Ehtiyat fondları. Sığortanın tarixi və inkişaf mərhələləri. Sığortanın mahiyyəti və rolu




Yüklə 0.54 Mb.
səhifə1/9
tarix11.03.2016
ölçüsü0.54 Mb.
  1   2   3   4   5   6   7   8   9
Mövzu 1. Sığortanın iqtisadi mahiyyəti və rolu.
P l a n.


  1. Ehtiyat fondları.

  2. Sığortanın tarixi və inkişaf mərhələləri.

  3. Sığortanın mahiyyəti və rolu.

  4. Sığortanın predmeti, metodu və zəruriliyi.

  5. Sığortanın funksiyaları.


Ədəbiyyat siyahısı


  1. A. Kərimov. Sığorta. Bakı. 2000.

  2. L. İ. Reytman. Sığorta işi. Moskva. 1992.

  3. Prof. B. A. Xankişiyev, P. N. Abdullayev. Sığorta işi.Bakı. 2004.




  1. Ehtiyat fondları.

Təbiətlə cəmiyyət arasında daim ziddiyyətlər mövcud olmuşdur. Bu ziddiyyətlər cəmiyyət və təbiətin ümumi inkişaf qanunauyğunluqlarından doğur. Həmin ziddiyyətlərin təzahür formalarından biri də təbii fəlakətlər, müxtəlif bədbəxt hadisələrdir. Eyni zamanda müasir şəraitdə cəmiyyətin öz inkişafında müəyyən proseslər meydana çıxa, hadisələr təzahür oluna bilər. Bu zaman da əvvəlcədən nəzərdə tutulmayan proseslər, yəni müharibələr, bazarın dəyişməsi və s. baş verə bilər ki, onların qarşısını almaq bir subyektin vəsaiti hesabına mümkün deyil. Məsələn, tutaq ki, hər hansı ölkədə zəlzələ, yaxud sel, daşqın olmuşdur. Bu fəlakətin qarşısını almaq cari xərclər hesabına mümkün deyil. Buna görə də cəmiyyətdə müəyyən ehtiyat fondların yaradılması zəruridir. Ehtiyat fondları həm natural, həm də dəyər formasında yaradılır. Natural ehtiyatlar hər biri ən zəruri məhsullar üzrə yaradılır və müvafiq hökumət strukturları tərəfindən idarə olunur. Azərbaycan Respublikasında bu ehtiyatların yaradılması, idarə olunması və istifadəsi ilə bilavasitə Fövqaladə hallar Nazirliyi məşğul olur.

Belə ehtiyatlar həmçinin dəyər formasında da yaradılır. Bunlara əsasən aşağıdakılar daxildir:

1. Hökumətin və yerli orqanların ehtiyat fondları. Bu ehtiyatlar hökumətin və yerli orqanların büdcələri nəzdində yaradılır və onların müvafiq sərəncamlarına əsasən istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ehtiyat fondu Respublika büdcəsinin tərkibində ümumi büdcə həcminin 3%-i həcmində yaradılır və Nazirlər Kabinetinin sərəncamı ilə yalnız təbii fəlakətlərin, bədbəxt hadisələrin qarşısının alınması və həmçinin digər əvvəlcədən nəzərdə tutulmayan xərclərin maliyyələşdirilməsinə istifadə olunur. Həmçinin Naxçıvan Muxtar Respublikası büdcəsi, yerli büdcələr nəzdində də ehtiyat fondlarının yaradılması qanunla qadağan olunmur.

2. Valyuta ehtiyatları. Bu ehtiyatlar mərkəzi banklar vasitəsilə yaradılır və adətən, ayrı-ayrı ölkələrin milli valyutalarının dəyərdən düşməsinin qarşısını almaq və valyuta balansını tənzimləmək üçün istifadə olunur. Azərbaycanda bu ehtiyatlar Milli Bank tərəfindən yaradılır və istifadə edilir.

3. Müəssisələrin, şirkətlərin, səhmdar cəmiyyətlərinin, kommersiya banklarının ehtiyat fondları. Bu fondlar həmin obyektlərin mənfəətləri hesabına yaradılır və Nizamnamələrinə uyğun olaraq əvvəlcədən nəzərdə tutulmayan məqsədlərə xərcləyir.

4. Mühüm dəyər ehtiyat fondlarından biri və ən geniş yayılanı sığorta vasitəsilə yaradılan ehtiyat fondlarıdır. Onlar çoxşaxəli və müxtəlifdir.

2. Sığortanın tarixi və inkişaf mərhələləri.
Dünya tarixində sığortaya bənzər ilk fəaliyyətlərə təxminən 4000 il bundan əvvəl Babillərdə rast gəlinir. Dövrünün ticarət mərkəzi hesab edilən Babildə karvan sahiblərinə borc verən sərmayədarlar, karvanları qarət edildikdə və ya pulları güclə əllərindən alındıqda tacirlərin borclarını silər və bunun müqabilində tacirlər borcu geri qaytardıqları zaman, öz üzərlərinə götürdükləri risqə görə borcun əsas məbləğinin müəyyən faizi miqdarında əlavə pul alırdılar. Sonralar bu cür fəaliyyətlər kral Hammurapi tərəfindən qanuniləşdirildi.

Tədiyyə əsaslı sığortaya ilk dəfə təxminən 1250-ci illərdə Venesiya, Pisa, Florensiya və Genuya şəhərlərində rast gəlinir. Bu günkü mənada sığortaya isə yalnız XIV əsrlərdə təsadüf edilir.

XIV əsrdə dəniz ticarətinin ən çox inkişaf etdiyi İtaliyada sığorta təminatına bir ehtiyac hiss edildi və dəniz sığortası anlayışı da ilk dəfə burada yarandı. İlk sığorta şəhadətnaməsi (polisi) kimi qəbul edilən müqavilə 23 oktyabr 1347-ci ildə İtaliyanın Genuya limanından Mayorkaya gedən “Santa Klara” gəmisində daşınan yükə təminat verilməsi məqsədilə hazırlanmışdır. İlk sığorta şirkəti isə 1424-cü ildə yenə də Genuya şəhərində yaradılmışdır. Sığorta işi üzrə ilk qanun isə 1435-ci ildə elan edilmiş Barselona fərmanıdır.

Quru sığortalarının yaranmasına isə 1666-cı ildə Londonda baş verən və dörd gün davam edərək 13000 ev və 100 kilsənin yanıb-külə dönməsinə səbəb olan böyük yanğın təkan vermişdir. Sonradan bu hadisə ilə bağlı 1667-ci ildə Yanğın Bürosu yaradılmış, 1684-cü ildə isə bu büroya rəqib olaraq bir ortaqlıq şəklində ilk yanğın sığorta şirkəti fəaliyyətə başlamışdır.

Azərbaycanda sığorta yalnız XIX əsrin ortalarında tətbiq edilməyə başlamışdır.

Xarici investisiyanın neft sənayesinə cəlb edilməsi ilə əlaqədar olaraq sığorta işinin yüksəlməsi və inkişafı başlayır. Sığortanın əsas formalarından biri könüllü sığorta idi. Sığorta işi səhmdar cəmiyyəti və birgə sığorta cəmiyyətləri tərəfindən həyata keçirilirdi.

Həmin dövrdə Azərbaycanda xarici ölkələrin sığorta şirkətlərinin filialları (şöbələri) fəaliyyət göstərməyə başlayırdı. Belə ki, İngiltərənin sığorta şirkəti gəmilərin sığortası ilə, Almaniyanın və Rusiyanın sığorta şirkətləri isə gəmi və yüklərin sığortası ilə məşğul olurdular. Artıq 1912-ci ildə Azərbaycanda 30 sığorta cəmiyyət və agentliyi fəaliyyət göstərirdi.

Ümumiyyətlə, Azərbaycanda sığorta öz inkişafında 3 əsas mərhələ keçmişdir:

a) Oktyabr inqilabından əvvəlki;

b) İnqilabdan sonrakı;

c) 1990-cı illərdən başlayan müasir dövr.

Oktyabr inqilabınadək Azərbaycanda qeyd edildiyi kimi xarici dövlətlərin sığorta şirkətlərinin filyalları və şöbələri fəaliyyət göstərmişdir. İnqilabdan sonra isə 1921-ci ildə Rusiya Xalq Maliyyə Komissarlığı nəzdində Dövlət Sığorta İdarəsi təşkil olunmuşdur. Bu sığorta idarəsi Azərbaycanda da sığorta xidmətini həyata keçirmişdir. 1922-ci ildə dövlət sığortası təsərrüfat hesabına keçmişdir. İnqilabdan sonra Azərbaycanda ölkə daxilində sığorta xidmətini SSRİ Baş Dövlət Sığorta İdarəsinin tabeçiliyində olan Azərbaycan Baş Dövlət Sığorta İdarəsi və onun tabeçiliyində olan şəhər və rayon Dövlət Sığorta İdarələri tərəfindən həyata keçirilmişdir. Xarici dövlətlərlə əlaqədar olan sdığorta xidmətləri “İNQOSSTRAX”-ın ölkəmizdə olan nümayəndəliyi tərəfindən aparılmışdır. Həmin dövrdə Azərbaycanda sığortanın könüllü və icbari növlərinin aparılması qaydaları vahid formada SSRİ Baş Dövlət Sığorta İdarəsi tərəfindən hazırlanmış qaydalar əsasında aparılırdı.

Dövlət sığorta inhisarında əhaliyə göstərilən sığorta məhdud dairədə, daha doğrusu dövlət sosial təminat sisteminə əlavə kimi fəaliyyət göstərirdi.

Ölkəmizdə sığorta işi 1990-cı illərdən sonra müstəqil inkişaf etməyə başladı. Dövlət sığorta şirkəti ilə yanaşı özəl sığorta şirkətlərinin sayı artmağa başladı. 1 yanvar 2002-ci il tarixə Azərbaycanda 38 sığorta şirkəti, o cümlədən 9 birgə sığortaçı (Azərbaycan - İngiltərə - 4; Azərbaycan – Türkiyə - 2; Azərbaycan – İran – 1; Azərbaycan – ABŞ – 1; Azərbaycan – Rusiya – 1) fəaliyyət göstərir. 29 milli sığortaçıdan isə yalnız bir sığorta təşkilatı (Azərsığorta) dövlətə məxsusdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.09.2001-ci il tarixli 152 saylı qərarı ilə 01.01.2002-il tarixdən sığorta təşkilatlarının nizamnamə kapitalı 2 mlrd. manat, təkrar sığortaçılar üçün isə 5 mlrd. manat müəyyən edilmişdir. Nəticədə sığortaçıların sayı 62-dən 38-ə enmişdir. Hazırda (2009-cu ildə) fəaliyyətdə olan sığortaçılar üçün minimum nizamnamə kapitalının məbləği 800000 manat (AZN), yeni yaradılan sığortaçılar üçün bu məbləğ -1000000 manat, müvafiq olaraq fəaliyyətdə olan təkrar sığortaçılar üçün - 1600000 manat, yeni yaradılan təkrar sığortaçılar üçün isə bu məbləğ - 2000000 manat müəyyən edilmişdir. Nəticədə Azərbaycanda 28 sığorta şirkəti və 1 təkrar sığorta şirkəti, eləcə də 7 sığorta brokeri fəaliyyət göstərir.

Bazar infrastrukturunun yaranması, əmtəə istehsalçılarının müstəqilliyi, istehsal münasibətlərinin inkişafında və maddi nemətlərin bölgüsündə dövlətin inzibati təsirinin kəskin surətdə azalması, milli sığorta bazarının yaranması prosesini, onun tərkibini, fiziki və hüquqi şəxslərə göstərilən sığorta xidməti növlərini kəskin surətdə dəyişdirdi. Belə ki, 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin, (hazırda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti şöbəsi) 1993-cü ildə Azərbaycan Respublika Sığorta Cəmiyyətləri ittifaqının yaradılması və 1993-cü ilin yanvar ayında ölkə tarixində ilk dəfə olaraq “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ölkəmizdə sığorta bazarının inkişafına, sığortalıların, sığortaçıların və dövlət mənafeyinin müdafiəsinə, metodiki rəhbərliyin həyata keçirilməsinə, müvafiq hüquqi-normativ sənədlərin hazırlanmasına və s. şərait yaratmışdır.

Respublikamızda ÜDM-in həcmində sığortanın xüsusi çəkisi ildən-ilə artır. (1992-ci ildə 0,12%, 2002-ci ildə 0,72%, 2003-cü ildə 0,81%) 2007-ci ildə Azərbaycanda sığorta mükafatlarının məbləği 148 mln. manat təşkil edib.
2007-ci il üçün sığorta mükafatlarının strukturu
1,1%

Həyat sığortası üzrə mükafatlar


Qeyri-həyat sığortası üzrə mükafatlar

98,9%

3. Sığortanın mahiyyəti və rolu.
Sığorta istehsal münasibətlərinin ən zəruri elementlərindən biridir. O əsasən ictimai istehsal prosesində meydana gələn maddi itkilərin əvəzinin ödənilməsi ilə əlaqədardır. Normal təkrar istehsal prosesinin ən zəruri şərtlərindən biri istehsalın fasiləsizliyidir. Əgər ictimai istehsal prosesi təbiət qüvvələrinin və digər zərərli hadisələrin nəticəsində dayanırsa, onda cəmiyyət üçün belə hallardan zərər çəkməmək məqsədilə əvvəlcədən tədbirlərin görülməsi vacibdir. Çünki ictimai istehsal risqli xarakter daşıyır. Bu risk ilk növbədə özünü insanlar və təbiətin dağıdıcı qüvvələri arasındakı ziddiyyətlərdə göstərir. Belə hallarda insan iradəsindən asılı olmayaraq baş verir və onların ağır nəticələrini aradan qaldırmaq məqsədilə sığorta müdafiəsindən istifadə olunur. Bu, ilk növbədə, özünü ictimai istehsalın sığortalanması və ya müdafiəsi formasında biruzə verir.

İqtisadi anlayış olan sığorta maliyyə kateqoriyasının tərkib hissəsidir. Bununla yanaşı, maliyyə ümumilikdə gəlirin və yığımların bölgüsü və yenidən bölgüsü ilə əlaqədardırsa, onda sığorta ancaq yenidən bölgü münasibətlərini əhatə edir. İqtisadi anlayış olan sığortanın özünəməxsusluğunu xarakterizə edən aşağıdakı mahiyyət əlamətlərini göstərmək olar:

1. Sığortalama zamanı pulun yenidən bölgüsü münasibətləri meydana çıxır ki, bu da kənar, gözlənilməz və güclü hadisələrin mövcudluğu ilə şərtlənir. Bu hadisələrin nəticəsində milli iqtisadiyyata və əhaliyə maddi və digər zərərlər dəyir.

2. Sığorta zamanı sığorta iştirakçıları arasında dəymiş zərərin aradan qaldırılması həyata keçirilir. Sığorta iştirakçıları dedikdə, sığorta olunanlarla sığorta edənlər başa düşülür. Bu cür yenidən bölgü münasibətləri, bir qayda olaraq bütün təsərrüfatı və bütün ölkə ərazisini deyil, ictimai həyatın müəyyən hissələrini əhatə edən zərərin təsadüfi xarakter daşıması ilə şərtlənir. Bu zaman sığorta iştirakçıları nə qədər geniş olarsa, onda zərərin aradan qaldırılmasında hər bir sığortaçıya o qədər az pul düşər. Sığortalama zərərin aradan qaldırılmasında ən səmərəli metoddur. Bu səmərəlilik, sığortaçıların və sığorta olunan obyektlərin sayı artdıqca daha da artır. Sığorta həm də pul vəsaitlərinin sığorta fondu adlanan vahid bir fondda cəmlənməsini təmin edir. Belə hallarda hər bir sığortaçı minimum xərclərlə maksimum zərərləri aradan qaldıra bilir.

3. Sığorta zərərlərin ərazi vahidləri arasında həm də vaxtında bölüşdürülməsini təmin edir. Bu zaman bir il ərzində sığorta fondunun vəsaitlərinin səmərəli ərazi bölgüsü üçün çox böyük ərazi və kifayət qədər sığorta obyektinin olması lazımdır. Zərərlərin vaxtında aradan qaldırılması fövqəladə halların təsadüfi xarakteri ilə əlaqədardır. Çünki belə fövqəladə hallar hər il baş vermir və onların baş verməsinin dəqiq vaxtı məlum deyildir.

4. Zərərin qapalı şəkildə aradan qaldırılması sığorta fondunda səfərbərliyə alınmış vəsaitlərin bilavasitə geri qaytarılmasını şərtləndirir. Hər bir sığorta olunanın sığorta fonduna ayırdığı sığorta ödənişlərinin ancaq bir məqsədi var ki, o da müəyyən ərazidə və müəyyən vaxt müddətində zərərin həqiqi məbləğinin ödənilməsidir. Ona görə də sığorta ödənişlərinin məbləği dəymiş zərərin ödənilməsi formasında geri qaytarılır.



4. Sığortanın predmeti, metodu və zəruriliyi.
“Sığorta” fənninin predmeti hər hansı şəxs və ya təşkilatın, pulla ölçülə bilən mənfəətinə müxtəlif təhlükələr nəticəsində dəyən zərərlərin, müəyyən haqq müqabilində ödənilməsi məqsədilə, pul ayırmaları hesabına formalaşdıran sığorta fondunun iştirakçılar arasında yenidən bölgü münasibətlərinin məcmusudur.

İqtisadi kateqoriya olan sığorta təcrübədə sığorta fondunun yaradılması və istifadəsi metodlarından biri kimi meydana çıxır. Bundan başqa, digər metodlar da mümkündür ki, bunlar da əsasən mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş metodlardan ibarətdir. Mərkəzləşdirilmiş metod birbaşa qanunvericilik yolu ilə milli gəlirdən və milli sərvətdən müəyyən maliyyə ehtiyatları fonduna, o cümlədən sığorta fonduna vəsaitlərin ayrılması yolu ilə əlaqədardır. Məhz bu metodun köməyi ilə dövlət büdcəsinin ehtiyat fondları və qızıl valyuta ehtiyatları formalaşdırılır. Mərkəzləşdirilməmiş maliyyə ehtiyatları maddi istehsal sahəsində, ilk növbədə isə kənd təsərrüfatında fəaliyyət göstərən birliklərdə və müəssisələrdə təşkil edilir ki, bundan da məqsəd yerli zərərlərin və müxtəlif ziyanların ödənilməsidir.

Sığorta fondunun yaradılması və istifadə olunması üçün məhz sığorta kateqoriyasından istifadənin iqtisadi zəruriliyi özünü onda göstərir ki, dövlət təsərrüfat subyektləri – müəssisələr, təşkilatlar, cəmiyyətlər, kooperativlərin və daha çox ayrı-ayrı vətəndaşların maliyyə ehtiyatları ilə geniş surətdə manevr etmək imkanından məhrum olur.

Sığorta müdafiəsinin obyektlərindən-maddi qiymətlilərdən, dəyərlilərdən, adamların həyat, sağlamlıq və əmək qabiliyyətliliyindən asılı olaraq sığorta bir tərəfdən maddi zərərlərin ödənilməsi, digər tərəfdən isə ailə gəlirlərindəki itkilərlə əlaqədar ola bilər. Ailə gəlirlərindən itkilər xəstəliklər, əlillik, bədbəxt hadisələrdən alınan zədənin müalicəsi və s. dövrlərdə əmək qabiliyyətinin itirilməsi nəticəsində meydana çıxır. Ona görə də bu gəlirlərin sığortalanması və ya, sığorta müdafiəsi, ilk növbədə, cəmiyyətin hesabına sosial sığortanın təşkil edilməsi yolu ilə həyata keçirilir.

Sığortanın lazımi səviyyədə həyata keçirilməsi cəmiyyətin hər bir inkişaf mərhələsində dövlətin maliyyə imkanları ilə bağlıdır. Dövlət sosial sığortanın köməyi ilə zərərlərlə üzləşmiş ailələrin və ya vətəndaşların müəyyən, heç olmasa minimum həyat səviyyəsini saxlamağa çalışır. Bu, dövlətin sosial siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

5. Sığortanın funksiyaları.

Sığortanın iqtisadi mahiyyəti, onun ictimai məqsədlərində ifadə olunan funksiyalarında daha da açılır. Funksiyalar sığortanın maliyyə sisteminin bir həlqəsi kimi xüsusiyyətlərini aydınlaşdırmağa imkan verən təzahür əlamətləridir. Maliyyə anlayışı öz iqtisadi mahiyyətini hər şeydən əvvəl bölgü funksiyası vasitəsilə ifadə edir. Bu funksiya özünü sığortanın funksiyalarında göstərir. Sığortanın əsas etibarilə dörd əsas funksiyası var. Bunlar aşağıdakılardan ibarətdir:

- risk funksiyası;

- xəbərdarlıq funksiyası;

- yığım funksiyası;

- nəzarət funksiyası.

Əsas funksiya kimi risk funksiyası çıxış edir. Belə ki, zərər həmişə meydana çıxa bilər və hətta hər il təkrar oluna bilər. Sığortanın qarşısında qoyulan məqsədlərə uyğun olaraq sığortaçı təşkilat zərərçəkmiş təsərrüfat subyektlərinə pul yardımı göstərməlidir. Bu çərçivədə fəaliyyət göstərən sığorta riski funksiyası yenidən bölgü münasibətlərini həyata keçirir. Dəyərin pul formasında yenidən bölgüsü, təsadüfi sığorta hadisələrinin baş verməsilə əlaqədar olaraq sığorta iştirakçıları arasında aparılır. Yenidən bölgü münasibətləri sığortanın mahiyyətini əks etdirməklə yanaşı, sığortanın risk funksiyasının həyata keçirilməsində əsas rol oynayır.

Sığortanın xəbərdarlıq funksiyası əsasən sığorta fondunun vəsaitlərinin müəyyən hissəsi hesabına sığorta risklərinin azaldılması tədbirlərinin maliyyələşdirilməsinə istiqamətlənir. Xəbərdarlıq və ya qabaqcadan xəbər vermə funksiyası, əhalinin və ya təsərrüfat subyektlərinin öz mümkün itkilərinin nəticələrini aradan qaldırmağa çağırış olmaqla bütün əmlakın, fəaliyyətin, həyatın və s. sığortalanmasını ifadə edir. Yəni sığorta ehtimal olunan itkilərin zərərsizləşdirilməsidir. Sığortaya görə ayırmalar sığorta fonduna cəlb olunduğu üçün sığorta həm də yığım funksiyasını həyata keçirir. Sığortanın köməyi ilə xeyli miqdarda pul vəsaitlərinin toplanılmasının maliyyə siyasəti baxımından çox böyük əhəmiyyəti var.

Sığortanın başqa bir funksiyası olan nəzarət funksiyası yuxarıda göstərilən üç funksiyanın nəticəsi kimi çıxış edir və konkret sığorta münasibətləri zamanı həmin funksiyalarla birlikdə meydana çıxır. Nəzarət funksiyası sığorta fondu vəsaitlərinin formalaşdırılması və istifadəsi ilə əlaqədardır. Sığorta nəzarətinin qanunvericilik sənədləri əsasında həyata keçirilməsi maliyyə nəzarətinin həyata keçirilməsinin tərkib hissəsi kimi çıxış edir.

Sığortanın ictimai istehsalın fasiləsizliyinin təmin olunmasında və ictimai istehsalın balanslaşdırılmasında rolu özünü əsas etibarilə sığortanın aparılmasının son nəticələrində göstərir. Son nəticə dedikdə əsasən sığorta sahələrinin optimallaşdırılması, sığorta əməliyyatlarının inkişaf göstəriciləri, zərərlərin vaxtında aradan qaldırılmasında və s. nəzərdə tutulur.


Mövzu 2. Sığortanın əsas anlayışları. Sığortanın forma və növləri.
P l a n
1. Sığortanın əsas anlayışları.

2. Sığortanın formaları.

3. Sığortanın növləri.


  1. Sığortanın əsas anlayışları.


Sığorta - sığortalının əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir.

Həyat sığortası - sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə, sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır.

Qeyri-həyat sığortası - sığorta hadisəsi baş verdiyi zaman sığortalıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və əmlak mənafeləri ilə bağlı risklərin sığortasıdır.

Sığortaçı - yalnız sığorta və təkrar sığorta fəaliyyətini göstərmək məqsədilə yaradılmış, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada xüsusi razılıq almış hüquqi şəxs olan sığorta təşkilatıdır.

Sığortalı - sığortaçı ilə müqavilə bağlayan (sığorta etdirən) və ya xeyrinə sığorta müqaviləsi bağlanan (sığorta olunan), yaxud qanuna görə sığortalanmış sayılan fiziki şəxs (fəaliyyət qabiliyyəti məhdud olan və ya fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan, eləcə də fəaliyyət qabiliyyəti olmayan şəxslərdən başqa) və ya hüquqi şəxslərdir.

Sığorta etdirənlə sığortalı adətən eyni şəxs olur. Lakin bəzən sığorta etdirənlə sığortalı müxtəlif şəxslər də ola bilər. Hər hansı bir şəxsin başqa birisinin malını və ya həyatını sığorta etdirə bilməsi üçün , həmin şəxs ilə həyatı sığorta olunan şəxs və ya sığortalanan mal arasında bir mənfəət əlaqəsi olmalıdır.



Sığorta oluna bilən mənfəət - sığorta müqaviləsində əsas amillərdən biri də sığorta oluna bilən mənfəətdir. Əslində sığorta təminatı mal və ya insan həyatının özünə deyil, bunlar üzərindəki mənfəətə verilir.

İstənilən bir mənfəət sığorta oluna bilmək üçün mütləq maddi, yəni iqtisadi dəyərə malik olmalıdır. Mənfəət iqtisadi dəyərə malik olmaqla bərabər, həm də pulla qiymətləndirilən formada olmalıdır ki, sığortaçı ilə sığorta etdirən müəyyən bir məbləğə sığorta olunması üçün razılığa gələ bilsinlər. İqtisadi dəyərə malik elə mənfəətlər vardır ki, onları pulla qiymətləndirilməsi qeyri-mümkündür. Məsələn, çox qiyməyli bir sənət əsərinin iqtisadi dəyəri vardır, lakin ona qiymət qoyula bilməz. Əgər bu əsər sığortalanacaq olarsa, bu zaman bir qiymət təyin edilməli və müəyyən bir məbləğ üzərində razılığa gəlinməlidir.



Risk – baş verməsi mümkün olan təhlükədir. Sığortanın məqsədi ayrı-ayrı fərdlərin həyatda rast gələ biləcəkləri risklərə təminat verilməsidir. Təsadüfən baş verən zərərlər, sığorta ilə qabaqcadan görülmüş tədbirlər nəticəsində aradan qaldırılmış olur. Risk, gələcəkdə baş verən, ehtimal olunan, qeyri-müəyyən və qanuni olmalıdır. Sığorta haqqında qanunda sığorta risqi bu şəkildə izah edilir:

“Sığorta risqi – ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta risqi sayılan hadisənin təsadüf əlamətləri olmalıdır.”

Sığorta məbləği – sığortalı tərəfindən bildirilən və sığorta şəhadətnaməsində (polisdə) yazılan məbləğdir. Sığorta məbləği, zərər baş verdiyi zaman sığortaçının yerinə yetirə biləcəyi ödənişin maksimum miqdarını göstərir.

Sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi olan pul məbləğidir.



Sığorta dəyəri – sığortalanacaq əmlakın cari bazar şərtlərinə uyğun olaraq müəyyən edilən alqı-satqı qiymətidir. Sığorta hadisəsi baş verdiyi zaman sığortalının düşdüyü zərəri bütövlükdə ala bilməsi üçün ideal variant, sığorta məbləğinin sığorta dəyərinə bərabər olmasıdır.

Sığorta hadisəsi – qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin, sığortalıya və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan haldır.

Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilən vəsaitə sığorta ödənişi deyilir.

Sığorta ödənişinin verilməsi üçün baş verən risklə meydana gələn zərər bir-biri ilə bilavasitə əlaqədar olmalıdır. Bu əlaqə “səbəb-nəticə əlaqəsi” adlanır.

Sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir.

Sığorta aktını sığortaçı və ya onun vəkil etdiyi şəxs (ekspert) tərtib edir. Sığortaçı sığorta hadisəsinin səbəblərini və təfsilatını aydınlaşdırmaq hüququna malikdir.

Sığorta haqqı (prim) – sığorta müqaviləsinə və ya Qanuna uyğun olaraq sığortalının sığortaçıya verməli olduğu pul məbləğidir.

Dolayısı ilə, zərər baş verdiyi zaman sığortaçı tərəfindən veriləcək sığorta ödənişi müqabilində, sığorta etdirən tərəfindən qabaqcadan və ya hissələrlə ödəniləcək haqdır. Bu haqq, texniki olaraq hesablanmış tədiyyəyə, xərclər, komission, gəlir kimi amillər əlavə edilməklə müəyyən edilir. Texniki tədiyyə hesablandığı zaman, statistik qaydalardan istifadə edilərək, toplanan tədiyyə ilə ödənəcək zərərin bərabərliyi təmin edilir. Texniki tədiyyəyə, digər xərclərin və gəlirin əlavə edilməsi yolu ilə hesablanan tədiyyə, sığortalı tərəfindən ödənəcək tədiyyədir.

Sığorta tədiyyələri bütün dünyada müəyyən əsaslara görə hesablanır. Bu əsasları təşkil edən qaydalara “tarif” deyilir.

“Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən dərəcədir.”

İcabari sığorta növləri üzrə sığorta haqları və tarifləri qanunlara uyğun olaraq müəyyən edilir, digər sığorta növləri üzrə isə onları sığortaçı müəyyən edir.

Zəruri hallarda haqsız rəqabətin qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı minimum sığorta tariflərini müəyyən edə bilər.

Sığortalının ödədiyi sığorta haqları məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə aid edilir.

Üç növ tarif vardır:

  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə