ELƏ OĞul iSTƏYİr vəTƏN




Yüklə 1.8 Mb.
səhifə1/14
tarix22.02.2016
ölçüsü1.8 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14
Balaş Azəroğlu

ELƏ OĞUL

İSTƏYİR VƏTƏN

Bakı- 2008

Tərtib edəni, redaktoru

və ön sözün müəllifi:



Vaqif Sultanlı

Kitab “Ana dili” Fondunun vəsaiti hesabına nəşr olunur. Fondun sədri Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizidir.

Balaş Azəroğlu. Elə oğul istəyir Vətən, Bakı, 2008, 300 səh.

Kitabda Azərbaycanın xalq şairi Balaş Azəroğlunun müxtəlif illərdə qələmə aldığı şeirlər toplanmışdır.

© Balaş Azəroğlu 2008


ÖMRÜMÜN İLLƏRİ
Mən Abızadə Balaş Allahbaxış oğlu, (təxəllüsüm Azəroğlu­dur) 1921-ci ilin noyabr ayının 11-də Bakıda anadan olmuşam. Atam və anam Cənubi Azərbaycanın Ərdəbil şəhərinin Səlim Qışlağı kəndindəndir.

Mən Bakıda on illik orta məktəbi qurtarmışam. Valideynlərim İran təbəəsi olduğundan 1937-ci il repressiyası zamanı İrana sürgün olunmuşuq.

1941-ci ildə Ərdəbildə “İran Xalq Partiyası”na daxil olub, bu partiyanın şahlıq üsül-idarəsi əleyhinə təşkil etdiyi mitinqlərdə fəal iştirak edib xalqı inqilaba çağıran şeirlərimlə çıxış etmişəm. “Azəroğlu” imzası ilə yazdığım ilk mətbu şeirim “İnqilab şairiyəm” adı ilə çap olunub. Bu şeir mənim həyat proqramımın qaranquşu idi.

1943-cü ildə Azərbaycanda yaranan “Ziddi-faşist” (Faşizmin əleyhinə) cəmiyyətinin Ərdəbil şöbəsinin sədri seçilmişəm və bu cəmiyyətin orqanı olan “Yumuruq” qəzetinin redaktoru olmuşam. Cəmiyyət 1945-ci ilin may ayına (Qələbə gününə) fəaliyyət göstərib. 1945-ci ilin may ayından 1946-cı lin mart ayına qədər Ərdəbildə çıxan “Cövdət” qəzetinin redaktoru olmuşam. Əvvəllər fars dilində çıxan bu qəzet mən redaktor olduğum müddətdə Azərbaycan dilində nəşr olunub.

1945-ci ildə Azərbaycan Milli Məclisinə Ərdəbil vilayətindən deputat seçilib Təbrizə getmişəm. Milli Məclisin ilk iclasında çıxış edib yeni yaranan dövlətə və inqilaba sədaqətlə xidmət edəcəyimə and içmişəm. Milli Məclisdə Azərbaycanda yeni yaranan dövlətin baş vəziri S.C.Pişəvəri seçildi. Pişəvərinin göstərişi ilə mən Təbrizdə Azərbaycan Dövlət Radio Verlişləri Komitəsinin sədr müavini vəzifəsinə təyin olunmuşam.

1941-1945-ci illərdə Cənubi Azərbaycanda gedən Milli azadlıq hərəkatında fəal iştirakıma görə Milli hökumətin “21 Azər” medalı ilə təltif olunmuşam.

1946-cı ilin iyul ayında Tehranda təşkil olumuş ümumiran yazıçılarının qurultayına Təbrizdən nümayəndə seçilib qurultayda çıxış etmişəm və qurultayın “Firdovsi” medalı ilə təltif olunmuşam.

1947-ci ildə Bakıya mühacirət edəndən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1952-ci ildə fərqlənmə diplomu ilə oranı bitirmişəm.

1952-ci ildə ADF-nin orqanı olan “Azərbaycan” (ərəb əlifbası ilə) qəzetinin əvvəl şöbə müdiri, sonra redaktoru olmuşam.

1954-cü ildə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan şairi “Məhəmməd Əmaninin həyatı və yaradıcılığı” haqqında dissertasiya yazıb, müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi almışam.

1981-ci ildə ədəbi yaradıcılığıma və ictimai fəaliyyətimə çox böyük qiymət verən Azərbaycan höküməti tərəfindən “Azərbaycanın xalq şairi” kimi yüksək ada layiq görülmüşəm. Elə həmin il Azərbaycan Yazıçılar Birliyinin qurultayında birliyin katibi seçilmişəm.

Ictimai-siyasi işlərlə yanaşı, həmişə ədəbi fəaliyyətimi də davam etdirmişəm. Ümumiyyətlə 40-a qədər şeir, elmi tədqiqat və tərcümə kitablarım çap olunmuşdur. Nizaminin “Yeddi gözəl” poemasını, Saib Təbrizinin seçilmiş şeirlər kitabını, Sədinin, Hafizin, Xaqaninin, Caminin, Heyran xanımın, Şəhriyarın şeirlərini tərcümə edib, çap etdirmişəm.

Ədəbi və ictimai fəaliyyətim həmişə Azərbaycan Respubli­kasının Prezidenti tərəfindən yüksək qiymətləndirilmişdir. 1996-cı ildə “Şöhrət ordeni” ilə təltif olunmuşam.

Hazırda Azərbaycan Yazıçılar Birliyində Cənubi Azərbaycan şöbəsində işləyirəm.

HÖRMƏTLI VƏ SEVIMLI ŞAIRIMIZ BALAŞ AZƏROĞLU
Mən üç aydan çoxdur ki, xəstəxanada yatırdım. 3-4 gündür ki, çıxmışam. Xəstəxanadan çıxan kimi ən böyük sevincim sizin “Elə oğul istəyir Vətən...” şeiri oldu. Öz vətənini və xalqını sevmədə Siz təbiətə malik olan dostum Mirəli ilə birlikdə Sizə məktubu yazmağa məcbur olduq.

Hələ Hüseyn Mehdinin məktubu çıxmamışdan əvvəl, biz Sizin müasir ziyalılarımızın istək və arzularını, onları düşündürən, beyinlərini didən, bəzən bədbinləşdirən, bəzən quş kimi qanadlandıran duyğuların, fikirlərin məzmunu əks etdirən bu nadir incinizi 2-3 dəfə oxumuşuq, onun şifahi təbliğatçısı olmuşuq.

Bizi düşündürən nədir?

Biz düşünürük ki, dünyanın hər cür nemətləri ilə zəngin və dolu Vətənimiz tarixin və dövlətlərin ədalətsiz hökmü nəticəsində parçalanmışdır. O zamandan bir əsrdən çox vaxt keçir. Bu müddət ərzində dünyada çox böyük hadisələr, dəyişikliklər olmuşdur. Ən geri qalmış xalqların belə səsi indi beynəlxalq publikalarından, təşkilatla­rından eşidilir. Qaralar Afrikası indi ağ günlər görmək üzrədir. Dünyada elə bir xalq yoxdur ki, indi öz birliyi, vəhdətliyi, Vətəninin səadəti uğrunda vuruşmasın, mübarizə aparmasın. Bəs onda biz niyə belə bir əlverişli imkandan istifadə etməyək? Çox gözəl deyirsiniz ki, vaxtilə dünyaya Nizamilər, Fizulilər verən bir xalq indi “məhəlli” sayılır, “aziat” adlandırırlar. Qəhrəman Xətainin dövründə Azərbay­can dilində Macarıstana belə notalar verilirdi, Yusif Vəzir Çəmənzəminlinin dediyi kimi, Azəri Yaxın Şərqdə beynəlxalq danışıq dili olduğunu hamı bilirdi, bu dil zəngin xalq ədəbiyyatı, hazırcavab məsələləri, atalar sözləri, füsünkar nağılları, yaxıcı mahnıları və şeirləri ilə rəsmi dairələrin farsçasına üstün gəlirdi. Bəs indi necə olmuşdur ki, bu dildə danışmaq, oxumaq, yazmaq, məktəb açmaq qadağan olmuşdur? Necə olmuşdur ki, indi 420 min əhalisi olan Qabon Respublikasının, 560 min əhalisi olan Mavritaniya Respublikasının və bir çox dövlətlərin beynəlxalq təşkilatlarında nümayəndələri olsun, öz dilində öz dərdini bütün dünyaya desin, amma on milyondan çox əhaliyə mədəni zəngin qəhrəman tarixə malik olan bir vətən, xalq parçalansın, əsarətdə qalsın? Qardaşım həqiqətən indi Vətən həqiqi oğullar istəyir ki, bu milləti bir yumuruq kimi bir yerə yığıb, həqiqi azadlıq bayrağı altında birləşdirsin. Savalanı bir tribunaya çevirib öz parçalanmış qəlbinin, paslanmış beyninin dərdini dünyaya desin, yoxsa, Sizin çox gözəl dediyiniz kimi dənizlərdə böyük balıqlar kiçiklərini udan kimi, bir millət udulub, əridilib məhv ola bilər. Nazim Hikmət demişkən:

Sən yanmasan,

Mən yanmasam,

O, yanmasa

Necə çıxar

Qaranlıqlar

Aydınlığa.


Indi Vətən həqiqi oğul istəyir. Bu oğulların dərdini Siz dərindən duyub, dərindən, çox ustalıqla, sənətkarlıqla əks etdirdiyinizə görə Sizə eşq olsun. Bizə elə gəlir ki, bu şeir şəxsən kimsəyə həsr olunmamış, damarlarında həqiqi xalq və Vətən qanı olan bütün Vətən oğullarına, qızlarına həsr olunmuşdur. Üstəlik bu şeir düstürlarla, folmullarla yaşayan, əzbərçi, ibarətçi, satqın, vicdansız “dürək”lərin qəlbinə sancılmış iti bir xəncərdir. Yuxuda olan fanatikləri, avamları, nadanları ayıldan qüvvətli bir top gülləsidir, üstəlik bütün namuslu adamları coşduran, ilhamlandıran, qəlbini sevinc hissi ilə dolduran, düşündürən, düşündükçə alovlandıran bir intibahnamə, manifestidir. Sizin nəfəsinizdə S.Vurğundan əlavə biz deyirik Füzulinin, Səttərxanın, Xətainin, Xiyabaninin, Nəsiminin, M.F.Axundovun, C.Məmmədquluzadənin, R.Rzanın nəfəsi vardır. Sizin nəfəsinizdə böyük bir xalqın – Azərbaycan xalqının nəfəsi vardır. Bu ürəyin döyünən vurğularına, ritminə, ahənginə eşq olsun.

Necə gözəl deyirsiniz.


Bir məhəlləyə dolmuşuq;

Bir həddinə baxın ölümün;

Gör nə günə qaldı

Bütün İrana məşrutə verən

Sərdarın nəvəsi!

Bax budur,

İyirminci əsrin

Ən böyük faciəsi.

Filosof dostum.
Son misrada nə qədər kinayə, iztehza, qəzəb, nifrət vardır. Adam qəzəblənib bu qatili dişi ilə didmək, boğazlamaq istəyir.

Əziz Azəroğlu, bizi bu şeirdə ən çox sevindirən cəhətlərdən biri də budur ki, bizim şairlərin çoxu nədəndirsə cənubu və şimalı bir birindən ayr, təcrid edilmiş şəkildə alır. Onu bir qəlbin müxtəlif parçaları kimi götürmürlər. Ona görə də bizim mübariz tariximiz də bəzən fraqmentlər şəklində alınır. Vahid, müstəqil, ardıcıl möhkəm bir zəncirin bir-birini tamamlayan, möhkəmləndirən və davam etdirən halqaları kimi götürmürlər. Siz bu şerinizdə bu kimi sənətkarlara çox böyük kömək etmişsiniz. Əsas mətləbə qayıdaq.

Siz bu şerinizlə, biz deyirik, bir əsrə yaxın dövrün qısa, lakin çox dolğun tarixçəsini vermisiniz. Indi, əsas mübarizə vasitələri olan “Sözü, qılıncı və şeiri” birləşdirmək “azadlıq təşnəsi olan milləti” əsarətdən qurtarmaq dövrüdür.

Nə qədər usta və gözəl demisiniz:


Indi elə oğul istəyir vətən

Düşmənlərin başına

Alov töksün dilindən,

Qalxıb Savalan dağına

Bir millətin dərdini

Bütün Şərqə bağırsın.

Qoy qoca Şərq eşitsin

Dili bağlı,

Qolu bağlı,

Sinəsi çarpaz dağların

Səsini.
Bu kimi fikirlərdə son bir neçə ildə poeziyamızda deyilmiş fikirlərdən daha çox həqiqət vardır. Bu həqiqəti belə ürəklə, cəsarətlə, obrazlı şəkildə dediyinizə görə var olun. Bu şeirlər o qədər gözəl məzmunludur və o qədər ürəklə yazılmışdır ki, adam onun hamısını bura köçürmək istəyir. Ancaq fikirləşirik ki, öz şeirinizi özünüzə yazdığımız məktuba köçürməyin nə mənası. Əgər Siz, indiyə qədər bir çox gözəl ölməz əsərlər yazmasaydınız belə, yalnız bu seirinizlə həqiqətin gözünə amansızcasına dik baxan, xalqın yaralarını tərpədən bu sənət nümunənizlə yenə də bu xalqın qəlbində əbədi yaşayardınız. Biz Sizin bu əsərinizi həqiqət aşiqi, həqiqət təşnəsi olan oxucular kimi oxuduq. Sanki bizə dünyalar bağışladılar. Gözəl şeir həqiqətən nə gözəl olurmuş?! Adam necə sevinir. Adam bu sevinci hamıya vermək, bəzən də müsbət mənada qısqanıb gizlətmək istəyir. Axı bu parçanı dəfələrcə necə oxumayasan?
Kim öz dərdinə qalmasa,

Kim haqqını almasa,

Qapını döyüb gətirməzlər.

Buyur hüriyyət payını. –

Ummanda naqqalar udan balıqların

Kim eşidir harayını?!

Indi zamandır.
Yaxud: Qanunu kəmənd eyləmək

Əbəsdir.


Filosof dostum.
Yaxud: Cəmiyyətin ən böyük qanunu

Azadlıqdır...

Qalan qanunların

Hamısı artıqdır.


Necə böyük həqiqətlərdir. Ədalətsiz, qeyri humanist, rəsmi qanunlar insanın arzu və istəklərini boğub öldürən ən amansız qüvvədir. Şükür etmək lazımdır ki, təbiət və yaradıcı qüvvə insana düşünmək, arzu və xəyal bəsləmək imkanını vermişdir. Qanunun qəlbin və beynin gizli sərbəstliyini dəf edə bilməyinə şükür etmək lazımdır. Biz yalnız açıq şəkildə o şeylər haqqında mühakimə yeridə bilmərik ki, qanun ona icazə verir. Sizin ifşa etdiyiniz filosof kitab adamıdır, qanun insan üzərində ağa, hakim olmasını istəyən bir nadandır. Bizə elə gəlir ki, Siz vurduğunuz bu qüvvətli şapalaqdan nəinki filister, qorxaq, cahil, rəzil filosoflar, bu tipə məxsus olan tarixçilər, ədəbiyyatçılar, şairlər, yazıçılar, vəzifəli şəxslər də az və ya çox dərəcədə öz payını götürəcəkdir. Təəssüf ki, bu əla şeir daha kütləvi və yeni mətbuatda çap olunmamışdır. Onda onun qopardığı haray ən geri qalmış, daim yemək və eyş-işrətlə məşğul olan, millət, xalq, vətən nə olduğunu bilməyən rəzillərin də qulağına çatardı.

Qulu Xəlilov

Mirəli Seyidov

ADDIMLAR
Sənət meydanına qədəm qoyuram,

Qoy sözüm güc alsın elimdən mənim.

Nə qədər çətindir, bunu duyuram,

Ay dostlar, tutunuz qolumdan mənim.


Körpəcə bir quşam asiman dərin,

Mən o dərinliyə uçmaq istərəm.

Nəğmə dəftərimin, söz dəftərimin

Adını “Vətən”lə açmaq istərəm.


Mənim arzum budur, bir oğul kimi,

Kaş bu çətinliyə dözə biləydim.

Vətənə sevgimi, elə sevgimi

Könül sözlərimə yaza biləydim.


1937


KARVAN
Gecənin qulağından kədərli zəng səsləri,

Ağır-ağır yol gedir karvan şımala sarı.

Xəyal məni aparır, görən nə vaxtdan bəri

Dünyanı addımlayır zəngli dəvə qatarı.

Karvan şimala gedir, karvan cənuba gedir,

Karvan bəzən vətəndən uzaqlara yol alır.

Karvan bütün dünyanı zaman-zaman qət edir,

Karvan kədər gətirir, karvan sevinc aparır.

Karvan gedir... Bir zaman Əbülüla Müərri

Bəlkədə bu karvanla bütün şərqi dolandı.

Kim bilir o dahinin ən gözəl əsərləri

İsti qumlar üstündə, xəyalında yarandı...

Karvan gedir aramsız, gecə qara, yol uzaq,

Arxamda mavi dəniz, öndə qarlı Savalan.

Dəvələr bir ahənglə yenə addımlayaraq

Ötürlər babaların keçdiyi tozlu yoldan.

Sarvanın gözlərində yuxusuzluq qəmi var,

Neçə gecə yatmamış, hey yeriyir, yeriyir.

Sarvanın özünün də qəribə aləmi var,

Zəng səsləri altında hər gün bayatı deyir:

Ağ dəvə düzdə qaldı,

Yükü Təbrizdə qaldı.

Oğlanı qan apardı

Dərmanı qızda qaldı.

Gecə sakit, uzaqlar əks etdirir bu nəğməni,

Dəvələr aram-aram addımlayırlar yenə.

O, Xəzər sahilindən alıb aparır məni,

Qədim Babək yurduna- Savalan ətəyinə...



1938
XƏZƏR, AY XƏZƏR...
Sahili sarı qumlu,

Dalğası ağ Xəzərim.

Qum üstə bardaş qurub

Gəl oturaq, Xəzərim.

Mən balıqçı deyiləm,

Qayığım yox, torum yox,

Dalğalarla döyüşə

Qollarımda zorum yox.

Sən göy gözlü mələksən,

Dumandan örpəyin var.

Göyərçin ləpələrdən

Qırçınlı köynəyin var.

Nəğmən vüsal andırar,

Ürəyimi yandırar.

Sahili sarı qumlu,

Dalğası ağ Xəzərim.

Gəl uzanıb sübhədək

Hey danışaq, Xəzərim.

Sahilə axşam qonur,

Ürəyimə qəm qonur.

Ayrılığın yamandır.

Bircə kəlmə, bircə söz

Yadıgar de, amandı.

Səhər günəş doğanda

Aparar karvan məni,

Kim bilir ki, bir də sən

Görərsən haçan məni.

Hələ əldə fürsət var,

Hələ vaxt var, möhlət var,

Hələ göylər yenicə

Dumanlanır, qaralır,

Hələ sübhə çox qalır.

Qaziyanda otaqlar

Ulduz-ulduz alışdı,

Pəncərədən axan nur

Dalğalara qarışdı.

Gəl bu isti qum üstə

Bir də verək baş-başa,

Danış, danış Xəzərim.

Uşaqlıq illərimə

Sənsən tanış, Xəzərim...
Pəhləvi şəhəri,1938

KÖMÜRÇÜ QIZ
Hələ şərq tərəfdə göyün rəngi qan,

Yenicə boylanır üfüqdən səhər.

Fəqət yavaş-yavaş söküldükcə dan

Qırmızı boyanır yaşıl təpələr...

Buludlar axışır səmada lay-lay,

Sönür göy üzündə rəngi solmuş ay.


Niyardan şəhərə uzanan yolu

Odur, ağır-ağır bir nəfər gəlir.

Əlində kisə var kömürlə dolu,

O qız nə dayanır, nə də dincəlir,

“Amandır görməsin məni pasiban” –

Deyə nəfəs belə almır qorxudan.


Bilir ki, zəhməti gedəcək heçə

Şəhərə keçməsə o ehtiyatla...

Bəlkə də yatmamış qız bütün gecə

Hələ ilk axşamdan çıxmışdı yola.

Kim bilir, kim bilir nə vaxtdan bəri

O qız bu yollarda açır səhəri.


Başında yaylıq yox, ayaqlar yalın,

Dalında ən ağır kömür şələsi.

Ehtiyac içində boğulanların

Kəsibdir çiynini ömür şələsi...

Bu yerdə insana ömür də yükdür,

Həyatı, nəşəsi, eşqi sönükdür.


Donub yanağında damla-damla tər,

O yenə küçədə şələ gəzdirir.

Kim bilir, yuxudan durub bir nəfər

Bəlkə kömür ala, hələ gəzdirir,

O hələ gəzdirir sata kömrünü

Kömürdən qaradır özünün günü.


Axıb yanağına gözünün yaşı,

Ötürüb köksünü o qız dərindən.

Bu haldan alışır qəlbinin başı.

(Qəzəbim qaldırır daşı yerindən)

Deyirəm nə üçün gecə sübhə tək

Çalışan insanlar ac qalsın gərək?!


Bu bir cəhənnəmdir odsuz, ocaqsız,

Görür deməsəm də arif olanlar.

Odur bu atəşdə odlanır bu qız.

Fəqət nə tüstü var, nə də duman var.

Ey ağa, deməyin həyatdır bu da.

Bir gün düşəcəksən özün bu oda...


Ərdəbil, 1941
INQILAB ŞAIRIYƏM
Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə ziynət,

Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,

Nə qədim əsrləri yada salıb ağlayan,

Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan,

Nə dövrün hakiminə şeir yazıb pul alan,

Nə cəlladlar önündə həyat üçün alçalan,

Nə peymana, nə saqi, nə sərab şairiyəm,

Azadlığın carçısı inqilab şairiyəm.


Mən əyilib hakimin əllərindən öpmədim,

Şeirimi çiçək kimi ayaqlara səpmədim.

Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,

Nə saray məddahıyam dərgahlardan qovulam.

Mən ellərin oğluyam, ellər böyütmüş məni.

Şeirim eldən alıbdır bu ilhamı, qüvvəni.

Mən nə şam, nə pərvanə, nə rubab şairiyəm,

Azadlığın carçısı inqilab şairiyəm.


Mənim könül dəftərim bənzəyir gülüstana,

Onda yer verilməmiş qarlı qışa, tufana,

Bir bahar ətri vardır hər şeirimdə, sözümdə,

Baharın həsrətilə yaşayıram özüm də.

Mən əl açıb göylərdən diləmədim azadlıq,

Mənim arxalandığım onlardan daha artıq.

Ölkələr həsrət çəkən afitab şairiyəm,

Azadlığın carçısı inqilab şairiyəm.


Ərdəbil. 1941
ARZU
Bəzən öz-özümə düşündükcə mən,

Xəyallar qəlbimi alır əlimdən,

Deyirəm: mən də bir əsgər olaydım.
Nə ola ömrümün bu gənc çağında,

Odlar ölkəsinin gen qucağında

Geniş səhralara rəhbər oleydım.
Dureydim sərhəddə əlimdə tüfəng,

Qaranlıq mayaq kimi,

Zamanlar keçirmiş qarlı dağ kimi.
Öpeydi sinəmi yellər hər səhər,

Düşeydi üstümə gülgün şəfəqlər,

Günəşin rəngindən alaydım min rəng.
Qaranlıq gecənin qara qəlbinə

Tərlan baxışlarım axıb keçeydi,

Günəşin rəngindən alaydım min rəng.
Qartallı dağların zirvəsində mən

Bir keşikçi kimi duranda bəzən,

Dumana, çovğuna gəreydim sinə.
Mənə taleyini tapşırarsa el,

Onu gözüm kimi qoruyaram, bil.

Nə nişan, paqon, nə cah, nə cəlal.
Əgər inanmasan oxucum buna,

Boz şinel geyəcək Azəroğluna

Məncə arzu olsun, səncə bir xəyal.

Təbriz, 1943


TƏBRIZ
Çox zaman kədərli görmüşəm səni,

Yadında varmıdır o halın, Təbriz?!

İndi o günlərdən uzaqsan daha,

Artıbdır şövkətin, cəlalın, Təbriz!


Bir qüdrət duyuram doğma səsindən,

Sinəmi qızdırdın gur nəfəsindən.

Həyat kitabının səhifəsindən

Silinib həsrətin, məlalın, Təbriz!


O gün ki, sinəni sipər eylədin,

Qaranlıq gecəni səhər eylədin,

Bizə azadlığı xəbər eylədin

Səsinə səs verdi mahalın, Təbriz!


Mən çoxdan vermişəm sənə qəlbimi,

İstəsən al bir də sina qəlbimi,

Qoyma yad əllərdə sına qəlbimi,

Daha qayıtmasın zavalın, Təbriz!


Bizdə müqəddəsdir ananın adı,

Şahlar, hökmüdarlar bunu qanmadı.

Hər il ordu çəkib səni taladı,

Artdı dərdin, qəmin, xəyalın, Təbriz!


Əgər atılsa da odlara yurdum,

Ancaq əyilmədi yadlara yurdum.

Dözdü hər çətinə, hər dara yurdum.

Yardı qaranlığı hilalın, Təbriz!


Uşaqkən dedilər Azər anandır,

Odlardan doğduğum elə əyandır.

Bizə böhtan atan yazını qandır,

Cavabsız qalmayıb sualın, Təbriz!


Bu ellər yanında and içirəm mən,

Xalqın arzusudur qəlbimdən keçən.

Mən ilham almışam hər zaman Səndən,

Dünyalar qədərdir kamalın, Təbriz!


Təbriz, 1945
MƏN DƏ BIR ƏSGƏR KIMI
Şairə qələm ver, kağız gətirin,

Şeirim cərgələnsin bir ləşgər kimi

Yenə misralarım dursun sıraya,

Döyüş meydanında səfərbər kimi.


Günəş, ay qızınır ocağımızdan,

Şərqə işıq düşür yarağımızdan

Dünən tülkü kimi qabağımızdan

Qaçanlar qayıdır yenə şər kimi.


Xəyalı başqadır naşı yağının,

Görünsə sərhəddən başı yağının,

Qalmaz daş üstündə daşı yağının,

Elim silahlanıb bir nəfər kimi.


Əyilmək yaraşmaz bizim millətə,

Ürək də uymayır hər “məhəbbətə”

Bu tez – dediyi “hüsnü niyyətə”

Hamı nifrət edir pis xəbər kimi.


Gözünü dikdiyin odlar yurdudur,

Gördüyün bu dağlar, düzlər ordudur.

Gecəli, gündüzlü keşikdə durur

Hər el qəhrəmanı bir əsgər kimi.


Aslan yalvararmı qorxaq tülküyə?

Günəş sığınarmı qara kölgəyə?

Səadət məskəni bizim ölkəyə

Gəlsəz öləcəksiz ölənlər kimi.



Təbriz, 1946

SEVGILIM
Şəhla gözlərini gördüyüm zaman

Dedim: gül üstünə bir jalə düşmüş.

Bilməm o gözlərdə nə məna vardır,

Bu şair eşqindən xəyala düşmüş.


Hüsnündən bəllidir, ey nazlı dilbər,

Səni qucağında böyütmüş bahar.

Çiyninə tökülən xurmayı saçlar

Sanki mərmər üstə şəlalə düşmüş.


Gözlərin salıbdır məni kəməndə,

Yəqin bu halımı duymusan sən də.

Kim səni qızlarla görsə çəməndə

Deyər, gülüstana bir lalə düşmüş.
Demirəm Məcnun tək çöllərdə qaldım,

Nə də Fərhad kimi hey külüng çaldım.

Nə Sənan oldun ki, şöhrətim, adım

Deyələr, obaya, mahala düşmüş.


O gün ki, qapıdan baxıb keçibsən

Məni atəşlərə yaxıb keçibsən.

Bir insafın olsun, ey nazlı dilbər,

Gəl gör ki, aşiqin nə hala düşmüş.


Təbriz, 1945

ÖMÜR KITABI
Bahar günləridir, sakit bir gecə,

Gəlmiş otağıma ay pəncərəmdən.

Yenə miz dalında oturub təkcə,

Qalın bir kitabla danışıram mən.

O dedi: - Az çevir varaqlarımı,

Oxu cümləni dərindən bir-bir.

Bu gün varaqlayıb bir kitab kimi

Baxdığın, unutma insan ömrüdür.

Şairsən, yaxşı bax, dərindən düşün,

Zamanın ən kiçik hökmünü dinlə.

Bil ki, varaqlayıb keçirsən hər gün

Ömür kitabını sən öz əlinlə.



Təbriz, 1946

YAN, EY GÜNƏŞ!
Sən ey azadlığın ilkin məşəli,

Bizim bu yerlərə qonaq gələli.

Çıxartdın zülmətdən insan oğlunu,

O ehtiras dolu, o həsrət dolu.

Ürəklər ucalmış indi dağ kimi,

Sən ey göy üzündə bir bayraq kimi.

Başını sallayıb dayanan günəş,

Bilirəm səndəki o od, o atəş.

Min yanan ürəkdən qopub bir anda,

Alışıb yanmışdır o asimanda.

Nurun yer üzünə verdikcə ziynət,

Tək sənə, tək sənə inanmış fəqət.

Azadlıq təşnəsi – bu məzlum insan,

Demiş ki: “Ey günəş bizdən ulusan.

Yan, bu ölkəmizin qəlbini qızdır.

Yan, bu ilk eşqimiz, son arzumuzdur:

Elin başı üstə günəş sönməsin.

Tarixin təkəri geri dönməsin,

Bir də qayıtmasın nə hicran, nə qəm.

Yan, sənin eşqinlə bu yer, bu aləm

Çıxsın pəncəsindən qaranlıqların,

Yan ki, sinəsini boranlıqların

Sənin şölələrin əridəcək, yan.

Yan, nura qərq olsun torpaq, asiman...”

Sən ey azadlığın ilkin məşəli,

Bizim bu yerlərin üzü güləli

Ancaq bircə ildir, bu ki, bəllidir.

Adın könlümüzə bir təsəllidir.

Qəlbinin odu var torpağınızda,

Sənin şəfəqindir bayrağımızda,

O alışıb yanan nə rəng, nə qandır,

Indi özgə dövran, özgə zamandır,

Nə ayrılıq vardır, nə də ki zindan.

Yan indi, ey günəş, sən yaxında yan.

O günlər, o aylar bizdən uzaqdır,

Yan, azadlıq sözü bizə bayraqdır...



Ərdəbil, 1946
SƏNƏT
İnsan zəkasının üfüqlərindən

Bəzən günəş kimi görünəndə sən,

Doğur ürəklərə bir aydın səhər.

Sənət dünyasından axan şəfəqlər

Bir qüdrət gətirir insan oğluna.

Bəzən acısa da doğulduğuna,

Artsa da qəlbinin qəmi, qüssəsi,

Görürsən yanıqlı bir tütək səsi,

Ya bir gözəl şeir, ya bir təranə

Onu bu həyata bağlayır yenə...

Dağın ətəyində bitən bir lalə,

Ayın dövrəsində görünən halə,

Bir ulduzlu gecə, bir aylı axşam

Silir ürəklərin aynasın tamam.

Daşların qəlbindən süzülən bulaq,

Çiçəkli bir bağça, bülbüllü bir bağ,

Bir insan ömrü tək axıb gedən su,

Həyatın bu gözəl lətif qurğusu

Yaxından öyrənsək sənətdir, sənət.

Istər insan qursun, istər təbiət...

Əfsuslar olsun ki, bizim ölkədə

Bu sənət, bu hünər qaldı kölgədə.

Həyat boğulanda göz yaşlarında,

Qarlardan dağ qurdu zamanın əli.

Şeirin, sənətin gözəl heykəli

Dağılıb məhv oldu yad pəncələrdə.

Doldu duyğular da, düşüncələr də.

Indi bir ildir ki, dediyim pəri

Açıb üzündəki boz pərdələri,

Gəlmiş yurdumuza bir bahar kimi.

(Hünər yaşamamış arzular kimi...)

Min tufan görsə də dünyada xilqət,

Tutsa da hər yeri ölüm, fəlakət,

Min qasırğa olsa, ümmanlar daşsa,

Sular şiş dağların başından aşsa,

Aylar, illər keçsə hey zaman-zaman,

Dünyaya yenidən ilk gələn insan

Yenə hər addımda bir nişan görür,

Hər nişan dalında bir cahan görür.

Bir cahan üstündən keçmiş əsrlər...

Nə soraq verən var, nə də bir xəbər.

Lakin daşlar üstə qalan hər sənət,

Bir aləm olduğun edir hekayət...

İndi vətənimiz bir laləzardır,

Sənətin, hünərin qiyməti vardır.

Cavandır bu yerdə tarixin yaşı.

Yenicə qovmuşuq ölkədən qışı.

Sənətin bağçası çiçək-çiçəkdir,

O alın tərilə dirçələcəkdir.
Təbriz,1946

  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə