ELƏ OĞul iSTƏYİr vəTƏN




Yüklə 1.8 Mb.
səhifə12/14
tarix22.02.2016
ölçüsü1.8 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

KEFLİ İSGƏNDƏR
(Cəlil Məmmədquluzadəyə)
Nə çoxdur dünyada İsgəndər,

Gəldilər, getdilər . . .

Nə ad qaldı, nə nişan,

Axtarsan tarixdə də tapmazsan . . .

Ancaq iki İsgəndər var

Adı dillərdə.

Biri ölkələr fatehi,

O biri Kefli İsgəndər.

Biri qandan kefləndi,

O biri qəmdən.

Biri dünyaya sığmadı,

O biri zəmanəsinə.

Biri dünyaya ayıq gəldi,

Kefli getdi;

Yüz ayığın edə bimədiyini

Bir kefli etdi.

Haqq dedi, məhəl qoymadılar,

Güldü-ağladı duymadılar.

Nə salam verən oldu ona,

Nə salam alan.

Sakitcə ötərdilər yanından,

Deyərdilər: keflidir.

Kimsə saya salmazdı.

Yaxşı ki, kefli oldu,

Ayıq olsaydı, indiyə qalmazdı –

Kim bilir, bir gün

Ya küçədə ölərdi,

Ya dustaqda.

Bəlkə də Şeyx Nəsrullahın

Nazlını gəlin apardığı otaqda . . .

Indi iki İsgəndər yaşayır tarixdə.

Biri “buynuzlu”,

Biri “kefli”.

Hər birinin öz yeri . . .

Biri ölkələri fəth etdi,

O biri ürəkləri . . .



2002

QÜRBƏTDƏ
Yazıq Sadıq Hidayət,

Halına yandığın millət

Vətəndə qədrini bilmədi,

Üzünə gülmədi.

Başına bəla oldu

“Avara itlər” hekayətin.

Niyə bilmədin,

Avamı qandırmaq

Çətindir, çətin.

Getdin qürbətə, -

Bəlkə səni duyan ola,

Dərdinə yanan ola.

Ancaq, bir qədər iş verdilər, -

Gileyli olmayasan.

Bir parça çörək verdilər, -

Acından ölməyəsən.

Üzünə güldülər, -

Biləsən gülüş də var.

Halını sordular ki, -

İnanasan qürbətdə də

Vətən olar . . .

Beləcə saxladılar,

“Qayğı”da göstərdilər,

“Hörmət”də, “Məhəbbət”də . . .

Ancaq bilmirəm nədən

Yaşaya bilmədin sən

Qürbətdə ?!
2002
HEYRAN XANIM
(farscadan çevirən Balaş Azəroğlu)
Yasəmən zülfünü ey mah, yenə çin-çin etdin,

Xaçpərəst etmək ilə zahidi bidin etdin.


Səni ram eyləyən ol aşiqə eşq olsun ki,

Sən bunu məftunluq ilə ölkəni məftun etdin.


Səni and verirəm Allaha mənə aşkar elə,

Söylə abid, nə ilə qəlbini zərrin etdin?


Məni qəmxanəyə göndərdin, özün də gəldin,

De, tamaşayamı? Yoxsa bunu neyçün etdin?


Bəlkə heç gəlməmisən, Tanrıya and iç, inanım,

De bunu bilmədin etdin, ya da bildin, etdin?


Gələ bir gün əvəz eyləyək etdiklərinə,

Birinə razı olarsanmı ki, sən min etdin?


Hicrinə, zülmünə dözdüm, yenə sağ qaldım mən,

Elə, həqqində nə etdin, hamısın çin etdin.


Qəlbi eşq atəşinə yanmayan insan yoxdur,

Yoxsa mən tək hamını ovlayıb əfsun etdin?!


Zərrəcə eşq verib aldın əvəzində canı,

Belə bir mamiləni sən necə qıydın, etdin?


Bircə kəlmənlə təsəlli verərək Heyrana,

Özgə aşiqlərini bəlkə də Məcnun etdin.


* * *
Al şərab iç, ey nigarım, rəngin olsun qan kimi,

Məst olub at gül üzündən pərdəni duman kimi.


Qoy xəcalət çəksin ay sənlə bərabər durmağa,

Nəstərinlə sərv də qalsın sənə heyran kimi.


Badə iç, get sən mələk üzlü gözəllər yanına,

Gəz bağı, gəz bağçanı bir nazənin canan kimi.


Sərv – qəddin tək gözəldirsə, sənə çatmaz yenə,

Qıvrılıb zülfün üstündə sünbülü reyhan kimi.


Yox sənə hüsni-məlahətdə bərabər bir gözəl,

Var həsəd çəkən fəqət ol Yusifli Kənan kimi.


Bil Yəmən əqiqi çatmaz ləblərinin rənginə,

Gül haçan xəndan olur – sən ləbləri xəndan kimi.


Könlümün uçdu quşu bir xalını görcək inan,

Qıvrılan zülfündə yurd saldı sənin mehman kimi.


Həsrətindən Heyranən oldu evi qəm xanəsi,

Varmıdır hicran görən mən çəkdiyim hicran kimi?!


* * *
Qəza oxu məni ahu kimi edib candan,

Salıbdı boynuma qəm zəncirini yenə hicran.


Canım alan o gözəl qəlbini nişanə alıb,

Mən intizarəm haşan birləşər ox ilə nişan.


Çatıbdı vaxt daha öldür, ey günəş üzlüm,

Bu ruzigar məni doydurub canımdan inan.


Bahar gəlibdi fəqət dildə ayrılıq gətirdi,

Gözümdə qəmlə kədərdən çiçəklər oldu tikan.


Gəleydi eylə zaman ki, olaydı bəxtim var,

Edəydim ol gözlə mən də canımı qurban.


Mən ayılan deyiləm vəsli-yardan əsla,

Qılıncla kəssə əgər bəndi-bəndimi düşman.


Ümid edərdim həmişə səninlə bir olaram,

Fəqət nə çarə edim, tərsin eylədi dövran.


Əyibdi qamətimi, qar tək eyləyib saçımı,

Mənimlə gör necə rəftar edir bir çərxi-zaman.


Əgər vüsala yetişsə, inan cavanlaşacaq,

Həyata sanki yenidən qədəm qoyub Heyran.


* * *
Ah, nə edim, o dilbər bilməm hayana getdi,

Heç bilmirəm nə etdim, edib bəhanə getdi.


Yəqub kimi həsrətdən göz yaşı tökdüm, ancaq

O ay üzlü Yusifdi, yəqin Kənana getdi?


O dilbər vəslə yetdi, yoxsa görən mənim tək,

Bu ayrılıq oduna de, yana-yana getdi?


Mən göz yaşı axıtdım, bahar buludu oldum,

O qönçə tək güləndə od saldı cana getdi.


Arzum gülün dərməkdi o dilbərin vəslindən,

Əfsus ki, bu həsrətlə ömrün xəzana yetdi.


Nədən o mah camalım əğyara rağib oldu? –

Qəlbimdə oxlarından qoyub nişanə getdi.


Sən ey ilahi dilbər, Heyrana da nəzər sal –

Bir gün deyərlər o da başqa cahana getdi.


* * *
Nə gözəldir, ey nigarım, səninlə olaydım həmdəm,

Gəhi nazını çəkdiyim, gəhi naz edəydim hərdən.


Qurtarıb fəraqi-qəmdən oturaydıq üzbə-üz biz,

Gəh vəsl olaydı dildə, gəhi də fəraq ilə qəm.


Bu səadətimdi billah, nə qəmim qalar cahanda,

Başımı sənin yolunda gözəlim, sədəqə verrəm.


Bu səvad olar, nigarım, verəsən vüsalına rəy,

Sənə aşiq olduğumdan mənə düşmən oldu aləm.


Səni adi gözlə güldən ayıra bilərmi insan? –

Necə göz yaşına oxşar çiçəyə düşəndə şəbnəm.


Gər əsə behişt nəsimi yenə könlümü açmaz,

Onu yarın həsrətilə qəmi bağlayıbdı möhkəm.


Elə yara mən vuruldum ona səcdə qıllam hər gün,

Namaza dayansam harda o olar inan ki, qibləm.

Gecə-gündüz ağlasan da ürəyin boşalmır Heyran,

Gör ki, aşiqin yolunda necə səssiz ağlayır şəm.




ÖLƏN ŞEİRLƏRİM
Beynimdən şeirlər doğar,

Şeirlər yaşar.

Biri ağ vərəq üstə qonar,

Adı dillərə düşər,

Şöhrəti ellərə düşər . . .

Biri ölər,

Vaxtsız doğulan uşaq kimi.

Birinin mən öldürərəm,

- Gözlə deyə-deyə.

Dözməz,


Ölər gözləyə-gözləyə.

Beynim ölən şeirlərin

Qəbristanlığıdır . . .

Ancaq nə başdaşı var,

Sinə daşı.

Sanki bəlli deyil,

Ölən şeirlərin

Nə doğum günü,

Nə ölüm günü

Nə də yaşı . . .


2003
GECİKMİŞ MƏKTUB
Görkəmli Azərbaycan şairi Həmid Nitqiyə
Qardaşım Həmid

Sənə məktub yazdım,

Ancaq göndərə bilmədim . . .

...Dedin, Təbrizdə görüşərik,

Ancaq nə sən gəldin,

Nə də mən gələ bildim.

Özündən qabaq

Ölüm xəbəri gəldi Bakıya,

Təbrizə . . .

Dağ çəkdin sinəmizə

Bu ölümlə Həmid . . .

Sən dumanlı İngiltərədə

Təbrizi düşündün,

Bakını, məni düşündün

Qardaşım Həmid.

İnsan qürbətə düşəndə

Tükənir səbri,

Bir məlhəm, bir həmdəm istəyir.

Duman içində

Bir Günəşli aləm istəyir,

Bəlkə əridə içinə hopmuş

Hicranın buzunu.

Yenidən tapa özünü,

Qayıda cavanlıq çağına,

Vətənin doğma qucağına . . .

Qardaşım Həmid

Qürbət ağır olur,

Yaş ötüb, insan tək olanda

Hisslər kövrək olanda . . .

Başqa bir aləmdir qürbət,

Hərə bir sim üstə köklənir,

Kimi sevinc üstə,

Kimi qəm üstə köklənir.

Hamıdan Məhəbbət uma qürbətdə.

Yaşaya bilsən,

Ümidlə, inamla yaşa qürbətdə.

Hicrana dözə bilsən

Yuxuna Vətən gələr,

Təbriz gələr.

Küçəniz, eviniz gələr.

Doğma səslər eşidərsən,

O səslər çağırar səni.

Gedərsən o səslərin sorağına,

Nə sərhəd görərsən,

Nə də sərhədçilər çıxar qabağına . . .

Bu da bir nemətdir,

Gecələrin yuxu neməti . . .

Səhər ondan ayırar səni,

Gündüzün acı həqiqəti.

Nə yaxşı ki, gecələr var,

Gecələr yuxu görə bilirik.

Nə yaxşı ki,

Yuxularda

Vətənə dönə bilirik . . .

Ancaq bilmirəm nə vaxt

Yuxular həqiqət olacaq?!

Qürbət xatirələrdə qalacaq?!

Qardaşım Həmid,

O zaman daha yuxu görməyəcəyik.

Vətənə


Yuxularda dönməyəcəyik.

O gün sən də,

Mən də

Əbədi qalacağıq Vətəndə . . .


2004
PAYIZ
Yağışlı günləri başladı payızın,

Soyuq küləklər əsir,

Budaqlar sızıldayır

Sızın-sızın . . .

Bahara nəğmə deyən yarpaqlar,

İndi dözə bilmir

Küləyin qamçısına,

Yağışın damcısına.

Əlvida deyib budağa,

Enir torpağa . . .

Payızın rənginə bürünür küçələr,

Gündüzlərin ömründən oğurlayır gecələr.

Nə bağda qumrular görünür,

Nə quşlar oxuyur.

Ancaq yarpaqda yağışlar oxuyur.

Nə gündüzlər

Günəş qamaşdırır gözləri,

Nə gecələr ay görünür.

Səmada tala-tala bulud

Üfüqdə duman sürünür.

Yağışlı günləri başlayıb payızın.

Hər yerdə nəfəsi duyulur

Sabahkı soyuğun

Ayazın . . .


2004

İÇƏRİ ŞƏHƏR
Əsasına söykənib

Mürgüləyən qoca kimi,

Qala divarları arasında

Mürgüləyir İçərişəhər.

Nə zamandır

Hasardan çıxa bilmir,

Boylanıb baxa bilmir,

Bilmir bir addımda

Divardan bu yanda

Nələr olub.

Bir zaman o “Bakı” idi.

İndi niyə “İçərişəhər” olub.

O bilmir,

Bu dar küçələrə,

Əyri dalanlara sığmaz

Bu günün Bakısı.

Bilmir, necə də əzəmətlidir

İyirminci əsrin Bakısı.

Bircə an qəddini düzəldib

Boylana bilsə,

Eşik şəhərlərlə boy-boya

Dayana bilsə,

Bəlkə onda inanar.

Hasardan bu yanda

Nə buğda zəmiləri var,

Nə də bom-boz Şübanı dağları.

Yəqin gözlərini qamaşdırar,

Bakının axşam çıraqları . . .

Bəlkə onda bilər

İllər, əsrlər arxada qalıb,

Niyə onda “Bakı” idi,

Indi “İçərişəhər” olub . . .

Düşər yadına,

Qumlu səhralardan keçib gələn,

Şəhərin dar hücrələrində dincələn,

Karvanların

Haylı-haraylı günləri.

Bir də türkmən tacirlərinin

Yelkənli gəmiləri . . .

Bir də,


Qala divarlarına dəyib qayıdan,

Ağzı köpüklü dalğaların

Qəzəbli səsi . . .

Düşər yadına,

Daş döşənmiş küçələrdə

Gecələr keşikçi atlarının kişnəməsi.

Sonra da sübhə qədər

- Eheyyy . . . kimsən orda?!

Ötkəm-ötkəm bağıran

Bazar dağlarının ədası . . .

Dan söküləndə,

Günəşdən qabaq

Qala darvazalarının

Ağır-ağır açılması.

Düşər yadına,

Şirvanşah qoşunlarının

Döyüşdən zəfərlə dönməsi,

Küçələrin, dükanların

Al qumaşla bəzənməsi . . .

Düşər yadına sonra da

Nisgilli günləri səhərin.

Yelkənli gəmilərdə

Sibrə gedən əsirlərin

Qəzəb və nifrət dolu baxışarı . . .

Sahil qumları üstə

Ayaqyalın, başaçıq dayanan

Anaların göz yaşları,

Qarğışları . . .

Düşsə də yadına indi

Tarixə köçmüş o günləri,

Fəqət, inana bilmir İçərişəhər . . .

Məkan o məkan olsa da,

Zaman o zaman deyil.

İnsan əli dəyməsə,

Qum altında daşlaşmış tarix

Əsirlərin yuxusundan

Oyanan deyil.

İndi külüng səsinə,

Çəkic səsinə oyanır səhər.

Kərpic-kərpic, tac-tac,

Hicrə-hicrə, otaq-otaq.

Baxır ətrafına heyran-heyran,

Karvansaralar, bazarlar çıxır

Torpağın altından.

İnana bilmir yəqin,

Başından nələr keçmiş

Bu şəhərin.

Görür Qızqalası var,

Ancaq üstündə məşəli yox.

Qala divarlarını yuyan

Dalğaların seli yox.

Nə zəngli karvanlar gəlir

Karvansaraya,

Nə tirmə qurşaqlı tacirlər.

Nə də qıllı papaqlı türkmənlərin

Yelkənli gəmisi.

Nə qəmbər döşənmiş küçələr var,

Nə fayton atlarının ayaq səsi.

Nə də qapılarda asılmış fanarların

Ulduz-ulduz şöləsi.

Qara asfalt küçələr,

Dolanıb səhərin boynuna

Qara ilan kimi.

Köhnə alçaq binalar

Villalara sığınıb,

Yetim ögey anasına sığınan kimi.

Axı bu qədim şəhərin

Yoxdur xəbəri

Dünyada nələr olub.

Niyə bu “göydələnlər”

Div kimi, azman kimi

Şəhərə dolub?!

Niyə bir zaman o “Bakı” idi,

Indi “İçərişəhər” olub . . .


2005

BAKI XƏZƏRİN SAHİLİNDƏDİR...
Bir təpə üstündə oturmuşam,

Önümdə dalğalı Xəzər.

Gecənin ulduzlu pərdəsini

Qərbə çəkir yeni doğan səhər.

Əvvəl üfüq qızarır

Közərən ocaq kimi.

Sonra yarıb suları

Günəş doğur,

Sanki möcüzə baş verir,

Sudan atəş doğur . . .

Dəniz dalğalı qollarıyla

Qaldırıb başı üstünə günəşi

Dünyaya nişan verir.

Ləpələr sevinə-sevinə sahilə gəlir,

Tələsir şəfəqlə yusun

Bakının sahil qumu üstündəki

Yosunlu, mazutlu ayaqlarını.

Şəfəqlər əvəz edir

Hələ sönməmiş

Sahil çıraqlarını . . .

Əvvəl Şübani dağı qızarır,

Sonra Yasəmən qəsəbəsi

Bir azdan Sirkin qübbəsi,

Göy məscidin daş minarəsi.

Sonra da Şəhər Sovetinin

Saatlı tağı . . .

Şəfəqlər yavaş-yavaş

Endikcə aşağı,

Qız qalasının divarından

Sürüşür günəş,

Içərişəhərin alçaq damlarına

Düşür günəş . . .

Üzü gündoğana baxan

Neçə min pəncərənin,

Açılır tül pərdələri.

Quşların nəğməsinə qarışır

Radionun səhər xəbərləri:

“ - Sabahınız xeyir, insanlar,

Bu gün hava aydın olacaq,

Dəniz sakit . . .”

Sonra şəhərin, ölkələrin,

Dünyanın xəbərləri

Havanı yara-yara,

Açıq pəncərələrdən

Dolur otaqlara . . .

Beləcə başlayır Bakının hər günü . . .

Yeraltı, yerüstü miniklər

Adamla dolu,

“Yolayıran” işıqlar

Göy, qırmızı, sarı . . .

Sanki Bakının küçələrinə enib

Səmanın “Göyqurşaqları . . .”

Tutub göy işığın əlindən

Maşınlar düzünə keçir küçəni,

Adamlar eninə.

Kimi işə tələsir,

Kimi işdən dönür evinə.

Dənizdə motorlu qayıqlar üzür

Adamla dolu.

Sanki el yolu olub

Neft daşlarının yolu . . .

Bu izdihamı görüb

Sevinir Bakı.

Bir ürək kimi böyüyür Bakı . . .

Ancaq,

Acılı günləri də az olmayıb



Bu şəhərin.

Onlar tarixin yaddaşında qalır . . .

Bir vaxt dənizə atılan

Xan qızının

Ayaq izləri də

Qala daşlarında qalır.

Qalır Şirvanşahlar sarayı,

Onun divanxanası da.

İndi İçərişəhərdə

Qum altından çıxır şəhərin

Neçə-neçə karvansarası da.

Qalır Əsgərin arşınmalı satdığı

Ensiz küçələr . . .

Ancaq,


Indi bugünkü Bakını

Təzə görən hər qonaq,

Kimi İzmirə oxşadır onu,

Kimi Neapola.

Ancaq inanmaq olmur

Bu oxşatma həqiqət ola.

Ayaqlarını Xəzərdə yuyan,

Saçlarını xəzri darayan Bakı.

Şəhərlərin gözəli ola-ola,

Nə izmirə bənzəyir,

Nə də Neapola.

Bunu hamı bilir,

Bakı Xəzərin sahilində,

Abşeronun ürəyindədir.


2005

RÜBAİLƏR
Mən bu rübailəri xalq şairi, dostum

Rübailər” kitabının müəllifi Qabilə



ithaf edirəm
Qabil, kitabını oxudum tamam,

Var olsun qəlbində çağlayan ilham.

Rübai dünyası ayrı dünyadır,

Səndən razı qalıb babamız Xəyyam.


Hər sözün-söhbətin məqamı vardır,

Hər şair qəlbinin ilhamı vardır.

Xəyyam gəldi-getdi deməyin heç vaxt,

Hər dövrün özünün Xəyyamı vardır.


Dahilər dünyada az-az doğulur,

Millətin, Vətənin sevinci olur.

İnci axtarırsan ümmanda axtar,

Ümmanda həmişə saf inci olur.

Yuxuma gəlmişdi bir gecə Xəyyam,

Bir əlində kuzə, bir əlində cam.

Məni görən kimi dedi: - Ey cavan,

Gəl, həmsöhbət olaq sənlə bu axşam.


- Bax, bu suda axan saralmış yarpaq,

Bir də o ağaca qayıtmayacaq.

Xoşdur bu arxlarda axıb getməkdən

Şərab ümmanında batıb-boğulmaq!

- Şərab içməyirsən? İbadət eylə,

Nəfsinə, ruhuna xəyanət eylə.

Şərabsız dərk etməz kimsə dünyanı,

Hikmət aləmində uşaqsan hələ.


- Şərab iç, məst olub qalma qəflətdə,

Bax, bu kuzədədir mey də, hikmət də.

Dünya öz rəngində görünsün sənə,

Gör nələr baş verir bu cəmiyyətdə.


- Bilirsən insançün ən günah nədir?

Kuzəsində mey var, ancaq o içmir!

Ən müqəddəs adam bu yer üzündə

Mey içib, məst olub dünyadan köçür...


Xəyyamın qəbrinə bir şüşə şərab,

Hafizin qəbrinə bir şüşə gülab.

Əgər tökən olsa, görən ey Tanrım,

O günah eyləyər, yoxsa da savab?!


Deyirlər yanmayır yanana dünya,

Heç vaxt xoş keçməmiş qanana dünya.

Biz isə dünyanı əzizləyirik,

Hər zaman deyirik : - Ey ana dünya.


Deməyin ki, ömür bir quru səsdir,

Ömrü aya-ilə bölmək əbəsdir.

Kimi tez, kimi gec gedir dünyadan,

Dahiyə Xətai ömrü də bəsdir.


Ağarmış saçıma çox baxma belə,

Onu zaman düzmüş öz əllərilə.

Yazda çiçək açar badam ağacı,

Daha ağaracaq bu saçım hələ.


Bir dünya sevgi var Vətən sözündə,

İlk sevgim sən oldun bu yer üzündə.

Mənim son sevgim də sən olacaqsan,

Yəqin ki, bilirsən bunu özündə.


Bu dünya fanidir, söyləyən hər kəs,

İnan, öz xoşuyla dünyadan köçməz.

Dəli Domrul kimi o da yalvarar, -

Bəlkə biri onu eyləsin əvəz.


Razıyam bəxtimdən, taleyimdən mən,

Çünki taleyimə düşdüyün gündən

Mənim Məkkəm oldun, Mədinəm oldun,

İnan ki, indi də müqəddəsimsən.


Mən öz yuvasından uçan tərlanam,

Səhənd atam olub, Savalan anam.

Yəqin unutmamış o diyar məni,

Urmiya, Təbrizəm, Azərbaycanam.


Günlərim hamısı bir biçimdədir,

Sevincim, kədərim öz içimdədir.

İllər bu ömrümü taladı getdi,

Bilmədim bu gəlmək, bu getmək nədir?


Eşqin günahı var, qoy mənim olsun,

Böhtançıya böhtan qoy qənim olsun.

Əgər sevirsənsə sən ürəyinlə sev,

Qoyma saf eşqinə bir toz da qona.

Kamança danışır bir sarı simdə,

Orada sevinc də var, fəryad da, qəm də.

Amandır, kamança, elə sızlama,

Sən tufan qopardın mənim içimdə.


Bir ömür yaşadın zarafat deyil,

Axı ömrün yolu bil, rahat deyil.

Sevirəm demədən əvvəl sevginən,

Sevgi nağıl deyil, rəvayət deyi.


Sevərək günaha batıbsan əgər

Vallah, o günahı çəkməyə dəyər.

Sevgini əyləncə sayıbsan, onda –

Sənin sevgin hədər, sevincin hədər.


Nə çoxdur dünyada xəbis adamlar,

Qiybət eləməyə həris adamlar.

Yaxşı ol, yaxşının zavalı yoxdur,

Səndən uzaq olsun qoy pis adamlar.


Dünyada nə ağam, nə də şahım var,

Ancaq azmı, çoxmu bil, günahım var.

Məndən üz döndərmə, əzizim mənim,

Sən varsan, deyirəm bir pənahım var.


Mey içmə, içəndə bax dövrana iç,

Zərər gətirməsin şirin cana, iç.

Meyin də bir həddi, bir hüdudu var,

İçəndə çalış sən Xəyyamanə iç.


Dağ dağa söykənsə, onda dağ olar,

Dayağı olmayan boz torpaq olar.

Qırmızı parçadan bayraq tiksən də,

Ancaq ucalanda o bayraq olar.


Nə mən asi oldum, nə də sən asi,

Mütilik insanın böyük bəlası.

Heç vaxt üstümüzdən əskik olmasın

Böyük Yaradanın xeyir-duası.


Səksənə yetişdim, aşrıma çatdım,

Ancaq deməyin ki, arzuma çatdım.

Təbrizi görməsəm ölən deyiləm,

Hələ qəlbimdədir, o arzum, andım.


Nə kuzəm var mənim, nə də camım var,

Ancaq öz dünyam var, öz aləmim var.

Rübai yazanda elə bilirəm,

İçimdə ilhamlı bir Xəyyamım var.


Aqillər deyib ki, şərabda “şər” var,

İçənin ağlını başından alar.

Bir nəfər badəsin qaldırıb dedi:

- Burda şərab deyil, burda araq var.


Qəribə sözlərdir “cam” ilə “badə”,

Badə, bil ömrünü verəcək bada.

Canının qədrini əgər bilirsən,

Heç zaman əlinə sən alma badə.


Bil, şərab sözundə iki kəlmə var,

“Şər ilə ab” varsa kuzəndə zinhar.

Onlar birləşibsə, özünü gözlə,

Ağlını, huşunu başından alar.


Əziz bəndəsiyik Allahın əgər,

Görmüşük əzizi əzizləyərlər.

Vallah, əziz bəndə elə o kəsdir

Allahın altında Allahlıq edir.


Yüz il yaşasan da, yaşadım demə,

“Tanrının verdiyi nemətdir” söylə.

Sevin bu dünyada nə qoyub getdin,

Beş günlük ömür üçün özünü öymə.

Qəmli günlərimdə şeir yazıram,

Azmasam ürəyim olmayır aram.

Nə qədər əlimdə qələmim vardır

Demək bu dünyada hələ mən varam.


Bir ilham sözü var, bir tale sözü,

Onu sənə verib Yaradan özü.

İlhamım var deyə sinənə döymə,

Bir gün də tutular bulağın gözü.


Dünyada hər şeyin bir xisləti var,

Çay haray qoparar, ümman lal durar.

Çinar tufan olsa, sınar, əyilməz,

Xəzəli, tikanı yel də aparar.


Xəyyam dünyasına düşəndən, inan,

İndi dəyişilib gözümdə hər yan.

Bir bulaq, bir qoca, bir kuzə şərab

Məni də axtarsan orda taparsan.


Yetim ağlayanda ildırım çaxsın,

Üfüqlər qaralsın, ulduzlar axsın.

Yetimsən elə yat qoy yorğanından

Nə ayağın çıxsın, nə başın çıxsın.


Bir gün gəlib keçər, sabah gələndə,

Savab susub durub günah gələndə.

Dünyanın görkəmi dəyişir tamam,

Qoca ağlayanda, uşaq güləndə.


Bağda ərik varsa, salaməlik var,

Nə çoxdur ərikçin salamlaşanlar.

Belə adamlara ərik dəyəndə

Bir səbət ərik ver, canını qurtar.


Nə vaxt bulud dolsa, onda ağlayar,

Deyirəm, yəqin ki, onun dərdi var.

Kim ki, ağlamağı bacarmır, inan, -

Onun nə qəlbi var, nə göz yaşı var.


İkimiz bir yerdə düşdük qürbətə,

Dözdük hər çətinə, hər əziyyətə.

Sən getdin, mən qaldım, bildim ki, daha

Qaldı görüşümüz lap qiyamətə.


Nişabir şəhərində bir qəbristan var,

Orda bir məzarda Xəyyam uyuyar.

Qəbrinin üstündə saxsı bir kuzə,

Buludlar ağlayar, o kuzə dolar.


Ömrün zirvəsindən dön arxaya bax,

Daha say özünü gedəri qonaq.

Düşün, bu dünyadan sən nə apardın,

Səndən bu dünyada bəs nə qalacaq?!


Deyirlər ki, Qərbdə bir meyxana var,

“Xəyyam meyxanası” deyir adamlar.

Orda hər miz üstə bir kuzə şərab,

Bir də için-için yanan şam ağlar.


Fevral, 2005-ci il

İNSAN NƏ ZAMAN KİÇİLİR...
Mən Bayron deyiləm . . .”

Lermontov
Bayron olmaq istəmədi Lermantov,

Ürəkdən sevsə də onu.

Sədi olmadı Puşkin,

Etiraf etsə də vurğunluğunu.

Belədir sənət aləminin həqiqəti,

Kimsəyə bənzəmək istəmir yaradan.

Axı, özün varkən,

Niyə özgəsinə əvəz olasan?!

Qanın qaynar,

Qəlbin alovlu ola-ola

Niyə kölgədə qalasan?!

Şöhrət onun, ad onun,

Səni bənzədələr ona,

Sonra da bütün varlığın

Bu “bənzəyiş” buzxanasında dona!

Özgə ətəyində böyüyənin

Boyu ətəkdən uca olmaz.

Fitrətən böyüklər

Ətək altında qalmaz!

Məndən soruşsalar, deyərəm.

- Ürəksiz insan

Barsız ağac,

Özülsüz binadır

Özgəsinə bənzəyən sənət.

Çalış heç kəsə oxşama fəqət.

Nə Bayron ol,

Nə Rafael,

Nə Füzuli,

Nə də Puşkin ol.

Sənətkar olsan əgər,

Fəqət özün ol.

Bir ömür zəhmətin,

Təfəkkürün,

Məhəbbətin,

Kömək etmirsə sənə,

Özgə istedadını

Pərdə etmə özünə.

Qoy bir zərrə,

Bir qətrə olsun istedadın.

Təki kimsəyə bənzətməsinlər səni,

Tək özün düş yada,

Hər yerdə çəkilərsə adın . . .


2005
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə