Yeni çığır salıb obadan çıxdı.

O dedi:”Məcnuna yollar açıqdı...”

Qılınc da, nizə də, ox da, zəncir də

Saxlaya bilmədi onu bir yerdə.

Gəzdi iqlim-iqlim o gənc yaşında,

Məhəbbət, sədaqət, haqq savaşında

Neçə hökümdarı saldı taxtından.

Neçə cəngavər də küsüb baxtından

Məcnunla duranda qabağ-qabağa

Qanlı qılıncını atdı torpağa.

Ram etdi çöllərin pələngini də,

Ceyranın qorxulu ürəyini də

Insana isidən bəlkə o oldu.

Dağların döşündə məclis quruldu.

Çölün sakinləri yığılıb gəldi,

Qaçan da, qovan da burda dincəldi.

Nə güclü bəlləndi, nə də ki, aciz.

Hakim qulsuz oldu, qullar hakimsiz.

O yığdı hamını öz süfrəsinə,

Ülvi bir məhəbbət dairəsinə.

Bu üns məclisində hörmətə meyar

Bir məhəbbət oldu, bir də etibar.


Bəs indi gördüyüm bu nə aləmdir?

O Məcnun hardadır?

Bu Məcnun kimdir?

Saçları tökülmüş çiyinlərinə,

O inam, o təmkin, o qəm yerinə

Onun gözlərindən axan yaşdırmı?

O öz keçmişindən ayrılmışdırmı?

Birdən Məcnun Söyüd gələrək dilə

Dedi:- Elə demə, bir insaf elə.

O yazıq, kimsəsiz Məcnun mənəm, mən!

-Yox,-dedim,-bu fikir əsla düz deyil

Məcnun yazıq deyil, kimsəsiz deyil.

Bir yerdən gəlmişəm odlu, atəşli,

Qumu hərarətli, göyü günəşli.

Leyli də ordadır.

Bəli özüdür...

Məcnun olduğun o şərq qızıdır.

Gözləri Dəməşqin gecələri tək,

Saçları Fəratdan bir qədər gödək,

Qaşları çatılmış qılınc tək qoşa,

Sanki Nofəl özü çatmış baş-başa.

Nəxlə bərabərdir boyu, qaməti

Dəclə nəğməsidir sözü, söhbəti.

Yerişi, duruşu elə Leyli tək.

Əynində ətəyi həşyəli köynək.

Hicranın odundan gələrək dilə,

Hər axşam səsini çəkəndə zilə

Xəzərin sinəsi qabarır, enir,

O qızın səsindən səhralar dinir.

Dağlarda əks olur “Ya Qeys!” kəlməsi.

Onun məhəbbəti, dərdi, nəğməsi

Sənin həsrətindir, sənin fəraqın.

İnsanın, dövranın, bir də torpağın

Min illik dərdini danışır bizə.

Sanki Füzuli də qarışır bizə

Ona qulaq asır.....

“Ey xoş ol məst ki, bilməz

qəmi – aləm nə imiş.

Nə çəkər aləm üçün qəm,

nə bilər qəm nə imiş.”


Gördüm ki, düşünür məcnun söyüd də.

Bayaqdan göz yaşı tökən söyüddə

İndi başqa hal var, başqa görkəm var.

Sanki onu ondan ayırmışdılar.

Haçandan – haçana gələrək dilə

Dedi: - Heç bilmirəm bu gəlişinlə

Mənə sevinc verdin, yoxsa da kədər.

(Bağışla, qəlbinə toxunsam əgər... )

Arayıb, axtarıb məni tapmısan,

Bunu bir dünyaya dəyişməz insan.

Nə qədər sıxsa da bu qürbət məni.

Sənin sözündəki hərarət məni

Min il də yaşadar, bəli, min il də

Leylidən uzağa düşdüm eldə...

- Gəl gedək deyirsən?

Hara gedək biz!

Siz mənə Leylini vəd edirsiniz.

Məni atəşlərə çəkirsiz yenə.

Yox! Dözə bilmərəm vəslin dərdinə.

Yox, dözə bilmərəm! Bu dərdim bəsdir!

Min illik fəraqdan qaçmaq əbəsdir.

Bir də Leyli özü danlayıb deyər:



  • Səni Məcnun bilib sevirdi ellər.

Səninsə dözümün, hünərin buymuş?

“Məcnun dizə çöküb, o təslim olmuş...” –

Deyib danlamazmı görənlər məni!

Yox! Vəslə çağırmaz ərənlər məni.

Gedəsi deyiləm, doğrusu, burdan.

Mən vəslə yetişsəm, kim çəkər hicran!

Elə bir adamı göstərin, hanı?!

Mən ona tapşırıb gedim hicaranı.

“...Məcnun köçüb getdi sinəsində qəm,

İndi bu dövranın Məcnunu mənəm...” –

Deyən aşiqlərin arzusu, qəmi

Dövrünün Məcnunu olmaq deyilmi?

Özün de, eşqdə bu da hünərmi?

Mən necə inanım ona dərdimi.

Axı mənim dərdim hind dəryasıdır.

Leyli o dəryanın bir damlasıdır.

Təkcə eşq olsaydı cahanda dərdim

Onu piyaləyə töküb içərdim.

İçib məst olardım.

Bəlkə o zaman

Nə Leyli olardı, nə mən, nə hicran.

Yox! Yox! Məstliyin də olmaz imdadı.

Əgər Ömər Xəyyam yaranmasaydım

Bəlkə inanardım.

Mahaldır indi.

Təqsir bizim deyil, zəmanənindir.

Ən böyük günahkar o əyyam oldu,

Məni Məcnun etdi, o Xəyyam oldu.

İndi elə aşiq istəyirəm mən

O yüksəkdə dura eşqdə məndən.

Sən belə aşiqdən gətirsən xəbər

Leyliyə demirəm, dünyaya dəyər...

Dedim: - Tarix oldu sən doğan illər,

Min tufan içindən keçsə də bəşər

Səni unutmadı yenə heç zaman.

Istəyirəm budur ki, səni bu dövran

Yenidən doğaraq öz oğlu kimi,

Yaşatsın Nizami, Füzuli kimi.



  • Yaşatsın deyirsən! Qəribədir bu!

De nə vaxt müqəddəs bir eşqin oğlu

Yenidən yaşamaq fikrinə düşdü!

Bir də ki, Məcnunu kim öldürmüşdü?

Dünən qəbilədən çıxan bir nəfər

Bu gün şöhrətlənmiş bu dünya qədər.

İndi mən hər eldə, hər diyardayam.

Həyatda, torpaqda, xəyallardayam.

Burda bir ağacam, Şərqdə dastanam,

Kitabam, nəğməyəm, şeirəm, insanam.-

Neçə ad vermişdin mənə hər ustad

Qərbdə Otelloyam Şərqdəsə Fərhad.

Bir vaxt Sənan idim, şeyxlərin başı,

Sonra Hamlet oldum saraya qarşı.

Mənsuram, Yusifəm, Romeoyam mən,

Yox, heç kəs deyiləm, onlar mənəm, mən...

Sənsə bu halımı bilərək yenə

Gəl gedək deyirsən nə haqla mənə!

“Gəl gedək deyirsən!”

Hara gedim mən?

De, necə ayrılım özüm özümdən.

Leylidən söz açdın, Leyli məndədir.

Onun eşq atəşi bədənimdədir.

Bu qəmim, həsrətim, dərdim Leylidir.

Eşq oduna yana hər kim Leylidir.

Günəşsiz yaşaram min il də bütün.

Leylisiz qalmadım ömrümdə bir gün.

Bir vaxt başım üstdə o günəş oldu.

Onun atəşindən yanıb qovruldu

Xeymə ağacı tək, dərim, bədənim.

Bir insan tüstümü görmədi mənim.

İndi də bu duman, bu çiskin, bu çən

Leylidir, bulud tək başımın üstdən

Asılıb göz yaşı axıdır mudam.

Mən bu göz yaşıyla ülfət tutmuşam.

“Gəl gedək deyirsən!”

Hara gedim mən?

De, necə ayrılım özüm özümdən.

Ən böyük sevincim bu dərd, bu qəmdir.

Hicrandan vüsala bircə qədəmdir.

Ancaq qorxum budur vüsala yetsəm,

Leylini itirəm, qəmi itirəm.

Gəl sən də çox görmə hicranı mənə.

Bil, dözə bimərəm vəslin dərdinə....

Deyərək astaca əydi başını,

Mən gördüm Məcnunun ilk göz yaşını.

Düşündüm qəlbinə toxunmuşam mən.

Danışa bilməzdim xəcalətimdən.

Çəkildim.

O söyüd tək qaldı yenə,

Qərq olub dərdinin dərinliyinə

Tək qaldı yenə.

Berlin, 1963

1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə