ELƏ OĞul iSTƏYİr vəTƏN




Yüklə 1.8 Mb.
səhifə10/14
tarix22.02.2016
ölçüsü1.8 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

İSMAYIL TƏRİQPEYMAYA
O gün görüşdük,

Düşdü yadıma son görüşümüz.

O zaman,

Nə mən, nə sən bilmədik

Bu son görüşdü.

Bu ayrılıq haradan

Taleyimizə düşdü . . .

Mən qaldım, sən getdin

Getdin “gedər-gəlməzə”.

Niyə, nə idi günahın?

Nə sən soruşdun, bildin

Nə düzünü dedilər sənə...

İndi üzünə baxanda

Utanıram taleyimizin yerinə.

Fəqət o zaman

Bir sən bilirdin,

Bir də Vətən,

Nə üçün sürgünə gedirsən ...


1999
* * *
Yumuram gözlərimi,

Keçir sürət qatarı kimi.

Gözümün önündən

Ömrümün ötən illəri, ayları, günləri

Bir də yol dayanacaqları . . .

Düşür bir-bir yaddaşımdan

Günlərin, ayların, illərin çoxu.

Bilirəm ancaq,

Mənimlə qalacaq

Son dayanacağadək,

Kimdən yaxşılıq gördüyüm,

Kimə həyan olduğum anlar.

Mənzil başına bir mən çatacağam.

Bir də onlar . . .

Yəqin
1999
ÖMRÜM
Ağlaya-ağlaya gəldim dünyaya,

Dünyadan gedəndə

Nə üzümdə göz yaşım olacaq

Nə də kipriklərimdə nəm.

Bunu indidən bilirəm.

Dostlarım, əzizlərim ağlayacaq yəqin

Düşəcək yadıma mən də,

Ağlamışam dünyaya gələndə.

Körpə gözlərimə

Dünya div göründü, - ağladım.

Əllərim bələyə büründü, ağladım.

Dedilər xorttan var,

Damdabaca var, ağladım.

Saqqalı özündən uzun qoca var ağladım.

Ağladım, səsimdən qorxdum,

Agladım özüm-özümdən qorxdum.

Agladım ayaqlarımı yerə döyə-döyə,

Agladım, bu dünyaya gəldim niyə?

Sonra qəzəbimi uda-uda,

Havadan tuta-tuta.

Qalxdım ayağa ...

Durdum; getdim ...

Yıxıldım, qalxdım, getdim ...

Ancaq bilmədim hara gedirəm ...

Arxada qaldı körpəlik illərim,

Beşik yerim, qundaq yerim ...

Arzularım tutdu əllərimdən

Bir gün tox oldum,

Bir gün qaldım ac.

Onda bildim nədir ehtiyac ...

Sinəm dolu söz oldu,

Hər kəsə deyə bilmədim.

Qürurumdan əyilmədi.

Yandım öz içimdə,

Yanan şam kimi.

Əridim gilə-gilə,

Kiçildim gilə-gilə

Öz içimə çəkildim bilə-bilə.

Şam şamdanda sönən kimi,

Bilirəm sönərəm mən də.

Qalar içimdə

Vətən həsrəti,

Təbriz həsrəti.

Nigaran gedərəm dünyadan

Əgər çəkən olmasa

Mənsiz həsrəti ... (Mən çəkən həsrəti)



1991
YUXU DA NEMƏTDİR
Mədinə Gülgünə
Bu axşam yuxuma gəlmişdin gülüm,

Bu da mənim üçün bir nemət idi.

İndi yuxularda mənim gördüyüm,

Bir zaman var idi, həqiqət idi.

Gördüm ki, “Gülüstan” bağıdır yenə,

Təbrizin üstünə enibdir axşam.

Gördüm ki, üzünü tütaraq mənə

Dedin ki, gəl gedək, çox yorulmuşam.

“Gülüstan” bağından birlikdə çıxdıq,

“Saat qabağı”na getdik yanaşı.

“Ərk”ə hər günkütək dayanıb baxdıq,

Yadına gəlirmi o “Dərbəndbaşı”?

Ora çatan kimi dayandın bir an,

Sonra da əlini uzatdın mənə . . .

Əlim toxunan da sənin əlinə

Hərasan oyanıb qalxdım yuxudan.

Baxdım ətrafıma, yenə də sənsiz . . .

Bilmədim nə deyim, qəlbim döyündü,

Elə bil indicə ayrılmışdıq biz

Əlinin istisi əlimdə idi.

O gecə sübhədək yata bilmədim,

Ötən günlərimi yaşadım yenə.

Nə yaxşı söyləyib atalar, dedim, -

“Gün çatmaz dünyada hər ötən günə . . .”

İndi yuxularda mənim gördüyüm,

Bir zaman var idi, həqiqət idi,

Talehin verdiyi bir nemət idi.
1999

HÜSEYN MEHDİYƏ
Səni yad elədik yenə,

Dünən 90 yaşında . . .

Necə var idin

Elə də qalmışdın

Dostların yaddaşında.

Düşdü yadımıza

Gülən gözlərin,

Bir az mehriban,

Bir az da sərt sözlərin.

Hamı bilirdi xislətini,

Kiminə mehriban, (niyə)

Kiminə sərt idin, (niyə)

Çünki əsl kişi,

Əsl mərd idin.

Yalan gəlməzdi dilinə

Xoşa gəlmək üçün.

Elə bil dogulmuşdun

Haqqı demək üçün. (həqiqəti)

Axı hər gün dəyişsəydi xislətin

Onda Mehdi olmazdın yəqin.


1999
* * *
Bilmirəm,

Tarixin hansı ilində,

Hansı günündə,

Olmayacağam mən də?!

Ancaq məni son mənzilə

Yola salmağa gələn də olacaq,

Gəlməyən də . . .

Görən neçə ay, neçə il

Ölmümdən sonra düşəcəyəm yada?

Bəlkə də unudulacağam tamam?

Ən böyük nisgil olar,

Kəfənin çürüməmiş

Səni unudalar!
1999
* * *
Körpü olmaq istəyirəm,

Arazın üstündə, bir körpü.

Əsirlə ölçülsün ömrü,

Bir körpü olmaq istəyirəm,

İnsanları qovuşdura bilim.

Arazın üstündən sovuşdura,

Ayrı düşənləri qovuşdura bilim . . .

Bir körpü olmaq istəyirəm

Hicran daşlarından hörsünlər onu,

Daha hicran olmasın,

Daha hicran kəsməsin

Kimsənin yolunu.

Adı “Vüsal körpüsü” olsun,

İnsanlar keçsin üstündən

Vətəndən-Vətənə.

Gəlib çatmamış ömrün sonu

Kaş o körpüdən keçmək

Qismət ola bir gün mənə . . .


1999

DANIŞMAQ – DANIŞMAQ İSTƏYİRƏM...
Bir zaman tək qalmaq,

Özüm-özümlə qalmaq,

İçimə dolmuş hicranla

Danışmaq istəyirəm.

Özüm-özümdən soruşmaq istəyirdim;

Suallar rəng-rəng,

Suallar yığın-yığın,

Unutmaqçın hicranın ayrılığın . . .

İndi isə dözmürəm,

Kədərinə tək qalmağın.

Səbrim azalıb,

Dözümüm azalıb,

Daha özüm-özümlə qalıb,

Tək-tənha olmaq istəmirəm!

Öz içimə yığılmaq istəmirəm!

Danışmaq,

Danışmaq istəyirəm,

Səninlə, onunla,

Məni dərk edən

İnsanla,


İnsanla . . .
1999
* * *
Bir gün olmayacağımı bilirəm,

Ancaq,


Bilmirəm bu gün haçan olacaq?

Yəqin arxamca ağlayacaqlar!

Kim çox ağlayacaq görəsən?

Ərdəbilli anam?

Təbrizli bacım?

Ya Bakılı qardaşım? . .

Kaş ölənədən sonra,

Bircə gün ayıla bilim.

Görüm arxamca tökülən

Göz yaşlarını . .

O dəm,

Bilərəm ki, ölmüşəm . . .



1999

BİR LALƏ İSTƏYİRƏM
Bir lalə istəyirəm,

Bahar ətirli olsun.

O, yaşıl çəmənlərdə,

Atəş çətirli olsun.

Bir lalə istəyirəm,

Dan yerinə bənzəsin.

Çəmənləri, düzləri,

Al rəngilə bəzəsin.

Bir lalə istəyirəm

Yarpağından qan dama.

Qarşısında əyilib,

Dərib taxam yaxama.

Bir lalə istəyirəm,

Sinəsindən yaralı,

Qəlbində qara xalı.

Bir lalə istəyirəm,

Bayrağı əvəz edə.

İgidlərin əlində,

Həmişə öndə gedə . . .
1999

* * *
Dəniz bu gün sakitdir,

Uzaq yollar keçib gələn

Yalı ağ köpüklü

Kəhər kimi . . .

Sahili yalayir ləpələr,

Görünür dənizin dibi.

Günəşin altında,

Mürgüləyir mirvari dəniz.

Mən indi sənsiz,

Bu qumlu sahildə

Yenə səni axtarıram,

Bir də qoyub getdiyimiz

O qoşa qalan

Izlərimiz . . .
1999

ÖMRÜN MƏNALI İLLƏRİ
Yumuram gözlərimi,

Gözümün önündən keçir

Sürət qatarı kimi,

Ömrün illəri,

Bir də yol dayanacaqları . . .

Düşür yaddaşımdan

Bir-bir,

Günlərin,

Aylarin,

İllərin çoxu . . .

Bilirəm ancaq,

Son dayanacağadək,

Mənimlə olacaq,

Kimdən yaxşılıq gördüyüm,

Kimə həyan olduğum anlar.

Mənzil başına yəqin,

Bir mən çatacağam,

Bir də onlar. . .


1999

PAYIZIN YARPAQ TÖKÜMÜ
2000

ŞAİR HƏMİD NİTQİYƏ
Təbrizdə doğuldun Həmid,

Bir yaz səhəri.

Ancaq Tehranda keçdi

Ömrün gənclik illəri . . .

Şair oldun,

Yazdın ana dilində.

Fikrin aydın,

Şeirin aydın oldu,

Nitqin kimi.

Əvvəl Həmid idin,

Tanındın Həmid kimi . . .

Bir gün Bakıda görüşdük,

Bu yuxu idi,

Ya həqiqət idi?!

Səni görmək istəyirdim,

Xeyli müddət idi.

Gəldin bir gün Bakıya

Bu sən idin?

Əli əsalı, ağ saqqallı qoca!

Mənim kimi Vətən həsrətli,

Zavallı qoca . . .

Dedin: - Londondan gəlmişəm

Görüm səni . . .

Ancaq, bir arzum var,

Əsl görüş Təbrizdə olsun

Gələn bahar . . .

Onda badam ağacı çiçək açar

Şəhər bürünər gül ətrinə.

Gələrsən Təbrizə,

Mənim xətrimə,

Təbrizin xətrinə.

Gəl, ömrümüzün bu yorğun çağında,

Son dəfə dincələk

Vətənin qucağında . . .

Beləcə ayrıldıq o gün,

Məslək daşım,

Şair qardaşım,

Həmid Nitqidən.

İl ötdü, bahar gəldi,

Ancaq Həmid gəlmədi,

Bir gün ölüm xəbəri gəldi Təbrizə.

Bu xəbər dağ çəkdi sinəmizə.

Təbrizdə bir görüş yeri qaldı,

Bir də əli əsalı,

Gözü eynəkli,

Bir şairin məzar yeri,

Bir də qəbrinin üstünə qoyulacaq

Heykəl . . .

Bir də o məzara səpiləcək

Qucaq-qucaq lalə, yasəmən,

Nərgiz . . .

Qardaşım Həmid,

O günü görməsəm də

Görəcək Vətənimiz,

Təbriz . . .

2000

ÖMÜR BİZƏ BİR NEMƏTDİR
Dağ başına yağanda qar,

Yolçuları yolda qoyar.

Ötdü gənclik, ötdü bahar,

Ömrümün xəzan çağıdır.


Keçən keçdi, çatmaz əlim,

Harda qaldın gənclik ilim?

Nə gizlədim ay sevgilim,

Ömrümün xəzan çağıdır.


Yavaş-yavaş sönər ocaq,

Saçımda saqqalımda ağ.

Tökülürəm yarpaq-yarpaq,

Ömrümün xəzan çagıdır.


Ömür bizə bir nemətdir,

Gah sevincdir, gah möhnətdir.

Yaşadığım qənimətdir,

Ömrümün xəzan çağıdır.


Hicran məni çəkdi zilə,

Dözə-dözə hər nisgilə.

Gəlib çatdım səksən ilə,

Ömrümün xəzan çağıdı.


2001

QAYIT, ÖMRÜM-GÜNÜM
Çöldə yağış-yağır,

Pəncərədə baharın göz yaşları

Axır gilə-gilə . . .

İşdən dönürəm,

Ikimizin həmişə

Nəfəsilə qızınan mənzilə.

Otaqlar soyuqdur ancaq,

Nə işıq yanır, nə ocaq.

Yetim uşağa dönüb otaqlar.

Nə süfrədə çörək var,

Nə çaydanda çay var.

Hər yanda bir lal sükut,

Bir də bu sükutun içində

Acı bir haray var . . .

Məni bu qəribə tənhalığa tapşırıb

Hara getdin, ömrüm-günüm?

Yox, dözə bilmirəm ağrısına,

Bu ayrılığın, bu nisgilin!

Bir zaman qoşa keçdiyimiz

Bu həyat yollarında

Ağlı-qaralı günlərimiz olub

Ikimiz bilmişik.

Sevincimiz, qəmimiz olub

Ikimiz bölmüşük.

Sən ən yaxın sirdaşım,

Məsləkdaşım olmusan.

Sonra həyat yoldaşım,

Ömür yoldaşım olmusan . . .

Sən mənim varlığıma hopmusan

Zaman-zaman.

Səni məndən ayıra bilməz əcəl

Heç zaman, heç zaman!!!

İndi məni tənhalığa tapşırma!

Ömrün bu yorğun çağında

Dözə bilmərəm bu sınağa.

Qayıt, səsinə, nəfəsinə

Gülüşünə adət etmiş otağa!

Güldanda qoyub getdiyin güllər

Səni gözləyir.

Saralan yarpaqlar nəvaziş istəyir. . .

Qayıt, səni gözləyir təzə şeirinin

Hələ yazılmamış misraları.

Gəl, sevindir yolunu gözləyənləri barı.

Məni də tənhalığa tapşırma gülüm.

Yolunu gözləyirəm hər qapı döyuləndə.

Bilirəm, bir vaxt olacaq

Xatirəyə dönəcəyik sən də, mən də . . .

Sözümüz, söhbətimiz

Nağıla dönəcək yəqin.

Hər şeir məclisində

Yerimiz görünəcək yəqin,

Sənə yazdığım şeirlər düşəcək yada . . .

Görəsən inanan olacaqmı onda

Bu şeirləri mən yazmışam sənə.

O zaman məni düşünənlər

Yəqin deyəcəklər,

“Necə də sakit görünürdü üzdə,

Ilahi, nə qədər sevgi,

Nə qədər təlatüm varmış

Bu lal dənizdə . . .”

Ancaq səni düşünənlər deyəcək:

“O, qəribə xislət idi . . . ”

Inanıram belə qalacağıq

Sən də, mən də

Bir zaman xatirəyə dönəndə . . .

Daha gəl, tənha qoyma məni,

Bir ildir yolunu gözləyirəm

Indi, xəbərin olsun əzizim

Artıq açıldı yolu

Dumanlı Təbrizin.

Gəl, yapışım əlindən,

Xəyalən min dəfə keçdiyimiz

Xudafərindən keçək ikimiz.

Bilirsən gəlişindən necə sevinəcək

Yolunu gözləyən

Anamız Təbriz . . .


2000

* * *
Bir nəfər dedi,

“Şairsən,

Hər şeydən danışa,

Hər şeydən yaza bilərsən”

Dedim:


“Dogrudur, haqqın var,

Hər şeydən yazmaq olar,

Ancaq o, bir şey olmaz . . . ”


MƏDİNƏ GÜLGÜNƏ
Bir gün ayrıldıq əzizim,

Daş səngərimizdən,

Döyüş səngərimizdən!

O günlər yadındamı?

Üstümüzə güllələr yağa-yağa,

Sinəmizi söykəyib ana torpağa

Döyüşdük.

O zaman ümidimiz çox idi,

Sabaha, qələbəyə . . .

İndi isti otaqda,

Sığınıb bir bucağa,

Misra-misra söz yığırıq yarağa –

“Silahın xəzinəsinə . . . ”

Vallah, bu halda ürəyim yanır,

Özümə, sənə.

Bəlkə bu da bir döyüşdür;

“Söz döyüşü?!”

Vallah heç istəməzdik

Belə silahsız, səngərsiz döyüşü!
2000
ƏRDƏBİLDƏ ŞEYX SƏFİ MƏĞBƏRƏSİ ÜSTÜNDƏ
Beş qılınc vardı,

Onlar beş döyüşdən,

Beş zəfərdən yadigardı.

Qılınclar beş igid kimi

Baş-başa verib dururdu.

Fəxr edirdi onlarla

Şah İsmayıl yurdu.

Səhər günəşilə görüşür.

Axşam qürubunda

Şəfəqləri üfüqə düşürdü.

Bu dörd yüz yaşlı igidləri

Qocaltmamışdır zaman

Tufanlı ruzigar

Əyilib keçmişdi yanlarından . . .

Bir yurdun, bir millətin

Baş ucalığı idi, o beş qılınc

Vətənin zəfər çağı idi, o beş qılınc.

Qocalar fəxr ilə baxırdı

Igid babamız

Şah İsmayılın yadigarına

Cavanlar hörmətlə keçirdi önündən

Hər qılınc düşmənə göz dağı idi.

Hər qılınc bir döyüş bayrağı idi.

Qızılbaş ordusunun varlığı idi.

Bir gün

Xayin əllər qopartdı onları.

Ərdəbildən Tehrana apardı onları.

Bir millətin tarixi

Unudulsun deyə,

Atdılar bir muzeydə zirzəmiyə . . .

Fəqət unutdular bunu

Nə Tarix, nə də Millət unutmayacaq.

igid oğlunu

Nə də Qızılbaş ordunu. . .

O beş qılınc,

O beş qəlbdən nişan

Tarix olub

Yaşayacaq zaman-zaman . . .


2000

DƏNİZ YANMADI
Bir gün göylərin

Qəzəbi coşdu yaman,

Div boyda qara buludlar

Toqquşan zaman

Ildırımlar töküldü yer üzünə

Qızılı ilanlar kimi . . .

İldırım vurub

Boylu-gövdəli bir çinarı

Böldü yarı . . .

Yandı, yalvardı çinar;

– Axı nə oldu günahım?

Ey ildırımlar tanrısı?

Deyin nəyə oldum asi?!

Göylər guruldadı təzədən

Bir ildırım da vurdu

Sal qayaya özünü

Qaraltdı mərmər qayanın üzünü . . .

Sonra bir ildırım düşdü dənizə.

Əvvəlcə çalxandı dəniz,

Sonra aralandı dəniz.

Uddu ildırımı

Səssiz, səmirsiz . . .

Çinar ayndı . . .

Qaya qaraldı . . .

Dəniz elə dəniz kimi qaldı . . .

Buludlarsa hönkür-honkür

Ağladı qəzəbindən.

Axı dəniz yanmadı,

Niyə ... Nədən?
2000
* * *
Bu axşam

Öz duyğularım, düşüncələrimlə

Baş-başa qalmaq istəyirəm,

Öz içimə çəkilib

Özüm olmaq istəyirəm.

Heç kəs olmasın,

Sakit bir otaqda ikimiz olaq.

Üz-üzə, göz-gözə oturaq,

Nə divar saatı olsun,

Əqrəblər qağayı kimi

Vaxtı doğraya bilsin,

Nə qapı döyülsün,

Vaxtsız qonaq gəlsin.

Ancaq ikimiz olaq

Otaqda sükut,

Pəncərədən o yanda sakit bir gecə.

Nə dünənimizi xatırlayaq,

peyğəmbərlik edib

Zamanın fovqunda olaq.

Nə ölüm düşsün yada,

Nə əbədiyyət.

Nə əzablı günlərimiz,

Nə şan-şöhrət . . .

Kimsənin ümidinə yaşamayaq,

Minnət dasımayaq.

Beləcə sakit bir otaqda

Özüm-özümə desin ikimiz olaq.

Necə yaşadım bu dünyada,

Ömrün günlərini.

Hər şeyi üzümə desin;

Bir düşündün barı

Niyə gəldin bu dünyaya?

Necə keçəcəksən həyatda

Bu dolanbac yolları?

Yolların əyrisi, düzü var,

Qaranlıq gecəsi,

İşıqlı gündüzü var . . .

Ömrün qurubu yaxınlaşır,

Günəşin üfüqündən aşır,

Düşün, olan-oldu, itən-itdi,

Gələn-gəldi, gedən-getdi.

Bu günün sabahını düşün.

Savabını, günahını düşün.

Bütün bunları düşünə-düşünə

Bu axşam

Özüm öz işimə çəkilib

Tək qalmaq istəyirəm.

Ancaq özüm,

Özüm olmaq istəyirəm. . .
2000

* * *


Deyirlər hər yan susur,

İnsan öləndən sonra.

Gözlər sönür,

Dil susur,

Ürəkdə sözlər qalır,

Arzular, diləklər qalır . . .

Qara bir pərdə çökür

Həyatın üstünə . . .

Yox, mən dözə bilmərəm

Belə bir ölümə!

Qəlbim yarılar,

Qəbrim dağılar

Qəzəbdən . . .

Əgər mən görməsəm

Arzumun səhərini,

Eşitməsəm Təbrizin azadlıq xəbərini,

Yox, ölə bilmərəm vallah

Bağışlasın cənab Əzrayil məni!


2000

* * *
Yaşamaq çətindir . . .

Ölmək necə?

- Ölməyə nə var ki,

Yumulacaq gözlərin,

Qaralacaq hər yan . . .

Ətraf bir sükut səltənəti,

Nə səma görünəcək,

Nə buludların axını,

Nə buludların baxımı

Ancaq, yaşamaq çətindir,

İnsan kimi, kişi kimi yaşamaq.

Bir dünya möhnəti

Çiyinlərdə daşımaq çətindir.

Kimsənin işinə yaraya bilmək.

Sevmək, sevilmək,

Qəm çəkməyi bacarmaq

Gülməyi, göz yaşı tökməyi bacarmaq.

Əyrini düzdən ayırmaq,

Hamının qeydinə qalmaq,

Ağrıya dözə bilmək,

Əyrini, düzü görmək.

Görüb susmaq çətindir,

Əsl insan olmaq çətindir...

Ancaq ölməyə nə var ki,

Yum gözünü heç nəyi görmə,

Nə əyrini, nə düzü görmə.

Nə gecənin zülmətini

Nə gündüzü görmə . . .
2002
* * *
(Onlar üç fədayi 1947-ci ildə

Ərdəbildə dara çəkildilər)
Deyirlər Saqqal Vəli,

Şəmsuvarlı Əbi,

Bir də bərbər Bekdaşı.

Əl-ələ verib qalxıblar kürsüyə.

Darağacı sınanda

Yıxılmasınlar deyə . . .

Üzlərində təbəssüm,

Dillərində Vətən.

Beləcə gediblər ölümə,

Saqqal Vəli,

Şəmsuvarlı Əbi,

Bir də bərbər Bekdaşı.

Üç fədayi, üç kişi.
2000

* * *
Bu səhər günəş oyananda,

Dənizin ətəyi yananda,

Bir qaya üstündə oturmuşam

Üzüm dənizə

Xəzərlə üz-üzə . . .

Ayağımın altında

Ləpələr oynayır.

Baxıram əvvəl üfüq

Sonra dəniz yanır.

Ağ – qağayı gəmilər

Suları yara-yara

Gedirlər cənuba sarı.

Arxalarınca uzanır

Köpüklü yolları . . .

Bir dəniz ayrılıq var

Cənubla mənim aramda,

O ayırdı bizi.

Necə keçim dənizi?

Elə bil ayaqlarım

Zəncirlənib qayaya . . .

İçimdən bir haray qopur:

- Gəmilər, ay gəmilər

Məni də aparın o taya . . .


2000

* * *
Allah sənə rəhmət eləsin M.Ə.Sabir


“Dərk etməsək bir bəladır,

Dərk etməmək bir bəla . . .”

Belə deyib ərənlər

Dünyanın vəfasını

Bizdən öncə görənlər . . .

Necə dərk etməyəsən,

Düşüncən ola-ola?

Necə cilovlayasan

Hissini, ya duyğunu?

Başa düşmürəm bunu ,

Vallah yüzü-yüz desə . . .

Dərk etmək bir nemətdir,

Qismət olmur hər kəsə . . .

Dərk eləmək insanın

Talehinin naxışıdır,

Laqeyd yaşamaqdansa

Yaşamamaq yaxşıdır . . .

2000

QÜRBƏTDƏ
Parisdə vəfat etmiş İranın

Böyük yazıçısı Sadıq Hidayətə
Yazıq Sadıq Hidayət,

Halına yandığın millət

Vətəndə qədrini bilmədi,

Üzünə gülmədi.

Başına bəla oldu

“Avara itlər” hekayətin.

Niyə bilmədin,

Avamı qandırmaq

Çətindir, çətin.

Getdin qürbətə, -

Bəlkə səni duyan ola,

Dərdinə yanan ola.

Ancaq, bir qədər iş verdilər, -

Gileyli olmayasan.

Bir parça çörək verdilər, -

Acından ölməyəsən.

Üzünə güldülər, -

Biləsən gülüş də var.

Halını sordular ki, -

İnanasan qürbətdə də

Vətən olar . . .

Beləcə saxladılar,

“Qayğı”da göstərdilər,

“Hörmət”də, “Məhəbbət”də . . .

Ancaq bilmirəm nədən

Yaşaya bilmədin sən

Qürbətdə?!

2000

MİRZƏ ƏLƏKBƏR SABİRƏ
“Çalxalandıqca, bulandıqca həyat nehrə kimi,

Yağı-yağ üstə çıxır, ayranı ayranlıq olur”.


Şeiri də, şairi də silkələyir dövrü zaman,

Pisi bir yanlıq olur, yaxşısı bir yanlıq olur.

Şeir var fikri dayaz, vüsəti yox, siqvəti yox,

Ömrü də, şöhrəti də, hissi də biranlıq olur.

Kimi “Millət” deyərək milləti qoymuş loğaza,

Kimi hümmət edərək millətə qurbanlıq olur.

Sabir, ey şeirmizin, əsrimizin nabicəsi,

Sözlərin çaytək axıb axırı ümmanlıq olur.

Neçə tufan yaşayır dəryaca səbrində sənin,

Lal dayanmış dənizin axırı tufanlıq olur.

Şeirimiz şurumuz üçün əgər olseydi meyar,

Mən də dəyərdim sən olan qəlbidə insanlıq olur.


2000

MƏDİNƏ GÜLGÜNƏ
Bir gün ayrıldıq əzizim,

Daş səngərimizdən,

Döyüş səngərimizdən!

O günlər yadındamı?

Üstümüzə güllələr yaga-yaga,

Sinəmizi söykəyib ana torpağa

Döyüşdük.

O zaman ümidimiz çox idi,

Sabaha, qələbəyə . . .

İndi isti otaqda,

Sığınıb bir bucağa,

Misra-misra söz yığırıq yarağa –

“Silahın xəzinəsinə . . . ”

Vallah, bu halda ürəyim yanır,

Özümə, sənə.

Bəlkə bu da bir döyüşdür;

“Söz döyüşü?!”

Vallah heç istəməzdik

Belə silahsız, səngərsiz döyüşü!
2000

* * *
Sahil qumu üstünə düşmüş,

Balığa bənzəyir,

Yaz günəşi altında

Çalxalanan dəniz.

Gümüşü dalğalar

Bahar buludutək

Ag-appaq, tər-təmiz . . .

Ancaq sabah xəzri qalxsa,

Dəyişəcək dənizin də,

Sahilin də halı.

Pozulacaq mirvari

Ləpələrin cəlalı . . .

Hönkür-hönkür ağlayacaq

Dəniz.

Sanki qum üstə düşmüş



Balıqların

Yasını saxlayacaq dəniz ! . .


* * *
Mədinə Gülgünə
Yaman darıxıram,

Səninçün.

Vətənli günlərimçün,

Səni itirdim hamidan qabaq,

Vətən məndən uzaq.

Əlim çatmır

Ömrümün yorğun çağında,

Heç nə könlümü ovutmur.

Əzizim eşit sən də,

Qalmışam ayrılığın, tənhalığın əlində.


2000

AĞ BULUDLAR
Bahar gəldi tala-tala,

Buludlar çıxdılar yola.

Dedim, sizə uğur ola,

Səfər edən ağ buludlar.


Ag buludlar topalaşdı,

Buludlar üfüqdən aşdı.

Yenə Vətən yada düşdü,

Hər biri bir dağ buludlar.


Keçin dağdan, keçin düzdən,

Ayrılmayın bir-birizdən.

Məni soruşsalar sizdən,

Deyin sağdır, sağ buludlar.


Bilsinlər nə qədər sağam,

Bir gün gəlib çıxacağam.

Nə qəribəm, nə qonağam,

Birdir bu torpaq, buludlar.


Tərlan kimi qanad açın,

Üfüqdən-üfüqə uçun.

Babam Savalanı qucun,

Verin siz soraq, buludlar.


Arzu sonsuz ömür yarı,

Başımda dagların qarı.

Keşəcəyəm mən yolları,

Qurtarar fəraq, buludlar.


Ümidim qalıbdır sizə,

Alın məni dəstənizə.

Aparın doğma Təbrizə,

Sevinsin torpaq, buludlar.



2000

* * *
Yenə buludlar,

Dəvə karvanı kimi

Düzülüb qatara

Görən hara gedir,

Onlar hara?!

Cənuba getsəydi karvan

Qoşulub gedərdim mən.

Bəlkə qurtulaydım,

İllərlə, içimdə

Yığılıb qalmış

Həsrətin əlindən,

Hicranın əlindən . . .

2000

1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə