ƏHMƏd-cabiR ƏHMƏdov zeytun və zeytun yağI (Monoqrafiya)




Yüklə 1.15 Mb.
səhifə1/11
tarix12.03.2016
ölçüsü1.15 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11


ƏHMƏD-CABİR ƏHMƏDOV
ZEYTUN



ZEYTUN YAĞI

(Monoqrafiya)

Möhtərəm _____________________________


Sizə şəfa mənbəi olan zeytun ağacı kimi uzun

ömür və zeytun yağından faydalanmaqla

sağlam həyat arzulayıram
Hormətlə ______________ Hacı Əhməd-Cabir

B A K I - 2015

Rəyçilər: ADİU-nin “Qida məhsullarının texnologiyası”

kafedrasının prof., b.e.d. R.A.Əliyev və

dos., t.e.n. N.H. Qurbanov

ADİU-nin “Ərzaq malları əmtəəşünaslığı və

ekspertizası” kafedrasının

dos., b.e.n. M.A.Əhmədov
Elmi redaktoru: t.e.n., dos. N.X.Musayev
Əhmədov Ə-C. İ. Zeytun və zeytun yağı.

Monoqrafiya. Bakı: “Çaşıoğlu”, 2015, 190 səh.


Kitabda zeytun bitkisinin kimyəvi tərkibi, botaniki təsviri, biologiyasının xüsusiyyətləri, sortları, yetişməsi, yığılması və zeytunun emalı məhsulları haqqında ətraflı məlumat toplanmışdır. Burada zeytunun duza və sirkəyə qoyulması, içlikli zeytun konservlərinin və zeytun mürəbbəsinin hazırlanması, emal məhsullarının keyfiyyətinə verilən tələblər və onların saxlanılması şəraiti və müddəti göstərilir. Kitabda zeytun yağının tərkibi, istehsalı, təmizlənməsi, zeytun yağının markaları və çeşidi, keyfiyyət göstəriciləri və saxlanması, eyni zamanda zeytun yağının insan orqanizminə fizioloji təsiri və müalicəvi əhəmiyyəti haqqında maraqlı məlumatlar toplanmışdır. Monoqrafiyada zeytun yağının keyfiyyət göstəricilərinin ekspertizası və onun nəticələrinin müzakirəsi də öz əksini tapmışdır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Biblioqrafiya 50 . Cədvəllər 18.
Müəlliflik hüququ qorunur və kitabın

icazəsiz nəşr olunması qadağandır.

© Əhməd-Cabir Əhmədov – 2015


ÖN SÖZ
Subtropik bitkilərin kimyəvi tərkibinin zənginliyi və insanlar tərəfindən qədimdən istifadə olunması onların geniş sahələrdə becərilməsinə səbəb olmuşdur.

Azərbaycan subtropik meyvələrdən nar, əncir, zeytun, yapon xurması, feyxoa, innab, iydə və digər meyvə-giləmeyvələrin yetişdirildiyi əsas ölkələrdən biridir. Respublikamızın torpaq-iqlim şəraiti həmin bitkilərin ən yaxşı sortlarının açıq torpaqda yetişdirilməsinə imkan verir.

Subtropik meyvələrdən ən əhəmiyyətlisi və “Qurani-Kərim”-də adı dəfələrlə çəkilən zeytundur. Uzun illərdən bəri respublikamızın subtropik bölgələrində zeytunun qiymətli sortlarının introduksiyası, habelə seleksiya işləri nəticəsində müxtəlif təyinatlı zeytun sortları yetişdirilmişdir. XX əsrin ikinci yarısında Azərbaycanda zeytunçuluqla məşğul olan bir neçə sovxozlarda yüksək keyfiyyətli zeytun sortları əkilməyə başlanmış və bu iş müstəqillik dövründə də davam etdirilir.

Zeytundan duza qoyulmuş halda, marinada qoyulmuş konservlər şəklində qidaya sərf olunur. Zeytundan yüksək keyfiyyətli zeytun yağı alınır ki, ondan da təbabətdə, yeyinti sənayesində və kulinariyada geniş miqyasda istifadə olunur. Son illər “Azersun Holdinq” şirkəti tərəfindən yüksək keyfiyyətli zeytun yağı istehsal olunur.

Oxuculara təqdim olunan “Zeytun və zeytun yağı” kitabında zeytun bitkisi və zeytundan alınan qidalı məhsullar, o cümlədən zeytun yağı haqqında geniş və ətraflı məlumatlar toplanmışdır. Kitab 4 fəsildən ibarətdir.

I fəsildə zeytunun kimyəvi tərkibi və qidalılıq dəyəri, zeytunun botaniki təsviri, biologiyası və botaniki sortları, zeytunun yetişməsi, yığılması və emala qədər saxlanılması, zeytun bitkisinin xəstəlikləri və zərərvericiləri, zeytun meyvəsinin standart üzrə keyfiyyət göstəriciləri və zeytundan tibbi məqsədlər üçün istifadə olunması haqqında geniş məlumat toplanmışdır.

II fəsildə zeytunun emalı məhsulları haqqında məlumat verilir. Burada zeytunun duza qoyulması üsulları, o cümlədən yaşıl zeytunun duza qoyulması (duz məhlulunda duzlama); qara zeytunun duza qoyulması (quru duzlama): zeytunun içliklə konservləşdirilməsi; zeytunun marinada (sirkəyə) qoyulması, zeytun mürəbbəsinin bişirilməsi qaydası, zeytun püresi ilə mayonezin hazırlanması, zeytundan alınan məhsulların standart üzrə keyfiyyət göstəriciləri və saxlanılması şəraiti və müddəti əmtəəşünaslıq baxımından izah edilir.

III fəsildə zeytun yağının kimyəvi tərkibi və qidalılıq dəyəri, zeytun yağının istehsalı üsulları, alınan yağın təmizlənməsi üsulları, zeytun yağının markaları, çeşidi və ticarət sortları, zeytun yağının keyfiyyət göstəriciləri və saxlanılması şərh edilmişdir. Bu fəsildə zeytun yağının müalicəvi əhəmiyyəti də dəqiq misallarla geniş yazılmışdır.

IV fəsil zeytun yağının keyfiyyətinin ekspertizasına həsr olunmuşdur. Burada ekspertizanın obyekti, məqsədi və üsulları, faktiki materialların və orta nümunənin götürülməsi, tədqiqə hazırlanması, zeytun yağının orqanoleptiki və fiziki-kimyəvi göstəricilərinin ekspertizası, ekspertiza nəticələrinin riyazi-statistik işlənməsi və müzakirəsi öz əksini tapmışdır.

Axırda kitabda toplanan məlumatlara yekun vurularaq geniş nəticə və 15 bənddən ibarət təkliflər yazılmışdır. Sonda kitabın qısa məzmunu xülasə şəklində rus və ingilis dillərində verilir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabın yazılmasında mövcud ədəbiyyatlardan və müəllifin özünün tədqiqat işlərinin nəticələrindən istifadə edilərək zeytun və zeytundan alınan məhsullar, onların kimyəvi tərkibi, qidalılıq dəyəri və müalicəvi xüsusiyyətləri, eləcə də pəhriz qidası kimi istifadə qaydaları haqqında ətraflı məlumat verilir.

Kitabdan zeytun və zeytun məhsullarının istehsalı ilə məşğul olan mütəxəssislər, elmi işçilər, magistr və tələbələr istifadə edə biləcəklər. Eyni zamanda zeytun və zeytun yağının müalicəvi əhəmiyyətindən bəhs olunan məlumatlardan gözəlləşmək istəyən xanımlar və qızlar da faydalana biləcəklər.

Kitabın əlyazmasının nəşrə hazırlanmasında etdiyi köməyə görə müəllif «Ərzaq malları əmtəəşünaslığı və eks­per­tizası» kafedrasının əməkdaşı Namazova Afaq Vəlixan qızına qabaqcadan öz min­nət­dar­lığını bildirir.

Kitab haqqında rəy və təkliflərinizi ADİU-nin «Ərzaq mal­larının əmtəəşünaslığı və ekspertizası» kafedrasına gön­dər­mə­yiniz xahiş olunur.



Prof. Əhməd-Cabir Əhmədov a.ahmadcabir@gmail.com
Qurani Kərim” –də

zeytun və zeytun yağı haqqında
Meyvə-tərəvəzlər insan qidası üçün qədimdən isti­fadə olunan qidalı məhsullardır. Meyvə-tərəvəzlər mi­ne­ral­lı maddələrin və vitaminlərin mənbəyidir. Meyvə-tərəvəzlər mədə-bağırsaq sistemində qidanın hərəkətini nizamlayır, qidanın həzminə və mənimsənilməsinə müsbət təsir edir.

Tərəvəzlərdə 5-15%, meyvələrdə isə 10-20% (Ərəbistan xurmasında 62%) karbohidrat vardır. Mey­və-tərəvəzlərdə, demək olar ki, bütün vitaminlər vardır.

“Qurani Kərim” – də bir sıra meyvə – tərəvəz və bitki adlarına rast gəlmək olur. Bəzi ayələrdə onların ilahi möcüzə olaraq göndərildiyindən, bəzilərində isə əhəmiyyətindən söz açılır. Bəzi alimlərin meyvə – tərəvəz və bitkilər adı çəkilən ayələri nəzərə alaraq verdikləri açıqlamalarda yanlış olaraq məqsəd bağbanlıq sənətini insanlara aşılamağın vacib olduğunu qeyd etmişlər, amma bu da “Qurani Kərim” – in ali hədəflərinə tamamilə yaddır.

“Qurani-Kərim”-in 18 surəsinin 37 ayəsində meyvə və tərəvəz haqqında Allah kəlamları buyrulmuşdur.

İslam dini meyvə, tərəvəz, bitki mənşəli yeməklərə elə bir məhdudiyyət qoymur. Yalnız araq çəkilən və şərab hazırlanan bitkilər müstəsnalıq təşkil edir. Bunlara üzüm, xurma, arpa və qıcqırmaya məruz qalan digər bitkilər aiddir.

“Qurani Kərim” – in ayələrində ən çox xurma, zeytun, üzüm, nar, banan, əncir, sarımsaq, soğan, mərciməkxiyar haqqında buyuruqlar vardır.

Zeytun, əncir, xurma və üzüm islamda müqəddəs hesab edilir.

“Qurani-Kərim”-də diqqətimizi cəlb edən qidalardan biri də zeytundur. Son dövrlərdə aparılan araşdırmalar zeytu­nun təkcə ləzzətli bir qida deyil, həm də mühüm bir sağlamlıq mənbəyi olduğunu göstərib. “Qurani-Kərim”-in 7 surısinin 8 ayəsində zeytun və zeytun yağı haqqında Allah kəlamı buyrulmuşdur.


Qurani-Kərim”-də zeytun və zeytun yağı

haqqında ayələr


Sıra

Sayı

Surənin

nömrəsi

Surənin adı

Ayələrin nömrəsi

1

6

əl-Ənam

99, 141

2

12

Yusif

49

3

16

ən-Nəhl

11

4

23

əl-Muminun

20

5

24

ən-Nur

35

6

80

Əbəsə

29 (24-32)

7

95

ət-Tin

1

“ət – Tin” surəsinin ilk ayə­sində əncir və zeytuna and içilərək insanların diqqəti onların faydalarına yönəldilir.

And olsun əncirə və zeytuna.” (ət-Tin, 95/1).

Bu həmin meyvələrin yüksək qədir – qiymətindən irəli gəlir.

Digər ayələrdə zeytun və zeytun yağı haqqında müxtəlif kəlamlar buyrulmuşdur.

Göydən su (yağış) endirən odur. Biz onunla hər bir bitkini yetişdiririk, yaşıl fidanlar göyərdirik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxım­lar yetişdiririk. (Biz həmçinin) üzüm bağları, bir-bi­rinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) yetişdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda (Allahın öz qüdrəti ilə yaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını sübut edən) dəlillər vardır” (əl-Ənam, 6/ 99).

Ayrı – ayrı meyvələr haqqında verilən məlumatlarla bərabər onlardan istifadə haqqında da ayələr mövcuddur.

Yer üzünə sərilmiş və sərilməmiş bağ – bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir – birinə bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını və sədəqəsini) ödəyin, lakin israf etməyin. Allah israf edənləri sevməz!” (əl – Ənam, 6/141).

Buradan görünür ki, meyvəsi bol olan şəxslər üçün Allah Təbarəkə Təala onun zəkatının da verilməsini insanlara göstərir.

Digər mövzular kimi meyvələrin növ və əhəmiy­yətindən söz açmaqda məqsəd Allahın qüdrət və əzə­mətini bəyan etmək, onun tükənməyən nemətləri müqabilində şükrü yerinə yetirmək, onlardan səmərəli istifadə etmək, hər birinin quruluş, dad və faydalarından ibrət almaqdır. Diqqət yetirmək lazımdır ki, “Qurani Kərim” – də xurmanın meyvəsindən və ağacından istifadə olunması və zettundan yağ alınması haqqında daha çox söz açılır.

Daha sonra insanların bol yağış (bərəkət) görə­cəyi bir il gələcək. Onda da adamlar (zeytun, üzüm, xurma və s. meyvələrin) şirəsini sıxacaqlar (on­lar­dan bol-bol istifadə edib bəhrələnəcəklər)”. (Yusuf, 12/49). Ayədə bol yağış görəcəyi ilin gəlməsi Nil çayının daşmasına işarədir.

“Qurani Kərim” – dəki buyruqlarda meyvələrin Allah Təbarəkə Təalanın izni ilə yetişdiyinə işarədir.

(Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır!” (ən – Nəhl, 16/11).

Zeytun yağının xörəyə qatılan və çöryə yaxılan qida olması haqqında əl-Muminin surəsində buyrulmuşdur:

“(Sizin üçün həmçinin mənşə etibarilə) Sina dağından çıxan bir ağac da (yaratdıq ki), o, yeyənlər üçün zeytun və (çörəyin üstünə yaxılan, xörəyə qatılan) yağ bitirər” (əl-Muminun 23/20).

Elə ayələr vardır ki, orada dünya meyvələrindən bəziləri cənnətin vəsfində istifadə olunmuşdur.



«Allah göylərin və yerin nurudur. (Kainatı ya­radıb ona nur verən, yer və göy əhlinə haqq yolu gös­tərən xaliqdir). Onun (Peyğəmbərimizin və möminlə­rin qəlbində olan) nuru, içində çıraq olan bir tax­çaya bənzər; taxçadakı o çıraq bir qəndilin için­dədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə deyildir ki, günəş batdıqda, qərbdə də eyildir ki, günəş doğduqda qaranlıqda qalsın). Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna qovuşdurur (istədiyinə Öz nurunu bəxş edib cənnət yolu olan islam dininə yönəldir). Allah (həqiqətən anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!» (ən-Nur, 24/35).

Yuxarıdakı ayənin əslində «mubarəkətin zeytunə­tin» ifadəsi ilə zeytun «bərəkətli, müqəddəs, faydalı, saysız xeyir verən» mənalarına gələn mübarək sifəti ilə qeyd edilmişdir. Burada zeytun ağacı yer yox, goy ağacı kimi nəzərdə tutulmuşdur. «Zeytuha» ifadəsi ilə bildirilən zeytun yağı başqa qatı yağların əksinə olaraq bütün mütəxəs­sis­lər tərəfindən başda ürək və qan-damar sağlamlığı olmaqla ən çox tövsiyə edilən yağ növü kimi tanınır. Zeytun yağının sağlamlıq baxımından faydaları kitabın növbəti bölmələrində izah edilir.

İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi veririk). Həqiqətən, Biz yağışı bol yağdırdıq. Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq). Belə ki, orada dən (dənli bitkilər) göyərtdik; üzüm və yonca; zeytun və xurma bağları; (Ağacları bir-birinə) sarmaşan bağ­çalar; (Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik. (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!” (Əbəsə, 80/24-32).

Peyğəmbərimiz (s.ə.v.) “Qurani Kərim” – dəki meyvə və tərəvəz haqqındakı buyruqlara əsasən insanların qidalanmasında onlara (meyvə və tərəvəzə) xüsusi yer vermişdir. Bu xüsusda Peyğəmbərimiz (s.ə.v.) belə buyurmuşdur: “Süfrənizi yaşıl meyvə – tərəvəzlə doldurun”, “Üzərində yaşıllıq olmayan süfrə ağılsız şey kimidir.”


Zeytun yağı haqqında hədislər
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: «Sizə tövsiyə edi­rəm zeytun yağını. O, ödü açar, bəlğəmi aparar, əsəbi bərkidər, yorğunluğu aparar, xasiyyəti yaxşılaşdırar, nəfəsə xoş ətir verər, qəm-qüssəni aparar».

Rəsuli-Əkrəm (s.ə.v.) Əliyə (ə) tövsiyə edərək buyurur: «Ya Əli, zeytun yağını yeginən və onu bədəninə sürt. Həqiqətən, kim onu yesə və bədəninə sürtsə, Şeytan ona qırx səhər yaxın düşə bilməz».

Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: «Zeytun yağını yeyin və onu bədəninizə sürtün, çünki o, mübarək bir ağacdan hasilə gəlib».

Burada «mübarək ağac» ifadəsilə o Cənab (s.ə.v.) “Quranı-Kərim”-in iyirmi dördüncü (Nur) surəsinin otuz beşinci ayəsindəki kəlamı nəzərdə tutmuşdur.



«… O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur üstündə nurdur…»(ən-Nur, 24/25).

Təfsirlərdə deyilir ki, bu, yəni zeytun ağacı, yer yox, göy ağacıdır.

Peyğəmbər (s.ə.v.):


  1. Zeytun yağı için. O, mübarək ağacdandır. Onu yavanlıq kimi də istifadə edin, yağını bədəninizə çəkin. Çünki o, mübarək bir ağacdan hasil olur.

  2. «Sünənü-Tirmizi» - Zeyd ibn Ərqəmdən: Allahın Rəsulu (s.ə.v.) bizə ağciyərin iltihabı zamanı dəniz qustu (dənizdə bitən ot) və zeytun yağıyla müalicə olunmağımızı əmr etdi.

  3. Zeytun yağından istifadə edin, onu için, yağını bə­dəninizə çəkin. O, babasil xəstəliyi zamanı faydalı­dır.

  4. Mübarək zeytun ağacının meyvəsi olan zeytunun yağından istifadə edin, onunla müalicə olunun. O, insanı babasildən qoruyur.

  5. Zeytun yağı için, ondan bədəninizə çəkin. Onda cüzam da daxil olmaqla, yetmiş dərdin dərmanı var.

  6. Zeytun yağı yaxşı insanların yağı, onların ya­van­lığıdır. Zeytun həm təzə çıxan vaxtı, həm də so­vu­şanda bərəkətlidir. Zeytun iki dəfə müqəddəsliyə batıb.

Imam Əli (ə): “Zeytun yağını bədəninizə çəkin, ondan yavanlıq kimi istifadə edin. Zeytun olan yerdə heç bir xəstəlik insanı yaxalamaz”.

Imam Cəfər Sadiq (ə):



  1. Sıyığı zeytun yağı ilə yemək ət gətirir (kökəldir), sümüyü bərkidir, dərini nazikləşdirir və cinsi qabiliyyəti artırır.

  2. Bir kişinin bədənində sızanaq və ya çiban çıxsa, onu bağlasın və zeytun yağı, ya da heyvan yağı ilə müalicə aparsın.

  3. «Zeytun yağı pak adamların yediyi yağdır və yaxşı kəslərin təamıdır».


BIRINCI FƏSIL. ZEYTUN BITKISI
1.1. Zeytun bitkisinin tarixi, yayılması və müasir vəziyyəti
Zeytun subtropik bitkilərdən ən çox yayılmış meyvədir. Ondan qida məqsədləri üçün istifadə olunan zeytun yağı və konservləşdirilmiş zeytun məhsulları hazırlanır. Zeytun bitkisi 4000 ildən artıqdır ki, məlumdur.

Qida bitkisi kimi zeytun hələ qədimdən İtaliyada, İspaniyada, Yunanıstanda, Misirdə və Asiyada yüksək qiymətləndirilmişdir.

Zeytunun vətəni Kiçik Asiya və Yunanıstan sayılır. Buradan o bütün Aralıq dənizi sahili ölkələrinə yayılmış və sonralar Afrikaya, Amerikaya, Avstraliyaya aparılmışdır. Bəşəriyyətə hələ bizim eradan 2500 il əvvəl məlum olan ən qədim mədəni bitkilərdən biri kimi zeytunun hazırkı yayıldığı areal da çox genişdir. Dünyanın bütün ölkələrində zeytunun ümumi sahəsi 10 milyon hektardan çox, ağacların sayı isə 900 milyona qədərdir. Qədim mədəniyyətə malik olan əsas ölkələrdə, zeytunun inkişafına dair tarixi rəqəmlərə nisbətən onun həmin ölkələrdəki əkin sahəsi xeyli azalmışdır.

Hazırda zeytun istehsal edən əsas ölkələrdən biri İspaniyadır. Burada zeytun 9,0 milyondan çox hektar sahə tutur və 300 milyona qədər ağac vardır. Zeytun bağlarının yarıdan çoxu Andaluziyada cəmlənmişdir. Dünya bazarında İspan zeytun yağı çox yüksək qiymətləndirilir. Sortların orta yağlılığı 16- 25% arasında dəyişir.

İtaliyada başqa bitkilər arasında zeytun əsas yeri tutur. Burada zeytun bağlarının sahəsi 2,2 milyon hektara, yağ istehsalı isə 922 min tona çatır. Sortların orta yağlılığı 17%- dir. Ağacların çoxu üzüm, sitrus bitkiləri, əncir, xurma və badamla qarışıq əkilmişdir.

Türkiyədə 1 milyon hektar, Portuqaliyada və Yunanıstanda, hərəsində 800 min hektar, Tunisdə 350 min hektar, Fransa 100 min hektar, Suriyada və Livanda 90 min hektar, Albaniyada 16705 hektar, Yuqoslaviyada 70 min hektar, Əlcəzairdə 45 min hektar, Mərakeşdə 35 min hektar, ABŞ- da 4 min hektar, Cənubi Amerika ölkələrində 11 min hektar, İran və İraqda 3 min hektar, Misirdə min hektar zeytun bağı vardır. Son illər bu rəqəmlər daha da artmışdır. Dünya üzrə istehsal olunan zeytun yağının 80%- i üç ölkənin – İspaniya, İtaliya və Yunanıstanın payına düşür. Avstraliya, Yaponiya və başqa ölkələrdə də kiçik sahələrdə zeytun vardır.

Bir çox ölkələrdə konservləşdirilmiş zeytun və zeytun yağı əhalinin əsas qida məhsulu sayılır və ölkənin iqtisadiyyatında birinci dərəcəli əhəmiyyət kəsb edir.

MDB- yə zeytun cavan, bu yaxınlarda gətirilmiş bitki deyildir. Vxatilə o Gürcüstanda, Krımda, Azərbay-canda geniş yayılmışdır. Gürcüstanda Zuqdidiyə yaxın Urta dağında, 500- dən çox yaşı olan ağac hələ də yaşayır. Nikita botaniki bağında da təqribən eyni yaşı olan ağac saxlanmaqdadır. Krımdakı bağlar sahil boyunca yayılmış 20 ağaclıqda cəmlənmişdir. MDB- də bar verən ən qoca və iri zeytun bağı 1879- cu ildə salınmış Novo Afonekdadır. Burada 60 hektar sahədə 4800- ə qədər ağac vardır. Hər ağacdan 60 kq- a qədər məhsul yığılır. İndi zeytun bağları genişləndirilmiş və 200 hektara çatdırılmışdır. 1896- cı ildə əkilən qoca zeytun ağacları Soçi təcrübə stansiyasında da vardır. Krasnodar ölkəsində zeytun bitkisi əsasən Soçinin ətrafında – Daqomısedə yayılmışdır. Burada 1 hektar zeytun bağı vardır. Adler və Lazorev rayonlarında da zeytun becərilir. Türkmənistanda zeytun bitkisi Qızıl- Atrek təcrübə stansiyasında və zeytun sovxozunda vardır.

Azərbaycanda, VII – X əsrlərin tarixçiləri və səyyahlarının məlumatına görə, zeytun Şirvan, Qarabağın aran rayonlarının ərazisində və Abşeronda geniş miqyasda yetişdirilmişdir. İşğalçıların, xüsusən monqolların həddən artıq basqınları əsrlər boyu qədimdən becərilən yerlərində zeytunun məhv olmasına səbəb olmuşdur. Hazırda yalnız Abşeronun Nardaran kəndində yaşı 200 və daha çox olan zeytun ağacları qalmışdır. Bakıda, Gəncədə yaşı 90- dan yuxarı olan bir qrup ağac saxlanmışdır. O dövrdə bütün əkinlər hesaba alınmaqla MDB- də zeytun plantasiyası 1500 hektardan çox idi.

Keçmiş SSRİ Nazirlər Sovetinin 1947- ci il 4 dekabr, 3944 №- li qərarından sonra zeytun bitkisi intensiv inkişaf edir və sənaye əhəmiyyəti alır. Həmin qərarda İttifaqda 12 min hektar, o cümlədən Abşeron yarımadasında 3 min hektar zeytun plantasiyası salınması müəyyən olunmuşdu.

Zeytun bitkisinin inkişaf etdiyi indiki mərhələdə, Azərbaycan əmtəəlik zeytun məhsulları üzrə əsas ölkədir. Burada zeytunun ümumi sahəsi 1100 hektara çatır. Bu bitki Abşeron yarımadasının hər yerində yayılmışdır. 1949- cu ildə Zığda ixtisaslaşdırılmış zeytun sovxozu təşkil olunmuşdu. İndi burada 200 hektar zeytun bağı vardır ki, onun da 90% hektarı bar verir.

Maştağa subtropik bitkilər sovxozunda da istehsal xarakteri daşıyan 87,8 hektar zeytun bağı vardı. 1964- cü ildə Maştağa zəfəran sovxozunda daha iri, 100 hektar sahədə başdan- başa zeytun plantasiyası salınmışdı.

Zirə, Hövsan, Türkan və Əzizbəyov adına sovxozlarda da 30 – 60 hektardan ibarət müxtəlif dərəcədə seyrək zeytun sahələri vardı.

Zeytun bağ bitkisi olmaqla yanaşı, Bakı və bütünlüklə Abşeronun yaşıllaşdırma təsərrüfatlarında da böyük yer tutur. Parklarda, bağlarda və şəhərətrafı yolların kənarlarında əkilən 80 minə qədər zeytun ağacı dekorativ- yaşıllıq (bəzək) bitkisi deyil, həm də meyvə ağacı kimi əhəmiyyətlidir.

Zeytun tək- tək və qrup ilə Tərtər, Ağdam, Bərdə, Ağdaş, Göyçay, Göygöl, Yevlax rayonlarında, Mingəçevir, Lənkəran, Zaqatala şəhərlərində və respublikanın bir sıra başqa rayonlarında da yetişdirilir.

Bütün təsərrüfatlarda və yaşıllaşdırma sahələrində hasil olan məhsul əvvəllər 1962- ci ildə yaradılan Maştağa konserv zavoduna verilirdi. Burada zeytun meyvələrindən göy konserv düzəldilir, qara meyvələr quru halda duzlanılır, habelə zeytun yağı istehsal olunurdu. Zeytun bağları bar verməyə başladıqca tədarük olunan və emal edilən meyvələrin də miqdarı artırdı. Maştağa konserv zavodu 1964- cü ildə 153 t meyvə tədarük etmiş və bundan 491,1 min şərti banka göy konserv, 30 t qara zeytun və 10,1 t yüksək keyfiyyətli zeytun yağı istehsal etmişdi.

O dövrdə Azərbaycanda hazırlanan zeytun məh-sulu Sovet İttifaqının hər yerinə, habelə Çexoslovakiyaya, İrana, Polşaya və Almaniyaya göndərilirdi.

Azərbaycanda zeytunçuluğun inkişafı üçün Abşeron zonası ideal ərazi hesab olunur. Vaxtilə məhz Abşeronda 3000 hektar ərazini əhatə edən zeytun bağlarının salınması təsadüfi deyildir.

Amma zeytun ağacı gilli torpağı sevmir, ona görə də nəzərdə tutulan bölgələrdə zeytun kollarını əkmək üçün xüsusi yerlər seçilir.

İndiyə kimi Azərbaycanda zeytunçuluq demək olar ki, Abşeronda inkişaf etmişdir. 1962- ci ildə Bakı Zeytun Emalı Konserv Zavodu yaradılmışdı. Həmin zavod sonralar Maştağa Konserv Zavodu adlanırdı. Həmin zavodun məhsulları dünyanın bir çox ölkələrinə göndə-rilmişdir. 1984- cü ildə Almaniya Demokratik Respub-likasında keçirilə Leypsiq yarmarkasında zavodun məhsul-ları Böyük qızıl medala, 1986- cı ildə Çexoslovakiyanın Nitra şəhərində keçirilən yarmarkada isə zeytun yağı və kokteylləri Qızıl medala layiq görülüb.

Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər zeytun yetişdirməklə az məşğul olurdular. Bəzi araşdırmalara görə zeytun məhsulu xarici ölkələrdən gətirilirdi. Sonralar isə bu bitkinin yetişdirilməsi üçün elmi- tədqiqat müəssisələri təşkil edildi və zeytunçuluğun inkişafı, yetişdirilməsi üsulları genişləndirildi.

Respublikamızda zeytun yetişdirən sovxozlar yaradıldı. Bunlardan biri 1945- 50- ci illərdə yaradılmış 2 Zığ Zeytunçuluq Sovxozudur. Zığ Zeytunçuluq Sovxozunda 98 hektar plantasiyalar salınmışdı və zeytunun çoxaldılması, yayılması sahəsində böyük işlər görülmüşdü. Bu sovxoz həmin illərdə yaşıl çubuqlar əkməklə isti şitilliyin faydalı səmərəsindən istifadə etmişdi.

Zığ sovxozu zeytun bitkisinin əkin materialının yetişdirilməsinə görə iki dəfə Ümumittifaq Kənd Təsər-rüfatı sərgisinin iştirakçısı olmuşdu.

1№- li Hövsan Zeytunçuluq sovxozu 1968- ci ildə ilkin olaraq yaradılmışdı. Bu sovxozda zeytun ağacları 1984- cü ilə qədər hər il yetişdirilib. Hövsan qəsəbəsində də bu təsərrüfat xeyli genişlənmişdi və 708 hektar sahəni əhatə edən plantasiyalar yaradılmışdı. Hövsan zeytunçuluq təsərrüfatında müxtəlif növ ağaclar yetişdirilib, yüksək məhsul istehsalı əldə edilmişdi. Buranın torpağı əkin üçün çox əlverişli, münbit, iqlimi isə çox əhəmiyyətlidir. Zeytun ağacları bu şəraitə daha tez uyğunlaşıb keyfiyyətli və yüksə bar verir. Həmçinin Maştağa zonasında zeytun yetişdirən subtropik bitkilər sovxozu yaradılmış və ərazidə bol məhsul verən plantasiyalar salınmışdı.

1974- cü ildə Maştağada Subtropik Kənd Təsərrüfatı Müəssisəsi yaradılmışdı. 1983- 88- ci illərədək Maştağa sovxozunda geniş miqyasda zeytun bitkisi yetişdirilib və bu sahədə böyük uğurlar qazanmışlar. Maştağa sovxozunda həmçinin meyvələri emal etmək üçün xüsusi sexlər də fəaliyyət göstərib. Bundan əlavə, orada əla növlü zeytun bitkiləri kolleksiyası yaradılmışdır ki, bunlardan başlanğıc materialı kimi istifadə ediblər.

Maştağada yetişdirilən zeytun bitkilərinin plantasiyası 38 hektar olmuşdu. Bilgəh bağlarında da yetiş-dirilən zeytun ağacları, kifayət qədər üzvi gübrə verildikdə qumlu torpaqlarda da məhsuldar inkişaf edir, meyvə verir və çoxalırlar. Bilgəh zonasında zeytun yetişdirilən plantasiyalar 196 hektar sahəni əhatə edirdi. 1964- 65- ci illərdə Kəndli fermer Təsərrüfatı da yaradılmışdı.

Xüsusilə qeyd etmək lazımdır ki, bir çox müşahidələr göstərmişdir ki, Bilgəh zonasında yerli növlər dəfələrlə sınaqdan keçirilmiş və bu növlər seçilərək artırılmışdır. Digər tərəfdən isə başqa yerlərdən gətirilmiş növlər şəraitə uyğun tədqiq olunmuşdur.

Ümumiyyətlə, respublikanın subtropik zonalarında 100- dən artıq zeytun növü toplanmışdır. Aparılan tədqiqat işləri göstərmişdir ki, yerli növlərin şəraitə, iqlimə davamlılığı, məhsuldarlığı və meyvələrinin keyfiyyəti etibarı ilə xarici növlərindən üstündürlər.

Sovet dönəmində Abşeronun zeytun bağlarında 20-30 il ərzində zeytun sahələri 3 min hektara çatdırıl-mışdı. Lakin keçən əsrin 90- cı illərindəki qarışıqlıq, anar-xiya və xaos nəticəsində zeytun bağlarına xeyli ziyan dəyir.

Keçən əsrin 70- ci illərindən 90- cı illərin əvvəllərinə kimi, Abşeronda zeytun bağlarının ümumi sahəsi 2600 hektara çatdırılmışdı ki, bunun da 1000 hektardan çoxu məhsul verirdi. Hazırda 1868 hektar zeytun sahəsinin 1556 hektarı bar verir. Son on ildə zeytun məhsulunun yığılması və ondan yağ istehsalı ilə “Azersun Holdinq” şirkətlər qrupu məşğul olur. Şirkət zeytun meyvəsini tədarük edib Dübəndidəki zavodunda yağı mexaniki presləmə üsulu ilə alır və “Bakı Yağ və Qida Fabriki MMC”-də həmin yağı fiziki üsullarla saflaşdırıb “Final” zeytun yağı və “Zeytun bağları” ticarət markası ilə satışa verir. Gələcəkdə şirkət yeni zeytun bağlarının salınmasını və zeytun yağı istehsalının artırılmasını nəzərdə tutur.

  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə