ELƏ OĞul iSTƏYİr vəTƏN




Yüklə 1.8 Mb.
səhifə2/14
tarix22.02.2016
ölçüsü1.8 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

TEHRAN
Dağlardan böyükdür sinəmdəki dağ,

Yenə dilləndirdi bu həyat məni.

Bilirəm, şeirimə sığışmayacaq

Bu yerin göz yaşı, birdə gülşəni.


Tehran. Çadralıdır bu gözəl pəri,

Sanki ay üzündə qara kölgə var.

Gözləri yol çəkən bu şərq dilbəri

Hələ xülyalarla ömr edib yaşar.


Hələ silinməmiş yanaqlarından

Şahın, şahzadənin saldığı izlər.

Min busə alınmış dodaqlarından,

Min dəfə süzülmüş o mavi gözlər.


Baxın, o gözəldir bir mələk kimi,

Yüz həmsər görsə də cavandır hələ,

Onun cavanlığı bir çiçək kimi

Qoxlanıb gəzmişdir çox əldən-ələ.


II
Budur, dalğalanır yenə Laləzar,

Gülüşlər qoparır şəhəri yerdən.

Fəqət bu nəşəli mühitdən kənar

Bir aləm görürəm çox yaxında mən.


Bura Topxanadır. Burda insanlar

Ayla, ulduzlarla qalır sabaha

Onların nə pulu, nə də evi var.

Hələ “borcludurlar” şaha, allaha.


Onları görməyir nə ağa, nə xan

Görsə də deyəcək: “Allah işidir”.

Sən ey topxanada ac-susuz qalan,

Söylə, taleyini düşündünmü bir.


Yoxsa deyirsən ki, (alnında varmış)

Yastığın daş olar, göylər yorğanın.

Dolanıb getdikcə hər bahar, hər qış

Qumların üstündə çürüyə canın.


Görürəm, duymursan öz qüdrətini,

Bilmirsən bu həyat, bu zaman nədir.

Bilmirsən haqqını, həqiqətini

Boğub tapdalayan hansı qüvvədir.


Sənin arxalanıb könül verdiyin

Ancaq göz yaşıdır, bir də ki, qəmdir.


Qəlbini qurd kimi parçalayan kim

O süst iradənlə məhv olub gedir.


Yenə dodağları, dırnaqları qan

Işvəli xanımlar keçir önümdən.

Sənsə o qan içən hökümdarından

Mərhəmət umursan, haqq gözləyirsən.


Yox, bu həyat deyil, yaşamaq deyil

Sənin öz haqqın var, öz taleyin var.

Sən əl uzatdıqca, bunu yaxşı bil,

Üzünü çevirib keçir ağalar.

Gəl gedək, qardaşım, Baharıstana,

Orada insan seli dalğa – dalğadır.

Dalğadan nə çıxar, qoşul ümmana,

Sən də bu ellərlə səsini qaldır.


Odur, karigərlər qalxmış ayağa,

Sabah nümayişə çıxacaq yenə.

Gedək, sən də yapış o al bayrağa,

Ancaq o, haqqını verəcək sənə.


Tehran. Çadralıdır o gözəl pəri,

Onun gül dodağı nə lalə rəngdir.

Gözləri yol çəkən bu şərq dilbəri

Bu gün çadrasız da görünəcəkdir.


Təbriz, 1946

VƏTƏN MƏHƏBBƏTI
Mən hicranla dolu ömür sürmüşəm,

Min əzab çəkmişəm, min qəm görmüşəm.

Axıb leysan kimi gözümün yaşı,

Nələr çəkdirməmiş mənə bu aləm.

Inan ki, əyilər dağların başı

Əgər dərdlərimi ona söyləsəm.

Fəqət qurtarmışam dardan, çətindən

Tək sənin eşqinlə vətən, ey vətən.


Ömrümün gəncliyi bir çiçək oldu,

Vaxtsız tufanların əlində soldu,

Qanunlar bağladı qoluma zəncir,

Məni ayırdılar doğma elimdən.

Özüm də bilmədim günahım nədir,

Fəqət dedilər ki, müqəssirəm mən.

Dadım zəmanəni hər möhnətindən,

Sənin xətrinçin, vətən, ey vətən.


Keçdi aylar, illər, zaman da döndü,

Yüz illik bir həyat bir anda döndü.

Yenə də başlandı haqq savaşları,

Xalqım at oynatdı, silah götürdü.

Silib yanağına axan yaşları,

Insanlar yurduma pənah gətirdi,

Ölkələr danışdı rəşadətindən,

Düşdün dildən-dilə, vətən, ey vətən.


Deməyin – bunlar ki, bir xatirədir.

Yox, mənim ömrümdür, bu bir həyatdır,

Onun hər sətrində ürək qanı var,

Könlüm dincəlməyir onu anmasa.

Bunu yaxşı demiş bizim babalar:

“Gözdən yaş çıxmayır ürək yanmasa”.

Bir kədər duysan da hər söhbətimdən,

Sənin həsrətindir, vətən, ey vətən.


Qoy düşmən deməsin uzaqdayam mən,

Yox, məni böyüdən torpaqdayam mən.

Onun nəfəsilə qızınır sinəm,

Sevib əzizləyir bu dağlar məni.

Mən böyük Babəkin nişanəsiyəm,

Əyməz bu yaralar, bu dağlar məni.


Hər gün ilham alıb məhəbbətindən,

Artır qüdrətimiz, vətən, ey vətən.


Atamın səngəri məzarı oldu,

Üstünə bir qırıq kərpic qoyuldu.

Dostları süngüylə qazdı: “Mücahid”.

Mənim də “Fədai” alacaq adım.

Sabahkı döyüşə olmasam şahid,

Başqa bir ad ilə yenə övladım

O gün vuruşacam....

Bil, bu zülmətdən

Qurtaracaq səni, vətən, ey vətən.
Bakı, 1948
SAVALAN
Yenə şair kimi gedib xəyala

Nələr düşünürsən, Savalan, nələr?

Sənə yaraşmayan bu qərib hala

Söylə, heç dözərmi bu bizim ellər?

Sənin tükənməyən bir sərvətin var;

Nədir bu qəmlərə qərq edən səni,

Söylə, nə dərdin var, nə həsrətin var?
Qaldır başındakı örtüyü bir an,

Yenə qoynundakı cəlal görünsün.

Qoy el qəhrəmanı çıxsın dumandan,

Nə belə kədərli, nə lal görünsün.

Döyüş günlərimiz yadında varmı?

Indi yad önündə susmaq olarmı?

Savalan, mən sənə tapşırdım axı

Biz ayrılan zaman öz dildarımı.


Dedim: - Qoru onu, qoru vətəni.

Bilirsən pis günün ömrü azdır, az.

Ellər arxa bilir əvvəldən səni,

Indi sakit durmaq sənə yaraşmaz.

Yenə əmr edərsə bir gün firqəmiz,

Düşmənin üstünə yüriyəndə biz,

Sənin ətəyindən başlayacaqdır

Öz ilk yürüşünü əsgərlərimiz.


Sən Azər yurdunun iftixarısan,

Şahlar, atabəylər baş əymiş sənə.

Bir gün bayrağını qaldırsan, inan

Düşmən tülkü kimi qaçacaq yenə,

Necə ki, biz zaman qaçdı ərəblər.

Xalqım döyüşlərdən çıxdı müzəffər.

Xəlifə taxtında dura bilmədi

Çatınca Bağdada Babəkdən xəbər.


Indi də bu yanğın, bu zindan, bu dar

Azər övladını ayaqdan salmaz.

Fəqət unutmasın, deyin, ağalar,

Mənim qəzəbimdən qurtarmaq olmaz.

O yanan daxmalar, evlər mənimdir,

Sanıram alışan öz bədənimdir.

Onun ağrısını mən çəkirəm, mən,

Çünki o, yurdumdur, o, vətənimdir.

Savalan, uca tut daim başını,

Vətən bayrağını şərəflə saxla.

Doğma torpağını, doğma daşını

Yenə qoruyacaq el o bayraqla.

Demə öz yurdumda qərib bir dağam;

Bil ki, ölməmişəm, nə qədər sağam,

Nə qədər düşməmiş əlimdən tüfəng

Səninçin, vətənçin vuruşacağam.


1948

YADIMA DÜŞDÜ
Aşıq, qış qurtardı, il təzələndi,

Təbrizin baharı yadıma düşdü.

Qara gözlərindən ayrı düşdüyüm

O könül dildarı yadıma düşdü.


Nərgizin gözləri süzüləndə gəl,

Bənövşənin boyu üzüləndə gəl,

Ağ buxaq altına düzüləndə gəl!

O əhli, ilqarı yadıma düşdü.


Aşıq, bir məclis qur, yenə saz götür,

Şair xəyalımdan gör nələr ötür:

Uçdu sarı bülbül, tək qaldı Tahir,

Onun Zöhrə yarı yadıma düşdü.


Sənin sözlərinin vurğunuyam mən,

Bir cığalı təcnis de Ələsgərdən,

Yaz gəldi, dağları məskən etdi çən,

Abbasın əşarı yadıma düşdü.


Buludlar su olub torpağa endi,

Badam ağacları gül açıb indi.

Yenə bizim dağlar yaşıl geyindi,

Savalanın qarı yadıma düşdü.


Yenə el adəti, elin bayramı,

Axır çərşənbəsi, bahar axşamı,

Bu gün nov üstünə gedəcək hamı,

Qızların qatarı yadıma düşdü.



Yalta, 1950

YALTADAN MƏKTUB
Sevgilim, yağışlı bir yaz günüdür,

Tutmuş hər tərəfi yenə çən, duman.

Nə sahil, nə şəhər, nə göy görünür,

Pəncərə ardında durub bayaqdan


Səni düşünürən... Axı adətən,

Yağışlı günlərdə darıxır insan.

Qəlbimdə, fikrimdə, xəyalımda sən,

Bir də ilk görüşü anıram bu an...


Onda Təbrizdəydik. Gözəl bahardı.

Leysan aylarıydı, xatırla bir sən,

Hər hasar üstündə bir əklil vardı

Badam ağacını çiçəkləndirən...


Səhər gün çıxardı, ilıq yaz günü,

Günorta şiddətlə yağardı yağış.

Əlvan rənglər ilə göyün üzünü

Bəzəyən qurşaqlar yadında qalmış?


Sevgilim, sənin də xatirindəmi,

Yağışlı bir gündə görüşəndə biz.

Mənim yadımdadır, bax bu gün kimi

Ayrılmaq bilmirdi nəzərlərimiz...


O gün tək otaqda qəlbim qaraldı,

Yağış da qoymadı bir göz açım mən.

Gözüm quruba tək küçədə qaldı.

Elə bil bu saat sən keçəcəksən.


Saydım saatları, günü, həftəni...

Çox az qismət oldu səadət mənə.

Yağışlı bir gündə tapdımsa səni,

Zülmət bir gecədə itirdim yenə...

Artıq beş il keçir o ilk görüşdən,

Yenə də mən səndən düşmüşəm uzaq.

Indi cənubdayam... yenə yağış, çən...

Gözəl bir otaqda tək mənəm oyaq.

Düşürsən yadıma ... qəmlənir ürək,

Görən sən hardasan kim bilir yəqin.

Bu axşam sənin də bəlkə mənim tək,

Qapıda qalmışdır nəmli gözlərin...


Alnını söykəyib soyuq şüşəyə,

De, sənsən hicranın oduna yanan?

Küləkmi səs salıb bizim küçəyə,

Yoxsa həzin-həzin sən oxuyursan?


Görürəm, bulud tək gözlərin dolub,

Bəlkə ağlayırsan. Bu hal nə haldır?

Yoxsa bu ayrılıq sənə dərd olub

Yəqin iradəni əlindən aldı?

- Ağlama, sevgilim, bilirsən ki, sən

Hər ağlayan zaman sıxılar qəlbim...

Dəyərkən şüşəyə toxunur birdən

Sənin saçlarına toxunan əlim.


Xəyallar çəkilir... yenə təkəm, bax,

Çöldə şimşək çaxır, bərk yağış yağır.

Yenə də şüşədən yuvarlanaraq,

Sənin göz yaşların süzülüb axır...



Yalta, 1950

TƏBRİZİN BAHARI
Gürşad təzə dayanmışdır... Hava durulur,

Bulud keçir, göyün üzü görünür təmiz.

Qarı nənə hanasını uzadır, odur,

Elə bil ki, kəmənd atır buluda dəniz...


Günəş batır... dağ başında topa buludlar

Sanki pambıq tayasıdır alışıb yanır.

Bahar gəlmiş, baş qaldırır çiçəklər, otlar,

Ana torpaq yuxusundan artıq oyanır...


Sərin-sərin meh əsdikcə titrəyir yarpaq,

Çiçəklərim dodağından süzülür inci.

Sarı bülbül gəzir yenə, bax, bulaq-bulaq

Oxuduqca sinəsinə sığmır sevinci.


Qara dəniz dalğalanır, kiçik ləpələr

Qum üstündə göyərçintək görünür yenə.

Deyirlər ki, əsrlərdir hər axşam-səhər

Sular necə pıçıldayır sahillərinə...


Bir ağacın gövdəsinə söykənmişəm tək,

Yenə məni məftun etmiş özünə bahar,

Ara-sıra tər budaqlar silkələnərək

Gah başıma çiçək tökür, gah da damcılar...


Orda, burda dəstə-dəstə qızlar, oğlanlar

Qarmon çalır, nəğmə deyir, çiçək dərirlər.

Düşünürəm, doğurdan da burda bəxtiyar

Ömür sürür qayğı bilməz, xoşbəxt nəsillər.


Birdən məni ayrı salır düşüncələrdən

“Alın sizə məktub gəlmiş” söyləyən bir kəs.

(Əziz dostum, kim qürbətdə olmamış, inan,

Məktubdakı o mənəvi qüdrəti bilməz...)


Bir kitab da verir mənə dostum gülərək:

- Bu da bir gənc ürəyin əziz barıdır.

Bakıdandır, unutmamış dostların, demək

Al, şairə şairənin yadigarıdır.


Aç “Təbrizin baharının”, bir şeir oxu,

Deyirlər ki, sizin yerdə gözəl olur yaz.

Mən dinmirəm... (cavabsızdır onun arzusu),

O bilmir ki, nə olmuşdu duruxur bir az.


Mən dinmirəm... xəyal məni çəkib aparır,

Yenə durur gözlərimin önündə Təbriz.


Ilk bahardır, göy gürlayır, bərk yağış yağır

Bir divara söykənirik sevgilimlə biz...


Sərdar bağı, ağ çiçəkli badam ağacı,

Qərənfillər, yasəmənlər, bahar leysanı,

Şimşək səsi, üfüqlərin odlu qırmancı,

Gözü yaşlı buludların başsız karvanı.


Daşqın sellər, Acı çayı, Sərin bulaqlar,

“Şah gölünün” əyri yolu, yaşıl çəmənlər,

Gözlərimdə canlandıqca , mənsə biqərar,

Deyirəm ki, indi sizdə qalmışmı əsər.


Yox, dağıtdı o cəlalı, dağıtdı düşmən,

Ancaq elin ilqarını poza bilmədi.

O, sən görən Təbriz deyil, şəhəri gəzsən,

Fırtınalı bir dənizə bənzəyir indi.


Azər oğlun qorxutmadı nə sürgün, nə dar,

Baxışlarda qəzəb vardı, ürəklərdə kin.

Xiyabandan qorxa-qorxa keçir ağalar,

Onlar bilir bu elləri ürəyindəkin.


Onlar bilir azərilər dözməz heç zaman,

Bu məhkumluq zəncirini qırar bir səhər.

Onlar qorxur gələ yenə bir gün təzədən

Cəbhələrdən baş qaldıra itən igidlər.


Gələr – dedim, dostum dönüb diqqətlə baxdı,

O, qəlbimi gözlərimdən oxudu dərhal.

Danışmadım... uzaqlarda ildırım çaxdı,

Göy gurladı, buludlarda göründü hilal...


Mən o gecə gözlərimi yummadım inan,

Elə bil ki, sinəm üstə dağ qalanmışdı.

Məni rahat buraxmadı xəyal, həyəcan,

Neçə şair ürəyimdə daldalanmışdı.


Mən yatmadım, göy sularda ğünəş ucaldı,

Daha səndən nə gizlədim, əziz oxucum,

Nə mən borclu nə o dostum nisgilli qaldı

Bu şeirimi səhər tezdən ona oxudum.



Yalta, 1950

BƏNÖVŞƏ
Osman Sarıvəlliyə
Yenə bahar gəldi, isindi torpaq,

Yerdən baş qaldırdı bağlarda zanbaq,

Günəşin altında buxarlanaraq

Gəldi geniş düzlər cana, bənövşə.


Çöllərdə otları oxşadı rüzgar,

Əriyib su oldu quzeydəki qar.

Bilirəm, bu qızıl saçaqlı bahar

Qoyma yarpaqların dona, bənövşə.


Yenə də nərgizin gözü süzüldü,

Qərənfilin üstə jalə düzüldü.

Lalənin saplağı yerdən üzüldü.

Batdı yarpaqları qana, bənövşə.


Bir gün kənd yoluyla dönürdüm yenə,

Bir bulaq başında rast gəldim sənə.

Gördüm ki, başını qoyub çiyninə

Əymisən boynunu yana, bənövşə.


Bilmədim küskünsən, yoxsa gileyli,

Gəlib mən yanında oturdum xeyli,

Qəlbimdə nə səni qoparmaq meyli,

Nə də əl uzatmaq sənə, bənövşə.


Bükülmüş boynuna baxdığım zaman,

Bir qələm dostumu düşündüm, inan.

Məndən inciməsin qoy şair Osman,

Bir sualım vardır ona, bənövşə.


Axar sular kimi rəngsiz olsaydın,

Bəlkə xumar gözlü nərgiz olsaydın,

Ya da ki, qələmtək dümdüz olsaydın

O, rəy verərdimi buna, bənövşə.


O gün ki, güllərdən çəkildin kənar,

Bu qərib halını qəmə yozdular.

Fəqət razı olma səni sənətkar

Kədərli, qüssəli ana, bənövşə.


Hər gülün, çiçəyin öz hüsnü vardır,

Sənin də görkəmin bir ilk bahardır.

De, kim şeir yazıb, nəğmə qoşardı

Boynun əyilməsə yana, bənövşə?!


Bakı, 1954

ÖMÜR ÇİÇƏYİ
Beçe kar ayədət ze qol təbəqi,

Əz Qolustane mən be bər vərəqi

Qol həmin pənc ruze şeş başəd

Vin Qolestan həmişə xoşbəşəd
Sədi
Sevgilim, Bakıda istidir yəqin,

Burda ürək açan gözəl bahardır.

Yenə çiçəklənmiş yasəmənlərin

Kolları yol boyu qatar-qatardı.


Hər yerdən keçirsən ətir qoxuyur,

Gül açmış çəmən də, bağ da, bağça da.

Kolların üstündə quşlar oxuyur,

Hara baxıramsa düşürsən yada.


Sənin donun rəngdə gül açmış zambaq,

Sənin yanağına bənzəyir lalə.

Göz yaşların kimi yumurlanaraq

Qərənfilin üstünə tökülmüş jalə.


Nərgiz səhər-səhər xumar baxanda,

Sənin gözlərini düşünürəm mən.

Hər axşam üfüqdən hilal qalxanda

Qaşlarının tağı keçir fikrimdən.


Yəqin qucağına alıb oğlunu,

Sevgilim, hər axşam baxırsan yola.

Onunçun bənövşə əyib boynunu –

Qönçəsi torpağa dəyir az qala.


Mən burda gördüyüm hər gül, hər çiçək

Səni xatırladır, düzü, ey nigar.

Deyirəm Bakıya qayıdanadək

Görəsən bu gülşən, bu lətif bahar

Belə qalacaqmı.

Yəqin solacaq.

Ağaclar tökəcək öz çiçəyini,

Yasəmən kolları xəzan olacaq

Puşkinin yazdığı o “Çiçək” kimi.
Neçə nazənin qız, neçə şux gəlin

Bu lətif gülləri qoparacaqdır.

Kimi kitabına sərəcək yəqin,

Kimi də ərməğan aparacaqdır.


Fəqət sən, ey mənim ömür çiçəyim,

Bilirəm heç zaman solmayacaqsan.

Gəzsəm də dünyanı mən iqlim-iqlim,

Gözümdən uzaqda olmayacaqsan.


Yessentuki, 1954.

MƏNİM PASPORTUM
Dünən,

Mən şeirini oxudum

Qırmızı cildli pasportunu

iftixarla dünyaya nişan verən

bir şairin.

Qəlbimdə sevinclə, kin

sanki iki gur çay idi,

qarışdı bir birinə.

Çıxarıb cibimdən

pasportumun

bozarmış sac çörəyinə bənzəyən

rənginə.


Qəlbimdə sevinclə, kin

Qarışdı bir-birinə...

Sevindim,

bu adi pasportdur,

yazısı, möhürü var.

Hətta vətənimi,

milliyyətimi də yazmışlar.

Ancaq yazmayıblar

kimin təbəəsiyəm.

Fəqət, nə qəm.

Mən də bunu istəyirəm,

nə ağam olsun,

nə də fərman verənim.

Rəiyyət olmasın adım.

Həqiqətə çevrilir deyəsən

bu muradım.

Kim bilir,

bəlkə, pasport yazan qız

baxıb üzümə

adımı təbəəlikdən pozmuş,

mənə azadlıq yazmış.

Indi nə bəndəyəm,

nə də ağam var.

Nə şəhərdə mülküm,

nə kənddə torpağım var.

Fəqət şairəm.

Yaxşımı,

pismi, deyə bilmərəm.

Döş cibimdə bir qələm,

bir də bloknotum.

Bir də ki,

Üstü mavi xətlərlə yazılmış

boz cildli

“təbəəsiz” pasportum.

Ancaq kim bilir,

Mən nə zaman vətəndaş olacağam.

Kim bilir,

mən o gündən nə qədər uzağam.

Fəqət,

inanıram buna;



gələcək elə bir zaman,

ya bu boz rəngli pasportum

boyanacaq səngərdə

qəlbimin qanına,

Ya da

Cəbhədən qələbəylə dönüb bir səhər



Bayrağımı tutacağam

Günəşlə yanaşı.

Olacağam

azad bir dünyanın

azad bir vətəndaşı.
Bakı, 1956.

QƏLƏM YOLDAŞIM
Sevgilim,

dodağında həzin bir bayatı

yatırırsan körpəmizi,

gecə yarıdır...

Misralar

sanki Təbriz xiyabanından keçən

dəvə qatarıdır,

qəmli bir ahənglə axır.

Körpə dəcəl olsa da,

Nəğmənin ahənginə uyub

Xəyala dalmış kimi üzünə baxır.

Bəsdir, bu qəmli nəğməni oxuma,

Oxuma, sevgilim.

Onsuzda yaman sıxılır qəlbim

Bu tək otaqda.

Özüm 56-ci ildəyəm,

Xalqım on il qabaqda.

Gəlir xatirimə,

səngərdə yatdığım,

toza , torpağa batdığım

günlər.

Düşür yadıma fədai dostlarım,



Saqqal Vəli,

Şəmsuvarlı Əbi,

Qoca Şahmar.

Tüfəngin qundağına kəndir bağlayıb,

güllələri dağarcığa yığan,

tankı sinəsiylə saxlayıb

qoşun qabağına çıxan

adsız qəhrəmanlar.

Düşür yadıma,

Sakit gecələrdə

düşmən səsini eşitməsin deyə

astadan bayatı deyən cavanlar.

Oxuma, sevgilim,

Bu bayatıları oxuma,

Yetər.

Gəlir xatirimə



aylı axşamlarda

tüfəngin qundağı üstə şeir yazıb

səhər atışmasından qabaq

bir daşın üstünə qalxıb

onu dostlarıma oxuduğum günlər.

Düşür yadıma

iki cəbhə dostum –

tüfəngim,

atım.

Biri nəğməm kimi alovlu idi,



biri cilovsuz xəyalım,

uçan qanadım.

Gəlir xatirimə

Təbrizə dönərkən cəbhədən

üç günlük yolu

bir gecə-gündüzdə keçdiyim,

gecə bayatı deyib,

gündüz bardaqlardan ayran içdiyim

günlər...

Gəlir xatirinə yəqin ki, sənin də

unutmamısansa əgər,

yenicə dönmüşdüm cəbhədən,

Sərdar xiyabanında

bir səhər üz-üzə gəldik.

Sən gülümsəyərək

bir mənə baxdın,

bir də paltarıma.

Sonra ciddi hal alıb

qaş-qabağını tökdün,

toqqanı düzəldib

nizami köynəyinin ətəyini çəkdin,

bir əsgər kimi salamladın məni.

Mən sıxarkən əlini,

dedin:


“Boynuna sarılardım

xiyaban olmasaydı əgər”

yadındamı sevgilim.

Bir əsgər əfsərlə yanaşı getdi

hərbi qərargaha qədər...

Sevgilim,

Indi sən beşik başında

Layla çalırsan,

körpə xumarlanır yataqda.

Məndə tək bir otaqda

yaman darıxıram,

yaman


Gəlir xatirimə,

o zaman


Təbriz xiyabanlarını kecib

“Şairlər məclisi”nə qoşa getdiyimiz

günlər.

Gəlir xatirimə,



hər səhər

Gecə yazdığım şeiri

mikrofon qabağında oxuyarkən mən,

“Azərbaycan”da çıxardı sənin nəğmən,

Sevgilim,

Biz uzun illərin sınağından

Kecib gələn,

həyatın ağlı-qaralı günlərini görən,

bir məslək uğrunda vuruşub,

bir həyata nəğmə qoşub,

yaşamışıq.

Üzümüz ağ,

Alnımız açıq.

Sevgilim,

Sən dünən cəbhə dostum,

Qələm yoldaşım idin,

Bu gün həyat yoldaşım olmusan artıq,

Sən,


tüfəngi atıb bir yana

keşık başından

kecib

laylay calırsan oğluna.



Bilirəm,

Sən unutmamısan ilk əhdini,

Ilk ilqarını

Cəbhədə ölən igidlərin yerinə

Böyüdürsən Arazını,

Etibarını.

Sevgilim,

Oxu!


Şən mahnılar oxu!

Qoy daha möhkəm gurlasın nəğmən!

Oxu, sevgilim,

Elə oxu, qoy bilsinlər ki,

fədai olduğunu

unutmamısan sən.


Bakı, 1956


35 YAŞIM

Əqrəb əqrəbə toxundu,

qırmızı lent kəsildi elə bil.

Ancaq qapıdan gəldi yeni il .

Gəldi,

əlində dəstə çiçək.



-Dostlar,

Yeni ilin sağlığına içək.

-İçək!

Səsləndi piyalələr.



Mən də

əlvida edib

35 yaşıma,

Dolu bir piyaləni

Çəkdim başıma.

-Sağ olun, dostlar,

Sağ ol, həyat yoldaşım,

Sən də sağ ol, 35 yaşım!

35 nəğməyə bənzər

Ömrün keçən illəri...

Mənsə o nəğmələri

Bəzən kədərli ötdüm,

Bəzən gülərüzlü, şən.

35 nəğmə uçdu

Bu 35 ildə

Mənim dilimdən.

Indi il təzələndi,

Yaşım bir il artsa da

Nə gileyim var,

Nə umacağım,

Nə də ümidim azalır həyatda.

Səhər işə gedəcəyəm,

Axşam dönəcəyəm evə.

Yox,


Belə düşünməyin həyatımı?

Yox,


Həyat belə olsa əgər,

O nəyə dəyər?!

Doğrudur, nə dövlətim,

Nə də mülkiyyətim var.

Ancaq, açıq süfrəmdə

Pendir, çörək tapılar.

Dostlarım min-min,

Saymaqla qurtarmaz.

Hamıya tanışdır düşmənim,

Fəqət bir nisgilim var mənim.

Dostlar bilsə də,

Açmadı.


Ancaq,

Mən açmasam qalıb

Qəlbimə dərd olacaq.

Yüz il yaşasan,

Yüz bahar görsən həyatda,

Deyin,


Nəyə dəyər

Ömrün bircə nəğməsini əgər

Ötməsən ana yurdda.

35 il keçdi ömrümdən,

35 nəğmə uçdu dilimdən,

Il də təzələndi.

Baxın,

Nəyim var indi.



Məclisimiz şən,

Qədəhlər dolu,

dostlar,

oğlum, sevgilim-

hamı toplanmış başıma.

Mənsə,


Qəlbimdə sevinc,

Bir də nisgilim,

Qədəm qoyuram.

36 yaşıma.



Bakı, 1957

QƏRƏNFİL
Nə tez oyanmısan qış yuxusundan

Hələ təzə gəlir bahar, qərənfil,

Gözünü gör necə ağardır sənə

Kəpəzin başından o qar, qərənfil.


Nə nərgiz çıxmışdır, nə novruz gülü,

Nə qızlar atmışdır üzündən tülü,

Şaxta yaman vurub meşəni, çölü,

Gözlə, yarpaqların donar, qərənfil.


Ayağın altına sərilmiş otlar,

Başına mirvari səpir buludlar.

De, nədən titrəyib əsirsən, nə var?

Bir yerdə tutmursan qərar, qərənfil.


Bəlkə yırğalayır əsən meh səni,

Bəlkə də üşüdür şəbnəm, şeh səni?

Indi necə dərim necə eh.... səni?

Ey nərgiz gözlü xumar, qərənfil.


Qoy gəlsin özünə yazığın barı,

Gəl odlu-odlu sinəmə, gəl sığın barı.

Qızınsın köksümdə yarpağın, barı,

Qorxuram o hüsnün solar, qərənfil.


Axı bu çöllərdə sənin nəyin var?

Nə bir geyimin var, nə örpəyin var.

Gəl gedək, yolunu gözləyənin var,

Səni isidəcək bahar qərənfil.


Göy-göl, 1957
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə