ELƏ OĞul iSTƏYİr vəTƏN




Yüklə 1.8 Mb.
səhifə11/14
tarix22.02.2016
ölçüsü1.8 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

GƏMİLƏR, AY GƏMİLƏR
Bu səhər günəş oyananda,

Dənizin ətəyi yananda,

Bir qaya üstündə oturmuşam

Üzüm dənizə

Xəzərlə üz-üzə . . .

Ayağımın altında

Ləpələr oynayır.

Baxıram əvvəl üfüq

Sonra dəniz yanır.

Ağ – qağayı gəmilər

Suları yara-yara

Gedirlər cənuba sarı.

Arxalarınca uzanır

Köpüklü yolları . . .

Bir dəniz ayriliq var

Cənubla mənim aramda,

O ayırdı bizi.

Necə keçim dənizi?

Elə bil ayaqlarım

Zəncirlənib qayaya . . .

İçimdən bir haray qopur:

- Gəmilər, ay gəmilər

Məni də aparın o taya . . .

2000


İLDIRIM VƏ DƏNİZ
Bir gün göylərin

Qəzəbi coşdu yaman,

Div boyda qara buludlar

Toqquşan zaman

Ildırımlar töküldü yer üzünə

Qızılı ilanlar kimi . . .

İldırım vurub

Boylu-gövdəli bir çinarı

Böldü yarı . . .

Yandı, yalvardı çinar;

– Axı nə oldu günahım?

Ey ildırımlar tanrısı?

Deyin nəyə oldum asiq?!

Göylər guruldadı təzədən

Bir ildırım da vurdu

Sal qayaya özünü

Qaraltdı mərmər qayanın üzünü . . .

Sonra bir ildırım düşdü dənizə.

Əvvəlcə çalxandı dəniz,

Sonra aralandı dəniz.

Uddu ildırımı

Səssiz, səmirsiz . . .

Çinar ayndı . . .

Qaya qaraldı . . .

Dəniz elə dəniz kimi qaldı . . .

Buludlarsa hönkür-honkür

Ağladı qəzəbindən

Niyə ... Nədən?

Yanmadı dəniz!

2000
SƏKSƏNDƏN SƏKSƏNƏ
Səkkiz yaşım olanda,

Məktəbə apardılar.

Yaşım çox, boyum uca,

Son cərgədə oturdum.

Ancaq bu təzə yerim

Ürəyimə yatmadı.

Etiraz eləməyə

Cəsarətim çatmadı.

Arzumu bilənlər də

Ancaq məhəl qoymadı.

Arzum ürəkdə qaldı...

Sinifə gələn oldu,

Sinifdən gedən oldu,

Hər il qayda pozuldu.

Oğlanlar qartal oldu,

Qızlar göyərçin oldu,

Neçə arzu çin oldu,

Hərə uçdu bir yana...

İllər məni qocaltdı,

Yaşım səksənə çatdı.

Ağardı üzüm-başım,

Ancaq çıxmır yadımdan

Məktəb, sinif son cərgə,

Bir də ki, səkkiz yaşım...



2001

MƏDİNƏ GÜLGÜNƏ
Nə qədər sağ idin,

Bu qədər səni sevdiyimi bilmirdim.

Nə qədər yanımda idi,

Gözəlliyini görmürdüm.

O gün ki, itirdim

Yenidən sevdim səni.

Yatağımın baş ucunda

Asdım əksini.

Səssizliyinə dözə bilmirdim,

Hiss etmişdin yəqin.

Yuxuma gəlirdin hər gün...

On il keçsə də

Ayrıldığımız gündən,

Hələ də əllərinin izi var

Evində ocağında.

Yenə də saçının ətri qalır

Sənsiz qalan yatağında.

2001

VUSAL KÖRPÜSÜ
Körpü olmaq istəyirəm,

Arazın üstündə, bir körpü.

Əsirlə ölçülsün onun ömrü...

Bir körpü olmaq istəyirəm,

Ayrı düşənləri qovuşdura bilim.

Arazın üstündən sovuşdura,

Hicran daşlarından hörsünlər onu,

Daha hicran olmasın,

Kəsməsin insanların yolunu.

Adı “Vüsal körpüsü” olsun,

İnsanlar keçsin üstündən

Vətəndən-Vətənə!

Gəlib çatmamış ömrümün sonu

Kaş o körpüdən keçmək

Qismət ola bir gün mənə . . .
2001

YAZ GƏLƏR
Qışda yarpağını tökər ağaclar,

Dözər şaxtaya da, dözər qara da.

Yazın gəlişini gözlər ağaclar,

Quş qonmaz o çılpaq budaqlara da.


Tökülüb saçımın qarası yaman,

Qar yağmış budağa bənzəyirəm mən.

Mən də intizarla gözləyib qallam,

Bir bahar həsrəti keçər içimdən...


Yaz gələr mənimsə gəlməz dincliyim,

Ağacda yarpaqlar hey yaşıllaşar.

Yaz gələr, quş olub gedən gəncliyim,

Məndən uzaqlaşar, hey uzaqlaşar.


Qəlbimdə başlayar yenə bir həsrət,

O yeni həsrətlə qallam baş-başa.

Yaz gələr, bəzənər ana təbiət,

Mən yaz ümidilə dolaram yaşa...


2002

ULU TANRI
Bir bəndənəm bu dünyaya gələli,

Ulu Tanrım, bu bəndənə həyan ol.

Səndən başqa yox kimsəyə ümidim,

Ulu Tanrım, bu bəndənə həyan ol.


Bu dünyanın gərdişinə dolandım,

Nə dedilər doğru bildim, inandım.

Bu həyatın yollarında talandım,

Ulu Tanrım, bu bəndənə həyan ol.


Fələk mənlə düz gəlmədi, kəs oldu,

Arzularım, ümidlərim heç oldu.

Taleyimə yazanlar pozuldu,

Ulu Tanrım, bu bəndənə həyan ol.


Xəbərim yox mənsiz qalan elimdən,

Nə edim ki, heç nə gəlməz əlimdən.

Bir an belə adın düşməz dilimdən,

Ulu Tanrım, bu bəndənə həyan ol.


Bir çinaram, əyilmərəm yelə mən,

Sinə gərrəm tufana mən, selə mən.

Hər an bunu gətirərəm dilə mən,

Ulu Tanrım, bu bəndənə həyan ol.


Həyan olsan arzularım çin olar,

Gözlərimdə bütün dünya durular.

Ürəyimdə neçə-neçə arzum var,

Ulu Tanrım, bu bəndənə həyan ol.


Dilimdədir, Tanrı sözü, haq sözü,

Hər çətini asan edər haqq ozü.

Qismət ola bir də görəm Təbrizi,

Ulu Tanrım, bu bəndənə həyan ol,

Səndən dilək diləyənə həyan ol.
2001

ÖMÜR BİZƏ BİR NEMƏTDİR
Dağ başına yağanda qar,

Sanki daglar da qocalar.

Ötdü gənclik - ötdü bahar,

Ömrümün xəzan çağıdır.


Keçən keçdi, çatmaz əlim,

Geri dönməz gənclik ilim?

Nə gizlədim ay sevgilim,

Ömrümün xəzan çağıdır.


Yavaş-yavaş sönər ocaq,

Tökülürəm yarpaq-yarpaq.

Saçımda saqqalımda ağ,

Ömrümün xəzan çagıdır.


Ömür bizə bir nemətdir,

Gah sevincdir, gah möhnətdir.

Yaşadığım qənimətdir,

Ömrümün xəzan çağıdır.


Həyat məni çəkdi zilə,

Dözə-dözə hər nisgilə.

Gəlib çatdım səksən ilə,

Ömrümün xəzan çağıdı.


2001

PAYIZIN YARPAQ TÖKÜMÜ
Pəncərə ardından baxıram,

Dumana bürünmüş payız səhərinə.

Elə bil ağ tül çəkiblər

Gəlinə bənzəyən Bakı şəhərinə.

Bağda çinarın yarpaqları

Tökülüb torpağın üstünə

Tala-tala.

Payızmı durub təbiətin qəsdinə.

Bəlkə ömrün illəridir

Qopub varaq-varaq?

Sabah 80 olacaq.

Onlar bir daha

Geri qayıtmayacaq.

Axı bu yarpaqlar

Bir vaxt çinarın bahar sevinci idi,

İndi payız kədəridir.

Bəlkə qışın hücum səfəridir?

Bəlkə son sərgisidir payızın?

Dünən budaqları bəzəyən yarpaqlar

Bu gün torpağı bəzəyir...

Pəncərə ardından baxıram,

Dumana bürünmüş payız səhərinə.

Düşünürəm,

Mənmi bu payıza bənzəyirəm?

Ya bu yarpaq tökümlü payız

Mənə bənzəyir . . .


2001

BAHARA NƏ QALDI
Payız qapımızı döysə də dostum,

Bahara nə qaldı? Bircə qış ömrü.

Payızın dərdini çəkmə, bilirsən –

Gəlib keçəcəkdir qar-yağış ömrü.


Ağarmış saçıma sən baxma belə,

Yazda çıçəklənər armud ağacı.

Bilirsən təbiət öz əllərilə

Başıma qoymuşdur bir gümüş tacı.


Yazda qar altında bənövşə çıxar,

Qəlbimdə bənövşə havası vardır.

Saçımın qəlbimlə fərqini axtar,

Qış ilə baharın davası vardır...


Payız gəlib keçsə, qış da keçəcək,

Təzə don geyəcək çəmən də, düz də.

Demə, qapımızı şaxta döyəcək,

Qarşıda bahardır, baharı gözlə.


Bölmə ömrümüzü fəsillərə sən,

Bir fəsil ötdümü gələcək biri.

Düşün nə vermisən bu illərə sən,

Sənə nə vermişdi ömrün illəri.


2001
YUXU DA NEMƏTDİR
Mədinə Gülgünə
Bu axşam yuxuma gəlmişdin gülüm,

Bu da mənim üçün bir nemət idi.

İndi yuxularda mənim gördüyüm,

Bir zaman var idi, həqiqət idi.

Gördüm ki, “Gülüstan” bağıdır yenə,

Təbrizin üstünə enibdir axşam.

Gördüm ki, üzünü tütaraq mənə

Dedin ki, - Gəl gedək, çox yorulmuşam.

“Gülüstan” bağından birlikdə çıxdıq,

“Saat qabağı”na getdik yanaşı.

“Ərk”ə hər günkü tək dayanıb baxdıq,

Yadına gəlirmi o “Dərbəndbaşı”?

Ora çatan kimi dayandın bir an,

Sonra da əlini uzatdın mənə . . .

Əlim toxunan da sənin əlinə

Hərasan oyanıb qalxdım yuxudan.

Baxdım ətrafıma, yenə də sənsiz . . .

Bilmədim nə deyim, qəlbim döyündü,

Elə bil indicə ayrılmışdıq biz

Əlinin istisi əlimdə idi.

O gecə sübhədək yata bilmədim,

Ötən günlərimi yaşadım yenə.

Nə yaxşı söyləyib atalar, dedim, -

“Gün çatmaz dünyada hər ötən günə . . .”

İndi yuxularda mənim gördüyüm,

Bir zaman var idi, həqiqət idi,

Talehin verdiyi bir nemət idi.

2001
* * *

Bir udum hava,

Bir içim su,

Bir də sənin vüsalın olsa

Ey ana Təbrizim,

Ömrümün sonuna qədər

Vallah bəsimdir,

Bəsim . . .

2001

* * *
Mən qızıl gülü sevirəm

Rənginə gorə,

Ətrinə görə

Bir də onun mənliyi var,

Qönçəsinə əl vursan,

Tikanıyla əlini dalayar,

Özünü qoruyar . . .



2001

TƏBRİZ YUXUMA GƏLİR
Təbriz yuxuma gəlir,

Dumanlı, dumansız gecələrilə.

Kərpic hasarlı həyətləri,

Çinarlı küçələrilə . . .

Gecələr sükut çökür,

Gündüz haylı-haraylı küçələr,

Mürgüləyir şəhər . . .

Fayton atlarının ayaq səsləri

Gəlir ara bir.

Elə bil,


Gecənin simfoniyasını çalır nallar.

Təbriz gecələrinin öz aləmi var . . .

Gedirəm Konka başından,

Gülüstan bağına qədər,

Bəzən də Ərk qalasından

Saat qabağına kimi.

Ovutmaq istəyirəm

Həsrətli qəlbimi . . .

Bəlkə bu gecə tanış izlər görüm,

Salam alım, salam verim . . .

Sanki bu tanış küçələrdə

Bir zaman qoyub getdiyim

Ayaq izimi axtarıram.

Gəncliyimi özüm-özümü axtarıram.

Ərkin önündə dururam

Zaman-zaman . . .

Bağrı yanıq lalələr,

Gözləri yaşlı nərgizlər,

Mərmər güldanlarda

Necə də titrəyir soyuqdan!

“İri - Xorşid”un qapısı bağlı,

Burada hər şey insan soraqlı.

Artis Səmədi soruşuram

Səməd Səbahini?

Sonra “Koroğlu” Ələsgəri,

“Cancur” Həzini, Qəməri?

Hanı Leyla Möhsünpur?

Xəbər verən yox!

Bəs “Ağ Sara”,

“Qara Sara” hanı?

Deyin, kim saldı sənəd məbədinə

Bu tüfanı?

Baxıram Ərkin də qapısi bağlıdır,

Burda hər yan insan soraqlıdır . . .

Qaranlıq içində

Qara kəndir kimi

Uzanır küçələr . . .

Görən bu sükutla

Çoxmu mürgüləyəcək şəhər?

Bunu kimdən soruşum?

Şəhər yatır hələlik,

Fəqət bir gün

Oyanacaq şübhəsiz!

Oyanacaq inqilablar yurdu

Təbriz!
2002


DUYĞULARIM-DÜŞÜNCƏLƏRİM

1

Səksənə yetişdim, aşrıma çatdım,



Yolum enişədir bu gündən belə.

Qoy dostlar bilsin ki, qəlbim susmayıb

Sözüm tükənməyib qəlbimdə hələ.

Axı bu dünyayla əhdim var mənim,

Mən poza bilmərəm əhdi, peymanı.

Təbrizli günlərim öndədir hələ,

Mən necə tərk edim deyin dünyanı.

2

İllər axar çaydır, hey axıb gedir,



İllər nə səd bilir, nə sərhəd bilir.

Zaman insanları ayırır, seçir,

Tarix bir mərd bilir, bir namərd bilir.

Ömrü aya, ilə bölməsin insan,

Ömrü illər ilə ölçmək əbəsdir.

Kimi tez, kimi gec köçür dünyadan

Dahiyə Xətai ömrü də bəsdir.

3

Bir zaman bir idik, ayrıldıq bir gün,



Küllüdən ayrılan zərrələr olduq.

Yenidən əslinə qayıtmaq üçün,

Bir yer kürəsində dərbədər olduq.

Yer günün başına dolanan kimi,

Vəhdət nəqtəsini aradıq gəzdik.

Uşaq atasına inanan kimi,

İnanıb ayrılıq dərdinə dözdük.

4

“Dağ dağa qovuşmaz” deyib babalar,



“Bir günsə qovuşar insan-insana”

Biz bir gün görüşdük, yuxuymuş yəqin,

İndi də inana bilmirəm ona.

Bu səndin, bəs hanı Təbrizli günlər?

Yenə xatırlaram həmin günləri.

Dünyada hər şeydən əzizdir mənə

Vətən görüşləri, Vətən günləri.

5

Payız qapımızı döysə də gülüm,



Bahara nə qaldı? Bircə qış ömrü.

Payızın fikrini çəkmə heç zaman,

Gəlib keçəcəkdi qar, yağış omrü.

Ağarmış saçıma sən baxma belə,

Yazda çiçək açar badam ağacı.

Bilirsən, təbiət öz əllərilə

Başıma qoymuşdur bu gümüş tacı.

6

Insan xatirəsiz yaşaya bilməz,



Xatirəyə dönür ömrün illəri.

Bəzən xəyalımla tək qalıram mən,

Təbrizli günlərim qayıdır geri.

Dönmək istəyirəm o günlərə mən,

Həyatda gördüyüm o illər oldu.

Vətənli günləri sayı ömrümə,

Sonrakı günlərim nisgillər oldu.

7

Dostun nadandırsa, ona güvənmə,



Çalış belə “dost”dan özünü gözlə.

Düşmənin yanında xar edər səni,

Yersiz söylədiyi bir kəlmə sözlə.

İnsanı ucaldan yaxşı dost olar,

Düşməndən də qabaq nadan “dost” yıxar.

Bil ki, bu dünyada hər şeyin vardır,

Əgər bircə nəfər ürək dostun var.

8

Salam ehtiramdır, salam ülfətdir,



Salamı salamdan ayırmaq asan.

Sənə məzənnəylə salam verənlər,

Yaxşıdır heç zaman salamlaşmasan.

Atalar bu sözü nə gözəl deyib:

“Bağda ərik varsa salamməlik var”

Belə adamları görəndə gərək

Deyəsən: “Nə bağ var, nə də ərik var”.

9

Bu gecə nə yaman ağlayır belə,



Onun ürəyinə görən kim dəymiş?

Qara buludlar da üfüqlər boyu,

Qara bayraq kimi başını əymiş.

Gecənin göz yaşı pəncərəmdədir,

Soyuq şüşələrdən süzülür hərdən.

Qəlbimdən keçir ki, o qətrələri,

Yığıb misra-misra şeirə düzüm mən.

10

Məni dağ başına qaldırmaq çətin,



Qaldırsan zirvədən salan tapılar.

Hamının sözundə həqiqət gəzmə,

Yoxlasan çoxunda yalan tapılar.

Bu fikir qəlbimi yaman üşütdü,

Bu fikir haradan baş alıb gəldi?

Bahar buludu tək ümid karvanı,

Yükünü harada boşaldıb gəldi?

11

Sən şair boyütdün məni ey Vətən,



Sənin sevincini tərənnüm etdim.

Mənimmi, səninmi taleyindi bu,

Ayrıldıq vüsaldan yaza bilmədim.

Mənim taleyimin yolları aydın,

O yollar sonunda bir çıraq yanar.

Səni ağ gününü vəsf edəcəyəm,

Buna ümidim də, inamım da var.

12

Yadıma düşürsən ay ata yurdum,



Bəzən yuxuda da görürəm səni.

Ötən illərimin yadigarları,

Ay “Balıqlı çayı, Ellik çəməni”.

Gecəli-gündüzlü axıb ağlayan,

Bulaqda yadigar bir daşım qaldı.

Özümüz ayrıldıq, fəqət o daşda,

Mənim bir nişanım, “yaddaşım” qaldı.
13

Qızlar bulaq üstə halay vuranda,

Yəqin ki, məni də salarlar yada.

Deyərlər: “Görəsən bu şeiri yazan

O, şair qalırmı indi dünyada?”

Durna qatarına bənzəyən qızlar,

Eşidin: “Dünyada hələ varam mən,

O daş nə qədər var bulaq başında,

Bilin ölməmişəm, yaşayıram mən”.
14

Sakitlik xislətdir, acizlik deyil,

Sel haray qoparar, ümman lal durar.

Çinar tufan olsa sınar, əyilməz,

Tikanı, xəzəli yel də aparar.

Mən öz xislətimdən dönən deyiləm,

İçimdə fırtına, tufan da qopsa.

Elə sən biləni mən də bilirəm,

Yazdım ki, biləsən, xəbərin olsun...

15

Əzəldən bir karvan yoludu dünya,



Karvanın əvvəli, sonu görünməz.

Sirrilə, sehr ilə doludu dünya,

Dünyanın qəmini çəkməyə dəyməz.

Dünyanı tanımaq çətindir, çətin,

Bil ki, dərk etmədi onu ərənlər.

Anası da olsa bəşəriyyətin,

Bir günü bal dadır, bir günü zəhər.
16

Fikirlər beynimdə sıxlaşır hərdən,

Elə bil düşürəm bu dağ selinə.

Bəzən arzuları, ümidləri mən,

Çevirə bilirəm şeir dilinə.

Məni zirvələrə çəkən qayğımı,

Kiçik qayğılara qurban verəndə.

Fikirlər beynimdə doğulur, ölür,

San ki, zərrə-zərrə ölürəm mən də.
17

Bu sözü sən mənə demisən gülüm,

Demisən: “Bilmirəm hisslər nədir?

Nə vaxt ki, ürəyin ağrayır sənin,

Mənim də qəlbimdən ağrılar keçir...”

Qəlbimə yalvarıb deyirəm hərdən

Elə ağrıma ki, sevgilim bilə,

Ağrı, bir mən bilim, bunu bir də sən.


18

Heç vaxt taleyimdən gileylənmədim,

Qalsa da gözümdə arzum, muradım.

Dilimə gəlmədi qəlbimdən keçən,

Bunu qüruruma sığışdırmadım.

Beləcə sovuşdu ayım, ilim də,

Təkcə özüm çəkdim ağrı-acımı.

Çünki qoparmadım dişlə-dırnaqla,

Həyatdan heç zaman ehtiyacımı.
19

Biri sadə bildi, biri də məğrur,

Kim necə düşünüb yazıb elə də.

Bütün varlığımla göz önündəyəm,

Ancaq yozuluram bu gün də yenə.

Qapılıb qalmadım öz aləmimdə,

Kiməsə, nəyəsə bəzən yaradım.

Bütün varlığımla göz önündəyəm,

Ancaq yozuluram bu gün hələ də.
20

İnsanın taledən qaçması çətin,

Hər kəs taleyinin quludur demək.

Gənclik illərindən sinəmdə mənim,

Bir sevgi yurd salıb qanadı kövrək.

İkimiz bir yerdə qürbətə düşdük,

Taleyə nə deyim, bəxtə nə deyim!

O getdi, mən qaldım, qaldı ürəkdə,

Mənim körpə sevgim, o nakam sevgim.
21

Yetim ağlayanda göy guruldasın,

Yetim dillənəndə ildırım çaxsın.

Yetimsən elə yat, qoy yorğanından,

Nə ayağın çıxsın, nə başın çıxsın.

Sevgimə dedim ki, sən də yetimsən,

Dillənmə, sinəmə sıgın yat mənim.

Məgər görməyirsən bircə arzumu,

Hələ çin etməyib bu həyat mənim!..
22

Oğlum saçlarına baxa bilmirəm,

Görürəm ağappaq şırımlar düşüb.

Elə bil baharın oğlan çağında,

Körpə bir çəmənə təzə qar düşüb.

Sənin ki, ömrünün bahar çağıdır,

De saça dən düşüb ağarmaq nədir?

Qarşımda aşırım var, dağ var, zirvə var,

Ömrünün çoxusu hələ öndədir.
23

Dedim ki, zərif sən, gül tək lətifsən,

Ancaq bilməyirəm bu hikmət nədir.

Önündə baş əyir çinar boylular,

Səndə bu cazibə, bu qüvvət nədir,!

Güldü nərgiz gözü, gül dodağıyla,

Söylədi, bu sual, bu söhbət nədir?

Gör necə qəflətdə qalmısan yazıq,

Hələ də bilmirsən məhəbbət nədir?
24

Ülvi bir aləmdir şeir dünyası,

Şairlik hər kəsə qismət olmayır.

Sən sənət yolunda çatdın kamala,

Hər “şeir” yazana hörmət olmayır.

Səmavi qüvvədir şair ilhamı,

Ilahi nurundan nur alır şeir.

Şairi qocaldır zamanın hökmü,

Şeir qocalmayır, söz qocalmayır.
Ədəbiyyat qəzeti, 15 noyabr 2002-cil il.


NOVRUZ BAYRAMI
Bir əlində odlu günəş,

Nəfəsində çiçək ətri,

Yer üzünə bahar gəlir,

Isitməyə göyü, yeri.

Yamaclarda buz əriyir,

Damcı-damcı, gilə-gilə,

O damcılar birləşərək

Düzənlikdə dönür selə.

Güneylərdə qar altından

Baş qaldırır yaşıl otlar,

Çəmənlərə inci düzür

Boz buludlar.

Uçub gəlir uzaqlardan

Qayçı quyruq qaranquşlar,

Çəmənləri yuyur hər gün

Gur yağışlar.

Yarpaq-yarpaq cavanlanır,

Qoca söyüd, qoca çinar,

Təbiətə sığal çəkir

Gəlişiylə təzə bahar.

Gün altında xumarlanır.

Qara torpaq,

İlk baharın nəfəsiylə

Yenə gəlir cana torpaq.

Elə bil ki, köksü dolu

Nəfəs alır ana torpaq.

Düymə-düymə gülümsəyir,

Üstü qrov tutan torpaq.

Ilk baharda mahnı qoşur

Axan bulaq . . .

Həyətlərdə od qalanır,

Ocaq yanır,

Bahar gəlir yer üzünə,

Qoca dünya cavanlaşır . . .

Həyətlərdə od qalanır

Mahnı deyir qız, gəlinlər.

Bu mahnılar ilk baharın

Gəlməsində verir xəbər . . .

“Atıl-batıl çərşənbə,

Baxtım açıl çərşənbə.

Ağrılarım, acılarım

Odda yansın,

Ömrüm-günüm təzələnsin . . . ”

Nimçələrdə səmənilər

Evə bahar ətri yayır,

Şamlar yanır əlvan-əlvan.

Otaqlar da işıqlanır,

Ürəklər də işıqlanır.

Saqqalından yaş süzülən

Qışın halı yaman olur,

Bahar gəlir yer üzünə,

Qoca dünya cavan olur.


Mart, 2002-ci il

ŞAH İSMAYILIN BEŞ QILINCI
Ərdəbildə bir məğbərə var

“Şeyx Səfi Məğbərəsi”.

Hər kərpici bir taix,

Hər sütunu bir zəfər təntənəsi.

Damənda beş qılınc vardı,

Beş döyüşdən nişan.

Qılınclar beş igid kimi

Baş-başa verib dururdu.

Zaman-zaman . . .

Onunla fəxr edirdi

Şah İsmayıl yurdu.

Səhər günəşlə görüşdü onlar,

Axşamlar ulduzlarla.

Dörd yüz il beləcə salmışdı

Bu qılınclar yola . . .

Bir yurdun, bir millətin

Baş ucalığı idi

Bu beş qılınc.

Vətənin zəfər bayrağı idi,

Bu beş qılınc.

İnsanlar hörmətlə baxırdı,

İgid babamız

Şah İsmayılın qılıncına.

Döyüşdə sıyrılan qılınc hələ də

Girməmişdi qına.

Bir gün qopartdılar onları, xain əllər

Tehrana apardılar onları, xain əllər.

Bir millətin zəfər tarixi,

Unudulsun deyə,

Atdılar muzeydə zirzəmiyə . . .

Fəqət bilmədilər bunu

Silmək olmaz

Tarixin yaddaşından,

Bu qılınclar sahibi

Vətənin igid oğlunu,

Bir də “Qızılbaş” ordunu !!!



2002


TƏYYARƏDƏ İKİ NƏFƏR
Avropadan Şərqə uçur iki nəfər,

İkisi də bir torpağın övladı.

Buludların sinəsini doğrayır

Ovxalı qılınc kimi

Təyyarənin qanadı.

Ovsarını qırmış bulud karvanı

Ağ mayalartək,

Hərəsi bir yana qaçır.

Kölgəsi buludlara qonmuş.

Iki nəfər təyyarədə

Avropadan şərqə uçur . . .

Buludlara baxa-baxa,

Danışır biri:

- Bir zaman dəvə karvanıyla

Bütün Şərqi dolandı

Əbil Üla Müərri.

Ancaq o,

Şöhrətinin sərhəddinə çata bilmədi.

Şirvandan Təbrizə gəldi Xaqani,

Təbrizdə Şirvanı unuda bilmədi.

Biz isə nə kimsədən küsüb,

Nə də qovulmuşuq.

Vətəndə qərib,

Qürbətdə Vətənlə olmuşuq.

Kim bilir . . .

O biri filosofyaya

Danışdı ağır-ağır;

- Bilirəm, haradan düşdü yadına

Xaqanın Təbriz səfəri.

Biz tarixə köçürsək də o illəri

Fəqət nə zaman fərqi,

Nə də məkan məsafəsi,

Tutar gətirmir fikrin sürətinə.

Ötənlər təməl daşı olur,

Bu günün həqiqətinə.

Köhnəni duymayan,

Dərk edə bilməz yenini . . .

Qardaş, başa düşürəm səni,

Bilirəm, Avropadan Şərqə uçan

Təbrizdə Şirvanı unutmayanın

nəvəsidir.

Bu sərgələnmiş ağ buludlar da

Karvanımızın dəvəsidir . . .

Bilirəm, qardaş,

Hicran, hicrandır,

İstər XII əsrdə olsun,

İstər XX əsrdə.

Təbriz Şirvana çatmaz,

Biz Avropada Təbrizə,

Həsrət olan yerdə . . .

Təyyarədə iki nəfər uçurdu,

İki fədai, iki əsgər.

Ürəkdə məhəbbəti,

Öndə günəşli bir üfüq,

Arxada qürbət ölkə . . .

2002

ÖLMƏZLƏRƏ NƏZİRƏLƏR
Çalxalandıqca, bulandıqca həyat nehrə kimi,

Yağı-yağ üstə çıxır, ayranı ayranlıq olur”.

M.Ə.Sabir
Şeiri də, şairi də silkələyir dövrü zaman,

Pisi bir yanlıq olur, yaxşısı bir yanlıq olur.


Şeir var fikri dayaz, vüsəti yox, siqvəti yox,

Ömrü də, şöhrəti də, hissi də bir anlıq olur.


Kimi “Millət” deyərək milləti qoymuş loğaza,

Kimi hümmət edərək millətə qurbanlıq olur.


Sabir, ey şeirmizin əsrimizin nabicəsi,

Sözlərin çaytək axıb axırı ümmanlıq olur.


Neçə tufan yaşayır dəryaca səbrində sənin,

Lal dayanmış dənizin axırı tufanlıq olur.


Şeirimiz şurumuz üçün əgər olsaydi meyar,

Mən də deyərdim sən olan qəlbidə insanlıq olur.


2002
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə