ƏHLİ SÜNNƏ VƏl cəmaat




Yüklə 0.68 Mb.
səhifə1/8
tarix26.04.2016
ölçüsü0.68 Mb.
  1   2   3   4   5   6   7   8

ƏHLİ SÜNNƏ VƏL CƏMAAT

SƏLƏFİ SALİHİN


ƏQİDƏSİ

QİYAMƏTİN BÖYÜK VƏ KİÇİK ƏLAMƏTLƏRİ
Bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 27 Oktyabr 2009-Cu İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №DK-365/Q


TOPLAYAN VƏ TƏRTİB EDƏN

K.HÜSEYN


KİTABIN BÜTÜN HAQLARI QORUNUR



ÖN SÖZ

XUTBƏTUL-HACƏ

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd onun qulu və elçisidir.



«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102).

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71)1.

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd - sallallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır2.



«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).

Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah - sallallahu aleyhi və səlləm – in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu - sallallahu aleyhi və səlləm - də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»3.

Əhli Sünnə vəl Cəmaat axirət gününə etiqad edir və inanırlar. Bunun mənası da Qiyamət günü Allahın kitabında, Rəsulullah – sallallahu aleyhi və səlləm – in sünnəsində ölümdən sonra Cənnətliklərin Cənnətə, Cəhənnəmliklərin də Cəhənnəmə girəcəyi zamana qədər meydana gələcək şeylərə dair verilmiş xəbərlərin hamısına inanmaqdır. Axirət günü Allahın insanları haqq-hesab və cəza (əməllərinin qarşılığını verməsi) üçün dirildəcəyi Qiyamət günüdür. Ona bu adın verilməsinin səbəbi, ondan sonra gün olmayacağına görədir. Çünki artıq Cənnətliklər Cənnətə, Cəhənnəmliklər də Cəhənnəmə yerləşdiriləcəklər. «Qiyamət mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu inanmaz». (əl-Mumin 59). «Sizə vəd olunan (Qiyamət) həqiqətdir. Haqq-hesab (cəza və mükafat) da labüddür». (əz-Zariyat 5-6). «O, kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur) iman gətirir və axirətə də şəksiz inanırlar». (əl-Bəqərə 4).

İnsan oğlu gözlərini dünya malına dikib axirəti unutmasın deyə, Allah, Qiyamət qopmadan öncə bəzi əlamətlər göndərmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – doğru sözlü və doğru sözü təsdiq olunan bir Peyğəmbərdir. Şübhəsiz ki, Qiyamət əlamətlərindən bir çoxu artıq görsənmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – nə xəbər vermişdirsə həqiqət olmuşdur. Hər əlamətin görsənməsiylə müsəlmanların təsdiqi və imanı daha da artmaqdadır. Həqiqət olan bu əlamətlər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in möcüzəsidir.

İmanın altı şərtindən biri də Axirət gününə imandır və bu İslamın təməllərindən biridir. Çünki Allahın birliyinə iman, Axirətdə təkrar dirilməyə imanı vacib edir. Axirət gününə və onun başlanğıcı olan əlamətlərə inanmaq insan ağlının düşünməyəcəyi şeylərdir. Bunlar yalnız vəhy yolu ilə gələn dəlillərlə bilinir. Buna görə də biz dəhşət dolu bu günə imanı Quranda çoxluqla Allaha imanla birlikdə zikr edilmiş olaraq görürük. “...Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər”. (ət-Taləq 2). «Yaxşı əməl sahibi heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl sahibi əslində Allaha, qiyamət gününə…inanandır». (əl-Bəqərə 177).

Yenə Quranın hər bir səhifəsinə baxdıqda ya Axirət günündən bəhs edən ya da o, gündə baş verəcək yaxşılıq və əzabı xatırladan bir ayəyə rast gəlirik.

İslam düşüncəsindəki həyat sadəcə bu qısa dünyadakı həyat və ya insanın oradakı qısa ömrü deyildir. Əksinə İslam düşüncəsindəki həyat zaman olaraq əbədiyyata qədər uzanan bir həyatdır. Məkan olaraq da genişliyi göylər və yer qədər olan bir Cənnət, ya da yer üzündə min illərdən bəri yaşayan nəsilləri qucağına alan bir atəşdir. «Rəbbinizin məğfirətinə və genişliyi göylər və yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin». (Ali-İmran 133). «(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və göycə, yercə geniş olub, Allaha və onun peyğəmbərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün bir-birinizdən qabağa düşməyə çalışın...». (əl-Hədid 21). “O gün Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcək, o isə: “Yenə varmı?” – deyə cavab verəcəkdir”. (Qaf 30).

Buna görə də insanın Allaha və Axirət gününə və o, gündə olacaq olan yaxşılıq və əzaba iman etməsi vacibdir. Yoxsa heç bir bəşər qanunu Allaha və Axirət gününə olan iman kimi insanı doğru yola yönəltməz. Allaha və Axirət gününə inanan insanın yaşayışı ilə bunlara inanmayan insanın yaşayışı arasında böyük fərq vardır. Bu üzdən Allaha və Axirət gününə inanan, bu dünyanın axirətin tarlası olduğunu bilir. Yenə də saleh əməllərin və azuqənin olduğunu bilir. Axirətə inanan göydəki tərəziyə görə əməl edər, yerdəki tərəziyə görə deyil. (Həcc və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!”. (əl-Bəqərə 197).

Bu şüur Allaha və Axirət gününə imanın əsəridir, işin sonunu düşünmək, göylərin, yerin və dağların yüklənməkdən çəkindiyi, lakin insanın üzərinə aldığı o, böyük əmanətdir. Əmanət isə istər kiçik, istər böyük olsun hesabı sorulacaqdır. Əgər xeyirsə xeyir, pisdirsə pis olur. “O gün (Qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir, çünki Allah bəndələrə (Öz bəndələrinə) mərhəmətlidir!”. (Ali İmran 30).(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O zaman) günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)”. (əl-Kəhf 49).

İnsanın xeyiri sadəcə özünə qarşı deyildir. Əksinə etdiyi yaxşılıq heyvanlara qədər uzanır. Ömər - radıyallahu anhu – dan rəvayət edilən məşhur sözündə o, deyir: “Əgər İraqda bir qatırın ayağı axsayaraq qırılarsa düşünürəm ki, Allah: “Ey Ömər! Nə üçün onun yolunu düzəltmədin ki? (Bu hadisə də baş verməzdi)” deyə onun hesabını məndən soruşar4.

Allaha və Axirət gününə inanmayan bir kişi isə bu dünyadakı məqsədinə çatmaq üçün bütün gücüylə çalışır, işinin ardıyca o, qədər düşür ki, yorğunluqdan dili çölə çıxır. Mal toplamağa qarşı hədsiz hərisdir. Özü kimi qazanmaq istəyən insanlara mane olur. Onun məqsədi dünyadır, dünyanı ən böyük qayə və məşğuliyyət etmişdir. Hər şeyi öz şəxsi mənfəətinə görü ölçər, başqaları onu heç maraqlandırmaz, dönüb baxmaz da belə. Əgər ona bir faydası olarsa yalnız o, zaman onunla maraqlanar. Elə bir dünya ki, bir az güldürsə çox zaman ağladır. Bir gün sevindirsə aylarla üzər. Ağrıları sevincdən çoxdur. Qorxularla başlayar, sonda tələf olmaqla bitər. Bu həyatda yaşayar və ömrünü sona sürdürər. Çünki o, öldükdən sonra dirilmənin imkansız olduğunu düşünürdü. “Lakin insan (bundan sonra da) önündəkini (Qiyaməti) danmaq (pis işlər görmək) istəyər. Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar”. (əl-Qiyamət 5-6).(Əgər onlar dünyaya qaytarılsaydılar) yenə də: “Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!” – deyərdilər”. (əl-Ənam 29). Belə bir kimsə bu dünyada çox uzun yaşamağı sevdiyindən öldükdən sonra dirilməyi istəməz. Yenə də onlar Axirətdəki əzaba dözəbilməyəcəklərini bildikləri üçün bu dünyadan ayrılmağa cəsarət etməzlər. “Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!”. (ət-Təğabun 7).

Axirət gününə imanın mənası onun şəkk-şübhəsiz olaraq gələcəyinə inanmaq və buna uyğun olaraq gərəyincə əməl etmək deməkdir. Qiyamətin qopmasından əvvəl ortaya çıxacaq Qiyamətin böyük və kiçik əlamətlərinə iman, ölümə, ölümdən sonra qəbr sorğusuna, əzab və nemətinə, Sura üfürüləcəyinə, yaradılmışların qəbirlərindən çıxacaqlarına, qiyamətin hesab yerindəki dəhşətli və qorxulu hallarına, məhşərə, səhifələrin (əməl dəftərlərinin) açılacağına, tərəzinin və sırat körpüsünün ortaya qoyulmasına, hovuza, şəfaətə və digər xüsuslara, Cənnətə və ən yüksək mərtəbəsi Allahın üzünə baxmaq olan nemətinə, Cəhənnəmə və orada olan dəhşətli əzablara iman etmək axirətə iman etməyin içərsinə daxildir. Elm adamları Qiyamətin əlamətlərini kiçik və böyük əlamətlər olmaqla iki qismə ayırmışlar. «(Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamətin əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz». De ki: «Gözləyin, doğrusu biz də gözləyirik». (əl-Ənam 158). «Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən qiyamət gününün zəlzələsi dəhşətli şeydir». (əl-Həcc 1). «Onlar (kafirlər) ancaq qiyamət saatının qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. Qiyamət saatı onlara gəlib çatdığı zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?». (Muhəmməd 18). «….Nə bilirsən, bəlkə də qiyamət saatı yaxındır! Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnananlar isə onun haqq olduğunu bilərək ondan qorxuya düşərlər. Bil ki, qiyamət saatı haqqında mübahisə edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər». (əş-Şura 17-18).

Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).

Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - sallallahu aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.


BİTİRDİM MİLADİ: 4 NOYABR 2009-CU İL

HİCRİ: 16 ZUL QADƏ 1430-Cİ İL

HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİ OLAN ALLAHA! (YUNUS 10)

PEYĞƏMBƏR - Sallallahu Aleyhi Və Səlləm - İN GƏLƏCƏKDƏ BAŞ VERƏCƏK HADİSƏLƏRDƏN XƏBƏR VERMƏSI

Peyğəmbər - sallallahu aleyhi və səlləm - in Qiyamətə qədər olacaq, olan şeyləri xəbər verməsi, Allahın gələcəkdə olacaq şeylər haqqında Ona verdiyi xəbərlərdəndir. Xuzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə bir xütbə verdi. Bu xütbəsində Qiyamətə qədər olacaq şeylərdən heç birini buraxmadan xəbər verdi. Bu xəbərləri yadında saxlayan saxladı, saxlamayan isə unuttdu. Necə ki, bir nəfər birini tanıdıqdan sonra unudar, təkrar gördükdə isə xatırladığı kimi mən də Peyğəmbər – sallallahu aleyhi və səlləm – in söylədiyi şeylərdən unutduqlarım baş verincə xatırlayırdım (Başqa rəvayətdə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə Qiyamətə qədər olacaqları xəbər verdi. Mən ondan olacaq hər şeydən soruşdum, yalnız Mədinə xalqını nəyin çıxaracağını soruşmadım”5. Əbu Zeyd Amr b. Ahtab əl-Ənsari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra minbərə çıxdı və bizə Zöhr namazına qədər xütbə verdi və endi. Namaz qıldı, sonra minbərə çıxdı. Günəş batana qədər xütbə verdi. Bizə olmuş və olacaq şeyləri xəbər verdi. Onların ən yaxşı bilənimiz ən çox əzbərləyənimiz-dir”6. Xuzeyfə b. Yəmən - radıyallahu anhu – deyir ki: “Vallahi mən Qiyamətə qədər olacaq fitnələri insanlar içində ən yaxşı bilənəm. Peyğəmbər – sallallahu aleyhi və səlləm – gizli olaraq mənə söylədiyi bu şeyləri başqa heç kimsəyə söyləməmişdir. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – fitnələri mənim də içində olduğum bir məclisdə xəbər verdi... Xuzeyfə: “Məndən başqa o, məclisdə olanların hamısı getdi”. Bu səhih dəlillər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ümmətini Qiyamətə qədər olacaq və onları maraqlandıran şeylərdən xəbərdar etdiyini göstərir. Heç şübhə yox ki, qeyb xəbərləri içində ən böyük payı Qiyamət əlamətləri tutur. Buna görə də səhabədən Qiyamətlə bağlı bir çox hədislər dəyişik ləfzlərlə rəvayət edilmişdir.


QİYAMƏT VAXTININ YAXINLAŞMASI

Qurani Kərimdə olan ayələr ilə səhih hədislər Qiyamətin yaxınlaşdığını xəbər verməkdədir. Qiyamətin bir əlamətinin görülməsi onun yaxınlaşdığını göstərir. “İnsanların haqq-hesab vaxtı (Qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər)”. (əl-Ənbiya 1). “Camaat (Məkkə əhli) səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Ya Peyğəmbər!) De: “Onu ancaq Allah bilər!” Nə bilirsən, bəlkə də, o saat (Qiyamət yaxındır)”. (əl-Əhzab 63). “Şübhəsiz ki, onlar (müşriklər) onu (o əzabı) uzaq görürlər (ona inanmırlar). Biz isə onu yaxın görürük (ona inanırıq)”. (əl-Məaric 6-7). “O saat (Qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı”. (Qəmər 1). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Mən Qiyamətin başlanğıcında göndərildim”7. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən və Qiyamət birlikdə göndərildik. Az qaldı ki, o məni keçsin”8.


QİYAMƏTİN KİÇİK ƏLAMƏTLƏRİ

Qiyamətin Əlamətləri İki Qismə Ayrılır:

1. Kiçik Əlamətlər – Bu əlamətlər çox uzun zaman davam edən və təkrarlanan əlamətlərdir. Məs: Elmin yox olması, çəhalətin çoxalması, içki içilməsi, binaların ucaldılması və s.

2. Böyük Əlamətlər – Bu əlamətlər Qiyamətin qopmasına yaxın görüləcək ilk dəfə olacaq böyük hadisələrdir. Məs: Dəccalın çıxması, İsa - əleyhissəlam - ın gəlməsi, Yəcuc və Məcuc tayfaları və s9.

Qiyamətin kiçik əlamətləri olduqca çoxdur. Bunlardan səhih yolla bizə çatan bəzilərini xatırladaq. Bu əlamətləri sıra ilə vermədim. Çünki əlamətlərin hansı sırayla olacağını bildirən bir dəlil yoxdur. Buna görə də alimlərin oldu və bitti dedikləri əlamətlərdən başladım. Diqqət çəkiləsi məsələlərdən biri də bəzi insanların Peyğəmbər – sallallahu aleyhi və səlləm – in xəbər verdiyi Qiyamət əlamətlərinin çəkinəlisi və qadağan olunan bir əlamətlər kimi başa düşürlər. Lakin bu heç də belə deyildir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in xəbər verdiyi Qiyamətin əlamətlərinin hamısı çəkinəlisi və ya pis əlamət deyildir. Onların içərisində xeyirli olan əlamətlər də vardır.


PEYĞƏMBƏRİMİZ MUHƏMMƏD – Sallallahu Aleyhi Və Səlləm – İN GÖNDƏRİLMƏSİ

Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən Qiyamət günü ilə birlikdə göndərildim, bu iki barmaq kimi». Ravi Şöbə deyir ki: «O şəhadət barmağı ilə orta barmağını bir-birinə birləşdirdi. Onların bir-birinə olan üstünlüyü qədər»10. İmam Bağavi – rahmətullahi aleyhi – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Allah tərəfindən göndərilməsi Qiyamətin yaxınlaşmasına səbəbdir. Əbu Cubeyr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən Qiyamət gününün küləyi ilə göndərilmişəm»11.


ONUNLA PEYĞƏMBƏRLİYİN, RİSALƏTİN SONA YETMƏSİ VƏ PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – İN VƏFAT ETMƏSİ

Auf b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Mənim ölümümü»12. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə gələndə bütün şəhər sevinirdi. O, öldüyü gün isə bütün şəhər zülmətə qərq olmuşdu13. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dünyasını dəyişdikdən sonra Əbu Bəkr və Ömər - radıyallahu anhum – onun süd anasını ziyarət etmək qərarına gəlirlər. Qoca qadın ilə görüşdükdə onun ağladığını görüb deyirlər: «Nə üçün ağlayırsan? Allah Rəsulu üçün Onun (Allahın) dərgahında daha yaxşıdır» Qoca qadın dedi: «Mən ona görə ağlayıram ki, artıq vəhylər gəlməyəcəkdir». Bu sözlər Əbu Bəkr və Ömər - radıyallahu anhum – da ağlamağa məcbur etdi14.


BEYTUL-MƏQDİSİN FƏTH EDİLMƏSİ

Auf b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Qüdsün (Yerusəlimin) fəth edilməsi»15. Ömər - radıyallahu anhu – nun xəlifəliyi dövründə, hicrətin 16-cı ilində Qüds zəbt olunur və orada bir məscid də inşa edilir16.


TAUN XƏSTƏLİYİ

Auf b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Çox ölənlər olur. Sizin içinizdə heyvanların burunlarından axan və bir anda öldürən xəstəlik olacaqdır”17. İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: “Bu əlamət Ömər - radıyallahu anhu – nun zamanında Qütsün fəthindən sonra Amvasta baş vermişdir”18. Taun hicrətin 18-ci ilində Amvasta baş vermiş və sonra Şam tərəfə də yayılmışdır. Ölənlərin sayı 25000 min nəfər olmuşdur. Bu ümmətin əmini olan Əbu Ubeydə b. Cərrah - radıyallahu anhu – da bu xəstəlikdən ölmüşdür19.


MALIN ÇOXALMASI, SƏDƏQƏ VƏ ZƏKATIN VERİLƏCƏK KİMSƏNİN OLMAMASI

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Aranızda mal çoxalmadıqca Qiyamət qopmaz. Elə ki, mal sel kimi axacaq, mal sahibi sədəqə verəcək kimsə tapmayacaqdır. Zəkat veriləcək kimsə: “Mənim zəkata ehtiyacım yoxdur” deyəcəkdir20. Əbu Musa - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İnsanlara elə bir zaman gələcək ki, əldə qızıl zəkat vermək üçün adam axtarılacaq, lakin zəkat veriləcək kimsə tapılmayacaqdır”21. Adiy b. Hatim - radıyallahu anhu – rəvayət edir ki, Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında ikən bir nəfər gəlib yoxsulluqdan şikayət etdi. Sonra digər bir nəfər gəldi və yol kəsən quldurlardan şikayət etdi. Peyğəmbər: “Ey Adiy! Hirə şəhərini gördünmü?” deyə buyurdu. Adiy: “Xeyr, yalnız eşitdim” dedim. Peyğəmbər: “Əgər ömrün uzun olsa dəvə üzərində bir qadının Allahdan başqa kimsədən qorxmadan Kəbəyə gəlib təvaf edəcəyini görəcəksən” deyə buyurdu. Öz-özümə: “Bizim Tai qəbiləsinin yol kəsənləri varaaa! (Onların əlindən hara gələ bilər)” dedim. Peyğəmbər: “Əgər ömrün uzun olsa Kisranın xəzinələrinin fəth ediləcəyini görəcəksən” deyə buyurdu. Mən: “Kisra b. Hurmuzmu?” dedim. Peyğəmbər: “Bəli, Kisra b. Hurmuz və əgər ömrün uzun sürərsə qızıl və gümüş dolu kisəsini çıxarıb zəkat vermək istəyən adamı görürsən. Lakin zəkat alacaq kimsə olmayacaqdır (tapmayacaqdır). Hər biriniz mütləq bir gün gələcək aranızda heç bir pərdə, tərcüməçi olmadan Allahla qarşılaşacaqsınız. O, zaman Allah: “Səni təbliğ edən bir Peyğəmbər göndərmədimmi?” deyə buyuracaq. O: “Bəli, göndərdin” deyəcəkdir. Allah: “Mən sənə mal vermədimmi? Ikram etmədimmi?” deyə soruşacaq. Qul: “Bəli, Ey Rəbbim, verdin” deyib sağına baxacaq Cəhənnəmdən başqa bir şey görməyəcəkdir, soluna baxacaq Cəhənnəmdən başqa bir görməyəcəkdir”. Adiy - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: “Bir xurmanın yarısı da olsa onu sədəqə verib özünüzü Cəhənnəmdən qoruyun. Kim yarım xurma tapmazsa gözəl bir sözlə qorunsun”. Adiy: “Allahdan başqa kimsədən qorxmadan Kəbəni təvaf etməyə gedən dəvə üstündə yaşlı qadın gördüm. Kisra b. Hurmuzun xəzinələrini ələ keçirənlər arasında mən də var idim. Əgər sizin də ömrünüz uzun olarsa Əbul Qasımın xəbər verdiyi kisəsini çıxaran o, adamı görəcəksiniz” dedi22. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in xəbər verdiyi bu əlamətlər həqiqət olmuşdur. Səhabələrin zamanında İran və Bizansda edilən fəthlərdən sonra mal çoxalmışdır. Ömər b. AbdulƏziz rahmətullahi aleyhi - nin dövründə isə sel kimi axmışdır. Belə ki, sədəqə və zəkat veriləcək bir nəfər də belə tapılmamışdır. İbn Həcər – rahmətullahi aleyhi - deyir ki: “Böyük ehtimalla İsa və Mehdi - əleyhimussəllam - ın dövründə, yəni axır zamanlarda da mal çoxalacaqdır”. Doğrusunu Allah bilir!.

  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə